Текст книги "UTANCAQ QIZ"
Автор книги: Федор Достоевский
Жанр: Классическая проза, Классика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 4 страниц)
III
ÇOX YAXŞI BAŞA DÜŞÜRƏM
Axı bu danışdıqlarım cəmisi bir neçə gün, beş gün, cəmisi beşcə gün əvvəl, keçən çərşənbə axşamı olmuşdu: yox, yox, bir azca da səbir eləsəydi, lap azca gözləsəydi, mən hər şeyi aydınlaşdıracaqdım! Məgər o sakitləşməmişdi? Ertəsi gün o mənə qulaq asanda, çaşqın olsa da, gülümsəyirdi… Başlıca məsələ budur ki, bütün bu beş günü o ya çaşqın olurdu, ya da utanırdı. O da qorxurdu, çox qorxurdu. Mən mübahisə eləmirəm, mən dəli adamlar kimi baş-ayaq danışmaq istəmirəm: qorxurdu, bir də axı, o, necə qorxmaya bilərdi? Axı, biz xeyli vaxt idi ki, bir-birimizə yad olmuşduq, bir-birimizdən soyumuşduq, indi birdən bütün bunlar… Ancaq mən onun qorxmasına fikir vermirdim, yenilik gözümü qamaşdırırdı!.. Doğrudur, tamamilə doğrudur, mən səhv iş tutmuşdum. Bəlkə də çox səhv bir iş tutmuşdum. Mən ertəsi gün yuxudan qalxanda, elə səhər-səhər (çərşənbə günü idi) dərhal səhvə yol verdim: mən birdən onu özümə dost elədim. Mən tələsdim, çox, çox tələsdim, ancaq tövbə lazım idi, tövbə nədir, ondan da böyük iş lazım idi! Mən hətta bütün ömrüm boyu özümdən gizlətdiyim işləri də gizlətmədim. Mən açıq dedim ki, bütün qışı fikrim-zikrim onun məhəbbətinə əminlik olub. Mən onu başa saldım ki, sələmçilik yalnız iradəmin zəifliyinin, öz-özümün tənbehin və özümdən müştəbehliyin nəticəsidir. Mən onu başa saldım ki, onda bufetdə doğrudan da qorxmuşdum, xasiyyətimin ucbatından, vasvasılıqdan: şərait çaşdırdı, bufet çaşdırdı, məni çaşdıran bu oldu ki, birdən mənim duelə çıxmağım sarsaq iş olmazmı? Dueldən qorxmurdum, onun sarsaq iş olacağından qorxurdum… Sonra isə etiraf eləmək istəmirdim, ona görə də hamıya əziyyət verirdim, elə onu da buna görə incidirdim, onu da elə buna görə almışdım ki, incidim. Ümumiyyətlə, mən çox vaxt qızdırmalı adam kimi danışırdım. Qız özü qolumdan tutur, susmağı xahiş edirdi: “Siz şişirdirsiniz… siz özünüzə əziyyət verirsiniz”. – Sonra yenə başlayırdı ağlamağa; daha bu barədə heç nə deməyim, xatırlamayım.
Mən onun yalvarmağına baxmırdım, ya da az əməl eləyirdim: bahar, Bulon! Orada günəş var, bizim yeni günəşimiz, mən yalnız bunu deyirdim! Mən kassanı bağladım, işləri Dobronravova verdim. Mən qıza qəflətən təklif elədim ki, nəyim varsa hamısını yoxsullara paylasın, xaç anamdan qalmış üç min manatdan başqa, biz bu pulla Bulona gedəcəkdik, sonra isə qayıdıb alnımızın təri ilə dolanacaqdıq. Belə də qət eləmişdik, çünki o heç bir söz demirdi, o yalnız gülümsünürdü. Özü də deyəsən, məni pərt eləməmək üçün daha çox nəzakət xatirinə gülümsünürdü. Axı, mən görürdüm ki, ona əziyyət verirəm; elə fikirləşməyin ki, mən çox axmaq, çox xudpəsənd adamam, bunu görmürdüm. Mən hər şeyi görürdüm, bütün incəliklərinə qədər görürdüm, hamıdan yaxşı görür və bilirdim; mənim tamam ümidsizliyim göz qabağında idi!
Mən ona özüm barədə, onun özü barədə hər şeyi danışdım! Lukeriya barədə də danışdım. Dedim ki, ağlayırdım… Bəzən mən söhbəti dəyişirdim, axı mən özüm də bəzi şeyləri xatırlamaq istəmirdim. Axı, o hətta bir, ya iki dəfə dirçəldi, axı bu mənim yadımdadır, yadımdadır! Niyə siz deyirsiniz ki, mən baxır, amma heç nə görmürdüm? Əgər bu əhvalat olmasaydı, hər şey dəyişəcəkdi. Axı üç gün əvvəl, söhbət mütaliədən, onun bu qış ərzində oxuduqlarından düşəndə, Jil-Blazla arxiyepiskop Qrenadski əhvalatını xatırlayanda o danışır və gülürdü. Özü də lap uşaq kimi, məsum-məsum, əvvəllər, təzə gəlin gəldiyi vaxtlarda olduğu kimi gülürdü (Bir an! Bir an!); mən nə qədər şad idim! Bu, arxiyepiskop əhvalatı məni yaman heyran qoydu: bir halda ki, o, qışda oturub bu gözəl əsəri oxuyanda gülmüşdü, deməli, ruhən kifayət qədər sakitləşmişdi, xoşbəxt idi. Deməli, tamam arxayınlaşırmış, inanırmış ki, mən onu bu vəziyyətdə qoyacağam. “Mən fikirləşirdim ki, siz məni bu vəziyyətdə qoyacaqsınız”, – onda, çərşənbə axşamı, axı o belə demişdi! İlahi, on yaşlı qız belə fikirləşə bilər! Axı o inanırdı, inanırdı ki, doğrudan da hər şey bu vəziyyətdə qalacaq: o öz stolu arxasında, mən də öz stolumun arxasında, ikimiz də altmış yaşımıza kimi beləcə keçinəcəyik. Amma qəflətən mən, əri, ona yaxınlaşdım, mən məhəbbət istəyirdim! Ah, bu böyük səhv idi, mən kor idim!
Mən ona heyran-heyran baxmaqda da səhv eləmişdim; gərək özümü saxlayaydım, çünki heyrətim onu qorxudurdu. Mən ki, indi özümü saxlayırdım, daha onun ayaqlarını öpmürdüm. Bircə dəfə də onun əri olduğumu büruzə vermədim, bunu heç ağlıma da gətirmirdim, mən yalnız dua eləyirdim! Axı tamam susmaq da olmazdı. Mən ona dedim ki, söhbətindən həzz alıram, onu özümdən qat-qat, müqayisə edilməz dərəcədə savadlı və ağıllı hesab eləyirəm. Qız yaman qızardı və pərt olub dedi ki, mən şişirdirəm. Bu yerdə mən sarsaqlıqdan özümü saxlaya bilmədim, o vaxt qapının dalında dayanıb, onun çarpışmasını, məsum insanın o həşəratla çarpışmasını dinləyəndə necə heyrətləndiyimi, ağlına, hazırcavablığına, özü də o cür uşaq sadəlövhlüyü ilə, necə mat qaldığımı danışdım. O elə bil bərk səksəndi, kəkələyə-kəkələyə yenə: siz şişirdirsiniz, – demək istədi, ancaq birdən sifəti bulud kimi tutuldu, əlləri ilə üzünü tutub hönkür-hönkür ağladı. Bu yerdə mən də özümü saxlaya bilmədim: yenə qabağında yerə sərildim, yenə başladım ayaqlarını öpməyə, onu yenə, çərşənbə axşamı olduğu kimi, ürəkkeçməsi tutdu. Bu, dünən axşam olmuşdu, səhəri isə…
Səhəri?! Ay ağılsız, axı əhvalat bu gün səhər, bayaq, bayaq olmuşdu!
Eşidin və agah olun: bayaq biz samovarın başına toplaşanda (dünənki ürəkkeçmədən sonra) onun çox sakit olduğunu görüb mat qalmışdım, bax işlər belə idi! Mən dünənki əhvalata görə qorxudan bütün gecəni əsmişdim. Ancaq birdən o mənə yaxınlaşdı, qarşımda diz çökdü və əllərini sinəsinin üstünə qoyub (bayaq, bayaq!) dedi ki, cinayətkardır, bunu özü də bilmir, işlədiyi cinayət bütün qışı ona əzab vermişdir, elə indi də əzab çəkir… mənim alicənablığımı çox uca tutur… “Mən sizin sadiq arvadınız olacağam, mən sizə hörmət edəcəyəm…” Bu yerdə mən sıçrayıb qalxdım, onu dəli kimi qucaqladım! Mən onu öpürdüm, onun üzünü, dodaqlarını öpürdüm, əri kimi, uzun ayrılıqdan sonra ilk dəfə öpürdüm. Axı mən bayaq niyə evdən çıxıb getdim, özü də cəmisi ikicə saatlığa… bizim xarici pasportlarımız… İlahi! Kaş beş dəqiqə, cəmisi beş dəqiqə tez qayıdaydım!.. Bu yandan da bizim darvazanın qabağına toplaşmış camaat, mənə zillənmiş nəzərlər… Pərvərdigara!
Lukeriya deyir (bu əhvalatdan sonra mən Lukeriyanı hər necə olursa-olsun buraxan deyiləm, o hər şeyi bilir, bütün qışı yanımızda olub, o bütün olub-keçənləri mənə danışacaq), o deyir ki, mən evdən çıxandan sonra, qayıtmağıma cəmisi iyirmi dəqiqə qalmış, yadımda deyil, nə isə bir şey soruşmaq üçün qəflətən xanımın yanına gedir, bizim otağımıza girir və görür ki, ikonanı (həzrət Məryəmin həmin surətini) çıxardıb, stolun üstünə, qabağına qoyub, elə bil indicə bu dəqiqə ikonanın qabağında dua eləyirmiş. “Sizə nə olub, xanım?” – “Heç bir şey, Lukeriya, get… Dayan, Lukeriya”, – Lukeriyaya yaxınlaşıb onu öpmüşdü. “Xanım, siz xoşbəxtsiniz? – “Xoşbəxtəm, Lukeriya”. – “Xanım, ağa gərək çoxdan yanınıza gəlib üzr istəyəydi… Allaha çox şükür ki, barışdınız”. – “Yaxşı, Lukeriya, get, Lukeriya”, – sonra gülümsünmüşdü. Elə qəribə gülümsünmüşdü ki, Lukeriya on dəqiqədən sonra ona baxmağa gəlmişdi: “Lap pəncərənin qabağında, divarın dibində dayanmışdı, əlini divara, başını da qoluna söykəyib beləcə fikrə getmişdi. Beləcə dayanıb elə dərin fikrə gəlmişdi ki, mənim dayanıb ona tamaşa elədiyimi duymadı. Gördüm ki, elə bil gülümsünür, dayanıb fikirləşir və gülümsünür. Mən ona baxdım, səssizcə dönüb otaqdan çıxdım, öz-özümə fikirləşirdim, birdən pəncərənin açıldığını eşitdim. Mən dərhal qayıtdım deyim ki, “Xanım, hava soyuqdur, özünüzü soyuğa verərsiniz”, birdən gördüm ki, pəncərəyə çıxıb, açıq pəncərədə, arxası mən tərəf, əlində ikona dümdüz dayanıb. Bunu görəndə ürəyim elə bil qırıldı, qışqırdım: “Xanım, xanım!” Səsimi eşitdi, mənə tərəf dönmək istəyirmiş kimi tərpəndi, ancaq dönmədi, ikonanı bağrına basıb, irəli yeridi, pəncərədən tullandı”.
Yalnız bu yadımdadır ki, mən darvazadan içəri girəndə o hələ isti idi. Başlıcası isə, onların hamısı mənə baxırdı. Əvvəlcə qışqırışırdılar, amma birdən səslərini kəsdilər, aralanıb mənə yol verdilər… o qucağında ikona yerə sərilmişdi. Dumanlı şəkildə yadımdadır, dinməzcə yaxınlaşıb xeyli baxdım, adamlar məni dövrəyə almışdılar, nə isə deyirdilər. Lukeriya burada idi, amma mən onu görmədim. Deyir ki, mənimlə danışıb. Yalnız mən meşşan kimi, yadımdadır, elə hey qışqırırdı: “O, bir ovuc qan qusdu, bir ovuc, bir ovuc!” – Özü də daşın üstünə tökülmüş qanı göstərirdi. Mən, deyəsən, barmağımı qana vurdum, barmağım batdı, barmağıma baxdım (bu yadımdadır), o kişi isə elə hey mənə deyirdi: “Bir ovuc, bir ovuc!”
Deyirlər ki, mən səsim gəldikcə:
– Bir ovuc nədir? – deyə bağırıb, əllərimi yuxarı qaldırmış və həmin kişinin üstünə cummuşam…
Ah, vəhşilik, vəhşilikdir! Baş açılası, inanılası, mümkün olası iş deyil!
IV
CƏMİSİ BEŞCƏ DƏQİQƏ GECİKDİM
Belə də iş olar? Məgər inanılası işdir? Məgər demək olar ki, bu mümkün işdir? O qadın axı niyə, nə səbəbə öldü?
Ah, mənə inanın, mən hər şeyi başa düşürəm; amma yenə də ortaya bir sual çıxır – axı o niyə öldü? Mənim məhəbbətimdən qorxdu, ürəyində öz-özünə götür-qoy elədi: qəbul eləsin, ya eləməsin, suala cavab tapa bilmədi, dözmədi, ölməyi üstün tutdu. Bilirəm, bilirəm, baş sındırmağa dəyməz: çox böyük vədlər vermişdi, qorxdu ki, vədlərinə əməl eləyə bilməyəcək, məsələ aydındır. Burada çox dəhşətli bir neçə məsələ var.
Axı o niyə öldü? Hər halda sual cavabsız qalır. Sual mənim beynimi dəlir. Mən onu, əgər o vəziyyətdə qalmaq istəsəydi, elə o vəziyyətdə də saxlayardım. O buna inanmadı, bax, məsələ belədir! Yox, yox, mən yalan danışıram, qətiyyən elə deyil. Sadəcə ona görə ki, mənimlə təmiz dolanmaq lazımdı; sevsə gərək əməlli-başlı sevsəydi, daha o, taciri sevdiyi kimi yox. O çox ağıllı və təmiz olduğu üçün taciri təmin edəcək məhəbbətə razı olmadı, ona görə də məni aldatmaq istəmədi. Çox təmiz idi, bax məsələ belədir! O vaxt geniş qəlblilik eləmək istəyirdi, yadınızdadırmı? Qəribə fikirdir. Çox maraqlıdır: o mənə hörmət eləyirdimi? Bilmirəm, mənə nifrət eləyirdi, ya yox? Ağlım kəsmir nifrət eləsin. Çox qəribədir: niyə bütün qış ərzində bircə dəfə də ağlıma gəlməyib ki, o mənə nifrət eləyir? Mənə o zaman ciddi, təəccüblə baxana qədər tamam əksini düşünürdüm. Məhz ciddi, təəccüblə baxana qədər. Bu vaxt mən dərhal başa düşdüm ki, o mənə nifrət eləyir. Qəti, ömürlük başa düşdüm! Ah, eybi yoxdu, qoy nifrət eləyəydi, lap ömrü boyu, ancaq kaş sağ olaydı, yaşayaydı! Hələ bayaq gəzirdi, danışırdı. Heç başa düşə bilmirəm, o pəncərədən necə atılıb?! Axı beş dəqiqə qabaq mən bunu necə ağlıma gətirə bilərdim? Mən Lukeriyanı çağırdım. Mən indi Lukeriyanı necə olursa-olsun buraxası deyiləm, heç bir vəchlə buraxan deyiləm!
Ah, biz hələ bir-birimizlə dil tapa bilərdik. Biz yalnız qış ərzində bir-birimizdən yaman soyumuşduq, ancaq təzədən isinişmək mümkün deyildimi? Niyə, niyə biz təzədən əl-ələ verib, başqa sayaq yaşaya bilməzdik? Mən alicənabam, o da nəcibdi, bax, bu bizi birləşdirə bilərdi! Bir neçə kəlmə, ikicə gün, artıq yox, o hər şeyi başa düşərdi.
Mənə ağır gələn odur ki, bunların hamısı təsadüfdür – adi, vəhşiyanə, cahilanə təsadüflər! Bax, bu, adama ağır gəlir! Beşcə dəqiqə, cəmisi beşcə dəqiqə gecikmişdim! Beş dəqiqə tez gəlsəydim – o an bulud kimi ötüb yan keçərdi. Sonra bu fikir heç vaxt onun ağlına gəlməzdi. Axırda o hər şeyi başa düşərdi. Amma indi yenə otaqlar boşdur, mən yenə tək-tənhayam. Odur, saatın kəfgiri tıqqıldayır, onun nə vecinə, heç nəyə heyfsilənmir. Kimsəsizəm, ən böyük bəla da elə budur.
Mən elə hey gəzişirəm. Bilirəm, bilirəm, yadıma salmayın: mənim təsadüfdən və beş dəqiqədən şikayətlənməyim sizə gülməli gəlir? Ancaq məsələ göz qabağındadır. Bir şeyi fikirləşin: o hətta, hamı eləyən kimi, bir kağız da yazıb qoymayıb ki, “mənim ölümümdə heç kimi təqsirləndirməyin”. Məgər ağlına gəlmirdimi ki, hətta Lukeriyanı da incidə bilərdilər: “Yanında tək sən olmusan, onu sən itələyib yıxmısan”. Əgər fligelin pəncərəsindən və həyətdən dörd adam onun əlində ikona pəncərədə dayandığını, özü tullandığını görməsəydi, heç olmasa təqsiri olmaya-olmaya onu xeyli get-gələ salacaqdılar. Axı adamların orada dayanması və bunu görməsi də təsadüfdür. Yox, bunların hamısı bir anın işidir, yalnız bircə anın, ağıl azan anın! Qəfil olan işdir, fantaziyadır! İkonanın qabağında dua eləyəndə nə olar? Bu, ölümqabağı dua demək deyil. Hamısı bir an çəkib, bəlkə cəmisi onca dəqiqə çəkib, məsələ məhz divarın dibində dayanıb, başını qoluna söykədiyi vaxt, gülümsəyəndə həll olunub. Fikir beyninə dolub, başını gicəlləndirib, o da bu fikrin qabağında dayana bilməyib.
Nə deyirsiniz deyin, burada aşkar dolaşıqlıq var. Mənimlə yaşamaq hələ mümkün idi. Bəlkə qanazlığı varmış, onda necə? Bəlkə sadəcə qanazlığı, həyat enerjisinin tükənməsi səbəb olub? O, qışdan yorulub, məsələ belədir…
Gecikdim!
Tabutda o nə qədər zəif görünürdü, nazik burnu necə də uzanmışdı! Qaşları ox kimi dümdüzdü. Özü də elə yıxılıb ki, heç bir yeri əzilməyib, sınmayıb! Yalnız bircə “ovuc qan”. Yəni bir xörək qaşığı. Ürəyi partlamışdı. Qəribə fikirdir: kaş basdırmamaq mümkün olaydı! Çünki… əgər onu aparsalar, onda… yox, apara bilməzlər! axı mən bilirəm ki aparmalıdırlar, ağlım başımdan çıxmayıb, sayıqlamıram da, əksinə, heç vaxt beynim belə açıq olmayıb, – ancaq necə oldu ki, evim yenə boş qaldı, yenə iki otaq, tək mən, bir də girovlar. Sayıqlama, sayıqlama, bax, budur sayıqlama! Mən onu üzmüşdüm – məsələ, bax, belə idi.
İndi sizin qanunlarınız mənim, mənim nəyimə gərəkdir? Sizin adətlərinizin, sizin vərdişlərinizin, həyatınızın, hökumətinizin, etiqadınızın mənim üçün nə əhəmiyyəti var? Qoy məni sizin hakiminiz mühakimə etsin, qoy məni məhkəməyə aparsınlar, sizin açıq məhkəmənizə mən deyəcəyəm ki, heç bir şeyi boynuma almıram. Hakim qışqıracaq: “Susun, zabit!” Mən də onun üstünə qışqıracağam: “Səndə indi hanı elə bir qüvvə ki, məni susdura, tabe eləyə bilsin? Niyə amansəz cəhalət dünyada hər şeydən əziz bir insanı tələf elədi? İndi sizin qanunlarınız mənim nəyimə gərəkdir? Mən sizdən uzaqlaşıram”. Ah, mənim üçün heç fərqi yoxdur!
Kordur, kor! Ölü eşitməz! Bilmirsən, sənin üçün necə cənnət yaradacaqdım. Qəlbimdə cənnət vardı, mən onu sənin dörd tərəfinə çəpər çəkəcəkdim! Tutalım ki, sən məni sevmirdin, – nə eybi vardı, nə olardı? Hər şey o vəziyyətdə olardı, hər şey o vəziyyətdə qalırdı. Yalnız mənimlə bir dost kimi söhbət edərdin, elə bu kifayətdi, bir-birimizin gözünə baxa-baxa sevinərdik, deyib gülərdik. Beləcə yaşardıq. Əgər bir başqasını sevsəydin, eybi yoxdu, nə olsun! Sən onunla gəzərdin, gülərdin; mən də küçənin o biri səkisindən sənə tamaşa eləyərdim… Kaş o, bircə dəfə gözünü açaydı! Bir anlığa, yalnız bircə anlığa! Üzümə baxaydı, bayaq qabağımda dayanıb, sədaqətli arvadım olacağına and içdiyi vaxt olduğu kimi! Ah, bircə dəfə baxmaqla hər şeyi başa düşərdi!
Cəhalət! Ah, təbiət! İnsanlar. Yer üzündə yalqızdırlar – bəla da, bax, budur! Rus bahadırı qışqırır: “Meydanda sağ qalan varmı?” Mən də qışqırıram, mən bahadır deyiləm, ancaq səsimə səs verən yoxdur, deyirlər ki, günəş kainata həyat verir. Günəş doğanda, ona baxın – məgər o ölü deyilmi? Hər şey ölüdür, hər tərəf cəsəddir. İnsanlar yalqızdır, dörd tərəfləri isə sükutdur – bax, Yer üzü belədir! “İnsanlar, bir-birinizi sevin!” – Bunu kim demişdir? Bu kimin vəsiyyətidir? Saatın kəfgiri hissiyyatsız, zəhlətökən tərzdə tıqqıldayır. Gecə saat ikidir. Onun çəkmələri çarpayısının qabağındadır, sanki sahibini gözləyir… Yox, ciddi deyirəm, sabah onu aparandan sonra, mən nə edəcəyəm?
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.