Текст книги "Bir müəllimin xatirələri "
Автор книги: Nadir İsrafilov
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 9 страниц) [доступный отрывок для чтения: 2 страниц]
NADİR İSRAFİLOV
BİR MÜƏLLİMİN XATİRƏLƏRİ
“Xatirə Ədəbiyyatı” silsiləsindən 56-cı kitab
Ön söz
Tanınmış təhsil eksperti, 45 illik pedaqoji fəaliyyəti dövründə təyinat üzrə kənd müəllimliyindən məktəb direktoru, elmi işçi, təhsil şöbəsinin müdiri, Bakı Təhsil İdarəsində sektor müdiri kimi, təhsilin aşağı və yuxarı idarəetmə orqanlarında böyük həyat yolu keçmiş, çoxlu sayda proqram, tədris vəsaiti, elmi-pedaqoji, tənqidi-analitik yazıların müəllifi Nadir İsrafilovun “Bir müəllimin xatirələri” adlı növbəti kitabı geniş oxucu kütləsinə təqdim olunur.
Kitab müəllifin müxtəlif illərdə, ayrı-ayrı mətbuat orqanlarının səhifələrində dərc olunmuş, uşaqlıq illərindən, başlayaraq orta məktəb dövrü, ali təhsil və aspirantura həyatı, habelə pedaqoji fəaliyyəti ilə bağlı yadda qalan bəzi məqamların toplusundan ibarət olub oxucuda keçən dövrlərə, qiyabi də olsa, nəzər salmaq, müvafiq müqayisələr aparmaq, bir daha həmin anları yaşamaq imkanı yaradır.
Əsasən, müdrik kəlamlar, hikmətli sözlərə istinadən qələmə alınmış xatirələrin hər məqamı müəllifin keçdiyi həyat yolunun bilavasitə təhsilə bağlılığı, təhsilin onun həyatında, gələcək karyerasındakı rolu ilə əlaqəli şəkildə, konkret, düşündürücü faktlar əsasında nəzərdən keçirilir, diqqət təlim və tərbiyənin bir çox aspektlərinə yönəldilir. Müəllif sonda bu nəticəyə gəlir: “Keçmişi də, gələcəyi də ancaq indinin işığında görmək olar”.
Kitabı oxuyub başa vurduqdan sonra, bir daha əmin olursan ki, “Keçmişi də, gələcəyi də, ancaq indinin işığında görmək olar”; “İnsan sahib olduqlarının deyil, reallaşdırmaq istədiklərinin cəmidir”; “Gələcəyi müəyyənləşdirmək istəyirsinizsə, keçmişi öyrənin”; “Gələcəyinizi proqnozlaşdırmanın ən yaxşı yolu onu qurmaqdır”; “Optimizm daha yaxşı gələcək yaratmaq üçün strategiyadır”.
“Ali kateqoriyalı müəllim”, Azərbaycan SSR “Xalq maarif əlaçısı” kimi fəxri adlara, bir çox medallara, mükafatlara, fəxri fərmanlara, beynəlxalq sertifikatlara, döş nişanlarına layiq görülmüş, çox sayda proqram, tədris vəsaitləri, metodik tövsiyələr, elmi-pedaqoji, tənqidi-analitik məqalələrin müəllifi olan Nadir İsrafilov bu gün də Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın və “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədr müavini, “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi ekspert qrupunun rəhbəri kimi fəaliyyətini davam etdirir, təhsilimizə öz yaradıcı, layiqli töhfəsini verir.
Ümidvaram ki, dəyərli pedaqoqumuz Nadir İsrafilovun “Bir müəllimin xatirələri” adlı bu yeni kitabı, nəinki təhsil işçiləri, bütövlükdə geniş oxucu kütləsi üçün də maraqlı olacaq. Kitabı oxuyan hər bir kəsdə kimin kim olması, hansı əqidəyə xidmət etməsi haqqında aydın təsəvvür yaranacaq.
Şəmil SADİQ
Filologiya üzrə fəlsəfə doktoru
Uşaqlıq saflığını itirməyən insana böyük insan deyilir
“Uşaqlıq məntiqin yuxuda olmasıdır”, “Uşaqlıq görməyən insan gələcəkdə pis vətəndaş olacaq”, ”Sevgi görməyən uşaq uşaqlığını yaşaya bilmir. O, müdafiəsiz böyüyə çevrilir”, “Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var”, “Uşaqlara susmağı öyrədin… Danışmağı özləri də bacararlar”, “Uşaqlar olmasaydı, insanlığı bu qədər sevə bilməzdik”, “Uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz”, “Hər uşaq bir tərəfdən dahi və hər dahi bir tərəfdən uşaqdır”, – deyiblər müdiklər. Psixologiya elminin öndə gedən, dünyada ən tanınmış və dəyərli elm adamlarından olan İsveçrə psixoloqu Karl Qustav Yunqun təbirincə desək, uşaq vaxtı özümü çox tənha hiss edirdim. Hələ də elə hiss edirəm, çünki bəzi şeyləri bilirəm və bunları heç bilməyən, ya da bilmək istəməyən insanlara ipucları verməyə çalışıram”.
Biz, əslində, tənha olmamışıq, ancaq o qədər öz uşaqlıq aləmimizə qapılmışdıq ki, sanki özümüzdən başqa heç nə görmür, heç nə hiss etmirdik. Yüngül dəcəlliyimiz olsa da, nəsihətlərə qulaq asmışıq, böyük-kiçik tanımışıq, yerimizi və həddimizi bilmişik. Belə bir deyim də var ki, uşaqlar valideynlərinə sevgi ilə həyata başlayırlar. Böyüyəndə isə onları mühakimə etməyi üstün tuturlar. Hərdən onları bağışlamırlar da. Biz belə uşaqlardan olmamışıq.
Nə yeniyetməlik, nə gənclik, nə də yaşımın hazırkı çağının hansısa anı uşaqlıq illərim qədər yaddaqalan olub, yaddaşımda bu qədər dərin iz buraxıb. Digər yaşıdlarım kimi mən də dövrün qayğılarla dolu mühitində böyümüş, boya-başa çatmışam. Amma qayğının nə olduğunu bilmirdik. Bilə də bilməzdik, çünki ətrafımızdakıların hamısı eyni qayğılarla, eyni dərəcədə əhatə olunmuşdu. Rayonumuz, əsasən, yeni salınmış fəhlə şəhərciyindən ibarət idi. Böyük bir konserv zavodu ölkənin dörd yanından gələnlərin əsas iş yeri sayılırdı. Valideynlərim də orada çalışdıqlarından zavodun yaxınlığında işçilərin uşaqları üçün tikilmiş uşaq bağçasına gedib beynəlmiləl mühitdə tərbiyə alırdıq.
Erkən uşaqlığımla bağlı ən yaddaqalan, hələ də yaddaşımdan silinməyən ən maraqlı hadisə SSRİ rəhbəri Nikita Xruşşovla görüşüm olub… Birinci sinifdə oxuyurduq. Bu ərəfədə şəkillərini yalnız qəzet və jurnallarda gördüyümüz, səsini radio vasitəsi ilə eşitdiyimiz, yaşadığımız böyük, qüdrətli ölkənin rəhbərinin Azərbaycana gəlişi gözlənilirdi. Bütün ölkə ayaqda, “gözdə-qulaqda”, biz də adəti üzrə məktəbdə idik. Səhər saatlarında qalstuklu, şıq geyimli üç rəsmi şəxs sinfə daxil oldu. Uzun müşahidə və məsləhətləşmələrdən sonra diqqət və nəzərləri mənə, bir də sinif yoldaşım olan bir qıza tuşlandı. Hər ikimizi dərsdən azad edərək “Villis” deyilən maşına əyləşdirib dəmiryol vağzalına gətirdilər. Hələ nə baş verdiyini bilmirdik. Görünür, məni ona görə seçmişdilər ki, sinifdə ağ köynək, qara şalvarda olan yeganə oğlan idim. Yəqin ki, qız da eynilə ağ köynək və qara ətək geyindiyindən diqqətlərini cəlb etmişdi. O dövrlər kasıblıq idi, kimin nəyi var, onu da geyinirdi. Anam səliqə-səhmana çox önəm verdiyindən məni məktəbə göndərərkən, adətən, üst-başıma xüsusi diqqət yetirirdi.
Sən demə, ölkənin “baş rəhbəri” regionlara səfərlər edərkən qabaqcadan planlaşdırılmış müəyyən yerlərdə “ayaq saxlayıb” ölkə zəhmətkeşləri ilə görüşürmüş. Belə bir görüş bizim şimal bölgəsində də nəzərdə tutulubmuş. Nəhayət, yolların təhlükəsizliyini yoxlayan bir qatar keçdikdən sonra dörd vaqondan ibarət digər qatar gəldi. Orta vaqondan bəstəboy, sadə geyimli, gülərüz bir adam xalçalar döşənmiş perrona qədəm qoydu. Bu adam Stalindən sonra 15 respublikadan ibarət Sovetlər Birliyinə rəhbərlik etmiş, Sovet İttifaqı Qəhrəmanı, üç dəfə Sosialist Əməyi Qəhrəmanı, ayaqqabıları ilə dünyanı hədələyərək bütün dünyaya meydan oxuyan Nikita Sergeyeviç Xruşşov idi. O zamankı ənənəyə əsasən duz-çörəklə qaşılanandan dərhal sonra mən və sinif yoldaşım olan qız gül-çiçək çələngini ona təqdim etdik. Böyük rəhbər üzündə razılıq təbəssümü ilə başımıza sığal çəkdi.
N.S.Xruşşovla görüşümüz məktəbdə nüfuzumu artırdı. Hamı şansıma sanki qibtə edirdi. Elə həmin günün səhəri sinif yığıncağı keçirib məni “sinifkom” seçdilər və məktəbi bitirənə qədər də bu “post”da qaldım…
Xatirələr zəngin olmasa, xəyallar solğun olar
İndi hər dəfə o dövrün həqiqətlərini və ziddiyyətlərini özündə əks etdirən “Böyük dayaq” filminə baxanda istər-istəməz, bir vaxtlar gül dəstəsi təqdim etdiyim N.S.Xruşşov yadıma düşür. Filmdəki Rüstəm kişi ilə Kələntərin dialoqunu əks etdirən epizod isə sanki mənə o dövrün salnaməsini xatırladır:
– Bəsdir, kolxozu geri çəkdin. O vaxt sən qarğıdalıya “kontur” getdin, indi də məhsuldarlığa mane olursan.
– Havayı söz danışmayın, yoldaş Kələntər! Kür altında 500 hektar qarğıdalı əkmişik, 500 hektar mərcimək.
– A kişi, indi mərcimək vaxtıdır? Elə bilirsən, mərcimək məsələsini nə üçün ortalığa atdığını başa düşmürük? Sənin qəsdin, qərəzin qarğıdalının qabağını kəsməkdir, qarğıdalının. Sən açıqdan-açığa oranın dediyinə zidd gedirsən.
– Oranın dediyinə siz zidd gedirsiniz. Nə qədər əkmək, nə qədər öhdəlik götürmək kolxozun öz işidir. Bizə dov gəlməyin!
– Sən də özbaşınalıq eləmə, qayda var, qanun var.
Bəli, o vaxtların öz qayda-qanunları var idi. Xruşşov isə nəyi bilməsə də, nəyin nə vaxt, nə üçün əkiləcəyini yaxşı bilirdi. Əbəs yerə deyildi ki, xalq arasında ona “Kukuriznik” ləqəbi verilmişdi.
1961-ci ildə Kubada baş verən sosialist inqilabı nəticəsində iki fövqəlbəşər dövlət arasında gedən soyuq müharibə pik həddinə çatmışdı. SSRİ-nin Kuba sahillərinə uzaqvuran raketlərlə təchiz olunmuş gəmilər göndərməsi ABŞ-ın SSRİ-yə qarşı müharibə vəziyyətində olması barədə ultimatumu ilə yekunlaşmışdı. Hamı qlobal miqyaslı müharibənin nə vaxt başlanacağına dair məlumatları izləmək üçün ölkə televiziyasının I kanalında yayımlanan “Vremya” xəbərlər proqramını gözləyirdi. Hər evdə televizor olmadığından qonşular bir yerə toplaşırdılar. Bütün maliyyə resursları ölkənin müdafiə qüdrətinin möhkəmləndirilməsinə yönəldilmişdi. Bu da bir sıra problemlərə yol açırdı. Kütləvi aclıq ölkəni bürümüşdü. İnsanlar çörək növbəsinə durmaq üçün səhər tezdən saat 5-6 arası mağazaların qabağında sıraya düzülürdülər.
Səhər saat 8-dən bizi “QAZ-51” adlanan üstüaçıq yük maşınlarına mindirib sahələrə, qarğıdalı yığmağa daşıyırdılar. Sevinirdik, ona görə yox ki, məktəbdən, dərs oxumaqdan canımız qurtarırdı, ona görə ki ölkənin ərzaq təchizatında kiçik də olsa, payımız olacaqdı. Qarğıdalı yığımından sonra yenidən məktəbə qayıdır, proqramdan geri qalmamaq üçün əlavə məşğələlərə gedirdik.
N.S.Xruşşovun BMT-nin qərargahında ayaqqabısını çıxarıb tribunaya döyəcləməsi ABŞ-ı müharibəyə başlamaq fikrindən çəkindirmişdi. Bu, həmin Xruşşov idi ki, hakimiyyətinin ilk illərindən özündə qüvvə, cəsarət taparaq Stalin kimi bir rəhbərin “şəxsiyyətinə pərəstiş”i ölümündən sonra qurultayın müzakirəsinə çıxarmış, ölkənin bütün şəhərlərindən onun çoxsaylı heykəl və büstlərinin yığışdırılmasına nail olmuşdu.
Bir gün evimizdən bir az kənarda, konserv zavodu yaxınlığındakı açıq sahəyə xeyli hərbi maşınların toplaşdığının şahidi olduq. Uşaq marağı ilə maşınlara yaxınlaşmaq istəsək də, əlisilahlı hərbçilər yaxına buraxmadılar. Səhər yuxudan ayılan kimi həmin əraziyə növbəti tamaşaya gedərkən artıq orada nə zirehli maşınlar, nə də hərbçilər var idi. Məlum oldu ki, zavodun qarşısında və digər bir neçə yerdə olan heykəllər yerli-dibli yığışdırılıb aparılıb. Sonra isə öyrəndik ki, qonşu rayonların sakinləri də eyni vəziyyətin şahidi olublar. Bu durumu da belə atlatdıq. “Qarğıdalı” və “hədə-qorxu siyasəti” qalib gəldi. Tarixi keçmişimizin “Qarğıdalı salnaməsi” bu gün də yaddaşımdan silinməyib.
Elə xatirələr var ki, danışarkən gözəlliyi itir
“Tərbiyə uşaqda yeni imkanların, bacarıqların yaradılması deyil, onda mövcud olan imkanların qidalandırılmasıdır.”
Uzun illər keçməsinə baxmayaraq bugünkü kimi yadımdadır: məktəbə yeddi yaşından gedərdik. Bu yaşa qədər isə şən və qayğısız uşaqlıq həyatı yaşayardıq. Sanki dövlət də, elə cəmiyyətin hər üzvü də “xəstə tələsər, armud vaxtında yetişər” el məsəlini bilirmiş kimi bu prinsipə ciddi yanaşardılar.
Bununla belə, sözün əsl mənasında oxumaq, nəyisə öyrənməyə can atmaq yeganə amalımız idi. Sinfin yarıdan çoxu “əlaçı” və “zərbəçi” olardı. Nisbətən zəif oxuyanlar zərbəçi, zərbəçilər isə əlaçı olmaq uğrunda bir-biri ilə yarışa qoşulardılar. Hər kəs nəsə bir “vəzifə” daşıyardı: kimi “sinifkom”, kimi “təmizkom”, kimi sinif, kimi məktəb divar qəzetinin redaktoru, kimisi də “redkollegiya”nın üzvü olardı. İndiki uşaq və yeniyetmələrə, gənclərə sadə, primitiv görünə bilər, amma bütün bunlar hər birimizdə kollektivçilik, yaradıcılıq vərdişləri, tapşırılan işə görə cavabdehlik, məsuliyyət hissləri formalaşdırırdı.
Həyatımızı kitabsız təsəvvür edə bilməzdik. Böyük tənəffüs zamanı məktəb bufetindən nəsə almaq üçün evdən verilən beş-on qəpiyə qənaət edib onu kitaba xərcləyərdik. Hər evdə “etajerka” adlanan kitab rəfindən ibarət kiçik, şəxsi kitabxana olardı. Məktəb kitabxanasındakı bütün kitabları oxuduğumuzdan mərkəzi kitabxanalara üzv yazılardıq. 5-ci sinfə qədər Canni Rodarinin, Andersenun, Qrimm qardaşlarının nağıl və hekayələri, 5-8-ci siniflərdə Daniel Defonun, Conatan Sviftin, Mayn Ridin macəra kitabları, 9-10-cu siniflərdə isə artıq Cek Londonun, Fyodor Dostoyevskinin, Teodor Drayzerin roman və povestləri ilə tanış olardıq.
Aşağı siniflərdə “Göyərçin”, “Azərbaycan pioneri”, yuxarı siniflərdə isə “Azərbaycan gəncləri”, “Elm və həyat” kimi qəzet və jurnallara abunə yazılardıq. Məktəbdən gələndən sonra səbirsizliklə həmin nəşrləri gətirməli olan poçtalyonu gözləyərdik. Qəzet və jurnalları oxuduqdan sonra oradakı ən maraqlı, lazım bildiyimiz hissələri kəsib saxlayardıq. Elə bir zaman gəldi ki, yaşadığımız sistemə, quruluşa acıq edib hərfi mənasına belə varmadan “pioner” sözündən incik düşdük, minlərlə məktəblinin asudə vaxtlarının şən, maraqlı təşkilinə xidmət edən, “pioner düşərgəsi” adlanan, rayonlarımızın füsunkar guşələrində yerləşən yay istirahət məkanlarını balalarımızın üzünə bağladıq.
Heç kəsə sirr deyil ki, hazırda ümumtəhsil məktəblərində “uşaq birliyinin rəhbəri” adlandırdığımız təşkilatçının tərbiyə sahəsindəki işi bir zamanlar “pioner baş dəstə rəhbəri”nin fəaliyyəti ilə müqayisəedilməz dərəcədə fərqlidir. Məktəblə az-çox əlaqəsi olanlar bilməmiş deyillər ki, indiki birlik rəhbərlərinin çoxu uşaqların tərbiyəsi işini deyil, daha çox məktəb direktorunun katibəsi funksiyasını yerinə yetirirlər. Məktəb psixoloqu ştatı əksər məktəblərdə formal xarakter daşıyır. Tərbiyə işlərinə nəzarət etməli olan direktor müavinlərinə tədris işləri üzrə müavinlə müqayisədə ikinci dərəcəli münasibət bəslənilir və s.
Əvvəllər bilik, məlumat əldə etmək üçün yeganə mənbə kitab, qəzet və jurnallar idi. İnsani münasibətlər canlı ünsiyyət vasitəsi ilə həyata keçirilərdi. İndi yüksək sürətli internet, çoxsaylı sosial şəbəkələr əsas informasiya daşıyıcıları hesab edilir, “distant təhsil”, “virtual məktəb” kimi anlayışlar meydana çıxıb, onlayn görüşlər aktuallaşıb. Virtual, vizual, verbal kommunikasiya vasitələri reallığa çevrilib. Skayp telefon zəngini sıxışdırır, canlı ünsiyyət SMS-lərlə, münasibətlər feysbuk, instaqram, messencerlə, sevgi, məhəbbət odnoklassniki ilə, imtahan kompüterlə, kitablar, dərsliklər elektron daşıyıcılar – android telefonlar, planşetlərlə əvəzlənıb. Bir sözlə, cəmiyyət get-gedə elmi-texniki tərəqqinin girovuna çevrilir.
Məktəb illərimizin, təhsil sahəsindəki fəaliyyətimizin qayğılı-qayğısız, acılı-şirinli keçən illərinə dair bəzi xatirələrimi bölüşməkdə məqsədim odur ki, ölkəmizdə uzun illərdən bəri özünü təsdiq etmiş, nailiyyətlərimizə, elmimizin inkişafına yol açmış təhsil sistemimizin ən yaxşı ənənələrini unutmağımızdan, böyük zəhmət hesabına əldə etdiklərimizə biganəliyimizdən doğan təəssüf hissini oxucularımla bölüşüm. Biz nəzərə almadıq ki, keçmiş ənənələrimizə bağlılıq, onları yaşatmaq gələcəyimizi qurmaqda ən təsirli stimul və sınanmış örnək ola bilərdi, çünki bu ənənələr zamanın sınaqlarından çıxaraq insan psixologiyasında silinməz izlər buraxmışdı.
Uşaqların nəsihətdən daha çox yaxşı nümunəyə ehtiyacları var
Orta məktəbdə oxuduğumuz illərdə təlim və tərbiyə vəzifələrini vəhdətdə həyata keçirmək, hərtərəfli vətəndaş yetişdirmək üçün savadla yanaşı uşaqların əxlaqi tərbiyəsinə də xüsusi önəm verilirdi. İstəsək də, istəməsək də, razılaşmalıyıq ki, müasir dövrdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını, hələ tam itirməsə də, buna meyillidir. Başqa sözlə desək, təlimə ifrat dərəcədə aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta məktəbəqədər tərbiyə müəssisələrində belə təlim tərbiyəni üstələyir. Tərbiyə işi, bir növ, məzmun və mahiyyətinə diqqətin azaldığı mənəvi dəyərlərdən birinə çevrilib.
Heç də təsadüfi deyil ki, orta və yaşlı nəslin təhsil aldığı dövrlərdə davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü şəkildə formalaşdırılması məktəbəqədər və ibtidai təhsil səviyyəsində tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərdə isə mənəvi, ideya-siyasi, vətənpərvərlik, hərbi-vətənpərvərlik, beynəlmiləlçilik, fiziki, əmək, estetik, hüquqi, iqtisadi, ekoloji, əqli tərbiyə mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi.
Hər məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi də həyata keçirilərdi. Sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə, orta məktəbi bitirənlərə “kamal attestatı” ilə yanaşı məktəb direktorunun imzası və möhürü ilə təsdiqlənmiş, şagirdin davranışına dair o zaman daha çox “xarakteristika” adlandırdığımız “xasiyyətnamə” də verilirdi. Bu xasiyyətnamə ali məktəblərə qəbul zamanı tələb olunan sənədlər içərisində özünə yer tuturdu. İctimai-humanitar fənlər üzrə dərsliklərə tərbiyəvi aspektli mövzular salınırdı. Tərbiyə işində şəxsi nümunə başlıca şərt sayılır, tərbiyə olunan tərbiyə verəndən çox şey əxz edirdi. Pedaqoji ixtisas verən ali və orta ixtisas məktəblərində müəllim hazırlığında pedaqogika tarixi və nəzəriyyəsinə, psixologiya, yaş fiziologiyasının əsaslarına, didaktikaya xüsusi yer ayrılırdı. Müəllimlərin işə qəbulu zamanı pedaqoji təcrübəyə önəm verilir və bu, formal xarakter daşımırdı. Əgər desək ki, son zamanlar pedaqogika və psixologiya elmləri pedaqoji prosesdən ayrı düşüb əsla yanılmarıq.
XX əsrin 90-cı illərində zamanın tələblərinə əsasən Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, milli ənənələrə və mənəvi dəyərlərə söykənən, müasir məzmunlu “Tərbiyə konsepsiyası” hazırlamaq ide-yası yaranmış, hətta layihəsi də hazırlanmışdı. Sonralar naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı.
Müəyyən biliklərə yiyələnərək müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəssübkeşliyi, öz xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti ən yüksək mənəvi keyfiyyətlərdəndir. Bu gənc seçdiyi ixtisasa ən yüksək səviyyədə yiyələnsə belə, mənəvi dəyərlərə malik deyilsə, vətəninə, xalqına lazımi xidmətlər göstərə biləcəyi o qədər də inandırıcı deyil.
Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlimlə tərbiyə vəhdət təşkil etməsə, dövlət qarşısında öz məsuliyyətini dərk edən, öz xalqının milli ənənələrinə, demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmətlə yanaşan, müstəqil, yaradıcı düşünən, hərtərəfli, ahəngdar inkişaf etmiş, geniş dünyagörüşünə malik vətəndaş, şəxsiyyət yetişdirmək məqsədini həyata keçirməkdə problemlərlə üzləşəcəyik. Məktəblərimizdə, bütövlükdə cəmiyyətimizdə baş verən bir çox arzuolunmaz, qeyri-etik təzahürlər belə qənaətə gəlməyə əsas verir.
Bizmi dəyişmişik, yoxsa zəmanəmi? Dəyərləri bizmi müəyyənləşdiririk, yoxsa dəyərlər bizi özünə tabe edir? Hələ də kimlərə sadə, kimlərəsə mürəkkəb görünən bu suallara konkret cavab axtarışındayıq.
Nəyisə unutmaq, yaxud unutmamaq insanın iradəsi xaricindədir
Müasir dövrün nəhəng mütəfəkkirlərindən sayılan Umberto Ekonun bir sözü var: “Oxumaq üçün hansısa informasiya daşıyıcısı lazımdır. Bu, təkcə kompüter ola bilməz. Cəhd edin, bir saat hansısa romanı ekrandan oxuyun. Gözləriniz tennis topuna çevrilə bilər”. U.Ekonun bu kəlamını bir kənara qoysaq belə, Mixail Bulqakovun “Master və Marqarita”sını, yaxud Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”ini ekrandan oxuyan kimsəni nə görmüşəm, nə də bu barədə nəsə eşitmişəm.
Neçə-neçə kitablar oxuduq, gecəmizi gündüzümüzə qatıb təhsil aldıq, boya-başa çatdıq, bilik səviyyəmizə, bacarıq və qabiliyyətimizə uyğun həyatda müəyyən mövqeyə, nüfuza sahib olduq. Bədii əsərlər, dərsliklər, qəzet və jurnallar oxuduq, nə öyrəndiksə, məktəb, ailə tərbiyəsindən, görkəmli yazıçıların əsərlərindən öyrəndik. Bizi məktəb, ailə mühiti yetişdirdi. O zamanlar kompüterin nə olduğunu belə bilmirdik. Orta məktəbi bitirmək ərəfəsində oxuduğum kitabların sayı artıq mini ötmüşdü.
Məktəb seçmək, övladını yaxşı müəllimin sinfinə qoymaq valideynlərimizin ağlına belə gəlməzdi, çünki bütün məktəblər eyni səviyyədə, bütün müəllimlər eyni hazırlıqda idilər. Vahid məktəbli formasının olmasına baxmayaraq buna məcburiyyət yox idi. Amma böyük əksəriyyət vahid məktəbli forması geyinirdi. Bütün yazı işləri “mil-mil” və “dama-dama” adlanan iki qəpiklik dəftərlərdə aparılardı. Dərsliklərdən savayı yeganə əlavə tədris vəsaiti “Hüsnxətt” dəftəri idi ki, bu da hərflərin yazılış qaydalarına ciddi riayət olunmasına xidmət edirdi.
8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində kitab mağazalarına, qəzet köşklərinə üz tutub müəllimləri təbrik etmək üçün daha münasib, nəfis “otkrıtka” axtarışına çıxardıq. Xətti pis olanlar “otkrıtka”ya öz ürək sözlərini böyük qardaş və bacılarına yazdırardılar. İmkan olan yerdə isə xüsusi, kiçik emalatxana rolunu oynayan köşklərdə xəttatlara müraciət edilərdi. Sonralar öyrəndik ki, bu “otkrıtka” adlandırdığımız üç qəpiklik əlvan karton parçasına dilimizdə “açıqça” deyilirmiş. İmkan daxilində müəllimə ən böyük hədiyyəmiz o zamanlar dəbdə olan “Krasnaya Moskva” və Polşa istehsalı “Mojet bıt”, “Bıt mojet” ətirləri idi. Bu 3 və 2 rubl qiyməti olan ətir məmulatlarını müəllimin qəbul edib-etməyəcəyini fikirləşməkdən gecəni səhərə qədər yata bilməzdik. Müəllim, sözün əsl mənasında, bizim üçün böyük nüfuz simvolu, şəxsiyyət etalonu idi.
Sonralar, təhsil şöbəsində və paytaxtın baş təhsil idarəsində çalışarkən dəfələrlə 8 Martla bağlı ərizə və şikayətləri araşdırmalı olduq. Hətta müəllimə ucuz hədiyyə aparan şagirdə, “Bunu anana apar” – deyən müəllimlərə də rast gəldik. Bəlkə də, natamam, sadəcə, bir anlığa yadıma düşən bir neçə xatirəmin heç üç qəpiklik dəyəri olmamasını düşünənlər tapılacaq, çünki artıq dəyərlər dəyişib, lakin dəyərləri dəyişən də, ona qiymət verən də elə biz özümüzük. Son onilliklərdə təhsil sahəsində nələr qazandığımızı isə zaman göstərəcək.
Təhsil aldığımız illərdə əsas bilik mənbəyimiz dərsliklər idi. Dərsliyə mötəbər mənbə kimi baxardıq. İki nəfər arasında hansısa faktla bağlı mübahisə yarananda ona ilk növbədə dərsliyi açıb baxmaq məsləhət görülərdi. Dərsliklər tərtib edilərkən faktiki materialın seçilməsi ilə yanaşı həm də onun tərbiyəvi aspektlərinə xüsusi diqqət yetirilərdi. Tarix və ədəbiyyat dərsliklərindəki mətnlər qəhrəmanların dözümlülüyünə, mətinliyinə, etibarına, mütəşəkkilliyinə, ən başlıcası, vətənpərvərliyinə heç kəsi biganə qoya bilməzdi.
Hamımız aldığımız tərbiyənin övladlarıyıq
Orta məktəbdə təhsil aldığımız illərdə onlarla müəllim bizə dərs deyib, lakin onların hər birindən lazımi dərsi ala bilməmişik. Bəzilərinin, sadəcə tədris etdiyi fənn üzrə proqram materiallarını az-çox mənimsəməyə çalışmışıq. Elə müəllimlərimiz də olub ki, bizə yalnız bilik, savad deyil, həm də həyat dərsi veriblər, yaxşını pisdən, düzü əyridən, həqiqəti yalandan ayırmağı öyrədiblər.
Uzun illər keçsə də, bəziləri xatirimizdə işıq kimi, bəziləri isə kölgə kimi əks olunur.
Özündənrazı kimya-biologiya müəllimimiz var idi. İşi-gücü uşaqları ələ salmaqdan, onları bacardığı qədər alçaltmaqdan ibarət idi. Bəşirov soyadlı qaraqabaq uşağa “Mürdəşirov”, nisbətən iri gözləri olan Teymur adlı birinə “Lemur”, Bağır adlı digər birisinə “Sağır” deyə lağ edərdi. Bir gün sinfimizə hansısa ucqar kənddən Dovutov soyadlı uşaq gəldi. Növbəti gün həmin müəllim sinif jurnalını açar-açmaz, “Gəlib dərsimizi danışsın Nöyütov” – deyə qımışanda Dovutov: “nöyüt” yox, benzin, “solyarka”, – deyib onun üzünə qabardı. O gündən həmin müəllim istehzalı əməllərindən əl çəkdi, şagirdlərin dilində isə “Mürdəşir müəllim” ləqəbi ilə gülüş obyektinə çevrildi.
Bu isə heç vaxt yadımdan çıxmayan digər müəllimimizlə bağlı xatirəmdir. Bizə Azərbaycan dili və ədəbiyyat fənnindən dərs deyən orta yaşlı qadın müəllimimiz sinfə daxil olaraq sanki salam verməyi belə unutmuş kimi yazı lövhəsinin qarşısına keçdi. Ara-sıra fasilələr verməklə müəyyən yazı-pozu edib 5 sütundan ibarət cədvəli, nəhayət, tamamladı. Cədvəl sadə olduğu qədər də maraqlı və diqqətçəkən idi: 1. Sıra nömrəsi; 2. Əsərin adı; 3. Əsərin janrı; 4. Əsərin müəllifi; 5. Əsərin qəhrəmanı. Üzünü bizə tutub, hər birimizə 44 vərəqli ümumi dəftər götürüb, həmin cədvəli dəftərə köçürməyi, oxuduğumuz, bundan sonra oxuyacağımız kitabların adlarını müvafiq qayda üzrə sütunlarda qeyd etməyi tapşırdı və ilin sonunda bunu qiymətləndirəcəyini söylədi.
Müəllimimizin adi görünən bu taktiki gedişi bizi böyük “strateji hədəflər” uğrunda mübarizəyə sövq etdi. Birinciliyi qazanmaq üçün “Kim ən çox kitab oxuyar?” yarışına qoşulduq. Məktəb kitabxanasında oxumadığımız kitab qalmadı. Rayondakı böyük konserv zavodunun kitabxanasına üz tutduq, mərkəzi şəhər kitabxanasına üzv yazıldıq. Valideynlərimizin böyük tənəffüslərdə bulka, limonad almaq üçün verdikləri 20-30 qəpiyə qənaət edərək kitablara xərclədik.
O vaxtlar kitablar ucuz satılırdı. Qrimm qardaşları və Andersenin nağılları ilə başlayıb Fyodor Dostoyevski və Teodor Drayzerin klassik ədəbi irsi ilə tanışlıqla 11-ci sinfi bitirdik. Məzun olduğumuz dövrdə Azərbaycan ədəbiyyatı öz yerində, artıq Viktor Hüqonu və Aleksandr Dümanı, hətta Onore de Balzakı, Şarlotta Bronteni, Gi de Mopassanı belə oxumuşduq. Orta məktəbdən xatirə kimi doldurulmuş üç 44 vərəqlik ümumi dəftər bu gün də qalır. Gərək bir gün imkan tapıb oxuduğum kitabların dəqiq sayını hesablayam.
Mark Tvenin bir sözü var: “Mənim kitablarım su, dahilərin kitabları şərabdır. Suyu hər kəs içir”. Rayon müəlliminin adi stimullaşdırıcı metodu bizi uşaqlıqdan kitabları su kimi, sonralar isə artıq şərab kimi içməyə alışdırdı. İllər keçdikcə bir daha şahidi olursan ki, müəllim yalnız dərs deyən deyil, həm də “dərs verən”dir.
Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür
Görkəmli rus pedaqoqu və metodisti Aleksey Alekseyeviç Vaqin “Metodlar haqqında təlim. Dərs nəzəriyyəsi” kitabında yazırdı ki, tədris prosesində heç bir texniki vasitə, digər yüksək texnologiyalar müəllimin canlı sözünü, müəllim-şagird ünsiyyətini əvəz edə bilməz, heç bir təlim metodu canlı söz qədər təsir gücünə malik ola bilməz”. Açığını deyim ki, 1968-ci ildə nəşr olunan bu kitabı xeyli sonralar, artıq elmi-tədqiqat işlərimlə əlaqədar oxumalı oldum. Bunun nə demək olduğunu öz şəxsi nümunəmdə dərk etdim. Bu misalı niyə çəkdim?.. Əgər desəm ki, peşə seçimimdə, hələ V sinifdə oxuyarkən gələcəkdə məhz tarix müəllimi olacağım barədə fikrə düşməyimdə müəllimimin şəxsi nümunəsi, inandırıcı şərhləri, izahları, hələ üstəlik, mimika və jestikulyasiyası başlıca rol oynayıb, bir çoxları inanmaya bilər. Yəni “V sinifdə nə ixtisas seçmək, nə müəllim olmaq arzusu?!” – Düşünənlər ola bilər, lakin necə deyərlər, neçə illər keçsə belə, həqiqət həqiqət olaraq qalır…
Bir tarix müəllimimiz vardı, həm də direktor müavini idi. Bizə “Qədim dünya tarixi”ndən dərs deyirdi. Eramızdan əvvəl, 24 avqust 79-cu ildə Vezuvi vulkanının püskürməsi nəticəsində Neapol yaxınlığındakı qədim Pompey şəhərinin dağılmasını, fəlakətdən qaça bilməyən şəhər əhalisinin təşviş və qorxu hisslərini elə təsvir edirdi, sanki batmaqda olan şəhərin əzəmətli sütunları sənin üzərinə düşəcək. Sinifdə həyəcandan hətta parta altına əyilən uşaqlar olurdu. Yaxud qədim yunan mifologiyasının qəhrəmanları olan Herakl və Prometeydən elə danışırdı, sanki onların müasiri, yoldaşı olub.
Əlbəttə, o zaman xəritə və bir neçə illüstrasiyalı şəkildən başqa heç bir vəsaiti olmasa da, uşaqlar onun dərsinə gecikməmək üçün hətta tənəffüs zamanı məktəb bufetinə baş çəkməkdən belə imtina edirdilər. “Fakultativ” adlanan məşğələlər dərs saatı statusuna bərabər tutular, az dərsi olan müəllimlərin təminatı məqsədinə deyil, məhz uşaqların maraq və meyillərinin inkişafına xidmət edərdi. Sinfimizdəki uşaqların yarıdan çoxu məhz həmin müəllim tərəfindən aparılan fakultativ məşğələlərə həvəs göstərərdilər.
Nə qədər acı da olsa, bir həqiqəti etiraf etmək məcburiyyətindəyik: getdikcə müasir texnologiyalara ifrat dərəcədə aludə olaraq virtual asılılıq azarına tutulan şagirdlərimiz və tələbələrimizdə həm fiziki, həm də mənəvi cılızlaşma prosesi müşahidə edilir. Yəqin ki, bu səbəbsiz deyil. Son zamanlar cəmiyyətdə reallığı əks etdirməli olan canlı ünsiyyətdən daha çox verbal, vizual, virtual ünsiyyətə üstünlük verilməsi təhsilimizə sirayət edib, özü də sinoptiklərin təbirincə desək, orta norma həddindən bir qədər də artıq səviyyədə.
Bilik səviyyəmiz, seçdiyimiz peşəyə maraq və meyillərimiz nəzərə alınmaqla, ali məktəbə sənəd verib-verməyəcəyimizi əvvəlcədən qərarlaşdırardıq. Özünə güvəni olmayanlar o vaxtlar geniş şəbəkəyə malik texniki-peşə məktəblərinə üz tutub müvafiq peşələrə yiyələnərdilər. Bir neçə ali məktəb, bir neçə ixtisas seçib hüquqşünas olmaq istəyənin tarixçi, tarixçi olmaq istəyənin kitabxanaçı, həkim olmaq istəyənin əczaçı, yaxud bioloq olmaq ehtimalı, narahatlığı yox idi. İxtisas, indi olduğu kimi valideynin diktəsi, kortəbii diplom sevdası ilə seçilmirdi. Seçimdə əsas sima, istiqamətverici nüfuz sahibi müəllim idi və şagirdin gələcək taleyinin müəyyənləşdirilməsində müstəsna rol oynayırdı.
Zamanın yeganə meyarı yaddaşdır
Valideynlərim müvafiq təhsil almasalar da, hər iki övladları – mən və böyük qardaşım onların arzusunu doğruldaraq akademik səviyyədə təhsil almışıq. O vaxt bütün məktəblərin girişində, foyedə bir şüar asılırdı: “Oxumaq, oxumaq, yenə də oxumaq”. Sən istəsən də, istəməsən də, məktəbə gedirsənsə, mütləq oxumalı idin. Məktəb, ailə, cəmiyyət əlbir iş görürdü. Ailə savadsız olsa belə, uşaq bilirdi ki, məktəbə gedirsə, oxumalıdır. Ən böyük qorxumuz valideyn iclasları idi. Sabah iclas keçiriləcəyini öyrənəndə səhərə qədər yata bilmirdik ki, görəsən, müəllim valideynlərimizə nə deyəcək? Bizi tərifləyəcək, yoxsa tənqid edəcək? İndi hər şey virtuallaşıb, onlayn sistemlə həll edilir. O vaxt isə əsas sima müəllim idi.
Bizdən əvvəlkilər 11 il oxuyurdular. Bizə çatanda isə ümumi orta təhsil yenidən 10 illik oldu. Başqa sözlə desək, biz 10 il oxuyaraq kamal attestatına sahib olacaqdıq. O zaman TQDK və ya DİM deyilən qurumlar yox idi. Orta məktəbi məqbul qiymətlərlə bitirən istənilən kəs seçdiyi instituta, universitetə sənəd verməkdə sərbəst seçimə malikdi. Sadəcə bunun üçün institutun müəllimlərindən yaradılmış komissiya qarşısında 4 fəndən imtahan vermək kifayət edirdi. İmtahanların biri qeyri-profil hesab edildiyindən toplanılan ballara təsiri yox idi…
Məktəbdə yaxşı oxumuş şagird üçün imtahan vermək də o qədər çətinlik törətmirdi, çünki V sinifdən başlayaraq VI sinif də daxil olmaqla iki, VII–VIII siniflərdə üç, IX–X siniflərdə isə dörd aralıq imtahan prosesindən keçdikləri üçün kifayət qədər bilik və təcrübə əldə edirdilər. Bir də hər ilin mart, aprel aylarından hər sinif üzrə imtahana düşəcək suallardan ibarət 3 qəpiklik biletlər satışa çıxarılırdı Hər kəs neçə biletin neçə sualını öyrəndiyini bilməklə, qabaqcadan imtahandan neçə qiymət alacağını bilirdi. İmtahan biletlərində məntiqi, yaxud digər çaşdırıcı, dolaşdırıcı suallar olmurdu. Nə öyrədirdilərsə, şagirdlərdən də onu tələb edirdilər.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?