Текст книги "Dağlar"
Автор книги: Aşıq Alqayıt
Жанр: Поэзия, Поэзия и Драматургия
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]
Küsmərəm
Ay ellər gözəli, ellər mələyi,
Sabahımsan, sabahımdan küsmərəm.
Mən önündə qolu bağlı, müstərəm,
Sən şahımsan, öz şahımdan küsmərəm.
Vəfasız deyiləm, olma xatircəm,
Sevincin gündüzüm, qəmindir gecəm.
Şeir külliyatım, duyğum, düşüncəm,
Pənahımsan, pənahımdan küsmərəm.
Alqayıtam, aqibətim günahdır,
Soruşma ki, nə kədərdir, nə ahdır?
Kim nə çəkir, onu bilən Allahdır,
Allahımsan, allahımdan küsmərəm.
15 may 1983-cü il, Xanlar.
Qocayev
Polis qardaşım N.Qocayevə
Sənin görkəminə qırx bir yaşında,
Tale bu gəncliyi yazdı, Qocayev.
El qəhri çəkənsən, elə bağlısan,
Yüz il də ömrünə azdı, Qocayev.
Zülmət dünyamıza gur işıq səndə,
Gül açıb nilufər, sarmaşıq səndə.
Boy, buxun, əzəmət, yaraşıq səndə,
Qışın da bahardı, yazdı, Qocayev.
Qoru soy kökünü, ülvidir adın,
Tutub ətəyindən qohumun, yadın.
Vətənə yad olan neçə cəlladın,
Köhləni yollarda azdı, Qocayev.
Dağ olmaz əl çəksə dağlar qarından,
Hər yerdə tanınar bağça barından.
Rütbə kürsüsündən, dünya varından,
İstəyin bir telli sazdı, Qocayev.
Kür dəlisov, Araz qəmli axsa da,
Bu ayrılıq ürəyimi sıxsa da.
Sərhəd boyu ildırımlar çaxsa da,
Araz Kürdü, Kür Arazdı, Qocayev.
Yığılıb başına ər oğlu ərlər,
Aqillər, müdriklər, əhli-hünərlər.
Bir dona bürünüb xeyirlər-şərlər,
Ulu dünya natarazdı, Qocayev.
Alçalmaz hər kəsin varsa ulusu,
Misaldı, təşbehdi, paklığında su.
Sənin ad gününə ürək dolusu,
Alqayıt, bu şeri yazıdı, Qocayev.
1 mart 1996-cı il, Bakı
İnanarsanmi?
Deyirsən, yalandı, bu sevgi deyil,
Od alsam, alışsam, inanarsanmı?
Səməndər quşutək başdan-ayağa,
Yanmağa çalışsam, inanarsanmı?
Dayanam önündə, duram lal kimi,
Zarıncı, müstərəm, xəstəhal kimi.
Çəkilib gözündən bir xəyal kimi,
Torpağa qarışsam, inanarsanmı?
Alqayıt ülfətin səndən kəsməyib,
Yad ellərdə titrəməyib, əsməyib.
İndən belə inciməyib, küsməyib,
Ömürlük barışsam, inanarsanmı?
1984-cü il, Xanlar.
Eyləməzmi?
İçin-için ağlamaqdan yoruldum,
Bu qədər mütilik bəs eyləməzmi?
Dilin ola, dinməyəsən – dəhşətdir,
Yaralı bir vücud səs eyləməzmi?
Haqqım nahaq olur, şirinim acı,
Satlığa qoyulub həqiqət tacı.
Zərgərlik rütbəsi gəzən qalayçı,
Döndərib gövhəri mis eyləməzmi?
Hər yetənə çəkdiyimiz əyandır,
Aman Allah, qurd quzuya həyandır.
Ay Alqayıt, sən ha qala, ha yandır,
Şöləsiz bir çıraq his eyləməzmi?
14 aprel 1991-ci il, Qazax
Deyilmi?
Mənim vətənimi soruşan dostum,
Nəzər qıl cahana, Vətən deyilmi?
Bu ana yurdumun hər bir guşəsi,
Duyğulu insana Vətən deyilmi?
Nə üçün sədd çəkdin arana, dağa,
Üzümə, pambığa, bağçaya, bağa.
Səməndər quşuyam, başdan ayağa,
Xislətim pərvanə – Vətən deyilmi?
Faşist gülləsilə tökülən çölə,
Öz can-ciyərimin qanıydı, lələ!
Hər gün oxuduğum beynəlmilələ,
Şükür bu ad-sana, Vətən deyilmi?
Alqayıtam, əbədidir gündüzüm,
Naxçıvan bir gözüm, Bakı bir gözüm.
Elin qüdrətilə söhbətim, sözüm,
Dönübdür ümmana, Vətən deyilmi?
Aprel 1982-ci il, Gəncə
Sizsiniz
Ermənipərəstlərə
Nihilistlər, qeyrətsizlər, canilər,
Dünyanı beşəlli tutan sizsiniz.
Neçə min xanəni bərbad eyləyən,
Neçə min günaha batan sizsiniz.
Xanım bəhanədir, ağa yalandır,
Qınına çəkilən bağa yalandır.
Sudak əfsanədir, laxa yalandır,
Xırda balıqları udan sizsiniz.
Yıxdı evimizi alqış, təşəkkür,
Axmır qanınızda nə Araz, nə Kür.
Gəlir mənbəyidir partbilet, möhür,
Vətəni yadlara satan sizsiniz.
Yoxdur milli qürur, düşüncə, bilik,
Ürək parça-parça, qəlb didik-didik.
Kasıbda taqət yox, sizdə kişilik,
Haramı halala qatan sizsiniz.
Alqayıtam, duyan qınamaz məni,
Eldə bir misaldır – “qurd sevər çəni”.
Milyon ürəklərə dəyən gülləni,
Doğma Qarabağa atan sizsiniz.
İyun 1988-ci il, Qazax.
Həsrətində
Sızıldayar, fəğan eylər,
Arı pətək həsrətində.
Alovlanar, külə dönər,
Əlim ətək həsrətində.
Tər bənövşə, tər yasəmən,
Həmənkidir, elə həmən!
Ağ sürülər, yastı çəmən,
Çoban tütək həsrətində.
Qartal sıxar caynağını,
Yada verməz oylağını.
Atdan salar qonağını
Bozdar kötək həsrətində.
İtiribsən yarı, bülbül,
Zarıyırsan, zarı, bülbül.
İlk baharın, xarı bülbül,
Gəlsən, ötək həsrətində.
Alqayıtam, dağlar qarın,
Örpəyidir qeyrət, arın.
Mən Vətənin, sən də yarın,
Kama yetək həsrətində.
9 aprel 1998-ci il, Bakı
Bir ələm indi
Təcnis
Sən əğyar sözüylə, yar, məhbus oldun,
Ələ göz yaşını, bir ələm indi.
Sevgi bağçamızı döydü vədəsiz,
Bir nalə, bir möhnət, bir ələm indi.
Yar ola bilmirəm, yar, elə qəmsiz,
Təbibsən, yaramı yar elə, qəmsiz.
Düşünmə sən məni, yar, elə qəmsiz,
Bədəndən kəsilmiş bir ələm indi.
Atdın Alqayıtı de, necə, gülüm,
Xara qismət oldu de, necə gülüm?
De, necə danışım, de, necə gülüm?
Asılıb gözümdən bir ələm indi.
1975-ci il, Göyçə mahalı.
Bir də yaz məni!
Təcnis
Vətən diləmişdim, sən isə, fələk,
Bir yazdın qürbətə, bir də yaz məni.
Ya qismət, sahilə çıxam, çıxmayam,
Bir dərin gözləyir, bir dayaz məni.
Bağla karvanını qəm qatarından,
Qəmsizin qəminə qəm qat, arından.
Siyahı tutsalar, qəm qatarından
Birdə çək adımı, birdə yaz məni.
Alqayıtam, həsrət qalmışam yara,
Yaranlar qəbrimi dərindən yara.
Sağalmaz sinəmə vurduğun yara,
Bir payız incidər, bir də yaz məni.
1986-cı il, Xanlar şəhəri
Mənim şeir vərəqlərim
Ovdur, ovçu bərəsidir,
Məqamı yer kürəsidir.
Koroğlunun nərəsidir
Mənim şeir vərəqlərim.
Dədə Qorqud balıncıdır,
“Dilqəmi”dir, “Zarıncı”dır,
Xətainin qılıncıdır
Mənim şeir vərəqlərim.
Doğub şimşək fəryadından,
Dönən deyil inadından.
Qopub qartal qanadından,
Mənim şeir vərəqlərim!
Bir gün üsyan qoparacaq,
Sərhəd keçib, sədd yaracaq.
Elə müjdə aparacaq
Mənim şeir vərəqlərim.
Büst yaradıb, heykəl yonub,
Zirvəsinə qartal qonub.
Ürəklərdə nəşr olunub
Mənim şeir vərəqlərim.
Bulaqların göz yaşıdır,
Ürəklərin təlaşıdır.
Şəhidlərin baş daşıdır
Mənim şeir vərəqlərim.
Elə yanıb külə dönüb,
Bir pərişan telə dönüb.
Kipriyimdə selə dönüb
Mənim şeir vərəqlərim.
Ötən ömrün haqqı-sayı,
Qarlı qışı, isti yayı.
Qızlarımın cehiz payı
Mənim şeir vərəqlərim.
Həqiqətə gedən yoldu,
Açan açdı, solan soldu.
Dərdlərimə həyan oldu
Mənim şeir vərəqlərim.
Alqayıtın mərəzidir,
Yağıların qərəzidir.
Seyid Maral əvəzidir
Mənim şeir vərəqlərim.
20 sentyabr 1998-ci il, Bakı.
Məhəbbətdir
Zil qaranlıq gecələrin
Al gündüzü məhəbbətdir.
Sevgi dolu ürəklərin
Odu, közü məhəbbətdir.
Kipriyimin qanlı yaşı,
Taleyimin yayı, qışı,
Gözəlliyin firuz qaşı,
Ömrün yüzü məhəbbətdir.
Ana yurdun ləli, zəri,
Çörək ətri, alın təri,
İnsanların xeyri-şəri,
Görən gözü məhəbbətdir.
Üfüqlərdə zərrin boyaq,
Dənizlərdə yanan mayak,
Qayğı, təəssüf, arxa, dayaq,
İnam – sözü məhəbbətdir.
Alqayıtam, bir sözüm var,
Təsdiq edin, yazın qərar,
Ey Allahı axtaranlar,
Allah – özü məhəbbətdir.
3 yanvar 1998-ci il, Bakı.
Olan yerdə
Ah çəkmərəm, inləmərəm,
Dərd bir anlıq olan yerdə.
Sönər qüssə, əriyər qəm
Mehribanlıq olan yerdə.
Gəzə-gəzə həqiqəti,
Etibarı, sədaqəti,
Azmı gördük məşəqqəti
Bəylik, xanlıq olan yerdə?
Neçə aqil baş ağlayar,
Yuvasında quş ağlayar,
Torpaq yanar, daş ağlayar
El qurbanlıq olan yerdə.
Boyanıbsa, qana Vətən,
Gəlin deyək: can, a Vətən!
Parçalanar ana Vətən,
Soyuqqanlıq olan yerdə.
Tülkü saymaz özünü qurd,
Qurddur, ömür uzunu qurd.
Parçalayar quzunu qurd,
Su bulanıq olan yerdə.
Dad zamanın göynəyindən,
Şan çək arı pətəyindən.
Tut Allahın ətəyindən,
İş nadanlıq olan yerdə.
Daş gövhərim, torpaq zərim,
Mükafatdır alın tərim,
Alqayıtam, yoxdur yerim,
Qudurğanlıq olan yerdə.
14 oktyabr 1998-ci il, Bakı.
Keçər
Yoxsul baxıb köks ötürər,
Varlı nəfsi daşdan keçər.
Ayaqlara dəyən xəta,
Bir qaydadır, başdan keçər.
Ələmirsə, ələk unu,
Dəyirmana qaytar onu.
Sevinc olar qəmin sonu,
Bahar gəlib qışdan keçər.
Telli sazın, qəmli udun,
Naləsinə bayraq tutun.
Alışmasa, quru odun,
Yenə səbəb yaşdan keçər.
Saxta ömür sürən yaltaq,
Dondan-dona girən yaltaq,
Yağlı tikə görən yaltaq,
Dərhal taydan-tuşdan keçər.
Alqayıtam, qürbət eldə,
Gül ətrini verməz gül də.
Titrəyərsə kaman əldə
Atdığın ox boşdan keçər.
10 sentyabr 1998-ci il, Bakı.
Küsmə, Vətən
Fikrim çaşqın, könlüm xəstə,
Qəm qoşunu dəstə-dəstə.
Od qoymadım odun üstə,
Küsmə məndən, küsmə, Vətən.
Dərd əlindən naçar oldum,
Bəlalara düçar oldum.
Bir paslanmış açar oldum,
Küsmə məndən, küsmə, Vətən.
Göz yaşımı siləmmirəm,
Sənə həsrət öləmmirəm.
Görüşünə gələmmirəm,
Küsmə məndən, küsmə, Vətən.
Ara yaxın, ümid uzaq,
Əllərimi kəsdi sazaq.
Əsir qəlbim, əsir zağ-zağ,
Küsmə məndən, küsmə, Vətən.
Ürəyində yara mənəm,
O çəkilən dara mənəm.
Qəlbi parça-para mənəm,
Küsmə məndən, küsmə, Vətən.
Çəmənlərin laləsiyəm,
Çiçəklərin jaləsiyəm,
Köçkün elin naləsiyəm,
Küsmə məndən, küsmə, Vətən.
Kipriyimin göz yaşısan,
Məzarımın baş daşısan,
İlk eşqimin yaddaşısan,
Küsmə məndən, küsmə, Vətən.
Səndə keçib ilim, ayım,
Dəyanətim, haqqı-sayım.
Adım, sanım, şöhrət payım,
Küsmə məndən, küsmə, Vətən.
Dağlar mənim öz dağımdır,
Sinəmdəki söz dağımdır,
Nəyim varsa, göz dağımdır,
Küsmə məndən, küsmə, Vətən.
Zəncirində itim qaldı,
Körpə quzu yetim qaldı,
Süngülərdə ətim qaldı,
Küsmə məndən, küsmə, Vətən.
Gəncliyimin şöhrət-şanı,
Ad yazdığım daşlar hanı?
Kimdən alım bu ünvanı?
Küsmə məndən, küsmə, Vətən.
Sürgünlüyəm, yesirliyəm,
Girovluyam, əsirliyəm,
Əl-ayağı cisirliyəm.
Küsmə məndən, küsmə, Vətən.
Alqayıtam, bükülüb qədd,
Arxam səngər, önüm sərhəd,
Aramızda keçilməz sədd,
Küsmə məndən, küsmə, Vətən.
May 1998-ci il, Bakı.
Tut ağaci
Pəncərəmdə əsə-əsə,
Göynək atdı ruhum nəsə?
Bir duyğuya, bir nəfəsə,
Var könlümün ehtiyacı,
Tut ağacı.
Nə müddətdir oyulmuram,
Göz yaşında yuyulmuram,
Xəstəhalam, duyulmuram,
Ömür yarı, bəxt qıyqacı,
Tut ağacı.
Meynələrin gözəl, göyçək,
Yarpaqların süslü çiçək.
Otağımda sarı ləçək,
Al günəşin zərrin, tacı,
Tut ağacı.
Alqayıtam, çəkdim nələr,
Küsən bəxtim haçan gələr?
Gizli qalan xatirələr,
Sənə şirin, mənə acı,
Tut ağacı.
1996-ci il, Mingəçevir
Ar olsun
Taleyinlə demə, barış!
Dərdə bükül, qəmə sarış.
Torpağını qarış-qarış
Satanlara qoy ar olsun!
Sığın haqqın dərgahına,
İnan xalqın sabahına,
Ana torpaq günahına,
Batanlara qoy ar olsun!
İkiüzlü, ikidilli,
Amalı puç, fikri bəlli,
Bu dünyanı səkkiz əlli,
Tutanlara qoy ar olsun!
Oyanmayıb el bəlkə də,
Yatmaq olmaz hər kölgədə.
Sərvət yığıb yad ölkədə,
Udanlara qoy ar olsun!
Ovxarlayan bədənini,
Bütləşdirin gödənini.
Dar ayaqda vətənini,
Atanlara qoy ar olsun!
Haqsızlığa din, danış da,
Görən varmı yayı qışda?
Bütün dünya oyanışda,
Yatanlara qoy ar olsun!
Oyanmağın yetib çağı,
Düşmən hiylə, düşmən yağı,
Ay Alqayıt, aralığı,
Qatanlara qoy ar olsun!
27 avqust 1998-ci il, Bakı.
Şələsindən
Xəbəri yox o dağların,
Kərəmindən, Lələsindən.
Sinəm üstə od ələnir,
Gözlərimin giləsindən.
Qalxam qürbət yastığından,
Qaçam tale yazdığından.
Şələ tutam fıstığından,
Küknarından, vələsindən.
Düşəm köhnə izlərimə,
Tikan bata dizlərimə,
Təpəm həsrət gözlərimə,
Nərgizindən, laləsindən.
Bəm axtardım zilə döndüm,
Dərd çəkməkdə filə döndüm.
Elə yandım külə döndüm,
Ürəyimin naləsindən.
Ömür kəsə, həyat yanlış,
Vətənsizə nə yaz, nə qış.
Ay Alqayıt, möhkəm yapış,
Ellərin qəm şələsindən.
10 sentyabr 1998-ci il, Bakı.
Kələyindən
Ha çalışdım, baş açmadım,
Bu dünyanın kələyindən.
Elə bil ki, bəşər oğlu,
Çıxıb şeytan bələyindən.
Haya gəlməz, sən ha çağır,
Var toplayır, sərvət yığır.
Fitnə yağır, fəsad yağır,
Arzusundan, diləyindən.
Baxmaz dövlətin azına,
Yetmək üçün murazına.
Girər ilan boğazına,
Tutar aslan biləyindən.
Əzrayılla çilik ağac,
Neçə başdan götürdü tac.
Varlanmaqdır, – deyər əlac,
Qorxmaz əcəl küləyindən.
Qoca dünya qalıb kimə?
Əl uzatma sarı simə!
Ay Alqayıt, öldüm, demə,
Keçsən haqqın ələyindən.
10 sentyabr 1998-ci il, Bakı.
Yana – yana
Kaş ki, bir də o dağları,
Dolanaydim yana-yana.
Qövr edəydi yaralarım,
Sulanaydım yana-yana.
Min kök üstə qurulaydım,
Bir gözələ vurulaydım,
Ah çəkməkdən yorulaydım,
Talanaydım yana-yana.
Bir pərişan telə dönüb,
Həzin, titrək ələ dönüb.
Gur leysana, selə dönüb,
Bulanaydım yana-yana.
Baxıb Tərsə yatağına,
O dağına, bu dağına.
Qoca palıd budağına,
Calanaydım yana-yana.
Alqayıtam, dözə-dözə,
Neçə şırım yağdı üzə.
Ocağında qalan közə,
Qalanaydım yana-yana.
18 sentyabr 1998-ci il, Bakı.
Həsrətindən
Bahar idim, qışa döndüm,
Köksü oyuq daşa döndüm.
Bir yaralı quşa döndüm,
Titrədi yer, əsdi bədən,
O əllərin həsrətindən.
Vəd eylədim, içdim andı,
Qəlb alışdı, ürək yandı.
Gümüşləndi, qalaylandı,
Ağarmayan saçım birdən,
O əllərin həsrətindən.
Neçə pillə enə-enə,
Od nəfəsin dəydi mənə.
Bilə-bilə, dönə-dönə,
Varlığıma ox atdın sən,
O əllərin həsrətindən.
Məqsədim bir, fikrim qəti,
Ömr edəcək qəm xəlvəti.
Dağa dedim bu möhnəti,
Susdu bulud, ağladı çən,
O əllərin həsrətindən.
Alqayıtam, köksümdə ox,
Sevinməsin, gülməsin çox.
Səngimərəm, sönmərəm, yox!
Vulkanlara dönərəm mən,
O əllərin həsrətindən.
1986-ci il, Mingəçevir.
Köklənmişəm
Gəraylı
Mən zamanın qəm sazıyam,
Hər kök üstə köklənmişəm.
Pərdələrim çalın-çarpaz,
Zildə, pəsdə köklənmiş.
Sinəm üstə enən mizrab,
Ürəyimi eylər kabab.
Mənəm ona gətirən tab,
Bu həvəsdə köklənmiş.
Bir nəğməyəm, sevinc paylı,
Bir kamanam, köksü yaylı.
Həm “Dübeyti”, həm “Gəraylı”,
Həm «Şikəstə», köklənmiş.
Bir telimdə “Abbas-Gülgəz”,
O birində “Dilqəmi” gəz.
Nadan məni çala bilməz,
Qeyri-səsdə köklənmiş.
Əsli xanım, ver Lələmi,
Alqayıtla çəksin qəmi.
İtkin düşən xan Kərəmi,
Məndən istə, köklənmiş!
1983-cü il, Xanlar.
Bilməz
Dünya sirli bir aləmdir,
Onu heç kəs sökə bilməz.
Bu möhtəşəm imarəti,
İnsan əli tikə bilməz.
Yerişi dərd, qədəmi nəhs,
Saxta gülüş, xırıltı səs.
Bir meşəni korlayan kəs,
Bir ağacı əkə bilməz.
Mənəm-mənəm, deyən kəslər,
Həqiqəti əyən kəslər,
El malını yeyən kəslər,
El qəhrini çəkə bilməz.
Qarışqada min əda var,
Öz gücünə dastan arar.
Begemotlar, kərgədanlar,
Heç özünü yekə bilməz.
Zülmətləri yaran ürək,
Hey yaradan, quran ürək.
El yolunda vuran ürək,
Kir götürməz, ləkə bilməz.
Ay Alqayıt, yatma yuxu,
Gəldi-getdi ömrün çoxu.
Təhqir, söyüş, hədə-qorxu,
Qamətini bükə bilməz.
1986-ci il, Xanlar.
Dağlar
Gəraylı
Ayrılığın həsrətinə,
Nə sən dözdün, nə mən, dağlar.
Ağlamaqdan, sızlamaqdan,
Nə sən bezdin, nə mən, dağlar.
Vurğun sevdi göy meşəni,
Qismətindən gen düşəni,
Koldan şehli bənövşəni,
Nə sən üzdün, nə mən, dağlar.
Natəvanın qandır rəngi,
Həcər çalır döşdə cəngi,
Məhsətiyə söz çələngi,
Nə sən düzdün, nə mən, dağlar.
Ələsgərim gör nə deyir,
Dərdmi çəkir, qəmmi yeyir?!
Ona layiq bircə şeir,
Nə sən yazdın, nə mən dağlar.
Alqayıtı səsləyir dan,
Qəlbi həsrət, ürəyi qan.
Bir məsləkin cığırından,
Nə sən azdın, nə mən, dağlar!
1982-ci il, Xanlar.
Deyil
Sınamışam milyon dəfə,
Dediklərin düz ha deyil.
Kərə-kürə danışırsan,
O ağızdır, güz ha deyil.
Doğradığın xırda-xırda,
Qaynadıram bozarmır da,
Xəcalətdən qızarmır da,
Üz həyalı üz ha deyil.
Əridirəm, ərimirsən,
Kiridirəm, kirimirsən,
Yeridirəm, yerimirsən,
Bu, qələmdir, biz ha deyil.
Gəlirin çox, payın dadlı,
Sən piyada, namus atlı.
A qeyrətsiz, ölüm adlı,
Yol bircədir, yüz ha deyil.
1987-ci il, Xanlar
Yaylaq
Axar suyun, durğun çeşmən,
Yenə döndü selə, yaylaq.
Çoxlarına oldun düşmən,
Uydun fəndə-felə, yaylaq.
Yorulmuşam, yol aşmaram,
Heç nəyinə qarışmaram.
Küsülüyəm, barışmaram,
Tutma məni dilə, yaylaq.
Alqayıtam, söz dediyim,
Hər əzaba döz, dediyim.
Mən öləndə öz dediyim
Göz yaşımı silə, yaylaq.
1960-cı il, Göyçə.
Bu boyda, bu boyda
Göz yaşımı, qəmmi həyat?
Dərdə şərik, sevincə yad.
Hardan gəlir nalə, fəryad,
Aman bu boyda, bu boyda?
Tapın gözü ağlarımı,
O vətənli çağlarımı.
Bürüyübdür dağlarımı,
Duman bu boyda, bu boyda.
Fəlakətdir, çıx küçəyə,
Ləkə qonub hər ləçəyə.
Qalmayıbdır geləcəyə
Güman bu boyda, bu boyda.
Qiymət verən yoxdur sözə,
Ər oğullar yandı közə.
Çirmələnib, çıxıb dizə,
Tuman bu boyda, bu boyda.
Alqayıtam, hər illəti,
Saymaq olmaz müvəqqəti.
Dəfn eylədi bir milləti
Zaman bu boyda, bu boyda.
2 fevral 1999-cu il, Bakı
Düşdü
Yenə şimşək haçalandı,
Yenə dağlar oda düşdü.
Göydə qartal ucalandı,
Gədiklərə səda düşdü.
Alov gördüm dilik-dilik,
Daşa dəydi, oldu çilik.
Həzin-həzin ötən kəklik
Yuvasından cida düşdü.
Göy buludlar mindi ata,
Dənizlərə dəydi xəta.
Nur ələndi kainata,
Gözəl günlər yada düşdü.
Günlərimiz quş qanadlı,
Həyat şirin, ömür dadlı.
Alqayıtam, Vətən adlı,
Qəlbə sevinc, nida düşdü!
1984-cü il, Xanlar şəhəri.
Gecə dəniz sahilində
Xatirələr çözələndi,
Köhnə dərdim təzələndi.
Üstümüzə nur ələndi
Gecə dəniz sahilində.
Göydə şimşək çaxdı getdi,
Sanki qılınc taxdı getdi,
Bəxt ulduzum axdı getdi
Gecə dəniz sahilində.
Yanımızda nə yoxuydu?
Ürəklərdə dərd çoxuydu.
Qara gözlüm hey oxudu
Gecə dəniz sahilində.
Neçə möhnət oydu məni,
Tale ağlar qoydu məni.
Zöhr ulduzum duydu məni,
Gecə dəniz sahilində.
Tor atdılar keçdi boşa,
Lətifələr gəldi xoşa.
Atlaz dalğam dəydi daşa
Gecə dəniz sahilində.
Duyğum, hissim, məhəbbətim,
Qumlar üstə qaldı yetim.
Xəyal oldu ziyafətim
Gecə dəniz sahilində.
Sən ey mələk, sən ey afət,
Bəyaz çöhrə, nurlu sifət.
Bəstələndin və nəhayət,
Gecə dəniz sahilində.
Ulduz batdı, ay ötüşdü,
Göydə çələng hörülmüşdü.
Neçə qəlbə işıq düşdü
Gecə dəniz sahilində.
Ürəyimdə sözüm qaldı,
Dalğalarda gözüm qaldı,
Alqayıtam, izim qaldı
Gecə dəniz sahilində.
1987-ci il, Mingəçevir
Məni
Bir Leylinin vüsal dərdı,
Salıb çöldən-çölə məni.
Boynumda eşqin kəməndi,
Atır göldən-gölə məni.
Sinəm üstü bir od-ocaq,
Dərdim, qəmim qucaq-qucaq.
Bu minvalla qocaldacaq,
Fələk ildən-ilə məni.
Can verəndə, aşıq qardaş,
Alqayıta gəl ol sirdaş.
“Kərəmi”ni köklə bir baş,
Gəzdir teldən-telə məni.
1961-ci il, Göyçə mahalı.
Şair, nə tez qocaldin sən
S. Vurğuna
Baxışları çılğın gördüm,
Gözlərində yanğın gördüm.
Gur saçları dalğın gördüm,
Bir ah qopdu ürəyimdən:
– Şair, nə tez qocaldın sən?
Nə susmusan, gurla, çalxan,
“Aygün”lərə dönsün dalğan.
Əllərində qılınc, qalxan,
Yeddi oğul istərəm mən,
Şair, nə tez qocaldın sən?
Ey möhtəşəm, uca palıd,
Fikirlisən necə, palıd?
Söykəndiyin qoca palıd,
Qaysaq atdı sinəsindən,
Şair, nə tez qocaldın sən?
Tez açılan tez də solur,
Qəlb də yanır, göz də dolur.
Saxta olur, yanlış olur,
Təbiətin hökmü bəzən,
Şair, nə tez qocaldın sən?
Coşqun çaylar durğun olmaz,
Eli sevən yorğun olmaz.
Hər sənətkar Vurğun olmaz,
Qara zənci deyir qəlbən,
Şair, nə tez qocaldın sən?
Alqayıtam, tacım-taxtım,
“Vaqif”inə min yol baxdım.
Çəmənləri seyrə çıxdım,
Güllər dindi, yerbəyerdən,
Şair, nə tez qocaldın sən?
Qoşa çinar
Fikirliyik, qoşa çinar,
O tayda sən, bu tayda mən.
Boy atmışıq qəlbi yanar,
O tayda sən, bu tayda mən.
Bir bülbülük, gülə həsrət,
Qərinəyə, ilə həsrət.
Doğma yurda, elə həsrət,
O tayda sən, bu tayda mən.
Kimlər boğdu Xan Arazı?
Xəzan oldu bahar, yazı.
Köks ötürək, Vətən qızı,
O tayda sən, bu tayda mən.
Tərpənməsək, qoşa çinar,
Həsrət qollar bir də sınar.
Yol axtaraq əldə fənər,
O tayda sən, bu tayda mən.
Səslə dada çatmışları,
Dərdə, qəmə batmışları.
Gəl oyadaq yatmışları,
O tayda sən, bu tayda mən.
Alqayıtam, biz bir qanıq,
Əhval duyan, dərd qananıq.
Qəmli ürək, xəstə canıq,
O tayda sən, bu tayda mən.
1984-cü il, Cəlilabad
Itər – itməz
Bu əbədi, bu müqəddəs
Eşqin sonu bitər? – bitməz!
Bu divanə Məcnun könlüm,
İstəyinə yetər? – yetməz!
Qəmsə sevinc, tikansa gül,
Yaz gəlişi puçdur, könül.
İstəyinə yetsə bülbül,
Həzin-həzin ötər? – ötməz!
Sərt qayalar düzüm-düzüm,
Çapılmasa bir də dizim.
Gədiklərdə qalan izim,
Ov dalınca gedər? – getməz!
Ürəyimdə bir səs inlər,
Kimsə onu susar, dinlər.
Bax, beləcə ötən günlər,
Məni məyus edər? – etməz!
Alqayıtam, gözümdə dan,
Düşünürəm ürəyi qan:
– El bəxş edən, el yaşadan,
Əsil ad-san itər? – itməz!
1980-cı il, Göyçə mahalı.
Məni
Qoy sevinsin ana Vətən,
Görə bilsə, bir də məni.
Fələk alsın qisasımı,
Kim salıbsa dərdə məni.
Nə yaralı, nə müstərəm,
Bihuş, bikəs, dərdi-sərəm.
Günahımdır – of demərəm,
Doğrasalar girdə məni.
Alqayıtam, bilməm nədən,
Saç ağarır, günü-gündən?
Gəl, namərdin al əlindən,
Qurban eylə mərdə məni.
1975-ci il, Mingəçevir.
Dolanarmiş
İnsan qəlbi ehtiyacdan,
Axar su tək bulanarmış.
Sərkərdəsiz qoşun kimi,
Əsir düşüb talanarmış.
Mərd insan qara geyəndə,
Namərd özünü öyəndə,
Qartala güllə dəyəndə,
Sərçə dağlar dolanarmış.
Dost nahaqdan düşsə dara,
Ay Alqayıt, getsən hara?
Köksündəki çarpaz yara,
Yüz yerindən sulanarmış.
1970-ci il, Göyçə
Dünyada
Şan-şöhrətə inanmayın,
Beşgünlük, fani dünyada.
Namusda, qeyrətdə gəzin,
Şöhrəti, şanı dünyada.
Koroğlutək qılınc çalan,
Hatəm kimi süfrə salan,
Yerdən, göydən xərac alan,
İsgəndər hanı dünyada?
Ay Alqayıt, vaxt gələcək,
Ağlar gözlərin güləcək.
Düşmən özü bildirəcək,
Dostunu tanı dünyada.
1970-ci il, Göyçə
Borçalida
Qonaq oldum neçə toya,
Üsyan gördüm Borçalıda.
Sevincini, el qəmini,
Leysan gördüm Borçalıda.
Gülün gülə istəyini,
Telin telə istəyini.
Elin elə istəyini,
Ümman gördüm Borçalıda.
Aşıqların xoş avazı,
Xatırladır güllü yazı.
Balabanı, telli sazı,
Kaman gördüm Borçalıda.
Ürəyində ün bəsləyən,
Düşməninə kin bəsləyən.
Din içində din bəsləyən,
İnsan gördüm Borçalıda.
Ağsaqqalı el qüssəli,
Araz taylı, Kür hissəli.
Cavanları fil cüssəli,
Aslan gördüm Borçalıda.
Dastan açdıq, boy eylədik,
Nəsil gəzdik, soy eylədik.
Mir Qasıma toy eylədik,
Ad-san gördüm Borçalıda.
Pərvanələr oda gəldi,
Keçmişlərim yada gəldi.
Qarabağdan səda gəldi,
Üsyan gördüm Borçalıda.
Hər tərəfi qala bürcü,
Eldə duydum mən bu gücü.
Sənətkara ölçü-biçi,
Mizan gördüm Borçalıda.
Alqayıtam, ömür yarı,
Bir «Əmrah»ı çalın barı.
Vətən oğlu Kamandarı,
Ozan gördüm Borçalıda.
1989-cu il, Borçalı.
Çəkirsənmi
Azaflı Mikayıla!
Ay Azaflı, söylə yenə,
El qəhrini çəkirsənmi?
Ömrün kərpic sarayını,
Pillə-pillə sökürsənmi?
Əriyirmi Kəpəzdə qar?
Qıy vururmu şahin-şonqar?
Sinən üstə biixtiyar
Göz yaşını tökürsənmi?
Çəkilərək bir guşəyə,
Bahar çağı göy meşəyə.
Baxıb süslü bənövşəyə,
Heç boynunu bükürsənmi?
Yaşayırmı sevda dəmi?
Atıbsanmı dərdi, qəmi?
Xəyalında turac kimi,
Koldan-kola səkirsənmi?
Alqayıt dosta canını,
Bəxş etsə, eldə tanını.
Qoşub qəmlər kotanını,
Gecə-gündüz əkirsənmi?
1973-cü il, Gəncə
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?