Электронная библиотека » Джованни Боккаччо » » онлайн чтение - страница 2

Текст книги "Dekameron"


  • Текст добавлен: 27 декабря 2022, 12:20


Автор книги: Джованни Боккаччо


Жанр: Зарубежная классика, Зарубежная литература


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 54 страниц) [доступный отрывок для чтения: 18 страниц]

Шрифт:
- 100% +

Xanımlar bu qayda ilə söhbət edərkən, kilsəyə üç cavan oğlan girdi, bunlardan ən cavanının yaşı iyirmi beşdən az olmazdı; nə zamanın müsibəti, nə dostlarının, ata-analarının, qohumlarının ölümü, nə də ölüm qorxusu onların qəlbində sevgi odunu nəinki söndürməmişdi, bunu heç soyutmamışdı da. Onlardan birinin adı Pamfilo, ikincisinin adı Filostrato, üçüncüsünün də adı Dioneo idi. Onlar şən, güşad və oxumuş adamlardı. İndi isə, belə bir ümumi qarışıqlıq içində, ən böyük təsəlli olaraq, öz sevgililərini axtarırdılar, onları da təsadüfən bu yeddi xanımın içərisində tapdılar. O biri xanımların da bir neçəsi gənclərdən bəzisinin qohumu çıxdı. Xanımlar onları daha əvvəl gördülər, buna görə Pampineya gülümsəyərək dedi: – Tale bu ağıllı və ləyaqətli gəncləri bizim yanımıza göndərməklə, görünür, işimizdə bizə kömək etmək istəyir; onlar bizim rəhbərimiz və xidmətçimiz olar,– əgər biz onları bu vəzifəyə götürməkdən imtina etməsək. – Utandığından Neifilanın üzü qızardı, çünki o, cavanlardan birini sevirdi; dedi ki: – Aman allah, Pampineya, bir fikirləş gör nə deyirsən! Mən yəqin bilirəm ki, onlardan heç birinə yaxşı sözdən başqa ayrı söz demək olmaz, mən onları bundan da böyük işə yararlı hesab edirəm, elə düşünürəm ki, onların məclisi ancaq bizim üçün deyil, bizdən daha gözəl, daha ləyaqətli qızlar üçün xoş və hörmətli bir məclis olardı. Bu qızlardan bəzisini onlar sevirlər, bu, hamıya məlumdur. Qorxuram ki, onları özümüzlə götürsək, nə bizim, nə onların təqsiri olmadan, bizim haqqımızda pis-pis sözlər yayılsın, ya da bizi məzəmmət eləsinlər. – Onda Filomena dedi: – Bunun heç bir əhəmiyyəti yoxdur, biz namusla yaşayaq, heç bir vicdan əzabı çəkməyək, qoy nə deyirlər desinlər, tanrı və həqiqət bizi müdafiə edər. Onlar getməyə razılıq versə, biz doğurdan da, Pampineya kimi, deyə bilərik ki, tale bizə kömək etmək istəyir.

O biri qızlar bu sözləri eşitdikdən sonra sakit oldular. Hamının razılığı ilə bu qərara gəldilər ki, cavan oğlanları çağırıb, öz fikirlərini onlara desinlər, xahiş etsinlər ki, iltifat buyurub onlarla bərabər yola çıxmağa razı olsunlar. Qərardan sonra bircə kəlmə də söz söyləmə-dilər, Pampineya yerindən qalxıb, cavanlara sarı getdi. Cavanlar ayaq üstə durub, onlara baxırdılar. Pampineya oğlanlardan birinin qohumu idi. Cavanları açıq ürəklə salamlayaraq, öz fikrini söylədi, hamının adından xahiş etdi ki, təmiz və qardaşcasına bir niyyətlə onlarla getməkdən imtina etməsinlər. Cavanlar əvvəl elə bildilər ki, onları ələ salırlar, lakin Pampineyanın ciddi danışdığını yəqin etdikdən sonra razı olduqlarını həvəslə bildirdilər, işi ləngitməmək üçün, yola çıxmaqdan ötrü nə edəcəklərini danışıb müəyyən etdilər. Onlar bütün lazım olan şeyləri hazırlamaq buyruğunu verdilər, getmək istədikləri yerə xəbərdarlıq etmək üçün qabaqcadan adam göndərdilər, özləri də ertəsi gün səhər, çərşənbə günü, dan yeri ağaranda, xanımlar bir neçə qulluqçu ilə, üç cavan oğlan da üç xidmətçi ilə şəhərdən çıxıb, yola düşdülər; iki mildən çox yol getməmiş, əvvəlcə razılaşdıqları və ilk dəfə qalacaqları yerə gəlib çatdılar. Bu yer yoldan bir az kənarda, kiçik bir tənənin üstündə idi və ürəkaçan yaşıl kollarla, bitkilərlə dolu idi. Tənənin başında gözəl bir imarət yüksəlirdi. Onun qəşəng salonları, otaqları, açıq eyvanları, böyük və gözəl həyəti vardı, gözəl şəkillərlə zinətləndirilmiş bu salonlar və otaqlar həm ayrılıqda, həm də ümumilikdə çox qəşəngdi. Hər tərəfdə talalar, gözəl bağlar, sərin sulu quyular, yaxşı şərabla dolu zirzəmilər vardı. Şərablar mötədil va təvazökar həyat keçirən xanımlardan daha çox, şərabdan başı çıxan kişilərə yaraşırdı. Xanımlar və cavan oğlanlar gəlib hər yeri təmiz gördülər, bu onların çox xoşuna gəldi. Yataqlar hazırlanmışdı, hər tərəfə, ilin bu vaxtında bitən çiçək və qamış döşənmişdi. Hamı gəlib oturandan sonra, guşadlığı və məzəli danışığı ilə başqalarından fərqlənən Dioneo xanımlara dedi: – Bizim hamımızı bura biz kişi-lərin zirəkliyindən daha çox, sizin ağlınız gətirmişdir. Bilmirəm siz öz fikirlərinizdə nə edəcəkdiniz, mən isə öz fikirlərimi, bir qədər əvvəl sizinlə bərabər şəhərdən çıxanda, şəhər qapılarının o tərəfində qoydum. Buna görə ya mənimlə bərabər şənlik etməyə, qəhqəhə ilə gülməyə, nəğmə oxumağa hazırlaşın (əlbəttə, sizə layiq olan şəkildə), ya da məni buraxın, bədbəxtlik üz verən şəhərə, öz fikirlərimin yanına gedim. – Pampineya da gülə-gülə ona dedi, – sanki o da fikirlərini özündən rədd etmişdi: – Dioneo, sən çox gözəl dedin; biz günlərimizi şən keçirəcəyik, biz başqa səbəbə görə qəm-qüssədən qaçıb bura gəlməmişik. Mənim başladığım söhbət nəticəsində belə xoş bir məclis düzəldi, lakin hədd-hüdud bilməyən şeylərin ömrü az olduğundan, mən istərdim ki, bizim şənliyimiz uzun zaman davam etsin, buna görə, zənnimcə, biz mütləq bir şeylə razı-laşmalıyıq: aramızda bir nəfər başçı olmalıdır, biz ona, bir rəis kimi, hörmət etməliyik, onun sözünə qulaq asmalıyıq, onun da bütün fikri, ancaq bizim şən yaşamağımıza doğru yönəldilməlidir. Lakin bu işin həm yükünü, həm də hörmətin ləzzətini duymaq üçün, seçilən adama da heç kəsin həsəd aparmaması üçün, elə güman edirəm ki, bizim hər birimiz, növbə ilə, hər gün, bu yükü, həm də şərəfi öz üzərinə götür-məlidir. Birinci başçı qoy bizim hamımız tərəfindən seçilsin; o birilər, axşam yaxınlaşanda, o gün başçılıq edən adamın mülahizəsi ilə təyin edilməlidir. Təyin edilən adam hər şeyi düzəldib yoluna qoymalı, başçı olduğu gündə bizim qalacağımız yeri, dolanacağımızı özü istədiyi kimi müəyyənləşdirməlidir.

Pampineyanın bu sözü hamının son dərəcə xoşuna gəldi, o, bir səslə, ilk gün üçün sədr seçildi. Filomena söhbət zamanı bir neçə dəfə eşitmişdi ki, dəfnə ağacı yarpaqları hörmət əlamətidir, kim ona layiq görülsə, böyük şərəfdir; buna görə tez dəfnə ağacına sarı yüyürdü, bir neçə xırdaca budaq qoparıb, gözəl bir çələng hördü, gətirib Pampineyanın başına qoydu. O vaxtdan, bu on adamın məclisi davam edənə qədər bu çələng hər gün kral hakimiyyəti, başçılıq əlaməti oldu.

Pampineya kraliça olduqdan sonra hamının susmasını tələb etdi, üç cavan oğlanın xidmətçilərini, özünün də dörd qulluqçusunu çağırtdırdı, ümumi sakitlik içində dedi: – Bizim cəmiyyətin nizam-intizam və zövq-səfa məsələsində necə müvəffəqiyyət əldə edib abırla yaşaması, arzu etdiyimiz qədər davam etməsi üçün ilk dəfə, sizə nümunə olaraq, bu tədbiri görürəm: birinci, Dioneonun xidmət-çisi Parmenonu yavər təyin edirəm, nökər-naiblə, yemak işləri ilə o məşğul olmalıdır. Pamfilonun xidmətçisi Siris qoy bizim xərclə-rimizə baxsın, xəzinədarımız olsun, Parmenonun əmrini yerinə yetirsin. Tindaro da Filostratonun və o birisi iki oğlanın otaqlarına baxmalıdır, bu da o zaman olmalıdır ki, onun yoldaşları öz vəzifələ-rini yerinə yetirdiklərindən, bu işlə məşğul ola bilməyəcəklər. Mənim qulluqçum Miziya və Filomenanın qulluqçusu Liçiska həmişə mətbəx işi görəcək, Parmenonun tapşırdığı xörəkləri diqqətlə hazırlayacaqlar. Lauretta ilə Fyammettanın qulluqçuları Kimera və Stratiliya, mənim əmrimə əsasən, xanımların otaqlarını yığışdıracaq, harada olsaq, oranın təmizliyini gözləyəcək. Ümumiyyətlə, bizə hörmət bəsləyən adamlara bizim belə bir tələbimiz var, onlara öz arzumuzu bildiririk: kim hara getsə, haradan qayıtsa, nə eşitsə, nə görsə, bizə kənardan şad xəbərdən başqa ayrı bir xəbər gətirməsin. – Pampineyanın verdiyi bu qısa əmr hamının xoşuna gəldi. Sonra o ayağa, qalxıb, fərəhlə dedi: – Burada yaxşı bağlar, talalar, gözəl yerlər var; qoy hamı kefi istədiyi kimi gəzib-dolansın, ancaq saat üç olan kimi hər kəs qayıdıb öz yerinə gəlsin, elə olsun ki, sərinkən nahar edə bilək.

Yeni kraliça bu şən cəmiyyəti buraxdıqdan sonra cavanlar və gözəl xanımlar xoş şeylərdən danışa-danışa, qopardıqları budaq-lardan çələng hörə-hörə, ürəkaçan nəğmələr oxuya-oxuya bağda gəzdilər. Kraliçanın müəyyən etdiyi vaxtda evə qayıtdılar, əmin oldular ki, Parmeno doğrudan da öz vəzifəsini can-başla yerinə yetirmişdir, çünki aşağı mərtəbənin salonuna girəndə gördülər ki, stollara ağappaq süfrələr salınmışdır, qədəhlər gümüş kimi parılda-yır, hər yer meşə gavalısı çiçəkləri ilə doludur. Kraliçanın əmri ilə əl yumağa su verdilər, əllərini yuduqdan sonra hamı gedib Parmeno-nun təyin etdiyi yerdə oturdu. Yaxşı hazırlanmış xörəklər, əla şərab gətirdilər. Üç xidmətçi vaxt itirmədən, dinməz-söyləməz süfrə başındakı adamlara qulluq etməyə başladı. Hər şey yaxşı olduğun-dan, səliqə ilə düzəldiyindən, hamı daha artıq nəşələndi; xoş zarafatla, gülə-gülə nahar elədilər. Süfrəni yığışdırdıqdan sonra kraliça buyruq verdi ki, çalğı alətlərini gətirsinlər. Bütün xanımlar və gənclər oynaya bilirdi, bəziləri də çalmağı, oxumağı bacarırdı. Kraliçanın əmri ilə Dioneo rubabı, Fyammetta violanı götürdü, yaxşı bir oyun havası çaldılar. Kraliça qulluqçuları nahar eləməyə gön-dərdi, o biri xanımlar və iki cavan oğlanla dairə vurub, yavaş-yavaş dövrələmə rəqs etməyə başladı. Rəqsi qurtardıqdan sonra gözəl, şən nəğmələr oxudular. Bu qayda ilə vaxtlarını keçirdilər, kraliça öz mülahizəsinə görə, dincəlmək vaxtının gəldiyini görüb, hamını azad etdi. Cavanlar öz otaqlarına getdilər. Onların otağı xanımların otağın-dan kənarda idi. Gəlib gördülər ki, qəşəng yataqlar hazırlanmışdır, otaqlar, salon kimi, gül-çiçəklə doludur. Xanımlar da gedib paltar-larını çıxardılar, uzanıb dincəldilər.

Saat doqquz olan kimi kraliça yerindən qalxdı, o biri xanımları da, cavanları da oyatdı, dedi ki, gündüz çox yatmaq zərərdir. Sonra hamısı hündür, yaşıl otlu talaya getdi; buraya gün düşmüşdü. Xəfif, xoş külək əsirdi, hamı kraliçanın əmri ilə yaşıl ot üstündə dövrələmə oturduqdan sonra kraliça dedi: – Görürsünüz ki, gün hələ çox yuxarı-dadır, hava da bərk istidir, zeytun ağaclarından ancaq cırcıramaların səsi gəlir. Belə istidə bir yerə getmək, heç şübhəsiz, axmaqlıq olardı. Bura sərindir, yaxşıdır, şahmatımız, damamız var, kimin könlü hansını istəyirsə, oynayıb əylənə bilər. Lakin mənim fikrimə şərik olmaq istəsəydiniz, biz günün isti vaxtını şahmat ya dama oyunu ilə deyil, hekayə söyləməklə keçirərdik, çünki oynayanlardan bəzisinin istər-istəməz ovqatı təlx olacaq, o biriləri də, ya oyuna baxanlar da elə bir ləzzət almayacaqlar, amma bir nəfər hekayə söyləsə, hamını əyləndirə bilər. Sizin hər biriniz bir hekayə söyləyənə kimi gün qüruba enər, hava sərinləşər, biz də könlümüz istəyən yerə gedib əylənə bilərik. Mənim təklif etdiyim şey xoşunuza gəlsə (mən sizin arzunuzu yerinə yetirməyə hazıram), biz belə də edərik; gəlməsə, onda qoy axşama kimi hərə öz istədiyini eləsin. – Xanımlar da, kişilər də hekayə söyləməyin tərəfdarı oldular. Kraliça dedi: – Bu ki sizin xoşunuza gəldi, mən belə bir qərara gəlirəm: bu birinci gündə hər kəs nəyi münasib gördü, o barədə sərbəst danışa bilər. – Sonra sağ tərəfində oturan Pamfiloya sarı dönüb, hekayə söyləməyi ondan xahiş etdi. Pamfilo əmri eşidib, hamının diqqəti qarşısında sözə başladı.

BİRİNCİ HEKAYƏ

Ser Çappelletto yalan etirafı ilə mömin rahibi aldadıb ölür. Sağlığında alçaq olan bu adam öləndən sonra müqəddəs hesab edilir və San Ciap-pelletto adını alır.

Əziz xanımlar! İnsan hansı işə girişsə, o gərək bu işi bütün varlığı yaradanın ecazkar və müqəddəs adı ilə başlasın. Buna görə, birinci olaraq söhbətə başlamaq mənim üzərimə düşdüyündən, mən də yaradanın gözəl işlərindən birini nəzərə alıb, danışmaq istəyirəm; bunu eşitməklə, qoy bizim ona olan ümidimiz, sarsılmaz bir zəmin üzərində qərar tutmuş kimi, möhkəmlənsin, onun adı hər gün dilimizdə mədh olunsun. Məlumdur ki, bütün zaman daxilində yaşayanlar müvəqqəti və fanidir, onların başı öz-özünə, qəmə, müsibətə, zəhmətə qarışmışdır, onlar hədsiz-hesabsız təhlükəyə məruz qalırlar; tanrı öz xüsusi mərhəməti ilə bizə bu qədər qüvvət və tədbir verməsəydi, biz, bu varlıq içərisində yaşadığımız, onun bir hissəsi olduğumuz halda, bu təhlügələrə nə tab gətirər, nə də onlar-dan canımızı qurtara bilərdik. Elə düşünülməsin ki, tanrının bu mərhəməti bizə tutduğumuz yaxşı işlərə görə verilir və bizim aramızda bərqərar olur; xeyr, tanrının mərhəməti bizə onun şəfqətli olmasına görə, həm də həyatda bizim kimi fani olan, lakin tanrının hökmünü yerinə yetirən, öləndən sonra tanrı ilə bərabər əbədi və müqəddəs olan şəxslərin duasına görə verilir. Onlar öz təcrübə-lərindən bizim zəif olduğumuzu bilirlər; biz onlara bir müdafiəçi kimi müraciət edib yalvarır, dərdimizə əlac edilməsini xahiş edirik, çünki bəlkə də onlar cəsarət edib bizim dualarımızı tanrı kimi bir hakimə yetirə bilərlər. Allahın mərhəmətini biz bir şeydən daha artıq yəqin edirik. Onun nə niyyətdə olması sirrinə biz öz fani nəzərimizlə nüfuz edə bilmədiyimizdən, çox vaxt arada gəzən söz-söhbətə uyaraq, tanrının əzəməti qarşısında elə bir müdafiəçi seçirik ki, o özü tanrı tərəfindən həmişəlik pislənmişdir; buna baxmayaraq, allah, onun üçün sirr deyilən şey yoxdur, – dua edənin nadanlığından, ya pislənməsindən daha çox, onun təmiz ürəklə dua etməsinə diqqət yetirir, onu dinləyir, sanki bu adam onun qarşısında nicat tapmağa layiq görülmüşdür. İndi sizə söyləmək istədiyim hekayədə bu şeylər aydın olacaqdır: mən tanrı hikməti cəhətdən deyil, insan anlayışı nöqteyi-nəzərindən «aydın» deyirəm.

Deyirlər ki, varlı və adlı-sanlı tacir Muşyatto Fransezi kavaler olduqdan sonra, papa Bonifatsinin dəvəti və təhriki ilə fransız kralının qardaşı Torpaqsız Karl ilə bir yerdə Toskanaya getmək istəyəndə görür ki, işləri bəzi yerdə yaman dolaşmışdır, – tacirlərin işində belə hallar az olmur, – onları tezliklə düzəldib yoluna qoymaq asan olmayacaq, bu qərara gəlir ki, işlərini idarə etməyi bir neçə adama tapşırsın. O bütün işlərini sahmana salsa da, bir məsələdə şübhəli qalır: haradan elə adam tapsın ki. bir neçə burqundiyalıdan borcunu ala bilsin?! Bu şübhə əsassız deyildi. Muşyatto bilirdi ki, burqundiyalılar çox dalaşqan, yaramaz, sözlərinin üstündə durmayan adamlardır; o elə bir hiyləgər, xain adam təsəvvür edə bilmirdi ki, onu arxayınlıqla burqundiyalıların hiyləgərliyinə, xainliyinə qarşı qoya bilsin. Bu məsələ haqqında çox düşündü, axırda onun yadına pratolu ser Çepparello adlı bir adam düşdü. Çepparello Parisdə tez-tez onun yanına gələrdi. O balacaboy bir adamdı, təmiz geyinərdi. Fransızlar Çepparello sözünün mənasını bilmədiklərindən, elə zənn edirdilər ki, bu elə onların dilində olan chapel, yəni çələng deməkdir, buna görə ona capello deyil, Ciappelletto dedilər, çünki yuxarıda qeyd etdiyimiz kimi, onun boyu balaca idi. Hər yerdə onu Çappelletto adı ilə tanıyırdılar. Amma çox az adam onun Çepparello olduğunu bilirdi. Bu Çappelletto özü notarius idi; onun yazdığı əqdnamələrdən (belə, əqdnamələr az idi) bircəsi saxta olmasaydı, bunu o özü üçün böyük rüsvayçılıq hesab edərdi. O, yaxşı pul alıb doğru əqdnamə yazmaqdansa, pulsuz saxta əqdnamə yazmağı üstün tutar, bunu həvəslə yazardı. Xahiş edildi, edilmədi, yalandan məmnuniyyətlə şahid durardı. O zaman Fransada and içməyə çox inanardılar, Çappelletto üçün yalandan and içmək su içmə kimi şeydi. Hansı bir işdə onu çağırıb tələb etsəydilər ki: vicdanla düzünü de, o belə işlərin hamısını dələduzluqla udardı. Dostlar, qohumlar, tanışlar arasında nifaq, ədavət, qalmaqal salmağa çalışar, bundan həzz alardı; onun bu hərəkətləri nə qədər çox bədbəxtliyə səbəb olsaydı, bundan bir o qədər xoşlanardı. Onu adam öldürməyə, ya başqa pis bir işdə iştirak etməyə çağırsaydılar, məmnuniyyətlə gedərdi, bundan boyun qaçırmazdı, çox vaxt da özü adamları məm-nuniyyətlə vurub şikəst edər, öldürərdi, heç şeyin üstündə allahı, müqəddəs adamları yaman söyərdi, çünki çox acıqlı idi. Kilsəyə getməzdi, kilsə mərasimi və ayinlərini pis-pis sözlərlə ələ salardı, güya onların heç bir əhəmiyyəti yox imiş. Lakin meyxanalara və başqa nalayiq yerlərə həvəslə gedərdi. İt selbə xoşlamadığı kimi, onun da qadınlardan xoşu gəlməzdi; bunun əksini təşkil edən yaramazlıqdan, başqa əxlaqsız adamlardan daha çox həzz alardı. Mömin bir adam sakit vicdanla sədəqə verən kimi, o da belə sakit vicdanla oğurluq edər, adam söya bilərdi. Yaman qarınqulu idi, əyyaşdı, bu, çox vaxt onun özünə zərər yetirərdi, onu rüsvay edərdi; yaman da qumarbazdı, kartbasandı, aşıqatandı. Onun üçün daha niyə söz sərf edək? Ondan pis adam bəlkə heç dünyaya gəlməmişdi. Messer Muşyattonun tutduğu mövqeyi və nüfuzu uzun zaman bu adamın pis fırıldaqlarının üstünü örtmüşdü, buna görə Çappellet-tonun çox vaxt təhqir etdiyi adamlar da, təhqir etməkdə davam etdiyi məhkəmə də onu cəzasız buraxardı. Messer Muşyatto ser Çepparel-lonun həyatına yaxşı bələddi, buna görə Çepparello yadına düşəndə, xəyalına gəldi ki, dələduz burqundiyalıların qabağına çıxarmaq üçün elə belə adam lazımdır. Onu çağırtdırıb dedi: «Ser Çappelletto, sən bilirsən ki, mən buradan tamam gedirəm, ancaq mənim yalançı burqundiyalılarla həll olunmamış məsələm var: onlar mənə pul borcludurlar, bu borcu almaq üçün səndən münasib adam görmürəm. İndi sənin bir işin yoxdur, bunu boynuna götürsən, söz verirəm ki, məhkəmənin sənə olan münasibətini yaxşılaşdıraram, nisyədən yığdığın pulun da xeyli hissəsini sənə verərəm». Ser Çappellettonun doğrudan da işi yox idi, həm də bu dünyanın nemətlərindən çox da zəngin deyildi. Uzun zaman onun köməyi və sığınacağı olan adamın buradan gedəcəyini görüb, bəlkə də zərurət qarşısında qalaraq, o saat razı oldu, dedi ki, məmnuniyyətlə bu işi yerinə yetirər. Bununla da söhbəti qurtardılar. Ser Çappelletto messer Muşyattonun vəkalət-naməsini, həm də kral tövsiyənaməsini alıb, messer Muşyattodan sonra Burqundiyaya getdi. Burqundiyada onu tanıyan yox idi. O öz təbiətinin əksinə olaraq, yumşaqlıqla və dostcasına nisyəni yığmağa və başqa işlərini görməyə başladı, sanki axıra yaxın o öz xasiyyətini büruzə verməmək fikrində idi. Ser Çappelletto sələmçiliklə məşğul olan iki florensiyalı qardaşın evində qalırdı. Onlar messer Muşyat-toya görə ona hörmət edirdilər. Ser Çappelletto öz işi ilə məşğul ikən xəstələndi. Florensiyalı qardaşlar dərhal həkim dalınca adam göndərdilər, həm də ona baxmaq üçün adam çağırtdırdılar, onun sağalmasından ötrü lazım olan hər şeyi elədilər. Lakin bunun köməyi olmadı, çünki ser Çappelletto qocalmışdı, özü də pözğun həyat keçirmişdi; onun halı gündən-günə xarablaşırdı, həkimlər deyirdilər ki, ,bu xəstəlikdən o sağalmayacaq. Florensiyalı qardaşlar bundan çox qəmgin oldular. Bir gün onlar ser Çappellettonun yatdığı otağın yanında belə söhbət edirdilər: «Biz nə edək? Bu, əngəl işdir: xəstə adamı evdən qovmaq böyük biabırçılıq olardı, həm də bunu başqa cür başa düşərlər, biz onu yaxşı qəbul etdik, sonra da həkim gətirtdik, ona baxmaq üçün adam tutduq, – bunu hamı görmüşdü. İndi də birdən görəcəklər ki, ölüm halında olan bu adamı evdən qovuruq, axı bu vəziyyətdə o bizə heç bir pislik edə bilməzdi. Həm də o elə əclaf adamdır ki, günahlarını etiraf etməyəcək, dini ayini yerinə yetirmə-yəcək. Belə ölsə, heç bir kilsə onun cənazəsini. qəbul etməyəcək, onu it kimi çalaya atacaqlar. Günahlarını etiraf etsə də, onun o qədər dəhşətli günahı var ki, bu etirafın heç əhəmiyyəti olmayacaq, çünki elə bir rahib, ya keşiş tapılmaz ki, onun bu günahlarını bağışlat-mağa razı olsun. Günahları bağışlanmadığından, onu hər halda çalaya atacaqlar. Şəhər camaatı sələmçilik peşəsi üstündə həmişə bizi yamanlayır; bunu mürüvvətsiz bir iş hesab edirlər, əllərinə fürsət düşsə, bizim var yoxumuzu talan etməkdən də çəkinməzlər. Belə bir hadisə baş versə, onlar bizim üstümüzə qalxıb, çığıra-çığıra deyəcəklər: «Bu Lombardiya köpəklərinə aman. verməyin, onları kilsəyə də qoymayın!» Sonra evimizin üstünə cumacaqlar, bəlkə dövlətimizi qarət etdilər, bizi lap öldürə də bilərlər. Hər halda ser Çappelletto ölsə, bizim üçün pis olacaq».

Yuxarıda dediyim kimi, ser Çappelletto, onların söhbət etdiyi yerdən uzaqda deyildi, bir də ki, xəstələr çox vaxt yaxşı eşidirlər; ser Çappelletto deyilən sözlərin hamısını eşitdi, bu iki qardaşı yanına çağırtdırıb dedi: «Mən istəmirəm ki, siz mənim üçün narahat olasınız və mənim ucbatımdan zərər çəkəsiniz. Mən sizin söhbətinizi eşitdim. Əminəm ki, iş sizin güman etdiyiniz kimi olsa, elə sizin düşündü-yünüz şeylər də baş verəcək. Amma belə olmayacaq. Sağlığımda mən allahı o qədər təhqir etmişəm ki, ölüm ayağında, cəmisi bir saatın içində bunu eləsəm də, günahım bundan nə artacaq, nə də əskiləcək. Buna görə sərəncam verin, mənim yanıma müqəddəs, yaxşı, – əgər beləsi varsa, – bir rahib gətirsinlər. Qoyun mən bildiyimi eləyim: sizin də işinizi, öz işimi də elə düzəldərəm ki, razı qalarsınız». Florensiyalı qardaşlar buna böyük ümid bəsləməsələr də, bir monastıra gedib, evlərində xəstə yatan bir lombardiyalının günaһını bağışlatmaq üçün müqəddəs, ağıllı bir rahib istədilər, onlara, öz һəyatı ilə başqalarına nümunə ola bilən, Əһdi-ətiqi və Əһdi-cədidi yaxşı bilən, bütün şəһər əһlinin böyük və xüsusi һörmətini qazanmış müqəddəs, çox möһtərəm, qoca bir rahib verdilər. Florensiyalı qardaşlar rahibi evlərinə gətirdilər. Rahib, ser Çappellettonun yatdığı «otağa girib, xəstəyə yaxınlaşdı, açıq qəlblə ona təsəlli verdi, sonra onun son etirafından nə qədər keçdiyini soruşdu. Ser Çappelletto ömründə günahlarını etiraf etməmişdi. Dedi ki: «Ata, adətən mən һəftədə һeç olmasa bir dəfə, elə һəftə də olardı ki, bir neçə dəfə günaһımı etiraf edərdim, ancaq indi bir һəftədir xəstələnmişəm, keşişin yanına etirafa getməmişəm, xəstəlik mənim başıma belə müsibət gətiirib!» Rahib dedi: «Yaxşı eləmisən, oğlum, sonralar da belə edərsən: görürəm ki, mən səndən az söz soruşmalı olacağam, az şey də eşidəcəyəm, çünki sən tez-tez gedib günaһlarını etiraf etmisən». Ser Çappelletto dedi: «Elə söylə-məyin, müqəddəs ata, mən günahlarımı tez-tez etiraf etsəm də, anadan olan gündən ta indiyə kimi işlədiyim günaһların bağışlanmasını nəzərdə tutmuşam; buna görə, şərafətli ata, xaһiş edirəm, məndən һər barədə elə müfəssəl soruşun ki, elə bil mən ömrümdə günaһlarımı etiraf etməmişəm. Xəstə olduğuma baxmayın: mən, xilaskarımın öz qiymətli qanı ilə satın aldığı ruһumu məһv edə bilən bir iş tutmaqdansa, cismimə xətər yetirməyi üstün tuturam». Bu söz müqəddəs atanın çox xoşuna gəldi, onun mömin olmasına bir sübut kimi göründü. O, ser Çappellettonun belə adam olduğunu ürəkdən təqdir etdi, ömründə onun bir qadınla günaһ iş tutub-tutmadığını soruşdu. Ser Çappelletto aһ çəgörək dedi: «Bu barədə һəqiqəti açıb sizə söyləməyə utanıram, çünki şöһrətpərəstlik günaһına düşməkdən qorxuram». – Qorxma de, de, һələ һeç kəs günaһını etiraf edəndə, ya başqa bir vəziyyətdə һəqiqəti söyləyəndə günaһa batmamışdır». Ser Çappelletto bu sözü eşidəndə dedi: «Siz ki məni bu barədə əmin edirsiniz, onda qoy deyim: mən anamın bətnindən necə bakir çıxmı-şamsa, elə də bakir qalmışam». Rahib dedi: «Qoy allaһ səni öz pənaһında saxlasın! Sən bununla yaxşı iş tutmusan, xüsusilə sən ona görə təqdirəlayiqsən ki, əgər istəsəydin, bunun əksini bizdən və ümumiyyətlə müəyyən əһdlə bağlı olan adamlardan daһa böyük sərbəstliklə edə bilərdin». Sonra rahib ondan, acgözlük günaһı ilə allahı qəzəbləndirib-qəzəbləndirmədiyini soruşdu. Ser Çappelletto dərindən aһ çəkib, belə cavab verdi: «Bəli, qəzəbləndirmiıəm, özü də bir neçə dəfə. Çünki mən hər il, mömin adamlar kimi, bütün pəһrizləri saxlasam da; һəftədə heç olmasa üç dəfə ancaq çörək yeyib; su içməyə adət eləsəm də, suyu, şəraba böyük həvəs göstərən şəxslər kimi, xüsusilə ibadətə ya ziyarətə gedib yorulandan sonra, çox ləzzətlə və һəvəslə içərdim. Kənd arvadlarının çöldən yığib gətirdikləri yaşıl bitkilərdən һazırlanan salata da tez-tez iştaһım olardı; bəzən yeməklər mənə, öz möminliyinə görə mənim kimi pəһriz saxlayan adamların, mənim fikrimcə, duymalı olacağı ləzzətdən daһa artıq ləzzət verərdi». Rahib onun bu sözlərinə belə cavab verdi: «Oğlum, bunlar təbii şeydir, yüngül günaһdır, mən istəmirəm ki, sən bunlarla öz vicdanını naһaq yerə naraһat edəsən. Hər adama, o necə müqəddəs olsa da uzun zaman ac qaldıqdan sonra yemək; yorğunluqdan sonra da su ləzzətli görünər». Ser Çappelletto etiraz etdi: «Ata, bunu təsəlli üçün mənə söyləməyin; siz də, mən kimi, bilirsiniz ki, allaһ naminə görülən bütün işlər təmiz və nöqsan-sız olmalıdır; belə һərəkət etməyənlər günaһ iş tuturlar». Rahib bu sözdən mütəəssir oldu: «Sənin belə düşündüyünə çox sevinirəm; sənin təmizliyin; təmiz vicdanlı olmağın mənim çox xoşuma gəlir. De görüm, sən lazım olandan artıq çox pul arzusunda olmaqla, bir şeyə həddindən artıq һəvəs göstərməklə pulpərəstlik günaһına batmamısan ki?» Ser Çappelletto buna belə cavab verdi: «Ata, bu sələmçilər evində yaşamaqla, istəmirəm ki, siz mənim һaqqımda başqa fikirdə olasınız; mənim onlarla һeç bir əlaqəm yoxdur, hətta bura ona görə də gəlmişəm ki, onları utandırım, bu murdar peşədən uzaqlaşdırım, – allaһ məni bu һala salmasaydı, elə bəlkə də buna müvəffəq olardım. "Bilirsinizmi, atam mənə yaxşı var-dövlət qoyub gedib; bunun yarısından çoxunu o, öləndən sonra sədəqə verdim, sonra da dolanmaq üçün, һəm də tanrı dilənçilərinə kömək etmək üçün az-az alver eləməyə başladım; bir qədər pul qazanmaq istəyirdim, һəmişə də qazancımı allaһın bəndələri ilə bölüşdürürdüm: yarısını onlara verirdim, yarısını da öz eһ-tiyacıma sərf edirdim. Yaradan da buna görə mənə elə kömək elədi ki, işim yaxşıdan da yaxşı oldu». Rahib: «Yaxşı iş tutmusan, oğlum – dedi. – Sən tez-tez qəzəblənirdinmi?» Ser Çappelletto dedi: «Əfsus ki, bunu etiraf etməliyəm, tez-tez qəzəblənirdim. Axı, adamların hər gün yaramazlıq etdiyini, allaһın buyruğundan çıxdığını, allaһın cəzasından qorxmadığını görüb kim qəzəblənməz? Cavanların pis-pis işlər tutduğunu, and içib andlarını pözduğunu, meyxanalarda düşüb qaldığını, kilsəyə qədəm qoymadığını, allaһın yolundan çox dünya yolu ilə getdiyini görəndə, ürəyimdə belə arzu doğurdu: yaşamaqdan ölmək yaxşıdır». Rahib: «Oğlum, – dedi, – bu, müqəd-dəs qəzəbdir, bundan ötrü səni günahkar hesab etmərəm. Amma, bəlkə, qəzəb səni adam öldürməyə, birisini təhqir etməyə, bir başqa-sını incitməyə vadar etmişdir?» Ser Çappelletto buna etiraz etdi: «Aman allah, siz gərək ki, müqəddəs adamsınız, amma belə şeylər danışırsınız! Sizin adını çəkdiyiniz bu şeylərdən bircəsini eləmək heç mənim ağlıma da gəlməmişdir, belə olmasaydı, allah uzun zaman məni öz pənahında saxlardımı? Belə şeyləri ancaq quldurlar, xəbis adamlar eləyə bilər. Mən hər dəfə təsadüfən belə adamlardan birini görəndə deyərdim: «Çıx get, qoy allah səni düz yola gətirsin!» Rahib bunu eşidəndə dedi: «Oğlum, allah sənə nicat versin, de görüm, bir adamın üzünə yalandan şahid durmusanmı, qeybət eləmisənmi, özgənin malını zorla əlindən almısanmı?» – «Bəli, messere, mən özgəsinin qeybətini eləmişəm. Mənim bir qonşum vardı, heç nəyin üstündə tez-tez arvadını döyərdi. Bir gün mən arvadın qohumlarına bu adam haqqında qeybət elədim, arvada mənim çox yazığım gəlirdi: o adam hər dəfə içib sərxoş olanda arvadını allah bilir necə kötəklərdi». Rahib sözünə davam etdi: «Yaxşı, sən bayaq dedin ki, tacir olmusan, bir adamı aldadıb eləməmisən ki? – Axı tacirlər aldadırlar.» Ser Çappelletto ona belə cavab verdi: «Bu barədə təqsirkaram, ancaq bilmirəm kimi aldatmışam. Birisi satdığım mahudun pulunu gətirmişdi, mən də pulu saymamış daxıla qoydum. Bir aydan sonra gördüm ki, orada lazım olandan artıq dörd xırda pul vardı. O adamı görmədiyim üçün pulu bir il saxladım, onu sahibinə qaytarmaq istəyirdim. Sonra onun pulunu allah yolunda payladım». Rahib dedi ki: «Bunun elə bir əhəmiyyəti yoxdur, pulu paylamaqda sən yaxşı iş görmüsən». Müqəddəs ata ondan daha çox şeylər soruşdu, o da hamısına belə cavablar verdi. Rahib onunla işini qurtarmaq istəyirdi ki, ser Çappelletto dedi: «Messere, mənim bir günahım da var, bunu sizə söyləməmişəm». Rahib soruşdu ki: «Nədir?» O da cavab verdi ki: «Yadımdadır, bir gün mən, bazar gününə lazım olan hörməti yaddan çıxarıb, şənbə günü, saat doqquzdan sonra qulluqçuya dedim ki, evi süpürsün». Rahib dedi: «Oğlum, bunun elə bir əhəmiyyəti yoxdur». Ser Çappelletto dedi: «Yox, bunun elə bir əhəmiyyəti yoxdur deməyin, çünki bizim allahımız bu gün dirilmişdir». Onda rahib dedi: «Sən daha bir iş tutmamısan ki?» Ser Çappelletto: «Bəli, messere, tutmuşam, – deyə cavab verdi. – Bir gün fikrim özümdə olmayıb, allahın kilsəsinə tüpürmüşəm». Rahib gülümsədi: «Oğlum, bundan ötrü narahat olmaq lazım deyil, biz rahiblər hər gün ora tüpürürük». Ser Çappelletto: «Çox pis də iş tutursunuz, – dedi, – müqəddəs məbədi xüsusilə təmiz saxlamaq lazımdır, çünki orada allaha nəzir gətirirlər». Sözün qısası, belə şeylərdən rahibə çox danışdı, axırda da ah çəkməyə, dərdli-dərdli ağlamağa başladı, – o istədiyi vaxt bunu çox gözəl eləyə bilirdi. Müqəddəs ata soruşdu: «Oğlum, sənə nə oldu?» Ser Çappelletto belə cavab verdi: «Kül mənim başıma, messere, mənim bir günahım qalıb, bu barədə heç tövbə eləməmişəm, çünki bunu söyləməyə çox xəcalət çəkirəm, yadıma düşəndə həmişə ağlayıram, necə ki, özünüz görürsünüz. Mənə elə gəlir ki, bu günah üstündə allah mənə rəhm etməyəcək». Rahib dedi: «Oğlum, sən nə danışırsan? İnsanların bütün günahı, ya da qiyamət qopana qədər edəcəkləri bütün günahlar bir adamın simasında toplansaydı, o adam da sənin kimi peşman olub tövbə etsəydi, – allahın şəfqəti, mərhəməti o qədər böyükdür ki, – o adam bunları etiraf etsəydi, allah öz mərhəməti üzündən bu günahların hamısını bağışlardı. Buna görə də qorxma, de». Lakin ser Cappelletto hələ də hönkür-hönkür ağlayırdı: «Ata, əfsus ki, mənim günahım çox böyükdür, sizin duanız kömək etməsə, allahın bunu bağışlayacağına çətin inanıram». Rahib: «Qorxma, söylə, – dedi, – səndən ötrü allaha dua edəcəyimə söz verirəm». Ser Çappelletto elə hey ağlayırdı, heç bir şey demirdi, rahib da ona öyüd-nəsihət verirdi. Ser Çappelletto hönkür-hönkür çox ağladı, rahibi intizarda qoydu, axırda dərindən ah çəkib dedi: «Ata, siz ki məndən ötrü allaha dua edəcəyinizə söz verirsiniz, onda bu günahımı açıb sizə deyim: bilirsinizmi, mən balaca uşaq olanda bir gün anamı söymüşəm!» Bunu deyib, o yenə də hönkürtü ilə ağladı. Rahib: «Oğlum, – dedi, – belə günah sənə dəhşətli görünür? İnsanlar bütün günü küfrbazlıq edirlər, allah da öz küfrbazlığında tövbə edənləri məmnuniyyətlə bağışlayır, elə güman edirsən ki, o səni bağışlamayacaq? Ağlama, sakit ol; səni əmin edirəm: əgər allahı çarmıxa çəkənlərdən biri sən olsaydın, o səni bağışlardı, çünki, görürəm, tutduğun işdən sən nə qədər peşmansan». Ser Çappelletto dedi: «Ata, təəssüf ki, bunu siz deyirsiniz! Mənim əziz anam məni doqquz ay gecə-gündüz öz bətnində saxlamışdır, qucağında da yüz dəfədən artıq gəzdirmişdir. Anamı söyməklə pis iş tutmuşam, bu, çox böyük günahdır! Siz məndən ötrü allaha dua etməsəniz, o mənim günahımdan keçməyəcək». Rahib ser Çappellettonun deməyə daha sözü qalmadığını görüb, onu müqəddəs bir adam hesab edərək, xeyir-dua verdi, çünki o, ser Çappellettonun söylədiklərinin doğru olduğuna tamamilə inanırdı. Ölüm ayağında olan bir adamdan belə sözləri eşidəndə kim inanmazdı? Rahib axırda dedi: «Ser Çappelletto, allahın köməyi ilə siz tezliklə sağalacaqsınız, amma birdən, işdir, allah sizin xeyir-dua almış, hazırlanmış ruhunuzu öz yanına çağırsa, onda bizim monastırda dəfn olunmağınızı düzgün hesab etməzsinizmi?» Ser Çappelletto ona cavab verdi ki: Bəli, messere, mən də ayrı yerdə dəfn olunmağımı arzu etməzdim, siz də axı məndən ötrü dua edəcəyinizə söz vermisiniz, hələ burasını demirəm ki, mən həmişə sizin cəmiyyətə xüsusilə sədaqətli olmuşam, Buna görə də, sizdən xahiş edirəm, qayıdan kimi sərəncam verin, hər səhər mehrabdan təqdis etdiyiniz İnsanın öz vücudundan mənə təbərrük gətirsinlər. Mən buna layiq olmasam da, sizin icazənizlə arzu edirəm ki, mənim üzərimdə kilsə mərasimi icra edilsin, sonra da müqəddəs yağsürtmə ayininə layiq görülüm, qoy günah içində yaşadıqdan sonra heç olmasa bir xristian kimi ölüm». Müqəddəs rahib buna fərəhlə razı oldu, ser Çappelletto onu belə niyyətdə olmasına görə təriflədi, sonra da dedi ki, gedən kimi sərəncam verərəm, bunun hamısını edərlər. Belə də elədilər.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации