Электронная библиотека » Aşıq Alqayıt » » онлайн чтение - страница 7

Текст книги "Dağlar"


  • Текст добавлен: 27 октября 2022, 21:40


Автор книги: Aşıq Alqayıt


Жанр: Поэзия, Поэзия и Драматургия


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 7 (всего у книги 21 страниц) [доступный отрывок для чтения: 7 страниц]

Шрифт:
- 100% +

Nəyim qalib?!

 
Viranədir könlüm evi,
Talanmamış nəyim qalıb?
Möhnət, qüssə, qəm oduna,
Qalanmamış nəyim qalıb?
 
 
Min kök üstə ötən taram,
Xəzan vurmuş bağça, baram.
Göz-göz olub neçə yaram,
Sulanmamış nəyim qalıb?
 
 
Nə duyğusuz, nə naşıydım,
Neçə qəlbin təlaşıydım.
Mən bir şəffaf göz yaşıydım,
Bulanmamış nəyim qalıb?!
 
 
Dərdim bənzər Qaf dağına,
Qəlbin misgin otağına,
Eşqin həsrət budağına,
Calanmamış nəyim qalıb?!
 
 
Alqayıtam, əldə çıraq,
Neçə aran, gör neçə dağ,
Bu çölləri Məcnun sayaq,
Dolanmamış nəyim qalıb?!
 
1980-ci il, Göyçə mahalı

DÜŞMÜŞƏM

 
Sən gedəli, a gəncliyim,
Ağızdan, dildən düşmüşəm.
Sürünürəm ayaqlarda,
Şanayam, teldən düşmüşəm.
 
 
Əl gəzdirrəm simlər üstə,
Qəm qalanır qəmlər üstə.
İnləyirəm bəmlər üstə,
Bu kökə zildən düşmüşəm.
 
 
Alqayıtam, ürəyi qan,
Gözlərimdə sökülür dan.
Gecə-gündüz ağlamaqdan,
Yorulub əldən düşmüşəm.
 
1980-ci il, Göyçə

Olaydim

 
Dolanaydım sərhəd boyu,
İz yerinə mən olaydım.
Güc gələydim möhnətlərə,
Diz, yerinə mən olaydım.
 
 
Necə görüm Şəhriyarı?
Kimdən alım ixtiyarı?
Qarsıyaydım dodaqları,
Söz, yerinə mən olaydım.
 
 
Bal verirmi Ballıqaya,
O yamaclı, yallı qaya?
Dərə-təpə, sallı qaya,
Düz, yerinə mən olaydım.
 
 
Toplayaydım zirəkləri,
Uçuraydım dirəkləri.
Yandıraydım ürəkləri,
Köz, yerinə mən olaydım.
 
 
Bağlanıbdır ümid göyə,
Milyonlarım susub niyə?
Alqayıtam, yaş tökməyə,
Göz, yerinə mən olaydım.
 
1985-ci il, Cəlilabad

Bülbül

 
İnləyirsən daş qəfəsdə,
Can, a yazıq, can, a bülbül.
Nəğmələrin kədər, qüssə,
Oldu bağrım qan, a bülbül.
 
 
Qorxu, heyrət gözlərində,
İnam, cürət gözlərində.
Sənin həsrət gözlərində,
Sökülürmü dan, a bülbül?
 
 
Alqayıta dəyən yara,
Nə gizlidir, nə aşkara.
Qismət oldu qönçə xara,
Yan, a yazıq, yan, a bülbül.
 
1981-ci il, Gəncə

Sən öl

 
Yenə haqsız baş kəsdilər,
Ulduz yerə axdı, sən öl!
Kimsə mənə pıçıldadı:
– Deyilənlər haqdı – sən öl!
 
 
Əyri düzlə girdi qəsdə,
Düz inlədi daş qəfəsdə,
 
 
Elə bildim başım üstə,
İldırımlar çaxdı, sən öl!
 
 
Bu yaramaz rüşvət əsri,
Viran qoydu neçə qəsri.
Qanunların kəmi-kəsri
Haqq işindən çoxdu, sən öl!
 
 
Hakimlərin kordu gözü,
Pərdələyib astar üzü.
Dinənləri zaman özü,
Məngənədə sıxdı, sən öl!
 
 
Kişi dedi: sən bu vədə,
Nə gəzirsən küçələrdə?
Və nəhayət, məhkəmədə:
– Arvad əri yıxdı, sən öl!
 
 
Evlər yıxan, ay yekəpər,
İşin dara düşsə əgər.
Nə zər-ziba, nə pul istər,
Qanun gözü toxdu, sən öl!
 
 
Fikrin aydın, huşun cəmsə,
Milyonlarla girmə bəhsə.
Görəcəksən səni kimsə,
Zindanlara soxdu, sən öl.
 
 
Arxa sayan pulu, varı,
Düşünürmü, görən barı?
Mənəm, mənəm, deyən çarı,
Bircə Lenin yıxdı, sən öl.
 
 
Alqayıtam, hər ziyamız,
O dünyamız, bu dünyamız.
İşə baxsa partiyamız,
İşıq ucu yoxdu – sən öl!
 
1981-ci il, Göyçə

Qurban olum

 
Öz yurdumun, öz xalqımın,
Vəfasına qurban olum.
Könüllərdə layla çalan,
Nəvasına qurban olum.
 
 
Yollar uzaq, yollar çətin,
Zirvələrdə dayan mətin.
Vətən adlı məhəbbətin,
Cəfasına qurban olum.
 
 
Ətri xoşdur hər gülümün,
Süsənimin, sünbülümün.
Kəpəzimin, Göy gölümün,
Havasına qurban olum.
 
 
Əsiriyəm, dağda qarın,
Təmiz əhdin, düz ilqarın.
Obaların, oymaqların,
Səfasına qurban olum.
 
 
Alqayıtam, xoşdur mənə,
Səcdə qılam dönə-dönə.
Ana yurdun hər elinə,
Obasına qurban olum.
 
1982-ci il, Xanlar

Yorulmuşam

 
Bir bülbüləm, daş qəfəsdə,
İnləməkdən yorulmuşam.
Yalanları, böhtanları,
Dinləməkdən yorulmuşam.
 
 
Ömür peyvənd, ömür calaq,
Göz yaşımdır qaynar bulaq.
Dərdlərimi qucaq-qucaq,
Çinləməkdən yorulmuşam.
 
 
Axtarıram, itən eşqi,
Xəyallarda bitən eşqi.
Alqayıtam, ötən eşqi,
Ünləməkdən yorulmuşam.
 
1985-ci il, Mingəçevir

Hardasan

Tofiq Abdullayevə!


 
Tofiq lələ, gözləməkdən yolunu,
Yazıq canım yandı oda, hardasan?
Nə Hacı var, nə Cavanşir, nə də sən,
Darıxıram bu mənada, hardasan?
 
 
Duman yatıb, gədiklərdə sis qalıb,
Kabab bişmir, manqallarda his qalıb.
Məşdili günlərim Məşdisiz qalıb,
Əziz dostlar düşüb yada, hardasan?
 
 
Dağ havasın qayaları çap gətir,
Əsirgəmə, könülləri yap gətir.
Gümüş telli Məhərrəmi tap gətir.
Getməsin ömrümüz bada, hardasan?
 
 
Hacı qardaşlarım Bəyağa, Davud,
Hər biri könlümdə bir kaman, bir ud,
Mübariz dostlara sübutdur, sübut,
Səsləsən, yetəcək dada, hardasan?
 
 
Alqayıt ürəkdir ürəksizlərə,
Ədalət gərəkdir gərəksizlərə.
Dost var ki, çörəkdir çörəksizlərə
Vurulmuşam mən bu ada hardasan?
 
15 sentyabr 2006-cı il, Xırdalan

Kəklik

 
Bir xəbər ver o dağlardan,
Həzin-həzin ötən kəklik.
Halısanmı yaylaqlardan,
Varmı gəlib-gedən, kəklik?
 
 
Dərdim, qəmim ötüşməyir,
Əlim yara yetişməyir.
Yaralarım bitişməyir,
Göz-göz olub nədən, kəklik.
 
 
Alqayıtam, gözü nəmli,
Yaşayıram zilli, bəmli.
Sən oxudun qəmli-qəmli.
Yada düşdü Vətən, kəklik.
 
1998-ci il, Bakı

Allah

 
Səmum əsdi yurdumuza,
Soldu bağçam, bağım, Allah.
Kədər qonub zirvəsinə,
Dağ boydadır dağım, Allah.
 
 
Məhəl qoyduq yad sözünə,
Düşdük böhtan, şər izinə.
Leysan eylə yer üzünə,
Yağdır məni, yağım, Allah.
 
 
Qarğaların, quzğunların,
Əqidəsi pozğunların,
Bir imkan ver azğınların,
Cilovunu yığım, Allah.
 
 
Zindanları sök bu yurddan,
Qisas alma tək bu yurddan.
Neştərini çək bu yurddan,
Qandır solum, sağım, Allah.
 
 
Nicat tapan çörəyimdən,
Şırım açdı kürəyimdən.
Gəlib keçir ürəyimdən,
Sən atdığın lağım, Allah.
 
 
Günəş yerdə budanmasın,
Ürək dərdə budanmasın.
Çalış bir də budanmasın,
Pöhrələrim, tağım, Allah.
 
 
Alqayıtam, alnımda tər,
Yollarımda qəza, qədər.
El sevinsə, nura dönər,
Bu qüssəli çağım, Allah.
 
18 noyabr 1997-ci il, Bakı.

Dəyməyin

 
Az ömrü var çiçəklərin,
Gülün xətrinə dəyməyin.
Pöhrələrin, ləçəklərin,
Tülün xətrinə dəyməyin.
 
 
İlk baharım, yazım ağlar,
Küsər işvəm, nazım ağlar,
Yaralıdır, sazım ağlar,
Telin xətrinə dəyməyin.
 
 
Bir məlhəmdir dağın qarı,
Axıb gələr çaya sarı,
Qoyun yusun çirkabları,
Selin xətrinə dəyməyin.
 
 
Qış buz bağlar, qılınc yonmaz,
Yuvasında qartal donmaz,
Yaşılbaşlar uçar, qonmaz,
Gölün xətrinə dəyməyin.
 
 
Canda eşqin yonqusu var,
Qəlbdə həsrət çınqısı var,
Onda Kərəm yanqısı var,
Külün xətrinə dəyməyin.
 
 
Baş ayrılıb bədənindən,
Sarğı tutub dağlar çəndən,
Ayrı düşüb vətənindən,
Elin xətrinə dəyməyin.
 
 
Alqayıtam, Leyli yarın,
De, kim çəkər intizarın?
Məcnun gəzən səhraların,
Çölün xətrinə dəyməyin.
 
14 mart 1996-cı il, Xanlar.

Dağlar

 
Mələşirmi ağ sürülər,
De, necədir halın, dağlar?
Hanı Nəbin, qoç Koroğlun,
Hanı Rüstəm-Zalın, dağlar?
 
 
Çiçəklərin zərim idi,
Şehin alın tərim idi.
Mənim görüş yerim idi,
Hər yamacın, yalın, dağlar.
 
 
Vüqarlısan, dayan mətin,
Yenilməzdir əzəmətin.
Məlhəm idi əmlik ətin,
Bir də beçə balın, dağlar.
 
 
Karvan keçmir çaylağından,
Tərlan uçmur oylağından.
İtkin düşüb yaylağından,
Qoynun, quzun, malın, dağlar.
 
 
Alqayıtam, azdım çəndə,
Gecə yarı endim kəndə.
Yadındamı bir ay səndə,
Gəzdim ayaqyalın, dağlar?
 
10 iyul 1996-cı il

Dağlar

 
Nə müddətdir aralıyam,
Düşmür sizə yönüm, dağlar.
Həzin, kövrək qəlbinizi,
Titrədirmi ünüm, dağlar?
 
 
Bahar ollam qışın üstə,
Qan çilərəm daşın üstə,
Bir şimşəyəm başın üstə,
Qoy alışım, sönüm dağlar.
 
 
Dərələrdən qalxan çənə,
Bir də baxam dönə-dönə.
Nə dərdin var, – söylə mənə,
Sirdaşına dönüm, dağlar.
 
 
Ayrılığın qəm yükümdü,
Sənsiz əcəl son hökmümdü.
Zirvələrin soy-kökümdü,
Mənimsiniz, mənim, dağlar.
 
 
Alqayıtam, gəlmir gedən,
Arım uçub pətəyimdən.
Yapışmışam ətəyindən,
Qoy səcdənə enim, dağlar.
 
24 iyul 1995-ci il, Xanlar.

Dağlar

 
Sənsən mənim ilk istəyim,
Sənsən şeir tacım, dağlar.
Qüzeyindən qar ummuşam,
Qalaylanıb saçım, dağlar.
 
 
Səndə qalıb cəsarətim,
Hissim, duyğum, hərarətim.
Hanı mənim şux qamətim,
Hanı qartal gücüm, dağlar?
 
 
Dar cığırın, köhnə izin,
Fərəhidir qəlbimizin.
Qoy sürünüm dizin-dizin,
Bərələrdən keçim, dağlar.
 
 
Azalıbdır gəlib gedən,
Köç bağlamır ellər nədən?
Bir ınəclis qur, qoy təzədən,
Dostu, yadı seçim, dağlar.
 
 
Səhər tezdən çıxım döşə?
Boyun əysin tər bənövşə.
Əmliyini çəkim dişə,
Şərbətindən içim, dağlar.
 
 
Bəzəyidir söz eşqimin,
Qaysağıdır köz eşqimin.
Güllərindən öz eşqimin,
Köynəyini biçim, dağlar.
 
 
Od almışam ocağından,
Sənin Günəş saçağından.
Alqayıtam, qucağından,
İtkin düşüb köçüm, dağlar.
 
1987-ci il, Xanlar.

Var

 
Bir gəmiyəm, dəryalarda
Zaman-zaman axmağım var.
Bir şimşəyəm, səmalarda
Kükrəməyim, çaxmağım var.
 
 
Duyan gündən xeyri-şəri,
Bəstəm olub alın təri.
Bir atəşəm, ürəkləri
Yandırmağım, yaxmağım var.
 
 
Sevinc tapdım ələmimlə,
Kür ağladı bu qəmimlə.
Zülm evini qələmimlə
Uçurmağım, yıxmağım var.
 
 
Telli sazın ölüsüyəm,
Nəğmələrin səlisiyəm.
Koroğlunun dəlisiyəm,
Misri qılınc taxmağım var.
 
 
Alqayıtam, göylər uca,
O səmanı kimlər quca?
Bir qartalın arxasınca
Heyran-heyran baxmağım var.
 
1987-ci il, Gəncə

Vətən, sənsiz

 
Sən atlısan, mən piyada,
Yuvam qalıb sərt qayada,
Bu bir aydır Almaniyada
Yox günəşim nədən sənsiz?
Darıxmışam, Vətən, sənsiz.
 
 
Qönçələri bal olsa da,
Yanağında xal olsa da,
Rəngi yaşıl-al olsa da,
Çiçək deyil bitən sənsiz,
Darıxmışam, Vətən, sənsiz.
 
 
Arxasınca eşqimizin,
Qoy sürünüm dizin-dizin,
Qəmli-qəmli, həzin-həzin,
Bax, o mənəm ötən sənsiz,
Darıxmışam, Vətən, sənsiz.
 
 
Köksümdəki kamanındı,
Önümdəki dumanındı,
Sənin ahın, amanındı,
Məni məhbus edən sənsiz,
Darıxmışam, Vətən, sənsiz.
 
 
Alqayıtam, həsrətin ox,
Gözlərimin uyğusu yox,
Düşüncəsi, duyğusu yox,
Müqəvvadır bədən sənsiz,
Darıxmışam, Vətən, sənsiz.
 
3 may 1994-cü il,
Almaniya, Nürnberq şəhəri.

Sənsən!

 
Bu müqəddəs ömrümüzün,
Ayları sən, ili sənsən,
Saçlarımın bəyaz qarı,
Kipriyimin seli sənsən.
 
 
Obasında yuva qurdum,
Oymağında boyun burdum.
Bir tablodur ana yurdum,
Çəməni sən, çölü sənsən.
 
 
Yarpaq üstə şeh düşməsi,
Körpə maral hürküşməsi.
Varlığımın nur çeşməsi,
Həyatımın gülü sənsən.
 
 
Gur səsindən od almışam,
Həvəsindən od almışam.
Nəfəsindən od almışam,
Cəsədimin külü sənsən.
 
 
Alqayıtın gələcəyi,
Duyacağı, biləcəyi.
Dibçəyimin tər çiçəyi,
Pəncərəmin tülü sənsən.
 
27 iyun 1997-ci il, Mingəçevir

Üz döndərib

 
Gəzmir xəyal gəzən yeri,
Ayaq başdan üz döndərib.
Göz yaşında çimmir deyə,
Kiprik qaşdan üz döndərib.
 
 
Hər sevinc qəm, hər gülüş dərd,
Zaman qəddar, fələk namərd.
Fəsillərin dönümü sərt,
Bahar qışdan üz döndərib.
 
 
Qarabağın qanlı düzü,
Viran qoydu könlümüzü.
Elə bil ki, Allah özü,
Bu savaşdan üz döndərib.
 
 
Hücumdadır qəddar, azğın,
Amalı puç, qəlbi pozğun,
Kor yapalaq, qarğa, quzğun,
Qızıl quşdan üz döndərib.
 
 
Alqayıt, um pay günəşdən,
Gözlə haqqı, say Günəşdən.
Ulduz aydan, Ay Günəşdən,
Torpaq daşdan üz döndərib.
 
7 fevral 1992-ci il, Gəncə

Görən

 
Dağ təlatüm, zirvə ləngər,
Qayaları şimşək döyər.
Arxam çisir, önüm səngər,
Bu yol, hansı yoldu görən?
 
 
Xəbəri yox vətənindən,
Gələnindən, gedənindən.
Ayrı düşüb bədənindən,
Bu qol, hansı qoldu görən?
 
 
Mavi göllər sonalanıb,
Torpağımız xınalanıb.
Bənövşələr minalanıb,
Bu kol, hansı koldu görən?
 
 
Alqayıtam, ötdüyüm yol,
Ayrıcında itdiyim yol.
Məlum deyil getdiyim yol,
Bu yol, hansı yoldu görən?
 
Sentyabr 1995-ci il, Xanlar

Könlüm

 
Ayrı düşdün o dağlardan,
Ləliyirsən, ləli, könlüm.
Tapammazsan, yüz harayla,
O gövhəri, ləli, könlüm.
 
 
Kim qarşılar qonağını,
Sınayan yox sınağını.
İsladırmı yanağını,
Gözlərimin seli, könlüm?
 
 
Hansı dərddir səni didən,
Qumru dilin susub nədən?
Əl çəkmirsən qəm-qüssədən,
Zəlisənmiş, zəli, könlüm.
 
 
Cürət verdik, cürətsizə,
Bel bağladıq mürvətsizə.
Qol açmışdıq qeyrətsizə,
Düz deyirsən, bəli, könlüm!
 
 
Alqayıtı salma taxtdan,
Elə nicat dilə haqdan.
Nə tapıbsan ağlamaqdan,
Ay divanə, dəli, könlüm?
 
2 iyun 1997-ci il, Bakı

Qalan deyil

 
Bu istəklər, bu qayğılar,
Nəyə lazım ölüm ki, var?
Qoca palıd, dərdli çinar,
Siz deyənlər olan deyil,
Heç nə bizə qalan deyil.
 
 
Zirvə bəyaz, sarmaşıq tül,
Od gizlədir qoynunda kül.
Sus, ey yazıq, sus, ey bülbül,
Sənin yarın nalan deyil,
Heç nə bizə qalan deyil.
 
 
Külə dönər köz yerində,
Deyilməyən söz yerində,
Ay qalacaq öz yerində,
Təkcə Günəş solan deyil,
Heç nə bizə qalan deyil.
 
 
Könül, susdun sən yenəmi?
Yelkənsizdir batan gəmi,
Tale verən dərdi, qəmi,
Qorxma, səndən alan deyil,
Heç nə bizə qalan deyil.
 
 
Görməmişəm ömrə yedək,
Bu dünyanın ipi gödək,
Fatehlər də axıradək,
Qılıncını çalan deyil,
Heç nə bizə qalan deyil.
 
 
Ağlar yana-yana Vətən,
Boyanıbdır qana Vətən,
Nankor ölsə, ana Vətən,
Saçlarını yolan deyil,
Heç nə bizə qalan deyil.
 
 
Əsir düşdük qolu bağlı,
Sağı bağlı, solu bağlı,
Hər yaranan insan oğlu,
Hər sürünən ilan deyil,
Heç nə bizə qalan deyil.
 
 
Ay Alqayıt, yaralısan,
Vətənindən aralısan,
Taleh püşkü qaralısan,
Demə, könlüm talan deyil.
Heç nə bizə qalan deyil.
 
25 noyabr 1996-cı il, Gəncə

Salam söylə

 
Uç, göyərçin, qərib – qürbət,
Elə məndən salam söylə,
Məenun gəzən səhralara,
Çölə məndən salam söylə.
 
 
Gözüm yaşlı, qəlbim nalan,
Elim bərbad, yurdum talan.
Dərələrdə haray salan,
Selə məndən salam söylə.
 
 
Aç dərdini oylaqlara,
Durna gözlü bulaqlara.
Göz yaşımı yaylaqlara
Çilə, məndən salam söylə.
 
 
Bas bağrına göy meşəni,
Hər çəhlimi, hər guşəni.
Tax sinənə bənövşəni,
Gülə məndən salam söylə.
 
 
Alqayıtam, baxsam hara,
Həsrət qalıb, baxçam bara.
Ağı deyən dodaqlara,
Dilə məndən salam söylə.
 
8 mart 1996-cı il, Bakı

Hardasiniz?

 
Al şəfəqim, zərrin qönçəm,
Ləl yatağım, güllü xonçam,
Buz bulağım, lilpar dolçam,
hardasınız?
 
 
Ömür yolum, rütbəm, çinim,
Sığırçınım, bildirçinim,
Mənim tale göyərçinim,
hardasınız?
 
 
Ay qıvırcıq, şəvə telim,
O müqəddəs ayım, ilim,
Od biləyim, şimşək əlim,
hardasınız?
 
 
Yollarımı kəsən külək,
Ülfətimdən küsən külək,
Həzin-həzin əsən külək,
hardasınız?
 
 
Bilinməzdi qışım, yayım,
Gənclik idi tanrı payım,
Şir baxışım, qartal qıyım,
hardasınız?
 
 
Üzüyümün firuz qaşı,
Gözlərimin selov yaşı,
Babaların məzar daşı,
hardasınız?
 
 
Dərdə şəfa verənlərim,
Yurda qanad gərənlərim,
Tanrılarım, ərənlərim,
hardasınız?
 
 
Taleyimin yolu Göyçəm,
Qəm-qüssəylə dolu Göyçəm,
Kəlbəcərim, Ulu Göyçəm,
hardasınız?
 
 
Sazsız, sözsüz darıxmışam,
Odsuz, közsüz darıxmışam,
Dağlar, sizsiz darıxmışam,
hardasınız?
 
 
Dırnağımda qopan qaya,
Dizlərimi çapan qaya,
Varlığıma hopan qaya,
hardasınız?
 
 
Alqayıtam, röyalarım,
Təfəkkürüm, ziyalarım,
Mənim yalçın qayalarım,
hardasınız?
 
17 noyabr 1996-cı il, Bakı

Nəvələrim

 
Ömrün-günün məhək daşı,
Bir-birinin qan qardaşı.
Nəslin, kökün soy yaddaşı,
Qıvrım saçı şəvələrim,
Hanı mənim nəvələrim?
 
 
Dərədə çən, dağda duman,
Beldə xəncər, əldə kaman.
Qol-qanadım Ruslan, Mehman,
Xalım, zilim, gəvələrim,
Hanı mənim nəvələrim?
 
 
Qəlbi açıq, ürəyi şən,
Büllurlaşan, gözəlləşən.
Bir dünyadır Maral, Gülşən,
Köhlən atım, dəvələrim,
Hanı mənim nəvələrim?
 
 
Övlad ki, var şirin bardı,
Alqayıta dövlət, vardı,
Kiçiyiniz Etibardı,
Çağalarım, bəbələrim,
Ham mənim nəvələrim?
 
1994-cü il, Xanlar

Nə yaman qandi

 
Dilbilməzə verdim öyüd-nəsihət,
Nə yaxşı anladı, nə yaman qandı.
Aşıq deyər nə qandı?
Nə qovğadı, nə qandı?
Nadan öyüd dilədi,
Nə anladı, nə qandı.
Dedim: dost yolunda axıt qanını,
Görənlər desinlər: – nə yaman qandır!
Mən ki, ağ demişdim, o, qara yazdı,
Qorxmadı bahardan, o qara yazdı.
Aşıq deyər, qara yaz,
Ağ üstündən qara yaz
Abi-leysan car eylər,
Qədəm qoysa, qara yaz.
Dedi: – məslətin o qar, ayazdı,
Nə yaxşımı söylə, nə yaman qandır.
Yad olmaz nə gecə, nə dan söhbəti,
Nə gizlə dostundan, nə dan söhbəti.
Aşıq deyər nə dandı,
Nə gizlədi, nə dandı.
Öyüd verdim, almadı,
Nadan oğlu nadandı.
Alqayıt, gördünmü nadan söhbəti,
Nə yaman xatadır, nə yaman qandır?
 
1967-ci il, Göyçə

Yüz ələ

Təcnis
 
Dünya şirin, insan ömrü gödəkdir,
Az-az keçir doxsan ələ, yüz ələ.
Ala qarğa iki yüz il yaşayır,
Ağla canım, göz yaşını yüz ələ.
 
 
Yar olan kəs deyərdimi yara, sın?
Bir kəlmədə məni tutdu, yar, asın.
Perik saldın ürəyimin yarasın,
Əlin dəyib yüz barmağa, yüz ələ.
 
 
Alqayıtam, qıfıl görməz dər indi,
Ömrüm bağı veran oldu, dər, indi.
Naşı təbib, yaram elə dərindi,
Qorxum yoxdur, neştər alsan, yüz ələ.
 
1979-cu il, Gəncə

Yad ara

Təcnis
 
Qohum, qardaş, el qədrini bilməsə,
Yad ölkədə, yad ünvanı, yad ara.
Aşıq deyər, yad ara,
Dağıt zülfün, ya dara.
Öz arını gözləyən
Əyri baxmaz yad ara.
Xumar-Sənan ilqarından gözəldir,
Möhkəm olsa, yad aşnalıq, yad ara.
Qoca dünya boşalsa da, dolandır,
Tale, məni yar başına dolandır.
Aşıq deyər, dolandır,
Boşalandır, dolandır.
Leysan olmaq istəsən,
Bulud kimi dol, andır!
Şah seçilsən, bir ölkəni dolandır.
Bel bağlama ya zindana, ya dara.
Alqayıt, nə yazsan, dosta yaz, anlar,
Qışda yağan qar ömrünü yaz anlar.
Aşıq deyər, yazanlar,
Tez ötüşür yaz anlar.
Güzəranı xoş keçən,
Zimistanı yaz anlar.
Bu dünyaya ölüm hökmü yazanlar,
Ya Hitlerdir, ya Qacardır, ya Dara!
 
Dekabr 1981-ci il, Göyçə

Düşə

Təcnis
 
Uca zirvələrin fatehi qartal,
Çətin ki, qıy vurub bir dənə düşə.
Aşıq deyər, düşüncə,
Atlanınca, düşüncə.
Vay o gündən söz dərin,
Dayaz ola düşüncə.
Qorxuram, firqətdən ağara başım,
Hər saçın hikməti bir dənə düşə.
 
 
Sağalmaz Şirinin çoxdur yarası,
Hanı Fərhad, Bisutunu yarası?
Aşıq deyər, yara bax,
Yara güvən, yara bax.
Üzdən çəkmə neştəri,
Dərindədir yara, bax.
Gözəl eşqimizə düşmə, yar, ası,
Ya qismət, bəxtinə bir də nə düşə.
Əgər üzdəndirsə çəkdiyin, barı,
Uçanda ah çəkib ağlama, barı.
Aşıq deyər, barı gəz,
Barı düşün, barı gəz.
Ağac əksən, növ axtar,
Budağında barı gəz.
Alqayıt, dünyanın min olsa barı,
Sevin ki, bəxtinə bir dənə düşə.
 
May 1980-ci il, Göyçə

Balalar

Təcnis
 
Yazda yaylaqların səyyahı durna,
Payız gedib vətənində balalar.
Şanə çəkər, xurmaların şəhdinə,
Zənbur kimi dimdiyində bal alar.
 
 
El içində arı dolan, arı gəz,
Təsifkeş ol, qeyrəti gəz, arı gəz.
Xəstə düşsən, pətəyində arı gəz,
Dərd min olsa, ürəyindən bal alar.
 
 
Alqayıt, ömrünü yazdır bir ana,
Kimsə səni bir anmaya, bir ana,
Oğul üçün bir Vətəndir, bir ana,
Vətən üçün müqəddəsdir balalar.
 
1982-ci il, Xanlar

Aliment

Təmsil
 
Toyuq bir axşam üstü
Çil xoruzu yanladı.
Cücələri göstərib
Onu yaman danladı:
– Sənin səkkiz balan var,
Niyə kor olub gözün?
Mənimlə yaşamırsan,
Alimentə nə sözün?
Xoruz hay-küy qopardı,
İş düşdü məhkəməyə.
Dedilər, ay yaramaz,
Pulu vermirsən niyə?
Xoruz dedi: – Bu toyuq
Qeyrisinin yarıdır.
Cücənin biri qara,
Niyə biri sarıdır?
Əgər mənim olsaydı,
Yəqin çil-çil olardı.
Anasını tərk edib
Himayəmdə qalardı.
Fərələr qəşş eyləyir
Düzü, məni görən tək.
Səkkiz cücəli toyuq
Axı, nəyimə gərək?
Bir də ki, yoldaş hakim,
Milyonerəm, ya nəyəm?
Hər cücəli toyuğa
Aliment verməliyəm?
 
1972-ci il, Mingəçevir

Qarğa və bülbül

Təmsil
 
Böyük bir meşəlikdə
Şir allahlıq edirdi.
Lakin gizli bir əsəb
Ürəyini didirdi.
Qəzəbindən, kinindən
Zara gəlmişdi özü.
İntiqam hissi ilə
Yuxu görmürdü gözü.
Nə müddətdir meşədə
Qarğa baş həkim idi.
Şiri dəqiq yoxlayıb,
Məni dinləyin dedi:
– Elə bu gün meşədən
Qovmasanız bülbülü,
Turacı, qırqovulu,
Bir də o qızılgülü,
O intim, cılız səslər,
Şiri məhv edə bilər.
Qarğanın fitnəsilə
Görün baş verdi nələr:
Kəklik, turac, qırqovul
Batdı qəm dəryasına.
Qarğalar çöp daşıdı
Bülbülün yuvasına.
Həmin gündən səhralar
Çiçəksiz, gülsüz qaldı.
Notlara qan ələndi,
Meşə bülbülsüz qaldı.
 
1985-ci il, Gəncə

Pişik və siçan

Təmsil
 
Pişik baxıb çəngələ,
Dedi: yazıq insanlar,
Qorxub siçandan əti
Görün hardan asıblar?
 
1985-ci il, Xanlar

Redaksiyada

Təmsil
 
Pələngi baş redaktor
Seçmişdilər qəzetə.
O da qonur ayını
Çağırtdırıb xəlvətə,
Müavin tək əlini
Dönə-dönə sıxmışdı.
Hər nə varsa, tapşınb
Səyahətə çıxmışdı.
Ayı köhnə tərkibi
Bir-bir vurub aşırdı.
Məktublar şöbəsini
Boz eşşəyə tapşırdı.
Qatır ədəbi işçi,
Tülkü rəssam seçildi.
Çaqqalın məsul katib
Sağlığına içildi.
Şeir məktublarına
Ulaq qol da atırdı.
Qatır nə rəy söyləsə,
Ürəyinə yatırdı.
Münsiflər heyətində
Boz sərçələr qalmışdı.
Ala qarğa beş dəfə
Fəxri fərman almışdı.
Eşşək dedi tülküyə:
– Elə bu gün gərək sən,
“Şənbə gülüşləri”nə
Gedib şəkil çəkəsən.
Tülkü dedi: – Şəkillər
Mətbəədə hazırdı.
Mən gələndə işçilər
Yığılıb rəy yazırdı.
Eşşək baxıb şəkilə
İnanmadı gözünə.
Pələng gəlib ayının
Tüpürürdü üzünə.
Çaqqalı parçalayıb
Bir tərəfə atmışdı.
Ölümünü düşünən
Qatır yasa batmışdı.
Pələngin pəncəsinə
Məruz qalan boz eşşək
Anqırıb qəşş eylədi
Öz şəklini görən tək.
Qonur ayı qorxudan
Meşəni tərk eylədi.
İstirahət guşəsi
Görün nə görk eylədi:
Tülkü öz tülkülüyün
Bax beləcə bildirdi.
Şəkil çəkib hamını
Bu heyətə güldürdü
 
1974-cü il,Göyçə

Ayi və maral

Təmsil
 
Çoxdan xoşu gəlirdi
Maraldan bir ayının.
Bəyənib təklifini
Möhtərəm şir ayının,
O zavallı maralın
Birbaş yanına getdi.
Ayını tərifləyib
Özü elçilik etdi.
Ana maral düşündü:
Bu ki, lap gülməlidir,
Getsə, bədbəxtdir qızım,
Getməsə, ölməlidir.
Naəlaç qalıb yazıq
Öpdü şirin əlindən.
Bir az da söhbət açım
Təzə bəylə gəlindən.
Maral incəlik etdi,
Maral öpdü ayını.
Ayı nigah gecəsi
Verdi onun payını:
Maralın xirtdəyinə
Keçirərək əlini,
Guya çox istədiyindən
Boğdu təzə gəlini.
Bu sevginin axırı
Görün necə qurtardı:
– Ayı maral ətini Şirə sovqat apardı.
 
1985-ci il, Gəncə

Dağlara

 
Əyilməz vüqarı, şux qaməti var,
Qüdrətdən bəxş olub dözüm dağlara.
Mənə yad görünür dərələr, düzlər,
Elə öyrəşibdir gözüm dağlara.
 
 
Ordadır gözəllik, ilham, şeiriyyət,
Dəyişməz donunu sevgi-məhəbbət.
Gör nələr bəxş edib ana təbiət
Qatar-qatar, düzüm-düzüm dağlara.
 
 
Çoban tütəyində ağlayan mənəm,
Dərədən, təpədən sürünən çənəm.
Bir eşqin vəsfinə od alıb sinəm,
Çoxdur deyilməmiş sözüm dağlara.
 
 
Dağın dağ dərdi var, bilinən deyil,
Yüz min ox atsalar, dəlinən deyil.
Əbədi həkk olub silinən deyil,
Kövrək cığırlarım, izim dağlara.
 
 
Dağları dağ kimi duymasan əgər,
Alqayıt, qəm səni qoynuna çəkər.
Həcmə qonub, keşik çəkib Ələsgər,
Vurğun qonaq gəlib bizim dağlara.
 
May 1985-ci il, Xanlar

Bilməzsən

 
Gecikmisən, yola düşən qataram,
Qürbətdir məkanım, çata bilməzsən.
Sənin həsrətinlə öz yuvasından,
Uçdu könlüm quşu, tuta bilməzsən.
 
 
Saxta eşqin qollarımı sındırar,
Buz nəfəsin ürəyimi dondurar.
Yaxın gəlmə, ahım səni yandırar,
Qüssələr qoynunda yata bilməzsən.
 
 
Könül yıxmaq oldu arzun, niyyətin,
Təzədən can demək, barışmaq çətin.
Gecikdin qatara, yandı biletin.
Qaytarıb heç kimə sata bilməzsən.
 
 
Qoynundan baş verən tər çiçək idim,
Boynuna dolanan bir ləçək idim.
Torunda çırpınan hörümçək idim,
Bir də kəməndini ata bilməzsən.
 
 
Alqayıtam, nə sağım var, nə solum,
Polad bir sükana bağlanıb qolum.
Son mənzilə gedən yoldur bu yolum,
İzini izimə qata bilməzsən.
 
25 mart 2005-ci il

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации