Текст книги "Keçən günlərin dastanı"
Автор книги: Nizami Cəfərov
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]
… Mənim ixtisas olaraq ədəbiyyatşünaslığı, ya dilçiliyi seçmək tərəddüdlərimə son verən, yəqin ki, professor Ağamusa Axundov oldu.
Müasir Azərbaycan dilinin fonetikasından mühazirə gedirdi… Professor Ağamusa Axundov özünəməxsus romantik bir intonasiya ilə auditoriyaya müraciət elədi:
– Sait nəyə deyilir?
Az-çox hazırlığı olan hər bir orta məktəb şagirdinin yaxşı bilməli olduğu bu sualı eşidəndə tələbələr yer-yerdən əllərini qaldırdılar. Və belə məlum oldu ki, auditoriyada bu sualın javabını bilməyən bircə nəfər də yoxdur… Professor üç-dörd tələbənin verdiyi “ağız boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunan danışıq səslərinə sait deyilir” cavabını təmkinlə dinləyib hər dəfə “daha kim deyər?” deyə soruşdu.
Mən gördüm ki, sualı bildiklərinə tamamilə əmin olan tələbə yoldaşlarımın əvvəlki inamı tədricən azalır, həvəslə əl qaldıranlar əllərini aşağı salırlar… Azərbaycan dilçiliyində xüsusi nüfuzu olan müəllimimizin diqqətini cəlb etmək məqamı çatmışdı. Əlimi qaldırıb:
– Ağız və boğaz boşluğunda heç bir maneəyə rast gəlmədən tələffüz olunan… – demişdim ki, Ağamusa müəllim məni saxladı:
– Tamamilə doğrudur. Çünki “h” səsi ağız boşluğunda yox, boğaz boşluğunda maneə ilə qarşılaşır… – dedi.
Sonra isə aramla saitin “universitet tərifi”ni dedi: “Ağız və boğaz boşluğunda məneəyə rast gəlmədən tələffüz olunan, heca əmələ gətirən, musiqili tona malik danışıq səslərinə sait deyilir”.
Dilçiliyin müxtəlif sahələrini, xüsusilə fonetikanı dərindən bilən (çox gənc yaşlarında Azərbaycan dilinin fonemlər sistemindən doktorluq dissertasiyası müdafiə etmiş) Ağamusa Axundovdan “tamamlə doğrudur” tərifini eşitmək o zaman mənim üçün dünyanın ən böyük mükafatı idi.
Fikirləşdim ki, Ağamusa müəllim mənim adımı soruşacaq, ona görə də hələ ayaq üstə dayanıb bu təntənəli mərasimi gözləyirdim. Ancaq o, laqeydcəsinə “otur” işarəsi verib mühazirəsini davam etdirməyə başladı.
Ağamusa müəllimi bütün tələbələr sevirdilər… Onun danışığında, hərəkətlərində nə isə dünyaya, həyatın gerçələrinə, sözün böyük mənasında, “yuxarıdan aşağı” baxmaq var idi. Hərdən “aşağı” enirdi, sonra dərhal “yuxarı” qalxırdı…
Bir dəfə bizə hansısa tədbir üçün dəvətnamələr paylamışdılar. Ağamusa müəllim gördü ki, uşaqların fikri dərsdən çox həmin dəvətnamələrdədi… Müəllimlərimizin çoxu belə hallarda hirslənib mühazirəyə qulaq asmağı tələb edərdi, ancaq Ağamusa müəllim ənənvi romantik intonasiyasını pozmadan:
– İndi sizdən kimsə bu dəvətnaməni evə göndərib məlumat verəcək ki, görün məni necə mötəbər məclislərə dəvət edirlər… Darıxmayın, belə şeylər hələ çox olacaq…
Hamı qabağındakı dəvətnaməni yığışdırıb mühazirəyə qulaq asmağa başladı. Onun yalnız məntiqində yox, intonasiyasında da hələ o zaman təşkiledici, tərbiyə edici bir qüdrət vardı…
Semestrin sonunda tələbələr müxtəlif ixtisaslara bölünəndə Ağamusa müəllim məni, özümdən belə soruşmadan, dilçiliyə yazdı. Onu da deyim ki, istedadlı tələbələrin çoxu ədəbiyyatşünaslıq, ya da ədəbi tənqid ixtisaslarına düşməyə çalışırdılar, dilçiliyə getmək istəyən az idi. Sözün açığı, tərəddüd edirdim, ancaq Ağamusa müəllimin qəbul etdiyi qərara qarşı çıxmaq da mümkün deyildi… Və mən dilçi olası oldum.
Çox keçmədi ki, Ağamusa Axundov müəyyən fasilədən sonra yenidən filologiya fakültəsinin dekanı seçildi.
… Üçüncü kursda oxuyanda Moskva Dövlət Universitetində təhsil almaq imkanı əmələ gəldi. Mən də istəyirdim ki, Moskvaya gedim. Ərizə də vermişdim… Düzdür, rus dilini yaxşı bilmirdim, ancaq əmin idim ki, bir– iki aya öyrənəcəm.
Ağamusa müəllim bunu biləndə narazılıq elədi: “Əşşi, sənin Moskvada nə işin var?.. Elə bura yaxşıdı. Belə getsə, çox keçməz, professor da olacaqsan. Gedib korlanmaq istəyirsən?..”
Və yenə də böyük alim-müəllimlə razılaşmalı oldum.
* * *
Yuxarı kurs tələbəsi idim. Heç şübhə eləmirdim ki, böyük bir alim olacam… Növbəti imtahanı verəcəkdik. Azərbaycan ədəbi dili tarixindən. Və sevimli müəllimimiz Tofiq Hacıyevə… Koridorda hay-küy idi, ağız deyəni qulaq eşit-mirdi. Birdən kimsə qolumdan tutub hirslə soruşdu: “Sənnənəm, niyə dillənmirsən?..”
Özümdən asılı olmayaraq “Sən kimsən?.. Nə istəyirsən?..” deyə suala sualla cavab verəndə həmin adam: “Mən tədris hissəsinin işçisiyəm” dedi, “tələbə biletini ver bura”… Durduğum yerdə işə düşdüm. Sən demə tədris hissəsinin imtahanların gedişini yoxlayan işçiləri bir yox, iki adam imiş. Hərəsi bir qolumdan tutub apardılar dekanlığa… Dekan Ağamusa müəllim yerində olmadı. Dekan müavininə dedilər ki, bu tələbə sayıb sualımıza cavab vermədi, bizi təhqir elədi… Gördüm bunlar bəhanə axtarırlar. İkisini də itələyib dekanlıqdan çıxa-çıxa “mən imtahana gedirəm, lazım olsam, orda axtararsız” dedim.
Tofiq müəllimə yaxşı imtahan verə bilmədim. Əsəbləşdiyimə görə ən adi dil faktları da yadımdan çıxmışdı, ümumi danışırdım. “Yaxşı hazırlaşmamısan” dedi, “belə eləmə”. Qiymət kitabçasına nə yazdığına da fikir vermədim. Xəcalət çəkə-çəkə bayıra çıxdım. Koridorda yenə səs-küy idi… Özümə gəlmək üçün foyeyə, açıq pəncərənin qabağına çıxdım… Onda gördüm ki, tədris hissəsinin həmin iki işçisi Ağamusa müəllimə nə isə deyə-deyə gəlirlər. Məni görən kimi bir ağızdan “baxın, bu idi” dedilər.
Ağamusa müəllim yaxınlaşanda mən də qarşısına getdim. Gülümsündü, əl üzatdı “Nizami, nə var, nə yox?” soruşdu. Təşəkkür elədim… Birdən geri dönüb tədris hissəsi işçilərinə “əşşi, Nizamini tanıyıram, ən intizamlı tələbədi, elə iş eləməz” dedi. Və çıxıb getdi. İşçilər bir-birinə baxdılar… Mən də qiymət kitabçasını açıb baxdım. Gördüm ki, Tofiq müəllim kitabçaya “əla” yazıb…
* * *
… Bizə dərs deyəndə Tofiq müəllim qaynar bir millətçi idi… Ə.Dəmirçizadədən sonra Azərbaycan ədəbi dilinin tarixini yazmışdı… Elə yazmışdı ki, əgər Ə.Dəmirçizadə etno-genetik varisliyin nə olduğunu (və insanın öz etnik mənşəyi ilə nə qədər fəxr elədiyini!) bilsəydi, gənc həmkarını axtarıb tapmalı, əlini kürəyinə vurmalı, “yaxşıdı” deməli idi… Ancaq bizdə elə şey demirlər. Hər dəfə yenidən “qəhrəman” olmaq lazımdır, hər dəfə yenidən epos yaratmağımıza ehtiyac var. Bəlkə də, bizə qəhrəmandan çox epos yaratmaq üçün mövzu lazımdır… O da nə qədər desən…
Tofiq müəllim içinə sıxılmış milli enerji kütləsi idi, hər an vulkan kimi püskürə bilərdi, ancaq həm də (və daha çox!) müəllim olduğuna görə o, anarxist enerjisinə (istedadına!) yiyəlik edə bilirdi.
İnsan kimi də çılğınlığı vardı.
… Bir dəfə mühazirəsinin şirin yerində nə isə yazan tələbə qızlardan birinə yaxınlaşıb, qarşısındakı kağızı aldı, “yazma” dedi, sonra bir az sakitləşib əlavə etdi: “heç olmasa o təbəssümlə yazma!”
Bilirdik ki, müəllimimizin oğlu dənizdə batıb… Ona görə də qəşəng bir qızın – tələbə yoldaşımızın hansısa bir oğlana-tələbə yoldaşımıza yazdığı tamamilə mənasız bir kağıza qısqanmağı anlaşılan idi. Gah o eynəyini, gah bu eynəyini taxırdı… Cibindən çıxardığı kartoçkalara baxıb “Dədə Qorqud”dan M.P.Vaqifə qədər misallar deyirdi.
… Bir dəfə də Füzulinin dilindən danışırdı… Az danışdı, çox danışdı, yadımda deyil… Bir o yadımdadır ki, İbn Səlamın mənfi qəhrəman olduğu barədəki təsəvvürümüzü alt-üst elədi, dedi ki, o kişilik ki, İbn Səlamda olub, onun heç yarısı Məcnunda olmayıb.
… Hiss edirdik ki, o nə isə deyir, ancaq birbaşa deyə bil-mədiyinə görə əzab çəkir… Vallah, o zaman bizi üsyana çağırsaydı, arxasınca gedəsi idik…
Görürdüm ki, Tofiq müəllim çətin adamdır, ancaq mən də asan adam olmadığıma görə qərara aldım ki, elmi rəhbərim o olacaq!..
* * *
Tələbə illərimiz idi. Hazırda Türkiyədə işləyən Mais Əli-zadə ilə Kazana tələbə elmi konfransına getmişdik. Konfransı aparan görkəmli türkoloq, professor Dilarə Tumaşeva artıq yaşlanmış olsa da, hiss edirdim ki, çox gözəl gəncliyi olub. İclasdan sonra bizi qəbul edib Azərbaycan türkoloqları – müəllimlərimiz barədə hal-əhval tutdu. Xüsusilə həmin illərdə Universitetin Türkologiya kafedrasının müdiri Fərhad Zeynalovu soruşdu. “Mən görəndə hündürboylu yaraşıqlı gənc idi, indi necədir?” dedi. Cavab verdik ki, yenə də elədir… Gülümsündü, “məndən ona salam söyləyin” dedi. Və əlavə elədi: “Çatdırın ki, ondan incimişəm. Yaxşı bir kitabı çıxıb, ancaq mənə göndərməyib”.
Kazan Universitetinin geniş dəhlizinə çıxmışdıq ki, ortaboylu, bir az dolu bədənli, al yanaqlı, çox gözəl olmasa da simpatik, Türkiyə türkləri demiş, yakışıqlı bir xanım mənə yaxınlaşdı. “Cəfərov, mən Universitetin dosenti Flora Safiullinayam” dedi, “proqramdan öyrəndim ki, sən Tofiq İsmayıloviçin tələbəsisən”. Və əlindəki elə də qalın olmayan kitabı mənə verib əlavə elədi: “Xahiş edirəm bu kitabı Tofiq İsmayıloviçə çatdırasan”. “Məmnuniyyətlə” – deyib kitabı aldım.
Gedəndə gördüm ki, Mais bığaltı gülür. soruşdum: “Nə məsələdir?” Dedi: “Deyəsən, bizim müəllimlərin Kazan Universitetinin xanımları ilə sıx əlaqələri olub”… Mən də əvəzində “Olub niyə?.. Var” – dedim. Hər ikimiz ləzzətlə (və qürurla) güldük.
Bakıya qayıdanda əvvəl Fərhad müəllimlə rastlaşıb ona Dilarə Tumaşevanın salamını çatdırıb kitabını göndərməməsi barədə gileyləndiyini dedim. Fikrə getdi. Mənə bir az hirslə baxıb “özbaşına ora-bura gedirsiz, böyük-kiçik saymırsız, gedəndə bir adama deyin, icazə almırsız-almırsız…” dedi. Peşman oldum. Başımı aşağı saldım… Nə vəziyyətə düşdüyümü görüb birdən acıqlandığı kimi də gülümsündü, qolumdan tutub mehribanlıqla (Fərhad müəllimdə bu hal çox az olardı) kənara çəkdi. Təbəssümlə düz gözlərimin içinə baxıb soruşdu: “Necə idi?..” Əhvalım qaydasına düşdü. “Fərhad müəllim, çox bilikli, gözəl bir xanımdır” dedim, “bizə də xüsusi hörmət göstərdi”…
Fərhad müəllim üzündə təbəssüm fikrə getdi. Birdən ciddiləşib “gedəndə gərək mənə deyəydin, heç olmasa kitab göndərəydim. Eybi yox, ünvanı var, poçtla göndərərəm” dedi.
Sonra Tofiq müəllimlə görüşüb kitabı ona çatdıranda açıb əvvəl avtoqrafı oxudu. Flora Safiullina isti sözlər yazmışdı… Oxuya-oxuya gülümsünürdü… Birdən yadına düşdü ki, mən də buradayam. Ciddiləşməyə çalışıb eynilə Fərhad müəllim kimi “necə idi?” deyə soruşdu. Cavab verdim ki, Tofiq müəllim, al yanaqlı bir xanım idi, dağ qızlarına oxşayırdı… Tofiq müəllimin çöhrəsindəki işıqlı, bir qədər də qürurlu təbəssümü görəndə bildim ki, məsələ yalnız elmi-nəzəri əlaqələrdə deyil…
“Kitabi-Dədə Qorqud”da etnik frazeologia mövzusunda diplom işi verdi. Nəzərdə tuturmuş ki, etnonimlərin frazeoloji imkanlarını araşdırım. Mən frazeologiyanın etnologiyası barədə yazdım… Etiraz eləmədi, ancaq dedi ki, mən ayrı şey deyirdim, sən ayrı şey yazmısan. Onun dediyi mənim “parlamaqda olan ilhamımın miqyasına”, yəqin ki, dar gəlirmiş.
Aspiranturaya girəndə mövzunu dəyişdi, sadə cümlənin struktur-semantik inkişaf tarixindən yazmağımı tələb elədi… Özü də bu cür konkret yox… Dedi ki, izah etməlisən ki, Azərbaycan dilində cümlə modelləri necə formalaşıb… Əgər desəydi ki, Azərbaycanda insan necə formalaşıb, onu da yazacaqdım.
İşi fəsil-fəsil elmi rəhbərimə oxuyurdum. Xoşu gələn yerləri təqdir edir, gəlməyən yerlərdə tövsiyələrini verirdi. Birdən Azərbaycan dilçiliyi kafedrasının müdiri, böyük dilçi-türkoloq (və mənim aspiranturada qalmağımın əsas səbəbkarı) Əlövsət Abdullayev içəri girdi. Yəqin ki, Tofiq müəllimlə nə isə işi vardı… Özünəməxsus zarafatyana Şamaxı ədası ilə “əgər dissertasiya səviyyəli yazılmış olsa, elmi rəhbər bizə qonaqlıq verəcək ya yox?” deyə soruşanda Tofiq müəllim xüsusi hörməti olan Əlövsət müəllimə indiyə qədər qulaqlarımda səslənən belə bir cavab verdi: “Əlövsət müəllim, elmi rəhbər bu dissertasiyanın hər fəslinə bir qonaqlıq verməyə hazırdır”.
Və mən kağız-kuğuzumu yığışdırıb “sağ olun” deyib çıxdım. Bildim ki, daha dissertasiya oxumağımın yeri deyil, müəllimlərimin söhbəti var.
… Və iş hazır oldu. Rus dilinə tərcüməsini elmi rəhbərimin qaynı (və mənim dostum) İsmayıl Məmmədov öz öhdəsinə götürdü. O İsmayıl Məmmədov ki, elmlər namizədi idi, hövsələsi olanda dilçiliyi Tofiq Hacıyevdən az, məndən isə çox bilirdi. Dedi ki, bu işi ancaq Vaqif Aslanov tərcümə edə bilər. Getdik Akademiyaya…Vaqif müəllim elə qiymət dedi ki, üzü üstə qayıtdıq geri… O zaman çox gənc olan Aslan Məmmədli işi çox münasib qiymətə tərcümə elədi. Və təbii ki, pulunu İsmayıl müəllim verdi.
Aspiranturanın ilk aylarında ədəbi-tənqidi məqalələr yazıb çap etdirirdim. Bir dəfə Tofiq müəllim məni yanına çağırıb elə hirsləndi ki, indi də yadıma salanda ətim ürpəşir. Dedi ki, bir də belə şey yazsan, rəhbərlikdən imtina edəcəyəm, get dissertasiyanı yaz… Özü də İsmayıl Məmmədovla, Kamil Vəliyevlə oturub durma. Mən bu sözü bir vaxtlar Elbrusa (o zaman hələ gənc olan istedadlı dialektoloq, müəllimimiz Elbrus Əzizovu nəzərdə tuturdu) da demişəm. Gördüm ki, bir yerdə oturub-dururlar, bildim ki, imkan verməyəcəklər Elbrus dissertasiyasını yazıb qurtarsın.
Tofiq müəllimin dilində yetirmələri kimi qiymətləndirdiyi iki ad vardı: Sərxan Abdullayev, Elbrus Əzizov… Sonra mən gəldim…
Elmi rəhbərimin etirazı barədə məsələ müzakirə olunanda müdrik dostlarım dedilər ki, çox fikir vermə, Tofiq Hacıyev böyük alimdir, ancaq özünü cəmiyyətdən təcrid eləyib, rəhbərinə qulaq assan, səndə ictimai şüur lazımınca inkişaf etməyəcək… Artıq xeyli məcislərdə oturub, yaxşı söhbətlər eləmişdik, ictimai şüurun nə qədər əhəmiyyətli bir şey olduğunu bilirdim, ona görə də elmi rəhbərimin iradını anti-ictimai məzmun daşıdığına görə qəbul edəsi olmadım. Çünki sıralarımız da günbəgün genişlənir, gənc mütəfəkkirlərin polemik mühiti Tofiq Hacıyevin mübahisəsiz qəbul edilməli olan təfəkkür modellərindən daha cazibədar görünürdü.
* * *
Namizədlik dissertasiyasının ilk variantında professor Həsrət Həsənovu möhkəm tənqid eləmişdim. Çünki qeyri– müəyyən şəxsli cümlə ilə müəyyən şəxsli cümlə arasında nəzəri olaraq ona qədər fərq göstərildiyi halda, nümunə verəndə həmin cümlələri fərqləndirə bilməmişdi. Tofiq müəllim əvvəl bir söz demədi… Sonra görüşəndə sözarası dedi ki, Həsrət müəllimi çox sərt tənqid eləmisən, bir az yumşalt… Yumşaltdım… Bir müddət də keçdi… Görüşlərimizdən birində məsləhət gördü ki, Həsrətlə bağlı tənqidi ümumiyyətlə çıxart, yaz ki, bu mövzuda o da tədqiqat aparıb, xətrinə dəyməyək, eşitmişəm, özünü yaxşı hiss eləmir.
* * *
Həmin illərdə belə bir qayda vardı. Universitet müəl-imləri Pedaqoji İnstitutda, Pedaqoji İnstitut müəllimləri isə Universitetdə dilçiliyin aktual mövzularında məruzələr edirdilər. O zaman kifayət qədər gənc olan istedadlı dilçi-professor Qəzənfər Kazımov Azərbaycan dilçiliyi kafedrasında çıxış eləyirdi. On-on iki dinləyici, dar otaq… Qəzənfər müəllim də elə bərk səslə danışır ki, adam haldan düşür.
Kafedra müdiri Əlövsət Abdullayev məruzəçini saxlayıb özünəməxsus asta səslə “Qəzənfər müəllim” dedi, “özünüzü niyə yorursuz, auditoriya o qədər də böyük deyil, hamı eşidir”… Qəzənfər müəllim üzr sətyib əvvəl nə qədər imkanı çatırsa o qədər yavaş səslə danışmağa başladı, ancaq çox keçmədi ki, səsi yenə qalxdı. Əlövsət müəllim təbəssümlə Tofiq müəllimə – Tofiq Hacıyevə baxanda Tofiq müəllim ərklə məruzəçiyə “Qəzənfər, sən Allah, bir dəqiqə dayan” deyib üzünü Əlövsət müəllimə çevirdi:
– Əlövsət müəllim, Qəzənfərin uşaqlıq illəri dayısıgildə keçib. Dayısı da karıydı, adına Kar Abbas deyirdilər. Uşaq vaxtından dayısı eşitsin deyənə o qədər bərkdən danışıb ki, daha tərgidə bilmir”…
Hamı gülüşdü.
İllər keçəndən sonra Qəzənfər müəllimdən soruşdum ki, Tofiq müəllim olanı deyirdi, ya zarafat eləyirdi?.. Qəzənfər müəllim için-için (və ləzzətlə) gülüb dedi ki, düz deyirdi, çünki Kar Abbas təkcə mənim yox, onun da qohumuydu.
Sonra danışdı ki, tələbə vaxtı kəndə gedəndə Abbas dayımla küçədə rastlaşdım. Gördüm ki, yekə bir samovarı sarıyıb kürəyinə harasa gedir… Görüşdük, hal-əhval tutduq. Birdən nə isə ağlıma gəldi, soruşdum ki, filankəs xalam (yəni Abbas kişinin həyat yoldaşı) necədi?.. Kürəyindəki samovarı göstərib dedi ki, heç, altı yırtılıb, aparıram qalaylatdıram…
* * *
Namizədlikdən sonra doktorluq gəlirdi…
Universitetdə yer olmadığına görə, Tofiq müəllimin töv-siyəsi ilə təyinatımı Akademiyanın Dilçilik institutuna aldım. Məni akademik Məmmədağa Şirəliyevə, müxbir üzv Zərifə Budaqovaya tapşırdı… Qəribə bir mühit idi… Heç Ferdinand de Sössürün özü də baş çıxarmazdı…
Yerli şəraitə hələ təzə-təzə isinişirdim ki, Tofiq müəllim məni yanına çağırıb bərk danladı:
– Sən koridorda Vaqif Aslanovla şirin-şirin söhbət edirsən, bilmirsən ki, Zərifə xanımın düşmənidi?..
– Tofiq müəllim, o mənim yerlimdi, böyük alimdi, salam verirsə, “əleykum salam” deməyim?
Tofiq müəllim əsəbləşdi, ancaq hiss elədim ki, mənə yox, düşdüyüm (əslində, düşdüyümüz!) vəziyyətə əsəbləşir.
– Nə bilim, elə elə ki, sənə xətər dəyməsin…
…Doktorluq dissertasiyasını mənə ruhən yaxın olan bir dövrün – XVIII əsrin ədəbi dilindən yazdım. Və yenə qaçdım elmi rəhbərimin yanına. O tərəfə-bu tərəfə çevirəndən sonra bütün ömrüm boyu xatırlayacağım bir söz dedi:
– Nizami, indi sənin səviyyən elədir ki, nə yazsan müdafiə edə bilərsən.... Sən allah, yazdığına apar bir də bax, elə olsun ki, müdafiə edəndən beş il, on il sonra utanmayaq. Nə sən, nə də mən.
…Allaha şükür ki, utanmadıq… Nə mən, nə də elmi– ictimai nüfuzunu həmişə yüksək tutduğum, xatirini çox istədiyim elmi rəhbərim.
* * *
Doktorluq dissertasiyamın müdafiəsi 1991-ci ilin dekabrının axırlarında Azərbaycan EA Dilçilik İnstitutunda oldu. O zaman Ağamusa müəllim İnstitutun direktoru, müdafiə şurasının da sədri idi. Və təbii ki, onun razılığı olmasaydı, vaxt uzana bilərdi… Müdafiədən sonra məni təbrik elədi, qucaqlaşdıq, köhnə kişilər kimi… Dedi ki, çox istəyirdim ki, doktorluğu otuz iki yaşında müdafiə edib mənim rekordumu təkrar edəsən…
Sonralar hər yeni kitabı çıxanda mənə təxminən belə bir avtoqrafla bağışlayırdı: “Mənim təkrarım (və inkişafım) olan Nizamiyə”… Mən də bundan həm ləzzət alır, həm də qürur duyurdum. Və hərdən deyirdim ki, Ağamusa müəllim, “təkrar” kifayətdir…
* * *
Tofiq müəllim cəmisi bir neçə ay Maarif naziri işlədi. Həmişə deyirdi ki, mən də yay tətili vaxtı, məktəblər bağlananda nazir oldum, məktəblər açılanda işdən çıxdım… Ancaq bu bir neçə ay da kifayət idi ki. Azərbaycan dilinin tədrisi sahəsində müəyyən yeniliklərə imza atılsın. Ən böyük yenilik o oldu ki, orta məktəbin Azərbaycan dili dərslikləri geniş müzakirələrdən sonra yenidən yazıldı. Yuxarı siniflərdə ümumi dilçilik, türkologiya, nitq mədəniyyəti, üslubiyyat və s. barədə zəruri məlumatlar verən dərsliklər yarandı. Elmi rəhbərim bu işə məni də cəlb etmişdi.
Müzakirələrin birində çıxış edib köhnə dərsliklərin, xüsusilə böyük dilçi-metodist Bəşir Əhmədovun dərsliyinin qüsurlarını göstərdim. Ancaq, deyəsən, bir az ağ elədim… Bəşir müəllim sözümü kəsib üzünü Tofiq müəllimə tutaraq özünəməxsus bir çılğınlıqla soruşdu:
– Tofiq müəllim, mənim dərsliyimi tənqid etmək sifarişini Nizamiyə siz vermisiz?
Tofiq müəllim gülümsünüb:
– Bəşir müəllim, Nizami sənin yerlindir. Özü də yerlipərəstdir. Mənim sözümlə səni tənqid etməz. Görünür, dərslikdə çatışmazlıqlar var. Düzəltmək lazımdır, – dedi. Sonra söz İsmayıl Əhmədova verildi. Orta məktəbi gözəl bilən İsmayıl müəllim çıxışında dərsliyin xeyli qüsurlarını göstərdi, onu da qeyd etdi ki, “Say” bəhsindəki tapşırıqların birində kəsrlə kəsrin toplanmasına aid misal verilib, ancaq cavab düz deyil… Bəşir müəllim yerindən dilləndi:
– Elə şey ola bilməz!..
Tofiq müəllim ona etiraz etmək istəyən İsmayıl müəllimi saxlayıb əvvəlkindən daha şən təbəssümlə:
– Ayə, bunlar heç riyaziyyatı da bilmirlərmiş ki… – dedi. Və gərginlik aradan qalxdı.
Həyat elə gətirdi ki. Türkologiya kafedrasında imkan yarandı, Tofiq müəllimin köməyi ilə ştata keçdim. Sonra həmin kafedranın professoru oldum. Sonra isə, təbii ki, yenə də Tofiq müəllimin xeyir-duası ilə, filologiya fakültəsinin dekanı seçildim.
Çalışırdım ki, bir balaca istedadı olan hər kəsə kömək edim, bunu da bəzən qeyri-prinsipiallıq kimi qəbul edirdilər.
Bir dəfə gənj tədqiqatçı Qənirə Bəyzadə mətn dilçiliyinə həsr etdiyi kitabını gətirib xahiş etdi ki, rəy verim. Elə yanındaca bir neçə səhifə oxuyub gördüm ki, çox qəliz yazılıb, heç nə anlamıram… Qənirə xanımın səviyyəli bir tədqiqatçı olduğunu bilirdim. Ona görə dedim ki, get özün bir rəy yaz gətir. Kitab çıxanda məlum oldu ki, müəllif məndən qabaq böyük dilçi Yusif Seyidova da müraciət edib, ancaq Yusif müəllim mənfi rəy verib. Tofiq müəllim məsələdən hali olanda mənə dedi ki, elə şey eləmə, prinsipial ol. Hər yazıya müsbət rəy verirsən. Heç olmasa, Yusif Seyidovdan nümunə götür.
Özümü təmizə çıxarmaq üçün cavab verdim ki, Tofiq müəllim, Yusif Seyidov oxuyub başa düşmədiyi əsərə mənfi rəy verir, mən oxuyub başa düşmədiyim əsərə müsbət… Bir də ki, Qənirə xanım deyir ki, ona vəhy gəlir, çox zaman yazıdığını sonra oxuyub özü də anlamır. Mən də vəhylə gələn mətnə mənfi rəy yazmaqdan qorxuram…
Daxilən dindar olan Tofiq müəllim bircə onu dedi ki, boş-boş danışma…
Bir gün Qənirə xanım rəy almaq üçün növbəti kitabını gətirəndə ona dedim ki, dekanlıqda əyləşib gözləsin. Gedib Tofiq müəllimi kafedradan çağırıb gətirdim. Qənirə xanımdan xahiş elədim ki, əsərlərini necə yazdığı barədə mənə dediklərini Tofiq müəllimə də danışsın. Təxminən yarım saatlıq söhbətdən sonra elmi rəhbərimdən soruşdum ki, fikriniz nədir?.. Xəyal içərisində idi. Xeyli düşünüb “nə bilim, vallah!..” dedi.
İşinə həmişə ciddi yanaşan, hər hansı səhlənkarlığa dözməyən Tofiq müəllimin vaxtaşırı tənbehləri özünün ən kəskin, ən incidici təzahürlərində belə, həmişə xeyirxah (və pedaqoji!) xarakter daşıyıb.
* * *
Mən filologiya fakültəsinin dekanı olanda Tofiq müəllimlə gah küsür, gah da barışırdıq. Hər kəs özünü haqlı bilirdi… Tofiq müəllim istəyirdi ki, Türkologiya kafedrasının dərs saatlarını artıraq, bu da mümkün deyildi. Çünki onda o biri kafedraların dərs saatlarını azaltmaq lazım gəlirdi… Mən bacarmırdım, o da inciyirdi…
Barışan vaxtlarımız idi. Qazaxdakı tanışlarımdan biri mənə heç gözləmədiyim halda iki çanta rayon payı gətirmişdi. İşin sonunda özü də düz dekanlığa… Tofiq müəllim hələ işdə idi. Çantanın birini ona verdim. Və çantalarda nə olduğunu nə o bilirdi, nə də mən. Ümumi bilirdik ki, kənd sovqatıdı.
Bir-iki gündən sonra Tofiq müəllimlə rastlaşanda gördüm ki, gülümsündü. Soruşdum: “Tofiq müəllim, noolub?.” Dedi ki, sağ ol, evdə çantanı açdıq, gördük ki, xeyli maraqlı şeylər var, ancaq biri daha maraqlı idi, ağ, yumru-yumru. Bir az pendirə oxşayırdı, amma çox bərk idi. Dedim, nədisə xarab olub, at əənə… Tamara xanım dedi ki, yox, bunun nə olduğunu, yəqin ki, qazaxlılar bilər, qonşu Mirzə müəllimgildən soruşaq… Aparıb Mirzəgilə göstərəndə yaman gülüşüblər. Deyiblər ki, bunun qarabağlılara dəxli yoxdur, izah eləsək də, istifadə edə bilməyəjəksiz. Bu, quruddu, əlnən suda əridib xəngəlin üstünə tökürlər, verin bizə… Məsləhət gördüm ki, Tamara xanım, tez razılaşma, görünür, o tərəflərdə – Qazaxda çox qiymətli şeydir, qoy bir-iki dəfə də xahiş eləsinlər…
* * *
… İrana elmi konfransa gedirdik. Avtobusdakıların hamısı tanınmış Azərbaycan ziyalıları idi. Hər mövzuda danışır, zarafatlaşırdıq. Bir məclisdə ki, Vasim Məmmədəliyev (Ustadi-kamil!) ola, orda darıxmaq, ümumiyyətlə, mümkün deyil… Axırda yorulub hərə öz yerində mürgüləməyə başladı. Və bir də gördüm ki, Ağamusa müəllim gedib əyləşdi sürücünün böyründəki boş yerdə, başladı onunla söhbət eləməyə. Sürücü iranlı idi. Gecə düşdüyündən dağ yolları ilə maşını mümkün qədər ehtiyatla sürməyə çalışırdı. Ancaq hərdən təhlükəli vəziyyətlər də yaranırdı… Gördüm, söhbətləri uzun çəkir. Hamı yatırdı, mənim yuxum gəlmirdi. Keçdim qabağa. Dedim ki, Ağamusa müəllim, gecə gecədən keçir, niyə gəlib istirahət eləmirsiz?.. Sürücünün başının öz işinə qarışdığını görüb astadan “gəl sən də burda otur, söhbət edək, qoy şoferi yuxu aparmasın. Mürgüləyib bizi buralarda qərq eləyər” – dedi. Sonra əlavə elədi: “Onsuz da bunlar şəhid olmaqdan ötrü ölürlər”.
Bilirdim, Ağamusa müəllimdə haradansa belə bir təsəvvür əmələ gəlmişdi ki, nə zamansa hansısa maşın qəzasına düşəcək.
… Urmiyada Urmiya gölünün sahilində gözəl bir hoteldə qalırdıq. Azərbaycandan çox adam vardı… Kamil Vəli Nərimanoğlu da orada idi. Qərara gəlmişdik ki, onunla Ağamusa müəllim arasında təsadüfən ortaya çıxmış bir münaqişəni aradan qaldıraq. Ümumiyyətlə, Ağamusa müəllim Kamil müəllimin xətrini az istəmirdi, onun elminə, şəxsiyyətinə, xüsusilə üslubuna hörməti vardı. Ancaq necə olmuşdusa Kamil müəllim onun xətrinə dəyən bir müsahibə vermişdi. Bundan əsəbləşən Ağamusa müəllim Akademiyanın Dilçilik İnstitutunun direktoru ola-ola Universitetin Azərbaycan dilçiliyi kafedrasının müdirliyinə – Kamil Vəliyevin yerinə seçilmək üçün ərizə vermişdi. Məqsədi də o idi ki, müəlliminin “üzünə ağ olmuş” tələbəsini cəzalandırsın. Və bu halda Kamil müəllim işsiz qalacaqdı… Ona dedim ki, biz hər axşam üstü hotelin yanındakı alma bağında oturub çay içə-içə söhbət edirik. Ağamusa müəllim, Tofiq müəllim, bir də mən… Həmin vaxt siz də yaxınlaşın, məsələni açaq, bəlkə, sizi barışdırdıq, Ağamusa müəllimi fikrindən daşındıra bildik.
… Kamil müəllim gəlib salam verdi. Onun salamını soyuq aldılar. Mən təklif elədim ki, əyləşsin. Kamil müəllim də münasibəti görüb könülsüz əyləşdi. Ordan-burdan danışıb söhbəti gətirib çıxardım mətləbə. O zaman filologiya fakültəsinin dekanı olduğumdan münaqişənin sülh yolu ilə həllində, gizlətmirəm, mən də maraqlı idim. Və istəyirdim ki, Kamil müəllim növbəti seçkidə də kafedra müdirliyində qalsın.
Söhbət gəlib mətləbə çıxanda Ağamusa müəllim əvvəl fikrə getdi, sonra ətrafdakı üstü meyvə ilə dolu alma ağaclarını göstərib dedi: “Tofiq, deyirəm, burada nə gözəl alma bağı salıblar”… Tofiq müəllim də ağaclara baxıb “hə, çox gözəldi” dedi… Təbiətən qürurlu (və həssas) olan Kamil müəllim məsələnin nə yerdə olduğunu görüb sağollaşaraq getdi.
Ağamusa müəllim istedadlı tələbəsindən çox incimişdi. Qərarından dönmədi, Azərbaycan dilçiliyi kafedrasının müdiri oldu. Kamil müəllim işsiz qaldı… Ancaq Ağamusa müəllim bir neçə dəfə mənə demişdi ki, Kamil gərək öz müəllimi haqqında o cür sözlər deməyəydi, axı bu, o Kamildir ki, mənim yubileyimdə gözəl bir məqalə yazmışdı… Axırda da yazmışdı ki, o illər nə tez keçdi, Ağamusa müəllim…
Ağamusa Axundov hissiyyatlı, hətta emosional adam idi, bununla belə bütün qərarları soyuq ağılla, məntiqlə qəbul edirdi. Ona görə də qəbul etdiyi qərardan, nəticəsindən asılı olmayaraq, heç vaxt təəssüflənmirdi…
* * *
Təbrizə gəldik. Gecə idi. Həmişə həsrətində olduğumuz doğma şəhər… Gözümüzə nə dəyirsə hamısına maraqla, məhəbbətlə baxırıq… Ancaq yol yorğunu olduğumuzdan qərarlaşdırdıq ki, gecəni yatıb dincələk, səhər o başdan durub doyunca gəzərik.
Səhəri mən daha tez durdum. Öyrəndim ki, Ağamusa müəllim də, Tofiq müəllim də hələ yatırlar. Bir taksi tutub dedim ki, gedək Ərk qalasına… Getdik… Qala təmir olunurdu, uçurub dağıtmışdılar, ancaq tarixi əzəmətini təsəvvür etməmək mümkün deyildi. Doyunca baxdıqdan sonra bir taksi də tutub getdim Təbrizin örtülü bazarına. Və təxminən bir saat da orda veyllənib qayıtdım otelə… Ağamusa müəllimlə Tofiq müəllimdən hələ səs-səmir yox idi.
Otaqda oturub televizora baxırdım ki, zəng gəldi. Düşdüm aşağı – hotelin holluna. Gördüm ki, Ağamusa müəllimlə Tofiq müəllim şəhərə çıxmağa hazır dayanıblar. Tofiq müəllim mənə dedi ki, ayə, nə çox yatırsan… Biləndə ki, artıq Təbrizi gəzib gəlmişəm, təəssüflə soruşdu ki, bəs bizi niyə oyatmadın?..
Nə isə… Müəllimlərimlə Təbrizin örtülü bazarına bir də getməli oldum. Tofiq müəllimin çox mötəbər qərarı bundan ibarət idi ki, bir yer barədə daha mükəmməl təsəvvürə malik olmaq istəyirsənsə, gərək oranın bazarına gedəsən… Bazarın köhnəliyini, divarların, tavanın uçuq-sökük olduğunu, ayaq qoymağa təmiz yer axtardığımızı görəndə təəssüflənsələr də Tofiq müəllim tez nikbin bir görkəm alıb dedi ki, tarix elə bu cür olur, onu elə bu cür də qəbul etmək, ona ehtiramla yanaşmaq lazımdır… Və birdən dayanıb əlavə elədi: “Hələ bir bazardan gələn ətrə fikir verin, bu gözəllikdə ətri harda tapmaq olar?..”
Bazarda satılan müxtəlif cür ədviyyatın ətri, doğrudan da, adamı bihuş edirdi. Və alqı-satqı prosesindəki mükalimələrin ritmi, intonasiyası – Təbriz bazarının şirin Azərbaycan türkcəsi də elə bil bu ətrə qarışıb xüsusi, unudulmaz bir təəssürat yaradırdı.
Ağamusa müəllimlə Tofiq müəllim ədviyyat alırdılar. Çalışırdılar ki, satıcıları daha çox danışdırsınlar. Mən isə onların ardınca gedir, aldıqlarını daşıyırdım ki, peşə marağından irəli gələn “dilçilik müşahidələri”ni rahat aparsınlar.
Bazardan çıxıb bir-iki paltar mağazasına da dəydik. Tofiq müəllim özünə kostyum axtarırdı… Axır ki tapdı. Təzə kostyumu yoxlamaq üçün geyinib iri güzgüdə əyninə necə oturduğuna baxanda Ağamusa müəllim onu diqqətlə süzüb mənə işarə elədi ki, yaxın gəl. Gəldim… Tofiq müəllimin də eşidə biləcəyi kifayət qədər yüksək bir səslə, ancaq guya təkcə mənim eşitməyimi istəyirmiş kimi dedi: “Nizami, bu Tofiq onsuz da iddialı, özündənrazı adamdır. Təzə kostyum da ona çox yaraşır. Əgər bunu da geyinsə, Tofiqin qarşısına çıxmaq çətin olacaq. Gəl deyək ki, yaraşmır, qoy almasın”… Mən güldüm… Tofiq müəllim bir az o yan-bu yana gəzişib kostyumun rahatlığına əmin olandan sonra təbəssümlə “Ağamusa, yaraşmasa da alacam” dedi, “özü də deyin niyə?.. Çünki Bakıdakından üç-dörd qat ucuzdur”.
* * *
Gecəni avtobusla, bütün heyətlə yol gəlib səhər işıqlaşa-na yaxın İran Astarasına çatdıq. Sərhəd keçid məntəqəsi hələ açıq olmadığına görə gözləyir, yaxınlıqdakı bağda gəzişirdik… Gördüm ki, Ağamusa müəllim nə isə narahatdır, dedim, yəqin, yuxusuzluqdandır. Ancaq sən demə əməlli-başlı xəstələnibmiş… Məni yanına çağırdı, söhbət edə-edə camaatdan aralanandan sonra dedi ki, Nizami, məni təcili xəstəxanaya çatdır, özümü heç yaxşı hiss eləmirəm. O taya keçənə qədər dözə bilməyəcəm… Bilirdim ki, Ağamusa müəllim hər hansı problemini heç kimlə bölüşən deyil, ona görə də narahat oldum, hətta bir az da qorxdum. Və tez taksi tapıb xahiş etdim ki, buradakı ən yaxşı xəstəxanaya sürsün.
Xəstəxanada bizi olduqca hörmətlə qarşılayıb Ağamusa müəllimi təcili müayinə elədilər, iynə vurdular, dərman içirdilər. Və xəstəxanadan çıxanda Ağamusa müəllimin əhvalı artıq xeyli yaxşı idi… Sərhəd keçid məntəqəsinə qayıdanda gördük ki, tək-tək keçənləri buraxırlar, ancaq avtobuslar üçün növbə var. Və növbəmizin nə vaxt çatacağı da məlum deyildi… Səfər yoldaşlarımıza demədən keçid məntəqəsinə yaxınlaşdıq, Ağamusa müəllimi Cənub Astarasından Şimal Astarasına yola salanda onu da, məni də kövrək tutdu. Və qucaqlaşıb ayrılanda əlini cibinə salıb artıq qalmış İran pullarını mənə uzatdı, “hələ bir-iki saat burdasız” dedi, “xərcləyərsən, orda onsuz da lazım olmayacaq”.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?