Текст книги "Keçmişdən gələn səslər"
Автор книги: Болеслав Прус
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
ÜÇÜNCÜ FƏSİL
Söhbət tibbdən, həyatın məqsədindən və bir çox başqa şeylərdən gedir
Anelka və onun şən yol yoldaşı Karus mirvari-ağ rəngli, xəstəxana palatası kimi olduqca işıqlı və ehtimal, gənc evlilər üçün yataq otağı kimi xidmət etmiş, indi isə müəyyən təyinatı olmayan səmavi-mavi rəngli iki otaqdan keçərək, hər tərəfdən vəhşi üzüm ağacları ilə sıx bürünmüş şüşəli terrasa yüyürdülər.
Burda hündür stulda bernardinli rahib paltarı geyinmiş və əlində gəlincik olan arıq oğlan əyləşmiş, yaxında, üstü butılka və şüşə qablarla doldurulmuş masanın yanında isə ağ paltarlı, orta yaşlı qadın diqqətlə kitab oxuyurdu. Gözəl, xəstə qızartılı yanaqları olan arıq sifəti var idi. O, tünd-yaşıl rəngli yumşaq balınclar döşənmiş iri kresloya batmışdı.
Anelka bu qadına doğru cumdu, onun sifətini, boynunu, arıq, şəfaf əllərini və dizlərini öpüşlərə qərq etdi.
– Ah! Comme tu ma”s efraye, Angelique (Ah! Məni necə qorxutdun, Anjelika! – fransızca)! – deyə qadın ucadan səsləndi və kitabı bağlayaraq, Anelkanın qırmızı dodaqlarından öpdü. – Hecə oldu, dərs, Allaha şükür, bitdimi? Sanki nahardan bəri sifətin hətta bir qədər çəkilib. N”es tu pas malade (Sən xəstə deyilsən)? Itini sakitləşdir, o mütləq masanı, ya da Yuzeki aşıracaq. Joseph, mon enfant, est-ce que le chien t”a efraye (Jozef, mənim balam, it səni qorxutmadı)?
– Non, – deyə bernardinli kostyumlu oğlan bacısına küt-küt baxaraq, cavab verdi.
Işlər necədir, Yuzek?.. Qoy səni öpüm! – deyə Anelka ucadan səsləndi və qardaşının boynunu qucaqladı.
– Doueement! Doueement (Ehtiyatla! Ehtiyatla)! Axı sən bilirsən, məni belə silkələmək olmaz, mən zəifəm! – deyə oğlan şikayətlə dedi.
Bacısının coşqun qucaqlamalarından kənarlaşaraq və qansız dodaqlarını boru şəklində irəli uzadaraq, onu ehtiyatla öpdü.
– Ana, sən bu gün elə gözəlsən… Görünür, artıq tamamilə sağlamsan… Yuzek, baxsana, sənin oğlanının gödəkçəsi yuxarı sıyrılıb, – deyə Anelka boşboğazlıq edirdi.
– En verite (həqiqətən), bu gün özümü yaxşı hiss edirəm. Nahardan sonra bir neçə qaşıq səməni ekstraktı qəbul etmiş və bir fincan süd içmişəm. Ce chien fera du deqat partout (Bu it nə isə törədir), – əzizim, onu qov.
– Itil, Karusik! – Anelka gül dibçəklərini və küncdəki dəmir susəpəni qoxulamağa macal tapmış və xəstə ananın tuflisinə divan tutmağa hazırlaşan iti bağa qovaraq, çığırdı.
Həmin dəqiqədə panna Valentina daxil oldu.
– Bonjour, mademoiselle (Günaydın, mademuazel)! – evin sahibəsi onu salamladı. – Necə oldu, məşğul olmanı bitirdiniz? Anelkanın uğurları necədir? Joseph, mon enfant, prendras tu du lait (Jozef, mənim balam, bəlkə süd içəsən)?
– Non, maman (Xeyr, ana), – deyə oğlan mürəbbiyəyə doğru başını tərpədərək, cavab verdi.
Qovulmuş it zingildədi və qapını cırmaqladı.
– Nə isə, maraqlı bir şey oxuduğunuz sifətinizdən görünür. Qoluxovskinin, barəsində sizə danışdığım “Düşüncələr”i olmasın ? – deyə panna Valentina soruşdu.
