Электронная библиотека » İmran Qasımov » » онлайн чтение - страница 2

Текст книги "Uzaq sahillərdə"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: İmran Qasımov


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

Vasya susurdu. Onun sifəti ciddi ifadə aldı, ağımtıl qaşları çatıldı.

– Yaxşı, – deyə o, cavab verdi, – əgər lazım deyilsə, daha Ancelikanı qucaqlamaram.

Ober-leytenant cib saatını çıxarıb baxdı və gözünü Vasyaya zillədi:

– Bu, nə deməkdir?

– Nə qədər keçib?

– 28 dəqiqə.

– Otuz olmalıdır.

Onların ikisinin də siması ciddiləşdi.

– Vasya! – deyə birdən-birə pıçıltı eşidildi.

Onlar səs gələn tərəfə çevrildilər.

Ancelika onlardan bir az aralı həyəcanlı vəziyyətdə, hərəkətsiz durmuşdu. Onun yanaqları od tutub yanırdı.

– Necə oldu? – deyə qız onlara yaxınlaşaraq soruşdu.

Ober-leytenant yenə saatına baxdı.

– Neçədir? – Vasya soruşdu.

Ober-leytenant güclə özünü ələ alaraq cavab verdi:

– 31 dəqiqə.

Ancelika sualedici nəzərlərlə gah Vasyaya, gah da zabitə baxırdı.

– Heç nə başa düşmürəm, – deyə ober-leytenant gözlərini şəhərə zilləyərək dilləndi. – Vasya, axı sən əlüzyuyan otaqda kapsulu sındırdın.

– Hə… 30 dəqiqəlik kapsulu.

– Bəs nə oldu? – deyə Ancelika səbirsizliklə soruşdu.

– Bəlkə, onlar masanın altındakı çantanı görüblər?

– Yox, Vasya, hər şey əvvəlcədən yaxşı düşünülmüşdü. Hər şey lazım olduğu kimi, öz qaydası ilə gedirdi… Axı biz salfetləri nahaq yerə dəyişdirmədik! O vərəqələr onların diqqətini yayındırmalı idi…

Birdən-birə şəhər üzərində uzaqvuran topların yaylım atəşinə bənzər boğuq bir partlayış səsi ucaldı.

Onların üçü də diksinib şəhərə tərəf çevrildi.

Qeqqa küçəsində sarımtıl tüstü sütunu qalxıb bir an içində qaraldı, yavaş-yavaş şəhərin üstünə enərək küçələri kül və toz qatı ilə örtməyə başladı.

– Viva aminçi! Yaşasın azadlıq! – deyə Ancelika cingiltili səslə qışqırdı. Qız elə həyəcanlı idi ki, ona qanad versəydilər, qalibiyyət carçısı kimi şəhərin üzərində uçardı.

Ancelika gülümsünüb səsini yavaşıtdı və sirr açırmış kimi pıçıldadı:

– Yoldaş “Mixaylo”, – deyə ober-leytenanta müraciət etdi, – heç bilirsiniz, yerli əhali sizi necə adlandırır? Onlar sizin adınızı Spartak qoyublar.

Birdən-birə yaxındakı qayaların dalından boz rəngli palto geymiş bir adam çıxdı. O, bir sıçrayışla bu üç dostun yanına çatıb, onları dartaraq qayanın dalına itələdi.

Bayaq onların durduğu yerdən indi addımlarını yerə döyə-döyə alman keşikçiləri keçirdi.

Patrullar uzaqlaşandan sonra gələn adam rahatlıqla nəfəs aldı və “Mixaylo”ya tərəf dönərək rus dilində dedi:

– Bura bax, cavan oğlan, evi partladanda bir az ehtiyatlı olmaq lazımdır.

“Mixaylo” qəddini düzəltdi.

– Başa düşmürəm, – deyə yad adamın gözlərinin içinə dik baxaraq, təmiz alman dilində təkəbbürlə cavab verdi.

Yad adam gülümsündü:

– Yaxşı, bizim mübahisə etmək üçün vaxtımız yoxdur. Mən sizinlə mühüm bir məsələ haqqında danışmalıyam.

“Mixaylo” cavab vermir və nüfuzedici nəzərlərlə təzə gələn adamı süzürdü.

Yad adam dönüb tərəddüdlə Vasya və Ancelikaya nəzər yetirdi. “Mixaylo” da onlara baxdı. Onlar heç bir söz deməyib, itaətlə kənara çəkildilər və söhbətin nə ilə nəticələnəcəyini gözlədilər.

– Briqadanın qərargahına xəbər verin ki, – deyə yad adam sözə başladı, – bu gün bizim təyyarə yeddinci təpənin üstünə gəlməyəcək. Həm də mənimlə təzədən görüşmək üçün vaxt təyin etsinlər.

“Mixaylo” susur, yad adamın bir hərəkətini belə gözdən qaçırmamaq üçün diqqətlə ona fikir verirdi. Naməlum adam ciblərini axtarıb siqaret çıxartdı, birini yandırıb çəkməyə başladı. “Mixaylo” siqaretlərin üstündə italyan markası olduğunu gördü. Lakin bunun məsələyə heç bir dəxli yox idi. Əsas məsələ bu deyildi. Bu adam onu tanıyırdı. Özü də bu gün yeddinci təpənin üstünə təyyarə gələcəyini bilirdi.

– Siz mənə nə məsləhət görürsünüz? – deyə naməlum adam soruşdu.

“Mixaylo” cavab verdi:

– Heç nə!

Naməlum adam köksünü ötürdü:

– İnanmırsınız? Çox təəssüf! Müttəfiqlər belə hərəkət etməməlidirlər. Siz ki russunuz…

“Mixaylo” yenə də susur, hər şeyi lazımınca fikirləşmək üçün vaxtı uzadırdı. O da bir siqaret çıxarıb yandırdı.

– Sağlıqla qalın! – naməlum adam dostcasına gülümsündü, – Mən sizi təqsirləndirmirəm. Bəlkə də, siz elə bu cür etməli idiniz. Sizə yaxşı yol!

– Dayanın! – “Mixaylo” onu yavaşdan çağırdı.

Naməlum adam dayandı. “Mixaylo” qəti səslə dedi:

– Mən heç bir xəbər aparmayacağam. Siz də heç yana getməyəcəksiniz. Sizi özümlə aparıram. Yol uzundur. İkilikdə xoş keçər.

Naməlum adam bir qədər fikirləşəndən sonra yaxınlaşıb sevincək bir hərəkətlə əlini onun çiyninə vurdu:

– Nə deyirəm ki, pis fikir deyil… Ehtiyat edirsiniz? Namusuma and olsun ki, bizim Ştatlarda olsaydınız, sizi xalq qəhrəmanı adlandırardılar. Hər qəhrəmanlığınıza Hollivud bir film həsr edərdi.

Onlar söhbət edə-edə qayaların dalından çıxanda Vasya ilə Ancelika təəccüblə bir-birinə baxdılar.

* * *

Əvvəllərdə “Döyçe soldatenhaym” binası ucalan yerdə indi daş-daş üstündə qalmamışdı. Alman və italyan əsgərləri daşları eşələyərək uçmuş binanın altından meyitləri çıxarırdılar. Onlar daş-torpağın arasından qəfildən bir əlin uzandığını gördülər. Bu əl yanıb külə dönmüş bir tirdən tutmağa çalışırdı. Onlar təsadüfən diri qalan zabiti tirlərin altından güclə çıxara bildilər. Bu, Otto fon Şults idi. Bir qədər sonra Şults dəlicəsinə bağırmağa başladı. Bu səsi eşidən esesçilər hövlnak özlərini onun yanına atdılar. Əsgərlər, Şultsun toz-torpağa bulaşmış kostyumunu təmizlədikcə, o, onları söyüb, kənara itələməyə çalışırdı, sanki baş vermiş hadisəyə onlar bais olmuşdular.

Bir dəqiqədən sonra hadisə yerinə bir minik maşını yaxınlaşdı. Maşından düşən iki cavan esesçi və bir həkim qorxudan özlərini itirmiş halda Şultsa yaxınlaşıb, farağat durdular.

– Allah! – deyə həkim tələsik Şultsu müayinə etdikdən sonra təəccüblə səsləndi. – Sizin bədəninizdə heç cızıq yeri də yoxdur! – O, rahatlıqla nəfəsini dərib, Şultsa müraciət etdi, – Siz rahatlanmalısınız, cənab mayor. Allah üzünüzə baxıb, salamat qurtarmısınız… Sizə indi ancaq rahatlıq lazımdır. İcazə verin, sizi maşınla aparım…

Lakin Şults onu itələyib piyada yola düzəldi. Şults əvvəl çox tez-tez yeriyirdi, sanki kiməsə daldan çatmaq, haqlamaq istəyirdi. Onun gözləri qanla dolmuşdu, sifətindən qəzəb yağırdı. O, gərgin halda fikirləşirdi: “Bu gün onunla bir yerdə yemək yeyənlərdən kimsə partizanmış! Bəlkə də o, “Mixaylo”dur? Ola bilər!” Gör ha, Şults təcrübəli bir gestapoçu olsa da, onu görə bilməyib! “Mixaylo” onun burnunun dibində, gözlərinin qabağında diversiya düzəldib, heç bir cəza çəkmədən çıxıb gedib, indi də, yəqin ki, heç nə olmamış kimi şəhərdə veyllənir.

Birdən onun gözləri “Mixaylo” haqqında yazılmış elanlardan birinə sataşdı. “Bu partizan kəşfiyyatçının başı üçün təyin edilmiş məbləği artırmaq lazımdır, – deyə o, düşündü. – Bu, vəziyyəti düzəldəcəkmi? Yox, daha ciddi tədbirlər lazımdır. Düzdür, partizanlar qorxuludur, amma ruslar kömək etməsə, onlar nə edə bilərlər? Ruslar durmadan öz sərhədlərinə doğru yaxınlaşırlar, deməli, bir azdan Avropada olacaqlar. Bax, məsələ də bundadır. Hər şeyi əvvəlcədən görmək, ölçüb-biçmək lazımdır”.

Belə düşünən yalnız o deyildi. Triyestə gələrkən, Frankfurt şəhərində anasının dayısı oğlu Ralf fon Hauzengildə qonaq qalmışdı. Ralf Gerinqin dostu idi. O, Ottonun sirr saxlayan bir adam olduğunu bildiyi üçün gizlincə xəbər vermişdi ki, Gerinq öz ov malikanəsində Amerika bankirlərinin nümayəndələri ilə görüşür.

O, yalan demirdi. Şults bilirdi ki, baş qərargahda da müttəfiqlərlə saziş əldə etməyə çalışırmışlar. Həqiqətdə də Hitleri, Krupu, Şultsu, ümumiyyətlə, üçüncü imperiyanı ancaq bu saziş xilas edə bilərdi… Əgər Şults burada da ingilis və yaxud Amerika kəşfiyyatçıları ilə əlaqəyə girə bilsəydi, daha yaxşı olardı. Belə bir əlaqə yaransaydı, partizanlarla mübarizə asanlaşardı. Yoxsa vəziyyət ağırlaşacaqdı. Ancaq bütün bunlara baxmayaraq “Mixaylo”nun başı üçün təyin edilmiş məbləği artırmaq lazım idi.

Baş vermiş hadisədən bir saat keçməmişdi ki, Triyestdə hər şey sakitləşib öz yoluna düşdü. Çünki adamlar partlayışlara alışmışdılar. Axı, yalnız hitlerçilərin yaşadığı binalar partlayırdı. Dinc əhalinin təşvişə düşməsi üçün heç bir əsas yox idi. Əksinə, onlar hər dəfə partlayış səsi eşitdikdə sevinirdilər.

Şults isə hələ də Triyestin küçələrini gəzirdi. Partlayışdan sonra qulaqlarındakı gurultu çəkilməmişdi. Ürəyi də bulanırdı. Öz gəzintisinin mənasızlığını başa düşən Şults, nəhayət, dincəlmək üçün gestapoya tərəf döndü. Yolda o, dünən şəhər əhalisi ilə sönbət edən iki əsgərə rast gəldi. Əgər onun başı ağrıyıb, ürəyi bulanmasaydı, öz hirsini bu əsgərlərin üstünə tökərdi. Əsgərlər Şultsu görən kimi tini dönüb uzaqlaşdılar.

* * *

Hava qaralandan sonra “Mixaylo” öz dostları və qonağı ilə şəhərdən çıxdı. Onlar dəmir yolunu keçməli idilər. İrəlidə bir təhlükə olub-olmadığını yoxlamaq üçün Ancelikanı qabağa göndərib, özləri gözləməli oldular. Nəhayət, donub kövrəkləşmiş qarın xışıltısı eşidildi. Ancelika heç bir söz demədi. Vasyanın qolundan tutub dartdı. Hamısı yola düşdü. Onlar relslərin üstündən keçən zaman keşikçilərin uzaqda tez-tez yanıb-sönən fənərlərinin işığını gördülər.

Qonaq özünü çox yaxşı aparır, heç bir sual vermirdi. Hər işarəni başa düşürdü. İki saat yol getdikdən sonra yolçular it səsi eşitdilər. İt hürüşü getdikcə yaxınlaşırdı. Sonra tutqun işıqlar göründü. Yarım saat sonrasa onlar artıq Prosek qəsəbəsinin həyətləri arasında idilər.

“Mixaylo” böyründə böyük anbar tikilmiş balaca və köhnə bir evin yanında dayandı. Ancelika evin buz bağlamış pəncərəsini astadan tıqqıldatdı. Bir dəqiqə sonra evin qapısı açıldı və kənarda çiyninə qoyun dərisindən uzun bir kürk salmış kişi göründü.

– Bizik, – deyə Vasya xırıltılı səslə pıçıldadı.

– Allaha şükür! Hamınız salamatsınız?

– Hamımız! – deyə Vasya şən səslə cavab verdi.

Kişi artırmadan enib anbara yaxınlaşdı, qapını açdı. Qapı cırıldadığı üçün kişi acıqlı-acıqlı söyüş söydü. “Mixaylo” ilə ev sahibindən başqa hamı içəri girdi.

– Hə, nə var, nə yox? – deyə “Mixaylo” pıçıltı ilə soruşdu.

Ev sahibi də pıçıltı ilə cavab verdi:

– Onlar bura gəlmişdilər.

– Doğrudan?

– Evi ələk-vələk elədilər. Heç kəsi tapa bilmədilər, ancaq qonşunun inəyini apardılar.

– Eybi yoxdur, – deyə “Mixaylo” cavab verdi, – tezliklə müharibə qurtarar, onda…

Ev sahibi onun sözünü kəsdi:

– Deyəsən, qonağınız var?

– Hə, qonaq kimi bir şeydir, – “Mixaylo” başının hərəkəti ilə təsdiq etdi. – Yaxşı, gedin, dincəlin.

Ev sahibi qəti səslə dedi:

– Mən yatmayacağam, gecəniz xeyrə qalsın.

“Mixaylo” içəri girəndən sonra kişi anbarın qapısını örtdü. “Mixaylo” kibrit çəkdi. Vasya anbarın o başındakı xəzəllərin üstündə özünə yer hazırlayırdı. Qonaq ətrafa göz gəzdirib daha münasib bir yer görmədiyi üçün çarəsiz halda xəzəllərin üstünə uzandı.

Ancelika Vasyanın şinelinə bürünərək, anbarın o başından qucaq-qucaq xəzəl daşıyırdı. Kibrit söndü. “Mixaylo” təzəsini yandırdı. Onun yanından ötən Ancelikanın sifəti işıqlandı. Qızın saçlarını qırov örtdüyü üçün ağappaq görünürdü.

– Ancelika, – deyə “Mixaylo” onu səslədi.

Ancelika dayanıb sual dolu nəzərlərlə ona baxdı.

– Sən çox yorulmusan, get evdə yat, özümüz hər şeyi düzəldərik.

Ancelika soyuqdan göyərmiş dodaqlarını dili ilə yalayıb, başının hərəkətiylə razılıq işarəsi verdi.

İkinci kibrit də yanıb qurtarırdı. Ancelika “Mixaylo”nun addım səslərinə qulaq asırdı. O, anbarın o biri başındakı küncə tərəf gedirdi. İndi kibrit o tərəfdə yandı. Ancelika “Mixaylo”nun üzünü seçmirdisə də, əvəzində Vasyanın ona necə nəvazişlə baxdığını görürdü. Ancelika gülümsünüb anbardan çıxdı və qapını möhkəm örtdü.

“Mixaylo” Vasya ilə qonağın arasında uzandı. Üçüncü kibrit də sönəndən sonra anbar qatı bir qaranlığa qərq oldu.

“Mixaylo” ilə Vasya növbə ilə yatırdılar; onlar sözləşmişdilər ki, qonağa nəzarət etsinlər. Amerikalı uzun müddət yata bilmədi, yerində qurcalandı. Bir azdan Vasya hamını oyatdı: yola düşmək vaxtı çatmışdı.

Hələ də yuxulu olan ev sahibi onlara isti süd və qarğıdalı çörəyi gətirdi. “Mixaylo” təşəkkür edib, kişinin gətirdiyi şeyləri aldı. Bir qədər sonra yola düşdülər.

* * *

Hər tərəf göz işlədikcə dumana bürünmüşdü. Buna baxmayaraq, səhərin açıldığı hiss olunurdu. Dağa dırmaşmaq isə get-gedə çətinləşirdi. Yolçular addımlarını yavaşıtmağa məcbur oldular. Qabaqda gedən Ancelika qarlı cığırda tez-tez sürüşüb büdrəyirdi. Vasya ona kömək edirdi. Hamıdan axırda “Mixaylo” gəlirdi. O, yoldaşlarına təklif etdi ki, dayanıb dincəlsinlər.

Yarımsaatlıq istirahətdən sonra onlar yenə yollarına davam etdilər. Kəndlərdən keçib dağları aşdılar. Dağlarda yaşayan əhali “Mixaylo” və onun yoldaşlarını səmimiyyətlə qarşılayır, onlara südə, qarğıdalı çörəyinə və keçi əti bozartmasına qonaq edirdi. Triyestdə yaşayanlar italyanca danışırdılar, buradasa hamı sloven dilində danışırdı.

Yolçular döngələrin birində balaca boylu, möhkəm bədənli, 17 yaşında bir serb qızına rast gəldilər. O, yolçulara xəbər verdi ki, partizanları axtarmağa gələn hitlerçilər Komen kəndinə soxulub bir neçə evi yandırıblar. Qız əlini uzadıb kəndin səmtini göstərdi. “Mixaylo” o tərəfə dönüb dumanın və ağacların arxasından yüksələn alovun şöləsini gördü. Lakin hitlerçilər partizanları lazım olduğu yerdə axtarmırdılar. Bu vaxt partizan briqadasının bölmələrindən biri İdryanın yaxınlığında əməliyyat aparırdı. Sonralar “Mixaylo” qərargahda öyrəndi ki, partizanlar bir qədər itki versələr də, əməliyyat uğurla keçib.

“Mixaylo” Vasya ilə Ancelikaya Plava kəndində qalmağı tapşırdı. Özü yanındakı qonağı ilə qərargaha yaxınlaşan vaxt artıq hava qaralmış, göydə tək-tək ulduz parlamağa başlamışdı.

Partizan briqadasının qərargahı bir neçə gündü ki, şəhərin kənarında yiyəsiz qalmış malikanədə yerləşirdi. Triyestin dövlətli fabrik sahibkarlarından birinə məxsus olan bu malikanə şəhərdən 70 km aralı, hündür dağın başındakı şam meşəliyində yerləşirdi.

Partizanların keşikçiləri və müdafiə dəstələri hər tərəfdən qərargahı əhatə edərək, bütün yolları nəzarət altında saxlayırdılar. Onlar dağın döşü ilə uzanan dar və güclə seçilən bir cığıra xüsusi diqqət yetirirdilər. Briqadanın qərargahı bu cığır vasitəsilə yaxın meşədə yerləşdirilmış əsas qüvvələrlə əlaqə saxlayırdı.

Axşam idi. Malikanənin buxarılarında odun yanır, xüsusi dayaqların üstündəsə partizan çaydanları və qazanlar qaynayırdı. Oyaq olanlar silahlarını təmizləyir, paltarlarını yamayır, çay içir, üzlərini qırxırdılar. Onlar yatanları oyatmasınlar deyə, ehtiyatla və səssiz tərpənirdilər. Tapşırıqdan qayıtmış yorğun adamlar çarpayılarda, divanlarda, masaların üstündə, pəncərələrin içində, kreslolarda və döşəmənin üstündə – hər kəs bacardığı kimi yerləşib yatırdı.

Birdən kimsə qapını taybatay açıb qışqırdı:

– “Mixaylo” qayıtdı.

Bütün malikanə hərəkətə gəldi. Bu xəbər salondan-salona, otaqdan-otağa, pilləkəndən-pilləkənə yayıldı.

Bir dəqiqə sonra adamlar “Mixaylo”nun əlini sıxır, qucaqlayır və tez-tez çiyninə vururdular. “Mixaylo” onların əlindən güclə qurtara bildi.

– Qonağımız da var, – deyə “Mixaylo” başı ilə qapının yanında tək dayanmış yumşaq şlyapalı adamı göstərdi. – Xahiş edirəm ki, ona hörmət eləyəsiniz.

O, pillələrlə bir qədər yuxarı qalxandan sonra ayağında uzun bataqlıq çəkməsi, belindənsə iri bir mauzer sallanan oğlanın qulağına pıçıldadı:

– Gözdən qoyma, Silvio!

“Mixaylo” yüyürə-yüyürə dəhlizi keçdi, qapılardan birini açıb içəri girdi. Üstünə çoxlu kağız və xəritə yığılmış, şamlarla işıqlanan masanın arxasından geniş alınlı, xoşsifət bir kişi qalxdı.

– İcazə olar, yoldaş polkovnik? – deyə “Mixaylo” şən səslə soruşdu.

Polkovnik cavab vermədi. O, sevinclə gülümsəyərək “Mixaylo”ya yaxınlaşdı, əlinin dalı ilə dodağını sildikdən sonra, əvvəlcə bu yanağından, sonra o biri yanağından öpərək oğlanı bağrına basdı.

– Çox sağ ol, Mehdi! – deyə nəfəsini dərib bir də qucaqladı.

Polkovnikin bu nəvazişindən mütəəssir olan “Mixaylo” həyəcanlı və utancaq halda dayanmışdı…

Onlar masaya yaxınlaşdılar.

– Salamatsan, kefin sazdır? – deyə polkovnik, “Mixaylo”nun gözlərinin içinə baxaraq soruşdu.

“Mixaylo” sevincək cavab verdi:

– Hər şey öz qaydasındadır, Sergey Nikolayeviç!

– Əlbəttə ki, bir dəfəyə 630 zabit və əsgərin öhdəsindən gəlmək zarafat deyil! – deyə Sergey Nikolayeviç şən bir hərəkətlə masa üstündəki ensiz kağızı göstərdi. Bu, Triyest şəhərindəki gizli təşkilatın rəhbəri “P” yoldaşın göndərdiyi məlumat idi. – “Döyçe soldatenhaym”da olanlardan cəmi üç-dörd əsgər sağ qalıb. Əyləş.

“Mixaylo” əyləşdi.

– Bu gün Triyestdəki zabitlər mehmanxanasını partladacaqlar, limandasa tankeri yandıracaqlar, özü də iş elə quralacaq ki, faşistlər bunların da “Mixaylo” tərəfindən edildiyini düşünsünlər… Onsuz da onlar inana bilmirlər ki, bizdə belə işləri bacaran adamlar çoxdur. Eybi yox, qoy elə bilsinlər ki, Triyestdə təkcə sən əməliyyat aparırsan.

– Axı, bu, nəyə gərəkdir? Onlar niyə belə düşünməlidirlər?

– Bilirsənmi, Mehdi, əfsanəvi “Mixaylo”nu tutmaq, onu tanımaq və ələ keçirmək daha çətindir… Vasya haradadır?

– Vasya Plava kəndində gizlənib. O, məni təzə tapşırığa gedəndə, cümə günü qarşılayacaq…

– Xəbər ver, gəlsin. Bu hərc-mərclikdən sonra siz azı bir ay şəhərdə görünməməlisiniz…

– Niyə, Sergey Nikolayeviç? – deyə “Mixaylo” etiraz etdi. – Bu dəfə ikimiz də əsgər paltarı geyəcəyik. Özümüzü də bir qədər kefli kimi aparacağıq. Söz yox ki, Vasyanın yanağı daha səyriməyəcək, mən buna arxayınam. Bir də mən bu gün o ki var, şəhəri gəzdim. İndi daha vəziyyəti xəritələr əsasında deyil, olduğu kimi bilirəm…

– Olmaz, Mehdi! – deyə Sergey Nikolayeviç yumşaq, lakin qəti səslə dilləndi. – Belə qısa müddətdə bu qədər rola girmək olmaz: kəndli oğlu, harasa tələsən işgüzar yefreytor, təkəbbürlü, hər yerdə dava salıb, söyüş söyən ober-leytenant… İndi də kefli əsgər olmaq istəyirsən. Qorxuram, müharibə qurtarandan sonra evə qayıdanda rəssamlığı buraxıb artist olasan…

“Mixaylo” siqaret yandıra-yandıra dedi:

– Yox, rəssamlıqdan əl çəkən deyiləm, Sergey Nikolayeviç! Bu gün özümü saxlaya bilməyib San Custoya getdim. İnanırsınızmı, bütün günü orada durub tamaşa eləyə bilərdim…

– Qoy bir görək! Sən dedin, mən də inandım?

– Doğru deyirəm, Sergey Nikolayeviç!

– Yaxşı, yaxşı, hərçənd, bir az mübaliğəçisən, ancaq inanıram. Komandiri gördün?

– Gördüm. Biz yanlarından ötəndə qərargah rəisi ilə postu yoxlayırdı. Axı, mən tək gəlməmişəm.

– Bəs kimlə gəlmisən?

– Nə bilim! Ya ingilisdir, ya da amerikalı.

“Mixaylo” oturacağını polkovnikə yaxınlaşdırdı və bir neçə sözlə yad adamla görüşünü, onu bura gətirmək fikrinə necə düşdüyünü nağıl etdi.

– Belə… – Sergey Nikolayeviç fikrə getdi. – Axı, sən onu nə məqsədlə gətirmisən?

– Mən ki o qədər də risk eləməmişəm, Sergey Nikolayeviç. Əgər o, doğrudan da, müttəfiqlərin adamıdırsa, biz nədən qorxuruq? Yox, əgər düşməndirsə, lap yaxşı! Bizim əlimizdən qurtara bilməz.

– Birdən qaçsaydı?! Bu, sənin heş ağlına gəlməyib? Sizi öldürərdi, sonra da bizim adamlarımızın ünvanlarını və parollarımızı bildiyi üçün uğurla geriyə, almanların yanına qayıdardı. Sonra da gəlib bizi mühasirəyə alardılar!

Mehdi qaşlarını çatıb dodağını dişləri arasında sıxaraq oturmuşdu.

– Axı, siz bizim adamların yanında qalırdınız, bizim gizli yollarımızla gəlirdiniz.

– Elədir…

Onlar susdular. Sonra Mehdi yavaş-yavaş başını qaldırıb qətiyyətlə dedi:

– Siz haqlısınız, Sergey Nikolayeviç. Mən böyük ehtiyatsızlıq etmişəm.

Polkovnik oturacağın arxasına söykənərək gülümsündü.

– Yox, Mehdi! Elə məsələ də orasındadır ki, sən ehtiyatsızlıq etməmisən. Naməlum adamı bura gətirməkdə düzgün iş görmüsən. Özü də sən tamamilə haqlı olaraq mənə deyə bilərsən ki, yoldaş polkovnik, məni nahaq yerə sıxma-boğmaya salmısınız. Bu adam bizim keçəcəyimiz yolları bilirdi. O, görünür, partlayışdan da xəbərdar idi və bu məlumatı almanlardan ala bilməzdi. Əgər almanlar əvvəlcədən xəbərdar olsaydılar, gümanım gəlmir ki, “Döyçe soldatenhaym”ı partlatmağa imkan verəydilər. Deməli, o, məlumatı kimdənsə, bizim adamlarımızdan alıbmış. O, hələ başqa əlavə məlumat öyrənmək üçün də çətinlik çəkməyəcəkdi. Deməli, əgər o istəsəydi, bizim yerimizi tapa bilərdi. Əgər mən onu buraxsaydım, kim bilir, bunun nəticəsi nə ola bilərdi! Sonra, güman etmirəm ki, o, almanların xeyrinə işləmiş olsun, əks-təqdirdə məni almanların əlinə verərdi, bu işə onun imkanı vardı. Bax, Mehdi, görürsənmi, sən mənə necə sözlər deyə bilərdin, hələ bəlkə, bundan da artıq! Ancaq heç nə demədin…

– Bu sözlər heç mənim ağlıma gəlməmişdi!

– Çünki sən ürəyində baş qaldıran ilk hissə qapılıb hərəkət etmisən! Bax, bu pisdir!

– Deməli, siz özünüz bilə-bilə məni sınayırsınız?

– Bəs sən necə bilirdin? Sən danışan kimi o dəqiqə başa düşdüm ki, öz hərəkətindən razısan! Axı bu, birinci dəfə deyil, Mehdi! Mən bunu çoxdan hiss etmişəm. Nə qədər çox risk edirsənsə, bir o qədər sevinirsən. Qanın qaynayır. Lakin ola bilər ki, sən qorxu bilmədən özünü təhlükəyə atanda təkcə özünü deyil, başqalarını da zərbə altında qoyarsan! O keşikçi ilə olan əhvalatı xatırlayırsanmı?

– Keçən əhvalatları xatırlamaq nəyə lazım, Sergey Nikolayeviç? – deyə Mehdi etiraz etmək istədi.

– Daha neyləyim, görəndə ki, özün yaddan çıxarmısan, məcbur oluram mən yadına salım…

Yox, Mehdi heç bir şeyi yaddan çıxarmamışdı. O vaxt Mehdi almanların keşikçi postunun yanından keçirdi. Alman keşikçisini yatmış görüb, onu itələyərək çaya salmışdı. Polkovnik bundan xəbər tutan kimi Mehdini yanına çağırtdırıb mülayimlikə onu başa salmışdı ki, belə zarafat etmək cavan qızlara daha çox yaraşır. Ancaq Mehdini nədənsə (o, belə də dedi: “nədənsə”) hamı təcrübəli kəşfiyyatçı hesab edir. Gərək o düşünəydi ki, almanlar keşikçilərinin yoxa çıxdığını görüb səs-küy qaldıra bilərdilər. Beləliklə də, Mehdi kazarmanı partlatmaq imkanından məhrum ola bilərdi… Sergey Nikolayeviç sakit və təmkinlə danışırdısa da, lakin Mehdiyə elə gəlmişdi ki, polkovnik onun üstünə çığırıb söymüşdü! O özünü doğrultmağa çalışmışdı. “Məgər faşistlərdən daha bir nəfərin azalmasına Sergey Nikolayeviçin hayıfı gəlir?”

– Mehdi, sən birdəfəlik başa düş ki, hər necə eləsən təkbaşına faşistlərin hamısını qırıb qurtara bilməyəcəksən, – deyə polkovnik cavab vermişdi, – Sən başqa şeyin qayğısına qalmalısan: əsas fikrin tapşırığı uğurla yerinə yetirməkdən ibarət olmalıdır.

Yox, Mehdi heç bir şeyi yaddan çıxarmamışdı! O, hətta bütün çətinliklərə baxmayaraq, kazarmanı partlatdığını da xatırlayırdı. Özü də necə partlayış! Bu partlayışın nəticəsində kazarmadan heç xatirə də qalmamışdı.

– Yadındamı, – deyə Sergey Nikolayeviç sözünə davam edirdi. – Meydanda kiminsə qışqırdığını eşidib, Ancelika ilə bərabər kəndə necə soxulmuşdun?

– Axı mənə elə gəldi ki…

– Sənə necə gəldiyini bilirəm, Mehdi. Ancaq hitlerçilər orada adam öldürmək istəsəydilər belə, sən onu xilas edə bilməyəcəkdin. Əksinə, özün də onların əlinə keçə bilərdin.

– Sergey Nikolayeviç! – deyə Mehdi yalvarıcı səslə polkovnikə müraciət etdi. – Axı siz niyə elə pis şeyləri xatırlayırsınız! Elə çıxır ki, mən ancaq biabırçı işlər görmüşəm… Bəs bizim adamları həbs düşərgəsindən azad etməyimiz yadınızda deyil? Məgər mən orada da səhv iş tutmuşdum? – Mehdinin gözləri parladı. – Özümü güclə saxlayırdım! Ancaq saxladım!

– Hə, görürsən, məndən incidin! – deyə polkovnik güldü. – Mehdi, sən lap sizin o Bakı neftinə oxşayırsan; kibrit yaxınlaşdıran kimi alışırsan! Düz deyirsən, düşərgə əməliyyatı yaxşı idi. Çox yaxşı idi! Sən gördüyün iş nadir hallarda pis olur. Ancaq olur! Lakin olmamalıdır! Mehdi, sən kəşfiyyatçısan, sən çox şeyə cavabdehsən. Buna görə də hər addımını hesablamalısan. Yüz ölçüb, bir biçməlisən! Risk deyirsən? Yaxşı, sözüm yoxdur! Ancaq risk edəndə də dərindən fikirləşib etməlisən! İndisə xüsusilə ehtiyatlı olmaq lazımdır. Axı, Ferrero ehtiyat və sayıqlığı ikiqat artırmaq haqqında əmri nahaq yerə verməyib!

Polkovnik ayağa qalxıb Mehdiyə yaxınlaşdı və əllərini onun çiyninə qoydu.

– Başa düşdünmü, mənim əzizim? – Sonra zarafatla başını yırğalayıb davam etdi, – Yaman dəliqanlısan!

Bu vaxt otağın qapısı açıldı. Briqadanın komandiri Luici Ferrero içəri girdi. Bu, balaca boylu, uzun, çal bığlı, iri və qabarlı əlləri olan bir kişi idi. Briqadanın qərargah rəisi Karranti də onunla gəlmişdi. Bu da çox bacarıqlı, qızğın, lazım gəldikdəsə soyuqqanlı və təmkinli olmağı bacaran bir adam idi. Karranti briqadada Ferrerodan sonra ən böyük nüfuza malikdi. O, qərargah işlərini də çox gözəl bilirdi.

Ferrero polkovniklə salamlaşdıqdan sonra Mehdiyə tərəf döndü:

– Bu gün səninlə gələn o adam kim idi?

Mehdi qızardı:

– Vallah, özüm də heç yaxşı bilmirəm. Deyir ki, müttəfiqlərin adamıdır. Guya ona tapşırmışlar bizə xəbər versin ki, partlayıcı maddələri bizim üçün sabah yox, birisigün təyyarə ilə tullayacaqlar.

Ferrero köksünü ötürüb, bığlarının ucunu gəmirə-gəmirə otaqda gəzişməyə başladı. Sonra o, qayğıkeş bir ifadə ilə Sergey Nikolayeviçə baxaraq astadan dedi:

– Hə, az qala yadımdan çıxacaqdı. Markos uşaqlarla bərabər tapşırığa gedir. Onlarla görüşüb danışmaq istəmirsən ki?

Polkovnik başı ilə razılıq işarəsi verib, üst-başını düzəldərək otaqdan çıxdı.

Ferrero oturacaq çəkib əyləşdi. Karranti də oturdu.

– Görürsənmi, “Mixaylo” – deyə Ferrero danışmağa başladı, – indi məlum olur ki, partlayıcı maddələri bu gün yox, iki gündən sonra tullayacaqlar. Almanların eşelonları isə sabah ötüb keçir.

Otağa sükut çökdü. Karranti dedi:

– Bəlkə o ingilisdir, amerikalıdır, nədir, təzə gələn adamı deyirəm, bəlkə onu bir sorğu-suala çəkək?

– O amerikalıdır, – deyə otağa qayıdan Sergey Nikolayeviç qəti səslə bildirib qapını dalınca möhkəm örtdü. Həmişə olduğu kimi, indi də böyük həyəcan keçirən polkovnikin sifəti ciddiləşmiş və üzünün əzələləri bərkiyib yumru-yumru olmuşdu.

O, oturacağa yaxınlaşıb oturdu.

– Sən onu tanıyırsanmı, polkovnik? – deyə Ferrero şübhə ilə soruşdu.

Sergey Nikolayeviç dilləndi:

– Bu, həmin adamdır ki, həbs düşərgəsinə gəlib bütün amerikalıları özü ilə apardı…

“Mixaylo” özünü saxlaya bilməyib yerindən qalxdı və təəccüblə səsləndi:

– Əcəb!

– Əyləş, – deyə Ferrero mülayim hərəkətlə onu yerinə oturtdu. – Sən bunu necə yadında saxlaya bilmisən, Sergey Nikolayeviç?!

– Yadımdadır, – deyə polkovnik inadla israr etdi. – O, gestapodan kağız gətirib, zəncilərdən başqa bütün amerikalı əsirləri özü ilə apardı.

Karranti təəccüblə qaşlarını dartdı:

– Söz yox, zənciləri aparmamaqda pis iş görüb, lakin belə cürətli bir iş üçün onu təqdir etmək lazım deyilmi?

– Bu cür işi ancaq bir vasitə ilə – gestaponun rəhbərləri ilə sıx əlaqədə olmaq vasitəsilə görmək mümkün idi. Mən yaralı yatırdım. O, əyilib mənə baxdı. Onun sifəti yaxşı yadımdadır; soyuq və laqeyd baxışları hələ də xatirimdən silinməyib.

Ferrero yenə də çubuğunu tüstülətdi:

– Ola bilər, mümkün olan şeydir! – deyə Karranti razılaşdı. – Sizin fikrinizcə, bura da bir məqsədlə gəlib?

Sergey Nikolayeviç qətiyyətlə dedi:

– Onun nə məqsədlə gəldiyini müəyyən etmək lazımdır. Ona göz qoymaq gərəkdir, verdiyi bütün məlumatı başımıza gələn hadisələrlə tutuşdurmalıyıq. Hələlik ilk məlumatdan görünür ki, partlayıcı maddələri birisigün tullayacaqlar. Hitlerçilərin eşelonları isə sabah yola düşür.

Polkovnik bu sözləri deyib mənalı nəzərlərlə otaqdakıları süzdü.

– Düz deyir. Mənim müavinim doğru deyir, – deyə komandir təsdiq etdi.

Karranti də razılaşdı:

– Doğrudur.

– Hələlik onu yaxşıca dindir, – deyə komandir Karrantiyə əmr etdi.

Karranti komandirin əmrini yerinə yetirmək üçün otaqdan çıxdı.

* * *

Gecədən xeyli keçmişdi.

Karranti tapançasını hazır tutaraq boz paltolu adamı həyətə çıxartdı. Gözətçilər Karrantini tanıdılar. Lakin Karranti onlara inanmayaraq, yalnız parolu deyib, cavab aldıqdan sonra qabağındakı adama irəli getməsini əmr etdi.

Qərargah rəisi hündür qayaya tərəf gedən cığırla irəliləyirdi.

– Yaxşı, nəhayət, mən danışa bilərəm, ya yox? – deyə boz paltolu adam yavaşcadan dilləndi.

Karranti də eyni səslə ona cavab verdi:

– İndi danışa bilərsən. Ancaq Con, mənim yanımca yox, qabaqda getməlisən.

– Lənət şeytana, məgər mən bu qədər əzab-əziyyəti onun üçün çəkmişəm ki, təzə əngəllərə düşəm? – deyən Con astadan donquldandı.

Karranti sakit səslə dedi:

– Mən sənin dalınca gəlirəm, danış.

– Bura bax, Çarlz, mən bir daha səninlə görüşə biləcəyimə ümid etmirdim. Yaxşı ki, sən o “Mixaylo” haqqında xəbər vermişdin. Mən onun evi partlatmasına mane olmaq istəmədim. Lakin ondan istifadə eləyib, buraya gəldim.

– Sən nə vaxt bir ağıllı iş görmüsən ki? – deyə Karranti istehza ilə cavab verdi.

– Zarafatı burax, Çarlz.

– Yaxşı, danış, qulaq asıram.

– Partlayıcı maddələr biri gün də tullanmayacaq. Briqadanı 11-ci kvadrata aparmaq lazımdır. Xəritədə taparsan. Həmin bu yerdə briqadanı almanların cəza diviziyası gözləyəcək. Çalış, özünü korpusun qərargahına sal. Hər vasitə ilə olursa-olsun, komandiri sıradan çıxarmaq lazımdır. Ruslardan mümkün qədər çox məhv etmək lazımdır. Gələcək göstərişləri adi qayda ilə alacaqsan.

– Qurtardın?

– Qurtardım. Lənət şeytana, daha yol yoxdur. Qabağımda uçurum var.

– İndi dönə bilərsən, Con! – deyə Karranti icazə verdi.

Con döndü. Onlar qayanın təpəsindəki tənha şam ağacının altında durmuşdular. Karranti asta səslə bildirdi:

– İndi, Con, dua oxu! Bu dəqiqə səni güllələcəyəm.

– Zarafatı burax, Çarlz… – deyə Con sözə başlayan kimi Karranti aman verməyib tapançanı qaldırdı.

Conun bütün əzaları boşaldı, dizləri titrəməyə başladı, ürəyində nəsə dartılıb sancdı.

– Con, səni tanıyıblar, mən də, özün bilirsən, qərargah rəisi olana qədər itin əzabını çəkmişəm, – deyə Karranti laqeyd səslə izah etdi.

Con nəfəsi tutula-tutula yalvardı:

– Yaxşı, bəlkə məni birtəhər qaçıra bildin?!

– Olmaz! Mən şübhədən kənar olmalıyam, Con, – deyə Karranti cavab verdi.

Con ölümə məhkum edilmiş bir ov kimi onun qabağında durmuşdu.

– Con, sən yaxşı oğlansan. Başa düşməlisən ki, mənim burada keçirdiyim hər günə xeyli dollar verirlər. Mən bunlardan məhrum olmaq istəmirəm, – deyə Karranti keşişlərə məxsus nəsihətamiz bir tövrlə danışırdı.

Birdən Con onun üstünə tullandı, tapança açılanda Conun cəsədi uçurum aşağı yuvarlandı.

İki nəfər keşikçi yüyürə-yüyürə qayanın təpəsinə çıxdı. Karranti tələsmədən tapançanı yerinə qoydu…

İkinci fəsil

Gecəyarısı idi. Sergey Nikolayeviç yatan döyüşçüləri oyatmamaq üçün ehtiyatla addımlayaraq, dəhlizdən keçirdi. Onun uzunboğaz çəkmələri köhnə olmasına baxmayaraq cırıldayırdı. Sergey Nikolayeviç fənərdən düşən gur işığın qabağını əli ilə kəsib, dəhlizin ortasına sərələnərək yatmış cavan bir partizanın ayaqları üzərindən addadı. Öz doğma yurdlarından didərgin düşmüş insanlar… Axı, bunların hərəsinin öz evi var. Ya da varmış! Bax, bu qocanın da, bu pəhləvan cüssəli oğlanın da, bu qarabuğdayı, dəliqanlı korsikalı Anri Düezin də… Deyəsən, onun ciyəri xəstədir, gör necə öskürür!.. Bax, bu qız da yaman cəsur qızdır. Deyəsən, onun adı Lidiya Planiçkadır, çex qızıdır. İndi öz ev-eşiyində olmalı, işdən qayıdan əri üçün yemək hazırlamalı idi. Ancaq o, yatanda da silahı əlindən yerə qoymur. Lidiyanın ərini keçən həftə, gecə vaxtı alman kazarmalarına basqın etdiyi vaxt öldürmüşdülər. O, müəllim idi. Cüzeppe çox yaxşı adam idi. Sergey Nikolayeviçin də ev-eşiyi vardı. Arvadı Tanya və Petka adlı oğlu vardı.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации