Текст книги "Sükutdan sitat"
Автор книги: Elçin Şıxlı
Жанр: Философия, Наука и Образование
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Elçin Şıxlı
Sükutdan sitat
© «Altun kitab» MMC –2017
* * *
«Uca ad onu ləyaqətlə daşıya bilməyənləri nəinki yüksəltmir, əksinə, alçaldır». Bu, XVII əsrin fransız mütəfəkkiri və yazıçısı hersoq Fransua de Laroşfukonun məşhur aforizmlərindən biridir.
Elçini dost sifətində görməyənlər də etiraf edərlər ki, o, atası İsmayıl Şıxlıdan sonra azərbaycanlılar üçün mənəvi dəyərə çevrilmiş «Şıxlı» adını böyük ləyaqət və şərəflə daşıyır. Bunun nə dərəcədə çətin olduğu müəllifin «giriş sözü» əvəzinə kitabın əvvəlinə çıxardığı «Yeni «Ayna» məqaləsindən görünür.
Mənim bir bağ qonşum var. Əməkli arxitektor, maraqlı həmsöhbətdir – Əvəz müəllim. Hərdən özü və həyat yoldaşı üçün oxumağa kitab götürməyə gəlir. Hər dəfə soruşur: «Elçin Şıxlının kitabı çıxmayıb? Niyə 25 il qəzet buraxıb, yüzlərlə yazı yazıb, bir dənə də kitabı yoxdur? Başqasının 50 məqaləsi yığılan kimi növbəti «seçilmiş əsərlər» ini nəşr edir, hər məqaləsini beş kitaba salır…»
İzah etməyə söz tapmıram. Onu deyim ki, bu kitabı da Elçin buraxmır, onun 60 illiyinə biz dostları – Rafiq İsmayılov, Qulu Məhərrəmli, İbrahim Nəbioğlu – hədiyyə edirik.
Arif Əliyev
Yeni “Ayna”
Qəzetin buraxılışını dayandıranda son yazımı “məğlubiyyətin bu qədər rahatlıq gətirəcəyini düşünməzdim” fikri üzərində qurmuşdum. Çünki doğrudan da yorulmuşdum. Ən çox da “yel dəyirmanlarıyla” savaşmaqdan…
Özümə söz verdim ki, daha yazı yazmayacam. Yazmadım da… Düz iki il… Bu vaxt ərzində haqqında oxuduğum, eşitdiyim və bildiyim, amma rastlaşmadığım çox şeylərlə üzləşdim. Vəfasızlıq da, eniklik də gördüm, amma əsl dostluğun nə demək olduğunu da anladım.
Əvvəlcə özümü hər şeydən təcrid etməyə çalışdım. Heç nə oxumadım, heç nə ilə maraqlanmadım. Şəhərə getməməyə çalışdım. Bu minvalla bir neçə ay keçdi. Nəhayət, darıxdım. Oskar Uayldın illərdir yarımçıq qoyduğum sehrli nağıllarının tərcüməsini tamamladım. Dostlar sağ olsun, kitabı çap elədilər. Sonra ingiliscə-azərbaycanca lüğət üzərində işlədim. İynə ilə gor qazmaq kimi bir şeydi. Və nəhayət, dəyərli dost və həmkarlarım Arif Əliyev və Qulu Məhərrəmli ilə jurnalistika terminlərinin izahlı lüğətini hazırladıq.
Və ən nəhayət, Rauf Mirqədirov azadlığa çıxdı. O həbs olunan gündən əmindim ki, günahsızdır. Amma bunun hüquqi isbatı üçün düz 23 ay təkadamlıq kamera həyatı yaşamalı oldu Rauf. Deyir, kitablar olmasaydı, bəlkə də, havalanardım. Yenə də kitab…
İndi isə məndən “iş” tələb edir… Yazmaq istəyir. Elə mən özüm də yazmaq istəyirəm. Çünki yazmadığım müddət ərzində anladım ki, nə ilə məşğul olsam da, özümə yer tapa bilmirəm. Hiss edirəm ki, zaman narın qum kimi barmaqlarımın arasından süzülüb gedir, mənsə edə biləcəklərimi etmirəm…
Dostlarla xeyli götür-qoydan sonra – İbrahim də (Nəbioğlu), Arif də (Əliyev), Qulu da (Məhərrəmli) məsləhət bildilər ki, “Ayna”nı bərpa edək. Və işə başladıq. Dəyərli insan və ziyalı, gözəl rəssam və işinin ustası Akifin (Hüseynov) təmənnasız dəstəyi ilə xeyli zəhmətdən sonra, deyəsən, nə isə alınmaq istəyir, ancaq Nicatla hələ də çalışırıq…
Amma bu, qəzet olmayacaq, çünki mövcud şərtlərdə çap mediası özünü nə dolandıra, nə də doğrulda bilər. Məhz ona görə də bu, kommersiya layihəsi deyil. Sadəcə, qələmi və sözünün ağası olan kəslərin ziyalı sözü deməsi üçün bir platformadır. Peşəkar jurnalistlərin “köşə”sidir. Yeni, “Ayna” saytında yalnız köşə yazıları olacaq – İbrahim Nəbioğlunun, Qulu Məhərrəmlinin, Rauf Mirqədirovun, Arif Əliyevin və mənim.
Özümüzü internet TV kimi də sınayacağıq. Zənnimcə, alınacaq, çünki Qulu Məhərrəmli və İbrahim Nəbioğlu kimi telejurnalistika ustadları bu işə əl qoyacaqlar…
* * *
“Sonra özündən xəbər aldı:
– Qoca, səni axı kim məğlub etdi?
Özü də cavab verdi:
– Heç kim! Sadəcə, mən dənizdə çox uzağa getdim”.
Bu, böyük Heminqueyin “Qoca və dəniz”indəki qoca Santyaqonun daxili dialoqundan bir parçadır. Deyilənlərin əsl mənasını indi anlayıram. Anlayıram ki, “dənizdə çox uzağa” yalnız sınanmış dostlarla getmək olar!
Elçin Şıxlı
2013…
İlin sitatı:
“Ağaclar ayaq üstə ölür”
Ayrılan yollar
Gülər Əhmədovanın həbsi məntiqəuyğun olduğu qədər də gözlənilməz alındı. Keçən il sentyabrın 25-dən közərən alov, deyəsən, yandırmağa başlayır. Elşad Abdullayevin Kventin Tarantinosayağı sürrealist süjetlərini izləyən cəmiyyət bunun nə ilə nəticələnəcəyini səbirsizliklə gözləsə də, həmin tamaşanın istəmədikləri halda baş qəhrəmanlarına çevrilmiş simaları son zamanadək özlərini nə qədər tox tutsalar da, yalnız müdafiə olunurdular. Bunu təbii qarşılamaq gərəkdir, çünki indiyədək Azərbaycanda hamıya ümumən bəlli, amma yenə də cib telefonlarını gizlətdikdən sonra belə pıçıltıyla dilə gətirilən həqiqətlərin bu cür qızıl-qırmızı ictimailəşdirilməsi olmamışdı. Hamı çaşqınlıq içindəydi. Yuxarılarda hikkədən boğulurdularsa, aşağılarda kiminsə, nəhayət, sallaqxana keçisi kimi qabağa düşməsindən həzz alanlar üstünlük təşkil edirdi.
Əvvəlcə videogörüntülərin saxta olduğu iddia edildi, sonra diqqət Elşad Abdullayevin özünün də düz adam olmadığına yönəldildi, amma bütün bunlar vaxt qazanmaq cəhdlərindən başqa bir şey deyildi. Nəhayət, “gülərgate” darvazasının paslanmış zirəzəsi cırıltıyla açıldı. Əvvəlcə Gülər Əhmədova Milli Məclisi tərk etdi, sonra isə YAP “məclis”i onunla yollarını ayırdı. Amma videoların ardı-arası kəsilmək bilmirdi. Onlar sahilə çırpılıb geriyə çəkilən dalğalar kimi hər dəfə yeni-yeni simaları üzə çıxarırdı. Süjet artıq qurban tələb edirdi. Belə də oldu – Sevinc Babayeva ölkədən qaçırılsa da, İstanbulda dünyasını dəyişdi. Çərşənbəyədək bu ən ağır itki idi, amma siyasi mənası və çəkisinə görə Gülər Əhmədovanın həbsi daha taleyüklü görünür. Bunun, zənnimcə, bir neçə səbəbi var. İlk növbədə, bu həbsin hansı hadisələr fonunda baş verdiyinə diqqət yetirmək lazımdır. Ölkədə son bir ay ərzində dalbadal bir yandan kortəbii xalq çıxışları, digər yandan da sosial şəbəkələr vasitəsilə təşkil olunduğu bildirilən etirazlar oldu. Kulminasiya İsmayıllıya təsadüf etdi. Orada baş verənlərin, bir çox oxşar cəhətlərə baxmayaraq, Qubadakılardan xeyli fərqi var. İlk halda bir çoxlarının nəsə bir şuluqluq olacağından əvvəlcədən xəbəri vardısa, İsmayıllıda baş verənlər kortəbii xarakter daşıyırdı. Və elə buna görə də İsmayıllı həyəcan təbili çalmağın əsl vaxtı olduğunu göstərdi, çünki nə Binə ticarət mərkəzində, nə əsgər ölümlərinə qarşı etiraz aksiyasında, nə də İsmayıllıda müxalifət deyə tanınan qüvvənin iştirakı vardı. Bu nəydisə, heç cür ipə-sapa yatmaya biləcək dərəcədə təhlükəli bir təzahürdü…
Bu yerdə Əkrəm Əylislinin “Daş yuxular”ı ortalığa atıldı. Atıldı kəlməsini necə istəyirsinizsə, elə də yoza bilərsiz, amma burada bir şey danılmazdır ki, “əkrəmgate” “gülərgate”i kölgədə qoydu. Hətta Şeyx həzrətləri yazıçını “mürtəd” belə adlandırdı. Ondan əvvəlsə ölkə prezidenti Əkrəm Əylislinin, demək olar, bütün imtiyaz və fəxri adlarını əlindən aldı. Və belə bir məqamda “Daş yuxular”ın diqqəti yayındırmaq üçün ortaya atıldığı fikri tərəfdarlarına onlarla razılaşmayanlara tənə etməyə imkan verməyən bir hadisə baş verdi – axşamayaxın Gülər Əhmədovanın həbsi xəbəri yayıldı. Belə çıxır ki, Əkrəm Əylisli “təhlükə”sindən də böyüyü varmış. Başqa cür olsaydı, bağları belə qəfildən kəsib yolları ayırmazdılar. Bu ya şahmatda olduğu kimi, piyadanı qurban verib təşəbbüsü ələ almaq cəhdidir, ya da endşpilə hazırlıq.
Kim bilir, bu qaranlıq və pusulu vadidə hələ nələr olacaq, amma bir çoxlarıyla yolların ayrılacağına şübhə yeri qalmamaqdadır.
23.02.2013
Zəngvarı qövs
“The Bell Curve” dilimizə “zəngvarı qövs” kimi tərcümə edilə bilər. Bu, 1994-cü ildə ABŞ-da işıq üzü görmüş kitabın adıdır. Müəllifləri amerikalı professorlar – psixoloq Riçard Hernstayn və politoloq Çarlz Marridir. Deyilənə görə, kitab sırf elmi əsər mahiyyəti daşıyır. Kitab bütün elmiliyinə rəğmən vaxtilə çox böyük diqqət cəlb etməklə yanaşı, həm də qalmaqal doğurmuşdu. Özü də elmi dairələrdən çox, geniş ictimaiyyət arasında. Müəlliflərin gəldiyi nəticələr müasir Amerika cəmiyyətinin təməl sosial prinsiplərini alt-üst edirdi. Belə ki, müəlliflər marksizm-leninizm klassiklərindən fərqli olaraq insanları peşələri və tutduqları vəzifəyə görə deyil, anadangəlmə əqli keyfiyyətlərinə, yəni intellektlərinə görə siniflərə bölürdülər. İntellekt səviyyəsinin ölçülməsində isə İQ parametrlərinə istinad edirdilər. İQ ingiliscə insan əqlinin (intellektinin) kəmiyyət baxımından hesablanması anlamına gələn “intelligence quotient” söz birləşməsinin qısaldılmış variantıdır. İQ xüsusi testlər vasitəsilə insanın düşüncə və düşünmək imkanlarının (bilik səviyyəsi, erudisiya bu yerdə nəzərə alınmır) təyin edilməsidir. Bir sözlə, İQ testlərinə görə, ortalama 100 balı ABŞ əhalisinin böyük əksəriyyəti toplaya bilir ki, onların da 50 %-nin göstəricisi 90-110, digər 50 %-ninsə 25-i 90-dan az, o biri 25-i də 110-dan çoxdu. Bu minvalla orta amerikalının və ya insan intellektinin göstəricisi 100-dürsə, 130-dan artıq toplayanlar istedadlı, 70-dən aşağı yığanlarsa əqli cəhətdən geri qalanlardır. Kitab müəllifləri geniş statistik göstəricilərə əsaslanmaqla Amerika cəmiyyətindəki müxtəlif zümrələrə aid insanların əqli göstəricilərinin müxtəlifliyini araşdıraraq aralarındakı dərin fərqlərin təhlükəli olduğu nəticəsinə gəlib, onlar ağır nəticələr verməmiş yürüdülən milli sosial siyasətə edilməli olan düzəlişlərdən söz açıblar. Professorların fikrincə, İQ göstəricisi az qala insanın alın yazısıdır. Bir sözlə, yüksək İQ sahibləri həyatda istədiklərinə, əsasən, nail olur və özləriylə yanaşı, ətrafdakılar və ən əsası ölkəyə də yalnız və yalnız başucalığı və xeyir gətirirlər. Kitab müəlliflərinin gəldiyi digər nəticələrlə ictimaiyyətin liberal kəsimi kökündən razılaşmasa da, hər halda, elmi nəticələr bambaşqa bir mənzərə yaradır.
“The Bell Curve” müəllifləri prezident Lindon Consonun zamanından tətbiq edilən “affirmative action”, yəni müsbət tədbirlər və ya hərəkətlər kimi tərcümə edilən və “hamıya bərabər imkanlar verən böyük cəmiyyət” sosial proqramının əsaslarını da laxladırdı. Həmin proqrama görə, irqindən, dərisinin rəngindən və məxsus olduğu sosial zümrədən asılı olmayaraq hamıya eyni imkanlar və şərait yaradılmalı idi. Yəni bizə sovet dövründən çox yaxşı tanış olan kvota sistemi tətbiq edilirdi. Təəssüf ki, bu prinsiplərdən çıxış edərək hər hansı bir iş yerinə namizədlər arasından ən qabiliyyətlisi deyil, kvotaya və yaxud həmin məqamın konyunkturasına uyğun gələni seçilə bilir. Məsələn, müəssisədə ağdərililər çoxluq təşkil edirsə, həmin yerə mütləq qaradərili namizədi götürəcəklər ki, bəyan edilmiş sosial bərabərlik prinsipi pozulmasın.
Bu yerdə, ən azı, 35 il bundan əvvəl iştirakçısı olduğum söhbəti xatırladım. Yenicə nişanlanmışdım. Tanışlarımdan biri təbrikdən sonra nişanlımın hansı millətdən olduğuyla maraqlandı və cavabında “özümüzünküdür” eşidəndə tam səmimi şəkildə “sənin kitabın bağlandı, daha səni heç cür Mərkəzi Komitəyə işə götürməyəcəklər” deyə heyifsiləndi. Doğrusu, tutuldum və ondan tezcə aralandım. Belə axmaq şeylərin olmasına heç cür inanmaq istəmirdim, amma elə həmin ildəcə başqa bir tanışımı elə həmin MK-yaca həyat yoldaşı rus, özü isə irəvanlı olduğuna görə asanlıqla işə götürdülər…
“Azərbaycan müharibə aparan ölkədir. Lakin bu müharibə səngərdə deyil, auditoriyalarda getməlidir. Azərbaycan müharibədə qalib gəlmək istəyirsə, bizim orta məktəblərin V sinif şagirdləri qonşu ölkənin V sinif şagirdindən üstün biliyə malik olmalıdır. Təəssüf ki, biz bunu reallıqda görmürük. Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PİSA) əsasən, Azərbaycan 15 yaşlı uşaqların biliyinin səviyyəsinə görə 57 ölkə arasında 56-cı yerdədir”.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Bakı Ali Neft Məktəbində çıxışı zamanı deyib. Onun sözlərinə görə, orta məktəblərdə savadsızlığa, nadanlığa və tənbəlliyə qarşı müharibə elan edilməlidir: “Biz qan tökməzdən əvvəl tər tökməliyik. Səngərdə olan əsgər bilikli əsgər olmalıdır. Çünki bütün müharibələri insanlar, ilk növbədə, öz bilikləri ilə udur”.
Məleykə xanımın bu dediklərindən sonra düşündüm ki, deyəsən, Azərbaycanda İQ testi aparmağın lap vaxtıdır, çünki bu gedişlə məmləkəti İQ göstəricisi 70-dən aşağı olanların təmsil və idarə edəcəyi günü görmək təhlükəsiylə tək bizim övladlarımız deyil, elə özümüz də qarşılaşacağıq…
27.02.2013
Son yarpaq
Bu günlərdə Rusiyada dəbdə olan yazıçı Boris Akuninin “Financial Times” qəzetinə verdiyi müsahibəylə tanış oldum. Diqqətimi onun söylədiyi bir fikir çəkdi. Deyir, bəxtim gətirib ki, SSRİ-də anadan olub da hal-hazırda Rusiyada yaşayıram. Yoxsa sakit və rahat ölkədə doğulan adamlar kimi 90 yaş yaşayıb necə insan olduğunu bilməyə bilərsən, çünki həyat səni əməlli-başlı sınağa çəkmir.
Qəribə məntiqdir – dünya-aləm Rusiyada insan haqlarının pozulmasından, demokratiyanın boğulmasından, ölkənin totalitarizmə yuvarlanmasından, millətin zillət içində yaşamasına rəğmən bir ovuc insanın ölkəni talan edib kef çəkməsindən, korrupsiyadan və ən nəhayət, söz və ifadə azadlığının heç səviyyəsində olmasından danışır, yazıçı isə sanki bunlarsız yaşaya bilmədiyini söyləyir, deyir ki, 56 yaşım olsa da, Rusiyada artıq 5-6 həyatlıq ömür sürmüşəm.
Rusiyada, lap elə Azərbaycanın özündə sosial sorğu keçirə bilsəydim, bir sual verərdim: 90 yaş rahat həyat sürüb nəyə qadir olduğunuzu bilmədən ölə biləcəyiniz, yoxsa sizi 56 yaşa çatanda 5-6 ömür sürmək məcburiyyətində qoyan bir ölkədə yaşamaq istərdiniz? Zənnimcə, böyük əksəriyyət 90 yaşadək firavan yaşamaq imkanı yaradan ölkəyə səs verər və həmin səsvermənin nəticələri heç kimdə şəkk-şübhə doğurmazdı. İnanın ki, özünün nə kimi bir insan və nəyə qadir olduğunu bilmək istəyənlərin sayı heç dərəcəsində olacaq. Hamı firavan həyatı seçəcək. Bax problemin kökü də elə bundadır.
Bu yerdə yadıma dünya ədəbiyyatına hekayə ustası kimi möhürünü vurmuş böyük Amerika yazıçısı O. Henrinin “Son yarpaq” əsəri düşdü. Hekayənin iki əsas personajından danışacam. Hər ikisi rəssamdır, yəni bizim dillə desək, ziyalıdır, özü də yaradıcı ziyalı. Yaşadıqları ölkə də bu gün, qeyd edirəm, bu gün, rahatlıqla 90 yaş ömür sürüləsi bir yerdir, amma hadisələr XXI deyil, XIX əsr Amerikasında cərəyan edir – hələ sətəlcəmin belə insanları öldürdüyü bir ölkədə.
Soyuq noyabr günlərinin birində Nyu-Yorkun rəssamlar məhəlləsi kimi tanınan Qrinviç-Villicdə yaşayan iki gənc rəssam xanımdan biri – Consi sətəlcəm olur. Sağalma şansları 1:10 nisbətindədir. O yeganə şans da xəstənin yaşamaq istəyidir. Amma Consi nədənsə həyatı uğrunda çarpışmaq istəmir, bu azmış kimi, beyninə pəncərəsiylə üzbəüz binanın divarını sarmış sarmaşığın son yarpağının düşəcəyi gündə öləcəyini də salır və beləliklə, gözünü sarmaşıqdan çəkmir. Yarpaqlar töküldükcə qızın gözündəki həyat eşqi də öləziyir.
Consigildən bir mərtəbə aşağıda ömürboyu misilsiz rəsm əsəri yaratmaq istəyən, lakin bunu bacarmayan Berman soyadlı qoca rəssam yaşayırdı. Çörəkpulunu həmkarlarına “naturşik”lik etməklə qazanan qoca Berman Consinin yarpaq şakərindən xəbər tutanda sarmaşığın son yarpağı da düşməkdəydi… Və qoca Berman, nəhayət ki, ŞEDEVR yaradır. Soyuq havada, şıdırğı yağışın altında gecəykən yuxuya dalmış Consi üçün SON YARPAQ çəkir və qıza həyat eşqini qaytarır, onu ölümün caynağından qoparır. Özü isə… sətəlcəm olub ölür. Qoca Berman şedevrini həyatı bahasına yaradır… Əslində, ŞEDEVR onun çəkdiyi YARPAQ deyildi, ŞEDEVR onun Consini həyata qaytarmasıydı.
90 il rahat yaşayıb ölə bilmək üçün ŞEDEVR yaratmaq lazımdır, əziz oxucu, ŞEDEVR. Özü də hər kəs özünün, lap balaca da olsa, şedevrini yaratmağa hazır olmalıdı. Əks təqdirdə rahatlıqla 90 il ömür sürülə biləcək məmləkətdə deyil, 56 yaşında 5-6 ömür yaşanan bir coğrafi məkanda itib-batacağıq, özü də nəyə qadir olduğumuzu ayırd etməyə macal tapmamış…
13.03.2013
Quzğun
Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu martın 10-da Fəvvarələr meydanındakı əsgər ölümlərinə qarşı keçirilən icazəsiz aksiya zamanı jurnalistlərin bəzilərinin peşə fəaliyyətinə uyğun olmayan hərəkətlər etdiyini bildirir. Qeyd etmək lazımdır ki, həmin qrupa Daxili İşlər Nazirliyi əməkdaşları da daxil imiş. MŞ və DİN mütəxəssislərindən ibarət bu qrupun bildirdiyinə görə, jurnalistlər, təbii ki, hamısı yox, əyinlərinə “Press” yazılı xüsusi gödəkçə geymələri azmış kimi, hələ bir etirazçıların arasına da soxularaq öz işlərindən başqa nə ilə desəniz məşğul imişlər. Bütün bunlar qrupa belə bir nəticəyə gəlməyə əsas verib ki, onların hərəkətləri jurnalistika prinsipləriylə daban-dabana ziddir, çünki jurnalistin əsas vəzifəsi hadisələri doğru, dürüst və tərəfsiz işıqlandırmaqdır.
Bir sözlə, köhnə hamam, köhnə tas. Jurnalistlərin gerçək və bəzən də amansız həyat həqiqətlərini işıqlandırarkən hadisələrin tam ortasına düşəndə necə hərəkət etməli olduqları həmişə müzakirə mövzusu olub və zənnimcə, gələcəkdə də elə belə qalacaq. Hərənin bir fikri var. Məsələn, Milli Qəhrəman, mərhum həmkarımız Çingiz Mustafayevin Xocalı qırğınından çəkdiyi kadrlar. Dəhşətli və insanın qanını damarlarında donduran səhnədir. Və… Çingiz ağlayır, çünki o, jurnalist olmaqla və həmin məqamda peşə borcunu yerinə yetirməklə yanaşı, həm də bir insandır, özü də, ilk növbədə, insan və yalnız sonra jurnalistdir. Əslində, sırf peşə baxımından onun ağlamamalı olduğunu da demək olar. Amma necə deyəsən? Bu, mümkündürmü?!
Yaxşı yadımdadı, 2003-cü ilin prezident seçkilərindən sonrakı hadisələr zamanı jurnalistlərin döyülməsinə onların guya etirazçıların arasında olmaları və asayiş keşikçilərinə fəal müqavimət göstərmələri ilə bəraət qazandırırdılar. Həmkarlarımdan kiminsə döyülməmək üçün özünü fəal şəkildə müdafiə etdiyini istisna etmirəm, hətta müsahibələrimdən birində demişdim ki, jurnalist aksiya zamanı əlinə daş alan məqamdan toxunulmazlığını itirir. Amma nəzəri cəhətdən söylədiklərim nə qədər düzgün səslənsə də, bir o qədər də gerçəklikdən uzaqdı. Bir var rahat yerdə oturub “dahiyanə” fikirlər yürüdəsən, bir də var başını yarandan sonra jurnalist olduğunu unutmayasan. Lap elə həmkarım və dostum Arif Əliyev kimi – etirazçılar kəsəklə vurub başını yarmışdılar, polis də tutub təcridxanaya salmışdı ki, etirazçısan. Di gəl bundan sonra etiraz etmə, görüm necə edirsən?!
Fikrimi 1994-cü ildə beynəlxalq miqyasda ən ali jurnalist mükafatı – Pulitser mükafatı almış cənubi afrikalı fotomüxbir Kevin Karterin yaşadıqlarını nəzərinizə çatdırmaqla bitirmək istəyirəm. Kevin Karter o zamanlar məşhur olan və özlərini “Bang-bang team” adlandıran fotomüxbir qrupunun üzvü olaraq dünyanın ən qaynar və təhlükəli nöqtələrində çalışıb. Həmin qrupdan bir neçə jurnalist Pulitser mükafatına layiq görülmüşdü. K.Karter 1993-cü il Sudan hadisələrini işıqlandırarkən təsadüfən dəhşətli bir səhnənin – acından ölməkdə olan qızcığazın və onun böyrünü kəsdirib qurbanının nə vaxt canını tapşıracağını gözləyən iri bir quzğunun fotosunu çəkmişdi. Şəkil daha təsirli və keyfiyyətli alınsın deyə Kevin bir xeyli uyğun rakurs seçmiş və nəhayət, quzğunun 10 metrlikdən, biçarə uşağı didməyə başlamasından azca əvvəl şəklini çəkmişdi. Qızcığazı quzğunun dimdiyindən son anda qurtarsa da, həmin jurnalist işinə görə ”Pulitser” almış Kevin Karteri ictimaiyyət ellikcə mənəviyyatsızlıqda ittiham etmişdi. Hərçənd onun bu işini “The New-York Times” kimi dünyamiqyaslı bir nəşr öz səhifələrində yaymışdı.
Maraqlıdır, görəsən, Mətbuat Şurası və Daxili İşlər Nazirliyinin birgə monitorinq qrupu Kevin Karterin bu davranışını necə qiymətləndirərdi? Ona öz peşə borcunu doğru-dürüst və ən əsası tərəfsiz yerinə yetirdiyinə görə haqq qazandırardı, yoxsa insan olduğunu unudub da uşağın vəhşi quzğunun şikarına çevrilməsinə mane olmamaqda günahlandırardı?
Ümumiyyətlə, Karter həmin məqamda nə düşünür və hansı hisləri keçirirmiş? O, yəqin ki, seçim qarşısındaymış: ya ”Pulitser” və dünya şöhrəti, ya da heç nə; ya peşə borcunu yerinə yetirmək, ya da insan həyatını xilas etmək… Hər halda, həmin gün Karterinki gətirmişdi – həm ”Pulitser”lik foto çəkmişdi, həm də son anda quzğunu uşağı öldürməyə qoymamışdı. Qısası, nə şiş yanmışdı, nə kabab. Amma həmişə belə olmur axı!
Elə Karterin sonrakı aqibəti də bunu təsdiqləyir. O, 1994-cü ildəcə, ”Pulitser”in tam keyfini çəkməmiş yağdırılan tənələr, peşəsiylə bağlı üzləşdiyi dəhşətli hadisələr, gözünün qabağındaca, qarşısını ala bilmədiyi və bir jurnalist kimi lentə almalı olduğu törədilən vəhşi qətllər və ən nəhayət, maddi sıxıntılar ucbatından 33 yaşındaykən intihar edir.
İndi buna necə qiymət verəsən, əziz oxucu?!
27.03.2013
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?