Текст книги "Hekayələr"
Автор книги: Эрнест Хемингуэй
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]
– Necə? Zəhlə tökmək nədi, anlamıram. Birinci dəfə mən Maqalyanes limanında suya girmişdim, dərhal qabağıma səkkizayaq çıxdı. Bütün ayaqları üstündə dayanmışdı. Bax belə. – Con barmaqlarını masaya dirədi, dirsəklərini və çiyinlərini qaldırdı, gözlərini bərəltdi. – Məndən hündür idi və düz gözümün içinə baxırdı. Məni yuxarı qaldırsınlar deyə kəndiri dartdım.
– Nə böyüklüyündə idi, Con?
– Dəqiq deyə bilmərəm, çünki dəbilqəmin şüşə gözlüyü mane olurdu. Ancaq başı dörd futdan az olmazdı. Özü də ayaqlarının üstündə dayanıb mənə bax belə baxırdı (o, gözlərini üzümə zillədi). Məni yuxarı qaldırıb dəbilqəmi çıxardanda dedim ki, bir də aşağı enən deyiləm. Belə olanda böyüyümüz dedi: “Con, sənə nə olub? Səkkizayaq səndən daha çox qorxub”. Mənsə cavab verdim: “Bu, mümkün deyil!” Bəlkə, bu faşist içkisindən bir də içək?
– Olar, – dedim.
Mən o biri masanın arxasında oturan adama göz qoyurdum. Onun adı Luis Delqado idi. Sonuncu dəfə Delqadonu 1933-cü ildə San-Sebastyanda göyərçinlərə atəş açma yarışlarında görmüşdüm. Yadımdadır ki, biz onunla yuxarı tribunada yanaşı dayanıb “Böyük mükafat” uğrunda final yarışını izləyirdik. Biz Delqado ilə mənim maddi imkanlarımdan qat-qat artıq, düşündüyüm qədər, həmin vaxt onun da ödəmə qabiliyyətini aşan məbləğdə mərcə girmişdik. O, pilləkənləri enəndə və heç nəyə baxmayaraq uduzduğu məbləği ödəyəndə fikirləşmişdim ki, özünü necə də məğrur aparır, göstərməyə çalışır ki, mərci mənə uduzmağı da şərəf sayır. Sonra onunla barda bala-bala martini qurtuldatdığımız zaman özümü olduqca yüngül hiss edirdim, çünki sudan quru çıxmış kimiydim. Eyni zamanda uduzmağın onun üçün nə dərəcədə ağır olduğunu bilmək istəyirdim. Mən bütün həftəni çox pis, o isə əksinə, olduqca sərrast atəş açmışdı, özü də daim əlçatmaz göyərçinləri seçirdi və həmişə mərcə girirdi.
– Tam xoşbəxtlik üçün revanşla aranız necədir? – o soruşdu.
– Ürəyiniz istəyirsə.
– Əgər siz etiraz etmirsinizsə, istəyir.
– Neçədən?
O, pul kisəsini çıxartdı, içinə baxdı və şaqqanaq çəkdi.
– Əslinə baxanda mənim üçün fərqi yoxdur, – o dedi, – məsələn, səkkiz min pesetdən. Məncə, o qədər pulum olar.
Həmin vaxtın məzənnəsi ilə bu, təxminən min dollar edirdi.
– Yaxşı, – mən dedim və dərhal da daxili sakitlik hissim yoxa çıxdı, onun yerini mənasız risk həvəsi tutdu. – Kim başlayır?
– Siz başlayın.
Biz beş pesetlik ağır gümüş pulları ovcumuzda silkələdik. Sonra hər birimiz öz pulumuzu sol ovcumuzda tutub sağ ovcumuzla üstünü örtdük.
– Sizdəki nədir? – o soruşdu.
Mən sağ əlimi götürdüm və XIII Alfonsun uşaqlıq profilinin üstünü açdım.
– Kral, – dedim.
– Bu kağızları götürün və lütfən, içki sifariş edin. – O, pul kisəsinin içini boşaltdı. – Məndən yaxşı qoşalülə alarsınızmı?
– Yox, – dedim. – Qulaq asın, Luis, əgər sizə pul lazımdırsa…
Mən qalın, parıltılı-yaşımtıl rəngli minlik pul dəstəsini ona uzatdım.
– Səfehləməyin, Enrike, – o dedi. – Biz mərc gəldik, elə deyil?
– Elədir. Amma biz bir-birimizi kifayət qədər tanıyırıq.
– Görünür, o qədər də yaxşı tanımırıq.
– Yaxşı, – mən dedim. – Özünüz bilərsiniz. Nə içəcəyik?
– Kinəli cinlə aranız necədir? Qəşəng içkidir.
Biz kinəli cin içdik, onu pulsuz qoyduğuma görə özümü xeyli pis hiss etsəm də, udmağıma şad idim və kinəli cin mənə əvvəllər olduğundan daha dadlı gəldi. Belə şeylər haqda yalan danışmaq və udmağına guya sevinmədiyini söyləyərək riyakarlıq etmək nəyə lazımdır? Amma bu Luis Delqado yaman oyunçu idi.
– Düşünmürəm ki, cibinə baxıb oynamaq ləzzət versin. Necə düşünürsünüz, Enrike?
– Bilmirəm. Heç vaxt cibimə görə oynamamışam.
– Yalan danışmayın. Sizin ki pulunuz çoxdur.
– Təki elə olaydı, – dedim. – Amma elə deyil.
– O-o, hər bir kəsin pulu ola bilər, – Delqado dedi. – Nəyisə satırsan və budur, pulun var.
– Amma mənim satmağa da bir şeyim yoxdur. Məsələ bundadır.
– Yaxşı görək. Mən hələ elə amerikalıya rast gəlməmişəm. Siz hamınız varlısınız.
Həmin günlər üçün o, haradasa haqlı idi. O vaxtlar nə “Ritsa”da, nə “Çikote”də başqa amerikalıya rast gələ bilməzdin. İndi isə Çikotenin yanına gəlməklə o, əvvəllər rast gəlmədiyi amerikalıları görə bilərdi. Mən heç, mən istisna idim və onu burada görməmək üçün çox şey verərdim.
Amma bir halda ki bu boyda ağılsızlığa yol verib, “Çikote”də peyda olub, qoy təqsiri özündə görsün. Buna baxmayaraq Delqadonun arxasında oturduğu masaya göz qoyarkən və keçmişi yada salarkən mənim ona yazığım gəlirdi, ofisianta əks-kəşfiyyat idarəsinin telefon nömrəsini verdiyim üçün özümü qınayırdım. Əlbəttə, ofisiant özü də məlumat bürosuna zəng vurub bu nömrəni öyrənə bilərdi. Amma mən ona Delqadonu tutmağın qısa yolunu göstərdim.
Mən bunu ədalət hissinin birdən-birə içimdə baş qaldırdığı anda etmişdim; həm də yazıçı kimi, insanın özünü kəskin emosional konflikt anında necə aparacağını görmək həvəsim üstün gəlmişdi, yazıçıların məhz bu xüsusiyyəti onları başqaları üçün cazibədar dosta çevirir.
Ofisiant yaxınlaşdı.
– Nə düşünürsünüz? – o soruşdu.
– Şəxsən mən heç vaxt onu ələ verməzdim, – öz-özümə bəraət qazandırmaq üçün dedim. – Ancaq mən əcnəbiyəm, bu isə sizin müharibənizdir, qərarı da siz verməlisiniz.
– Siz, heç olmasa, bizim tərəfimizdəsiniz?
– Bütünlüklə və həmişəlik. Amma bu o demək deyil ki, mən köhnə dostları sata bilərəm.
– Bəs mən?
– Burada vəziyyət tamam başqa cürdür.
Mən hər şeyin dediyim kimi olduğunu bilirdim və ona görə başqa cür danışa bilməzdim, ancaq ofisiantın yerinə olsaydım, belə sözlər eşitməməyə üstünlük verərdim.
Əslində, belə vəziyyətlərdə insanların özlərini necə aparacaqlarına olan marağımı çoxdan təmin etmişdim və məyusedici nəticələrə gəlmişdim. Mən üzümü Cona çevirib Luis Delqadonun oturduğu masaya tərəf baxmadım. Bilirdim ki, təyyarəçi kimi bir ildən artıq faşistlərə xidmət edib. Buraya isə Fransada təlim keçən üç cavan respublikaçı təyyarəçi ilə birgə gəlmişdi, özü də əyninə respublika ordusunun formasını geymişdi.
Bu cavanlardan heç biri onu tanıya bilməzdi və o, bura, bəlkə, təyyarə qaçırmaq, bəlkə də, başqa bir ziyan vurmaq üçün gəlmişdi. Amma hər nə məqsədlə gəlmişdisə də, “Çikote”də görünməyi ağılsızlıq idi.
– Con, özünüzü necə hiss edirsiniz? – mən soruşdum.
– Yaxşı hiss edirəm, – o dedi. – Yaxşı içkidir, okey. Məni bir az kefləndirib. Amma başımdakı küyü azaldır.
Ofisiant yaxınlaşdı. Həyəcanlı idi.
– Onun barəsində məlumat verdim, – dedi.
– Hə, deməli, artıq sizin üçün hər şey aydındır, – mən dedim.
– Bəli, – o, qürurla cavab verdi. – Mən məlumat verdim. Artıq onu həbs etməyə gəlirlər.
– Gəlin gedək, – mən Cona dedim. – Burada səs-küy qopacaq.
– Onda getsək yaxşıdır, – Con dedi. – Nə qədər sakitlik axtarsan da, hər yerdə səs-küyə düşürsən. Borcum nə qədərdir?
– Necə, deməli, siz qalmırsınız? – ofisiant soruşdu.
– Yox.
– Axı mənə telefon nömrəsini siz verdiniz…
– Nə etməli. Sizin şəhərdə çox qalanda xeyli telefon nömrəsi öyrənməli olursan.
– Axı bu mənim borcum idi.
– Əlbəttə. Başqa cür ola da bilməzdi. Borc – əhəmiyyətli məsələdir.
– Bəs indi?
– İndi isə siz bununla fəxr edirsiniz, elə deyilmi? Bəlkə, hələ uzun müddət fəxr edəcəksiniz. Bəlkə, bu sizin xoşunuza gələcək.
– Bağlamanı unutdunuz, – ofisiant dedi. O, “Mahmız” jurnalının banderol kağızına bükülmüş əti mənə verdi – bu jurnal səfirlik otaqlarından birində qalaqlanıb qalmışdı.
– Mən sizi anlayıram, – ofisianta dedim. – Yaxşı anlayıram.
– O bizim köhnə müştərimiz idi, yaxşı müştəri idi. Özü də indiyə qədər heç kimi ələ verməmişəm. Mən bunu dilxoşluq üçün etməmişəm.
– Mən də sizin yerinizdə olsam, nə özümü arsızlığa qoyardım, nə də kobudluq edərdim. Ona deyin ki, mən xəbər vermişəm. Çox güman, onsuz da mənə bir siyasi rəqib kimi nifrət edir. Bunu sizin etdiyinizi bilmək onun üçün ağır olar.
– Yox. Gərək hər kəs öz əməllərinə özü cavab versin. Siz ki başa düşürsünüz?
– Əlbəttə, – dedim. Sonra yalan söylədim: – Başa düşür və təqdir edirəm.
Müharibədə tez-tez yalan danışmaq lazım gəlir və əgər bunu etmək zəruridirsə, mümkün qədər cəld və yaxşı etmək lazımdır.
Biz bir-birimizin əlini sıxdıq və sonra mən Conla birlikdə küçəyə çıxdım. Delqado oturan masaya tərəf boylandım. Qabağında kinəli cin var idi və hamı onun danışdıqlarına qulaq asıb gülürdü. Onun olduqca şən və əsmər sifəti var idi. Gözləri əsl atıcı gözləri idi. Mənə maraqlı gəldi: görəsən, özünü necə təqdim edib?
Hər halda, “Çikote”də görünmək axmaqlıq idi. Amma o özününkülərin yanına qayıda bilsə idi, bununla öyünmək olardı.
Biz qapıdan çıxanda “Çikote”nin qabağında iri bir maşın dayandı və maşından səkkiz nəfər sıçrayıb düşdü. Əli avtomatlı altı adam qapının hər iki tərəfində dayandı. Mülki geyimli iki nəfərsə bara girdi. Gələnlərdən biri sənədlərimizi soruşanda mən: “Əcnəbiyik”, – dedim, o isə söylədi ki, hər şey qaydasındadır və biz gedə bilərik.
Qran-Via ilə üzüyuxarı səkilərin üstü təzəcə tökülmüş pəncərə şüşələri və divarlardan qopmuş daş qırıntıları ilə dolu idi. Havadakı tüstü hələ çəkilməmişdi, küçədən isə partlamış mərmi və parçalanmış qranit iyi gəlirdi.
– Siz harada nahar edəcəksiniz? – Con soruşdu.
– Məndə hamıya bəs edəcək qədər ət var, onu elə mənim nömrəmdə bişirmək olar.
– Mən qızardaram, – Con dedi. – Mən yaxşı aşpazam. Yadıma gəlir: bir dəfə gəmidə yemək hazırlayırdım…
– Qorxuram ki, ət bərk ola, – mən dedim. – Təzə kəsiblər.
– Eybi yoxdur, – Con dedi. – Müharibədə bərk ət olmur.
Kinoteatrdan evə tələsən adamlar qaranlıqda yanımızdan keçirdilər. Onlar kinoteatra bombardmandan gizlənmək üçün girmişdilər.
– Həmin faşist hamının onu tanıdığı bara niyə gəlmişdi?
– Görünür, başı xarab olub.
– Bunu müharibə edib, – Con dedi. – Həddindən artıq başıxarab adam var.
– Con, – mən dedim, – lap gözündən vurdunuz.
Otelin girişində, qapıçının otağının qarşısında üst-üstə yığılmış kisələrin yanından ötdük və mən qapıçıdan açarı verməsini xahiş etdim. Ancaq o dedi ki, iki yoldaş mənim otağımda vanna qəbul edir. Açarı onlara verib.
– Con, yuxarı qalxın, – dedim. – Telefonla bir-iki zəng etməliyəm.
Telefonu götürüb ofisianta verdiyim nömrəni yığdım.
– Hello, Pepe.
Dəstəkdə təmkinli səs eşidildi:
– Olla. Aue tal (ispanca: “İşlər necədir?”), Enrike?
– Qulaq asın, Pepe, siz “Çikote”də Luis Delqadonu yaxaladınız?
– Si, hombre. Si. Sin novedad (ispanca: “Hə, dostum. Hə. Yeni bir şey yoxdur”). Problem olmadı.
– O, ofisiant barədə nəsə bilir?
– No, hombre, no (ispanca: “Yox, dostum, yox”).
– Elə isə onun barəsində heç nə deməyin. Deyin ki, mən xəbər vermişəm, aydındır? Ofisiantın adını çəkməyin.
– Nə üçün? Nə fərqi var? O, casusdur. Onu güllələyəcəklər. Məsələ aydındır.
– Bilirəm, – dedim. – Amma mənim üçün fərqi var.
– Necə istəyirsiniz, hombre. Necə istəyirsiniz. Nə vaxt görüşəcəyik?
– Sabah gəlin. Ət veriblər.
– Ətdən qabaq isə viski. Yaxşı, hombre, danışdıq.
– Salud, Pepe, təşəkkür edirəm.
– Salud, Enrike, dəyməz.
Bu çox qəribə səs idi, sönük səs idi və mən heç cür ona öyrəşə bilmirdim. Amma indi, öz nömrəmə qalxan zaman bir yüngüllük hissi keçirdiyimi duydum.
Hamımız – “Çikote”nin köhnə müştəriləri – bara xüsusi bir münasibət bəsləyirdik. Çox güman, Luis Delqado məhz buna görə belə bir ağılsız addım atmışdı. Öz işlərini başqa bir yerdə də görə bilərdi. Ancaq Madridə gəlib bara baş çəkməyə bilməzdi. Ofisiantın sözlərinə görə, o, yaxşı müştəri imiş və biz nə vaxtsa dostluq etmişdik. Əgər həyatda kiməsə kiçik bir yaxşılıq etmək imkanınız varsa, bundan imtina etmək lazım deyil. Ona görə də mən təhlükəsizlik idarəsində işləyən dostum Pepeyə zəng vurmağıma peşman deyiləm. Çünki Luis Delqado “Çikote”nin köhnə müştərilərindən idi və onun ölümqabağı öz barının ofisiantları barədə pis fikirləşməsini istəmirdim.
Tərcümə: Fərrux Şıxlinski
YAD ÖLKƏDƏ
Payızda müharibə hələ davam edirdi, amma bizim üçün o artıq başa çatmışdı. Milanda payız soyuq idi, hava da tez qaralırdı. Elektrik fənərləri yandırırdılar. Vitrinlərə baxa-baxa küçələrdə dolaşmaq xoş idi. Çöl tərəfdə, mağazaların qabağında ovçuların gülləsinə tuş gəlmiş xeyli heyvan asılmışdı. Külək tülkünün quyruğunu yellədir, xəzinin üstünə isə narın-narın qar yağırdı. İçalatı çıxarılmış donmuş maral cəmdəkləri yerə qədər sallanır, rüzgar xırda quşları yırğalayır, yel onların lələklərini oynadırdı. Soyuq bir payız idi, dağlardan külək əsirdi.
Hamımız hər gün hospitalda olurduq. Şəhərdən hospitala müxtəlif yollardan keçməklə getmək olardı. Yolun ikisi kanal boyunca uzanırdı, amma bu çox uzaq idi. Hospitala düşmək üçün kanalın üstündən salınmış körpülərin birindən keçməli olurduq. Üç körpü var idi. Onlardan birinin üstündə qadın qovrulmuş şabalıd satırdı. Manqalın yanı isti olurdu. Şabalıdlar da adamın cibində uzun müddət isti qalırdı. Hospital qədim və yaraşıqlı binada yerləşirdi. Biz qapının birindən girir, həyətdən keçir, sonra əks tərəfdəki o biri qapıdan çıxırdıq. Həyətdə, demək olar ki, hər dəfə dəfn mərasimi ilə qarşılaşırdıq. Köhnə binanın arxasında kərpicdən tikilmiş iki təzə bina var idi. Biz hər gün orada görüşür, bir-birimizdən nəzakətlə hal-əhval tutur və aparatların arxasına keçirdik. Bu aparatlara böyük ümidlər bəslənirdi.
Həkim mən oturan aparata yaxınlaşıb soruşdu:
– Müharibəyə qədər nə ilə maraqlanmısınız? İdmanla məşğul olmusunuz?
– Bəli, futbol oynamışam, – cavab verdim.
– Çox gözəl, – o dedi, – əvvəlkindən də yaxşı futbol oynayacaqsınız.
Dizim bükülmürdü, topuğuma qədər qurumuşdu. Aparat onu qatlamalı və velosiped sürən zaman olduğu kimi tərpənməyə məcbur etməli idi. Amma o hələ də bükülmür və iş qatlanmaq məsələsinə çatanda hər dəfə aparat ilişib dayanırdı. Həkim dedi:
– Düzələcək. Bəxtiniz gətirib, cavan oğlan. Tezliklə yenidən əla futbolçu ola biləcəksiniz.
Qonşu aparatda mayor oturmuşdu. Onun balaca əli var idi. Lap uşaq əlinə oxşayırdı. Əlini iki qayışın arasına salmışdılar. Qayışlar aşağı-yuxarı hərəkət edərkən onun hərəkətsiz barmaqlarına toxunurdu. Həkim mayorun əlini yoxlamağa başlayanda o mənə göz vurdu və soruşdu:
– Mən də futbol oynayacam, həkim?
Mayor məşhur qılıncoynadan idi, müharibədən qabaq İtaliyanın ən yaxşı qılıncoynadanı sayılırdı.
Həkim öz otağına keçdi və qurumuş bir əl şəkli gətirdi. Bu əl müalicəyə qədər mayorunku kimi balaca olmuş, sonra isə bir az böyümüşdü. Mayor salamat əli ilə şəkli götürüb çox diqqətlə baxdı.
– Güllə dəyib? – o soruşdu.
– Zavodda baş vermiş bədbəxt hadisədir, – həkim dedi.
– Olduqca maraqlıdır, çox maraqlı, – mayor dedi və şəkli həkimə qaytardı.
– İndi əmin oldunuz?
– Xeyr, – mayor dedi.
Bura hər gün gələn üç xəstə var idi. Onlar mənimlə eyni yaşda olardılar. Üçü də milanlı idi; biri vəkil, o biri rəssam, üçüncüsü isə hərbçi olmaq istəyirdi. Müalicəmizi aldıqdan sonra hərdən bir yerdə “La Skala” teatrının yanında yerləşən “Kova” kafesinə baş çəkirdik. Dörd nəfər olduğumuz üçün kəsə yolla, fəhlə məhəllələrindən keçərək gedirdik. Zabit olduğumuza görə bizə nifrət edirdilər və biz kiçik yeməkxanaların qabağından keçəndə çox vaxt içəridən qışqırırdılar: “Abasso gli ufficiali!”11
“Rədd olsun zabitlər!”
[Закрыть] Bəzən bizimlə birlikdə hospitaldan qayıdan beşinci adamın isə üzü qara ipək yaylıqla örtülü idi: onun burnu yox idi, üzündə də əməliyyatlar aparırdılar. Cəbhəyə birbaşa hərbi akademiyadan yollanmış və atəş xəttinə çatandan bir saat sonra yaralanmışdı. Üzünü qaydaya saldılar, amma o, qədim bir nəslin nümayəndəsi olduğundan burnunun da bərpa edilməsini istəyirdi. Bununla belə, düz-əməlli bərpa edə bilmədilər. O, Cənubi Amerikaya gedib orada bankda işləməyə başladı. Amma bu, sonralar baş verdi, o vaxt isə hələ heç birimiz başımıza nələrin gələcəyini bilmirdik. Bildiyimiz bircə bu idi ki, müharibə hələ davam edir, amma bizim üçün o artıq bitib.
Üzündə qara ipək yaylıq olan gəncdən başqa, hamımızın eyni ordenləri var idi. O, orden almaq üçün cəbhədə çox az olmuşdu. Vəkil olmağa hazırlaşan solğunbənizli, hündürboy gənc isə Arditti alayının leytenantı idi. Bizim hərəmizdə bir dənə olan ordendən onda üçü var idi. O, dəfələrlə ölümlə üz-üzə dayanmışdı və hamıdan kənar gəzirdi. Əslində, hamı hamıdan kənar gəzirdi və hospitaldakı gündəlik görüşlərdən başqa, bizi bir-birimizə heç nə bağlamırdı. Buna baxmayaraq biz şəhərin ən təhlükəli hissəsi ilə “Kova” kafesinə gedəndə də (pəncərələrindən işıq süzülən və mahnı sədaları eşidilən yeməkxanaların yanından ötürdük), itələşə-itələşə qaranlıq küçələrdən keçəndə də (səkilərdə toplaşıb dayanan adamları yarıb özümüzə yol açmalı oldurduq) hiss edirdik ki, beşimizi də elə yaşantılar birləşdirir ki, bizə nifrət edən bu adamlar heç vaxt onları anlaya bilməyəcəklər.
“Kova” kafesinə gəldikdə isə hər şey aydın idi. Bura isti və yaraşıqlı, amma alaqaranlıq bir yer idi. Axşamlar içəri səsli-küylü olur, siqaret tüstüsündən adamın gözü acışırdı. Masaların arxasında həmişə qızlar, divarlarda isə qarmaqlardan asılmış şəkilli jurnallar olurdu. “Kova” kafesinin qadın müştəriləri olduqca vətənpərvər idilər. Məncə, o vaxtlar İtaliyanın ən vətənpərvər qadınları məhz “Kova” kafesinə gələnlər idilər. Çox güman ki, onlar elə indinin özündə də vətənpərvərdirlər.
Tanışlığımızın ilk vaxtları yol yoldaşlarım ehtiramla mənim ordenimlə maraqlanır, onu hansı xidmətlərimə görə aldığımı soruşurdular. Mən onlara üzərində “fratellanza” və “abnegazione”22
“Qardaşlıq” və “Fədakarlıq”
[Закрыть] kimi sözlər yazılmış fərmanları göstərirdim. Ancaq bu təmtəraqlı sözləri kənara qoysaq, əslində, orada yazılmışdı ki, mən amerikalı olduğum üçün ordenlə təltif edilmişəm. Bundan sonra yoldaşlarımın mənə münasibəti bir az dəyişdi. Amma yenə də kənar şəxslərlə müqayisədə mən dost sayılırdım. Mən dost olaraq qalırdım, lakin fərmanları oxuduqdan sonra onlar artıq məni öz adamları hesab etmirdilər. Onlar özləri isə ordenlərini başqa cür almışdılar. Düzdür, mən yaralanmışdım, amma biz hamımız çox gözəl bilirdik ki, təsadüf nəticəsində yaralananlar olur. Buna baxmayaraq mən öz ordenimdən utanmır və hərdənbir, bir neçə kokteyl içəndən sonra bu mükafatı almaq üçün onlar qədər can qoyduğumu düşünməyə başlayırdım. Amma gecəyarıdan keçmiş soyuq küləyin altında, kimsəsiz küçələrlə, fənərlərə yaxın dura-dura bağlı mağazaların qabağından evə qayıdanda bunun belə olmadığını anlayırdım. Ölümdən çox qorxurdum və yenidən cəbhəyə düşsəm, başıma nələrin gələ biləcəyi barədə gecələr yerimdə tez-tez düşünürdüm.
Yaxalarında orden olanların üçü də ov quşuna – şahinə bənzəyirdi. Mən isə şahin deyildim. Hərçənd heç vaxt ovda olmayanlar məni şahinə bənzədə bilərdilər. Onların üçü də bunu çox gözəl anlayırdı və beləliklə, yollarımız tədricən ayrıldı. Cəbhəyə düşdüyü elə ilk gündə yaralanan gənclə isə biz dost qaldıq. Çünki o özü də bilmirdi ki, yaralanmasa, nələrə qadir ola bilərdi və bu səbəbdən onu da özlərininki hesab etmirdilər. Mənim fikrimcə, ondan şahin çıxmazdı və buna görə həmin gəncdən xoşum gəlirdi.
Əvvəllər məşhur qılıncoynadan olmuş mayor qəhrəmanlığa inanmırdı və biz aparatda oturan müddət ərzində mənim qrammatik səhvlərimi düzəltməklə məşğul idi. Bir dəfə o mənim italyan dilini pis bilmədiyimi söylədi və biz uzun-uzadı bu dildə söhbət etdik. İtalyan dilinin, zənnimcə, asan olduğunu və bu səbəbdən də onunla ciddi şəkildə maraqlanmağa lüzum görmədiyimi söylədim. “Əlbəttə, – mayor dedi. – Amma siz nə üçün qrammatikaya fikir vermirsiniz?” Beləliklə, biz qrammatikaya fikir verməyə başladıq. Tezliklə italyan dilinin çox çətin olduğunu anladım. Bundan sonra qrammatik qaydalar beynimdə həkk olunana qədər italyan dilində danışmaqdan çəkinməyə başladım.
Mayor hospitala davamlı olaraq gəlirdi. Deyəsən, onun bura baş çəkmədiyi bir gün də olmamışdı. Hərçənd aparata inanmırdı və bir dəfə bu müalicə üsulunun cəfəngiyyat olduğunu söyləmişdi. Aparatlar o vaxtlar yeni çıxmışdı və onları bizim üzərimizdə sınaqdan keçirməli idilər. “Axmaq ixtiradır, – mayor dedi. – Ağılsızlıqdan başqa bir şey deyil”. Həmin gün mən qrammatika dərsimi hazırlamamışdım. Mayor mənim bütün bəşəriyyət üçün üz qarası, özünün isə mənə baş qoşduğu üçün sarsaq olduğunu bildirdi. Mayor balacaboy idi. O, kresloda dik oturmuşdu. Sağ əli aparatın içində idi. Gözünü qarşı divara zilləmişdi. Barmaqlarını arasına soxduğu qayışlar isə boğuq bir taqqıltı ilə yuxarı-aşağı hərəkət edirdi.
– Müharibə qurtarandan sonra, əlbəttə, əgər qurtarsa, nə ilə məşğul olacaqsınız? – deyə o soruşdu. – Amma qrammatikanı unutmayın ha.
– Amerikaya qayıdacağam.
– Evlisiniz?
– Xeyr, amma evlənəcəyimə ümid edirəm.
– Çox nahaq yerə, – mayor dedi. Deyəsən, yaman əsəbiləşmişdi. – Adam evlənməməlidir.
– Nə üçün, signor maggiore?33
”Cənab mayor” (ital.)
[Закрыть]
– Mənə “signor maggiore” deməyin.
– Yaxşı, bəs niyə adam evlənməməlidir?
– Olmaz, ona evlənmək olmaz! – hirslə dedi. – Əgər insan hər şeyini itirməyə məhkumdursa, gərək üstəlik bunu da təhlükə altında qoymasın. O gərək itirilməsi mümkün olmayan bir şey tapsın.
Mayor acıqlı-acıqlı danışır və əsəbi halda qarşısında bir nöqtəyə baxırdı.
– Axı o nə üçün mütləq itirməlidir?
– İtirəcək, – mayor dedi. O, divara baxırdı. Sonra nəzərlərini divardan çəkib aparata baxdı, qurumuş əlini qayışların arasından çıxarıb ayağına çırpdı. – İtirəcək, – o qışqırdı. – Mənimlə mübahisə etməyin! – Sonra o, sanitarı çağırdı: – Bu lənətə gəlmiş zəhrimarı dayandırın.
Mayor qonşu otağa keçdi. Orada işıq və masajla müalicə edirdilər. Onun həkimdən zəng etmək üçün icazə aldığını və qapını bağladığını eşitdim. O geri qayıdında mən artıq başqa aparatda oturmuşdum. Mayorun əynində plaş və papaq var idi. O mənə yaxınlaşıb salamat əlini çiynimə qoydu.
– Məni bağışlayın, – deyib çiynimi şappıldatdı. – Kobudluq etmək istəmirdim. Arvadım təzəcə rəhmətə gedib. Bağışlayın.
– Aman Allah, – onun halına acıyaraq dedim, – nə böyük bədbəxtlikdir.
O, yanımda dayanıb dodaqlarını çeynəyirdi.
– Çox çətindir, – dedi. – Barışa bilmirəm. – Mayor arxamdakı pəncərəyə baxırdı. Birdən ağladı. – Heç cür barışa bilmirəm, – dedi və səsi qırıldı. Sonra göz yaşları axa-axa başını qaldırdı və heç yana baxmadan, dodaqlarını gəmirə-gəmirə əsl hərbçi kimi qamətini düzəltdi və aparatların yanından keçib otaqdan çıxdı.
Həkim mənə danışdı ki, onun gənc arvadı sətəlcəmdən ölüb. Mayor yalnız hərbi xidmətə tam yararsız hesab ediləndən sonra onunla evlənibmiş. Xəstəlik cəmi bir neçə gün çəkib. Onun öləcəyini heç kim gözləmirmiş. Mayor üç gün hospitalda görünməyib. Sonra, həmişəki kimi, təyin olunan vaxt mundirinin qolunda qara sarğı gəlib. Bu üç gün ərzində isə aparat otağının divarlarına müxtəlif yaraların müalicəyə qədərki və sonrakı şəkilləri vurulub. Mayorun aparatının qarşısından üç şəkil asılıb. Bu şəkillərdə eynilə onun əlinə bənzər əllər təsvir olunmuşdu. Müalicədən sonra onlar normal hala düşmüşdü. Heç bilmirəm, həkim bu şəkilləri haradan tapıb gətirib. Həmişə düşünmüşəm ki, bu aparatlarla ilk müalicə alan bizik. Amma həmin şəkillər mayorda heç bir ümid oyatmadı, mayor onlara yox, pəncərədən bayıra baxırdı.
Tərcümə: Fərrux Şıxlinski
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?