Электронная библиотека » Pənahi Makulu » » онлайн чтение - страница 3

Текст книги "Xiyabani"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Pənahi Makulu


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

      Məhəmməd o saat Qasımağaya pıçıldadı:

– Sən hansı günahını tövbə edəcəksən?

– Mən molla əmiyə yalan danışmağı, bəs sən?

– Mən, mən? – deyə Məhəmməd kəkələdi. – Axı mən bir günah eləməmişəm ki, tövbə də edim. Qoy xan ilə oğlu günahlarından tövbə etsin ki, özgə zurnasını alıb, sahibini gözü yaşlı yola salmasınlar.

      Yenə də mollanın səsi eşidildi:

– Öz qəlbinizi təmizləyin, dünya malının məhəbbə-tini qəlbinizdən çıxarın! Sonra adama iki rükət hacət namazı qılın, öz günah əməllərinizi tövbə edin. Allah rəhm edəndir.

       Hamı iki rükət namaz qılmaq məqsədilə, bir az o tə-rəfdə insanların iztirabına əhəmiyyət vermədən başı aşağı axan Güney arxına tərəf qaçdı. Dəstəmaz alındı. Namaz baş-landı. Günahlar tövbə olundu. Axşamüstü camaat qəsəbəyə qayıtdı.

      Müsəllanın üçüncü günü idi ki, çəyirtkənin qabaq dəstələri qəsəbəyə hücum etdi. Əkin yerləri, zəmilər, yonca-lıqlar, bağlar çəyirtkə ilə örtüldü. Onlar uçanda bulud kimi yerə kölgə salır, sanki yüzlərlə at arpa yeyir, xırda-xırpdan qulaq tuturdu.

      Elə bu gün quş üçün yola çıxanlar da qayıdıb gəlmiş-dilər. Onlar tutu üç günlük yoldan gətirmişdilər. Deyirdilər ki, sabah səhər iki çanaq darının sayı qədər quş gələcək. Çə-yirtkənin yolu üstündə enli bir xəndək qazıb, oraya su bu-raxmışdılar. Bundan başqa, kiçik-kiçik arxlara da su buraxıb, qabağını boğmuşdular.

      Məhəmməd ha düşünür, bu işə bir məna verə bil-mirdi.

      Dayısı onu başa saldı:

– Quşlar tutu çox sevirlər, çəyirtkələr də tutu sevir, ona görə də bunlar düşməndir. Quşlar çəyirtkələri məhv et-məkdə bir-birinə macal verməyəcəklər…

      Səhər tezdən yenə də camaat qəsəbənin kənarına axı-şırdı. Yüzlərlə əli belli adam arxlara hücum çəkən çəyirtkə-lərin üstünü torpaqlayırdı. Buna baxmayaraq, çəyirtkə yenə keçib zəmilərə qonur, hər şeyin axırına çıxırdı. Çox adamın ağlamaqdan gözləri şişmişdi. Ona-buna dalbadal əmr verən, bəzilərini pis söyüşlə söyən xanın bağırmaqdan səsi tutul-muşdu. Camaat həm işləyir, həm də dönüb qiblə tərəfinə ba-xır, səbirsizliklə quş gözləyirdi. Vaxt keçdikcə camaatın səbri də tükənirdi. Xanın əlindən təkgözlü durbin düşmürdü. Onun nökərləri iki dənə qoyun saxlamışdı, quşu görən kimi qurban kəsəcəkdilər. Günorta da oldu, quş gəlib çıxmadı. “Allah özü fəryadımıza çatsın!.. Quş gəlməsə işlər lap yaman olacaq!” sözləri ağızlarda gəzirdi. Qasımağa yavaşdan pıçıl-dadı:

– Deyiblər, yəqin günahını tövbə etməyən adam qa-lıb ki, Allah-taala öz rəhmini əsirgəyib.

      Xanın və mollanın əmrilə camaat işdən əl çəkərək bir yerə toplaşdı. Özü camaatdan yüksəkdə dursun deyə, molla yenə də camaatı oturmağa dəvət etdi. Hamı çöməlmə otur-du.

      “Ey rəhm edənlərin rəhm edəni Allah. Bəndələrinə rəhm elə!” – deyən kiminsə səsi eşidildi.

“Amin, amin, ya Rəbbəl-aləmin!” Camaatdan qıyya qopdu. Onsuz da məhərrəm, səfər aylarında ağlamağa adət edən adamların göz yaşı dayanmırdı. Kişilərin çoxu yerdən torpağı götürüb başına sovururdu.

– Günah əməlindən tövbə etməyən adamı tanısam, vallah vurub başını yarardım, – deyə Qasımağa qəzəblə əlini havada oynatdı.

      Molla yenə də camaatı günahlarını tövbə etməyə ça-ğırdı. Axşam oldu. Hava qaraldıqca, çəyirtkələrin də xırıltısı azalırdı. Camaat böyük məyusluq içərisində evə qayıtdı. Bu gecə qəsəbə və qəsəbəyə yaxın kəndlərdə bütün söhbətlər yenə çəyirtkədən idi. Hamı namaz qılır, dua oxuyur bu bə-ladan qurtarmağı Allahdan istəyirdi.

      Günəşin çıxmasına xeyli qalmış adamlar yola düşdü-lər. Çəyirtkə qırmağa tez yetişsinlər deyə, Qasımağa da ge-cəni Məhəmmədgildə qalmışdı: “Bax, bizi lap obaşdan oya-darsan ha!” – deyə Fatı nənəyə tapşırıq vermişdi.

       İki dost xakəndazlarını götürüb küçəyə çıxanda hələ göz-gözü görmürdü. Ancaq yollar bütün gecəni yatmayıb Allaha yalvaran adamlarla dolu idi. Hamı tələsirdi. Günəş məşriq tərəfə toplaşan ağ buludları təzəcə qızardırdı ki, xan gəlib çıxdı. O, bütün həyatı boyu özünü bu iki gündəki qə-dər zəhmətə salmamışdı.

      Çəyirtkələrin bağlara yetişməsinə beş yüz qədəm an-caq qalırdı. Xanın ən böyük bağı və üzümlüyü – bağın sol tə-rəfində, ucu-bucağı görünməyən buğda zəmilərini atəş kimi yandırıb keçən bəlanın yolu üstündə idi. Bu vaxta kimi bü-tün çətinliklərdən asanlıqla çıxan xan indi var-qüvvəsini sərf etsə də, nəticə vermirdi. Hirsindən ayağını yerə döyür, yu-murtası tərs düşən toyuq kimi ora-bura vurnuxurdu.

      Hər tərəfdən ümidi kəsilən xan yenə də təkgözlü dur-binini gözünə tutub, qiblə tərəfə baxdı. Aydın havada kiçik bir qaranquş onun gözündə böyük quş dəstəsinə oxşadı. O, həyəcanla: “Budur, gəldi!..” – deyə durbini yanında durmuş mirzəyə verdi.

      Ömründə xanı təsdiq etməkdən başqa bir şey bilmə-yən mirzə dərhal: “Bəli, bəli, quş budu gəldi! Allah, sənə çox şükür!” – deyə sevincək çığırdı. Lakin bunun boş söz olduğu aşkar olan kimi xan durbini hirslə onun əlindən dartdı.

– Sənin gözün də mənimtək pərpər çalır!

      Bu dəfə xan durbini mirzəyə deyil, yanında duran mollaya uzatdı.

      Molla durbini alıb baxdı.

– Bəli, böyük bir qaraltı görünür. Bu, quşdan qeyri bir şey ola bilməz! – dedi.

      Elə bu vaxt xəbər yetişdi ki, çəyirtkənin qabaq dəstəsi bağlara tərəf hücuma keçib. Arxqazanlar nə qədər çalışsalar da, bir şey çıxmadı. Qış ruzusu talanmaq qorxusu altında qa-lan adamlar uşaq kimi ağlaşmağa başladılar.

      Neçə dəstəyə bölünmüş quşlar özünü yetirəndə xan qışqırdı:

– Gədə, qurbanları kəsin! Tez olun, tez!

       Quşlar dəstə-dəstə yetişir, ağac və kölgəliklərə qo-nurdu. Düşmənini görən çəyirtkələr canlarını qurtarmaq üçün o yan-bu yana uçmağa başlasalar da, gec idi. Quşların dincəlməsi on beş iyirmi dəqiqədən çox çəkmədi. (Adamlar basılmaq, məğlub olmaq ərəfəsində kömək alan qoşuna ox-şayırdılar).

      Yarım saatlıq vuruşdan sonra quşların birinci dəstəsi qayıtdı. Dimdikləri və döşləri qana bulaşmışdı. Quşlar dim-diklərini açıb, sinəgər adamlar kişi tövşüyür, suda çimir, yu-yunurdular. Arxlar azlıq etdi. Adamlar yeni arxlar qazıb su buraxdılar. Buna baxmayaraq, yenə özünü vaxtında suya çatdıra bilməyən quşlardan neçəsi zəhərlənib öldü.

      Quşlarla çəyirtkələrin vuruşu üç gün davam etdi.

      Məhəmməd ertəsi gün məktəbdən dükana gələndə, dayısı gülə-gülə onu qarşıladı:

– Hə, nə verərsən, sənə bir yaxşı xəbər deyim?

      Məhəmməd bir söz demədən gözlərini dayısının üzü-nə dikdi. Onun məsum baxışları sanki deyirdi: “Mən sənə nə verə bilərəm?..” Uşağın bu halı dayısını güldürdü.

– Qaç, anana müjdə apar. Atandan teleqraf almışam, gedib Xorasana, ağanı ziyarət edib bura gələcək.

      Məhəmmədə elə bil qanad verdilər. İldırım sürətilə qaçıb, özünü təngnəfəs evə çatdırdı:

– Ana, ay ana, müjdəmi ver, – deyə, elə həyət qapı-sından çığırdı.

– Nə olub, bala? Xeyirdimi?

– Xeyirdir, xeyirdir! Ağam bir-iki aya kimi gəlir.

      Fatı nənə Zəhra xanımdan qabaq əlini göyə qaldırdı:

– Sənə çox şükür, Allah!

      Zəhra xanım isə kimsənin eşidə bilməyəcəyi bir səslə:

– İnşallah, oğlum, inşallah! – deyə gözünün yaşını saxlaya bilmədi.

– Anacan, atam gəlir, sən gərək sevinəsən, amma ağlayırsan. – Məhəmməd anasının boynunu qucaqladı.

– O elə sevincdəndir, bala! – Fatı nənə bildirdi.

       Zəhra xanım başını buladı:

– Yox, elə deyil, bala. Atan gələcək, bir az qalandan sonra yenə də gedəcək. Bax, o lap çətin olacaq, – deyib təzə-dən ağladı.

– Yox, ana, bu dəfə qoymarıq gedə. Çox desə, de-yərik bizi də özünlə apar.

       …Atasının intizarında keçirdiyi günlər Məhəmmədin həyatında ən ağır ay oldu.


7


Məhəmməd bu bir ayda, demək olar ki, vaxtının ço-xunu dayısının qurbanlıq üçün aldığı toğlu ilə keçirdi. Toğ-lunu Məhəmmədin atası gələndə kəsəcək, ətini yoxsullara paylayacaqdılar. Toğlu da Məhəmmədə öyrəşmişdi. Uşaq hara gedirdisə, o da başını bulaya-bulaya dalınca düşürdü.

      Bu gün evdəkilər həmişəkindən tez oyanmışdılar. Məşhəd zəvvarları günortaya kimi qəsəbəyə varid olacaqdı-lar. Səhər yeməyindən sonra kənd camaatı atlara minib zəv-varların pişvazına çıxdılar. Qasımağa ata tək minmişdi. Mə-həmmədi isə dayısı tərkinə almışdı.

      Qasımağa iki il bundan əvvəl dərs oxumağa başlasa da, Məhəmməd gəlib onu ötmüşdü, hətta ata-anası da bunu Qasımağanın başına çırpanda o: “Nə olsun, mən də çox işlər bilirəm ki, onu Məhəmməd bacarmır” – deyə özünü sındır-mazdı.

       Piyada gedənlər gəlib bağların qurtaracağında köl-gədə dayandılar. Atlılar isə daha qabağa getdilər. Yarım saat keçməmişdi ki, atlılardan biri çığırdı:

– Gəlirlər!..

      Məhəmməd əllərini dayısının belindən çəkmədən əyilib qabağa baxdı. Tozlu yolla bir dəstə atlı gəlirdi. Oğla-nın ürəyi birdən şiddətlə döyünməyə başladı. Axı, atası ge-dəndə o, üç yaşında idi. İndi isə doqquz yaşına girmişdi. Atasının axırıncı dəfə göndərdiyi şəkil onun xatirində həkk olub qalmışdı. Bəli, şəkildə iki əllərini dizləri üstə qoyub oturmuş bığlı kişi onun atası idi. Atanın gözləri, elə bil oğlu-nu axtarırdı.

      Çavuşun səsi eşidildi:

– Bəbər həbib xuda, xətm əmbiya salavat!9

       Hamı ucadan onun sözlərini təkrar etdi. Ziyarətdən gələnlər başqalarından seçilmək üçün papaqlarının bir tərə-finə barmaq enində ağ parça tikmişdi. Məhəmməd atasını dərhal tanıdı: “Mənim atam o qırmızı ata minən qarasaqqal kişidir” deyib irəli can atdı. Ata da oğlunu tanıdı. Qüvvətli qolları ilə onu dayısının tərkindən alıb, bağrına basdı. Heç kəs eşitməsin deyə yavaşcadan dedi:

– Maşallah, böyük oğlan olmusan!…

       Məhəmmədin atası öz qapılarında atdan düşdü. Elə orada da qoyun kəsildi. Hər gün dalınca dolanan qoyuna ya-zığı gəlsə də, Məhəmməd hayıfsılanmadı.

      Fatı nənə həyətin içəri üzündə dayanmışdı. Əlində bir xakəndaz od vardı. Hacı Əbdülhəmidin ayağı həyətə də-yən kimi, Fatı nənə o biri əlində saxladığı üzərrikləri odun üstünə töküb salavat çevirdi və burnunun altında öz-özünə nəsə mızıldadı.

      Üzərliyin xoş qoxusu həyətə doldu. Məhəmmədin atası qarının kefini soruşdu. Sonra başını qadınlar toplaşan otağa uzadaraq çadra ilə oturan qohumlarına:

– Allah sizə də qismət eləsin! – deyib qonaqların ya-nına keçdi.

      Uzun müddət ayrılıqdan sonra anası ilə atasının gö-rüşündən Məhəmmədin gözləri doldu. Özünü ağlamaqdan zorla saxladı.

      Ertəsi gün səhər Məhəmmədin atası xana gətirdiyi sovqatları bir boxçaya büküb oğlunun qoltuğuna verdi. Xan-lıq qapısına çatanda Məhəmməd atasının məqsədini anladı. Yerində mıxlanan kimi oldu. Ata dönüb baxdı:

– Niyə durdun, oğlum?

– Hara təşrif aparırsan, ata? – deyə oğlan gözlərini atasının üzünə zillədi.

– Xanın bazdidinə.10

– O pis adamdır, ata, oraya getmə!

– Nə üçün pis adamdır, oğlum?

       Məhəmməd xanın evindəki əhvalatı yerli-yerində atasına danışdı.

– Onun gözünün qabağında nökər məni yerə çırp-dı, göndərdiyin zurnanı cibimdən çıxarıb xanın oğluna ver-di. Mən nə qədər ağladım – baxmadılar.

      Atanın bütün bədəni lərzəyə gəldi. O, bir anlığa fikrə getdi. Görüşə getməsə, ata-baba adətincə, ona sovqat aparıb verməsə, xanın qəzəbi tutardı. Hafizin: “On dustan mürüv-vət, ba düşmənan mudara”11 şeiri yadına düşdü.

– Eybi yoxdur, oğlum, xan adamı döyər də, söyər də, sevər də. – O xanın həyətinə girmək istəyəndə Məhəmməd keçib onun qabağında dayandı:

– Qoy o məni heç sevməsin. Getmə, ata! Mən onu görmək istəmirəm.

      Uşağın belə təkidindən sonra ata yenə ayaq saxladı. Öz-özünə dedi: “Çörəyim ondan gəlmir, çırağım ondan yan-mır: qoy cəhənnəm olsun, xan da, onun xanlığı da!” – deyib, oğlunun biləyindən tutub geri döndü.

      Həmin gün o, mollaların, seyidlərin və qəsəbədən ge-dəndən bəri adamı ölənlərin evinə (başsağlığı verməyə) get-məli idi. Lakin heç yerə getmədi. Axşam Məhəmmədin da-yısı onlara gələndə Zəhra xanım dəhlizdə əhvalatı ona da-nışdı. Dayısı bu işdən narazı qaldı:

– Əlbəttə, yaxşı iş görməyib, – dedi. – Mən onu razı edərəm ki, sabah getsin. Gətirdiyi sovqatı da aparsın. Yoxsa xan bizi dolaşdırar. Rəhmətlik dadaşım həmişə deyərdi ki, kimin səndən bir çuval samanı artıq oldu, onunla hesablaş-malısan.

      Məhəmmədin dayısı bu barədə Hacı Əbdülhəmidin özü ilə söhbət edəndə o, qəti dedi:

– Onları yavaş-yavaş adam olmağa alışdırmaq la-zımdır. Mən onun görüşünə getməsəm, o qanar ki, pis iş gö-rüb. Bir də belə iş eləməz.

– Amma əvəzində sənə də ağır oturar ha!..

– Ağır oturanda, yəni nə olar? Mülkədar deyiləm, mülkümdən qorxam, vur-tut bir həyətim var, satıb gedərəm Təbrizə.

– Sən nə danışırsan, Hacı dadaş? – Dayı çiyinlərini təəccüblə çəkdi.

      Hacı təmkinini pozmadı:

– Söz odur ki, dedim: mən xanın görüşünə getmə-yəcəyəm! Qoy nə bacarır eləsin. Dərziyə dedilər köç, iynəsini yaxasına sancıb yola düşdü. Mənim üçün Təbriz, Petrovsk, İstambul – hamısı birdir. İşləyən adam hər yerdə keçinəcək.

– Bəlkə sən mənim yerimə olaydın, onda neylərdin?! Köpək oğlu keçən il məni də döydürdü.

– Sən zəmi ilə bağın üçün əsirsən. Mən nə üçün əsə-cəyəm?

      Zəhra xanım da içəri girib sözə qarışdı. O da qarda-şının tərəfində idi. Ancaq Hacı Əbdülhəmid elə adam deyil-di ki, əgər Məhəmmədə verdiyi sözün ziddinə getsə, özünü oğlunun gözündə hörmətdən salar: “Oğul həmişə atadan ib-rət alar. Mən xanın yanına getməyəcəyəm!”

      …Günlər qısalır, təbiətdə bir hüzn və kədər duyu-lurdu. Yarpaqlar saralır, zanbaq kimi yaşıl dağlar bozarmağa başlayırdı.

      Bu axşam Məhəmmədgili dayısı şəbnişinliyə12 çağır-mışdı. Axşam azanından yarım saat keçmiş yola düşəndə, ata dedi:

– Məhəmməd, fanusu13 götür. Fatı xala, sən də qapını bağla, yat. Biz gələndə qapını döyərik.

      Onlar getdilər. Fatı nənə bir qədər ev işləri ilə məşğul olandan sonra yerini salıb uzandı. Gözünə yuxu getmədi. Çox uzaqlarda qalsa da, keçmiş xatirələr hər yerdə qapının üstünə hücum çəkirdi. Uşaqlığı, evlərində keçirdiyi şad gün-ləri, ata-anasının surətləri, öz gəncliyi, nişanlanması, toyu, ər evi, qayınata-qayınanası… sonra vəba xəstəliyinin yaratdığı qırğın, o qədər adamdan bircə özü ilə qayınanasının sağ qal-ması, evdən-eşikdən əl götürüb, çöllü-biyabana qaçmaları, nəhayət, qayınanasının yolda suya düşüb boğulması, Hacı Əbdülhəmidin atasının ona təsadüf etməsi… o vaxtdan tərki –dünya kimi hər şeyi unutmağa çalışması, bütün ömrünü bu ailədə keçirərək onlara bağlanması bir-bir gəlib gözlərinin qabağından keçdi.

      Bu minvalla axşamdan xeyli keçdi. Qarının gözlə-rindən, elə bil yuxunu qovmuşdular. Birdən dəhlizdən hə-nirti eşidildi. O, çırağı yandırmaq üçün hər zaman yastığının altına qoyduğu kibrit qutusunu götürüb çəkdi. Qarşısında durmuş üzübağlı iki kişini görüb çağırdı:

– Siz kimsiniz?

       Onun ağzını dəsmalla bağladılar. Adamlardan biri əlindəki bıçaqla onu hədələyib hərəkət etməməsini tapşırdı. Biri isə çırağı yandırıb, o biri otağa keçdi. Yarım saatadək on-dan xəbər çıxmadı. Qarının nəfəsi daralsa da, gözlərini o biri otağın qapısından çəkə bilmirdi. Yanında duran kişi yorğanı onun başına atdı. Haçandan-haçana kişi qayıdıb gəldi və yoldaşına dedi:

– Mən getdim, sən də bir azdan gəl.

      Fatı nənə onu otaqdan necə çıxdığını hiss etmədi. Xeyli gözlədi. Səs-səda yox idi. Oturduğu yerdə qurcalandı. Dinən-danışan olmadı. Birdən yorğanı başından atdı. Otaq-da heç kəs yox idi. Çıraq astanada işıldayırdı. Sandıqxana-dakı sandıqların üçünü də açmışdılar. İçindəkiləri töküb da-ğıtsalar da, Zəhra xanımın paltarlarından başqa heç nəyə, hətta qızıllarına da dəyməmişdilər.

      Məlum olurdu ki, onlar oğurluq məqsədilə gəlmə-mişdilər. Fatı nənə üçün bu iş dumanlı olsa da, Hacı üçün hər şey açıq-aydın idi. Gələnlər demək istəmişdilər ki, özün-dən güclülərlə hesablaşmayanın arvadının tumanını aparar-lar.


8


      Xanın mirzəsinin oğlu Məcidlə Məhəmməd həmişə dalaşardı. Səbəbkar da məktəbdar molla idi. Mirzənin oğlu Məhəmməddən iki il qabaq dərsə başlamışdı. Lakin Mə-həmməd gəlib onu da keçmişdi. Molla bunu hər gün Məci-din üzünə vurur, başına çırpırdı. Buna görə də onun Mə-həmmədi görməyə gözü yox idi. Məcid neçə kərə müxtəlif bəhanə tapıb, savaşmaq istəsə də, Məhəmməd ona baş qoş-mamışdı. Məhəmmədgilin evindən oğurluq haqqında gedən söhbəti Məcid də eşitmişdi. Onun fikrincə həmişə başına qa-xınc olan bu oğlandan intiqam almaq vaxtı gəlib çatmışdı. İndi o, anasının paltarlarının yad əllərdə olduğunu Məhəm-mədin başına qaxa bilərdi. Adəti üzrə, uşaqlardan əvvəl dər-sə gəlib, hamıdan axırda dərsdən çıxan Məhəmməd yenə də uşaqların getməsini gözlədi. Məktəbdən çıxanda Məcidin bir az aralıda durub onu gözlədiyini gördü. Məhəmməd onun fikrini başa düşdüyü üçün yolunu dəyişdi. Məcid də onun dalınca addımladı. Bir tin keçməmişdilər ki, özünü Məhəm-mədə çatdırdı:

– Necəsən? – deyə istehza ilə gülümsədi. – Adamın dədəsini yandırıb, anasının tumanını belə apararlar ha!

       Məcidin sözü ağzında qaldı. Məhəmməd heybəsini qaldırıb, hirslə nə vaxt Məcidin başına vurduğunu özü də bilmədi. Oğlanın başı gicəldi, kitabları qoltuğundan yerə sə-pələndi. Məhəmməd vəziyyəti belə görüb götürüldü. Təng-nəfəs evə çatanda atası qollarını çirməyib həyətdə dəstəmaz alırdı.

– Nə olubdur? – O, Məhəmmədi pörtmüş görüb təəccüblə soruşdu.

      Məhəmməd atasına cavab vermək əvəzinə divara söykənib başını qolları üstünə qoydu və hönkürtü ilə ağla-mağa başaldı.

      Dəstəmazını yarımçıq qoyan ata oğlunun yanına gə-lib:

– Nə olub, axund vurub? – deyə nəvazişlə oğlunun başını sığalladı.

– Xeyr.

– Savaşıbsan?

– Bəli.

– Kiminlə?

– Mirzə Qəhrəmanın oğlu ilə.

– O, səni döydü?

– Yox, mən onu döydüm. Amma… – O, içini çəkərək sözünün dalını deyə bilmədi.

– Əcəb oğlansan!.. Özün döyüb, özün də ağlayırsan?

– Axı o mənə başqa söz dedi.

– Nə dedi?

      Məhəmməd yenə sözünü axıradək deyə bilmədi.

       Səsə Zəhra xanım da otaqdan çıxıb Məhəmmədin ya-nına gəldi. Ata təkrar elədi:

– Axı nə dedi? – Bu dəfə təkidlə, qətiyyətlə soruşdu. – Danışsana!

– Mənə dedi ki, adamın atasını yandırıb, anasının tumanını belə apararlar!..

      Zəhra xanım başını aşağı dikib susdu. Hacının hir-sindən əlləri əsməyə başladı. Bu ağır sükutu yenə özü poz-du:

– Bu bəlkə də xeyirliyədir, – dedi. Sonra üzünü ar-vadına tutub sözünə davam etdi. – Bu saat gedib yır-yığışa başla, amma səssiz, heç kəs bilməsin! Bunlar o qədər alçaq-dırlar ki, qabağımıza adam göndərib, yolda soydura da bi-lərlər.

       Zəhra xanım gözünün yaşını axıda-axıda otağa qa-yıtdı.

       Hacı Əbdülhəmid özü dəstəmaz almadan həyətdən çıxdı: “Deməli, həm malımızı oğurlayacaqlar, həm də başı-mıza qaxınc edəcəklər. Bundan sonra kimə nə deyəsən? De-yəcək ki, sən kişi olsaydın, arvadının namusunu saxlardın. Beş arşın cilvarı bizə namus olubmuş, onu da ki, xan oğurlat-dı!” Hacı deyinə-deyinə bazara yetişdi…

      Nə Zəhra xanımın yalvarışları, nə onun qardaşının, nə də başqa qohumların nəsihətləri Hacı Əbdülhəmidə əsər eləmədi. Xamnəlilər, xan və xanın adamları Əbdülhəmid ailəsi Təbrizə yetişəndən sonra xəbər tutdular. Bu səfərdən Məhəmməd həm kədərlənir, həm də sevinirdi. Öz evlərin-dən, gəzdiyi, böyüdüyü qəsəbədən, tanış küçələrdən, bağ-lardan, qohumlardan, dostlardan, xüsusilə Qasımağa ilə Novruzdan ayrılmaq onu sıxsa da, Təbriz kimi gözəl, böyük bir şəhəri görmək, axund əmi kimilərə dərs verən üləmala-rın yanında oxuyacağını düşünəndə yerə-göyə sığmırdı.

      Onlar Xiyaban məhəlləsinə, atasının dostugilə düş-dülər. O da Məhəmmədin atası kimi hacı kişi idi. Yeganə oğ-lu Məhəmmədəli sarışın, arıq bir oğlandı. Yaşda Məhəm-məddən böyük olsa da, boyca Məhəmmədlə bir idi. Onların dostluğu elə birinci gündən tutdu. İkisi də məşhur məktəb-dar Ədibinin yanında oxumağa başladı.

       Bir həftədən sonra Məhəmmədin atası Xiyaban mə-həlləsində bir ev satın alıb oraya köçdü. Uşaqlar dərsdən azad olan kimi birlikdə bazara gələr, hər kəs öz atasının al-ver elədiyi hücrəyə gedər, vaxtlarını atalarının dəftərlərini yazmaqla keçirərdilər. Məhəmmədəlinin atası badam taciri idi. Hacı Əbdülhəmid isə Rusiya ilə ticarət edirdi. O, İran mallarını Mahaçqalada olan qardaşına göndərir, o da həmin malları satıb, müqabilində Təbrizə rus malı yollayırdı…

      Məhəmməd bir axşam sevinə-sevinə evlərinə qayıtdı.

– Ana, muştuluğumu ver, Hüseyn dadaşımdan ka-ğız gəlib.

– Nə yazıb, bala?

– Yazıb ki, mənim əvəzimdən ananın əllərini öpüb, Fatı nənəyə salam yetir.

– Hanı? Oxu görüm, – deyə, ana gözlərini Məhəm-mədə dikdi. Məhəmməd cibindən bükülü zərfi çıxarıb oxu-mağa başladı. Məktub qurtaran kimi ana dedi: – Bəs deyir-din ki, yazıb ananın əlini öp, Fatı nənəyə salam yetir, hanı?

– Bəs görmədin yazmışdı: “Dəsti-madəri-mehriba-nəmra mibusəm, be Fatı nənə salam bərəsanid.”

      Zəhra xanımdan əvvəl Fatı nənə dilləndi:

– Sən Hüseynə yaz ki, anan deyir kağız yazanda qoy öz dilimizdə – ana dilində yazsın, bizim başa düşdüyümüz dildə…

– Deyirlər bizim dildə kağız yazmaq olmur.

– Bıy, onu kim deyir? Niyə, kağız cırılıb paketdən qaçır? Mən Hüseynin öz əli yazılan sözləri eşitmək istəyi-rəm.

– Baş üstə, yazaram. Yəqin ki, dadaş da sənin buyu-ruğundan çıxmaz, – deyə Məhəmməd ananı arxayın elədi.

      Günlər ötür, hər ötən gün Məhəmmədin həyatında dərin iz buraxırdı. Məhəmməd ilə Məhəmmədəli bir mək-təbdə oxuyurdular. Məhəmməd təzə gələndə Məhəmmədəli Badamçı14 ondan çox qabaqda idi. Lakin bir il sonra eşitdik-lərini və gördüklərini yerli-yerində yadda saxlayan, nadir hafizəyə malik olan Məhəmməd ona çatmış, öz qabiliyyət və istedadını biruzə vermişdi. Uşaqlar on beş-on altı yaşlarına gəlib çatmışdılar. Onlar görüb eşitdikləri ilə kifayətlənmir, tədqiqata başlayır, axtarışlar aparırdılar. Bir gün Badamçı gəlib onu hücrədən çağırdı:

– Qəribə bir kitab ələ keçirmişəm, gedək oxuyaq.

– Nə kitabıdır?

– Kitab deyil, əlyazmasıdır. Bizim qohumlardan biri Tehranda üzünü çıxartdırıb gətirib. Bu axşam dadaşımgil şəbnişinlikdə oxuyurdular. Çox qəribə kitabdır:

– O, nə kitabıdır, kimindir?

– Mirzə Fətəli Axundzadənin təmsilləridir.

– Mən onun əsərləri barədə eşitmişəm, – deyə Mə-həmməd fikrə getdi. – Bizim mirzə deyir ki, bu əsərlər nə-dənsə müctəhid ağanın xoşuna gəlməyib. Gərək özümüz oxuyaq.

…Mirzə Fətəlinin əsərləri Məhəmmədin çox xoşuna gəldi. Neçə gün əvvəl anasına: “Deyirlər, Azərbaycan dilin-də kağız yazmaq olmur” deməsinə peşman oldu. “Belə gözəl dildə hər şey yazmaq olar!.. Belə yazıçının yəqin ki, başqa əsərləri də var. Kaş, adamın Tiflisə yolu düşə, onun başqa əsərləri ilə də tanış ola”.

– Görürsən, sənin iradət yetirdiyin mollalarda da az yoxdur…

      Onlar dindarlıq məsələsində bir-birilərindən çox fərqlənirdilər. Məhəmməd mömin, əmin, namazını keçirmə-yən, orucunu vaxtında tutan, bir sözlə, əsil müsəlman idi. Badamçı isə onun kimi deyildi: doğrudur, dini, imanı dan-mır; onun ziddinə getmirdisə də, namaza, oruca bir o qədər inanan deyildi. O, hətta bir kərə atasının (hərdənbir) içdiyi şərabdan da yarım stəkan içmişdi.

      …Bir gün Məhəmməd sevinə-sevinə Badamçının yanına gələrək dedi:

– Ağam (atam) məni İstambula göndərir.

– İstambula? Doğrudan? Bəh, bəh, kef çəkəcəksən ha! Ancaq səndən bir xahişim olacaq. Tiflisdən keçəndə o təmsil-ləri yazan adamın qalan əsərlərini də əldə edib bura gətirər-sən.

– Təəssüf olsun ki, Tiflis yolu ilə getməyəcəyik. İn-şallah qayıdanda o yoldan qayıdarıq. Biz gedəndə malları müşayiət edəcəyik.

– Nə mal aparırsınız?

– Xalı-xalça, xına, saqqız. Bizim Hacıağa istəyirdi bir az da Təbriz qanovuzu göndərsin. Dedilər ora Avropadan, Amerikadan o qədər ipək töküblər ki, qanovuzun üzünə ba-xan yoxdur.

– Malları nə ilə aparacaqsınız?

– Dəvə ilə.

– Doğrudan?

– Bəs yalandan?

– Deməli, buradan İstambula kimi dəvəyə minə-cəksən? Bu ki, lap əzabdır.

      Məhəmməd güldü:

– Dəvəyə niyə, adama bir yaxşı at alacağıq!

– Dadaşım deyir, İstambul burda nə gəzir! Ora atla getməkmi olar?

– İstambulun özünə kimi atla getməyəcəyik ki… Cə-mi səkkiz-doqquz gün yolumuz var. Ərzurumda at bahadır. Orada atları satıb, Trabzona kimi arabayla, ordan oyana da gəmiylə gedəcəyik. Deyirlər elə gəmi var ki, adamı üç günə İstambula yetirir.

– Kaş, bu səfərdə mən də səninlə yol yoldaşı olay-dım!

– Nə yaxşı olardı! Deyirlər İstambulda böyük bir ki-tabxana var. Nə oradakı kitabları oxuyardıq!..

– Heyf!

– Heç bilmirəm bu xəbəri anama necə verəcəyəm.

– Niyə, bu pis xəbər deyil…

– Doğrudur, ancaq sən bilirsən ki, mənim anam bu-rada qəribdir, heç kəslə get-gəli yoxdur; iki aydan çoxdur ki, xəstə yatır. Mənim belə uzaq səfərə çıxmağım ona pis təsir bağışlaya bilər. Allah eləməmiş, onun başına bir bəla gəlsə, təqsirkar mən olaram. Atam çox pis vaxtda məni İstambula göndərir.

– İndi ki, belədir, getmə.

– Getməsəm də olmaz… Bu zəhirmar malları burada kim alar?

       O, başını aşağı salıb fikrə getdi. Anası ilə görüşüb ayrılacağı ağır dəqiqələr yadına düşdü, gözləri yol çəkdi…


9


       Günəş hələ qızıl cıqqasını yer kürəsinin başına qoy-mamışdı ki, Məhəmmədlə Hacı Əbdülhəmid Təbrizin İs-tambul qapısından eşikdə dayanıb kimi isə gözləyirdi. Hacı Rəşt tütünündən eşdiyi cığarasını uzun Şiraz müştüyünə ta-xaraq sümürürdü. Məhəmməd sağ əli ilə boz atın cilovun-dan yapışıb, atasının verdiyi nəsihətlərə qulaq asır, sol əli ilə çiynindən asdığı həmayil-Quranın meşindən tikilmiş qabını sığallayırdı. O, daha anasından xatircəm idi. Atası onun öz yanında demişdi ki, mən Məhəmmədi bu cığırla yola sala-ram, inşallah sən yaxşı olan kimi, biz də Rusiyyətə – Tey-murxanşuraya gedərik. Bu xəbər uzun müddət oğlu Hüseyni görməyi arzu edən ananı sevindirmişdi…

      O qədər çəkmədi ki, Məhəmmədin səfər yoldaşları da gəlib çıxdılar. Onlar da Məhəmməd kimi çiyinlərindən hə-mayil-Quran asmışdılar. Birisi şalvarının balağını corabına keçirmişdi. İkisi şalvarını dizə kimi çirmələmişdi. Cilovu sağ əli ilə tutub, özlərini yəhərin üstünə yıxmalarından görü-nürdü ki, minici deyildilər. Onlar da atların tərkinə içi xalça ilə dolu xurcun bağlamışdılar. Səfərə çıxanların hamısından kiçiyi – on yeddi yaşlı Məhəmməd idi. O, bığ yeri təzəcə tər-ləmiş, arıq, ucaboy bir gənc olmuşdu. Gözünə taxdığı eynək uzunsov sifətini bir az dəyirmi göstərirdi. O vaxt İran tücca-rına məxsus qara mahuddan papaq qoymuş, uzun ətəkli ən-təri geyinmişdi.

      Səfər də, Əli ağa da onun kimi cavan idi. Qalan yol-daşlarının yaşı qırxdan keçmişdi.

      Dəvəçilər gecəyarı yola düşüb getmişdilər. Bu gün birinci mənzil Sufiyan kəndi idi. Otuz kilometrlik yolu mü-safirlər altı saata qət etmişdilər. Yaman xamlamışdılar: atdan düşəndə ayaqlarını güclə ata bilirdilər.

      Dəvəçilər kəndin kənarında düşüb, yükləri üç yerdə barxana vurmuşdular. Sarbanın atını cidarlayıb, başına bir torba keçirmişdilər. Dəvəçilərdən biri onu tumarlayırdı. Kar-vanbaşı özü barxanaların birinin kölgəsində yatmışdı.

      Müsafirlər yol üstündəki karvansaraya düşdülər. Pa-yız fəsli olsa da, havalar hələ isti idi. Atlarını karvansara hə-yətindəki axurlara bağlayıb, yemlədikdən sonra hər kəs öz xurcununu götürüb, dalanın üstündəki balaxanaya çıxdı. Məhəmmədin ayaqları xamladığı üçün kələ-kötür, palçıq pil-lələrdən çox çətinliklə çıxa bildi. Həyatında birinci gecə idi ki, Məhəmməd ata-anasından kənarda yaşayır, bu ona çox ağır gəlirdi.

      Günəşin batmasına az qalırdı. Müsafirlər hər şeydən əvvəl dəstəmaz almağa tələsirdilər. Onlar səki kimi yerə dö-şənmiş həsirlərin üstündə düzülüb namaza başladılar. Mə-həmmədin namazı çox uzun çəkdi. O birilər günortadan sonra (əsr) namazını qurtaranda, Məhəmməd bu namaza təzə başlayırdı ki, Əli dedi:

– Səfərdə olanda namazı qısa qılarlar ha!..

      Namazdan sonra onlar həyətə düşdülər. Hərə öz atı-nı qaşovlayıb tumarladı, sonra suvarmağa apardı.

      Müsafirlər karvansara sahibinin evində bişib gələn şorbanı yeməyə oturdular.

      Süfrə təzəcə yığılmışdı ki, müsafirlərdən ən yaşlısı – Mir Hadı ağa üzünü Məhəmmədlə Əliyə tutaraq:

– Hər şeyin kiçiyi olsan da, yoldaşın kiçiyi olma-yasan, – dedi. –Gedin atların qabağını bir daha möhkəm dol-durun, gəlin. O vaxta kimi dalandar da yerləri salar. Tez yat-maq lazımdır. İnşallah, obaşdan dəvə buradan ötüb keçən-dən sonra yola çıxmaq lazımdır.

      Uşaqlar atları yemləyib qayıdanda Məhəmmədin ayağı büdrədi, üç-dörd pilləkən aşağı yıxıldı. Əli onu tez yerdən qaldırdı:

– Bir yerin əzilmədi ki?

– Yox, narahat olma, düşdüyüm yer karvansara sa-hibinin bizə verəcəyi döşəkçə qədər yumşaqdı, – deyə Mə-həmməd gülə-gülə cavab verdi.

      Əli başını buladı:

– Dilənçilik belə alverdən yaxşıdır!

– Nə etmək olar? Allah hərənin ruzisini bir yerdən yetirir, naşükür olmayaq…


10


      Onlar Xoy şəhərindən çıxandan sonra Seydava kən-dinə kimi, demək olar, məhrə divarlarla əhatə olunan, şə-hərdən daha çox kəndə oxşayan, əyri-üyrü küçələrlə keçib getdilər. Qapıların qabağına peyin tökərək basmalıq salmış-dılar. Bəzi açıq qapılardan onlara itlər hücum edirdi. Küçədə oynayan uşaqlar arx kənarında gizlənib, onlara çınqıl atırdı-lar.

      Məhəmmədgil Seydavadan çıxandan bir saat sonra Qurdik dərəsinə endilər. Otuz kilometr uzunluqda olan bu dərənin lap ortasındakı çayxana heç vaxt adamsız olmazdı. Müsafirlər atlarını tövlədə bağlayaraq, qabağını doldurduq-dan sonra əl-üzlərini yumaq üçün çayxanadan çox da uzaq-da olmayan Qoşabulağa getdilər.

      Təbiətin qəribə-qəribə işləri var. Bir-birindən çox da aralı olmayan, büllurtək parlayan bu suların biri adi, digəri tumturş idi. Adi bulaqda əllərini yuyanda Məhəmməd Əliyə dedi:

– Xoyda karvansaraçı danışırdı ki, o turş sudan çox için, başdan-ayağa dava-dərmandır.

– Onu mən də eşitmişəm, – Mir Hadı ağa hamıdan qabaq dilləndi.

       Hamı qırmızı çınqıllıqdan çıxaraq dərənin təkinə tə-rəf axan bulağın başına gəldi. Mir Hadı ilə o biri yoldaşları qoşa ovuclarını doldurub içəndən sonra Məhəmməd dedi:

– Mir Hadı əmi, özgə vaxt deyərsiz ki, su kiçiyindir, süfrə böyüyün… amma burada hamıdan qabaq özünüz su içirsiniz.

      Əli gülümsəyib dedi:

– O, süfrə başındakı suyu deyib.

       Müsafirlərin hamısı güldü. Əli ilə Məhəmməd üzü üstə uzanıb, doyunca su içdilər. Onlar çayxanaya dönəndə Mir Hadı ağa dedi:

– Hələ bu nədir ki, içərisindən keçib-gedəcəyimiz Qaraeyni mahalında Tığnıt deyilən bir kənd var. Orada da bir-birindən iki-üç addım aralı iki cür su çıxır; birinə qay-narlıqdan, digərinə soyuqluqdan əl vurmaq olmur. Bir ho-vuz qayırıblar ki, hər iki sudan oraya axır. Camaat orada çi-mir. Deyirlər o sular bütün dərdlərin şəfasıdır.

      Onlar gəlib çayxananın səkisində oturdular. – Çayçı çay gətirəndə Mir Hadı ağa ondan soruşdu:

– Səkmənabad mahalına çoxmu qalıb?

– Bir saat gedəndən sonra dərə qurtarır. Dərədən çıxan kimi Səkmənabad mahalı bir şəkil kimi qarşınızda açı-lacaq, – deyə çayçı sağ əli ilə böyük bir dairə cızıb izahat ver-di.

– Bu gün Qara-eyniyə çata bilərikmi?

– Güman etmirəm. Bu səhər keçən dəvələr sizinki idimi?


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации