Текст книги "Uzaq sahillərdə"
Автор книги: İmran Qasımov
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Mehdi eyni şuxluqla cavab verdi:
– O da baş üstə!
– Polkovnik qayıdan kimi növbədən gəlmiş post rəislərini toplayaram, sən də gələrsən…
– Baş üstə!
Mehdi dönüb pilləkənlə qalxmağa başladı. Pilləkənin yuxarı meydançasında böyük bir pəncərə vardı. Pəncərəni kiçik ala-bəzək şüşələrindən çoxu sınıq olduğu üçün yağış bayırdan içəri yağırdı.
Mehdi fikirli halda ayaq saxladı. Buradan həyət çox yaxşı görünürdü. Budur, Ferrero sürüşə-sürüşə həyətdən keçdi. Kraynev brezent plaş geyib tövlədəki qatırı bayıra çəkirdi. O, qatırı darta-darta həyətin küncündəki arabaya tərəf apardı…
Mehdi nə qədər çalışırdısa, fikrini bir yerə toplaya bilmirdi. O, Karranti ilə görüşəndən bəri yeni bir hadisənin baş verib-vermədiyi haqda düşünməli idi. Belə işdə tam obyektivlik lazımdır. Hər kiçik təfərrüatı nəzərə alıb, ehtiyatla nəticə çıxarmaq lazımdır. Yoxsa doğrudan da, özün istəmədən sadəlövhlük etmiş olarsan. Ancaq diqqətəlayiq kiçik bir şey də yoxdu!
Bu an briqada komandiri yenə də həyətdən keçdi. Partizanların ikisi yağış altında qalmış odunları içəri daşımağa başladı. Kraynev arabanı sürüb həyətdən çıxdı.
“Nə axmaq adamdır, cibində bir qutu siqaret ola-ola bu yağışın altında eşmə çəkmək istəyir, yenə də fikrim dağılır. Sakit ol, Mehdi, sakit ol! Həyəcanlanmağın yeri deyil! Polkovnikin məsləhətlərini yadından çıxartma! Axı, adam necə həyəcanlanmasın ki, Karrantinin hərəkətlərində diqqəti cəlb edən heç bir cəhət yoxdur. Aşağı düşüb çörək yedilər, Karranti azuqə anbarına girdi… Dayan, dayan görüm! Bax, buranı yoxlamaq lazımdır…”
Mehdi fikirli halda çənəsini ovuşdurdu. Birdən o, pəncərədən aralanıb zala girdi, oradan da dəhlizi keçib başqa pilləkənlə artırmaya çıxdı.
– Komandir hardadır? – deyə odun daşıyan partizanlardan soruşdu.
– Mətbəxdədir.
Partizan qucağındakı odunlardan birini yerə saldı. Mehdi odunu qaldırıb çiyninə qoydu və mətbəxə yüyürdü. O, odunu ocağın yanında yerə atıb, briqada komandirinə yaxınlaşdı.
– Yaxşı gəlmisən, əyləş, – deyə Ferrero sevindi.
– Biz bayaq Karranti ilə yemişik. Sizinlə vacib bir işim var, – deyə Mehdi bildirdi.
– De, gəlsin, de görüm, nə işdir! Polkovnik gedəndən bəri özümə yer tapa bilmirəm. İş olanda yenə bir az baş qarışır.
Mehdi komandirə tərəf əyildi:
– Eşitmişəm ki, bu son həftə azuqənin və tənbəkinin haqq-hesabını özünüz aparırsınız?
– Bəli, aparıram və aparacağam. Hətta qeyd də edirəm.
– Onda icazə verin, yoldaş komandir, bu gün anbarda neçə qutu siqaretin qaldığını yoxlayım.
– Elə yoxlamamış əzbərdən də deyərəm. 20 qutu qalmışdı, səhər əmr elədim ki, dörd nəfər dəstə komandirinin hərəsinə bir qutu verilsin.
– Üç qutu da bayaq Karranti götürdü. Birini mənə, birini də Kraynevə verdi.
– Bax, o avaraya nahaq verib. İndi tənbəki qızıl qiymətinədir, – deyə Ferrero donquldandı.
– Deməli, belə çıxır ki, 13 qutu qalıb? İcazə verirsinizmi yoxlayım?
Ferrero Mehdinin narahatlıqla parlayan gözlərinə baxdı. Görünür, Mehdi siqaretlərlə nahaqdan maraqlanmırdı. Ferrero yaylıqla bığlarını və ağzını silib, boş çubuğu dişlərinin arasında sıxdı, sonra da azuqə anbarının açılması üçün əmr verdi.
Qoca aşpaz anbarın qapısını açıb, ocağın yanına qayıtdı. Mehdi ilə Ferrero anbara girdilər. Mehdi barmaqlarının ucuna qalxıb əlini yuxarı uzatdı və taxçadakı siqaret qutularını sıyırıb masanın üstünə tökdü. Siqaretlər 14 qutu idi.
– Hər şey aydındır, – deyə Mehdi razı halda səsləndi.
Ferrero təəccüblə soruşdu:
– Nə aydındır?
– Karranti burdan iki qutu götürüb. Kraynevə verdiyi üçüncü qutunu isə özü ilə gətiribmiş. Kraynev qutunu cibinə qoyub Saqa kəndinə azuqə gətirməyə getdi, – deyə Mehdi komandirə məlumat verdi.
Ferreronun gözləri qıyıldı.
– Tutmaq lazımdır! – deyə o, əmr edirmiş kimi səsləndi.
– Biz, Kraynevin siqaret qutusunun içində nə apardığını bilməliyik. Əgər…
Ferrero Mehdinin sözünü kəsib dedi:
– Əgər qutuda heç bir şey yoxsa, onda nə bəhanə ilə olursa-olsun, Kraynevi uzaq kəndlərdən birinə göndərib bir müddət orada saxlamaq lazımdır. Qoy, hələlik Karranti onu görməsin. Yox, əgər bir şey olsa, – Ferreronun gözləri daha da qıyıldı, – onda, doğrudan da, hər şey aydın olar!
O, çubuğunu sümürə-sümürə fikirləşməyə başladı.
– Bu işi mən öz öhdəmə götürürəm. Sən Karrantinin yanında qal. O hardadır?
– Otağında dincəlir!
– Niyə belə mısmırığını salladın, “Mixaylo”?
– Yaman çətinlik çəkməli olacağam!
– Eybi yoxdur, “Mixaylo”!
Mehdinin gözlərində qəzəb qığılcımları parladı, o, yumruqlarını bərk-bərk sıxdı.
… Karranti, doğrudan da, öz otağında dincəlirdi. O, yastığa dirsəklənib çarpayının üstündə uzanmış, ayaqlarını ədyalla örtmüşdü. Bu günü uğurla başa vurmuşdu, ancaq özünü çox yorğun hiss edirdi. Nədənsə son vaxtlar o, tez yorulmağa başlamışdı.
Hava qaraldı. Karranti şam yandırdı. Şamın ərimiş mumundan oturacağın kənarına damızdırıb şamı ora yapışdırdı. Oturacağın üstündə şamdan başqa külqabı və termos da var idi. Doğrudan da, adam heç bir şey haqqında fikirləşməyərək elə beləcə ayaqlarını uzadıb yatsa, nə yaxşı olar! Kraynev tezliklə Saqaya yetişəcək. İndi daha bir-iki həftə də dözsə, bəs eləyər. Gərək, o vaxta qədər briqadanı məktubda yazdığı yerlərə aparsın. Bu işi yerinə yetirəndən sonra daha sakit guşələrə çəkilib dincələ biləcək!
Karranti əli ilə alnındakı sarğını yoxladı. Sıyrılmış yer ağrıyırdı. İndi o, bir stəkan konyak tapsaydı, çox yaxşı olardı. Yox, içəndən sonra başı ağrıyır. O, gərək, həmişə ayıq olsun. Mehdi ilə başladığı təkbətək mübarizəni sabah da davam etdirməli olacaq. O, təkcə Mehdi ilə deyil, qarşısına çıxanların hamısı ilə – polkovniklə, Ferrero ilə, hətta öz-özü ilə belə mübarizə etməlidir.
Karranti yerində çevrildi. Ədyalın üstündəki qəzetlər xışıldadı. O, qəzetlərdən birini götürdü. Dördüncü səhifədəki elanlardan birində “Mixaylo”nun başı üçün təyin edilən qiymətin 300 min markaya qaldırıldığı haqda məlumat verilmişdi. Maraqlıdır, görəsən, “Mixaylo” bu elanı oxuyubmu? Yəqin ki, oxumayıb, vaxtı çatmayıb. Axır ki, faşistlər 200 min marka artırmalı oldular. Az pul deyil, adam bu pulu alsaydı, pis olmazdı. Təfavütü nədir, gec-tez bu cəsur oğlanı aradan qaldırmaq lazım gələcək. Karranti qəzeti kənara tullayıb, ədyalı üstünə çəkdi və gözlərini yumdu.
… Karranti həyətdə səs-küy eşidib, sir-sifətini turşutdu. Yəqin ki, polkovnik partizanlarla qayıtmışdı. O, ədyalını üstündən atıb çəkmələrini geydi, divardan pencəyini götürmək istəyəndə əli havadan asılı qaldı.
Karranti yaxşı bələd olduğu araba çarxlarının tanış cırıltısını eşitdi. Yalnız Dimo Kraynevin arabasının çarxları belə səs sala bilərdi. Hər dəfə Kraynev Saqadan qayıtdıqda Karranti bunu arabanın cırıltısından bilərdi.
Lakin Karranti boylanıb pəncərədən baxdıqda qayıdan partizanların arasında nə arabanı, nə də Kraynevi gördü. “Yoxsa qulağıma səs dəyib, nədir?” – deyə düşündü. Yox, o, çarxların cırıltısını çox yaxşı eşitmişdi. Görünür, Kraynev gizlənib… Daha gizlənmək niyə? Deməli, Kraynevi partizanlar gizlədirlər. Gizlədirlər ki, Karranti ilə görüşə bilməsin. Bir azdan onlar Karrantinin yanına gələcək və onun qorxduğu məsələ baş verəcəkdi. O, daha qaçıb qurtara bilməyəcəkdi… Karranti, onu parça-parça etməyə hazır olan Ferreronun qəzəblə parlayan gözlərini təsəvvürünə gətirdi. Əlbəttə, Karranti yanıla bilərdi. Əgər, doğrudan da, o yanılırsa, öz fikirlərini yoxlaya bilməzdi, artıq gec idi. Karranti hələ də pəncərənin qabağında dayanıb aşağı baxırdı. Fənərin zəif işığı altında partizanlar görünürdü. Budur, polkovnik Sergeylə Ferrero qucaqlaşdılar. Həyət başdan-ayağa silahlı partizanlarla doludur. İlk baxışdan hər şey öz adi qaydası ilə gedir. Lakin Karrantinin hissi onu aldatmır: o tutulub. Məşhur kəşfiyyatçı siçan kimi tələyə düşüb!
Karranti sapsarı saraldı, bədəni buz kimi soyudu. Yox, o, bu qədər də asanlıqla təslim olmayacaq. Karranti bir an içərisində pencəyini geydi. Tapançalarını yoxlayıb, papağını götürdü.
Deməli, rabitəçi tutulub. Yəqin ki, qorxusundan özünü itirib hər şeyi danışıb. Fərqi yoxdur, əgər onlar foto plyonkadan bir şey öyrənməsələr də, Kraynevin etirafı bəs edər. Karranti sancılanmış adamlar kimi zarıdı:
– “Mixaylo”nu görüm lənətə gəlsin!
Özünü sadəlövhlüyə vurub Karrantinin hər addımını yoxlamış, axırda da onu tələyə salmışdı.
Axı, onun səhvi haradadır? Karranti gərək Kraynevə inanmayaydı. O qorxaq hər şeyi açıb demişdi. Yox, axmaq Kraynevin nə təqsiri var! Axı, Kraynev onun ucbatından ələ keçib. Bəs o, niyə belə səhv edib? Onun səhvi nədədir? Heç bir şeydə! O, özünü çox yaxşı aparıb. Lakin hər nə isə, bir səbəb vardır. “Mixaylo” nəsə duymuşdu. Onun əsas səhvi “Mixaylo”ya lazımınca qiymət verməməsindədir. Fikirləşmək üçün vaxt da yoxdur. O, oyunu uduzub. Tezliklə başını qurtarmalıdır.
Karranti dəhlizə çıxdı. Dəhlizin o başını bürüyən ala-qaranlığın içində Mehdi göründü. O, çox şən idi, gülümsündü.
Mehdu Karrantiyə yaxınlaşırdı. O, böyük çətinliklə özünü ələ alıb ürəyindəki hisləri büruzə verməməyə çalışırdı. Mehdi, hətta özünü gülümsəməyə məcbur etdi. Yalnız onun gözləri əvvəlkinə nisbətən daha tutqun idi.
Mehdi ilə Karranti lap yaxın dayandılar.
– Müşavirə olacaq? – deyə Mehdi şən səslə soruşdu.
Karranti Mehdinin sualına sualla cavab verdi:
– Polkovnik qayıdıb? – Karranti də özünü ələ almaq üçün bütün qüvvəsini toplamalı oldu.
– Deyirlər, qayıdıb. Elə mən də onunla görüşmək üçün aşağı gedirəm.
Karranti Mehdiyə baxdı.
Mehdinin dodaqları gülürdüsə də, nəzərləri kinli və yoxlayıcı idi. Karranti bu baxışları gördükdə özünün səhv etmədiyini başa düşdü. O, özünü güclə gülümsəməyə məcbur edərək, gərgin və səksəkəli səslə dedi:
– Bir yerdə gedək?
– Gedək! – deyə Mehdi cavab verəndə Karranti bir qədər sakitləşdi.
Onlar yanbayan getməyə başladılar. Dəhlizdə heç kəs yox idi.
Karranti xəlvətcə əlini cibinə saldı və gözlənilmədən Mehdinin böyründən vurub itələdi. Mehdi özünü saxlayıb yıxılmadı. Lakin Karranti sağ əlini cibindən çıxarıb bıçağı Mehdinin kürəyinə sancdı. Mehdi səsini çıxarmadan divara söykəndi və yavaş-yavaş döşəməyə sürüşdü. Karranti Mehdiyə tərəf əyildi. Mehdi nəfəs almırdı. Karranti dikəlib dəhliz boyu yüyürdü; sürətlə yan pillələrdən enib malikanənin dal həyətinə açılan qapını itələdi. Bu vaxt kəskin bir fit səsi ətrafdakı sükutu pozdu.
Anbarın qabağında gəzişən gözətçi Karrantinin qabağını kəsdi. Bir saniyə də keçsəydi, Karranti yaxasını qurtara bilməyəcəkdi. Lakin o, tapançasını çıxarıb keşikçiyə baxmadan atəş açdı və dağlara tərəf uzanan cığırla yüyürməyə başladı. O, heç bir şeyə baxmır, tələdən canını qurtarmış heyvan kimi var gücüylə qaçır, aradan çıxmağa çalışırdı.
Sergey Nikolayeviç, Ferrero və bir neçə başqa partizan pillələrlə yuxarı qalxırdılar. Onlar fit səsini eşidən kimi dəhlizə yüyürdülər. Mehdini hamıdan əvvəl polkovnik gördü. Mehdi zəifləyib taqətdən düşmüş halda divarın dibində uzanmışdı.
– Bütün çıxış qapılarını yoxlayın! – deyə Ferrero əmr etdi.
– Hər yeri axtarın!
Dəhlizdə işıq yandırdılar. Polkovnik Mehdini qaldırıb, bağrına basdı. Ağ xalatlı həkim və şəfqət bacıları yüyürə-yüyürə gəldilər.
Onlar Sergey Nikolayeviçin qabağında dayandılar. Polkovnikin sifətində əzab və kədər əlaməti görünmürdü. O, həlak olmuş oğlunu bağrına basan bir ata kimi, Mehdini qolları arasında sıxmışdı.
Dördüncü fəsil
Qurşağa qədər soyundurulmuş Mehdi ağ örtüklü ensiz masanın üstündə üzüqoylu uzandırılmışdı. Masanın yuxarı tərəfindən şüşəsinə girdə karton keçirilmiş bir lampa asılmışdı. Masanın yanındakı hündür kətilin üstündə içi cərrahlıq alətləri ilə dolu bir dəri çamadan qoyulmuşdu.
Otağın küncündəki bəzəkli masanın üzərində bir neçə spirt lampası yanırdı. Bu lampaların üstündəki nikelli qablarda su qaynayırdı. Divardakı ləmədə çoxlu banka, dərman şüşələri, şpris, tənzif və başqa bu kimi şeylər vardı.
Həkim onun üçün yaradılmış şəraitdən çox razı idi. Belə imkanlar çox nadir hallarda olurdu. Çünki briqada həmişə hərəkətdə idi. Adi hallarda hərəkət zamanı həkim öz kabinəsini ya rütubətli qazmalarda, ya meşəbəyinin komasında, ya da ki, ağacların altında açmalı olurdu. O, müxtəlif mürəkkəb cərrahiyyə əməliyyatlarını da elə bu cür şəraitdə aparmalı olurdu. Xoşbəxtlikdən həkim çox nikbin bir adam idi. O, hər şeyə ümidlə baxır, heç vaxt bədbinliyə qapılmırdı.
Həkim bu gün də öz vəziyyətindən şikayətlənmirdi. Ancaq ona mane olurdular. Sergey Nikolayeviç Mehdinin yanından uzaqlaşmırdı. Axırda şəfqət bacısı oturacağı çəkib Sergey Nikolayeviçə əyləşməyi təklif etdi.
Vasya dizlərini qucaqlayıb pəncərədə oturmuşdu.
Cərrahlıq otağının palıd taxtasından düzəldilmiş qapısının dalında, dəhlizdə partizanlar dəstə-dəstə toplaşıb, intizar içində gözləyirdilər.
Sergey Nikolayeviç sakit və dinməz oturmuşdu, təşvişlə dolu nəzərlərini həkimdən çəkmirdi. Vasya da susurdu. Mehdinin yarasını tikən həkim iynəni hər dəfə ətə batıranda Vasya yerində diksinir, lakin səsini çıxarmırdı. Onun elə ümidsiz bir görkəmi vardı ki, həkim hirsindən əl saxlayıb, üstünə çığırmaq istəyirdi. Otağın qapı və pəncələri möhkəm bağlansa da, dəhlizdəki partizanların ayaq səsləri, həyəcanlı pıçıltıları içəridə eşidilirdi. Bütün bunlar həkimə mane olurdu: elə bil hamı təkrar-təkrar həkimin yadına salmaq istəyirdi ki, onun əli altında uzanan adam partizanların sevimlisi “Mixaylo”dur. Bunlar nə qəribə adamlardır! Məgər həkim bu möhkəm əzələli, büllur kimi saf və təmiz qəlbli gənci onlardan azmı sevir? Həkimin nələr çəkdiyini bilsəydilər!.. Mehdinin vəziyyəti ağır idi. Çox ağır! Görünür, o, Karranti ilə yanaşı gedərkən ayıq tərpənmişdi. Vaxtında çevrildiyi üçün zərbə həm zəif, həm də kifayət qədər sərrast dəyməmişdi. Bıçaq altıncı və yeddinci qabırğaların arasından içəri yerimişdi. Bütün bu müddət ərzində Mehdi yalnız bir dəfə huşa gəlmişdi. O, gözlərini açıb pıçıltı ilə: “Ağrıdır… yaman ağrıdır…” demiş və yenə də huşunu itirmişdi.
– Ürək fəaliyyətinə kömək edin! – deyə həkim qaşqabaqla xəbərdarlıq etdi.
Şəfqət bacılarından ikisi də yaralının ətrafında vurnuxmağa başladı. “Mixaylo”nun başdan-ayağa qan içində olan yun sviteri, alt köynəyi və şalvarı masanın yaxınlığında döşəməyə tullanmışdı. Şəfqət bacısı “Mixaylo”nun cibindən köhnə bir portmanat çıxartmışdı. Portmanatın içində qana bulaşmış bir şəkil tapılmışdı. Bundan başqa “Mixaylo”nun cibindən çıxarılmış şeylər arasında avtomat qələm, siqaretlər də var idi. Şəfqət bacısı Mehdinin tapançası ilə birlikdə bu şeyləri yığışdırıb pəncərənin qarşısına qoydu.
Həkim yaylıq çıxarıb portmanatın və fotoşəklin qanını sildi. Bu şəkildə Mehdi qəhqəhə çəkib gülə-gülə iki dostunu qucaqlamış halda, qış üzgüçülük hovuzunun tramplinində dayanmışdı. Həkim heyrətlə bu şəklə baxaraq, öz-özünə dedi:
– Çox möhkəm, olduqca möhkəm bədəni vardır.
O, portmanatı pəncərəyə qoyub, yaralı Mehdiyə yaxınlaşdı. Mehdiyə kofeinlə kamfora vurmuşdularsa da, yenə də özünə gəlməmişdi. Nəbzi güclə vururdu. Alnını soyuq tər basmışdı. Mehdinin bədəni möhkəm olsa da, xeyli qan itirmişdi. Qan azlığı get-gedə daha çox hiss edilirdi. Sergey Nikolayeviç ağır-ağır yerindən qalxıb həkimə yaxınlaşdı.
– Vəziyyəti pisdir? – deyə pıçıltı ilə soruşdu.
Həkim qeyri-müəyyən bir hərəkətlə başını yırğaladı:
– Bir də iynə vurun! – deyə şəfqət bacılarına tərəf dönüb əmr etdikdən sonra polkovnikin qoluna girdi. – Gedək!
Onlar otaqdan çıxdılar. Zala toplaşmış partizanlar onları görən kimi susdular. Hamı gərgin intizar içində həkimlə polkovnikə baxırdı.
– Çox təəccüblüdür, – deyə həkim ucadan danışmağa başladı, – neçə illərdir ki, həkimlik edirəm, amma hələ də havaya çıxmasam, axşam başımın ağrısından yata bilmirəm.
Partizanlar həkimin bu qəribə sözlərini eşidib təəccüblə bir-birinin üzünə baxdılar. Bu həkim nə qəribə adamdı! Belə vaxtda onun danışdığı sözlərə bir bax! Partizanlar yaxşı bilirdilər ki, vəziyyət çox ağırdır. Əgər vəziyyət ağır olmasaydı, otaqdan çıxan şəfqət bacısı onların əlindən qurtarıb qaçmazdı. Onlar açıq-aydın gördülər ki, qızın gözləri yaşarıb. Bir halda ki, nə həkim, nə də polkovnik partizanlara tərəf baxmaq belə istəmirlər, bəs onlar nə etsinlər, kimdən soruşsunlar?
– Vəziyyəti pisdir? – deyə polkovnik bir də dilləndi.
Həkim bu dəfə də qəsdən ucadan soruşdu:
– Komandir hələ qayıtmayıb?
– Yox, qayıtsaydı, birbaş sizin yanınıza gələrdi, – deyə polkovnik səbirsizliklə cavab verib əlavə etdi, – Axı soruşuram ki, vəziyyəti necədir?
Onlar yataq otağına keçdilər. Həkim dayandı. Burada heç kəs yox idi. O, aydın səslə dedi:
– Vəziyyəti pisdir. Çox qan itirib. Mən ona qan vurardım, ancaq dünən qan ehtiyatının son bankasını işlətmişəm.
– Mənim qanımı vurun, – deyə polkovnik təklif etdi.
– Siz öz qrupunuzu bilirsinizmi?
– Yox…
– Bax, elə məsələ də burasındadır. “Mixaylo”nun qrupunu bilirəm: birinci qrupdur. Mən vurduğum qanın da birinci qrup olduğunu yəqin bilməliyəm. Əlimizin altında laboratoriya da yoxdur. Konservləşdirilmiş qan ehtiyatımız da qurtarıb.
– Qan verən tapılar! – deyə polkovnik bir qədər düşündükdən sonra cavab verdi.
O, qəti addımlarla zala tərəf getdi. Həkim onun arxasınca getmək istədikdə otağın qaranlıq küncündə bir adamın büzüşüb dayandığını gördü. O, diqqətlə baxdıqdan sonra təəccüblə dilləndi:
– Ancelika! Sən burda nə edirsən?!
– Mən… – Ancelika diksindi. – Mən… Mən heç bir şey… Elə-belə oturmuşam. Hə… elə-belə…
O, özü də hiss etmədən əsəbi bir hərəkətlə barmaqlarını şaqqıldadırdı. Onun saçı dağılmış, dodaqları titrəyirdi.
– Əgər icazə yoxdursa, gedə bilərəm… – deyə tələsik ayağa qalxmaq istədi.
– Otur, otur!
Lakin Ancelika həkimin arxasınca zala getdi. Polkovnik zalda toplaşmış partizanlara məsələni izah edirdi:
– “Mixaylo”ya qan lazımdır. Kim qanını verməyə razıdır? Ancaq bir şərt var: qan gərək mütləq birinci qrupdan olsun.
Polkovnik çox ciddi danışırdı. “Pəhləvan” ləqəbi ilə məşhur olan bolqar irəli yeridi. Onun əynindəki xəz yaxalıqlı palto çox dar olduğu üçün gülməli görünürdü.
– Mənim qanım birinci qrupdur!
– Səninki niyə birinci olur? – deyə Silvio narazı halda ondan qabağa soxuldu. O, belindən asdığı mauzeri düzəltdi. – Mənim qanım o saat laxtalanır. Birincidir!
– Zəhmət çəkmə, – deyə Anri Düez onun sözünü kəsdi. – İş qan verməyə qalsa, gərək məndən götürülsün. Bizim ikimiz də cənubluyuq. Qanımız bir-birilə tutar.
Lakin o, tezliklə özünü ələ alıb susdu: özünün vərəmli olduğunu bilə-bilə qan təklif etmək çox gülməliydi.
– Elə cənubda da qanın tərkibi müxtəlif ola bilər, – deyə arıq aşpaz qocalara məxsus bir tərzdə donquldandı. – Mən qocalmışam, bir dəriyəm, bir sümük. Ancaq qanım qaynardır. Elə məni yaşadan da qanımdır!
Sergey Nikolayeviç əlini qaldırıb mübahisəyə son qoydu.
– Sakit olun, yoldaşlar, – deyə həkim irəli yeridi. – Polkovnik doğru deyir: gərək qan verən adam öz qrupunu düzgün bilsin. Misal üçün, siz nədən bilirsiniz? – deyə o bolqara müraciət etdi.
– Davadan iki il qabaq xəstəxanada yatmışdım. Onda qanımı analiz eləmişdilər.
– Deməli, siz vaxtilə xəstə olmusunuz? Xəstəliyiniz nə idi?
Bolqar cavab verməyə macal tapmamışdı ki, Vasya irəli yeridi. O, cərrahlıq otağından çıxanda, zalda gedən söhbəti eşidib tez özünü polkovnikə çatdırmışdı.
– Sergey Nikolayeviç! – deyə yalvarııcı nəzərlərlə polkovnikə baxa-baxa qolunu çırmalamağa başladı, – almanlar məndən qan götürürdülər. Konservləşdirirdilər! Mən lap yəqin bilirəm: qanım birinci qrupdur!
– Gedək! – deyə həkim onu kürəyindən yüngülcə itələdi.
Onlar polkovniklə birgə Mehdinin yatdığı otağa getdilər. Partizanlar kiriyib onlara yol verdilər. Daha nə etmək olardı? Vasyanın bəxti gətirmişdi.
– Çox sağ olun, yoldaşlar, – deyə Sergey Nikolayeviç partizanlara razılıq etdi.
Vasya heç bir şey eşitmirdi. O, indi özünü son dərəcə sakit hiss edirdi. O, bir az bundan əvvəl həyəcanlanır, cürbəcür xəyallara düşürdü. İndisə qəti bilirdi ki, bu saat otağa gedəcək, onun qanını Mehdiyə vuracaqlar, əziz dostu özünü yaxşı hiss edəcək… Vasya indi əmin idi ki, bir aydan sonra Mehdi yorğan-döşəkdən qalxacaq, yenə də onunla birlikdə əməliyyata gedəcəkdir…
Vasya Ancelikanın yanından keçərkən başının işarəsi ilə onu sakit etdi. Ancelika zaldan keçib divarın dibindəki uzun və ensiz skamyada oturdu. Qızın fikri dağınıq idi. Onun bütün varlığı Mehdinin başına bir fəlakət gələ biləcəyi fikrinin əleyhinə idi. Mehdi yaşamalıdır. O, yaşamaya bilməz! O yenə də gülə-gülə Ancelikaya baxacaq, öz güclü qolları ilə onu qucaqlayıb yanağını onun yanağına sıxacaq. Axı, niyə Ancelika sağlam Mehdini öz yanında, ona nəvazişlə baxan, onu qucaqlayan bir vəziyyətdə görür?
Ancelika bu sualı özünə vermirdi, əgər o, özündən bunu soruşsaydı, yəqin ki, qəlbini bürüyən anlaşılmaz və qüvvətli bir hissdən qorxardı. O, başını əlləri arasına alaraq, uzun müddət skamyada oturdu. Birdən kimsə yaxınlaşıb onun yanında əyləşdi. Bu, Vasya idi. Ancelika onun nə vaxt yaxınlaşdığını duymamışdı.
– İndi özünü bir qədər yaxşı hiss edir! – deyib Vasya gülümsündü.
Ancelika həyəcanla soruşdu:
– Huşa gəldi?
– Hələ yox, ancaq nəbzi düzəlib, nəfəs almağı da yaxşıdır. Həkim deyir ki, daha narahat olmaq lazım deyil.
İndi Vasya özünü son dərəcə yüngül hiss edirdi: elə bil bədəni çəkisini itirmişdi. Əllərini tərpədəndə ona elə gəlirdi ki, qanad çalır. Lakin bir an sonra, Ancelika onu qucaqlayıb öpdükdə Vasyaya elə gəldi ki, o, doğrudan uçur. Vasya başını qızın çiyninə qoydu, lakin özü istəsə də Ancelikanı öpə bilmədi. O, gözlərini yumub üzünü qızın sinəsinə sıxırdı. Zəiflikdənmi, sevincdənmi Vasyanın başı gicəlirdi. O, çox qan vermişdi. Nə isə xoş bir üzgünlük Vasyanı taqətdən salmışdı. Onun başı yavaş-yavaş Ancelikanın sinəsi üstündən sürüşüb onun dizinə düşdü. Vasya yatdı.
Boş qalmış zalda iki nəfər o başa-bu başa gəzişirdi. Ancelika yalnız onların uzun kölgələrini görür, gəzişən adamların briqada komandiri Ferrero ilə Sergey Nikolayeviç olduğunu bilmirdi. Onların hər ikisi – Ferrero və müavini – çox qayğılı və qaşqabaqlı idi.
– Mən adamlarımızı on dəstəyə ayırıb hərəsini bir tərəfə göndərdim. Heç kəs Karrantinin izini tapa bilmədi. Elə bil yerə girib! – deyə Ferrero təəccüblə əllərini araladı.
Sergey Nikolayeviç cavab verdi:
– Yəqin ki, uçurumdan aşağı düşüb.
– Ola bilər. Ancaq orada heç bir əsər-əlamət tapa bilmədilər, hər halda, o əclaf aradan çıxdı, – deyə Ferrero qəzəblə tüpürdü.
Onun yaş paltarı başdan-ayağa palçıq içində idi. Sergey Nikolayeviç dişlərini bir-birinə möhkəm sıxmışdı.
– Mehdi təhlükədən qurtardı. İndi briqadanı qurtarmalıyıq, – deyə briqada komandirinə müraciət etdi.
– Özü də işi bu gün görüb qurtarmalıyıq! Yoxsa sabah Karranti Triyestə çatan kimi faşistlər çox şeydən xəbərdar ediləcəklər. Ah, əclaf! Bircə əlimə düşsəydi…
Ferrero sakit ola bilmirdi.
– Çarə yoxdur, getmək lazımdır! – deyə Sergey Nikolayeviç dilləndi.
Ferrero köksünü ötürdü:
– Gedək xəritəyə baxaq, polkovnik. Gərək uzaq meşələrə çəkilək. Rabitəni dəyişməliyik. Təzə təchizat yolları tapmalıyıq. Karranti hələ başımıza çox işlər gətirəcək. Mənim bu sözlərimi yadda saxla, polkovnik!
– Bilirəm, gedək.
Polkovnik onun qolundan turdu.
Sabahısı günün axşamı həkim öz tibb məntəqəsini, şam ağacı budaqlarından və su buraxmayan parçadan düzəlmiş bir komada yerləşdirməyə məcbur oldu. Onun məntəqəsi qalın meşənin ortasındakı kiçik bir talanın kənarında idi.
Həkimin işi çox idi. Uzun yol keçmiş partizanlardan çoxu zökəm olub, xəstələnmişdi. Xəstələrin çoxu ağır şəraitə adət etdiklərinə görə, naxoşluqlarlarını ayaq üstə keçirirdi. Lakin bir neçə nəfər özünü son dərəcə pis hiss edirdi. Yaralıları və bu xəstələri müalicə etmək üçün böyük bir səyyar hospital lazım idi. Yaralıları əvvəlcə yük maşınlarında, arabalarda, hətta almanlardan qənimət alınmış xüsusi səhiyyə maşınında daşıyırdılar. Lakin Ferrero indi partizanları elə yerlərə gətirib çıxarmışdı ki, bütün maşınları meşənin içində gizlədib xəstələri xərəklərdə və əldə daşımağa məcbur olmuşdular. Ancaq Mehdini və ağır vəziyyətdə olan iki-üç partizanı qatırların çəkdiyi bir arabada yerləşdirmişdilər.
Meşədə yalnız bir ovçu koması vardı. Bu komaya on nəfərə qədər adam güclə yerləşə bilərdi. Buna görə də Ferreronun əmri ilə xəstələr üçün əlavə olaraq bir neçə koma düzəldilmişdi.
Sakit hava rütubətli və ağır idi. Axşamın ala-qaranlığında balta səsi və inək böyürtüsü eşidilirdi. Partizanlar meşədə düşərgə salmalı idilər. Onlar ocaq qalayırdılar. Partizanlardan bəzisi ağacların budağını əyib üstünə ədyal salır, bəzisi qazma düzəldir, kimisi də ağacların şax-budağını qırıır, kol-kosu təmizləyir, cığırlar açırdı.
Yanaqları qıpqırmızı qızarmış kök Planiçka da partizanlarla birlikdə qazma düzəldirdi.
– Kefiniz necədir? – deyə Sergey Nikolayeviç Planiçkaya yaxınlaşdı.
Planiçka diksindi:
– Yaxşıyam, çox sağ olun, – deyə cavab verdi.
Planiçka qorxurdu ki, onun hamilə olduğunu görən komandirlər tüfəngini alıb özünü uzaq kəndlərdən birinə göndərsinlər. O, həmişə belini altdan bərk bağlayırdı ki, qarnı çox gözə çarpmasın. Planiçka polkovnikin uzaqlaşdığını görüb rahatlıqla köksünü ötürdü.
Ancelika əlində termos aşpaza yaxınlaşdı və Mehdiyə çay hazırlamaq üçün qaynar su istədi. O, çayı dəmlədikdən sonra Mehdinin uzandığı arabaya yaxınlaşıb, qara plastmas stəkanda ona çay içirtməyə başladı.
– Çox sağ ol, Ancelika, – deyə Mehdi zəif bir səslə qıza təşəkkür etdi.
Mehdi arabanın içindəki yumşaq döşəkdə böyrü üstə uzanmışdı. O, arabanın yan tərəfindəki taxtaların arasından Vasyaya baxırdı. Vasya qatırların ayağını cidarlayır, heyvanlara ot tökürdü.
Ancelika onlardan uzaqlaşanda Mehdi qızın ardınca baxaraq öz-özünə düşündü: “Çox yaxşı adı var. Ancelika! Gözəl addır. Elə özü də gözəl qızdır. Lap Bryullovun çəkdiyi italyan qızlarına oxşayır. Adam o şəkillərə baxanda deyirdi ki, həyatda belə gözəl olmaz… Sən demə, olarmış. Yox, əslinə qalsa, Ancelika şəkildəkilərə oxşamır. Ancelika snayperdən də sərrast atır. Güllə atanda, demək olar, heç nişan almır. Lazım olanda şalvar da geyir. Gündə əlli verst yol gedə bilir. Onu Bryullovun çəkdiyi incə, nərmə-nazik qızlara bənzətmək olmaz!”
Mehdi fikirli halda saqqal basmış çənəsini ovuşdururdu. Nədənsə Ancelikanın Triyestdə faşist unterinə sillə vurması birdən-birə onun yadına düşdü. Unter qızın qabağını kəsib öpmək istəyirdi. Ancelika da ona bir sillə vurdu ki, şappıltısı bir tin uzağa getdi. Unter müvazinətini itirib yıxıldı. O, yerdən qalxıb bir də qızın üstünə atılmaq istəyəndə, Ancelika ona elə baxdı ki, faşist özünü itirdi. Bu vaxt alman mayoru forması geyinmiş Mehdi özünü yetirib yaxınlaşan patrullara unteri həbs etməyi tapşırdı. Onun Ancelika ilə ilk tanışlığı belə olmuşdu.
Sonra Mehdi qızı partizanların yanına gətirmişdi. Lakin məlum olmuşdu ki, Ancelika çoxdan yoldaş “P” ilə əlaqə saxlayırmış. Ona Triyest şəhəri haqqında məlumat verirmiş. O gündən başlayaraq Ancelika Mehdi ilə birlikdə tapşırığa gedirdi. Kəşfiyyat onun ən çox sevdiyi iş idi. Ancelika Mehdinin hörmətini qazana bilmişdi. Onların arasında möhkəm dostluq yaranmışdı. Belə dostluq yalnız iki kişi arasında ola bilərdi. Buna görə də Mehdi, Ancelikanın bəzən ona göstərdiyi nəvazişi, ancaq bu möhkəm döyüş dostluğunun təzahürü kimi qiymətləndirirdi. Mehdi başqa döyüşçülərə olduğu kimi, Ancelikaya da “sən” deyə müraciət edirdi. Ancelika isə həmişə ona “siz” deyirdi.
Bir neçə vaxtdan sonra Vasya da briqadaya gəlmişdi. Bu şən və cəsur oğlan az müddətdə partizanların hüsn-rəğbətini qazana bilmişdi. Hamıdan çox ondan Mehdinin xoşu gəlirdi. Onlar elə dostlaşdılar ki, bir saat da olsun bir-birindən ayrı dayana bilmirdilər. Uzaq vətən haqqında xatirələr onları bir-birinə daha da yaxınlaşdırırdı. Onlar bir yerdə əyləşib vətənlərinə necə qayıdacaqları haqqında söhbət edir, gələcək üçün cürbəcür planlar qururdular.
Lakin vaxt gəldi ki, Ancelika ilə Triyestə getmək təhlükəli oldu. Çünki qız çox gözəl idi. Ona görə də hamının diqqətini cəlb edirdi. Vasya isə alman paltarı geyinəndə tamamilə dəyişir, tanınmaz olurdu. Buna görə də Mehdi tapşırığı yerinə yetirməyə Vasya ilə birlikdə gedir, Ancelika isə yalnız rabitəçi vəzifəsini yerinə yetirirdi.
Vasyanın Ancelikaya yaxınlıq etməyə çalışması Mehdinin nəzərindən qaçmamışdı. Vasya tez-tez qızı qucaqlayır, nə isə onun qulağına pıçıldayırdı. Onlar əvvəlcə əllərinin hərəkəti ilə bir-birini başa salmağa çalışırdılar. Sonradan Ancelika Vasyaya italyan dili öyrətməyə başladı. Onların dostluğu çox məzəli və nəzakətli bir xüsusiyyət daşıyırdı. Onlar uşaq kimi bir-birinə hər şeyi açıb danışır, həmişə bir-birinin qayğısına qalırdılar. Bəzən də saatlarla meşənin kənarında əyləşib nə haqdasa söhbət edirdilər. Mehdiyə elə gəlirdi ki, Ancelika ona ürkək nəzərlərlə baxır, bu baxışları ilə sanki soruşurdu: “Belə etmək olarmı? Mən düz hərəkət edirəmmi?” Mehdi yalnız gülümsünürdü. O, gənclərin bu səadətindən zövq alırdı.
Mehdi bu xatirələri özündən kənar edib yatmağa çalışırdı. Lakin yata bilmirdi. O, gözləri açıq halda uzanmışdı. Kürəyindəki yara sızıldayırdı. Mehdi tərpənməyə belə qorxurdu. Kaş səhər tez açılaydı! O, səhərlər özünü daha yaxşı hiss edirdi.
Sergey Nikolayeviç Mehdiyə yaxınlaşdı.
– Hə, Mehdi, kefin necədir? – deyə qayğıkeşliklə soruşdu.
– Çox sağ olun, Sergey Nikolayeviç! Daha yavaş-yavaş durub gəzə bilirəm…
Sergey Nikolayeviç əli ilə onun saçlarını qarışdırdı.
– Yaxşı, bir de, görüm, kürəyini necə oldu ki, bıçağın altına verdin?
– Düzü, heç özüm də bilmirəm. Görünür, ehtiyatsızlıq eləmişik. O, hər şeyi başa düşmüşdü. Ancaq səhvimiz nədə olub, bilmirəm.
– Bəlkə, sənin hərəkətlərindən başa düşüb?
– Mənim? Yox, mən özümü möhkəm saxlamışdım…
– Bəlkə, sənə elə gəlir? Yaxşı, yaxşı, kefini pozma. Qoy, bu, bizə bir dərs olsun! Gecən xeyrə qalsın, Mehdi!
– Sağ olun, Sergey Nikolayeviç. Arzu eləyirəm ki, yuxuda Tanya ilə Pyotru görəsiniz…
– Çox sağ ol, – polkovnik gülümsündü. – Yaxşı, yat, mən getdim.
Polkovnik getdi. Mehdi isə yata bilmirdi. Arabadan düşüb bir az gəzişmək istədi, xoşbəxtlikdən hər yer qaranlıq idi. Hamı yatmışdı. Heç kəs Mehdinin ağrıdan üz-gözünü necə turşutduğunu görməyəcəkdi.
Gecə saat iki olardı. Ferreronun başçılığı altında əməliyyata gedən dəstə hələ qayıtmamışdı. Uzaqda, uçurumun kənarında keşik çəkən gözətçinin qaraltısı görünürdü.
Mehdi canını dişinə tutub ayağa qalxdı. O, ağrının çəkilməsi üçün bir dəqiqəyə qədər hərəkətsiz dayandı. Dizlərində taqət yox idi. O, ehtiyatla addımlayaraq yeriməyə başladı. “Canım yaman möhkəmdir!” – deyə fikirləşdi. O, getdikcə addımlarını daha möhkəm atırdı. Ətrafdakı meşə xışıldayırdı. Mehdiyə birdən elə gəldi ki, kimsə qaranlıqdan diqqətlə ona baxır. O geri dönməyərək, alçaqboylu şam ağaclarının arası ilə yeriməyə başladı. Lakin arxadan kiminsə ona baxdığını duyaraq rahat ola bilmirdi. Nəhayət, o, davam gətirə bilməyib geri döndü. Şaxlı-budaqlı cır bir alma ağacının altında Ancelika dayanıb ona baxırdı. Onlar bir an danışmadan bir-birinə baxdılar.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?