Электронная библиотека » Cəlal Bərgüşad » » онлайн чтение - страница 2

Текст книги "Sıyrılmış qılınc"


  • Текст добавлен: 26 декабря 2022, 15:40


Автор книги: Cəlal Bərgüşad


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 27 страниц) [доступный отрывок для чтения: 8 страниц]

Шрифт:
- 100% +

II
XƏLİFƏNİN YATAQ OTAĞINDA

Əsl məhəbbət yalnız qadınlara məxsusdur.

Gi de MOPASSAN.

Altun sarayında nüfuz və mənsəb sahibi olan farslar ortaya vəliəhd söhbəti atmışdılar və bu söhbət xilafətdə ağızdan-ağıza gəzir, təhlükəli şəkil alır, beyinləri dumanlandırırdı. Sarayın baş cəlladı Məsrurun iti qılıncı kimin başında çatlayacaqdı? Bu, məlum deyildi. Məlum olan bu idi ki, Xəlifə Harunun zövcələri arasında qısqanclıq və düşmənçilik hissləri tədricən güclənirdi. Vəliəhd məsələsi gah onu, gah bunu alov kimi qarsıdırdı. Zövcələr elə dərdə düçar olmuşdular ki, bunu Məkkədəki müqəddəs Həcəri əsvəd44
  Həcəri-əsvəd – haçansa göydən Məkkəyə düşmüş meteor parçası. Buna Qara daş deyirlər. Bu daş müqəddəs sayılır. Ziyarətə gedən hər zəvvar o daşın başına dolanıb öz niyyətini bildirir.


[Закрыть]
də sağalda bilməzdi.

Ərəb əyanlarını baş vəzir Cəfərin tərəfdarları sıxışdırırdılar, sarayda ərəblər dərdlərini deməyə bir adam axtarırdılar. Ümid bağladıqları bircə baş məlaikə Zübeydə xatun idi, o da Təbrizdə idi. İsitmə xəstəliyinə tutulduğuna görə Zübeydə xatun sağalınca Təbrizdəki yaylağında qalmalı idi.

Baş məlaikə gözlənilmədən Bağdada qayıtdı. Onun gəlişi farsları qəzəbləndirsə də, ərəbləri sevindirdi… Günəş Həməl bürcündən çıxan günün axşamı artıq Zübeydə xatun Xəlifə Harunun yataq otağında idi. Qullar, cariyələr və xacələr bir-birini muştuluqladı. Onların arasında fal açanlar çox idi. Görəsən, tale bu dəfə saray əsirlərindən hansının üzünə güləcəkdir?!

Zübeydə xatun qəsdən özünü xəlifəyə incik göstərirdi. Onda bir adət vardı, tələsməzdi, əvvəl şamları yandırıb incə belini əsdirə-əsdirə giley-güzara başlayar, xəlifənin daş ürəyini əlinə alıb muma döndərər və öz xeyrinə bəzi vədlər alandan sonra fələyə bac verərdi.

Xəlifə Harun tələsmədən bir-bir şamlara od vuran Zübeydə xatunun kölgəsinə çevrilib onunla birlikdə gəzinir və əllərini zövcəsinin qızıl tozu səpilmiş gur saçlarına toxundurub, ehtirasla qara gözlərini onun çəmən qoxuyan dolu sinəsindən çəkmirdi. Zübeydə xatun xüsusi bir əda ilə ərini süzüb:

– Səbir elə, – dedi, – mənim xeyirxah və ədalətli hökmdarımla açıq danışa bilərəmmi?

Xəlifə zövcəsinin ürəyindən keçənləri duymuşdu. O, dodaqlarını ehmalca Zübeydə xatunun ulduzlu saçlarına toxundurub pıçıldadı:

–Mənim gözəl mələyim bilməlidir ki, bu anda hökmdarlıq xanımların əlində olur.

Zübeydə xatun şamların hamısını yandırıb qurtardı və yataq otağının ortasındakı xalının bir küncündə əyləşdi.

–Bilirsən nə üçün belə adət yaranıb? Yataq otağının şamlarını, adətən xanım özü yandırmalıdır.

–Nə üçün belədir?

– Ərlərə xoş olsun deyə. Mən bütün şamları alışdırdım. Sən də söz ver ki, mənim qəlbimdəki yüz çıraqdan bircəsini yandıracaqsan.

– Gözəlim, ərz etdim ki, bu gecə hökmdar sənsən!

Zübeydə xatun ürəkləndi:

– Əmirəlmömin onu bilməlidir ki, mən təkcə onun qadını deyil, həm də əzəmətli taxt-tacın sadiq keşikçisiyəm. Al geyimli xürrəmilər Bəzzdə üsyan qaldıranda saraydakı farslar sevindiklərindən bilmirdilər nə etsinlər. Sən Babil bataqlığında şir ovunda olarkən mən gecələr bu sarayda yata bilmirdim. Əgər farsların səndən qorxusu olmasaydı, bəlkə Cavidana kömək də göndərərdilər. Təbrizdə fikir məni üzmüşdü. Sarayın külli ixtiyarını baş vəzir alıb öz əlinə. Altun sarayında onun ağalığı uzunmu sürəcək?

Zübeydə xatunun dizinə baş qoyan xəlifə onun incə belinə qol doladı.

– Mənim mələyim bilməlidir ki, bu çayda bir kuzə batıb, onu da tapıblar Yer üzündə allah bir olan kimi, xilafətdə də hökmdar birdir. Baş vəzir Cəfər olsa-olsa mənim Seyyuri itimə tay olar.

– Görüm qadir allah səni daha da uca eləsin. Fəqət istəyirəm biləsən həmişə ağızdolusu «qardaş» dediyin o baş vəzir Cəfər neçə ildir sənin taxt-tacına müştəri gözü ilə baxır. Məqam düşsə o sənin də, oğlunun da gözlərinə mil çəkdirər, bunu bil. Yadında varmı, məni Təbriz yaylağına ötürərkən yolda deyirdin ki, «düşmənə inanan özünə düşməndir, xainləri güldürmək sadiqləri öldürmək deməkdir!» Baş vəzirə ki, belə meydan veribsən neçə dost-tanış səndən üz döndərib, hətta sirdaşın şair Əbu Nüvvas Misirə qaçmaq istəyir… Sarayın mühafizə dəstəsi baş vəzirin buyruğu ilə durub-oturur. O hiyləgər farslara bel bağlamaq olar? Müqəddəs Məkkə haqqı, onlar Dəmirçi Gavənin55
  Dəmirçi Gavə İranın qədim əfsanəvi qəhrəmanıdır. O, İranı istila edən ərəb Zöhhakın əleyhinə üsyan qaldırıb onu taxtdan salmışdır.


[Закрыть]
bayrağını yenidən qaldıra bilərlər. Əmirəlmömin bilməmiş deyil ki, şahmat oyununda farslar olduqca mahirdirlər. Hətta sənin o fars qızı Məracil xatundan olan oğlun Məmun məşhur şahmatçı Əbu Hafiz Şətrəncini mat qoyur. Siyasətdə də şahmat oynayan farslarla son dərəcə ehtiyatlı olmalıyıq, yoxsa başımız ağrıyar. Hökmdarıma onu da deyim ki, qardaş qardaşın, ancaq süd payına şərik ola bilər. Şükür allaha, Əminlə Məmunun süd payı da ayrı olub…

Xəlifə Harun cavab verməyəndə Zübeydə xatun daha da coşur, sarayda kimdən xoşu gəlmirdisə onu ərinə şeytanlayırdı. İndi o, baş vəzir Cəfəri unudub sarayın ən nüfuzlu filosofu əl-Kindinin66
  Yəqub ibn İshaq əl-Kindi (ölüb 874) – ərəblərin məşhur filosofudur. O, rəngli ərəb xəritəsinin müəllifidir. Onun xəritəsində yollar qırmızı, səhra sarı, dəniz yaşıl, çaylar göy rənglə, dağlar isə tozcuqlarla işarə edilmişdir. Xəritədə iki dəniz təsvir olunmuşdu. Əl-Kindi bu məsələdə Qurana əsaslanmışdır. İtaliya filosofu Çeroloma Kardano (1501 – 1576) əl-Kindini dünyada yaşamış on iki ən nəhəng filosoflardan biri hesab edir. Əl-Kindi nəzəri görüşünə görə mötəzilli idi. O, sarayda xəlifə oğlanlarına tərbiyə verirdi. Xəlifə əl-Mütəvvəkkil (847 – 861) əl-Kindini nüfuzdan salıb, onun kitabxanasını zəbt edib və özünü saraydan qovmuşdu. Əl-Kindi bəzi hallarda xürrəmilərə rəğbət bəsləyirdi.


[Закрыть]
üstünə düşmüşdü:

– Ay başımın tacı, o xaçpərəsti saraydan qovmasan farslar üstümüzə ayaq alacaqlar. O çoxbilmiş keşiş durub-oturur Məmunun beynini cürbəcür axmaq fikirlərlə doldurur. Mən neçə dəfə bax, bu qulaqlarımla eşitmişəm.. Məmuna deyirdi ki, üsyançı xürrəmiləri ucdantutma qırmaqda hökmdar günah iş tutur. Əgər belə getsə kimdən vergi alınacaq? Ölülərdənmi? Xəzinə boşalacaq, çoxları müflis olub düşəcək dərviş gününə. Əl-Kindi özünü elə göstərir ki, elə bil sarayda xəlifəni ondan çox istəyən yoxdur.

Harun ər-Rəşidin qolu Zübeydə xatunun belində qalmışdı. Susmuşdu. Özünü yenə laqeyd aparır və elə bil heç bu deyilənləri eşitmirdi. Zübeydə xatunun isə ürəyi dolu idi. O istəyirdi gecə qurtarıb sübh açılmasın. Ərinə deyiləsi o qədər xəbər var idi ki…

Xəlifənin münasib olmayan belə bir vaxtda xanımından eşitdiyi giley-güzardan xoşu gəlməsə də, hörmət xatirinə hələ dözürdü. Zübeydə xatun Təbrizdən qayıdandan sonra yaman dəymədüşər olmuşdu. Küsə bilərdi. Hər şey onun ürəyinə toxunurdu. Yaxşı ki, Məracil xatunun dediyi sözlər hələ gəlib onun qulağına çatmamışdı: «Keçi Təbrizdən gəldi, özü ilə bir kisə qızdırma da gətirdi». Yaxşı deyiblər: İki ölünü bir qəbrə qoymaq olar, iki arvadı bir evdə saxlamaq olmaz. Əgər Zübeydə xatun Məracil xatunun onun barəsində nələr söylədiyini eşitsəydi, özü hökmdara demədən cəlladbaşı Məsruru çağırtdırardı. Əmr edərdi ki, Məracil xatundan doğulan xəlifə oğlu, Məmunun başı vurulsun.

Xəlifə bilirdi ki, Zübeydə xatunun qəzəbi hüdudsuzdur. Odur ki, Zübeydə xatun danışdıqca bəzi sözləri eşitməzliyə vururdu. Bəzən qımışır, bəzən zövcəsinin sözlərini başını yüngülcə tərpətməklə təsdiq edirdi.

– Gözəl mələk, bir ricam var.

– Əmirəlmöminə itaət borcumdur.

– Təvəqqe edirəm söhbətə şəkər qataq. – O, Zübeydə xatunun belini daha möhkəm sıxıb əlavə etdi. – Bu yataq otağında baş vəzir Cəfər deyilsən ki, mənimlə rəsmi danışasan. Təvəqqe edirəm, gözəlim nəzərə alsın ki, onun bəzi sözləri otağın havasını soyuda bilər. Yadındadırmı, nişanlı vaxtı hər yay səni Təbriz yaylağına özüm aparardım. Orda sən şeir yazardın, şeir deyərdin.

Xəlifə qollarını incə belə daha möhkəm dolayıb sıxdı.

– Yavaş!

– Şəkərim, bağda bülbüllər oxuyur. Bülbüllər kimi biz də nəğməyə möhtacıq…

Zübeydə xatun təzəcə yazdığı şeirini şirin bir avazla oxudu:

 
Ey qaragöz ərəb qızı,
Ey parlayan bəxt ulduzu!
Gülüşlərin nə şirindir,
Baxışların nə xumardır!
O baxışdan allah özü
Od umardı, pay umardı.
 

– Oxu, yenə oxu!..

Zübeydə xatunun iri, qara gözləri sevincindən alışıb-yandı, dodaqlarında təbəssüm oynadı. Bununla o, Harunun ehtirasını bir qədər də alovlandırdı. Və yavaşca alnını Harunun sinəsinə söykədi:

– Təəssüf ki, belə şeirlər həmişə yox, ancaq yataq otağında söylənir.

Xəlifə onsuz da daxilən gərgin idi, bu sözlərdən tutuldu. Zübeydə xatunun belini sıxdığı qolları boşaldı. Zübeydə xatun bir az geri durub məsumcasına xəlifənin gözlərinə tamaşa elədi və başını zərif bir əda ilə tərpətdi: «yoxsa incidin?» Amma yenə öz üstünlüyünü saxlayaraq:

– Qadir allah bilir ki, əsil şairlər məhəbbət şeirini onun qədrini bilənlər üçün yazırlar – dedi. – Bülbüllər əsil məhəbbət aşiqləridir. Ona görə də nəğmələri həmişə təzə qalır. Şairlər deyir ki, əsil həqiqi məhəbbət hökmdarlardan uzaqdır.

Əsəbdən xəlifənin qırmızı saqqalı səyridi, onun alnındakı çapıq yeri qaraldı.

– İstəkli xanımın bu gecə məni kədərləndirməkdə məqsədi nədir?

– Ağıllı-kamallı böyük bir hökmdarı kədərləndirməkmi olar? Allahdan ona dağ ömrü diləyirəm.

…Buludsuz səmada ulduzlar çiçəkləmişdi. Külək hərdən pəncərənin yaşıl, ipək pərdələrini aralayır, içəridən göydəki Ağayol aydın görünürdü.

Hərdən bağdakı ağacların xışıltısı eşidilirdi. Budaqlarda gecələyən quşların hamısı yuxuda idi, bircə bülbüllərdən başqa. Nəğməkar bülbüllər fəvvarə vuran ağ mərmərli hovuzların dövrəsində oxuyurdu.

– Heyf nişanlı günlərimizdən, o vaxtlar bir-birimizə necə də əziz idik – deyə Zübeydə xatun yüngülcə ah çəkib söhbəti təzələdi. – Yadındadırmı, Azərbaycanı töhfə alanda sənə təzə nişanlanmışdım. Nişanlı günlərimizdə Dərbəndə getdik. Orda mənim şərəfimə bağ saldırdın, dəyirman tikdirdin. Sonra Təbrizə qayıtdıq. Təbrizdə məndən ötrü tikdirdiyin yay sarayının qabağında gur sulu bir kəhriz də vurdurdun. Dedin: «Bu da Zübeydə xatun kəhrizi». Hər gün o kəhrizdən su içəndə səni yada salırdım. Elə gözəl sərin suyu var ki! Heyf o qayğısız günlərdən. Yadındadırmı Təbriz yaylağında gül-çiçəkdən mənə çələng hörərdin. Bağdada qayıdarkən gecələr ən çox saray bağında mənimlə gəzərdin. Sonra da ay işığında yelkənli qayıqlara minib Dəclədə səhərə kimi üzərdik.

– Əzizim, bu dediklərin heç yaddan çıxarmı? İstərdim belə xoş xatirələri ömrün boyu unutmayasan.

Zübeydə xatun vaxtı uzatmaqdan usanmışdı. Başını Harunun çiyninə qoydu. Qızıl tozu səpilmiş gur saçları şəlalə kimi dağılıb ərinin çiyinlərinə töküldü, hər ikisinin ürəyi bərk döyündü. Xalının üstündən qalxıb nazbalışa tərəf getdilər. Harun ərəb gözəlinin ətirli nəfəsindən məst olmuşdu. Pəncərədən içəri axan səma şöləsi şamların işığına qarışıb Zübeydə xatunun çöhrəsini nurlandırır, xəlifənin pərisini daha cazibədar göstərirdi. Harun məftun halda qırmızı ipək yastığa dirsəklənib ehtirasla xanımına baxırdı. Zübeydə xatun yataqdan qalxdı, bədənnüma güzgünün qabağında sərv ağacı kimi dayandı. Xınalı, şümşad barmaqları ilə dağınıq saçlarını düzəltdi. Güzgüdə utancaq qızlar kimi şən bir təbəssümlə Haruna göz vurdu. Harun da bunu görüb təzədən bürküləndi.

Zübeydə xatun Təbrizdə bahar çiçəklərinə dönmüşdü, xəlifənin gözündə məlaikə mislində idi.

Altun sarayının bütün cariyələri Zübeydə xatuna tamaşa eləyib «bəh-bəh» deyər, onun bahalı bəzək-düzəyindən danışardı. Təbrizli dərzilər Zübeydə xatun üçün təzə paltarlar tikmişdi. Ərinin görüşünə getməzdən qabaq neçə məşattə xanımı zövqlə bəzəmişdi.

Xilafətdə ilk dəfə çaxçur77
  Çaxçur – eramızın VIII – IX əsrlərində dini mərasimlərdə ipək çaxçur geymək adət idi. Zübeydə xatun bu paltarı da məclisdə geyməyi dəb salmışdı.


[Закрыть]
geyən də Zübeydə xatun idi. Ona yaraşırdı. Hətta o, hər dəfə Təbrizdən gələndə oğlu Əmin üçün hədiyyə gətirdiyi yüz qəşəng qıza da yaşıl ipəkdən çaxçur geyindirib saray bağına gəzintiyə aparardı.

Bu axşam Zübeydə xatunun Çin xarasından tikdirdiyi zümrüdü gilələsi,88
  Gilələ – alt qadın paltarı.


[Закрыть]
qızılgül rənginə çalan çələbiyyəsi99
  Çələbiyyə – ərəb qadınlarının gecələr geydiyi paltar.


[Закрыть]
onu təzə gəlinə oxşadırdı. Baş məlaikə cənub səmasını xatırladan saçlarının üstünə yaşıl cuqqu çəkmişdi. Başındakı tuğrası1010
  Tuğra – Abbasi nəslindən olan qadınlara və qızlara məxsus xüsusi daş-qaşla bəzədilmiş baş geyimi.


[Закрыть]
qiymətsiz idi. Tuğrada qızılquş nəqş olunmuşdu. Quşun qanadları və köksü brilyant və yaqutla bəzədilmişdi. Məlaikənin cıqqasındakı yaşıl alov rəngli zümrüd dənəsi ağappaq döşlərinin arasında gizlənən gözmuncuğundan da cazibəli idi. Şam işığında xanımın başmaqlarına düzülən irili-xırdalı almaz və zümrüd dənələri qığılcıma bənzəyirdi. «Ey axmaq, niyə diz çöküb bunun ayaqlarından öpmürsən?!» deyə xəlifə özünü məzəmmət elədi. Zübeydə xatun güzgü önündə sərv kimi silkələnirdi. Qulağındakı noxud boyda mirvariləri bərq vururdu. Biləyindəki nadir bilərziyin şəfəqi onun dərisinə necə də uyarlı idi. Harun bu bilərziyi nişanlı vaxtı Təbrizdən gətirmişdi. Zübeydə xatunun qönçə dodaqlarına təbəssüm qonmuşdu. Gülümsəyəndə yanağındakı balaca zənəxdanı sanki göz vururdu. Elə bil közərmiş yanaqlarına barmaq qoysan barmağı yandırardı.

Xəlifə Harunun baxışları güzgü önündə cilvələnən xanımın əndamını səyahətə çıxmışdı. Harun elə bil onu birinci dəfə idi görürdü. Sanki zifaf gecəsi idi.

«Fətəbərəküllah əhsənül xaliqin!»

Xəlifə çox sevdiyi bu kəlamı dodaqaltı pıçıldayıb ayağa qalxdı və şən halda məlaikəyə yaxınlaşdı. O, üsulluca, titrək barmaqları ilə xanımının təzəcə belinə bağladığı zümrüd qaşlı kəmərini açdı…

«Əfv edin məni, xanım! Nə buyruğunuz var, əməl olunacaq!» Xəlifəni məstedici qadın nəfəsi oxşadı.

Onların gözündə zər-xaralı ipək yorğan-döşək yenidən bəxtəvər oldu. Zübeydə xatun ürəyində dedi: «Əhsən sənə Ruhiyyə! Baş məşşatəlik sənə yaraşır. Məni elə bəzəyibsən ki! Əvəzi çatar». Məlaikənin zərlə nəqşlənmiş dırnaqları xəlifənin kürəyində közərirdi. Xəlifə xəyalən məşuqəsi Qərənfillə Zübeydə xatunun gözəlliyini müqayisə edirdi. Gah üstünlüyü məşuqəsinə, gah da xanımına verirdi. Hər halda onun yanında indi Zübeydə xatun idi. Xəlifəyə elə gəlirdi ki, günəş özü belə bu afətin gözəlliyinə həsəd aparır.

– Fətəbərəküllah əhsənül xaliqin! Ya rəbb, görəsən yer üzündə qadından gözəl məxluq varmı? Qadının sərvəti «qarət» olunarkən üzə çıxır, zinəti üzə çıxır. Gələcəyin hökmdarı qadının bətnində günəşə dönür… Gözəlim, söz verirəm, mənim taxt-tacımın sahibi sənin bətnində günəşə dönən Əmin olacaq. Odur mənim vəliəhdim! Doğru sözdür ki: «Qardaş qardaşın, ancaq süd payına şərik ola bilər. halbuki onların südü də ayrı olub.

Zübeydə xatun xoşbəxt idi, səadət duyğuları onu çulğamışdı. Dinmirdi, zərif burnunu hərdən Harunun qabarmış sinəsinə toxundururdu. Nəhayət o:

– Ey mənim taleyim – dedi – deyirlər: «Nə qədər qulun, o qədər qənimin!» Məni gözü götürməyən çoxdur. Onlar sənin bu ədalətli sözlərini eşitsələr paxıllıqdan partlayarlar.

Zübeydə xatun bilmirdi xəlifəyə necə dil-ağız eləsin, bir qadın kimi onun zövqünü necə oxşasın!.. Bu anda gözlənilmədən qapı tıqqıldadı. Nadir hadisə idi, xəlifə şaşqın halda qollarını Zübeydə xatundan çəkdi. Sakitlikdə Harunun ürək döyüntüləri eşidildi. Xəlifə ayağa qalxdı, məlaikə isə dikəlib yerin içində oturdu. Belə bir vaxtda xəlifəni narahat edən kim ola bilərdi?! Ölümündən qorxmurdumu həmin kəs?

Xəlifə hirsləndi:

– Bu fərraşlar harda qırılıblar görəsən?!

Qapıya tərəf getdi və qapı arxasından anasının səsini eşitdi:

– Namünasib vaxtda gəlmişəm, oğul! Qasid qırmızı lələkli məktub gətirib. Bədbəxtlik üz verib. Xəzərlər Dərbəndə hücum ediblər. Hökmün nədir?

Xəlifə qapının bəri üzündən dedi:

– Səbrin olsun, ana! Dünya dağılmaz. Gələrəm, məşvərət eləyərik.

Xəlifənin kefi pozulsa da Zübeydə xatunun ağuşuna qayıtdı. Xanım soruşdu:

– Nə hadisə baş verib?

– Xəzərlər Dərbəndə hücum ediblər.

Zübeydə xatun:

– Aaah! – dedi.

Xəlifə onu sakitləşdirdi:

– Qəm eləmə – dedi – mən hələ ölməmişəm ki, Dərbənd əldən gedə!..

Xəlifə uzanıb qolunu balışın altında çarpazlamışdı. Xanımı da yanında idi. Qızıl və gümüş məcməyilərdə ətirli meyvələr onları közləyirdi. Büllur sürahilərdə Kütrəbbul1111
  Kütrəbbul – bu şərab Bağdadın yaxınlığındakı Kütrəbbul kəndində hazırlanırdı.


[Закрыть]
şərabı qızarırdı. Üzərində aşiqanə şeirlər həkk edilmiş qızıl piyalələr meylə dolu idi. Xəlifə qalxıb ortasında heyvan və quş şəkli olan nəfis Şamaxı xalısının üstündə asta-asta gəzişir, xanımının təklifini gözləyirdi. Xalının kənarlarında Azərbaycan mənzərələri rəsm edilmişdi. Birdən bunlara baxıb Harun hirsləndi: «Lənətə gəlmiş atəşpərəstlər yenə dinc dayanmırlar! Bu kafirlər bilmirəm xilafətdən nə istəyirlər? Anam deyəndən sonra Əbu İmrana çaparla məktub göndərmişəm. Bəs o, Donbagöz nə üçün iğtişaşların qarşısını almır? Yəqin Şəhrək oğlu Cavidana gücü çatmır. Yox, Cavidanı asdırmasam mənə bu yataq otağında da dinclik olmayacaq!.. Hələ xəzərlər!» Xəlifə Harun narahatlığı özündən qovmağa çalışdı. Dolu qızıl qədəhi götürüb, xanımına yanaşdı:

– Yuxun gəlir?.. Mənim mələyim, gör bu piyalənin üstündə nə yazılıb? Əbu Nüvvasın kəlamlarıdır, oxu səsini eşidim.

Zübeydə xatun şeiri şirin ərəb ləhcəsi ilə oxudu:

 
İstəyirəm meyxoş olam,
İstəyirəm sərxoş olam.
İstəyirəm allah özü,
Mənə bəxşiş, ənam versin.
Əllərimdə daşan badə
Bir gözəlin dodağını
Bax beləcə əmən görsün.
 

– Mənim mələyim, şeir xoşuna gəldimi?

– Əlbət ki…

– Mənim mələyim, həyat nəşədir. Mən, həyatda nəşədən qiymətli bir sərvət tanımıram. Kefcil Cəmşidin1212
  Cəmşid – İranın Pişdadiyan sülaləsinin əfsanəvi şəxsiyyəti


[Закрыть]
icad etdiyi bu al şərabdan sənin şərəfinə beş ritl1313
  Bir ritl – dörd yüz qram


[Закрыть]
içsəm də «az oldu» deyərdim. Bir bax, bu da Kütrəbbul şərabı! Şair Əbu Nüvvas deyir ki, Kütrəbbul şərabı qədim yunan allahlarının çox sevdikləri Nektar və Falern şərablarından da gözəldir. Bundan sonra mən dilimə Muğan şərabı vurmaram! Onu qoy atəşpərəstlərin özləri içsinlər. Pəh-pəh… Kütrəbbül şərabının rənginə tamaşa qıl! Ətri bihuş edir adamı. Şairlər haqlıdır. Cəmşidin şərab qədəhinə «Cami-cəm» adı verməkdə. Bilmirəm Məhəmməd peyğəmbər nəyə görə müsəlmanları bu gözəl nemətdən məhrum eləyib? Əgər mən…

– Ya əmirəlmömin, nə danışırsan? – deyə Zübeydə xatun incik halda əlini məcməyilərdəki meyvələrin üstünə qoydu. – Sənin Məhəmməd peyğəmbərdə nə işin?! Yoxsa sən də mötəzililərlə1414
  Mötəzililər – IX əsrdə ruhanilər tərəfindən yazılan kitablar Quranın dediklərini təbliğ etməli idi. Bütün elm də Qurana əsaslanmalı idi. IX əsrin əvvəllərində islamın birliyi pozulur və islam dini parçalanıb beş qola ayrılır. Sünnilər, mötəzililər, murcilər, şiələr və xaricilər. Bu dini qollar arasında ciddi mübarizə gedirdi. Alimlərin hər biri Quranı öz bildiyi kimi məqsədinə uyğun surətdə təhlil edirdi. Dini rəvayətlər, əfsanələr mübahisəni genişləndirirdi. Rəvayətlərin əksəriyyəti bir-birinə zidd idi. Mötəzililər xüsusi fərqlənir və onlar Quranı müasir baxımdan təhlil edirdilər. Xəlifə Məmun dövründə mötəzililərin ideyası dövlət ideyası oldu. Lakin bu ideya axıra qədər davam gətirə bilmədi.


[Закрыть]
birləşib müqəddəs quranın ayələrini dəyişdirmək fikrinə düşmüsən? Onsuz da düşmənimiz əməvilər haqqımızda nalayiq şayiələr yayır. Bizim ölümümüzü istəyirlər… Hökmdarım, Qurandır səni qoruyan. Möhkəm tut ondan. Yadda saxla ki, baş vəzir Cəfər kimi qorxulu düşmənin var. Xürrəmiləri üstümüzə qızışdıran da bəlkə odur. Biz xürrəmilərlə hesab çəkməliyik, əməvilərlə yox!

– Mənim mələyim, indi mən ancaq sənin barəndə duşunürəm. Sən mənim gözümdə Süheyl1515
  Süheyl – Parlaq ulduz. Bu ulduz Şərq ədəbiyyatında gözəllik simvoludur


[Закрыть]
ulduzundan qəşəngsən. Sübh açılan kimi bu görüşümüz şərəfinə çoxlu qul azad edəcəyəm.

Zübeydə xatun bu iltifat, qədr-qiymət müqabilində başını Harunun köksünə endirdi. Bədənnüma güzgüdə iki kölgə qovuşdu və sonra bu kölgələr ayrıldılar. Elə bil badam ləpəsi iki bölündü.

…Artıq Bağdad səmasındakı ulduzlar yoxa çıxmışdı. Saray bağında quşlar cibbildəşirdi. Səhər günəşinin şəfəqləri pəncərənin yaşıl pərdələri arasından süzülüb Zübeydə xatunun pərişan saçlarına dolmuşdu. Xanım gül ətirli yatağında yuxuya getmişdi. Harunun qırmızı saqqalı köksündə alov dilimini xatırladırdı. Yatmış Harun hərdən yuxuda əl-qol atıb öz-özünə danışırdı: «Vəzir, bu nə qara xəbərdir?! Xəzərlər mənimmi «Azad şəhərim»ə – Dərbəndimə hücum ediblər?! Mən azğınlara öz gücümü göstərərəm! Necə?! Atəşgahlarda xürrəmilər yenə od yandırırlar?! Mən onların da o günəşini əbədi söndürərəm!»

Xəlifə gah yuxuda Dərbəndə basqın edən xəzərlərin, gah da üsyançı xürrəmilərin qollarını zəncirlədib «ölüm ağacları»ndan asdırırdı. Birdən necə oldusa xəlifənin qolu zərblə Zübeydə xatuna toxundu… Hər ikisi hövlnak yuxudan qalxdı: «Bismillah!» Xəlifənin sədaqətli Qarapişiyi yataq otağının qapısını kəsdirmişdi. Pişik sahibinin səsini eşidib hərdən miyoldayır, hərdən qapını cırmaqlayırdı.

Altun sarayında şeypurlar çalındı, təbillər vuruldu. Bu – əyanları namaza səslədi. Bağdad məscidlərindən boğuq azan səsləri eşidildi. İşrət dumanları Harunun başından çəkilib gedirdi, gecə ikən anasını eşidib tədbir görmədiyinə peşman oldu: «Necə yəni düşmən yenə üstümüzə qılınc çəkir?! Azğın xəzərlər hücum edib Dərbəndi tuturlar, hə?! Zübeydə xatunun cehizi Azərbaycanı qarət edib talayırlar, hə?! Onun adamlarını əsir alıb Xaqana aparırlar, hə?! Doğrudanmı?!»

III
«AZAD ŞƏHƏR»İN QARA SƏHƏRİ

Fəlakətə düşən adam qorxmaz, yalnız məchulluq qorxuludur.

ANTUAN DE SENT-EKZUPERİ

Azərbaycanın şimal obalarında, kəndlərində çayların kükrəyən, daşların çiçəklə örtülən vaxtı idi. Çöllərdə torağaylar, alacəhrələr hey ötürdü. Zərli kəpənəklər bir-birini qovmaqda idi. Lakin baharın bu gül-çiçəkli çağında, elə bil, ulu Hörmüz Sərətan bürcünə əsir düşmüşdü. Dərbənddə, sanki sübh açılmağa qorxurdu. Yaralıların naləsi… Xilafətin «Azad şəhər»i Dərbəndi Harun belə görsəydi başına hava gələrdi. Bəlkə də o gecəki qızıl qədəhə Kütrəbbul şərabı yox, zəhər süzərdi. Xəzər türkləri qorxu-hürkü bilmirdilər. Onlar şəhərin gözəllik və mərdlik simvolu olan şir heykəllərini harda görsələr çilikləyib küçələrə tökürdülər. Göyün üzünü tüstü dumanı bürümüşdü. Neft və taxıl anbarlarından alov qalxırdı. Xaqan, vaxtilə Əməvi və Abbasi xəlifələrinin Dərbənddə tikdirdiyi möhtəşəm, müqəddəs «allah evləri»ni hörmətdən salmaq üçün heç nədən çəkinmirdi. Xaqan məscidləri qəsdən at tövləsinə döndərmişdi. Fələstin, Dəməşq, Xəzər məscidlərindən ayğır kişnərtisi eşidilirdi. Həmməs, Qeysəriyyə, Cəzair və Mosul məscidləri isə qarət malları ilə dolu idi. Xəzərlərin belə nadan hərəkətləri onlara qarşı nifrəti artırırdı.

Küçə və meydançaları, bazarları, limanları üfunət qoxusu bürüməkdə idi. Çoxları burda yurd salmasına peşman olmuşdu. Lakin artıq gec idi. Hər cür işgəncəyə, əzab-əziyyətə dözməkdən başqa əlac qalmamışdı. Şəhərin bütün dəmir darvazaları xəzərlərin əlinə keçmişdir. Əsir alınan şəhər əhalisi Babül mühacir,1616
  Carçı qapısı


[Закрыть]
Babül cəhad,1717
  Qırxlar qapısı


[Закрыть]
Babül xüms1818
  Yeni qapı


[Закрыть]
və Babül cəgir1919
  Türkmən qapısı


[Закрыть]
darvazalarının ağzına gətirilirdi. Əsir dəstələri yerə yatmış dumanı andırırdı. Babül məktub2020
  Bayat qapısı


[Закрыть]
və Babül Əlqəmə2121
  Narınqala qapısı


[Закрыть]
darvazalarının girəcəyində isə xəzərlər əsirləri siyahıya alırdılar.

Xəlifə Harunun Dərbənddə baş məlaikə Zübeydə xatunun adına saldırdığı xiyabanlarda qan su yerinə axırdı: Orda-burda «ölüm ağacları»ndan asılmış zirehli cəsədləri dənizdən əsən külək yellədirdi.

Cuma məscidi daha hüznlü görünürdü. Ondan bir az aşağıda tacirlərin naləsi limanı bürümüşdü. Xəzərlər tacirlərin qarət olunmuş mallarını gəmilərdən quruya daşıyır, öküz arabalarına və dəvələrə yükləyirdilər.

İsgəndər səddinin2222
  Bəzi tarixçilərin yazdığına görə Makedoniyalı İsgəndər bu səddi şimal tayfalarının hücumlarından qorunmaq üçün çəkdirmişdir. Bəzi tarixçilər isə bu səddin Sasani padşahı Ənuşirəvan tərəfindən tikdirildiyini iddia edirlər.


[Закрыть]
yanında cəsəd-cəsədə söykənmişdi. Gödək kürklərinin üstündən enli qayış bağlamış balacaboy xəzərlər xəz papaqlarını alıcı gözlərinin üstünə basıb əli qılınclı hara gəldi cumurdular. Hərdən xəzərlərin bağırtısı eşidilirdi:

– Ey qırxayaq, hara dırmanırsan?! Qaladan düş aşağı, işini bitirək!

– Qala nədi, lap göyün yeddi qatına çıxsanız da əlimizdən qurtara bilməyəcəksiniz!

– Ehey, hardasınız? Eşidin, bilin, bir də «Gil ayaqlı nəhəng»in ayağı bu yerlərə dəyməyəcək! Tabe olun Xaqana!

Mamırlı nəhəng daşları qurğuşunla bir-birinə lehimlənmiş, əzəmətli İsgəndər səddinin diş-diş divarları üstündə hələ də qara bayraqlar dalğalanırdı. Xəzərlər nə qədər cəhd göstərsələr də, bayraqları ordan götürə bilmirdilər. Səddin qaranlıq pillələrini və divarlarını kollar və yabanı otlar basmışdı. Xəlifə əsgərləri kolların, otların arasına sinib qalaya dırmaşan xəzərləri oxa tuturdular:

– Ey talançılar, bu müqəddəs qara bayraqlar toxunulmazdır!

Sərrast atılan oxlar öz işini görürdü. Xəzərlər qəzəblə vurnuxurdular.

– Vay bu oxu hardan atdılar?!

– Dayan, payını alarsan!..

…Neçə gün idi Dərbənd çalxanırdı. Əlləri məşəlli bir dəstə Xəzər süvarisi sübhün ala-qaranlığında İsgəndər səddinin divarları yanında dolaşırdı. Onlar məşəlin işığında meyitləri görən kimi ölü yığanların üstünə acıqlanırdılar:

– Gözünüz kordur?! Baxın, burda nə qədər cəsəd qalıb, aparın!

– Tənbəllər, tez olun görək, gün çıxandan sonra bura meyit iyindən yaxın düşmək olmayacaqdır!

Ağız-burunlarını dəsmalla bağlamış ölü yığanlar divarın dibində irigövdəli bir meyit gördülər.

– Bu nə zorbadır, bunun da meyitini aparıb yandıraq?2323
  O dövrdəki xəzərlərə görə guya cəhənnəm yerin altındadır. Kim yerə basdırılsa, o cəhənnəmə gedir. Odur ki, xəzərlərdə meyiti yandırmaq adət idi.


[Закрыть]

Süvarilərin başçısı özündən çıxdı.

– Axmaq, müsəlman meyitini yandırsan ruhu cənnətə gedər! Bas onu xəndəyə, üstünü torpaqla!

Ölü yığanlar yorulub əldən düşmüşdülər. Köməkləşib, ağır zirehli cəsədləri güclə yerdən qaldırırdılar.

Xəzərlər müsəlman cəsədlərini basdırır, türk cəsədlərini isə yarmaça kimi götürüb bir-birinin üstünə atır, od vururdular.

Yanan meyitlərin iyi aləmə yayılırdı. Süvarilər dəsmallarını burunlarına basıb, atlarını mahmızlayırdılar.

Dərbənddə qara səhərlər açılırdı. Cəsəd tığından qalxan tüstü İsgəndər səddini basır və bu tüstü sütunlarını yarıb qalxan alovu külək vurub şiddətləndirirdi. Alovun çırpınan dilləri səddin yuxarı daşlarına toxunurdu.

Ölü yığanlar hələ nəfəsləri kəsilməmiş xəlifə əsgərlərini atlarının, qatırlarının quyruğuna bağlayıb dərin xəndəklərə tərəf sürüyürdülər… Yaralı mücahidlər son nəfəslərinə qədər təslim olmur, bağıra-bağıra xəzərləri qucaqlayıb özləri ilə xəndəyə salırdılar.

Xəlifə əsgərləri ox atmaqda mahir idilər, xəzərlər ziyan çəkirdi. Qala mazqallarından tez-tez ox vıyıltısı eşidilirdi. Keşikçilər xəzərləri söyürdülər:

– Soyğunçular! And olsun allaha, Xəlifə Harun bu qisası sizdə qoymayacaq!

– Azğınlar, biz xəlifə yolunda ölərik, amma təslim olmarıq!

Xəzərlər quduzlaşıb daha da amansız olurdular. Ancaq xəlifə keşikçilərinin xəndəkdə iniltisini eşidəndə qəzəbləri bir balaca soyuyurdu: «gəbərin orda, sizin axirət dünyanız ordadır».

Isgəndər səddi qanlı vuruşmaları çox görmüşdür. Ancaq belə müsibətə birinci dəfə idi ki, düçar olurdu. Səddin divarları oxdan dəlik-deşik idi.

Rübas və İnci çaylarında hey meyit axırdı. Xəlifə Harunun Rübas çayı üstündə tikdirdiyi dəyirman xaraba qalmışdı. Dalğa vurduqca dəyirmanın dəhnəsində cəsədlər ölü balıqlar kimi bir-birinə dəyib fırlanırdı. Şəhər kənarındakı Məsruf hovuzu da, Qübbəli hovuz da insan cəsədləri ilə dolmuşdu.

Dərbəndin bütün dəmir darvazaları ağzında silahlı xəzərlər keşik çəkirdilər. Xaqandan icazəsiz heç kəs şəhərdən çıxa bilməzdi və heç kəs şəhərə girə bilməzdi. Vaxtilə xəlifələr xaqanın ağ paltarlı, ağ atlı qasidlərinin gözünü bağlamamış bu darvazalardan içəri buraxmazdılar. «Qoy keçidləri görməsinlər» deyərdilər. Çarx dönəndə dönür.

Kəmərlərindən gildən qayrılmış mürəkkəbqabı asılan bir neçə mirzə qarət mallarını tələm-tələsik siyahıya alır, əsirlərin kim olduğunu öyrənib dəftərlərə yazırdı. Şişib köpmüş üzü xəz kürkün içində əcaib divə oxşayan çopur bir mirzə, qolları zəncirlənmiş əsiri sorğu-suala tutmuşdu:

– Adın nədir?

– Şibl.

– Hardansan?

– Bilalabaddan…

– Məşğuliyyətin?

– Tacirəm.

– Nə qədər malını almışıq?

– Bir karvan kağızım qarət olunub.

Çopur mirzə «kağız» sözünü eşidəndə sevincək oldu. Qurğuşun lövhəni tələsik Şiblin boynundan asdı. Tacir udqundu və acı-acı mirzənin gülüşlə səyriyən çopur sifətinə baxdı. Mirzənin burnunun üstündəki bir cüt tük nizə kimi dik dayandı. Nicat yolu tapmaq lazım idi. Şiblin arıq sifətini örtmüş seyrək saqqalında tüklər titrəşirdi. Şişman mirzə onun saqqalından tutub dartdı:

– Sənin nömrən min beş yüz oldu. Yadında saxla! Min beş yüz! Özün də keç bu tərəfə.

– Keç deyirsən keçərik. – Şibl qanlı-qanlı mirzəni süzdü:

– Ey, yekəqarın, bura gəl!

– Gəlim də.

– Bəs sənin adın?

– Salman!

– Sən Dərbənddə nə ilə məşğul idin?

– Mən ilxı sahibiyəm. At bazarından cins ayğır almağa gəlmişdim. Dərbəndli deyiləm.

– Ayğır, ayğır. Ha… ha…ha!.. Əsil ayğır Xəlifə Harun ər-Rəşiddi!.. Yaxşı ayğır aldın. Hardansan?

– Mimət nahiyəsindən…Bilalabaddan.

– Sənin də nömrən oldu min beş yüz bir. Al bu qurğuşun lövhəni, as boynundan, qorxma, qopub düşməz. Keç sən də bu tərəfə.

– Ey, şeşəbığ cəngavər, gəl bura! Sən kimsən!

Abdulla2424
  Bəzi ərəb tarixçiləri Babəkin atasının adını Abdulla, bəziləri isə Mərdəs yazıblar. Babəkin qardaşının da adı Abdulla olub.


[Закрыть]
bərkdən hirsli-hirsli cavab verdi:

– Mən?.. Yağ satan!

– Niyə bağırırsan, burda kar yoxdur ki!

– Danışığım belədi. Dedim ki dilini şirin elə!

Şişman mirzənin hirsindən çopurları balacalaşdı, kirpikləri tez-tez çaldı, dodaqları göyərdi. O, lələkli qələmini qurşağından asdığı mürəkkəbqabına döyəcləyib, Abdullanı hədələdi:

– Dikbaş!.. Soğan kimi göz yaşardırsan. Qul bazarında da belə nərildəsən sənə bir dirhəm də verən olmayacaq. Qandın? Nömrəni yadında saxla: min beş yüz iki. Keç belə.

Şişman Mirzənin hədəsini Abdulla qulaqardına vurdu. Onun fikri Bilalabadda, istəkli xanımı Bəruməndin yanında qalmışdı: «Gələndə mənə alça gətir… Ay yazıq, mən olmayandan sonra o tifili kim saxlayacaq?»

Əsirlər qaşqabaqlı, qəmgin, düşüncəli halda başlarını aşağı salmışdılar. Hərə öz taleyini düşünürdü. Varlı-hallı tacirlər Dərbəndə gəlmələrinə peşman olmuşdular: «Həm canımız getdi, həm malımız! Belə də müsibət olar?!» Tacirlər ürəklərində Xəlifə Harunun qarasına deyinirdilər. «Başı kefdən ayılmır. Xilafəti Xaqan çapıb, talayır. Gəl gör Dərbənddə xəzərlər nə pəsdaha çıxarırlar?!»

Xəzərlər Carçı qapısı ağzında siyahıya alınmış əsirləri yola salırdılar. Şibl və Salman ümidsiz nəzərlərlə baxışdılar, Təkcə Abdullanın şaxı sınmamışdı. Atlı xəzərlər uzun qamçılarını vıyıldadıb qolları qandallı əsirləri dəhmərləyə-dəhmərləyə qabaqlarına qatdılar. Ağlayan kim, haray qoparan kim, kədər içində susan kim. Əsir dəstələri Dərbənddən uzaqlaşır, tüstü basmış İsgəndər səddi arxada qalırdı. Əsirlər indi allaha asi düşürdülər:

– Görüm onun dərgahı dağılsın!

– Bəs o harda gizlənib?!

– Niyə bizim dadımıza çatmır?!

Əsir dəstələri bölük-bölük Şimala tərəf qovulurdu. Yaraqlı xəzər süvariləri cərgədən çıxanları, geri qalanları qırmanclayırdılar. Günəş qüruba enir, aləmi kölgə basırdı. Ac-yalavac, çılın-çılpaq, qandallı əsirlər yolların toz-torpağında itib-batmışdılar. Uzaqlarda başı qarlı dağlar görünürdü. Taqətdən düşmüş analar körpələrini sinələrinə sıxıb bir azca yol kənarında dincəlmək istəyirdilər,2525
  Xəzərlər əsir alınmış qadınların qoluna qandal vurmurdular. Qadını qolu qandallı aparmağı özlərinə ar bilirdilər.


[Закрыть]
lakin xəzərlər dərhal qılınca əl atırdılar. Bəzən də uşaqları analardan alıb hara gəldi tullayırdılar:

– Axmaqlar, neyləyirsiniz bu qarğa zılğalarını özünüzə yük eləyib?!

Əsir anaların ah-naləsi ərşə dayanmışdı. Deyirdilər: «Yer yarılaydı, yerdən bir igid çıxıb bizə nicat verəydi!»

Uzaqlardan şığıyıb gələn yırtıcı quzğunlar da bir yandan göz açmağa macal vermirdi. Quzğunlar palaz qanadlarını geniş açıb əsirlərin başı üzərində hərlənir, birdən oxa çevrilib yerə millənir, bir göz qırpımında xəndəklərdə çabalayan körpələri caynaqlarına alırdılar. Bəzi körpələrin fəryadı quzğunların caynağından gəlirdi. Analar şivən qoparır, üz-gözlərini cırır, başlarına, dizlərinə döyür, əllərini göyə qaldırıb hey allaha yalvarırdılar:

– Yaradan, kömək elə, bu nə bəladır başımıza gəlir?!

– Ey tanrı, körpəmi quzğun üçünmü bəsləmişdim?!

– Allah, hanı kərəmin? – Aman, aman!.. Səsindən tanıdım, o quzğun aparan mənim tifilimdir!

Yollarda çoxlu ana meyiti qalmışdı. Əl-ayağı yer tutan uşaqlar yıxıla-dura ölülərin arasında öz analarını axtarırdılar. Bəzi körpələr analarının qanlı döşləri üstündə uyuyurdu. Abdullanı da, Şibli də, Salmanı da dəhşət bürümüşdü. Onlar elə bil qorxulu yuxu görürdülər.

Şibl dedi:

– Bu xəzərlər talançıdırlar!

Salman dedi:

– Bunlar vəhşidirlər!

Abdulla dedi:

– Xeyr, Xəlifə Harunun mücahidlərini görməmisiniz?

Onların vəhşiliyindən olmaz!

Şibl dedi:

– İkisinə də lənət!!!

…Şiblin biləyində nə isə «xırt» elədi. Şiblin qolları qandaldan azad olub yanına düşdü. Rəngi açıldı, kişinin alnına sevincindən isti tər gəldi. Qandalı pas kəsmişdi, zəncir pas kəsən yerdən üzülüb düşmüşdü.

Şibl:

– Mənim qandalım cürükmüş – dedi – nicat yolu var…

Şibl gizlincə Abdullanın, Abdulla isə gizlincə Salmanın qolunu açdı.

Xəzər süvarisi cərgənin kənarı ilə atını yorta-yorta gah irəli, gah da geri sürür, əsirləri qırmanclayırdı:

– Haydı, irəli!

Birdən Abdulla sıçrayıb həmin süvarinin tərkinə qondu, cəld onun qılıncını alıb düşmənin kürəyinə sapladı. Süvaridən vəhşi bağırtı qopdu:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации