Текст книги "Mari Rojenin sirri"
Автор книги: Эдгар По
Жанр: Классические детективы, Детективы
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 5 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Edqar Allan Po
Mari Rojenin sirri
detektiv hekayələr
Mari Rojenin sirri
Qeyd:
“Mari Roje” ilk dəfə qeydlərsiz çap olunub, çünki onda buna gərək yox idi. Hərçənd, bu hekayənin əsasını təşkil edən faciənin üstündən illər keçib, ona görə də qeydlərə və məsələnin məğzini izah edən girişə ehtiyac duyulur. Nyu-York ətrafında Mari Sesiliya Rocers adlı gənc qız öldürülmüşdü, qətlin səs-küy yaratmasına və uzun müddət ictimaiyyətin diqqət mərkəzində qalmasına baxmayaraq, əsil hekayəsinin yazılması və çap olunmasına qədər (1842, noyabr) heç kim hadisənin sirrini aça bilməmişdi. Müəllif bu gözəl fransız qızının taleyini təsvir edəndə məlum olan cüzi detallarla paralellər apararaq əslində Mari Rocersin qətlinin təfərrüatlarını tamamilə dəqiq göstərmişdi.
“Mari Rojenin sirri” bu dəhşətli qətlin törədildiyi yerdən çox-çox uzaqlarda yazılmışdı və hadisəni araşdıran müəllif yalnız qəzetlərdəki məlumatlara istinad edə bilərdi. Nəticədə çoxusu ondan üz döndərdi ki, əgər hadisə yerində şəxsən olmayıbsa, bu halda bəzi nüansları necə belə dəqiq təsvir edə bilib. O cümlədən, hekayənin nəşrindən uzun müddət keçəndən sonra iki şəxsin (onlardan biri əsərdə madam Dülük olaraq verilib) bir-birindən xəbərsiz etdiyi etiraflar nəinki ümumi nəticəni, eləcə də bunu yaradan bütün əsas fərziyyələrin tamamilə dəqiq olduğunu təsdiqləyirdi.
“Gerçək hadisələrə paralel olaraq onların qüsursuz ardıcıllığı da var. Bunlar həmişə tamamilə üst-üstə düşmür. İnsanlar və şərait adətən hadisələrin ideal zəncirini dəyişir. Bu səbəbdən o qüsurlu, ardıcıllığı isə natamam görünür. Reformasiyada da belə olmuşdu – protestantlığın yerinə lüretanizm meydana gəlmişdi.”
Novalis, “Əxlaqa baxış”.
Hətta ən ağıllı insan da ən azı bir dəfə anlaşılmaz həyəcan içində fövqəl-təbiiliyə inanmaq məcburiyyətində qalaraq, beyninin bunun sadəcə hadisə oyunu olduğu fikrini rədd etdiyi heyrətamiz təsadüflə qarşılaşıb. Bu cür təəssüratları (bəhs etdiyim anlaşılmaz inanc heç vaxt bir fikrə çevrilə bilmir) təsadüf doktrinasından (xüsusi addan istifadə edirik) qaçmaq və ya ehtimal nəzəriyyəsindən yayınmaq kimi nadir hallarda yatıra bilirsən. Axı bu nəzəriyyə məğzinə görə sırf riyazidir: beləliklə də ortada paradoks yaranır – elmin bizə verdiyi xeyli ciddi və dəqiq anlamlara zehni fərziyyələr sahəsində yetişə bilmədiyimiz kölgə və kabuslar əlavə olunur.
İndi açıqlayacağım xronoloji ardıcıllıqla alınan bu inanılmaz məlumatlar ilk növbədə qeyri-adi təsadüflərə uyğun gəlir, sonra isə bütün oxucular, şübhəsiz ki, bu yaxınlarda Nyu-Yorkda baş vermiş Mari Sesiliya Rocersin qətli barədə öyrənəcəklər.
Bir il qabaq “Morq küçəsində qətl” adlandırılmış yazıda dostum Ogüst Düpenin diqqətəlayiq məxsusi düşüncələrini yazmağa cəhd eləyəndə yenidən bu mövzuya qayıdacağım heç ağlıma da gəlməzdi. Məqsədim məhz bunu təsvir etmək idi və bu təsvirlər Düpenin xüsusi istedadını aşkara çıxara bilən qəribə hadisələr zənciri haqqındakı hekayədə öz əksini tapmışdı. Mən başqa misallar da çəkə bilərdim, amma onlar artıq sübut olunmuş faktlardan başqa heç nə göstərmir. Hərçənd, bu yaxınlarda baş vermiş hadisələrin qəribə döngəsi bir sıra məcburi etiraflarla üstünü örtə biləcəyimiz yeni təfərrüatlar kəşf etməyimə səbəb oldu. Əgər bu yaxınlarda eşitdiklərim olmasaydı, bəlkə də, əvvəllər eşidib gördüklərim haqda hələ də susmağım qəribə görünərdi.
Madam Lyespanye və qızının faciəvi ölümünün sirlərini aşkara çıxaran cəngavər bütün bunları başından atıb, ənənəvi melanxolik düşüncələrə qərq oldu. Onun əhval-ruhiyyəsi mənim özünəqapanmaya meyilliliyimlə tamamilə uzlaşırdı, əvvəlki kimi, şəhərətrafı Sen-Jermendəki sakit sığınacağımıza çəkilib gələcəyimizi taleyin ümidinə buraxmış və ətrafımızdakı darıxdırıcı dünyadan yuxular yaradaraq özümüzü indiki zamanın ixtiyarına vermişdik.
Amma bu yuxular zaman ötdükcə dağılırdı. Dostumun Morq küçəsindəki dramada oynadığı rolun Paris polisinin diqqətini çəkməsini təsəvvür etmək çətin deyil. Düpenin adı onun agentlərinin dilinin əzbərinə çevrilmişdi. O, sirri açdığı sadə mülahizələr zəncirini məndən başqa heç kimə (hətta məmura da) izah etməmişdi. Ona görə də ilk təcrübyə əsaslanan bu hadisə əsil möcüzə kimi görünürdü və cəngavərin analitik istedadı ona xəyalpərəstlik şöhrəti gətirmişdi. Əgər o, maraqdan irəli gələn sorğu-suala tam səmimiyyətilə cavab versəydi, onda bu azdırıcı manevrlər tezliklə hər kəsə bəyan olardı. Lakin onun daxili ətaləti nə olur-olsun, çoxdan gözündən düşmüş mövzuya qayıtmağa imkan vermirdi. Elə buna görə də polisin nəzərləri tez-tez onun üzərində dayanır, məmurlarsa təkrar-təkrar onun xidmətindən istifadə etməyə can atırdılar. Bu cəhdlərdən kifayət qədər gözə dəyəni Mari Roje adlı gənc qızın qətli ilə bağlı hadisəydi.
Bu hadisə Morq küçəsindəki tükürpədici qətldən iki il sonra baş vermişdi. Mari (onun adıyla soyadının bədbəxt siqar satıcısının adıyla tamamilə səsləşməsi gözə girir) dul qadın Estella Rojenin yeganə övladı idi. Hələ körpə olanda atası vəfat etmişdi və sözügedən qətlin lap son səhərinə kimi o, anasıyla birgə Pave-Sent-Andre küçəsində yaşayırdı: Madam Roje ev kirayələmiş, Mari isə işlərində anasına kömək edirdi. Marinin iyirmi iki yaşı olana qədər belə davam etmişdi. Onda da qızın nadir gözəlliyi Pale-Royalın aşağı mərtəbəsində dükan kirayələmiş, öz müştəriləri arasında bu məhəllənin dolub-daşdığı asan pul qazanmaq istəyənlərin ən yekəsi kimi qiymətləndirilən əttarın diqqətini cəlb elədi. Müsyö Leblan lap yaxşı başa düşürdü ki, gözəlçə Marinin onun dükanında olması xeyli gəlir gətirə bilər. Beləliklə, onun səxavətli vədləri qızın ağlını başından aldı, amma anası bu məsələyə əməlli-başlı tərəddüdlə yanaşırdı.
Əttarın ümidləri doğruldu və onun dükanı gözəl qızın cazibəsinə görə əhəmiyyətli ad-san qazandı. Mari pərəstişkarlarını böyük çaşqınlığa salaraq dükandan yoxa çıxanda müsyö Leblanın yanında artıq yarım ildir işləyirdi. Leblan qızın yoxluğunu necə izah edəcəyini bilmirdi, madam Roje isə həyəcan və tələşdan özünü itirmişdi. Məsələ qəzetlərə verildi, polis artıq ciddi axtarışlara başlamaq istəyirdi ki, günlərin birində azacıq kədərli, amma tamamilə sağ-salamat olan Mari iş yerində peyda oldu. Əlbəttə, rəsmi axtarış təcili təxirə salındı, müsyö Leblan əvvəlki kimi məsələdən xəbərsiz olduğu üçün bütün sorğu-sualdan yayınmağa çalışdı, madam Roje və Mari isə cavab verdi ki, qız keçən həftə kəndə bir qohumugilə qonaq gedibmiş. Bununla da məsələ bitdi, sonrasa yavaş-yavaş camaatın yadından çıxdı, buna qədər də qız, görünür, zəhlətökən adamların diqqətindən yayınmaq üçün tez-tez əttarın dükanını tərk edir və Pave-Sent-Andredə yaşayan anasının yanına gəlirdi.
Marinin anasının yanına qayıtmasından təxminən üç il sonra dostları qızın yenidən xəbər-ətərsiz yoxa çıxmasından narahat olmağa başladılar. Qızı üç gün “gördüm” deyən olmadı. Dördüncü gün onun cəsədini Sena çayının Sent-Andre məhəlləsiylə üzbəüz sahilindən, Dürul keçid məntəqəsinin qayalıqlarından tapdılar.
Bu dəhşətli qətl (bunun qətl olmasına heç kim şübhə etmirdi), qurbanın gənc və gözəl olması və ən əsası, onun uzun sürməyən məşhurluğu görməmişcəsinə hər şeylə maraqlanan parislilər arasında sensassiyaya çevrildi. Yadıma bundan başqa bir fakt sala bilmirəm ki, bu qədər ictimai və güclü narahatlığa səbəb olsun. Bu mövzu bir neçə həftə ərzində, hətta ən vacib siyasi hadisələri kölgədə qoyaraq günün xəbərinə çevrildi. Hüquq mühafizə orqanları həmişəkindən daha artıq gücləndirilmiş iş rejiminə keçdi. Polislərsə yorğunluqdan daha ayaq üstdə dayana bilmirdilər.
Meyit tapılanda hamı əmindi ki, qatilin axtarışlarına təcili başlanılması ən sürətli nəticəyə gətirəcək. Və yalnız bir həftə keçəndən sonra qatili tapana mükafat vəd edildi, lakin həmin məbləğ cəmi-cümlətani min frank olaraq müəyyənləşmişdi. Onda istintaqda kifayət qədər canlanma göründü. Çoxlu sayda müxtəlif insan nəticəsiz sorğu-suala cəlb olundu və məsələnin çözülməsi üçün azacıq işartının belə olmaması hadisəyə marağın günü-gündən artmasına gətirib çıxardı. Onuncu gün vəd olunan məbləği iki dəfə artırdılar, amma ikinci həftə ərzində də iş yerindən tərpənmədi, Parisdə aktiv olan polisdən narazılıq isə bir neçə dəfə küçə qarşıdurmaları ilə nəticələndi, hüquq mühafizə orqanları “qatili aşkar edənə” və ya əgər cinayət qrup halında törədilibsə, onda “qatillərdən birini aşkar edənə” şəxsən iyirmi min frank mükafat təyin etdi. Bu elanda eləcə də deyilirdi ki, digər iştirakçıların adını deyən cinayətin istənilən üzvünə tamamilə rəhm ediləcək; eyni zamanda, yerli sakinlər şurasının bu məbləğin üstünə on min frank əlavə edəcəyi açıqlanırdı. Beləliklə, mükafat otuz min franka çatmışdı: qızın vəziyyətini və böyük şəhərlərdə bu cür cinayətlərin nadir olmadığını xatırlasaq, məbləğ kifayət qədər böyük idi.
İndi artıq heç kim şübhə eləmirdi ki, bu qətlin üstü tezliklə açılacaq. Düzdür, iki-üç adam yenə həbs olundu, amma onlara qarşı əsaslı dəlil tapılmadığına görə dərhal da azadlığa buraxmağa məcbur qaldılar.
Qəribə olsa da, Düpenlə mən ictimai rəyi kifayət qədər silkələyən bu hadisə haqda qətlin sirr pərdəsinin hələ də aydınlanmadığı bir vaxtda – cəsədin tapılmasından üç həftə sonra xəbər tutduq. Biz özümüzü tamamilə təcrid etmişdik: evdən çölə çıxmır, qonaq qəbul etmir və gündəlik bizə çatdırılan qəzetlərdəki siyasi xəbərləri oxumurduq. Mari Rojenin qətli barədəki xəbəri ilk dəfə bizə Q. özü gətirdi. O, 18…-ci ilin 13 iyulunda bizə gəlib gecə yarısına kimi oturdu. Qatilin axtarışındakı səmərəsiz cəhdlərindən yaman məyus olmuşdu. Əsil parisli jestilə izah elədi ki, bu məsələ onun nüfuzuna və qüruruna kölgə salıb. Bütün ictimaiyyətin gözü ona dikilib və bu sirrin çözülməsiyçün vermədiyi qurban qalmayıb. O, öz təmtəraqlı çıxışını “Düpen taktı” adlandırılmağa layiq bildiyi komplimentlə tamamladı. Dostuma birbaşa və şübhəsiz, səxavətli görünən təkliflə müraciət etdi ki, bu haqda heç nə demək istəmirəm, çünki danışdığım hekayəyə heç bir aidiyyəti yoxdur.
Dostum iradəsindən kənar komplimentdən imtina elədi, amma faydasının şərti olduğunu bilə-bilə, təkliflə dərhal razılaşdı. Bu söhbəti bağlayandan sonra məmur haqqında hələ heç nə bilmədiyimiz işə aidiyyəti olan çoxsaylı mülahizələrin izahıyla silahlanaraq, tez-tələsik öz baxış bucağından danışmağa başladı. O, uzun-uzadı, aydınlaşdıraraq, şübhəsi olmadan danışırdı. O, bizi məsələdən hali edən müddətdə mən arabir cəsarətlənib ciddi ehtimallar irəli sürürdüm. Gecənin mürgü vuran saatları isə bir-birini qovurdu. Düpen tərpənmədən kreslosunda oturub ehtiram dolu diqqətlə qonağı dinləyirdi. Onun gözlərində eynək vardı, hər dəfə onun yaşıl şüşəsindən içəri baxanda əmin olurdum ki, dostum möhkəmcə yatıb: nəhayət, məmur çıxıb gedənə qədər qurğuşun kimi ağır-ağır axan yeddi saat ərzində o, heç nə hiss elətdirmədən belə də yatıb qaldı.
Tezdən toplanmış bütün faktlardan ibarət qovluğu şöbədən, bu faciə haqqında hər hansı bir məlumatın dərc olunduğu qəzet nüsxələrinisə redaksiyadan götürüb gəldim. Şərtsiz imtina edilən uydurmalardan təmizlənmiş hadisə belə görünürdü:
Mari Roje 18…-ci ilin 22 iyununda, istirahət günü səhət saat doqquz radələrində Pave-Sent-Andre küçəsində yerləşən anasının evindən küçəyə çıxır. Çıxarkən Jak Sent-Estaş adlı şəxsə (yalnız ona) deyir ki, gününü Drom küçəsində yaşayan xalasıgildə keçirməlidir. Dar, qısa, amma çox adamın yaşadığı Drom küçəsi Sena çayının sahilinə yaxın yerləşir və madam Rojenin qaldığı evlə oranın arası, hələ kəsə yolla getsən, iki mildən bir az artıq yoldur. Sent-Estaş Marinin rəsmi nişanlısı idi, elə özü də həmin binada yaşayırdı. O, axşamüstü nişanlısının arxasınca getməli və onu evə ötürməliydi. Hərçənd, günün ikinci yarısı güclü yağış başlayıb və o, Marinin xalasıgildə gecələyəcəyini güman edərək (çünki qızın belə etməsi birinci dəfə deyildi) sözünün üstündə durmağı lazım bilməyib. Axşam madam Roje (yetmiş yaşlı xəstə qarı) təlaşa düşüb ki, “bir də Marini görə bilməyəcək”, amma heç kəs onun bu halını ciddi qəbul etməyib.
Bazar ertəsi aydın olub ki, Mari ümumiyyətlə xalasıgilə getməyibmiş, axşam hələ də gəlmədiyini görəndə onun ola biləcəyi yerləri – şəhərətrafını və qayalıqları axtarmağa başlayıblar. Amma onun haqda yalnız itkin düşməsinin dördüncü günündə nəsə öyrənmək mümkün olub. Həmin gün (25 iyun, çərşənbə) Senanın qarşı sahilindəki Dürul keçid məntəqəsinin qayalıqlarında dostuyla birgə Marinin axtarışını aparan müsyö Bove adlı şəxs eşidib ki, balıqçılar elə indicə çayda üzən bir cəsədi sahilə çıxarıblar. Meyiti görən Bove çox çək-çevirdən sonra ətriyyat dükanının keçmiş satıcısını tanıya bilib. Dostu isə qızı dərhal tanıyıb.
Cəsədin üzü ağzından axan qatı qanla örtülübmüş. Suda boğulan insanlarda rast gəlinən ağız köpüyü yox imiş. Boğazında barmaq izləri və qara qançırlar görünürmüş. Dirsəkdən bükülüb sinəsinə çarpazlaşmış əlləri qacıyıbmış. Sağ əlinin barmaqları yumruq kimi düyünlənmiş, sol əli isə yarıyumulu imiş. Sol qolunda sanki möhkəm sıxılmış iplərdən və ya bir ipin iki dəfə dolanmasından yaranan halqavarı yara varmış. Sağ qolundasa bütün kürəyini, xüsusilə çiyin tərəfləri örtən sıyrıq izləri görünürmüş. Meyiti sahilə çıxarmaq üçün balıqçılar da ipdən istifadə etmişdilər, amma bunlar heç bir iz buraxmamışdı. Boynu çox şişibmiş. Bədəndə zərbədən yaranan heç bir qançır və cızıq da yoxmuş. Boyun kəndir parçasıyla o qədər möhkəm sıxılıbmış ki, ilk baxışda onun izini görmək olmurmuş. Kəndir sol qulağın altında düyünlənibmiş. Kimisə öldürmək üçün bunu etmək kifayətdir. Tibbi baxış protokolu mərhumun ismətinə zərrə qədər də şübhə qoymamışdı. Qız buna məcbur edilib, kobud zorlanmaya məruz qalmışdı. Bu, tapılan məqamda cəsədin vəziyyətindən də bilinirmiş.
Paltar cırılmış, tamamilə səliqəsiz hala gətirilibmiş. Üst yubkası qıraqdan belinə kimi on iki düyüm enində cırılmış, amma tamamilə üzülməyibmiş. Belinə üç dəfə dolanıb kürəyinin aşağı tərəfində boş düyünlə bağlanıbmış. İkinci yubka nazik muslindən imiş, ondansa on səkkiz düyüm enində parça cırılıbmış – olduqca səliqəli. Bu muslin parçası boynun arxasından dolanmış, möhkəm düyünlənmişdi. Muslin parçası və krujeva hissələrindən papağın lenti keçirmiş; lentlərə qadınların bağladığı kimi yox, dənizçi düyünü vurulubmuş.
Cəsədi aydınlaşdırandan sonra, onu həmişəki kimi morqa aparmamış (bunu yersiz rəsmilik hesab etmişdilər), sahilə çıxarıldığı yerin yaxınlığında tələsik dəfn eləmişdilər. Bovenin səyi nəticəsində iş mümkün olan qədər ört-basdır edilmiş, amma bir neçə gün sonra ictimaiyyətin diqqətini özünə çəkmişdi. Sonradan gündəlik qəzetlərdən biri məsələ ilə maraqlanmış, meyit qəbirdən çıxarılaraq ekspertizaya göndərilmiş, amma yuxarıda təsvir ediləndən artıq nəsə aşkarlamaq mümkün olmamışdı. Düzdür, bu dəfə paltar, papaq və başqa əşyalar mərhumun anasına və qohumlarına təqdim edilmiş, onlarsa heç düşünmədən qızın həmin gün səhər evdən çıxanda əynində olan paltarları tanımışdılar.
Bu müddət ərzində ictimaiyyətin həyəcanı hər saat artırdı. Xeyli insan həbs olunub, sonradan azad buraxılmışdı. Ən böyük şübhə Sent-Estaşunun üzərindəydi. Çünki o, həmin qanlı bazar gününü necə keçirdiyini yetərincə izah edə bilməmişdi. Amma tezliklə müsyö Q.-ya həmin gün necə, harada və saat neçədə olduğu haqda məlumatları etibarlı şahid ifadələri ilə birgə izahat şəklində təqdim etmişdi. Günlər keçdikcə məsələylə bağlı yenilik görməyən şəhər əhalisi arasında xeyli ziddiyyətli şaiyələr dolaşır, jurnalistlərsə mümkün olan bütün ehtimal və fərziyyələrini irəli sürməkdən yorulmurdular.
Ən çox maraq doğuran iddialardan biri Mari Rojenin sağ qalması, Senadan tapılan cəsədinsə hansısa başqa bədbəxt qıza məxsus olması haqqında idi. “Etual” adlı kifayət qədər elitar qəzetdə çap olunan və bu fərziyyədən bəhs edən məqalədən bir hissə ilə oxucunu tanış etməyi özümə borc bilirəm:
“Mademuazel Roje 18…-ci ilin 22 iyununda – bazar günü səhər saatlarında anasının evindən çıxmış və bildirmişdi ki, Drom küçəsində yaşayan xalası, ya da başqa bir qohumunu ziyarətə getməlidir. Məlum olan bu idi ki, həmin andan etibarən onu görən olmamışdı. O, izsiz-tozsuz yoxa çıxmış, taleyi barədə heç nə məlum deyil… Hələ də anasının qapısından çıxandan sonra onu görən bir şahidə rastlanmayıb. Beləliklə, biz Mari Rojenin həmin bazar gününün səhər saat doqquzundan sonra dirilər dünyasında olduğunu iddia edə bilmərik. Lakin əlimizdə həmin saata kimi qızın sağ-salamat olmasına dair təkzibolunmaz sübutlar var. Çərşənbə günü günorta saat on iki radələrində Senanın sahilində yerləşən Dürul keçid məntəqəsində bir qadın cəsədi aşkar olunub. Bu, (əgər Mari Rojenin evdən çıxandan üç saat sonra çaya atıldığını güman etsək) onun gedişindən cəmi-cümlətani üç sutka sonra baş verib. Hərçənd, guya qətlin (həqiqətən də, qətldirsə) belə sürətlə baş verməsini, hətta qatillərin onu axşam düşməmiş çaya atmağa yetişə bildiklərini düşünmək də mənasızdır. Bu iyrənc cinayəti törədənlər günün günorta çağındansa gecənin zülmətini üstün tutardı… Başqa sözlə, əgər tapılan cəsəd həqiqətən Mari Rojenindirsə, suda ən çoxu iki yarım və ya bir az da gecikmə ilə, üç gün qala bilib. Təcrübəyə əsasən demək mümkündür ki, boğulma, yaxud qətl səbəbilə çaya batan insan cəsədi kifayət qədər uzun – təxminən altı-on gün arası çəkəndə üzməyə başlayır. Hətta üzmə beş-altı gündən tez baş verən hallarda (tutaq ki, güllə ilə vurulanda) əgər cəsəd tez sudan çıxarılmasa, yenidən dərinliyə enir. Beləcə, biz özümüzə vacib sualı verməliyik: bu üzmə adi təbiət qanunlarını niyə inkar edir? Əgər yaralı bədən çərşənbə axşamının gecəsindən çərşənbəyə qədər sahildə qalmış olsaydı, onda orada qatilin izinə mütləq rast gəlinərdi. Hətta cinayəti törədən əzazillərin sahildə olduğunu hesab etsək belə, cəsədi suya adi ehtiyat tədbiri olaraq hansısa ağır yükü bağlamadan atmamaları heç inandırıcı gəlmir”.
Məqalə müəllifinin fikrincə, üzə bilməsi üçün cəsəd suda ən azı beş gündən çox qalmalıydı, çünki parçalanma o qədər irəliləmişdi ki, Bove meyiti dərhal tanıya bilməmişdi. Hərçənd, bu mülahizə tamamilə inkar edilmişdi. Ardınca məqalədə deyilirdi:
“Bəs müsyö Bove nəyə əsasən iddia edir ki, öldürülən məhz Mari Roje olub? O, cəsədin paltarını özü cırıb, indi də orada inandırıcı xüsusi əlamətləri gördüyünü deyir. Əlbəttə, geniş ictimaiyyətə bu “xüsusi əlamətlər”in çapıq və ləkələr olduğu çatdırılır. Əslindəsə o, qızın əli üzərindəki tükləri müşahidə etmişdi. Oradan ümumiyyətlə nəyin necə tapılması əllərin çarpaz qoyulması qədər müəmmalıdır. Həmin axşam müsyö Bove qaldığı evə gəlməmiş, saat yeddidə isə madam Roje xəbər göndərmişdi ki, onun qızının axtarışları hələ davam edir. Tutaq ki, madam Roje qocalığı və hədsiz kədərli olması ucbatından ora gedə bilməmişdi (hərçənd, buna inanmaq da asan deyil), amma əgər onlar cəsədin həqiqətən Mariyə aid oluğundan əmindilərsə, şübhəsiz, əvvəl-axır kimsə hadisə yerinə tələsib, təhqiqatlarda təcili iştirak etmək istəyərdi. Ancaq ora heç kim getməmişdi. Pave-Sent-Andre küçəsindəki evin sakinlərinə isə ümumiyyətlə heç nə deyilməmişdi, hətta onlar baş verənlərdən xəbərsiz idilər. Marinin pərəstişkarı və nişanlısı, anasıyla eyni binada yaşayan müsyö Sent-Estaş müstəntiqə bildirmişdi ki, nişanlısının cəsədinin tapılmasından yalnız növbəti günün səhəri – müsyö Bovenin onun yataq otağına gələrək keçən gecə baş verənlərdən danışanda xəbər tutub. Bizə elə gəlir ki, xəbərin xarakterini nəzərə alsaq, onun yayılması kifayət qədər sakit və soyuqqanlı aparılıb”.
Göründüyü kimi, qəzet belə bir təəssürat yaratmağa cəhd edirdi ki, Marinin yaxınları məsələyə etinasız və fəaliyyətsiz yanaşıblar – fərziyyə ilə ziddiyyət təşkil edən mənzərə isə guya həqiqətən onun meyitinin tapılmasına inanmalarıdır. Bunlar da qısaca olaraq aşağıdakılarla uyğun gəlirdi:
“Mari öz ad-sanına kölgə salmaq məqsədilə dostlarıyla birgə şəhəri tərk edib və Senadan tapılan qız meyitinin bəzi əlamətlərinin Mariyə uyğun olduğunu görən dostları bundan istifadə edib, hamını onun öldüyü fikrinə inandırmaq istəyiblər”.
Hərçənd, “Etual” burda da yersiz tələskənliyə yol vermişdi. Aydın oldu ki, etinasızlıqla fəaliyyətsizlik məsələsi ümumiyyətlə uydurmadır, çünki qarı çox zəifdi, son hadisələr də onu lap əldən salmışdı, Sent-Estaş isə bütün bunları soyuqqanlılıqla qəbul etməyib, əksinə, xəbərdən özünü itirib, müsyö Bove də onun bu halını görərək qohumlarını inandırmağa çalışıb ki, bu halda oğlanın hadisə yerinə getməsi yalnız təhqiqatın gedişatına mane ola bilər. O cümlədən, meyitin ikinci dəfə qəbirdən çıxarılaraq ictimai baxışa təhvil verilməsi, Mari Rojenin qohumlarının dəfnə lazım olan ən ucuz xərcləri belə qarşılamaması və onların mərasimdə iştirak etməməsi barədə “Etual”ın iddiaları – təkrar edirəm, bütün bunlar qəzetin oxucularda Marinin ölmədiyinə dair təəssüratları möhkəmləndirmək cəhdi idi və tezliklə ciddi arqumentlərlə təkzib edilmişdi. Qəzetin son nömrələrinin birində bütün şübhələri Bovenin üzərində yıxmağa cəhd olunmuşdu. Məqaləsində redaktor yazırdı:
“Budur, hər şey dəyişir. Bizə belə bir xəbər çatıb: bir dəfə madam Rojenin evindən çıxmağa hazırlaşan madam B. ilə müsyö Bove deyiblər ki, tezliklə jandarmlar gələcək, amma onlara heç nə demək lazım deyil, çünki hər şeyi madam B. izah edəcək… Güman etmək olar ki, hazırda işin bütün həqiqi təfərrüatlarını müsyö Bove beynində gəzdirir. Müsyö Bovesiz bu məsələ yerindən tərpənən deyil, çünki hara dönürsən, dön, oradan bu şəxs çıxır. Amma hansısa naməlum səbəbdən o, başqalarının təhqiqatlarda iştirakının cidd-cəhdlə qarşısını alıb və mərhumun kişi cinsindən olan qohumlarının iddiasına görə, müsyö Bove ən qəribə şəkildə onların hadisə yerinə gəlməsinə mane olub. Göründüyü kimi, o, qohumlarının meyiti görməməsi üçün əlindən gələni edirmiş.”
Aşağıdakı fakt isə müsyö Bovenin üzərinə atılan şübhəni guya təsdiqləyir. Qızın yoxa çıxmasından bir neçə gün qabaq Bovenin bürosunda tək qalan bir ziyarətçi açar dəliyinə taxılmış qızıl gülü, onun üzərinə asılmış qrifel lövhəyə isə “Mari” yazıldığını görübmüş.
Qəzetlərdə oxuduqlarımızdan gəldiyimiz ümumi nəticə beləydi ki, Mari, onu çayın həmin sahilinə aparan, ismətinə toxunub, sonra öldürən quldur dəstəsinin qurbanı olub. Hərçənd, kifayət qədər nüfuza sahib daha bir qəzet – “Kommersel” bu fərziyyəni müxtəlif cəhdlərlə yalanlamağa çalışırdı. Onun səhifələrindən bir neçə abzası sizə təqdim edəcəyəm:
“Biz əminik ki, istintaq bütün bu müddət ərzində – Dürul keçid məntəqəsində qurdalanan dövrdə yalançı izlə irəliləyib. Təsəvvür etmək mümkün deyil ki, bu gənc xanım qədər ictimaiyyətə yaxşı tanış olan bir şəxs üç məhəlləni heç kimə görünmədən gedə bilsin və ona rast gələn heç bir nəfərin də yadında qalmasın. Və bu qız küçələrdə adamların qaynaşdığı saatlarda evdən çıxıb… Dürul keçid məntəqəsinə və ya Drom küçəsinə çatanacan onu küçədən keçən onlarla insan görməliydi, amma evdən çıxandan sonra qızı əvvəl-axır bir şahid də görməyib və onun çıxış məqsədinin təsvirindən əlavə, əlimizdə həqiqətən evdən həmin vaxt çıxdığına dair heç bir dəlil yoxdur. Paltarı cırılıb, həmin hissə də bədənin ətrafına elə sarınıb ki, düyünləyib cəsədi sürümək olsun. Əgər cinayət Dürulun ərazisində baş versəydi, bütün bunlara ehtiyac olmazdı. Cəsədin keçid məntəqəsinin yaxınlığında sudan çıxarılması heç də onun məhz həmin ərazidə suya atılmasını söyləməkçün yetərli səbəb deyil. Bədbəxt qızın alt yubkalarının biri iki fut uzunluğunda, bir fut enində kəsilib, çənəsinin altından dolanaraq boynunun arxasında düyünlənibmiş. Ola bilsin, bu, qızın qışqıra bilməməsi üçün edilib və bunu adi cib dəsmalı olmayan insanların etməsi daha inandırıcı görünür”.
Hərçənd, məmurun bizdə peyda olmasından iki gün qabaq polis “Kommersel”in iddialarını təkzib edən bəzi vacib məlumatlar əldə edə bilmişdi. Madam Dülük adlı bir şəxsin iki oğlu Dürul keçid məntəqəsinin yaxınlığındakı meşədə gəzişərkən sıx kolların arasından üç-dörd iri daşdan tikilmiş söykənəcəkli və ayaqaltılı oturacaq tapırlar. Yuxarıdakı daşın üstündə ağ rəngli alt yubkası, aşağıdakının üzərindəsə ipək şarf varmış. Sonra yaxınlıqdan çətir, əlcək və cib dəsmalı tapılıb. Cib dəsmalının üzərində tikişlə “Mari Roje” yazılıbmış. Çətənə kollarının arasında cırılmış paltar hissələri varmış. Torpaq ayaq altda yaxşıca tapdalanmış, kol-kos əzilmişdi – bütün bunlar burada dava-dalaş olduğuna şahidlik edirdi. Meşə ilə çay arasında yerləşən sıx kolluğun ortasından cığır açılmış, torpaqdakı izlərdənsə bilinirmiş ki, burada nəsə a
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?