Текст книги "Fərəh Pəhləvi: Xatirələr"
Автор книги: Fərəh Pəhləvi
Жанр: Биографии и Мемуары, Публицистика
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 10 (всего у книги 29 страниц) [доступный отрывок для чтения: 10 страниц]
V
Bəli, ərimin cızdığı yolun doğruluğuna bütün qəlbimlə inandığım üçün özümü də inqilabımızın sıra nəfəri kimi görürdüm. Ölkəmiz geri qalmış ölkəydi, mən qapalı mühitdə doğulsam da, uşaqlığımın İranındakı yoxsulluğu xatırlayıram. Aradan iyirmi il keçəndən sonra artıq inkişaf eləməkdə olan ölkə kimi yada salınmağa haqqımız varıydı. (Qərblilər bu idrak dəyişikliyimin içində gizlənən ümid və qüruru başa düşə bilməzlər). Bu dəyişməni mövcud olan zehniyyət ağırlığına və müxtəlif təbəqələrin şiddətlə müqavimət göstərmələrinə baxmayaraq, hökmdarın və bir çox iranlının qarşısıalınmaz irəliləmə arzusuna borcluyduq. Birləşən qara və qırmızı müxalifət qüvvələriylə şiddətli mübarizə aparılmışdı. Bundan əlavə bir çox maneələri aradan qaldırmağa çalışmışdıq. Bunlardan ən xatırlananı ingilislərin əlindən min bir çətinliklə alınan neftin milliləşdirilməsiydi. Ərimin də fasiləsiz təkrarladığı kimi, cəhdlərimizi eyni ciddiliklə davam etdirdiyimiz təqdirdə 80-ci illərin ortalarında iqtisadiyyatımızın Cənubi Koreyanınkı ilə müqayisə edilə biləcək səviyyəyə çatacağına inanırdım.
O vaxtdan bəri yaxşı niyyətli hər bir kəs kimi mən də başlanan işləri dəstəkləmək, layihələri sürətləndirmək, maneələri aradan qaldırmaq, vəziyyətimizin imkan verdiyi qədər yardım eləmək istəyirdim. Ərim ilk gündən etibarən məni bu cəhətdən cəsarətləndirdi. Mənə rəhbərlik elədi, kömək göstərdi. Onun yanında olmağımı, ölkənin rifahı üçün işləməyimi istəyirdi.
Bunu necə eləyəcəkdim? Hadisələri özüm hiss eləyib, bilməli, yerimi tapmalıydım. İnsanın öz şəxsiyyətinə görə – və əlbəttə, hökmdarın şəxsiyyətinə görə – şahbanuluq vəzifəsini yerinə yetirməyin bir çox yolları var. Mən şahbanuluq məsuliyyətimi təkcə sevdiyim insana qarşı dürüst olduğum üçün yox, bundan başqa yurdumu da sevdiyim üçün, qəlbən və bütün gücümlə özümü vəzifələrimə həsr eləmək üçün üstümə götürdüm. Elə bilirəm, ailəm mənə kiçik yaşımda ölkə sevgisini və xidmət arzusunu aşıladı, eyni düşüncələri atama da öz atası öyrətmişdi. Bu duyğular mübaliğəsiz, mənim şəxsiyyətimin bir parçası olmuşdu. İndi ölkəmə xidmət növbəsi mənimiydi, bu işi görmək üçün Şahım məni özünə arvad seçib, verdiyi imkandan daha gözəlini xəyalıma gətirə bilməzdim.
Əvvəlcə Rzanın, arxasınca Fərəhnazın doğulmaları məni iş otağımdan bir az uzaqlaşdırmışdı. Əlhavasına bəzi şeylər tapdığım, iş planı tutmaqda çətinlik çəkdiyim, hətta canımın sıxıldığı günlər uzaqda qalmışdı artıq. İş otağım olduqca böyümüşdü.
Gündəlik proqramım o qədər sıxıydı ki, bəzən ərimlə baş-başa günorta yeməyi yemək üçün bir saat sərbəst qalmağı çətinliklə bacarırdım. Çox vaxt da yeməyi unudurdum. İranı narahat eləyən hər bir şey məni narahat eləyirdi, ayrı-seçkilik qoymurdum. Şahla hökumət əlbəttə, çox işləyirdilər, amma mənim də çox vaxt bəzi faktlar haqqında qadın və ana kimi, öz fikrimi bildirdiyim olurdu. Nəticədə bəzən mənim müdaxiləm işə yarayır, problem daha da tez çözülürdü. Bəzən də mənim varlığım, ya da dəstəyim bəzi bürokratik maneələrin aradan qaldırılmasına müsbət təsir göstərirdi. Mənə təqdim edilən və uğuruna inandığım bəzi layihələrin Şah və ya hökumət qarşısında müdafiə vəzifəsini üzərimə götürürdüm.
Cüzamlılara yardım və cüzamla mübarizə mövzusu buna gözəl bir nümunədi. Bu xəstəliyin adını ilk dəfə Janna d’Ark məktəbində eşitmişdim. Özünü bu bəlayla mübarizəyə həsr eləmiş fransız Rol Follerenin konfransını dinlətmişdilər bizə. O zaman cüzamın İranda insanları qırıb-çatdığını bilmirdim. Həmin gün öyrəndiklərim mənə o qədər təsir eləmişdi ki, axşam evdə anamla başqa bir şeydən danışmamışdım. Bir neçə gün sonra «Yaşıl gözlü yalqızlıq» adlı bu xəstəliyə yaxalanmış və cüzamlılara ayrılan adaya sürgün edilmiş gənc qadının hekayətini danışan kitab oxumuşdum. Bu qorxunc xəstəliyə tutulma talesizliyinə düçar olduğu üçün insanlar tərəfindən təcrid edilmiş, atılmış, sürülmüşdü, bundan daha böyük bir fəlakət ola biləcəyini düşünmürəm.
Sabiq səhiyyə naziri doktor Əbdülhüseyn Raci evlənməyimdən qısa müddət sonra mənimlə görüşmək istəyəndə, dərhal qəbul elədim. Xanım Ozra Ziyayiylə birlikdə gəldi. Hər ikisinə də heyran olmuşdum. Xeyli əvvəl təşkil olunmuş cüzamlılara Yardım Dərnəyinin sədrliyini üzərimə götürməyimi xahiş elədilər. Heç tərəddüdsüz razı oldum. Beləcə, cənab Follerenin konfransından sonra keçirdiyim dəhşətin üstündən on il keçməmiş, tale mənə cüzamlılara yazığı gəlməkdən başqa, onlar üçün hərəkətə keçmək qismətini bəxş eləyirdi. Dərhal Təbrizdəki Cüzam Mərkəzinə baş çəkmək istədim – daha bir Mərkəz də Məşhəd şəhərindəydi. Təbrizdəkinə baş çəkəndə, ilkin keçirdiyim şokdan daha güclü şok keçirdim. Tanınmaz hala düşmüş, deşik-deşik olmuş, sümükləri görünən üzlər və bu fəlakətin içində baxışlarındakı kədər… Xəstəliyi yüngül olanlar nisbətən ala-babat binalarda qalırdılar, amma digərləri dözülməsi çətin olan qoxunun yayıldığı kiçik, qaranlıq otaqlara atılmışdılar. Onlara şirniyyat gətirmişdik, bizi müşayiət eləyən adamın qəfildən şirniyyatı götürüb, itlərə tullayırmış kimi, xəstələrə atdığını gördüm. Həyatımda heç belə bir şey alçaltma və iyrənclik duyğusu yaşamamışdım. Qışqırmaqdan özümü saxlaya bilmədim:
«Qarşınızdakılar insandılar! Necə belə hərəkət eləyirsiniz? Buna necə cəsarət eləyirsiniz?»
Zavallı adam mat qalmışdı, xəstəliyə yoluxmaqdan elə qorxurdu ki!
Bu hadisədən dərhal sonra özünü həmin zavallı insanlara həsr eləyən bir neçə adamla iranlı və əcnəbi həkimlər, xüsusilə, Tehrandakı Paster İnstitutunun direktoru doktor Marsel Baltazar, bundan başqa xristian rahibələr və keşişlərlə görüşdüm. Sonralar elə xəstəxanalarda bizim müsəlman din adamlarından heç birinin işləmədiyini aşkar eləyəcəkdim.
Bu ilk ziyarətimdən sonra alimlərlə həmin xəstələrin həyat şəraitlərini dəyişdirmək, onlara cəmiyyət içində hörmətli yer ayırmaq üçün görə biləcəklərimizi müzakirə elədik.
Bizim həkimlərin cüzamı başlanğıcda müalicə eləyəcək təhsili olmadığı ortaya çıxdı – onlar bu xəstəliyi bir növ ekzema və ya dəri xəstəliyi sayırdılar – beləcə, xəstəliyin qarşısını almaq fürsəti əldən buraxılırdı, amma müalicəedici dərmanlar mövcuduydu. Bu səbəbdən, ilk cəhdimiz tibb fakültəsi tələbələrinə və işləyən həkimlərə xəstəliyin müalicəsiylə bağlı tədris proqramı hazırlanmasını təmin eləmək oldu.
Daha sonra ölkənin hansı bölgələrində xəstəliyin ortaya çıxmağının səbəbləri araşdırıldı. Beləcə, o bölgəyə sürətlə, xəstəlik barədə təhsildən keçmiş, işini bilən həkimlər göndərilə biləcəkdi. Fransa texniki əməkdaşlıq çərçivəsində cüzamın ortaya çıxmasındakı coğrafi, sosial və s. təsirləri araşdıracaq alimlər, coğrafiyaçılar və tibb işçilərindən ibarət heyət göndərib bizə çox əhəmiyyətli şəkildə köməklik göstərdi.
Bununla paralel olaraq, cüzamlı xəstələrin yenidən cəmiyyətə qayıtması üçün nələr eləyə biləcəyimizi fikirləşdik; bunu düşünmək lazım gəlirdi, çünki artıq sağalanlar belə, cüzamın izlərini saxlayırdılar – onlara «yaxşılaşmış yaralılar» deyirdik, ideal çözüm bizə görə, bu xəstələrin də əsas xəstəxanalara köçürülməsiydi – mənə cüzamın güman edildiyindən daha az keçici olduğu başa salınmışdı. Bununla belə, həkimlər özləri də qorxurdular. Qızğın tərzdə bizə qarşı çıxmağa başladılar, buna görə də həkimləri maarifləndirmə yığıncaqlarını artırmağı qərara aldıq. Amma 70-ci illərin axırında xəstəxanalardan bəzilərini cüzamlı xəstələrə aça bilmişdik.
Buna baxmayaraq, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsiylə sağalmış insanları öz evlərinə qayıtmağa təşviq eləmə fikrindən daşındıq. Cenevrədəki alimlər bu xəstəliyin səhra hissəsində, kiçik bir kənddə necə dəhşət yaratdığını bilə bilməzdilər. Ailənin bir üzvü xəstələndiyi zaman bütün ailə qaçırdı… Bu vəziyyət bizim yalnız sağalmış insanların və onların ailələrinin yaşayacağı kəndin tikintisinə başlamağımıza səbəb oldu. Şahdan öz şəxsi ərazilərindən bizə yer bağışlamasının mümkün olub-olmadığını soruşdum; qəbul elədi. Beləcə, Gorğan rayonunda min adamdan artıq əhali yerləşəcək kənd inşa eləyə biləcəyimiz ərazi aldıq. 70-ci illər ərzində Beh Qədəhdə (farsca «Şəfa kəndi» mənasında) üç yüz ev, on beş çarpayılıq xəstəxana, ibtidai məktəb, kinoteatr, polis sahəsi, aşxana, fabrik, emalatxana, anbarlar, çoxlu quyu və üzüm bağçaları varıydı. Bu kəndlə bağlı uğur elə böyüyüydü ki, əks tərəfdə birləşmə, qəbul eləmə arzusu meydana çıxdı: ətraf qəsəbələrdən get-gedə daha çox sayda insan işləmək və ya yeməkxanasından, ya da kinoteatrından istifadə eləmək üçün kəndə gəlməyə başladı.
Tarix bizə başqa «Beh Qədəh»lər yaratmaq fürsətini vermədi, amma iyirmi ildə cüzamlı xəstələrin və sağalanların taleyilə bağlı olaraq, iranlıların fikirlərini yumşaltmağı bacardığımızı güman eləyirəm. Bu baxımdan, ən böyük qadın şairlərimizdən Fərruh Fərruxzadın cüzamlılar haqqında çəkdiyi filminin yaddaşımda ayrıca yeri var. «Qaranlıq ev» adlı filmin kütlələrdə bu barədə mərhəmət hissinin yaranmasına böyük təsiri olmuşdu. Bütün o illər ərzində xəstələrin yaşadıqları yerləri müntəzəm olaraq, ziyarət elədim və hər dəfə də eyni sarsıntılar keçirdim. Qadınlar məni qucaqlayır, sonra elə bil, onları sağaltmaq gücünə sahibiymişəm kimi, əvvəlcə mənim üzümə, sonra özlərininkinə toxunurdular. Bu miqyasda böyük kədər və həsrət qarşısında duyğularımı gizlətməkdə bəzən çox çətinlik çəkirdim.
Elə həmin illərdə bacarıqlı həkimlərdən dəstək aldıq: pakistanlı, hindistanlı, isveçrəli, fransız həkimlər gəlib, heç bir haqq tələb eləmədən keçmiş xəstələrimizin burunlarını düzəltmək, qaş və kirpik əlavə eləmək, xəstəlik nəticəsində yumulmuş əllərini açmaq üçün əməliyyat apardılar. Onlardan birinin – üzü əməliyyatla düzəldilmiş, mənə yaxınlarda evlənəcəyi müjdəsini verən bir gənc adamın sevincini heç unutmaram. Elə xoşbəxtiydi ki! Əməliyyatı danışdığını eşidəndə, qəlbimdən belə bir möcüzəni gerçəkləşdirmiş cərrahlara xeyir-dualar eləyirdim.
Bu yaxınlarda məni ən çox duyğulandıran hadisələrin başında, taleləri üçün bu qədər narahatlıq keçirdiyim həmin keçmiş xəstələrdən biriylə əlaqədar gələn xəbər yer tutdu. Xəstə Ümumdünya Səhiyyə Təşkilatında işləyən və onunla qarşılaşandan sonra mənə xəbəri çatdıran iranlı həkimin qulağına bu sözləri pıçıldayıb: «Əgər hörmətli xanımı görsəniz, ona salam deyin. Biz onu unutmamışıq». Bəzi sözlərin eynilə yaraya sürtülən məlhəm kimi, ovuducu gücü var. O sözlər də məni gələcəkdə bir gün həqiqətin gur səslə söylənəcəyinə ümid eləməyim üçün ürəkləndirdi.
Sevgiylə əkilən toxumun heç vaxt itməyəcəyinə bütün mənliyimlə inanırdım.
Uşaq kitabxanaları yaratmaq qərarım bu toxumlardan biri oldu. Amerikada kitabxanaçılıq təhsili alandan sonra ölkəyə qayıdan uşaqlıq yoldaşlarımdan biri Leyla Əmirərcüməndinin məni ziyarət eləməsiylə bu macəra başlandı. Yoldaşımla qeyri-rəsmi şəraitdə görüşdük, söhbət zamanı balaca iranlı uşaqlara kitab paylamaq fikri mənbədən fışqıran su kimi, öz-özünə ortaya çıxdı. Bizim uşaqlığımızda yaşımıza uyğun uşaq kitabı heç yoxuydu. Bizə qədim nağıllar danışılırdı, şifahi danışıq ənənəsi varıydı, bu nağılın bir çoxu yazılı deyildi. O dövrdə qərb ölkələrində olan şəkilli müasir hekayə kitablarına gəlincə, onları tapmaqdan söz gedə bilməzdi. Hər səhər radioda məktəb uşaqlarına ünvanlanan verilişinə «Sabahınız xeyir, uşaqlar!» (Batsheha salam!) deyə başlayan ağayi Sübhinin bəzi bədii hekayətləri nəşr edilmişdi, uşaq ədəbiyyatı dünyamız bununla məhdudlaşırdı, uşaq yazılarımız doğrudan da, çox kasıbıydı.
Əgər uşaqların gündəlik həyatına kitabı daxil eləməyi bacarsaydıq, onlara necə fövqəladə mədəni kəşf verə biləcəyimizi fikirləşdik. Kitab, şübhəsiz, başqalarının həyat hekayələrindən və talelərindən yararlanıb, insana öz gələcəyini müəyyənləşdirmək imkanını verən ən gözəl vasitədi.
Elə hər yeni həyat da xəyallardan gerçəkləşməyə başlamırmı? Bəli, əgər uşaqlara kitab oxumaq vərdişi aşılaya bilsək, onların çağdaş fikirləri daha asan anlamalarına, məsuliyyət duyğusu və etik dəyərlər qazanmalarına kömək eləyə bilərdik.
İşə girişməzdən əvvəl, ilk görülməsi lazım gələn iş şagirdlərin kitaba göstərəcəkləri marağı ölçməyiydi. Liliylə məclisin qadın millət vəkillərindən Hüma Zahidinin iki könüllüylə birlikdə uşaqların münasibətini görmək üçün bir neçə qutu kitab götürüb, Tehranın güneyindəki kasıb məhəllələrinə getmələrinə qərar verdik. Gözlədiyimizdən də böyük maraq gördük: uşaqlar bu şəkilli kitabları sanki şəkər paylanırmış kimi, qapdılar.
Ordan başlayıb «Uşaqların və gənclərin Zehni İnkişafına Yardım Təşkilatı» quruldu, biz də yardım toplamaq üçün bəzi qapıları döyməyə başladıq. Çoxlu miqdarda pula ehtiyacımız olacaqdı, buna görə də layihəmizə Təhsil və Mədəniyyət Nazirlikləri kimi təkanverici qüvvə ola biləcək nazirlikləri qoşa bilməyimiz vacibiydi. Hər iki nazirlik bizə kömək göstərməyi qəbul elədilər. İran Beynəlxalq Neft Şirkəti də xahişimizə əsasən yardıma razı oldu. Artıq bizə təkcə layihəmizi böyük həyəcanla qarşılayan naşirlərin, siyasətçilərin, universitet əməkdaşlarının və maddi, ya da mənəvi yönümdə dəstək ola biləcək ayrı-ayrı şəxslərin yardımlarını təmin eləmək qalmışdı. Təcrübi cəhətdən kömək göstərmək üçün kitab sahəsində ustalaşmış iki amerikalı gənc gəlib biliklərini bizimlə bölüşdülər. Həmin gənclərin biri – Kaliforniyada yaşayan Den birlikdə əkdiyimiz o toxumların xatirəsinə – bütün o kitablar, o kitabxanalar – bu gün hələ hər il mənə Novruzda bir torba gül toxumu göndərir.
İlk uşaq kitabxanasını yaratmaq üçün təbii ki, ən çox sayda oxucu kütləsinə malik ola biləcəyimiz Tehranı seçdik. Təhsilim yarımçıq qalsa da, memarlıq hələ könlümdəki yerini saxlayırdı; buna görə də ilk kitabxana binasının layihəsiylə özüm şəxsən məşğul oldum, sonralar tikilən bütün kitabxanalar üçün də bu sahədəki cəhdlərimi davam etdirdim. Kitabxanalar mütaliənin oyunla bağlı tərəfini də ifadə eləməliydilər. Tehrandakı kitabxananı uşaqların açıq havadakı oyunlardan kitablara, ya da kitablardan bayırdakı oyunlara asanlıqla keçmələrinə üstünlük verəcək formada parkın ortasında tikməyi məsləhət bildik. Parkların bütövlüyünü qorumaq məsələsində də vasvası hərəkət elədim. Daha sonra bu qaydanı kitabxanaların xeyrinə pozanda, ətrafda yalnız muzeylərin və teatrların olmasına icazə verildi. Tehran Uşaq Kitabxanası da, digər bütün kitabxanalar da orta məktəbdən on altı yaşına qədər bütün uşaqlara təmənnasız olaraq açığıydı. Uşaqları kitab oxumağa cəlb eləmək üçün kitabxanalarda işləyəcək xüsusi bacarıqları olan adamlar tapmağımız lazım gəlirdi. Ən kiçik uşaqlar üçün uşaq baxıcılarına və nağıl danışacaq adamlara ehtiyacımız varıydı, belələrini tapıb yetişdirdik. Daha böyük uşaqlar üçün onlara kitab seçmək barədə məsləhət verə biləcək, bilavasitə özləri də kitabsevər və çox kitab oxumuş adamlar axtarırdıq.
Artıq növbə işin özünə gəlmişdi: kitablar. Uşaq kitabı olmadığına görə, yazmağa, ya çevirməyə məcburuyduq. Yazıçılarımızı gənc oxucu kütlələri üçün kitab yazmağa təşviq eləmək çətin olmadı. Əvəzində illüstrasiyaçı tapmaqda çətinlik çəkdik. Çox yaxşı rəssamlarımız olmaqla yanaşı, bizdə uşaq rəsmi mədəniyyəti hələ yaranmamışdı. Ona görə də bu sahədə bir iş görməliydik. Çexoslovakiya şəkilli uşaq kitabları məsələsində diqqəti cəlb eləyən işlər görürdü, bizim bir çox sənətçimiz də kitablara illüstrasiya çəkməyi öyrənmək üçün Çexoslovakiyaya göndərildi. Bu fürsətdən istifadə eləyib, orda cizgi filmi texnikasını da öyrəndilər. O sənətçilərimiz sayəsində sonralar Beynəlxalq Uşaq Filmləri Festivalı təşkil elədik, bir neçə mükafat və priz də qazandıq.
Bu cəhddə simvolik olaraq, «mənim də şorbada duzum olsun» fikriylə Andersenin «Balaca su pərisi» adlı kitabını çevirib, özüm illüstrasiya çəkdim. Rza o vaxtlar iki-üç yaşlarındaydı, qısa müddətdən sonra bu nağılı və mənim rəsmlərimi kəşf eləyəcək yaşa çatacağını fikirləşəndə, böyük xoşbəxtlik duyurdum – hələ oxumağı bilməyən uşaqlar üçün kitabla birlikdə veriləcək iki kaset də nəzərdə tutulmuşdu. Mənim adımla bağlı olduğuna görə, təbii ki, həmin kitab çox yaxşı satıldı, gəliri qismən də olsa, başqa kitabları çap eləməyimizə yaradı. Çap edilən bu kitablar arasında hər halda, bizimkindən fərqli siyasi düşüncələr də olmalıydı, amma hələ bunu bilmirdim. Belə vəziyyət mənə kommunizm kimi bəzi ideologiyaların rədd edildiyi bir ölkədə demokratyanın nə olduğunu görmək fürsəti verdi.
Əsasən, fərqli sol görüşlərə yaxın yazıçılar bizə, nümunənin balaca quşların igidlik və cəsurluqla davam etdirdikləri mübarizə nəticəsində son dərəcə pis ürəkli aslandan necə xilas olduqlarını danışan eyhamlarla dolu mətnlər gətirirdilər… Nəşriyyat Komitəsi – kommunistlərin öz fikirlərini aşılamaq barəsindəki maraqlarını bildiyimiz üçün – bu mətnləri çap eləməkdə tərəddüd keçirirdi, axırda gəlib mənə danışırdı. Biz irəliləyişi təmin elədikcə, iranlıların nəyin yaxşı, nəyin pis olduğu barədə başqalarının təsirinə düşməyəcəklərinə, ancaq özlərinin qərar verməyi bacaracaqlarına əminiydim və söz azadlığına tərəfdarıydım. Üstəlik, bizim belə bir kitabın çapını rədd elədiyimiz vəziyyətdə, bunun necə alver mövzusu olacağını bilirdim.
Çox açıq mesaj verən «Kiçik qara balıq» (mərhum yazıçı Səməd Behrənginin əsəridi – tərc.) adlı kitabla belə bir vəziyyət yarandı. Böyük inadla, dayanmadan axına qarşı üzməyə cəhd göstərən kiçik balığın hekayətiydi bu. Verilən mesajı dəstəkləmək kimi başa düşüləcəyi üçün çap eləməkdə tərəddüd keçirən komissiya axırda səs verdi və kitab çap olundu. Amma çapdan əvvəl baş verən mübahisələr, tərəddüdlər üzə çıxdı və həmin o kiçik qara balıq müqavimətin ən böyük qəhrəmanlıqlarını əks etdirən rəmz vəzifəsini yerinə yetirdi. O, Şaha və rejiminə qarşı olanlarla qaynayıb-qarışmışdı artıq. O qədər yaxınlaşmışdılar ki, kitabın müəllifi öləndə, gizli polis tərəfindən öldürüldüyü barədə şayiələr yayıldı. Əgər həmin balıq yarandığı gündən özbaşına buraxılsaydı, onun mübaliğəsiz zorla qazandırılan bu uğuru əldə eləməsi mümkün olmayacaqdı.
Gənclərə ünvanlanan belə kitabların hazırlanma mərhələsində əsasən mən də çalışırdım. Maketləri, rəsmləri saf-çürük eləyir, kasetləri dinləyirdim.
Təşkilatımız ölkənin iri şəhərlərində bir çox kitabxana qurdu; uşaqların göstərdiyi maraqla bağlı olaraq, dərhal eyni yerlərdə musiqi kursları, müxtəlif peşələr və teatr məşğələləri aparılan atelyelər yaratmağı qərara aldıq. Həddən artıq gözəl nağıl danışan Ərdivan Müfid teatrın məsuliyyətini öz üzərinə götürdü, sonralar təşkil edilən səyyar teatr turnelərinə də o rəhbərlik eləyəcəkdi. Mütaliə zövqünü kəşf eləyən uşaqlar şifahi danışıq və bədii dil məşğələləri keçirdilər. Beləcə, öz xəyallarındakılarını həyata keçirir və oyun məşğələlərinə fərqli detallar əlavə eləyirdilər. Uşaqlar müxtəlif obrazlara girir, qrimlənirdilər. Bütün bu məşğələlərə qarışmayan utancaq uşaqlara gəlincə, onların başqalarına tamaşa eləyə-eləyə, içinə qapıldıqları aləmdən bir anlığa da olsun, çıxmaları təmin olunurdu. Axırda açılan kino atelyelərində uşaqlar 8 mm-lik film çəkməyi öyrəndilər, kinoya qarşı münasibətləri təşviq olundu. (Böyük kinorejissor Abbas Kiorostami məqsədinə doğru ilk addımları bu atelyelərdə atdı).
Uşaq Filmləri Festivalı bu məsələlərə yeni bir çalar qatacaqdı.
Bizim ən böyük arzumuz səhra tərəfdə yaşayanlara, ən ucqar kəndlərə çatmağıydı; buna nail olmaq üçün təşviqatımız səyyar kitabxanalar yaratdı. Bölgələrin ərazi quruluşuna və yolların vəziyyətinə görə, kitabları yük maşınlarına, ciplərə və ya yolu ancaq qatırla keçmək mümkünüydüsə, qatırların belinə yükləyib göndərirdik. Kitabxana məsullarımız bir neçə gün sonra, ya da bəzən əgər yol çox uzunuydusa, ayda bir dəfə gedib kitabları yığır, yenilərini verirdilər.
Bir neçə gün sonra səyyar kitabxana əməkdaşları «Bilik Ordusu»nun ən uzaq kəndlərə gedib çıxan müəllimləriylə sıx əməkdaşlığa başladılar. Ümidimizi get-gedə daha çox artıran səhnələr baş verirdi: ata-ananın oxumaq-yazmaq bilmədiyi ailə mühitində uşaqlar artıq kitab oxuya bilirdilər. Əvvəllər səyyar teatr qrupumuz olduğundan söz açmışdım. Festivallara görə İrana gələn bir çox qərbli bu cəhdlərimizi heyranlıqla izləyirdilər.
Maarif, mədəniyyət, səhiyyə, idman və oxşar sahələrdə, hökumətlərdən müstəqil olaraq çalışan qurumlarda (Mülki Cəmiyyət Təşkilatları) yer tutmağın şahbanuluq əqidəmi ən yaxşı şəkildə necə həyata keçirə biləcəyimi başa düşməyimə imkan vermişdi. Başlanğıcda mənə, saraya göndərilən yüzlərlə məktubdan çox təsirlənmiş, hamıya yardım göstərə biləcəyimə, ən ümidsiz, ən qarışıq problemləri rahatlıqla yoluna qoyacağıma səmimiyyətlə inanmışdım. Ara-sıra öz pulumdan istifadə eləyib yardım göstərdiyim də olurdu; belə paylanan kiçik yardımların yararlı olmayacağını anlamaq üçün müəyyən müddət keçməsi lazım gəlirdi. Mən çox məhdud olan kiçik büdcəmi paylamağa sonsuzluğa qədər davam eləyə bilməzdim, dövlətin pulu da bitib-tükənməz deyildi. İnsanın yalnız qəlbinin səsini dinləməsi, yardımlar göstərməsi gözəliydi, ancaq göstərilən yardımlar problemləri kökündən çözməkdə bəs eləmirdi. Əgər faydalı olmaq istəyirdimsə, bütün diqqətimi ancaq bəzi vacib məsələlərdə toplamalı və onları axıra çatdırmaq üçün cəhd göstərməliydim.
Evləndikdən beş il sonra, 60-cı illərin ortalarında nəhayət, öz yolumu tapdığıma əmin oldum. Elə o vaxtlarda Şah və yeni baş naziri Əmir Abbas Hüveyda məni Şah qəyyumu təyin eləməyə qərar verdilər.
Qəyyumluq vəzifəsi Şah vəfat eləyən zaman Rza iyir-mi yaşına çatıb, bərkiyənə qədər İranın taleyinin məsuliyyətinin mənim çiyinlərimdə olacağı deməyiydi. Bunun baş verə biləcəyi bir saniyə belə ağlıma gəlmədi. Bir saniyə belə… Mən iyirmi səkkiz yaşındaydım, ərim hələ qırx altısındaydı və üçüncü uşağımızı gözləyirdim. Son dərəcə xoşbəxtiydik, ölkənin gələcəyilə bağlı heç zaman olmadığımız qədər nikbiniydik. Şahın qəti narahatlığı yoxuydu və sanki Tanrı bizi onun ölümünü istəyən fanatiklərdən daha yaxşı qoruyurdu.
Belə bir ruhi vəziyyətdə mənə qəyyumluq vəzifəsi verilməsi qərarının məclis tərəfindən rəsmən təsdiq olunmasının, tamamilə ölçülüb-biçilmiş hörmət nümayişi kimi qəbul elədim. Mənim nəzərimdə bu qərar ərimin məni təqdir elədiyinin və mənə olan inamının sübutundan başqa bir şey deyildi. Buna görə qürur və xoşbəxtlik duyurdum.
Sonra bu hərəkətin malik olduğu simvolik mənanı başa düşdüm: millətini qadınlara səs vermək haqqını çatdırmağa çağıran insan İranın idarəsini də əslində, həmin qadınlardan birinin əllərinə tapşırmışdı! Bir müsəlman ölkəsində bu diqqəti çəkən addımıydı. Elə bəzi millət vəkillərinin də həyatımızda aparılan bu yeni çevrilişə qızğın müxalifətdə olduqlarını öyrənmişdim… Bir neçə il sonra Şah daha da irəli gedib bir yeniliyə imza atmış, özünün tacqoyma mərasimində mənim də tac qoymağıma qərar vermişdi. Perslərin uzun tarixində heç bir qadına belə böyük etibar göstərilməmişdi. Şah qərarını xalqa bu sözlərlə açıqladı:
«Bugünün İranında qadın bir neçə yüz il, hətta iyirmi-otuz il əvvəlki qadından tamamilə fərqlidi, hər yerdə mövcud olan qadının tac qoymağa da haqqı var. Bundan başqa, Şahbanu son illərdə xalqı üçün o qədər əhəmiyyətli rol oynadı, mənim üçün elə böyük dəstək oldu, vəzifəsini elə səmimi şövq və vurğunluqla yerinə yetirdi ki, bu etibara haqqı artıqlamasıyla çatır. Bəli, o, yorulmaq bilmədən, qadın-kişi, hamımız üçün çox işlər gördü və görməyə davam eləyəcək, çünki hələ yerinə yetirməli olduğumuz çox şeylər var».
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?