Электронная библиотека » İmran Qasımov » » онлайн чтение - страница 4

Текст книги "Uzaq sahillərdə"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: İmran Qasımov


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

– Daha niyə qaçırdın? – deyə Vasya soruşdu.

Yanko təqsirli adamlar kimi gözlərini döyüb, qaşqabağını tökdü.

– Polkovnik Sergey Nikolayeviç mənə demişdi ki, onların dalınca getməyim, – deyə donquldandı.

Vasya məzəmmətlə dilləndi:

– Sən də dözə bilməyib, getdin? Uşaq gərək öz yerini bilsin, böyüklərin əl-ayağına dolaşmasın.

Yanko etinasız baxışla Vasyanı təpədən-dırnağa qədər süzdü. Görünür, özü ilə Vasya arasında böyük bir fərq görmürdü.

– Niyə lovğalanırsan? Səni də aparmayıblar ki! – deyə o, hiyləgərcəsinə gülümsündü.

Vasya ilə Ancelika bir-birinə baxdılar. Ancelika Yankonun əlindən tutdu. Yankonun əli buz kimi soyuq idi. Ancelika dedi:

– Yanko, bu saat evə get, əllərini qızdır.

– Gedirəm, – deyə Yanko bir an ayaq saxladı, – ancaq siz polkovnikə bir söz deməyin.

Ancelika soruşdu:

– Məgər onlar burdan keçəcəklər?

– Hə. Deməyin, yaxşı? Onlar ancaq bir saatdan sonra burda olacaqlar. İzlərini itirmək üçün meşəni dolanacaqlar.

Yanko yüyürə-yüyürə uzaqlaşdı. Vasya Ancelikaya dedi:

– Bu oğlan yaşına görə çox bilir.

– İndi hamı belədir…

– Gəl, dəstənin qabağına gedək, – deyə Vasya təklif etdi.

Ancelika razılaşdı və onlar bayaq Yankonun gəldiyi səmtə yönəldilər.

Dağın lap zirvəsində balaca bir kilsə görünürdü. Vasya ilə Ancelika dəstəni uzaqdan görmək üçün həmin kilsənin ensiz pillələri ilə qülləyə çıxdılar. Buradan baxanda aşağıdakı vadiyə geniş bir mənzərə açılırdı. Dəstə hələ görünmürdü.

Vasya ilə Ancelika dəstənin yaxınlaşmasını gözləmək üçün qüllənin məhəccəri üzərində oturdular. Ancelikanın yanaqları ayazdan qızarmışdı. Qız indi o qədər gözəl görünürdü ki, Vasya özünü saxlaya bilməyib onu qucaqladı… Ancelika Vasyanı itələmədi, ancaq çox mehribanlıq da göstərmədi.

– Vasya, – deyə dilləndi, – danış görüm, Mehdi ilə necə tanış oldun?

Vasyanın yerində başqa adam olsaydı, bəlkə əllərini qızın çiynindən çəkərdi. Lakin Vasya qızın bu sualında heç bir qeyri-adi şey hiss etmədi. Məgər onun özü də dostu haqqında azmı düşünürdü?

Vasya Mehdi ilə necə tanış olduğunu partizan yoldaşlarına dəfələrlə danışmışdı. İndi də qulaqlı papağını düzəldib Ancelikaya danışmağa başladı.

– Məsələ belə olmuşdu: hitlerçilər məni Almaniyaya aparanda cəmi 16 yaşım vardı…

– Bunu bilirəm, mənə danışmısan. Sonra sən qaçmısan, təzədən tutublar.

– Hə… deməli, o vaxt bizi Triyestə gətirdilər…

Triyestdə Vasya ilə yoldaşları dəmir yolunu, körpüləri təmir edirdilər. Bu, Vasyanın xoşuna gələn, ürəyinə yatan yeganə iş idi. Onlar körpüləri təmir etməyə macal tapmamış, körpülər təzədən partladılıb yerlə-yeksan edilirdi. Əlqərəz, iş yaxşı gedirdi. Amma yeməyə bir şeyləri yox idi. Hərdən rəhmdən sloven qadınları onlara süd, ya da kökə verməyə imkan tapa bilirdilər.

Bir dəfə Vasyanın yanından ötən bir qadın kağıza bükülmüş kətə parçasını əlindən yerə saldı. Vasya daldan onu səslədi. Lakin qadın dönmədi. Onda Vasya anladı ki, qadın bunu bilə-bilə eləyib. Vasya kətəni yerdən qaldırıb yoldaşlarının arasında bölüşdürmək istəyirdi ki, kimsə əlini uzadıb kətəni dartdı. Bu, onlara nəzarət yetirən hitlerçi idi. Vasya isə yaman acmışdı. Nəzarətçi kətəni öz çantasında gizlətdi. Vasya hitlerçini izləməyə başladı. Nəzarətçi çantasını vaqonun qapısı ağzında qoyub içəri girdi.

Vasya gizlincə vaqona yaxınlaşıb çantanı açdı və öz kətəsini çıxartdı. Lakin o, vaqondan uzaqlaşmağa macal tapmamış qarşısında başqa bir hitlerçinin – enlikürək, qarabuğdayı bir kiçik zabitin dayandığını gördü.

Zabit gözlərini ona zilləmişdi. Vasyaya elə gəlirdi ki, daha ömrünün axırı çatıb. İndi onu öldürəcək, olmazın əzablar verəcəklər. Kiçik zabit Vasyaya yaxınlaşıb dalınca gəlməsini əmr etdi. Onlar dəmir yolundan 10-15 addım aralandıqda hitlerçi təmiz rus dilində Vasyaya müraciət etdi:

– Adın nədir, oğlan?

– Vasya, – deyə o, təəccüblə cavab verdi.

Kiçik zabit yenə soruşdu:

– Ata-ananı faşistlər öldürüb?

Bu, doğrudan da, belə idi. Bəs kiçik zabit bu məsələni nə üçün xatırladırdı? Oğlan lap özünü itirmişdi. O, kiçik zabiti ilk dəfə görürdü, ancaq zabit onunla elə danışırdı ki, guya Vasyanın qonşuluğunda – Smolenşinada yaşayır. O, Vasyanın həyatına aid olan çox şeyləri bilirdi. Birdən kiçik zabit yavaş, lakin səmimi bir səslə dedi:

– Bəs sən faşistlər üçün necə işləyirsən?

Vasya bu suala cavab verə bilərdi. O deyə bilərdi ki, məmnuniyyətlə işləyirəm, çünki partizanlar onun və yoldaşlarının təmir etdikəri şeyləri o dəqiqə havaya sovururlar. Lakin Vasya susub şübhəli-şübhəli kiçik zabitə baxırdı. Bu, çox qəribə alman idi. “Bəlkə, o, bilə-bilə belə deyir? Bəlkə, məndən söz almaq istəyir” – deyə Vasya fikirləşdi və dilini saxlamaq qərarına gəldi.

– Gedib işləyə bilərəm?

– Get! – deyə kiçik zabit ciddi bir tövrlə cavab verdi.

Vasya getdi.

Sonra Vasya uzun müddət bu barədə fikirləşdi. Bəlkə kiçik zabit onun üçün tələ qurur? Kim bilir, bəlkə də, sabah Vasyanı asacaqlar, ya da hamının gözü qabağında güllələyəcəklər…

Lakin sabahısı gün onları yenə işə aparanda həmin zabit Vasyaya yaxınlaşdı. O, dalınca gəlməsini başı ilə Vasyaya işarə etdi. Onlar kifayət qədər aralandıqdan sonra kiçik zabit çantasından bir parça yağ-çörək çıxardıb Vasyaya uzatdı. Vasya çörəyi almadı.

– Al, Vasya, – deyə kiçik zabit təkid etdi.

Vasyaya elə gəldi ki, kiçik zabit bu sözləri deyərkən səsi titrədi. Buna görə də o, pərt olub çörəyi aldı və cibində gizlətdi.

– Gizlətmə, ye, – deyə kiçik zabit nəvazişlə dilləndi. – Yoxsa yenə əlindən alarlar.

Vasya yeməyə başladı. Kiçik zabit diqqətlə ona fikir verirdi:

– Vasya, heç xəbərin var? Smolensk azad edilib, – deyə kiçik zabit astadan ona xəbər verdi.

Vasyanın ürəyi sızıldayıb döyünməyə başladı.

– Sən evinizə qayıtmaq istəmirsən? – zabit ondan soruşdu.

Vasya bu qəribə almanın səsində bir qüssə hiss etdi. Yox, bu, hitlerçiyə qəti bənzəmirdi. Lakin Vasya yenə də ona şübhə ilə baxırdı.

– Ye, Vasya, ye, ancaq mənə qulaq as.

Vasya başı ilə razılıq işarəsi verdi.

– Sizin içərinizdə yaxşı uşaqlar var?

Vasya özünü saxlaya bilməyib:

– Var! – dedi.

Bu zabitdə nəsə adamı ona inanmağa məcbur edən bir şey vardı. Onun nəzərləri mərhəmətli və qayğıkeş idi. Səsi də adama nədənsə, doğma və tanış gəlirdi. Lakin onun əynindəki geyim, zabit forması Vasyanı ehtiyatlı olmağa çağırırdı. Buna görədir ki, o “var” dedikdən sonra peşman oldu.

– Yaxşı, get, işinlə məşğul ol, – deyə kiçik zabit sakit səslə ona icazə verdi.

Vasya dünənkindən də artıq həyəcanlamış halda geri qayıtdı.

Üçüncü gün kiçik zabit yenə gəldi. Bu dəfə Vasya özü ona yaxınlaşdı. Onlar kənara çəkildilər. Kiçik zabit rütbə etibarilə nəzarətçidən böyük olduğu üçün heç kəs ona mane olmurdu. Bundan başqa Vasya sonralar öyrəndi ki, kiçik zabitin alman kəşfiyyatına mənsub olduğu haqda şəhadətnaməsi vardır.

– Vasya, – deyə sözə başladı. – Mən… – O, bir də Vasyaya diqqətlə baxdı və qəti səslə davam etdi, – Mən sovet adamıyam…

– O Mehdi imiş! – deyə Ancelika yavaşdan dilləndi.

– Hə, o idi. Ancelika, sən heç təsəvvür edə bilməzsən ki, “sovet adamıyam!” sözləri mənə necə təsir etdi. Mənim dizlərim büküldü, yerə oturub ağlamağa başladım. Ömrümdə belə ağlamamışdım. Mən göz yaşlarımı saxlamaq istəmirdim.

Kiçik zabit öz həqiqi adını dedikdən sonra Vasyadan xahiş etmişdi ki, inandığı başqa yoldaşlarla da dil tapsın. O, partizanların yanına getmək üçün Vasyagilə kömək etmək istəyirdi.

Vasya inandığı adamlarla danışıb şərtləşmişdi ki, qaçsınlar. Onlar səhərə qədər gözlərini yuma bilmədilər. Noyabr ayı olduğu üçün hava gec işıqlanırdı. Onlar səhərin açılmasını səbirsizliklə gözləyirdilər. Nəhayət, dan yeri ağardı. Gecə partizanlar dərədən keçən arxın şlüzünü partlatdıqları üçün hitlerçilər düşərgədəki fəhlələri ora apardılar. Kiçik zabit iş yerinə gəldi. Uşaqlar uzaqdan onu gördülər. Budur o, gözətçiyə yaxınlaşdı, cibindən bir kağız çıxardıb təkəbbürlə ona uzatdı. Gözətçi kağızı nəzərdən keçirtdikdən sonra işləyənlərə tərəf döndü. Vasya başa düşdü ki, bu, onların siyahısıdır. Gözətçi onları adbaad çağırmağa başladı. Çağırılanlar ancaq Vasyanın seçdiyi adamlar idi. Onlar işi buraxıb gözətçinin yanına yığıldılar. Gözətçi dodaqlarını əyə-əyə dedi:

– Cənab kiçik zabit sizi başqa iş yerinə aparacaqdır. Yaxşı işləməsəniz özünüzdən küsün!

Kiçik zabit fəhlələrə dalınca gəlmələrini əmr etdi və onları funikulyora mindirib Opçinaya gətirdi. Bura çatdıqdan sonra kiçik zabit onları piyada apardı. O, bütün yolu susur, bir kəlmə də olsun, danışmırdı. Uşaqlar hərdənbir sualedici nəzərlərlə bir-birinə baxır və dinmirdilər.

Budur, kiçik zabit darvaza qabağındakı skamyanın üstündə oturan bir qızın yanında dayandı. Qız, kimisə gözləyirdi. Vaxt keçsin deyə, o, naxışlı yun corab toxuyurdu. Qız başını yüngülcə tərpətdi. Kiçik zabit yoluna davam etdi.

Sonra Vasya ətraf kəndlərdə belə qızlara tez-tez təsadüf edirdi. O, artıq bilirdi ki, bu qızlar nahaq yerə oturub corab toxumurlar.

Onlar uzun və alçaq bir hasara çatdılar. Kiçik zabit uşaqları böyük bir həyətə apardı. Burada dərin və sıldırım bir uçurumun kənarında yastı damlı kiçik ev vardı. Vasya birdən-birə yerində dondu, bədəni bumbuz oldu. O, həyətdə bir neçə silahlı hitlerçi gördü.

”Bizim üçün tələ qurublar” – deyə Vasya fikirləşdi. Az qaldı ki, tullanıb kiçik zabitin boğazından yapışsın. Lakin kiçik zabit kimi isə səslədi, evdən bir qarı çıxdı. Qarının adı Marta Kobıl idi. O, mülayimliklə gülümsünüb, qapıdan içəri qışqırdı ki, qonaqlara şərab gətirsinlər.

– Özünüzü sərbəst hiss edə bilərsiniz, – deyə kiçik zabit uşaqlara müraciət etdi.

Onlar həyətdəki kiçik daşların üstündə oturdular. İki cavan qız şərabla dolu balaca bir çəlləyi həyətə diyirlətdi. Sonra da Vasyagilə stəkan və fincan payladılar. Kiçik zabit də əsgərlərlə bərabər oturanlara yaxınlaşdı. O, əlindəki şərabla dolu qabı yuxarı qaldırdı:

– İçək, dostlarım!

Sonra onları yenə də sıraya düzüb yola saldılar. Axşam düşürdü. İrəlidə dəmir yolu xətti görünürdü, burada alman patrullarına təsadüf etmək olardı. Onlar nəfəslərini gizlədərək ehtiyatla addımlayırdılar. Nəhayət, dəmir yolunu ötdülər. Yol uzun idi. Birdən kəndlərdən birinin yaxınlığında onları səslədilər:

– Dur!

Kiçik zabit parolu dedi.

– Keçin, yoldaş “Mixaylo”, – deyə kimsə qaranlıqdan cavab verdi.

Onlar artıq partizanların əlində olan əraziyə çatmışdılar. Burada onlara yemək verdilər. Vasyagil özlərini elə itirmişdillər ki, baş verən hadisələri lazımınca düşünüb dərk edə bilmirdilər.

Onları qərargaha gətirdilər. Beləliklə də, Vasyagil partizan oldular. Onlar ilk döyüş tapşırığına gedəndə necə də sevinirdilər! Hər dəfə zirehli maşınları, tankları və dəmir yollarını partlatdıqda onların gözləri qəzəb və sevinclə alovlanırdı.

Mehdi həmişə Vasyanın yanında olurdu. Çətin və təhlükəli dəqiqələrdə onu ölümün pəncəsindən az xilas etməmişdi.

Vasya susdu.

– Danış, Vasya, – deyə Ancelika xahiş etdi.

– Yox, Ancelika, belə getsə, mən bir neçə gün dalbadal danışa bilərəm, – deyə Vasya gülümsündü. – Hə, budur, bax, dəstə də gəlib çatdı.

Onlar tez qüllənin meydançasına sıçrayıb pillələrlə aşağı yüyürdülər.

Ancelika Sergey Nikolayeviçin yanına çatan kimi həyəcanla soruşdu:

– Bəs Mehdi hanı?

– Qərargahdadır. Hə, lap yaxşı oldu, elə siz də orada lazımsınız, – deyə polkovnik bir qədər fikirləşdi və əlavə etdi, – Mənə elə gəlir ki, lazım olacaqsınız. Siz Triyestə qayıtmamışdan qabaq bəzi şeyləri aydınlaşdırmaq gərəkdir.

– Olmaya bir hadisə baş verib? – deyə Ancelika təşvişlə soruşdu.

– Gedərik, hər şeyi bilərsiniz.

Üçüncü fəsil

Karranti qərargahdakı müşavirədə ətraflı danışır, dəstələrin, hətta briqadanın almanları çaşdırmaq üçün yerlərini tez-tez dəyişdirmələrini tələb edirdi.

Karrantinin rəngi qaçmışdı. O, tez-tez dili ilə qurumuş dodaqlarını yalayır, bəzən də sir-sifətini qırışdıraraq əli ilə başındakı sarğını yoxlayırdı. Lakin karandaş tutmuş barmaqları titrəmirdi.

Onun bütün söylədikləri düzgün, lazımlı və öz vaxtında deyilmiş sözlər idi. Lakin Ferrero qərargah rəisinə qarşı artan nifrətini gizlətmək üçün əzab çəkməli olurdu. Ferrero hər cür fiziki və mənəvi əziyyət və çətinliklərə böyük təmkin, möhkəm iradə ilə dözə bilən adam idi. O, dünyada heç bir çətinlikdən qorxmaz və ehtiyat etməzdi. Lakin belə adamlar öz hislərini gizlədə bilmirlər: əlini kəs, ancaq istədiklərini deməyə icazə ver. Dünya onun nəzərində dost və düşməndən ibarət idi. O, birinciləri nə qədər hərarətlə sevirdisə, ikincilərə də bir o qədər nifrət bəsləyirdi.

Luici Ferrero 22 yaşı olanda çilingər şagirdi vəzifəsində işləmişdi. Bu vaxt o, qonşu sexdə işləyən girdəsifət bir ştampçı qızı sevdi. Onlar evləndilər. Üç ildən sonra Ferreronun arvadı vərəmdən öldü. Təzə ayaq açmış oğlu yetim qaldı. Luici arvadının qəbri üstündə çox ağladı.

Zavodda heç kəs texniki təhlükəsizlik qaydalarına riayət etmirdi. Günlərin birində kalibriyalı bir oğlanın əli maşında qalıb kəsildi. Fəhlələr işi dayandırdılar. Tətil yatırılandan sonra başçılarından birini – çilingər şagirdi Ferreronu işdən qovdular. Ferrero bunu eşitdikdə kontorun şüşəsini sındırıb, müdirin üzünə tüpürdü. Onu həbsxanaya saldılar. Ferrero həbsxanada bir il qaldı; orada da nəzarətçiləri əclaf adlandıraraq, həbsxanaya od vuracağını bildirdiyi üçün dustaqlıq vaxtını üç dəfə uzatdılar.

Həbsxanadan çıxandan sonra o, oğlunun da öldüyünü bildi. Luici başqa zavoda getdi. Bir azdan oradan da qovuldu. O, başqa şəhərə köçdü… Lakin Luici həmişə Turin şəhərinə gedib arvadının və oğlunun qəbrini ziyarət edirdi. Müharibə başlananda Ferrero xalq hissələrindən birinin – partizan zərbə briqadasının komandiri oldu.

O, Karrantini elə birinci günlərdən sevmirdi. Karrantini gözəl xasiyyətnamələrlə briqadaya ordu qərargahından göndərmişdilər. Onun briqadaya gəlməsindən bir neçə gün sonra Ferreronun hələ indiyə kimi unuda bilmədiyi bir hadisə baş vermişdi. Günlərin birində milliyyəti sloven olan Dimo Kraynev keşikdə durarkən meşədə yatmış, bir dəstə faşisti partizanların ərazisinə buraxmışdı. Faşistlər partizanların uzaq postlarından birini mühasirəyə almışdılar. Lakin partizanlar mühasirəni yararaq, sağ-salamat öz əsas qüvvələrinin durduğu yerə qayıda bilmişdilər. Kraynev də dolama yollarla keçərək qayıtmışdı. Karranti baş verən hadisədən xəbər tutan kimi Kraynevi deyil, heç bir təqsiri olmayan partizanları həbs etdirmişdi. Ferrero qərargah rəisinin bu işindən bərk qəzəblənmişdi. O, Karrantinin verdiyi bu əmri ləğv etdirmiş, partizanları azad edib, Kraynevi iki həftə tövlədə saxlamışdı.

Düzdür, Karranti səhv hərəkət etdiyini boynuna almışdı, lakin Ferrero onun bu hərəkətini ədalətsizlik kimi qiymətləndirmişdi; ədalətsizlik isə onun ən çox nifrət etdiyi bir xüsusiyyət idi.

İndisə rus polkovnikin öz şübhələrini Ferreroya dedikdən sonra, yatmış keşikçinin əhvalatı onun təsəvvüründə tamamilə yeni məna kəsb etdi.

O, qaşqabaqlı və tutqun halda pəncərəyə baxdı. Bayırda narın yağış yağırdı, yerdəki nazik qar təbəqəsi buz bağlamışdı. “Yaxşı ki, polkovnik Sergey Nikolayeviç adamlara özləri ilə keçə götürməyi tapşırıb” – deyə Ferrero düşündü.

Karranti müşavirəni qurtardı.

Ferrero komandirlərin əlini sıxıb artırmaya çıxdı, pilləkənlə zirzəmiyə endi. Burada bir neçə partizan döyüş ləvazimatını hesablamaq və çeşidləməklə məşğul idi.

Karranti kağızlarını yığışdırıb öz otağına getdi. O, masa arxasına keçib yeşikdən bir vərəq kağız çıxartdı. “Nəhayət, işə başlaya bilərəm” – deyə o, rahatlıqla nəfəs alıb düşündü. Qələmi götürüb tələsik yazmağa başladı.

“Mən, Conu aradan götürməyə məcbur oldum. Onu briqada komandirinin müavini – rus polkovniki tanımışdı. Öz hərəkətimi doğrultmaq üçün 11-ci kvadrat haqqında verilən göstərişi açıb bildirməli oldum. Yeri gəlmişkən deməliyəm ki, partizanlarda kəşfiyyat işi çox gözəl qurulub. Briqadanın komandiri 11-ci kvadrata cəza diviziyasının göndərildiyi haqda məlumat almışdı. Fürsətdən istifadə edib sizə xatırlatmalıyam ki, bizim adamlar çox kobud üsullarla işləyirlər. Belə iş üsulu ilə uğur qazanmaq çətindir.

Nə vasitə ilə olur-olsun, onlara xəbərdarlıq et. Yanvarın 31-də, axşam briqadanı Qoritsio şəhərinin 10 km-də olan Santo monastrının yaxınlığına çıxaracağam. Həmin gün günortadan tez olmamaq şərtilə göstərilən rayona tamamilə gizli olaraq, böyük alman hissələri, top və tanklar göndərilməlidir. Uğur yalnız əməliyyatın gözlənilməz olmasından asılıdır. Bu cəhət tamamilə yerinə yetirilməlidir.

Əgər adamları adi qayda ilə xəbərdar edə bilməsəniz, onda bu xəbəri “B”nin kəşfiyyat orqanlarına bildirərsiniz. Onlar başqa yollar taparlar.

Sizin Bennet”.

Məktub arxayınlıqla yazılmışdı. Karranti isə həyəcanlı idi. O, məktubu qurtardıqdan sonra oturacağın arxasına söykənib dili ilə dodaqlarını yaladı. İndi yaxşı olardı ki, heç olmasa, yarım stəkan konyak içib yataydı. Lakin yatmaq olmazdı. Karrantinin fikri yalnız bir şeylə məşğul idi: görəsən, partizanlar onun Conu öldürməsindən şübhələniblər, ya yox?

Bəli, böyük bir oyun başlanırdı. Çarlz Bennet hələ ömründə belə riskə getməmişdi. Məktubu tezliklə göndərmək lazımdı. Yoxsa faşistlər 11-ci kvadratda nahaq yerə vaxt itirəcəklər. Əgər Kraynev məktubu Saqa kəndinə çatdırsa, onda oradakı inanılmış adam məktubu sabah Triyestə göndərər, beləliklə, bir neçə gündən sonra məktub lazım olan adamın əlinə düşər…

Karranti divardan asılmış pencəyin cibindən balaca bir tapança çıxartdı. Çeçələ barmağının dırnağı ilə tapançanın dəstəyindəki taxtanı qaldırdı, taxta döşəmənin üstünə düşdü. Tapançanın dəstəyində qadın saatı boyda fotoaparat yerləşdirilmişdi. Karranti tapançanı məktuba yaxınlaşdırdı, o biri əli ilə elektrik fənərini götürüb düyməsini basaraq, məktubu işıqlandırdı, eyni zamanda fotoaparatın düyməsini şaqqıldatdı. O, cəld və səriştəli hərəkətlə masanın yeşiyindən Triyest mahalında geniş yayılmış bir qutu ucuz siqaret götürdü. Sonra aparatın metal kassetini çıxarıb (kasset yumru sancaq başından bir qədər böyük idi) onu siqaretlərdən birinin içində gizlətdi və qutunu təzədən səliqə ilə bağladı.

Sonra Karranti qutunu cibində gizlədib məktub yazılan kağızı külqabının içində yandırdı, külünü də barmağı ilə ovuşdurub buxarıya tulladı.

Hələlik hər şey öz qaydasında gedirdi. İndi siqaret qutusunu birtəhər Kraynevə ötürmək lazım idi: o, bu gün azuqə dalınca gedəcəkdi…

Karranti bu kassetə böyük ümidlər bəsləyirdi. Onun içindəki mikroplyonkanın işığa olan həssaslığı o dərəcə yüksək idi ki, kasseta qırmızı işıqda belə açılsaydı, plyonka qalacaqdı. Bu plyonkanı ancaq xüsusi məhlulda aşkarlaşdırmaq mümkündü. Məhlulun tərkibi isə bu yerlərdə heç kəsə məlum deyildi.

Qapı döyüldü. Karranti qapını açanda Mehdini gördü. O, üzünü qırxdırmış, başını təzə yuduğu üçün saçları hələ qurumamışdı. Onun qara gözlərində şən qığılcımlar parlayırdı.

– Yoldaş Karranti, sizi komandir çağırır. O, döyüş sursatı anbarındadır.

Mehdi otağa keçdi. Onun əynində yundan toxunma qalınboğaz köynək, topuqdan düymələnən bayka şalvar, ayağında isə qalın altlıqlı yumruburun çəkmə var idi. Belini möhkəm çəkən enli qayışdan Ferreronun bağışladığı balaca tapança asılmışdı. Mehdu milad gününün axşamı Ferreronun tapşırığı ilə “dil” tutub gətirdiyi üçün, komandir mükafat olaraq, bu tapançanı ona bağışlamışdı. O vaxtdan bəri Mehdi bu tapançadan ayrılmırdı.

Mehdi qayğıkeş bir səslə soruşdu:

– Yaran ağrıyır?

– Boş şeydir, bir balaca cızılıb, – deyə Karranti əlini yelləyib, pencəyini geyməyə başladı. – Hə, yaxşı dincələ bildinmi?

– Mənimlədir məgər, güclə əmr ediblər ki, dincəlim, – deyə Mehdi narazı halda çiyinlərini çəkdi. – Darıxdığımdan heç özümə yer də tapa bilmirəm, səhərdən axşamacan boş-boşuna veyllənirəm.

– Əmri yerinə yetirmək lazımdır, – deyə Karranti yarızarafat, yarıciddi cavab verdi.

Mehdi şalvarının ciblərini yoxlayıb papiros axtardı.

– Lənət şeytana, papirosu o biri şalvarımın cibində qoymuşam.

– Qonaq eləyə bilərəm, – deyə Karranti gülümsündü.

O, qeyri-iradi olaraq, əlini qalifesinin cibinə atdı. Lakin birdən-birə siqaretlərin içindəki foto plyonkasını xatırlayıb tez əlini geri çəkdi. Onun bu hərəkəti Mehdinin gözündən yayınmadı. Karranti sağ cibindən başqa bir qutu çıxartdı.

Mehdinin nəzərləri bir an Karrantinin əlindəki siqaret qutusunun üzərində dayandı. Qutunun üstü başdan-başa qadın ayaqları şəkli ilə dolu idi… Bunlar Karrantinin öldürdüyü amerikalının siqaretləri idi.

Karranti qaşlarını çatdı: o, çox təcrübəli adam idi. Mehdinin baxışları onun nəzərindən yayınmamışdı. Görünür, Mehdi siqaretləri tanımışdı.

– Bir zibil deyil, – deyə donquldandı.

Onlar siqaret yandırdılar. Mehdi özünü heç o yerə qoymurdu.

– Bu siqaretlər sənin gətirdiyin qonağındır, – deyə Karranti saymazyana bir əda ilə dilləndi. – Mən onu dindirəndə bunları yadından çıxarıb masanın üstündə qoymuşdu.

Mehdi siqareti ağzından alıb barmaqları arasında yumşaltmağa başladı. Sonra narahatlıqla soruşdu:

– Bəlkə zəhərlidir?

Karranti güldü.

– Çək, çək, – deyə Mehdinin çiynindən vurdu. – Özü də bunlardan çəkirdi. Əyləş, rahatlan. Masanın üstündə qəzet də var. Təzədir, srağagünkü qəzetlərdir. Bu saat qayıdıram, çörəyi bir yerdə yeyərik.

Mehdi başı ilə razılıq işarəsi verib masa tərəfə keçərək qəzetləri götürdü. Karranti siqaret qutusunu masanın üstünə tullayaraq, yeşiyi bağlayıb çıxdı.

Karranti iy duyan təcrübəli it kimi hiss etmişdi ki, Mehdi nahaq yerə qərargahda qalmayıb. İlk dəfə idi ki, polkovnik Sergey Nikolayeviç cavan dostunu qərargahda qoyub, əməliyyata tək getmışdı.

Karranti Ferreronu malikanənin zirzəmisində tapdı. O, son həftə ərzində tüfəng, patron və işlədilən minaların sayı haqqında bir neçə suala cavab verəndən sonra geri qayıtdı.

Mehdi masanın başında əyləşib, papiros çəkə-çəkə barmağını italyan dilində çap olunmuş qəzetin sətirləri üstündə gəzdirirdi. O, hətta gərginlikdən qızarmışdı.

Karranti soyunarkən oğrun-oğrun otağa nəzər yetirdi. O, bir baxışda anladı ki, Mehdi onun dalınca göz qoyub.

Hər şey öz yerində idi, lakin çarpayının üstündəki yastıq əvvəlkinə nisbətən bir qədər solda idi; mələfənin ucu da daha ədyalın altından görünmürdü. Onun bilə-bilə masa üstündə qoyub getdiyi boş qovluq yerindən tərpədilmişdi. Dantenin buxarı üstündəki iki cildlik əsəri arasına qoyulmuş kağız vərəqi döşəməyə düşmüşdü.

Mehdi Karrantinin getməyindən istifadə edib otağa əl gəzdirmişdi. Özü də bu işini büruzə vermişdi…

Deməli, briqada komandanlığı nədənsə şübhələnir. Mehdi ya bu şübhələri təsdiq, ya da rədd etməli idi. Karranti, Mehdini ağıllı və uzaqgörən bir kəşfiyyatçı hesab edirdi, o, hətta Mehdinin cəsarət və qəhrəmanlıqla keçirdiyi əməliyyatlara heyran qaldığını bildirmişdi. Lakin indi üstünlük Karrantinin tərəfində idi. O, Mehdi haqqında hər şeyi bilir, Mehdi isə onun barəsində heç bir şey bilmirdi. Bundan başqa, Karrantinin təcrübəsi daha artıqdı. “Mehdi bir kəşfiyyatçı kimi tərbiyə alıb, başqa bir məlumatı yoxdur, – deyə Karranti düşünürdü, – mənimlə çətin bacara bilər… Çarpayını, yazı masasını kobudluqla axtarıb əlləşdirən bu oğlan son dərəcə cəsarətli olsa da, hələ uşaqdır”.

Karranti çarpayıda oturub çəkmələrini çıxartdı, topuğunu ovuşdurdu.

– Artırmanı çıxanda büdrədim, indi topuğum ağrıyır.

– İsti suya qoyun, – deyə Mehdi məsləhət gördü.

Karranti otağa qayıdanda Mehdi masa arxasından ayağa qalxmışdı.

– Keçib gedər… Ayaq üstə niyə durmusan? Əyləş, əyləş. Sizin Bakıda da belə pis havalar olur? – deyə Karranti pəncərəyə baxa-baxa soruşdu.

– Bizdə ildə 300-dən artıq günəşli gün olur.

– Bəs palenta necə, siz də palenta yeyirsiniz?

Palenta yerli kəndlilərin yeməyi idi. Onu yarma kimi üyüdülmüş qarğıdalıdan bişirirdilər. Bu yarmanın üstünə su ilə süd töküb qaynadırdılar. Əgər kəndli bir qədər varlı-hallı olurdusa, onda palentaya yağ da əlavə edirdi. Briqadanın partizanları da çox vaxt günlərini palenta ilə keçirirdilər.

– Hə, bizdə də buna oxşar bir şey var, – deyə Mehdi cavab verdi, – amma bizimkinin adına xəşil deyirlər. Moldavanlar da bir cür hazırlayırlar, adına mamalıqa deyirlər. Ruslar isə horra bişirirlər.

– Deyəsən, elə hamısı birdir! Adları başqa-başqa olsa da, elə horradır ki var, – deyə Karranti zarafatla güldü.

O, artıq vaxt qazana bilmişdi. İndi necə hərəkət etmək lazım gəldiyini bilirdi. Siqaret qutusu da masanın üstündə idi. Özünü hər şeyə inanan adam kimi göstərib düşməni azdırmaq lazımdı: boş şeylərlə onun diqqətini cəlb etmək, cürbəcür tapmacalarla başını məşğul etmək… Düşmənin başı bu şeylərə qarışdıqda isə izi itirmək! İndi o, siqaretlərdən istifadə etməli idi. İçində kasseta gizlətdiyi siqaret qutusu cibində idi. Əgər onun özü, siqaretlərin içində bəzən kasseta gizlədildiyi haqda söhbət açsa, Mehdi elə biləcək ki, Karranti onun diqqətini yayındırmağa çalışır, buna görə də fikrini nə isə başqa bir şeydə cəmləşdirəcək. Elə ona da bu lazımdır. O, düşməni bir tərəfdən həqiqətə yaxınlaşdırsa da, digər tərəfdən məsələdən uzaqlaşdırmalı olacaqdı.

Karranti siqaretləri masanın üstündən götürdü.

– Bilirsənmi, “Mixaylo”, – deyə fikirli halda sözə başladı. – Sənin qonağını dindirəndən sonra uşaqlara tapşırdım ki, onun üst-başını axtarsınlar. Ancaq siqaretləri nəzərimdən qaçırtmışam.

– Bu siqaretləri?

– Çox vaxt siqaretlərin içində maraqlı məlumatlar olur, – deyə Karranti izah etdi. – Mən ordu qərargahında işləyəndə belə siqaretlərə az təsadüf etməmişəm.

O, masanın çəkməsindən böyük bir zərrəbin çıxarıb siqaretlərdən birini diqqətlə müayinə etdi. Sonra eşib içindəki tənbəkini masanın üstünə tökdü, tənbəki qırıntılarını zərrəbin altında gözdən keçirtdi.

Mehdi təəssüflə dilləndi:

– Gör, biz siqaretlərin neçəsini çəkmişik!

– Hə, bir az tələsmişik, – deyə Karranti başını tərpətdi və qalan siqaretləri də bir-bir yoxladı.

O, masanın üstünə tökülən tənbəkini və kağızı yığışdırıb buxarıya atdı.

– Əlbəttə, heç bir qorxulu şey yoxdur, ancaq hər halda siqaretlərin hamısını gözdən keçirmək lazım idi. Mən səliqəni sevən adamlardanam!

Karranti alnındakı sarğını düzəltdi. Mehdi qərargah rəisinə açıq-açığına heyran qalmışdı.

– Nə yaman diqqətli adamsınız! – deyə Mehdi özünü saxlaya bilməyib onu təriflədi.

Karranti onun sözlərini eşitməmiş kimi, özünü çox etinasız tutmuşdu.

– Gəlsənə, deyək, yemək gətirsinlər. Etirazın yoxdur ki? – Karranti yadına bir şey düşmüş kimi təəssüflə əlini tərpətdi, – Görürsənmi, həddindən artıq ehtiyatlı olmaq da yaxşı deyil. Biz bütün siqaretləri əzib dağıtdıq, indi də çəkməyə heç bir şeyimiz qalmadı.

– Qoy mən gedim özümünküləri gətirim, – deyə Mehdi təklif etdi.

Karranti razılaşdı:

– Nə olar, get, gətir.

Mehdi qapıya tərəf getmək istədikdə, Karranti onu saxladı.

– Daha niyə artıq əziyyət çəkirsən? – deyə o, ayaqqabısını geyməyə başladı. – Elə birdəfəlik gedək mətbəxə, həm çörəyimizi yeyək, həm də tütün payımızı alaq.

Karrantinin təklifi ağlabatan şeydi. Buna görə də Mehdi bir kənarda dayandı, Karrantinin geyinib qurtarmasını gözlədi.

Mətbəx Karrantinin yaşadığı otağın yaxınlığında idi. İki böyük qazanın altında yanan odunlar çırtıldayıb tüstülənirdi. Otaqdan ləzzətli yemək qoxusu gəlirdi.

Karranti ilə Mehdi mətbəxin küncündəki masa arxasında əyləşdilər.

– Bizə yemək ver, – deyə Karranti səsləndi.

Qoca aşpaza kömək edən Silvio adlı yeniyetmə oğlan o biri masaya tərəf yüyürmək istədikdə ayağı sürüşdü. Lakin o, buna əhəmiyyət verməyib, özünü masaya yetirdi, iki boşqab, qaşıq, parç götürüb qərargah rəisi ilə Mehdinin qabağına qoydu. Oğlan sevindiyindən özünə yer tapmırdı. O, qorxmaz, güclü və mərhəmətli “Mixaylo” üçün canından keçməyə hazır idi. Bəlkə, “Mixaylo” oğlanın cəldliyini, bacarığını görüb günlərin birində onu da özü ilə əməliyyata aparacaq?! Silvio da böyük bir qəhrəmanlıq göstərəcək: bina partladacaaq, ya da ki, faşist başçılarından birini öldürəcək… Oğlan bu fikirlərə o qədər aludə olmuşdu ki, az qala, əlindəki palentanı dağıdacaqdı.

Karranti tələsməsə də, iştahla yeyirdi. Hər şey öz qaydası ilə gedirdi. Mətbəxin anbara açılan qapısı aralı qalmışdı, deməli, Kraynev orada idi. İndi bircə ora gedib siqaretləri ona vermək qalırdı.

Karranti hara gedirdisə, Mehdini də qəsdən ora aparırdı. O istəyirdi ki, bütün işləri Mehdinin gözü qabağında görsün, bəlkə onun haqqında yaranan şübhələr dağıla. “Səni izləyən adamın evində gizlənmək hər şeydən yaxşıdır” – deyə o düşünürdü.

– Anbarda kim var? – deyə Karranti, yaxınlıqda dayanıb onlara tamaşa edən Silviodan soruşdu.

Silvio hərbi qayda ilə cavab verdi:

– Dimo Kraynev, yoldaş qərargah rəisi.

Karranti qaşığı yerə qoyub, süd payını içdi. Parçdan bir damcı süd onun yaxasına düşdü. O, əli ilə yaxasını silib təmizlədi.

Mehdi qərargah rəisinin ayağa qalxmağa hazırlaşdığını gördükdə yeməyini tələsik başa vurmağa çalışdı.

– Tələsmə, ye! – deyə Karranti onu sakit etdi.

O, ayağa qalxıb kibrit çöpü ilə dişlərini qurdalaya-qurdalaya anbara tərəf getdi.

Dimo Kraynev əlindəki tərəzi ilə unun qalığını çəkirdi. O, ayaq səslərini eşidib arxaya çevrildi. Saçları una bulaşdığı üçün cod tükləri çallaşmış kimi görünürdü. Onun sağ qulağından ta çənəsinə qədər dərin bir çapıq yeri uzanırdı. Deyirdi ki, üzü atası onu döyərkən cırılıb.

Karranti cibindəki siqaret qutusunu çıxarıb Kraynevə uzatdı və ucadan dedi:

– Mənə iki qutu siqaret ver!

Kraynev, ondan aldığı siqaret qutusunu un kisəsinin üstünə qoyaraq, əlini taxçaya uzadıb iki qutu siqaret götürdü.

Karranti soruşdu:

– Azuqə dalınca nə vaxt gedirsən?

– Elə indicə yola düşəcəyəm, – deyə Kraynev məsələni başa düşdüyünü bildirmək üçün mırıq dişlərini ağardıb səssizcə güldü.

Karranti bayaq özü verdiyi siqaretlərin eyni olan iki qutu təzə siqaret alıb, mətbəxə qayıtdı.

Mehdi xörəyini yeyib qurtarmışdı. Karranti qutulardan birini ona verdi, o birini isə özü açıb aşpazla Silvionu da qonaq elədi.

Silvio papiros çəkən deyildi. Lakin özlüyündə həqiqi partizanın hökmən papiros çəkən olduğunu düşünərək əlini uzadıb siqareti götürdü.

Kraynev anbarın qapısı ağzında göründü.

O gözləyirdi ki, qərargah rəisi onu da qonaq edəcək. Lakin Karranti üzünü ondan döndərib getməyə hazırlaşdı. Bunu görən Mehdi əl atıb öz qutusunu çıxartmaq istədikdə, Karranti onu saxladı.

– Mən ona özü üçün bir qutu siqaret götürməyə icazə vermişəm, – deyib güldü və anbarın qapısına tərəf dönüb barmağı ilə Kraynevi hədələdi, – Bura bax, ancaq birini götür ha!

Baş verən əhvalat çox təbii görünürdü. Çünki briqadada tənbəki ehtiyatı qurtarmaq üzrə idi. Buna görə tənbəki və siqaret yalnız briqada komandanlığının icazəsi ilə paylanırdı.

Kraynev minnətdarlıqla baş əydi və anbara qayıtdı. Mehdi açıq qalmış qapıdan Kraynevin un kisəsinə yaxınlaşaraq, kisənin üstündəki siqaret qutusunu götürüb cibinə qoyduğunu gördü.

Karranti ilə Mehdi mətbəxdən çıxdılar. Onlar Karrantinin yaşadığı otağın qapısına çatdıqda Karranti ayaq saxladı:

– Hə, indi bir saat yatıb dincəlmək olar. Buna mənim bir yaralı kimi, sənin isə istirahətdə olan adam kimi ixtiyarın var, – deyə gülümsündü.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации