Электронная библиотека » Эрнест Хемингуэй » » онлайн чтение - страница 4

Текст книги "Fiesta"


  • Текст добавлен: 13 января 2023, 17:52


Автор книги: Эрнест Хемингуэй


Жанр: Зарубежная классика, Зарубежная литература


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

– Arxaya – onların başladığı yerə baxın.

Kürəyində də barmaq qalınlığında eynilə həmin iki çapıqdan var idi.

– Hə, bunlar həqiqidir!

– Elədir ki var.

Qraf köynəyini şalvarının içinə saldı.

– Bunlar harada olub? – mən soruşdum.

– Abissiniyada. Mənim onda iyirmi bir yaşım var idi.

– Orada nə edirdin? – Bret soruşdu. Müharibədə idin?

– İşgüzar səfərə getmişdim, əzizim.

– Mən demişdim axı, o da bizlərdən biridir. Düz demirəm? Bret mənə tərəf döndü. – Mən sizi sevirəm, qraf. Siz möhtəşəmsiniz.

– Sözlərin məni çox xoşbəxt edir, əzizim. Ancaq bu düzgün deyil.

– Axmaq olma.

– Görürsünüz, cənab Barns, mən vaxtında çox şeylər yaşadığıma görə, indi hər şeydən çox yaxşı zövq ala bilirəm. Mənimlə razısınız?

– Tamamilə razıyam.

– Bilirəm, – qraf dedi. Bütün sirr bundadır. Həqiqi dəyərləri tapmaq lazımdır.

– Sizin dəyərlərinizə heç vaxt heç nə olmur? – Bret soruşdu.

– Yox. Artıq heç nə olmur.

– Nə vaxtsa aşiq olmusan?

– Həmişə, – qraf dedi. Mən həmişə sevirəm.

– Bəs, bu sənin dəyərlərinə necə təsir edir?

– Onun da mənim dəyərlərimin içində öz yeri var.

– Sənin heç bir dəyərin yoxdur. Sən ölüsən, başqa heç nə.

– Yox, əzizim. Səhvin var. Mən hələ ölməmişəm.

Biz üç şüşə şampanı boşaltdıq və qraf səbəti aparıb mətbəxə qoydu. Biz Bulons meşəsindəki restoranların birində nahar etdik. Nahar dadlı idi. Qrafın dəyərlərində yeməklərin xüsusi yeri var idi. Eləcə də şərabın. Yemək zamanı qrafın əhval-ruhiyyəsi yaxşı idi. Elə Bretin də həmçinin. Yaxşı vaxt keçirdik.

– Hara getmək istəyirsiniz? – qraf yeməkdən sonra soruşdu. Restoranda yalnız biz qalmışdıq. İki ofisiant qapıya söykənib dayanmışdı. Onlar evə getmək istəyirdilər.

– Biz Monmartra gedə bilərik, – Bret dedi. Orada çox yaxşı əylənirik, elə deyil?

Qraf sevincdən işıq saçırdı. O, çox xoşbəxt gorunürdü.

– Siz çox yaxşı insanlarsınız, – o dedi. O, yenə siqar çəkirdi. Siz niyə evlənmirsiniz?

– Biz hərəmiz öz həyatımızı yaşamaq istəyirik, – mən dedim.

– Bir-birimizin karyerasını korlamaq istəmirik, – Bret dedi. Gəlin, çıxaq buradan.

– Bir az da konyak içək, – qraf dedi.

– Orada içərik.

– Yox. Nə qədər ki sakitçilikdir, burada içək.

– O siz, o da sizin sakitliyiniz – Bret dedi. Görəsən, niyə kişilər həmişə sakitlik axtarır?

– Biz sakitliyi sevirik, – qraf dedi. Necə ki, siz səs-küyü sevirsiniz, əzizim.

– Yaxşı, – Bret dedi, – burada içək.

– Ofisiant! – qraf çağırdı.

– Bəli, cənab.

– Ən köhnə şərabınız hansıdır?

– Min səkkiz yüz on birinci ildə olandır, cənab.

– Bizə bir şüşə gətir.

– Özünü göstərmə. Onu geri çağır, Ceyk.

– Qulaq asın, əzizim. Köhnə konyak mənim bütün qədim əşyalarımdan daha çox qiymətlidir.

– Sizdə əntiq əşyalar çoxdur?

– Bütün ev doludur.

Nəhayət ki, biz Montmartra getdik. Zelli tüstülü, səs-küylü və adamla dolu, idi. İçəri girən kimi musiqi adama toxunurdu. Bretlə mən rəqs etdik. İçəri tünlük olduğundan, biz güclə hərəkət edirdik. Zənci zərbçi Bretə əl yellədi. Biz basabasa düşdüyümüzdən ancaq bir yerdə – onun qarşısında rəqs edirdik.

– Necəsən?

– Əla.

– Lap yaxşı.

Onun ağappaq dişləri bərq vururdu.

– O, mənim yaxın dostumdur, – Bret dedi. Əla zərb ustasıdır.

Musiqi dayandı və biz qrafın oturduğu stola tərəf getdik. Sonra yenidən musiqi başladı və biz rəqs etdik. Mən qrafa baxırdım. O əyləşib siqar çəkirdi. Musiqi yenidən dayandı.

– Gedək, onun yanına.

Bret stola tərəf getdi. Ancaq musiqi başladı və biz yenidən sıx kütlənin içində rəqs etdik.

– Sən rəqs edə bilmirsən, Ceyk. Maykl hamıdan yaxşı rəqs edir.

– O, əla rəqs edir.

– Onun ümumiyyətlə üstünlükləri çox idi.

– O, mənim xoşum gəlir, – dedim. Onu dəlicəsinə sevirəm.

– Mən ona ərə gedəcəm, – Bret dedi. Qəribədir, bir həftədir, heç yadıma da düşmür.

– Məgər, ona yazmırsan?

– Yox. Mən heç vaxt məktub yazmıram.

– Mərc gəlirəm ki, o sənə yazır.

– Əlbəttə. Həm də çox yaxşı məktublar.

– Nə vaxt evlənirsiniz?

– Mən hardan bilim. Boşanan kimi. Maykl anasını səxavətə gətirməyə çalışır.

– Bəlkə mən kömək edim?

– Axmaq olma. Mayklın qohumlarının kisə ilə pulu var.

Musiqi dayandı. Biz masaya qayıtdıq. Qraf ayağa durdu.

– Çox gözəl, – o dedi. Siz çox, çox qəşəng görünürdünüz.

– Siz rəqs etmirsiniz, qraf? – mən soruşdum.

– Xeyr. Mən bunun üçün çox qocayam.

– Oh, gəl, – Bret dedi.

– Əzizim, mən zövq aldığım şeyləri edirəm. Mən isə sizin rəqsinizə baxmaqdan zövq alıram.

– Əla, – Bret dedi. Mən vaxt tapan kimi sizin üçün yenidən rəqs edəcəyəm. Bəs, sizin balaca dostunuz Zizi haradadır?

– Sizə bir söz deyim. Mən o oğlana kömək edirəm, ancaq onu ətrafımda görmək istəmirəm.

– Onunla işləmək çətindir.

– Bilirsiniz, məncə gələcəkdə ondan rəssam çıxacaq. Amma, mən şəxsən onu görmək istəmirəm.

– Ceyk də belə düşünür.

– Onu görəndə cin atına minirəm.

– Elədir, – qraf çiyinlərini çəkdi. Onun sonunun necə olacağını indidən demək çətindir. Hər halda, onun atası mənim atamın yaxın dostu olub.

– Gəlin, rəqs edək, – Bret dedi.

Biz rəqs etdik. Adam əlindən addım atmağa yer yox idi.

– Oh, əzizim! – Bret dedi. Mən çox bədbəxtəm.

– Məndə elə bir hiss var idi ki, sanki bunların hamısı nə vaxtsa artıq baş vermişdi.

– Bir dəqiqə bundan qabaq çox xoşbəxt idin.

Zərb çalan qışqırdı: " Nahaq yerə, iki dəfə…"

– Hamısı keçdi.

– Nə olub sənə?

– Bilmirəm. Sadəcə özümü çox pis hiss edirəm.

– "........," – zərbçalan oxudu. Sonra yenidən çubuqlarına əl atdı.

– Getmək istəyirsən?

Mənə elə gəlirdi ki, sanki bunların hamısı kabusdur və mən eyni şeyləri yenidən yaşamağa məcburam.

– "........", – zərbçalan ahəstə oxuyurdu.

– Gəl, gedək, – Bret dedi. Etiraz etmirsənsə.

– ".........", – zərbçalan qışqırır və Bretə irişirdi.

– Yaxşı, – mən dedim. Biz kütlədən ayrıldıq. Bret geyinmə otağına getdi.

– Bret getmək istəyir, – mən qrafa dedim.

O, başını tərpətdi.

– Doğrudan? Lap əla. Bir maşın tutun. Mən hələ bir az da oturacam, cənab Barns.

– Biz bir-birimizin əlini sıxdıq.

– Çox gözəl vaxt keçirdik, – mən dedim. Xahiş edirəm ki, bunu qəbul edəsiniz. Mən cibimdən pul qabımı çıxartdım.

– Cənab Barns, lazım deyil, – qraf dedi.

Bret paltosunu geyinib, stola yaxınlaşdı. O, qrafı öpdü və onun durmaması üçün əlini çiyninə qoydu. Biz qapıdan çıxarkən mən dönüb arxaya baxdım və artıq masada üç qız əyləşmişdi. Biz böyük bir maşına mindik. Bret sürücüyə qaldığı otelin ünvanını dedi.

– Yox, gəlmə, – o otelə çatanda dedi.

O zəng vurdu və qapı açıldı.

– Əminsən?

– Hə, xahiş edirəm.

– Gecən xeyrə, Bret, – mən dedim. Özünü bədbəxt hiss etdiyinə görə təəssüf edirəm.

– Gecən xeyrə, Ceyk. Gecən xeyrə, əzizim. Biz bir daha görüşməyəcəyik.

Biz qapının ağzında öpüşdük. O, məni itələdi. Biz yenidən öpüşdük.

– Lazım deyil, bəsdir! – Bret dedi.

O, tez çevrildi və otelə girdi. Sürücü məni evimə gətirdi. Mən ona iyirmi frank verdim, o əlini papağına qoyaraq dedi: “Gecəniz xeyrə, cənab”, – və çıxıb getdi. Mən zəngi çaldım. Qapı açıldı və mən yuxarı çıxıb, yatağıma uzandım.

İKİNCİ HİSSƏ

8

Mən Breti bir də o, San Sebastiandan qayıdana qədər görmədim. Bir dəfə isə ondan gəlmiş, üzərində Konça körfəzinin şəkli olan açıqcada yazılmışdı: "Əzizim! Bura çox yaxşı və sakitdir. Hamıya salamlar. BRET".

Robert Konu da bir daha görmədim. Frensizin İngiltərəyə getdiyini eşitmişdim. Kondan aldığım məktubda isə hara gedəcəyini dəqiq bilməsə də, bir neçə həftəliyə şəhər kənarına çıxacağını və mənimlə keçən il danışdığımız balıq ovu üçün İspaniyaya getmək istədiyini bildirirdi. Ünvanını istənilən vaxt bankirindən ala biləcəyimi qeyd etmişdi.

Bret yox idi, Konun problemləri məni bezdirmirdi, hətta tennis oynamadığıma görə də məmnun idim, görüləsi çox iş var idi; tez-tez at yarışlarına gedir, dostlarla nahar edir və iyunun axırında Bil Qortonla İspaniyaya gedəcəyim üçün katibəmin işlərini bir az yüngülləşdirmək üçün redaksiyada artıq vaxt keçirirdim. Bil Qorton gəldi, iki gün bizdə qaldı və Vyanaya yola düşdü. O, çox şən idi və Ştatların mükəmməl olduğunu söyləyirdi. Nyu-York əla idi. Orada böyük teatr mövsümü və çoxlu yarımyüngül çəkili gənclər var idi. Onların hər birinin böyümək, çəki yığmaq və Dempsini bəzəmək üçün yaxşı imkanları var idi. Bill çox xoşbəxt idi. Axırıncı kitabı ona çoxlu pul qazandırmışdı və bunu daha da artırmağa hazırlaşırdı. O, Parisdə olanda biz yaxşı vaxt keçirdik, sonra isə Vyanaya getdi. O, üç həftəyə qayıdacaq və biz balıq ovlamaq və Pamplonadakı fiestada iştirak etmək üçün İspaniyaya yollanacaqdıq. O yazırdı ki, Vyana gözəldir. Daha sonra Budapeştdən bir açıqca: "Ceyk, Budapeşt gözəldir". Sonra bir teleqram aldım: "Bazar ertəsi qayıdıram".

Bazar ertəsi axşam o gəlib çatdı. Mən taksinin səsini eşidib, pəncərəyə yaxınlaşdım və onu çağırdım; o, əl yellədi və çantaları ilə birlikdə yuxarı qalxdı. Onu pilləkəndə qarşılayıb çantalarını qaldırmağa kömək etdim.

– Yaxşı, – mən dedim, – deyəsən, əla səyahət etmisən.

– Əla, – o dedi. Budapeşt çox gözəl şəhərdir.

– Bəs Vyana?

– Elə də yaxşı deyildi, Ceyk. Heç yaxşı deyil. Fikirləşdiyimdən də pis imiş.

– Nə olub axı? – mən qədəhləri və sifonu çıxardım.

– Sərxoş idim, Ceyk. Mən sərxoş idim.

– Çox qəribədir. Yaxşısı budur, içək.

Bil alnını sildi.

– Qəribə işdir, – o dedi. Bilmirəm necə baş verdi. Hər şey qəflətən baş verdi.

– Uzun çəkdi?

– Dörd gün, Ceyk. Sadəcə dörd gün çəkdi.

– Sən hara getdin?

– Xatırlamıram. Sənə açıqca yazmışdım. Bunu əla xatırlayıram.

– Başqa nəsə etmişdin?

– Əmin deyiləm. Bəlkə də.

– Davam et. Nə olubsa, mənə danış.

– Yadıma sala bilmirəm. Nə yadıma düşdüsə, sənə danışdım.

– Davam elə. Al bunu iç və yadına sal.

– Bir az yadıma düşdü, – Bil dedi. Boksçuların yarışı barədə nəsə yadıma düşür. Nəhəng Vyana mükafatı uğrunda keçirilən yarış. Orada bir zənci iştirak edirdi. Həmin zəncini əla xatırlayıram.

– Bəs sonra?

– Möhtəşəm idi. Eynilə Pələng Flauver idi, sadəcə ondan dörd dəfə böyük. Birdən hamı nəsə atmağa başladı. Məndən başqa. Zənci bir yerli oğlanı yerə sərdi. Zənci əlcəkli əllərini qaldırdı. Nəsə demək istəyirdi. Onun qorxunc zadəgan görünüşü var idi. Danışmağa başladı. Sonra yerli ağ oğlan onu vurdu. Sonra zənci yerli oğlanı zərbə ilə nokaut etdi. Bundan sonra, hər kəs stulları atmağa başladı. Zənci evə bizim maşında getdi. O heç imkan tapıb, paltarlarını da götürə bilmədi. Mənim paltomu geyindi. İndi hər şeyi xatırlayıram. Böyük idman axşamı.

– Bəs sonra nə oldu?

– Onu birtəhər geyindirib pullarını geri almaq üçün onunla getdim. Onlar dağılmış zal üçün zəncidən pul tələb edirdilər. Tap görüm, bunları kim tərcümə edirdi? Mən?

– Yəqin ki, sən etməmisən.

– Düz deyirsən. Bu, mən deyildim. Başqa adam idi. Biz onu Harvard professoru kimi çağırırdıq. İndi yadıma düşür. Musiqi dərsi keçirdi.

– Yaxşı, bəs nə oldu?

– Elə də yaxşı olmadı, Ceyk. Ədalətsizlik hər yerdə hökm sürür. Təşkilatçı, zəncinin qalibiyyəti yerli oğlana verəcəyini vəd etdiyini söylədi. Zəncini müqaviləni pozmaqda ittiham etdi. Vyanada vyanalı idmançını nokaut etmək olmaz. "Aman tanrım, cənab Qorton", – zənci dedi, – düz qırx dəqiqə mən çalışdım ki, o təslim olsun. Ağ dərili oğlan isə özünü mənim üstümə atmaq üçün fürsət axtarırdı. Ona barmağımın ucu da dəyməyib".

– Pul ala bildiniz?

– Heç nə ala bilmədik, Ceyk. Ala bildiyimiz yalnız zəncinin paltarları oldu. Kimsə, hələ onun saatını da götürmüşdü. Gözəl zənci. Vyanaya getməkdə böyük səhv etdim. Yaxşı olmadı, Ceyk. Heç yaxşı olmadı.

– Zənci nə etdi?

– Zənci, Kölnə geri qayıtdı. Orada yaşayır. Ailəlidir. Uşaqları var. Söz verib ki, arada mənə yazacaq və ona verdiyim pulu qaytaracaq. Möhtəşəm zənci idi. Ümid edirəm, ona doğru ünvan vermişəm.

– Ümid edək.

– Nəysə, gedək yeməyə, – Bill dedi. Yoxsa, bir başqa səyahət hekayəsinə qulaq asmaq istəyirsən?

– Qalx görüm.

– Gedək yeməyə.

Biz, isti iyun axşamında aşağı düşüb, San Mişel bulvarına yollandıq.

– Hara gedirik?

– Adada yemək istəyirsən?

– Əlbəttə.

Biz Bulvara düşdük. Denfer Roşero küçəsi ilə Bulvarın kəsişməsində cübbəsini çıxaran iki kişinin abidəsi var.

– Mən bilirəm onlar kimdir, – Bil gözü ilə abidəyə işarə etdi. Əczaçılığı kəşf edən bəylərdir. Parisin hər daşına bələdəm.

Biz yolumuza davam etdik.

– Bu da müqəvva dolduran adam, – Bil dedi. Nəsə almaq istəyirsən? Müqəvva it almaq istəyirsən?

– Gəl gedək, – mən dedim. Sən artıq sərxoşsan.

– Çox qəşəng itlərdir, – Bil dedi. – Sənin otağını bəzəyəcəklər.

– Gedək.

– Sadəcə bir it alacağıq. Mən onları tək qoyub gedə bilmirəm. Mənə qulaq as, Ceyk, yalnız birini.

– Gedək.

– Həyatda hər şey onu alandan sonra dəyər qazanır.

– Dəyərlərin sadə mübadiləsi. Sən onlara pul ödəyirsən. Onlar isə əvəzində, sənə müqəvva it verirlər.

– Yaxşı, qayıdanda birini alarıq.

– Yaxşı, sən deyən olsun. Zəhrimara qalmış satılmayan müqəvva itlər bütün yola səpilib. Bu, mənim səhvim deyil.

Biz yolumuza davam etdik.

– Səndə itlərə sevgi haradan yarandı axı?

– Mən onları həmişə sevmişəm. Müqəvva heyvanların çoxdandır vurğunuyam.

Biz yolüstü köşkdə dayandıq və içdik.

– İçməyi çox sevirəm, – Bil dedi. Məncə, səndə arada dadına baxmalısan, Ceyk.

– Sən hardasa yüz qırx dörd xal məndən qabaqdasan.

– Ruhdan düşmə. Heç vaxt ümidini itirmə. Mənim uğurumun sirri budur. Heç vaxt ruhdan düşmürəm. Heç vaxt insanların arasında ruhdan düşmürəm.

– Sən içməyə harada fürsət tapmısan belə ?

– Krilyona dönmüşdüm. Corc mənə Cek Rouz hazırlamışdı. Corc əla insandır. Bilirsən, onun uğurunun səbəbi nədir? Heç vaxt ruhdan düşmür.

– Daha üç qədəh perno içsən, haldan düşəcəksən.

– Ancaq insanların içində belə etmək olmaz. Ruhdan düşdüyümü hiss edən kimi özümə qapılaram. Belə hallarda pişik kimi oluram.

– Harvi Stounu harada gördün?

– Krilyonda. O, bir az ruhdan düşmüşdü. Üç gündür ki, dilinə heç nə dəyməyib. Artıq heç nə yemir. Pişik kimi hamıdan uzaqlaşır. Çox qəmgindir.

– Onun heç nəyi yoxdur.

– Çox gözəl. Arzu edirəm ki, o bir daha pişik kimi hamıdan uzaqlaşmasın. Bu heç yaxı deyil.

– Bu axşam nə edək?

– Mənim üçün fərqi yoxdur. Bircə ruhdan düşməyək. Birdən burada qaynadılmış yumurta olsa necə? O zaman bir də o qədər yolu gedib, adada yemək yeməyə ehtiyac qalmayacaq.

– Ağlına da gətirmə, – mən dedim. Biz ora gedəcəyik.

– Bu sadəcə təklifdir, – Bil dedi. Getmək istəyirsən?

– Gedək.

Biz yenidən üzü bulvara tərəf düşdük. Yanımızdan bir fayton keçdi. Bil onun arxasınca baxdı.

– Faytonu görürsən? Milad bayramında sənə bu faytonun müqəvvasını hədiyyə edəcəm. Bütün dostlarıma müqəvva heyvanlar hədiyyə edəcəm. Mən əsl naturalistəm.

Bu zaman yanımızdan bir taksi keçdi, kimsə içindən bizə əl yelləyib, daha sonra maşını saxlatdırdı. Sürücü maşını arxaya verib, səkidə saxladı. Onun içindəki Bret idi.

– Gözəl qadındır, – Bil dedi. Bizi qaçırmağa gəlir.

– Salam, – Bret dedi.

– Tanış olun: Bil Qortondur, xanım Eşli.

Bret Bilə gülümsədi.

– Elə indi qayıtmışam. Hələ duş da qəbul etməmişəm. Maykl da bu axşam qayıdacaq.

– Lap yaxşı. Gedək, yemək yeyək, sonra hamımız birlikdə onu qarşılamağa gedərik.

– Mən duş qəbul etməliyəm.

– Ah, uzatmayın! Gəlin gedək.

– Mən duş qəbul etməliyəm. O, saat doqquzdan gec gəlməyəcək.

– O zaman gedək, duşdan qabaq bir az içək.

– Bax bunu edə bilərəm. Çox ağıllı fikirdir.

Biz taksiyə mindik. Sürücü ətrafa baxdı.

– Ən yaxın barda saxlayarsınız, – mən dedim.

– Yaxşısı budur, "Klozeriyə" gedək, – Bret dedi. Mən buranın çürümüş konyaklarını içə bilmirəm.

– "Klozeri de Lila".

Bret Bilə tərəf döndü.

– Çoxdandır, bu murdar şəhərdəsiniz?

– Budapeştdən bugün qayıtmışam.

– Budapeşt necə idi?

– Əla. Budapeşt əla idi.

– Ondan Vyana haqqında soruş.

– Vyana, – Bil dedi, qəribə şəhərdir.

– Lap Paris kimi, – Bret gözlərinin qırağını qırışdıraraq, ona gülümsədi.

– Eynilə, – Bil dedi. İndi ora Parisə çox bənzəyir.

– Yaxı başlamısınız.

Klozeri kafesinin artırmasında özümüzə yer tapandan sonra, Bretlə mən sodalı viski, Bil isə daha bir perno sifariş etdi.

– Necəsən, Ceyk?

– Əla, mən dedim. Yaxşı vaxt keçirmişəm.

Bret mənə baxdı.

–Mən axmaqlıq edib getdim, – o dedi. Parisi tərk etmək üçün gərək axmaq olasan.

– Yaxşı vaxt keçirdin?

– Belə də. Maraqlı idi. Lap da əyləncəli olmadı.

– Tanış kimisə gördün?

– Yox, heç kimi. Heç yerə çıxmırdım.

– Üzmədin də?

– Yox. Heç nə etmədim.

– Lap Vyanaya oxşayır, – Bill dedi.

Bret gözlərini qıyıb ona baxdı.

– Hə, lap Vyanada olduğu kimi.

– Hər şey Vyanadakı ilə eynidir.

Bret yenidən ona gülümsədi.

– Sənin yaxşı dostun var, Ceyk.

– O, yaxşıdır, – mən dedim. O, müqəvva düzəldəndir.

– Bu qərib ölkədə olub, – Bil dedi. Həm də bütün heyvanlar ölü idi.

– Bir qurtum da içim, – Bret dedi, – sonra qaçım. Zəhmət olmasa, ofisiantı taksi çağırmağa göndərin.

– Orada cərgə ilə dayanıblar. Çıxan kimi qarşıda.

– Yaxşı.

Biz son qədəhimizi içib, Breti taksiyə mindirdik.

– Saat onda "Selektə" gəlmək yadınızdan çıxmasın. Onu da gətirərsən. Maykl da gələcək.

– Biz orada olacağıq, – Bil dedi.

Taksi yola düşdü və Bret əl yellədi.

– Əla qadındır, – Bil dedi. Lap ürəyim getdi. Bəs Maykl kimdir?

– Gələcək həyat yoldaşı.

– Belə de, -Bil dedi. Bu cür insanlarla görüşmək artıq mənim taleyimdir. Onlara nə göndərim, görəsən? Bəlkə, bir cüt müqəvva olunmuş yarış atı göndərim ?

– Yaxşısı budur, yeməyə gedək.

– Onun doğrudan titulu var? – taksi ilə Sen-Lui adasına gedərkən Bil yolda soruşdu.

– Əlbəttə! Bütün nəsil şəcərəsinin kitabında belə yazılıb.

– Yaxşı, yaxşı.

Biz adanın axırında, madam Lekontun restoranında nahar etdik. Bura amerikalılarla dolu olduğundan, biz masaların boşalmağını gözləməli olduq. Kimsə Lekontun restoranını amerikalıların ayağı dəyməmiş, orijinal sahilyanı Paris guşəsi kimi xarakterizə edərək, onu Amerika Qadın Klubunda saxlanılan siyahıya daxil etmişdi, ona görə də biz boş masa tapmaq üçün qırx beş dəqiqə gözləməli olduq. Bil axırıncı dəfə burada min doqquz yüz on səkkizinci ildə, burada nahar etmişdi, indi isə barışıq edildikdən sonra madam Lekont onu nəvazişlə qarşıladı.

– Hələ də bizə stol vermirlər, – Bil dedi. Amma əla qadındır.

– Yemək əla idi: qızardılmış toyuq, təzə yaşıl paxla, kartof püresi, salat, bir az alma piroqu və pendir.

– Bütün dünyanın naz-neməti buradadır, – Bil madam Lekonteyə dedi.

O, əlini qaldırdı.

– Aman, Tanrım!

– Varlı olacaqsınız.

– Buna ümid edirəm.

Kofe və bir qədəh konyak içəndən sonra, ənənəyə sadiq qalaraq ən sadə üsulla taxta lövhədə tabaşirlə yazılsa da, restoranın ən əsas özəlliyi sayılan hesabı istədik, ödədik və sağollaşıb küçəyə çıxdıq.

– Siz artıq burada görmək mümkün deyil, cənab Barns, – madam Lekont dedi.

– Həddindən çox həmvətənlərimiz var.

– Səhər gəlin. Onda adam az olur.

– Yaxşı. Tezliklə gələcəm.

Biz adanın Orlean sahilindəki yaşıl ağacların altı ilə gəzişdik. Çay boyunca dağılmış köhnə evlərin uçuq divarları görünürdü.

– Belə getsə, onlar yolu kəsəcəklər.

– Elə də olacaq, – Bil dedi.

Biz adada gəzişib, dövrə vurduq. Çay qaranlıq olsa da hər yer işıq saçırdı, körpünün altından keçən su sürətli və səssiz axırdı. Çayın aşağısında isə Notr Dam kilsəsinin gecənin qaranlığında kölgəsi görünürdü. Biz Betün taxta körpünün köməkliyi ilə Sena çayının sol sahilinə keçdik və körpüdə dayanıb çaya baxdıq. Buradan adanın, ağacların kölgəsi qara görünür, uzun evlərlə ağacların kölgəsi səmaya doğru ucalırdı.

– Çox gözəl mənzərədir, – Bil dedi. Aman Tanrım, nə yaxşı ki, qayıtmışam.

Biz körpünün taxta hasarına söykənib, böyük körpünün işıqları altında aşağıda axan çaya tamaşa edirdik. Suyun altı hamar və qara görünürdü. Su körpünün dayaqlarını döyəcləyəndə heç bir səs çıxarmırdı. Bizim yanımızdan bir kişi ilə bir qız keçdi. Onlar bir-birinə sarılıb gəzişirdilər.

Biz körpünü keçdik və Kardinal Lemuan küçəsinə tərəf qalxdıq. Yol yoxuş idi və biz Konterskarp sarayına qədər piyada getdik. Küçədə ağacların yarpaqları arasından qövs lampasının işıqları parıldayır və ağacların altında dayanan avtobus yola düşməyə hazırlaşırdı. "Şən Zənci" kafesinin qapısından musiqi sədası ətrafa yayılırdı. "Sevgililər üçün" kafesinin pəncərəsindən uzun bar görünürdü. Kafenin səkisində fəhlələr əyləşib içirdilər. "Sevgililər üçün" kafesinin mətbəxində xidmətçi qız yağda kartof qızardırdı. Orada dəmir buğlama qazanı da var idi. Xidmətçi əlində qırmızı şərab şüşəsi tutmuş qocanın boşqabına çömçə ilə yemək tökürdü.

– İçmək istəyirsiniz?

– Xeyr, – Bil dedi, kifayətdir.

Biz Kontreskarpın sağ tərəfinə dönüb, hər iki tərəfində uzun, köhnə evlər olan hamar, dar küçələrlə addımladıq. Bəzi evlər küçəyə doğru qabağa çıxırdı. Bəzisi ilə arxaya sıxılmışdı. Biz Pot de Fer küçəsi ilə şimala tərəfə, Sen-Cak küçəsinin cənubuna qədər gəlib, Val de Qreysi keçib, həyətin və dəmir hasarın arxası ilə Port Royal bulvarına tərəf geri qayıtdıq.

– İndi hara gedək? – mən soruşdum. Bəlkə, "Selektə" gedib Bret və Mayklla görüşək?

– Niyə də olmasın.

Biz Monparnas bulvarına çatana qədər Port Royal bulvari ilə irəlilədik, sonra bütün kiçik kafelərin – Lilas, Lavinya, Damuanın yanından keçib, sonra küçəni keçərək Rotonde kafesinin stolları və işıqlarını arxada qoyub Selektə çatdıq.

Maykl stoldan durub bizə tərəf gəldi. O, gündən qaralsa da işıq saçırdı.

– Hello, Ceyk, – o dedi. Hello! Hel-lo! Necəsiniz, köhnə dostlar?

– Çox yaxşı görünürsən, – Maykl.

– Hə, özümü əla hiss edirəm. Orada ancaq piyada gəzmişəm. Səhərdən axşamacan gəzirdim. Bir də gündə bir dəfə anamla çay içirdim.

Bil bara tərəf getdi. O, hündür kətildə oturub ayaqlarını çarpazlamış Bretlə söhbət etməyə başladı. O, corab geyinməmişdi.

– Səni görməyimə şadam, Ceyk, – Maykl dedi. Bilirsən də, mən bir az sərxoşam. Qəribə vəziyyətdir. Burnumu görmüsən?

Onun burnunun kənarında qurumuş qan ləkəsi var idi.

– Bunu bir qoca qadının çantaları edib, – Maykl dedi. Mən ona kömək etmək istəyirdim, ancaq başıma bu gəldi.

Bret bardan, əlində müştük, gözlərini qıyaraq ona işarə etdi.

– Qoca qadın, – Maykl dedi. O, çantaları başıma keçirdi. Gəlin içəri keçək, Bretlə də görüşün. O, çox gözəldir. Siz füsunkar qadınsınız, Bret. Bu şlyapanı haradan almısınız?

– Bir dostum hədiyyə edib. Xoşuna gəlmədi?

– Qorxunc görünür. Özünə yaxşı bir şlyapa al.

– Ah, əlbəttə, indi bizim çoxlu pulumuz var, – Bret dedi. Yeri gəlmişkən, sən Mayklla tanışsan? Sən çox diqqətlisən, Ceyk.

O, üzünü Maykla tutub dedi: – Bu, Bil Qortondur. Bu əyyaş isə Maykl Kempeldir. Cənab Kempel müflis olub.

– Elədir. Dünən Londonda keçmiş tərəfdaşımla rastlaşdım. Bunu mənə edən adamla.

– O, nə dedi?

– Heç nə, məni içkiyə qonaq etdi. Mən də fikirləşdim ki, imtina etsəm yaxşı çıxmaz. Bilirsən, Bret, sən əlasan. Sizcə də, o gözəl deyil?

– Çox gözəldir. Bu cür burunla!

– Çox yaxşı burundur. Bir göstər, baxım. Məgər, əla deyil?

– Doğrudan, heç cürə onu Şotlandiyada saxlamaq olmazdı ?

– Qulaq as Bret, gəl evə tez gedək.

– Özünü mərifətli apar, Maykl. Burada xanımlar əyləşib.

– O, füsunkardır, elə deyil? Sən necə düşünürsən, Ceyk?

– Axşam boks döyüşü var, – Bil dedi. Getmək istəyirsiniz?

– Döyüş? – Maykl soruşdu. Kimlər vuruşacaq?

– Ledo ilə kimsə.

– Ledo çox yaxşıdır, – Maykl dedi. Mən onu görmək istərdim, – o özünü ələ almağa çalışırdı, – amma, gedə bilməyəcəm. Mənim görüşüm var. Bret sənə dedim ki, özünə yeni şlyapa al.

Bret şlyapasını bir gözünün üstünə çəkib, altdan-altdan gülümsədi. Siz ikiniz döyüşə gedin. Mən isə cənab Kempeli dərhal evə aparmalıyam.

– Mən sərxoş deyiləm, – Maykl dedi. Hə, ya da bir az ola bilər. Qulaq as, Bret, sən ecazkarsan.

– Siz gedin, – Bret dedi. Cənab Kempel artıq çərənləməyə başlayır. Maykl, səndən nə əcəb belə gözəl iltifatlar edirsən?

– Sən ecazkarsan.

Biz onlara sağollaşdıq.

– Çox heyif, sizinlə gələ bilməyəcəm, – Maykl dedi. Bret güldü. Mən qapıdan çıxanda arxaya baxdım. Maykl bir əli barda, Bretə söykənib nəsə danışırdı. Bret ona tamamilə soyuqqanlılıqla baxır, ancaq gözlərinin kənarlarından gülümsədiyi aydın görünürdü.

Küçəyə çıxanda mən soruşdum:

– Hə, nə deyirsən? Gedək döyüşə?

– Gedək, – Bil dedi. Amma piyada getməyək.

– Mayklın sevgilisi onun ağlını tamam başından alıb, – mən taksidə dedim.

– Elədir, – Bil dedi, ancaq buna görə onu çox da qınamaq olmaz.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации