Текст книги "Mənim anam – Marina Svetayeva "
Автор книги: Efron Ariadna
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]
– Və bütün quldurları öldürür! – Atam təsdiqləyirdi.
Necə də böyük xoşbəxtlikdir! Mən xilas oldum!
Bunu çıxmaq şərtiylə atamın bütün nağılları xeyirxah və yaxşı idi. Elə atamın özü də bu cür xeyirxah və hamıdan yaxşıydı. Ona görə də mən böyüyəndə ancaq atama ərə getməyi qərar almışdım.
Anamın bəzək əşyaları olan rəfdə nənəmin üç uşaq kitabı vardı. Onun ən sevimli və ya hansısa səbəbdən ən dəyərli kitabları onlardı. Çünki anam onları uşaq otağında olan kitablardan ayrı, öz otağında saxlayırdı. Bunlar “Perronun nağılları”, Qustav Dorenin illüstrasiyalarıyla “Müqəddəs hekayə” və Qoqolun bircildliyi idi. Hər üçü də böyük formatda və ağır cildlənmiş kitablardı. Hələ oxumağı öyrənməmiş mən artıq kitablarla rəftarı öyrənmişdim. Çünki anamın verdiyi tərbiyədəki “olmaz” ilk növbədə onlara aiddi. Əvvəlcədən əllərini yumamış kitab götürmək, onu aşağı küncündən vərəqləmək olmazdı, ancaq yuxarı sağ küncündən olardı! Əlbəttə ki, kitabı vərəqləməkdən ötrü barmağı tüpürcəklə islatmaq olmaz. Və mənimçün ən çətini – heç bir halda illüstrasiyalara nəsə əlavələr etmək olmaz!
Perronun hekayələrini mənə sadələşdirilmiş formada anam danışır, Dore isə göstərirdi. İndiyə kimi balaca oğlanın qaranlıq meşədə ağacların arasında astaca gəzişməsi, adamyeyənin tacları başında yatan qızları, şahzadə Xoxlikin qəsrində qonaqlıq, ay işığında çox uzaqlara gedən gözəl Uzunqulaq Dərisi gözlərimin önündədi.
Ümumiyyətləsə, mənə təkcə danışmırdılar, elə özüm də eşitdiyim nağılı, gördüyüm şəkilləri öz sözlərimlə danışmalıydım. Ən çox Qoqolun kitabının səhifələrindəki ətraflı balaca illüstrasiyalar diqqətimi çəkirdi. O şəkillərə əsasən məzmunu mən özüm tapmalıydım, çünki hələ 3-4 yaşım vardı və Qoqolu mənimçün heç kim danışmamışdı.
– Bəs bu nədir? Bəs bu kimdir? Bəs o nə edir? – Anam soruşur, mənsə indiyə qədər bildiklərimin içindən buna oxşar nələrisə düşünüb, tapıb cavab verirdim.
Beləliklə, kitab oxuyan Xoma Brut, xanım qız, cinlər və başlarının üstündə tabut qapağı uçan rəsmə bu cür prozaik şərh vermişdim: “Bu qız aşpaz xanımdan qızardılmış meymun istəyir (Qız – xanım qız, aşpaz – Xoma, tabut qapağı – pilətə, cinlər – qızardılmış meymunlar)”.
Bir dəfə yolkanı anamın otağında qurduq. Məhz onda hiss etdim ki, sevinc kədərlə yan-yanadır. Hər şey yaxşıydı, amma elə bil həm də kədərlisən. Niyə? Həmin yolka tavana qədər olsa da, çox hündür deyildi. Onu yerdə yox, mavi və gümüşü ulduzlu örtük saldığımız alçaq masanın üstünə qoymuşduq. Budaqlarındakı işıqlar alov dillərinə bənzəyirdi. İynəyarpaqların və naringi qabığının ətri, isti, böyüklərin gözündə böyüyən və əks olunan işıq. Həmin milad axşamında çoxlu qonağımız – çoxlu göz vardı. Amma onlardan ən çox sevdiyim – anamın açıq-yaşıl rəngli, atamın böyük boz rəngli gözləri xatirimdə qalıb. Qonaqlardan bircə Pra, hədiyyələrdənsə onun Krımdan gətirdiyi balaca balıqqulaqlarından əldəqayırılma sandıqça yadımdadır.
Xatirimdə iz salan təkcə o yolka deyildi. Birinci yolkam… birinci kədərlə qonşu deyildi! Uşaq otağının qapısı (həmin gün məni ora buraxmırdılar) birdən açıldı. Və gözlərimin önündə işıqlar, işıldayan xırda-xuruş şeylər, nəhəng parıltı piramidası canlandı.
– Bu nədir? – Soruşdum.
– Yolka! – Marina dedi.
– Hanı yolka? – Bütün bu alışıb-yanan parlaqlığın dalında ağacı görmədiyimçün soruşdum.
Və beləcə qapının ağzında quruyub qaldım. Anam əlimdən tutub məni yolkanın yanına gətirdi. Üstündən staniol üzlüklü şokolad şarı götürüb mənə uzatdı. Amma buna baxmayaraq yolka mənə doğmalaşmadı, heç şokoladı da istəmirdim. Mən heyrət içindəydim.
– Get, qonaqlarla salamlaş, – dedi anam və elə o an diqqətlə baxıb divar tərəfdə çoxlu, yaşca böyük, əksəriyyətini tanıdığım qonaqların olduğunu gördüm. Mən hamıyla bir-bir salamlaşdım və hər kəsə şokoladımı təklif etdim. Amma nədənsə hamı mənə baxıb gülürdü.
Və bütün bunlar mənimçün anlaşılmaz idi, təəccübümündən heç cürə içimdəki donuqluğu ata bilmirdim. Və birdən hər şey dəyişdi, möcüzə daha bir möcüzənin içində özünü təsdiqləyərək reallığa çevrildi. Qapı açıldı və içəri, “Gecikdim, gecikdim!” – deyə-deyə ağsaqqalı, şən, qəribə bir qoca daxil oldu. Atamla anam onu qarşılamağa qaçdılar. Elə mən də sanki tilsimdən açıldım. Qoca məni qucağına aldı, öpüb-qucaqladı. Onun hələ də küçədəki soyuğu üstündə qalmış yumşaq saqqalı vardı.
– Salam, salam, – dedi, – məni xatırlayırsan?
– Xatırlayıram, – qətiyyətlə dedim, – siz Şaxta Babasınız!
Yenə hamı gülüşdü. Hamıdan çoxsa “baba” güldü.
Bu, bizə qonaq gələn ailəmizin köhnə dostu – nənəm Yelizaveta Petrovna Durnovonun da dostu P.S.Kropotkin idi.
Səhərisi gün nə baş verdi? Bayramın səhəri gün nə baş verir? Yadımda deyil – yaddaşımda dünəni, sabahı olmayan yolka, məni qucağında saxlayan Şaxta Baba, ətrafımızda şən, xoşbəxt atam və anam – Seryoja və Marina qalıb… Vəssalam.
Qonaq otağındakı dairəvi masanın arxasında nahar edirdik, elə təzəcə başlamışdıq, elə indicə şorba vermişdilər. Və birdən möhkəm gurultu səsi gəldi, ardınca masanın düz ortasına bizim balaca pudelimiz Cek düşdü. Hamı bir nəfər kimi yerindən sıçradı. Ceksə masadan tullanıb qab-qaşığı və çörək tikələrini pəncələriylə dağıda-dağıda qırılan qabların səsi və diyirlənən salfetka rulonlarının arasından uşaq otağına doğru götürüldü. Onun arxasınca bulyonun içindəki vermişellər sallanırdı. Bir saniyə sükutdan sonra səs-küy, gülüşlər başladı…
Çardaqda nərdivan tapıb dama çıxıb, ora-bura qaçanda ayağı qonaq otağımızdakı tavan pəncərəsinə düşüb. Onun ağırlığına çərçivə tab gətirməyib və Cek düz masanın ortasına düşüb. Xoşbəxtlikdən bir neçə qab qırsa da, özünün heç yeri zədələnməmişdi.
Anam danışırdı ki, mən yeriməyi Cekin quyruğundan tuta-tuta öyrənmişəm. O, səbirlə məni uşaq otağına o baş-bu baş gəzdirirmiş. Cek kömür kimi qapqaraydı, pudel dəbinə uyğun qırxılmış, ağıllı və xeyirxah idi. Onun axırına həmin dam çıxdı – oğlanlar onu damda görüb cırnatmağa başlamışdılar. Cek onların üstünə çardaqdan atılmış və möhkəm zədələnərək ölmüşdü.
Xəstələnmişdim. Günün günorta çağı çarpayıda uzanmışdım: ayağa qalxmağı qadağan etmişdilər. Anam otağıma özünü də uşaq vaxtı müalicə edən kürən Yarxo adlı həkimi gətirdi. Bu, nə qulaq asarkən, nə də soyuq barmaqlarıyla kürəyimi taqqıldadarkən zarıldamağıma zərrə qədər də olsun, təsir etmədi. Ağ ciyərlərim soyuqlamışdı. Bu yaxşıydı – atamla anam bütün günü mənlə oynayır, qızdırmamı ölçür və nağıl danışırdılar.
Axşam yatdığımı görüb çıxıb gedirdilər. Amma mən yatmırdım, yatan dayə idi, mən sadəcə olaraq bir dəqiqəlik gözlərimi yumurdum.
Alatoranlığın içindən ayı çıxdı. O, orada yaşayırdı. Yaxınlaşıb məni qucağına aldı və pəncələrində tutub diyirlətdi. Mən qışqırdım, amma çifayda… Dayəm yatmış və uşaq otağında hər şey həmişəki kimiydi: hər şey öz yerində durmuş, küncdə lampa yanır, amma məni ayı diyirləyirdi. Eynən aşpaz xəmiri diyirləyən kimi. Budur, qapı cırıldadı və ayı qaçıb sobanın arxasında gizləndi.
– Nə olub? Sənə nə olub? – Anam soruşdu. – Yuxuda nə görmüsən?
– Nə yuxu?! Tamam tərin içindəyəm. Və hələ də özümə gələ bilmirəm.
Ümumiyyətlə, götürəndə mən çox tərbiyəli və sakit uşağam, amma nadir hallarda hikkəli və dəcəl oluram, nə isə tələb etdim, mübahisəyə girişib ayaqlarımı yerə vurdum.
– E, – atam dedi, – yenə də kaprizin gəlib! İndi biz onu qovarıq.
O, qışqıran ağzımdan balaca və o qədər balaca ki, onu gözümlə görə bilmədiyim “kapriz”i tutdu, barmaqlarının arasında sıxıb elə möhkəm üfürdü ki, ya tavana yapışdı, ya da açıq nəfəslikdən uçub getdi. Mən sakitləşdim və ondan canımı qurtardığım üçün sevindim. Anamsa kaprizin günahkar olduğunu çox vaxt unudurdu və onun əvəzinə məni küncə qoymaqla cəzalandırırdı. Belə hallarda özüm kaprizi birtəhər unutmayana qədər içimdə xeyli cövlan edirdi.
Anamın Sonya Parnok adlı tanışı vardı. O da şeir yazırdı. Anamla hərdənbir onlara qonaq gedirdik. Anam Sonyaya, Sonya da anama şeir oxuyurdu. Mənsə oturacaqda əyləşib nə vaxt meymun göstərəcəklərini gözləyirdim. Çünki Sonya Parnokun o biri otaqda zəncirlə bağlı diri, canlı meymunu vardı. Meymunun rəngi tünd qəhvəyi, demək olar ki, qaraydı. Onun dörd əli vardı, ovucları da doğruçuydu, əsldi. Üzü isə çox hərəkətli idi və az qala, insana oxşayırdı. Elə bu “az qala” ən maraqlı və ən qorxulusudur. Sonya deyirdi ki, meymunu çox ağıllıdır. Bir dəfə zəncirinin qıfıl açarını gizlətməyi unutmuşduq. Meymunça onu götürüb zəncirini açıb, zəncirdə olmadığı üçün nifrət elədiyi pişiyi tutub və manikür qayçısıyla dırnaqlarını kəsib, sonra da zibil vedrəsində çimizdirib. Elə həmin qayçıyla da otaqda asılan bütün portretlərin gözünü deşib. Bəlkə də, pişiyin başına açdığı oyunu görməsinlər deyə edibmiş. Bəs niyə ona “ağıllı meymun” deyirlər?
Mən birinci dəfəydi ki, sirkdəydim. Çox pis iy gəlirdi və çoxlu adam var burda. Sakitcə oturub gözlərimi lojalardan çəkə bilmirdim – lojalar divarlardan asılmışdı. Bəs adamlar ora necə girir, ən əsası necə çıxırdılar? Bəlkə, tullanırdılar? Axı heç yerdə pilləkən yoxdu. İlahi, nə yaxşı ki, başqa yerdə oturmuşuq, amma biz də o bədbəxtlər kimi həmin yerlərə düşə bilərdik. Bəs sonra biz – atam, anam və mən necə yaşayardıq? Axı ordan getmək olmur.
Gözlərimin önündə atlar qaçışır, adamlar dombalaq aşırdı. Amma onlardan ötrü zərrə qədər də narahat olmurdum, nə də olsa, yerdəydilər. Amma o lojalarda oturanlardan ötrü çox narahat idim. Onlar necə olacaq bəs? Onlar harda yatacaq, nə yeyəcəklər? Görəsən, necə kömək edə bilərəm onlara? Atam-anamla məsləhətləşmək istədim, amma sən demə, burada danışmaq da olmazmış… Cəmi bircə dəfə diqqətim lojalardan yayınan kimi parıltılı düymələri olan tündrəngli gödəkcələrdə gənclər arenaya heyvanları çıxartdılar. Mən dərhal onları tanıdım:
– Şirlərlə olan tələbələr! – heyrət içində qışqırdım, – tələbələr şirlərin belindədir!
Şirlər mənə kitablardakı şəkillərdən tanışdı, tələbələri də ki gödəkcələrindən tanıdım. Çünki atam da, dostları da eynən bu cür parıltılı düymələri olan gödəkcələr geyinirdi!
– Alya, toyuq ye!
– Yeyə bilmirəm, Marinoçka!
– Alya, toyuq ye!
– Marinoçka, o pisdir!
– Yox, o pis deyil, pis sənsən! Elə hey çeynəyirsən. Tez ol, ud, görüm!
– Bacarmıram, Marinoçka!
– Bacarmırsan? Onda qulaq as, nə deyirəm! Əgər indi, bax, elə bu dəqiqə ağzındakını udmasan, başında toyuq başı bitəcək! Eşidirsən?
– Eşidirəm, Marinoçka!
Elə bu dəm kimsə anamı çağırdı, mən də ağzımdan çeynənilmiş toyuq tikəsini ovucuma tüpürüb, bayaqdan masanın ətrafında fırlanan pişiyə atdım. Anam qayıtdı.
– Hə, nə oldu, udun?
– Uddum, Marinoçkam! Düz sözümdü!
– Bax ha! Yoxsa başında toyuq başı bitəcək!
Qanım qara uşaq otağına qayıtdım, tez-tez başımı əlimlə yoxlayırdım. Deyəsən, başlayır. Boynum nəsə başqa cürdü. Maraqlıdır, görəsən, necə baş bitir – bişmiş, yoxsa çiy? Toyuq başı elə də pis deyil, təbii ki, əgər evdən bayıra çıxmasam. Bəlkə də, xoşuma gəldi. Və birdən çox utandırıcı bir fikir gəldi ağlıma: bəs əgər birdən arabada getməli oldum?!
Uşaq otağına bir neçə günlük böyük güzgü qoydular.
– Qoy, hələlik Alyanın otağında qalsın, – Marina dedi.
Güzgüdən mənə başqa bir qız baxırdı və o qız mən özüm idim. Belə olmamalıdır axı. O biri qızın yanında Marina da olanda təəccüblənmirdim. Marinanı həmişə, onsuz da, kənardan görürdüm. Mənsə mənəm. Və mən özümü daxildən hiss edirdim. Eyni zamanda, həm özünü içəridən hiss etmək, həm də kənardan görmək mümkün deyil. Bir sözlə, əvvəl tək idim, sonra cüt oldum və bu məni qıcıqlandırmağa başladı. O biri mən bəs harda yaşayır? Güzgüdə yaşamaq olmaz, onun səthi düzdür, yaşamaqçünsə genişlik, rahatlıq lazımdır. Güzgünün arxasında heç nə yoxdur. Bəlkə, güzgüylə arxa divar arasında nəsə var? Yox, mən artıq böyük qızam. Nədi axı bu və nəyə lazımdır? İkinci mən rahatlığımı pozub elə hey məni özünə cəlb edir. O, mənim nə edəcəklərimi əvvəlcədən düşünür, bilir. Elə dilimi çıxarmaq istəyirəm ki, o da dərhal dilini çıxarır. Elə hazırlaşıram ki, üz-gözümü əyib onu heyrətləndirim, məndən qabaq sifətini əyməyə başlayır.
Amma sirrin üstü açıldı və bu işdə mənə Marina yardımçı oldu. Məsələ burasındadır ki, o da, Seryoja da nə vaxt düz, nə vaxt yalan danışdığımı yaxşı bilirdilər. Yalan danışan kimi Marina üzümə baxıb deyirdi:
– Sənin alnında yazılıb ki, yalan danışırsan.
Seryoja da alnımda yazılanı oxuyurdu, ona görə də ancaq düzünü deməyə məcbur olurdum. Məhz alnımın bu keyfiyyəti güzgüdə olan qızın sirrini açdı. Növbəti yalanım alnımdakı yazıya görə ifşa olunanda güzgüyə baxdım. İkinci artıq ordaydı. Marina kimi diqqətlə qızın üzünə baxmağa başladım. Onun alnı tərtəmizdi, heç bircə dənə də hərf yox idi, inanılmaz dərəcədə tərtəmiz… Beləliklə, güzgüdəki qız mən deyildim, tamamilə yad bir qızdı. Axı mənim alnımda yazı var – Seryojayla Marina indicə onu oxudular, bunda isə heç nə yoxdur! Mən deyiləm, mən deyiləm, mən deyiləm! Bircə paltarı eynən mənimkindəndir. Buna əmin oldum. Güzgünün qabağında şənlənib sakitləşdim. Dünyada o qədər başqa qız var ki! Onlardan mənə nə?! Onsuz da, güzgünü tezliklə otaqdan çıxarıb apardılar, onunla birlikdə təmiz alınlı yalançı qızı da.
Şalvarlarımla bağlı bütün problemlər ancaq dayələrin üzündən olub. Düymələrimi nə vaxt açmaq lazım olduğunu Marina həmişə dəqiq bilirdi. Hətta başqaları ilə söhbət etsə belə, küncdə oynayan qızını, yəni məni heç vaxt unutmurdu. Söhbətin arasında qəflətən onlardan aralanır, yaxınlaşıb arxadan düymələrimi açaraq qulağıma astadan pıçıldayırdı:
– Tez ol, get, çiş elə!
Dayələrimsə elə deyildi. Onlar heç vaxt tualetə getmək vaxtımı bilmirdilər. Mənsə həmişə oyuna başım qarışır və unudurdum. Çox vaxt onu yadıma salmağa vaxtım olmurdu. Xüsusilə də, gəzinti zamanı. Ən çox bu İt meydançasında dayəmin əlimə vedrə, kürəkçə dürtüşdürüb başqa dayələrlə söhbətə tələsdiyi vaxtlarda baş verirdi. Bəzən tək oynayırdım, bəzən başqa qızlarla, amma həmişə həvəslə oynayırdım. Hərdən elə olurdu ki, yadıma bir az gec düşürdü. Bəzən də dayəmin yanına tələsik qaçıb, düymələrimi açanacan zorla dözürdüm. Dayəmsə tələsmirdi. Onun başı al-əlvan geyimli, iri muncuqlar taxmış çox gözəl bir xanımla söhbətə qarışıq olurdu. Xanım elə gözəl qadındı ki, hər bir “yaxşı ailədən olan qız”, məsələn, elə mən özüm tez böyüyüb ona oxşamaq istəyirdim. O, dayəmə çox maraqlı, böyüklərə aid nəsə danışırdı. Dayə paltarımı əliylə yoxlayırdı, amma artıq gecdi. Möhkəm cəzalanacığıma görə evə qanı qara qayıdırdım.
– Dayə, Marinaya demə, – xahiş edirdim, çünki öz rəzalətimi başa düşürdüm.
– Demək nəyə lazımdır, – meydançadakı xanımın onu qonaq etdiyi qozları sındıraraq cavab verirdi, – onsuz da, özü biləcək.
Nəhayət, evimizin qapısı açılanda kandardan qışqırmağa başlayırdım:
– Suxbxa, suxbxa!
– Ax, suxbxa?! – Marinanın səsi uzaqdan gəlirdi, bu səsdə xeyirliyə heç bir əlamət yoxuydu. Artıq yaxınlaşır, mənə sarı əyilir, alnımdakı yazıya baxmadan hər şeyi əvvəlcədən bildiyinə görə bir-iki dənə şapalaq ilişdirirdi. Bu, hələ hamısı deyildi. Sonra mən yay-qış fərqi yoxdu, qonaq otağında kaminin yanında dayəmin yuyub sıxdığı paltarımı saxlayırdım. Və yanımdan ötən hər bir kəs soruşurdu:
– Aleçka, bu sənsən? Sən burda neyləyirsən?
– Paltarımı quyuduyam, – cavab verirdim.
“Yaxşı ailənin uşağı” olduğumu bu yaxınlarda İt meydançasında elə həmin səbəblə bağlı bir cənab da dedi. Görünüşünə görə o da yaxşı ailədən idi. O, dayələrdən, uşaqlardan aralıda skamyada tək oturub “Rus xəbərləri”ni oxuyurdu. Üzündə pensnesi10 və saqqalı işıldayırdı. Ayaqqabıları da – qulaqlı rezinli botları da. Mən onlara yaxşı-yaxşı baxdım. Çünki daldalanacaq axtaran zaman məndən süzülüb gedən “arxın” necə bu cənabın botlarına yaxınlaşdığını gördüm. O da gördü. Yerindən sıçradı, qəzeti tez qatlayıb, “Buna bax, bu, hələ abırlı ailənin uşağıdı ha!” – deyib getdi. Kürəyi düppədüz idi.
Marina mənə üstündə Napoleonun şəkli olan fincan hədiyyə etmişdi ki, südü həvəslə içim. Adi stəkandan süd çox pis içilir. Bu fincanın içi tamam qızılı rəngdə idi və nə qədər çox süd içirsən, o qədər çox qızılı rəng çoxalırdı. Çöl tərəfindən göy rəngdəydi, Napoleonsa ağ dairənin içində çəkilmişdi. Onun düz burnu, qara saçları vardı, uzağa baxırdı. O, qəhrəman sərkərdə, imperator idi. Və belə bir fincandan süd içəndə fokus çıxarmaq ayıb olardı.
Dayə südü isitməkçün “Napoleonu” sobanın üstünə qoymuşdu. O, hər gün belə edirdi və süd də, fincan da bundan azca isti olurdu. Bu dəfəsə Napoleon çox isinmişdi, fincan əlimi yandırdığından yerə düşüb çilik-çilik oldu. Mən kədərə batıb gözyaşları içində Marinanın yanına cumdum:
– Marinoçka, mən Napoleonu sındırdım! Marinoçka, mən Napoleonu sındırdım!
Marina hirslənmədi, məni qucağına alıb sakitləşdirdi, mənim günahım olmadığını dedi.
– Günahkaram! – susmadan qışqırdım, – günahkaram! Napoleonu mən sındırdım!
Onda Marina şkafdan başqa bir fincan çıxardı – çölü göy, içərisi qızılı rəngdə. Fincanın üstündə ağ dairənin içində qara saçları tökülən qolları, çiyinləri açıq gözəl qadın təsvir olunmuşdu.
– Görürsən, bu, Napoleonun həyat yoldaşı çariça Jozefinadır. O, xanımını çox sevirdi. Mən sənə bir azca böyüyəndən sonra o biri fincanın əvəzinə bu fincanı verəcəyəm.
Amma sınmış Napoleona daha da çox heyfim gəlirdi. Sən demə, onun arvadı da varmış. Çariçanın xanımı! Onun ərini mən sındırmışdım…11
Atam Seryoja yaxşı şəkil çəkirdi. Ən yaxşısa şir şəkilləri alınırdı. Şirlər haqqında mənim ən sevimli nağıllarımı danışır, elə danışan kimi də şəklini çəkirdi. Bir də ki atam üzündə şir obrazını təsvir edirdi. Və bu ata şiri mən adi atamdan daha çox sevirdim. Marinasa üzündə vaşaqı təsvir edirdi. Məndəsə heç biri alınmırdı. Atamla anam bir-birlərinə zarafatla “şir” və “vaşaq” deyirdilər.
Marinayla gəzməyə çıxanda həmişə dilənçilərə sədəqə verirdik. Dilənçilər çox idi – onlar qoca, kasıb, xəstə adamlardı. Bəziləri deyirdi ki, “İsa xatirinə ver”, bəziləri susur, amma bizsə hamısına sədəqə verirdik. Adətən, yoxsullar skamyada, ya da yerdə oturub qabaqlarına papaq qoyurdular. Yoldan ötənlər içinə qəpik atırdı. Elə dilənçilər vardı ki, papaqları qəpiklə doluydu, görünür, onlar varlıydı, amma elələri də vardı ki, papaqları bomboşdu. Marina uzağı yaxşı görmürdü deyə həmişə ona harda dilənçi olduğunu mən deyirdim:
– Marinoçka, bax, orda dilənçi oturub!
Marina mənə qəpik verir, qaça-qaça gedib onlara çatdırırdım. Bir dəfə də yenə gəzinti zamanı Marina heç nə görmürdü. Mənsə əlində furajka tutan bir dilənçini gördüm. Qəpiyi ovcumda bərk sıxıb onun yanına qaçdım, furajkasına qoydum. Bu dilənçi çox kasıbdı, furajkasında bir qəpik də yoxdu. Amma çox gözəl geyinmişdi, şalvarı lampaslı, furajkası dövrəliydi. Saqqalı da gözəl, səliqəli, iki tərəfə daranmışdı. Amma o çox naşükürdü – “Səni Allah saxlasın, qızım” deməkdənsə, yerindən sıçrayıb mənə və tələsik bizə yaxınlaşan Marinaya qışqırdı. İkimiz də çaşıb qaldıq. Marina lornetini çıxarıb dilənçiyə baxdı, o isə parıldayan ştibet geyindiyi ayaqlarını yerə çırparaq axmaq sözlər dedi:
– Bu təhqirdir! Ələ salmaqdır!
Marina lorneti qatladı, əlimdən yapışdı və biz oradan tez aralındıq.
– Marinoçka, o dəlidir? – mən qorxu içində soruşdum.
– Dəli sənsən, – Marina həm qəzəbli, həm də gülə-gülə cavab verdi. – Generala qəpik sədəqə vermək! Öz malikanəsinin yanında əyləşmiş generala ha! Sən onu necə dilənçiyə bənzədə bilmisən axı?
– Marinoçka, axı o qocadır! Qocadırsa, deməli, dilənçidir. Məgər aydın deyil?
Mən heç cürə böyük adamlar kimi pilləkən düşməyi öyrənə bilmirdim. Mütləq hər pilləyə iki ayağımı da qoymalıydım. İkincisisə, sağ əlimi sol əlimdən, sağ tərəfi sol tərəfdən ayıra bilmirdim. Nə sağ, nə də sol tərəfdə elə bir konkret şey yoxdu ki, ona istinad edib öyrənəsən.
Kilsə və evlər kimi möhkəm, tərpənməyən şeylər nədənsə heç yerini dəyişmədən gah sağda olur, gah da solda. Bircə üzümü çevirməklə bütün dünya qarışırdı bir-birinə, binalar və ağaclar, itlər və adamlar sanki mənim arxamdan bir səkidən o birinə qaçırdı. Marina deyirdi ki, bu çox sadədir, sağ tərəf həmişə sənin sağ əlin olan yerdir. Bəs əllərimdən hansı sağdır? Xaç çəkdiyim əlim. Mən gah bu, gah da o əlimlə xaç çəkirəm. Birinin üstündən həmişə “bu əlinlə olmaz” deyib vururlar. Amma o hansı əlimdi, yadımda qalmır. Hər iki əlim eynidir, hər ikisi qaşıq da tuta bilir, karandaş da. Ayaqlarım da eynidir, amma başmaqlarım fərqlidir. Özüm ayaqqabımı geyinəndə anam deyirdi:
– O ayağına yox, o birinə geyin.
Ayaqqabılarımı dəyişsəm də, yenə “o ayağa yox” eşidirdim. Hansı ayaq o ayaqdı?! Hansı əl o əldi?! Hansı tərəf o tərəfdi?!
Sağ və sol tərəflər haqqında heç nə eşitməyənə qədər hər şey yaxşı idi. İndi hər şey qarışıb, çətinləşib. Və bu qarmaqarışıqlıqda səhv etməməkdən ötrü heç bir işarə, heç bir əlamət yoxdu.
Qonağımız gəlmişdi – adətən, Volodeçka Alekseyev gəlirdi. O, həmişə mənə hədiyyə gətirirdi. Salamlaşır, əlini mənə uzadırdı. Aha, deməli, sağ əli bu tərəfindədir! Onda mənim də sağ əlim həmin tərəfdə olmalıdır. Əlimi uzadırdım, amma sən demə, bu, mənim sol əlimmiş. Axı niyə də, niyə? Marina bunu mənə izah edə bilməyəcəyini fikirləşib atama dedi:
– Bax, görərsən, Seryojenka, o da eynən mənim kimi qətiyyən dəqiq elmlərdən baş çıxarmayacaq!
Marinayla İsa məbədinə getdiyimiz gəzintilər həmişə pilləkənlərə görə zəhərə dönürdü. Üzüyuxarı çıxmaq əyləncəli və rahatdı, amma axı əvvəldən həmin pilləkənlərlə düşməyin də lazım olacağını bilirdim. Mənsə pilləkənlərdən bütün uşaqlar kimi adi qaydada düşə bilmirdim. Və Marina yenə məni öyrədəcək, yenə də əsəbiləşəcəkdi. Bilirdim, belə də olacaqdı. Məbədin nəhəng, təntənəli, qızılı rəngdə dərinlikləri və hündürlükləri geridə qalmışdı. O, elə böyükdü ki, içində kilsə vardı. Altarın yanında qoyulan, adamlarla arasına qızılı kəndir bağlanmış qırmızı məxmər kürsülər geridə qalırdı. Bu, çar kürsüləriydi, onlarda dua zamanı ürəyi hansında istəsə, çarın özü otururmuş.
Bütün xoş anlar və gözəlliklər keçmişdə qaldı. Qarşıdasa sonsuz aşağı enən bomboz pilləkənlər görünürdü. Və mən hamı kimi bu pilləkənləri pillə-pillə düşməliydim…
MARİNA SVETAYEVA HAQQINDA
QIZININ XATİRƏLƏRİ
O NECƏ İDİ?
Mənim anam – Marina İvanovna Svetayeva bəstəboy – 163 sm, “misirli oğlan” bədən quruluşunda – enlikürək, dar ombalı, incəbelli bir xanım idi. Gənclik illərindəki köklüyü tezliklə və həmişəlik arıq bədən forması ilə əvəz olunmuşdu; quru, dar topuq və biləkləri, cəld və xəfif yerişi, sərt və kobud olmayan, zərif hərəkətləri vardı. İnsanların onu seyr etdiyini, hətta süzdüyünü hiss edəndə hərəkətlərini daha da ləngidirdi. Həmin an çox ehtiyatlı jestlər etsə də, kənardan tam sərbəst görünürdü.
Ciddi, qamətli boy-buxunu vardı: hətta yazı masasına əyilən zaman belə bel sütununu dik saxlayırdı.
Gəncliyində yumşaq və bir-birinə dolaşan qızılı-şabalıdı saçları çox erkən ağarmağa başladı. Və bu onun qarabuğdayı-solğun bənizindən şəfəqlənən işığı artırdı; yaşıl, üzüm rəngli, qəhvəyi kirpiklərlə haşiyələnmiş gözləri aydın və parlaq idi.
Üzünün cizgiləri düz və dəqiqdi; heç bir yayğınlıq yox idi. Sanki Yaradan hər şeyi əvvəlcədən ölçüb-biçərək cilalayıb yaratmışdı onu. Burnunun üst yerindən kiçik donqarı olsa da, ucu iti yox, qısa, hamar idi. Ağzı sanki görünməyən xətlə çərçivələnmişdi.
Alnında üfüqi xətlə uzanan iki qırış xurmayı qaşlarını ayırırdı.
Susqun və solğun üzü səma və su kimi dəyişkən, zəngin, daimi daxili hərəkətlə doluydu.
Amma çox az adam onu oxuya bilirdi.
Əlləri möhkəm, işgüzar və zəhmətkeş idi. Heç vaxt barmaqlarından çıxartmadığı iki gümüş (gəmi təsvirli möhür-üzük, hamar çərçivədə Hermesli əqiq gemma, atasının hədiyyəsi idi) və nişan üzüyü əllərini diqqət mərkəzinə çəkmirdi, ona nə bəzək verirdi, nə də bir-birinə bağlayırdı, sadəcə əllərinin bir hissəsinə çevrilmişdi.
Səsi qız səsi kimi yüksək tonlu, cingiltili, elastikdi. Nitqi qısa, replikaları formal idi.
Dinləməyi bacarardı; heç vaxt həmsöhbətinin sözünü kəsməzdi, lakin mübahisə zamanı təhlükəli olurdu: disputlarda, diskussiya və müzakirələrdə buz kimi nəzakət çərçivəsindən kənara çıxmamaq şərtilə rəqibini ildırımtək vururdu.
Bənzərsiz bir hekayəçi idi.
Şeirlərini sanki bir neçə adam üçün yox, hər zaman böyük bir auditoriya üçün səsləndirirdi.
Temperamentli, mənalı, poetik göndərişlərsiz, misraların sonunu ötürmədən oxuyurdu; ən mürəkkəb ifadələr onun ifasında aydınlanırdı.
Həvəslə oxuyurdu, sadiqcəsinə, bəzən heç təklif gözləmədən özü deyirdi:
– İstəyirsiniz, sizin üçün şeir oxuyum?
Həyatı boyu böyük adam oldu. Onun oxucuya, dinləyiciyə, yazılana tez və bilavasitə cavab verilməsinə olan tələbatı ödənmədi.
Yenicə ilk addımlarını atan gənc şairlərə qarşı xeyirxah və hədsiz səbirli idi. Bircə onlarda “ilahi qığılcımları” hiss, ya da təsvir edəydi; hər bir belə adamda həmkarını, varisini görürdü, amma özünün yox, məhz Poeziyanın varisini!
Həqiqətən də, xeyirxah və səxavətliydi: yardım, xilas etməyə, əldən tutmağa – heç olmasa, arxa-dayaq olmağa həmişə tələsirdi; əlində olan son tikəsini də paylaşırdı, artıq heç nəyi yox idi.
Əyilmədən verməyi də, almağı da bilirdi; uzun müddət yaxşılığın qarşılıqlı olmasına, insanların yardımsevərliyinə inanırdı.
Heç vaxt çarəsiz olmazdı, lakin həmişə müdafiəsiz idi.
Özgələrə qarşı iltifatlı idi. Yaxınlarına, dostlarına, uşaqlara qarşı özünə olduğu kimi tələbkar idi.
Bəzi dayaz düşüncəli çağdaşları kimi heç vaxt dəbi inkar etmirdi. Saxta geyimlər altında gizlənən yoxsul adamlardan iyrənirdi. Mühacirətlik illərində köhnəlmiş paltarlarını məğrurluqla geyinirdi.
Əşyalarda hər şeydən çox zamanla sınanmış dözümlülüyə dəyər verərdi: kövrək, əzilən, cırılan, ovulan, qırılan, bir sözlə – “zərif” olan heç nəyi sevmirdi.
Gec saatlarda yatırdı. Yatmazdan əvvəl mütləq mütaliə edirdi. Səhər tezdən oyanırdı.
Adətlərində mütəvazi idi. Yeməyi aramla, tələsmədən yeyirdi.
Rusiyada özü doldurduğu papirosları, xaricdə tünd kişi siqaretlərini, albalı müştüyündə sadə yarımsiqaret çəkirdi.
Qara qəhvə içərdi: açıq rəngli dənələrini qəhvəyi rəngə çalanacan qızardardı, səbirlə misdən olan dairəvi sütuncuq formalı, üstü şərq üslubunda hörmə naxışlı qədim türk dəyirmanında üyüdərdi.
Təbiətlə, həqiqətən də, sanki qan qohumluğu vardı. Sözlə ifadə olunan, həmçinin sevgiylə gəzib dolaşmaq mümkün olan dağları, qayaları, meşələri sevirdi. Lakin nə piyada, nə üzməklə keçmək olmayan dənizlə necə münasibət quracağını bilmirdi. Çünki onu sadəcə seyr etməyi bacarmırdı.
Sükutda qalan düzəngahlı mənzərələr onu dəli edirdi. Bataqlıqlı, daşlı yerlər, həmçinin ilin ayaq basanda yerin boş, nəmişli aylarını, üfüqün yayıldığı vaxtlarını sevmirdi.
Doğmalarıyla birgə həmişə xatirində uşaqlığından Tarusa və gənclik illərindən Koktebeli saxlayırdı. Onları hər zaman axtarırdı. Və çox nadir hallarda Medon meşəliyinin keçmiş “kralın ov yerlərindəki” dərə-təpəliklərində, Aralıq dənizi sahillərinin rəng və ətrində tapırdı.
İstini yaxşı keçirir, soyuğa heç davamı yox idi.
Kəsilmiş güllərə, çələnglərə, güldanda və ya pəncərə qırağına düzülmüş dibçəklərdə bitən hər şeyə qarşı etinasız idi. Bağlarda bitən güllərisə – daşsarmaşığı, yabanı üzüm kollarına qüvvətli və uzunmüddətli olduğuna görə üstünlük verirdi.
İnsanın təbiətə ağıllı, müdrikanə müdaxiləsini, birgə yaradıcılıqlarını – parklar, bəndlər, yollar və s. yüksək dəyərləndirirdi. Dəyişilməz zərifliklə, sadiqlik və anlayışla (hətta hörmətlə) itlərə, pişiklərə yanaşırdı. Onlar da ona qarşı o cürdülər. Gəzintiyə çıxan zaman çox vaxt məqsəd qoyurdu: filan yerə çatanacan, filan yerə çıxanacan; alınma şeylərdən daha çox “qənimətə” – toplanılan göbələklərə, giləmeyvələrə fərəhlənirdi. Və bədheybət uzaq kəndlərdə yaşadığımız çətin “çex dövrlərində” sobanı qalamaq üçün yığdığımız oduna görə çox sevinirdi.
Şəhərdə və şəhərdənkənar yerlərdə səmti, cəhəti yaxşı bilsə də, şəhər hüdudlarından qıraqda istiqaməti itirir, hətta tanıdığı yerlərdə belə azırdı.
Hündürlükdən, yüksək mərtəbələrdən, kütlədən, avtomobillərdən, eskalatorlardan, liftlərdən qorxurdu. Bütün növ şəhər nəqliyyatlarından (tək olanda) yalnız tramvay və metrodan istifadə edirdi. Onlardan heç biri olmayanda piyada gedirdi.
Riyaziyyatı çox zəif bilir, texnikadan başı çıxmırdı.
Məişəti işlərini dözülməzliyinə görə daha əsas və vacib şeylər üçün lazım olan vaxtın çoxunu apardığına görə gündəlik qayğıların mənasız yerə təkrarlandığını sevmirdi. Bütün həyatı boyu səbirlə tək-tənha bir qərib kimi bunun öhdəsindən gəldi.
Ünsiyyətcil, qonaqpərvərdi. Həvəslə yeni tanışlıqlar yaradırdı, lakin daha çox maraqsız tanışlıqları bitirərdi. “Düzgün insanlar” cəmiyyətində əcaib adamlara üstünlük verirdi. Elə özü də əcaib, qəribə bir qadın idi.
Dostluqda və düşmənçilikdə tərəfgir idi və heç də həmişə sistematik deyildi. “Heç kimə pərəstiş etmə” ehkamını hər zaman pozurdu.
Gəncliklə hesablaşır, yaşlı nəslə ehtiram edirdi. Nəfis yumor hissinə malik idi. Açıq-aydın və ya kobudcasına gülməli olan şeylərə gülmürdü.
Uşaqlığında məruz qaldığı iki şeyi – təsviri incəsənət (atasının sahəsi) və musiqini (anasının sahəsi) seçmişdi. Forma və kolorit – gerçəkdən hiss olunan (toxunula bilən), gözlə görünə bilənlər onunçün yad olaraq qaldı. Ancaq təsvir olunanın süjeti ilə maraqlanardı – uşaqların “şəkillərə baxması” kimi. Buna görə də kitab qrafikası və qismən qravyur (Dyureri, Doreni sevirdi) onun ruhuna rəssamlıqdan daha yaxın idi.
Teatra erkən marağı, qismən gənc ərinin və dostlarının yaratdığı maraq kimi də izah olunur, lakin bu maraq elə gənclik illərindəcə nə yetkinlik sərhədini, nə də ölkənin sərhədlərini aşmadan Rusdiyada qaldı.
Bütün tamaşa olunanlardan tamaşaçıya daha çox yaradıcılıq, hiss, duyğu, təsvir ötürə bildiyi üçün kinonu sevirdi.
Zəhmətkeşlərə daim dərin hörmətlə yanaşırdı; intizamsızlıq, tənbəlik, axmaqlıq kimi avaralıq, bekarçılıq, parazitizm də ona yad idi.
Məsuliyyətli, sözünün arxasında duran insan idi. Nə qədər təvazökar olsa da, öz dəyərini bilirdi.
O, NECƏ YAZIRDI?
Bütün təxirəsalınmaz işlərini səhər tezdən ac qarnına, açıq beyinlə yazırdı.
Özü üçün bir fincan qaynar qəhvə süzüb yazı masasının üstünə qoyurdu. O, ömrünün hər gününü yaxınlaşdığı yazı masasına fəhlə dəzgah arxasına keçən kimi yaxınlaşırdı. Həmin məsuliyyət və labüdlük hissiylə. Sanki bu masadan ayrılmaq mümkünsüz idi onunçün.
Həmin anda gözünə artıq nə görünsə, kənara çəkirdi. Mexaniki hərəkətlərlə dəftər və dirsəyini qoymaq üçün yer açırdı.
Alnını ovucunun içinə dirəyir, barmaqlarını saçlarının arasına daraqlayır, elə bir andaca fikrini cəmləşdirirdi.
Fikrinin və qələminin itiliyi ilə əlyazmaya çevriləndən başqa hər şeyə lal və kar olurdu.
Ayrı-ayrı vərəqlərdə heç vaxt yazmazdı. Ancaq dəftərdə – istənilən cür məktəbli dəftərindən tutmuş baş dəftərəcən. Təki kağızda mürəkkəb yayılmasın. İnqilab illərində hətta özü dəftər tikirdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?