Электронная библиотека » Айзек Азимов » » онлайн чтение - страница 3

Текст книги "Sözlərin tarixi"


  • Текст добавлен: 16 декабря 2022, 19:21


Автор книги: Айзек Азимов


Жанр: Прочая образовательная литература, Наука и Образование


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Faşist

Adətən, hakimiyyətdə olan insanlar başqalarından seçilmək üçün hansısa fərqləndirici nişan taxır və ya müəyyən bir paltar geyinirlər. Belə olan halda məmur özü şəxsiyyət kimi nə qədər nəzərə çarpmayan olsa da, insanlar dərhal onu tanıya, təmsil etdiyi hakimiyyət orqanını müəyyənləşdirə bilirlər.

Qədim zamanlarda bu xüsusilə vacib idi. Çünki fotoşəkil, televiziya mövcud olmadığından hakimiyyətdə olanları sifətdən hamı tanımırdı; məsələn, Romanın əhəmiyyətli vəzifələr tutan məmurlarını üstlərində hakimiyyətin fərqləndirici nişanı olmasa, çətin ki kimsə tanıyardı; misal üçün, Roma magistratı1010
  Qədim Romada ali dövlət vəzifəsi


[Закрыть]
adam içinə ancaq əllərində qırmızı lentlə bağlanmış bir dəstə çubuq olan məmurların müşayiəti ilə çıxarmış. Bu çubuqların ortasında ağzı gözə çarpsın deyə bir az qabaqda yerləşdirilmiş balta var idi. Çubuqlar magistratın insanları döydürərək cəzalandırmaq, balta isə öldürmək hüququnun olmasına işarə edirdi. Qırmızı lent isə qanı təcəssüm etdirirdi. Çubuqlar latın dilində bağlama, dəstə mənası verən fassiya adlanırdı.

1919-cu ildə keçmiş sosialist Benito Mussolini yeni partiya formalaşdırmağa başladı. I Dünya müharibəsi yenicə başa çatmışdı. İtaliya qalib ölkələr sırasında yer almasına baxmayaraq, müharibənin gedişində ağrılı məğlubiyyətlərə də uğramışdı. Ölkədə işsizlik hökm sürürdü və dövlət kommunist inqilabı təhlükəsi ilə üz-üzə qalmışdı.

Mussolini hiss etmişdi ki, əgər o, güclü antikommunist mövqedən çıxış etsə, orta sinif və yüksək təbəqənin dəstəyini ala biləcək . O, aşağı sinif nümayəndələrinin tətil və digər sosial etirazlarla çıxış etmək hüquqlarının məhdudlaşdırılmasını istəyənlər tərəfindən razılıqla qarşılanacaq avtokrat hökumət qurulmasını təklif edir. Mussolini rəmz kimi insanların şüurunda hakimiyyət və cəzanı təcəssüm etdirən fassiyanı seçir, öz hərəkatını isə fassimo adlandırır. Bu söz başqa dillərdə faşizm, hərəkatın üzvləri isə faşist adlanmağa başlandı.

Mussolini hakimiyyətə 1922-ci ildə gəldi, digər ölkələrdə isə bu cür qruplar 20–30-cu illərdə yarandı. Onlar hər biri ayrılıqda və hamısı birlikdə özləri ilə hər yerə qəddarlıq, eləcə də tiraniya gətirdilər.

Getto

Orta əsrlər və yeni tarixin başlanğıcında yəhudilər Qərbi Avropada acınacaqlı həyat sürürdülər. Onlara nifrət edir və həqarətlə baxırdılar. Yəhudilər, demək olar, bütün hüquqlardan məhrum vəziyyətdə, hər an həyatları təhlükə altında yaşayırdılar.

Xristianların çoxu yəhudilərə o qədər nifrət edirdi ki, onları seqreqasiya etməyi, yəni üzlərini görməmək üçün xüsusi ayrılmış bir yerə köçürülmələrini təklif edirdilər. Bu təklifi əsaslandırmaq üçün hətta humanist səbəblər gətirilirdi; məsələn, deyirdilər ki, birinci səlib yürüşündən bu yana nadan və cahil insan kütləsi vaxtaşırı yəhudilərə hücum edir, hətta onları öldürür. Bu səbəbdən də yəhudilərin təhlükəsizliyi baxımından onların təcrid edilmiş, hasara alınmış bir ərazidə yaşaması daha məqsədəuyğundur.

Bəzi yerlərdə, həqiqətən də, belə etmişdilər; məsələn, venesiyalılar bu məqsədlə Getto adlanan ada seçmişdilər. Bu söz “dəmirçixana” kimi tərcümə olunur. Ola bilsin, həqiqətən də, vaxtilə həmin adada dəmirçixana yerləşirmiş. 1516-cı ildə bu ada yəhudi məhəlləsinə çevrildi.

Hansısa səbəbdən Venesiyanın yəhudi məhəlləsi elə məşhurlaşdı ki, İtaliyanın bütün yəhudi məhəllələri getto adlandırılmağa başlandı; misal üçün, Romanın da öz gettosu var idi. 1556-cı ildə şəhərdəki bütün yəhudilər zorla ora yerləşdirildi. Sonralar bütün şəhərlərdə yəhudi məhəllələri getto adlandırılmağa başlandı; məsələn, Almaniyada Frankfurt gettosu mövcud idi. Yeri gəlmişkən, milyonçu Rotşildlər sülaləsi buradan çıxmışdı.

Fransa inqilabından sonra Avropanın bütün gettoları bağlandı, ancaq bundan az qala əsr yarım sonra – 1940-cı illərin əvvəllərində, nasistlərin dövründə bədnam Varşava gettosu yaradıldı.

ABŞ-da “getto” sözü yeni məna kəsb etdi. Bu adla yeni ev almağa ümidləri belə olmayan milli azlıqların – puertorikalı və zəncilərin yoxsulluq içində yaşadıqları xarabalıqlar çağırılır.

Gilyotin

Qədim dövrlərdə, eləcə də orta əsrlərdə bir çox cinayətlərə görə ölüm hökmü çıxarılırdı. Bunun səbəbi cəmiyyətin çoxsaylı həbsxanaları saxlamaq üçün maliyyə imkanlarının məhdud olması idi. Canilərdən qurtulmağın ən sadə yolu isə onları asmaq idi. Bunun üçün vur-tut kəndir və dar ağacı lazım idi.

Ancaq söhbət zadəganlardan gedirdisə, onları rəiyyətdən fərqli edam etmək lazım idi və onların başlarını bədənlərindən üzürdülər. Bunun üçün qılınc (zadəganın silahı) və balta lazım idi. Əgər hər şey düzgün yerinə yetirilirdisə, edam olunan bir göz qırpımında həyatla vidalaşırdı. Ancaq səriştəsiz cəllad birinci zərbədən başı üzə bilmirdisə, qurbanına dəhşətli əzablar yaşadırdı. Ölümə məhkum olanlar da ölümün özündən çox məhz bundan qorxurdular.

Orta əsrlərdə vaxtaşırı ağır bıçağı daha sürətlə enərək başı bədəndən xeyli dəqiqliklə ayıran qurğular peyda olurdu. Ancaq belə ölümlər “alicənablıqdan” uzaq sayıldığı üçün bu qurğulardan nadir hallarda istifadə olunurdu.

Fransa inqilabı günlərində inqilabi qanunverici orqanın üzvü, həkim Jozef İqnas Gilyoten məhkumların edam olunması üçün mexaniki bıçaqdan istifadə edilməsi təklifini irəli sürdü. Onun fikrincə, bu həm daha humanistcəsinə idi, həm də edam prosesini o qədər asanlaşdırırdı ki, demək olar, istisnasız olaraq bütün caniləri edam etməyə imkan verirdi. Bununla da zadəgan və rəiyyətin edamlarındakı fərq aradan qalxmış olurdı.

1792-ci il aprelin 25-də mexaniki bıçaq ilk qurbanının həyatına son qoydu. Bu, qəddar bir quldur idi. Mexaniki bıçaq onun istifadəsi üçün mübarizə aparmış insanın şərəfinə “gilyotin” adlandırıldı. Bu sözü 1793–94-cü illərdə hökm sürən dəhşətli terrordan ayrı təsəvvür etməyən insanlar gilyotini az qala qəddarlığın sinonimi hesab edirdilər. Ancaq ölüm hökmü mövcud olan müddətdə gilyotin, ola bilsin, bu hökmün yerinə yetirilməsinin ən humanist üsulu olaraq qalacaq. Fransızlar indiyədək ondan istifadə edirlər1111
  Hazırda Fransanın da üzvü olduğu Avropa İttifaqında və bir çox başqa ölkələrdə, o cümlədən Azərbaycanda ölüm hökmü ləğv edilib.


[Закрыть]
.

Belə söz-söhbət gəzir ki, guya Gilyotenin özünün də başını gilyotinlə kəsiblər, amma bu belə deyil. O, terrorun hökm sürdüyü vaxtdan iyirmi bir il sonra, yetmiş altı yaşında öz əcəli ilə, çarpayısında vəfat edib.

Gimnaziya

Demək olar ki, qədim dünyanın heç bir xalqı bədən tərbiyəsini yunanlar qədər sevmirdi. Onlar hesab edirdilər ki, insan hər şeydə – əqli, fiziki və mənəvi inkişafda mükəmməlliyə çatmalıdır. Bütün böyük hadisələri onlar yarış keçirməklə qeyd edirdilər. Bu yarışların ən görkəmlisi isə dörd ildən bir keçirilən və bütün yunanları mükəmməllik uğrunda birləşdirən Olimpiya oyunları idi. Bu oyunlar keçirilən müddətdə hətta müharibələrə ara verilirdi. Digər tərəfdən yunanların keçirdiyi yarışlar insanın təkcə fiziki imkanlarının nümayişi deyildi. Yunanlar eyni zamanda zehni inkişaf etdirən yarışlar da keçirirdilər.

Müxtəlif oyunlar və məşqlər vacib sayıldığından, təbii ki, bu yarışlara hazırlaşmaq üçün xüsusi ayrılmış yerlər olmalı idi. Yunanlar paltar bədənlərini narahat etməsin deyə bədən tərbiyəsi və idmanla çılpaq məşğul olurdular. Bu səbəbdən də yunanların fiziki hazırlıqla məşğul olduqları yer “gymnasion” (latınca “gymnasium” yazılırdı), yəni “çılpaq şəkildə məşq etmək üçün yer” adlanırdı.

Yunanlar həm bədəni, həm də əqli inkişaf etdirməyin vacib olduğunu hesab etdiklərindən gimnaziya qaçış və ağırlıq qaldırmaq üçün nəzərdə tutulan yerdən daha vacib bir məkana çevrildi. Bura toplaşan insanlar fəlsəfi və elmi mövzularda söhbət etməyi sevirdilər. Beləliklə, gimnaziyalar tezliklə həm məşq üçün ayrılan yer, həm də məktəb sayılmağa başlandı.

Tədricən gimnaziyalar Böyük İsgəndərin istila etdiyi ərazilərdə yunan mədəniyyətinin yayılması üçün əla vasitəyə çevrildi. Bu, Asiya və Afrikanın idmanın müxtəlif növləri ilə məşğul olmağa o qədər də həvəs göstərməyən və çılpaq bədən görəndə pərişan olan xalqlarını qorxuya salırdı; məsələn, bu, yəhudilərin hislərini təhqir edirdi və e.ə. 166-cı ildə Makkaveylərin qaldırdığı üsyanın əsas səbəblərindən biri məhz Selevkilərin çarı IV Antioxun əmri ilə Yerusəlimdə gimnaziya tikilməsi idi.

Biz ingilis dilində indiyədək “gymnasium” sözünü ancaq idmanla məşğul olunan yerlər üçün işlədirik. Almanlar isə bu sözdən əqlin inkişaf etdirilməsi üçün nəzərdə tutulan məkan mənasında istifadə edirlər. Gimnaziya onlar üçün məktəbin sinonimidir1212
  Bizdə də gimnaziya məktəb anlamına gəlir.


[Закрыть]
.

Heroqlif

VII əsrdə yunanlar ilk dəfə Misirə gəlib çıxdılar: kimi tacir, kimi də muzdlu əsgər qismində. Hər şeylə maraqlanan və iti zəkaları ilə fərqlənən yunanlar hara gedirdilərsə, 2500 ildən artıq mövcud olan bir mədəniyyətin möcüzələrinə, onun yaratdığı əzəmətli tikililərə rast gəlirdilər. Bütün bunlar onlar üçün naməlum və yad idi.

Saçları dibindən qırxılmış misirli kahinlərin hərdən yunan turistləri aparıb gəzdirdikləri sirli, qapqaranlıq məbədlər onlarda unudulmaz təəssüratlar yaratdı. Divarlar qədim yazılarla dolu idi. İnsanların, quşların, heyvanların kiçik təsvirləri və sözləri əvəz edən dalğavarı xətlər qaranlıqda sezilirdi.

Bu qədim yazıların nə demək olduğu haqda yunanların təsəvvürləri belə yox idi. Misirlilərin özlərinin də bu barədə məlumatı az idi. Bələdçilər bu yazıları ya tərcümə edə bilmir, ya da bilərəkdən etmir, barbarlar ölkəsindən gəlmiş bu vəhşiləri Misirin sirləri və əzəməti ilə heyran qoymaq istəyirdilər.

Yunanlar, əsasən, məbəd divarları və qəbir daşlarının üzərində yonulmuş bu işarələri müqəddəs oyma adlandırırdılar. Yunan dilində bu, “hieroglyphikos” kimi səslənirdi. Buradan da həmin söz ingilis və başqa dillərə keçdi.

Daş üzərində oyulmuş bu yazıların tarixi kökləri məlum olmadığından anlaşılmaz, şifrlənmiş və sirli hər şey “heroqlif” sözü ilə ifadə edilməyə başlandı.

Amma bu gün heroqlif dedikdə artıq sirli və mistik heç bir şey yada düşmür. 1799-cu ildə, Napoleon Bonapartın dövründə, fransız ordusu Misiri tutanda əsgərlərdən biri e.ə. 197-ci ilə aid belə yazıların qalıqlarını tapır. Bu, üç müxtəlif üsulla yazılmış adi elan idi: yunanca və misir dilinin iki variantında. Bu yazı, bir növ, kiçicik lüğət rolunu oynadı və fransız arxeoloqu Jan Fransua Şampolyon yunan dilini dayaq nöqtəsi götürərək heroqlifləri oxuya bildi.

Hicrət

Təxminən 570-ci ildə Məkkənin (Ərəbistan) tanınmış və hörmətli ailələrindən birində oğlan uşağı anadan olur. Uşağın adını Məhəmməd qoyurlar. Atasının ölümündən sonra onun uşaqlığı və gəncliyi yoxsulluq içində keçir. Hələ cavan yaşlarından kommersiya sahəsində bacarığı ilə seçilən Məhəmməd bir dul qadının ticarət karvanlarını elə məharətlə idarə edir ki, qadın bütün biznesinin idarəçiliyini ona həvalə edir və gəncin iyirmi beş yaşı tamam olan kimi ona ərə gedir. Məhəmməd təxminən qırx yaşında olanda monoteist, yəni bir allaha inanan dini təbliğ etməyə başlayır. Bu yeni dinə xristianlıq və iudaizmin böyük təsiri olmuşdu.

İlk vaxtlar ona qulaq asanları heç nə ilə maraqlandıra bilməmişdi. Məhəmmədə yalnız həyat yoldaşı, həmçinin ailə üzvləri və yaxın dostlarından ibarət kiçik bir qrup inanırdı. Tədricən onun moizələri insanların düşüncələrinə təsir etməyə başladığından Məkkənin varlı tacirləri narahat olmağa başladılar. Buna görə də Məhəmməd tez bir zamanda onlar tərəfdən sıxışdırılmağa başlandı.

619-cu ildə həyat yoldaşının dünyasını dəyişməsi ilə Məhəmməd ciddi problemlərlə üzləşdi. Çünki həmin qadın ətrafdakılara müsbət təsir göstərirdi. Onun ölümü ilə vəziyyət dəyişdi və 622-ci il iyulunun 16-da Məhəmməd Məkkədən qaçaraq oradan 200 mil şimalda yerləşən və yeni salınmasına baxmayaraq artıq böyük nüfuz qazanmış Mədinə şəhərində sığınacaq tapdı. Onun tərəfdarlarından bir çoxu özündən əvvəl bu şəhərə gəlmişdi və əgər Məhəmməd məhz həmin gün bura qaçıb gəlməsəydi, çox güman, Məkkədə öldürüləcəkdi.

Mədinəyə gələn gündən tale Məhəmmədin üzünə gülməyə başlayır. O, döyüşə gedən dəstələrə başçılıq edərək çoxlu qələbələr qazanır. 629-cu ildə Məhəmməd Məkkəyə qalib kimi qayıdır və 632-ci ildə o, dünyasını dəyişəndə bütün Ərəbistan onun nəzarətində idi.

Onun davamçıları öz orduları ilə Ərəbistan hüdudlarından kənara çıxıb yüz il ərzində Qərbi Asiya və Şimali Afrikanı tamamilə istila etdilər və əhalisi bütünlüklə Məhəmmədin dininə (islama) etiqad edən nəhəng imperiya qurdular.

639-cu ildə yeni dövrün başlandığı tam aydın idi. Bu dövrün başlanğıc nöqtəsi məhz Məhəmmədin Mədinəyə hicrəti (mühacirət, qaçış) adı verilmiş qaçışı sayılmağa başlandı.

İsa anadan olan gün xristian təqviminin başlanğıcı sayıldığı kimi, hicrət də indiyədək müsəlman tarixinin başlanğıcı hesab edilir.

İmperiya

Əvvəllər latın dilində istənilən hərbi birləşmənin komandiri “imperator” adlanırdı. Tədricən bu söz baş komandan mənasında işlənməyə başladı.

E.ə. 31-ci ildən Oktavian Sezar Romanın mütləq hakimi oldu. O, əvvəllər ayrı-ayrı adamların rəhbərlik etdiyi bir çox dövlət idarələrinin başına keçdi. O həmçinin özünü Avqust adlandırmağa başladı (bax: “Avqust”). Ancaq bir çox titul və vəzifələrdən ən əhəmiyyətlisi “imperator” sayılırdı. Oktavian Sezar Roma ordusunun baş komandanı idi və məhz bu onun özünü qüdrətli, hakimiyyətini isə sarsılmaz edirdi. Bu səbəbdən də Avqustun tətbiq etdiyi idarəçilik üsulu imperiya adını aldı.

Əslində, “imperiya” anlayışı təkcə Roma imperiyasına şamil edilməli idi. 476-cı ildə imperiyanın qərb hissəsi dağılsa da, şərq hissəsi hələ də mövcud idi. Konstantinopolda özünü Roma imperatoru adlandıran padşahlar 1453-cü ilədək hökmranlıq etdilər. Qərbdə bu titulu 800-cü ilədək – Roma papası Böyük Karlı imperator elan edənədək tanımadılar.

Həmin qərb imperatorları (“Müqəddəs Roma imperiyası”nın imperatorlarından söhbət gedir. İmperiya özü isə papa tərəfindən müqəddəs elan edildiyi üçün belə adlanırdı) 1806-cı ilədək hökmranlıqlarını davam etdirdilər. Bu, Napoleonun özünü Fransa imperatoru elan etdiyi illər idi. O dövrdə ürəyi istəyən hər bir padşah özünü imperator adlandıra bilərdi. Yaşadığımız dövrdə isə biz yalnız Yaponiya imperatorundan danışa bilərik.

Romalılar bir çox qeyri-Roma xalqlarını idarə etdiklərindən indi tərkibinə əhalisi ayrı dildə danışan və ayrı mədəniyyətə mənsub olan bir neçə ölkənin daxil olduğu dövlət imperiya hesab olunur (keçmiş Britaniya imperiyası kimi)1313
  Biz isə buna misal kimi keçmiş Rusiya imperiyasını və ya SSRİ-ni göstərə bilərik.


[Закрыть]
. Başqa dildə danışan və başqa mədəniyyətə aid olan ölkələri idarə etmək üçün əlindən gələni edən dövlətin siyasəti isə imperialist siyasət, ya da sadəcə, imperializm adlandırılmağa başlandı.

İyul

Roma imperiyası zamanı təqvim Ayın Yer kürəsi ətrafındakı hərəkətinin dövriliyinə əsaslanırdı. Hər yeni təqvim ayı Ay hilal olanda başlayır, yeni ilin ilk günü isə martın 1-i sayılırdı. Bu çox narahat təqvim idi. Üstəlik də, kahinlər ona yaxşı nəzarət edə bilmədiklərindən e.ə. I əsrdə dolaşıq bir vəziyyət yaranmışdı.

Misirdə isə əksinə, təqvim ayının göydəki Ayla heç bir bağlılığı yox idi. Hər ay 30 gündən, il 12 aydan ibarət idi. Artıq 5 gün isə ilin axırına əlavə edildiyindən il 365 gün davam edirdi. Yunan astronomları ildə 365, üstəgəl dörddə bir gün olduğunu bilirdilər. Buna görə də Misir təqvimi bir az qeyri-dəqiq olsa da, bu vəziyyətdə belə romalılarınkından qat-qat yaxşı idi.

E.ə. 48-ci ildə Yuli Sezarın gəmiləri Misirin paytaxtı İsgəndəriyyə limanında lövbər saldı (bu vaxt Romada vətəndaş müharibəsi gedirdi).

Misirdə bir il qaldığından Sezarın yerli təqvimlə diqqətlə tanış olmağa və onun Roma təqvimindən üstün cəhətlərini öyrənməyə kifayət qədər vaxtı var idi. O, yunan astronomu Sosigenin yardımından istifadə etdi və Romaya qayıdan kimi yeni təqvimin tətbiq edilməsinə əmr verdi. Yeni təqvimə görə ildə 12 ay var idi. 5 artıq gün isə bir yox, bir neçə aya əlavə olunduğundan bəzi aylar 30, bəziləri isə 31 gündən ibarət idi. (Fevral uğursuz ay sayıldığından ondan bir neçə gün çıxarıldı.)

Artıq qalan dörddə bir günü də unutmadılar. Hər dörd ildən bir bunlardan tam gün yaranır və ilə əlavə olunurdu. Beləliklə də, hər dörd ildən bir 366 gündən ibarət uzun il olurdu. Bundan əlavə, ilin başlanğıcı martın 1-dən yanvarın 1-nə keçirildi.

Yuli Sezarın bu əməyini qiymətləndirmək üçün doğulduğu kvisetili ayı onun şərəfinə iyul oldu. İndiyədək biz bu ayı belə adlandırırıq.

Kannibal

İnsanın müəyyən şəraitlərdə bir-birini yeməsinə icazə verən mədəniyyətlər mövcud olub və olmaqdadır. Bəzi hallarda bu, dini motivlərdən irəli gəlib, digər hallarda isə özü kimisini yeyən bunu qurbanına xas olan xüsusiyyətlərə sahib olmaq məqsədilə edib.

Mədəni cəmiyyətlərdə isə, hansısa fövqəladə vəziyyətlər istisna olmaqla, belə bir təcrübə mövcud deyil. Buna görə də adamyeyənlik barədə xəbərlər insanlarda ikrah və dəhşət hislərindən başqa heç nə oyada bilməz. Öz əsatirlərində adamyeyənlər haqda əfsanələr yaradan yunanlar belələrini antropofaq adlandırırdılar. Hərfi tərcüməsi elə adamyeyən deməkdir.

1492-ci ildə Xristofor Kolumb Atlantik okeanı ilə özünün məşhur səyahəti zamanı digər yerlərlə bərabər, indi bizim Kuba və Espanyola (sonuncunun ərazisində hazırda Haiti və Dominikan Respublikası yerləşir) adlandırdığımız adaları da tədqiq etmişdi.

Orada Kolumb özlərini kalina, yəni güclülər adlandıran hindu qəbiləsi ilə tanış olur. Bu qəbilənin üzvləri Vest-Hindin1414
  Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi bölgə


[Закрыть]
bir neçə kiçik adasında, həmçinin Mərkəzi və Cənubi Amerikanın sahillərində yaşayırdılar.

Kuba və Espanyolanın yerli əhalisi onlardan bərk qorxurdu. Kubalı hindular həmin qəbilənin adını təhrif edərək kaniba, Espanyola sakinləri isə kariba adlandırırdı. Bəs “güclülər”dən gələn təhlükə nədən ibarət idi? Məsələ ondadır ki, onlar məğlub etdikləri düşmənlərini əsir götürür və yeyirdilər. Ola bilsin, kiçik adalarda qida tapmaq çətin olduğundan öldürülmüş düşmənin əti kasıb yemək süfrəsini zənginləşdirirdi. Kolumb və onun adamları bundan dəhşətə gəlmişdilər. Sonralar ispanlar “güclüləri” tamamilə məhv etdilər.

Bu əhvalat Avropaya gəlib çatanda antropofaqları kannibal adlandırmağa başladılar və bu söz bir çox dillərdə özünə möhkəm yer tutdu. Karib dənizi isə öz adını bu qəbilənin adının ikinci variantından – karibadan götürüb.

Karl

Qədim tevton dilində (alman və ingilis dilləri bu dildən yaranıb) ”eorl” və “ceorl” insan demək idi. İlk vaxtlar, ola bilsin, bu sözlər eyni mənanı verirdi, ancaq sonradan onların inkişaf yolları ayrıldı. Birincisi ancaq yüksək təbəqədən olan insanlara, ikincisi isə rəiyyətə şamil edildi. İngilis dilində “earl” (erl) sözü birincidən törəyərək geniş yayılmış zadəgan titulu olan qraf mənasında işlənməyə başlandı. “Ceorl” sözünə gəldikdə isə o, “churl”a (kəndli) çevrildi. (“Churl” sözü indi ingilis dilində nadir hallarda işlənir, amma ondan törəmiş churlish – avam, sadəlövh – geniş yayılıb. Bu söz özünü kəndçi kimi aparan, kurtuaz (“court” sözündən yaranıb, mənası saray, insanların özünü çox nəzakətli apardığı kral iqamətgahı deməkdir) davranışları qavraya bilməyən, yəni ədəbsiz və mərifətsiz adamlar haqqında danışanda işlənir.)

Alman dilində bu sözlərdən Karl adı törədi. Təxminən 698-ci ildə Geriştaldan olan frank zadəganı Pepinin qeyri-qanuni oğlu dünyaya gəlir. Atası, çox güman, anasının aşağı təbəqədən olduğuna işarə olaraq adını Karl qoyur. Karl böyüyərək çox güclü bir hökmdara çevrilir və 732-ci ildə Tur ətrafında müsəlmanlar üzərində qələbə çalır. Onu ən çox Çəkic Karl (və ya Karl Martell) kimi tanıyırlar. Bu ad ona döyüşlərdə düşmənə sanki çəkiclə endirdiyi zərbələrinə görə verilmişdi.

Onun nəvəsi də Karl, daha əzəmətli Karl – Böyük Karl oldu. Tezliklə bu ad Qərb monarxları arasında ən populyar ada çevrildi. Avstriya, Böyük Britaniya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Rumıniya, İspaniya və İsveç krallarının adları Karl idi.

Bundan əlavə, bu adın latınlaşdırılmış variantı olan Carolus (Karol) və ondan törəyən soyadlar da bir çox ölkələrdə geniş yayıldı. Çarlz Kerrol ABŞ-ın müstəqillik deklarasiyasını imzalayanlardan biri idi; Mixay Karoli II Dünya müharibəsindən sonra Macarıstanın baş naziri olub; Jak Şarle isə XVIII əsrin fransız alimi idi.

Bu adın qadın variantları isə Karolina, Karlotta və ya Şarlottadır. İngiltərənin üç kraliçası, o cümlədən III Georqun nənəsi və həyat yoldaşı bu adı daşıyıblar.

Kəşmiri

Kəşmir Hindistanın ən şimal bölgəsidir. Bu bölgə Qaraqorum sıra dağlarının baş silsiləsindən cənubda yerləşir. Dağlıq ərazi olduğundan burada Hindistanın istidən od tutub yanan düzənlik ərazilərində, Əfqanıstan və İranın yarımsəhralarında yaşayan insanların həsrətində olduqları sərinlik hökm sürür.

Dağların arasında Celum çayının vadisi daldalanır. O, uzunluğu 80, eni isə 20 mil olan ərazini əhatə edir. Bura zirvələrin əhatəsində yerləşən çox gözəl təbiəti, sərin iqlimi, münbit torpağı olan bir yerdir. Ondan qərbə və cənuba uzanan torpaqlarla müqayisədə bu vadi rahatlıq və sakitlik vahəsidir. Kəşmir vadisi adlandırılan bu yer Şərq ədəbiyyatına cənnətin sinonimi kimi daxil olub.

Kəşmir zaman-zaman müxtəlif imperiyaların tərkibində olduğundan tarixdə iz buraxmayıb. Əvvəlcə o, Moğollar dövlətinin (bax: “Moğollar”), sonra Əfqanıstanın, daha sonra sikx şahlığının və nəhayət, Britaniya Hindistanının bir hissəsi olub.

1947-ci ildə ingilislər Hindistandan getdikdən sonra iki müstəqil dövlət – Hindistan və Pakistan yarandı. Bununla belə, Kəşmirin statusu qeyri-müəyyən olaraq qaldı. Kəşmirin əhalisinin, əsasən, müsəlmanlardan ibarət olmasına baxmayaraq ora, adətən, induizmin təmsilçisi tərəfindən idarə olunub. Bu əraziyə həm Hindistan, həm də Pakistan iddia edib, bura hazırda da böyük hissəsi Hindistana məxsus olmaqla bölünmüş vəziyyətdədir. 1965-ci ildə Hindistan və Pakistan arasında bu ərazi üstündə, demək olar ki, nəticəsiz bitmiş balaca müharibə də baş verdi.

Qərbdə Kəşmir daha çox paytaxt Şriniqarda Kəşmir keçiləri adlanan, əhliləşdirilmiş Asiya keçilərinin zərif yunundan alınan yun ilə tanınır. Bu yundan istehsal olunan parça bütün məlum parçaların ən məşhurudur. Buranın məhsulu olan şallar Kəşmir şalı adlanır. “Kəşmiri” sözü isə Kəşmir keçisinin yunundan alınıb-alınmamasından asılı olmayaraq keyfiyyətli yundan hazırlanmış istənilən parçadan söz düşəndə işlənir.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации