Электронная библиотека » Pənahi Makulu » » онлайн чтение - страница 1

Текст книги "Xiyabani"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Pənahi Makulu


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

PƏNAHİ MAKULU


XİYABANİ

r o m a n




Pənahi Makulu



Redaktordan


Cənubi Azərbaycan ədəbiyyatı bütöv Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi daima mütərəqqi ideyalarla əsərlər yaradan söz sahibləri ilə zəngin olub. Milli azadlıq ideyalarının daha qabarıq şəkildə ifadəsi, bəlkə də, Cənubi Azərbaycan ədəbiyyatı nümunələrində əks olunub. Şəhriyar, Piruz Dilənçi, Mir Mehdi Etimad, Həbib Sahir, Əbülfəz Hüseyni (Həsrəti), Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir və s. kimi qüdrətli söz sahibləri Cənubi Azərbaycan ədəbiyyatınında biri-birindən maraqlı əsər müəllifləri kimi iz qoyublar. Bu söz sənətkarlarından biri də Abbas Hacı Ələkbər oğlu Pənahi Makuludur. Makulu  1900-cü il-də Maku şəhərində ziyalı ailəsində doğulmuşdur. İlk təhsi-lini Xoy şəhər mədrəsəsində, sonra müasir tipli "Xeyriyyə" məktəbində almışdır. Çağının ziyalı insanlarından olan atası Hacı Ələkbər 1905-1911-ci illərdə İranda baş verən Səttarxan hərəkatında öncüllərdən olmuş, Cənubi Azərbaycanın de-mokratik hərəkatında yaxından iştirak etmişdir.

Atasının zəngin dünyagörüşü, mütərəqqi ziyalı ol-ması, ədəbiyyata, şeirə rəğbət bəsləməsi, onu ədəbiyyat yo-lunda çalışmağa sövq etmişdir. Hələ məktəbdə oxuyarkən – on beş yaşından ana dilində bir sıra satirik şeirlər yazmağa başlayır. 1923-cü ildə Tiflisdə ərəb əlifbasından latın əlifba-sına keçid problemi müzakirə edilən məclisdə o, özünün "Yeni türk əlifbası" adlı şeirini oxuyur.

Tiflisdə nəşr olunan "Yeni fikir" qəzetinin redaktoru Rzaqulu Nəcəfovun təklifi ilə öz istedadını nəsr sahəsində də yoxlayır. Onun "Pərişan" adlanan, sonralar "Sirli çoban" adı altında 1948, 1950-ci illərdə çap olunan ilk nəsr əsəri "Ye-ni fikir" qəzetinin keçirdiyi müsabiqədə ikinci yeri tutur. Bundan sonra Makulunun bədii yaradıcılığa həvəsi daha da artır. Bir-birinin ardınca İrandakı ictimai-siyasi prosesləri açıqlayan çoxlu hekayələr, povestlər, romanlar, felyetonlar yazır. 1950-ci ildə onun Bakıda müxtəlif illərdə yazdığı "Təb-riz gecələri" adlı hekayələr kitabı çapdan çıxır.

Kitabda yer alan "Sirli çoban" hekayəsində müəllif demokratik-inqilabi hərəkatdan öncə Maku mahalında baş verən bir hadisəni qələmə almış, kəndlilərin əzablı həyatını, qəbilə başçıları arasındakı şəxsi ədavətlərin nəsillərə keç-məklə böyük bədbəxtliklərə səbəb olduğunu yüksək usta-lıqla təsvir etmişdir.

"Gizli zindan" povestində yazıçı Rza şah və onun nəs-linin zülmkarlığını və hiyləgər sifətlərini ifşa etmiş, istibdada qarşı mübarizə aparan Kazım ağa, Tələt xala, Məlihə kimi bədii obrazlar yaratmışdır.

Kitabdakı hekayələrdə ("İntiqam dəstəsi", "Təbriz ge-cələri", "Qırmızı aşıqlar") yazıçı ingilis-amerikan silahı zoru-na İran səltənəti sahiblərinin Azərbaycan xalqının milli azad-lıq hərəkatına divan tutmalarını, İranın hakim dairələrinə qarşı demokratların apardığı mübarizəni yüksək bədii bo-yalarla verməyə çalışmışdır.

1928-ci ildə atasının ağır xəstəliyi ilə əlaqədar İrana qayıdan Abbas müəyyən həyati çətinliklərlə üz-üzə qalır. Bu səbəbdən də onun ədəbi yaradıcılığında bir müddət fasilə yaranır. Bu dövrdə o, siyasi fəaliyyətlə məşğul olur. 1936-cı ildə məhz siyasi görüşlərinə görə həbs olunur və Zənca-na sürgün edilir. 1941-ci ildən etibarən isə yazıçının ədəbi fə-aliyyətində yeni mərhələ başlanır. "Azərbaycan" qəzetinin fəal əməkdaşlarından biri kimi yazıçı o dövrün hadisələrini əks etdirən çoxlu felyetonlar, tənqidi məqalələr yazır. 1945-ci ildə yaranan, lideri Seyid Cəfər Pişəvəri olan Azərbaycan Demokratik firqəsinə üzv olur. Abbas Pənahi firqənin 1945-1946-cı illərdə keçirilən hər iki qurultayında iştirak edir. Milli hökumətdə Siyasi İdarənin rəisi olan Abbas bu dövrdə daha çox ictimai-siyasi xadim kimi fəaliyyət göstərmişdir. 1946-cı ilin dekabrında Milli Hökumət devrildikdən sonra Bakıya gələn yazıçı bundan sonra bütün ömrünü Şimali Azərbaycanla bağlayır. 1950-ci illərdən başlayaraq Pənahi yaradıcılığının ən parlaq dövrləri başlanır və o, bir-birinin ardınca gözəl sənət nümunələri yaradır.

Cənubi Azərbaycan yazıçıları arasında tarixi roman-ların müəllifi kimi məşhur olan yazıçı bir-birinin ardınca "Mübarizlər", "Səttarxan", "Gizli zindan", "Xiyabani", "Hey-dər əmioğlu", "Xacələr" kimi tarixi romanlarını yazır. "Sət-tarxan" romanı yazıçının ilk irihəcmli əsəri olmaqla, Azər-baycan xalqının mübariz oğlu, böyük tarixi şəxsiyyət Səttar-xanın həyat və qəhrəmanlığına həsr olunmuşdur. "Səttarxan" romanının baş qəhrəmanı öz azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqıdır. Bu mübarizədə bütöv Azər-baycan iştirak edir. Yazıçı xalqın gücünü onun vəhdətində görür və bu, ana xətt kimi bütün əsər boyu ön plana çəkilir. Abbas Makulunun "Gizli zindan" romanı bir növ "Səttar-xan"ın davamıdır. Burada bir çox obrazlar olduğu kimi (mə-sələn, Mahmud və Sənubər) saxlanılmış, demokratik hərə-katın iştirakçılarının apardıqları mübarizə parlaq bədii bo-yalarla təsvir edilmişdir. Abbas Pənahinin bütün əsərlərini (istər hekayə olsun, istər povest, istərsə də tarixi roman) hə-yəcansız oxumaq olmur. Onun əsərləri sanki bir detektivə bənzəyir, başlandısa, nəyin hesabına olursa-olsun, tez başa çatdırmağa çalışırsan. Çünki yaradılan obrazların, təsvirlərin təsiri altından çıxmaq çətin olur, hadisələrə biganə qalmaq olmur. "Gizli zindan" romanında tarixi hadisələrə sadiq qalan yazıçı bəzən baş vermiş hadisələrin ilini, gününü belə dəqiqliklə göstərir ki, bu da, əlbəttə, belə mövzuda yazan sə-nətkar yazıçı üçün başlıca məziyyətlərdən biridir.

"Səttarxan", "Xiyabani", "Heydər əmioğlu", "Xacələr" əsərlərində İranda müxtəlif dövrlərdə baş verən milli-azad-lıq hərəkatlarına, saray çəkişmələrinə, xalqın mütləqiyyətə qarşı mübarizəsinə həsr olunan çoxlu zəngin tarixi faktlar vardır.

Pənahi Makulu əksər əsərlərini nikbin notlarla qur-tarır, əsas diqqətini Azərbaycanın gələcəyinə, xalqın vəhdə-tinə yönəldərək, vahid Azərbaycan ideyasını təbliğ edir. Tə-əssüf ki, böyük yazıçı, alovlu vətənpərvər Abbas Pənahi Azərbaycanın bu günkü müstəqilliyini görmədi.

Böyük ideyalarla yaşayan, Azərbaycanın müstəqilli-yi, vahidliyi uğrunda alovlu mübariz Abbas Pənahi (Maku-lu) 1971-ci il sentyabrın 29-da vəfat etmişdir. Yazıçının vəfa-tından sonra – 1972-ci ildə onun "Səttarxan" romanı Mos-kvada 100 min tirajla çap olunmuşdur. Bu roman 1983-cü il-də Azərbaycan dilində 2 cilddə ikinci dəfə nəşr olunmuşdur. "Xiyabani", "Heydər əmioğlu", "Xacələr" əsərləri də ayrıca ki-tab şəklində çap olunmuşdur.

Makulunun “Xiyabani” əsəri də ideyaları, azadlıq uğ-runda mübarizə əzminin qüvvətli ifadəsi baxımından yazı-çının “Səttarxan” əsərindən geri qalmır. Nasir öz ənənəsinə sadiq qalaraq, olduqca rəvan dil xüsusiyyətləri ilə, oxucunu yormayan dillə böyük bir azadlıq mübarizəsini təsvir edir. Təsvir olunan mübarizə, nəinki böyük şəhərlərin, böyük in-sanlarının dili ilə göstərilir, həm də bu mübarizə kəndbə-kənd, məhlə-məhlə izlənilir. Bu əsər mübarizə və azadlıq duyğularımızın ölməməsi yolunda mükəmməl hesab oluna bilər. Ortaq obrazlar, oxşar ideologiyalar onu göstərir ki, müəllif bütün yaradıcılığı boyu Cənubi Azərbaycanın azad-lığı üçün mübarizə aparmış və bu yolda qələmini heç zaman yerə qoymamışdır.




I HİSSƏ


1


      Ərvənəq, Ənzab, Şəbüstər və bütün Güney mahalının adamları kimi, Xamnə əhalisi də qürbətkeş idi. Çalışqan və zirək olsalar da, işsizlik öz şəhər və kəndlərində onları fəla-kətdən-fəlakətə sürükləyirdi. Adamlar qohum-qardaşlarını, əziz balalarını qoyub qaçır, ərpiyan toxumu kimi dünyaya səpələnirdilər. Xamnədə çox az adam qalmışdı. Axşam naxır və sürü gələndə heyvanların səs-küyü olmasaydı, buranı Xamuşanlar1 şəhəri adlandırmaq olardı.

      Yuxarı başdan axıb gələn Güney arxı qəsəbəni yarıya bölür, bazar meydanının baş tərəfində dövrəsinə qalın kölgə salan qarağacın yanından keçib, qəsəbənin aşağısından çı-xırdı. Uzaqdan baxanda yaşıl günbəz kimi görünən bu ağa-cın altındakı səki yerdən çox hündür deyildi. Bu balaca sə-kinin üstündə müxtəlif sənətləri olan dörd adam oturub, kəsbkarlıqla2 məşğul olurdu.

      Yayın girməsinə az qalırdı. Arxın suyu indidən qu-rumuşdu. Barmaq naziklikdə sızıb gələn su bir neçə yerdə gölməçələnmişdi. Qarağacın qabağındakı baqqal, arxalığının ətəklərini qurşağına sancaraq, gölməçələrdə toplanıb qalan sudan çömçə ilə götürür, dükanın qabağına səpir və hər-dənbir qırxıq başının təpəsində qaralan tərliyini çıxarıb, al-nından saqqalına süzülən tərini silirdi. O, hər dəfə su çilə-yəndə meyvə tabaqlarına qonmuş yüzlərlə milçək qalxır, ha-vada dövrə vurur və təkrar tabaqlara qonurdu.

      Qarağacın o biri tərəfində həsir parçası üstündə otu-ran adam yanındakı balaca sandığa dirsəkləndiyi halda mür-güləyirdi. Sağ əldə kötüyün üstünə qoyulmuş çərməki və qa-bağında saxsı dibçəkdə islanan bir tay çust onun pinəçi ol-duğunu bildirirdi.

      Qarağacın o biri tərəfində stol hündürlüyündəki sə-kidə sarı bir samovar cızıldayırdı. Onun yanında ayaq üstə duran uzun, arğac kişi qabağındakı ləyəndə stəkanları yaxa-layır və hərdənbir “təzədəm çay” deyə qəribə bir nida ilə tənbəl-tənbəl çığırırdı.

      Qarağacın şimal səmtində şaqqa yarım yağlı qoyun əti asılmışdı. Yerə sərilmiş dəridə isə heyvanın içalatı yığıl-mışdı. Belinə qırmızı fitə bağlamış kişi əlindəki bıçağı fitənin üstündən asdığı məstə çəkib itiləyirdi. Bu da çayçı kimi ara-bir: “Gəl, kasıb, gəl apar! Pulun yoxdur, xəbərin?” – deyə səslənir, müştəri axtarırdı.

      Qarağacın cənub tərəfində balaca bir döşəkçənin üs-tündə dəvə kimi dizlərini yerə vurub oturan adamın dövrə-sinə çoxlu kuzə və küpə yığılmışdı. Çiynində boz xurcun, əlində yekə dəyənək olan bir oğlana kuzələri göstərib öz ma-lını tərifləyirdi. Oğlan kuzələri bir-bir götürüb püfləyir, xo-şuna gələni seçib kənara qoyurdu. Onun ovurdları zurnaçı üzü kimi şişir, gözləri kəlləsinə çıxırdı. O, bəzən üfürməklə kifayətlənməyib, kuzələri barmağı ilə vurub cingildədirdi.

      Qarağacdan o yana dar bir küçə başlayırdı. Bu küçə-də o birilərə nisbətən böyük bir qapı nəzərə çarpırdı. Qapıya yaxınlaşanda, elə bil çoxlu arı pətəyi saxlanan həyətə girir-din. Bura Xamnə qəsəbəsinin yeganə məktəbi və məscidi idi. Həsirlə döşənmiş hücrədə uşaqlar dizlərini qatlayıb, üzü-quylu yırğalana-yırğalana dərs oxuyurdular. Həyətin orta-sındakı hovuzun suyu göyümtülə çalırdı. Uzunsov hovuzun ətrafında bir neçə mömin kişi dəstəmaz alaraq namaza ha-zırlaşırdı. Pəncərəyə yaxın oturan mollanın qabağındakı tax-ta qutununun üstündə lülə kağız, qələmdan, möhür və bir neçə çubuq var idi. Bu, onun həm müdərris, həm möhürqa-zan, həm də ərizə və duayazan olduğunu bildirirdi.

      Alnı günəşdən qaralmış, başı sarıqlı, ağ saqqalında hələ də qan qızaran bir kişi mollanın qabağında çömbəlib de-yirdi:

– Yaz, qadan alım, yaz, mən necə deyirəm, eləcə də yaz… Yaz ki, müctəhid ağa, bu it balası itin, sənin mübaşirin Kərimin zülmü ərşə dayandı. Hamını didərgin saldı, kənddə daha qalan olmadı. Özün gəlməsən bu camaatın dərdini bil-məzsən. Bu it oğlu itin cəzasını verməsən, qalanlar da arvad-uşaqlarını qoyub birbaş Urusyətə qaçacaq.

      Molla qələmi dayandırdı və enli qaşlarının altından kəndlini süzərək hirsli-hirsli dedi:

– Belə sözləri müctəhid ağaya yazmaq olmaz!

– Niyə yazmaq olmur, axund ağa?

– Dedim olmaz, olmaz! Ağa adamın atasını yandırar.

– Müctəhid ağa bəyəm cəhənnəm malikidir ki, xal-qın atasını yandırsın?

       Molla qələmi yerə qoydu; üz-gözünü daha da tur-şutdu, qeyzlə kəndlinin üstünə qışqırdı:

– Get gözümün qabağından, mülhüdün biri mül-hüd! Belə-belə sözlər danışırsız ki, bu günə qalmışıq da! .. Cəhənnəm olsun sənin verəcəyin bir abbası da, sənin özün də; rədd ol burdan!

      Daha nə deyəcəyini bilməyən kəndli alnını qaşıya-qaşıya fikrə getdi:

– Hə, yəni deyirsən müctəhid ağaca yazmaq olmaz ki, bu it balası sənin rəiyyətini dağıtdı?

      Molla özündən çıxdı:

– Əcəb xətaya düşmədim?! Əşşi, nə qırsaqqız olub yapışmısan yaxama?

      Eşikdən gələn on-on iki yaşlı bir oğlan kəndlinin arxa tərəfindəki dəhlizə girib, oradan da hücrəyə keçdi. Onun içə-ri girməsi ilə bayaqdan avazla höccələyə-höccələyə dərs oxu-yan uşaqların səsi kəsildi. Molla sınıq tərəfinə sap saldığı ey-nəyini çıxarıb, qızarmış gözlərini yarım qaranlıq hücrədə gəzdirdi:

– Rəhim ağa, gəldin, bala?

– Bəli, gəldim, molla əmi.

– Oğlan, ya qız?

– Oğlandı, molla əmi, oğlan.

      Kəndlinin səbri tükəndi:

– Molla ağa, mənim işim var axı…

– Mən sənə dedim ki, yaza bilmərəm! Mən heylə ərizələri yazmağı bacarmıram. Bildin, yoxsa yox?!

– Yaza bilməzsən, heç də yazma!.. Elə düz deyiblər ki, qoyun quzunun ayağını basmaz. – Kəndli deyinə-deyinə uzaqlaşdı.

       Molla üzünü uşağa tərəf tutub soruşdu:

– Oğlum, birdən o dəfəki kimi qız olar ha?

– Yox, molla əmi, anamı eşiyə çağırıb onun özündən soruşdum.

       Rəhim ağa qəsəbədə mamalıqla məşğul olan, hamı-nın “Xatın xala” çağırdığı arvadın oğlu idi. Molla bu oğlanın vasitəsi ilə qəsəbədə qadınlardan kimin oğlan, kimin qız doğduğunu hamıdan qabaq öyrənərdi. Doğulan uşaq oğlan olsa, molla tez uşaqlardan bir neçəsini gözaydınlığına gön-dərərdi.. Uşaqlar mollaya qənd, çay ya da nəğd pul alıb gə-tirərdilər. Molla da bunun əvəzində o gün uşaqları saxlama-yıb evə buraxardı.

– Hacı Əbdülhəmid Urusiyyətdədir, bəs indi kimin üstünə gedib gözaydınlığı alacaqsınız? – deyə molla üzünü uşaqlara tutdu.

On altı-on yeddi yaşlı çəpgöz oğlan irəli keçdi: –Molla əmi, Hacı Əli bibioğlu buradadır, ondan alarıq.

– Hımm. Hacı Əli Ağa…

       Mollanın gözləri güldü.

       Zəhra xanım altı qardaşın yeganə bacısı idi. Onun xatiri ərinin qohumları yanında nə qədər əzizdirsə, qardaş-larının yanında daha artıq əziz idi. Qardaşı Əli Ağa hələ gənc olsa da, qəsəbədə öz əliaçıqlığı ilə ad qazanmışdı. Uşa-ğın dünyaya gəlməsindən bir saat keçməmişdi ki, Təbrizə tə-rəf bir atlı çapırdı. O, birbaş Təbrizdəki Hind-Avropa tele-qrafxanasına gedərək oğlanın atasına, Petrovskidə3 ticarətlə məşğul olan Xamnə taciri Hacı Əbdülhəmidə şad xəbər verə-cəkdi.

       O qədər keçmədi ki, mollanın gözaydınlığa göndər-diyi uşaqlar qayıtdılar. Hacı Əli Ağa doğrudan da, həddin-dən artıq səxavət göstərmişdi: bir kəllə qənd, bir kirvənkə Papov çayı, bir də Molla əminin arvadına dörd arşın güllü çit göndərmişdi. Mollanın keyfi duruldu, uşaqları birdən bi-rə iki gün dərsdən azad edib evlərinə buraxdı…


2


      Günlər, aylar ötdükcə körpə Məhəmməd dirçəlir, gah sevinir, gah qəmlənir, gah da yeriyirdi. O, qaranı ağdan seçir, yaxşı yamanı başa düşür, altı yaşına qədəm qoyurdu.

      Axşamdan yarmaca kimi başlayan qar Məhəmməd yuxudan duranda kəsmiş, günəş pəncərədən süzülüb, otağı həmişəkindən artıq işıqlandırmışdı. Bunu görən balaca se-vindi, yerindən durub geyindi, həyətə qaçdı. Qardan gözləri qamaşdığından, həyətə enən baş pilləkənin yanındakı səkidə dayandı. Yarım arşından artıq qar düşmüşdü. Ondan əvvəl həyətə düşənlərin ayaq izləri, nədənsə uşağa daha dərin gö-ründü. Həyətdəki meyvə ağaclarının üstünə elə bil ağ çadır çəkmişdilər. Evin damından “Adam olmasın ha!” – deyən qar kürəyənin səsi eşidildi. Qar tozanağı Məhəmmədin üzü-nə, açıq sinəsinə səpələndi. Uşaq nə fikirləşdisə, tez içəri qaç-dı, dəhlizdə cızıldayan balaca samovarın yanındakı kiçik xa-kəndazı götürüb, əvvəlcə pillələrin qarını təmizlədi, sonra isə mətbəxə tərəf nazik bir cığır açdı. Oğlunun hərəkətlərini gözaltı seyr eləyən ana sevindi:

– Məhəmməd, bala, gəl çayını iç, qızış.

– Mən üşümürəm, ana, qoy mətbəxə gedən yolu təmizləyim, gəlirəm, – deyə oğlan təkrar işə girişdi.

       Səhər çayından sonra Məhəmməd bir müddət qar-dan dağ qayırmaq və ev düzəltməklə vaxtını keçirdi. Sonra darıxmağa başladı. Özünü anasının yanına verib soruşdu:

– Bəs bu qış haçan qurtaracaq?

– Sənin qışın qurtarması ilə nə işin var, bala?

– Necə nə işin var, qız deyiləm ki, evdə oturam!..

Bəs bayramda dayım məni məktəbə qoymayacaq? O, mənə təzə paltar alacaq, ağam bizə konfet göndərəcək, xa-lam mənə qırmızı yumurta verəcək. Nənəmlə bağa yemlik yığmağa gedəcəyik.

       Ana iftixarla oğluna baxıb gülümsədi. Sonra dərin-dən köks ötürüb qeyri-ixtiyari gözlərindən süzülən yaşı oğlu görməsin deyə üzünü yana çevirdi. Çarqatının ucuyla göz-lərinin yaşını sildi. “Yazıq bizə, sənin ömrün qürbətdə, mə-nim günüm həsrətdə keçdi” – deyə öz-özünə pıçıldayıb ərini xatırladı. Anasının qüssələndiyini duyan oğlan onun boy-nunu qucaqladı:

– Bəs sən deyirdin, qış qurtaranda Hüseyn də, ağam da gələcək. Qoy tez gəlsinlər də: – Oğlunun atasından söz salması bir neçə ayın gəlini ikən əri qürbətə getmiş qadını daha artıq kədərləndirdi.

– Gələcəklər, gələcəklər, oğlum, – deyə qadın özünü ələ alıb oğluna təsəlli verməyə çalışdı.

– Bu dəfə gələndə daha qoymayacağam getsinlər…

– Olmaz, oğlum, onlar gedib Urusiyyətdə pul qa-zanmasalar, biz burada dolana bilmərik.

– Bibioğlumgil də Urusiyyətdədirlər?

– Nə bilim, oğlum, bəlkə də hə… Adamlarımızın çoxu indi qürbətdədir.

– Hansı şəhərdədirlər, ana?

– Məşhəddədirlər, bala.

– Niyə, burada pul qazanmaq olmaz?

– Nə bilim, belə işləri arvadlar bilməz, bala. Deyirlər ki, burada hər kəs pul qazansa, qəsəbənin sahibi tutub onlardan alır.

– Buy, qəsəbənin sahibi bəs Allah deyil?

– Allah hamının sahibidir. Qəsəbənin sahibi keçən il dayıcanı ağaca bağladıb döydürən adamdır.

– Ona heç kəsin gücü çatmaz?

– Yox, bala.

– Divin də gücü çatmaz?

– Çatmaz, bala, çatmaz. Onu Allah özü xan eləyibdir.

– Allah niyə onu xan eləyirdi ki? Eləməyəydi də…

      Oğlanın bu baş-ayaq suallarından yaxa qurtarmağa çalışan ana:

– Mən nə bilim, ay oğul, – deyib dəhlizə keçdi. Mə-həmməd də çəkilib kürsüyə girdi. Arxasını mütəkkəyə söy-kəyib yorğanı boğazına kimi çəkdi, xumarlandı. Yadına Fatı nənənin danışdığı “Buz ilə buzov nağılı” düşdü.

       “… Qarı buzovu suya aparanda yol buz idi, buzov birdən sürüşüb yerə dəydi, ayağı sındı. Qarı qəzəbləndi: “Ay buz, sən nə yaman zalımsan!”

      Buz dilə gəlib cavab verdi: “Mən əgər zalım olsay-dım, Günəş məni əritməzdi”. Qarı qaçıb üzünü buludların arxasında gizlənən günəşə tutdu: “Hara qaçıb gizlənirsən, ay zalım?” Günəş ah-nalə elədi: “Zalım olsaydım, qara buludlar mənim qabağımı kəsə bilməzdi”. Bulud gözlərinin yaşını axıdıb dedi: “Mən zalım olsaydım, yağış məndən ayrılmaz-dı”. Yağış ağlaya-ağlaya cavab verdi: “Əgər zalım olsaydım, torpaq buğda bitirməzdi”. Lap axırda buğda əkib becərən dedi: “Əgər mən zalım olsaydım, zəhmətlə əkib-biçdiyim buğdanı xan əlimdən almazdı”.

       “Xan” sözü, anasının dediyi sözləri Məhəmmədin yadına saldı və onu düşündürdü. “Deməli, qəsəbənin sahibi olmasaydı, Allah onu xan eləməsəydi, o mənim dayımı döy-dürə bilməzdi. O, camaatın pulunu əlindən almaz, atam, da-yılarım qürbətə qaçmazdılar. Atamla dayılarım qürbətə qaç-masaydı, anam ağlamazdı”. Uşaq bu dolaşıq fikirlə də yu-xuya getdi. Nə qədər ki, qar yağmamışdı, hər axşam anası uşağı məscidə aparardı. Hafizəli, şüurlu olan oğlan da gö-rüb-eşitdiklərini zehnində nəqş edirdi. İki gecə bundan əvvəl mollanın məsciddə qiyamət günü, mizan-tərəzi, haqq-hesab və ədalət haqqında dedikləri də balaca Məhəmmədin zehni-ni az məşğul etməmişdi. İndi o, yuxulayan kimi mollanın təsvir etdiyi məhşər gözünün qabağında canlandı: Xamnə bazarı meydanında, qarağacın düz qabağında yekə bir tərəzi asılmışdı. Tərəzinin bəlimdən toxunmuş gözlərinə dəri tik-mişdilər. Tərəzi qolları elə möhkəm qayışdan qayrılmışdı ki, yüz batman da qoyulsaydı, qırılmazdı. Mizanı ucubunuq4 boyda bir adamın əlində idi. Kişinin boyu o qədər uzun idi ki, əgər əlini atsaydı, ulduzları bir-bir göydən qoparardı.

       Meydanın bir tərəfində qızıldan qayrılmış bir taxt qoyulmuşdu. Üzündən-gözündən nur yağan, qar kimi ağ saqqalı sinəsinə düşmüş, mehriban baxışlarla Məhəmmədə baxan bir kişi taxtın üstündə oturmuşdu. Bu, "Allah" özü idi. Onun sağ-solundakı pəhləvanlar qılınclarını çəkib sıra ilə dayanmışdılar. Qəsəbə camaatı meydana toplaşmışdı. Ar-vad, uşaqlar damlardan baxırdılar. Elə bu vaxt kəndin ərbabı beş-altı atlı ilə meydana daxil oldu. Bütün adamlar yerlərin-dən durub, onlara təzim edəndə "Allah"ın acığı tutdu. Cama-atdan soruşdu:

– Bu köpək oğlundan kimin şikayəti varsa, desin!

      Heç kimdən səs çıxmadı. Məhəmməd o saat anasına qısıldı:

– Dayıcanı döydürən bu deyil? Bəs niyə demir?

– Qorxur, bala, qorxur.

– Sən deyirdin bəs hamı "Allah"dan qorxur? Qoy da-yıcan desin də.

– Yox, bala, yox! "Allah" indi durub tərəzi-mərəzisini yığıb gedəcək. Xan sabah adamın dərisinə saman təpər.

       Məhəmməd özünü saxlaya bilməyib çağırdı:

– Ay Allah, o mənim dayımı döyüb, divanını elə…

      Kürsünün bu tərəfində oturub corab toxuyan ana oğlunun qışqırığını eşidib, dərhal uşağın yanına yüyürdü.

– Məhəmməd, Məhəmməd, bala… Dur, daha bəsdir. Yuxu görürdün, hə?

      Gördüyü yuxu Məhəmmədin xəyalından silinmirdi. O, gözlərini məchul bir nöqtəyə zilləyib baxırdı.

– Yuxu görürdün, bala?

– Köpək oğlu xan qorxudan siçan deşiyini satın alır-dı, – deyə Məhəmməd gördüyü yuxunu anasına, Fatı nənəyə danışdı. Onlar gülüb Məhəmmədi öpdülər…


3


      Məhəmməd çay içəndən sonra durub həyətə düşmək istəyirdi ki, Fatı nənə onu dəhlizdə saxladı:

– Hara? Bu əziz axşamda hara getmək istəyirsən?

– Bu axşam niyə əziz oldu?

– Bəs bilmirsən? Bu axşam çillə qarpızı kəsəcəyik. Bütün qardaşlar bacılarına, atalar qızlarına, oğlanlar öz ni-şanlılarına xonçada çilləlik hədiyyə göndərəcəklər.

– Bəs sənə kim çilləlik göndərəcək, nənə?

      Qadının gözləri yaşardı:

– Mənim kimim var ki, çilləlik də göndərsin? Dayı-can xanımına göndərəcək.

      Fatı nənənin kimsəsizliyinə Məhəmmədin yazığı gəl-di:

– Qoy yekəlim, – dedi, – sənə də özüm göndərərəm, Fatı nənə. – O, qadına ürək-dirək verdi. Sonra otağa, ana-sının yanına qayıtdı. – Fatı nənə deyir ki, ana, o yekə qarpızı bu gecə kəsəcəyik, doğrudur?

– Doğrudur, oğlum.

– Fatı nənə deyir, sənə çilləlik gələcək?

– Elədir, bala.

– Çilləlik nədir, ana?

– Axşam görərsən.

      Məhəmməd daha bir söz demədi. Otağın bir buca-ğına çəkildi. Rəngbərəng aşıqlarını, atasının göndərdiyi rezin topunu qabağına töküb oynamağa və axşamı səbirsizliklə gözləməyə başladı. Uşaq hər beş-on dəqiqədən bir dönüb pəncərəyə baxır, darıxmış halda deyirdi:

– Eh, bəs axşam niyə belə gec gəlir?

       Nəhayət, Fatı nənə çırağı taxçadan götürüb kürsü-nün üstünə qoyanda, uşaq da oyuncaqlarını yığışdırıb, kür-sünün başına gəldi:

– Bəs hanı, çillə gəlmədi?

       Anası Zəhra xanım mehribanlıqla gülümsədi:

– Çillə bu gün səhərdən gəlib. Çilləlik gələcək, – dedi.

      Məhəmməd təəccübləndi.

– Bəs, ana, çillə gələndə mən harada idim ki, gör-mədim?

       Anası özünü saxlaya bilməyib, ucadan güldü. Fatı nənə də ona qoşuldu. Zəhra xanım oğlunu başa saldı:

– Qış fəsli ağır fəsildir, bala. Adamlar işə getmirlər. İşə getməyən adam darıxar. Ona görə də qışı dörd yerə bö-lüblər. Birinci böyük çillədir – qırx gün olur. Sonra iyirmi gün – kiçik çillə gəlir. On gün çillə-becərlərdir. Yerdə qalan on altı gün də çar-çarlardır, rəğeyibdir. Rəğeyibdən sonra bəh-bəh, toydan sonra nağara, xoş gəldin, bayram ağa; bir də görürsən ki, havalar qızdı.

Xıdır Nəbi, Xızır İlyas,

Çiçəkləndi, gəldi yaz…

       Anasının dediklərinə qulaq asan Məhəmməd hey-rətlə qışqırdı:

– Oho, nə qədərdir?! Bunların hamısında qarpız kəsirlər? Onda bizə bir qarpız çatmaz ki…

      –Yox, oğlum, onların hərəsinin ayrı-ayrı adətləri var. Xıdır Nəbidə qovud qoyarlar. Xızır peyğəmbər gecə gəlib qovuddan bir az yeyər, sonra pəncəsini qovuda basar. Sə-həri həmin qovudu qonşulara paylarlar. Kiçik çillə təkcə ar-vadların bayramıdır, kişilər arvadlara hədiyyə verər. Hər kəs öz arvad qohumunu yada salar. Hallı halına görə ona pay göndərər.

       Anası sözünü qurtarmamışdı ki, həyət qapısı döyül-dü. Məhəmməd tez səsləndi:

– Fatı nənə, dur, deyəsən çilləlik gətirirlər!

      Özü qapını açmağa getmək istəyəndə anası onu ça-ğırdı:

– Sən gəl, otur. Qapını Fatı nənə açar.

      Məhəmməd anasının yanında oturub, gözlərini düz otaq qapısına zillədi.

       Gələn dayısı evinin xidmətçisi idi. Onun qucağında üstünə məxmər örtük çəkilmiş bir məcməyi var idi. Örtüyün kənarından sallanan enli zəncirlərin saçaqları tərpənir, otağa işıq salırdı. Xidmətçi qadın məcməyini kürsünün üstünə qo-yub çəkildi. Zəhra xanım xonçanın üstündən örtüyü götür-dü. Məcməyidə rəngbərəng peşmək, neçə dənə qırmızı alma, nar və bir boxça var idi. Boxçaya bir çarqat, bir neçə metr də çit qoyulmuşdu. Zəhra xanım şeyləri götürəndən sonra boş-qablardan birinə on şahı xırda pul atdı. On şahını görən xid-mətçinin gözləri işıqlandı:

– Allah sənə ömür versin, – deyə məcməyini götürüb getdi.

      Qapını bağlamaq üçün Fatı nənə də onunla bərabər həyətə düşdü. Zəhra xanım bir alma, bir nar, bir nəlbəki peş-mək oğluna verib, bir o qədər də Fatı nənə üçün ayırdı. Son-ra qalan şeyləri götürüb sandıqxanaya keçəndə Məhəmmə-din səsi eşidildi:

– Ana, bəs qarpız?

– Dayan, Fatı nənə gəlsin, gedib zirzəmidən gəti-rərsiniz.

      Bu vaxt həyətdən zınqırov səsi eşidildi.

– Bu nə səsdir, anacan? – Məhəmməd vahimələndi.

      Zəhra xanım işi anlayıb güldü. Yarım dəqiqə keçmədi ki, dəhlizdə xısın-xısın danışan adamların səsi eşidildi. Fatı nənə gülə-gülə qayıtdı:

– Canı yanmış kişilərdir, Kosa-gəlin çıxardıblar…

       Söz arvadın ağzından qurtarmamışdı ki, qavalın mü-şayiəti ilə üç-dörd adam otağa girdi. Məhəmməd ilk dəfə idi ki, Kosa-gəlini görürdü. Yekəpər bir adam qulaqlarına baş-maq tayı bağlayıb, üzünü un ilə ağartmışdı, sifətinə də uzun bir saqqal taxmışdı. Aşağısı geniş, təpəsi dar olan papağın-dan iri bir zınqırov asılmışdı. Əlində yekə dəyənək var idi. Ondan xeyli alçaqboy bir oğlan isə qadın libası geyib, üz-gö-zünü arvadlar kimi bəzəmişdi. Dəfçalan adam ilə o biriləri qapı qabağında dayanıb oxumağa başladılar:


“Bayram gəlir, qohum-qardaş şad olsun,

Sağlıq olsun, ləzzət olsun, dad olsun.

Tanış-biliş uzaq yaxın yad olsun,

Qoy düşmənin canı çıxsın, işi fəğan, dad olsun.

Bircə qismət verin, Kosa şad olsun…”


      Qaval ağır-ağır çalındıqca, Kosa ilə gəlin də oynayır-dı. Kosa gəlini tutmaq istəyir, o isə nazlanıb o tərəf bu tərəfə qaçırdı. Sonra mahnı birdən sürətlənir, gələnlər yeyin-yeyin oxuyub çalırdılar. Kosa yıxılır, oxuyanlar mahnılarına da-vam edirdilər:


“Kosam ölmək istəyir.

Dərdin demək istəyir,

Bir qazan xaşıl aşı

Olsa, yemək istəyir”.


      Gəlin Kosanın başı üstündə oturub ağlayırdı:


“Kosamız öldü, aman!

İşimiz oldu yaman.

Ona ver bircə qran,

Gör nə dirilmək istəyir!”


      Məhəmməd, Fatı nənə və Zəhra xanım onlara baxıb gülürdülər. Nəhayət, Zəhra xanım on şahı qara pul çıxarıb verən kimi Kosa dirildi, onların qabağında baş əydi. Zınqıl-daya-zınqıldaya otaqdan çıxdılar.

      Hamı gedəndən sonra Məhəmməd soruşdu:

– Onlar kim idilər? Niyə belə edirdilər?

      Zəhra xanım öz-özünə deyindi: “Hə də, yenə sorğu-sual başlandı”.

– Onları Fatı nənə yaxşı bilər. Qoy sənin üçün da-nışsın.

      Kosanı dəhlizdən yolsa salan Fatı nənə otağa qayıdan kimi Məhəmməd anasına verdiyi sualı ona da verdi.

      Fatı güldü:

– Sən elə gərək hər şeyin axırına yetəsən? Hər fəslin özünə görə oyunu olar, camaatı əyləndirər. Bu da qış oyunu-dur, bala.

      Kosa barədə Fatı nənə bir xeyli izahat verəndən sonra Məhəmmədlə bərabər düşüb zirzəmidən qarpızı gətirdilər. Qarpız kəsildi. Zəfəran kimi çıxan qarpızın içi azca ötmüşdü.

      Məhəmməd günləri barmağı ilə ötürüb, çaharşənbə və bayramı gözləyirdi. Dayısının “İnşallah, sizdəh5 keçən ki-mi səni məktəbə qoyacağam”, – vədi yadına düşdü. Səbri lap tükənirdi.

       Kiçik çillədən on gün sonra havalar xoşalmağa baş-ladı. Həyət-bacadakı qar yığınları anbaan kiçilir, şam kimi əriyirdi. Bir axşam Fatı nənə canamazdakı təsbehi götürüb, nəyi isə hesabladı və inamla dedi:

– Bu gələn cümə axşamı Xıdır Nəbidir:

       Sabahdan qovud hazırlanması qərara alındı. Fatı nə-nə xeyli qarğıdalı və buğda qovurub, bir-birinə qatdı. Mə-həmmədi də özü ilə götürüb Zəhra xanımın siğə bacısıgilə getdi. Qovurğalar onların böyük əl dəyirmanında üyüdülüb una çevrildi. Qovud evə gələndən sonra onu mis məcməyiyə töküb namazxanaya gətirdilər. Unu təpə şəklinə saldılar. Ya-nına da su dolu aftafa-ləyən, bir qab doşab, bir şamdan, bir gülabdan gülab qoyub çıxdılar. Şamdanın yanına kibrit qoy-mağı da unutmadılar.

      Bütün bu işləri diqqətlə seyr eləyən Məhəmməd kür-sünün başına qayıdan kimi anasından soruşdu:

– Fatı nənə deyir ki, gecə Xızır peyğəmbər bizə qo-naq gələcək, doğrudur?

– Doğrudur, bala.

– Xızır peyğəmbər kişidir, ya arvad?

      Fatı nənə əllərini əlinə vurub güldü:

– Heç arvaddan da peyğəmbər olar?

– Niyə olmur!

– Allah-taala belə buyurub.

Məhəmməd bir az fikrə gedəndən sonra soruşdu:

– Sən dedin ki, Xızır peyğəmbər kişidir?

– Əlbəttə, kişidir.

– Onun bizim evimizdə nə işi var?

– O gələcək, üzünə gülab vuracaq, əllərini yuyub, do-şabla qovud ovub yeyəcək. Sonra da pəncəsini qovuda ba-sıb gedəcəkdir.

       Bütün xamnəlilərin evinə girib hər evdən ən azı bir nəlbəki qovud yeyən Xızır peyğəmbər, Məhəmmədin gö-zündə dəvədən də böyük göründü. Uşağa elə gəlirdi ki, bu qədər qovud yeyən adamın qarnı, heç olmasa, un çuvalı ye-kəlikdə olar. Belə yekəpər bir adam karvansaranın darvaza-sından güclə keçə bilər. Bəs o, namazxananın balaca qapı-sından içəri nə cür keçəcək? Bundan başqa, namazxanaya girmək üçün o, gərək bu otaqdan keçib getsin. Məhəmmədlə anası da elə bu otaqda yatırdılar. “O yekəlikdə kişi mənim anam yatan otaqdan gəlib keçəcək? Bu, ola bilməz! Qoy pey-ğəmbər, ağam evdə olanda gəlsin”.

      Məhəmməd bunları fikirləşdikcə qaşlarını çatıb, bir-dən Fatı nənəyə tərəf döndü:

– Nənə, qapıları möhkəm bağla, dəhlizin qapısına da qıfıl vur.

– Niyə bala? – deyə Fatı nənə təəccüblə ona baxdı.

– Qoy Xızır peyğəmbər bizə gəlməsin.

– Niyə, oğlum? – Bu dəfə anası təəccüblə soruşdu.

– Qoy ağam evdə olanda gəlsin.

– O bizim əlimizdə deyil, bala.

– Bəs kimin əlindədir?

– Allahın.

– Allahın adamları hamısı belə zorakıdırlar? O ye-kəlikdə kişi gəlsin, sən də, Fatı nənə də burada yatasınız? Elə iş olmaz. Qoy getsin dayıcangilə. Nə qədər istəyir, onlarda yesin. Mən qoymaram Xızır peyğəmbər bura gəlsin!…

       Fatı ilə Zəhra xanım gülməkdən uğunub keçindilər. Xızır peyğəmbərin bağlı qapılardan, bacadan, qapı arasın-dan da keçməyə qadir olması barədə oğlana xeyli danışdılar. Məhəmməd isə öz dediyinin üstündə durmuşdu:

– Yox, Xızır peyğəmbər bağlı qapıları aça bilməz! – Keçib qapıları içəri tərəfdən bağladı.

      Səhər işıqlanan kimi hamıdan əvvəl duran Məhəm-məd namazxanaya keçdi.

– Gördünüz, sizə dedim ki, bağlı qapıdan heç kəs keçə bilməz. Hər şey axşam qoyduğumuz kimidir!

      Xızır peyğəmbərin keçib getməsinə görə Məhəmməd çox sevinirdi. İndi uşaqların səbirsizliklə gözlədiyi axır çər-şənbə və Novruz bayramına lap az qalırdı.


Страницы книги >> 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации