Текст книги "Mənim anam – Marina Svetayeva "
Автор книги: Efron Ariadna
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Adi nazik ucluqlu (məktəb) taxta qələmlə yazırdı. Özüyazan (diyircəkli) qələmlərdən heç vaxt istifadə etməzdi.
Arabir siqaret çəkir, bir qurtum qəhvə içirdi. Sözün necə səslənəcəyini yoxlamaq üçün özü özlüyündə mızıldanırdı. Oturduğu yerdən sıçramır, otaq boyu var-gəl etmirdi. Masanın arxasında gördüyü işə ona məhkum olunmuş kimi baxırdı.
Əgər ilhamlanırdısa, çox zaman qeyri-adi cəldliklə əsas olanı yazır, ideyanı önə çəkirdi; əgər təkcə fikrini cəmləşdirirdisə, onda ancaq poeziya qaralaması yazırdı. Hazır mətndən sözün mənasını, təyinini, qafiyəni axtarır, artıq və uzun-uzadı hesab etdiklərini çıxarırdı.
Məna və səslənmənin vahidlik dəqiqliyinə nail olandan sonra səhifələrcə sütun-sütun qafiyələr, onlarla misra variantı yazırdı. Adətən, inkar etdiklərini silmirdi, yenidən axtarışlar etmək üçün altından xətt çəkirdi.
Böyük bir işə girişməzdən əvvəl, onun ideyasını başdan-başa konkretləşdirirdi, plan cızırdı, nəsnə onu öz axınının ardınca aparıb idarəolunmaz nəyəsə çevirməsin deyə planından kənara çıxmırdı.
Özünəməxsus yumru, xırda, dəqiq və aydın xətlə yazırdı. Ömrünün son üçdə birində qısa şəkildə yazdığına görə əlyazmaları çətin oxunulurdu: bir çox sözlər təkcə bir hərflə işarə olunurdu; getdikcə qaralamalarını ancaq özü oxuya bilirdi.
Xətti çox erkən – hələ uşaq ikən formalaşmışdı.
Ümumiyyətlə, səliqəsiz xətlə yazan adamın həmin yazını oxuyacaq adama – istənilən ünvana, redaktora, mürəttibə qarşı hörmətsizliyi kimi qəbul edirdi. Ona görə də məktubları, xüsusilə, aydın və diqqətli yazırdı. Mətbəəyə göndərəcəyi əlyazmaları isə yenidən çap hərfləriylə ağlamaya köçürərdi.
Məktublara dərhal cavab verirdi. Əgər məktubu səhər gələn poçtla alırdısa, adətən, ləngitmədən cavabının qaralamasını həmin günün yaradıcılıq axını kimi dəftərinə yazırdı. Əlyazmalarına olduğu kimi məktublarına qarşı da tələbkar idi. Və buna da yaradıcı yanaşırdı.
Bəzən dəftərdəki qeydlərinə gün ərzində yenidən qayıdırdı. Gecələrsə yazdıqları üzərində ancaq cavanlığında işləyərdi.
İstənilən şəraiti işə tabe edə bilirdi, yenə də təkrar edirəm: istənilən şəraiti.
Onun zəhmətkeşlik istedadı və daxili mütəşəkkilliyi ilahi vergiyə bərabərdi.
Dəftərini örtən kimi otağının qapısını açırdı – günün bütün qayğılarına və ağırlıqlarına.
AİLƏSİ
Marina İvanovna Svetayeva sanki tənhalar ittifaqı olan bir ailədə doğulmuşdu. Atası İvan Vladimiroviç Svetayev dahi və qərəzsiz, zəhmətkeş və maarifçi, indi dünyəvi mədəniyyət mərkəzi sayılan, inqilabaqədərki Rusiyada ilk Dövlət Təsviri İncəsənət muzeyini yaradıcısı olub. Onun çox sevdiyi, gözəl-göyçək xanımı Varvara Dmitriyevna İlovayskaya erkən – ərinə oğul hədiyyə edərək dünyasını dəyişmişdi. İvan Vladimiroviç ikinci dəfə nikaha gənc Mariya Aleksandrovna Meynlə girir. Onun qarşısında İvan Vladimiroviçin böyük qızı Valeriya və kiçik oğlu Andreyə anasını əvəz etmək vəzifəsi dururdu. Qəlbində mərhum yoldaşına sevgisini dəfn etmədən Mariya Aleksandrovlayla həm zahiri oxşarlığına, həm də daxili zənginliyi, fədakarlığı, ciddiliyinə vurularaq evlənmişdi.
Mariya Aleksandrovna isə kimisə əvəz etməyi bacarmaq üçün zahiri gözəlliyi deyil, yalnız xarakterlərində olan fərqi hiss elətdirirdi: ikinci xanımın birinci xanım kimi nəcibliyi, zərifliyi, incəliyi yox idi. Bu cür xanıma xas keyfiyyətlər Mariya Aleksandrovna kimi kişi şəxsiyyətli, möhkəm xarakterli qadınlarda az-az rast gəlinir. Üstəlik o, anasız böyüyüb boya-başa çatmışdı. Onu tərbiyə edən böyük ürəyə sahib isveçrəli mürəbbiyəsi elə də ağıllı xanım deyildi. Qızcığazın beyninə ancaq rəngsiz, çalarsız “ciddi qaydalar” doldura bilmişdi. Qalan hər nə vardısa, Mariya Aleksandrovna özü özünə təlqin etmişdi.
İvan Vlamiroviçə ərə gələrkən başqasını sevirdi. Sevdiyi adamla nikahı mümkünsüz olduğundan, bütün çətinliklərə son qoymaq, sonsuz hörmət etdiyi insana və onun yetim qalmış iki uşağına gündəlik xidmət etməklə həyatını məqsədli yaşamaq, mənalandırmaq üçün ailə qurmuşdu.
Evdə Varvara Dmitriyevnanın hələ yoxluğundan soyumamış cehizlərini gənc evdar xanım özünə uyğun rahatlıqda, qulluqçunun, birinci xanımın qohumlarının və ən başlıcası doqquzyaşlı ögey qızının fikirlərini nəzərə almadan yerbəyer etmişdi. Bu sahmanı öz ağlına, daxili səsinə görə yaratmışdı. Çünki bunun üçün heç bir təcrübəsi yox idi.
Valeriya Mariya Aleksandrovnanı elə uşaq yaşlarından həmişəlik sevmədi. Bəlkə də, onda bəzi şeyləri dərk etdisə də, qəlbində onu qəbul etmədi və heç vaxt bağışlamadı: ən başlıcası, təbiətin özünün onun öz daxili təbiətinə, insani mahiyyətinə yad olması; üsyan və mütəşəkkilliyin, mübtəlalıq və təmkinin, istibdad və azadlıqsevərliyin qeyri-adi birliyi, bu cür özünə, ətrafındakılara qarşı tələbkarlıq, Varvara Dmirtiyevna sağlığında olan sevginin tam əksi olan asketizm ruhunun analığın evə yükləməsini bağışlaya bilməmişdi. Bütün bunlar o zamanlar qəbul edilmiş çərçivələrin kənarındaydı. Bəlkə də, Valeriya anası Varvara Dmitriyevnanın bülbül kimi oxumaq istedadına əvəz kimi dahi pianoçu Marina Aleksandrovnaya verilmiş istedadın bu cür qüdrətini qəbul edə bilməmişdi.
Xarakterlərinin uyğunsuzluğu, axır, o həddə çatdırdı ki, Valeriya babası tarixçi İlovayskinin başçılığı altında “ailə şurası”nın məsləhətilə Yekaterina “nəcib qızlar” institutuna yerləşdirildi. Orada onun çoxlu dostları oldu. Andrey isə evdə tərbiyə alırdı. Mariya Aleksandrovna ilə münasibəti yaxşı olsa da, aralarında cani-dildən yaxınlıq heç vaxt yaranmadı. Onun bu cür doğmalığa ehtiyacı yox idi. Heç Mariya Aleksnadrovna da buna meyilli deyildi.
Ailənin sevimlisi, yaraşıqlı, istedadlı, müəyyən qədər ünsiyyətcil olan Andrey, bütün həyatı boyu bir azca özünəqapalı yaşadı. Ömrünün sonuna qədər nə insanlara, nə həyata açıla bilmiş, nə də bütün bacarıqları və istedadı ilə özünü göstərə bilmişdi.
İvan Vladimiroviçin ikinci nikahından dünyaya gəlmiş iki qızından valideynlərinə daha çox ikinci qız Anastasiya yaxın idi; uşaq yaşlarında o, sadə, üzüyola, Marinadan mehriban idi. Kiçikliyi və müdafiəsizliyinə görə anasına daha çox yaxın olan və daxilən onunla birgə rahatlıq tapan qız idi. Asyanı ancaq sevmək olardı. Böyük qızı Marinada isə Mariya Aleksandrovna elə erkən yaşlarındaca özünü, romantizmini, çatışmazlıqlarını, istedadın işartılarını, özünün və üstəlik, Marinanın zirvələrini, uçurumlarını görürdü. Görürdü və bu kələ-kötürlükləri hamarlamağa çalışırdı. Əlbəttə ki, bu, ən gözəl səviyyədə ana sevgisinin özü idi. Lakin bu mübarizə həm də onun özündə artıq oturuşmuş, uşaqdasa hələ tam özünü tapmamış nələrləsə gələcəklə apardığı çox ümidsiz bir mübarizə idi. Bu mübarizə məhz gələcək naminə idi… Marinayla mübarizə aparmaqla, həm də Marina üçün mübarizə aparırdı. Və qəlbinin ən gizlin bir guşəsində qələbə çala bilmədiyi üçün hətta sevinirdi də!
Marina Aleksandrovnanın qızlarının uşaq çağlarında bir-birlərilə yola getməməsinin, sonralar – artıq yeniyətməlik dövrlərində yaxınlaşmalarının bir çox səbəbi vardı: bu, bir tərəfdən Marinanın Asyaya duyduğu uşaq qısqanclığından doğurdu. Çünki anaları Asyaya daha çox sevgi və qayğı göstərirdi. Həm də Marina özündən böyüklərlə ünsiyyətdə olmağı sevirdi. Öz ağlı, dərrakəsiylə onlardan heç də dala qalmır və kamilliyini daha da artırırdı. Onun həm öz səviyyəsindəkilərdən, həm də özündən güclülərdən üstün olmaq iddiası vardı. Amma heç vaxt özündən zəiflərə gücünü göstərməzdi. Nəticədə, onun kimi inkişaf etmiş qıza uşaq kimi müstəqil olmayan Asya çox maraqsız idi. Ancaq öz daxilindəki “məni” üstələyəndən sonra aralarındakı iki illik fərqi dəf edərək artıq yeniyetməlik və gənclik illərindən başlayaraq Asya Marinanın dostu ola bildi. Analarının erkən vəfatı da yetim qalmış qızları bir-birinə daha da yaxınlaşdırdı.
Ömürlərinin bahar çağında bacıların müəyyən oxşarlıqları vardı – zahiri görünüşləri və xarakterləri. Əsas fərqlərisə bu oldu ki, Marina hərtərəfli olmasıyla erkən yaşlarından və həmişəlik istedadının yeganə, dərin axarına düşdü. Asyanın istedadı və məqsədləri bir çox şaxələrə ayrıldı. Və onun daxili yanğısı bir çox səbəbdə yatırdı. Sonralarsa bacıların həyat yolları tamamilə ayrıldı.
Atasına əbədi sevgiylə bağlı olan Valeriya onun kiçik qızları – ögey bacılarına qarşı eyni cür münasibətlə – dostcasına, mehribancasına davranırdı. İnstitut tətilləri zamanı və oranı bitirdikdən sonra evə gələndə hər ikisini əzizləyir, sanki Mariya Aleksandrovnanın tələbkarlığını, ciddiliyini “neytrallaşdırmağa” çalışırdı. Onun da, qardaşı Andreyin də analıqlarından asılılıqları yox idi. Lakin Valeriyanın münasibətinə qarşı Asya səmimi və ona xüsusi bir bağlılıqla cavab verirdi. Marinasa bunda bir hiylə, fırıldaq duymuşdu: Valeriyanın əzizləmələrini rədd etmədən gizli himayəsindən istifadə edərək sanki anasına – onun qoyduğu qaydalara, həm də özü-özünə xəyanət edirdi. O, heç cürə konfet və Balerina kitabxanasından kitabların qiraətinə yox deyə bilmirdi.
Marina üçün böyük bacının mehribanlığı sadəcə bir hiyləgərlikdi. Bu, Valeriyanın analığına qarşı silahı idi, anasının qızlarına təsirini zəiflədirdi. Marina sədaqət və xəyanət, tamah və borc arasındakı dərin uçurumu anlayınca Valeriya ilə münasibətləri pozulmağa başladı. Onun bacısına qısamüddətli və görünür, heç də dərin olmayan sevgisi tezliklə qərəzli ədavətə, daha sonralarsa düşmənçiliyə çevrildi.
(Valeriya çox məntiqli bir xanım idi. Və gənclik illərində Marinayla ayrılandan sonra bir də heç vaxt onunla görüşmək niyyətinə düşmədi. Yaradıcılığıylasa ətrafdakılar onun haqda danışandan sonra ölümünə lap az vaxt qalmış maraqlandı. Marina isə hələ bir neçə onilliklər də yaşadı. Asya, Andrey və onun ailəsiylə müəyyən distansiya saxlamaqla ünsiyyətdə idi.)
İvan Andreyeviç bütün uşaqlarını eyni məhəbbətlə sevirdi. Hamısı onun üçün dəyərli idi. O, ailənin xoşbəxtliyi uğrunda əlindən gələn hər bir şeyi etsə də, mübahisələr onu kədərləndirirdi. Mariya Aleksandrovna ilə münasibətləri qarşılıqlı hörmət və xeyirxahlıq üzərində qurulmuşdu. Mariya Aleksandrovna ərinin muzey işlərində köməkçisi, həyatında çox zəhmətlər sayəsində çatdığı məqsədinə olan bağlılığını və bu səbəbdən də ev işlərindən uzaq qalmağını anlayışla qarşılayırdı. Musiqiyə yad qalan İvan Vladimoviçsə qadınının musiqiyə olan faciəvi bağlılığını başa düşürdü. Çünki o dövrün yazılmamış qanunlarına görə necə istedada malik olmasından asılı olmayaraq pianoçu qadın öz otağının divarları arasında yaşamağa məcbur idi. Fortepiano musiqisinin çoxlu sayda insanlar üçün ifa olunduğu konsert zallarında qadın yalnız dinləyici qismində iştirak edə bilərdi. Dərin və güclü istedadlı Mariya Aleksandrovna bu istedadda qapalı, susqun qalmağa və ancaq özü üçün ifa etməyə məhkum idi.
Mariya Aleksandrovna övladlarını dar dünyagörüşlü böyütmürdü: onların gözünü insana hər zaman sadiq olan əbədi təbiət möcüzələrinə açdı, uşaqlıq sevincləri, ailə bayramlarının sehriylə, yeni il yolkaları ilə sevindirir, dünyanın ən yaxşı kitablarını hədiyyə edirdi.
Dünyasını dəyişəndə qızlarının böyüməsini görə bilmədiyi üçün təəssüflənirdi. Lakin son nəfəsində dediyi sözlər bu olub: “Mənim bircə musiqiyə və günəşə heyfim gəlir”.
ONUN ƏRİ VƏ AİLƏSİ
Marinayla eyni gündə, lakin bir il sonra – 26 sentyabr 1893-cü ildə həyat yoldaşı Sergey Yakovleviç Efron dünyaya göz açmışdı. O, doqquz uşaqlı ailədə altıncı övlad idi.
Anası Yelezaveta Petrovna Durnova (1855-1910) qədim zadəgan ailəsindən, erkən yaşlarında istefaya çıxmış zabit, I Nikolaya yaxın adamlardan birinin yeganə qızı idi. O və gələcək əri – Moskva Texniki Məktəbinin dinləyicisi olan Yakov Konstantinoviç Efron (1854-1909) “Torpaq və İradə” partiyasının üzvləri idilər. 1879-cu ildə “Qara bölüşdürmə” qrupuna qoşuldular. Onlar Petrovsk-Razumovsk toplantısında tanış olmuşdular. Zadəgan cəmiyyətindən gizlin gəlmiş qarasaçlı, yaraşıqlı, gözəl qız Yakov Konstantinoviçə “başqa planetdən gələn məxluq” təəssüratı yaratdı. Lakin sən demə, onların “İnqilab” adlı yeganə planeti varmış.
Yelezaveta Petrovnanın dövrünün inqilabi-demokratik hərəkatında vacib rol oynayan siyasi baxışları, P.A.Kropotkinin təsiri altında yaranmışdı. Onun sayəsində hələ gənc yaşlarında I Beynəlxalqın üzvü olmuş və öz həyat yolunu təyin etmişdir. Kropotkin şagirdi ilə qürur duyur, həyatındakı hadisələrdə yaxından iştirak edirdi.
Aralarındakı dostluq bağlarını ancaq ölüm qıra bilmişdi. Yakov Konstantinoviç və Yelezaveta Petrovna təşkilatın onlara tapşırdığı bütün ən təhlükəli və müşkül tapşırıqları yerinə yetirirdilər. Yakov Konstantinoviçə iki yoldaşı ilə birlikdə “Torpaq və İradə” İnqilabi Komitəsinin provakator Reynşteynçün verdiyi hökmü yerinə yetirmək tapşırılmışdı. O, 26 fevral 1879-cu ildə edam olunmuşdu. Polis günahkarları heç cürə müəyyənləşdirə bilməmişdi.
1880-ci ilin iyulunda Yelezaveta Petrovna Moskvadan Peterburqa qeyri-leqal ədəbiyyatın və gizli mətbəə üçün dəzgahın daşınması zamanı həbs olunaraq Peropavlovsk qalasında saxlanılmışdı. Heç nədən xəbərsiz olan ata üçün qızının həbsi valideyn hisslərinə və monarxial inamına vurulan dəhşətli zərbə oldu. Geniş əlaqələrinin köməkliyi ilə qızını zaminə buraxdıra bildi. O, xaricə qaçdı. Yakov Konstantinoviç onun dalınca getdi. Onlar oradaca nikah oxutdurub, birlikdə uzun və xoşbəxt yeddi il yaşadılar. İlk övladları Anna, Pyotr və Yelezaveta mühacirətdə doğuldu.
Rusiyaya geri dönəndən sonra Efronovun həyatı ağır keçdi: xalq hərəkatı darmadağın edilmiş, dostları həbsxanalara, yad vilayətlərə sürgünə göndərilmişdi. Polisin nəzarəti altında Yakov Konstantinoviçin ancaq sığorta agenti vəzifəsində işləməyə haqqı vardı. İşi maraqsız və perspektivsiz idi. Maaşının azlığı isə ailə saxlamağa – yedizdirmək, geyindirmək, oxutdurmaq, dava-dərmana güclə yetirdi. Yelezaveta Petrovnanın yaşlı valideynləri ayrı yaşayırdı. Və onların bu cür ehtiyac içində ömür sürməklərindən bixəbər idilər. Heç qızları da onlardan yardım istəmirdi.
Bütün gündəlik məişət çətinliklərinə, bütün ağır faciələrinə (üç kiçik övladları – Alyoşa və Tanya meningitdən, hamının sevimlisi yeddi yaşlı Qleb anadangəlmə ürək qüsurundan dünyasını dəyişmişdi) baxmayaraq Efronovlar ailəsində böyüklər və kiçiklər arasında qeyri-adi harmoniya vardı. Ailədə məcburiyyətə, qışqır-bağıra, cəzalandırmalara yer yox idi. Hər kəs, hətta ən kiçik nümayəndə belə azad böyüyür və inkişaf edirdi. Onlar ancaq intizama – vicdan və sevgiyə tabe olaraq yaşayırdılar.
Bu ailədə hər kəs çox nadir bir qabiliyyətə – bir-birlərini qarşılıqlı və layiqincə sevmək qabiliyyətinə malik idi. Aralarındakı münasibətlərdən valideyn və övladlarda fədakarlıq, təmənnasız səxavət, etinalı nəzakət, birlikdə görüləcək hər bir işə qarşı canıyananlıq, məsuliyyət hissi yaranmışdı. Bu keyfiyyət və qabiliyyətlər mənəvi borc deyildi. Hamı – böyüklü-kiçikli temperamentli, ehtiraslı və buna görə da şövqlü insanlar idilər. Sevməyi bacardıqları üçün nifrət etməyi də bacarırdılar… Lakin özlərinə hakim də ola bilirdilər.
90-cı illərin sonlarında Yelezaveta Petrovna yenidən inqilabi fəaliyyətə qayıdır. Onunla bu yolda birgə böyük övladları da addımladı. Yakov Konstantinoviç həminki vəzifəsində – sığorta şirkətində işinə davam edərək “inqilabçı yuvasına” arxa-dayaq olmağa davam edirdi. Tez-tez dəyişdikləri kirayə evlərində valideynlərinin köhnə yoldaşları da, gənc dostlar da – kursistkalar12, tələbələr, gimnaziyada təhsil alanlar toplaşırdılar. Bıkovdakı bağ evində bəyannamələr dərc edir, partlayıcılar hazırlayır, silah gizlədirdilər.
Həmin illərin və sonrakı dövrlərin fotolarında Yelezaveta Petrovnanın cəsarətli və zərif obrazı – bəyaz saçlı, yorğun, lakin əyilməz bir qadın, dərinliyə və dərinlikdən boylanan gözləri əks olunub. Dərisinə erkən düşən qırışlar dodaqlarının kənarından axaraq ensiz alnında cızıqlar əmələ gətirirdi. Sadə geyimi arıq cismi üçün həddindən artıq geniş idi. Yanında dayanan əridir. Onun açıq, iri sifəti, kiçik ağzı var. Aydın və parlaq gözləri, azca yuxarı dartılmış burnu var. Və onun da saçlarında erkən düşən bəyazlar, qırışlar, cizgilərdə həminki dözüm möhürü var. Bu bənizdə də zərrə qədər olsa, itaətkarlıq yoxdur.
Onlar övladlarının əhatəsindədirlər: sonralar əmək dərnəklərinin rəhbəri olacaq və Baumanın həyat yoldaşı ilə barrikadalar quracaq Anna, hökumət əleyhinə işlərinə və məhbusxanadan qaçmaq cəhdlərinə görə mühacirətdə olan və yalnız Birinci Dünya müharibəsi ərəfəsində ölmək üçün vətənə dönməsinə icazə verilən Pyotr, anasının rəfiqəsi Vera Zasuliçin şərəfinə adlandırılan, həyata dustaqxanalardan qədəm qoyan, hələlik hörüklü qızcığaz Vera, böyüklərin dayağı və köməkçisi, kiçiklərin tərbiyəçisi Yelezaveta (sonralar Marina İvanovna Svetayeva onu “ailənin günəşi” adlanadıracaq), inqilaba ən çətin, dolanbac yollarla gələn və həyatını bu yolları hamarlamağa sərf edən Seryoja, yeniyetmə çağlarında vəfat edən və ardınca anasını aparan Konstantin…
Yelezaveta Petrovnanın və silahdaş-övladlarının siyasi aktivliyi ən yüksək həddinə 1905-ci il inqilabında yüksəldi. Ardınca ailənin üzərinə çökən siyasi repressiyalar onun ümumi taleyini başqa-başqa insanların başqa-başqa taleyinə parçaladı. Qızğın axtarışlar, həbslər, istintaq və məhbəslər, qaçışlardan hər biri üçün dəhşətli həyəcan keçirən Yakov Konstantinoviç katorqa təhlükəsi ilə üzbəüz dayanan Yelezaveta Petrovnanı Butırokdan xilas edir. Dostlarının köməyilə zamin durub, xəstə və incidilmiş həyat yoldaşını xaricə göndərir. Və o, heç vaxt vətənə qayıda bilmir. Mühacirətdə olarkən ərindən sonra çox az yaşayır. Ürəyinin son arxa-dayağını – kiçik oğlunu itirəndən sonra cəmi bir gün sonra vəfat edir.
Birinci rus inqilabi dövründə Seryojanın 12 yaşı tamam olmuşdu; hadisələrin ancaq kənardan sədasını eşidən Seryoja böyüklərə heç bir yardımının dəymədiyini anlayaraq inqilabda bilavasitə iştirak edə bilmədiyinə görə əzab çəkirdi. Böyüklər onu “uşaqlığa” uzaqlaşdırmışdılar. O uşaqlıq ki artıq yox idi, o uşaqlıq ki ailəni bürüyən ağır sınaqlar içində artıq çoxdan bitmişdi. Seryoja isə tez böyüməyə can atırdı. Qəhrəmanlıq göstərmək həvəsi onu bürüyürdü. Və bu qaynar hissi adi gimnaziyada təhsil almaqla söndürə bilmirdi. Həm də təhsil və Seryojanın varlığı Yelezaveta Petrovanın gedişi ilə öz ritm və sabitliyini itirmişdi. Beşikdən doğma evinin sahmanına uyğunlaşmadan, müxtəlif təhlükəli hallara sinə gərərək gah bu, gah da başqa damın altında yaşamaq məcburiyyətində qalırdılar. Ancaq cəmi bir yayı oğlan ailəsinin digər üzvləri ilə birgə anasının yanında İsveçrədə – ona gənclik illərini və ilk mühacirəti xatırladan yerlərdə keçirmişdi.
Yeniyetməlik çağlarında Seryoja vərəm xəstəliyinə yoluxdu. Xəstəlik və anasından ötrü çəkdiyi xiffət qəlbini dağlayırdı. Anasının ölümünü ondan xeyli vaxt gözlətməli oldular. Xəbəri eşitcək susqunluğa qərq oldu. Kədər sözdən və göz yaşlarından daha böyük idi.
Yeniyetməlik və gənclik yaşlarında o, daxilən dərin tənhalığa köklənsə də, nisbətən ünsiyyətcil idi.
Bu tənhalığı ancaq Marina dağıda bildi.
Onun on səkkiz, qızınsa on yeddi yaşı olanda – 5 may 1911-ci ildə sahildə görüşdülər. Qız kiçik daşlar toplayırdı. Gənc, yaraşıqlı, iri gözləri olan oğlan ona yardım etməyə başladı. Həmin gözlərə baxaraq Marina ürəyində tutdu ki, əgər daşların arasında serdolik daşı tapıb ona hədiyyə etsə, mütləq həmin oğlana ərə gedəcək! Əlbəttə ki, Seryoja sedoliki o dəqiqə tapdı, lakin bozumtul gözlərini onun yaşıl gözlərindən çəkə bilmirdi. Çəhrayı, içəridən parlaq, iri daşı qızın ovucuna qoydu. Marinanın ömrünün sonuna qədər qoruyub-saxladığı həmin daş indi də qorunur.
Seryoja və Marina 1912-ci ilin yanvarında nikaha girdilər. Onların ilk görüşü və Birinci Dünya müharibəsinin başlanması arasındakı zaman kəsiyi onların həyatındakı yeganə sakit dövr idi.
1914-cü il ildə Seryoja – Moskva Universitetinin 1-ci kurs tələbəsi sanitar qatarında feldşer kimi müharibəyə yollandı. O, hey müharibəyə can atsa da, tibbi komissiya ona icazə verməmək üçün sıravi xidmətə yararsızlığına görə səhhəti ilə bağlı müxtəlif səbəblər tapırdı. Və nəhayət, o, yunker məktəbinə qəbul olundu. Bu da onun sonrakı həyatına bədbəxtliklər gətirdi. Əhatəsində olduğu zabitlərin təsiri altında vətəndaş müharibəsinin əvvəllərində onu ağ qvardiyaçılara qoşdular.
Yoldaşlıq ideyasının, anda sadiqliyin yanlış başa düşülməsi, “ağ hərəkatın” artıq tənəzzülə uğramasının labüdlüyü hissi onu dünyanın ən kədərli, səhv və əzablı yollarıyla Gelibolu və Konstantipoldan keçərək Çexiya və Fransaya – canlı kabuslar kolonuna, vətəndaşlığı, bu günü, gələcəyi olmayan, çiyinlərində ancaq keçmişin inanılmaz ağır yükünü daşıyan insanların yanına apardı.
Vətəndaş müharibəsi illərində valideynlərim arasındakı əlaqə, demək olar ki, tamamilə kəsildi. Ancaq yalançı, əsassız şayiələr çatırdı, məktublar yox idi – onlarda yazılan suallar heç vaxt cavablarla üst-üstə düşmürdü. Əgər bunlar olmasaydı, kim bilir, bu iki nəfərin taleyi necə olacaqdı?! Hələliksə müəmmanın bu tərəfində Marina “ağ hərəkatı” vəsf edir, yoldaşı isə o biri tərəfdən hər gün qarış-qarış, addım-addım onu pisləyirdi.
Sergey Yakovleviçin ağ qvardiyanın tör-töküntüsü ilə Türkiyədə olduğundan xəbər tutan Marina xaricə gedən Erenburqa onu axtarıb-tapmağı tapşırdı. Erenburq Sergeyi tapanda o artıq Çexiyaya köçüb Praqa Universitetinə daxil olmuşdu. Və Marina qərar verdi ki, ərinin yanına getsin.
Anamla ora gəldikdən sonra valideynlərim arasında gedən bir söhbəti xatırlayıram:
– … Marinoçka, bu heç də tam belə deyildi, – dedi atam, əzablar içində “Qu quşu qatarı”ndan bir neçə şeir dinlədi.
– Nə olmuşdu?
– Xalqın dəstəkləmədiyi, lakin bizim zənnimizcə, xalq üçün apardığımız qardaş qırğını. Biz xalqı tanımırdıq, anlamırdıq. “Biz” yox, içimizdən ən yaxşıları. Qalanlarısa ancaq bolşeviklərin alıb xalqa verdiklərini onlardan geri almaq üçün döyüşənlər idi. “İnam, çar və vətən” uğrunda döyüşlər gedirdi. Elə onların nəticəsində güllələnmələr, edamlar və oğurluqlar olurdu.
– Bəs qəhrəmanlar vardımı?
– Vardı. Lakin xalq onları qəhrəman kimi qəbul etmir. Bəlkə də, nə vaxtsa qurban kimi qəbul edər…
– Bəs siz necə, siz Seryojenka…
– Bax bu cür: müharibə illərinin vağzalını təsəvvürünüzə gətirin – əsgərlərlə, yükdaşıyanlarla, qadınlarla, uşaqlarla dolu böyük bir stansiya. Hamı bir-birini itələyərək, dartaraq vaqonlara minməyə çalışır… Məni də dartıb vaqona salırlar, üçüncü zəng, qatar tərpənir – bir anlıq rahatlıq! Şükürlər olsun sənə, Tanrım! Və birdən dəhşətli qorxu içində qatarda bir çoxlarıyla necə qorxunc yerə düşdüyünü anlayırsan. Başa düşürsən ki, bu qatarın geriyə dönüşü yoxdur, relslər dağılıb. Geriyə, əziz Marinoçkam, ancaq piyada bütün ömür boyu şpalların üstüylə qayıtmaq mümkündür…
Bu söhbətdən sonra Marinanın “Relslər üstündəki şəfəq”i yazıldı.
Atamın ömrünün qalan hissəsi şpalların üstüylə saysız-hesabsız çətinliklərdən, təhlükələrdən addımlayaraq Rusiyaya geri dönməkdən ibarət idi. O, vətənə oğulluğu ilə yox, oğlu ilə qayıtdı.
ERKƏN ÇAĞLAR
Erkən uşaqlıq illərim mənə yuxu kimi gəlmir. Onları həyatımın birinci ən parlaq gerçəkliyi, dünyanın və özümün həmin dünyada ilk kəşfi kimi xatırlayıram.
Dünya öz mənbəyində nə böyük, nə də kiçik, nə pis, nə də yaxşıdır. O, hələ qiymətləndirilməmiş, müqayisə edilməmiş sadəcə və mübahisəsiz mövcuddur. Onda həm də öz sahibindən başqa hər şeyi görən, hər şeyi nəzərdən keçirən, tamamilə yeni, körpə gözlər var. Qız isə müəyyən vaxta qədər bəbəklərinin dərinliyində gizlətdiyi özünü – öz canlı “mən”ini bir gün güzgüdə öz əksində gördü. Əksi heç də xoş deyildi: ağbəniz, üz-gözü turşumuş, əynində vilvet xətli don, ayağında düyməli başmaq vardı, sifətini haldan-hala salır, ayaqlarını yerə çırpır, dil çıxardırdı və cəza kimi küncə qoyulmağa tam layiq idi. Güzgüdəki insanın özüylə eyni insan olduğunu dərk edən kimi ayaqlarını yerə vurmağı, dil çıxartmağı dayandırdı. Və onda artıq sakitləşmiş “mən” görüntüyə yaxınlaşdı, mehribancasına onu sanki pudel Ceki sığallayan tərzdə oxşadı və pıçıldadı: “Əzizim!”
Amma bu, sonralar baş verdi. Ona qədərsə bircə dünya vardı ki, onu da Marina adlı anası idarə edirdi. Bütün dünya yalnız ondan asılıydı. Onun icazəsi ilə gündüzlə gecə əvəz olunur, dolabda hardansa peyda olan və harasa yoxa çıxan, məni darıxdıran (oynamağı bacarmırdım, oyuncaqları qırmağa isə icazə yox idi) oyuncaqları Marina ilə gəzintiyə çıxmaq sevinci əvəzləyirdi. Əgər bircə bu başmaq, qaloş, papaq, qalın şalvar, toqqalar, sonsuz sayda düymələr olmasaydı, bu sevinc tam olardı!
Marinanın dünyası uşaq otağının divarları və ya küçəylə məhdudlaşır, qışdan yaya çevrilir, qapı-pəncərələri taybatay açır, bağlayır, qəflətən dayanır, müxtəlif hərəkətlər edir, özlüyündə birdən “bağ evinə“ və ya “Koktobelə“13 çevrilirdi. Çünki hər şey Marinanın istəyi ilə forma alır, rəng, məna kəsb edirdi. Onun gündəlik həyatında əsas üç sözü vardı: “Olmaz”, “Lazımdır”, “Olar”. Və bunlardan birinci ifadə digər iki ifadədən daha çox təkrarlanırdı.
Balaca olanda Marinanın mənə təsiri böyük və dəfedilməz idi. Lakin o, mənimlə birlikdə elə də çox vaxt keçirmirdi. Biz ara-sıra gəzintiyə çıxırdıq. Məni elə də çox nazlayıb-əzizləmirdi. Bütün bunlarla az-çox dayələr məşğul olurdular. Bizim evdə çox qala bilmədikləri və tez-tez dəyişildikləri üçün evimizdə çalışan dayələri heç də yaxşı xatırlamıram.
Onlardan biriylə məni parkda gəzdirmək əvəzinə Nikolo-Peskovsk kilsəsinə dəfn mərasimlərinə apardığı üçün vidalaşdıq.
– Xanım, burda qəbahətli nə var ki? – həmin dayə əsəbdən bozaran Marinaya deyirdi, – Mələklərin duası Tanrıya tez çatır. Nəyə lazımdı sizin o it gəzdirilən meydançalarınız?!
İkincisisə, təmizkar olmadığına görə işdən azad olunmuşdu. Onun heç nitqi da aydın deyildi. Sözləri düzgün tələffüz etmirdi, mən də o deyəni təkrarlayırdım. Üçüncü və ondan sonrakılar, deyəsən, özləri yoxdular.
Gələn dayələrin heç biri Marinanı məndən uzaqlaşdıra bilmədi. Marina, elə bil, hamını və hər şeyi açıq-aydın görürdü. Mən bir günabaxan kimi həmişə onun yanına və ona tərəf can atırdım. Və onun varlığını daxilimdə sanki vicdan səsi kimi hər zaman hiss edirdim. Onun gücü bu cür inandırıcı, tələbkar, özünə tabe etməyi bacarırdı. Bu güc sevgiydi.
Marina məndə ta beşikdən başlayaraq özünə xas xüsusiyyət və keyfiyyətləri aşılamaq, inkişaf etdirmək istəyirdi. Çətinlikləri aşmağı, hərəkət və düşüncə müstəqilliyini öyrədirdi. Hər şeyi səthi yox, uşaq şüurundan dərin danışıb izah etməyə çalışırdı ki, o kiçik ağlımla deyiləni vaxtında, hətta vaxtından əvvəl anlayım. Gördüyümü, duyduğumu, yaşadığımı rabitəli və aydın danışmağı öyrədirdi. Heç vaxt uşaq səviyyəsinə düşməyərək əksinə, sanki qarşısındakı uşağı öz səviyyəsinə qaldırmağa çalışaraq ortaq bir yerdə o böyüklərə xas müdriklik və uşaq sadəliyinin kəsişdiyi nöqtədə görüşmək istəyirdi.
Özümü yaxşı aparmağımın, tapşırılmış hər hansı bir işin uğurla öhdəsindən gəlməyimin mükafatı kimi mənə şirniyyat və hədiyyələr vermək əvəzinə, hekayə oxuyur, bir yerdə gəzintiyə çıxır və ya otağına qonaq aparırdı. Onun otağına elə-belə, heç bir səbəb olmadan girmək olmazdı. Çoxbucaqlı, sanki tin-tin olan, tavanından sehrli Yelizavet çilçırağı asılmış, alçaq divanında bir az qorxuducu, lakin diqqəti cəlb edən canavar xəzi salınan otağına çəkinə-çəkinə, eyni zamanda, sevinclə daxil olurdum. Mənə yaxın, “Korsika jasmini” ətirli anam, bax, bu cür yadımda qalıb. İpək paltarının xışıltısını, cəld və rahat hərəkətlərlə uzun ayaqlarını altına yığıb və ya bardaş qurub yanımda əyləşməyini xatırlayıram. Söhbətlərimizi, oxuduğu nağılları, Lermontov, Jukovski və başqalarının balladalarını xatırlayıram. Mən onları tezcə əzbərləyir, deyəsən, anlayırdım.
Marina küncdə, həmişə göyərçinlər uğuldayan balaca pəncərəsinin qabağındakı yazı masasının arxasında oturmağa icazə verirdi. Karandaşlarıyla rəsm çəkməyə, hətta bəzən öz dəftərlərində cızma-qara etməyə icazə verirdi. Hörmətli Sara Bernar və Mariya Başkersovanın portretlərinə tamaşa etməyə, nə vaxtsa babanın Almaniyadan gətirdiyi içi tikan-tikan olan qorxulu çuqun fiqur və press-papye (basma) Nürnberqli qıza və Aleksey Mixayloviçə əl vurmağa qoyurdu. İki əl quruluşlu kağız üçün sancağın barmaq formalı tutacaqları, elə bil, canlıydı, qeyd və hesab vərəqələrini məhkum saxlayırdı. 1812-ci ilin gənc generalı IV Tuçkovun portreti olan laklı karandaş qabı, gildən düzəldilmiş gümüşü cənnət quşuna toxunmağa icazə verirdi.
Dolabdan böyük, qırmızı cildli kitab – Dorenin illüstrasiyaları ilə Perronun nağıllarını gətirirdi. Bu kitab lap balaca olanda Marinanın anasının olub. Mən təzəcə yuyulmuş əllərimlə ehtiyatla səhifələrin sağ yuxarı küncündən vərəqləyərək şəkillərinə baxırdım. Kitablara qarşı etinasız, kobud, səliqəsiz rəftar qədər heç nə Marinanı əsəbiləşdirmirdi. Mən onun iki qədim çini fincanından birini – xoşbəxtlikdən Napoleon təsvir olunan yox, Josefinalı fincanını təsadüfən sındırmışdım. Gözyaşlarıma qərq olaraq qışqırırdım:
– Mən onun qadınını qırdım. Napoleon daha dul qalacaq!
Onda məni danlamadılar, əksinə, təsəlli verdilər. Amma adicə “Styopka-Rastryopka“14 kitabından onun eybəcər və pis adam olduğu üçün cırdığım vərəqlərə görə məni küncə qoydular… Qoqolun təkcildliyində (“Niva” jurnalına əlavə) şəkillərə də baxmaq olardı. Orda şəkillər ətraflı, xırda və mənimçün anlaşılmayan tərzdə çəkilmişdi.
Önünə çıxan mənzərələri bütün təfərrüatı ilə təsvir edən köçərilər kimi, mən də öz ağlımca illüstrasiyaları təhlil edirdim: “Bu da at addımlayır… bu da xanımla söhbət edən xanım… bu da aşpazdan qızardılmış meymun istəyən qız…”
“Qız” qəbirdən xortdamış şirin, yumru qız, “aşpaz” Xoma Brut, “qızardılmış meymun” isə hər tərəfə yayılan şər qüvvələrdir. Bəzən Marina nənəsinin mis iynəli barabanı olan musiqili mücrüsünü işə salırdı: karton trafareti ona yerləşdirir, çətin fırlanan işəsalma dəstəyini çevirirdi. Menuet və ya hrossfater15 melodiyaları ahəstə və aydın tərzdə, yaz damcıları kimi səslənirdi. Nə qədər trafaret vardısa, demək ki, o qədər də melodiya vardı. Nəhəng sarı sarmaşığa oxşayan trubalı qramafon mənə çox maraqlı görünürdü. Sanki onda qaraçıların səsi yaşayırdı. Marinanın ömrü boyu qaraçılardan xoşu gəldi – Puşkin qaraçılarından tutmuş, küçə falçıları və kənddəki at oğrularına qədər onların özünəməxsusluğuna, sehrli danışıqları və mahnılarına, yaxşı yaşadıqlarına, sadiqliyinə görə sevirdi. Yaxşı xatirimdədir. Bir dəfə Varvara Panina16 və Anastasiya Vyalsevanın17 vallarını – həzin, kədərli səslərini dinlədikdən sonra Marina mənə onlardan birinin, deyəsən, Paninanın sonuncu konserti haqqında danışdı. Onda mənim dörd yaşım vardı.
“O, bir zamanlar gənc və qəşəng idi. Elə gözəl oxuyurdu ki, hamı bir nəfər kimi valeh olurdu. Varlılar, knyazlar, zabitlər ürəyini, titullarını, var-dövlətlərini onun ayaqları altına atır, ondan ötrü sevgidən dəli olur, duellərdə bir-birlərini güllələyirdilər… Lakin vaxt ötüb keçir, gördüyün kimi elə onun da vaxtı keçib. O artıq qocalıb. Gözəlliyi, dövləti, şöhrəti – hamısı gedib. Bircə qalan səsidir. Pərəstişkarları? Onlar da dağılışıb getdilər, bəzilərisə çoxdan ölüb. O, hələ də çıxış edirdi. Lakin dinləyənlər tapılmırdı. Yaşıdlarının nəvələri daha babaları dinləyən musiqiyə qulaq asmırdılar.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?