Электронная библиотека » Fərəh Pəhləvi » » онлайн чтение - страница 9

Текст книги "Fərəh Pəhləvi: Xatirələr"


  • Текст добавлен: 13 января 2023, 17:56


Автор книги: Fərəh Pəhləvi


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 9 (всего у книги 29 страниц) [доступный отрывок для чтения: 10 страниц]

Шрифт:
- 100% +
IV

Referendumdan bir neçə gün əvvəl Şah xalqa ünvanlanan nitqlə çıxış elədi. Nitqinin hər kəlməsini diqqətlə seçmiş, mənə ucadan oxumuş və bəzi düzəlişlər aparmışdı. Xalqın rifahına xidmət elədiyinə şübhəsi yoxuydu. Nitqində istifadə elədiyi bəzi sözlərdən həyəcanını duyurdum. Sonralar onun nitqini dinləyəndə, xalqın bu çevrilişi necə qarşılayacağını fikirləşib narahat olmaqdan özümü saxlaya bilmədim.

Şahın dedikləri bunlardı:

«Əgər bu islahatları xalqın azad səsverməsinə təqdim eləyirəmsə, artıq heç kəsin əvvəllər kəndlimizə çökdürülən əsarət rejimini bir daha canlandırmaması üçün; artıq kimsənin ölkənin sərvətlərini öz xeyrinə istismar eləyə bilməməsi üçün; bəzi insanların şəxsi mənafelərinin çevrilişlər nəticəsində qazandıqlarımızı poza bilməməsi üçün, ya da qazanacaqlarımıza zərər verməməsi üçündü».

1963-cü il yanvarın 27-də keçirilən referendumda iranlılar Ağ İnqilabın təməl prinsiplərinin hamısına birlikdə səs verdilər. Qadınların hələ səs vermək hüququ yoxuydu, amma hüquqi islahata cavabdeh olan nazir Həsən Arsacani qadınların səsləri nəzərə alınmasa belə, onların hazırladıqları seçki məntəqələrinə gedib, səslərini vermələri üçün təşviq elədi. Mətbuat bir neçə gün sonra qadınların səslərini çox böyük miqdarda islahatın tərəfdarı kimi verdiklərini yazdı. Qutudan çıxan rəsmi nəticə də, xalq səsverməsi kimi qəbul edildi. İranlıların səsləri III İnkişaf planının (1963-1968) həyata keçirilməsi barədə nikbin olmağa əsas verirdi. Şahın nitqində sözlərinə əlavə elədiyi bir şey də vardı: «Geriliyimizi on ildə yarıya endirməyi bacardıq, amma qalan ikinci yarısını bacarmaq ən çətini olacaq».

İslahatı apardığı beş ildə İran ən nikbin təxminləri belə üstələyən 8.8 faizlik artım sürətilə tarixinin ən böyük həmləsini elədi. İnkişaf üçün təkan olan Karaj, Səfid-Rud və Diz kimi böyük bəndlər tamamlandı. Təbriz traktor zavodu, Əraq mühərrik zavodu kimi sənaye layihələri işə salındı. Zavodların yanında oralarda çalışanlar üçün yataqxana, məktəb, yeməkxana, dispanser və s. kimi tikililər əlavə olundu. Yenə bu dövrdə ölkə inkişafını tamamlamaq üçün lazımi iqtisadi və sosial bazalarını da yaratdı. İran Statistika Mərkəzi yaradıldı, bankçılıq sistemi modernləşdirildi. Bütün bunlardan başqa, universitetlərin qurulmasıyla paralel olaraq, sənayeləşmədə də sürətli sıçrayışa nail olundu, yollar və hidroelektrik şəbəkələri diqqəti çəkəcək qədər artdı.

Bütün bunlar xalqın dəstəyiylə, minlərlə iranlının maddi gəlir gözləmədən zamana və yorğunluğa sinə gərib ruh və bədən kimi, həqiqətən vahid qabaqcıl şəxsiyyətlə, bu mübarizədə yerlərini tutmalarıyla yerinə yetirildi. Ruhani sinfinin bəzi mənsublarının lap ilk aylardan etibarən, bir çox formada xalqı ayağa qaldırmaq üçün çağırışları müqabilində buna əməl olundu. Ən çox müqavimət göstərən din adamları hələ şahlıq rejimini devirmək üçün fəaliyyət göstərən kommunistlərdən kömək gördülər.

Şah buna «Qırmızı və qaranın lənətə gəlmiş ittifaqı» deyirdi.

Referendumdan qısa müddət əvvəl o günə qədər adını belə eşitmədiyimiz Ruhulla Xomeyni adlı bir nəfər hökmdara yazdığı məktubda həddən artıq hörmətkar sözlərlə qadınların tanınan səsvermə hüququna etiraz elədiyini bildirdi, din adamlarının az qala hamısının hisslərini dilə gətirdi. Qadınların ağlını inkar eləyən, onların ölkənin gələcəyilə bağlı düşüncələrini ifadə haqqını qəbul eləməyən belə insanlara nə cavab verə bilərdik ki? Biz qadınların keçilərdən daha dəyərli olduğumuzumu? Artıq ortaçağda yaşamadığımızı? Şah xurafatçıların və aydınlıq düşmənlərinin, zəkanın bacardığı sıçrayışlara qarşı dura bilməyəcəklərindən danışırdı. Bəzi müqəddəs şəhərlərdə, xüsusilə, Qumda etiraz nümayişləri şiddətlə artıb, davam eləyirdi. Din adamlarının yalnız qadınların səsvermə haqqının tanınması üçün yox, bundan başqa, sahib olduqları böyük torpaqların gəlirindən məhrum olacaqları üçün aqrar islahatına qarşı da çıxdıqlarını söyləmişdim. Bu mübarizədə torpaq sahibləri də onların tərəfindəydi. Ruhani sinfi «Bilik Ordusu»nu uzun müddət təhdid ünsürü kimi görürdü, çünki kəndlərə dağılışacaq litsey məzunları olan gənclər kəndliləri maarifləndirib, onları mollaların təsirindən qurtaracaqdılar. Bizim mollaların işinə yarayan yeganə şey xurafatıydı. Hər şey olduğu kimi qalmalı, heç bir şey dəyişməməliydi. Sonralar İranın ayrı-ayrı bölgələrinə elədiyim səfərlərdə kəndlilərin özlərinin «Bilik ordusu» əsgərlərinin kəndlərinə gəlmələrini tələb elədiklərinin şahidi olmuşdum.

1963-cü il martın 21-də yeni il münasibətiylə polis Qum şəhərindəki qarışıqlıqları yatırtmaq üçün müdaxilə eləməyə məcbur oldu. Şah qan axmasından qorxurdu, amma qətiyyətliydi. Onunla eyni fikirdə olan Sədullah Aləm də «qara müqavimət» təhdidinin qarşısından qaçacaq adam deyildi. Aprelin 1-də Şah Məşhəd şəhərinə İmam Rzanın türbəsini ziyarətə getmişdi – mən qızımız Fərəhnaz yeni doğulduğu üçün ona yoldaşlıq eləyə bilməmişdim. Ərim «xoşgəldin» çıxışlarına cavab olaraq, Qurandakı buyruqları xatırlatdı, «müqəddəs kitabın qardaşlıq və dözümlülük prinsiplərinə zidd olaraq, bəzi adamların öz ciblərinin xeyrini güdən» mülahizələrini qınadıqdan sonra sözlərini belə davam etdirirdi:

«Bu adamlar zamanla ayaqlaşmaq cəhdimizi və ölkənin inkişafını dayandırmaq istəyirlər. Amma İran xalqı bu müqaviməti göstərənləri yaxşı tanıyır. Lazım gəlsə, biz də onların adlarını bir-bir açıqlayacağıq».

Onlar öz-özlərinə ortaya çıxdılar, xüsusilə, ən qızğını olan Ruhulla Xomeyni məktubdakı hörmətkar ifadəsini itirib, ağzı köpüklənə-köpüklənə, «ölkənin qərbləşdirilməsi» adlandırdığı irəliləmə və dünyaya açılma cəhdlərinə qarşı çıxırdı. İyun ayının başlanğıcında qarışıqlıqlar artdı və Şahın iki ay əvvəl getdiyi Məşhəddə bir polis vuruldu. Xüsusilə, Tehranda və Şirazda asilər sənaye müəssisələrini yandırıb, çoxlu mağazaları taladılar. Bunun müqabilində hökumət Xomeynini həbs eləməyi qərara aldı. Xalq arasında gərginlik artmışdı, yaxın ətrafımızda belə, az qala əllə hiss edilən gərginlik hökm sürürdü; o il Şah bizi şəhər mərkəzindən uzağa, Şəmirandakı Sadabad Sarayına göndərdi. Mən qucağımda üçaylıq qızımız Fərəhnazı tutanda, yanımızda hərbi paltar geyinmiş mühafizəçilər varıydı.

Xomeyninin həbs olunmasından sonra hadisələr böhran nöqtəsinə çatdı. Ölkənin böyük təhlükəylə qarşı-qarşıya olduğunu sezən baş nazir Aləm Şahdan baş komandanlıq səlahiyyətlərinin müvəqqəti olaraq ona verilməsini xahiş elədi. Ordudakı vəzifəliləri çağıraraq, ayağa qalxan mühafizəkarların Tehranı ələ keçirə biləcəkləri barədə danışdı. Ordu baş nazirdən İranın xilası üçün böyük təhlükə yaranarsa, atəş açmaq əmrini aldı. Sədullah Aləm hökmdarın mühafizəsinin yenidən təşkili üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü, uğursuzluğa məruz qalarsa, bütün nəticələrinə cavab verəcəyini açıqca söylədi. Axırda sözünə əməl elədi, amma Tehranda otuz və ölkənin digər şəhərlərində üst-üstə əlli adam ölmüşdü.

Ruhulla Xomeyninin edam cəzasına məhkum ediləcəyi barədə şayiələr dolaşırdı. Baş nazir onun edam cəzası almasa da, qətiyyətlə məhkum olunmasına tərəfdarıydı. SAVAK (ölkənin Müdafiə və Təhlükəsizlik Qurumu) naziri general Həsən Pakravan şəxsən gəlib, Şahdan Xomeyninin bağışlanmasını xahiş elədi. Hədsiz mədəni adam olan general Pakravan zəkalı və insanpərvər adamıydı (sonralar Fransadakı səfirimiz kimi vəzifə də daşıdı). Xalqın sakitləşməsinin lazım gəldiyini, ruhani sinfinin yavaş-yavaş islahatlara alışacağını, indilik Xomeyninin sadəcə olaraq, sürgünə göndərilməsinin kifayət eləyəcəyini söyləyirdi. Şah razı oldu. «Xatirələr»ində: «Xomeyni məhkum edilmək bir tərəfə, mühakimə belə edilmədi. Ondan yalnız ölkəni atəşə verən bəlağətini gedib başqa yerdə göstərməsi tələb olundu», – deyə yazıb.

Əvvəlcə, Türkiyəyə sürgün olunan Xomeyni sonralar Şahdan aldığı icazəylə yerləşdiyi İraqda rejimi təməlindən yıxmaq üçün cəhdlərini davam etdirdi. İslam çevrilişindən sonra İrana qayıdanda, ilk edama sürüklədiklərindən biri həyatını qurtaran general Pakravan oldu. Onun ölüm xəbərini alanda, sürgündə, Baham adalarındaydıq. Ölümü məni çox dərindən yaraladı. General və arvadı bizə çox yaxınıydılar, valideynlərimin də dostuydular.

1963-cü ildəki müqavimət iğtişaşlarının yatırılması və Ağ inqilabın ilk nailiyyətləri bütün demokratik ölkələrdə rəğbətlə qarşılandı. Xüsusilə, «New York Times» Şahın «fəhlələr və kəndlilərlə birləşib mühafizəkarlara və ənənəçilərə qarşı çıxdığını» yazdı.

* * *

Fərəhnaz 1963-cü il martın 12-də hadisələr hələ başlamamış doğuldu. Onu sarayda dünyaya gətirdim. Yaşayış qatında bir hissə diş həkimimiz üçün müalicəxana vəziyyətinə gətirilmişdi; bu otaq doğum evinə çevrildi. Qızımız olduğunu öyrənəndə, qəlbimi böyük sevinc dalğasının bürüdüyünü xatırlayıram. Xəbəri eşidəndə, Şahzadə Əşrəf və ögey qızım Şahzadə Şahnaz həyəcanlanıb, elə qışqırmışdılar ki, pilləkanda mənə Quran gətirən bir nəfərin bağrını yarmışdılar.

Şah və oğlumuz Rza Fərəhnazı birlikdə qolları üstünə aldılar. Ərim qızı olduğu üçün çox xoşbəxtiydi, bəlkə sizə təəccüblü gələ bilər, amma Fərəhnazın dəftərinə bunları yazmışdım: «Ulduz falının təxmini: atasına çox böyük sevgisi var». Doğrudan da, Fərəhnaz atasını dəlicəsinə sevirdi, atası da ona dərin sevgiylə bağlıydı; ikisi də bir-birini çox gözəl başa düşürdülər.

Ailəmiz genişlənirdi. Vəliəhd Rza üç yaşına girmişdi. Onun təhsili məsələsi elə hey beynimizi məşğul eləyirdi. Hər hansı uşaq kimi dövlət məktəbinəmi göndərməliydik, yoxsa xüsusi təhsilmi verməliydik? Birinci yolun mümkün olmadığını gördük. Rza hər getdiyi yerdə mehribanlıq və heyranlıqla qarşılanırdı, müəllimlərin bizim nəsihətlərimizə baxmayaraq, onunla xüsusi davranacaqları şübhəsiziydi, təmayül məktəbində oxuması doğru olmazdı. Uşaqlara gəlincə, Rzanı görər-görməz həyəcanlanır, adətləri üzrə, heyrətlənirdilər. Təbii ki, Rza bu vəziyyəti anlamırdı. Bir gün birlikdə getdiyimiz məktəbdə arxasınca qaçan uşaqların, o dayananda, dayandıqlarını görüb təəccüblənmişdi… Bununla yanaşı, oğlumuzun öz nəsliylə əlaqəsini qırmaq da istəmirdik. Axırda sarayın içində ailədəki öz yaşındakı uşaqlarla yaxınlarımızın bəzi tövsiyə eləyəcəkləri uşaqların da təhsil alacaqları orta məktəb və uşaq bağçası təşkil olunmasına qərar verildi.

Rza, sonra Fərəhnaz, Əli Rza və Leyla dördü də müəllim seçimi barədə həm ciddi, həm də xalqla açıq münasibəti təmin eləyən bu məktəbdə təhsillərinə başladılar. Başqa hökmdar ailələrinə mənsub olanların bütün təhsillərini Avropa və ya Amerikadakı nüfuzlu, xüsusi məktəblərdə alan uşaqlarının əksinə, onların yanımızda olmalarının könül rahatlığı sarıdan da bir çox xeyri oldu.

Balaca vaxtı ərimin xüsusi müəllimləri olub, sonralar ölkə xaricində aldığı təhsili bir növ sürgünə çevrilib; o dövrdən çox az söz açmasına baxmayaraq, sarsıntılar keçirdiyi anlaşılırdı. Ailəsindən ayrılanda, hələ on bir yaşındaymış. İsveçrədə Leman gölü kənarında Roll de Rose məktəbində oxuyub. Kiçik qardaşı Əli Rzadan başqa, yoldaşlarından təvazökar bir ailənin uşağı olan Hüseyn Ferdostun da özüylə gəlməsini istəyib. Beləcə, bütün təhsil həyatı ərzində Şahla eyni məktəbdə oxuyan ağayi Ferdost ərim taxtda oturduğu müddətdə ona yaxın olmuşdu (Hüseyn Ferdost general olduğu zaman ərim tərəfindən Xüsusi Mühafizə Xidmətinin rəhbəri təyin olunmuşdu. Şahın etibarını qazanan general onun qulağı kimiydi, sonra İslam rejiminin xidmətinə girib, köhnə dostuna xəyanət elədi).

O dövrdə İsveçrəyə çatmaq üçün çox uzun səfər eləmək lazım gəlirdi. Üç uşaq Xəzər kənarındakı liman şəhəri Bəndər-Pəhləvidən gəmiyə minib, Bakıya gəliblər. Ordan mindikləri qatarla bütün Avropadan keçiblər. Rza şah məktəb rəhbərliyinə: «Oğlum xüsusi münasibət görməsin, ayaqlarının üstündə durmağı öyrənsin!» – deyib. Şah orda beş il keçirib, amma hökmdar olmağı lazım gəldiyinə görə, digər uşaqlar üçün əzizlənməyib. Bu da onun bu barədə yazdıqları:

«Sanki əsir kimiydim. Dərs saatlarından sonra yoldaşlarım qruplar halında şəhərə enərdilər, mənim onlara qoşulmağa icazəm yoxudu. Milad və yeni il tətillərində Rose yaxınlığındakı otellərdə təşkil edilən ballara, qonaqlıqlara gedərdilər, amma mənim buna haqqım yoxuydu. Yoldaşlarım gülüb, əylənib, rəqs eləyəndə, mən otağımda təkbaşıma otururdum. Bir radiom və qrammofonum varıydı, onlar yoldaşlarımın qoşulduqları əyləncələrin yerini vermirdi. Bunun heç də ədalətli olmadığını düşünürəm».

Məktəbdə yeganə əyləncəsi futbol və buz üzərində xokkey oynamaq olub. Şah bunları da əlavə eləyib: «1936-cı ildə qayıdanda, heç bir yeri tanıya bilmədim. Bəndər-Pəhləvi modern qərb şəhəri olmuşdu. Tehranın ətrafını dövrələyən köhnə divarlar atamın əmriylə yerlə-yeksan edilmişdi, şəhər Avropa şəhəri görkəmi almağa başlamışdı».

Şahın Avropada keçən yeniyetməlik dövründə Ağ inqilabın təməlini qoyan düşüncələri formalaşmağa başlamış, keçirdiyi sarsıntıları bir tərəfə qoyub, daha sonra belə demişdi: «O illər bütün həyatımın ən əhəmiyyətli dövrüydü, orda demokratiyanın nə olduğunu öyrəndim».

Bu düşüncəni həyata keçirməyin başqa yerdə olduğu kimi, İranda da bir səbəbi var. 1964-cü il aprelin 10-da oğlum və ərim sui-qəsddən güclə qurtuldular. Fərəhnazın birinci yaş gününü, Rzanın da üç yaşına girməsini yenicə bayram eləmişdik. Hər səhər Rza atasının iş otağının yerləşdiyi Mərmər Saraya qədər onunla gedərdi. Ata-oğul bu yolu əl-ələ tutub, piyada gedərdilər. Sonra Şahın dəftərxanasından bir xidmətçi Rzanı dərhal yaxındakı otağına aparırdı. 10 aprel səhəri istisna kimi, Rza atasıyla getmədi. Tərbiyəçisi sinfinə gələcək yeni uşağı qarşılaması üçün məktəbə bir az da erkəndən getməsini istəmişdi. Bu səbəbdən, Şah, yol qısa olmasına baxmayaraq, maşınla təkcə getmişdi.

Şah görünər-görünməz, növbədə duran əsgərlərdən biri maşınına atəş açmağa başlayıb. Xidmətçisinin və mühafizəsinə cavabdeh olan adamların danışdıqlarına görə, Şah heç bir şey olmamış kimi, maşından düşüb və binanın vestibülünə girib. Bütün bu müddət ərzində əsgər ona atəş açmaqda davam eləyirmiş! Mərmər Sarayın qapısının hər iki tərəfində növbə tutan əsgərlər ilk silah səsini eşidər-eşitməz qaçıblar. Şah içəri girər-girməz xidmətçi qapıları bağlamağa çalışıb və əlindən yaralanıb. Sui-qəsdçi o anda qəti təlaş göstərmədən öz otağına girən ərimin dalınca içəri soxulub. Amma bu vaxt Saraydakı xüsusi mühafizəçilər nəsə baş verdiyini anlayıb, atəşə qarşı atəş açmağa başlayıblar. Düşən şiddətli atışmada mühafizədən iki adam, hər ikisi çavuş olan Ayət Lasgari və Məhəmməd Əli Babaian həlak olmuşlar, sui-qəsdçi də öldürülüb. Amma sonralar güllələrdən birinin Şahın otağının qapısını deşib, qoltuğunun altına dəydiyi məlum olub.

O əsnada mən on dəqiqə sonra başlamalı olan bir işgüzar yığıncaq üçün güzgünün qabağında makiyajımı eləyirdim.

Telefon zəng vurdu, Mərmər Sarayda yaşayan Ana Şahbanu məni axtarırdı.

«Aman Allahım, Fərəh can!»

Səsini güclə tanıya bildim.

«Nə olub, ana?»

«Şaha atəş açdılar».

Sonra danışmağını davam etdirə bilməyib, hıçqıra-hıçqıra ağlamağa başladı, mən az qala öləcəkdim. Ana Şahbanu ağlayır, oğlunun yaşayıb-yaşamadığını söyləmirdi; nəfəs ala bilmirdim, ağzımdan güclə bir neçə kəlmə söz çıxdı:

«Bəs, o… o… necədi?»

«Allaha min şükür, sağdı».

Telefonun dəstəyini qoydum, ərimin yanına qaçmamışdan qabaq robot kimi, makiyajıma davam elədim.

Mən yanına gedəndə, Şah həddən artıq sakit görünürdü, mühafizə zabitlərinə təlimat verirdi.

Bəs, Şah Rzanın bapbalaca əlindən tutub gedəndə bu qatillə qarşılaşsaydı? Necə qorxunc fəlakətdən qurtulmuşduq!

Sonralar Şah ona atəş açan qatilin tutulan suç ortaqlarından birinin yaşadığımız Ekhtessasi Sarayına gətirilməsini əmr elədi. Əlləri arxasında bağlanıb gətirilən adamı yuxarıdan, örtülü eyvandan mən də gördüm. Ərim onunla yumşaq səslə danışırdı. Güman elədiyimizdən də gənciydi, heç bir şey demir, xəcalət içində yalnız dinləyirdi. İnsanı həyəcanlandıran səhnəydi; ona acıdım və bu çılğın hərəkətə səbəb olanlara lənət yağdırdım.

Sonralar bu sui-qəsdə qarışan gənclərin Tudəyə yaxın ifrat sol qrup tərəfindən öyrədilib, beyinlərinin doldurulduğu ortaya çıxdı. Həmin hərəkatın üzvlərindən on il həbsə məhkum olan Pərviz Nikah sonra ərim tərəfindən bağışlandı. Şah onun həyatına qəsd edənlərini bağışlayacağını, amma ölkənin ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid eləyənləri qəti bağışlamayacağını tez-tez təkrarlayardı. Azadlığa çıxanda, Pərviz Nikah hökumətlə münasibətlər yaratdı, sonra İran televiziyasında işlədi. Bunun əvəzini də həyatıyla ödədi. İslam inqilabının lap ilk həftələrində Tudə Partiyasındakı köhnə yoldaşlarının təhrikiylə ölümə məhkum olunub, edam edildiyini öyrəndim.

Aradan uzun illər keçəndən sonra yoldaşlarından Nikahın döyüşçü-kommunist olduğu dövrdə keçirdiklərini öyrənən bir nəfər ondan eşitdiklərini danışdı:

«SAVAK bütün diqqətini kommunistlər üzərində cəmləmişdi, mollalara heç fikir vermirdi. Mən fikirlərimi açıqlamaq üçün kəndlərə gedəndə, adamlar dərhal məni təhlükəsizlik qüvvələrinə verirdilər, ona görə də mollalar Şah və rejim əleyhinə istədiklərini söyləyə bilərdilər, kimsə onlara ilişməzdi».

On beş il qabaq, 1949-cu il fevralın 4-də Şah bir sui-qəsddən qurtulmuşdu. O gün Tehran Universitetinin yaradılmasının ildönümü tədbirlərində iştirak eləmişdi, sonra da bəzi tələbələrə diplomlarını verəcəkdi. Saat on beşi bir neçə dəqiqə keçəndə, rəsmi kortejin önündəki yerini tutub. Belə vəziyyətlərdə həmişə olduğu kimi, ətrafını fotoqraflar bürüyüb. Qəfildən aralarından bir nəfər fotoaparatın içində gizlətdiyi silahı çıxarıb və üç metrdən də yaxın məsafədən Şaha bir neçə dəfə atəş açıb.

Ardını hökmdar belə danışır:

«Üç güllə papağımı havaya tullayıb, başımı sıyırdı, keçdi. Dördüncü güllə sağ yanağımdan girib, burnumun altından çıxdı. Hücum eləyən gözümün qabağındaydı, bir dəfə də atəş açacağını başa düşəndə, geri dönüb, azca əyilməyə imkan tapdım, beləcə ürəyimə dəyməli olan güllə çiynimə girdi. Qəsdçinin bir gülləsi də varıydı, amma silahı atəş açmadı».

Ərim həmin adamın daha sonra silahını onun üstünə atdığını söylədi.

Sonra mülki polis və hərbi polis rəisləri eyni anda atəş açıb, onu öldürüblər. Dəhşətdən donub qalan polislər qəsdçi atəş açanda, Şahı qoruya bilməyiblər. O adamın Tudə üzvü və adının Nəsir Füqərayi olduğu öyrənilib. Bundan başqa, jurnalistlər arasına girib, Şaha yaxınlaşmaq üçün «İslamın bayrağı» adlı dini dərginin mətbəəsindən sui-qəsddən bir gün əvvəl mətbuat vəsiqəsi aldığı da aydınlaşdı. Şahı öldürməyə nail olmadıqlarından iki il sonra, 1951-ci ildə eyni terrorçular baş nazir general Hacı-Əli Razmaranı öldürə bildilər. General Razmara Azərbaycanın qurtuluş mübarizəsində Baş Qərargah rəisi kimi iştirak eləmiş hörmətli bir insanıydı.

Artıq kimsə Şahı dindən uzaqlaşmaqda suçlaya bilməyəcəkdi, əksinə, Allahın hifz əli üstündə olduğundan, onu öldürmək üçün hər yola gedənlər hər dəfə uğursuzluğa məruz qalırdılar. Şah uşaq vaxtı, atasının tac qoymasından bir neçə ay sonra tutulduğu tifdən də ölə bilərdi. Qırx gün düşməyən çox yüksək hərarətdən sonra həkimlər ondan ümidlərini kəsəndə, oğlunu hər şeydən çox sevən və hər mənada mətin olan Rza şahın yalnız o gün göz yaşlarına hakim ola bilmədiyini danışırlar. Atası gecəyarısı bir axund gətirdib, ondan oğlunun yaxşılaşması üçün dua eləməsini istəyib: «Ertəsi gün hərarətim düşüb, mən də sürətlə yaxşılaşmışam», – deyə ərim danışmışdı.

Bir neçə il sonra, at belində İmamzadə-Davudda, dağda yerləşən müqəddəs yeri ziyarətə gedəndə, olduqca uca yerdən yıxılıb, başı qayaya çırpılıb, yanındakılar bir neçə dəqiqə qımıldanmadığını görəndə, öldüyünü güman eləyiblər. Amma qısamüddətli bayğınlıq anından sonra inanılmaz şəkildə burnu da qanamadan ayağa qalxıb. Şah o gün də imanı sayəsində xilas olduğunu düşünüb.

Ona görə, ikiyerli «Tiger-tot» təyyarəsini sürəndə, təkərləri açılmadığından elədiyi məcburi enişdən qurtulmasının da başqa cür izahı yoxdu. O gün bir briqada generalı ilə birlikdə İsfahan yaxınlığında çay yatağının düzəldilməsi işlərini görməyə gedirmiş, qəfildən mühərrikin biri xarab olub. Hadisəni Şahdan eşidib, uzun müddət xatırladıqca əsmişdim:

«Bir an əvvəl enməyə məcburuydum. Ətrafıma baxanda, bunun çox asan olmayacağını gördüm. Qarşımızda kənd vardı: sağımda dağ, solumda yeni əkilmiş, təyyarənin enməsinin mümkün olmayacağı tarlalar… Düşməmək üçün müəyyən sürəti gözləyib, sağa döndüm. Birdən dağın dərin vadiylə bölündüyünü gördüm, dərhal rıçağı çəkib güclə qurtardım. Dağın yamacına qonmaqdan başqa görəcəyim bir iş qalmamışdı. Yerə təzəcə dəymişdim ki, qarşıma qaya çıxdı. Ondan qaçmağıma imkan yoxuydu. Qayaya çırpılanda, eniş dəsti qırıldı, təyyarə gövdəsi üstündə sürünməyə davam elədi, beləcə, tamamilə vaxtında sürətin azalması mümkün oldu. Bir dəqiqə sonra pər başqa qayaya çırpıldı və təyyarə fırlanaraq çevrildi.

Yol yoldaşım və mən özümüzü başıaşağı asılı gördük. Xeyli çalışıb, kəmərlərimizdən xilas olduq, General qorxudan yamyaşıldı».

Ərim bu dünyadakı missiyasını sona çatdırmadan ölməyəcəyinə qətiyyətlə inanırdı; güman eləyirəm, bu 1964-cü ildə Mərmər Sarayda ona olunan ikinci sui-qəsd vaxtı niyə güllələrdən qorunmadığının yeganə izahıdı. O, iman sahibi bir insanıydı.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации