Текст книги "UTANCAQ QIZ"
Автор книги: Федор Достоевский
Жанр: Классическая проза, Классика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 4 страниц)
VI
DƏHŞƏTLİ XATİRƏ
İndi bu, dəhşətli xatirə olub…
Mən səhər, deyəsən, saat səkkizə işləyəndə, yuxudan ayrıldım, hava demək olar, tamam işıqlanmışdı. Mən ağlım başımda, birdən yuxudan ayıldım və gözümü açdım. Qız əlində tapança stolun yanında dayanmışdı. O mənim ayıldığımı və ona baxdığımı bilmirdi. Birdən gördüm ki, o, əlində tapança yavaş-yavaş mənə tərəf gəlir. Tez gözümü yumdum; guya bərk yuxuya getmişdim.
Arvadım yatağa yaxınlaşıb, başımın üstündə dayandı. Mən hər şeyi eşidirdim; otağa məzar sükutu çökmüşdü, amma mən bu sükutun da səsini eşidirdim. Bu yerdə qıc olmaya oxşar bir hal baş verdi, mən özümü saxlaya bilmədim. Qeyri-iradi birdən gözümü açdım. Qız mənə, düz gözümün içinə baxırdı, tapança da gicgahıma söykənmişdi. Ancaq biz bir-birimizə yalnız bircə an baxdıq. Mən yenə gözümü bərk-bərk yumdum və dərhal qəti qərara gəldim ki, daha tərpənməyəcəyəm, başıma nə iş gələcək gəlsin, gözümü açmayacağam.
Doğrudan da, bəzən elə hallar olur ki, dərin yuxuda olan adam birdən gözünü açır, hətta bir saniyəliyə başını qaldırır və otağa göz gəzdirir, bir an keçəndən sonra yenə huşsuz halda başını balıncın üstünə qoyanda heç bir şey xatırlamadan yuxuya gedir.
Mən onunla göz-gözə gəlib, tapançanı gicgahımda hiss eləyəndə, təzədən gözümü yumub, dərin yuxuda olan adam kimi quruyanda, o, doğrudan da elə güman eləyə bilərdi ki, mən həqiqətən yatmışam, heç bir şey görməmişəm, üstəlik də ona görə ki, mənim gördüyümü görüb, gözünü təzədən yummaq ağlabatan iş deyildi.
Bəli, ağlabatan iş deyildi. Ancaq o, həqiqəti də duya bilərdi, – elə həmin an birdən mənim ağlımdan bu fikir də keçdi. Ah, bir andan da az müddətdə beynimdən necə fikir, hiss qasırğası keçdi, yaşasın insan beyni elektriki! Əgər beləydisə (mən bunu hiss elədim), əgər o həqiqəti duymuşdusa, mənim yatmadığımı bilirdisə, onda mən ölümdən çəkinməməyimlə onu sarsıtmışdım və indi ola bilsin ki, əli əsirdi. Yeni qeyri-adi təəssürat əvvəlki qətiyyəti poza bilərdi. Deyirlər ki, yüksəkdə dayananlar özləri aşağıya, uçuruma can atırlar. Mən bu fikirdəyəm ki, intiharların və ölümlərin çoxu yalnız ona görə baş verir ki, tapançanı əlinə alan atmalıdır. Bu da uçurumdur, qırx beş dərəcə yamacdır, burada sürüşməmək mümkün deyil, ona görə də sizi nə isə qarşısıalınmaz bir şey tətiyi çəkməyə təhrik edir. Lakin mənim hər şeyi görməyim, hər şeyi bilməyim, dinməzcə ölümü gözləməyim və qızın bunu dərk etməsi, onu fikrindən daşındıra bilərdi.
Sükut davam edirdi; birdən mən gicgahıma, saçlarıma soyuq dəmir toxunduğunu hiss etdim. Siz soruşa bilərsiniz: mən xilas olacağıma çoxmu əmin idim? Elə hesab eləyin ki, Allahın hüzurunda cavab verirəm: heç bir ümidim yox idi, yalnız yüz təsadüfdən birinə ümidim ola bilərdi. Bəs onda niyə ölümə gedirdim? Onda mən də sizdən soruşuram: canım qədər sevdiyim bir insan üstümə tapança çəkəndən sonra yaşamaq nəyimə gərəkdi? Bundan əlavə, mən bütün varlığımla hiss edirdim ki, həmin bu an aramızda mübarizə gedir, yoldaşları tərəfindən qorxaqlığına görə qovulmuş dünənki qorxaq, dəhşətli ölüm-dirim mübarizəsi aparır. Mən bunu bilirdim, o da bunu bilirdi – əgər mənim yatmadığımı duymuşdusa, həqiqəti bilirdi.
Bəlkə də belə deyildi, bəlkə də o vaxt mən belə düşünmürdüm, ancaq hər halda, fikrimdən keçməsə də, belə olmalı idi, ona görə ki, sonra mən ömrüm boyu hər saat yalnız bu barədə düşünürdüm.
Ancaq siz məndən yenə soruşa bilərsiniz: niyə onu bu cinayətdən çəkindirmək istəmədim. Sonralar mən bu sualı, hər dəfə həmin anı xatırlayanda, kürəyimi buz kimi soyuq tər basanda, öz-özümə min dəfə vermişəm. Ancaq o vaxt qəlbimi ümidsizlik bürümüşdü: mən məhv olurdum, özüm məhv olurdum, belə olan halda mən kimi xilas edə bilərdim? Birdə siz nə bilirsiniz ki, mən o vaxt birisini xilas etmək istəyirdim? Nə bilirsiniz ki, mən onda nə hiss edə bilərdim?
Hər halda beynimdə fikirlər qaynayırdı; saniyələr keçirdi, məzar sükutu davam edirdi; qız hələ də başımın üstünü kəsdirmişdi – qəfil qəlbimə dolan bir ümiddən səksəndim! Tez gözümü açdım. Qız otaqda yox idi. Mən yataqdan qalxdım; qalib gəlmişdim, o isə ömürlük məğlub olmuşdu!
Samovar qoyulmuş otağa keçdim. Bizim evdə samovarı həmişə birinci otağa qoyurdular, özü də çayı həmişə o özü süzürdü. Mən süfrə başında əyləşdim, onun süzüb mənə uzatdığı çayı aldım. Beş dəqiqədən sonra başımı qaldırıb üzünə baxdım. Bət-bənizi ağappaq idi, dünənkindən də ağ idi, özü də mənə baxırdı. Qız birdən ona baxdığımı gördü, ağarmış dodaqlarını büzüb gülümsündü, gözlərində ürək sual oxunurdu. “Belə çıxır ki, hələ də şübhə eləyir və öz-özündən soruşur: bilir, ya bilmir, gördü, ya görmədi?” Mən laqeyd-laqeyd üzümü kənara çevirdim. Çaydan sonra kassanı bağladım, bazara getdim, bir dəmir çarpayı və bir pərdə aldım. Evə qayıdandan sonra, tapşırdım ki, çarpayını böyük otağa qoysunlar, pərdəni də qabağına çəksinlər. Çarpayını ona almışdım, ancaq mən ona heç bir söz demədim. Deməsəm də çarpayını görəndə başa düşdü ki, “hamısını görmüşəm, hər şeyi bilirəm”, şübhədən tamam çıxdı. Axşam tapançanı həmişəki kimi, stolun üstünə qoydum. Gecə o dinməzcə təzə yatağına uzandı, kəbinimiz pozuldu, “məğlub edildi, ancaq bağışlanmadı”. Gecə sayıqlamağa başladı, səhər qızdırmadan od tutub yanırdı. O, altı həftə xəstə yatdı.
İkinci fəsil
I
MƏĞRURLUQ YUXUSU
Lukeriya indicə mənə xəbərdarlıq elədi ki, mənim evimdə qalmayacaq, xanımını dəfn eləyən kimi çıxıb gedəcəkdir. Diz çöküb beş dəqiqə dua oxudum, əslində bir saat dua oxumaq istəyirdim, ancaq elə hey fikirləşirdim, fikirləşirdim, özü də xəstə fikirlər, xəstə baş, – belə olan halda duanın nə faydası – başdan-ayağa günahdır! Bir də qəribə idi ki, yuxum gəlmirdi: böyük bədbəxtlik üz verəndə, çox böyük bədbəxtlik üz verəndə, ilk güclü partlayışdan sonra adamı həmişə yuxu basır. Ölümə məhkum edilmiş adamlar, deyirlər ki, axırıncı gecə çox möhkəm yatırlar. Belə də olmalıdır, təbiətin qanunudur, yoxsa insan tab gətirməz… Mən divanda uzandım, ancaq yata bilmədim…
Xəstə yatdığı altı həftə ərzində biz – mən, Lukeriya, bir də pulla tutduğum oxumuş qadın, xəstəxana baxıcısı – gecə-gündüz ona qulluq eləyirdik. Mən xəsislik eləmirdim, hətta ona pul xərcləmək istəyirdim, həkim Şrederi çağırırdım, hər gəlişinə də on manat verirdim. Huşu özünə gələndən sonra gözünə az-az görünməyə çalışdım. Xülasə, təsvir eləməyə dəyməz. Tamam sağalıb ayağa qalxandan sonra dinməzcə, sakitcə mənim otağıma keçib xüsusi stolun, xəstə olduğu vaxt onun üçün aldığım stolun arxasında əyləşdi… Bəli, doğrudur, biz qətiyyən dinib-danışmırdıq; daha doğrusu, sonra söhbətə başladıq, ancaq ordan-burdan danışırdıq. Mən, əlbəttə, qəsdən söz-söhbət salmırdım, ancaq çox yaxşı hiss eləyirdim ki, o artıq söz-söhbət olmamasına sevinir. Onun bu hərəkəti mənə çox təbii gəlirdi, fikirləşirdim ki, “çox sarsılıb, yaman məğlub olub, əlbəttə, elə eləmək lazımdır ki, yadından çıxsın, yavaş-yavaş toxtasın”. Bu qayda ilə biz susurduq, ancaq mən hər dəqiqə özlüyümdə gələcəyə hazırlıq görürdüm, fikirləşirdim ki, o da mən vəziyyətdədir, ona görə də maraqlanırdım: görəsən, indi o özlüyündə məhz nə barədə düşünür?
Bir söz də deyim: xəstə olduğu müddətdə mənim nələr çəkdiyimdən, başının üstündə nə qədər sızıldadığımdan heç kimin xəbəri yoxdu. Mən ürəyimdə sızıldayırdım, bunu hətta Lukeriyadan da gizlədirdim. Mən onun əhvalatdan xəbərsiz öləcəyini təsəvvürümə gətirə bilmirdim, hətta bunu ağlıma sığışdıra bilmirdim. Elə ki, təhlükə sovuşdu, yavaş-yavaş səhhəti yaxşılaşmağa başladı, yadımdadır, tezliklə tamam sakitləşdim. Hələ üstəlik, qərara gəldim ki, taleyimizin həllini mümkün qədər uzadım, sonraya saxlayım, vəziyyət hələlik necə varsa elə də qalsın. Bəli, onda nə isə qəribə, xüsusi halda idim, buna başqa ad tapa bilmirəm: qalib çıxmışdım və təkcə bunu dərk eləməyim mənə kifayət idi. Qışı bu cür başa vurduq. Mən həyatımdan razı idim, ömrümdə həyatımdan belə razı olmamışdım, bütün qış belə keçdi.
Bilirsinizmi, mənim həyatımda bir dəhşətli əngəl vardı, bu əngəl, o vaxta qədər, yəni arvadımla aramız dəyənə kimi, hər gün, hər saat mənə əzab verirdi, mənə əzab verən hörmət-izzətimi itirməyim, polkdan qovulmağım idi. İkicə kəlmə ilə desəm: mənə qarşı ağlasığmaz haqsızlıq eləmişdilər. Doğrudur, xasiyyətim ağır olduğuna görə, bəlkə də gülməli xasiyyətimə görə yoldaşlarım məni sevmirdilər, ancaq çox vaxt elə olur ki, sizə ülvi, müqəddəs, səcdəyə layiq görünən bir şey, nədənsə bir dəstə yoldaşınıza gülməli gəlir. Mənim, heç vaxt, hətta məktəbdə də sevməyiblər. Mən heç vaxt, heç yerdə sevilməmişəm. Məni Lukeriya da sevə bilməzdi polkda başıma gələn əhvalat sevilməməyimin nəticəsi olsa da, heç şübhə yoxdur ki, təsadüfi işdi. Sözü ona gətirirəm ki, dünyada, bulud kimi ötüb-keçə biləcək axmaq təsadüfün, bir-birinin dalınca gələn bədbəxtliyin qurbanı olmaqdan da ağır, dözülməz iş yoxdur. Bu, ziyalı adam üçün təhqirdir. Əhvalat belə olmuşdur.
Teatrda, fasilə vaxtı, bufetə getdim. Qusar A-v qəflətən içəri girib, zabitlərin və camaatın yanında ucadan iki qusar yoldaşına dedi ki, bizim polkun kapitanı Bezumtsev elə indicə koridorda dava salmışdı, “özü də deyəsən, sərxoşdu”. Söhbət baş tutmadı, bir də qusar səhv eləyirdi, çünki kapitan Bezumtsev sərxoş deyildi, heç dava-zad da olmamışdı. Qusarlar söhbəti dəyişdilər və danışıq beləcə qurtardı, ancaq ertəsi gün əhvalat bütün polkda yayıldı, dərhal söz-söhbət başladı ki, bufetdə bizim polkdan təkcə mən olmuşam, qusar A-v kapitan Bezumtsev haqqında hərzə-hərzə danışanda mən A-va yaxınlaşıb onun ağzından vurmamışam. Ancaq mən niyə onun ağzından vurmalıydım? Əgər onun Bezumtsevlə ədavəti vardısa, bu onların öz işləri idi, daha mən niyə onların işinə qarışmalıydım? Ancaq zabitlər belə nəticəyə gəldilər ki, bu, şəxsi iş deyil, polka da dəxli var, bizim polkun zabitlərindən orada yalnız mən olduğum üçün, bufetdəki zabitlərə və camaata göstərmişəm ki, bizim polkda özünün və polkun şərəfini o qədər də uca tutmayan zabitlər var. Onların bu fikri ilə razılaşa bilməzdim. Məni başa saldılar ki, gec də olsa, A-v ilə rəsmiyyət xatirinə danışmaq istəsəm, hələ işi yoluna qoymaq mümkündür. Mən buna razı olmadım və hirsləndim onların təklifini qəti rədd elədim. Sonra dərhal istefaya çıxdım, – əhvalat bax belə olmuşdu. Mən əyilmədim, ancaq ruhən əzildim. Mən iradəmi və ağlımı itirmişdim. Elə bu vaxt məlum oldu ki, yeznəm Moskvada bizim azacıq var-yoxumuzu, o cümlədən mənim də cüzi payımı satıb dağıdıb; mən qəpiksiz qaldım. Bir idarəyə işə girə bilərdim, ancaq girmədim: o cür gözəl mundirdən sonra dəmir yoluna işə girə bilməzdim. Xəcalət, rüsvayçılıq, düşkünlük, özü də nə qədər pis olsa, bir o qədər yaxşıdır – mən bax, bunu seçdim. Üç il bu cür məşəqqət çəkdim. Vyazemskinin evində oldum. İl yarım bundan əvvəl Moskvada bir varlı qohumum, xaç anam vəfat elədi, o, başqaları ilə bərabər mənə də üç min manat vəsiyyət eləmişdi. Mən götür-qoy elədim və elə o vaxt özümə həyat yolu seçdim. Mən heç bir şeyi vecimə almadan, sələmçilik eləmək qərarına gəldim: pul, sonra ev-eşik və əvvəlki xatirələrdən uzaqda yeni həyat – planım belə idi. Ancaq rüsvayçı keçmişim və ad-sanımın, namusumun ləkəli olması hər saat, hər dəqiqə mənə əzab verirdi. Bu ara mən evləndim. Bu, təsadüfi evlənmə idimi, ya yox, – bilmirəm. Amma mən onu evimə gətirəndə fikirləşirdim ki, evimə dost gətirirəm, mənim dosta çox ehtiyacım vardı. Ancaq mən görürdüm ki, bu dostu hazırlamaq, kəm-kəsirini düzəltmək, hətta onun inadını sındırmaq lazımdır. İndi deyin görüm, mən bu on altı yaşlı, özündən bədgüman qıza dərhal nəyi açıb deyə bilərdim? Məsələn, təsadüfən tapançanın köməyi ilə baş vermiş dəhşətli hadisə olmasaydı, onu necə inandıra bilərdim ki, məni qorxaq kimi qələmə verməkdə ədalətsizlik eləyiblər? Amma həmin hadisə yerinə düşdü. Tapançadan qorxmadığım üçün, mən bütün keçmiş rüsvayçılıqların qisasını aldım. Doğrudur, bunu heç kim bilmədi, ancaq qız bildi, bu da mənim üçün hər nəyə desən dəyərdi, çünki onu canım-ciyərim hesab eləyirdim, özümdən ayırmırdım, arzularımda o mənim gələcəyim, ümidim idi. O mənə lazım olan yeganə insan idi, mənə başqa adam lazım deyildi – indi o hər şeyi bilirdi; hər halda bilirdi ki, düşmənlərimlə birləşməyə tələsməkdə ədalətsiz iş tutub. Bu fikir məni göylərə qaldırdı. Mən indi onun gözündə alçaq adam ola bilməzdim, olsa-olsa məni o qəribə adam hesab edə bilərdi, ancaq bu fikir, indi, bütün olub-keçən əhvalatlardan sonra, mənə o qədər də ağır gəlmirdi, qəribəlik qüsur deyil, əksinə, qəribəlik bəzən qadınların xoşuna gəlir. Sözün qısası, mən işin axırını qəsdən uzadırdım, ləngidirdim: baş verən əhvalat hələlik mənim sakitləşməyim üçün kifayət idi, hətta artıqdı, üstəlik də bu mənə xəyala dalmaq üçün həddindən çox lövhələr, material vermişdi. Elə işin pis tərəfi o idi ki, mən xəyalpərəst idim: materialım kifayətdi, qız barədə isə fikirləşirdim ki, hələ vaxt var.
Beləcə qışı nigarançılıq, intizar içində başa vurduq. O bəzən öz stolunun arxasında əyləşəndə, mən xəlvətcə ona tamaşa eləməyi sevirdim. O, iş görürdü, tikiş tikirdi, axşamlar isə bəzən mənim şkafımdan götürdüyü kitabları oxuyurdu. Şkafa yığılmış kitablar da mənə kömək eləməli idi. O, demək olar ki, evdən bayıra çıxmırdı. Mən hər gün nahardan sonra, hələ şər qovuşmamış, onu gəzməyə, başmaq seyrinə çıxarırdım: özü də biz əvvəllər olduğu kimi lal-dinməz gəzmirdik, söhbət eləyirdik. Mən özümü elə göstərirdim ki, guya biz susmuruq, mehriban-mehriban söhbət eləyirik, ancaq bayaq dediyim kimi, ikimiz də elə eləyirdik ki, söhbət dərinə getmirdi. Mən bunu qəsdən eləyirdim. Onun barəsində isə fikirləşirdim: “möhlət vermək lazımdır”. Əlbəttə, bir qəribə əhvalat da vardı; mən xəlvəti ona tamaşa eləməyi sevirdim, amma o tək bircə dəfə də olsun, başını qaldırıb üzümə baxmırdı, bunu mən, ta qış çıxana kimi qətiyyən duymamışdım! Fikirləşirdim ki, bu onun utancaqlığından irəli gəlir. Üstəlik də xəstəlikdən sonra o çox zəifləmişdi, çox ürkək, həlim görkəmi vardı. Fikirləşirdim ki, yaxşısı budur gözləyim: “axırı bir gün qəflətən özü mənə yaxınlaşacaq…”
Bu fikir məni yaman qanadlandırırdı. Bir şeyi də əlavə eləyim: bəzən mən, elə bil qəsdən, öz-özümü qızışdırır, əqlən və ruhən elə hala düşürdüm ki, özümü doğrudan da ondan incimiş kimi hiss eləyirdim. Bir müddət belə davam elədi. Ancaq mənim nifrətim heç vaxt möhkəmlənə, qəlbimdə kök sala bilməzdi. Üstəlik, mən özüm də hiss eləyirdim ki, bu, deyəsən, yalnız oyundur. O zaman mən çarpayı və pərdə almaqla nikahımızı pozmuş olsam da, heç vaxt ona cinayətkar kimi baxa bilməmişdim. Həm də ona görə yox ki, işlədiyi cinayət barədə səthi düşünürdüm. Ona görə ki, onu tamam bağışlamaq, elə birinci günü, hətta çarpayını almamışdan da qabaq bağışlamaq fikrində idim. Bir sözlə, bu mənim tərəfimdən qəribəlik idi, çünki davranış məsələsində mən çox sərt idim. Əksinə, onun alçalması fikri bəzən çox xoşuma gəlsə də, hərdən gözümə elə məğlub, elə alçalmış, elə əzilmiş görünürdü ki, ona yazığım gəlirdi, ürəyim ağrıyırdı. Bizim qeyri-bərabərliyimiz xoşuma gəlirdi…
Mən həmin qış qəsdən bir neçə xeyirxah iş görmüşdüm. İki adamın borcunu bağışlamışdım, bir yoxsul qadına girovsuz-filansız pul vermişdim. Arvadıma da bu barədə bir söz deməmişdim. Həm də ona görə yox ki, özünün xəbər tutmasını istəyirdim, yox, elə-belə eləmişdim; ancaq o arvad minnətdarlıq eləməyə gəldi, özü də az qaldı ayağıma yıxılsın. Bu qayda ilə məsələ aşkar oldu: mənə elə gəlirdi ki, arvada elədiyim yaxşılıqdan xəbər tutanda, bu işim doğrudan da xoşuna gəldi.
Ancaq bahar gəlirdi. Aprelin ortaları idi, biz pəncərələrin ikiqat çərçivələrini çıxarmışdıq. Günəşin gur şüaları sakit otaqlarımızı nura qərq eləyirdi. Amma mənim elə bil gözümə pərdə gəlmişdi, ağlım azmışdı. Müdhiş dəhşətli pərdə! Necə oldu ki, pərdə birdən çəkildi, gözüm açıldı, mən hər şeyi başa düşdüm. Bu, təsadüfmü idi, ya möhlət günümü belə tez gəlmişdi, yaxud günəş şüaları kütləşmiş zehnimi oyatmış, məni ayıltmışdı? Yox, fikrin, ayrılmağın dəxli yox idi, ölmüş bir damar qəflətən tərpənmişdi, Silkinib dirilmiş və mənim daşa dönmüş qəlbimin, mənliyimi işıqlandırmışdı. O vaxt mən, elə bil, qəflətən yerimdən sıçradım. Özü də bu hal qəflətən və gözlənilmədən gəldi. Bu, axşam üstü yeməkdən sonra saat beşdə oldu.
II
Pərdə qəfil çəkildi
İkicə kəlmə bu əhvalatdan qabaq olub-keçənlər barədə deyim. Hələ bir ay əvvəl onda qərib bir dalğınlıq duymuşdum. Bu qaradinməzlik deyildi, dalğınlıqdı. Mən bunu da qəti duymuşdu. Onda o oturub iş görürdü, başını aşağı salıb tikiş tikirdi. Mənim ona tamaşa elədiyimi görmürdü. Birdən onun belə nazildiyini, arıqladığını, bət-bənizinin çəkildiyini, dodaqlarının ağardığını görəndə mat qaldım. Bütün bunlar üstəlik də onun qəfil və həddin artıq dalğınlığı əhvalımı pozdu və məni təəccübləndirdi. Mən əvvəllər də onun, xüsusən, gecələr arabir quru öskürəyini eşitmişdim. Mən dərhal ayağa qalxdım və ona deməmiş, Şrederi çağırmağa getdim.
Şreder ertəsi günü gəldi. Qız çox təəccüb qaldı. O gah Şrederə, gah da mənə baxırdı.
Qız qəribə tərzdə gülümsünüb dedi:
– Mən tamam, tamam sağlamam.
Şreder ona yaxşı baxmadı (bu həkimlər bəzən çox laqeyd olurlar), ancaq o biri otaqda mənə dedi ki, bu onda xəstəlikdən sonra qalıb, yaxşı olardı ki, baharda dəniz sahilinə, yaxud bu mümkün deyilsə, elə-belə bağa köçəsiniz. Qısası, heç nə demədi, yalnız dedi ki, zəifdir, daha nə bilim nə olub. Şreder gedəndən sonra o birdən üzümə çox ciddi baxa-baxa yenə dedi:
– Mən qətiyyən, qətiyyən xəstə deyiləm.
Ancaq sözünü bitirən kimi, yəqin utandığından, qıpqırmızı qızardı. Görünür, bu, utancaqlıq idi. İlahi, mən indi başa düşürəm: o utanırdı ki, mən hələ də həqiqi əri kimi qayğısına qalıram. Ancaq o zaman mən bunu başa düşmədim və qızarmasını mütilik əlaməti hesab edirdim.
İndi, həmin əhvalatdan bir ay sonra, saat beşdə, aprel ayında, günəşli bir gündə, mən kassada oturub haqq-hesab çəkirdim. Birdən qulağıma dəydi ki, o bizim otağımızda, öz stolunun arxasında, iş görə-görə astadan… zümzümə eləyir. Bu yenilik məni yaman sarsıtdı, heç indi də baş aça bilmirəm ki, nə işdi. O vaxta qədər mən onun oxumasını, demək olar ki, heç eşitməmişdim, yalnız ilk günlər, evimə təzə gətirdiyim vaxtlar, nişan qoyub, tapança ata-ata şıltaqlıq elədiyimiz vaxt oxuyardı. O vaxt səsi hələ güclü idi, əsəbi olsa da, cingiltili idi, amma çox xoş, təmiz səsi var idi. İndi isə mahnı çox zəif çıxırdı, – oxuduğu kədərli mahnı deyildi (nə isə bir romans oxuyurdu), ancaq elə bil boğazında nə isə qırılmışdı, elə bil səsi çatmırdı, sanki mahnı özü də xəstə idi. Qız astadan oxuyurdu, səs birdən ucaldı və qırıldı, çox zəif, çox yazıq-yazıq; qız öskürürdü, sonra yenə də astadan, çox astadan oxumağa başladı.
Mənim həyəcanlanmağıma güləcəklər, lakin heç vaxt, heç kim mənim niyə həyəcanlandığımı bilməyəcək! Yox, mənim ona hələ yazığım gəlmirdi, bu nə isə başqa bir şey idi. Əvvəlcə, hər halda, ilk dəqiqələr, birdən çaşqınlıq, dəhşətli təəccüb, dəhşətli və qəribə, xəstə, intiqama oxşar bir hiss məni bürüdü: “Oxuyur, özü də mənim yanımda! Olmaya məni adam yerinə qoymur?”
Mən tamam sarsılmış halda oturmuşdum, sonra birdən ayağa qalxdım, şlyapamı götürüb, özüm də nə elədiyimi bilmədən, bayıra çıxdım. Hər halda niyə belə elədiyimi, hara gedəcəyimi bilmirdim. Lukeriya paltomu tutdu.
Mən qeyri-ixtiyari Lukeriyadan soruşdum:
– Oxuyur?
Lukeriya sualımı başa düşmədi, üzümə baxdı, ancaq yenə heç nə başa düşmədi: əslində, məni başa düşmək, doğrudan da çətindi.
– Ömründə birinci dəfə oxuyur?
Lukeriya dedi:
– Xeyr, siz evdə olmayanda hərdən oxuyur.
Hamısı yadımdadır. Pilləkənlə aşağı endim, küçəyə çıxdım, baş alıb getdim. Tinə çatanda bir səmtə baxdım. Yanımdan keçən adamlarla toqquşurdum, ancaq mən bunu hiss eləmirdim. Bir fayton səslədim; minib polis körpüsünə getmək istəyirdim, özüm də bilmirdim niyə. Sonra fikrimi dəyişdim. Faytonçuya bir abbası verib:
– Bunu sənə narahat elədiyim üçün verirəm, – dedim və boş-boş üzünə hırıldadım. Ancaq qəflətən qəlbimdə nə isə bir fərəh baş qaldırdı.
Mən yeyin-yeyin evə tərəf qayıtdım. Kökdən düşmüş miskin, qırılmış səs birdən qəlbimə yenə çağladı. Nəfəsim təngişirdi. Gözümdən pərdə çəkilirdi! Bir halda ki, yanımda oxuyur, deməli, məni adam yerinə qoymur – bax mənə aydın olan, məni dəhşətə gətirən bu idi. Bu, ürəyimə dammışdı. Lakin fərəh qəlbimdə aşıb-daşır, qorxunu üstələyirdi.
Taleyin istehzasına bax! Axı bütün qışı mənim qəlbimdə həmin bu fərəhdən savayı heç nə olmamışdı və ola da bilməzdi. Bəs bütün qışı mən özüm haradaydım? Mən çox tələsik pilləkənləri qalxdım, heç bilmirəm içəri necə girdim. Təkcə bu yadımdadır ki, elə bil döşəmə ləpələnirdi, mən də sakit çayda üzürdüm. Mən otağa girdim, o əvvəlki yerində oturmuşdu, başını aşağı salıb tikiş tikirdi, ancaq daha oxumurdu. Ötəri, elə-belə, soyuq-soyuq üzümə baxmaq istədi, ancaq bu baxış deyildi, adi laqeyd hərəkət idi, içəri bir adam girəndə belə eləyərlər.
Mən dəli adam kimi, düz gedib onun yanında, lap yanında, stula əyləşdim, o qorxmuş kimi tez başını qaldırıb üzümə baxdı; mən onun əlini əlimə aldım, nə dediyim yadımda deyil, daha doğrusu, demək istədiyim, çünki mən hətta əməlli-başlı danışa da bilmirdim. Səsim titrəyirdi, dilim söz tutmurdu. Nə deyəcəyimi bilmirdim, nəfəsim təngimişdi.
Birdən mən kəkələyə-kəkələyə nə isə axmaq bir söz dedim.
– Gəl söhbət eləyək… bilirsənmi… bir şey danış!
Məgər fikirləşməyə, ağıllı danışmağa məndə hal var idi? Qız yenə səksəndi, bərk qorxub, mənim üzümə baxa-baxa geri çəkildi, ancaq birdən gözlərində ciddi təəccüb gördüm. Bəli, təəccüb, özü də ciddi. O, gözlərini bərəldib mənə baxırdı. Bu ciddilik, bu ciddi təəccüb məni birdən yerlə yeksan elədi, o sussa da, bu təəccüb elə bil deyirdi: “Sən hələ də məhəbbət barədə düşünürsən? Məhəbbət barədə?” Ancaq mən bunların hamısını, hamısını onun gözlərində oxudum. Bütün varlığım lərzəyə gəldi, mən onun ayaqlarına yıxıldım. Qız tez sıçrayıb ayağa qalxdı, ancaq mən çox bərk-bərk, ikiəlli ondan yapışıb buraxmadım.
Mən vəziyyətimin ümidsiz olduğunu yaxşı bilirdim, başa düşürdüm! Ancaq inanırsınızmı, qəlbimdə fərəh elə aşıb-daşırdı, elə çağlayırdı ki, fikirləşirdim öləcəyəm. Mən onun ayaqlarını öpürdüm, məst idim, xoşbəxt idim. Bəli, xoşbəxtdim, hədsiz-hüdudsuz xoşbəxtdim, özü də vəziyyətimin tamam ümidsiz olduğunu bilə-bilə! Mən ağlayırdım, nə isə deyirdim, ancaq bir şey çıxmırdı. Birdən onun üzündəki qorxu və təəccüb yox oldu, yerini qayğılı fikir tutdu, bu üzdə sual vardı, o mənə çox qəribə baxırdı, hətta vəhşi kimi baxırdı, tez bir şey başa düşmək istəyirdi, ona görə də gülümsündü. O, ayaqlarını öpdüyümə görə yaman utanırdı, ona görə də ayaqlarını çəkirdi, ancaq mən dərhal ayaqlarının yerini öpürdüm. O bunu görürdü, birdən utandığından gülməyə başladı (adamın utandığından güldüyünü bilirsiniz). Ürəkkeçməsi başlayırdı, bunu görürdüm, əlləri əsirdi, – mən buna fikir vermirdim, elə hey mızıldayırdım ki, mən səni sevirəm, ayağa qalxmayacağam, “qoy paltarının ətəyini öpüm… beləcə ömrüm boyu sənə səcdə eləyim…” Bilmirəm, yadıma gəlmir necə oldu – birdən o hönkürdü, əsdi; dəhşətli əsəb tutması başlandı. Mən onu qorxutmuşdum.
Götürüb yatağına qoydum. Tutması keçəndən sonra, diksinib yatağının üstündə oturdu, bət-bənizi tamam qaçmış halda, mənim əllərimi tutub yalvardı ki, sakitləşim: “Bəsdir, özünüzü üzməyin, sakit olun!” – Sonra yenə ağladı. Həmin gecə mən ondan uzaqlaşmadım. Mən dalbadal ona deyirdim ki, səni Bulona, dənizə çimməyə aparacağam, indi, bu saat, iki həftədən sonra, deyirdim ki, bayaq eşitmişəm, səsin yaman xarab olub; deyirdim ki, kassanı bağlayacağam. Dobronravova satacağam, hər şeyi dəyişəcəyik, başlıcası isə, Bulona, Bulona gedəcəyik! O qulaq asır, getdikcə vahimələnirdi. Getdikcə daha çox qorxurdu. Ancaq mən buna o qədər də əhəmiyyət vermirdim, qəlbimdə getdikcə güclənən, qarşısıalınmaz bir arzu vardı: yenə onun ayaqlarına yıxılmaq, yenə onun ayaqlarının yerini öpmək, öpmək və ona səcdə eləmək; mən dəqiqəbaşı təkrar eləyirdim: “səndən bundan artıq heç nə, heç nə istəməyəcəyəm, mənə cavab vermə, məni heç görmə, yalnız icazə ver xəlvətcə sənə tamaşa eləyim, cansız bir şeyin, küçüyün olaram…” O ağlayırdı.
– Amma mən elə bilirdim ki, siz məni bu vəziyyətdə qoyacaqsınız, – bu söz onun ağzından qeyri-iradi, qəfil çıxdı, elə qeyri-adi çıxdı ki, çox güman, özü də nə dediyini qətiyyən bilmədi, əslində isə bu onun ən başlıca, ən qəti və mənim həmin axşam ən aydın başa düşdüyüm sözü idi; bu sözü eşidəndə elə bil ürəyimə bıçaq sancıldı! O hər şeyi, hər şeyi mənə başa saldı, ancaq nə qədər ki, yanımda idi, gözümün qabağında idi, mən ümidimi itirməmişdim və hədsiz xoşbəxt idim. Həmin axşam mən onu yormuşdum, özüm də bunu bilirdim, ancaq elə hey fikirləşirdim ki, indicə hər şeyi dəyişdirəcəyəm! Nəhayət, gecəyarısına yaxın, tamam haldan düşdü, mən onu dilə tutub yatırtdım, dərhal bərk yuxuya getdi. Mən gözləyirdim ki, sayıqlayacaq, sayıqladı da, ancaq çox yüngül. Gecə dəqiqəbaşı yerimdən qalxır, ayağımda gecə çəkməsi, sakitcə yaxınlaşıb baxırdım. Mən bu ucuz, o zaman üç manata aldığım dəmir çarpayıda uzanmış xəstə insana baxa-baxa əsəbiliklə əllərimi ovuşdururdum. Mən diz çökürdüm, ancaq yuxuda, ayaqlarını (ondan icazəsiz!) öpməyə cürət eləmirdim. Mən Allaha dua eləmək üçün diz çökürdüm, amma yenə sıçrayıb ayağa qalxırdım. Lukeriya mənə göz qoyurdu, tez-tez mətbəxdən çıxırdı. Mən onun yanına gəlib dedim ki, uzan yat, sabah işlər “tamam dəyişəcək”.
Mən buna kor-koranə, dəli kimi yaman inanırdım. İlahi, fərəh məni necə götürmüşdü! Mən yalnız sabahı gözləyirdim. Başlıcası isə mən əlamətləri olmasına baxmayaraq, fəlakət baş verəcəyinə inanmırdım. Gözümdən pərdə çəkilsə də, ağlı hələ başıma tamam gəlməmişdi, özü də uzun müddət gəlməmişdi, həmin günə kimi, həmin günün özünə kimi gəlməmişdi! Birdə ağlım o zaman başıma necə gələ bilərdi: axı onda o sağ idi, axı bax, burada, qabağımda idi, mən də onun qabağımda: “Sabah o ayılacaq və mən hər şeyi ona danışacaqdım, o hər şeyi görəcəkdi”. Mən o zaman belə fikirləşirdim, sadə və aydın; ona görə də fərəhli idim! Burada əsas məsələ Bulon səfəri idi. Mən nədənsə elə hey fikirləşirdim ki, Bulon – hər şeydir, Bulonda nə isə qəti bir şey var. “Bulona, Bulona!” Mən səbirsizliklə səhərin açılmağını gözləyirdim.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.