Электронная библиотека » Эрнест Хемингуэй » » онлайн чтение - страница 2

Текст книги "Fiesta"


  • Текст добавлен: 13 января 2023, 17:52


Автор книги: Эрнест Хемингуэй


Жанр: Зарубежная классика, Зарубежная литература


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

Biz əyləşdik, qapını bağlayıb sürücüyə Monsori Parkına sürməsini söylədim. Bret küncdə gözləri yumulu, arxaya tərəf əyilmişdi. Mən onun yanında əyləşdim. Maşın yola düşdü.

– Ah, əzizim, mən elə bədbəxtəm ki! – Bret dedi.

4

Taksi təpəni yuxarı qalxıb işıqlı meydandan keçərək, üzüyuxarı qaranlığa girib, sonra San Etyen du Mont küçəsinin arxasındakı qaranlıq küçəyə daxil olaraq ehtiyatla üzüaşağı düşüb ağacların və Kontreskarpdakı avtobus dayanacağının yanından keçib, Muftar küçəsinin çay daşlari ilə örtülmüş yollarına doğru buruldu. Burada səhərə qədər barlar işıq gəlir, mağazalar açıq olur. Bir-birimizdən aralı otursaq da, köhnə küçəni üzü aşağı düşdükcə bir-birimizə yaxınlaşırdıq. Bretin şlyapası başından düşmüş, başını arxaya söykəmişdi. Mən bir anlığa mağazalardan düşən işığın altında onun çöhrəsini gördüm, sonra yenidən qaranlıq oldu, daha sonra biz Qabelin prospektinə çatdıq və mən onun üzünü daha aydın gördüm. Yol dağıldığından fəhlələr asetilen işığı altında yolda işləyirdilər. Bretin bəyaz çöhrəsi və uzun boynu parlaq işıq altında aydın görünürdü. Küçə yenidən qaranlıqlaşanda mən onu öpdüm. Bizim dodaqlarımız möhkəmcə bir-birinə yapışmışdı, ancaq o üzünü çevirdi və bacardığı qədər oturacağın küncünə tərəf sıxıldı. Başını aşağı salmışdı.

– Mənə toxunma, – o dedi. Xahiş edirəm, toxunma.

– Nə olub axı?

– Bacarmıram.

– Ah, Bret.

– Lazım deyil. Mən bacarmıram, vəssalam. Ah, əzizim, xahiş edirəm məni başa düş!

– Məni sevmirsən?

– Sevmirəm?! Sənin bircə toxunuşun kifayətdir ki, mən əriyim.

– Necə ola bilər ki, bunun bir çarəsi olmaya?!

O artıq qamətini düzəltmişdi. Mən qolumu ona dolamış, o isə mənə söykənib sakitcə oturmuşduq. O, gözlərini zilləyib mənə elə baxırdı ki, sanki bu gözlər onun deyildi. O, mənə baxanda sanki bütün dünya dayanırdı. O, elə baxırdı ki, sanki dünyada bu cür baxılası ikinci bir şey yoxdur, əslində isə o, həyatda çox şeydən qorxurdu.

– Əldən gələn bir şey yoxdur, – mən dedim.

– Mən bilmirəm, – o dedi. Yenidən o cəhənnəmi yaşamaq istəmirəm.

– Yaxşısı budur, bir-birimizdən uzaq duraq.

– Amma, mən sənsiz qala bilmirəm. Məsələ təkcə bunda deyil.

– Elədir, amma həmişə bura gəlib çıxır.

– Bu mənim səhvimdir. Məgər, hər insan öz əməllərinin cəzasını çəkmir?

O, elə hey mənim gözlərimin içinə baxırdı. Onun gözlərinin müxtəlif dərinlikləri olsa da, bəzən onlar tamamilə düz olurdu. Ancaq indi ora gedən bütün yollar görünürdü.

– Bəzən kişilərə nə qədər əzab verdiyimi fikirləşirəm. İndiyədək bunun cəzasını çəkirəm.

– Səfehləmə, – mən dedim. Məsələn, mən başıma nə gəlirsə, gülüşlə qarşılayıram. Heç vaxt keçmiş barədə düşünmürəm.

– Ah, buna şübhəm yoxdur.

– Yaxşı, gəl söhbəti bağlayaq.

– Mən özüm də nə vaxtsa onlara gülmüşəm. O, mənə baxmırdı.

– Qardaşımın dostu Monsdan belə vəziyyətdə qayıdıb. Bu bizə axmaq bir zarafat kimi görünürdü. Görəsən, doğrudan insan heç vaxt heç nəyi başa düşmür?

– Hə, – mən dedim. Heç kim hər şeyi bilə bilməz.

Mən bu mövzuda xeyli məlumatlıyam. Vaxtilə mən bu məsələyə mümkün olan müxtəlif aspektlərdən baxaraq müəyyən etmişəm ki, bəzilərində olan eyib və qüsurlar lağ yeri olsa da, həmin şəxs üçün ciddi problemdir.

– Bu, gülməlidir – mən dedim. Çox gülməlidir. Qəribə olsa da, eşqə düşmək də gülməlidir.

– Belə düşünürsən? – onun gözləri yenidən mənə zillənmişdi.

– Mən o mənada demirəm. Yəni ki, xoş bir hissdir.

– Yox, – o dedi. Məncə, bu yer üzündəki cəhənnəmdir.

– Yaxşı ki, görüşdük.

– Məncə, burada yaxşı bir şey yoxdur.

– Məni görmək istəmirsən?

– Buna məcburam.

İndi biz iki yad insan kimi oturmuşduq. Sağımızda Monsuri parkı var idi. Alabalıq hovuzu olan qaranlıq və bağlı restoranda əyləşib parka tamaşa etmək olardı. Sürücü başını bizə tərəf çevirdi.

– Hara getmək istəyirsiniz? – mən soruşdum. Bret başını yana çevirdi.

– Oh, de ki, kafe Selektə sürsün.

– Kafe Selektə sürün, – mən dedim, Monparnas Bulvarına.

Biz düz aşağı düşüb, Montruj tramvaylarına keşik çəkən Belfort şirinin ətrafında fırlandıq. Bret yola baxırdı. Raspay bulvarında, Monparnas işıqlarının önündə Bret dedi:

– Səndən bir şey istəsəm, etiraz etməzsən?

– Bu nə sözdür?!

– Çatmamışdan qabaq məni bir dəfə də öp.

Taksi saxlayanda mən düşdüm və borcumuzu ödədim. Bret şlyapasını başına qoyub aşağı düşdü. O, aşağı düşəndə əlini mənə uzatdı. Onun əlləri titrəyirdi.

– Çox səliqəsiz görünürəm?

O, kişi papağını xatırladan şlyapasını gözünün üstünə salıb bara sarı getdi. Bardan və stollardan başqa rəqs zalında olanların çoxu burada idi.

– Salam, dostlar! – Bret dedi. Mən içmək istəyirəm.

– Ah, Bret! Bret! – özünü hersoq adlandıran, hamının Zizi çağırdığı balaca yunan portret rəssamı onun gözünə girmək üçün canfəşanlıq edirdi.

– Sənə deyiləsi yaxşı xəbərlərim var.

– Hello Zizi, – Bret dedi.

– Səni bir dostumla tanış etmək istəyirəm, – Zizi dedi. Kök bir kişi bizə yaxınlaşdı.

– Qraf Mippipopolus, – rəfiqəm Eşli xanım.

– Salam, – Bret dedi.

– Yaxşı, ülyahəzrət Parisdə yaxşı vaxt keçirə bilir? – saat zəncirinə sığın dişi taxmış qraf Mippipopolus soruşdu.

– Belə də, – Bret dedi.

– Paris gözəl şəhərdir, – qraf dedi. Ancaq mən duşunürəm ki, Londonla bağlı daha gözəl xatirələriniz var.

– Oh, bəli, – Bret dedi. Möhtəşəm.

Bradoks stoldan məni səslədi.

– Barns, – o dedi. Gəl, iç. Sənin gətirdiyin qız yaman pis davaya düşdü.

– Niyə?

Patronun qızı onunla haqqında nə isə deyib. Biabırçılıq oldu. Amma, qoçaq qız öz sarı biletini göstərdi və qızdan da özününkünü göstərməsini tələb etdi. Yaman dava düşdü.

– Bəs axırı necə oldu?

– Kimsə onu apardı. Qəşəng qızdır. Qəribə ləhcəsi var idi. Əyləş, bir az içək.

– Yox, – mən dedim. Evə getməliyəm. Konu görən olmayıb?

– O, Frensizlə evə getdi, – xanım Bradoks gəldi.

– Yazıq oğlan, təmiz kefi pozuldu, – Bradoks dedi.

– Hə, hə, elədir ki, var, – xanım Bradoks dedi.

– Mən getməliyəm, – dedim. Gecəniz xeyrə.

Barda Bretlə də sağollaşdım. Qraf şampan sifariş edirdi.

– Bizimlə qədəhləri qaldırmağa nə deyirsiniz, cənab? – o soruşdu.

– Məni üzrlü sayın, çox minnətdaram. Artıq getməliyəm.

– Doğrudan gedirsən? – Bret soruşdu.

– Hə, – dedim. Başım yaman pis ağrıyır.

– Sabah görüşəcəyik?

– Ofisə gələrsən.

– Çətin.

– Yaxşı, bəs onda harada görüşək?

– Saat beş arası, harada olsa.

– Onda, şəhərin başqa tərəfində görüşərik.

– Yaxşı, saat beşdə Kriyonda olacam.

– Bax, sözümüz sözdür ha! – mən dedim.

– Narahat olma, – Bret dedi. Heç nə vaxtsa səni aldatmışam?!

– Maykdan bir xəbər var?

– Bu gün məktub gəlmişdi.

– Gecəniz xeyrə qalsın, cənab, – qraf dedi.

Mən səkiyə çıxıb, hələ də dolu olan Rotonda kafesinin stollarının yanından keçib, üzü aşağı Sen-Mişel bulvarına tərəf yollandım, masaları səkinin kənarlarına qədər uzanan Dom küçəsinə baxdım. Stollardan birindən kimsə mənə əl etdi, ancaq onu mən tanımadığımdan yoluma davam etdim. Tezliklə evə çatmaq istəyirdim. Monparnas bulvarı artıq boşalmışdı. Lavinin restoranı artıq bağlanmış, qarşıdakı stollar isə "Klozire de Lila" ya daşınırdı. Küçənin işığında yenicə yarpaqlamış şabalıd ağaclarının arasında yerləşən Neyin heykəlinin yanından keçdim. Solğun çəhrayı bir əklil bünövrəyə söykənmişdi. Mən ayaq saxladım və yazını oxudum: "Bonapartist qrupundan, bir də yadımda deyil hansısa tarix" yazılmışdı. Uzunboğaz çəkmələri ilə yaşıl şabalıd yarpaqlarının arasından qılıncını oynadan Ney Marşal yaxşı görünürdü. Mənim evim küçənin o tərəfində, Sen-Mişel bulvarının bir addımlığında yerləşirdi.

Qapıçının otağından işıq gəldiyini görüb qapını döydüm və məktublarımı aldım. Qadına gecəniz xeyrə deyib, pilləkənlərı yuxarı qalxdım. Burada iki məktub və bir neçə qəzet var idi. Mən yemək otağındakı qaz işığında onlara göz gəzdirdim. Məktublar Amerikadan idi. Biri bank hesabı idi. Balans 2432 dollar, 60 sent göstərirdi. Yoxlama dəftərimi götürüb, ayın əvvəlindən bəri dörd çeki çıxdım və balansımda 1832 dollar, 60 sent olduğunu tapdım. Və bu rəqəmi məktubun arxasına yazdım. O biri məktub isə toy dəvətnaməsi idi. Aloyzius Kirbi ailəsi, qızları Ketrinin toy tarixini elan edirdilər – mən nə gəlini, nə də bəyi tanımırdım. Yəqin indi onlar bütün şəhərə namə göndəriblər. Bu, məzəli ad idi. Əminəm ki, adı Aloysiz olan istənilən adamı yadımda saxlaya bilərəm. Bu, yaxşı katolik adı idi. Dəvətnamədə bir gerb də var idi. Eynilə, Zizi – yunan hersoqunda olduğu kimi. Hə bir də o qraf. O, gülməli idi. Bretin də ləqəbi var – xanım Eşli. Cəhənnəm olsun, Bret. Lənətə gələsən səni, xanım Eşli.