– Angelique, ouvre la porte a cette pauvre bete (Anjelika, bu bədbəxt heyvan üçün qapını aç), onun ulaması qəlbimi parçalayır… Xeyr. Qoluxovskini deyil, daha da maraqlı bir şey – Raspaylın ksöndzimizin iltifatla borc verdiyi kitabçasını oxuyuram, – xəstə belə cavab verdi. – Anelka, qapını açıq qoy, qoy otaq havalansın. Pani, bu şəxsin öz dərmanları ilə hansı möcüzəli təsir edən nəticələrə nail olduğuna inanmazsınız. Mən heyranam və mənə belə gəlir, yalnız bir neçə fəsli oxumağımdan dolayı daha sağlam olmuşam. Hələ mən bütün bu vasitələri tətbiq etməyə başlayanda nə olacaq! Joseph, mon enfant, n”as-tu pas froid (Jozef, mənim balam, sənə soyuq deyil)?
– Non, maman!
–Əvvəlcə həkimlə məsləhətləşmək daha yaxşı deyilmi? – deyə panna Valentina qeyd etdi.
– Istəyirsən səni bağa çıxarım? – Anelka qardaşındann soruşdu. – Orda quşları görərsən, Karusikin kəpənəklərin ardınca necə qoşduğuna baxarsan…
–Axı sən bilirsən, mənə çıxmaq olmaz, axı mən zəifəm, – deyə oğlan cavab verdi.
Başıbəlalı “zəiflik” zavallı uşaq üçün işgəncə mənbəyi idi, onun bütün fikirlərini udurdu, buna görə müqəddəs Fransiskin himayəsinə verilmiş və bu ordenin rahibi geyimini daşıyırdı, ona daim dərmanlar tıxayırdılar.
Evin sahibəsi mürəbbiyə ilə təbiblərdən danışmağa davam etdi.
– Onlar heç nə bacarmır və heç nə bilmirlər, – deyə xəstə şikayətləndi. – Artıq üç ildir, məni müalicə edirlər və hamısı da boşuna. Indi təbiblərsiz keçinmək qərarına gəlmişəm, özüm müalicə olunacağam. Bircə Yasek məni Xalubinckinin yanına aparacaq… O, hiss edirəm ki, o mənə kömək edərdi! Amma Yasek bu barədə fikirləşmir, evdə gec-gec olur; mən Varşavaya səfər barədə danışmağa başlayanda işlərin yol vermədiyini deyir. Hər şey vədlərlə bitir. Angelique, chasse ce chien (Anjelika, iti qov), o özünü ədəbsiz aparır!
Haqsızlıqla şübhələnilən Karusik qovulmaya məruz qoyuldu və hər cür tərifə layiq olan itaətlə öz qismətinə tabe oldu. Ancaq bu ona dərhal zingildəməkdə, qapını cırmaqlamaqda və sonra şəstlə gəzişən xoruzların üzərinə atılmaqda mane olmadı.
Bu arada Anelka nədənsə kefsizləyən Yuzeki daha rahat əyləşdirdi, anasına isti dəsmal, mürəbbiyəyə isə ingilis qrammatikasını verdi, Yuzekə süd gətirməkdən ötrü və anasına kotlet sifariş etmək üçün mətbəxə yüyürdü. Yolda çiçək qırdı və və saçına taxdı. Terrasa hündür boylu və ağır çəkili, heç də ilk gəncliyində olmayan şəxslə – anbardar pani Kivalskaya ilə birlikdə qayıtdı. Onun əynində qara və qırmızı zolaqlı yun paltar vardı. Bu parad tualetinin sərbəst sinəsi onun möhtəşəm formalarını əlverişli şəkildə göstərirdi.
Anbardar evin sahibəsinə döşəmə taxtalarını şikayətlə cırıldadan zərif reverans etdi, mürəbbiyəyə başını yellədi, o isə hətta baxışını da layiq bilmədi. Panna Valentina ona təcili ər lazım olduğu barədə mətbəxin yanından keçərkən eşitdiyi boşboğazlığını edəndən bəri anbardara nifrət edirdi.
– A, əzizim, qayıtdınmı? Şəhərdə yeni nə var? Feldşer dişlərini müalicə etdimi?
– Ah, yeniliklər, sizə ərz edim, çoxdur, mərhəmətli pani! Cənab keşişin təsərrüfat müdirəsinin vəziyyəti lap pisdir, ayaqları artıq şişib, – deyə anbardar nəql etdi, son kəlmələrində xaç çəkdi və yumruğunu sinəsinə vurdu.
– Ona nə olub?
– Bunu bilmirəm, amma, mərhəmətli pani, sizə ərz edim, ksöndz təbaşir kimi ağ rəngdə gəzir. Məni görən kimi bir söz də demədi, ancaq əlini yellədi. Ancaq bir anda onun gözlərindən nə demək istədiyini anladım: “Heç olmasa, sən, Kivalskaya, mənim yanımda işləməyə razılaşasan. Qarı, günahı gizlətməyə dəyməz, can üstədir, bu yaramazlar isə, onlara göz qoyulmasa, məni acından öldürərlər”.
Xəstə qadın anbardarın, görünür, ölənin yerinə can atdığı fikrilə başını yellədi. Kivalskaya boşboğazlığını davam etdirdi.
– Anelka, – mürəbbiyə anbardarın çərənçiliyindən və sahibəsinin sadəlövhlüyündən qıcıqlanaraq, belə dedi, – orta əsrlər tarixini götür və bağa gedək.
– Tarixi?.. – qız qorxu ilə soruşdu. Amma itaətə öyrəşərək, dərhal otağına istiqamətləndi və tezliklə əlindəki kitabla və cibində sərçələr üçün peçenye ilə qayıtdı.
– Yaxşı, gedin, gedin, – Anelkanın anası belə dedi. – Mənsə burda Kivalskaya ilə əyləşəcəyəm. Şəhərdə təsadüfən pana rast gəlmədin? O, komissarın yanına hazırlaşırdı. Joseph, mon enfant, veux-tu aller au jardin (Jozef, mənim balam, bağa getmək istəyirsənmi)?
– Non, – deyə oğlan cavab verdi.
Panna Valentina Anelka ilə bağa çıxdı, Kivalskaya isə daha rahat əyləşərək, öz sahibəsini yeniliklərlə əyləndirməyə davam etdi. Onun uca səsi hətta bağda da eşidilirdi, amma tezliklə mürəbbiyə və Anelkaya çatmağa son verdi.
Böyük və qoca bağ evu üç tətəfdən nal kimi əhatəyə almışdı. Burdakı sərbəstlikdə nəhəng şabalıd ağacları yazda piramidal ağ çiçək salxımları, payızda isə tikanlı meyvələrlə örtülərək, öz ömürlərinin sonunu yaşayırdılar. Orda yarpaqları ördək pəncələrini xatırladan ağcaqayın ağacları, daraq dişləri kimi sıx oturmuş yarpaqları və şir udlağına bənzər, şirin ətrilə arıları cəlb edən çiçəkləri olan akasiyalar da böyüyürdü. Tarlaları və dərz anbarlarını diqqətlə izləyən bütöv sərçə dəstələri daraşmış cökə ağacları hasar boyu düzülmüşdü. Cökələrin yanında nazik italyan qovaq ağacları, budaqlarını geniş şəkildə aşağı gərmiş kədərli və şiş uclu küknar ağacları böyüyürdü.
Ağır göy salxımlı italyan yasəməni, kəskin qoxulu çiçəkləri tərqovucu vasitə kimi istifadə olunan dərmanlıq yasəmən, payızda qara, dişqamaşdırıcı giləmeyvələrlə örtülən çaqqal gavalısı kolları, yemişan, itburnu, qaratoyuqların sevimlisi ardıc bütün bağ boyu səpələnmişdi; onlar öz aralarında torpağın şirəsi və və havanın karbon qazı uğrunda inadlı və gizli mübarizə apararaq, ağaclardan azad olan bütün boşluğu tutmuşdular. Hansısa kolun zəifləməsi kifayət idi ki, dərhal yanında qısa ömürlü, lakin təhlükəli alaqlar və otlar peyda olsun.
Bağın ortasında qəribə şəkildə burulmuş söyüd ağacları ilə əhatələnmiş nohur vardı. Qışda onların gövdələri eybəcər halda burulmuş şikəstlərə bənzəyirdi; gecələr onlar insan zahir olarkən qəribə pozalarda donan, özünü cansız kimi aparan bürüşmüş, qozbel, başsız, çoxəlli bədheybətlər simasını alırdılar. Istilərin başlanması ilə bu qorxuluqlar zərif zoğlar və üstdən parlaq-yaşıl, altdan isə gümüşü xırda yarpaqlarla örtülürdü; onların açıq ağıza bənzəyən koğuşlarında quşlar yuva salırdı.
Anelka öz mürəbbiyəsilə birlikdə bu, cizgi və rənglərini daim dəyişən, dalğalanan, ətir saçan, parlayan, xışıldayan və hər cür quşların səsilə cingildəyən bağla, nahamar, ot basmış cığırla gedirdi. Ətrafdakı hər şey qızı heyran edirdi. O tez-tez və dərindən tənəfüs edir, hər bir budağı uzun müddət nəzərdən keçirmək, hər bir quşun və kəpənəyin ardınca cummaq, hər şeyi ağuşuna almaq istəyirdi. Panna Valentina isə, əksinə, soyuq idi. O, başmaqlarının uclarını seyr edərək və ingilis qrammatikasını arıq sinəsinə sıxaraq, xırda addımlarla yeriyirdi.
– Kanossanın harda yerləşdiyini coğrafiyadan öyrəndin, – deyə o başladı, – indi isə sənə Dördüncü Henrixin nəyə görə Yeddinci Qriqoridən əfv dilədiyini öyrənmək imkanı yaranacaq. Bu barədə Yeddinci Qriqorinin, yaxud başqa cür adlandırdıqları kimi, Hildebrandın həyatının təsvirində, “Almanlar və italyanlar” fəslində oxuyacaqsan.
Belə şəraitdə tarix dərsliyini oxumaq təklifi Anelkanı hiddətləndirdi. Köks ötürməsini boğaraq, istehza ilə soruşdu:
– Doğrudanmı bağda ingilis dili ilə məşğul olacaqsınız?
– Olacağam.
– Deməli, mən də ingiliscə öyrənəcəyəm?
– Əvvəlcə fransız və alman dillərini əsaslı şəkildə öyrənməlisən.
Ah!.. Lütfən deyin, fransız, alman və ingilis dillərini öyrənəndən sonra nə edəcəyəm?
–Bu dillərdəki kitabları oxuya biləcəksən.
–Bütün kitabları oxuyandan sonra isə?
Panna Valentina nəzərini qovaq ağacının zirvəsinə yönəltdi və çiyinlərini çəkdi.
– Insanın ömrü hətta bir dildəki kitabların mində bir payını oxumaqdan ötrü çatmaz. Dünyadakı üç ən zəngin ədəbiyyat barəsində isə heç danışmağa dəyməz!
Ifadəolunmaz qüssə Anelkanı bürüdü.
– Deməli, daim öyrənməli və oxumalı?..
– Bəs həyatında başqa nə etmək istərdin? Məgər elmdən də nəcib məşğuliyyət tapmaq olarmı?
– Nə etmək istərdim? – deyə Anelka sualı təkrar etdi. – Indi, yoxsa böyüyəndə?
Ancaq panna Valentinanın cavab verməyə meylli olmadığını görərək, davam etdi:
– Indi sizin qədər bilmək istəyərdim. Bax, onda öyrənməzdim, yox! Sonra çox işim tapılardı. Indiki kimi, mənimlə salamlaşanda qaşqabaqlarını tökməmələrindən ötrü, muzdurlara maaş ödəyərdim; sonra ağacların yaralarımı müalicə etməyi tapşırardım, yoxsa, bağban deyir ki, bizdə tezliklə hər şey quruyacaq və çürüyəcək. Lakeyi mütləq qovardım: o, nohurdakı quşları öldürür və siçovulların gözünü dağlayır… Vicdansız! – deyə Anelka titrədi. – Sonra anamı və Yuzeki Varşavaya aparardım. Yox!.. Bunu hər şeydən əvvəl edərdim! Sizə isə bütöv bir otaqlıq kitab bağışlayardım… Ha-ha!..
Mürəbbiyəni qucaqlamaq istədi, amma o yayındı.
– Mən sənə acıyıram, – mürəbbiyə quru tərzdə söylədi. – Cəmi on üç yaşın var, ancaq sənə aid olmayan şeylər barəsində eynilə əyalət aktrisası kimi boşboğazlıq edirsən və gərək olanla məşğul olmursan. Sən yaşın üçün hədsiz böyüksən, buna görə də , ehtimal ki, coğrafiyanı heç vaxt üstələyə bilməyəcəksən.
Anelka utandı. Həqiqətən, o hədsiz dərəcədə böyükdür, ya da panna Valentina…
O, panna Valentina ilə birlikdə bağın sol küncünə, hündür şabalıd ağacının altındakı təpənin üstündə yerləşən daş skamyaya istiqamətləndi. Orda əyləşdilər.
– Kitabı mənə ver, – mürəbbiyə belə dedi, – Yeddinci Qriqorinin tarixini taparam. Ah, yenə də sənin köpəyin bizə vizit verir…
Həqiqətən, Karusik, nəyəsə güclü şəkildə sevinərək, sürətlə düz onlara doğru qaçırdı. Ehtimal ki, xoruzun ardınca qoşarkən hasil etdiyi lələklər açıq ağzına yapışmışdı.
– Itləri heçmi sevmirsiniz? – birdən Anelka Karusikə baxaraq soruşdu .
– Yox, sevmirəm.
– Bəs quşları?
– Yox, – mürəbbiyə incikliklə onun sözünü kəsdi.
– Bağı da sevmirsiniz?.. Ağacların altında gəzməkdənsə, kitab oxumaqdan daha çox xoşunuz gəlir? Hə, doğrudur, axı sizin otağınızda nə çiçəklər, nə də quşcuğazlar var. Əvvəllər ora sərçələr uçub gələr, biz onları yemləyərdik, Karusik hələ balaca və yöndəmsiz olsa da, yuxarı qaçıb gələrdi. Mən əskiyə bükülmüş çörəyi südə batırar və ona verərdim. O və onunla birlikdə əvvəlki mürəbbiyənin bala pişiyi də əmərdi. Ah, onlar nələr törədərdilər!.. Sapla döşəmənin üzərində çəkdiyim kağız parçasının ardınca necə qaçardılar! Ancaq siz nə Karisiki, nə pişikləri, nə də…sevmirsiniz.
Bu məqamda Anelka qəfildən susdu, çünki panna Valentina skamyadan sıçradı və yuxarıdan aşağı qıza baxaraq, qıcıqla danışmağa başladı:
– Niyə ağlına hər cür axmaq şeylər girir?.. Mənim sevib-sevməməyimdən sənə nə?.. Hə, sevmirəm… Həmişə güllələnib-asılan pişikləri, daim məni dişləmiş itləri, saxlamaq icazə verilməmiş quşları sevmirəm… Mənə çiçəklər də lazım deyil… Məgər dünyada özümkü saya biləcəyim bir parça torpaq varmı? Axı mən əsilzadələrdən deyiləm! Gəzintilər də zəhləmi töküb: gəzintilərdə həmişə mənə gözətçi və bəd uşaqların kənizi rolu düşüb… O, əzizim, sən necə də hər şeylə maraqlanansan!.. Özgə zövqləri səni necə də maraqlandırır!
Bu gözlənilməz, qıcıqdanmı, ruhi təlatümdənmi, partlayış Anelkanı təsirləndirli. O, mürəbbiyənin əsən arıq əlindən yapışdı və onu öpmək istədi. Lakin panna Valentina kəskin şəkildə əlini çəkdi və kənara sıçradı.
– Siz mənə acıqlanırsınız? – deyə karıxmış qız soruşdu.
– Pis tərbiyə olunman sənin günahın deyil, – deyə mürəbbiyə onun sözünü kəsdi və cəld evə doğru istiqamətləndi.
Incimiş Anelka yenə şabalıd ağacının altındakı skamyaya əyləşdi. Karus onun ayaqları altına uzandı.
“Bu panna Valentina necə də qəribədir, – Anelka özü-özü ilə mühakimə yürüdürdü, – nəyə görəsə, onu hər şey acıqlandırır. Özü heç nəyi sevmir və bizdə yaxşı olmasını da istəmir. Sanki əgər bağımız daha gözəl olsa, ya da muzdurlar sımsıqlarını sallamağa son versələr, ona mane olar… Axı Allah hamını sevməyi tapşırıb… Məgər bütün dünyəvi müdrikliyə çatmaqdansa, bir ağac əkməyin, yaxud, heç olmasa, bir kasıba kömək etməyin böyük xidmət olduğunu ksöndz çoxdanmı söyləyib…”
Sonra o hələ bir neçə il əvvəl onların malikanəsində daha yaxşı yaşanıldığını xatırladı: adamlar daha şən baxırdılar, ev daha yaraşıqlı bəzənmişdi və bağı da qaydasında saxlayırdılar.
Əgər hətta on üç yaşlı qızlar da bunu hiss edirlərsə, dünyada hər şey necə də tez dəyişir!..
Birdən yaxınlıqda, Anelkanın iyirmi addımlığında zəif uşaq səsi eşidildi:
– Çuşa, çuşa, çuşa!
Cavabında şən çoşqa xortultusu eşidildi.
Karusik diqqətini topladı. Anelka dərhal fikirdən ayılaraq, bir tullanışla skamyanın üstünə sıçradı və ətrafa boylandı.
Çəpərin arxasından şəhərə yol keçirdi. Uzaqda, burumları gün şüalarında qığılcım saçan toz pərdəsi arasında araba göründü. Çəpərin yanından kasıb geyimli iki yəhudi gedirdi. Biri boz kətana bükülmüş hansısa böyük bir əşyanı, digəri isə çubuğun üstündə yellənən başmaqlarə aparırdı.
Lap yaxında, düz ağ borulu ağa evi ilə üzbəüz isə, ağacların budaq və əsən yarpaqları arasında kəndli Qaydanın daxması görünürdü. Daxmanın yanında torpağın üstündə kobud kətan köynəkli bir qız əyləşmiş və çörək qabıqları ilə çoşqa yemləyirdi. Sonra onu dizlərinin üstünə götürdü və onunla, itlə oynayırmış kimi, oynamağa başladı.
Bu qeyri-adi görüntü Anelkaya maqnitin dəmirə təsiri kimi təsir etdi. O, skamyanın üstündən yerə sıçradı, təpədən aşağı qaçdı, amma birdən dayandı.
Anelkanın atası bu daxmanın sahibi Qaydanı heç sevmirdi. Nə vaxtsa Qayda malikanədə muzdur kimi xidmət etmiş və sonradan, Anelkanın atasının iddia etdiyi kimi, qanunsuz olaraq, onun mülkiyyətinə keçmiş daxmada yaşamışdı. Buna görə də mülkədar onu heç vaxt malikanəyə işə götürmür, torpağı az olan Qayda isə tez-tez əvvəlki ağasının mülklərində təsərrüfatçılıq edirdi.
Uzun illər boyu mülkədar və kəndli öz aralarında düşmənçilik edirdilər. Səbrini itirmiş mülkədar narahat qonşudan üzülüşməkdən ötrü artıq Qaydanın torpağını almağa hazır idi, amma kəndli bunu eşitmək belə istəmirdi. Qaydanın inəyini, atını, yaxud donuzunu malikanəyə götürmədikləri ay olmurdu. Onda kəndli şikayətlə nahiyəyə yola düşürdü və məhkəmənin hökmü ilə öz heyvanını azad edir, bəzən də satın alırdı. Mülkədar Qaydanın ağa meşəsindən oğurlanan odunu satmaqdan əldə olunmuş pulu ödədiyinə inandırırdı.
Anelka atası ilə Qaydanın münasibətləri barədə tez-tez eşidirdi (daha nələr eşitmirdi) və buna görə də Qaydadan qorxurdu və onun daxmasını sevmirdi.
Ancaq gözünü çoşqa ilə, bu hamının nifrət etdiyi heyvanla oynayan qızdan yayındıra bilmirdi. Anelkaya bu qızın, yəqin, mərhəmətli və bədbəxt olduğu kimi görünürdü. Hər necə olur-olsun, nə isə onu qıza doğru çəkirdi…
Anelka kolları aralayaraq, tələsmədən bağı əhatəyə alan çəpərə yaxınlaşdı. O, köhnə idi, tünd-yaşıl mamırla və hansısa, toxunulmadan dağılıb-tökülmüş boz urla örtülmüşdü. Bir-birindən kiçik məsafədə üzərinə itiuclu tamasalar sırası oturdulmuş uzun köndələnlərin bəndlədiyi yoğun, yuxarısından itilənmiş dirəklər yüksəlirdi. Sanki uzunillik xidmətdən yorulmuş bu tamasalar ya irəli, ya da geri əyilmişdi. Bəzi yerlərdə heç yox idilər, başqa yerlərdə daha parlaq rəng və taxtanın elə də diqqətli olmayan düzəldilməsi çəpərin bu yaxınlarda, amma əvvəlkindən az məsrəflə təmir olunduğuna şahidlik edirdi.
Anelka xanım qız və on üç yaşlı olmasını unudaraq, çəpərdəki dəlikdən keçdi və kətan köynəkli qıza yaxınlaşdı.
Yazıq qız ilk dəqiqədə malikanədən olan və bəzəkli geyinmiş xanım qızdan qorxdu. Ağzını geniş açdı və qaçmağa hazırlaşmış kimi, ayağa sıçradı. Anelka cibindən peçenye çıxardı və qıza göstərib dedi:
– Qorxma. Səni incitmərəm. Bax, sənə nə gətirmişəm! Dadına bax! – Bu sözlərlə peçenyeni qızın ağzına dürtdü. Qız təəccüblü gözlərini Anelkadan endirmədən yedi.
– Yenə götür. Dadlıdır?
– Dadlıdır.
Anelka kötüyün üstünə əyləşdi, isə Qaydanın qızı isə isə çöməltmə oturdu.
– Sənin adın nədir? – deyə Anelka onun yağlı, parlaq-xurmayı saçlarını tumarlayaraq soruşdu.
– Maqda.
– Al, Maqda, yenə peçenye ye. – Anelka belə dedi. – Bu çoşqa sənindirmi? – deyə donuza nəzər salaraq, əlavə etdi, Karusun quyruğundan yapışmağa çalışdığı donuz isə sifətilə ona tərəf dönür və inamsızlıqla xortuldayırdı.
– Atamındır, – qız artıq bir qədər cəsarətlənərək, cavab verdi. – Kaş it onu gəmirməyəydi…
– Karusik, yanıma… Sən isə, Maqda, həmişəmi donuzla oynayırsan?
– Aha. Yaloska artıq böyükdür, Kaska isə keçən il öldü. Çuşa!.. Çuşa!.. Ona da mənimlə olmaq xoşdur, axı o da təkdir! Pan anasını güllələmək əmrini verib, digər çoşqaları isə atam satıb. Bax, yalnız birini saxlayıb.
– Bəs donuzu nəyə görə öldürdülər?
– Biçənəyin korlanmasına görə. Pan onu öz torpağında tutmuşdu.
– Məgər sizin ancaq bir donuzunuz var idi?
– Daha hardan götürək? Axı atam kəndlidir, ona görə də hər şeyimiz azdır.
Bunu deyərək, o, ayağı altına yayılmış çoşqanı tumarladı.
– Donuza çoxmu acıdın?
– Bəs necə! Atam məni döyəndə daha acımalı oldu…
– Səni döydü?..
– Döymədi, saçlarımdan yapışdı və iki dəfə təpik vurdu.
Qız bu barədə tamamilə sakit danışırdı. Anelka hətta ağardı. Bir anlığa xəyalına gətirdi ki, sanki Karusiki öldürüblər və onun özünü də belə amansızlıqla cəzalandırıblar.
O, iztirablarına görə zavallını mükafatlandırmaq tələbatı hiss etdi, amma necə? Onun öz pulu olsaydı, Maqdaya donuz və gözəl paltar bağışlayardı, ancaq indi… o nə etsin?
Bu yerdə Maqdanın dörd gözlə onun boynuna sarınmış göy lentə baxdığını qeydə aldı. Anelka fikirləşmədən tez onu açdı və Maqdanın boynuna bağladı.
– Indi sən eynilə mənim kimi geyinmisən.
Maqda özünü yalnız göy lentin deyil, qırmızı paltarın, ağ corabların və hündür botinlərin də sahibi kimi təsəvvür edərək, ucadan güldü.
– Budur, yenə ye, – Anelka ikinci peçenyeni ona uzadaraq, belə dedi.
– Bunu sabah yeyərəm. Çox şirindir.
– Bu isə səni döydüklərinə görədir…– Anelka onu öpdü.
Ancaq Anelkanın ali mükafat saydığı öpüş Maqdada heç bir təəssürat doğrmadı. O, peçenyeni ovcunda sıxaraq, indi əsl xanım qıza oxşadığını fikirləşməklə, dəqiqəbaşı göy lentə baxırdı.
Bu vaxt döngədən təkər taqqıltısı eşidildi və yolda toz buruldu. Gözəl kolyaska sürətlə daxmaya yaxınlaşdı. Anelka nə isə dərk etməyə macal tapınca , ekipaj daxmanın yanında dayandı.
– Atacan! – Anelka qışqırdı və ekipaja doğru cumdu.
Ancaq atası Anelkanı daha əvvəl görmüşdü və buna görə də onu öpmədi, ciddi şəkildə dedi:
– Panna Anelya yollarda qaçır! .. Necə də gözəldir!.. Burda neynirsən?
Qorxmuş Anelka susdu.
– Əcəb də sənə yaxşı nəzarət edirlər! Özünü əla aparırsan, sözüm yoxdur! Yollarda yüyürür və hansısa natəmiz qız və donuzla birlikdə tozda eşələnirsən! Evə yola düş! Tezliklə qayıdacağ və onda səninlə danışacağam. Atanı belə güclü incitməyə qadir olduğunu heç vaxt fikirləşməzdim!
Qorxudan daşa dönmüş Anelkanı geridə qoyaraq, kolyaska onun verdiyi işarə ilə tərpəndi.
“Səninlə danışacağam!” Ilahi, nə isə olacaq…
Maqda daxmanın astanasına yüyürdü və ordan dalınca Karusikin götürüldüyü və uzaqlaşan kolyaskanın ardınca narahatlıqla baxdı.
– Əlvida, Maqda! – Anelka əl yelləyərək, belə dedi. – Yəqin, bura gəldiyimə görə möhkəmcə danlanacam.
O, hasara tərəf qaçdı, dəlikdən keçdi və tez kolluqda qeyb oldu. Karusik onun ardınca cumdu, Maqda isə onların dalınca hərəkət etdi.
O “möhkəmcə danlanmağ”ın nə demək olduğunu əla başa düşür və ən azından, yeni rəfiqəsinə nə olacağını öyrənmək istəyirdi. Ehtiyatla hasara yaxınlaşdı və barmağını dodaqlarına sıxaraq, gah dinşədi, gah da ehtiyatla bağa nəzər saldı. Amma ora daxil olmağa cəsarəti çatmırdı.
Bu məqamda daxmanın qarşısında iri boylu, ayağı yalın, sinəsi açıq köynəkdə olan bir kişi peyda oldu. O hər iki əlini qoltuğuna soxaraq, dayanmış və gah gözdən itən ekipaj tərəfə, gah arxasında Anelkanın yox olduğu parkın barısına, gah da malikanənin dam və borularına baxırdı.
– Pan uşağı, – deyə mızıldandı. Daha bir qədər dayanaraq, daxmaya qayıtdı.
Anelka çırpınan ürəyilə evə yaxınlaşdı. Bu gün onun tam iki məyusluğu olmuşdu: birincisi, bu qədər gec-gec gördüyü atasını acıqlandırmışdı, ikincisi, mürəbbiyənin kefini möhkəmcə pozmuşdu.
Atası ilə danışıqdan yaxşı heç nə çıxmayacaq! Panna Valentina, yəqin, onunla bir olacaq, anası daha güclü xəstələnəcək…
Narahatlıq ona bağın gözəl olmayan görünəcəyi, evin isə dəhşət doğuracağə qədər əzab verirdi. Ananı yaxınlaşan fırtınaya necə hazırlamalı ?
Anelka bütün malikanənin ovuc içərisindəki kimi göründüyü ağacın altında dayandı və orda nə baş verdiyini izləməyə başladı.
Onun iti görməsi vardı, anasının və Yuzekin artıq şüşələnmiş terrasda olmadığını, panna Valentinanın öz mansardasında (çatı altında çəp tavanlı otaq – tərc.) olduğunu sezdi. Bağda ins-cins yox idi, yalnız həyətdən, evin arxasında Kivalskayanın çığırqan səsi, toyuqların qaqqıltısı və tovuz quşunun şikayətli “A-a-a-x”.. A-a-a-x!..” – deyə qışqırtısı eşidilirdi.
Kədərlidir! Ətraf kədərlidir!
Bax, mürəbbiyə mansardanın açıq pəncərəsində göründü.
“Indi məni çağıracaq” – Anelka belə fikirləşdi.
Ancaq panna Valentina onu çağırmadı; pəncərə altlığına dirsəklənərək, bağa baxdı. Sonra qısa müddətə otağın dərinliyində itdi və pəncərəyə qayıdaraq, damın çıxıntısına çörək ovdu. Tezliklə bura bir sərçə uçdu, ardınca daha bir neçəsi gəldi və hamısı şən cikkilti ilə qırıntıların üstünə cumdular.
Qoca qarımış qız ilk dəfə quşları yemləmək fikrinə gəlmişdi. O vaxtdan bəri bunu hər gün, həmişə axşam çağı, sanki kiminsə onu görməsindən ehtiyatlanaraq, edirdi.
Mahiyyətcə belə əhəmiyyətsiz təsadüf Anelkaya ümid verdi. Panna Valentina quşlar barəsində belə qayğı aşkara çıxardığına görə, səbəbi məlum olmadan, mümkündür ki, atasının da ona qarşı alicənab olacağı qərarına gəldi. “Belə böyük qızın qəribə məntiqi var” – mürəbbiyə belə deməyi yaddan çıxarmazdı.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?