Текст книги "Keçmişdən gələn səslər"
Автор книги: Болеслав Прус
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
YEDDİNCİ FƏSİL
Pan Yan arzulayır, Qayda isə təəccüblənib
Pan Yan Şmulun: “Hərəyə beş morq istəyirlər” yazısını alaraq, işin nə yerdə olduğunu dərhal anladı və barəsində hələ bir neçə gün əvvəl heç fikirləşmək belə istəmədiyi uçurumun kənarında dayandığını hiss etdi. O, qızdırmaya düşdü, ilk anda hətta ruhdan düşdü, amma sonra təəccüblə bütün xülyaların itirilməsinin hələ ən dəhşətlisi olmadığına əmin oldu.
Bu dəqiqədən etibarən pan Yanın arzuları başqa istiqamət aldı, onlar doğrudur, daha az müəyyən, ancaq əvəzində geniş və əlverişli, uçuşlarını heç nəyin sıxışdırmadığı sahəyə keçdi.
Əvvəlcə bəd xəbərə görə Şmula qarşı inciklik kimi bir şey hiss etdi, ancaq bununla belə, bu adamın ona sadiq olduğuna bir daha əmin oldu. Sonra xidmətçiləri və ev qulluqçularını xatırladı və mülkün satılmasından alacağı pulla hamısı ilə hesablaşmaq qərarına gəldi. Nökərlərini incitməyə heç cür meylli deyildi, bu heç onun haqq-hesabına da daxil deyildi.
Anelka haqqında fikirləşdi və tez onun barəsindəki fikri qovdu… Sonra arvadı və Yuzek barəsində fikirləşdi. Indi ailəsinin hansı vəziyyətdə qaldığını fikirləşmək istəmirdi. Bunun müvəqqəti olduğunu, itib-batmayacaqlarını, xalanın kömək edəcəyini özünə təkrar edirdi. Yalnız, o tez qayıdaydı…
Lap bu yaxınlarda yenidən təmir edilmiş, əvvəlki zamanlarda qonaqlarla birlikdə elə hay-küylə şənləndiyi ev haqqında, ov etdiyi meşələr, ona cəmiyyətdə şərəfli mövqe verən bütün bu torpaqlar barəsində fikirləşirdi… Indi isə o laxlayacaq!.. Nəhayət, bu mülk arvadına məxsusdur, ona cehiz kimi gətirmişdi və uşaqlarına keçməli idi! Xala, xala qurtarar, o hər şeyi yoluna qoyar! Kəndlilərə isə yerində oldu, əgər belə xəsis axmaqlardırsa, ikiüzlü və ədalətsizdirlərsə, qoy yeni mülkədarları olsun. Kimdən məhrum olduqlarını və öz inadcıllıqlarından yana nə etdiklərini öyrənəcəklər!
Intiqam yanğısı və xalaya ümid elə güclü idi ki, pan Yanı mülkün itirilməsi və ailəsinin gələcəyi barəsindəki fikirlərdən olduqca tez yayındırdı.
Lakin Anelka, onun şanlı, demək olar, böyümüş qızı qalırdı. Cehizsiz, təhsilsiz qızı hansı tale gözləyir?.. O, bağı, otağını elə sevir ki… Atası haqqında nə fikirləşəcək? Ona elə inanırdı ki…
Anelka pan Yanın gözündə, sanki, ona hansı pisliyi etdiyini hələ bilməyən bütün ailəni təcəssüm etdirirdi. Anelka hər şeyi hiss edir, hər şeyi anlayar və öz hisslərini bacardığı kimi ifadə edər: yalnız bir baxış, sifətdəki rəng və sual.
“Mürəbbiyədən imtina etmərəm” – pan Yan özünə belə dedi və sanki, xilasedici çıxış yolu tapmış kimi təsəlli tapdı. Mürəbbiyə Anelka qarşısındakı günah hissindən qorunduğu , hər necəsə, qalxan kimi xidmət etməli idi.
Planlarının dağıldığı və mülkü satmaq lazım gələcəyi barədə heç kəsə ağzını da açmadı. Əksinə, şam yeməyində həmişəkindən daha şən idi və yalnız Anelkaya baxmamağa çalışırdı. Lakin gecəni pis keçirdi: hətta, elə bil, qızdırmışdı. Ehtimal, sinirlərinin güclü şəkildə pozulmasından idi ki, yarımyuxuda ona dəhşətli yüksəklikdən düşdüyü kimi gəldi. Bu zaman onun hərəkəti heç nə ilə əlaqəli deyildi, başı gicəlmirdi, yalnız ayaqları altında dayaq olmadığını hiss edirdi. Boğulmuş ruhi iztirablar bəzən özünü simvolik yuxular şəklində göstərir.
Ah, əgər insanın vicdanı ağrısaydı, gəmirsəydi, yandırsaydı! Yox o yalnız hardasa dərinlikdə hiss olunmayan tükdən nazik qurd kimi eşələnir. Insan özünü çimdikləməyə, ayaqlarını taqqıldatmağa, mebelin yerini dəyişməyə başlayır. Ona elə gəlir ki, belə kobud vasitələrlə qurdu qorxudar. Budur, hər şey keçdi! Lakin özünü dinləyirsən, orda, dərinlikdə isə artıq yenə də nə isə və bir an da durmadan qaşıyır.
Borcla yüklənmiş mülkün itirilməsi mücərrəd ideyalar, həyatın əhəmiyyətli hadisələrinin təhlililə məşğul olan və bu dünyadan olmayan adamlara boş şey kimi görünə bilər. Lakin pan Yan üçün bu, böyük bədbəxtlik idi. Payız lehməsində dəfələrlə baldan, yaxud vizitdən qayıdaraq, öz isti, dəbdəbə ilə təchiz edilmiş, soyuq və yorğunluğun unudulduğu evi barədə həzzlə fikirləşmiş və irəlidə, pəncərələrdə alovların sayrışmasını və həyətdə itlərin hürməsini gözləyərək, səbrsizliklə qaranlığa baxmışdı. Bəzən o, şəhərdən gələn yolda həyəcanla evdə onu hansı sürprizin gözlədiyini, arvadına və uşaqlarına bir şey olub-olmadığını özündən soruşmuşdu. Bununla belə, belə həyəcanlar pan Yana olduqca gec-gec baş çəkərdi. O, şəhər həyatını, sifət və əyləncələrin növbələşməsini sevirdi, kənddə oturmaq və turşumaq onun adətində deyildi. Lakin hər şeyin itirildiyi indi acı təəssüflə öz otaqları, park və nohur, Anelka, hətta arvadının qəribəlikləri və Yuzekin xəstəliyi haqqında fikirləşirdi.
Müflisin qəlbini bu cür pişiklər qaşıyırdı. Hər cür başqa, daha amansız fikirlər də gəlirdi… Lkin pan Yan başqa şey barəsində fikirləşməyə çalışaraq, onlara aydın forma almağa imkan vermirdi və beləliklə, daxildəki, hardasa, dərinlikdəki usandırıcı-asta və usanmaz hərəkətlərini nə sürətləndirmək, nə də dayandırmaq mümkün olmayan həmin qurd eşələnməsəydi, nisbi ruhani rahatlıq tapa bilərdi.
O gün səhər pan Yan solğun idi və yorğun görkəmi vardı. Səhər yeməyində ona mehtərlərdən birinin tarlanı korladığına görə Qaydanın atını tutduğunu dedilər. Bu yerdə pan Yan bir qədər canlandı və kəndlilərin vicdansızlığı barədə boşboğazlıq etməyə başladı.
Müəyyən vaxtdan sonra nökər Qaydanın gəldiyini bildirdi. Mülkədar artırmaya çıxdı və orda Anelkanı gördü. Qız qorxaq maraqla sifətinin ifadəsi zəhmlidən daha çox karıxmış olan nəhəngə baxırdı.
– Nə var? – pan Yan belə başladı –Yenə mənim buğdam sənin atlarının xoşuna gəlib?
– Cənab pan, indi necə olduğunun bütün həqiqətini sizə deyəcəyəm, – deyə kəndli yerə qədər ona təzim edərək, cavab verdi. – Gün qalxanda qızıma atları dincə qoyulmuş tarla olan yerdə yolun yanında otarmağı tapşırdım. Bu quldurlar isə dönmüş və buğdaya getmişlər. Sizin mehtər qaçıb gələrək, onları götürəndə bəlkə hələ bir otu qırpmağa da macal tapmamışdılar. Bu yerdəcə ölüm ki, belə olub!
Kəndli şapkasını əlində əzişdirirdi, amma pan Yanın gözlərinə cəsarətlə baxırdı, o isə istehza ilə gülümsəyirdi.
– Hə, – deyə, nəhayət, sözə başladı, – eşitmişəm ki, artıq meşəni torpağa dəyişməyə razılaşmırsız.
Qayda qulağının arxasını qaşıdı.
– Cənab pan, ağalar deyirlər ki, sizdən, heç olmasa, həyətə beş morq almaq lazımdır, – dedi.
– Əgər vermək istəsəydim, hamısını götürəcəyinizi fikirləşirəm.
– Əgər cənab pan versəydi, götürərdik…
– Mən isə elə də xəsis deyiləm və səndən hamısını götürməyəcəyəm… Atlarını buğdada tutmuş mehtərə yalnız üç manat verərsən.
– Allahdan qorxun! Tam üç manat? – deyə Qayda çığırdı.
– Istəmirsənsə, məhkəməyə ver – mülkədar belə dedi.
– Pan! Mənim məhkəmələrdə sürünməyə vaxtımmı var? Yəhudilər məni işə götürüblər, indi şəhərə getmək lazımdır, atlar isə sizdədir. Mərhəmət edin, pan, güzəştə gedin…
– Bəs siz mənə güzəştə gedirsinizmi? Servitutlu meşəyə görə adama beş morq torpaq tələb edirsiniz…
Qayda susurdu.
– Hə, özün de: sən özün mənə acıyardınmı, güzəşt edərdinmi?
– Mənə heç nə lazım deyil, qoy hər şey indiyə kimi olduğutək olsun.
– Deməli,hər şeyin əvvəlki kimi qalması sənə sərfəlidir?
– Aydın məsələdir ki, daha sərfəlidir. Meşədən fayda böyük deyil, amma, hər halda, bir az odun var, mal-qara da yayda qidalanır və buna görə heç kəsə heç nə ödəmirsən. Torpağa görə isə – nə qədər çoxdursa, zəhmət çək, nahiyəyə bir o qədər çox ödə.
– Görürsən, öz xeyrini necə yaxşı başa düşürsən! Onda icazə ver, mən də özümkünü başa düşüm və əgər sənə atlar lazımdırsa, mehtərə üç manat ver.
– Pan, bu sizin son sözünüzdürmü? – Qayda belə soruşdu.
– Sonuncudur. Kim bilir, bəlkə gələn il burda artıq alman ağalıq edəcək – o tarlanı korlamağa görə sizin sonuncu köynəyinizi də çıxaracaq.
Qayda qoltuğuna əl atdı və əsən əlləri ilə dəri pulqabısını çıxardı.
– E, qoy alman olsun, hamısı birdir! Cənab pan, siz də mənim sonuncu köynəyimi çıxardınız… Alın! – O, skamyaya üç manat qoydu. – Qızımın qabırğalarını sayacağam, xatırlayacaq…
– Bax, bax, düzdür, onun qabırğalarını gərəkdiyi kimi say, qoy bilsin ki, özgəninkinə toxunmaq olmaz! – mülkədar gülüşlə belə dedi.
– O, mehtəri səslədi və ona üç manat verərək, Qaydanın atlarını buraxmağı tapşırdı. Sonra otaqlara getdi.
O, qapının arxasında yox olanda Qayda ardınca yumruğu ilə hədələdi. Gözlərini daim kəndlidən çəkməyən Anelka da onun sifətinin necə dəhşətli olduğunu gördü.
“Qızımın qabırğalarını sayacağam, – onun sözlərini fikrində təkrar edir və bütünlüklə əsirdi. – Zavallı Maqda!”
Maqdanın taleyi barəsindəki fikir Anelkaya rahatlıq vermirdi. Onu xilas etmək lazım idi. Amma necə?
Ananın köməyinə hesab götürməyə dəyməzdi – Indi anasında Qaydanı yumşaltmaqdan ötrü ona qaytarmaq lazım olan üç manat tapılmaz. Bəlkə, atasının yanına getsin?
Amma atasının kasıb xalasını necə qəbul etdiyini, onun son sözlərini xatırladı – axı indicə Qaydanı Maqdanı döyməyə qızışdırmışdı! – və atasının yanına getmək fikrindən imtina etdi. Instikt atasının onun Maqdaya şəfqətinə yalnız güləcəyini dedi.
Eyvandan sağda, istixanaların arxasında xidmətlər: anbarlar, pəyələr və tövlələr yerləşirdi. Qayda və mehtər də atların ardınca ora getdilər. “Bir neçə dəqiqə sonra o, evə qayıdacaq və Maqdanı döyəcək! Görəsən, indi qız nə fikirləşir?” – deyə Anelka həyəcanlandı.
O, həyətdən keçdi, sola, istixanaların arxasına döndü və ta yola qədər uzanan barıya tərəf qaçdı. Barının yanında qız, Qaydanı gözləyərək, dayandı. Onunla qarşıdakı söhbət də, Maqdanı hədələyən təhlükə də, nəhayət, atasının onu burda görməsi qorxusu da qızı həyəcanlandırırdı.
Nəhayət, o, at dırnaqlarının xırda taqqıltısını və kəndlinin ağır addımlarını eşitdi. Çəpərdə bir tamasa sınmışdı. Anelka onu kənara hərəkət etdirərək, keçdi, əl və ayaqlarını dalatmaqla, gicitkan bitmiş qanovdan ötdü və Qaydanın yolunu kəsdi. O, əmr etmək üçün doğulmuşdu, – ancaq xahişə gedirdi.
Qayda onu görərək, dayandı və mülkədar qızının saralmış sifətinə və qorxmuş göy gözlərinə qaşqabaqla baxdı.
– Ağa! – Anelka güclə eşidilməklə dilləndi.
– Nədir? – deyə Qayda qırıq-qırıq soruşdu.
– Ağa, siz Maqdanı döyməyəcəksiniz, doğrudurmu? Döyməyəcəksiniz?
Kəndli hətta səndələdi.
– Lütfən … məni dinləyin! O elə balacadır və atlar elə böyükdürlər ki, onlarla necə bacara bilərdi? O mənim çiynimdəndir… Bəs əlləri necədir, görmüsünüzmü? Elə əllərlə atları necə saxlayaydı? Yəqin, onlardan qorxur… Əgər at məndən qaçsaydı, yalnız ağlayardım, başqa heç nə… Maqda, bəlkə də, onların ardınca qaçıb, amma… Əgər at onu dırnaqları ilə şıllaqlasaydı, yəqin, onu öldürərdi…
Qaydanın sifətində qorxu ilə sərhədlənən heyrət oxunurdu. Anelkanın baxışı, səsi, hər bir jesti dəhşətli nəhəngin özünü itirəcəyi dərəcədə hissi qüvvə ifadə edirdi.
– Onu döyməyin! – deyə Anelka birləşdirdiyi əllərini ona uzadaraq xahiş etdi. – Siz belə qüvvətlisiniz, o isə zəifdir. Onu möhkəmcə tutsanız, boğa bilərsiniz! Indi o sizdən necə də qorxur! Yəqin pəncərənin yanında əyləşib və gəlib-gəlmədiyinizi dinləyir… Həm ağlayır, həm də bütünlüklə titrəyir… Axı nə etsin? Atlar günahkardır, ancaq onu döyəcəklər… Nəyə görə?
– Anelka! Anelka! – bağdan panna Valentinanın səsi eşidildi.
Anelka bir anlıq susdu və az qala ümidsizliklə ətrafa boylandı. Amma birdən, sanki, ağlına xoşbəxt fikir gəlmiş kimi, tələsik yaxalığının altından qızıl medalyonunu çölə çıxardı və boynundan götürdü.
–Budur. Baxın, Qayda… Bu allahın anasıdır… o, qızıldandır və Romada qüdsiləşdirilib. Bu, anamın hədiyyəsidir… O, bahalıdır, olduqca, üç manatdan daha artıq bahalıdır. Anam onu mənə bağşlayıb və bütün həyatım boyu daşımağı tapşırıb. Amma siz onu götürün, yalnız Maqdanı incitməyin!
Medalyonu əllərində sıxmış bu balaca qız kəndlinin gözündə o qədər böyüdü ki, qarşısında ksöndz müqəddəs hədiyyələrlə dayanmış kimi, şapkasını çıxardı və dərindən təsirlənərək dedi:
–Pan qızı, öz müqəddəs şəklini gizlət. Axı mən hansısa qeyri-xristian deyiləm, belə şeylərlə alver etmirəm.
–Anelka! Anelka! – deyə pani Valentina səsləyirdi.
–Bəs Maqdanı döyməyəcəksiniz?
–Döyməyəcəyəm.
–Yəqin ki, yox?
–Allah qorusun! – Qayda yumruğunu sinəsinə çırpdı.
–Həm də heç vaxt?
–Heç vaxt balaca uşaqları vurmayacağam, yoxsa, allah cəzamı versin.
–Anelka!
–Onda görüşənə qədər! Sağ olun! – Anelka çəpərə tərəf geriləyərək, ona hava öpüşü göndərdi.
Kollarda xışıltı sakitləşən kimi kəndli dayanıb, onun ardınca baxırdı. Sonra xaç çəkdi və dua mızıldandı. Bu dəqiqə onu arxaya, keçmişə apardı, birinci dualanmasını xatırladı və ürəyi güclü şəkildə döyündü. O, gözləri qarşısında möcüzə baş vermiş insan kimi özünü itirmişdi.
Başını aşağı salaraq və şapkasını hələ də əlində tutaraq, asta-asta evə addımladı və döngədə yox oldu. Xalqın qəlbi – qranit altındakı alovdur.
SƏKKİZİNCİ FƏSİL
IKIQAT QAÇIŞ
Artıq bildiyimiz kimi, panna Valentinanın qəlbi, bir qədər qurumuş olsa da, tam ölməmişdi. Onda nə vaxtsa yolunun üstündə rast gələcək və həyatında olmuş bütün acılara görə isti hisslə onu mükafatlandıracaq ciddi və düşünən insan barəsində arzu bəsləyirdi.
Bundan əlavə, bu xanımın xeyirxah və maarifçi qəlbində başqa insani sim də səslənirdi: əhatə edən təbiət onda bulanıq gərginlik doğururdu. Panna Valentinanın nə itləri, nə çiçəkləri, nə quşları sevməməsini qeyd etmiş Anelkanın təəccübü tərbiyəçisinin qəlbindəki bu simə toxunmuşdu və mürəbbiyə onun pəncərəsinə doğru dəstə ilə uçub gələn sərçələri yemləməyə başlamışdı.
Bu, zəif olsa da, gözəl coşqular qrammatika və coğrafiyanın itaətlilik və ədəb-ərkana, zadəganlara nifrətə, insanın öz vəzifələrini yerinə yetirməsinə və sair və sairə aid olan prinsiplər, daha doğrusu, formullar yükü ilə qalaqlanmışdı.
Bununla belə, əgər hansısa hadisələr bu faydasız zir-zibil yığınını yetəri qədər silkələsəydi, panna Valentinanın psixikasında, heç olmasa, müəyyən müddətə çevriliş edə bilərdi. Daha doğrusu, bu, çevriliş, xarakterdə dərin dəyişikliklər deyil, qəlbin həyatı xoş eləyən müəyyən yumşalması olardı.
Belə hadisələr baş verdi. Onlardan birincisi hamını nazlandıran və arzular oyadan, yüksək inkişaf etmiş adamlarda isə platonik məhəbbətə meyllilik doğuran yay idi. Ikinci hadisə pan Yanın gəlişi idi: bu yaraşıqlı kişi qadın düşgünü şöhrətinə malik idi və panna Valentinaya yalnız onun bəkarətinə qəsd etməyə məqam gözləyən iblis kimi görünürdü. Nəhayət, panna Valentinanın başını ən çox gicəlləndirən sonuncu hal Anna xalanın pan Saturnin barəsindəki hekayəti oldu. Bu, mürəbbiyənin çoxdankı tanışı idi, lakin o qədər kişinin olduğu şəhərdə ona az diqqət vermişdi. Indi isə, öz tənhalığında və oyanmasında artıq pan Saturnində öz idealını görməyə meylli idi.
Budur, bütün bu səbəblərin – yayın, təhlükəli yoldançıxaranın, uzaqdakı pan Saturninin məhəbbətinin – təsiri altında panna Valentinanın qəlbində qaynama başladı.
Artıq bir neçə gün idi ki, kitablar arxasında əyləşərək darıxırdı, gündəlik vəzifələri zəhləsini tökmüşdü. O, Anelkaya həyat müdrikliyi və yaxşı davranış dərsləri vermək əvəzinə, sərçələri yemləməyə, ya da baxışlarını məqsədsiz olaraq, bağ boyu gəzdirməyə üstünlük verirdi. Hansısa iki-üç həftədən sonra ona nə olacağı sualı da panna Valentinanı az maraqlandırmırdı. O, pan Yanın işlərinin iflas ərəfəsində olduğunu başa düşürdü. O harasa getmək, nədənsə qaçmaq, bəzən isə, əksinə, hadisələri sürətləndirmək – bir sözlə, nə isə, qeyri-adi nə isə etmək istəyirdi.
Bu rəngsiz arzu və ləng coşquların mikroxaosunun mərkəzi də sadə qəza məmuru pan Saturnin oldu. Panna Valentina unutmadığına görə ona minnətdar idi, görünür, sevgidən iztirab çəkdiyinə görə, ona acıyır, sədaqətinə görə hörmət edirdi və kişi, əlbəttə, oxumuş və düşünən kişi, olduğuna görə, artıq onu sevməyə hazır idi. Panna Valentina məhəbbəti (xatırlaya bilmədiyi) bu qədər sınaqdan keçmiş insanın xatirinə qadının qurban verməyə və güzəştə getməyə yol verə bildiyini güman edirdi.
O bu qurbanlara hazırlaşaraq, güzgüyə daha tez-tez baxmağa başladı və boynunu qara məxmər lentlə bəzədi. Eləcə də özü üçün kişiləri belə əsir edən xoş qayğısızlıq və şuxluq mənimsəməyə başladı, bəzən zünzümə edir və hətta, bağda gəzir, əlbəttə, onu heç kəs görməyəndə kəpənəkləri qovmağa və hansısa çiçəklərə əl eləməyə cəhd edirdi.
Panna Valentina təbiətən cəsarətsizlərdən deyildi, amma qadınlığın tələb etdiyi kimi, hər şeydən, xüsusən də mənfur başdan çıxaran pan Yandan qorxmağa çalışırdı. O, qəlbini bakirəlik maneəsi ilə əhatə etməyə, doğrudur, fortifikasiya qurğuları arasında sadiq, zərif və kitabları sevən Saturninin daxil olacağı bir təhlükəsiz əlyeri saxlayaraq, hətta onu qalaya çevirməyə can atırdı. Bəzən arzularında əlini onun qara pencəyinin qoluna qoyaraq və nəzərini onun seyrək bakenbardlarına dikərək, küçə ilə necə getdiyinin və birdən pan Yanla rastlaşaraq, ondan zəhərli ilan kimi kənara sıçradığının rəsmini çəkirdi.
Vicdanlı qadının pozğuna qarşı belə ikrah partlayışından sonra isə özü üçün onunla aparmaq lazım gələn təsirli və hətta sarsıdıcı mübarizə mənzərəsini, zəiflik anlarını və son qüvvələrini toplayaraq, nail olduğu qələbəni çəkirdi. Panna Valentina belə arzulayırdı və mübarizə, məğlubiyyətlər və qələbələr yanğısındaydı. Bədbəxtlikdən, görünür, (artıq pul işlərindən danışmayaraq), nahar, istirahət, siqarlar pan Yanı daha çox məşğul edirdi və elm kahininə mübarizə, qadın zəifliyinin aşkara çıxması və zəfərlər üçün heç bir əsas vermirdi.
Panna Valentina belə xülyaların təsiri altında özünü yetəri qədər qəribə aparırdı. Bəzi günlərdə nahar üçün çölə çıxmırdı. Bir dəfə şam vaxtı öz gözəlliklərini böyük mis samovarın arxasında inadla qapayırdı. Tez-tez bütün gecəni səhərə kimi işığını söndürmürdü və kimisə köməyə çağırıb-çağırmamaq sualını ciddi şəkildə fikirləşirdi. Bütün bunları pan Yanın biganəlik və susqunluğu arxasında iyrənc niyyətlərin gizləndiyinə səmimi inamla edirdi və öz kasıb təxəyyülünü işə salaraq, onun hücumunun mümkün nəticələrini tapmağa çalışırdı. Hücumun olacağına son quruşlarına lotoreya bileti alaraq, ən iri uduşun ona çatacağına inanan kasıb çəkməçi qədər qaynar şəkildə inanırdı.
“Bu necə olmaya bilər?” – deyə fikirləşirdi.
Bu arada pan Yan mülkün əlindən sürüşüb çıxdığı nəticəsinə gələrək, hər halda, Anelkanı mürəbbiyədən məhrum etməmək qərarına gəldi. O, üç aya görə ödənməmiş maaşı tezliklə alacağını və irəlidə ona səliqə ilə ödəyəcəklərini, sonra da, həyatlarındakı mümkün dəyişikliklərə və hətta müvəqqəti çətinliklərə baxmayaraq, Anelkanı buraxmamağı xahiş etməyi panna Valentinaya izah etmək niyyətində idi.
Məhz Anelka Qayda ilə danışmaqdan ötrü parkın çərəri arxasına qaçdığı vaxt panna Valentina ona hansısa yeni dərs verməyi fikirləşdi və onu axtarmağa getdi. O, nohuru dolandı, şabalıd ağacının altına baxdı və nəhayət, şagirdini ucadan çağırmağa başladı:
– Anelka! Anelka!
Anelka aşkara çıxmadı, amma onun əvəzinə təəccüblənmiş mürəbbiyənin baxışları qarşısında pan Yan peyda oldu. Ona tərəf rəvan yerişlə, adətən, borclunun vaxtında ödəyə bilməyəcəyini, yaxud yeni borc barəsində xahiş bildirməsindən əvvəl gələn salamlayıcı və melanxolik təbəssümlə gəlirdi.
Lakin panna Valentina bu təbəssümü tamamən başqa cür anlayaraq, möhkəm qorxdu. Ətrafa nəzər saldı: onlar pan Yanla birlikdə bağın baxımsız küncündə, nohurun üstündə tək idilər.
Mürəbbiyə titrədi. Sifətində həmişəkindən kəskin şəkildə irəli çıxan əzələləri nəzərə çarpdı. O, bu pozğun üstünə atılarsa, ölmək qərarına gəldi . Yox, əgər onun ayaqlarına düşsə, necə eləsin? Hələ bunu bilmirdi.
– Panna Valentina, – deyə pan Yan səsinə melodiklik verməyə çalışaraq, başladı – artıq bir neçə gündür ki, sizinlə danışmağa təsadüf axtarıram…
– Bu mənə məlumdur! – mürəbbiyə məhvedici şəkildə ona baxaraq, ucadan və xırıltı ilə hay verdi.
– Məlumdur? – deyə pan Yan soruşdu və panna Valentinaya damarlarındakı qanını donduran baxış ataraq, yaxına addımladı.
– Yaxınlaşmayın! Sizə qadağan edirəm…
– O niyə? – deyə pan Yan fasilə ilə soruşdu.
– Yaxınlaşmayın! Indi hər şeyə qərar verə bilərəm! – O ucadan quruldayaraq, onların uca səslərindən qorxmuş qurbağaların tullandığı bataqlıqlaşmış nohura baxdı.
– Sizə nə olub, panna Valentina?.. Doğrusu, heç nə başa düşmürəm! – pan Yan tam anlaşılmazlıqla belə dedi.
Mürəbbiyə bu sualda öz qələbəsinin sübutunu gördü, amma qələbə hədsiz tez göründü və onu az sevindirdi. Qan başına vurdu və panna Valentina sanki sadiq Saturninin söyüdlüyün arxasında gizlənərək, onu dinlədiyini xəyal etməklə, ilhamlı nitq irad etdi:
– Hələ mənə nə olduğunu soruşmağa cəsarət də edirsiniz? Bu sizə aydın deyilmi? Siz ədəbli qadın üçün onun şərəfinin nə bildirdiyini başa düşmürsünüz? Sizə nifrətimə bu qədər sübutlardan sonra hələ də məni başa düşmürsünüz?
– Ancaq, icazə verin… fikirləşin, pani…
– Mən yetəri qədər fikirləşmişəm! – mürəbbiyə hirslə onun sözünü kədi. – Siz hətta mənim kimi adam üçün öz borcuna sadiq qalmağın asan olduğunumu güman edirsiniz? Bu, mübarizəsizmi başa gəlir? O, siz necə də səhv edirsiniz! Bunu sizə cəsarətlə deyirəm, çünki mübarizə məni möhkəmlədib. Borcun mühakimə və şüuru qanın səsini boğub, siz isə…
– Panna Valentina, siz çaşırsınız!
– Sizin niyyətləriniz sarıdanmı? Xeyr!
– Amma mən istəyirdim…
– Sizin kefinizlə nə işim var! Mən müstəqil qadınam və özümün…
– Mənə deməyə imkan verin…Yalvarıram…
– Bu hiylə də mənə tanışdır! Siz yüngül qələbəyə ümid etmədiyiniz yerdə onu həmişə işə salırsınız…
– Lənət şeytana… Sizin ağlınıza nə gəlib? Doğrudanmı fikirləşirsiniz ki…
– Sizin yanıma zamanında yazıq Zofyanı evinizdən getməyə məcbur etdiyiniz kimi iyrənc təkliflə gəldiyinizi fikirləşirəm…
– Kifayətdir, əzizim! – pan Yan artıq hirslənərək, onun sözünü kəsdi. – Acıdığınız Zofya, əvvəla, ev qulluqçusu idi…
– Ha-ha! – panna Valentina faciəvi şəkildə güldü. – Bizim dairənin adamları üçün mürəbbiyə ev qulluqçusundan azca yuxarıdır. Siz hamıya elə baxırsınız ki…
Pan Yan tamamilə özündən çıxdı:
– Bağışlayın! Siz Zofyanın gənc və gözəl olduğunu unudursunuz… Sizinlə isə heç də gənclik və gözəllikdən deyil, … qızım barəsində danışmaq istəyirdim.
Panna Valentina hər iki əlilə başından tutdu və sərxoş kimi ləngər vurdu. Bir dəqiqə sonra o yaralı ilan gözlərilə pan Yana nəzər saldı və fışıldadı:
– Mənə at vermənizi xahiş edirəm. Indicə bu evdən gedəcəyəm!
– Lap dünyanın o başına gedin, yolunuz açıq olsun! – deyə son ümidlərindən birinin də belə axmaq şəkildə dağılmasından quduzlaşmış pan Yan qışqırdı.
Bəli, hətta ürəklər yaralayan şöhrətinin də insanın ziyanına işlədiyi hallar olur!
Panna Valentina bağla elə sürətlə qaçırdı ki, kola ilişərək, paltarının büzməsini cırdı. Yuxarı, öz otağına cumaraq, başını qollarının üstünə əydi və hönkürdü.
Vəziyyət dəhşətli idi. Əlbəttə, panna Valentina zorbazoru biabır etmək və qız şərəfini müdafiə etmək istəyirdi, amma hesabını hər şeyin ən ləyaqətli və nəcib şəkildə baş verəcəyinə götürmüşdü. Yoldançıxarana davranışının nə qədər mənəviyyatsız olduğunu və onu hansı uçuruma itələmək istədiyini izah edərək, ciddi qaydalar qadını olduğunu və borc yolundan çıxanlardan olmadığını sübut edərək, sonunda … bağışlamaq niyyətində idi.
“Heç vaxt sizin sevgiliniz olmaram, – sonda belə demək istəyirdi, – lakin sizə dost və bacı ola bilərəm”.
Utanc və itaətlə dinləməli olduğu bu sözlərdən sonra isə onun evində qalar, Anelka və hətta onun xəstə arvadı ilə daha səylə məşğul olar, gəlir-çıxarı yazıya alar, anbar və mətbəxi idarə edərdi. Əlbəttə, yalnız darıxmış Saturnin Anna xalanın məsləhəti ilə ona təklif edənə qədər.
Bəli, əgər onun işi nəcib insanla olsaydı, belə bir çıxış yolu ola bilərdi. Pan Yan isə əsl əclaf çıxmışdı və onun ən gizli fikirlərini dinləyərək, öz niyyətlərini inkar etməyə qərar vermişdi. Ah, o öz hövsələsizliyinə necə də heyfslənirdi! Təmiz qəlbdən gələn bu səmimiyyət partlayışı onu necə də pis vəziyyətə qoymuşdu! Pan Yana öyüd-nəsihət vermək əvəzinə, əvvəlcə onun nə deyəcəyini dinləmək daha ağıllı olmazdımı? Onun etiraflarına soyuq təbəssüm və istehza ilə cavab vermək daha yaxşı olmazdımı?
Onu gənc və gözəl olmayan adlandrması panna Valentinaya təsir etmirdi. O sarıdan o heç bir illyuziya bəsləmirdi. Lakin pan Yanın onu özü-özünə qoyduğu tələdə tutması onu cinləndirirdi. Qadın kimdəsə təhlükəli yoldançıxaran görə bilər, ancaq onun bunu öyrənməsi xoş deyil, daha xoş olmayanı isə onun təəccüb rolu oynaması, öz iyrənc niyyətlərini inkar etməsidir.
Panna Valentina yuyundu, darandı, üstünə odekolon səpdi və daxili titrəyişini böyük iradə səyilə tutub saxlayaraq, aşağı, pan Yanın arvadının yanına getdi.
Xəstə bu gün həmişəkindən sakit idi və hansısa romanı oxuyurdu. Yanında hündür stulda, həb qutusu ilə oynamaqla, Yuzek əyləşmişdi.
Panna Valentina əlini masaya dirədi və gözlərini aşağı salaraq dedi:
– Mən vidalaşmağa gəldim. Bu gün… indicə sizdən gedirəm.
Xəstə ona baxdı, təəccübdən hətta ağzını araladı, sonra səhifəyə nişan qoydu və bir əlindən əlcəyini çıxardı – pani evdə də əlcək gəzdirmək adətinə malik idi.
– Que dites-vous, mademoiselle (Nə danışırsınız, mademuazel)? – deyə yad səslə soruşdu.
– Bu gün sizdən gedirəm.
– Ancaq bu nədir? Siz məni qorxudursunuz… Nə baş verib? Siz kiminsə xəstəliyi… yaxud ölümü xəbərinimi almısınız? Ya da bəlkə, xidmətçilərdən kimsə sizi incidib?
Bu dəqiqədə Anelka otağa daxil oldu.
– Angelique, as-tu ofense mademoiselle Valentine (Andjelika, sən mademuazel Valentinanı nə iləsə incitmisənmi)? – deyə anası ondan soruşdu.
– Bilmirəm, ana… Panna Valentina məni çağıran kimi, dərhal gəldim, – Anelka özünü itirərək, belə cavab verdi.
– Ah səni, nəzakətsiz qız, – deyə anası hirsləndi. – Demande pardon a mademoisella Valentine (Mademuazel Valentinadan üzr dilə)!
– O heç nədə günahkar deyil! – müəllimə qahmar çıxdı. – Məni bu evdən başqa bir şəxs sıxışdırıb çıxardı…
– Deməli, ərim? Yas?
– Pani! – deyə Valentina gərginliklə səsləndi. Məndən heç nə barədə soruşmayın. Yalvarıram! Mənə sonuncu lütfünüzü göstərin – mənə mümkün qədər tez at vermələri göstərişini verin… Əlvida…
O, ardınca da Anelka çıxdılar.
–Doğrudanmı, bizdən getmək istəyirsiniz? – qız mürəbbiyəni haqlayaraq, heyrətlə soruşdu.
Panna Valentina dayandı:
–Yazıq balam, hiss edirəm, – sənin üçün etməli olduğum hər şeyi etdim, ancaq… bu mənim günahım deyil! Sənin gələcəyin məni narahat edir… Sənə yadigar olaraq, nə isə qoymaq istəyirəm. Həyatda əməl etmək lazım olan əsas qaydaları yazdığım kitabçanı sənə bağışlayaram… Bu kitabı heç kəsə göstərməyəcəyinə and iç…
– And içirəm…
– Anana olan məhəbbətinə? Onun sağlamlığına da?
– Bəli.
– Onda yanıma gəl.
Onlar yuxarı getdilər. Burda panna Valentina tualet masasının yeşiyindən qırmızı, qədərincə yaprıxmış qeydlər kitabçasını çıxardı və onu Anelkaya verdi.
– Öyrən… Bunu oxu… Buraya, pəncərə altlığına uçub gələn quşlarımı yemləməyi unutma. Ən əsası isə – öyrən… – Anelkanın dodaqlarından və alnından öpərək, dedi. – Bəzən, amma başqa uşaqlardan az… oh, xeyli az olmaqla, məni kədərləndirirdin! Səni çox pis tərbiyə eləsələr də, mən səni sevirəm… Indi isə öz yerinə get… Sağlam ol! Mənim kitabçamı şən olduğun əyləncələrdən sonra deyil, yalnız sənə ağır olanda oxu… Oxu və ağıl topla!
Anelka kitabçanı, tilsim kimi, sinəsinə sıxaraq, getdi. Çıxıb gedən müəllimənin hər bir sözünü müqəddəs nəsihət kimi qəbul edirdi. O ucadan ağlamadı, ancaq gözlərindən yaş axdı, ürəyi isə kədərin dəmir məngənəsində sıxıldı.
Kitabçanı təhlükəsiz yerdə gizlətməyi qərara alaraq, yatağının yanındakı dolabdan nənəsinin tabutundan olan gümüş güləbətin parçasının, pişiyin yediyi bülbülün lələyinin və bir neçə qurudulmuş yarpağın saxlandığı ağ karton qutunu çıxardı. Anelka panna Valentinanın hədiyyəsini də bura yerləşdirdi. Bu zaman, qeyri-iradi olaraq, yıpranmış kitabçanı açdı və elə birinci səhifənin arxasında karandaşla yazılmış, artıq yarımpozulmuş sözləri gördü:
“Həmişə hər şeydən əvvəl öz vəzifələrin, artıq sonra isə həzzlər barədə fikirləş”.
Aşağıda isə:
“Çərşənbə günü yuyulmağa verilib:
4 köynək
2 gecə köynəyi”.
Bir saat sonra panna Valentina artıq evdə deyildi. Öz şələ-küləsini və pan Yanın bir həftə sonra ödəməyə borclu olduğu əlli manatlıq qəbzi apararaq, getmişdi.
Anelkanın anası bərk naxoşlamış və yataqda uzanmışdı. Atası naharda heç nə yemədi və Anceyə kolyaska qoşmağı tapşırdı. Saat dördə yaxın arvadının yataq otağına daxil oldu və şəhərə getməsinin zəruri olduğunu elan etdi.
–Yas, mərhəmət göstər! – pani zəif səslə belə dedi. – Indi bizi necə qoyub gedə bilirsən? Bütün evdə bir kəlmə deyə biləcəyim bir şəxs də olmayacaq… Xidmətçilər özlərini, necəsə, qəribə aparırlar… Elə mən də müqəddəs Yandan sonra başqa adamları işə götürməni səndən xahiş etmək istəyərdim.
– Işə götürərik, narahat olma, – deyə əri gözlərini qaldırmadan cavab verdi.
– Yaxşı, amma sən hələlikdə məni tək qoyursan! Mənə yaşlı və ağır ev xidmətçisi lazımdır. Anelka üçün mürəbbiyədən isə heç danışmıram – əlbəttə, özünlə kimisə gətirəcəksən?..
– Yaxşı, yaxşı, – deyə pan narahat halda, bir ayağını qoyub – o biri ayağını götürərək, təkrar etdi
– Malheureuse que je suis (Mən necə də bədbəxtəm) !.. Başa düşmürəm, hansı işlər sənə evdə oturmağa imkan vermir, üstəlik, belə bir anda… Artıq gözlərim ağlar qalıb. Yuzek üçün həblər, mənim üçün isə maya ekstraktı gətir… Sonra, məni Xalubinskinin yanına aparacağına ümid edə biləcəyimi bilmək istəyərdin.
– Görüşənə qədər, Metsya! – əri axıra kimi qulaq asmayaraq, onun sözünü kəsdi. – Mənə, hər şeydən əvvəl, ən təxirəsalınmaz işləri yoluna qoymaq lazımdır, artıq sonra sənin Varşavaya səyahətindən danışarıq.
Pan Yan kabinetinə getdi, ora qapandı və yazı masasının yeşiklərindən müxtəlif sənədlər çıxarmağa başladı. Olduqca kefsiz idi və qapı arxasındaki xırda səsdən də əsəbi vəziyyətdə diksinirdi. Hələ evinə qayıdacağı fikrilə özünü sakitləşdirirdi, amma başqa, daha sakit səs qəlbinin dərinliyində ona burdan həmişəlik getdiyini pıçıldayırdı. Işlərin onun getməsini tələb etdiyini özünə təlqin edirdi, bu daxili səs isə onun öz yaxınlarının başına gətirdiyi tufandan qaçdığını təkrar edirdi. Özünü mülkü satmasını, acıdığına görə, arvadından gizlətməsinə inandırmağa çalışır, vicdanı isə, altdan-altdan, onun, sadəcə, yalançı olduğunu deyirdi.
Pan Yanın mülkü satmalı olmasını Şmul dəqiqliklə bilirdi, malikanədəki bütün xidmətçilər hiss edirdi, kəndlilər də şübhələnirdilər. Yalnız malikanənin sahibi olan arvadı heç nə bilmir və fəlakəti öncədən hiss etmirdi. Onun mülkiyyətinə hökm etməyə məhdudiyyətsiz hüququn – toy günü ərinə verdiyi haqqın nəticəsi belə idi. Işlərlə özünün məşğul olması, hətta onlarda nəyisə anlamaq onun dairəsinin gənc və gözəl qadınına yaraşmazdı. Həm də ərin hər şeyi göyə sovuracağından necə şübhələnmək olardı!
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?