Электронная библиотека » Fərəh Pəhləvi » » онлайн чтение - страница 8

Текст книги "Fərəh Pəhləvi: Xatirələr"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Fərəh Pəhləvi


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 8 (всего у книги 29 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +
III

Rzanın doğulması bizi bir-birimizə bağladı. Bu uşaq nə böyük xoşbəxtliyiydi! Qızım olsaydı da, eyni sevinc dolu göz yaşlarını tökəcəkdim, amma oğlumuz ərimin xoşbəxtliyinə ayrı bir könül rahatlığı da əlavə eləmişdi. Aramızdakı sevgi də yeni ahəng qazanmışdı, narahat intizar sona çatmışdı, gələcəyə daha inamla baxa bilərdik.

Bir neçə həftə içində Şahın demək olar, təpədən dırnağacan dəyişdiyini gördüm. Son dərəcə ölçülü-biçili və məsafə saxlayan Şah oğluna duyduğu sevgini və yaşadığı həyəcanı gizlətməyə ehtiyac hiss eləmirdi. Mən Rzanı əmizdirəndə, iki yığıncaq arasında qaçıb yanımıza gəlirdi. Rzaya yaxşı baxıldığından əmin olmaq istəyir, dayə kimi işə götürdüyümüz fransız Janna Gillona tez-tez körpənin boyunu, çəkisini təkrarladır, qəzetlərdə söhbət açılan filan, yaxud filan mikroba qarşı çox diqqətli olması barədə onu xəbərdar eləyirdi. Ən böyük qorxusu oğlunun boyunun onun istədiyi qədər uzanmamasıydı. «Fərəh, ayaqları niyə bu qədər əyri, niyə bu qədər qısadı?» deyə soruşub dururdu. İllər keçəndən sonra Rzanın boyu bir metr səksən üç santimetrə çatıb, atasını ötəndə, Şaha o ilk aylardakı qayğılarını xatırlatmışdım.

Ailə həyatımız tamamilə Rzanın ətrafında keçirdi. Sarayın bacasında ilk addımlarını atdığı gün Şahla necə həyəcanlandığımızı xatırlayıram. Rəsmi istirahət günü olan cümə günləri hava imkan verəndə, üçlükdə Şəmiran təpələrinə, çöllərə doğru qaçırdıq. Şah oğluyla otluqda yumalanır, oyunlar çıxarırdı. Elə o zamandan maşın, xüsusilə, təyyarə sevgisini bölüşdürürdü. Axşam Tehrana qayıdanda, Rza bəzən şıltaqlıq eləyirdi, onda ona az sonra «Qırmızı dəyirman» kinoteatrının qabağından keçəcəyimizi demək sakitləşməsinə bəs eləyirdi. Dəyirmanın qanadları onu heyrətləndirirdi, eynilə sonralar təyyarələrin pərlərinin heyrətləndirdiyi kimi, Hətta sarayda belə, havatəmizləyənlərin qabağında qaxılıb oturur, gözləri sevincdən parıldaya-parıldaya «Hə, lütfən, döndər!» – deyirdi.

Bir müddət sonra bu dəfə biz narahat olduq: oğlumuz «r» hərflərini farscada lazım olduğu kimi söyləyə bilmirdi. Xalqın qarşısında danışacaq gələcək hökmdar üçün bu cansıxıcı vəziyyətdi. Görəsən, dilində anadangəlmə qüsurmu varıydı? Aylarla ona «Rrrrza», «dərrrya» (dəniz), «derrrəxt» (ağac) deyə təkrarladıb durandan sonra onun «r» hərfini yeni fransız dayəsi Joel Fuye kimi boğazında dediyini görüb sakitləşdim. Daha sonra Rzanın həşəmətli babası Rza Şah kimi solaxay olduğu ortaya çıxdı, amma bu oxşarlıq ərimin əsgər olan həkimi General Əbdül Kərim Ayadini sakitləşdirməyə bəs eləmədi.

«Vəliəhd Şahzadənin solaxay olması yaxşı deyil, onu bu vərdişindən daşındırmaq lazımdı…» – deyəndə, mən də etiraz eləyirdim.

«Xeyr, heç vacib deyil bu. Əsgəri salam verməsi lazım gəldiyi gün salamı sağ əliylə verə bilər». Həkim razı qalmamışdı, ərim isə gülürdü.

Şah olduqca ağır iş proqramına baxmayaraq, daha nəşəli adam olmuşdu, gülməyə daha meylliydi. Mənsə, Şahbanu, üstəlik, ana kimi rəsmi dövlətin yarısında dəfələrlə gözdən itib, gecə paltarında və başımda tacım olduğu halda gizlicə körpəmi əmizdirməyə getmək məcburiyyətində qaldım. O zamankı yaşantımızı necə başa sala bilərəm? Şah səhər tezdən qalxır, qəhvəaltını içəndə, yerli və əcnəbi qəzetləri, özünə aid çantalarla gətirilən cürbəcür raportları oxuduqdan sonra kiçik meydanın qarşı tərəfində yerləşən mərmər saraydakı iş otağına keçirdi. Günorta yeməklərində təkrar görüşürdük, ailə həyatımızın başlanğıcında Şah üçün rahatlanma bəhanəsi olan bu yeməklər, illər keçdikcə, üzərində çalışdığımız problemlərlə məşğul olduğumuz vaxt kəsiyinə çevrilmişdi. Saat on dörddə Şah xəbərləri dinləyird, adətən, bu müqəddəs vəzifəyə çevrilmişdi, heç bir şey onu xəbərləri dinləməkdən çəkindirə bilməzdi, sonra iş otağına qayıtmamışdan qabaq yenə qəzetlərə göz gəzdirər, sonra bir az idman eləyərdi – qantel, yaxud ağırlıq qaldırardı – xidmətçi onun bədənini masaj eləyəndən sonra axşam yeməyi yeyirdik. Sonralar masaj vaxtı Rza və qardaşları da gedib atalarının yanında uzanmağa başlamışdılar; Şah da sevgiylə onların kürəklərini, boyunlarının ardını qaşıyırdı.

Bazar ertəsi axşamları böyük ailəyə ayrılmışdı. Saraya gələr-gəlməz Şahın köhnə incikliklər səbəbiylə uzaq düşdüyü bəzi qardaş-bacılarıyla, ailəsinin digər üzvləriylə münasibətlərini düzəltməyə çalışmışdım. Bundan başqa mənim öz ailəmlə də yaxşı münasibətlər qurmasını təmin eləməyə çalışırdım. Gözəl iranlı xanım kimi, ailə bağlarına, ənənələrinə hörmət duymuşam, əvvəlcədən bilinməsi mümkün olmayan yanlış anlamaları, pis niyyətli söz və davranışları bu fikirlə zehnimdən silib atmışam. Cümə günü xüsusi olaraq, dostlara ayrılmış günüydü. Təbii ki, rəsmi və ya işgüzar yeməklərin də buna əlavə edildiyi olurdu. Yenə də hər şeyin müqabilində bəzi axşamlar baş-başa qala bilirdik, həddən artıq nadir olan bu şəxsi vaxt bizdən ötrü çox dəyərliydi. Şah məndən özünə o gün nələr elədiyimi danışmağımı istəyirdi. Bəzən ona danışılacaq çox vacib bir şey olmurdu, amma o dövrdə hələ büromu təşkil eləməklə məşğul olduğum üçün çox zaman başıma gələn gülünc şeyləri nağıl eləyirdim. Bundan başqa mən həmişə əhvalat danışmağı sevmişəm, günün kiçik hadisələrini səhnədə oynayan kimi göstərməkdən zövq alıram. Uşaq olanda, gəvəzəliklərimlə qohumum Rzanı dəli eləyirdim, bəzən dözə bilməyib qaçanda, dalınca düşüb, onu məni dinləməyə məcbur eləyirdim. Şaha gələndəsə, usanmırdı. O vaxtlar, onu çox güldürdüm. Başlıca olaraq, gün ərzində elədiyim bəzi söhbətləri danışır və xoşuna gəldiyini bildiyim üçün söhbətlərə məzəli şeylər əlavə eləyirdim.

Baş-başa keçirdiyimiz bu axşamlarda tez-tez filmə də baxırdıq. Sarayın istirahət üçün ayrılan qatında bir otaq kino salonuna çevrilmişdi. Ədim Çarli Çaplin, Raurel Hardi cütlüyünü, Cerri Levisi və Bob Hopeni sevirdi. Bütün həyatımız boyunca onun heç Çarlinin yöndəmsizliklərinə güldüyü qədər güldüyünü görmədim. Uşaqlar kimi, gülməkdən uğunurdu, mən də öz-özümə onun əylənib-rahatlanmasını təmin eləyən belə kiçik kino salonumuz olduğu üçün sevinirdim, qalan vaxtlarda elə çox işləyirdi ki… Məni Şahın sevdiyi komiklərin mimikalarından çox, onun rahatlandığını görmək güldürürdü. Gənc qız olanda, yoldaşlarımın qəhqəhə çəkib güldükləri səhnələrə mən gülməzdim belə, onlar bu halımla çox əylənərdilər. Məni güldürə bilənlər bu gün də eyni adlardı: Lui de Fünes, Bill Kosbi, Mel Bruks, Ərhan Sədr, Pərviz Seyid və Şabaçı «Xanım». Şah və mən bəzi tarixi qəhrəmanların igidlik nəsihətlərindən danışan tarixi və döyüş filmlərini də sevərdik.

Bu qədər çətin keçən 50-ci illərdən sonra siyasət meydanında da ərim artıq gələcəyə nikbin baxırdı. Neftin milliləşdirilməsi nəticəsində təmin olunan harmoniya səyəsində iqtisadiyyat da sürətlə inkişaf eləyirdi.

İlk dəfə olaraq, hökumət yeraltı sərvətimizin gəlirini ölkənin rifahına yatıra bilirdi. Şah mənə bundan fəxrlə söz açır, bu nəticəyə çatmaq üçün iyirmi ilə yaxın mübarizə aparmağa məcbur olduğuna üzülürdü. Amma axırda uğur qazanmışdıq; o uğurlu Rza Şah dövründən sonra İranda heç bu qədər çox tikinti başlamamışdı. 1950-1960-cı illərin qovuşuğunda ilk böyük bəndlərin, suvarma kanallarının, hidroelektrik stansiyalarının və kimyəvi kübrə fabriklərinin tikintisinə başlandı. Dəmiryolları şəbəkəsi üç dəfə artdı, 5000 kilometr yol asfaltlandı, 30000 kilometr şose yolu salındı. 2400 kilometr uzunluğunda, İranın bir ucundan o biri ucuna qədər uzanan neft boru xətti işə başladı, Şah qısa bir müddət sonra ölkəni gerilikdən qurtaracağını düşündüyü məxməri çevriliş başlamağa imkan tapacağına ümid eləyirdi. İsveçrədəki təhsil illərindən ağlına saldığı bu çevrilişin ilk əsasının aqrar islahatı olmalıydı, amma bu barədə müxtəlif qüvvələrin müqavimətiylə qarşılaşmasının qaçılmaz olduğunu da bilirdik.

Torpaqsız kəndlilər sıxıntı içindəykən, ucsuz-bucaqsız torpaqlara sahib ağalara bu problemi çözmək barəsində örnək olmaq üçün Şah hələ 1941-ci ildə öz torpaqlarını hökumətə vermiş, torpaqlarının xalqa paylanmasını istəmişdi. 1955-ci ildə Aqrar Müəssisələri və Kredit Bankının yaradılmasına cəhd eləmişdi: 200000 hektar münbit ərazinin 42000 əkinçiyə paylanması baş tutmuşdu. Bu hələ yalnız başlanğıcıydı: bununla belə, həmin başlanğıc aralarında gəlirlərinin böyük bir qismini torpaqdan əldə eləyən din adamlarının da olduğu böyük torpaq ağalarını çox qəzəbləndirirdi. Bütün ölkədə çox böyük nüfuz sahibi Şiə din adamlarıyla üz-üzə gəlmək heç də asan deyildi. Şah bunu bilirdi, amma bildiyi başqa bir şey də varıydı: həyata keçirmək istədiyi islahatlar və demokratik azadlıqlar üçün bəzi qəlibləşmiş düşüncələrin dəyişməsinin çətin olduğu. Şah mədəniyyət sahəsində də çevrilişin lazım gəldiyini düşünürdü. Bunu ancaq xalqın çoxluğunun inamını qazanıb bacara biləcəkdi və 60-cı illərin başlanğıcında Şah bu gücə sahib olduğuna inanırdı. Vəliəhd Şahzadənin doğulmasının səbəb olduğu coşqunluq onun bu inamını artırırdı.

1961-ci oktyabrın 11-də üçgünlük rəsmi səfər üçün Fransaya uçduq. Ərim General de Qolla böyük heyranlıq duyurdu. Onun nəzərində sağ olan bütün dövlət başçıları arasında de Qoll vəzifə anlayışını ən yaxşı təmsil eləyən adamıydı; irəlini çox yaxşı görə bilən, vasvası vətənpərvəriydi. Bu da Şahın xatirələrində de Qolla bağlı yazdıqları:

«General de Qoll 1942-ci ildə Moskvaya gedən vaxt Tehranda olanda, mən gənc hökmdarıydım. Lap əvvəldən onun fövqəladə şəxsiyyətinin təsiri altında qalmışdım. Onu Fransadan söz açan zaman dinləyəndə, sanki mənim vətənim üçün eləmək istədiklərimi dilə gətirdiyini fikirləşmişdim, sanki eyni məqsədə sahib idik: öz sərhədləri içində müstəqil ölkə olmaq. General parlaq natiqlik istedadı olmamaqla bərabər, ölkəsinin gələcəyinə olan inamını hamıya aşılaya bilirdi».

Həyata keçirdiyi islahat hazırlıqlarıyla, xalqı öz gələcəyi naminə qəti dəyişikliyə məcbur eləməkdə qərarlı olan Şah üçün Generalla görüşmək rəmzi məna daşıyırdı. Bundan başqa, ikisi də bir-birlərini təqdir eləyirdilər. General onun onun ölkəsini dirçəltmək üçün göstərdiyi cəhdləri bəyənirdi. Ölənə qədər Şaha köməyini əsirgəmədi. Çox uzun vaxtdan, İslam çevrilişindən sonra on illər ərzində təmin olunan inkişaf sıfıra enəndə, oğlu admiral Filipp de Qoll arxa tərəfində ərimin görünən şəkildə fotosunu qoyub, televiziyada elədiyi çıxışda atasıyla Şah arasındakı münasibəti böyük səmimiyyətlə dilinə gətirmişdi. Çox az adamın düşüncələrini bəyan eləməyə cəsarət tapdığı dövrdə bu söhbəti apardığı üçün ona minnətdaram.

Mənə gələndə, Parislə yenidən görüşməyimin həyəcanını yaşayır, səbrsizlik göstərirdim. Gəlişimdən xeyli əvvəldən başlayaraq, fransız mətbuatı sütunlarla Fransadan iki il qabaq gənc memarlıq tələbəsi kimi getdiyimi, indi kraliçə və gənc ana kimi təkrar Parisə gələcəyimi xəbər vermişdi. Yenə də israrla danışılan pəri nağılları bir tərəfə, fransızların çoxuyla aramdakı sevgi davam eləməkdəydi, özümü məni övlad kimi qəbul eləyən ailənin qoynundakı yerini təkrar tutmuş sayaq hiss edirdim.

General və arvadı qarşılama mərasiminin gözləri qabağında hələ çəkingən kraliçə kimi, mənə göstərdikləri eynilə ana şəfqətinə oxşayan xüsusi sevgiylə bu ehtimalımı gücləndirdilər. İllər keçəndən sonra General de Qolldan «Tanıdığınız bütün dövlət başçılarının arvadları arasında ən çox kimi bəyənirsiniz?» – deyə soruşanda, «Fərəh!» cavabını verdiyini, «Bəs, Jaklin Kennedi?» xatırladanda: «O da çox gözəldi, amma Fərəhin qeyri-adi cəhəti var, bu da onu fərqləndirir», – dediyini üzə çıxardılar. Ərim və General uzun görüş keçirəndə, xanım de Qoll məni Yelisey Sarayında gəzdirib, məlumat verirdi. O incə avtoqrafını heç vaxt unutmadığım Andre Malrö mənə Parisdə bəzi muzeyləri gəzəndə müşayiət eləmək nəzakətini də göstərdi. 1959-cu ilin mart ayında Şah Parisə gələndə, bəzi tələbələrlə tanışlıq arzusunda olduğunu deyən vaxt, məni bu münasibətlə səfirliyə dəvət eləyən səfir Nurullah İntizamı görməkdən çox xoşbəxt oldum.

Fransız rəhbərləri xalqımızın yeddi min illik tarixini bayram eləmək üçün təşkil edilən İran Sənatı sərgisinin açılışını bizim səfərimizlə eyni vaxta salmaq istəmişdilər. Gəzintimizin ən əhəmiyyətli anlarından olan bu sərginin açılış nitqində İran harmoniyasına və İran mədəniyyətinə könüldən bağlı olan Şah atası Rza Şahı xatırlayan vaxt söylədiyi sözlərlə İranın gələcəyinə bağlı öz görüşlərini də ən qabarıq şəkildə söylədi:

«Heç kəs, heç zaman ölkəsinə atam qədər inanıb, onu atam qədər sevmədi. Atam vətəninə o qədər bağlıydı ki, pers mədəniyyətinin hər baxımdan başqa mədəniyyətlərdən üstün olduğuna inanmışdı. Bununla bərabər, onun pers mədəniyyətinə olan sevgisiylə inkişaf kimi görünsə də, heç kəs ölkəsində islahatlar aparmaq, onu gəncləşdirib modernləşdirmək üçün əsla, onun qədər böyük cəhd göstərməmişdir. Atam perslərin şanlı keçmişinə heyranlıq duyardı; yad təsirlərə uymayan köhnə adətlərimizi mühafizə eləmək tərəfdarıydı. Amma eyni zamanda yurdun birliyi, torpaq bütünlüyü və xalqın xoşbəxtliyinin sürətlə qərbləşməməyi vacib elədiyinə də inanmışdı…»

Şahın hazırlamaqda olduğu yumşaq çevrilişin toxumları bu bir neçə cümlənin içində gizlənmişdi. Qırmağa məcbur olduğu hər cür müxalifət müqavimətlərinə də eyham yoluyla eyni cümlələrdə toxunurdu. Hamı bunu çox yaxşı başa düşdü. O günlərdə «Je Monde» qəzetinin baş redaktoru olan Eduar Sablienin milliyyətçi vurğuları olan və bir növ təmənna ifadəsi daşıyan bu cümlələri hələ yaddaşımdadı:

«İnsan yunan fəthinə boyun əyməmiş, Romaya qarşı qələbə qazanmış, monqolların müqabilində ayaq üstə qala bilmiş, Osmanlının aldığı torpaqlara təkrar sahib olmuş və yaxın tarixin bircə örnəyini deyək, zaman-zaman itirilmiş (Azərbaycan) bir əyalətdə Qızıl Ordunun təcavüzünü qıra bilmiş ölkənin övladı kimi, gələcəklə bağlı necə narahatlıq duya bilər ki?»

Altı ay sonra getdiyimiz Amerikada çox fərqli şəkildə qarşılandıq; bu mənə təcrübə qazandıran gəzinti oldu. Yeni seçilmiş Kennedinin dəvətiylə Amerikaya getmişdik, mən də hey bu ölkəni tanımağı arzulamış adam kimi, həmin səyahətdən çox xoşbəxtiydim. Əvvəllər, 1959-cu ilin dekabr ayında Eyzenhaueri Tehranda qonaq eləmiş ərimin bu səfərdən umduğu onun xələfini tanımaq və iqtisadiyyatımız üçün vacib olan münasibətin ilk addımlarını atmağıydı. Ənənəvi olaraq, Şah demokratlardan çox respublikaçılara yaxınlıq duymaqla yanaşı, Kennedini apardığı siyasətin doğruluğuna inandırmaqda çətinlik çəkməyəcəyini düşünürdü. Kennedilər bizimlə son dərəcə isti davrandılar. Jaklin məni arxasınca aparıb bütün Ağ Evi gəzdirdi, sonra Evin bağçasında uzun gəzinti keçirdik, onun kiçik Con – Conun arabasını sürdüyü hələ də gözlərimin qabağındadı… Amerikada böyük qismi bursla oxuyan çox sayda iranlı tələbə yaşayırdı. Burslu olmaları Şaha qarşı hərəkatlara qoşulmalarına mane olmurdu, orada olmağımızı fürsət bilib, nümayiş də keçirdilər. Bu səyahətlə bağlı xatirələrimdə qışqıran nümayişçilər və Şaha atılan düşməncəsinə şüarlar hakimdi. Nümayişçilər hər yerdə bizi izləyirdilər, bəzən burnumuzun ucuna qədər yaxınlaşa bildikləri də olur, Şah danışan vaxt səsini eşitdirmək üçün səsini qaldırmağa məcburiyyətində qalırdı. Səhərdən-axşamacan durmadan qışqıran bu adamlar otelimizin pəncərələrinin altına qədər gəlirdilər.

Xüsusilə, jurnalistlərlə birlikdə olanda, narahatlığımı boğmaq, heç bir şeyi üzə vurmamaq vəziyyətindəydim, amma içimdə fırtınalar qopurdu. Tələbələrin tələblərini başa düşürdüm. Şübhəsiz hələ keçiləcək uzun yol varıydı, amma çox şeylərin həyata keçirildiyi də gerçəyiydi – böyük qisminin təhsil xəcləri alçaldıb-pislədikləri o dövlət tərəfindən ödənən bu iranlı gənclər, qəribə görünsə də, bu uğurların canlı sübutlarıydılar – bir çoxu yaxında işləməyə başlayacaqdılar və hardan gəldiyimizi, Rza Şah başa keçməzdən qabaq ölkənin hansı səfalət içində olduğunu dərk eləməkdən uzağıydılar. Bundan başqa amerikalıların da bugünkü rifah və demokratik səviyyəsinə çatmazdan əvvəl keçməyə məcbur olduqları maneələri nəzərə almırdılar.

Hər halda, Amerikaya elədiyim bu səfahət yaddaşımda yara kimi iz buraxdı. Bir neçə il sonra rəsmi səfər üçün Amerikaya yola düşən ərimin birlikdə getmək təklifini qəbul eləmədim. Gündə on iki saat iranlıların rifahı üçün çalışan adam kimi, Şaha bunu söylədim: «Oraya gedib yenə həqarətlərə məruz qalmaqdansa, Tehranda qalaram, burda da yararlı olaram». İyirmi il sonra yenə eyni nümayişçilərin vətənindən sürülmüş, üstəlik, xəstəliklə əlbəyaxa olan Şahın qaldığı Nyu-York xəstəxanasının pəncərələrinin altına gəlib qışqıracaqlarını, ərimin ölməsi üçün dua eləyəcəklərini bilməzdim…

Amma yenə də bu yaramaz təqib Amerikada bizə göstərilən qonaqpərvərliyin və çox həyəcanlı vəziyyətdə gəzdiyim Metropoliten Muzeyinin, Linkoln-Senterin və Hollivud kinostudiyalarının xatirəsinin üstünə kölgə sala bilmədi. Hollivudda şərəfimizə Qreqori Pekin də iştirak elədiyi çox xoş keçən axşam yeməyi verilmişdi. Unuda bilmədiyim görüşlərdən biri də Uolt Disneylə olan görüşdü. Rza üçün çəkdiyi xüsusi şəkilləri bizə hədiyyə eləmişdi. O dövrdə vitse-prezident olan Lindon Consonla da bu gəzinti vaxtı dost olduq. Arvadı, qızı, kürəkəniylə bu gün də yaxınlığımız davam eləyir. O zaman ingiliscəni yarımçıq bildiyimdən, vitse-prezidentin Texas ləhcəsini başa düşməkdə çəkdiyim çətinlik unudulacaq şey deyildi! Sonra Koliforniya səfərimizdə amerikalıların nə qədər dost və nə qədər səmimi ola bildiklərini görüb rahatlanmışdım.

Bəzi iranlı tələbələrin Vaşinqtonda Şaha etiraz elədikləri o 1962-ci il ərzində Şah «Ağ çevriliş» adını verdiyi ilk altı reffmun hazırlıqlarını tamamladı. «Ağ», ona görə ki, bu çevriliş bir damcı qan tökmədən İranı modern ölkə halına gətirəcəkdi…

Bu proqramın lap başında şübhəsiz, kəndlilərin ümidlə gözlədiyi, torpaq sahiblərini çox qorxudan aqrar islahatı dururdu. Əvvəllər demişdim, bu ağalar Şahın təşviqinə baxmayaraq, torpaqlarını təhvil verməyə qətiyyən razı olmamışdılar və XX yüzilliyin ortalarında İranda istifadə olunan torpaqların 95 faizi bir neçə imtiyazlı adamın əlindəydi; kəndlilərimiz Ortaçağ Avropasının torpaq kölələrindən fərqli həyat sürmürdülər. Bu vəziyyət belə davam eləyə bilməzdi. Qanun bir çox kəndə sahib olan torpaq sahiblərinə bircə kəndi saxlayıb, digərlərini paylamaq üçün hökumətə satmaq məsuliyyəti qoyurdu. (İranda o dövrdə torpaq kadastrı (vergi obyektlərinin siyahısı – tərc.) olmadığından kəndlərin böyüklüyü fərqli olsa da, ölçü vahidi olaraq, kənd istifadə olunurdu.) Qanunun qətiləşməsindən iki il sonra proqrama daxil edilən 18000 kənddən 8200-ü 300000 ailə arasında belə paylaşdırılmışdı. Bu islahat hərəkatı mollaların daha sonra söz açacağım şiddətli müxalifətinə baxmayaraq, davam etdiriləcəkdi.

İkinci tədbir: aqrar islahatına maliyyə qaynağı yaratmaq üçün bəzi dövlət müəssisələri özəlləşdirildi. Şah varlı iranlıların, xüsusilə, böyük torpaq sahiblərinin sərvətlərini satlığa çıxarılan bu qurumlara yatırım qoyub qiymətləndirməyi seçəcəklərinə ümid eləyirdi. Bu ümidi çox yavaş gerçəkləşdi. İrandakı varlı kübarlar sinfi Şahın modernləşmə cəhdlərini qorxuyla qarşılayır, çox dəstəkləməyə meylli görünmürdülər.

Üçüncü tədbir: meşələrin və otlaqların ictimailəşdirilməsi; bu aqrar islahatı üçün lazımlı adamıydı.

Dördüncü tədbir: fəhlələrin xeyrinə bir tədbiriydi. Fəhlələrin işlədikləri sahələrin qazancına ortaq olması, qazancının 20 faizini fəhlələrə və digər kadrlı işçilərə paylanması nəzərdə tutulurdu.

Beşinci tədbir də çox ağır nəticələr verə biləcək bir tədbiriydi: qadınlara seçmə və seçilmə haqqı veriləcəkdi. Mövhumatçı və aydınlıq düşməni olan bir dəstə mollalar bundan dərhal narahat olmuşdular. Hələ 1936-cı ildən qadınların kişilərlə bərabər hüquqlara sahib olmasını istəyən Rza Şah çarşab örtülməsini qadağan eləyib, ruhani sinfinin hücumlarına məruz qalmışdı. Polad kimi iradəli olan Şah bununla da kifayətlənməmiş, tamamilə öz təbiətinə uyğun olaraq, daha ağır qərar qəbul eləyib, polisə, qanuna tabe olmayanların çarşablarını cırmaq əmrini vermişdi (tədbiri əvvəlcə öz ailəsinə tətbiq eləmiş, Ana Şahbanu və iki qızının çarşablarını atıb, papaq qoyaraq kütlə qabağına çıxarmışdı). Bu dəfə əxlaqa hücum kimi qiymətləndiriləcək bir tədbirdən söhbət getmirdi, tamam əksinə, qəbul olunan qanun qadınlara hörmətin ən bəsit ölçüsüydü. Nəhayət, qadınlar da bərabər vətəndaş statusuna sahib ola biləcəkdilər. Çarşaba gəlincə, ərim atasının məcburi saydığı qanunu uzun müddət əvvəl ləğv etmiş və arzulayanı çarşab örtmə barəsində sərbəst buraxmışdı.

Nəhayət, ölkənin inkişafı üçün əsas olan altıncı tədbir: vəzifəsi kəndlərdə oxuma-yazma olan, litsey məzunu əcnəbi kişilərdən ibarət «Bilik Ordusu» təşkil ediləcəkdi. 60-cı illərin əvvəlində İranda oxuma-yazma bilməyənlərin faizinin 60 olduğunu unutmamaq lazımdı. O dövrdə yetişən ibtidai məktəb müəllimlərinin sayı yalnız şəhərlərin ehtiyacını ödədiyindən, bu çox böyük gerilik necə aradan qaldırıla bilərdi? Əsgərliyini sıravi kimi aparan gənclərin, mənəvi təsiri çox yüksək olan bu vacib iş üçün hazırlanmalarının sonradan bütün dünyada da diqqəti çəkən dahiyanə fikir olduğu ortaya çıxdı. On il keçəndən sonra böyük şövqlə çalışan əsgərlər və Cəhalətlə Mübarizə təşkilatı sayəsində bu qorxunc maneə nisbətən ortadan çıxmışdı: artıq oxuma-yazma bilməyənlərin faizi 20 faizə düşmüşdü, faizi tərsinə çevirə bilmişdik.

Tutulan yolu heç kəsin kəsə bilməyəcəyini görən Şah 1964-cü ildə sürətlə «Səhhət Ordusu»nu qurdu: tibb fakültələri stomotologiya tələbələrinə kəndlərə ilk yardım xidməti göstərmək, xüsusilə də, kəndlilərə xəstəlikdən qorunmağın sadə qaydalarını öyrətmək tapşırılmışdı. Daha sonra təşkil olunan «İnkişaf və Bərpa Ordusu»nun üzərinə əkinçilərə modern iş qaydalarını öyrətmək vəzifəsi qoyulmuşdu.

Bu gənclərin hamısının da işləməyə başlamamışdan qabaq yaxşı təhsil almaları lazım gəlirdi, bundan başqa asanlıqla tanınmalarını təmin eləyəcək uniforma geyinəcəkdilər.

Şah, hökumət və bütün məmurlar bu ilk islahatlar planını səsə qoyanda, qarşılaşacaqları çətinlikləri təxmin eləyirdilər. Şahla tez-tez bu problemlərdən söhbət açırdıq, mən qəlbimdə cəsarət və bəsirətlə xalqına xidmət eləyən bu insanın arvadı olmaqdan qürur duyurdum. Ona heyranıydım, tariximizin ən vacib səhifələrini yazmaq üzrə olduğunu hiss eləyirdim. Onun gördüyü işlərin doğru olduğundan, özünü tamamilə İrana həsr elədiyindən əmindim. Qürurlu olduğum qədər xoşbəxtiydim də; o vaxtlar ikinci uşağımızı gözləyirdim, körpə 1963-cü ilin martında doğulacaqdı. Böyük ehtirasla və çox mənalı yaşadığımı hiss edirdim, şəxsi yaşantımın və ictimai həyatımın bu sevimli, comərd və güclü hökmdarın yanında, mükəmməl ahəng içində keçdiyini duyurdum. İranın güneyindəki bir şəhərə səfərə gedəndə «Mən özüm də bu çevrilişin bir nəfəriyəm!» demişdim.

Ərim bu planları referendum yoluyla xalqın səsverməsinə çıxarmağı qərara almışdı. Modern demokratiyaya xas olan referendum keçirmə qərarı dövrü dəyişdirdiyi mizin açıq əlamətiydi. Qacarlar dövründə can çəkişən ölkəni gerilikdən tez çıxarmaq üçün Rza Şahın mütləqiyyət rejimi vacib, hətta qaçılmazıydı. Bundan belə xalqın daha çox söz sahibi olduğu dövrə qədəm qoyurduq. Ərim İranı yavaş-yavaş daha açıq və daha demokratik şahlıq rejiminə doğru aparırdı. Həyat ona lazım gələn yolun ancaq ilk yarısını qət edəcək qədər vaxt ayırdı.

O zamankı adıyla Rza xan 1878-ci ildə Mazandaranda Ələşt şəhərində doğulub. Atası zabitiydi. Rza xan on səkkiz yaşında kazak bölüyünə girib. Yüzilliyin başlanğıcında Pers ölkəsini təsir altına almaq üçün hakimiyyət mübarizəsi aparan rus və ingilis zabitlər onun güclü şəxsiyyətini çox tez başa düşdülər. 1919-cu ildə polkovnik olan Rza xan ölkənin quzeyindəki əyalətləri, xüsusilə, Gilanı ilhaq eləməklə hədələyən bolşeviklərlə döyüşür. Amma arxasında İran dağılmağa doğru gedir: mərkəzçi güc yoxdu, əyalətlər quldur dəstələriylə feodal aristokratiyası arasında bölüşdürülüb, ədalətə gəlincə, o tamamilə ruhani sinfinin əlindədi. Rza xan kimi bir vətənpərvər üçün bu doğrudan da, insanın qəlbini parçalayan mənzərədi.

Rza xan Qacar xanədanının son hökmdarı olan Əhməd Şahın onu hərbi nazir təyin eləməsinə nail olur. Ölkədə nüfuzunu yenidən bərpa eləməzdən əvvəl ordunu təzədən qurmağa girişir. O vaxtlar gününü Tehrandan çox Avropada keçirən Əhməd Şah hərbi nazirinin onu cəsarətləndirməsi müqabilində iqtidarı ələ almaq barədə heç maraqlı görünmür. İrana qayıdandan bir müddət sonra yenidən Avropaya gedir. Elə o vaxtlarda qonşu ölkə Türkiyədə Mustafa Kamal Atatürk güclü və çağdaş dövlət qurmaq üçün addımlar atır. Rza xanın ona duyduğu heyranlıq artır, bir-birlərini təqdir eləyən bu iki insan sonra dost olurlar. Tərk edilən ölkənin ordusunun ən böyük generalı olan kazak zabiti heç şübhəsiz, özünə Atatürkdən örnək götürəcəkdi. Elə bu problemlərlə 1925-ci il 31 oktyabr günü Məclis Əhməd Şahın hakimiyyətdən devrilməsini qəbul eləyir. Vəziyyət acınacaqlıdı. Dərhal seçilən Müəssislər Məclisi əleyhinə yalnız dörd səs olmaqla, demək olar yekdilliklə tacı ilk Pəhləviyə verir. Rza xan şəxsiyyət kimi cümhuriyyət qurmaq tərəfdarıdı, amma din adamları İran ictimaiyyətinin ən vacib iki dayağının şahlıq rejimi və din olduğunu bildirib, onu şah olmağa məcbur etmişlər.

Rza xan beləcə, Rza Şah olanda, özünə Pers xanədanı (islamdan öncə 250-ci il – islamdan sonra 226-cı il) dövründə dili və yazını ifadə eləyən simvolik Pəhləvi soy adını seçir. İranın torpaq bütövlüyünü nəzarət altına almağın savabı bu müstəsna insana aiddi. Hökmranlığı müddətində əsgər kimi yaşamağa davam edib; yerə saldığı döşəyin üstündə yatıb saat beşdə qalxdığı, yataqlara nifrət etdiyi məlumdu. Bu insanın gördüyü işlərdən bəzilərini, xüsüsilə, İranı bürüyən dəmiryol xəttini xeyli əvvəl xatırlatmışdım. İbtidai təhsili məcburi eləyən, xəstəxanaların sayını çoxaldan, universitetləri inkişaf etdirən də oydu (Qərbə ilk burslu tələbələri o, göndərdi, sonralar Xomeyninin baş naziri olan Mehdi Bəzirgan da bu tələbələr arasındaydı). Rza Şah ədliyyə sistemimizin də qurucusu oldu. İranın böyük demokratik ölkələrdəki kimi, mədəni konstitusiyaya və cəza hüququna qovuşmasını da o təmin eləmişdi.

Beləcə, eyni zamanda ruhani sinfinin xalq üzərindəki nüfuzunu zəiflətməklə qalmır, notarius vəzifəsini yerinə yetirən mollaları da sanballı gəlir mənbəyindən məhrum eləyirdi. Onun hökmranlığı müddətində mollaların 90 faizi həm qazılıq vəzifələrini, həm də sosial statuslarını itirməkdən məmnun olmadıqlarını göstərdilər, sonrasa özlərini bütün islahatlara qarşı qoydular. Pəhləvilərin ilk şahı onlardan daha az dindar deyildi, dini borclarını da yerinə yetirirdi. Amma ərimin atası haqqında dediyi kimi, «O, Allahı aydın borc üçün, məlum şəxsiyyət və sinifləri seçən uca məqam, ya da neft quyularında baş mühəndis kimi görməyəcək qədər saf etiqad sahibiydi».

İkiüzlülərə heç üz verməyən bu fövqəladə adamın güclü şəxsiyyəti haqqında təsəvvür yaradan bir çox lətifələr danışırlar. Gilana səfər elədiyi vaxtda bir gənc ona doğru qaçır, qarşısında diz çökür və özünün İmam Rzanın türbəsinə gözətçi təyin edilməsi üçün yalvarır – gözətçilər heç bir iş görməyib pul alırlar. Rza Şah ətrafındakılara sarı dönüb: «Bu adamı dərhal tutun və əsgərliyə göndərin», – deyir. Başqa bir dəfə inşa edilən sarayın tikintisini gəzəndə, süni mərmərdən düzəldilmiş tavanda aslan başı yonan fəhlənin qarşısında durur: «Sənin aslanının gözləri əyri baxır», – deyir. Onu tanımayan fəhlə bu cavabı verir: «Sənin belində də onunku qədər yük olsaydı, sənin gözlərin də çaş baxardı». Şahın gülməkdən qəşş elədiyi və sonra bu fəhləni mükafatlandırdığı danışılır.

Ağ çevriliş div kimi heybətli bir insan olan Rza Şahın qırx il əvvəl başladığı əsərini davam etdirmə və genişləndirmə məqsədini güdürdü. Öz siyasətini yeridə bilmək və sosial çalxantıya yol açmamaq üçün Şah hökumətin başına ən yaxın məsləhətçilərindən birini, çox güvəndiyi Sədullah Aləmi gətirdi. Bircentli hörmətəlayiq bir ailəyə mənsub olan bu qiymətli insan siyasət ustasıydı. İranlıların düşüncə tərzini çox yaxşı bilirdi və Şahdan həqiqətləri gizləməmək kimi, çox nadir rast gəlinən xüsusiyyətləri varıydı. Çox çətin keçəcək döyüş ərəfəsində insanın ətrafında çevik düşünən, dəqiq, asanlıqla yenilməyən adamların olması vacibdi. Sonralar Saray naziri təyin olunan Sədullah Aləm 1977-ci ildə xərçəngdən ölənə qədər Şahın yanında qaldı.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации