Электронная библиотека » Ayaz İmranoğlu » » онлайн чтение - страница 2

Текст книги "Təzə gəlin"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Ayaz İmranoğlu


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +18

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Dünənəcən hamı ona “təzə gəlin” deyirdi. Bəs indən belə? Yoxsa o da bir çoxları kimi artıq “dul gəlin” damğası ilə damğalanacaqdı?

Bir vaxtlar Cəmilinə “yuxuxor” deyib yuxudan oyadardı. Tüklü sinəsinə sığınar, şəhvani hisslərinin dadını çıxarardı. İndisə soyuq yorğan-döşəkdə dizlərini qarnına yığıb, göz yaşları ilə yastığını isladır…

“Eh… Cəmil… Axı günahım nə? İlana da qısqandın məni. Mən ki, səni qısqanmadım”.

Nə fikirləşdisə yatağından qalxıb yerin içində oturdu. “Mən Cəmilimi heç qısqanmadım. Axı niyə? Bəlkə o da şorgöz kişilər kimi başqa yerdə birini saxlayırmış… Nə bilimək olar: bəlkə də uşağı var.

Ata nənəsi Şəkər nənənin ona danışdığı bir rəvayət yadına düşdü. Nənəsi danışırdı ki, elin su sonası kimi gözəl Taclısı varmış. Yaxın, uzaq ellərdən onun gözəlliyini eşidib gələn elçilərin ardı-arası kəsilmirmiş Taclı heç kəsə razılıq verməz, elçilər əli boş geri dönərmiş. Onun istədiyi, dərdindən dəli-divanə olduğu əmisi oğlu Rahib varmış. Rahib Taclının sevgisinə biganəymiş. Bir gün Taclı dilə gəlib deyir ki, gedəcəyim oğlan ya Rahib olmalıdır, ya da heç kim.

Valdeynləri onları evləndirirlər. Taclı Rahibin sevgisini qazanmaq, qəlbində yuva qurmaq üçün hər cəfaya dözür. Və elə hiss edir ki, daha ərinin baş tacıdır. Amma…

Bir gün eşidir ki, əri qonşu obadan bir çoban qızı ilə sevişir. Əvvəl inanmasa da içindəki şübhə ona güc gəlir, başlayır ərini izləməyə. Bir gün ərinin evə dönəcəyi yolda tut ağacına söykənib, gözlərini qonşu obaya uzanan yola dikir. Baxır ki, əri gəlir, yanında da çoban qızı. Qısqanclıq Taclını o qədər içdən yandırır ki, kürəyi qızır, söykəndiyi tut ağacının gövdəsi yanır və Taclı tut ağacının yanğıdan yaranmış koğuşunda qeybə çəkilir. Nənəsi deyirdi ki, ondan qalıb tut ağacındakı koğuş.

Nə isə… Ata evinə dönüşdən sonra təzə gəlin – Həyatın baş verən zərbələrdən sarsılacağını deyənlər vardı. Amma…

Dərdlərini içində gizli saxlasa da, özünü şux aparmağa çalışırdı.

…İlk dəfə idi qara geyinmişdi. “Hər kişinin qəbrini ziyarət edən bir qara paltarlı qadın var” – deyən şairin sözlərini beynində təkrarlaya-təkrarlaya bədənnüma güzgü önündə durub bir xeyli özünə baxdı. Sınıxmışdı.

Gəlmişdi ilk sevgisinin – Vüqarının qəbrini ziyarət etməyə. Gətirdiyi çiçək dəstəsini sinə qəbir daşındakı mərmər güldana qoydu. Qara mərmərə həkk olunmuş şəkli ona sevgiylə baxırdı. Qara kəlağayısının altından çıxan saçının tellərini geri edib onun şəklini öpdü. Sonra da salavat çəkdi.

Qəribə bir səs eşitdi. Ətrafına boylanıb baxdı. Kimsə yox idi. Məzarlıqda hardandı bu səs? Qeybdəndirmi? Bəni-insan səsidirmi? Elə bil səs sahibi onun bir-iki addımlığındaydı.

– Xoş gəldin, Həyatım!

– Gəldim, Vüqarım! – deyə Vüqarın mərmər şəklinə üzünü tutub cavab verdi.

– Burada sənsizlikdən darıxıram. Gözlərim nə vaxtdır sən gələn yollara dikilib…

– Qara torpağın üzü soyuqdur. Tez unutdurur. Bir də ki, ərə getmişdim axı… gələ bilmirdim…

– Bilirəm, əsgər yoldaşım Cəmilə ərə getmişdin. Dəyərli insandır.

– Heç mən bilməmişəm sənin əsgər yoldaşın olduğunu.

– Niyə qara geyinib gəldin? Elə bilirsən ölmüşəm? Mən hər zaman sənin yanındayam. Mən sənin çiçək rəngli donunu xoşlayırdım. O, səni çox gözəl göstərir.

– Nə bilim. Məzar üstünə gələnlər belə geyinir axı! – deyib çiyinlərini çəkdi.

– Dedim axı. Mən məzarda olsam da həmişə yanındayam. Özün bilirsən bunu. Mir Sədi Baba deyib – deyən səs yiyəsi qeybə çəkildi.

Həyat bir də yan-yörəsinə, göyə, sonra da Vüqarın qəbrinə baxıb gülümsədi.

Bir kimsənin olmadığından tam əmin oldu. Sonra neçə gündən bəri bir vərəqə yazdığı məktubu sinəsindən çıxartdı, mərmər güldandakı güllərin altına qoyub tezcə də oradan uzaqlaşdı. Yol boyu hiss edirdi ki, kimsə onu dabanqırma izləyir.

***

Ata evinə qayıdandan bəri anası onu tək qoymaz, gecələr qızıyla yatardı. Həyat gecələr qəribə yuxularla sayıqlayardı. Qızı sayıqlayanda ana onu yuxudan oyadar, üç dəfə “bissimillah” – dedizdirib bir stəkan su içirdərdi. Yastığı altına çörək, bıçaq qoymuşdu ki, pis yuxular ondan kənar olsun. Anası da bunları qoca nənəsindən öyrənmişdi. Deyirlər bir vaxtlar anası da möhkəm sayıqlayardı. Hətta yuxulu-yuxulu durub hara gəldi gedərmiş. Arx üstündəki körpüdən keçəndə ayılarmış.

Məzarlıqdan qayıdandan sonra gecə anasına dedi ki, gecələr tək yatmaq istəyir. Anası:

– Elə niyə, qızım? Qorxarsan. – deyib etirazını bildirdi.

– Narahat olma, ana. Atamın tək yatmağı məni üzür. Bir də ki…

Çimib, krem vurub, ətirləndi. Yatağının döşək üzünü dəyişib yatağına uzandı.

Gözlərini yumsa da, yuxusu ərşə çəkilmişdi. Qəbir üstündə Vüqarın ruhu ilə etdiyi söhbəti düşünürdü… Birdən hiss etdi ki, gecə köynəyi sığallanır. Ona xoş gəldi. Heç gözlərini açmaq istəmirdi. “Kamına çat, əzizim” deyə-deyə pıçıldayırdı… Qadın ehtirasının son həddinə çatanda artıq özündə deyildi.

Qapının səsindən gözlərini açdı. Kölgə kimi gördü arxadan. O qapını örtüb getdi.

***

Səhəri günü atasının “Alapaqı”dan gətirdiyi xəbər üzücü oldu. Cəmil Şuşa həbsxanasında yataq mələfəsi ilə özünü asmışdı. Həyat bu xəbəri eşidib hönkür-hönkür ağladı. Onun ölümündə hardasa özünü günahkar sayırdı…

Kənd adamlarının əksəriyyəti kolxozda çalışırdı. Kolxozun qoyun sürüləri hər ilin aprel ayında dağa – yaylağa qalxar, oktyabr ayında dağdan enər – kəndə, kolxoza dönərdi. Atası ferma müdiri olduğundan bu vədələr vaxtaşırı dağa gedər, bir neçə gün qalardı. Bu dəfə də atası qardaşı ilə getmişdi.

Evdə kişi xeylağı olmadığından Həyat bu günlərdə anasına qoşulub evin bütün işlərini görürdü. Dünən əkin sahəsinin alağın etmişdilər. Bu gün isə anası:

– Qızım təndir qalamalıyam. – dedi. – Odun-ocaq yoxdu. Bağın ayağında quru çırpı var, bəlkə bir şələ gətirəsən…

Bağ ilə evin arası xeyli məsafəydi. Həyat toxunma yaylığını başına çalıb, kəndir də götürüb yola düzəldi.

Yol boyu Cəmilin həbsxanada intahar etməsini düşünürdü. Onunla keçirdiyi yarım illik ailə həyatı, indi yadına düşdükcə nisgilə çevrilirdi. Belə… zalım həyat Vüqar kimi onu da əlindən aldı. Görünür, ərli olmaq qismətimdə yoxmuş…

Bəs atası, qardaşı Cəmilin yasına niyə getmədilər. Yoxsa..? Eşitmişdi ki, həbsxanada ölənlərin meyidini sahiblərinə vermirlər. Onlar üçün hardasa məzarlıq var. Qəbirlərə ad da yazılmır. Eləcə nömrələyirlər. Bəlkə o heç ölməyib, şaiyədi yayılıb? O qədər belə hadisələr olur ki. Axı ölən məhbusun sahibinə ölüm haqda arayış göndərilir – özü də rus dilində. Rus dilini bilməyən qaynatasıgildə kim oxumuşdu o arayışı. Nə bilim…

Bir də onda ayıldı ki, gəlib durub odun topasının yanında. Kəndirin arasına gücü çatacaq qədər odun yığıb kəndirlə sıxıb kürəyinə şəllədi. Gəldiyi kimi də evlərinə gedən yola düzəldi.

Yenə də başında min bir fikir dolaşırdı. Xeyli yol gəlmişdi. Birdən hiss etdi ki, bədəninə nəsə toxunur. Əhəmiyyət vermədi, fikirləşdi: şələdəki odunlardan hansısa toxunur yəqin. Bir az da getmişdi ki, qarın nahiyəsindən onu sıxan canlını aydınca duydu. İlan!..

İlan onun bədəninə dolanmışdı. Arxadan çiyni üstündən durub ona baxırdı. Həmin andaca düşündü ki, ilan odun şələsi arasına necə düşüb? Necə olmuşdu ki, onu görməmişdi? Demək ilan hər yerdə onu dabanqırma izləyir. “Bu nə zülmdür çəkirəm?” öz-özünə dedi. Həyat ağlamaq istəyəndə ilan haça dilini çıxarıb onun boyun-boğazını yaladı.

Odun şələsini təndirxananın yanında yerə qoydu. İstədi ilanı da bədənindən aralasın, ondan azad olsun. O, ilanı aralamaq istədikcə ilan onu daha da möhkəm sıxırdı. Az qalırdı ağrıdan nəfəsi kəsilsin. Qəribəydi…

Sanki Həyat bir qızılgüldü, ilan da sarmaşıq gülü. Bir-birinə yaraşıq qatırdılar.

Anası qızına dolaşan ilanı gördükdə vahimələndi. Cikkə çəkib çığırdı. Həmin andaca qonşular haya gəldilər.

İnsanlar bu qəribə mənzərədən donub qalmışdılar. Hamı susurdu. Handan-hana kişilərdən kimsə dilləndi:

– Gəlin ilanı güllələyək.

– Bəs qız? Nə bilirsən güllə dəyəcək-dəyməyəcək?

Kimsə ona yaxınlaşmaq istəyəndə ilan Həyatı sıxır və Həyat ağrıdan tezcə qışqırırdı:

– Uzaq durun. O, sizi təhlükə sanır.

Neçə gün olardı yaxın-uzaq el-obadan eşidənlər bu möcüzəni görmək üçün axın-axın Həyatgilin evlərinə gəlirdilər. İstəyirdilər Həyat çölə çıxsın, bu qeyri-adi hadisənin canlı şahidinə çevrilsinlər.

Sofu Usub da gəlmişdi. Oxuduğu ilan duası ilk dəfə idi kara gəlmirdi. Sofu üzünü Həyatın ata, anasına tutub:

– İlan tilsimlidi. Bu ilan cildinə girmiş bəni-insandı. – dedi və qara atın tərkinə qalxıb, gəldiyi kimi də getdi.

Gecələr ilan Həyatın sinəsi üstündə uzanar, ya da yanında qıvrılıb qalardı. Eləcə Həyatın keşiyini çəkərdi.

Bir ay olardı ki, onlar bir yerdə yaşayırdılar. Həyat indi ilanı canının bir parçası sanırdı. Səhərlər yuxudan duran kimi mürgülü gözlərini açmamış əli ilə ilana toxunardı. Hətta ilanın nəfəsini üzündə, boyun-boğazında hiss etməyəndə darıxardı. Sanki aşiq-məşuq idilər.

Anası hər gün ilana mis camda süd bişirirdi. Qızına isə yemək bişirib qapı ağzına qoyurdu. Həyat yeməkləri götürər, ilanla birgə yeyərdi.

Atası, qardaşı isə ilanı heç görmək istəmirdilər. Kolxozun baytar həkimi Telman Həyatın atasına belə təklif etdi:

– Bu ilan ömürlük qıza dolaşıb qalmayacaq ki, gəlin südün içinə zəhər qatıb verək ilan yesin. İlan ölsün. Qızın da bu bəladan qurtulsun.

Atası, qardaşı razıydı. Amma…

İlan, elə bil, onların bu bəd niyyətindən duyuq düşmüşdü. Neçə gündü camdakı südə yaxın durmurdı. Həyat da ilanın süd içməməsini min bir yerə yozdu.

Nəhayət, köhnəlmiş südü götürüb tut ağacının koğuşuna tökdü. Üstündən bir neçə gün keçməmiş ağacın yarpaqları qurudu. Onda Həyat barmağını dişləyib hər şeyi başa düşdü.

Bir gecə Mir Sədi Baba yenə yuxusuna gəldi:

– Qızım, dedim axı onun boğazında quş sümüyü qalıb. Onu yalnız sən çıxara bilərsən. İlanın boğazını sığalla, sümük düşəcək.

– Baba, mən çöpçü deyiləm axı…

– Dedim elə. Sənin əlin şəfalıdır. Sən ilan ocağısan. Özünün xəbərin yoxdur. Sofu Usub sənin qeyri-adi insan olduğunu bildiyindən bir söz demədi.

Həyat yuxudan qan-tər içində ayılıb sinəsi üstündəki ilanın başını sığalladı. Sonra ilanın boğaz hissəsinə iki barmağı ilə sığal çəkdi. O, sığalladıqca ilan başını dik qaldırıb gözlərinə baxırdı. Sanki Həyatdan razı olduğunu bildirirdi. Həyat hər dəfə barmaqları ilə ilanın boğazını sığalladıqca ilan da ağzını gen açırdı. İlan bircə dəfə asqırdı. Həmin andaca sümük ağzında göründü. Həyat sümüyü götürən kimi ilan haça dilini çıxarıb onun əlinə sürtdü. Xilaskarına minnətdarlıq edirdi.

İlan həmin andaca onun sinəsindən düşdü. Sürünə-sürünə pəncərə ağzına getdi, sonra bir də çevrilib Həyata baxdı və pəncərədən sürüşüb düşərək oradan uzaqlaşdı. Həyat ilanın arxasınca xeyli baxdı. İlan kəpirliyə enib yox oldu.

Həyat yenidən yatağına uzandı. Səhərin şirin yuxusunun dadını çıxarırdı. Mir Sədi Baba yenidən yuxusunda göründü:

– Hə, qızım, o mənim qoruyucu mələyimdi. Sən onu xilas etdin. İnnən belə hər kəs səndən şəfa tapacaq. Sən də yarına yetişəcəksən.

***

Poçtalyon Hüseyn dayı son aylar tez-tez onların həyət çəpərində qardaşına məktub verirdi. Qardaşı da məktubu alan kimi cibində gizlədir, tezcə dam evinə girirdi. Məktubu oxuyar, sonra ocaqda yandırardı. Həyat dəfələrlə görsə də qardaşından soruşmurdu ki, o məktublar kimdəndir.

Bir gün qardaşı evdə olmayanda poçtalyon Hüseyn dayı yenə çəpərin o üzündə göründü:

– Ay ev yiyəsi! – deyən kimi anası hayına hay verdi.

– Məktub var, məktub.

Anası məktub əlində evin artırmasına qalxanda Həyat dilləndi:

– Ana, o nə məktubdu?

Məktubun nə məktub olduğunu anası bildiyindən istədi gizlətsin. Onsuz da bu illər ərzində qızının başı çox qovğalar çəkmişdi. Bu məktub da yeni bir dərdə qapı açırdı.

Həyat israr edincə ana qəmli görkəmlə, əli əsə-əsə məktubu könülsüz qızına uzatdı.

– Heç nə qızım, heç nə! – deyib hönkür-hönkür ağladı.

Həyat məktubu alıb üstündəki yazıları görən kimi çaşıb qaldı. Bu onun xəttidir. O, sağdırmı?

Həyat öz otağına keçib məktubu açdı. Məktubda yazılmışdı: “Həyat, əzizim, salam. Artıq neçənci məktubdur ki, yazıram. Özüm də bilmirəm ki, niyə cavab vermirsən?

Mənim məhkəmə işimə yenidən baxıldı. Cəza müddətim qalmaqla məcburi əməyə təhkim olundum. Şuşa həbsxanasından azad oldum. İndi cəzamı xüsusiləşdirilmiş komendaturada çəkirəm. Qaradağda yerləşir. Burada daş karxanasında işləyirəm.

Yataqxanada qalıram. Səhər də, axşam da milis yoxlamasından keçirik. Məhdud ərazidə hərəkət etmək imkanımız var. Kənar yerə getməyimiz qadağandır. Ona görə də kəndə gələ bilmirəm.

Həbsimdən sonra ailəmin, doğmalarımın sənə olan ögey münasibətindən üzüldüm. Üstəgəl sənin ata evinə dönüşünü eşidib məyus oldum. Əzizim, mən sənsiz bu dünyada tənhayam, təkəm.

Eşitmişəm ki, atan, qardaşın mənim həbsxanada intahar etdiyimi yayıblar. Bu şaiyədir. Mən elə də ağılsız deyiləm ki, özümü öldürəm. Bu müvəqqəti çətinlikdir. Mən azad olub yenidən xoşbəxt həyatımızı davam etdirəcəyəm.

Mən hələ də bilmirəm ki, atanın, qardaşının mənə bu qədər kini, kudurəti haradan qaynaqlanır? Onlar həbsxanaya gəlib, zorla mənə ərizə yazdırıblar ki, səni boşayım. Məni buna məcbur ediblər. Yazmasaydım “xüsusi cəllad” əliylə öldürüləcəkdim. Həbsxanada belə işləri görmək üçün xüsusi məhbuslar saxlanılır…”

Həyat məktubu sonacan oxuya bilmədi. O, oxuduqca həyəcanlanırdı. Göz yaşları məktuba töküldükcə məktubu isladırdı. Özünə toxtaqlıq verib məktubu sonacan oxudu. Sonra anasının yanına gəlib:

– Ana, qurbanın olum. Poçtalyonun məktub gətirdiyini atama, qardaşıma demə. – dedi.

– Yaxşı, qızım, demə deyirsən, demərəm.

Ana qızını qucaqlayıb bağrına basdı. Qızının yenicə dən düşmüş saçlarını oxşayıb “şirin, şəkərim” – deyib içdən ah çəkdi.

Bir il olardı qızını bu qədər sevincək görməmişdi. Bir vaxtlar şirin gülüşü evi, həyət-bacanı başına götürərdi. Qonum-qonşunun qəlbində sevgi yuvası quran qızı indi ilan kimi soyuq olmuşdu. Hamıdan qaçır, az danışırdı.

– Mehriban balam, hansı ana istəməz ki, qızı xoşbəxt olmasın? Onunla yenidən xoşbəxt olacaqsansa, mən razı.

Həyat anasını bir də öpüb yenidən öz otağına tələsdi. O yerimirdi, sanki quş olub göydə uçurdu. İstəyirdi Cəmilinin nəfəsi dəymiş, qoxusu hopmuş o bir vərəqli məktubu yenidən oxusun.

Məktubun gəldiyindən bir xeyli vaxt ötmüşdü. Anası poçtalyona tapşırmışdı qızına məktub verdiyini ərinə, oğluna deməsin.


***

Cəmilin gəlməsinin hələlik mümkün olmadığını bilən Həyat gecə-gündüz onun yanına getmək üçün özlüyündə plan qururdu. O, gedib yarına qovuşmalıydı. Bunun üçün fürsət gəzirdi. Hətta özü üçün boxça da hazırlamışdı. Bir gün…

Həyat anası ilə halallaşdı, boxçasını da götürüb yola çıxdı. Anası arxasınca bir qab su atıb “Aydınlığa çıxasan, balam!” – dedi.

Magistral yola xeyli vardı. Özü də gizlin yerlərlə getməliydi ki, kimsə onu görməsin. Vay onda qardaşı, atası qarşısına çıxa…

Magistral yola çıxıb şəhərə gedən avtobusa minəcək, oradan da Qaradağ daş karxanasında yerləşən komendatura yataqxanasına gedəcəkdi. Mənzil başına yetişmək ona elə asan gəlirdi ki…

Gizlin yerlərlə; kol-kos arasıyla, arx qırağıyla, dar cığırlarıyla keçib magistrala çıxasıydı.

Elə bil kimsə dedi: sağ tərəfə bax. Çiçəklərin arasında iki ilanın bir-birinə sarıldığını görüb yerində dondu. Ağ ilana qara xallı gürzə dolaşmışdı. Bu o idi…

Həyat ilanların sevişməsinə elə maraqla baxırdı ki, sanki Cəmillə şəhvani bir gecə yaşayırdı. İlanlar sevişdikcə onun bədəni gizildəyirdi. Az qalırdı huşu başından çıxsın.

…Birdən ayılan kimi oldu. Qara xallı gürzə ayaqlarına dolaşmışdı. Ağ ilan çəmənlikdə görünmürdü. “Budu eh… yenə başladı. Dəli sevgilim” – deyib gülümsədi.

İlanlar yolu üstünə təsadüfən çıxmamışdılar. Qara xallı gürzə hətta özünə sevgili də tapmışdı… Yoxsa insan ruhu ilan cildində təcəlla etmişdi? Ağ ilan da Həyatın ruhunu daşıyırdımı? Axı bayaq ağ ilanla özü arasında bir bağlılıq-rabitə olduğunu hiss etdi.

İlanlar bilirmişlər o, el yolu ilə yox, bu dar, əyri-üyrü cığırla gələcək. Demək, qara xallı gürzə Həyatın nə düşündüyünü də oxuya bilir. Görünür, onu da bilir ki, Həyat buralardan birdəfəlik gedir. Ərinə – Cəmilinə qovuşsun deyə. Yoxsa…

“Getmə… getmə! Sənsiz mən məhv olaram. Bir də ki, Mir Sədi baba deyib axı. Sən şəfa ocağı – ilan ocağı olacaqsan. Mən sənin o şəfa ocağında yaşayacağam. Həkimlərin, loğmanların bacarmadıqlarını sən əlinlə sığal çəkməklə bacaracaqsan”.

Həyat bu tilsimli sözləri eşitdi. Eynən Vüqarın qəbri üstündəki qeybdən gələn səsin özü idi. Özü-özündən xoflandı. Həmin andaca “Bəlkə dəli oluram, özümdən xəbərim yoxdu. Qulağımı deşən, beynimi, ürəyimi oynadan bu sözlər məni qeyri-adi dünyaya səsləyir. Bəlkə, mən heç yer adamı deyiləm. Başqa dünyadan gəlib anamın bətninə düşmüşəm, o da məni bu dünyaya gətirib”.

Bu düşüncələrdə olduğu anda əli boşalıb boxçası yerə düşdü. Əyildi ki, boxçasın yerdən alıb yoluna davam etsin. Əlisə boxça əvəzinə ilanın par-par parıldayan yastı başına dəydi. İlanın bumbuz, soyuq başı əli dəydikcə istiləşirdi. İlan başını, dilini onun əllərinə sürtür, onları oxşayırdı.

– Yaxşı, deyirsən həyat yoldaşıma yetişməyim? Ömür boyu ərsiz qalım? Sən bilirsən ərsiz qadınların arxasınca nə danışırlar? Hər addımına bir şər-şəbədə qoşurlar… Qəbrinə getmişdim. Orada necə də sevgiylə danışırdın. Lap əsgərlikdən gələndən sonra kəndimizin qızlarının ağlını başından alan sözlər düzüb-qoşduğun kimi. Sənə olan eşqimi məktub halında yazıb mərmər güldana qoymuşam.

Düşüncəsində yeni bir dünya səhifələnirdi. Yeni-yeni fikirlər, duyğular doğulmağa başlayırdı. Üzünün cizgilərində suallar, nidalar işarələnirdi. “Cəmilə qovuşmaqla nə əldə edəcəyəm axı?! Ailəm olacaq ona görəmi? Özü də nə tez-tez “ərim”, “həyat yoldaşım” deyirəm. Axı biz rəsmən boşanmışıq. Bəlkə molla kəbini kəsdirək? – deyib özünə güldü.

Bu dar cığırda iki yol arasında qalmışdı. Magistral yola çıxsınmı? Yoxsa…

Bilirdi ki, bir daha dünyaya uşaq gətirməyəcək, ana səadətini yaşamayacaq. Ailə körpüsünün təməlində uşaq durur. Uşaq yoxdursa, o ailə körpüsü yanıb kül ola bilər. Uşaqsız evlərin divarları sopsoyuq olur. Uşaq nəfəsi, uşaq təbəssümüdü evləri isidən, isti saxlayan. O da bir həqiqətdir ki, ailə məhəbbətinin özülündə saf, mənalı sevgi olanda onu heç nə uçura bilmir… Bəlkə geri dönüm. Cəmil də həbsxanadan sonra özünə yeni bir ailə həyatı qursun. Oğul-uşaq sahibi olsun.

Axı Vüqarın ölümündən sonra Cəmilə görməzə-bilməzə ərə getmişdi. Elə təzə-təzə bir-birinə isinişir, sevgi yaranırdı ki, bu qara xallı gürzə şəbədə çıxartdı. Sonda da bətnindəki uşaq tələf oldu. Uşaqlığı götürüldü. Cəmil həbs olundu.

Cəmildən imtina etməliyəm. Qoy gedib ailə qursun. Mənim kimi sonsuz qalmasın.

Həyat Cəmillə Vüqarın seçimi arasında qalmışdı. Baxmayaraq bilirdi ki, Vüqar ölüb, o heç vaxt insan kimi qarşısına çıxmayacaq. Nə olsun ki, Vüqarın ruhu qara xallı gürzədədir. Bəs Cəmil?..

Nə çoxdu övladsız ailələr. Amma sevgi dolu ömür yaşayırlar. Odey rayonumuzun baş həkimi. Əlli il xanımı ilə ömür-gün yaşadı.

Həyat xəstəxanada olanda bir qadın söhbət etmişdi: Surxay həkim cərrah kimi rayonda hörmət-izzət sahibiymiş. Bu subay, yaraşıqlı həkimə çox qızlar meyl etsə də ki, onun xanımı olsun həkim qızlara biganə imiş. Həmişə də deyərmiş ki, qismətimi gözləyirəm. Qisməti isə gecikirdi. İllər keçir, Surxay həkimin yaşı ötürdü…

Bir gün xəstəxanaya təcrübə keçmək üçün Bakıdan tələbə bir qız gəlir. Olduqca gözəl olan bu qıza Surxay həkim ilk baxışdan vurulur. Qız da Surxay həkimə biganə qalmır. Çox keçmir ki, sevgilərini bir-birinə açırlar. Nişanlanırlar. El adəti ilə toy edib, ailə qururlar.

Evlilikdən aylar, illər ötsə də uşaqları olmur. Cavan gəlin çox yerlərdə müayinə olunur. Türkəçarə həkimlər donuz qanı, eşşək südü içirirlər. Amma bir çarəsi tapılmır.

Məlum olur ki, sonsuzluq Surxay həkimdədir. Surxay həkim yoldaşına nə qədər boşanaq, get yenidən evlən, uşaqların olsun desə də, yoldaşı onu dəlicəsinə sevdiyini bildirir.

Surxay həkim deyir ki, mənə bu qədər bağlısansa, onda bir şərtimə əməl etməlisən, mən sənin uşaqlığını götürməliyəm.

Qadın buna da razı olur.

Onlar qocalıb öz əcəlləri ilə ölənə kimi birgə yaşadılar. Övlad sevgisini evlərində saxladıqları dovşandan, pişikdən aldılar.

…Həyat:

– Cəmil!!! – deyə ah çəkib sızıldadı.

Qara xallı gürzə bayaqdan getmişdi.


***

Buralardan çıxıb gedəcəyinə, Cəmilinə yenidən qovuşacağına tələsirdi.

Başını aşağı salıb fikirli-fikirli yoluna davam edirdi. Artıq ilanlardan ayrılandan xeyli vaxt keçmiş, çox uzaqlaşmışdı.

Əsas şosse yola çıxmağına lap az qalmışdı. Birdən hiss etdi ki…

Arxadan kimsə donunun ətəyindən dartdı. Arxaya çönüb baxdı, kimsə yox idi. Bir neçə addım da atmışdı ki, yenidən donunu dartışdırdılar.

İlan donunun ətəyindən dişi ilə tutub özünə çəkirdi. Ani olaraq Həyat ilanın bu hərəkətinə gülümsədi.

– Bilirəm, mənsiz darıxacaqsan. Amma sən də məni başa düş də… Ərim məni çağırır axı… Burax, gedim.

Gözləyirdi ki, ilan ətəyindən dişlərini buraxacaq, o da yoluna davam edəcək.

Hə, ilan onun buralardan çıxıb getməsini hiss etmişdi. Həyat nə düşünürdü, ürəyindən nə keçirdi, ilana agah olurdu, sanki bir canda yaşayırdılar. Elə bil eyni ruhun daşıyıcılarıdırlar.

Qeyri-ixtiyari ilanın gözlərinə baxdı. Həmişə özünə qarşı orada mərhəmət, yalvarış hissi görmüşdü. İndisə gözlər az qalırdı hədəqəsindən çıxsın. Tez-tez qıvrılıb, açılır, fısıldayırdı. Bu da onun qəzəbli olduğundan xəbər verirdi.

Həyatsa ilanın sakitləşəcəyini, donunun ətəyini buraxacağını gözləyirdi ki, yoluna davam etsin.

…İlan onun güllü donundan iti dişlərini çəkib, elə həmin andaca ayağına dolaşdı. İlanın sopsoyuq bədəni elə bil buz parçası idi. Ayağına dolanan bədəniylə onu sıxmağa başladı.

Sandı ki, topuğundan arı sancdı. Elə həmin andaca ilan ayağından sürüşüb düşdü. İlan etdiyi hərəkətindən utanırmış kimi tez-tələsik düz cığırı əyri-üyrü gedərək yaxınlıqdakı tut ağacının koğuşuna girdi.

İlan onu sancmışdı, ayağından sısqa qan axırdı.

Boxçası əlində, gözləri ilanın gizləndiyi koğuşa dikilib qalan Həyat yerində donub qalmışdı. Handan-hana ayılan kimi oldu. “Bu da ilanın etibarı…” – deyib təəssüfləndi. Nənəsinin bir zamanlar dediyi zərb-məsəl bu yerdə qulaqlarını cingildətdi: “Bala, ilanın ağına da lənət, qarasına da…”

Tezliklə xəstəxanaya çata bilməsə, Allah bilir necə olacaq?! İndi beynində bircə fikir dolaşırdı. Tez evlərinə qayıdıb bu acı xəbəri doğmalarına çatdırmaq…

…Anası həyətdəki artırmada oturub qızının getdiyi torpaq yola baxırdı. Bayaqdan boş olan yolda birdən insan qaraltısı göründü. “Bu gələn kim ola, bəlkə, qızımdı?” – deyib pıçıldadı. Qaraltı yaxınlaşanda yanılmadığına sevindi.

Amma qızının qaçaraq geri qayıtmasından ananın içində narahatçılıq bir az da artdı. Həmin andaca nəyinsə baş verdiyindən şübhələndi. Yoxsa qızı getmək fikrindən daşınıb? Bəs niyə qaçaraq gəlir. Qara-qura suallar, nidalar başında dolaşdı.

Qızı ona yetişəndə tövşüyürdü, təlaş içindəydi. Alnında tər damcıları puçurlanmışdı. Yanaqları pörtmüşdü.

– Məni ilan çaldı! – deyib anasının qucağına yıxıldı.

Qızı huşunu itirən kimi olsa da, ana tez-tələsik təskinlik verdi:

– Səbirlə danış! De görüm nə baş verib?!

– İlan!.. İlan topuğumdan çaldı.

Bir andaca anası qıyya çəkdi.

Qonum-qonşu axışıb gəlincə Bəhmən müəllimin Qaz-21 “Volqa”sı həyətdə göründü. Tez Həyatı “Volqa”nın arxa oturacağına uzadıb xəstəxanaya tələsdilər.

Bəhmən müəllimin “Volqa”sı xəstəxanaya çathaçatdaydı. Həyatın ayağının şişisə dizə qədər yayılmışdı. Flora bacı rezin iplə diz hissədən ayağı boğmuşdu ki, zəhər sürətlə yayılmasın.

Həyat şişmiş ayağına baxdıqca daxildən qorxu hissi keçirir, həyacanlanırdı. Artıq halı da ağırlaşırdı; başı gicəllənir, ürəyi bulanırdı.

Həkimlər zəhər əleyhinə iynə vurub, bir neçə qabaqlayıcı tədbirlər görsələr də təəssüf ki, gecikmişdilər. İlanın dişləri topuqdakı sümüyə toxunduğundan, zəhər də sümüyü, qanı çürüdürdü.

Bayaqdan İsgəndər dayının “Zis” maşınının kuzovunda gələn qohumlar xəstəxananın həyətində toplaşıb təşviş içindəydilər. Hər içəridən çıxan həkim, tibb bacısını görcək Həyatın halını xəbər alırdılar. Ümidli xəbər gözləyirdilər. İnanırdılar, həkimlər çarəsini qılacaqlar.

…Həkimlər konsiliuma yığışmışdılar. Son qərarı baş həkim Soltan Həsənli verdi:

– Dərhal Cərrahiyyə şöbəsində əməliyyat stolu hazırlansın. Ayağı dizdən amputasiya olunsun. Başqa çıxış yolu yoxdur, xəstəni itirə bilərik.

Cərrah Namiq baş həkimin verdiyi qərarın təcili icrasına başladı.

Həyatın dizdən aşağı ayağı kəsildi və o reanimasiya otağına yerləşdirildi.

Əməlliyyatdan neçə gün keçsə də o hələ də ayağının kəsildiyini bilmirdi. Biləndə ki, ayağı dizdən aşağı yoxdu fəryad qoparıb, nalə çəkdi. Gecə-gündüz ağladı. İlana lənətlər yağdırdı. Taleyinə qarğıdı. Sonra da başına gələn bu qəzayla barışmalı oldu.

***

Yatdığı palatanın pəncərəsi xəstəxananın bağına açılırdı. Hər gün qoca bağban bağdakı cürbəcür gül kollarına, meyvə ağaclarına qulluq edirdi. Elə həvəslə işləyirdi ki, gördüyü işdən zövq aldığı görünürdü. Ahıl yaşda şux qalmasının səbəbi də, bəlkə elə bu idi. Onun belə həvəslə, gümrahlıqla işləməsi Həyatın qəlbini duyğulandırırdı. Düşünürdü ki, qocanın yaşamaq, yaratmaq eşqi necə də güclüdür. Demək cismi qocalsa da ruhən cavandır.

O da innən belə əlil sayılır. Özünə qapanıb yaşamaqla ömrünü çürüdə bilər. Məsrəfli bir işin qulpundan yapışıb özünü bədgümanlıqdan xilas etməlidir. Axı həyat mübarizə meydanıdır. Özüylə döyüşlə nəyəsə nail olmaq olar. Bax, bu qoca özünə bu yolu seçib ki, qocalığa qalib gəlib.

Qoca bağban bağdakı hər kola, hər ağaca, xırda bir çiçəyə də doğma övladı kimi baxır. Özü də çox yaxşı bilirdi ki, hansı xəstələnib, hansı su istəyir, hansı dibinin bellənməyini gözləyir.

Bağın loğmanına çevrilmişdi bağban. Əlinin qabarı ilə bu məkanda cənnət yaradıb. Baxdıqca göz oxşayır, qəlb dincəlir. İnsanın ağrı-acısı, yorğunluğu canından çıxır.

Həyat hər gün qocanı beləcə görürdü. İndi də qoltuqağaclarına söykənərək pəncərə qarşısında durub bağa tamaşa edirdi. Bağdan gələn xoş ətir ruhunu oxşayırdı.

Qoca da bu gəlinə mehrini salmışdı. Hər gün salamlaşar, halını xəbər alardı. Maşallah, gəlin də bu çiçəklər kimi günü gündən təravətlənirdi. Elə bil neçə gün öncə pəncərədən məyus baxışlı, solğun bənizli birisi deyildi.

Qoca pəncərə qarşısına gəlib həmişəki kimi Həyatın müalicəsini soruşdu. Sonra da:

– Qızım, səbirli ol. – dedi. – Allahımız hər bir bəndəsini bir cür sınağa çəkir. Eşitmiş olarsan deyirlər bu dünya fani, sınaq meydanıdır. Gərək bütün çətinliklərə sinə gərəsən. Sənə verilən bu qısa ömrü elə şərəflə, şərafətlə yaşayasan ki, ötüb keçmişə baxanda xəcalət çəkməyəsən. O dünyanı bu dünyada qazanasan. Yaxşı əməlinlə cənnətlik olasan. Ümidini üzməyəsən. Şükür edək yaşadığımıza.

– Nə deyirəm, ay baba? – deyib gülümsədi.

Ona çox ayaq üstə durmağı Namiq həkim icazə vermirdi. Buna görə də Qoca ilə sağollaşıb çarpayısına tərəf getdi. Qoltuqağacların stola söykəyib və bir xeyli də onlara baxdı. Həmin anlar düşüncəsində dolaşan fikirləri dedi:

– Ömürlük yoldaşlıq edə biləcəksinizmi mənimlə? – Qoltuqağacları canlıymış kimi sual etdi.

***

Həyat yenə pəncərədən bağa baxırdı. Xəstəxananın bağında qoca bağban gözə dəymirdi, heç səsi də gəlmirdi. Deyəsən, nahar fasiləsinə çıxmışdı. Onun istirahət məkanı bağın ən kölgəlik yeri – tut ağacının dibi olduğundan pəncərədən görünmürdü.

Həyat qayıdıb yatağına uzanmışdı ki, bir bülbül pəncərənin qarşısındakı cavan budağa qonub bir-iki ağız cəh-cəh vurdu. Sonra fasilə verib səsinin cavabın almadığından aramsız olaraq cəh-cəh vurub, özünü yeyib-tökürdü.

Bülbül yarını haylayırdı. Yarsa gəlib çıxmırdı ki, çıxmırdı.

– Ay yazıq, sən də mənim kimi yar sorağındasan? Bəlkə, mənim yarım kimi sənin yarın da qəfəsdədir, sənə yetişə bilmir. Eh… bülbül, ilan məni çalmasaydı, bu hala düşməsəydim, indi Cəmilimin yanında olardım. Onun biş-düşün edər, paltarlarını yuyardım. Nazını çəkərdim. Gecələr də onun isti qucağına sığınardım… İndən belə bu şikəst ayağımla hara gedib çıxa bilərəm? Şikəst, uşaq doğa bilməyən arvada kim sahib durar?

***

Şirin yuxu tapmışdı. Ağappaq mələfəni sinəsinə çəkmişdi. Mələfənin üstündən yumru qarnı, qabaran döşləri üç təpəcik kimi görsənirdi. Uzun saçları yastığa yayılmışdı. Başını sağ tərəfə – qapı tərəfə əyib mışıl-mışıl yatırdı. Üzündə bir giley, nigarançılıq yaşanırdı. Rəssam fırçası gərək idi bu halı çəkə. Dahiyanə əsər yaranardı.

Həmişə çox oyaq yatırdı. Adi bir pıçıltıya, xışıltıya da oyana bilirdi. Amma bu dəfə elə bil əcəl yuxusuna getmişdi…

Bayaqdan başı üstündə durmuşdu. İllərin həsrətini, nisgilini doydurmaq üçün tamarzı-tamarzı baxırdı. Yanaqlar, dodaqlar, qaşlar, gözlər, saçı… – hamısı qoyub getdiyi kimi idi. Yox, saçına orda-burda dən düşəni var. Odey bir, iki, üç… Təzə-tər, ətir qoxulu saçlar idi. Getdi o günlər. Gecələr bağrına basıb atəşli eşqin dadını çıxarardılar…

Alma yanağından öpdü. Dodaqlarından şirin öpüşünü aldı.

…Öpənin isti nəfəsi yanağından, dodaqlarından keçib boyun-boğazında dolaşanda o, kal yuxusundan oyandı. İstədi gözlərini aça ki, bu zaman kobud əllər gözlərini bağladı. Hə, bu kişi əlləri idi. Əllər qurumuş taxta parçası kimiydi. Daş kimi möhkəm idi əllərin içi. Qabarlı, düyünlü olduğun hiss etdi.

– Kimsən? Niyə gözlərimi bağladın? – deyib yazıq-yazıq dilləndi.

Əllərin sahibi dinib-danışmadı. Həyatı nigarançılıq bürüdü.

– Ürəyim üzüldü axı… kimsən?

– Mənəm, gülüm, sənin Cəmilin! Gəldim! Sənin tilsimin, sehrin çəkib gətirdi. Son günlər qəribə yuxular görürdüm. Sən demə, nigarançılığım əbəs deyilmiş… – deyərək əllərini gözlərindən çəkdi.

Üzünü görməmiş, səsindən tanıdı. Mürgülü gözlərini döyə-döyə çaşqınlıq içində Cəmilə baxırdı. Elə bir layiqli söz tapmadı ki, heyrətini, sevincini bildirsin.

– Cəmilim!.. – deyib qollarını onun boynuna sarıdı.

Tibbi bacıları, həkimlər qapı ağzında durub heyran-heyran onlara baxırdılar.

Həyatın amansız sınaqlarından üzüağ çıxmışdılar. Sevincdən qoşa qanad taxdıqları anlar idi. Sanki indi uçub göylərin ənginliklərinə qalxacaqdılar – sonsuzluqlarda yaşamaq üçün.

***

Daş karxanasındakı ağır iş şəraiti Cəmili çox arıqlatmışdı. Dolu sifətindən, bəstə boyundan əsər-əlamət qalmamışdı. Həbsxana həyatı onu rəndələyib bu hala salmışdı. Saçları çallanmışdı. Kələ-kötür qabarlı əlləri onun çəkdiyi işgəncələrdən xəbər verirdi.

Həkim demişdi ki, kəsilən ayağında mazollaşma başlayan kimi evə buraxacaqdı. Hər gün Cəmil səhərdən axşama kimi Həyatın qulluğunda dururdu. Hər bir nazını çəkməkdən zövq alırdı. Daş karxanasında qazandığı pulla ona hər gün təzə güllər alıb gətirir, sevgilisini oxşayırdı.

Hardansa tapıb gətirdiyi kolyaskada – əl arabasında onu otuzdurub həyətə düşürürdü. Qoca bağbanın becərdiyi baxçaya gəlib şirin söhbətlər etməkdən doymurdular. Saatlarla bir yerdə olduğu anlarda bir dəfə də olsun Cəmilin əlini buraxmazdı. Sanki qorxurdu ki, əlindən çıxıb gedər və bir daha onu tapa bilməz.


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации