Текст книги "Fiesta"
Автор книги: Эрнест Хемингуэй
Жанр: Зарубежная классика, Зарубежная литература
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]
6
Saat beşdə Krillon otelində Breti gözləyirdim. O, hələ gəlmədiyindən mən əyləşdim və bir neçə məktub yazdım. Məktubları çox yaxşı qatlaya bilməsəm də, Krillon otelinin möhürünün bir işə yarayacağına ümid edirdim. Bret gəlib çıxmadı, odur ki, saat altıya qalmış on beş dəqiqə mən aşağı, bara tərəf düşdüm və barmen Corcla "Cek Rouz" kokteyli içdim. Bret barda da yox idi, ona görə qayıdanda yenə də yuxarı çıxıb baxdım və taksiyə minib Selekt kafesinə getdim. Sena çayını keçəndə mən yedəyə qoşulmuş və suyun axarı ilə üzən boş barjaları və körpüyə yaxınlaşan zaman barja sürənlərin əllərindəki şüvüllə onları necə itələdiyini gördüm. Çay çox qəşəng idi. Parisdə körpünü keçmək insana həmişə xoş təsir edir. Taksi eyni hərəkətləri təkrarlamaq üçün yaradılan semaforun ixtiraçısının heykəlinin ətrafında dövrə vurub, Raspay bulvarına tərəf döndü və mən arxaya söykənib yolun bu hissənin bitməsini gözlədim. Raspay bulvarına gedən yol insanı həmişə sıxır. Əsas da Fontenblo və Montero arasında yerləşən Paris-Lion xəttini keçəndə özümü çox yorğun, əzgin və cansıxıcı hiss edirəm. Bəlkə, bu yerləri bu qədər darıxdırıcı edən fikirlərimizin qarışıqlığı idi. Parisdə Raspay bulvarı kimi eybəcər başqa küçələr də var. Piyada bu küçəni gözüyumulu düşməyə hazıram. Ancaq maşınla buranı keçməyə dözə bilmirəm. Deyəsən, bu barədə bir dəfə nəsə oxumuşdum. Robert Kon üçün Parisin hər küçəsi belə idi. Görəsən, Konda Parisə qarşı bu qədər nifrət haradan idi? Çox güman, Menkendən. İnanıram ki, Menken (Henri Luis Menken (1880-1956) alman-amerikan jurnalisti, satiriki, ədəbi tənqidçisi və alimi) də Parisi görməyə gözü yox idi. Çox gənclər indi nəyi xoşlayıb xoşlamadıqlarını Menkenə görə müəyyən edir.
Taksi Rotenda kafesinin qarşısında saxladı. Siz Monparnasda hansı taksi sürücüsündən onu çayın sağ sahilində olan kafelərin birinə aparmasını xahiş etsəniz, onlar sizi həmişə Rotondeyə gətirəcək. On ildən sonra, onun yerini yəqin, günbəz tutacaqdı. Bəlkə də daha tez. Mən Rotendanın təkəm-seyrək müştərilər olan stollarının yanından keçib, Selektə girdim. Barın içərisində bir neçə adam, həyətində isə Harvi Stoun tək oturmuşdu. Onun qarşısında boşqablar qalaqlanmış, üzünü də tük basmışdı.
– Əyləşin, – Harvi dedi, – çoxdandır səni axtarıram.
– Nəsə olub?
– Heç, elə belə.
– At yarışına getmişdin?
– Yox. Bazar günündən çıxanam.
– Ştatlardan nəsə xəbər var?
– Heç nə. Səssizlikdir.
– Niyə görəsən?
– Bilmirəm. Mən onlarla qurtarmışam. Tamamilə əlaqəmi kəsmişəm.
O, qabağa əyildi və gözlərimin içinə baxdı.
– Sənə bir şey deyim, Ceyk?
– Hə.
– Beş gündür, dilimə heç nə dəymir.
O saat yadıma bir şey düşdü. Üç gün qabaq, Harvi Nyu-York barında poker zəri atmaqla məndən iki yüz frank qazanmışdı.
– Niyə axı?
– Pul yoxdur. Pul gəlmədi, o susdu. Çox qəribədir, Ceyk. Belə olanda, ancaq tək qalmaq istəyirəm. Yalnız öz otağıma çəkilmək istəyirəm. Mən pişik kimiyəm.
Mən cibimi yoxladım.
– Yüz dollar bəs edər, Harvi?
– Hə.
– Onda, gedək bir şey yeyək.
– Hara tələsirik. Gəl, hələ bir az içək.
– Yaxşısı budur, nəsə yeyək.
– Yox. Mən belə olanda heç nə yemək istəmirəm.
Biz içdik. Harvi mənim boşqabımı da öz qalağının üstünə qoydu.
– Menkeni tanıyırsan, Harvi?
– Hə. Niyə soruşdun?
– O, necədir?
– Heç nə. Çox gülməli sözlər danışır. Axırıncı dəfə onunla nahar edəndə biz Hofenhaymer haqqında söhbət etdik. "Məsələ ondadır ki", o dedi, – "o, özünü müqəddəs kimi aparır. Bu da pis deyil”.
– Elədir ki, var.
– Amma, indi bu işlərin daşın atıb, – Harvi davam etdi. O, bildiyi hər şey haqqında yazıb, indi isə bilmədiyi məsələlərlə məşğuldur.
– Bəlkə də, o haqlıdır, – dedim. Sadəcə onun yazdıqlarını oxuya bilmirəm.
– Onsuz da onu indi heç kim oxumur, – Harvi dedi, -bircə Aleksandr Hamilton İnstitutundakılardan başqa.
– Elədir, – mən dedim. Yaxşı vaxtlar idi.
– Əlbəttə, – Harvi dedi.
Beləliklə, biz səssiz əyləşib bir müddət dərin fikrə getdik.
– Birini də süzüm?
– Süz, – Harvi dedi.
– Bax, Kon gəlir, – mən dedim.
Robert Kon küçəni keçirdi.
– Axmaq, – Harvi dedi.
Kon bizim masaya yaxınlaşdı.
– Salam, dostlar, – o dedi.
– Salam, Robert, – Harvi dedi. Mən də indicə Ceykə sənin axmaq olduğunu deyirdim.
– Nə demək istəyirsən?
– İndi bir sual verəcəm, amma fikirləşmədən cavab ver. Əgər istədiyin hər şeyi edə bilmək imkanın olsaydı, nə edərdin?
Kon düşünməyə başladı.
– Fikirləşmə. Ağlına gələni de.
– Bilmirəm, – Kon dedi. Bu nə sualdır, axı?
– Mən sual verdim ki, nə edərdin. Ağlına birinci nə gəlir? Axmaq fikir olsa da, de.
– Bilmirəm, – Kon dedi. Yəqin ki, daha yaxşı bacardığım işi görərdim, yenidən futbol oynayardım.
– Mən səhv etmişəm, – Harvi dedi. Bu, axmaqlıq deyil. Bu sadəcə əqli cəhətdən geri qalmadır.
– Lap öldüm gülməkdən, Harvi, – Kon dedi. Bir gün kimsə üz-gözünü yaman əzişdirəcək.
Harvi Stoun güldü.
– Demək, belə düşünürsən? Bu baş verməyəcək, narahat olma. Bu vecimə də deyil. Çünki boksçu deyiləm.
– Amma, bu baş versə, vecinə olacaq.
– Yox, olmayacaq. Bax, burada böyük səhv etdin. Çox yanlış fikirdəsən.
– Bəsdir mənim haqqımda danışdın.
–Yaxşı fikirdir, – Harvi dedi. Mənim üçün fərqi yoxdur. Sən mənim üçün bir heçsən.
– Bəsdir, Harvi, – mən dedim. Gəl, içək.
– Yox, – o dedi. Mən küçəni yuxarı qalxıb yemək yeyəcəm. Görüşərik, Ceyk.
O, stoldan durub, küçəyə çıxdı. Mən onun tıxacda taksilərin arası ilə balaca, ağır, asta və özündən razı halda küçəni keçməsinə tamaşa etdim.
– O, həmişə məni cin atına mindirir, – Kon dedi. Onu görən gözüm yoxdur.
– Amma, mənim ondan xoşum gəlir, mən dedim. Onu çox istəyirəm. Onu görəndə əsəbləşmə.
– Bilirəm, – Kon dedi. O, sadəcə mənim əsəblərimlə oynayır.
– Günorta nəsə yazmısan?
– Yox, yaza bilmirəm. Birinci kitab bundan asan idi. Heç cürə fikrimi toplaya bilmirəm.
Yadımdadır, yazın əvvəli o, Amerikadan bura gələndə özünə inanırdı. Öz ədəbi istedadından əmin olandan sonra isə, macəra axtarmağa başladı. Artıq həmin əminlik yoxdur. Bəzən hiss edirəm ki, Robert Konu yaxşı kəşf etməmişəm. Çünki o Bretə aşiq olana qədər belə sözlər demədiyindən, onu başqalarından ayırmırdım. O, yaxşı tennis oynayır, yaxşı bədəni var idi və həmişə formada idi; qumarda kartları ram edə bilir və yaddaqalan bir tələbə idi. Onun indiyədək adam içində hansısa bir sözlə seçildiyini görməmişdim. O, məktəb vaxtı polo ya da buna bənzər adı olan bir köynək geyinsə də, onu cavan göstərmirdi. Məncə, o modabaz deyildi. Zahiri görünüşü sanki Prilsetonda hazırlanmışdı. Daxilən isə, ona təlim keçmiş iki qadının təsirinin məhsuludur. Bir də onun uşaqlara xas gülərüzlülüyü var idi ki, heç kim onu yox edə bilməmişdi və mən bunu aşkar etməmişdim. O, tennisdə qalib gəlməyi sevirdi. Əsasən də Lenqlen sayağı qalibiyyəti sevirdi. Digər tərəfdən isə, məğlub olanda əsəbləşmirdi. Bretə aşiq olandan sonra tennis onun üçün hissələrə parçalanaraq yox oldu. Onunla mübarizədə heç vaxt şansı olmayan adamlar artıq onu məğlub edirdi. Özü isə bunu çox xoş qarşılayırdı.
Nəysə, biz Selektdə oturduğumuz müddətdə Harvi Stoun küçəni o taya keçdi.
– Gəl, Lilasa gedək, – mən dedim.
– Mənim görüşüm var.
– Nə vaxt?
– Frensiz yeddiyə on beş dəqiqə qalmış bura gələcək.
– Bu da o.
Frensiz Klayn küçənin o biri tərəfindən bizə sarı gəlirdi. O, iri addımlarla hərəkət edən ucaboy bir qız idi. O, bizə əl yelləyib gülümsədi. Biz onun küçəni keçməsini seyr etdik.
– Salam, – o dedi. Səni görməyimə şadam, Ceyk. Elə mən də səninlə danışmaq istəyirdim.
– Salam, Frensiz, – Kon dedi.
O, gülümsədi.
– Aleykum salam, Robert. Demək burdasan? – o, sürətlə danışmağa davam etdi. Bütün günüm səni gözləməklə keçib. O, – başını Kona yelləyərək, – nahara evə gəlməyib, – dedi.
– Özümü burada artıq hiss etməyə başlamışdım.
– Hə, bilirəm. Amma, sən qulluqçulara heç nə deməmişdin. Sonra Paula ilə görüşəcəkdim, ancaq onu ofisdə tapmadım. Ritzə gedib orada gözlədim, amma o gəlmədi, mənim isə əlbəttə ki, orada nahar etməyə pulum yox idi.
– Bəs nə etdin?
– Ah, əlbəttə ki, oranı tərk etdim.
O sanki bacardığı qədər şən danışmağa çalışırdı.
– Mən həmişə verdiyim sözün üstündə durmuşam. Amma, görürəm ki, hamı mənim kimi deyil. Bundan dərs çıxartmalıyam . Nə isə, Ceyk, necəsən?
– Yaxşı.
– Rəqsdə səninlə olan qız qəşəng idi, amma sonra Bretdi kimdir onunla getdin.
– O xoşuna gəlmir? – Kon soruşdu.
– Məncə, o, çox cazibədardır. Səncə?
Kon heç nə demədi.
– Qulaq as, Ceyk, səninlə danışmaq istəyirəm. Mənimlə "Dome" kafesinə gələrsən? Sən isə burada qalacaqsan, Robert, aydındır? Gedək, Ceyk.
Biz Monparnas bulvarını keçib, stollardan birində əyləşdik. Əlində "Taymz" qəzetinin fransızca buraxılışı olan bir oğlan bizə yaxınlaşdı və mən birini alıb vərəqləməyə başladım.
– Hə, Frensiz, danış görək nə olub?
– Ah, onun məni tərk etmək istəməsindən başqa heç nə olmayıb, – o dedi.
– O ayrılmaq istəyir?
– O hər kəsə evlənəcəyimizi demişdi, hətta mən anama da xəbər vermişdim, ancaq indi o bunu istəmir.
– Niyə?
– O qərara gəlib ki, həyatdan hələ zövq almayıb. Mən bilirdim ki, Nyu-Yorka getməyinin sonu belə olacaq.
O, parlaq gözləri ilə mənə baxaraq əlaqəsiz danışmağa çalışırdı.
– Əgər istəmirsə, mən də ərə getməyəcəm. Buna əminəm. Artıq heç nə məni ona ərə getməyə məcbur edə bilməz. Ancaq üç il gözləyəndən sonra, mən təzəlikcə boşanandan sonra bunu söyləməsi mənə təsir edir.
Mən susdum.
– Amma, biz bunu qeyd etmək əvəzinə, lüzumsuz qalmaqallar edirik. O, özünü uşaq kimi aparır. Səbəbsiz mübahisəyə başlayır, sonra isə ağlayıb üzr istəyir, özü ilə bacarmadığını deyərək yalvarır ki, bunu edə bilməz.
– Qəliz məsələdir.
– Həm də necə. Mən ona iki il yarım vaxtımı sərf etmişəm. İndi isə heç bilmirəm ki, hansısa kişi mənimlə evlənməyə razı olar ya yox. İki il bundan qabaq Kanda mən istədiyim kişiyə ərə gedə bilərdim. Qəşəng bir xanımla ailə qurmağı planlaşdıran qocaların hamısı məndən ötrü dəli-divanə idi. Ancaq indi heç bir kişini toruma sala bilmərəm.
– Əminəm ki, indi də istənilən kişiyə ərə gedə bilərsiniz.
– Yox, inanmıram. Həm də onu sevirəm. Və istəyirəm ki, uşaqlarım olsun. Həmişə uşaqlarımızın olacağını xəyal etmişəm.
O, düz gözümün içinə baxırdı.
– Mən uşaqları sevmirəm, ancaq heç vaxt uşaqlarımın olmayacağını düşünmək də istəmirəm. Həmişə fikirləşmişəm ki, uşaqlarım olanda onları sevəcəm.
– Onun artıq uşaqları var.
– Bilirəm. Onun uşaqları, pulu, varlı anası, hətta kitabı da var, ancaq mən nəsə yazanda bir insan mənim işimi çap etmək istəmir, heç kəs. Heç pis də yazmıram. Və mənim bir qəpiyim də yoxdur. Aliment ala bilərdim, ancaq qısa müddətdə boşanmağı istədim.
O, yenidən gözləri parlayaraq mənə baxdı.
– Bu, düzgün deyil. Bir tərəfdən mən özüm günahkaram, ancaq tamamilə yox. Mən gərək vaxtında hər şeyi başa düşərdim. Evlilikdən söz düşən kimi o ağlayır və evlənə bilməyəcəyini deyir. Niyə axı evlənmək istəmir? Mən ona yaxşı həyat yoldaşı olardım. Mənimlə yola getmək asandır. Onun işlərinə də qarışmazdım. Ancaq bunların heç bir xeyri yoxdur.
Bu, biabırçılıqdır.
– Hə, düzdür, bu biabırçılıqdır. Ancaq bu mövzuda danışmağın mənası yoxdur, bəlkə səhv deyirəm? Gəl, kafeyə geri qayıdaq.
– Çox təəssüf ki, əlimdən gələn bir şey yoxdur.
– Səndən tək istəyim odur ki, bizim söhbətimiz haqqında ona heç nə deməyəsən. Mən bilirəm o nə istəyir. – Və yalnız indi o, parlaq, şən bir tərzdə dedi. – O, kitab çıxanda balaca qızcığazların xoşuna gəlmək üçün tək Nyu-Yorka qayıdıb orada qalmaq istəyirdi. Onun istədiyi yalnız budur.
– Bəlkə, heç onların xoşuna gəlməyəcək. Məncə, onun ağlından keçən bu deyil. İnan mənə.
– Sən onu mənim qədər tanımırsan, Ceyk. Onun istəyi yalnız budur. Mən bilirəm. Bilirəm. Məhz buna görə də o, evlənmək istəmir. O, bu payız təkbaşına böyük zəfər çalmaq istəyir.
– Kafeyə qayıtmaq istəyirsən?
– Hə. Gəl, gedək.
Bu müddət ərzində bizə içki gətirilməyən masadan durub, mərmər örtüklü stolun arxasından bizə gülümsəyən Konun əyləşdiyi Selekt kafesinə sarı yolu keçdik.
– Niyə belə sevincəksən? – Frensiz soruşdu. Deyəsən hər işin düzəlib.
– Sənin Ceyklə gizlincə dərdləşməyin mənə gülməli görünür.
– Ceyklə aramızda heç bir sirr yoxdur. Tezliklə hamı hər şeyi biləcək. Mən sadəcə Ceykə hər şeyi olduğu kimi nağıl etdim.
– Nəyi? İngiltərəyə getməyini nəzərdə tutursan?
– Hə, İngiltərə gedəcəyimi deyirdim. Ah, Ceyk! – sənə deməyi unutdum. Mən İngiltərəyə gedirəm.
– Bu ki əladır!
– Bu ən nümunəvi ailələrdə sınanmış bir çıxış yoludur. Məni Robert göndərir. O, mənə iki yüz funt sterlinq verəcək və mən dostlarımı ziyarətə gedəcəm. Bu əla deyil? Ancaq hələ ki onlara heç nə deməmişəm.
O, Kona tərəf çevrildi və ona gülümsədi. Ancaq Kon gülümsəmirdi.
– Səndən olsa, mənə yalnız yüz funt verəcəkdin, elə deyil Robert? Ancaq mən onu iki yüz funt verməyə razı saldım. O, çox səxavətlidir. Düz demirəm, Robert?
Təsəvvür edə bilmirəm ki, insanlar Robert Konu necə belə təhqir edə bilirdilər. Elə insanlar var ki, onları təhqir etmək olmaz. Onlar elə təsir bağışlayır ki sanki sən onları təhqir etsən, bütün dünya gözlərinin qarşısında məhv olacaq. Ancaq Kon burada hər sözə dözürdü. Hər şey gözlərimin önündə baş verirdi, ancaq bunu dayandırmaq üçün içimdə heç bir təpər yox idi. Bundan sonra baş verənlər isə sadəcə gülməli idi.
– Sən necə belə sözlər deyə bilirsən, Frensiz? – Kon onun sözünü kəsdi.
– Hələ danışmağa dilin də var?! Mən İngiltərəyə gedirəm. Dostlarımı ziyarət edəcəm. Sən istəmirsən deyə, onlarla görüşməməliyəm? Yox, onlar mənimlə üzləşməli olacaqlar. "Necəsən, əzizim? Sən hara, bura hara? Anan necədir?" – Hə, doğrudan əziz anam necədir? O, bütün pullarını fransız hərbi istiqrazlarına yatırıb. Hə, o belə də edib. Yəqin, dünyada bunu etmiş ikinci adam tapılmaz. "Bəs Robert necədir?" ya da buna bənzər çox ehtiyatla işlədilmiş bir söz. "Əzizim, çalışın onun adını çəkməyin. Yazıq Frensiz, bəxti heç gətirmədi." Bu gülməlidir, hə Robert? Bəs səncə Ceyk, sən nə fikirləşirsən?
O, həmin dəhşətli parlaq gülüşü ilə üzünü mənə çevirdi. Qarşısında ürəyini boşaltmaq üçün bir adamın olması onu çox məmnun etmişdi.
– Bəs sən nə edəcəksən, Robert? Qəbul edirəm, bütün bunlar mənim səhvimdir. Hamısı mənim səhvimdir. Gərək səni jurnaldakı katibəndən canını qurtarmağa məcbur edəndə məni də eyni aqibətin gözləyəcəyini təxmin edərdim. Ceyk bu əhvalatı bilmir. Bəlkə, ona hər şeyi danışım?
– Ağzını yum, Frensiz, Tanrı xatirinə!
– Hə, mən ona danışacam. Robertin jurnalda bir katibəsi var idi. Çox sevimli, balaca bir qız idi və Kon onu əsrarəngiz hesab edirdi, ancaq sonra mən peyda oldum və o, mənim də onun qədər gözəl olduğumu düşündü. Beləliklə, mən qızdan canımı qurtardım və jurnal köçəndə, o qızı da Karmeldən Provinstauna göndərdi və qayıtması üçün yol pulu da vermədi. Hamısı da məni məmnun etmək üçün edirdi. Həmin vaxtlar onun üçün maraqlı idim. Düz demirəm, Robert?
– Səhv başa düşmə, Ceyk, katibə ilə olanlar yalnız platonik bir şey idi. Hətta platonik də deyildi. Heç nə olmamışdı, tamamilə heç nə. Sadəcə o çox gözəl idi. Bu hərəkəti isə ancaq məni məmnun etmək üçün etdi. Necə deyərlər, nə əkərsən, onu da biçərsən. Bir az bədii oldu, hə? Növbəti kitabını yazanda bu sözü yadına salarsan, Robert.
– Bilirsən də, Robert yeni kitabı üçün mövzu axtarır. Elədir, Robert? Elə buna görə də, məni tərk edir. O düşünür ki, mən yaxşı mövzu deyiləm. Görürsən də, birlikdə yaşadığımız müddətdə başı o qədər kitab yazmağa qarışıb ki, bizim haqqımızda yazmağa heç nə xatırlamır. Buna görə də yeni mövzu axtarışına çıxıb. Ümid edirəm, qarşısına həddindən artıq maraqlı bir mövzu çıxacaq.
– Qulaq as, əziz, Robert. İcazə ver, sənə bir söz deyim. Etiraz etməzsən ki? Heç vaxt münasibətdə olduğun xanımların qəlbini qırma. Çalış ki, bunu etməyəsən. Çünki heç bir mübahisə göz yaşları olmadan ötüşmür və bu zaman elə pərişan olursan ki, qarşındakının nə dediyini xatırlaya bilmirsən. Bu zaman olan söhbətlərin heç biri sonradan yadına düşmür. Çalış ki, özünü təmkinli aparasan. Bilirəm, bu çox çətindir. Amma, yadında saxla, bu ədəbiyyat naminədir. Biz hamımız ədəbiyyat üçün qurbanlar verməliyik. Mənə bir bax. Heç bir etiraz etmədən İngiltərəyə gedirəm. Hər şey ədəbiyyat üçündür. Biz hamımız gənc yazarlara kömək etməliyik. Sən belə düşünmürsən, Ceyk? Ancaq sən gənc yazar deyilsən. Elə deyil, Robert? Sənin otuz dörd yaşın var. Ancaq fikirləşirəm ki, böyük yazıçı olmaq üçün hələ tezdir. Bir Hardiyə, Anatoli Fransa bax. O, bu yaxınlarda ölüb. Ancaq Robert onun yaxşı yazıçı olmadığını düşünür. Bəzi fransız dostları bunu ona deyib. O, fransızca elə də yaxşı oxuya bilmirdi. O, sənin qədər istedadlı yazıçı deyildi, elə deyil Robert? Səncə, o da yeni mövzu axtarmaq məcburiyyətində qalıb? Görəsən, o evlənmək istəməyəndə öz məşuqələrinə nə deyirmiş? Görəsən o da ağlayırmış? Ah, ağlıma bir fikir gəldi. O, əlcəkli əlini dodağına toxundurdu.
– Robertin mənimlə evlənmək istəməməsinin əsl səbəbini tapmışam, Ceyk. Bu indi ağlıma gəldi. Kafe Selektdə bəsarət gözüm açıldı sanki. Çox sirlidir, elə deyil? Bir gün onlar xatirə lövhəsi asacaqlar. Lurdedəki kimi. Eşitmək istəyirsən, Robert? İndi sənə deyəcəm. Bu, çox sadədir. Təəccüblənirəm ki, niyə indiyə qədər bu mənim ağlıma gəlməyib. Çünki Robert həmişə məşuqə arzusunda olub, əgər evlənmək istəmirsə, demək artıq kimisə tapıb. Katibə qız iki ildən çox onun məşuqəsi olmuşdu. Görürsən, necə tapmışam? Əgər, o söz verdiyi kimi mənimlə evlənsə, bu eşq macərasının sonu olacaq. Bunu başa düşməyim əladır, hə? Düz tapmışam. Onun üzünə bax və özün qərar ver. Hara gedirsən, Ceyk?
– Lap yadımdan çıxmışdı, mən bir dəqiqəlik içəri keçib, Harvi Stounu görməliyəm.
Kon mən gedən kimi başını qaldırdı. Onun rəngi ağappaq idi. Niyə o burada oturmuşdu? Niyə axı bu sözlərə dözürdü?
Barın pəncərəsindən onlar aydın görünürdü. Frensiz gülümsəyib onun gözünün içinə baxaraq danışır, hər dəfə də soruşurdu: "Elə deyil, Robert?" Bəlkə də, artıq indi bunu soruşmur. Bəlkə də, indi başqa şey danışırdı. Mən barmenə heç nə istəmədiyimi deyib, yan qapıdan özümü küçəyə atdım. Qapıdan çıxanda iki qədəhin şüşəsindən arxaya baxıb, onları masa arxasında gördüm. O, hələ də danışırdı. Mən yan küçə ilə Raspey bulvarına tərəf düşdüm. Taksi gəldi və mən taksiyə minib, sürücüyə ev ünvanımı söylədim.
7
Mən pilləkənləri çıxanda, qapıçı komasının qapısının şüşəsini taqqıldadıb məni saxladı. Mənim üçün bir neçə məktub və bir teleqram var idi.
– Bu da sizin poçtunuz. Hə, bir də bir xanım sizinlə görüşmək istəyirdi.
– O, kart qoydu?
– Yox. O, bir bəylə gəlmişdi. O, keçən gecə bura gələn xanım idi. Bilirsiniz, bu gün gözümə çox qəşəng görünürdü.
– Onunla gələn mənim dostlarımdan biri idi?
– Bilmirəm. Onu birinci dəfə idi burada görürdüm. O, çox böyük idi. Çox, çox böyük. Qadın da nəzakətli idi. Çox, çox mehriban. Keçən gecə ola bilsin bir az… O, bir əlilə başını tutub aşağı-yuxarı yelləyirdi. Mən çox səmimi danışacağam, cənab Barns. Keçən dəfə o, elə də nəzakətli görünmürdü. Ancaq bu gecə ona qarşı fikrim tamam dəyişdi. Qulaq as, gör, nə deyirəm. O, çox, çox nəzakətlidir. O, çox yaxşı ailədəndir. Bu gözlə görünəcək qədər aydındır.
– Onlar heç bir söz demədi?
– Hə, dedilər ki, bir saata qayıdacaqlar.
– Gələndə onları yuxarı göndərərsən.
– Oldu, cənab Barns. Ancaq o qadın adi bir qadın deyildi. Qeyri-adi, fövqəladə biri idi!
Bu qadın, qapıçı olmamışdan qabaq Paris hippodromlarında içki köşkünə sahibəlik edirdi. Onun iş həyatı çətin olsa da, insanlara göz qoymağı unutmamış və həmişə qonaqlarından hansının yaxşı tərbiyə gördüyünü, hansının əsilli-köklü ailədən çıxdığını, kimin idmançı olduğunu mənə böyük qürur hiss ilə xəbər verərdi. Yeganə problem isə bu kateqoriyalardan heç birinə aid olmayan insanların Barnsın evdə olmaması cavabı ilə barışmağa məcbur olması idi. Mənim ac rəssama oxşayan dostlarımdan biri, xanım Duzinelə nə tərbiyəli, nə yaxşı ailədən çıxmış, nə də idmançı təsiri bağışlamadığından bir dəfə mənə məktub yazıb axşamlar arabir bizə gəlib, mənimlə görüşməsi üçün ona şərait yaratmağımı xahiş edirdi.
Mən Bretin qapıçını necə məftun etdiyini düşünə-düşünə otağıma qalxdım. Teleqram Bil Qortondan idi və onun Fransaya gəldiyi yazılmışdı. Mən məktubu stolun üstünə qoydum, yataq otağına qayıdıb əynimi soyundum və duş qəbul etdim. Qurulanırdım ki, qapının zəngi çalındı. Hamam xalatımı və başmaqlarımı geyinib qapıya tərəf getdim. Bu, Bret idi. Onun arxasında isə qraf dayanmışdı. Onun əlində böyük qızılgül dəstəsi var idi.
– Salam, əzizim, – Bret dedi. Bizi içəri buraxmayacaqsan?
– Gəlin. İndicə duşdan çıxmışam.
– Çimmək böyük xoşbəxtlikdir.
– Ancaq duş qəbul etdim. Əyləşin, qraf Mipipopolu. Nə içəcəksiniz?
– Cənab, mən bilmirəm siz gülləri xoşlayırsız, ya yox, – qraf dedi, – ancaq bu qızılgülləri sizə gətirməyə cəsarət etdim.
– Onları mənə verin, -Bret gülləri götürdü. Mənə bir az su gətir, Ceyk. Mən böyük saxsı qabı mətbəxdə su ilə doldurdum, Bret isə gülləri içinə qoyub, güldanı yemək stolunun ortasına qoydu.
– Bu gün də belə keçdi!
– Sən bizim Kriyondakı görüşümüzü xatırlayırsan?
– Yox. Məgər, biz nə vaxtsa görüşmüşük? Yəqin, o qədər içkili olmuşam ki, yadımda heç nə qalmayıb.
– Sən çox içmişdin, əzizim, – qraf dedi.
– Elədir. Qraf həddindən artıq mülayim idi.
– Bilmirəm niyə, amma qapıçının yaman ürəyinə yatmısınız.
– Hələ bir yatmasın. Ona iki yüz funt vermişəm.
– Bu nə axmaqlıqdır!
– Öz cibimdən verməmişəm, – Bret başı ilə qrafa göstərdi.
– Mən fikirləşdim ki, keçən dəfəki gecəyə görə ona nəsə verməliyik. O vaxt çox gec gəlmişdik.
– O, misilsizdir, – Bret dedi. Hər nə olursa, hamısını xatırlayır.
– Sən də, əzizim.
– Uydurma, – Bret dedi. Bu kimə lazımdır axı? Ceyk, bizə içməyə bir şey təklif etməyəcəksən?
– Sən qədəhləri çıxar düz, mən də əynimi geyinib gəlirəm. Özün hər şeyin yerini bilirsən.
– Təxmini bilirəm.
Mən geyinərkən Bretin qədəhlərlə sifonu stola qoymasını, sonra isə onların nəsə danışdığını eşitdim. Mən çarpayıda əyləşib, yavaş-yavaş əynimi geyinirdim. Özümü çox yorğun və əzgin hiss edirdim. Bret əlində stəkan otağıma girdi və çarpayıda oturdu.
– Nə olub, əzizim? Niyə bikefsən?
O, alnımdan öpdü.
– Ah, Bret, mən səni necə də çox sevirəm.
– Əzizim, – o dedi, – istəyirsən onu geri göndərim?
– Yox. O, yaxşıdır.
– Onu geri göndərəcəm.
– Yox, lazım deyil.
– Dedim ki, edəcəm.
– Sən belə edə bilməzsən.
– Bilmərəm? Burada gözlə. İnan mənə, o məndən ötrü dəli-divanədir.
O, otaqdan çıxdı. Mən üzü üstə yatağıma uzandım. Mənə çox çətin idi. Mən onların nəsə danışdığını eşidirdim, ancaq qulaq asmırdım. Bret yenidən gəldi və çarpayıda əyləşdi.
– Zavallı oğlan! O, mənim başımı sığalladı.
– Ona nə dedin? Mən üzümü yana çevirib uzanmışdım. Onun üzünü görmək istəmirdim.
– Onu şampan almağa göndərdim. Bu iş onun xoşuna gəlir.
– Əzizim, indi yaxşısan? Başının ağrısı keçdi?
– Hə, indi yaxşıyam.
– Sakitcə uzan. O, şəhərin o biri başına getdi.
– Biz birlikdə yaşaya bilmərik, Bret? Heç cürə birlikdə yaşaya bilmərik?
– Məncə, yox. Mən hər yoldan ötənlə səni aldadacam. Sən buna dözə bilməyəcəksən.
– Ancaq indi dözürəm.
– İndi məsələ başqa cürdür. Bu mənim səhvimdir, Ceyk. Ah, mən necə də pisəm.
– Bəlkə bir müddətlik ölkədən kənara çıxaq?
– Bunun heç kimə bir xeyri olmayacaq. İstəyirsənsə, gedərəm. Ancaq mən şəhərdən kənarda sakit yaşaya bilmərəm. Hətta yanımda sevdiyim insan olsa belə.
– Bilirəm.
– Bu dəhşətlidir. Məncə, səni sevdiyimi söyləməyimin heç bir mənası yoxdur.
– Bilirsən ki, səni sevirəm.
– Gəl, daha danışmayaq. Hər nə desək, boşdur. Mən səndən uzaqlaşacam, sonra isə Maykl geri qayıdacaq.
– Niyə gedirsən axı?
– Belə sənin üçün daha yaxşı olacaq. Elə mənim üçün də.
– Nə vaxt gedirsən?
– Bacardığım qədər tez.
– Hara?
– San Sebastiana.
– Biz birlikdə gedə bilmərik?
– Yox. İndi etdiyimiz söhbətdən sonra bu, çox axmaq fikir olardı.
– Biz heç vaxt razılığa gəlmirik.
– Ah, sən ki məni tanıyırsan. Tərslik etmə, əzizim.
– Hə, əlbəttə, – mən dedim. Bilirəm ki, düz deyirsən. Sadəcə kefim yoxdur, belə olanda isə axmaq sözlər danışıram.
Mən əyləşdim, bir az əyilib çarpayının yanından ayaqqabılarımı tapdım və geyindim. Sonra ayağa qalxdım.
– Belə baxma, əzizim.
– Necə baxmağımı istəyirsən?
– Ah, incimə məndən. Sabah gedirəm.
– Sabah?
– Hə. Məgər, sənə demədim? Sabah.
– Onda gəl, içək. Qraf indilərdə qayıdacaq.
– Hə. Harda olsa qayıdar. Bilirsən, o, şampan almaqda çox mahirdir. Onun üçün bu, çox vacib məsələdir.
Biz yemək otağına getdik. Mən konyak şüşəsini götürdüm, bir az Bretə, bir az da özümə süzdüm. Bu vaxt qapının zəngi çalındı. Mən qapını açdım, gələn qraf idi. Onun arxasında isə əlində şampan səbəti saxlamış sürücü dayanmışdı.
– Bunu hara qoyaq, cənab? – qraf soruşdu.
– Mətbəxə, – Bret dedi.
– Henri, onu bura qoy, – qraf dedi. İndi isə aşağı düş və buzu gətir. O, mətbəxin kandarında dayanıb səbətə baxırdı.
– Məncə, siz bu şərabı bəyənəcəksiniz, – o dedi. Bilirəm, Amerikada biz nadir hallarda yaxşı şərabın dadına baxdığımız üçün bunları bu işlə məşğul olan bir dostumdan almışam.
– Oh, sənin həmişə ticarətlə məşğul olan bir tanışın çıxır, – Bret dedi.
– O üzümü özü becərir. Onun minlərlə hektar üzüm sahəsi var.
– Onun soyadı necə idi? – Bret soruşdu. Dul Kliko?
– Yox, – qraf dedi. Mumm. O, barondur.
– Bu ki əladır, – Bret dedi. Bizim hamımızın titulu var. Ceyk, sənin niyə titulun yoxdur?
– Mən sizi inandırıram ki, cənab, – qraf əlini mənim qoluma qoydu. Bunun insana heç bir xeyri yoxdur. Çox vaxt isə əksinə, xərcə düşürsən.
– Oh, mən bunu bilmirdim. Ancaq bəzən xeyri dəyir, – Bret dedi.
– Hələ indiyə qədər bunun mənə bir xeyri dəyməyib.
– Yəqin, yaxşı istifadə edə bilmirsiniz. Bu titul mənə çoxlu borcdan başqa bir şey verməyib.
– Əyləşin, qraf, – mən dedim. İcazə verin, əsanızı götürüm.
Qraf masadan qaz lampasının ışığı altında Bretə baxırdı. O, siqareti tüstülədərək külünü xalçaya tökürdü. Deyəsən, mənim buna fikir verdiyimi görüb:
– Ceyk, sənin xalçanı korlamaq istəmirəm. Mənə külqabı verə bilərsən?
Mən bir-iki dənə külqabı çıxarıb, ətrafa düzdüm. Sürücü içinə duz səpilmiş buzla dolu səbəti gətirdi.
– İki şüşə götür, onun içinə qoy, – Henri, qraf səsləndi.
– Başqa əmriniz var, cənab?
– Yoxdur. Aşağıda maşında gözlə. O, Bretə və mənə tərəf döndü.
– Bəlkə, yeməyi Bulon meşəsində yeyək?
– Necə istəyirsiniz, – Bret dedi. Düzü, mən yemək istəmirəm.
– Mən isə dadlı yeməyə heç vaxt etiraz edə bilmərəm, – qraf dedi.
– Şərab gətirim, cənab? – sürücü soruşdu.
– Hə, gətir, Henri, – qraf dedi. O, donuz dərisindən hazırlanmış ağır siqar qutusunu götürüb, mənə təklif etdi.
– Əsl Amerika siqarının dadına baxmaq istəyirsən?
– Çox sağolun, – mən dedim. Öz siqaretimi bitirəcəm.
O, saat zəncirindən asılmış qızıl bıçaqla siqarın ucunu kəsdi.
– Mən siqar qullablayanda xoşuma gəlir, – qraf dedi. Sənin siqarlarının çoxunu qullablamaq çətin olur.
O, siqarını yandırıb Breti süzə-süzə havaya tüstü buraxırdı.
– Xanım Eşli, demək boşanandan sonra artıq sizin heç bir titulunuz olmayacaq?
– Hə, çox heyif, olmayacaq.
– Yox, – qraf dedi. Sizin heç bir titula ehtiyacınız yoxdur. Bu sizdə anadangəlmədir.
– Minnətdaram. Çox nəzakətlisiniz.
– Mən zarafat etmirəm, – qraf tüstü dumanını havaya buraxdı. Mən indiyədək heç kimdə bu cür tərbiyə görməmişəm. Bu sizdə var. Bu qədər.
– Çox lütfkarsınız, – Bret dedi. Anam eşitsə, çox xoşuna gələrdi. Bəlkə, bu sözləri bir yerə yazasınız, ona məktub göndərim?
– Bu sözləri onun özünə də deməyə hazıram, – qraf dedi. Mən zarafat etmirəm. İnsanlarla heç vaxt zarafat etmirəm. İnsanlarla zarafat, adama yalnız düşmən qazandırır. Mən bunu həmişə deyirəm.
– Siz haqlısınız, – Bret dedi. Həm də çox haqlısınız. Mən həmişə insanlarla zarafat edirəm, buna görə də heç bir dostum yoxdur. Bircə Ceykdən başqa.
– Demək onunla zarafat etmirsiniz.
– Elədi ki var.
– Bəlkə, nə vaxtsa bunu etmisiniz? – qraf soruşdu
Bret gözlərini qıyaraq mənə baxdı.
– Yox, o dedi. Mən onunla zarafat etmərəm.
– Bax görürsünüz, – qraf dedi, -zarafat etməyin.
– Aman Tanrı, necə darıxdırıcı söhbətdir, – Bret dedi. Bəlkə bir az da bu şampanın dadına baxaq?
Qraf aşağı oturub parıldayan vedrədəki içkiləri fırlatdı. – Bu hələ soyumayıb. – Sən elə hey içirsən, əzizim. Bəlkə, ancaq söhbət edək?
– Mən artıq danışmışam. Sən burada olmayanda Ceyklə bir az dərdləşdik.
– Amma, əzizim, mən sizin əslində necə danışdığınızı eşitmək istəyirəm. Mənimlə söhbət edəndə heç cümlələrinizi belə tamamlamırsınız.
– Onları bitirməyi sənin öhdənə buraxırıq. Qoy, hər kəs öz istəyinə uyğun bitirsin.
– Bu, çox maraqlı üsuldur, – qraf aşağı əyildi və şüşələri fırlatdı. – Amma, yenə də sizin söhbətinizi eşitmək istərdim.
– Axmaq – Bret dedi.
Bu da o, – qraf bir şüşə götürdü. Məncə, bu artıq sərindir.
Mən bir dəsmal gətirdim və o şüşəni qurulayıb yuxarı qaldırdı.
– Mən böyük şüşədə olan şampanlara üstünlük verirəm. Onlar çox yaxşı olsa da, soyutmaq çətindir. O, şüşəni əlində saxlayıb Bretə baxırdı. Mən qədəhləri çıxardım.
– Artıq onu aça bilərsən, – Bret təklif etdi.
– Hə, əzizim. İndicə onu açacam.
Bu, çox gözəl şampan idi.
– Bax, bu əsl şərabdır, – Bret qədəhini qaldırdı. Biz nəyəsə sağlıq deməliyik. – "Əlahəzrətin kralın şərəfinə".
– Bu şərab sağlıq demək üçün həddindən artıq yaxşıdır, əzizim. Məncə, bu cür şərabla hisslərini qarışdırma. Yoxsa, dadı qaçar.
Bretin qədəhi artıq boşalmışdı.
– Məncə, siz şərablar haqqında kitab yazmalısınız, qraf, – mən dedim.
– Cənab Barns, – qraf cavab verdi, – şərablardan istədiyim yeganə şey onlardan ləzzət almaqdır.
– O zaman gəlin, daha çox ləzzət alaq, – Bret qədəhini qabağa uzatdı. Qraf çox ehtiyatla süzdü. – Buyur, əzizim. İndi isə yavaş-yavaş həzz al, yoxsa sərxoş olarsan.
– Nə? Sərxoş?
– Əzizim, sən sərxoş olanda füsünkar görünürsən.
– Eşidirsən, o nə deyir?
– Cənab Barns, – qraf qədəhimi ağzınadək doldurdu. – O, mənim indiyədək tanıdığım yeganə qadındır ki, sərxoş olanda da ayıq vaxtındakı kimi füsunkar görünür.
– Məncə, siz hələ çox şeyi görməmisiniz.
– Səhviniz var, əzizim. Mən çox şey görmüşəm. Həddindən artıq çox şey.
– Şərabınızı için, – Bret dedi. Biz hamımız illərdən keçmişik. Mən cəsarətlə deyə bilərəm ki, Ceyk sizdən daha çox şeyin şahidi olub.
– Əzizim, mən əminəm ki, cənab Barns çox şey görüb. Cənab, elə düşünməyin ki, sizi inkar edirəm. Ancaq mən də çox şey görmüşəm.
– Əlbəttə, əzizim, – Bret dedi. Mən zarafat edirdim.
– Mən yeddi müharibədə və dörd inqilabda iştirak etmişəm, – qraf dedi.
– Döyüşürdünüz? – Bret soruşdu.
– Bəzən, əzizim. Ox yarası almışam. Sən heç ox yarası görmüsən?
– Göstərin.
Qraf ayağa qalxıb, jiletinin düymələrini və köynəyini açdı. O, sinəsinədək köynəyini açandan sonra qara sinəsi və böyük qarnı işıqda qabağa çıxdı.
– Onları görürsünüz?
Onun qabırğalarının olduğu yerdə iki dənə ağ çapıq var idi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?