Текст книги "UTANCAQ QIZ"
Автор книги: Федор Достоевский
Жанр: Классическая проза, Классика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 4 страниц)
III
İNSANLARIN ƏN NƏCİBİ, AMMA ÖZÜM DƏ BUNA İNANMIRAM
Yatmamışam. Bir də necə yatmaq olar, başımda bir damar elə hey atır. Bütün olub-keçənləri, bu çirkin işi dərk eləmək istəyirəm. Ah, çirkin iş! Mən o vaxt onu necə çirkabın içindən çəkib çıxartmışdım! Axı o bunu başa düşməli idi, mənim yaxşılığımı bilməli idi. Mənim də qəribə fikirlərdən xoşum gəlirdi; məsələn, fikirləşirdim ki, mənim qırx bir yaşım var, onun cəmisi on altı. Bu yaş fərqini duymaq məni əsir eləmişdi, bu çox şirin, çox şirin şeydir.
Mən, məsələn, ingilissayağı toy eləmək istəyirdim, yəni biz ikicəciyimiz, ikicə nəfər də şahid, onların da biri Lukeriya olsun; sonra dərhal minək vaqona, gedək lap elə Moskvaya (yeri gəlmişkən, mənim orada işim də vardı), düşək mehmanxanaya, iki nəfərliyə. O etiraz elədi, razılıq vermədi, ona görə mən onun möhtərəm xalalarının yanına getməli oldum, təzə qohum kimi, axı mən qızı onların evindən aparmışdım. Güzəştə getdim, xalalarına əməlli-başlı hörmət elədim. Hətta bu alçaqların hərəsinə yüz manat pul da bağışladım, hələ vəd elədim ki, yenə verəcəyəm; qıza, söz yox ki, bu barədə bir kəlmə də demədim, çünki xalalarının rəzil işlərinə görə onun qanını qaraltmaq istəmədim. Xalaları o saat inək kimi yumşaldılar. Cehiz üstündə də mübahisə düşdü: onun heç nəyi yox idi, demək olar, heç nəyi, ancaq özü də heç nə istəmirdi. Mən birtəhər ona sübut elədim ki, heç bir şeysiz yaramaz, cehizi də mən düzəltdim, çünki mən eləməsəm, kim eləyəcəkdi? Hə, söhbət məndən getmir, mən cəhənnəm. Ancaq yenə də o vaxt mən bəzi ideyalarımı onun başına yeridə bilmişdim, ona görə ki, heç olmasa xəbəri olsun. Bəlkə də tələsmişdim. Başlıcası isə, qız lap əvvəldən, özünü nə qədər möhkəm saxlasa da, mehrini mənə salmışdı, axşamlar yanına gələndə sevinə-sevinə qabağıma çıxırdı, şirin-şirin (məlahətli, məsum!) uşaqlıq, körpəlik çağlarından, doğma evlərindən, atasından, anasından danışırdı. Ancaq mən dərhal onun kefini pozurdum, elə bil üstünə soyuq su tökürdüm. Elə məqsədim də bu idi. O sevinəndə, şadlananda mən susurdum, əlbəttə, ədəb-ərkanla… ancaq yenə də qız tezliklə başa düşdü ki, biz müxtəlif adamlarıq, məni başa düşmək çətin məsələdir. Elə mən də özümü belə tanıtmaq istəyirdim. Bəlkə də mən bu sarsaq işlərin hamısını elə onu dolaşdırmaq üçün eləmişdim! Əvvəla, sərt davranırdım – elə onu evimə gətirəndə də təmkinimi pozmamışdım. Bir sözlə, o vaxt mən, əməlimdən razı olsam da, evimdə ayrı cür qayda-qanun yaratmışdım. Ah, hamısı da heç bir ciddi-cəhdsiz, öz-özünə yaranmışdı. Bir də başqa cür mümkün deyildi, mən bu qayda-qanunu bir ciddi məsələyə görə yaratmalı idim, – bu nədir, mən niyə öz-özümə böhtan deyirəm! Yaratdığım qayda-qanun yaxşı idi. Yox, qulaq asın, əgər birini mühakimə etmək lazımdırsa, gərək işdən xəbərdar olasan… Qulaq asın!
Bilmirəm söhbətə haradan başlayım, çünki bu çox müşkül məsələdir. Çətinliyi orasındadır ki, özünü təmizə çıxarmaq istəyirsən. Bilirsiniz nə var, məsələn, gənclər pula nifrət eləyirlər, amma mən əksinə, işə elə puldan başlamışdım; işimi pul üstündə qurmuşdum. Həm də özümü elə aparırdım ki, qız getdikcə qaradinməz olurdu. İri gözlərini bərəldib qulaq asır, baxır və susurdu. Bilirsinizmi, gənclər alicənab olurlar, əlbəttə, mən yaxşılarını deyirəm, alicənab və coşqun, ancaq çox səbirsiz olurlar, bir şey azacıq ürəklərindən olmadımı, nifrət eləyirlər. Amma mən vüsət istəyirdim, özü də istəyirdim ki, bu onun ürəyinə yol tapsın, o səmimi olsun, düz demirəmmi? Bir bayağı misal çəkim: məsələn, mən o xasiyyətdə adama necə başa salım ki, niyə sələmçilik eləyirəm? Əlbəttə, mən söhbətə əsl mətləbdən başlamadım, yoxsa elə çıxardı ki, sələmçilik elədiyim üçün xəcalət çəkirəm, ondan üzr istəyirəm, halbuki mən, necə deyərlər, özümü məğrur tuturdum, demək olar ki, ürəyimdə danışırdım. Mən belə danışmağın ustasıyam, ömrüm boyu öz-özümə danışmışam, özü də dinməzcə, özlüyümdə çox müsibətlər çəkmişəm. Ah, axı mən də bədbəxt olmuşam! Hamı məndən üz döndərib, unudub, heç kimin də bundan xəbəri yoxdur! Amma birdən bu on altı yaşlı qız pis adamlardan mənim həyatımda olub-keçənləri müfəssəl öyrəndi, özü də elə bilirdi ki, hər şeydən xəbərdardır, amma əslində əsl sirr mənim ürəyimdə qalmışdı!.. Mən susurdum, onun yanında heç dinib-danışmırdım, dünənə kimi susmuşdum – niyə susurdum? Guya məğrur adam idim. Mən istəyirdim ki, qız özü öyrənsin, mənsiz öyrənsin, amma pis adamların söz-söhbətində yox, məni özü dərk eləsin, başa düşsün. Onu evimə gətirəndə istəyirdim ki, əməlli-başlı hörmətimi saxlasın. İstəyirdim ki, qarşımda dayanıb, çəkdiyim müsibətlərə görə mənə səcdə eləsin – mənim buna haqqım vardı. Mən həmişə məğrur olmuşam, mən həmişə arzu eləmişəm ki, istəyim ya əməlli-başlı olsun, ya da yerli-dibli olmasın! Məhz ona görə ki, yarımçıq xoşbəxtlik istəməmişəm, əməlli-başlı xoşbəxtlik istəmişəm, elə məhz bu səbəbdən mən o vaxt da belə hərəkət eləməyə məcbur olmuşam: “Özün başa düş, qədrimi bil!” Çünki, özünüz başa düşün, əgər mən özüm ona izahat versəydim, başa salsaydım, quyruq bulayıb, hörmət eləməsini xahiş etsəydim, bu, heç fərqi yoxdur, sədəqə istəmək kimi bir şey çıxardı… Xülasə… bir də axı mən bunları niyə danışıram!
Axmaqlıq, axmaqlıq, yenə də axmaqlıq! Mən o vaxt açıq və rəhmsizcəsinə (rəhmsizcəsinə sözünü xüsusi qeyd eləyirəm) ona ikicə kəlmə ilə başa saldım ki, cavanların alicənablıq eləmələri çox gözəl işdir, ancaq bir qara qəpiyə dəyməz. Niyə dəyməz? Çünki bu onlara ucuz başa gəlir, tər tökmürlər, bunların hamısı, necə deyərlər, “ilk həyat təsəvvürüdür”, amma zəhmət çəksəniz, onda hamınızı görərəm! Ucuz alicənablıq asan işdir, ölümə getmək də asan işdir, çünki qanın qaynayır, qüvvəni bilmirsən nəyə sərf eləyəsən, gözəllik həsrəti ilə yaşayırsan! İndi də çətin başa gələn sakit, sözsüz-söhbətsiz, sönük, dedi-qodulu, məhrumiyyətlərlə dolu, tamam şöhrətsiz alicənablığa fikir verin: siz gül kimi adamsınız, amma hamının gözündə əclafsınız, halbuki siz bütün dünyadakı adamların hamısından təmizsiniz – hə, əgər hünəriniz var, belə rəşadətə girişin, yox əgər yoxdursa, onda kənara durun! Amma mən, mən bütün ömrüm boyu bu rəşadət arzusunda olmuşam. Əvvəl qız mübahisəyə başladı, ilahi, necə mübahisə eləyirdi, amma sonra yavaş-yavaş susdu, yalnız gözlərini, iri, çox iri, diqqətli gözlərini bərəldib qulaq asırdı. Bir də… bir də bundan əlavə, mən qəflətən onun gülümsədiyini gördüm, o, inamsız, dinməz-söyləməz, pis-pis gülümsəyirdi. Mən onu öz evimə bax elə üzündə bu cür təbəssümlə gətirdim. Burası da düzdür ki, onun getməyə daha başqa yeri yox idi…
IV
PLANLAR, PLANLAR
Onda söhbəti əvvəl hansımız başladıq?
Nə mən, nə də o. Elə öz-özünə, birdən başlandı. Mən dedim ki, onu gətirəndə evimdə çox ciddi qayda-qanun yaratmışdım, amma elə lap əvvəldən güzəştə getdim, hələ nişanlı vaxtı onu başa salmışdım ki, girov qəbul eləmək və pul verməklə məşğul olacaq, özü də qız o vaxt heç bir söz deməmişdi (bunu yadınızda saxlayın). Üstəlik də can-başla işə girişdi. Əlbəttə, məzəli, mebeli dəyişmədik, əvvəlki qaldı. Mənzilimiz iki otaqlı idi: biri böyük otaqdı, bir hissəsini ayırıb kassa eləmişdim, ikincisi də böyük otaqdı, bizim ikimizin otağımızdı, yataq otağımız da bu idi. Mebelim ucuz mebel idi: hətta onun xalalarının mebeli də mənimkindən yaxşı idi. Üstünə qəndil qoyulmuş sandıqçam, kassa olan otaqda idi; mənim otağımda isə bir şkaf vardı, bu şkafa bir neçə kitab qoymuşdum, girov qoyulan şeyləri də bura yığırdım, şkafın açarını özümdə saxlayırdım; yorğan-döşək, stollar, stullar da bu otaqda idi. Bir də qıza demişdim ki, xərcimiz, yəni mənim, onun və toplaşdırıb gətirdiyim Lukeriyanın gündəlik yemək-içmək xərci, bir manat olmalıdır, bundan artıq olmaz: “Mən, guya, üç ildə otuz min manat pul toplamalıyam, artıq xərcləsəm, toplaya bilmərəm”. Qız etiraz eləmədi, ancaq mən özüm xərci otuz qəpik də artırdım. Teatrı da üstəlik. Mən qıza demişdim ki, teatra getməyəcəyik, amma sonra belə qərara gəldim ki, ayda bir dəfə gedək, özü də əməlli-başlı gedək, kreslolarda əyləşək. Bir yerdə gedirdik, üç dəfə getmişdik, “Xoşbəxtlik ardınca”, bir də deyəsən, “Çalıquşuna” baxmışdıq. (Ah, cəhənnəm olsun bunlar!) Dinməzcə gedir, dinməzcə də qayıdırdıq. Niyə, niyə biz lap əvvəldən susmağı qət eləmişdik? Axı əvvəllər aramızda söz-söhbət olmamışdı, amma yenə də dinib-danışmırdıq! Yadımdadır, qız o vaxt nədənsə elə hey xəlvətcə, gözaltı mənə baxırdı; mən bunu duyan kimi daha da qaradinməz oldum. Doğrudur, susmağımıza bais o deyil, mən idim. Qız bir, yaxud iki dəfə özünü saxlaya bilmədi, üstümə atılıb, məni qucaqladı: ancaq bu hiss xəstə, dəli hissi idi, mən isə əməlli-başlı səadət istəyirdim; istəyirdim ki, o mənə hörmət eləsin, ona görə də qıza soyuqluq göstərirdim. Belə eləməkdə haqlı idim: hər dəfə bu əhvalatın səhəri günü aramızda dava-dalaş düşürdü.
Dava-dalaş deyəndə, savaşmırdıq, ancaq yenə qaradinməz olurduq, getdikcə də o təkəbbürlü olurdu. “Qiyam və müstəqillik” – o bunu istəyirdi, amma əlindən heç nə gəlmirdi. Bəli, sifətindən mütilik yağan bu qız getdikcə daha dikbaş olurdu. İnanırsınızmı, yavaş-yavaş məndən iyrənirdi, axı mən ona yaxşı bələd idim. Buna da şübhə yox idi ki, o bəzən hiddətlənib ani olaraq özündən çıxırdı. O cür zir-zibilin içindən çıxasan, dilənçilikdən, qulluqçuluqdan, döşəmə yumaqdan qurtarasan, sonra birdən bizim kasıb güzəranımızı bəyənməyəsən, donquldanasan, belə də iş olar! Bilirsinizmi: kasıb deyəndə, kasıb deyildik, qənaətlə dolanırdıq, lazımi şeylərimiz isə, məsələn, dəyişək, gen-bol idi, təmizliyə fikir verirdik. Mən həmişə əvvəllər də bu fikirdə olmuşam ki, kişinin təmizliyi arvadın xoşuna gələr. Ümumiyyətlə, o mənim kasıblığımdan yox, guya xərc məsələsində simicliyimdən narazı idi: “Guya məqsədi var, möhkəm xasiyyətli adam olduğunu göstərmək istəyir”. Birdən özü teatra getməkdən imtina elədi. Getdikcə də tez-tez dodaqları istehza ilə büzülürdü… Mənsə daha qaradinməz olmuşdum, daha çox susurdum.
Özümü təmizə çıxarmağın nə mənası? Burada işlərin hamısı sələmçiliklə bağlı idi. Bağışlayın: mən bilirdim ki, qadın, onda da on altı yaşlı qız ola, kişiyə tamamilə tabe olmaya bilməz. Qadınlarda orijinallıq yoxdur, bunu sübut eləməyə dəyməz, elə indi də mən bu fikirdəyəm! Nə olsun ki, o, otaqda uzanıb, olacağa çarə yoxdur və bu məsələdə heç Millin özünün də əlindən heç bir iş gəlməz! Sevən qadın isə, ah sevən qadın – sevdiyi adamın qüsurlarını da, hətta qatilliyini də göylərə qaldırır. O adam özünü təmizə çıxarmaq üçün, qadının onu təmizə çıxarmaq üçün dediyi sözləri tapıb deyə bilməz. Bu, alicənablıqdır, ancaq orijinal deyil. Qadını məhv eləyən yalnız qeyri-orijinal olmasıdır. İndi siz, yenə təkrar edirəm, o stolun üstünə qoyulan tabutdakını mənə niyə göstərirsiniz? Məgər o stolun üstündəki orijinaldırmı? İlahi!
Qulaq asın: o vaxt qızın məni sevdiyinə əmindim. Axı o vaxt özünü üstümə atır, boynuma sarılırdı. Deməli, sevirdi, daha doğrusu, sevmək istəyirdi, sevməyə çalışırdı. Başlıca məsələ isə budur ki, burada elə bir qatillik də yox idi ki, o məni doğrultmağa çalışmalı olsun. Siz deyirsiniz, sələmçisən, bunu elə hamı deyir. Sələmçi olanda nə olar? Əgər insanların ən nəcibi sələmçilik eləyirsə, onda, deməli, bunun bir səbəbi var. Bilirsinizmi, cənablar, elə ideyalar var… yəni, başa düşürsünüzmü, elə ideyalar var ki, dilinə gətirsən, sözlə ifadə eləmək istəsən, çox sarsaq çıxar. Elə çıxar ki, özün utanarsan. Niyə? Elə-belə. Ona görə ki, biz hamımız zibilik, özümüzün də həqiqətən zəhləmiz gedir, ya da ola bilsin, mənim heç nədən başım çıxmır. Mən indicə “insanların ən nəcibi” sözünü işlətdim. Gülməli çıxır, amma yenə də əslində belə də var. Bu həqiqətdir, daha doğrusu, əsl həqiqətdir. Bəli, mənim o vaxt özümü təmin eləmək arzusunda olmağa, sələmçilik eləməyə haqqım vardı: “Siz məndən üz döndərdiniz, siz, yəni insanlar, məni nifrət dolu sükutla qovdunuz. Mən ürəkdən sizə yaxınlaşmaq istəyirəm, amma siz qəlbimə elə toxundunuz ki, ömrüm boyu yadımdan çıxmaz. İndi, deməli, mənim sizdən tamam uzaqlaşmağa, bu otuz min manat pulu toplayıb, Krımın bir yerində, Cənub sahilində, dağlarda, üzümlüklərin arasında bu pula alınmış malikanəmdə, başlıcası isə, sizin hamınızdan uzaqda, ancaq ürəyimdə sizə qarşı kin-küdurət olmadan, idealım, ürəyimə yatan qadınım, Allah qismət eləsin ailəmlə ətrafdakı adamlara kömək eləyə-eləyə yaşamağa haqqım var”. Yaxşı ki, indi mən onları özlüyümdə deyirəm, əgər bunu o vaxt qıza danışmış olsaydım, çox axmaq çıxardı: Bax, mən buna görə məğrur-məğrur susurdum, bax, buna görə dinməzcə otururduq. Ona görə ki, axı o nə başa düşəcəkdi? On altı yaş hələ ilk gənclikdir, uşaqlıq dövrüdür, o mənim özümü doğrultmaq üçün dediklərimi, mənim çəkdiyim müsibətləri necə başa düşəcəkdi? O gördüyünə inanırdı, özünün ucuz gənclik əqidələri vardı, həyatdan bixəbərdi, gözü hələ açılmamışdı, “gözəl qəlblər” sözünə inanırdı, ən başlıcası isə ortada sələmçilik sözü vardı, ona görə də heç danışmağa dəyməzdi (halbuki məgər mən sələmçi kimi insafsızdımmı, məgər o görmürdümü ki, mən adamları soymuram, artıq almıram). Ah, Yer üzündə həqiqət necə dözülməzdir! Bu gözəl, bu həyalı qız, bu ilahə – mənim o qənimim, qəlbimi parçalayan qənimim, başıma bəla idi. Bunu deməsəm, öz-özümə böhtan atmış olaram. Siz elə bilirsiniz ki, mən onu istəmirdim? Kim deyə bilər ki, mən onu sevmirdim? Bilirsinizmi, həyat və taleyim mənim amansızcasına ələ saldı! Biz bədbəxt doğulmuşuq, ümumiyyətlə, insanlar bədbəxtdirlər (Xüsusilə mən)! Mən axı indi başa düşürəm ki, bu işdə nə isə bir səhvə yol vermişəm! Nə isə lazımi qaydada olmayıb. Hər şey aydın idi, mənim planım aydın idi, buludsuz səma kimi: “Sərtəm, məğruram, heç kimin əxlaq dərsinə, təsəllisinə ehtiyacım yoxdur, dinməzcə əzab çəkirəm”. Necə deyirdim, elə indi, yalan demirdim, yalan demirdim! “Sonra özü görər ki, nəciblik eləyirəm, – ancaq o bunu görə bilmədi, duymadı, – bir vaxt bunu başa düşəndə qədrimi on qat artıq bilər, xəcalətindən yerə girər, qarşımda səcdə qılar”. Planım belə idi. Ancaq burada mən nəyi isə unutmuşdum, yaxud nəzərdən qaçırmışdım. İndi kimdən əfv diləyəsən? Bitdi, hər şey beləcə bitdi. Cəsarətli ol, insan, məğrur ol! Səndə günah yoxdur!..
Nə eləmək olar, mən düzgün deyəcəyəm, mən həqiqətlə üz-üzə dayanmaqdan çəkinmirəm: təqsirkar özüdür, müqəssir özüdür!..
V
UTANCAQ QIZ DİKBAŞLIQ ELƏYİR
Aramıza söz-söhbət ona görə düşdü ki, birdən qız başladı pulu istədiyi kimi verməyə, şeylərə baha qiymət qoymağa, hətta iki dəfə bu barədə mənimlə mübahisəyə də girişmişdi. Mən onun fikrinə şərik olmadım. Elə bu ara bir kapitan arvadı gəldi.
Qoca kapitan arvadı bir medalyon gətirmişdi – mərhum əri bağışlamışdı, aydın məsələdir ki, yadigardı. Mən onu otuz manata götürdüm. Başladı sızıldaya-sızıldaya yalvarmağa ki, bunu satmayın, saxlayın, – mən əlbəttə saxlayacaqdım. Sözün qısası, beş gündən sonra bir qolbaq gətirdi ki, onu qoyub medalyonu aparsın, amma qolbağı heç səkkiz manata da dəyməzdi; mən, aydın məsələdir ki, razı olmadım. Yəqin qarı elə o vaxt arvadımın gözlərindən nəsə oxumuşdu; sonra mən evdə olmayanda qarı bizə gəlmiş və arvadım da qolbağı alıb medalyonu ona vermişdi.
Mən elə həmin gün əhvalatdan xəbər tutub, sıxıla-sıxıla, ancaq qəti və dəlil-sübutla sözümü dedim. O, yatağın üstündə oturmuşdu, sağ ayağının ucunu xalçaya vura-vura (xasiyyəti idi) yerə baxır, səfeh-səfeh gülümsünürdü. Onda mən, qətiyyən səsimi ucaltmadan, sakitcə dedim ki, pul mənimdir və istədiyim kimi hərəkət eləməyə, haqqım var, mən səni evimə gətirəndə səndən heç nə gizlətməmişəm, hə şeyi açıq demişəm.
Qız birdən sıçrayıb ayağa qalxdı, tir-tir titrədi, – siz bilən nə eləsə yaxşıdır, – birdən ayağını yerə döyüb üstümə yeridi; vəhşiləşmişdi, dəli kimi olmuşdu; dəli olmuş vəhşi heyvana oxşayırdı. Mən heyrətdən quruyub qalmışdım; onun bu cür hərəkət edə biləcəyini heç ağlıma gətirməzdim. Ancaq özümü itirmədim, hətta yerimdən də tərpənmədim, yenə əvvəlki qaydada, sakit-sakit dedim ki, bu gündən ona mənim işlərimə qarışmağı qadağan eləyirəm. Bu sözü eşidəndə qəhqəhə çəkdi və evdən çıxdı.
Məsələ burasındadır ki, onun evdən çıxmağa ixtiyarı yoxdu. Mənsiz heç yerə gedə bilməzdi, hələ evimə gətirməmişdən belə şərt kəsmişdim. Axşam qayıdıb gəldi; mən ona bir kəlmə də olsun bir söz demədim.
Ertəsi gün səhər yenə getdi, o biri gün yenə getdi. Mən kassanı bağlayıb, xalalarıgilə yollandım. Onlarla əlaqəni toy günündən kəsmişdim, nə evimə çağırırdım, nə də özüm onlara gedirdim. Maraqla söhbətimə qulaq asdılar, sonra gözümün içinə güldülər; dedilər ki, “Sizə hələ bu da azdır!” Ancaq onların güləcəklərini qabaqcadan bilirdim. Elə həmin dəqiqə kiçik xalasını, ərə getməyəni, yüz manat boyun olub ələ aldım, iyirmi beş manatını da qabaqcadan verdim. İki gündən sonra o yanıma gəlib dedi: “Burada bir zabitin – sizin keçmiş alay yoldaşınız poruçik Yefimoviçin əli var”. Mən mat qaldım. Bu Yefimoviçin polkda mənə çox pisliyi keçmişdi, bir ay bundan əvvəl isə utanıb-qızarmadan bir-iki dəfə, guya şey girov qoymaq bəhanəsi ilə yanıma gəlmişdi, yadımdadır, onda arvadımla deyib-gülürdülər. O vaxt mən Yefimoviçə yaxınlaşıb dedim ki, bir də cəsarət eləyib ayağını mənim evimə basmasın. O bizim münasibətimizi yadına salsın; ancaq belə bir iş tutacağı ağlıma da gəlməzdi, elə belə fikirləşirdim ki, həyasız adamdır. İndi qızın xalası birdən xəbər verirdi ki, arvadım onunla görüşməlidir, həm də aləmi bir-birinə qarışdıran xalaların bir keçmiş tanışı, dul qadın, polkovnik arvadı Yuliya Samsonovnaydı. Xalası dedi: “İndi sizin arvadınız o polkovnik arvadının yanına gedir”.
Əhvalatın bu yerini müxtəsər eləmək istəyirəm. Cəmisi üç yüz manata qədər xərcim çıxdı, amma ikicə gündə işi elə qurdum ki, mən qonşu otaqda qapının dalında dayanacaq, arvadımla Yefimoviçin ilk görüşdə olan söhbətlərini eşidəcəkdim. Görüşdən bir gün əvvəl isə aramızda çox qısa, lakin mənim üçün çox ibrətamiz səhnə baş verdi.
Axşam evə qayıtdım, yatağın üstündə oturub, istehza ilə üzümə baxa-baxa ayağını xalçaya şappıldatmağa başlatdı. Ona nəzər salanda qəflətən ağlıma bir fikir gəldi. Düşündüm ki, bu axırıncı ayda, yaxud həmin əhvalatdan iki həftə əvvəl, o, əsl xasiyyətini qətiyyən büruzə vermirdi, demək olar ki, tamam başqa xasiyyətli adam idi: o yavaş-yavaş dəli, adamın üstünə hücum çəkən quduz, həyasız olmasa da, öcəşkən, qalmaqal axtaran bir xilqətə çevrilirdi. Dava-dalaş axtarırdı. Ancaq utancaqlığı buna mane olurdu. Beləsi dəliliyə başlayanda, həddini aşsa da, hiss eləyirsən ki, bu işi zorla görür, özünü məcbur eləməyə çalışır, ismətini, həyasını ilk dəfə özü ata bilmir. Bu səbəbdən də belələri bəzən hədlərini elə aşır, elə ağ eləyirlər ki, adam gördüyünə, eşitdiyinə inana bilmir. Əxlaqsızlığa alışmış adam isə, əksinə, həmişə işini əlaltından görür, əməli daha iyrənc olur, ancaq bunu elə qayda-qanun və ədəb qılığına salır ki, dili sizin üstünüzdə uzun olur.
– Doğrudanmı sizi polkdan qorxaqlıq eləyib duelə çıxmadığınıza görə qovublar? – deyə qız qəflətən soruşdu və gözləri parıldadı.
– Doğrudur; bu əhvalatdan qabaq istefaya çıxmaq barədə ərizə vermişdim, ancaq mənə, zabitlərin hökmü ilə polkdan getməyi təklif elədilər.
– Qorxaq adam kimi qovdular?
– Bəli, onlar məni qorxaq hesab eləmişdilər. Ancaq mən dueldən, qorxaq olduğuma görə imtina eləməmişdim, ona görə imtina etmişdim ki, onların qəddar qanunlarına tabe olub, inciklik, təhqir duymadan duelə çıxmaq istəmirdim. Bilirsinizmi nə var, – bu yerdə mən özümü saxlaya bilmədim, – bu cür qəddarlığa qarşı çıxmaq, üsyan qaldırmaq duelə çıxmaqdan qat-qat böyük mərdlik göstərmək deməkdir.
Mən özümü saxlaya bilmədim, bu sözü deməklə, elə bil, özümü təmizə çıxarmağa çalışırdım. Ona da elə bu lazım idi, məni alçaltmaq istəyirdi. Qız acı-acı güldü.
– Doğrudurmu ki, siz sonra üç il Peterburqun küçələrində avara-sərgərdan dolanıb, sədəqə dilənmisiniz, bilyardların altında yatmısınız?
– Mən Sennayada, Vyazemskinin evində də gecələmişəm. Bəli, doğrudur; mən həyatda sonralar, polkdan qovulandan sonra, çox rüsvayçılıq görmüşəm, alçalmışam, ancaq şəxsiyyətimi uca tutmuşam, çünki hətta o vaxt da öz hərəkətimə hamıdan qabaq mən özüm nifrət etmişəm. Bu yalnız iradəsizliyimin, ağılsızlığımın nəticəsi idi, yalnız onun nəticəsi idi ki, ümidsizliyə qapılmışdım. Ancaq bu keçib getdi…
– Hə, indi siz böyük şəxsiyyətsiniz – maliyyəçisiniz!
Mənim sələmçiliyimə işarə vururdu. Ancaq mən dərhal özümü ələ aldım. Görürdüm ki, o məni adamı alçaldan söhbətlərə çəkmək istəyir, ona görə də buna imkan vermədim. Bir də xoşbəxtlikdən müştəri zəng çaldı və onun yanına, böyük otağa keçdim. Bir saatdan sonra o, geyinib evdən çıxanda, qarşımda dayanıb dedi:
– Amma siz, toydan qabaq, bu barədə mənə bircə kəlmə də deməmisiniz!
Mən cavab vermədim, o çıxıb getdi.
Ertəsi gün cibimdə tapança, həmin otaqda qapının dalında dayanıb, taleyimin necə həll olunacağını gözləyirdim. Arvadım geyimli-kecimli, stolun arxasında oturmuşdu. Yefimoviç isə onun qabağında özünü göstərirdi. Nə olsa yaxşıdır: əhvalat eyni ilə mənim ürəyimə daman kimi, güman elədiyim kimi oldu; amma mən ürəyimə damanı və güman elədiyimi dərk eləmirdim. Bilmirəm, fikrimi aydın deyə bildimmi?
Əhvalat belə oldu. Mən düz bir saat nəcib və ülvi bir qadının, kübar cəmiyyətdən çıxmış pozğun, küt, yaltaq təbiətli bir kişi ilə çarpışmasının şahidi oldum. Mən mat-məəttəl öz-özümə fikirləşirdim: bu sadəlövh, utancaq, qaradinməz qız bunların hamısını haradan bilir? Ən mahir kübar məzhəkənəvisi də belə gülməli səhnə yarada bilməz, belə saf gülüş, qüsurlara belə hədsiz nifrət doğura bilməzdi. Onun sözləri qısa, danışmağı nə qədər aydın idi; yeyin cavabı nə qədər kəskin idi, mühakiməsi nə qədər doğru idi! Eyni zamanda danışığı məsum, sadəlövh idi. Qız onun elani-eşqini, davranışını, təkliflərini gözünün içinə ələ salırdı. İşə hazırlıqsız, qəflətən girişmiş, müqavimətə rast gələcəyini güman eləməyən Yefimoviç quruyub qalmışdı. Mən əvvəlcə fikirləşə bilərdim ki, qız sadəcə naz-qəmzə satır, – “özünü ucuz satmamaq üçün, əxlaqsız da olsa, ağıllı qadın naz-qəmzəsi”. Ancaq belə deyildi, həqiqət günəş kimi işıq saçdı və şübhəyə yer qalmadı. Acığından, təcrübəsiz qadın bu görüşə mənə nifrət elədiyinə görə, elə-belə gəlmişdi, ancaq mətləb üstünə gələn kimi dərhal gözü açılmışdı. Bu insan məni hər necə olsa təhqir etmək üçün vurnuxurdu, ancaq belə çirkin iş tutmağı, pozğunluq, şərəfsizlik eləməyi mənliyinə sığışdıra bilmirdi. Bu məsum, pak qadını Yefimoviç, yaxud kübar xilqətdən kim yoldan çıxara bilərdi? Əksinə, Yefimoviç gülünc vəziyyətə düşmüşdü. Qızın qəlbində həqiqət baş qaldırmış və qəzəbi ürəkdən gələn amansız istehzaya çevrilmişdi. Təkrar edirəm, bu təlxək axıra yaxın lap tutulmuşdu, büzüşüb oturmuşdu, güclə cavab verirdi, ona görə mən hətta qorxuya düşdüm ki, intiqam almaq üçün onu təhqir etmək fikrinə düşər. Bir də təkrar eləyirəm, bu söhbəti mən, demək olar ki, sakit dinlədim. Elə bil, bir tanış hadisə görürdüm. Elə bil buraya bu əhvalatı görməyə gəlmişdim. Cibimdə tapança olsa da, heç bir şeyə inanmırdım, günah işlənəcəyini ağlıma gətirmirdim, düzü belə idi! Məgər mən onu başqa cür təsəvvür eləyə bilərdimmi? Mən onu niyə sevirdim, niyə onu əziz tuturdum, niyə evlənmişdim? Doğrudur, o zaman məndə şübhə yeri qalmadı, qəti mən inandım ki, məndən zəhləsi gedir, ancaq onun təmizliyini də gördüm. Mən qəfil qapını açıb, səhnəyə son qoydum. Yefimoviç sıçrayıb ayağa qalxdı, mən arvadımın qolundan tutub, buradan çıxmağı təklif etdim. Yefimoviç özünə gəldi və birdən ucadan qəhqəhə çəkib güldü:
– Etiraz eləmirəm, bu sizin müqəddəs ərlik haqqınızdır, aparın, aparın! – Sonra da ardımca qışqırdı: – Özü də bilirsinizmi nə var, abırlı adam sizinlə atışmaz, ancaq arvadınızın xatirinə, mən sizin qulluğunuzda hazıram… Əgər siz buna ürək eləsəniz…
Mən arvadımı bir anlığa kandarda saxlayıb dedim:
– Eşidirsinizmi!
Sonra evə çatanacan bircə kəlmə də danışmadım. Mən onu qolundan yapışıb aparırdım, o da dartınmırdı. Əksinə, yaman sarsılmışdı, ancaq bu biz evə çatana kimi davam etdi. Evə girəndə o, stulda oturdu və gözünü mənə zillədi. Bət-bənizi tamam qaçmışdı; dodaqları dərhal istehza ilə büzülsə də, indi o mənə təntənə ilə, sərt, meydan oxuyurmuş kimi baxırdı, həm də deyəsən, ilk dəqiqələr qəti əmindi ki, mən onu tapança ilə vurub öldürəcəyəm. Ancaq mən dinməzcə tapançanı cibimdən çıxartdım və stolun üstünə qoydum. Qız gah mənə, gah tapançaya baxırdı. (Yadınızda saxlayın: bu tapança ona tanış idi. Onu mən sələmçiliyə başladığım gün almış və doldurmuşdum. Sələmçiliyə başlayanda mən belə qərara gəlmişdim ki, nə yekə itlər, nə də, məsələn, Mozer kimi qolu zorlu nökər saxlayacağam. Müştəri gələndə qapını qulluqçu açırdı. Ancaq bizim peşənin sahibləri hər ehtimala qarşı, özünü qorumaq üçün, gərək ehtiyatını əldən verməsin, ona görə mən də yanımda dolu tapança saxlayırdım. Qız, ilk günlər, evimə gələndən sonra, bu tapança ilə çox maraqlanırdı, məni sorğu-suala tuturdu, mən də ona hətta tapançanın quruluşu barədə izahat verirdim, üstəlik hələ bir dəfə də dilə tutub atdırmışdım. Bunların hamısını yadınızda saxlayın.) Mən onun qorxuya düşməsinə əhəmiyyət vermədən, yarısoyunmuş yatağa uzandım. Tamam haldan düşmüşdüm: saat on birə az qalırdı. Qız bir saat da elə oturduğu yerdə hərəkətsiz qaldı, sonra şamı söndürdü, sonra da elə paltarlı, divarın dibindəki divanda uzandı. İlk dəfə idi ki, ayrı yatırdıq, bunu da yadınızda saxlayın…
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.