Электронная библиотека » Muğanna İsa » » онлайн чтение - страница 2

Текст книги "Kollu koxa"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Muğanna İsa


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 7 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Qoca birdən-birə sərtləşmişdi.

– Sən kimsən?

Kişi bunu elə ciddi soruşdu ki, mən cavan jurnalist sarıdan qayğımı dərhal unutdum. Qəribə idi ki, Koxa da Qurban kişiyə birtəhər baxırdı. Cavabı da birtəhər oldu, əlində lapatkanı göstərib:

– Kolxozçuyam. Suçuyam, – dedi.

– Adın, familiyan yoxdu?

– Adıma Koxa deyirlər.

– Haman o, camaata laylağı qoşan Koxa?

– Bəli, haman Koxa.

Qurban kişinin sifəti daha da sərtləşdi.

– Eşitmişəm, əməlindən xoşun gəlir?

21


Koxa gülümsədi.

– Əlbəttə. Gəlməsə elərəmmi?

Qurban kişi duruxdu. Dillənəndə, bu dəfə mən qocanın səsində məzəmmət hiss etdim:

– Onun-bunun adının böyrünə söz yapışdırmaq yaxşı deyil axı, oğlum!

Koxa tamamilə sərbəst idi. Dedi:

– O baxır necə sözdü!

– Məsələn, Dingə. Yaxşıdı?

Koxa çiynini çəkdi.

– Nəyi pisdi ki?

– Dingəni arvadlar qoyardılar. Kəndinizdə arvadlardan birinə Dingə desəydin, bundan heç kəsin xətri qalıq olmazdı. Ancaq sən Dəmir kişi təki ağsaqqal adama Dingə Dəmir deyibsən. Mən yaxşı tanıyıram onu. İnqilab vaxtı silah yol-daşım olub. Ağadan, bəydən xilas eləyib xalqımızı. Mükafatı budu?! Dingə?! Kişini niyə təhqir eləyibsən?!

Koxa yenə də sərbəstcə yan-yörəyə baxdı.

– Çağır Dəmir kişinin özündən soruş, gör təhqir eləmişəm, yoxsa…

Qurban kişi onun sözünü kəsdi:

– Mən səndən soruşuram! Camaatı niyə təhqir eləyirsən, bala?! Kim ixtiyar verib sənə?!

Bu gözlənilməz sorğu-sual indi kanal boyunda çoxları-nı maraqlandırırdı. Rəsmi vəzifəsi-filanı olmasa da Qılınc Qurban dövlət adamı hesab olunduğundan, onun Koxanı danışdırdığını eşidib, yavaş-yavaş buraya, suçuların əllərində tutduqları fənərlərin işığına sarı gəlirdilər.

Qulaq asan çox olanda, məlumdur ki, danışan tərəflər özlərində daha çox məsuliyyət hiss edirlər. Mən Qurban kişinin üzündə belə bir şey gördüm.

22


Koxa isə əvvəlki kimi idi:

– Bizim kənddə mənim bu laylağılarıma görə məndən inciyən yoxdu, Qurban kişi.

– İncimirlər?!

– Bəli, inciyən yoxdu.

– “Həsir Haşım” deyirsən, “Tülkü, Çənə-filan” deyirsən! Bunlardan da incimirlər?! “Tülkü Bəbir, Xain Xıdır!” İncimirlər?!

Nəhayət, Koxada da dəyişiklik oldu. Çənəsini lapatkanın sapına dirəyib öz uydurduğu ləqəbləri Qurban kişinin adından eşitməkdən ləzzət alırmış kimi çəp gözlərini titrədə-titrədə gülümsəyirdi. Əmma birdən ciddiləşib çənəsini lapatkanın sapından ayırdı.

– Dayan, dayan, – dedi. – Mən ki, laylağıları sənin yanında bir kərə də sadalamamışam, hardan belə yığıb təsbe-hə düzübsən, əşi? – Koxa camaata baxdı: – Sizdən deyən olmayıb? – Cavab verdilər ki: – olmayıb.

Qurban kişi kitelinin döş cibindən portsiqar çıxarıb papiros yandırdı. Tüstünü altdan-dik Koxanın gözlərinin içinə

üfürüb, bu dəfə boğuq səslə:

– Sənin bu laylağı söhbətin gedib raykomacan çıxıb! –

dedi. – Bu söhbətnən xüsusi məşğul olacaqlar! Vaxtıynan qan töküb hökumət quran, ləyaqətli kişiləri ləyaqətdən salmaq bilirsənmi nə deməkdi, ay oğul?!

Koxanın gözləri bərəldi, amma bu qorxudan-filandan deyil, maraqdandı.

– Mən bilirəm nə deməkdi inqilab veteranları. Deməli, gülləm dəyib hədəfə, hə?

Kişi çox pərt idi.

– Məsləhət görürəm, bu gündən xətm elə! Yoxsa altını çəkərsən! Cəzalandırarlar səni! Yanı məhkəməyə verərlər!

23


Koxa başını buladı.

– Adını bir qatar dəvə çəkmir. Qılınc Qurban deyəndə

dilimiz ağzımıza sığışmır. Əmma gör nə danışırsan, – dedi. –

Sən yetmiş il, səksən il, bilmirəm nə qədər ömür eləyib Qılınc Qurban olubsan. Mən sənin yaşıyın hələ heç yarısıycan da yaşamamışam, əmbə hələ indidən Qaracalarda özümə gö-rə hörmətim var. Sənin yaşına çatanda, nə bilirsən, bəlkə mə-nə daha çox hörmət eləyəcəklər. Odey, özün deyirsən, söz-söhbətim gedib raykoma çıxıb. Çağırıb lap elə məhkəməyə

versələr, sorğu-sual eləsələr, danışdırsalar, görərlər ki, mən də özümə görə bir kişinin oğluyam.

– Darıxma, danışdırarlar! – Qurban kişi susub kənara çevrildi.

Papirosunu sümürməyindən də görünürdü ki, qoca getdikcə əsəbiləşirdi. Məncə, ona toxunan, hər şeydən əvvəl Koxanın rəftarındakı sərbəstlikdi. Belə düşündüm, çünki Koxanın həddindən artıq sərbəst davranışı mənim də xoşuma gəlmirdi: görmürdümü, başa düşmürdümü ki, qarşısında adına Dingə deyib güldüyü suçu yoldaşı Dəmir kişi yox, adı-sanı bütün respublikaya yayılmış Qılınc Qurban dayanmışdı! Koxa nə hünərlə belə mübahisə edirdi?!

Özümü saxlaya bilməyib, yaxınlaşıb Koxanın ətəyindən çəkdim. Gözucu mənə baxdı, nə demək istədiyimi, əlbəttə, başa düşdü, əmma əhəmiyyət verməyib yenə üzünü Qurban kişiyə tutub, gözlənilməz bir sual verdi:

– Soruşmaq ayıb olmasın, bura niyə gəlibsən, Qurban ki-şi?

Burada mən lap qəribə, anlaşılmaz bir mənzərə gördüm: Qurban kişi diksinib papirosu əlindən saldı. Hətta rəngi dəyişdi: fənərlərin şüşələri hisli olduğuna görə işıq nə qə-24


dər zəif olsa da, mən qocada son vaxtlar tez-tez gördüyüm əlaməti – gözlərinin elə bil içəridən kölgələndiyni gördüm.

Üzünü Koxaya çevirəndə baxışından yenə də gərginlik sezildi. Səsi isə bayaqkı kimi boğuq çıxdı:

– Necə?! Mənim Qaracalara niyə gəlməyim bəlli deyil?!

Koxa ilan kimi baxırdı:

– Bəlli deyil, Qurban kişi! Daha doğrusu, bu camaata bəlli deyil. Mən, əlbəttə, bilirəm, onçun da xəbər alıram ki, özün de, camaat da bilsin.

Qurban kişi portsiqarından təzə papiros çıxara-çıxara, dönüb mənə, sonra qonağa baxdı.

Qonaq, deyəsən, bürkünü tamam unudub nağıla qulaq asan uşaq marağı ilə, hətta ağzını açıb mübahisəni dinləyir-di.

Qurban kişi alışqanın tətiyini basıb papirosu yandırdı.

– Mənim Qaracalara gəlməyimin səbəbini sən hara yo-zursan?! Sədriniz bilir! Sən çərənləyirsən!

Koxa yenə başını buladı:

– Siz böyükləri elə belə gördüm. Çətinliyə düşəndə o sa-atca təpinib adamı qorxutmaq istəyirsiniz. Mən qorxaq deyiləm.

Birdən qoca elə bil çaşıb Koxaya təəccüblü bir sual verdi:

– Balam! Oğlum! Məndən nə istəyirsən?!

Bu suala, deyəsən, Koxa da təəccübləndi.

– Mən?.. Nə istəyirəm? – Camaata baxdı. – Mən nə istəyirəm, a kişilər?

Qaranlıqdan dedilər:

– Xəbər aldın ki, Qurban kişi nə əcəb gəlib Qaracalara.

– Atana rəhmət! – Koxa baş əyib razılıq elədi. – Xəbər aldım ki, niyə gəlib. İstədiyim onda nə olar? Bu olar ki, Qurban kişi, bax, bu camaatın gözünün qabağında, adlı-sanlı Qı-25


lınc Qurbanın şəninə yaraşan mərdliknən deyəsən ki, bu ge-cə vaxtı sən bura Qaracaların dərdinə qalmağa yox, laylağı söhbətinə gəlibsən!

Qurban kişinin gözləri qıyılıb qırışların arasında parıl-dayırdı.

– Cavanşir! Oğlum, sənin bu suçun nə danışdığıdı?! Ne-cə yanı mən dərdə qalmağa gəlməmişəm? Laylağı söhbətini eləyirəm, çünki mən belə şeylərin yanından düz ötəmmə-rəm! Mənim adıma niyə Qılınc deyirlər? Çünki harda bir əyrilik, pislik görürəm, qılınc çəkib kəsməsəm, ötmürəm. Ömrümün əlli ildən çoxunu belə yaşamışam. Sizin Qaracalarda hər kəs məni yaxşı tanımırsa, qoy tanısın, bilsin ki, nə qədər qocalıb əldən düşsəm də, mən ömrümün qalan beş-üç ilini də belə yaşayacam! Pislik gördümmü, kəsəcəm, Cavanşir!..

Sənin bu suçunu kəsmirəm hələ, tövsiyə eləyirəm. Mən, necə

ki, bu millətin bir nümayəndəsi, ürəyim götürməz ki, mənim millətimin ləyaqətli oğulları, qızları quyruğu laylağılı olsun-lar! Millətin gərək özü də gözəl olsun, adı da! Düzmü deyirəm, a Qaracalar camaatı?

Hər tərəfdən təsdiq etdilər ki, düz deyirsən, əlbəttə, millətin özü də gözəl olmalıdır, adı da. Buna kim etiraz edə bilər?

Qurban kişi yenə Koxaya döndü:

– Düz deyirəm?!

Koxa başını tərpətdi:

– Əlbəttə, Qılınc Qurban gərək əyri danışmasın.

– Şəriksənmi ki, millətə şəvədə qoşmaq olmaz?!

Koxa, lap astadan və nədənsə birdən-birə:

– Şərikəm, – dedi.

Qurban kişi üstələdi:

26


– Bəs niyə yapışdırırsan o çirkin laylağıları bizim gözəl adlarımızın quyruğuna? Özün belə cavan, pəhləvan təki oğlan, niyə məşğul olursan belə şeylərnən, oğul?!

Mən güman etdim ki, bundan sonra Koxa pəsləyər. Əm-ma onun cavabı, deyəsən, əvvəlcədən hazır imiş:

– Xahiş eləyirəm, səbirini bas, bir az sakit bax mənə, Qurban kişi… Mənim uşaqlığım Samux meşəsində keçib. Or-da, meşədə bizim böyük-böyük kəndlərmiz vardı: Muğanlı, Kəsəmən, Poylu… Atam lap körpəlikdən dərs deyirdi mənə

öz evimizdə. O kəndlərimizin adları elə deyilmiş. Özləri də

orda, meşədə yox, Muğandaymış. Rus bir yandan basıb, Fars bir yandan. Kəndlər qaçıb dolub Samuxa. Adlarını da dəyiş-diriblər. Əmbə düşmən bilirmiş ki, o kəndlərdə bizim millətin böyük-böyük alimləri gizlənibmişlər. Meşədə kök salıb ordan bütün millətə elmi yazılar göndərirmişlər, tariximizi, kökümüzü saxlayırmışlar. Düşmən bilib bunu. Su Elektrik Stansiyasının proyektini dəyişdirib, Samuxa salıblar. O

kəndlərimizi, o alimlərmizi it unu təki dağıdıblar!.. İndi gəz o tay-bu tay Azərbaycanı, soruş hara köçürüblər o əhalimizi, o alimlərimizi?! Atam bilirdi hər şeyi. Atam da yoxdu indi.

Heç kəsin xəbəri yoxdu ki, zəhərlədilər mənim o nər meşəbəyi atamı! Alim atamı!.. Vəsiyyət eləyib. Səsi indi də qula-ğımdadı: “Samux deməyin, Simağ deyin… Samux deməyin.

Simağ deyin…” Uzun vəsiyyətdi.

Qurban kişi düşüncəli olmuşdu. Soruşdu:

– Deyərsənmi mənə?

Koxa bir ara fikrə getdi.

– Ağlarımız Bağdadı, Qurban kişi, – dedi.

– Mənim savadım azdı, səkkiz sinif qurtarmışam. Kəndlərimiz meşədən köçürüləndə məktəbimizi sökdülər, daşını daşıdılar Mingəçevir tikintisinə. Sonra atam getdi əlimdən.

27


Gəldim sığındım bu Cavanşirə… Otuz iki yaşım var. Deyirlər, qırx beş yaşa qədər girmək olar instituta. Əmbə diləyim gözümdə qalıb. Açığı, istəyim yoxdu. Ürəyimdə fərəhim qalmayıb, Qurban kişi… Deyirlər, sən hər yerdə qorxusuz-hür-küsüz deyirsən hökumətimizin işi Allaha qalıb. Gör mən nə

deyirəm: millətimizin işi Allaha qalıb, Qurban kişi. Niyə?

Heyif mənim meşəbəyi alim atamdan! Sağ olsaydı, o yaxşı izah eləyərdi – niyə axırı yoxdu millətin. Axırı yoxdu, çünki adı yoxdu, Qurban kişi!

– Nə?! Nə?! – Məndən qopdu bu heyrət. – Necə yəni adı yoxdu… millətin?!

Koxa dərindən nəfəs aldı.

– Yoxdu, Cavanşir! Dingədi! Həsirdi! Nəsirdi!.. Nədi Nəsir?! Nə deməkdi, bilirsən?

Dedim:

– Onu mollamız Məmişdən soruşarsan, izah eləyər.

– Həəə… Budu bax atamın vəsiyyəti, Qurban kişi, – Koxanın gözlərində parıltı göründü. – Qısasını deyirəm: “Quran”dan verilib adlarımız. Ərəb adlarıdı. Bə özümüzünkü nədi, Qurban kişi? Yoxdu! Qədimdə Asorular gəlib dolublar buralara, bir ad onlar qoyublar! Yunanlar dolublar, ayrı cür ad qoyublar! Farslar, ərəblər dolublar, “Quran”dan qoyublar!.. Atamın vəsiyyətinin canı budu ki, gəzək hər yeri, Simağ meşəsindən açıq-aşkar sürülən alimlərimizi tapaq, yazdıqları kitabları yığaq, dərs alaq o kitablardan…

Qurban kişinin əli elə sərt qalxdı ki, papirosun qoru töküldü.

– Dayan, oğul, dayan! Mən bilirəm nədi sən deyən. Məsləhət görürəm, belə açıq danışma o barədə. Axundova2 yox, 2 Azərbaycan KP MK-nın birinci katibi.

28


birbaş Xruşşova çatdırarlar! Bildin?! Razısanmı mən deyən-nən?

– Koxa susqunlaşdı.

– Yüz faiz razıyam, – dedi. – Elə ona görə də alimləri-mizdən, kitablarından əlimi üzmüşəm. İnstituta-zada getmiyəcəm. Bax belə əli lapatkalı qalacam. Nə qədər ömrüm var, tanıdığım-bildiyim adamların hamısının adının yanına gözəl-gözəl laylağılar yapışdıracam. Qoy desinlər, bu da be-lə adamıydı, hamını təhqir eləyə-eləyə cəhənnəmlik oldu!

Qurban kişi xeyli susub, birdən əllərini yanlarına çırpdı.

– Heyif savadsız qalıbsan sən də mən təki! – dedi. – Elə

ona görə də dolaşıq danışırsan. Bir yandan istəyirsən adımız gözəl olsun, o yandan da kiminin quyruğuna həsir yapışdırırsan, kimininkinə tülkü bağlayırsan. Yox, bala, mən sənin dilini qanmıram! Cavanşir, sən necə, bir şey başa düşürsən-mi?

Mən tamam çaşıb mat-məəttəl qalmışdım. Dedim:

– Başa düşmürəm, Qurban əmi.

Koxanın çiyinləri qalxıb enirdi.

Mən çaşqın olduğum qədər də əsəbi idim.

– Nəyə gülürsən?! – dedim. – Burda gülməli nə var?!

Dedi:

– Çox şey var, yoldaş sədr.

Dedim:

– Bəs mən niyə görmürəm o çox şeyi?

Dedi:

– Çünki… düzünü deyirəm. Sən görmürsən, çünki gözündə pərdə var.

Mən qızardım. Dedim:

– Bunu da başa düşmürəm!

Koxa yenə çənəsini lapatkanın sapına dirədi.

29


– Qurban əmin səni başa sala bilər. Demək istəsə, ikicə

söz deyəcək sənə, ikicə laylağı. Özün hər şeyi başa düşəcəksən. Bu gün çöldə, raykomun maşınında bir yoldaş gəlmişdi. Ona mən iki dənə qatı açılmamış təzə laylağı dedim. İndiyəcən qoşduğum laylağıların hamısı bir yanadı, o bir yana!

Özünütərif olmasın, hikmətli laylağılardı. Haman o yoldaş

mənə dedi, günü bu gün həmən laylağıları Qılınc Qurbana çatdıraram, qoy fikirləşsin. Nədən ki, bu iki laylağının üstündə fikirləşməli iki adam varsa, biri, özü də əvvəlincisi Qurban kişidi. Görükür, fikirləşib, bu gecə vaxtı buraya da elə ona görə gəlib. Fikir vermədinmi, bayaq özü dedi ki, laylağı söhbəti gedib çıxıb raykoma! Görmədinmi Qurban əmin necə hirsləndi, necə təpindi üstümə. İndi necə gülməyim mən, yoldaş sədr. Qılınc Qurban təki dağ boyda adı olan bir adam, bu əlilapatkalı, üstüpalçıqlı Koxanın ikicə laylağısın-dan qorxuya düşüb, bu cəhənnəm istisində uça-uça qırx verst yol gəlibsə, bəs gülməli deyilmi bu, a Cavanşir!

Qurban kişi ara vermədən papirosunu sümürürdü. Diqqət yetirəndə mən burda ikinci dəfə onun gözlərinin kölgə-ləndiyini gördüm.

Birdən cəmaatda tərpəniş hiss etdim. Baş-başa verib nə

barədəsə pıçıldaşırdılar.

Qurban kişi susurdu. Qonaq mat-mat baxırdı.

Koxanın gözləri gah istehza ilə gülürdü, gah da əzablı, sirli olurdu.

Mən bir daha Qurban kişiyə baxdım və birdən ürək ağ-rısı ilə dərk etdim ki, onun Qaracalara bu gəlişinin səbəbi, doğrudan da “gedib raykoma çatmış”, oradan da Qurban kişiyə çatdırılmış həmin o iki laylağıdır. Dərk etdim, əmma bu fikrə inanmaq istəmədim; bu fikir hamının tanıdığı Qılınc Qurbana əskiklik gətirirdi.

30


İstər-istəməz xəbər aldım ki:

– Nə laylağılardı o, nə hikmət var onlarda?

Koxa sərtləşdi.

– Yaxşı olar ki, Qurban kişi özü danışsın.

Bu vaxt qonağın nəzakətli səsi eşidildi:

– Olmazmı gedək Koxa qardaşın dediyi o kurortda da-nışasınız?

Mən dərhal əl-ayağa düşdüm.

– Əlbəttə, əlbəttə! Gedək, gedək! – dedim.

Koxanın bu tünlükdə Qurban kişi ilə dilləşməsi məni sıxırdı, onsuz da burdan – camaatdan uzaqlaşmağa ehtiyac duyurdum. Qonağın təklifi lap yerinə düşdü. Mən ona min-nətdarlıqla baxdım.

– Bu dəqiqə gedək, – dedim.

Kanal üstündən adam çağırıb tapşırıq verdim ki, maşını qaraja salsınlar, şoferi yedirib-içirib rahatlasınlar.

Sonra Suğranın yanına yüyürdüm. Bayaqdan bəri özüm də hiss etmədən əlimdə saxladığım bidonu və dolçanı palazın küncünə qoyub, arvaddan xahiş elədim ki, uşaqları qon-şuya tapşırsın, bu bürküdə ocaq istisində dayanmaq nə qədər çətin olsa da, zəhmətə qatlaşıb qonaqlar üçün hazırlıq görsün.

Bacıma-Tacıma tərəf baxammırdım. Özümü günahkar hiss edirdim. Niyə? Koxanın xətrinə dəyirdim?

Gözucu baxdım: ağ kəlağayı altında, günəşdən də tünd-ləşməyən dümağ sifətdə zil qara gözlər narahatlıqla dolu idi… Uşaqlıqda biz – qardaş-bacı da yetimlik çəkmişdik; cırıq-sökük palaz-paltarla böyümüşdük. Yəqin ki, elə buna gö-rə Tacımın lap az-maz fikirli görünməyinə də dözmürdüm.

Bizim, demək olar ki, hər həftə iki-üç kərə qonağımız gəlsə də, Suğranın qaşqabaq salladığını görməmişdim. O, 31


kolxoz sədrliyində işləyənin qonaq-qarasız keçinməsinin mümkün olmadığını birdəfəlik başa düşüb, axşamdan başlayıb gecəyarıya, bəzən hətta səhərə qədər davam edən məc-lislərə qulluq eləməyin necə çətin olduğunu heç vaxt dilinə

gətirmirdi. Bacım-Tacım isə mızıldanırdı: “O çopur, çəpgöz köpəyoğlu aparsaydı, canım qurtarardı sənin qonaqların-dan”, – deyirdi. Bu dəfə də hirsli xəbər aldı ki, süfrə harda açılmalıdır.

Koxanı səslədim. Qurban kişi ilə xoşagəlməz mübahisə-sindən narazılığımı gizlətmədən soruşdum ki:

– Yaxşı, deməzsənmi görək harda oturacayıq?

Koxa müəmma ilə qımışırdı.

– Kurortda! Dedim ki, mən.

– Kurortun adı, ünvanı yoxdu?

– Var, niyə yoxdu?

– Haradı axı?

– Desəm, qorxuram razılıq verməzsən, yoldaş sədr, o cavan oğlan bürküdə qalıb lap təntiyir. Yazığım gəlir ona. Şəhər uşağıdı.

– Yaxşı, bəs Suğra xörək-çörəyi hara aparsın?

Koxa bir az fikirləşib dedi:

– Heç nə lazım deyil. Əlbət, bir tikə çörək tapılar.

– Bu adamlara biz gərək yaxşı hörmət eləyək, Koxa! Nə-zərə al ki, o oğlan Bakıdan bura Qurban kişini deyib gəlib.

Gərək hər şey Qılınc Qurbanın adına layiq olsun ha!

Koxa nədənsə köksünü ötürdü.

– Çalışarıq olsun, – dedi.

Fənər əlində, qabağa düşdü.


32


4


Gedə-gedə fikirləşirdim ki, fürsət tapıb bu saat Koxa ilə

danışmalıyam. Qoy desin, izah eləsin görüm o nə təzə, “qatı açılmamış” ləqəblərdir ki, hətta raykomda söz-söhbətə səbəb olub, Qılınc Qurbanı da bu qoca vaxtında belə narahat eləyib. Ümumiyyətlə, nə baş verib ki, Koxa hamımızın ehtiramla qarşısında baş əydiyimiz bir adamla belə kobud danışır? O nə idi mənə dedi ki, “sənin gözündə pərdə var?” Nə

pərdə? Niyə açıq danışmadı? Koxanın mənə münasibəti niyə

dəyişib? Nə üçün belə soyuq, bədrəftar kimi olub? Bu haman Koxa deyilmi ki, arada bircə gün mənlə söhbət eləməyəndə

darıxırdı? Hətta açıq-saçıq zarafat eləyirdi: “Tacım var, tax-tım yoxdu. Bəlkə elə sənin otaqlarıyın birində taxt qoyum?!”

İndi niyə soyumuşdu?!

Fikirləşdim ki, qonaqları rahlayan kimi Koxanı bir kənara çəkib hökmən danışdırmalıyam, – desin, izah eləsin.

Əmma başım elə qarışdı ki, iki kəlmə söhbətə də vaxt tapmadım.

Mən elə güman edirdim ki, “kurort” deyəndə Koxa, yəqin ki, bizi üzümlüklərin arasında-filanda ancaq özünün və

suçu yoldaşlarının bələd olduğu yaşıl bir guşəyə aparacaq, şəhərli qonaqların “təbiət qoynu” adlandırdıqları bir yerdə

rahatlayacaq. Əmma birdəncə ayılıb gördüm ki, kəndin or-tasındayıq.

Təəccüblə yan-yörəmə baxdım. Hamı kanal boyunda olduğuna görə evlərdən işıq gəlmirdi. Əmma mənə işıq lazım deyildi; lap uşaqlıqdan həyət-bacalarının girinti-çıxıntıları-na qədər əzbər bildiyim bu küləş damlı evlərdə, yəni mənim bələd olmadığım yer də vardı? Koxa bizi hara aparırdı?

33


İrəli keçib soruşmaq istəyirdim ki, bu vaxt Koxa dayanıb fənəri yuxarı qaldırdı.

– Buyursun, əziz qonaqlar!

Fənərin işığında, beş addımlıqda qazma damın alçaq, dar girəcəyi qaralırdı: biz Cında qarının həyətində idik!

Mən bədənimin soyuduğunu, sonra birdən istiləndiyini hiss etdim. Koxanın üstünə cumub hirsimdən titrəyə-titrəyə

fənəri onun əlindən çəkişdirdim.

– Bu nə hoqqadı?! Dəli olmusan?! Hara gətirmisən Qılınc Qurbanı?! Dolamısan bizi?!

Bilmirəm daha nə dedim. Əmma mənim bu qəzəbli pı-çıltım Koxanın, necə deyərlər, tükünü də tərpətmədi.

Tamamilə sakitcə:

– İçəri keç, sonra danış, Cavanşir, – dedi.

Dedim:

– Nə var içəridə?! Cında qarının iyili-qoxulu damını tanımıram?!

Koxa sakit idi.

– Tanımırsan, Cavanşir… Buyurun, a qonaqlar! Kurort, cənnət, nə desəniz, bax bu damın altındadı.

Koxa fənəri girəcəkdə dirəyin haçasına keçirib, başını əyib, birdən elə bil quyuya düşdü. Ordan qapının cırıltısı, sonra Koxanın səsi eşidildi:

– Axşamın xeyir, a qarı! Qonaq gətirmişəm!

Qapının cırıltısından o qədər də fərqlənməyən ikinci səs eşidildi:

– Sənə də qurban olum, qonağına da! Gəlin, gəlin!

Koxa, deyəsən, orda nə isə pıçıldadı. Bəlkə də mənə belə

gəldi. Bir az sonra quyunun ağzında, fənərin işığı altında Cında qarı göründü. Əllərini, necə deyərlər, üzükdən keçən incə belinə qoyub, qamətini düzəldib bizə baxdı.

34


– Bə niyə boy-boya veribsiniz, a bala! Xoş gəlibsiniz, səfa gətiribsiniz! A Cavanşir, sənsənmi? Sən də xoş gəlibsən, a sədr!

Mən danışa bilmirdim. Əmma bu artıq Koxaya hirsimdən yox, xəcalətdəndi; bir az əvvəl Koxaya dediyim “iyli-qoxulu dam” sözlərinə görə idi. Çünki mən özüm də bu damda böyümüşdüm. Hələ içəri girməmiş, Cında qarının üzünə baxandaca, uşaqlığımın unudulmaz uzaqlığından burnuma doğma torpaq ətri gəldi. İyirmi beş il bundan əvvəl, müharibə vaxtı, Qaracaların bürkülü günlərində Cında qarının mənimlə ünsiyyət bağlamış nəvələri ilə oynayıb əylənəndə bu qazma damın gün düşməyən dərinliyində damarlarıma hop-muş sərinlik elə bil bədənimin hüceyrələrində yenidən oyan-dı.

O vaxt Cında heç də Cında deyildi. Biz, yəni müharibə

illərinin on-on iki yaşlı uşaqları, kimimiz ona Pəpə nənə, kimimiz də Kökə nənə deyirdik.

Müharibə illərində bizim Qaracalarda olanlar bilirlər ki, onda dolanmaq ucundan adam hər şeyə gedirdi, kolxozda can-dildən işləməklə bərabər, kimi alver eləyirdi, kimi də şəhərdə pambıq çöpü satırdı. Pəpə-Kökə nənə isə Qaracalarda heç kəsin ağlına gəlməyən bir dolanma yolu tapmışdı. O

vaxtlar nisbətən cavan olanda da indiki kimi incəbel idi. Yü-yürüb-yıxılıb ordan-burdan köhnə mis qab-qacaq, cır-cındır yığışdırar, arabaya doldurub, aparıb şəhərdə “cında idarəsinə” təhvil verərdi, oradan aldığı iynə-sancağı, şagird dəftər-lərini, karandaşları satardı, qəpik-quruşu əski-üsküyə dü-yünləyib, qoyun-qoltuğunda saxlardı. İl pis gələndə Qaracalarda hamı taxıldan korluq çəkərdi. Pəpə-Kökə nənənin həyətində isə, demək olar ki, hər axşam ocaq qalanıb sac ası-lardı. Ocağın ətrafında dövrə vurub gözləyən bir düjün ye-35


tim nəvələrindən savayı, biz, ata-anaları çöldə – pambıq yı-ğımında olan qonşu uşaqları da gah buğda çörəyinin, gah da qarğıdalı cadının ətrinə uzaqdan burnumuzu çəkib ağzımızı marçıldadardıq.

Sacı çevirəndən sonra Pəpə-Kökə nənə, elə bil uzaqdan-uzağa ürəyimizdən keçəni duyub bizi də səsləyər və tezliklə

qara dam uşaqla dolardı. Əlimizdə parçalandıqca buğlanan isti pəpələrdən, kökələrdən doyunca yeyib, kefimiz duru-landan sonra burda, dərin, yarımqaranlıq qazmanın təkcə

bacasından düşən işığı da tutub, zil qaranlıqda “gizlənqaç”

oynardıq. Bəzən elə burda da yatışardıq.

Müharibə qurtardı. Biz böyüyüb, oxuyub “adam olub”, Pəpə-Kökə nənədən də, onun qara damından da uzaqlaşdıq.

Qarının qız nəvələri ərə getdilər, oğlan nəvələri isə dip-lom alıb Bakıda qaldılar, rayonlara təyinatla dağılışdılar.

Doğrudur, tez-tez Qaracalara gəlib, qarıya yalvarıb aparma-ğa çalışırdılar, əmma qarı getmədi; nə qara damından əl çəkdi, nə cırcında yığıb “cında idarəsinə” satmağından, nə də

pəpə-kökə bişirməyindən. Əmma Qaracaların müharibədən sonrakı uşaqları daha çörək iyinə yığışmadılar.

Həyətdə ocaq qaraldı. Sac soyudu. Əvvəllər kəndin ara-bərəsində yortub-yüyürən incəbel Pəpə-Kökə nənə özü də

yavaş-yavaş soyuyub, yavaşıyıb, nəhayət, qara damın qa-ranlığına çəkildi, gözümüzdən iraq olub, könlümüzdən də

uzaq oldu.

Hərdən-birdən kəndin ortasında təsadüfən rastlaşıb “ke-fin necədi, a qarı?”– deyərdik, bununla da “borcumuzu verib” sakitləşərdik.

Mən birdəncə ayılıb gördüm ki, bizim Pəpə-Kökə nənəmizin adını Cında qoyublar, indi bütün kənd ona Cında deyir.

36


Çöldə, iş üstündə Koxanın yaxasından yapışdım.

– Qarıya sənmi qoyubsan o adı?

– Əlbəttə, mən, – dedi, – özgə kimdi belə şeylərnən məşğul olan?

– Sən ki, dünənin uşağısan, özün də Samuxdansan, – dedim, – hardan bilirsən o cında əhvalatını?

– O əhvalatı mən eşitmişəm. Əmbə bu adı o əhvalata gö-rə qoymamışam. Bu Cındanın mənası ayrıdı.

– Nədi?

Koxa boynunu qaşıdı.

– Fikirləş, tap, – dedi. – çətin deyil. Fikirləş.

Fikirləşdim. Tapa bilmədim.

– Məni dolayırsan, nədi? – dedim. – Müharibə vaxtı cır-cındır yığıb util-sıryoya satdığına görə qoymamısansa, bəs nəyə görə qoymusan o laylağını?

Yenə dedi:

– Fikirləş, tap, Cavanşir.

Dedim:

– Tapa bilmirəm!

Dedi:

– Yaxşı fikirləşmirsən.

Dedim:

– Dəyişdir o adı.

Dedi:

– Mümkün deyil.

Sonra izah etdi ki, onun yaraşdırdığı ləqəblərin hamısı ciddi məsələlərdən əmələ gəlir, əgər həmin məsələlər dəyiş-sə, ləqəblər də dəyişər, yaxud öz-özünə unudulub gedər.

– Yaxşı, tutaq ki, elədi, – dedim, – olarmı açasan görüm bu “Cında” hansı məsələdən əmələ gəlib?

Dedi:

37


– Məsələni desəm, onda “Cında” da aydın olar. Demə-yəcəm, incimə, Cavanşir. Gərək fikirləşib hamısını özün ta-pasan. Nədən ki, özü tapdığı şeyi adam daha heç vaxt yaddan çıxartmır.

Bundan sonra isə Koxa mənə qəribə bir təklif elədi:

– Get sakit bir yerdə otur, – dedi, – yüz kərə öz-özünə

“Cında qarı, Cında qarı” de, hər şeyi özün başa düşəcəksən.

O vaxt üstümə belə şeşələnmək əvəzinə mənə “sağ ol” deyəcəksən.

Dedim:

– Sənin bu söhbətin lap uşaq sözünə oxşayır. Necə yəni

“yüz dəfə?” Hökmən yüz dəfə təkrar eləməliyəm?

Güldü. Dedi:

– Hökmən!

Bu söhbət məni necə maraqlandırmışdısa, yüz yox,

“Cında qarı, Cında qarı”, – deyə bəlkə min kərə təkrar etdim, əmma mənə heç nə aydın olmadı.

Həmin gün ikinci dəfə Koxa ilə rastlaşanda yenə yaxasından yapışıb, hətta qışqırdım ki:

– Sən bu tapmacanı izah eləyəcəksən, ya yox?

Koxa bu dəfə lap ucadan qəhqəhə çəkdi. Dedi:

– Tapmacanı izah eləməzlər axı, yoldaş sədr. Tapmacanı taparlar.

Mən əlimi yelləyib aralandım. Bir daha onu sorğu-suala tutmadım və tezliklə hər şeyi unutdum. Bu söhbəti bir də

yalnız indi, qonaqlarla birgə qara damın dar və quyutək dərin girəcəyindən aşağı düşəndə xatırlayırdım.


38


5


Bayaq yolda maşının yanında dayananda mən cavan qo-nağımızın köksünü ötürüb astadan “skuka” dediyini eşitmişdim. Orda diqqətim Qurban kişi ilə Koxanın ləqəblər –

“laylağılar” haqqında mübahisəsində olsa da, o “skuka” kəlməsi qulağıma dəyəndə mən qızardım və bu gənc jurnalis-tin Qaracalardan pis təəssüratla qayıdacağını düşünüb, bərk narahat oldum. İndi, qonaqları irəli ötürüb onların arxasınca dama girəndə isə, əməlli-başlı sarsıntılı idim, Cında qarı olmuş Pəpə-Kökə nənə ilə əlaqədar kövrək hisslərimi dərhal unudub, ürəyimdə yenə də Koxanı yamanlayırdım: “Biabır olduq! Allah səni biabır eləsin, Koxa!” Əmma bayaq qarının üzünə baxandaca damarlarımda oyanan sərinlik indi üzümə

vurduqda, sarsıntım qəfildən sevincə çevrildi. Bayırın nəfəs qaraldan kürə havası əvəzində sinəmə bulaq suyu axdı. Oda dönüb bədənimi yandıran köynəyim birdəncə soyuq kom-presə çevrildi. Qaracaların istisində bişib bərkimiş bir adam belə ləzzət duyurdusa, bəs qonaqlar nə hiss etməli idilər!

Baxdım ki, oğlan hətta gözlərini yumub, onu yuxarı başa dəvət edən Koxaya: “Dayan, Koxa qardaş, dayan qoy cana gə-lək!” – deyir, “Oxay! Oxay!” – deyir. Təri birdəncə soyudu-ğuna görə sifəti daha da ağarıb müşəmbəlitək işıldayırdı.

– Tərpətmə məni, Koxa qardaş, qoy dirilim! – dedi.

Koxa dinmədi. Palçıqlı çəkmələrini çıxarıb küncdə yerə

atılmış quru pambıq kollarının yanına atdı, yalın ayaqlarının uclarına çəkələk taxdı, içəridə fırlanan qarıya kömək eləməyə başladı. Damın dərinliyində tərsinə çevrilmiş qara qa-zanın üstündə yanan onluq lampanı götürüb dirəkdən asdı.

Döşəmənin demək olar ki, yarısını tutmuş boz kilimin kə-39


narlarından çəkib qırışlarını düzəltdi, qarının gətirdiyi xırda döşəkçələri yan-yana salıb böyürlərinə mütəkkə düzdü.

– Məni də, suçu yoldaşlarımı da saxlayan buradı, – deyirdi, – istidən təntiyən kimi özümüzü veririk nənəmizin damına!

Jurnalist lap dirçəlmişdi.

– Off! Nənənin damına qurban olum! – deyib əlini çılpaq sinəsinə şappıldatdı.

Koxa yenə qəhqəhə çəkdi.

– Bir azdan üşüyəcəksən, qonaq qardaş! İnanmırsan?

– Necə inanmayım, Koxa qardaş, necə inanmayım?!

Koxa da sevinirdi.

– Qorxuram hələ can qızdıran bir şey istəyəsən. Əmbə

bəri başdan deyirəm, nənəmiz burda içkiyə izin vermir. Hə, qonaq qardaş, bacaynan qapının arasında çox durma, cığara kağız təki şeysən, keç əyləş, dincəl. Burdan çıxanda elə bilə-cəksən yaylaqdan qayıdıbsan… O söz-söhbət, görürdüm, sə-ni də açmırdı heç. Qurban kişi də inciməməlidi. Qonağımsan, əzizimsən, Qurban kişi.

Qılınc Qurban qaşqabaqlı soruşdu:

– Qonağımsan deyəndə, yanı bura sənin evindi?

Koxa dedi:

– Mənim olmasa da, elə mənimki kimidi. Yeməyim-içməyim də, çox vaxt elə yatmağım da buradadı. Buyurun əy-ləşin!

Koxa yalnız qonaqlarla danışır, məni isə nəinki dindir-mir, heç üzümə də baxmırdı. Bayaq dediyim “iyli-qoxulu dam”a görə? Yoxsa, ayrı səbəbi vardı? Bəlkə mən öz kən-dimdə, öz kolxozumda olduğuma görə, məni qonaq hesab etmədiyinə görə belə rəftar edirdi? Çalışdım əhəmiyyət ver-məyim.

40


Elə bil uzun ayrılıqdan sonra öz doğma evimə qayıt-mışdım. Tən ortada külü bozaran ocaq yerinə, solda dirəklərin arasındakı taxtın üstündə yorğan-döşək yığınına, sağda qədim, irili-xırdalı, naxışlı mis qabları elə bil sərgiyə qoyul-muş taxçaya, vaxtilə pəpəsini, kökəsini yediyim qara saca, teştə, siniyə, samovara göz gəzdirirdim. Hətta bu dəmir, mis qab-qacaqdan da adamın canına sərinlik gəlirdi. Adam uzaqdan baxandaca bilirdi ki, məsələn, bax o ağ, qalaylı sini buztək soyuqdur, ovcunu söykəsən səni diksindirər.

Mən hey ətrafıma baxırdım. Burda hər şeydə bir möh-kəmlik və daimilik hiss edirdim. Yəqin ki, azı yarım metrə-dək torpağa basdırılmış yoğun dirəklərdə də, taxçada, qab-qacaqda, hətta yorğan-döşəkdə də sərinlik, bərklik, daimilik!

Qarı böyür-başımda dümələnirdi. Cüssəsi nə qədər xırda olsa da, damındakı əşyalartək o özü də qayım-qədim görünürdü. Bir saniyə dayanmırdı. Nəyi isə götürüb, nəyi isə

qoyurdu. Hərdən, deyəsən, baxışlarımız qarşılaşırdı. Əmma mən tezcə çəkinirdim – üzünə baxa bilmirdim. Şübhə etmirdim ki, baxışlarımız üzümüzdə dirənəndə məni töhmətləyə-cək, iyirmi beş ildə bircə kərə onu xatırlamadığıma görə mə-ni danlayıb, qonaqların yanında qızardacaq. Əmma mən burda da yanılmışdım. Sonradan gördüm ki, töhmət, məzəmmət onun heç yadına da düşmür. Əksinə, mənim, nəhayət, buraya ayaq basmağıma sevinir. Gördüm ki, ara-sıra üzümə baxdıqca gözlərindən nur yağır. Fikrindəki də yəqin təkcə budur ki, mənim qonaqlarıma necə qulluq eləsin, nə

yedirib-içirtsin.

Ayaqqabılarımızı çıxarıb, döşəkçələrin üstündə oturub təzəcə dincəlirdik ki, birdən damın girəcəyində samovar 41


buğlandı. Koxa cəld atılıb samovarı qarının əlindən aldı, gətirib böyük sininin ortasına qoydu.

Mən təəccübümü gizlətmədim:

– Bu samovarı nə vaxt qaynatdın, a qarı?

Koxa dedi:

– Qarımızın özü də aftamatdı, samovarı da!

Nə isə gizlin məna ilə parıldayan gözlərlə mənə baxırdı.

– Əmbə hayıf ki, adı dönüb Cında olub! – dedi.

Sonra:

– Görürəm, hələ də tapmayıbsan, – dedi.

Sonra açıq süni nəzakətlə soruşdu ki:

– Heç olmasa, öz adı yadındadımı Pəpə-Kökə nənəmizin?

Unutmuşdum. Dəhşətə gəldim ki, bütün uşaqlığımı evində keçirdiyim qarının adını unutmuşdum!

İçəriyə sükut çökdü.

Yalnız samovar zümzümədəydi, bir də taxçada qarının tərpətdiyi qab-qacaq cingildəyirdi. Yay girəndə, yəni bürkü-lər başlayanda bizim evlərdə hətta qab-qacağın da səsi batır.

Burda isə qablardan qomrov cingiltiləri çıxırdı.

Qurban kişi ara vermədən papirosunu tüstülədirdi. Jurnalistimiz, yəqin ki, döşəkçə üstündə oturmağa adət etmə-diyindən, mütəkkəyə dirsəklənib, tamam rahatlanıb damın tavanında bu başdan-o başa uzanmış yoğun tirə, pərdilərə, dirəklərə tamaşa edirdi. Hərdən də, gizlincə gah Qurban kişiyə, gah Koxaya, gah da mənə baxıb qaşlarını çatırdı: həssas oğlan idi!

Mən gərginlik hiss etdim.

Sükut nə qədər uzun çəksə də, hamımızın eyni şey haqqında fikirləşdiyimizə əmin olduğumdan, birdən üzümü Koxaya tutub:

42


– Yaxşı eləmirsən, – dedim. – Kişi tapşırmadımı ki, laylağıları yığışdır?! İncimə, sırtıqlıq eləyirsən, Koxa! Unutmuşam də! Qayğılıyam də! Özün demisən: “Cəfalı Cavanşir!”

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации