Электронная библиотека » Ayaz İmranoğlu » » онлайн чтение - страница 3

Текст книги "Təzə gəlin"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Ayaz İmranoğlu


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Qoltuq ağacları istirahət edirdilər. Cəmil onun dayağına çevrilmişdi.

– Həyatım, Bakıda protez ayaqlar düzəldirlər. Gedərik orada ayağını bərpa edərik. Deyirlər, elə yaxşı olur ki, onu geyənin şikəst olduğu da bilinmir. Qoltuq ağaclarından da canın qurtarar – sonra sözünə ara verib, yenidən-Bəlkə köçüb gedək Bakıda yaşayaq hə?..

Həyat çiyinlərini çəkdi. Cəmil həmin an yarının gözlərinə qonan çəni gördü. Sanki indi yağışa çevrilib yağacaq. Tez əlil arabasının yönünü dəyişib qızılgüllər olan yerə sürdü. Qızılgüllərdən dərib onun saçlarına düzdü.

Həyat Cəmilin bu dəcəlliyindən şaqqanaq çəkib güldü.

– Eh, Cəmil, dəyişməmisən, elə həminkisən! – deyərək Cəmilin əlini sinəsinə yaxınlaşdırdı, sonra da güclə eşidiləcək səslə pıçıldadı. – Darıxmırsan ki, bunlara yetişmək üçün?..

– Şahzadəm… sən özün elə gülsən də. Görmürsən, güllər də sənə qısqanclıqla baxırlar?! – deyərək onun dodaqlarından öpdü.

– Bəsdir də… – Desə də elə istəyirdi ki, bu an Cəmilin qoynunda ola.

***

Cəmil bayaqdan getmişdi. İndilərdə gəlməli olsa da hələ yox idi. Gedəndə demişdi ki, Bakıda yaşayan həbsxana yoldaşı Vidadiyə zəng edəcək. Vəzifə sahibi olub. Şərləyib onu da tutdurmuşdular. Gözəl insandı. “Mənə Bakıda bir iş tapmasını xahiş edəcəm. Köçüb gedərik buralardan. Yoxsa sənə çətin olacaq”.

Həyat Cəmilin yolunu gözləyə-gözləyə qoltuq ağaclarına söykənib ayağa durdu. Pəncərə qarşısına gəldi.

Qoca bağban bayaqdan qızılgül kolları arasına başın soxub eşələndikcə nəsə danışırdı. Dediyi sözləri ayırd edə bilmirdi. Nəhayət güllü parçaya bükülü nəyisə götürüb qucağına aldı.

– Lənətə gələsiniz sizi. Dünyaya gətirdiyinizə sahib çıxmayacaqsınızsa, niyə?.. – deyərək kiminsə qarasına acı söyüşlər yağdırdı.

– Baba, o nədi elə?

– Bir neçə günlük çağadı. Atıb gediblər. Aparım doğum şöbəsinə verim, çarəsini onlar bilər. Görünür gecədən atıblar. Dünən buralarda olmuşam, yox idi. Yazıq körpə indi ac olmuş olar.

– Uyy… baba, yazıq, binəva. Nə günahın sahibidir o…

Həyat içindən bir ah çəkdi. Tamarzı qaldığı uşaq…

– Baba, bu hadisəni kimsəyə demə, ver, mən saxlayım. Mənim də övladım olsun. Noolar, hə!..

– Olarmı, qızım elə şey? Sən yazıq nə gündəsən?

– Ver, baba, ver, bağrıma basım. Mən də sinəmdə uşaq qoxusu hiss edim. Noolar!.. Ver!.. Ver!.. O mənim körpəm, balam olsun. Cəmilimə ata desin.

Həyat yalvarırdı. Elə bil havalanırdı. Özündə, sözündə deyildi.

– Allahın bəxşişidi, baba, mənə göndərib. Cəmilimə şad xəbərim bu olacaq. Bax, indilərdə Cəmilim gələcək. Sabah evimizə körpəmizlə gedəcəyik. Yox, yox, evimizə yox. Cəmillə, körpəmlə uzaqlara gedəcəyik. Bakıda iş tapmasa, daş karxanası deyilən yerə gedib, lap orada yaşayarıq.

Qoca söz tapmadı desin. Eləcə pəncərədən uşağı ona uzatdı.

17.03. 2018.

Atakənd (Bakı). Gözətçi Odası

MƏCNUNSUZ DÜNYA

– Stalin ölüb!

Bu dəhşətli xəbər böyük bir imperyanı bürüdü, ildırımdan sürət aldı, şəhərləri, kəndləri dolaşdı, döymədiyi qapı qoymadı. Bir neçə saatın içində ölkə matəmə büründü. 1953-cü ilin martın əvvəli idi, lap dəqiqi beşində. Təbiət qış yuxusundan tənbəl-tənbəl oyanırdı. Günəş gur şəfəqlərini yaydıqca torpaq da mürgülü gözlərini ovuşdururdu. Torpaq altından baş qaldıran otlar, güllər çiçəklər orda-burda görünürdü. Hələ ağaclar tumurcuqlamamışdı. Əməkçi qarışqa yuvalarında isə bir canlanma vardı. Uzun qarışqa cığırlarında, qarışqalar qoşun-qoşun görünürdü. Əgər…

Dəlikdaş kəndinin sakinləri isə bu səhəri bəd xəbərlə açdılar. Səhər yuxudan duranlar mal-qarasın, qoyun-quzusun örüşə buraxan kimi aşağı məhəlləyə tələsirdilər.

Burada kolxozun akasiya ağacına quraşdırdığı radioqovşağın səsgücləndiricisi arada qısa xəbərlər verməklə aramsız olaraq hüzünlü musiqi səsləndirirdi.

Hamı kəndin məktəbində rus dili dərsini keçən Rəşid müəllimin başına toplaşmışdı. Musiqi dayanan kimi susurlar, diqqətlər xəbəri oxuyan diktorun səsinə dikilirdi. Rəşid müəllim də rusca verilən xəbəri tərcümə edib adamlara çatdırırdı.

Əvvəl arvad, uşaq, kişilər xısın-xısın ağlayırdılar. Kəndin mərsiyə deyən arvadları gələn kimi “şaxsey-vaxsey” başladı.

Hamı burada idi. Bircə dəli Dilarədən başqa. Həmişəki kimi əlində süpürgə torpaq həyətlərini süpürürdü. Torpaqdan çıxan qoz boyda qənbər daşları ətəyinə yığıb küllükdə qalaqlanan daş təpəciyinin üstünə tökürdü.

Bu vaxt kənd sovetinin sədri Gülayə Zalı qızı və onun katibi Əfsər göründü. Tezcə dəli Dilarə süpürgəni yerə qoyub gur səsini işə saldı:

– Gülayə bajı görəsən dədəm-nənəm qayıdajaq?

– Nə bilim azz…Kişi ölüb. Ölkə başsız, rəhbərsiz qaldıq eh… Görmürsən hamı akasiyanın yanındadır. Sən də burada kef edirsən?

– Biz həmişə kefdə olmuşuq. Qorxaq deyilik. Əyilməmişik, əyilmərik də! – Sonra çəpərin dibinə kimi gəlib asta səslə, – Gülayə bajı qəribə millətik eh… Moskvada bir qərar qəbul olunan kimi birinci burada, bu sərhəd kəndimizdə icra olunur. Deyirəm bəlkə də, Moskva əhli rəhbərinizin ölümündən hələ duyuq düşməyib, siz isə burada yas keçirirsiniz. Görəsən, üçü, yeddisi, qırxı da olajaq? – dedi.

– Kiri azz, kiri. Vallah, sənin ağzından qan iyi gəlir. O taya yaman meyl edirsən haa…

– Gülayə bajı, odey… bəy əmilərim hər səhər-axşam Arazın o tayından qışqırıb salam göndərirlər. Deyirlər, inşallah, şurəvi hökumət dağılajaq. Gəlib yenə malımıza-mülkümüzə, bəy torpaqlarımıza yiyə durajağıq.

– Az eşitmişəm əmin Abbas bəy kəlçənin qulaqlarına qızıl onluqlar yığıb bu taya adladır. Sən də onları götürürsən.

– Bəs, nə bilmişdin? Mapı arvadın xaraba qalmış gorgahında qızıl dükanı açajağam də…

– Həə, onu da deyirlər ki, kəllə qənd, Bağdad xurması ilə çay içirsən. Cibindən İran kişmişi əskik olmur. Camaa, qənd olmadığından çayı qax qurusuyla içirlər… Bir də deyirlər Arazla Həkəri çaylarının qovuşağındakı Dəvəitirən gölünün yanındakı iydəlikdə kiminləsə görüşürsən. Olmaya İran şipyonudu. Kəllə qənd, xurma, kişmiş gətirib səndən dil alır. Bir gün NKVD-nin caynağına keçəcəksən haa!..

– Mən öz sevgilimi görməyə gedirəm. Siz də gedin Stalin babanızın yas musiqisinə qulaq asın – deyən dəli Dilarə çəpərdən aralanıb süpürgəsini götürüb həyətlərini süpürməyə başladı. Süpürdükcə tozanaq həyəti başına alırdı.

– Kopəkoğlunun qızının qorxusu, hürküsü yoxdur də. Atası, anası, böyük qardaşı Sibirə sürgün olundu. Bu da burada qalıb iki ayağını bir qaloşa dirəyib sosalizm qurluğuna tabe olmur ki, olmur. Kolxozun işinə yarımayır. Elə öz dəliliyindədir – deyən Əfsər Gülayə Zalı qızına üz tutdu – Gülayə bajı onun qardaşlarını Şuşa yetimxanasına sən apardın. Bəs bunu niyə aparmadın?

– Bunun yaşı keçmişdi. Yetimxanaya götürməzdilər. Bununku dəlixanalıqdır. Bir də fikirləşirəm ki, bunun kənddə qalmağı məsləhətdir. Gözümüz üstündə olar. Gorgahları yiyəsiz qalmaz. Heç olmasa evlərinə qaraçuxalıq edə bilir.

Qardaşlarını üstü “brezentli” yük maşını ilə aparıb təhvil verdim. Gecə Şuşa da qaldım. Səhər erkən onlara bir də baş çəkdim. Hər üçünün başlarını qırxmışdılar. Eyni rəngdə paltar geyindirmişdilər. Yazıqlar bir küncə qısılıb boynubükük halda durmuşdular. Lap balacası məni görüb üstümə cumdu. “Evimizi istəyirəm, evimizi!” – deyib boynuma sarılanda ürəyim qan ağladı. Göz yaşlarım leysan kimi axdı. O səhnə bu gündə gözlərim qarşısından getmir.

Gülayə Zalı qızı o hadisəni yenidən yadına salmışdı. Nəmli gözlərini dəsmalla silib özünə toxtaqlıq verirmiş kimi gülümsədi.

– Bu da yox ağlının cin atına minib dəliliyini edir.

– Gülayə bajı gedəy eh…Dünən Yediyar “Yel piri” olan dağdağan ağacına əvvəlcə koşov edib, sonra da balta ilə dibindən kəsib. İstəyirmiş “kəmərqoşma” ziyarətgahında yandırsın kənd əhli qoymayıb. Daş-qalaq olunacağından qorxub sakitləşib… Allahsızlar cəmiyyətinin üzviləri xalqın inamına, inancına niyə belə hörmətsizlik edirlər? Belə olmaz axı.

– Həə, gedək. O, Yediyar həddini aşır. Bir də qara ipək parça alaq ki, bayrağa bağlayaq. Ölkə yas içindədir axı.

***

…Dəli Dilarəni Həkəri çayının dəmiryol körpüsü yaxınlığındakı iydəlikdə bir neçə dəfə kolxozun maldarı Musa görmüşdü. Elə də diqqət yetirməmişdi. Fikirləşmişdi ki, işə-gücə yarımayan qartımış qızdı. Hara gəldin gedir. Kimsədən qorxusu yoxdur axı.

Bu dəfəsə Musa heyrət içində qalmışdı. İydəlikdəki açıq tala da dəli Dilarə durmuşdu. Yəqin ki, kimisə gözləyirdi. Çox keçmədi ki, Dəvəitirən gölünün burulğan olan yerindən-sudan bir yaraşıqlı oğlan çıxdı. Ağappaq, gur saçları çiyninə tökülmüş bu oğlan elə bil islanmamışdı. Üst-başı yaş deyildi. Dilarə duran talaya gəldi.

Musa iri böyürtkan kolunun arxasında diz üstə oturub onlara baxırdı. O, dəli Dilarəyə doğru gəldikcə bu da ona tərəf addımladı. Üz-üzə durub dinib-danışmadan eləcə bir-birinə baxırdılar. Sonra oğlan iydə ağacının çiçəkləmiş budaqlarından qırıb dəli Dilarəyə verdi. Dəli Dilarə məmunluqla iydə çiçəklərini dəstəsini alıb qoxladı. Həmin an qızın üzünə, gözlərinə sevgi dolu təbəssüm qonmuşdu.

Oğlan qıza bir söz demədən ondan ayrılıb gölə doğru getdi. Gölün qırağından çevrilib ona baxdı. Əlini yelləyib burulğan da yox oldu. Dəli Dilarə də eləcə suya əl edib, iydə çiçəklərini sinəsinə sıxıb qoxlaya-qoxlaya kəndə gedən torpaq yola düzəldi.

Oğlan bu tərəflərin adamlarına oxşamırdı. Qərib insan təsiri bağışlayırdı. Özü də qeyri-adi hərəkətlər edirdi. Sanki gül-çiçəkli təbiəti birinci dəfə görürdü. Yeriyəndə addımlarını iri atır, elə bil ayaqları yerə dəymirdi. Əlləri isə quş qanadları kimi açıldıqca o da uçurdu. Başını dik tutub göyə baxırdı.

Musa axşam mal-qaranı örüşdən qaytardıqdan sonra Xərman yerində toplaşan kənd kişilərinin yanına gəldi. Hal-qəziyyəni danışanda hamı ağzı açıq onu dinləyirdi

– Onlar gözləriylə danışırmışlar.

– Ürəkləri bir-birinə nə dediyini bilir. Axı deyirlər ürəkdən-ürəyə yol var.

– İran şpiyonudur.

– Bəlkə də su mələyidi. Qıza aşiq olub.

Musa adamların dediklərindən mat-məəttəl qalmışdı.

Həmişə maraqlı, özünəməxsus hadisələri ilə bol olan Dəlikdaş kəndinin əhli bu günlərdə iki hadisəni mövzu etmişdilər. Stalinin ölümü və bir də Dəvəitirən gölünün burulğanından çıxan insan cildindəki məxluq.

***

Dəlikdaş kəndinin torpaq yoluyla hər il iki dəfə davar köçü keçir. Aran rayonlarının kolxoz qoyun sürüləri aprel ayında bu yolla dağa-yaylağa qalxır, sentyabr, oktyabr aylarında isə arana-qışlağa enir.

Belə köç günlərinin birində dəli Dilarə Mollağa yalda kəpirliyin üstündə durub gedən köçə tamaşa edirdi. Qoyun sürülərinin arxasınca çobanların dağ da istifadə edəcəkləri məişət əşyaları atlara, qatırlara və iki dəvəyə yüklənmişdi. Dəvələrin üstündə xeyli yorğan, döşək, palaz, kilim sərilmiş, onların arasında da qadınlar, uşaqlar əyləşmişdi. Sanki bir yük maşınında gedirdilər. Dəvə aramsız kövşəyir, ağzının yanlarında ağ köpüklər aşıb-daşırdı. Dəvələr elə gözəl ləngər vura-vura gedirdilər istər-istəməz onun üstündə olmaq adamın könlündən keçir. Dəvələrin üstündəki sərnişinlərdən kimlərsə yatıb, kimlərsə şirin söhbətlərlə başlarını qatır, kimlərsə də ətraf aləmi sehr edirdilər.

Köçün qabağında boylu-buxunlu bir cavan oğlan qaşqa atının tərkində “çoban bayatı” sı oxuyurdu. Onun məlahətli səsi təkcə insanları yox, həm də uçan quşları, qoyunları da sehirləmişdi. Elə bil köç bu səsin ahənginə uyğun yeriyirdi.

Köçün sağ, solunda, arxasınca gedən çöban itləri də keşikçi funksiyasını yerinə yetirirdi.

Dəli Dilarəni də bu səs ovsunlamışdı. Oğlana heyran-heyran baxırdı. Oğlan da ona baxdı. Bir andaca qəlbi təlatümə gəldi.

Dəli Dilarə elə bil illərlə yolunu gözlədiyi, qəlbinin sevgi qıtlığını dolduracaq oğlandı tapdı. Tanımaza, bilməzə doğmasına, əzizinə çevrilmişdi.

Oğlan da kəpirlikdəki qızın ürəyini oxuyurmuş kimi atını kəpirliyin tuşuna çəkib:

– Xanım içməyə su olmaz?

Oğlanın bu sözündən dəli Dilarənin dili-dodağı qurudu. Bir neçə dəqiqə danışmağa belə taqəti çatmadı. Handan-hana:

– Bir az gözləyin, gətirim!-deyib cavab gözləmədən evlərinə doğru qaçdı. Evlərinə çatan kimi dama girib mis səhəngdən bir bardaq su alıb oğlana çatdırdı. Oğlan bardağı başına çəkib hortuldadıb içdikcə qızda onun qəddi-qamətinə göz yetirdi. Ürəyindən şəhvani hisslər keçdi. Özünü ömürlük onun arvadı sandı. Gecələr oğlanın qoynuna girib qadınlığın ləzzətini yaşayacağını, ona çoxlu uşaqlar doğacağını düşündü.

Oğlan bardağı ona qaytaranda dəli Dilarə hələ də şirin xəyallar aləmində idi. Oğlanın dediyi sözlər onun xəyal dünyasını dağıtdı:

– Xanım çox sağ olun. Ölənlərinizin ehsanı olsun. Susuzluqdan dilim-ağzım qurumuş, ciyərim yanırdı. Su qədər ömrünüz olsun! – deyib razılıq etdi. Oğlanın uzatdığı bardağı almaq istəyəndə əli onun əlinə toxundu. Bir hərarət hiss etdi. Həmin anlar da dəli Dilarənin də əli kimi ürəyi də titrəyirdi.

Həə, oğlanın əli od tutub yanırdı elə bil. Gözlər bir-birinə dikildi. Bu zaman hər ikisinin gözlərindən eşq atəşinin qığılcımı qopub ürəklərini odlayırdı. Dəli Dilarə bu anların davam etməsini elə arzulayırdı. Lap elə ömürlük. Sandı ki, bu anlar da üzünə bir həya pərdəsi çəkilib. Tezcə başını aşağı dikib pıçıltı ilə:

– Oğlan payıza kimi yolunu gözləyəcəm – deyib geri dönüb evlərinə qaçdı. Oğlanın onun arxasınca dediyi sözləri qulaqlarında cingildədi.

– Gözlə! Gələcəm! Anama gəlin edəcəm səni!

Köç xeyli uzaqlaşmışdı. Oğlan atının yanbızına şallaq ilişdirən kimi qaşqa at fınxırıb, qabaq ayaqlarını şahə qaldırıb yerə vuran kimi tərpəndi. Torpaq yolda at quş kimi uçub gözdən itdi.

***

Dünənki yağışdan sonra Həkəri çayı möhkəm daşmışdı. Yaşlı adamlar deyir ki, bu yerlər son əlli, altmış ildə belə sel görməmişdi. Çay öz yatağından çıxıb iydəliyi, ordan da bu yana əkin-biçin sahələrini silib-süpürüb aparmışdı.

Səhəri erkəndən durmuşdu Gülayə Zalı qızı. Dünənki telefon zəngindən sonra gecəni də əməlli-başlı yatmamışdı. Yenə dəli Dilarə məsələsi ortaya çıxmışdı. Ucundan, qulağından ona çatdırılmışdı ki, dəli Dilarənin sürgündə olan qardaşı sürgündən qaçmışdı. Güman olunurdu ki, buralara gələ. Gözdə-qulaqda olmaq lazımdır demişdirlər.

Gülayə Zalı qızınısa bircə sual düşündürürdü. “atası, anasını sürgündə qoyub niyə qaçsın ki!..”

Həyətdə əlləri arxasında fikirli-fikirli gəzirdi. NKVD rəisi dəli Dilarə haqda daha bir ərzənin də olduğunu demişdi. Yazıblar ki, Dilarə qəsddən özünü dəliliyə vurub. Əslində çox ağıllıdır. İrandan göndərilmiş şpyonlarla görüşür. Rayon, kənd haqda bütün məlumatları onlara ötürür.

Demək Dilarəni də gedər-gəlməzə göndərə bilərlər. Əgər doğrudan da qardaşı sürgündən qaçıbsa demək Dilarəni boş buraxmayacaqlar. Mütləq Dilarəni ərizə şərindən qorumalıyam. Bəs necə?

Atını yəhərləyib, cilovunu əlində cəmləşdirdikdən sonra üzəngiyə ayağını qoyan kimi qaşqanın tərkində oldu. Cilovu tarıma çəkdi ki, at tərpənsin, bu vaxt bacısı Sürayyə:

– Bacı bəlkə sel çəkiləndən sonra gedəsən? Qızın Ofelya bayaqdan ağlayır. Uşağın fasiləsiz ağlaması deyəsən səni gözləyən təhlükədən xəbər verir. Qəmər anamdan eşitmişəm.

– Yox, işim var. Getməsəm olmaz. Bir də gördün urus vilisində gəlib qızı apardılar.

– Nə qızı?

– Dilarəni.

…İti axan Həkəri gecəki seldən qanadlı əjdahaya dönmüşdü. Çayın dayaz yerini gözüylə nişan alıb atını ora sürdü. At quş kimi çaya şığıdı. Dərinliyə düşdükcə sanki at qanad taxıb su da uçurdu. Köpüklü sel artıq atın qarnının altını yalayırdı.

Gülayə Zalı qızı hiss etdi ki, sel ata güc gəlir. Özlüyündə pıçıldadı: “Qaşqam, məni darda qoyma, yenə vəfadarlığını göstər…”

Atda da elə bil özünə inam güclü idi. Sahibini sağ-salamat o taya – Şərifan kəndinə çıxaracağına inanırdı. Axı dəfələrlə belə çətinlikləri yaşamışdılar. Həmişə də qaşqa at qalib gəlmişdi. Yadına gəlir ötən illərin birində pambıqçılar tarlada “Söyüd dibi” adlanan sahədə canavar görmüşdülər. Hər gün o yerdən keçəndə gözdə, qulaqda olurdu ki, bəlkə canavar qarşısına çıxdı. Bir gün yenə “Söyüd dibi”indən keçəndə kolluqdan canavar çıxıb qamışlığa girdi. At canavarı görüb qulaqlarını şəklədi. Ayaqlarını yerə döydü. O atın cilovunu boşaldan kimi at canavarın arxasınca kişnəyib irəli atıldı… Çox keçmədi canavar atın ayaqları altında can verdiyinin şahidi oldu.

İndi də vəfalı qaşqası onu bu selin ağzından alacaq.

Xrom çəkmələrinə su dolacağını hiss etdiyindən ayaqlarını yuxarı qaldırmışdı. Demək olar ki, atın üstündə bardaş qurmuşdu. Çayı yarı eləmişdilər ki, qəfil güllə səsi eşidildi. Heç bir neçə an keçməmiş ikinci güllənin açılması ilə qulağı dibindən nəyinsə vıyıltı ilə ötüb keçdiyini duydu. Birinci güllə də elə bilmişdi ovçulardı. Bu vədələr qaz, ördək, vağ ovuna çıxırdılar.

Çevrilib iydəliyə baxdı. Bir qaraltı ağacların arxasından qaçıb kolluğa girdi. Ani olaraq beynində düşündü:

– Demək hədəfdə mənəm…

Sahilə çıxıb atdan düşdü. Atın yanbızı qan içindəydi. Güllə ətini qoparıb, sallanırdı “Məni dəqiq nişan ala bilməzsən. Mütləq barmağın titrəməli, gözlərinə tor gəlməlidi. Cibində kommunist bileti gəzdirən, daxildən qolçomaq olan birisisən. İrandan gələn keçi papaqlılara kəndin mal-qarasın nişan verirsən. Bunlardan gözün doymayıb xalqın inanc yerlərinə hörmətsizlik edirsən” – deyib atın yaralı yerini sığalladı. Sonra cib yaylığı ilə yaranı təmizləyib, yerdəki zığdan götürüb yaraya sürtdü. Bu türkəçarəni anası Qəmərdən öyrənmişdi.

Bir azdan atının tərkində Şərifan təpələrini keçib, çay qırağı kəndləri geridə qoydu. Ağ oyuq düzünə çatıb, Koroğlu daşını adlayıb üzü Pirçivana yön tutdu.

***

Kəndə hay düşmüşdü. Gedən köçdə olan cavan çobanı sel aparıb. Meyitini çoban dostları neçə gün Həkərinin sahillərini gəzsələr də tapmamışdılar.

Dəli Dilarə bu xəbərdən neçə gün yas tutub gecə-gündüz ağlayırdı. Sakitləşəndə içində bir ümid işığı yandı. İnandı ki, ilk baxışdan vurulduğu çoban hardasa sağdı. Yay boyu bu arzuyla yaşadı.

Payız da köç geri dönəndə – arana enəndə çobanların qarşısına çıxıb sevgilisini soruşdu. Çobanlardan biri dedi ki, yayılan xəbər düzdü. Qoyunları seldən qoruyanda özü selin ağzına düşüb yox oldu. Öldüsünü də tapmadıq ki, dəfn edək. Gözlərimiz hər gün onu axtarır.

Dəli Dilarə gecələr neçə dəfə Dəvə itirən gölünün qırağında durub adını bilmədiyi çoban sevgilisini haylayırdı. Belə gecələrin birində, bədirlənmiş ayın işığından bir şüa qopub kölgə kimi aşağı endi. Dəli Dilarənin başı üstündə bir neçə dəfə dövrə vurub sürətlə burulğanın içinə girdi. O bu qeyri-adi hadisədən sonra əmin oldu ki, çoban sevgilisi burulğanın içində yaşayır.

Gülayə Zalı qızı NKVD rəisi Paşayeviçin qəbulunda neçə saat vardı söz güləşdirirdi. Atının yaralanması, onu güllə ilə vurmaq istəyən adamın məhz şikayət ərizəsi yazan Yediyarın olduğunu israrla deyirdi.

– Dilarə ata, anasının qardaşlarının xiffətini çəkir. Sizə asan gəlməsin bir ailə pərən-pərən düşüb. O da bu yolla dərdlərini ovutmaq istəyir. O haradan bilir ki, ölkəmizdə hansı siyasi hadisələr yaşanır? İnsanların gün-güzaranının da necə olmasını ayırd edəsi ağılda deyil. Şipyonluq etmək onun işi ola bilməz. Əslində onun adını çəkməklə izi yayındırmaq istəyində olanların əməlləridir. Xarici ölkələrin agentləri savadlı adamlarla əlaqə qururlar.

Paşayeviç Gülayə Zalı qızının məntiqi fikirlərinə dəyər verdi. Ona inandığını, sayğı bəslədiyini dedi. Elə buna görə də Dilarə “delo”sunu bu andan qapatdığını söylədi.

Həyətə çıxıb Gülayə Zalı qızını yola salanda qovaq ağacına bağlanmış atın yarasına baxıb başını buladı. Yediyar məsələsini özlüyündə bir daha götür-qoy etdi. Rayonda sabitliyin pozulmasında Yediyar kimi danosçuların məqsəd, məramını gözəl anlayırdı. Belələri aranı qızışdırmaq da mahirdirlər. Oruzuncu illərdə Cəbrayılda “Müsavat üsyan”ını yada saldı.

NKVD-dən üz tutdu ispolkomun binasına. İspolkomun sədri Mamedov gərgin iş günü yaşasa da Gülayə Zalı qızını qəbul edəndə üzünə xoş təbəssüm qondu. Özlüyündə “Bu kişi hünərli qadının gözəl aurası var” – dedi. Onun bir yığın suallarına, problemlərinə diqqətlə qulaq asdı. Ara da qarşısındakı dəftərinə qeydlər edirdi. Gülayə Zalı qızı sonda yenə məktəblilərin yol məsələsini qabartdı:

– Həkəri daşan vədələr uşaqlar məktəbə getmir. Muğanlı, Hacallı, Həkəri kəndlərinin məktəbliləri beş kilometrlik yolda çox əziyyət çəkirlər. Axı çayın o tayında yerləşir Məmmədbəyli kənd orta məktəbi. Çayı adlayası körpü yoxdur. Bu müşkülə dönən məsələ həllini tapmalıdır. Ötən ilin qışında bir məktəbli çayda boğulub ölmüşdü. Çayın üzərində körpü tikilməlidir. Ya da ki…

– Həmin kəndlər də məktəb tikilincə bəs neyləməliyik? Körpü tikintisi uzun məsələdir. Uşaqlar savadsız qalmamalıdır. Ölkəmizin inkişafına təhsilli insanlar – mütəxəsisslər gərəkdir. Biz hələ neçə kəndlərdə də məktəb məsələsini həll etməliyik. Qarşıda gecə məktəblərinin açılması da durur. Savadsızlığın ləğvi birinci məsələlərdəndir.

– Sərhəd qarnizonunun rəisi icazə versə uşaqlar dəmiryol körpüsündən keçməklə məktəbə gedə bilərlər. Körpü sərhəddə yerləşdiyindən oradan mülkü insanların gediş-gəlişinə məhdudiyyət qoyulub.

– Mamedov telefonun dəstəyini qaldırıb harasa zəng etdi. Rusca kimləsə bir xeyli danışdı. Telefonun dəstəyini yerinə qoyduqdan sonra qayğılı-qayğılı Gülayə Zalı qızına baxıb:

– Sərhəd rəisi razılıq verdi. Bu məsələ demək olar ki, həllini tapdı. Amma bir sual da ortaya çıxdı. Görək dəmiryol rəhbərliyi nə deyir?

Dəmiryol idarəsinin rəisi uşaqların dəmiryol körpüsündən keçməsini təhlükə sayırdı. Səbəbi də uşaqları qatarın vura biləcəyindən ehtiyatlanırdı.

Gülayə Zalı qızı:

– Gündə iki dəfə oradan qatar keçir. Həmin saatlar da uşaqlar dərsdə olur…

Qərara alındı ki, körpünün hər iki tərəfində sərhədçilərlə bərabər mühafizəçilər də dursun. Həm də qatarlar körpüyə yaxınlaşmamış siqnallar versinlər.

Onun üstündən ağır bir yük götürüldü. Sevincli halda kəndlərinə dönürdü.

Səhər çayı adlayanda baş verən hadisə heç yadına da düşmürdü ki, qanı bir daha qaralsın.

***

Dəlikdaş kəndinə bu yaz yağış çox yağdı. Dərələrdən sel axdı. Əkini zay edib, pambıq tarlasını yuyub apardı. Buğda zəmilərini bir-birinin üstə yatırdı. Dağlardan gələn sel Həkəri çayı qırağı evləri dağıtdı, çox adamlar evsiz qaldı. Meyvə ağacların üstündə çürüdü. Bal tuta bilməyən arılar basqın edib bir-birini qırdı.

Hər şey məhv olsa da yaşıllıq, göyərti, acıqıjı, şomu bol oldu.

O, atlıların gəldiyini görmüşdü. Bura adamları deyildilər. Tut bağının arasındakı balaca tala da atlarının tərkində nəyisə götür-qoy edirdilər. Sonra atlarından enib. Atların cilovundan ağaclara bağlayıb “Lala bağı” arxında əl-üzlərini yuyub Kəmərqoşmaya tərəf gəldilər. Hə, deyəsən ziyarətə gəlmişdilər.

Dəli Dilarə dünən gecə qəribə yuxu görmüşdü. Çoban sevgilisinin yanında ata, anası olsa da qardaşı yox idi. Atası dedi qızım taxta sandıqdakı yun şalı Kəmərqoşmaya nəzir qoy. Bəlkə qardaşın gəlib çıxdı…

Yuxudan durub Həkəri çayı qırağındakı bağ-bağatı gəzib dolaşdı. İnanırdı ki, çoban sevgilisi qarşısına çıxacaq. Amma qarşısına bu yad adamlar çıxdı.

Bayaqdan onları izləyirdi. Qonaqlar Kəmərqoşma ağacının ətrafında cəm olub dua oxuyub, salavat çevirdilər.

– Görürsən bu köpəkoğlu Yediyarı. Kəmərqoşmanı yandırmaq istəyirmiş. Kənd camaatı duyuq düşüb qoymayıblar. Baxın, bu hissə yanıb, – deyən orta yaşlı kişi gər ağacının yanğından koğuş olmuş yerini göstərdi.

– O Allahsızlar cəmiyyətinin kitabçasını ürəyinin başında gəzdirir. Həzrət abbas haqqı harda görsəm beşatılanın güllələrini beyninə doldurajam, – dedi saqqallı kişi.

– Bəy, qəbirstanlıqdakı yel piri olan Dağdağan ağacını da yandırıb. İt əmcəyindən süd əmən yaman qudurub. Firqəçiyəm deyib at oynadır. Qorxusu, hürküsü yoxdur. Bilmir daha bir gün gəlib ruhsuz bədənini it leşinə çevirə bilərik.

Bəy deyilən saqqallı kişi ötkəm səslə:

– Bu gecə o cəhənnəmə vasil olmalıdır.

Bayaqdan bu söhbəti kandalaşlıq arasından dinləyirdi dəli Dilarə. Birdən onu göy öskürək tutdu. Tez iki əliylə ağzını tutdu ki, səsi eşidilməsin. Amma öskürək səsi eşidən “qonaqlar” eyni vaxtda silahlarını kandalaşlığa tuşladılar.

– Əmilər mənəm, – deyən yazıq qız qorxulu. Həyacanlı vəziyyətdə kandalaşlıqdan çıxdı.

“Qonaqlar”dan yaşca cavanı olan kişi irəli çıxıb bu ürkək baxışlı qızı tutub yaxına çəkdi.

– Kimsən?.. Nəçisən?.. Kim göndərib?.. Bizi niyə pusursan?.. Firqəçisən?.. – sualları yazıq qızın hər tərəfdən üstünə yağdırıldı. O kədərli görkəmi ilə başını qaldırıb kişiləri süzdü. Üzlərdə qəzəb, kin tuşlanmışdı qıza sarı.

– Mən də Kəmərqoşmaya gəlirdim. Sizi görüb kandalışlıqda gizləndim. Atam, anam, qardaşlarım üçün nəzir qoyacam – deyib belinə bağladığı şalı açıb onlara göstərdi.

– Bala kimlərdənsən? Kimin qızısan? – deyən saqqallı kişi yumuşaq səslə soruşdu.

– Aşıqlılar nəslindənəm. Mircavadın qızıyam əmi.

– Hə, bildim. Şurəvi hökuməti sizin nəslidə pərən-pərən saldı. Əmilərin, bibilərin bizim kimi Arazın o tayına adladılar. Mircavadsa tərslik edib yurdda qaldı ki, gorgahları boş qalmasın. Zülmkar bolşeviklərsə onu sürgünə göndərdilər. Musavatçı olduğu üçün. Yaxşı ki, Ələkbər Sadıqov kimi ləyaqətli insanlar var. Yoxsa bu qoşa kənddən çox adamlar Sibirə sürgün olunacaqdı… Mən Vəli bəyəm. Şurəvi vətəni işğal etdikdən sonra o taydakı ellərimizə adladıq. İndi ziyarətgaha gəlmişəm. Bir də eşitdim ki, Yediyar pirlərimizi mundarlayır, yandırır.

Qonaqlar dəli Dilarəni tanıdıqdan sonra onu şirin söhbətə tutmuşdular. Bayaqkı həmin cavan kişi atın tərkindən heybəni alıb gətirdi. Heybədəki ipək parçadan olan bayrağı çıxartdı. Yaxınlıqdakı bostanın çəpərindən nisbətən şümal olan quru ağac budağı tapıb bayrağı ona bağladı

– Bayraq!.. Nə gözəl rəngləri var, – deyən dəli Dilarə heyranlığını gizlədə bilmədi.

Bir anda içində sevgi hissi doğuldu, qəribə duyğular yaşadı. Ani olaraq uşaqlıq illərində ata nənəsinin ona danışdığı “müsavat bayrağı” hekayətini yadına saldı.

Uzun qış gecələrində nənəsi ona nağıllar danışardı. Bu nağılların çoxusu qorxulu nağıllar olardı. Hərdən qəhrəmanlıq, məhəbbət nağılları da danışardı. Birisi vardı ki, nağıldan, əfsanədən çox gerçək həyat hekayətiydi. Nənəsi bu hekayəti həmişəki kimi qaynayan bulaq səsiylə yox, nisgillə, yavaş, az qala pıçıltı ilə danışardı. Özü də dönə-dönə tapşırmışdı ki, həyətdə-bacada kimsəyə danışmasın. Yoxsa qara div gəlib nənəli, nəvəli hopp edib aparar.

İndi bayrağı görmüş o hekayət yadına düşmüşdü. “…Gözəl balam! Yaşadığımız bu ömürdə bir çox hadisələrə şahidlik etmişəm. Onlardan biri xalqımızın dəyərlərindən biri olan bayraqla bağlıdır. Onilliklər öncə yurdun işıqlı-ziyalı kişiləri Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan Topçubaşov və adı yadımdan çıxan bir çoxları yığışıb Vətənimizdə Cumuriyyət qurdular. Cumuriyyata yaraşan gözəl. Göyçək üçrəngli bayraq da yaratdılar. Bayraq o qədər gözəl idi ki, yağışdan sonra çıxan qövsü-qüzeydəki göyqurşağına bənzəyirdi.

Düz iyirmi üç ay bu bayraq Vətən göylərində azad, firavan yaşadı.

…Bir günsə Vətənin başı üstünü qara buludlar aldı. Yurdumuzda şimal küləyi əsməyə başladı. Rus imperya quzğunu yurdu işğal etdi. Beləcə bayrağımız endirildi.

Cümuriyyət qurucularıını həbsə atıb, sürgün edib, öldürdüklərini də öldürdürdülər. İmperya quzğununun qanlı caynağından yaxa qurtaranlar isə qürbətə pənah apardılar. Sonralar o qəriblər qərib ölkələrdə qərib məzarlara döndülər.

İmperya quzğununun özü kimi qəribə də adı vardı; Sovet hökuməti. Sovet hökuməti din, iman, inanc tanımırdı. Xalqların, millətlərin adət-ənənələrin tapdaq altına atıb, məhv edirdi. Sovetin Lenin adlı babası vardı. Lenin babalrı öldükdən sonra onu basdırmadılar. Movzeley adlı yerdə meyitini saxlayırlar. Çünki torpaq onu qəbul etmir. Allahın Allahlığını danırdı.

Sovetlər yurdumuzu işğal etdikdən sonra Cumuriyyətin əsgərlərinə qarşı qətlamlar törətdilər. Sənin baban da müsavat əsgəri olmuşdu.

Babanın motla papağı vardı. Papaqçı dostu Şamil quzu dərisindən tikmişdi. Gecələr evdə hamı yatandan sonra papağı qarşısına qoyardı. Papağın içindəki bayrağı qarşısına qoyub xısın-xısın ağlayardı.

Papaqçı Şamil bu cür papaqdan çox dostlara tikmişdi. Onlar öz aralarında bu papağa motal papaq yox, “Cumiriyyət bayrağı” deyirdilər. Hara gedərdilər o papaq başlarında olardı.

Bir gecə qapımız döyüldü. “ÇK”dan gələnlər babanı papaq qarışıq götürüb apardılar. Bu günə kimi öldüsündən, qaldısından xəbər yoxdu. Amma…Onlar bilmirdilər ki, babanın eynisi olan başqa motla papağı var-deyib nənə sandıqda gizlətdiyi boxçanın içindəki papağı Dilarəyə göstərdi.

Motla papaq təptəzə qalmışdı. Babasının kişi qoxusu papaqdan hələ də gəlirdi. Baxmayaraq babası çoxdandan üçlüyün on dəqiqəlik məhkəməsi gedər-gəlməzə göndərilib.

Papağın içindəki bayraq təptəzə qalmış, göz oxşayırdı. Ortasında paslanmayan metaldan olan ağ aypara, ağ səkkizguşəli ulduz papağın içini işıqlandırırdı. Ağappaq işıq babasının ruhudu sanki.

…Demək “Müsavat bayrağı” budurmu? İlk milli dövlətimizin bayrağı. Nənəsi ona Azərbaycan Demokratik Cümuriyyəti demişdi. Bəs niyə “qonaqlar” onu Kəmərqoşmadan asırlar? Nə istəyirlər?

“Qonaqlar” bir-bir bayraq qarşısında diz çöküb önu gözləri üstünə qoyub, öpürdülər.

– Həə, qızım bu bayraqla biz yenidən müstəqilliyimizə qovuşacağıq. Öndərimiz demidi: “Bir kərə yüksələn bayraq, bir daha enməz”. Ayə, Hatəm as bayrağı Kəmərqoşmanın ən uca budağından.

Hatəm adlı bu cavan kişi bayrağı asdı. Kişilər sevincli idilər. Az qalırdı qanadlanıb uçsunlar. Dəli Dilarə də bu fərəhli anlara qoşuldu.

Gətirdikləri nəzirləri qoydular. Dəli Dilarə də nənəsinin şalını gər ağacının gövdəsinə bağladı.

– Qızım bu tut ağacı qərinələr, nəsillər yola salıb. Ona həm də gər ağacı deyirlər. Yəni nəsil ağacıdır. Dədə, babadan eşitmişik Kəmərqoşma ziyarətgahdır. Belə rəvayət edirlər ki, bir gəlinin körpəsi xəstələnir, gecə-gündüz ağlayır, yatmayır. Dərdinə kimsə çarə tapmır. El ağbirçəyi olan qadının yanına aparırlar. Qadın onlara məsləhət bilir ki, uşağa tut ağacının altında yüyürük qurub yatızdırsınlar. Gəlin ağbirçəyin dediyini eləyir. Ağacın iki budağı arasında kəndirdən yüyürük qurub, uşağı yüyürüyün içinə qoyub layla çala-çala yatızdırır. Çox keçir ki, uşağın aramsız ağlaması kəsir və mışıl-mışıl yatır.

Gəlin uşağın yatmasından istifadə edib “Lala bağı” arxından su gətirib uşağın çirkli paltarlarını yuyur. Özü də bilmədən çirkli, sabunlu suyu ağacın dibinə tökür.

Uşaq sağalır. Çox keçmir ağacınsa yarpaqlar büzüşüb tökülür, budaqları quruyur.

Gəlin ağacın quruduğunu eşidib peşmançlıq çəkir ki, niyə onun dibinə çirkli su tökdüm. Allaha üzünü tutub yalvarır ki, bilmədən edib, onu bağışlasın.

Növbəti ili qurumuş gər ağacının dibindən yamyaşıl zoş cücərir.

…İllər ötdükcə zoş pöhrə ağaca çevrilir. Gəlin gümüş kəmərini əmin budağa dolayıb diləyiin hasil olduğundan nəzir kimi bağlayır. Beləcə ağacın adı Kəmərqoşma qalır.

İnsanların ziyarət yerinə çevrilir. Xəstə olanlar gəlib bir neçə vaxt onun dibində yatır, şəfa tapıb, nəzir-niyazlarını qoyurlar.

…Qonaqlar gedəndə dəli Dilarəyə xeyli kişmiş, xurma verirlər. Atlarını minib Dəvəitirən gölü istiqamətinə doğru yollanırlar.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации