Электронная библиотека » Коллектив авторов » » онлайн чтение - страница 3

Текст книги "Həsən bəy Zərdabi xatirələrdə"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Коллектив авторов


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır.

Orfoqrafiyaya gəlincə, sizin gələcəkdə təyin etdiyiniz mühərrir mənim Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir. O, xüsusilə bilməlidir ki, Azərbaycan dilində “nunisəğir” hərfi adlanan xüsusi bir hərf vardır. Şamaxı qəzasının əhalisi bu hərfi tamamilə unutmuş, hətta onun varlığına dair məlumatları belə yoxdur. Bu hərfin yerinə onlar adi “nun” (n hərfi) işlədirlər.

Mən elanda olan bütün səhvlərin altından qırmızı karandaşla cızıqlar çəkib, onlardan bir nüsxəsini tanış olmaq üçün sizə göndərirəm. Mən sizin qəzetinizdə əməkdaşlıq etməkdən boyun qaçırmıram. Qəzetinizin proqramını mənə göndərin. Səmimi ehtiram və sədaqətlə,

Sizin Mirzə Fətəli Axundov,

21 aprel 1875-ci il, Tiflis şəhəri

HƏSƏN BƏY ZƏRDABİNİN “ƏKİNÇİ”DƏ MİRZƏ FƏTƏLİ AXUNDOVA CAVABI

Ey mənim dostum milləti-islamm təqdirən vəkili-naməlumu (məktubat fəslində çap olunan kağıza cavabdır). Sizin kağıza cabəca cavab yazmaq sonraya qalsın, indi lazım bilib ərz edirəm ki, o kağız qışın çilləsində olan çovğun kimi onu diqqət ilə oxuyanın bədəninə qorxu lərzəsi salır. Əlhəqq bizim zəmanədə elmsiz qalan millət mürur ilə puç olmağı məlum və aşkardır və əgər elm təhsil etmək üçün istitaət, ittifaq, vəsilə gərək imiş və ola bilməz imiş, pəs belədə sizin kağız bəzi elm təhsil edənlərin sözünü təsdiq edir ki, deyirlər gələcəkdə müsəlman milləti dəxi ziyadə bisəmərə olacaq…

Çünki sizin kağız onu diqqət ilə oxuyanın çoxuna belə təsir edə bilər, ona binaən bu əvvəlinci cavabımda ərz edirəm ki, iş həqiqət belə deyil. Elm təhsil etmək biz Qafqaz müsəlmanları üçün elə düşvar deyil ki, siz buyurursunuz. Bu halda bizim vilayətdə ildə 100 manat verməyə tavanası çatan 500 adam tapılar və əgər onlardan 200-cən adam işdən xəbərdar olub, öz millətini bisəmərə olmaqdan mühafizət etmək istəyə, onlar hər ildə 20 min manat cəm edə bilər.

Ey mənim dostum, heç bilirsinizmi ki, bu məbləğ ilə nə qayırmaq olar? Əvvələn, onilə bir çapxana açmaq olar ki, orada qəzet və elm kitabları çap olunub müftə və ya bir cüzi qiymətə xalqa paylansın. Saniyən, Tiflis və ya qeyri şəhərdə bir məktəbxana açmaq olar ki, hər 3 yüz ev o məktəbxanada öz xərci ilə bir uşaq oxutsun. Orada onlara türk, fars, ərəb dillərini öyrədib elm kitabları ilə təlim etməyi öyrədəndən sonra hər uşağı göndərən icma onu aparıb öz şəhərlərində və ya kəndlərində ildə evə bir manat vermək ilə bir məktəbxana aça bilər. Belədə tamam Qafqazın şəhərlərində və kəndlərində məktəbxana açdıra bilərik ki, orada öz dilimizdə uşaqlarımız təlim olunsun və yəqin ki, ol vaxtda indikindən yaxşı müsəlman oluruq.

Bilirəm, mənim dostum, bu sözü eşidib güləcəksiniz ki, bu xəyaldır. Doğru deyirsiniz, həqiqət, bu xəyaldır. Amma onun xəyal olmağına səbəb biz özümüzük. Bizə ki, göydən kömək gəlməyəcək, əgər bisəmərə olmaqdan özümüzü mühafizət etmək istəyirik, qəflətdə olmaq nə lazım.

Yəqin, deyəcəksiniz ki, ittifaqımız yoxdur, sünni, şiə sözü buna mane olur. Əzizim, bizim zəmanədə və bizim vilayətimizdə sünni, şiə sözü məhz anlamaz ağzında qalıb. Pəs, mənim dostum, halva demək ilə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çıxmalayıb meydana daxil olun ki, bəlkə, zikr olan xəyal əmələ gəlsin, yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz.

“Əkinçi” qəzeti, №2,

18 yanvar 1877-ci il

MİRZƏ FƏTƏLİ AXUNDOVUN “ƏKİNÇİ”DƏ HƏSƏN BƏY ZƏRDABİYƏ MƏKTUBU

Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy, sən hər qəzetində biz müsəlman tayfasına elmin fəzilətini və səməratını zikr edib bizə hey təklif edirsən: elm öyrənin, elm öyrənin… Çox yaxşı, sözün baməna və nəsihətin müfid və xeyirxahlığın sabit. İndi biz hazırıq ki, sənin nəsihətini əmələ gətirək. Bizə de görək elmi harada öyrənək və kimdən öyrənək və hansı dildə öyrənək? Əgər şəhərlərdə öyrənək, şəhərlərdə məktəbxanalar yoxdur. Əgər külli şəhər xalqı padşahlıq məktəbxanalarda oxusalar, yer tapılmaz. Deyəcəksən ki, özümüz şəhərlərdə məktəbxanalar bina edək. Çox yaxşı, hansı istitaət ilə?

Bərfərz ki, etdik, müəllimləri haradan alaq? Türki və farsi və ərəbi dillərində elm bilən müəllimlər yoxdur və bu dillərdə elm kitabları yoxdur, pəs necə edək? Deyəcəksən ki, rus dilində oxuyun, öyrənin. Çox yaxşı, şəhərlərdə məktəbxanalar açdıq, rus dilində elm öyrənməyə başladıq. Aya, ünas və kənd əhlimiz necə etsinlər, kəndlərdə də məktəbxanalar açaq və müəllimlər gətirdək ya yox? Əgər deyirsən açın, insaf elə, hansı istitaət ilə və hansı qüdrət ilə?

Dövləti-qəviyyeyi-Rusiya bu istitaət və qüdrət ilə hələ kəndlərdə məktəbxanalar bina etməyibdir, biz füqəra necə edək? Əgər deyirsən ki, kənd əhli qalsın, ancaq şəhər xalqı elm öyrənsin, onda sənin muradın əmələ gəlməz, bir gül ilə bahar olmaz. Şəhər xalqı kənd əhlinə nisbət qətrədir dəryaya nisbət. Elmin mənfəəti o surətdə zahirdir ki, kaffeyinas, Prus xalqı kimi və Yeni dünya xalqı kimi, ünasən və zükurən elmdən bəhrəyab ola. Pəs bica yerə bizə tənə etmə, əl çək bizim yaxamızdan, buna ancaq şakir ol ki, dövləti-Rusiyanın təhti-himayətində keçən zəmanələrin qoşunkeşliyindən, çapqınından azad olub, asayiş tapmışıq və zindəganlıqdan razıyıq.

Elm öyrənməyə istitaət gərək, ittifaq gərək, vəsilə gərək. Əvvələn, istitaətimiz yoxdur, səbəbini izhar etməyə cürət yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfhəsində sakin olan müsəlmanların yarısı şiədir, yarısı sünnü. Şiələrin sünnülərdən zəhləsi gedir, sünnülərin şiələrdən. Heç biri bir-birinin sözünə baxmaz. İttifaq haradan olsun? Vəsiləmiz dəxi yoxdur. Ondan ötrü ki, türki və farsi və ərəb dillərində on beş ilin müddətinədək ancaq bir yarımçıq savad kəsb etməyə qadirik. Əgər müttəsil oxusaq, aya bu dillərdə elmi necə öyrənək? Sənin sözünə qoy osmanlılar və qızılbaşlar baxsınlar. Pəs olar niyə elmsizdirlər? Külli Ərəbistan bisavaddır, ərəblər ya dilənçilik, ya çapavulçuluq edirlər. Külli Anatoliya bisavaddır, külli İran bisavaddır. Ancaq İstanbulda və Tehranda və Təbrizdə beş-altı nəfər yazan və oxuyan tapılır.

Səbəb odur ki, müsəlman dillərində oxumaq çətindir. Bir də şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabı. Kim alsın? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzeti alıb neyləsinlər? Cırsınlar, tullasınlar? Külli İrəvan quberniyasının xalqı türki oxumaq bilmir. Qalan yerlərdə ki, bir paraları filcümlə oxumaq, yazmaq bilirlər, alıblar, dəxi nə istəyirsən? Sənin muradın o vaxtda kamilən bitər ki, bizim hətta çobanlarımız da Prus çobanları kimi oxumaq, yazmaq bilələr və ünas tayfamız da oxumaq bilə.

Təvəqqə edirəm ki, mənim bu kağızımı biduni-ziyad və nöqsan onun cavabı ilə öz qəzetində basasan. Yazıldı Qafqaz səfhəsində sakin olan milləti-islamın təqdirən Vəkili-naməlumu tərəfindən.

Əvvəli-yanvar, sənə 1877

“Əkinçi” qəzeti, №2, 18 yanvar 1877-ci il

HƏSƏN BƏY ZƏRDABİNİN “ƏKİNÇİ”DƏ MİRZƏ FƏTƏLİ AXUNDOVA CAVABI

Ey milləti-islamın təqdirən vəkili-naməlumu (keçən nömrədə çap olunan kağıza cavabdır), cənabınız biz müsəlman tayfası üçün elm öyrənmək düşvar olduğunu bu dəlil ilə həm sübut edirsiniz ki, müsəlman dillərində yazıb-oxumaq çətindir. Doğru buyurursunuz, bizim dillərdə yazıb-oxumaq çətindir və buna səbəb bizim hürufatdır ki, onların bəzi yazılmağına (zir, zəbər, puş), onu bir-birinə düzmək çətin olduğuna və bəzisinin sədası bir olduğuna onlara bir-birindən təfavüt vermək çətindir. Amma həqiqət heylə çətin deyil ki, siz buyurubsunuz.

Bu halda bizim məktəbxanalarda heç bir qayda olmadığına onlar çox yaman gündədir və buna səbəb uşaqlarımızı təlim edənlərdir ki, elmi-təlimdən əsla bixəbər olduğuna əvvəlinci gündən onların zəhləsini qaçırdıb, onların oxumaqdan rəğbətini kəsirlər. Amma bununla belə bizlərdən Quran oxumağı bilməyən çox azdır. Çünki Quran oxumaq da oxumaqdır, ona binaən bizim, yasin mollası çox və əsli molla az olmağına səbəb məhz yazıb oxumaq çətin olmağı deyil, onun bir qeyr ümdə səbəbi həm var. Adam yazıb-oxumağı bir tək məktəbxanada öyrənməz. Məktəbxana işin ibtidası üçündür. Gərək məktəbxanadan çıxandan sonra həm oxumaq və bundan ötrü lazımdır ki, qəzetlər, jurnallar, kitablar olsun ki, onları oxumaq ilə elm və savad kəsb olunsun.

Pəs bizim yasin mollası çox olmağa səbəb oldur ki, yasin ona lazım olduğuna məktəbxanadan çıxandan sonra onu oxuyub, əlbəttə, bir qeyr uğumlu şey olseydi, onu da oxuyub yasindən başqa şeyi də oxumağı bilirdi.

Çünki qəzeti yasin mollası da oxuya bilir və qəzet ümdə belə kəslər üçündür, ona binaən cavabınız müştəri az olmaqdan şikayət elədiyimizə bizə tənə vurmaq bicadır və bunu sübut etməkdən ötrü müştərimizin siyahısını çap edirik ki, siz insaf ilə ona mülahizə edəsiniz: Badkubədən 12 (3 rus), Qubadan 3, Şirvandan 3, Göyçaydan 3, Səlyandan 2, Qarabağdan 9, Şəkidən 7, Gəncədən 1 (erməni), İrəvan quberniyasından 11, Tiflis quberniyasından 13 (2 molla), Dərbənddən və Dağıstanın qeyri yerlərindən 35 (1 molla), Rusiyanın qeyri yerlərindən

20. Cəmiən 119, əzcümlə 3 molla. Pəs, mənim dostum, Qafqazda üçcə molla var imiş.

“Əkinçi” qəzeti, №3,

2 fevral 1877-ci il

MİRZƏ FƏTƏLİ AXUNDOVUN “ƏKİNÇİ”DƏ HƏSƏN BƏY ZƏRDABİYƏ MƏKTUBU

Həsən bəy, fevralın üçüncü günündə və üçüncü nömrədə yazılan cavabı oxudum və küll ilqa olunan sözlərə kamilən etiqad etdim. Gəl bir tədbir edək. Əgər səlah görürsən, əvvələn, sən Bakı şəhərində ətfali-zükurə üçün kampaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türki dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz. Saniyən, vilayətin mütəməvillərindən və xalqın məcazından təsərrüfü olan əşxasdan on iki nəfər çay içməyə dəvət et. Axund Molla Cavad sədri-məclisi-ruhani dəxi bu on iki nəfərin birisi olsun. Salisən, proyektini olara oxu və ağlım kəsən dəlailindən məktəbxana açmağın vücudunu olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər, bir kampaniya tərtib etsinlər, necə ki, erməni camaatı tərtib edibdir və kampaniyanın əvvəlinci üzvləri bu on iki nəfər olsun. Sonra onlar başqa kəslərdən öz təsəvvürlərilə bu kampaniyaya üzvlər daxil etsinlər. Rabiən, gəl sən hər şəxsdən yüz manat təmənna etmə, əlli təmənna et ki, kamaniyaya versinlər və küll Bakı quberniyasından yüz nəfərin əvəzinə iki yüz nəfər siyahı et. Hər birisi əli manat versə, guya, yüz nəfərin hər biri yüz manat verən kimidir. Sonra bu tədbirin nəticəsi hər nə olsa, qəzetində yaz elan et ki, mən dəxi oxuyum. Əgər Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmağını və kampaniyalar tərtib olunmağını, yəqin bil, mən zamin.

Vəkili-naməlumi-millət

“Əkinçi” qəzeti№ 5, 3 mart 1877-ci il

“ƏKİNÇİ”NİN BAŞ MƏQALƏLƏRİ

DAXİLİYYƏLƏR

“Əkinçi” qəzetinin bina olmağının səbəblərindən o qəzeti çap etmək barəsində göndərdiyimiz elannamədə danışdıq. Əlbəttə, o səbəblərdən savay buna qeyri-səbəblər də çoxdur. Arama onları burada ismən adlamaq məqdur deyil. Ona görə o səbəblərdən danışmağı lazım bilməyib xahiş edirik bu “Əkinçi” qəzetinin əvvəlinci nömrəsində o qəzetin məzmunundan goftügu edək. “Əkinçi” qəzetində bu aşağıda adlanan fəsillər olacaqdır.

Əvvəlinci fəsil daxiliyyə olacaqdır, yəni qəzetin münşisinin üz tərəfindən yazılan şeylər olacaqdır.

İkinci fəsildə əkin və ziraət xəbərləri olacaqdır, yəni bizim ya qeyri-vilayətlərdə olan əkinlərdən, onları əkib-becərməkdən, onları əkib-becərən vaxtda işlənən əsbablardan, əkin yerin şüxm etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan və mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və ya qeyri-vilayətlərdə nə qism mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışıq olacaqdır.

Üçüncü fəsildə elm xəbərləri olacaqdır, yəni elm və ya imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışıq olacaqdır.

Dördüncü fəsildə təzə xəbərlər olacaqdır və bu təzə xəbərlər bir neçə qism olacaqdır.

Əvvəla, ticarət xəbərləri olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri-vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər veriləcəkdir. Sani, bizim Rusiya dövlətinin və qeyri-dövlətlərin politika xəbərlərindən danışıq olacaqdır, yəni padşahların və onların vüzəralarının aralarında olan danışıqlardan və dövlətlər arasında olan cənglərdən xəbər veriləcəkdir. Salis, Rusiya dövləti tərəfindən öz tabelərinə sadir olan hökmlərdən xəbər verəcəkdir. Rabe, bizim kənd sudlarında ya miravoy sudda və ya okrujnoy sudda qət olan işlərin ümdəsinin qətnaməsi olacaqdır. Xamis, yuxarıda zikr olan xəbərlərdən savayı, hər bir vilayətdə aşkar olan məşhur naxoşluq ya yanqu, ya oğurluq və ya qeyri-qism xəbərlərdən danışıq olacaqdır.

Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib, başlayırıq və müsəlmanların anlıyan və pişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə, səy etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlıyan kəslərdən elədiyimizə səbəb odur ki, bizə məlumdur bizim müsəlmanlar həmişə öz anlıyan kəslərini əziz tutub, onların sözlərinə əməl ediblər. Əlbəttə, anlıyan və pişrov kəslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözləri açılmağa səy və kuşeş etsinlər.

Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyərlər zəmanə dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getməyinə mane olmaq, yəni onları keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, yolu onlar bizsiz də gedəcəkdirlər.

Pəs bizim anlıyan və pişrov kəslərə eyni məsləhətdir bu yolu onlar ilə bir yerdə getsinlər, ta ki, onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar.

“Əkinçi” qəzeti, №1,

22 iyul 1875-ci il

Bir aydır bizim qəzet çap olunur, amma onu oxuyanların bu çağacan biz çəkdiyimiz zəhmətlərdən xəbəri yoxdur. Əlbəttə, bu işə girəndə o zəhmətləri biz qəbul etmişik. Ona binaən indi onları izhar etməyi lazım bilirik. Amma bizə məlumdur ki, bəzi kəslər bizim işə artıq diqqət edirlər. Bu diqqət edən kəslərə o zəhmətlərdən bir az danışmağı vacib bilirik. Dörd ildir ki, qəzeti çap etməyə izn istəmişik və bu zamanda dünyanı gəzib bu hürufatı tapmışıq. Bu zəhmətlərə heç bir qəzeti öz nəfindən ötrü çap elədən razı olmaz və əgər qəzet basdırmaqdan bizim muradımız ondan mənfəətbərdar olmaqlığımız olseydi, onun qiymətini gərək iyirmi, bəlkə, otuz manat qoyaydıq. Keçən zamanın zəhmətini və xərcini kənarda qoyub şimdi olunan zəhmətlərdən və xərclərdən söyləyək. Bizim müştərilərdən cəm olan məbləğ indi qəzetə olunan xərcə çatışmır və bizim zəhmətimizin əvəzində bu halda nə ki bizə bir həddə, bir quruş qalmır, bəlkə, artıcaq zərər də olur.

Bizim zəhmətimiz həddən çıxıb. Bir mətləbi özümüz yazıb ağardıb çapxanaya vermək ilə zəhmətdən xilas olseydik, çox xoşbəxt olurduq. Amma iş belə düşübdür ki, biz gərək çapxanada da işləyək. Dünyada hər qəzeti beş ya on adam inşa edib onu çap elədən, hərflərin düzən, qələtlərin düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən tək özüm görüm, hətta bizim müsəlman şəhərində bir savadı olan müsəlman yoxdur ki, qəzetə baxıb onun qələtini düzəltsin ya hüruflarını düzsün. Hərgah bu zəhmətlərdən artıq zəhmət olmasaydı, genə bir tövr yola gedərdik. Amma dərd budur bizim elə zəhmətimiz var ki, qeyri qəzet basdıranların onlardan heç xəbəri yoxdur.

Əvvələn bu hürufat İstanbulda alınıb. Çünki bizim dildə bəzi hərflər, məsələn, q, k, r və l artıq işlənir, ona binaən ol hüruflar qəzetə çatışmır. Bu səbəbə bir mətləbi yazan vaxtında nə ki ol mətləbin məzmununu və qeyri əhvalatları yoxlayırıq, amma məzkur hüruflar az işlənməkdən ötrü bəzi sözləri götürüb onun əvəzində başqa sözlər yazırıq ki, bu sözlərdə məzkur hərflər olmasın. Əlbəttə, belə olan surətdə mətləb biz istədiyimiz kimi vazeh olmur və bunu diqqət edənlər bizə təqsir hesab edirlər. Saniyən bizim məxsusi çapxanamız yoxdur. Qəzetimiz qubernski pravleniyanın çapxanasında basılır. Əlbəttə, özgələr bizim işə özümüz kimi can yandırmır və bu barədə olan kəsirlər bizim təqsirimiz deyil. Pəs, bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil, siz ağlayız ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdur.

“Əkinçi” qəzeti, 3,

21 avqust 1875-ci il

Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun, yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün. Əlbəttə, qəzetin belə ayna kimi olmağı xalq ilədir, yəni hər kəs gərək öz dərdini və xahişini qəzetlərində bəyan etsin ki, onların barəsində işdən xəbərdar olanlar mübahisə etməkliklə onların yaxşı yamanlığını aşkar etsinlər, ta ki, ol işi görən onun yaxşı ya yamanlığından agah olub sonra peşmanlıq çəkməsin.

Pəs hər bir qəzetin ümdə mətləbi mübahisədir və əgər bizim dünyadan və elmdən xəbərdar olanlarımız “Əkinçi” qəzetində yazılan mətləblər barəsində mübahisə başlasalar, çox şad oluruq. Amma çifayda qəbiristanlıqdan səs gəlməyən kimi bizim xalqdan bir səda gəlmir. Qəzeti oxuyanlar ol mətləblərə bir cavab yazmırlar.

Belə olan surətdə biz mübahisəyə həsrət olmaqdan savayı, hətta qəzetimizi oxuyanlar ondan narazı olduğunu da bu çağacan bilmirdik. Amma “Əkinçi” qəzetinin 9 nömrəsi xalq arasına bir səs salıb ki, o səsi eşitməyən yoxdur.

Təzə xəbərlər cümləsində Osmanlı dövlətinin borcundan və bir iranlı Moskvada xaçpərəst olmağından danışdıq, bu iki xəbər bizim xalqa xoş gəlməyib. Əvvələn, təzə xəbərləri biz özümüzdən yazmırıq. Onları xaricilərin qəzetlərindən yazırıq. Ona binaən ol xəbərlər dürüst də olmasa, onları eşitmək bizim xeyrimizdir. Ol səbəbə ki, onları oxuyub xaricilər bizlərə necə baxmağından xəbərdar oluruq. Saniyən, təzə xəbərləri yazanda biz səy edirik ki, müsəlman vilayətlərindən çox xəbər yazaq. Ona binaən ki, bizim xalqa ol xəbərlər gərək xoş gəlsin. Amma bizim müsəlmanlar elm və ədəbdən qaçmağına xaricilərə gülüş olublar. Ona binaən bizə xoş gələn xəbərlər onların qəzetlərində çox az olur. Bu səbəblərə yaxşı-yaman hər bir xəbəri yazdıq. Salisən, ol xəbərləri yazandan irəli təhqiq etmək müşküldür. Əgər onları təhqiq edib sonra yazsaq, gərək heç təzə xəbər yazmayaq.

Pəs bizim zikr olan xəbərlərdən narazı olanlar bir şirvanlı hacı kimi fikir etməsinlər ki, onları biz qəsdlə düşmənlikdən yazmışıq. Əgər qəzetdə məqdur olsaydı, mən dəlillərlə sübut edərdim ki, Osmanlı və İran əhli bizim ilə bir qanda, bir canda və bir məzhəbdə olmağına binaən mən bizim müsəlmanların çoxundan və bişəkk zikr olan şirvanlı hacıdan artıq onları dost tuturam. Pəs müsəlmanların düşməni mən deyiləm, məzkur hacı kimi adamlardır ki, bizi millətlər arasında gülüş yeri edib elmdən və dünyadan bixəbər qoyub sərgərdan və payimal ediblər.

“Əkinçi” qəzeti, 11,

18 dekabr 1875-ci il

Altı ay yoxdur ki, bizim “Əkinçi” qəzeti çap olunur, amma ingilisin paytaxtı London şəhərində onun çap olunmağı məlumdur. Oradan bir kitabın bir fəslinin türk dilində olan tərcüməsini bizə göndəriblər ki, onun qələtini düzəldək. Əlhəq bu çox ziyadə gözüaçıqlıq istər. London şəhərində bir neçə yüz qəzet çap olunur. Onunla belə kişilər dünyanın ucunda bizim qəzet kimi bir kiçik qəzet çap olunmağını eşidib istəyirlər ondan da nəfbərdar olsunlar, amma bizim adamın çoxu nə ki buçağadək bizim qəzeti oxumayıblar, bəlkə, bəzi kəslər onun bina olunmağının xəbərini də eşitməyiblər. Hətta elə adam var ki, qəzet pulu verib onu almaq istəmir.

Bizim xalq dünya işlərini belə soyuq tutmağı bilir ikən biz “Əkinçi” qəzetini çap etdirməyi başlamışıq və bizim təkdə bir yuxudan oyananlarımıza ümid olmuşuq ki, xalq qəzet oxuyub ondan mənfəətbərdar olmağa və dünya işlərindən xəbərdar olmağa səy edəcəklər. Əlbəttə, onlar səy elədiklərinə keçən il bizim altı yüzəcən müştərimiz var idi. Amma indi belə məlum olur ki, onlar xalq qəzeti oxumağa səy etmirlər və yəqin fikir ediblər ki, xalq qəzet oxumağa adət edib və özü onu alıb oxuyacaqdır. Lakin iki aydır bizim qəzet gələn il çap olunmaqdan ötrü qəzetimizdə elan basdırırıq, amma buçağadək ancaq qırx adam onu gələn il almağa xahiş edib.

Biz müsəlmanlar dünya işini soyuq tutmağa bizim məzhəbimiz səbəb deyil ki, onu xaricilər bizlərə böhtan deyirlər. Cənab şeyxülislamın bu nömrədə çap olunan məktubunu oxuyana məlum olur ki, bizim peyğəmbərimiz öz ümmətini irəli salmaqdan ötrü onlara hökm edibdi ki, hər bir elmi təhsil etsinlər. Pəs biz müsəlmanlar millətlər arasında rüsva və zəlil olub dünya işlərinə məhəl qoymadığımıza səbəb… Ol səbəblərdən sonra danışarıq. İndi bizim alimlərdən iltimas edirik ki, bizim bu suallarımıza cavab versinlər. Çünki bizim peyğəmbərimiz müsəlmanlara elmül-əbdanı təhsil etməyə hökm edib və ona binaən bizlərə vacibdir ki, ol elmləri təhsil edək, onları kimdən öyrənək? Və əgər bir xaricə elül-əbdandan xəbərdar ola, ondan o elmləri öyrənmək olurmu ya elmül-ədyan oxudan gərək bizlərə elmül əbdanı da oxutsun?

“Əkinçi” qəzeti, 12,

1 yanvar 1876-cı il

Bir dəfə yazmışdıq ki, hər bir qəzetin ümdə muradı mübahisədir ki, aqil kəslər bir-birilə mübahisə edib işləri xalqa bəyan etsinlər. Bu əsnada cənab Heydəri elmi-əbdan hədisinin mübahisəsi başlanmağa bais oldu. Çünki elmi-əbdan hədisinin əsli mənası məlum və aşkardır, ona binaən zikr olan mübahisənin ümdə muradı bizim elmi-əbdandan bixəbər qalmağımızın səbəblərini bəyan edib onun əlacını xalqa aşkar etmək idi. Bu səbəbə 12-ci nömrədə aqil kəslərdən sual elədik ki, o elmləri kimdən öyrənək ki, biz də tərəqqi edib payimal olmayaq? Amma indiyəcən ol suala heç bir cavab yazan yoxdur ki, guya, bizim sual ol mübahisəyə daxil deyil imiş.

Necə ki bir imarət təmir etmək istəyən onun üçün yer alıb orada olan təmiratları dağıdıb daş və kəsək gətirib oraya tökdürüb, sonra imarəti tikdirmək istəməyəndə ol yer ondan dəxi artıcaq xarab olur, habelə bizim elmi-əbdan bəhsi. Biz o elmlərdən bixəbər olmağımızı xalqa bəyan edib və əgər indi onun əlacının dalısıycan olmayaq işlər dəxi artıcaq xarab olacaqdır.

Pəs biz lazım bilirik bu barədə öz təsəvvürümüzü yazıb bizim aqil kəslərdən iltimas edək ki, hər bir kəs onun yaxşı və yamanlığını qəzetdə bəyan etsin. Bir neçə ildir ki, Osmanlı dövləti məktəbxanalar açıb hər bir elmi öz dillərində xalqa öyrədir.

Çünki onların kitablarını bizim adam oxumaq çətindir, ona binaən yaxşı olurdu ki, bizim millət qeyrəti çəkən qardaşlar bir icma bina edib, ol kitablardan gətirib, bir az dəyişdirib, çapxana açıb öz dilimizdə çap elədib, xalqa müftə, ya bir az qiymətə paylasın ki, bizim məktəbxanalarda şair kitablarının əvəzində ol kitablar oxunsun.

Əlbəttə, bizim şair kitabları oxudan müəllimləri birdən elm kitabları oxudan etmək olmaz. Amma ümidvarıq ki, işin binası qoyulsa, mürur ilə yerisin. Elm kitablarımız olsa, onları oxurlar və necə ki, su damcı-damcı düşmək ilə daşı deşər, habelə ol kitabları oxumaqdan elm və ədəb mürur ilə xalqın könlündə nəqş bağlayıb möhkəmlənər.

Bu halda elmi-əbdandan bixəbər olduğumuza bir qeyr çarə bilməyib, bu təsəvvürü yazıb anlayan müsəlmanlarımıza məlum edirik ki, millət təəssübünə görə əlacpəzir olsunlar.

“Əkinçi” qəzeti, 6,

29 mart 1876-cı il

Əgərçi bizlərdə adətdir ki, ümurat əhlini üzünə tərif edib, dalda qeybət edəllər və ümuratdan çıxanda ola kəs hamının yadından çıxar, amma Avropa vilayətlərində bu adət yoxdur. Onlar elm sahibləridir və elm yolu ilə hər kəs insandır və insanlığın əvvəlinci şərti insaf, doğruluq və əldən gəldikcə qeyrilərə yaxşılıq eləməkdir. Belədə ümurat əhli yaxşılıq elədiyinə onu tərif etmək Avropa qaydasına namüvafiqdir. Lakin Avropa vilayətlərində bir adət var ki, ondan biz bixəbərik. Onlarda bir kəs elm yolu ilə ümuratı dolandırmaqlıq ilə millət işlərinə rövnəq verə və millətin irəli getməyinə bais ola, ol kəs üçün yadigarlıqlar bina edib onun millət işlərinə elədiyi yaxşılıqları yazıb, məlum edirlər ki, onun ismi tarixlərə düşüb baqi olsun.

Bu səbəblərə görə nə qədər ki, cənab Staroselski bizim Badkubədə qubernator idi, o bizim qəzet haqqında elədiyi yaxşılıqlardan danışmırdıq, amma indi ol cənab Badkubədən çıxıb gedib, ona binaən onun yaxşılıqlarından bir neçə kəlmə danışmağı biz özümüzə vacib bilirik. Cənab Staroselski bizim qəzetin bina olunmağına bais olub. 3 il bizə izn vermirdilər ki, qəzeti çap etdirək. Buna ümdə səbəb bu idi ki, Badkubədə dövlət tərəfindən qəzetlərə mülahizə edən adam yoxdur. Amma ol cənab bizə zamin olub ol izni bizim üçün aldı. Bir neçə müsəlman birləşib söz vermişdik ki, hürufat gətirdib qəzeti çap etməkdən ötrü əlahiddə çapxana açdıraq. Amma biz hürufatı İstanbuldan gətirəndən sonra ol icma bərhəm oldu və biz özümüz çapxana açdırmağa məqdur olmadıq. Ol zaman cənab Staroselski zikr olan hürufatı qubernski pravleniyanın çapxanası üçün aldı ki, indiyəcən orada bizim qəzet çap olunur. Sonra uyezdni naçalniklərə hökm yazdı ki, kəndlərə poçt işləmədiyinə onlardan qəzet istəyən olsa, çaparlar ilə onlara qəzet göndərsinlər. Xülasə, cənab Staroselski həmişə “Əkinçi” qəzetinin xeyirxahı idi. Ona binaən özümüzə vacib bilib bu bir neçə kəlməni onun yaxşılıqları barəsində yazıb, bizim qəzetin dostlarına bəyan edirik.

“Əkinçi” qəzeti, 12,

25 iyun 1876-cı il

Bir il tamamdır ki, bizim qəzet çap olunur. Ona binaən lazım bilirik ki, bu bir ilin hesabına gedək. Keçən il rəcəbin əvvəlindən təzə iləcən bizim 600-cən müştərimiz var idi. Bu il indiyəcən 283 birillik, 57 yarımillik müştərimiz var. Bu halda ki, yarım il qurtarıb, onların 283-ü qalıb. Müştərimizin çoxu Quba, Dərbənd və Dağıstanın qeyri vilayətlərindəndir. Bizim şəhərlərdən ol qədər yoxdur. Məsələn, Qarabağdan 3, Şirvandan 3, Şəkidən 3, Lənkərandan 1, Gəncədən 1 adam qəzet apartdırır. Müştərimiz azalmağı çox təəccübdür. Əvvələn, qəzetin qiymətini artırmayıb, onu böyükləndirmişik, onun məzmunu, hətta kağızı da yaxşılanıb. Saniyən, bu halda hər səfər Osmanlı xəbərləri yazırıq və indi tamam dünya Osmanlı işlərindən danışır. Hətta bizim Badkubədə qulluq edənlər hər gündə bu barədə tel gətirirlər. Pəs bu əsnada bizim qəzetin müştərisi azalmaq təəccüb deyil? Əlbəttə, çox təəccübdür. Buna bir səbəb yoxdur, savayı bizim qammazlığımız. Bəzisi biz yazdırdığımızı fəhm edə bilməyib öz anlamazlığından bizi müsəlmanlara düşmən və yazımızı böhtan hesab edir. Bəzi deyir: bir şey yaz ki, ondan bir qəpik nəf olsun. Yəni millət işlərindən bir qəpiyi artıq tutur. Ey qəpiyə milləti satan qardaşlar siz adınızı müsəlman qoyub qeyrilərin müsəlmanlığına şəkk edirsiniz. Vay, vay, sizin halınıza ki, müsəlmanlığın şərtlərindən bircə namaz qılıb, oruc tutmağı bilirsiniz.

“Əkinçi” qəzeti, 13,

11 iyul 1876-cı il

Hər kəsin öz dili ona artıq xoş gəlir. Bu səbəbə biz “Əkinçi” qəzetini bina edəndən sonra onu Osmanlı və İran məmləkətlərində çap olunan qəzetlərin, əzcümlə Tehranda çap olunan “İran” qəzetinin idarəsinə göndərib iltimas elədik ki, onlar da öz qəzetlərini bizə göndərsinlər. Amma İran qəzetinin idarəsi bizə məhəlgüzar olmadı. Bu səbəbə indiyəcən “İran” qəzetini görməmişdik. Bu həftə bizim dostlardan birisi Tehrandan “İran” qəzetinin bir nüsxəsini ki, rəbiüssaninin 9-da çap olunub bizə göndərilib. Ona binaən lazım bilib ol qəzetin barəsində bir neçə kəlmə danışacayıq.

Bu halda ki, tamam dünya biz müsəlman tayfasının işlərindən danışır, bizim müsəlman məmləkətində çap olunan, İran əhlinin bircəsi “İran” qəzeti görün nə danışır.

Xəbəri-teleqrafi və qeyrə fəslində Azərbaycan, Xorasan, İsfahan və qeyr İran vilayətlərindən gələn tellər çap olunub ki, guya, dünyada Parij, London, Peterburq və qeyr Avropa şəhərləri yoxmuş və zikr olan tellərin xəbərləri belə xəbərlərdir: Filan yerə yağış yağıb, növqan yaxşıdır və mərdüm asudə bəduaguyi-vücudi-mübarəki-əlahəzrəti-əqdəsi-hümayun məşğulənd. Sonra cənab rəisi-külli-darültəbaə və darültərcümeyi-məmaliki-məhruseyi-İran Səniüddövlə Məhəmmədhəsən xan (“İran” qəzetinin münşisinin ismi və ləqəbidir) Mədinə şəhərində İran hacıları ilə Osmanlı və ərəblər elədiyi duadan bir neçə kəlmə danışıb qəzetin baqisinin üstə ki, olsun bir vərəq bir çərək (tamam qəzet vərəq yarımdır) Tehran şəhərinin tarixini yazır.

Ey Səniüddövlə, fədayət şəvəm, qəzetin tarix ilə nə işin var? Məgər dünyada qeyr xəbər yoxdur ki, qaramal yediyi xörəyi sonra gövşəyən kimi, keçmişdə olan işləri dərviş kimi müştərivüzə nağıl edirsiniz və bunu fikir eləmirsiniz ki, o işlər yaxşı olsaydı, biz bu günə qalmaz idik? Heyhat, heyhat!

Əzizim, qəflət yuxusundan oyanıb, Avropa tərəfinə tamaşa edin, yoxsa sonra… əlaci-vaqeə piş əz vüqu bayəd kərd.1

“Əkinçi” qəzeti, 13,

23 iyun 1877-ci il


ELAN

Biz naxoş olduğumuza görə bu ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların haçan çıxmağı məlum deyil.

“Əkinçi” qəzeti, 20,

29 sentyabr 1877-ci il

“KASPİ” QƏZETİNƏ ZƏRDABDAN MƏKTUBLAR

Nəhayət, bizim də küçəmizdə bayramdır. Bu gün də olmasa sabah Zərdabın da məktəbi olacaq. Deməli, mənim səsim səhrada olduğu kimi itib batmamışdır. Hər halda gec, lap gec olsa da zərdablılar da təhsil almağa başlayacaqlar və Allah onlara maariflənməyə gedən yeni yolda uğur qismət eləsin.

Mötəbər mənbələrdən öyrənmişəm ki, nazirlik Bakı quberniyasının xalq təhsili üçün 10 min rubl ayırıb. Bu pul qəzalara bölünəndə bizim Göyçay qəzasına 2 min rubl veriləcək, bu pula 2 ikisinifli məktəb açılacaq ki, onların biri ovalıqda yerləşən Zərdab kəndində, o biri isə İsmayıllı kəndində dağlıq ərazidə açılacaq.

Bizim icmanın bərəsinin gəlirləri hesabına məktəb açılmasına dair əvvəlki ideya bir kənarda qaldı. Bu gəlirlər yerli idarəetmə qurumunun hesabına keçiriləcək. Deməli, zərdablıları öz bərələrinin gəlirindən məktəb tikilməsi üçün vəsait ayırmağın faydasına inandırmağa ehtiyac qalmadı. Amma bundan belə bir nəticə çıxarmaq olmaz ki, zərdablılar yenə tərslik edəcəklər və açılacaq məktəb şagirdsiz qalacaq. Zərdabda təkcə bəy evləri 40-a qədərdir, onların da məktəbyaşlı uşaqları ən az onlarladır; məktəbə bu qədər, bundan, bəlkə də, bir neçə dəfə çox kəndli uşaqları qəbul olunacaq. Bununla da şagirdlərin sayı kifayət qədər olacaq, amma ortaya bir sual çıxır ki, məktəb konkret olaraq harada, Zərdabın hansı bölümündə açılacaq?

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации