Текст книги "Dekameron"
Автор книги: Джованни Боккаччо
Жанр: Зарубежная классика, Зарубежная литература
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 54 страниц) [доступный отрывок для чтения: 18 страниц]
DOQQUZUNCU HEKAYƏ
Bir qaskonlu xanım Kiprin qorxaq kralını elə utandırır ki, o, cəsarətli olur.
Kraliçanın əmrini almaq üçün ancaq Yeliza qalmışdı. O gözləmədən gülərüzlə sözə başladı: – Cavan xanımlar, çox vaxt elə olur ki, cürbə-cür danlaqların, cəzaların edə bilmədiyini, qəsdən deyil, təsadüfən söylənilən bir söz edir; Laurettanın söylədiyi hekayədə bu çox aydın göründü. Mən də balaca bir hekayədə bunu sizə sübut etmək istəyi-rəm, çünki yaxşı hekayələr həmişə xeyir gətirir, belə hekayələri kim söyləsə, ona diqqətlə qulaq asmaq lazımdır.
Bəli, Kiprin ilk kralı zamanında Bulonlu Qotfrid müqəddəs torpağı fəth etdikdən sonra, adlı-sanlı bir qaskonlu xanım İsanın qəbrini ziyarətə gedir, qayıdanda da Kiprdə düşür, burada bir neçə alçaq adam onu biabırçı halda təhqir edir. O, şikayətinə əhəmiyyət verilmədiyini görüb, kralın yanına getmək istəyir, ancaq kim isə ona deyir ki, nahaq yerə zəhmət çəkirsiniz, kral elə qorxaq, elə miskin adamdır ki, təhqir üstündə heç kəsi cəzalandırmır, hətta onun özünə qarşı edilən təhqirlərə də iyrənc bir qorxaqlıqla dözür; buna görə bir şeydən narazı qalaraq qəzəblənən adamlar gedib acığını onun üstünə tökür, onu təhqir edir, utandırırlar. Qadın bunu eşidəndə, onu təhqir edənləri cəzalandırmaq məsələsində ümidini itirdiyindən, belə bir qərara gəlir: öz acığını soyutmaq üçün kralı qorxaqlığı üstündə məzəmmət eləsin. Buna görə kralın yanına gedib ağlaya-ağlaya deyir: «Padşahım, məni təhqir edənləri cəzalandırmaq ümidi ilə sənin yanına gəlməmişəm, gəlmişəm ki, səndən xahiş edim, bunun əvə-zində, sənin kimi, deyilənə görə, həqarətə dözməyi öyrənim, mən də edilən təhqirə səbirlə dözə bilim, allah özü şahiddir, bacara bilsəy-dim, bu təhqiri də məmnuniyyətlə sənə verərdim, axı sən yaman dözümlüsən!» Kral ağır hərəkətli, tənbəl bir adamdı, o sanki yuxudan ayıldı; əvvəl ondan başladı ki, qadını təhqir edənləri bərk cəzalan-dırdı, həm də o gündən onun şahlıq şərəfinə toxunanları amansızca təqib etdi.
ONUNCU HEKAYƏ
Bir qadın bolonyalı maestro Albertonu, ona olan sevgisi üstündə utandırmaq istəyir, lakin Alberto çox nəzakətlə qadının özünü utandırır
Yeliza sözünü qurtarıb susdu; indi də son hekayəni, kraliça söyləməli idi; o, qadınlıq məlahəti ilə sözə başladı: – Ləyaqətli qızlar, gecə, açıq havada ulduzlar göyü, yazda çiçəklər çölü bəzədiyi kimi, tutarlı sözlər də xoş xasiyyətləri, ürəkaçan söhbətləri bəzəyir. Bu tutarlı sözlər öz qısalığı ilə kişilərdən çox qadınlara yaraşan sözlərdir, çünki, lazım olmadığı halda, çox və uzun danışmaq kişilərdən çox qadınlara yaraşmayan şeydir. Amma indi sözün incəliyini başa düşən və ya başa düşüb də ona cavab verməyi bacaran qadınlar azdır, ya heç yoxdur, – biz də, bütün qadınlar da gərək bundan xəcalət çəkək! Bu ona görədir ki, əvvəlki qadınların varlığını fərqləndirən bacarığı indiki qadınlar bədənin zinətinə sərf edirlər, həm də paltarı daha çox alabula, üstündə daha çox zolağı, bəzəyi olan qadın elə güman edir ki, onu gərək başqa qadınlardan daha yüksək tutsunlar, ona daha artıq hörmət etsinlər; daha düşünmür ki, bir adam bu şeyləri eşşəyə yükləsə, ya eşşəyin üstündən assa, – eşşək hər bir qadından daha çox yük götürə bilsə də, – yenə eşşək olub qalır. Bunu söyləmək mənim üçün ayıbdır, ona görə ki, özüm haq-qında demədiyim bir şeyi başqaları haqqında da deyə bilmərəm; bu bərli-bəzəkli, ənlikli-kirşanlı, ala-bəzək paltarlı qadınlar dinib-danışmayan, duyğusuz mərmər heykəl kimi dayanıb dururlar, bir söz də soruşanda elə cavab verirlər ki, heç dinməsələr ondan yaxşıdır. Onlar öz-özlərini inandırırlar ki, qadınların, ləyaqətli kişilərin məclisində söhbət etməyi bacarmaması qəlbin təmizliyindən mey-dana gəlir, onlar öz axmaqlıqlarını təvazökarlıq adlandırırlar, sanki ancaq öz qulluqçusu ilə ya paltaryuyan, ya da bulkaçı qadınla danı-şan qadınlar namusludurlar. Əgər təbiət bu qadınların öz-özlərini inandırdığını eləmək istəsəydi, onların boşboğazlığını başqa yolla məhdudlaşdırardı. Doğrudur, bu məsələdə də, başqa məsələlərdə olduğu kimi, vaxtı, yeri söhbət etdiyin adamı hesaba almaq lazımdır, çünki bəzən elə olur ki, qadın ya kişi tutarlı bir sözlə başqasını utandırmaq istəyir, lakin öz gücü ilə bu adamın gücünü lazımınca ölçüb-biçmədiyindən, utandırmaq istədiyi adamın yerinə özü utanıb qızarır. Buna görə, biz həm qorunmağı bacarmaq üçün, həm də «hər işdə ən çox ziyan çəkən qadınlar olur» zərbi-məsəlinin bizim sima-mızda özünə haqq qazandırmaması üçün, mən istəyirəm bu günün son hekayəsi ilə ibrətli bir söz danışam, belə ki, siz qəlbinizin nəcib-liyi ilə fərqləndiyiniz kimi, hərəkət tərzinin üstünlüyü ilə də özünüzü göstərəsiniz.
Bir neçə il bundan əvvəl Bolonyada maestro Alberto adlı çox məşhur, bəlkə də bütün dünyada hörmət qazanmış bir həkim yaşa-yırdı, bəlkə elə indi də yaşayır. Albertonun yaşı yetmişi haqlasa da, onun elə nəcib qəlbi vardı ki, təbii qızğınlıq odu az qala onu tərk etsə də, o, sevgi odundan çəkinmirdi. Deyilənə görə, Alberto bir şənlikdə Malgerita de Gizolyeri adlı çox gözəl bir dul qadın görür; qadın onun çox xoşuna gəlir; o, cavan bir oğlan kimi, bu sev gi oduna qocaman qəlbində yer verir. Ona elə gəlirdi ki, bu gözəlin zərif üzünə baxma-sa, gecə rahat yata bilməz. Buna görə, imkan düşdükcə, gah piyada, gah da atla o qadının evi qabağından keçirdi. Axırda elə oldu ki, qadın da, başqaları da maestro Albertonun oradan keçib getməsinin səbəbini başa düşdü. Onlar belə yetkin yaşlı, yetkin ağıllı bir adamın sevməsini öz aralarında tez-tez zarafata qoyub gülürdülər, elə güman edirdilər ki, gözəl sevgi ehtirası ancaq ağılsız gənclərin qəlbində özünə məskən salır. Bir dəfə bayram günü maestro Alberto yenə də bu qadının evi qabağından keçirdi; Malgerita və başqa qadınlar evin qapısı qabağında oturmuşdular. Maestro Albertonun uzaqdan onlara sarı gəldiyini görüb bu qərara gəldilər ki, onu öz yanlarına çağırıb hörmət etsinlər, sonra da sevgisini lağa qoysunlar. Belə də elədilər: ayağa qalxıb onu dəvət etdilər, sonra da həyətə apardılar, bu sərin həyətə yaxşı şərab və dadlı yeməklər gətirtdilər; axırda da xoş və məzəli şəkildə ona belə bir sual verdilər: «Necə oldu ki, siz, bir çox qəşəng, nəcib, gözəl cavanların bu gözələ vurulduğunu bilə-bilə ona eşq yetirdiniz?» Maestro bu incə kinayəni başa düşərək gülə-gülə dedi: «Madonna, mənim sevməyim, xüsusilə sizi sevməyim ağıllı adamı gərək təəc-cübləndirməsin, çünki siz belə bir sevgiyə layiqsi-niz. Təbii ki, sevgi məşqində qocaların gücü azlıq eləsə də, sevilmək arzusunu və anlayışını onların əlindən almamışlar; qocalar bunu daha çox ona görə anlayırlar ki, onların dərrakəsi də cavanların dərrakəsindən çoxdur. Madonna, sizi ki bu qədər cavanlar sevir, məni də sizi sevməyə təhrik edən ümid bundan ibarətdir: mən qadınların axşamlar acı paxla və prasa yediyini çox görmüşəm. Prasanın heç yeri dadlı olmasa da, başı bir az yeməlidir, azca da tamlıdır, amma, ümumiy-yətlə, siz qadınlarda iştah pozğunluğu olduğundan, prasanın başını əlinizdə tutur, yarpaqlarını yeyirsiniz, onun yarpaqları heç şeyə yaramır, tamı da pisdir. Madonna, mən nə bilim ki, siz də özünüzə aşiq seçəndə belə hərəkət etmirsiniz? Belə olmasaydı, siz məni seçər, başqalarını rədd edərdiniz». Malgerita, o biri qadınlar kimi, bir az utanaraq dedi: «Maestro, siz bizə təkəbbürlü niyyətimiz üstündə yaxşı tənbeh verdiniz, hər halda sizin sevginiz, ağıllı və ləyaqətli bir adamın sevgisi kimi, mənim üçün çox qiymətlidir, buna görə də mənimlə, öz kəniziniz kimi, sərbəstcə rəftar edin, ancaq bunu heç kəs bilməsin, adım ləkələnməsin». Maestro hamı ilə bərabər ayağa qalxaraq, gülə-gülə, fərəhlə qadınla vidalaşıb getdi. Bu qayda ilə Malgerita, kimi lağa qoymaq istədiyinin fərqinə varmadan, özü məğlub oldu. Siz ağıllı hərəkət etsəniz, bundan özünüzü çox gözəl qoruya bilərsiniz.
Cavan xanımların və üç gəncin söylədiyi hekayələr qurtaranda günəş üfüqə sarı əyilirdi, isti xeyli azalmışdı. Kraliça zarafatla dedi: «Əziz dostlar, hökmranlıq etdiyim bu gündə sizə yeni bir kraliça verməkdən başqa ayrı bir işim qalmadı. Qoy yeni kraliça, ləyaqətlə əylən-mək məqsədi ilə, özünün həyatını və bizim həyatımızı, öz mülahizəsinə əsasən, sabahkı gün üçün təşkil etsin. Belə baxanda, axşama hələ çox qalmışdır, lakin vaxtında binagüzarlıq etməyən adam yaxşı dolanacaq düzəldə bilməz; bir də ki, yeni kraliçanın öz mülahizəsinə görə işə başlaması üçün, hər şeyi hazırlamaq, məqsədi ilə, mən bu qərara gəlirəm: sonrakı məclislərimiz bu vaxtdan başlan-sın. Buna görə hamını öz pənahında saxlayan allahın naminə, həm də bizim əylənməyimiz üçün bu çöl səltənətinin sabahkı gününə cavan və ağıllı Filomena rəhbərlik eləsin». O belə deyəndən sonra yerindən qalxdı, dəfnə çələngini başından götürüb hörmətlə Filomenanın başına qoydu, əvvəl özü, kraliçaya təzim edən kimi, onun qarşısında baş əydi, sonra da o biri xanımlar və cavanlar, özlərini onun ixtiya-rına verərək, təzim etdilər. Filomena hökmranlıq çələnginin başına qoyulduğunu görüb qızardı, Pampineyanın bu yaxında söylədiyi sözləri xatırladı, sadəlövh görünməmək üçün özünü ələ alıb, əvvəl, Pampineyanın təyin etdiyi adamların vəzifəsini yenidən təsdiq elədi, sabah səhərə və axşama, bu günkü yerdə hansı yeməklərin hazırlan-ması haqqında sərəncam verdi, sonra da belə bir nitq söylədi: «Əziz dostlar, Pampineya məni ləyaqətli olduğum üçün deyil, öz lütfkarlığı sayəsində sizin kraliçanız təyin etsə də, mən bizim dolanacağımızı ancaq özüm istədiyim kimi qurmaq fikrində deyiləm, öz fikrimlə bərabər sizin də rəyinizi nəzərə alacağam. Buna görə mənim nə edə-cəyimi bildikdən sonra, sizin fikrinizcə, buna bir şey artırmaq ya əskiltmək məsələsini bir neçə sözlə izah etmək istəyirəm. Bu gün mən Pampineyanın verdiyi sərəncamlara diqqət yetirdim, bunlar mənə həm tərifəlayiq, həm də əylənməyə kömək edən bir sərəncam kimi göründü; bu tədbirlər çox təkrar edildiyindən, ya başqa bir səbəbdən bizi darıxdırmayınca, mən onları dəyişməyi lazım görmü-rəm. İndi biz, verilən sərəncamı həyata keçirməyə başlayaraq, günəş qürub edəndən sonra fərəhlə gəzərik, sərində şam edərik, bir neçə nəğmə oxuyarıq, əylənərik, sonra da gedib yatarıq. Sabah da hava sərinkən ayağa qalxarıq, kimin könlü necə istərsə, elə də gedib əylənər. Sonra da, bu günkü kimi, müəyyən edilmiş vaxtda nahara gələrik. Nahardan sonra bir az rəqs edərik. Yuxudan qalxıb bu günkü kimi, bura hekayə söyləməyə gələrik, məncə, ən böyük, ləzzət də, fayda da bundadır. Mən bir şeyi də başlamaq fikrindəyəm. Pampineya kraliçalığa geç seçildiyindən, bunu edə bilmədi: bizim danışacağımız şeylərin mövzusunu bir qədər məhdudlaşdırmaq fikrindəyəm, bunu da qabaqcadan sizə bildirmək istəyirəm, qoy hamının bu mövzuda yaxşı bir hekayə düşünməyə vaxtı olsun. Bu, sizin xoşunuza gəlirsə, məsələ bundan ibarət olacaq: dünya yaranan-dan bəri qəza-qədərin təsadüfləri nəticəsində insanların başına çox müsibətlər gəlmişdir, dünyanın sonuna qədər də belə müsibətlər gələcəkdir, qoy hər kəs elə adamlardan danışsın ki, onlar bir çox çətinliklərdən sonra, heç gözlənilmədiyi halda, öz məqsədlərinə çatırlar». Qadınlar da, kişilər də eyni dərəcədə bu tədbiri bəyəndilər, ona əməl edəcəklərini söylədilər. Hamı susduqdan sonra Dioneo sözə başladı: «Madonna, o birilər deyən kimi, mən də deməliyəm ki, sizin bu tədbiriniz çox yaxşı və tərifəlayiq tədbirdir; ancaq mən sizin yüksək iltifatınızdan bir töhfə istərdim; nə qədər ki bizim bu cəmiy-yətimiz var, qoy o mənim əlimdən alınmasın. Dediyim töhfə də budur: sizin bu tədbiriniz məni həmin mövzuda hekayə söyləməyə məcbur etməsin, mən könlüm istədiyi şeyi öz hekayəmdə nəql edə bilim. Qoy elə güman edilməsin ki, ehtiyatda hekayəm olmadığı üçün mən belə bir mərhəmətin təmənnasındayam, bunu sübut etmək üçün həmişə ən axırda hekayə söyləməyə hazıram». Kraliça onun məzəli və güşad bir adam olduğunu bilirdi, həm də bu xahişi nə məqsədlə etdiyini başa düşürdü: o istəyirdi ki, cəmiyyət düşün-məkdən yorulanda, gülməli bir hekayə ilə onun kefini açsın. Buna görə həvəslə, həm də hamının razılığı ilə bu mərhəməti ondan əsirgəmədi. Sonra onlar qalxıb, ağacların kölgəsi altından, iri daşlar, yaşıl otlar arasından axan duru sulu çaya sarı yavaş-yavaş getdilər. Çay bir tənədən enərək dərəyə axırdı. Xanımlar burada ayaqqabı-larını çıxartdılar, qollarını çırmalayıb, suya girdilər. Suyun içində gəzə-gəzə əylənməyə başladılar. Axşam yeməyindən sonra musiqi alətlərini gətirtdilər. Kraliça əmr etdi ki, rəqsə başlanılsın. Rəqsi Lauretta idarə etməli, Yemiliya nəğmə oxumalı, Dioneo da rübab çalaraq, onunla həmsaz olmalı idi, Lauretta əmrə əsasən dərhal rəqsi idarə etməyə başladı, Yemiliya da gözəl səslə bu nəğməni oxudu:
Mən o qədər məftunam öz gözəlliyimə.
Heç də mənə gərək deyil başqa məhəbbət.
Könül vermərəm mən daha heç kimə.
Mən baxıram özümə, bu lətafətimdə
Bir məlahət duyuram ki, könüllər oxşar.
Bu sevinci, bu nəşəni məlahətimdən
Nə təsadüf, nə də köhnə fikirlər qovar.
Xəyalıma gətirmirəm, bilmirəm varmı,–
Yoxdur məncə bu dünyada elə başqa bir varlıq,
Ürəyimi məftun edən cazibədarlıq.
Nə vaxt ki istəsəm özümü sakit edəm,
O saatca ürəyimin duyur səsini.
O gəlir, qəlbimi nəşə bürüyür o dəm.
Ürəyin bu sevincini, bu nəşəsini
Sözlə ifadəyə acizəm, mən acizəm.
Bir də bunu, mən desəm də, anlaya bilməz
O məftunluq anlarını yaşamayan kəs.
Fikrim mənim ayrılmayır ondan nə qədər,
O qədər də çox alışıb-yanıram, ancaq
Deyirəm ki, sevincim də böyük olacaq.
Elə nəşə istəyirəm, ona bərabər
Sevinc hissi bir ürəkdə olmasın heç vaxt.
Oyun nəğməsini hamı həvəslə oxudu. Lakin nəğmənin sözləri bəzilərini düşündürdü. Sonra yenə rəqs etdilər. Qısa gecənin bir hissəsi keçmişdi, kraliça birinci günə son verməyi lazım bildi; buyruq verdi, məşəlləri yandırdılar. Hamının gedib sabaha kimi dincəlməsini əmr etdi, qızlar və oğlanlar əmrə itaət etdilər, hər kəs öz otağına qayıtdı.
İKİNCİ GÜN
Dekameronun birinci günü qurtarır, ikinci günü başlanır; bu gün Filomenanın rəhbərliyi altında, bir çox ağır müsibətlərdən sonra, heç gözlənilmədiyi halda öz məqsədinə çatan adamlardan bəhs olunur
Günəş hər yerə öz işığını saçmışdı, quşlar da yaşıl budaqlarda şən nəğmələr oxuya-oxuya bunu hamıya xəbər verirdi; bu zaman xanım-lar, üç də cavan oğlan qalxıb bağa getdilər. Onlar şehli ot üstündə gəzə-gəzə, çiçəklərdən qəşang çələnglər hörə-hörə xeyli vaxt bağda o baş-bu başa gəzdilər. İndi də, dünənki kimi, hava sərinkən səhər çörəyini yedilər, rəqs etdikdən sonra dincəlməyə getdilər. Saat doq-quzda ayağa qalxıb, kraliçanın sərəncamına əsasən, sərin çəmənə yollandılar. Halay vurub oturdular. Başına dəfnə çələngi qoyulmuş gözəl və füsunkar Filomena bir az dalğın halda durdu, sonra hamını gözdən keçirib, Neifilaya əmr etdi ki, hekayə söyləməyə başlasın. Neifila da qeyd şərtsiz, gülərüzlə sözə başladı.
BİRİNCİ HEKAYƏ
Martellino özünü yalandan çolaqlığa qoyur, sonra da özünü elə göstərir ki, guya müqəddəs Arriqonun meyitinə toxunmaqla qıçı yaxşı olur. Yalanın üstü açılanda onu döyürlər, asmaq istəyirlər, axırda təhlükədən xilas olur.
Əziz xanımlar, çox vaxt elə olur ki, başqalarını, xüsusilə hörmətə layiq olan şeyləri ələ salmaq istəyən adamlar özləri pis vəziyyətə düşür, bəzən bundan zərər də çəkirlər. İndi mən, kraliçanın buy-ruğuna əməl edərək, qarşıya qoyulan məsələ üzrə öz hekayəmə başlayıram. Bununla da bizim bir vətəndaşın başına gələn əhvalatdan danışmaq fikrindəyəm: əvvəl o, bədbəxtliyə düçar olur, sonra da, heç gözlənilmədiyi halda, yaman xoşbəxt olur.
Bir az bundan əvvəl Trevizoda Arriqo adlı bir alman yaşayırdı. O, yoxsul olduğundan, kim istəsəydi, ona kirayəsi ilə yük daşıyardı. O həm də çox vicdanlı, mömin bir adamdı. Buna görə, öləndə, lap can ağzından çıxanda (doğrumu, yalanmı) trevizolular deyir ki, Trevizo baş kilsəsinin bütün zəngləri, heç kəsin əli dəymədən, çalınmağa başladı. Bu, bir möcüzə hesab edildi, hamı dedi ki, Arriqo müqəddəs adamdır. Bütün şəhər camaatı yüyürə-yüyürə onun meyiti olan evə gəldi, onu müqəddəs bir şəxs kimi baş kilsəyə apardılar; çolaqları, şikəstləri, korları və xəstəliyə tutulan bütün adamları ora gətirdilər, sanki hamı bu meyitə toxunmaqla sağalacaqdı.
Elə oldu ki, şəhər camaatının hərəkətə gəldiyi bu qatmaqarışıq-lıqda Trevizoya bizim üç vətəndaşımız gəldi. Onlardan birinin adı Stekki, o birisininki Martellino, üçüncüsününkü də Markeze idi. Onlar sinyorların sarayına gedər, ağız-burunlarını əyməklə, oyun çıxarmaqla, kimi olsa çox bacarıqla yamsılamaqla camaatı güldü-rərdilər. Hələ indiyə qədər onlar bu şəhərə gəlməmişdilər. Hamının əl-ayağa düşdüyünü görüb təəccübləndilər, bunun səbəbini eşidəndə, meyitə baxmaq istədilər. Şeylərini mehmanxanada qoyduqdan sonra Markeze dedi: «Gedək bu müqəddəs adama baxaq; ancaq bilmirəm ora necə gedə bilərik, eşitmişəm ki, meydan həm almanlarla, həm də şuluqluq olmamaq üçün, şəhər sinyorunun göndərdiyi silahlı adamla doludur. Bunu da deyirlər ki, kilsəyə o qədər adam təpilmişdir, içəri girmək mümkün deyil». Martellino bu mənzərəyə baxmaq istədiyin-dən dedi: «Bunun eybi yoxdur, o müqəddəs meyitin yanına getməyə mən yol taparam». Markeze soruşdu: «Necə yol taparsan?» Martel-lino belə cavab verdi: «Mən sənə deyim necə: özümü çolaqlığa qoyaram, siz qolumdan tutarsınız, guya özüm yeriyə bilmirəm; deyərsiniz ki, bunu ora aparmaq istəyirik, qoy o müqəddəs adam bunu sağaltsın; elə bir adam olmayacaq ki, bizi görüb yol verməsin». Markeze və Stekki bu təklifi bəyəndilər. Çox ləngimədilər, mehman-xanadan çıxıb, xəlvəti getdilər, orada Martellino biləklərini, barmaq-larını, qollarını, qıçlarını, ağzını, üzünü, gözünü əyərək, dəhşətli şəklə saldı; elə bir adam olmazdı ki, doğrudan da onun şil-küt olduğuna inanmasın.
Markeze və Stekki onu belə şil-küt halda götürüb, kilsəyə getdilər, yolda üzlərinə mömincəsinə bir ifadə verib, rast gəldikləri hər adamdan fağır-fağır, allah rizasına yol verməsini xahiş etdilər; hamı da dərhal yol verirdi. Hamı onlara baxaraq, çığıra-çığıra deyirdi: «Yol verin, yol verin!» Bu qayda ilə az vaxtda gəlib, müqəd-dəs Arriqonun meyiti qoyulan yerə çatdılar. Meyitin ətrafında duran bir neçə zadəgan Martellinonu tez götürüb meyitin üstünə qoydu ki, bu qayda ilə o, sağlamlıq nemətindən feyziyab olsun. Hamı Martel-linonun necə olacağına diqqətlə baxırdı, Martellino azca gözlədikdən sonra əvvəl bir barmağının, sonra bir biləyinin, sonra da bütün qolunun açıldığını göstərdi, – bunları o çox ustalıqla edirdi, – bu qayda ilə yavaş-yavaş bütün bədənini dikəltdi. Camaat bunu görüb müqəddəs Arriqonun şərəfinə elə fəryad qopardı ki, göy də gurulda-saydı, eşidilməzdi.
Təsadüfən orada bir florensiyalı durubmuş, Martellinonu da çox yaxşı tanıyırmış, ancaq onu belə şil-küt halda gətirəndə tanımamışdı. İndi Martellino dikəlib ayağa qalxanda tanıdı, birdən qəhqəhə ilə gülüb dedi: «Ay allah onu öldürsün! Onun nə halda gəldiyini görən adam heç inanardımı ki, o, çolaq deyil?» Trevizolulardan bir neçəsi bu sözü eşidib elə o saat soruşdu: «Necə yəni? Yoxsa o, çolaq deyildi?» Florensiyalı bu suala belə cavab verdi: «Əşi, vallah yox, o həmişə bizim hamımız, kimi şax gəzərdi. O istədiyi sifətə düşə bilir, bunu da hamıdan yaxşı bacarır». Onlar bunu eşidən kimi dayanıb gözləmədilər, basa-basa özlərini qabağa verib çığırdılar: «Tutun bu məlunu, o, allahı, müqəddəs adamları lağa qoyur, iflic vurmadığı halda özünü yalandan çolaqlığa qoyub bura gəlib ki, bizim müqəddəs adamımızı da, bizi də ələ salsın». Belə deyə-deyə Marteldinonu olduğu yerdən dartıb aşağı saldılar, paltarını darta-darta əynindən çıxartdılar, saçından tutub yumruqlamağa, təpikləməyə başladılar. Kim bu iş üçün tələsə-tələsə onun yanına gəlməsəydi, özünü kişi hesab eləməzdi. Martellino çığıra-çığıra deyirdi: «Allah xatirinə, mənə yazığınız gəlsin!» Onların əlindən qurtarmağa çalışırdı, lakin bundan bir şey çıxmadı, camaat onun ətrafında get-gedə çoxalırdı. Stekki ilə Markeze bunu görüb öz-özlərinə dedilər ki, iş pisdir, ancaq canlarının qorxusundan ona kömək eləməyə cürət etmədilər. Kömək bir yana dursun, o birilərlə səs-səsə verib çığırdılar ki, onu öldürmək lazımdır; eyni zamanda fikirləşirdilər ki, onu camaatın əlindən necə qurtarmaq olar. Birdən Markezenin ağlına bir şey gəldi, bu olma-saydı, Martellinonu yəqin öldürərdilər. Mümkün qədər tez özünü sinyorluğun keşikçilərinə yetirib, bələdiyyə rəisinin yerində duran adama dedi: «Allah xatirinə, kömək eləyin! Bir dələduz mənim pul kisəmi kəsib götürüb, içində yüz qızıl florin vardı, xahiş edirəm, əmr edin onu tutsunlar, pulumu mənə qaytarsınlar». On iki keşikçi bunu eşidən kimi o yerə yüyürdü ki, orada zavallı Martellinonu malasız malalayırdılar. Camaatı yara-yara özlərini ora yetirdilər, yer üzündə görünməmiş bir çətinliklə Martellinonu camaatın əlindən dartıb aldılar, bələdiyyə idarəsinə apardılar. Bir çoxları da onun ardınca bələdiyyə idarəsinə getdi: onlar özlərini təhqir olunmuş hesab edir-dilər, həm də onun bir oğru kimi tutulduğunu eşidəndə dedilər ki, bizim də pul kisəmizi kəsib götürüblər. Bu adamlar Martellinonun burnuna duzlu su qoymaq üçün bundan yaxşı bəhanə tapmırdılar. Bələdiyyə idarəsinin hakimi amansız bir adamdı, deyilən sözləri eşidən kimi Martellinonu kənara çəkib, sorğu-suala başladı; lakin Martellino ona zarafatla cavab verdi, sanki tutulmasını boş bir şey hesab edirdi. Hakim bundan açıqlandı, əmr etdi ki, onu qollarından assınlar, ona bir neçə yaxşı kötək vursunlar, deyilən şeyləri boynuna almağa onu məcbur etsinlər, sonra da boğazından assınlar. Martelli» nonu yerə endirəndə hakim yenə ondan soruşdu ki, sənin haqqında o adamların dediyi doğrudurmu? Martellino gördü ki, bu yolla işdən boyun qaçırmaq yaxşı nəticə verməyəcək, dedi ki: «Cənab, mən sözün düzünü sizə söyləməyə hazıram, ancaq məni oğurluqda təqsir-ləndirən o adamlar qoy desinlər görüm onların pul kisəsini nə vaxt kəsmişəm və harada kəsmişəm, onda mən də sizə nə etdiyimi, nə etmədiyimi deyərəm». Hakim «yaxşı» deyib əmr etdi ki, o adam-lardan bir neçəsini çağırsınlar. Onların biri dedi ki, Martellino mənim pul kisəmi bir həftə bundan əvvəl, o birisi dedi ki, altı gün əvvəl, bir başqası dedi ki, dörd gün əvvəl kəsmişdir, bəziləri də dedi ki, elə bu gün kəsmişdir. Martellino bunları eşidib dedi: «Cənab, onların hamısı həyasızcasına yalan deyir, mən sözümün doğruluğuna sübut gətirə bilərəm. Mən bu şəhərə ancaq indi, bir az bundan əvvəl gəlmi-şəm, belə deyilsə, bir də mən bu şəhərə ayaq basmayım! Gələn kimi də o müqəddəs meyitə baxmağa getdim, orada da mənim başıma bu müsibət gəldi. Bunun doğru olduğunu sinyorun məmuru onun dəftəri, bir də ki, mehmanxana sahibi sizə sübut edə bilər; şəhərə gələnlər o məmurun dəftərində qeyd olunur. Soruşun, mənim söylə-diklərim doğru olsa, iltifat buyurub, bu əclafların sözü ilə məni incitməyin, məhv etməyin».
Məsələ belə ikən, Markeze ilə Stekki gördülər ki, hakim istintaqa yaman girişib, Martellinonu qollarından asdırıb, bərk qorxdular, öz aralarında dedilər ki: «Biz yaxşı iş eləmədik, Martellinonu tavadan çıxarıb oda atdıq!» Buna görə də ora-buranı axtarıb, mehmanxana sahibini tapdılar, bütün məsələni açıb ona dedilər. Mehmanxana sahibi gülüb, onları Trevizoda yaşayan sinyorun yanında böyük hörməti olan Sandro Aqolantinin evinə apardı, məsələni açıb qayda ilə ona danışdı, Markeze və Stekki ilə bərabər ondan xahiş etdi ki, Martellinonun işi ilə məşğul olsun. Sandro doyunca güldükdən sonra sinyorun yanına getdi, Martellinonun dalınca adam göndərməsini ondan xahiş etdi. Sinyor adam göndərdi. Bu adamlar gedib gördülər ki, Martellino bir köynəkdə hakimin qabağında durmuşdur: o özünü itirmiş, yaman da qorxuya düşmüşdür, çünki hakim onun üzrünü heç eşitmək də istəmirdi. Florensiyalılara ədavət bəslədiyindən, onu boğazından asdırmaq fikrində idi, sinyora vermək istəmirdi; axırda, öz arzusu əleyhinə olaraq, Martellinonu verməyə məcbur oldu. Martellino sinyorun hüzurunda bütün əhvalatı açıb ona danışdı, həm də xahiş etdi ki, sizin bütün başqa mərhəmətlərinizin əvəzinə bircə mərhəmətinizin arzusundayam: məni buraxın gedim, çünki nə qədər Florensiyada deyiləm, dar ağacı həmişə mənim gözümə görünə-cəkdir. Sinyor bu əhvalata çox güldü, onların hərəsinə bir dəst paltar verdirib yola saldı, onlar da, heç gözlənilmədiyi halda belə böyük təhlükədən qurtarıb, sağ-salamat evlərinə qayıtdılar.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?