Mən çarpayının yanındakı lampanı yandırdım, qazı söndürdüm və yataq otağının pəncərələrini açdım. Çarpayı pəncərədən uzaq olduğundan, bir az pəncərənin qarşısında oturub, hava aldıqdan sonra paltarlarımı soyundum. Bayırda dükanlara tərəvəz daşıyan gecə qatarı tramvay yolu ilə şütüyürdü. Gecələr yata bilməyəndə, buralar səs-küylü olur. Soyuna-soyuna çarpayının yanındakı böyük şkafın güzgüsündən özümə baxırdım. Mebellər ənənəvi fransız üslubunda düzülmüşdü. Çünki bu daha rahat idi. Hər halda, bu mənə gülməli gorunürdü. Mən gecə paltarlarımı geyindim və yerimə uzandım. Yerimin içində buğa döyüşünə aid iki qəzeti vərəqləməyə başladım. Onlardan biri narıncı, o biri isə sarı rəngdə idi. İkisində də eyni xəbərlər olduğundan birini oxusam kifayət edəcəkdi. "Le Toril" daha yaxşı qəzet olduğundan onu oxumağa qərar verdim. Bütün qəzeti nöqtəsindən vergülünədək, hətta oxucuların məktubları və lətifələr də daxil olmaqla başdan-ayağa oxudum. Lampanı söndürdüm. Yəqin, artıq yuxuya gedə biləcəkdim.

Bundan sonra başım işləməyə başladı. Necə deyərlər, köhnə palan içi sökməyə başladım. Boynuma alıram, qondarma cəbhədən italyansayağı qaçan zaman bu cür yaralanmaq axmaqlıq idi. Biz italyan hospitalında cəmiyyət yaratmaq istəyirdik. İtalyanca onun çox məzəli adı var idi. Görəsən, italyanların başına nələr gəldi. Bu, Milandakı Baş hospitalda, Ponte korpusunda baş vermişdi. Onun yanında isə Zonda korpusu var idi. Orada Ponte ya da bilmirəm Zondanın heykəli var idi. Polkovnik mənə burada baş çəkmişdi. Bu, gülməli idi. Bu başıma gələn ilk belə hadisə idi. Mən təpədən dırnağadək sarıqda idim. Onlar başıma gələnlərı polkovnikə nağıl etdilər. Sonra o, möhtəşəm nitq söylədi: "Ey, ingilis! (istənilən əcnəbi onun üçün ingilis idi) siz həyatınızdan keçmisiniz". Nitqə bir bax! Əlimdə olsaydı onun sözlərini çərçivəyə salıb redaksiyadan asardım. O, zarafat edənə oxşamırdı. Yəqin, özünü mənim yerimə qoymuşdu. "Che mala fortuna! Che mala fortuna!" (Bəxtin gətirmədi! Bəxtin gətirmədi!)

Düzü, heç vaxt bu barədə düşünməmişdim. İndi isə bacardığım qədər bu məsələyə ötəri yanaşır, ətrafımdakıları narahat etməməyə çalışırdım. Yəqin ki, məni İngiltərəyə göndərən kimi Bretin görüşünə qaçmasaydım, belə bir şey də başıma gəlməyəcəkdi. Məncə, o heç vaxt sahib olmayacağı bir şeyi istəyir. İnsanlar həmişə belədir. Cəhənnəm olsun, hamısı. Katolik kilsəsi belə vəziyyətlərdə yaxşı kömək edir. Hər halda, yaxşı məsləhətdir: bu barədə düşünməmək. Əla məsləhətdir. Qulaq asmağa dəyər. Arada bir sınayın.

Mən uzanıb düşünür, fikirlərim bir-birini qovurdu. Özümlə bacarmadığımdan, yenidən Bret və başıma gələnlər barədə düşünməyə başladım. Breti düşünən kimi, ora-bura qaçan fikirlərim sakit dalğalara tərəf yol alırdı. Sonra qəfildən məni ağlamaq tutdu. Bir az keçəndən sonra özümə gəldim, yerimə uzanıb küçəni aşağı düşən ağır vaqonların səsinə qulaq asa-asa yuxuya getdim.

Qəfildən oyandım. Küçədə səs-küy var idi. Mən səsə qulaq verdikdə, tanış səs eşitdim. Gecə xələtimi geyinib qapıya yaxınlaşdım. Qapıçı aşağı mərtəbədə kimləsə danışırdı. O, çox əsəbi idi. Aşağı mərtəbədə kiminsə məni çağırdığını eşitdim.

– Cənab Barns, sizsiniz? – qapıçı qadın səsləndi.

– Bəli, mənəm.

– Burada bir qadının səsi bütün küçəni ayağa qaldırıb. Gecənin bu vaxtı bu nə rüsvayçılıqdır, axı! Deyir ki, sizi mütləq görməlidir. Ona yatdığınızı söylədim.

Sonra, Bretin səsini eşitdim. Ancaq yarıyuxulu olsam da, onun Corcet olduğuna əmin idim. Özüm də, bilmirəm niyə. Axı heç o, mənim ünvanımı da bilmirdi.

– Zəhmət olmasa, onu yuxarı göndərə bilərsiniz? – mən dedim.

Bret pilləkənləri yuxarı qalxırdı. O, lül sərxoş idi.

– Bu nə axmaqlıqdır, axı! – o dedi. Əməlli-başlı dava çıxdı. Yatmamışdın, düz demirəm?

– Yaxşı, bəs nə edirdim?

– Bilmirəm. Saat neçədir ki?

Mən saata baxdım. Saat beşin yarısı idi.

– Saatdan xəbərim yoxdur, – Bret dedi. Əyləşə bilərəm? Əsəbləşmə, əzizim. Qrafla indi sağollaşdıq. Məni bura o gətirdi.

– Hə, de görüm xoşuna gəldi? – mən konyak, soda və stəkanları çıxardım.

– Bir damcı süz, – Bret dedi. Məni sərxoş etməyə çalışma. Qraf? Ah, heç nə. O da bizlərdəndir.

– Doğrudan, o qrafdır?

– Sənin sağlığına. Bilirsən ki, mən də belə duşunurəm. Necə olsa, qraf olmağa layiqdir. Bircə insanları tanımır! Heç bilmirəm bütün bunları necə qazanıb. Ştatlarda şirniyyat mağazaları şəbəkəsinin sahibidir.

O, şərabdan bir qurtum içdi.

– Deyəsən, o şəbəkə dedi. Ya da buna bənzər bir şey. Hamısı bir-birilə əlaqəlidir. Mənə bir az bu barədə danışdı. Çox maraqlı gəldi. Bununla belə, o bizlərdən biridir. Buna şübhəm yoxdur. Bunu hamı təsdiq edə bilər.

O, bir qurtum da içdi.

– Mən bütün bunlara necə şıllaq atım axı? Etiraz etməzsən ki? Bilirsən, o Ziziyə çox kömək edir.

– Zizi necə, həqiqi hersoqdur?

– Çox güman ki. Bilirsən də, o yunandır. Bir qəpiklik rəssamlığı yoxdur. Qrafı daha çox bəyəndim.

– Onunla hara getdiniz?

– Ah, hər yerə. Elə indicə məni bura gətirdi. Onunla Biaritsə getməyim üçün mənə on min dollar təklif etdi. Bizim pulla, neçə funt edir?

– Hardasa iki min funt.

– Xeyli puldur. Amma, mən dedim ki, gələ bilmərəm. O, belə məsələlərdə çox anlayışlıdır. Ona dedim ki, Biaritsdə çoxlu tanışım var.

Bret güldü.

– Fikrimi oxuya bilmirsən, – o dedi. Hələ sodalı konyakdan ancaq bir qurtum içmişəm. İndi hamısını içəcəm.

– Hə, belə daha yaxşıdır. Çox gülməlidir, – Bret dedi. Sonra o, mənə onunla Kana getməyi təklif etdi. Dedim ki, Kanda da çoxlu tanışlarım var. Daha sonra, Monte Karloya. Eynilə, Monte Karloda da tanışlarımın olduğunu dedim. Ona hər yerdə çoxlu tanışlarımın olduğunu söylədim. Öz aramızdır, düz də demişəm. Axırda ondan məni bura gətirməsini xahiş etdim.

O, bir əli stolda, o biri əli ilə qədəhi qaldırıb mənə baxdı.

– Belə baxma, – o dedi. Ona dedim ki, sənə vurulmuşam. Bax bu da həqiqətdir. Niyə belə baxırsan axı!? O, bunu çox yaxşı qarşıladı. Sabah axşam bizi yeməyə qonaq etmək istəyir. Gəlmək istəyirsən?

– Niyə də yox.

– Yaxşısı budur, mən gedim.

– Niyə?

– Sadəcə səni görmək istədim. Çox axmaq fikirdir. Bəlkə, əynini geyinib məni ötürəsən? O, aşağıda maşında oturub məni gözləyir.

– Qraf?

– Hə. Hətta onun formalı sürücüsü də var. Məni bir az gəzdirəcək və sonra səhər yeməyi üçün Bulon meşəsinə gedəcəyik. Hələ şərab səbətini demirəm. Hamısını Zellidən alıb. Bir düjün Mumm şüşəsi. Tamahın düşmədi ki?

– Səhər tezdən işə getməliyəm, – mən dedim. Əylənməyə heç həvəsim yoxdur.

– Axmaq olma.

– Bacarmıram.

– Yaxşı, elə olsun. Ona salam göndərmək istəmirsən?

– Əlbəttə, çatdır.

– Gecən xeyrə, əzizim.

– Vəziyyəti daha da dramatikləşdirmə.

– Elə sən də.

Biz sağollaşıb öpüşdük və Bret dedi:

– Yaxşısı budur, mən gedim. Gecən xeyrə qalsın, əzizim.

– Getməsən olmaz?

– Yox.

Biz yenidən pilləkənlərdə öpüşüb sağollaşdıq və ipi çəkmək üçün gözətçini çağıranda onun qapının arxasından nəsə donquldandığını eşitdim. Mən geri qayıdıb, açıq pəncərənin qabağında Bretin küçəni yuxarı qalxaraq işıqların altında, səkidə dayanan uzun limuzinə tərəf yaxınlaşdığına baxdım. O, maşına mindi və maşın yerindən tərpəndi. Mən pəncərənin qabağından çəkildim. Stolun üstündə boş stəkan, bir də yarımçıq konyak qədəhi var idi. Mən onların hər ikisini mətbəxə aparıb, yarımçıq qədəhi əlüzyuyana boşaltdım. Yemək otağında qazı söndürüb, çəkələklərimi ayağımla çarpayının altına itələyib yatağa girdim. Mənim göz yaşı tökdüyüm Bret bax belə idi. Sonra onun axırıncı dəfə küçəni qalxıb maşına minməsini yadıma salıb, qısa müddətlik yenidən cəhənnəm əzabı yaşadığımı hiss etdim. Gündüz heç nəyi vecinə almamaq asandır, oğul istəyirəm, gecə bunu bacarsın.

5

Səhər tezdən şirin kökə ilə kofe içmək üçün Sen-Mişel bulvarı ilə Suflo küçəsinə tərəf yollandım. Gözəl bir səhər açılmışdı. Lüksemburq bağlarındakı şabalıdı ağacları çiçək açmışdı. Havada səhər təravəti var idi. Mən kofe içə-içə qəzetləri oxuyur, siqaret çəkirdim. Gülsatan qadın dükandan çıxıb, gündəlik köşkünü hazırlayırdı. Tələbələrin bəzisi hüquq məktəbinə, yarısı isə Sarbona tərəf gedirdi. Bulvar tramvayla dolu idi, adamlar işə tələsirdi. Mən avtobusa mindim, arxa tərəfdə dayanıb Madlen kilsəsinə getdim. Madlen kilsəsindən Kapucino bulvarına, oradan Opera binasına qədər piyada gedib, sonra redaksiyaya yollandım. Yolüstü tullanan qurbağalar və boks oyuncaqları satan kişinin yanından keçdim. Onun xanım köməkçisinin boksçuları döyüşə hazırladığını görüb, tora düşməmək üçün yolumu dəyişdim. Qız əli ilə tordan tutub kənarda dayanıb ətrafa baxırdı. Kişi isə oyuncaqlarını satmaq üçün iki turisti şirnikləndirirdi. Daha üç turist isə kənarda dayanıb tamaşa edirdi. Mən əlindəki diyircəklə səkidə nəm hərflərlə CİNZANO yazan kişinin arxası ilə hərəkət etdim. Küçədə hamı işə tələsirdi. Onlardan biri olduğuma görə özümü yaxşı hiss edirdim. Küçəni keçib redaksiyaya girdim.

Ofisdə fransız qəzetlərini bir az vərəqləyib, siqaret çəkdim və yazı makinasının arxasına keçib işə başladım. Saat on birdə taksi ilə Ked-Orseyə gedib, bir neçə müxbirlə birlikdə xarici işlər nazirliyinin göndərdiyi qalın çərçivəli eynəkli gənc fransız diplomatın saat yarımlıq nitqinə və sualları cavablandırmasına qulaq asdım. Nazirlər kabinetinin sədri ya Lionda çıxış edir, ya da artıq geri qayıdırdı. Bəziləri yalnız öz səslərini eşitmək üçün suallar versə də, xəbər xidməti müxbirləri cavabını axtardıqları sualları ünvanlayırdılar. Təzə bir xəbər yox idi. Oradan çıxanda taksini Uolsi və Krumla bölüşdüm.

– Gecələr nə edirsən, Ceyk? – Krum soruşdu. Aya-günə dönmüsən, görünmürsən. Latın məhəlləsində qalıram.

– Bəzən gecələri harasa çıxıram. "Dinqo" kafesinə. Ora əla yerdir, elə deyil?

– Ya da yeni açılmış "Selektə" gedirəm.

– Neçə dəfə getmək istəmişəm – Krum dedi. Amma bilirsən də arvad-uşaqla hər şey başqa cürdür.

– Yenə tennis oynayırsan? – Oulsi soruşdu.

– Yox, – Krum dedi. Bu il heç oynaya bilməmişəm. Bir-iki dəfə istədim, ancaq bazar günləri yağış yağdığından və meydança adamla dolu olduğundan istəyim baş tutmayıb.

– İngilislər şənbə günləri işləmir, – Uolsi dedi.

– Bəxtəvərlər, – Krum dedi. Yaxşı, sizə göstərərəm. Əlbət, ömrümün sonunadək müxbir olaraq işləməyəcəm. Bax onda gəzməyə xeyli vaxtım olacaq.

– Bu yaxşı fikirdir. Balaca bir maşınla şəhərdən kənarında yaşamaq…

– Mən gələn il maşın almağı düşünürəm.

Mən pəncərəyə çırpıldım. Sürücü maşını saxladı.

– Bu, bizim küçədir, – mən dedim. Gəlin, içkiyə qonaq olun.

– Çox sağ ol, köhnə dost, – Krum dedi. Uolsi başını silkələdi.

– Mən gərək onun səhər danışdıqlarını nəzərdə saxlayım.

Mən Krumun əlinə iki frank qoydum.

– Dəli olmusan, Ceyk, – o dedi. Mən ödəyərəm.

– Bu ki, redaksiyanın hesabından gedir.

– Olsun, özüm ödəyəcəm.

Mən sağollaşıb, onlara əl salladım. Krum başını bayıra çıxarıb:

– Çərşənbə günü səhər yeməyində görüşərik.

– Mən razı.

Mən liftlə ofisə qalxdım. Robert Kon burada məni gözləyirdi.

– Salam, Ceyk, – o dedi. Yeməyə gedək?

– Yaxşı, gözlə görüm təzə nəsə var, ya yox.

– Hara gedəcəyik?

– Hara istəsən.

Mən yazı stolumun üstünə göz gəzdirdim.

– Sən harada yemək istəyirsən?

– Vetzelə gedək? Orada yaxşı qəlyanaltı olur.

Restoranda biz qəlyanaltı və pivə sifariş etdik. Ofisiant hündür, soyuqdan diyircəklənmiş stəkanda pivələri gətirdi. Burada qəlyanaltı üçün onlarla yemək növü var idi.

– Keçən gecə yaxşı əylənə bildin? – mən soruşdum.

– Yox, elə də yox.

– İşlər necə gedir?

– Pis. İkinci kitab heç getmir.

– Hamıda belədir.

–Bilirəm. Amma, yenə də narahat oluram.

– Cənubi Amerikaya getmək barədə necə, yenə də düşünürsən?

– Fikrimdən çıxmır.

– Bəs niyə dayanmısan?

– Frensizə görə.

– Yaxşı, – dedim, – onda onu da özünlə apar.

– Bu, onun xoşuna gəlməz. Ora, onun bəyənəcəyi yer deyil. O, ətrafında çoxlu adam olmasını xoşlayır.

– Onda qoy, cəhənnəm olsun.

– Bacarmaram. Mənim ona qarşı öhdəliklərim var.

O, doğranmış xiyarları itələyib duzlu siyənəyi qabağına çəkdi.

– Sən xanım Bret Eşli haqqında nə bilirsən, Ceyk ?

– Xanım Eşli onun soyadıdır. Bret isə adıdır. O, qəşəng qızdır, – mən dedim. O, boşanmağa və Mayk Kempelə ərə getməyə hazırlaşır. Mayk indi Şotlandiyadadır. Nəsə olub?

– O, çox cazibədar qadındır.

– Elə deyil?

– Onun özünəməxsus bir zərifliyi var. Çox zarafatcıl və qırmızı adama oxşayır.

– O, çox qəşəngdir.

– Heç bilmirəm, sənə necə izah edim, – Kon dedi. Məncə, bu anadangəlmədir.

– Deyəsən, o sizin çox xoşunuza gəlib.

– Həm də çox. Aşiq olsam, heç təəccüblənmərəm.

– O, içki düşkünüdür, – mən dedim. Həm də, Mayl Kempelə aşiqdir və ona ərə getməyə hazırlaşır. O kişinin zibil qədər pulu var.

– Mən onun ərə gedəcəyinə inanmıram.

– Niyə də yox?

– Bilmirəm. Sadəcə inanmıram. Çoxdandır onu tanıyırsan?

– Hə, – mən dedim. O, müharibə vaxtı mən olduğum hospitalda Könüllü Yardım Dəstəsində tibb bacısı idi.

– Onda lap uşaq olub ki.

– İndi otuz dörd yaşı var.

– Bəs Eşli ilə nə vaxt evlənmişdilər?

– Müharibə vaxtı. Onun aşiq olduğu oğlan dizenteriyaya tutulduğuna görə canı ilə əlləşirdi.

– Səsindəki bu istehza nədir?

– Üzr istəyirəm. Təsadüfən oldu. Sadəcə sənə faktları göstərməyə çalışıram.

– Onun sevmədiyi adamla ailə həyatı qura biləcəyinə inanmıram.

– Olsun, – mən dedim. Artıq o bunu iki dəfə edib.

– İnanmıram.

– Özün bilərsən, – mən dedim, – cavablarımı bəyənmirsənsə, onda axmaq suallar vermə.

– Mən səndən bunu soruşmurdum.

– Sən məndən Bret Eşli haqqında nə bildiyimi soruşdun.

– Ancaq onu təhqir etməyini istəmədim.

– Uf, cəhənnəm ol.

O, rəngi qaçmış halda stoldan qalxdı və kiçik qəlyanaltı boşqablarının arxasında solğun və əsəbi halda dayandı.

– Otur aşağı, – mən dedim. Axmaqlıq etmə.

– Sən sözünü geri götürməlisən.

– Qurtar bağça söhbətlərini.

– Dedim ki, sözünü geri götür.

– Yaxşı. Mən Bret Eşli haqqında heç nə bilmirəm. Razı qaldın?

– Yox, mən bunu nəzərdə tutmurdum. Mənə cəhənnəm ol, dedin.

– Yaxşı, cəhənnəmə getmə, – mən dedim, – otur yerində. Biz hələ indi yeməyə başlamışıq.

Kon gülümsədi və aşağı oturdu. O, yenidən əyləşdiyinə sevinirdi. Kim bilir, oturmasa nə axmaqlıq edəcəkdi.

– Ceyk, sən məni təhqir etdin.

– Bağışla. Bilirəm, dilim zəhərdir. Özüm də istəmədən acı danışıram. Nə danışdığımdan özümün də xəbəri olmur.

– Bilirəm, – Kon dedi. Sən demək olar, mənim ən yaxşı dostumsan, Ceyk.

“Əcəb işə düşdüm”, – mən düşündüm.

– Sözlərimi unut, getsin, – bu dəfə ucadan dedim. Bir daha üzr istəyirəm.

– Yaxşı. Hər şey qaydasındadır. Sadəcə bir anlıq inciklik idi.

– Əla. Gəl, onda başqa bir şey sifariş edək.

Səhər yeməyindən sonra Pi kafesinə yollandıq və orada kofe içdik. Mən Konun yenidən Bret haqqında söz açmaq istədiyini hiss etsəm də, buna imkan vermədim. Bir az ordan-burdan söhbət edəndən sonra, mən Kondan ayrılıb, işə qayıtdım.


Страницы книги >> Предыдущая | 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации