Электронная библиотека » Cyriel Buysse » » онлайн чтение - страница 1

Текст книги "Bibilər"


  • Текст добавлен: 29 ноября 2022, 15:02


Автор книги: Cyriel Buysse


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Cyriel Buysse
Bibilər

Birinci Hissə

Toyun şam yeməyi sona yaxınlaşırdı. Kişilərin bir neçəsi artıq siqaretlərini yandırmışdı və yüngül mavi tüstü onların qızarmış sifətlərinin qarşısından buğumlanaraq keçir, bəzən isə qadınların saçlarının ətrafında nazik duvaq kimi yayılırdı.

Noyabr gününün tutqun boz işığı yavaş-yavaş öləziməkdə və geniş qonaq otağının ucqar küncləri kölgələrlə dolmaqda idi. Arxaları pəncərələrdən birinə tərəf yan-yana dayanan yeni evlilər parlaq şüşənin fonunda tünd siluetlərə çevrilməkdəydilər.

Desert yeyilib qurtarmışdı, qədəhlər yarı dolu idi və artıq nə boşalır, nə də yenidən doldurulurdu. Onların hamısı artıq yorğunlaşır, doyub ağırlaşırdı. Bəzi söhbətlər hələ də canlı və həyat dolu olsa da, qonaqların əksəri key və səssiz halda, kiminsə, basırıq otağı tərk etmək haqqında verəcəyi siqnalı gözləyirdi.

Mari yavaşca ayağa qalxdı, Maks da dərhal onunla birlikdə qalxdı. Uzun masaların üzərinə qəfil bir sakitlik çökdü. Onlar səssizcə stulların arası ilə keçib cənab Dufour oturan yerə yaxınlaşdılar. Maks əyilib onun qulağına pıçıltı ilə:

– Ata, bizim getmək vaxtımızdır, – dedi.

Hələ də yanındakı qadınla söhbətin təsiri altında olan cənab Dufour təəccüblə başını qaldırdı:

– Artıq?

– Bəli, ata. Saat artıq dörddür və fayton bizi gözləyir, – Mari cavab verdi.

Cənab Dufor ayağa qalxdı və bu, hər kəs üçün ayağa qalxmağa işarə idi, çəkilən stulların və atılan salfetlərin səsləri içində onlar bəy-gəlinlə xudahafizləşməyə hazırlaşdılar.

– Yaxşı onda, bon voyage! (yaxşı yol!), – Cənab Dufour dedi, onun səsi hər zamankı kimi sərt olsa da, emosiyalarını tutub saxlaya bilmədi.

Qollarını uzadıb birinci oğlunu, sonra isə gəlinini qucaqladı. Gözləri yaşarmışdı və alt dodağı qalın bığlarının altında bərk-bərk sıxılmışdı. İllər boyu övladlarının hansınasa sarıldığını xatırlaya bilmədi.

– “Bon voyage” sağ-salamat gedib gələsiniz! – o, səsində kiçik tutulma hiss olunaraq təkrar etdi. Əlləri də bir qədər əsirdi.

– Sən get yenə otur, ata. Qonaqlarınla ol, – Maks sakit tərzdə söylədi.

Hisslərini boğmağa çalışan cənab Dufour etirazsız deyilənə əməl etdi.

Gənc cütlük ayaqlarını sürtə-sürtə uzun stul cərgəsinin arası ilə keçdilər. Maks gülürdü. Onun gözləri xoşbəxtliklə bərq vurur, mütənasib sifət cizgilərini və gur qara saqqalını işıqlandırırdı. Bütün varlığı özgüvən qüvvəsi ilə par-par yanırdı, sanki ona bütün gücü ilə qorumalı olduğu bir xəzinəni əmanət etmişdilər. Mari isə yanında sadə bir təvazökarlıq, bir qədər də itaətkarlıqla otaq boyu ilə addımlayırdı. Qonaqlar hiss edirdi ki, o, müstəqilliyi ilə son dəfə xudahafizləşmişdir. Narıncı tumurcuqlarla bəzədilmiş uzun, ağ gəlinliyində çox arıq, hətta bir az sısqa görünürdü. Arxadan çiyinlərinə sancılmış incə duvağı mükəmməl girdə sifətini, qara saçlarını və mülayim gözlərini şirin, yüngül dekorativ çərçivə ilə haşiyələndirirdi. O, gözəl adlandırılan qızlardan deyildi, ancaq cazibədar idi.

Onlar bibilərinə yaxınlaşdılar. Üç bibiləri vardı, onlar cənab Dufourun bacıları idi: Klemens bibi, Estel bibi və Viktuar bibi. Klemens bibinin zərif adı özünə layiq deyildi. Kəskin çizgilərə sahib sərt, tarım sifəti vardı – qardaşının qadın oxşarı idi. Onun nə düz, sarı saçları, nə də polad kimi soyuq, çox zaman sərt narazılıqla dolu açıq mavi gözləri bu mətanətli sifət ifadəsini xəfiflətmirdi.

Estel bibi, əksinə, həm indiki, həm keçmişdəki görkəmi ilə xeyirxahlıq və zəriflik rəmzi idi. Onun gülüşü hər zaman dostcanlı olub və hələ erkən yaşlarından ağaran saçları bu qadının xoşməcaz, lütfkar, mehriban, mülayim olması haqqında təəssüratları daha da möhkəmləndirirdi. Bu onun təbiəti idimi? Yoxsa faciəvi sevgi məcarası idi onun bütün həyatını rəngsiz dağıntılar içində buraxan?

Bir müddət bu üç bacı bir-biri ilə müharibə şəraitində olmuşdular. Kişilərə acı nifrət duyan ən böyük bacı ilə eyni zamanda heç bir kişidən heç zaman bir baxış belə görməyən ən kiçik bacı, Estelin seçimini qəti şəkildə rədd etdilər və bacıları bu evlilik planından birdəfəlik və həmişəlik imtina etməyincə onunla barışmaq istəmədilər.

Sonra Estel bibi xəstələndi və o zamandan bəri zəiflədi, öz iradəsi olmadan, tamamilə, böyük, daha güclü bacısının təsirinə düşdü. Hətta, bəzən, elə olurdu ki, özündən kiçik bacısı Viktuar da ona göstərişlər verirdi. Viktuar aralarında yaşca ən kiçiyi olmasına baxmayaraq görünüşcə yaşlıya ən çox bənzəyəni idi. Burnunun ətrafında qırışlar vardı, sifəti solğun və çirkin idi, tündməcaz gözlərinin altında torbacıqlar vardı və böyük ağzı kip örtülmüş dodaqlar arxasında qalan protez dişlərlə dolu olmaqla sanki təbiətin ona çox az zərafət bəxş etdiyi üçün heç zaman bitməyən qəzəbi, incikliyi kürüyürmüş kimi, daim deyinir, əsəb saçırdı. Cavanları, əylənməyi sevmir və təskinliyi özünün və bacılarının ən sadiq üzvləri olduğu kilsədə tapırdı.

– Klemens bibi, – Maks yola düşmədən qarımış qoca qarşısında təzim etdi. O bibiləri ilə qarşılaşanda – heç vaxt evlənməyəcəklərinə əmin olunan və bütün miraslarının ona və bacılarına qalması gözlənilən – üsyankar özünəinamı yox olurdu. Hər zaman olduğu kimi yenə onların varlığında özünü hələ də sanki balaca oğlan uşağı kimi hiss edirdi. Əgər bu seçim necəsə bibilərdən birinin hissiyatına toxunsaydı, o, heç vaxt Marini özünə gəlin seçməzdi. Xoşbəxtlikdən onlar hamısı ona lütf etmiş, öz xeyir-dualarını vermişdilər, amma yenə də… Maksın gözlənilməz evliliyinə onun dəlisov verdiyi qərar kimi baxırdılar, hansını ki, tamamilə fəzilətli, hörmətli və comme il faut (fr.: düzgün davranış yaxud etiket), eyni zamanda tək ləkəsiz, çirkaba bulaşmamış olduğu müddətcə görməzdən gələ bilərdilər.

– Maks… – Klemens bibi gözlərini qardaşı oğlunun düz gözlərinin içinə zilləyib əllərini ona doğru uzadaraq dedi – evliliyinin bizə yalnız rahatlıq, şərəf və məmnunluq verməsi üçün əlindən gələn hər şeyi edərsənmi, Maks?

Hərçənd Maks Klemens bibinin bu sözlərlə dəqiq nəyi nəzərdə tutduğunu bilmirdi, hə deməyə tələsdi, sonra isə enerji ilə onun əlini sıxıb sanki and içərək təntənəli vədinin möhrünü vurdu.

– Bəs sən, Mari? Səndən də eynisini gözləyə bilərəmmi? – Klemens bibi indi gözlərini gəlinin üzərinə dikərək təkrar etdi.

– Hə, ay xala, hə! Hə! – Mari titrək səslə təsdiqlədi. Qəfildən yanaqları nazik gəlinlik duvağı altında yanmağa başladı, nə isə etmək və nə isə demək hisslərini büsbütün itirdi. Sərt, gərilmiş simalı, evdə qarımış bu qadının qarşısında gəlinlik paltarında durduğu bu anlarda günahkarlıq hissi onu boğdu və çaşqınlıq içində irəli əyilib onu əvvəl bir yanağından, sonra digərindən yumşaq, titrəyişli öpüşlə öpdü.

Bu bir lələk öpməyə bənzəyirdi. İlk öncə Klemens bibi sanki bir qədər geri çəkilən kimi oldu, ancaq sonra etiraz etmədi. Buna baxmayaraq, öpüşə də qarışılıq vermədi.

Bundan sonra Estel bibiyə nəzakətlə xudahafiz demək Marinin qəlbinə sakitləşdirici məlhəm kimi gəldi. Estel bibi özü, əlbəttə gözəl və nəzakətli idi və onun onlara ünvanladığı hərarətli arzuları bundan artıq ürəkdən gələn ola bilməzdi. Digər tərəfdən, Viktuar bibi dostcanlı olmaqdan və münasibətə açıqlıqdan uzaq biri idi. Qaranlıq əhvallarından biri hazırda onun üzərinə çökmüşdü və gözlərini süzdürüb qəfildən yeni evlənənlərdən soruşdu:

– Bilirsiniz də, evlilik çox ciddi məsələdir?

– Hə, əlbəttə, bilirik, bibi! – onlar hürkmüş halda cavab verdilər.

– Bilirsiniz də, bu cəfəng, axmaq bir əməl, sizin üçün əyləncə deyil, – Viktuar bibi kinli-kinli davam etdi. Və o, növbəti dəfə kip, sərt sıxılmış dodaqlarının altından əsəbi ah çəkdi.

– Əlbəttə, bibi, əlbəttə.

– Ümid edirəm, sizin evliliyiniz gözəl və təmiz bir şey olacaq, axmaq cəfəngiyyat olmayacaq.

– Elə də olacaq, bibi, söz veririk.

Maks narahat halda onun əlini sıxdı və Mari Klemens və Estel bibini olduğu kimi onun da hər iki yanağından öpdü. Klemens bibi kimi Viktuar bibi də ona özünü öpməyə icazə versə də, əvəzində onu öpmədi. Elədiyi tək şey bağlı ağzının içərisindən çıxartdığı qəribə səs oldu.

Hazırda tələsən cavan cütlük bir masadan digərinə keçir, əl sıxırdılar. Maks öz könül dostu Raymondla cəld ikiqat əl sıxdı və onlar ən sonda Maksın onları giriş qapısınadək müşayiət edən üç bacısının – Klaranın, Adrianın və Edminin yanına gəldilər.

Üç gənc qızın hər birinin gözündə yaş vardı. Onlar eyni anda həm gülür, həm ağlayırdılar. Onlar həm xoşbəxt, həm də kədərli idilər. Bu şərtlər altında bu gözlənilən idi. Atalarından və bibilərindən fərqli olaraq onlar özlərini Marinin yerində təsəvvür edirdi. Onlar bir neçə aylıq nişanlılıq müddətində onu qiymətləndirə bilmişdilər. Və onlar həmçinin ona qarşı zərif bir mərhəmət hissi də duyurdular, çünki, o, uşaq olarkən hər ikisi qısamüddətdə bir-birinin ardınca ölmüş valideynlərini heç zaman tanımamışdı. O, uşaqlığını və gəncliyini toyu ərəfəsində artıq uzun illər idi ki, yatağını tərk etməyən qoca, xəstə xalasının himayəsində keçirmişdir. Bu səbəbdən də mərasim zərurət ucbatından xalanın deyil, cənab Dufourun evində keçirilirdi – bu isə bacıların Mariyə yazığı gəlməsi üçün başqa bir səbəb idi. Baxmayaraq ki, onlar analarını itirmişdilər, amma ən azından ataları hələ də yanlarında idi və öz evləri də vardı. Maksın hər zaman Marinin yaxşı qayğısına qalması onların ürəkdən istədikləri arzu və gözlənti idi. Onlar Maksın onun üçün hər şey olacağına və uzun illər ərzində çatışmayan şeyi – xoşbəxt ailəni – ona verəcəyinə ümid edirdilər.

Ayrılıq zamanı yetişdi. Adrian, – ortancıl bacı – yola düşməzdən öncə əynini dəyişməsinə kömək etmək üçün Mari ilə bərabar yuxarı qalxdı. Klara və Edmi isə şam edilən zala döndülər.

Qısa hisslər tutqusundan sonra özünə gələn cənab Dufourun təkidi ilə qonaqlar öz yerlərinə qayıtdı. Cənab Dufour bir neçə çırağın yandırılması barədə göstəriş verdi. Və qarmaqarışıq masalar yenidən bayram mənzərəsi aldı. Söhbət ucadan və şən gedirdi, qədəhlər isə yenidən doldurulmuşdu. Cənab Dufour hər kəsin qəhvə və likör üçün yerində oturmasını təklif etdi. Və bu mümkün gedişat sevincə sevinc qatdı, masa arxasındakı hər kəsin siqarlarının tüstüsü havada buğumlandı.

Digər bir emosional məqam iki atın dartdığı faytonun açıq giriş qapının ağzında dayandığı an yaşandı. Faytonçu silindr şlyapa qoymuşdu, qamçısına ağ yay dolamışdı.

– Onlar yola düşür! Budur gedirlər! – kimsə qışqırdı. Ailə üzvləri və bir neçə dost yerlərindən dik atılıb pəncərə önünə tələsdilər. Çöldəki alatoranlıqda onlar yüklənən çamadanları görə bildilər. Maraqlanan tamaşaçılar evin qarşısında küçə boyu toplaşmışdılar, faytonu ilə ötüb keçən bir fermer atlarının başını çəkdi.

Mari qapıdan çıxdı və faytona doğru tələsdi. O geri çevrilib pəncərələrdəki insanlara gülərək əl etdi. Əynində tünd qəhvəyi kostyum, başında isə ona yaraşan dəbli qara qadın şlyapası vardı. O, artıq qız yox, gənc bir xanım idi. Maks və Adrian onun arxasınca gəlirdilər, Maks öz dəbli yeni qış paltosunda çox şıq görünürdü. Adrianın əynində xəz jaket vardı. Maks da faytona daxil olmazdan öncə pəncərələrə tərəf zərif və özünə güvənən əda ilə əl elədi. Faytonçu qamçısını şaqqıldatdı və fayton cırıltı ilə yola düşdü. Pəncərədən geri baxaraq son dəfə əl yellədilər. Onlar yola düşdülər. Maraqlı izdihamın gözləri yola düşən nəqliyyat vasitəsini təqib etdi.

* * *

Qonaq otağında qonaqlar yerlərinə qayıtmışdı və Adrian da yenidən Maksın əziz dostu Raymondun qarşısında yerini almışdı. Bacılarından daha çox təsirlənən Adrian köks ötürərək son göz yaşlarını da sildi.

– Partis, mademoiselle? ( Madmazel yola düşdü? Fransızca tərcümə) – nəzakətli ünsiyyət quraraq Raymond masanın bu başından xəbər aldı.

– Oui. (Bəli.) Onlar yola düşdü, – o, gözlərini aşağı dikib utancaq təbəssümlə cavab verdi.

Oğlan hər zamankı kimi xarici görünüşü ilə onu heyran edirdi. Qara saçlı, səliqəli bığlı, ifadəli gözləri ilə Raymond yaraşıqlı biri idi. Onda cavan, yaraşıqlı, xanımların sevimli kişi tipini görmək asan idi. Daha kosmopolit bir şəraitdə qüsursuz bir incəliklə o, daha yaraşıqlı, daha bəzənib-düzənmiş görünə bilərdi. Amma burada, bu kənd çevrələrində, təbiətə daha yaxın yerdə belə ifrata varmırdı. Onun sağlam, gözəl görkəmi və gündən yanmış dərisi, hərəkətlərində isə canlılıq vardı. Gülüşü təravətli və açıq olmaqla onda olan qətiyyətli və cəsarətli nəyisə təklif edir, bununla yanaşı şübhəsiz həm də səmimi və gözəl keyfiyyətləri büruzə verirdi. Ona baxmaq xoş idi. Bir qədər ehtiyatla – əsas da onun gözlərindəki güclü, bəzən də demək olar ki, dəlib-keçən baxışa görə ona doğru cəzb edildiyinizi hiss edirdiniz!

O, tək idi, ailə qurmamışdı, ev işlərini görən qoca qadınla və işçiləri ilə kənd mərkəzinə yaxın yerləşən yarı ferma, yarı mülk olan, Karvin adı ilə tanınan bir yerdə yaşayır, təsərrüfat işləri ilə zərurətdən daha çox hobbisi kimi məşğul olurdu. “Mən fermerəm, mən torpaq adamıyam!” kimsə ondan sənəti haqda soruşanda o, azacıq təsirli səs tonu ilə məhz belə deməyi sevərdi, amma dostları və tanışları bunun gerçəklikdən daha çox görüntü olduğunu, eyni zamanda onun fermasının bahalı vaxt keçirmək yeri adlandırıla biləcəyini çox yaxşı bilirdi. Çox vaxt etdiyi şey, eyni zamanda etməyi daha çox sevdiyi şey ova getmək və yaxşı atları minmək idi. Onun kimi bir adamla görüşdükdə sən onunla yalnız atlardan və ov məclislərindən danışmalı idin. Sonra sanki yəhər qoynundaymış kimi stulunda oturub yırğalanardı. Gözləri parıldayar, yanaqları allanar, əlləri isə sanki yüyən tutubmuş kimi hərəkətlər edərdi. Sonra saatlar bir-birinin ardınca keçərdi: onu dinləyən hər bir şəxslə bütün gün oturub söhbəti davam etdirə bilərdi.

* * *

Maksın simasında o, həmin ehtiraslar ilə yaşayan bir insan görmüşdü. Onlar çox zaman birlikdə at minər, ov edər, digər hallarda isə görüşüb ortaq coşğularını müzakirə edərdilər. Onları bağlayan dostluq telləri möhkəm və qarşılıqlı idi və sanki ömürlərinin sonunadək davam edəcəkmiş kimi görünürdü. Baxmayaraq ki, hüquq təhsili alan Maks Raymond qədər boş zamana sahib deyildi, amma yenə də imkan elədiyi boş saatlarını dostuna sərf edirdi.

Maksın dəli-divanə aşiq olub evlənmə istəyinə düşməsi xəbəri Raymond üçün böyük zərbə və məyusluq oldu. Onun üçün bu addım aldanma, kafirlik və demək olar ki, xəyanət təsiri bağışlayırdı. Hər şeydən ümdə isə o, dostunu əlindən alan qadından narazı idi. Qadınlar! Onların boylu-buxunlu cavan oğlanın həyatında nə işi vardı? Nəhayətində onlara ehtiyacı olan onları harada tapmaq lazım olduğunu bilirdi… Əvvəl Raymond dostunu mərhəmətsiz şəkildə qınayır, ona sataşırdı, amma məsələnin Maks üçün necə ciddi olduğunu, məzəmmətlərinin ona necə dərin kədər və acıq gətirdiyini gördükdə asan və uyğunlaşan təbiəti ilə qaçınılmaz olaraq dayanıb geri çəkildi.

– Çox gözəl, – o, Maksa dedi, – əgər məcbursansa, evlən! Sənin evliliyinin bizim dostluğumuza heç bir təsiri olmayacaq. Biz at minməyə, ov etməyə davam edə bilərik, hətta hər zaman etdiyimiz kimi arada bir qızlara da baş çəkərik…

– Yox! Onu yox, heç vaxt! At minmə, ov etmə kifayət qədər yaxşıdır, amma o biri yox! Bir daha heç vaxt! – Maks dodaqlarını sıxaraq qətiyyətlə dedi.

– Yaxşı, yaxşı görək! Qoy yenilik solsun, tezliklə hadisələrə fərqli gözlə baxacaqsan. – Raymond yavaşdan gülərək cavab verdi.

Bu durum onlar arasında az qala dava-dalaşa və ayrılığa gətirib çıxaracaqdı. Maks onun bir də bu mövzunu açmamağında israr etdi və Raymond düşündü ki, ən yaxşısı bu barədə bir daha nəsə deməməkdir. Və hazırda o, dostunun toy məslisində, Maksın şirin, həlim, incə, eyni zamanda bəzən gözəl də görünən ortancıl bacısının düz qarışısında həqiranə şəkildə oturmuşdu. Bu axşam, misal üçün, o, öz yüngül mərasim libasında olduqca çəkici görünürdü, hərçənd riyakar, vasvası bibilərinin qorxusundan ilhamlanan yüksək yaxalığı Maksı bir qədər məyus etmişdi. Bu onu bir qədər sərt, hətta indi, məclisin qarışıq vaxtında belə dağıdıcı dalğaların zərbəsində təsirsiz qalan qaya kimi göstərirdi.

Raymond Adrianın daxilində ona qarşı gerçəkdən də nə hiss etdiyini bilmirdi, bilə də bilməzdi. Onun özünə qarşı xüsusi hisslər bəslədiyinə dair heç şübhəsi də yox idi, çünki özü də ona xüsusi heç nə hiss etmirdi. Qadın onun üçün dostunun doğma bacısından artıq biri deyildi, həm qadınlara qarşı şəhvət yaxud həsrət hissi baş qaldırdığında baxdığı qadın heç də Adrian olmazdı.

Bircə bilsəydi… Bircə bilsəydi ona qarşı nələr hiss edir! Bu qadının təmkininin, bəzən ağrılı ola bilən dərin və səssiz yanğısının aldadıcı, buz ilə örtülmüş qabığının altında nələrin yaşandığını bircə hiss edə bilsəydi! Hansı qadın hiyləsi və bacarığı ilə şam yeməyində məhz onun qarşısında oturmağı necə düzüb-qoşduğunu bilə bilsəydi! Yanında yox – bu həddindən artıq diqqət çəkərdi, həm də o, sirrini bacılarından, əsas da Maksdan pünhan tutmalı idi – qarşısında! Bunu ona görə belə etmişdi ki, bütün axşam onu səssizcə heyranlıqla seyr edə bilsin və hüzurunda xumarlansın.

Qəribə təzaddır. Onu qadın üçün belə çəkici edən məhz qadının özündə olmayan keyfiyyət idi. O, Raymondun cəsarətli və güclü, sadə təbiətini, onunla yanaşı hərəkət edən yüksək əhval-ruhiyyəsini və dünyanı qayğısız nəşə ilə dolaşan halını sevirdi. Raymondda özündə olmasını şiddətlə arzuladığı, bəzənsə paxıllıq etdiyi bir növ üstünlük hiss edirdi.

O, bütün bunları daxilində, dərinliklərdə saxlayır və heç zaman zərrə qədər də biruzə vermirdi. Oğlanın bunu hiss edəcəyi, yaxud duya biləcəyi barədə düşündüyündə yanaqları alışıb-yanırdı. Onu


Страницы книги >> 1 2 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации