Текст книги "Bakı rüzgarı"
Автор книги: Saryal İsmayıl
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]
– Raya, gəl bax, gör kim gəlib!
Qaça-qaça gələn Raya Oğuzu görəndə donub qaldı. Uzun kirpiklərini qara gözlərinin üzərinə endirdi. Utancaq görkəmi vardı. Sevincini gizlətmirdi. İkiəlli Oğuzun əllərindən yapışdı:
– Fal açdırmışam, gələcəyini bilirdim. Bizimkilər evdə yoxdular, içəri gir. Bax, sənə nə göstərəcəyəm, – deyib, Oğuzu öz otağına dartdı, divardan asılmış mənzərə tablosunu göstərib dedi:
– Şəkli qaldır, gör altında nə var.
Oğuz tablonu qaldırdı. Özünün ətrafı qurudulmuş xırda çiçəklərlə bəzədilmiş şəklini gördü. Nina ağzı açıq halda Oğuza baxır, mənzərənin Oğuza necə təsir elədiyini görmək istəyirdi. Oğuz artıq dözə bilmədi, Ninanın gözləri qarşısında Rayanı qucaqlayıb öpdü.
O, Rayagildə çox qala bilməzdi, hər an qızın ata-anası gələ bilirdi. Ünvanını qoyub çıxdı. Köhnə dostluq münasibətləri yenidən bərpa olunmuşdu.
* * *
Ukrayna, o cümlədən də Kiyev qısa müddətdə bolşeviklərin idarəsi altına keçmiş, Politexnikumda isə dərslər az-çox qaydasına düşmüşdü. Bununla belə, bəzi professorlar edam olunmuş, bəziləri həbs edilmiş, qalanların çoxu da tez-tez sorğu-suala çəkilirdilər. Oğuz dərslərinə belə bir şəraitdə başladı.
Bir bazar günü universitetin tibb fakültəsini bitirmiş Əhməd Xudaverdizadəni təbrik eləməyə getdi. Əhməd eyni universitetin hüquq fakültəsində oxuyan qohumu Gülsərən xanımla birgə yaşayır, evli olduqlarını deyirdi; amma həqiqəti bilən yox idi.
Qapını həkimin özü açdı, amma qarşısında Oğuzu görəndə elə bil özünü itirib kəkələdi:
– Xoş gəldiniz, Oğuz bəy, – dedi – ancaq sizə qabaqcadan bir şey deməyə məcburam. İçəridə yaxşı tanıdığınız bir yoldaşla qarşlaşacaqsınız. Onun bizdə yaşadığı gizli qalacaq.
– Mən yalnız sizi təbrik eləməyə gəlmişəm. Onda içəri girmərəm. Başqa vaxt gələrəm.
–Elə şey olmaz. Buyurun içəri.
İçəri girdilər. Tələbə təşkilatının ən fəal üzvü olan Xəlil Müslümov otaqda ayaq üstdə dayanmışdı. Oğuzu gülər üzlə qarşıladı. Qapının ağzında danışılanları eşitmişdi. Özü də bunları əlavə eləməyi məsləhət bildi:
– Neyləyəsən, siyasi həyat belədi. Mustafa Quliyevin məni ələ verməsindən qorxur, bolşeviklərin Kiyevdə uzun müddət qalacaqlarına inanıram.
– Nahaq narahat olursunuz. Mustafa belə satqınlıq eləməz; amma yenə də ehtiyatlı olmalısınız, adamları tanımaq çətindi.
Gülsərən xanım evdə yox idi. Çayları süfrəyə Əhməd bəyin özü gətirdi və söhbətə qoşuldu:
– Yaxşı olar, Oğuz bəy bizə Azərbaycanda gördüklərini danışsın, – dedi, – Qəzetlərdə oxuduğumuza görə türklər Azərbaycana girib, Bakını bolşeviklərdən təmizləyib bizimkilərə təhvil veriblər. Onlar da hökumət qurmağa hazırlaşırlar.
– Mən orda olanda Milli Hökumət qurulmuşdu, amma Bakı hələ alınmamışdı. Mən sizə Gəncənin türklər gəlməmişdən əvvəlki vəziyyətindən danışım.
Oğuz Borsunlu stansiyasından başlayıb başına gələn təhlükəli səfərini danışdı. Sonra onlara Milli Komitənin Gəncədəki fəaliyyəti barədə ətraflı məlumat verdi. Elə həmin məqamda Gülsərən xanım şəhərdən qayıtdı. Xəlil və Əhməd danışılan hadisənin təsirindən hələ qurtara bilməmişdilər. Onları fikirli görən Gülsərən xanım soruşdu:
– Nə oldu? Mən gələn kimi hamınız susdunuz…
Əhməd bəy arvadının kürəyini sığalladı:
– Oğuz bəy maraqlı şeylər danışdı. Onu artıq yormayaq. Mən sənə sonra danışaram.
* * *
Kiyevdə həyat günü-gündən çətinləşmiş, xüsusilə ərzaq qıtlığı başlamışdı. Pendir, kolbasa kimi şeylər dəm-dəsgah hesab olunurdu. Hətta kifayət qədər çörək tapmaq da çətin idi. Altdan almaq mümkün olsa da, buna pul lazım idi. Geyim və ev əşyası tapmaq da az qala mümkün deyildi. Dövriyyədə pul qıtlığı başlamış, Kerenski dövründən qalmış beş-altı santimetrlik kvadrat kağız qırx rublluq qiymətini itirmiş, əskiyə çevrilmişdi. Amma həmin pullar yenə də istifadə olunurdu.
Oğuz özüylə gətirdiyi pulun tezliklə tükənəcəyini başa düşdü. Özünə iş axtarmalıydı.
Əvvəlcə ukraynalı ər-arvadın orta məktəb şagirdi olan Olqa adlı yeganə qızlarının dərslərinə kömək eləməyi öhdəsinə götürdü. Bunun əvəzində Oğuza idarə elədikləri böyük bir müəssisəyə məxsus olan yeməkxanadan pulsuz günorta yeməkləri verəcəkdilər. Bu o qədər də pis deyildi, amma yeməklər Olqanın məktəbdə aldığı qiymətlərə görə pisləşir və ya yaxşılaşırdı.
Oğuzun tapdığı ikinci iş buz meydançasını idarə eləmək idi. Meydançaya vaxtında su tökülməsinə, biletsatanın, nəzarətçinin və xidmətçilərin vaxtında iş başında olmalarına nəzarət edəcəkdi. Axşam saat doqquzdan on birəcən davam eləyən iş o qədər də yorucu olmadığına görə dərslərə hazırlaşmağa mane olmurdu. İşi əyləncəliydi. O da buz üzərində sürüşür, əylənənlər arasında dostlar qazanmağa imkan tapırdı.
Həmin dövrdə Roza adlı gözəl yəhudi qızıyla tanış oldu. Qız bolşeviklər partiyasının üzvü imiş. Partiyadakı vəzifəsi barədə nə özü bir söz dedi, nə Oğuz soruşdu. Hər şeyin qıt olduğu vaxtda Roza zəngin yaşayırdı. Onun geyimi gözqamaşdırıcı, cibindəki şokoladlar ağlı başdan alan idi. Hər bazar günü Oğuza qucaq dolusu cürbəcür pendir və kolbasa gətirməyi vərdişə çevirdi. Axır vaxtlar Oğuz Rayayla az görüşür, Raya da bundan incimirdi. Bir neçə həftəydi ki, dostu Abdullaya da baş çəkməmişdi. Dostunun durumu ayrı cür idi. O, kağız pulları xərcləyib qurtarmış, amma qızılları qalırdı. Qızılın qiyməti isə get-gedə artırdı. Abdulla da az-az onları pula çevirir, qayğısız yaşayırdı. Oğuzun durumu isə tam sabit deyildi. Tapdığı işlərin ikisi də müvəqqətiydi. Düşdüyü vəziyyət onu düşündürməyə başlamışdı. Bir təsadüf problemin həllinə səbəb oldu.
Ali təhsilini bitirən üç azəri gənci müəyyən səbəblər üzündən bir müddət Kiyevdə qalmaq istəmişdi. Onların tanıdığı bir ukraynalı böyük küçədə yerləşən şəxsi kafesini bolşevik hakimiyyətinə verməmək məqsədilə müvəqqəti olaraq həmin cavanlara etibar eləmişdi. Onlar da Oğuza iş vermiş və rəsmi şəkildə icazə alaraq kafeni tələbə kooperativi adı altında işlətməyə başlamışdılar. İcazə sənədi ilə hər cür qida məhsulu təminatı asanlaşmışdı. Dostlar kafeni növbəylə idarə eləyirdilər. Baş aşbaza, ofisiantlara, hətta kassada oturan qıza belə xüsusi paltar geyindirilmişdi. Oğuz yaxşı gəlirli bir işə ortaq olmuşdu.
İşlər yoluna düşdüyü bir vaxtda bolşeviklər milliyyətə və vətəndaşlığa fikir vermədən bütün gəncləri əsgərliyə çağırdılar. Evlərdə axtarışlar aparılır, çağırışa tabe olmayanlara ağır cəzalar verilirdi.
Oğuz kafedə yatmaq üçün özünə yer hazırlayıb gecələri orada keçirməyə başladı. Necə də olsa, yeni yatağı rahat idi. Bir gecə evdə yatmaq qərarına gəldi. Elə həmin axşam binanın alt mərtəbələrində axtarış aparıldığını xidmətçi qızdan öyrəndi. Dərhal qaçmaq niyyətilə pilləkənlərlə enib küçəyə çıxdı. Qapının ağzında gözləyən bir neçə silahlı əsgər onu geri qaytardı. Bu dəfə evin arxa tərəfindəki yanğın nərdivanıyla düşmək istədi, amma orada da əsgərlərin gözlədiyini gördü. Evin mühasirəyə alındığı məlum oldu. Otaqda oturub gözləməkdən başqa çarəsi qalmamışdı.
Bir zabit və üç silahlı əsgər evin idarəçiləriylə birgə Oğuzun qaldığı mənzilə girib otaqları bir-bir gəzdilər. Sonda Oğuzun otağına girdilər. Oğuz onlara tələbə olduğunu deyib kartını göstərdi. Zabit kartı əlinin arxasıyla itələdi, stul çəkib oturdu, sonra dedi:
– Yəqin bütün tələbələrin istisnasız olaraq orduya çağırıldığı barədə qəzetlərdə oxumuşunuz. Niyə hərbi komissarlığa müraciət eləmirsiniz? İndi siz hərbi fərarisiniz.
Oğuz ona heç qulaq asmırdı, onun dediklərini bilir, vəziyyətdən çıxmaq üçün yol axtarırdı. Gözünə Gəncədən gətirdiyi, yeyib qurtara bilmədiyi, ağzı açıq rahat-hülqum qutusu sataşdı. Dərhal qutunu götürüb zabiti və əsgərləri qonaq elədi. Zabit rahathülqumu çox bəyənib soruşdu:
– Birini də götürə bilərəmmi?
Yediyindən razı qalan zabit sonra evin idarəçisinə tərəf dönüb:
– Bu cavan oğlanı indi aparmıram, – dedi – siz onu sabah hərbi komissarlığa göndərin.
Onlar gedəndən sonra idarəçi gülə-gülə dedi:
– Halınıza şərikəm, yaxşı qurtardınız. Mən evi idarə eləyirəm, evdə yaşayanları yox. Sizə hərbi komissarlığa getməyi əmr eləyə bilmərəm. Bir neçə gün evdən uzaq olsanız, bu hadisə unudulub gedər.
VIII
Bolşeviklər hakimiyyətə gələndə böyük Rusiyanın sərhədləri daxilində yaşayan bütün millətlərə azadlıq veriləcəyini vəd eləmişdilər. Rusiyanın parçalanmasını istəməyən köhnə rejim generallarının bəziləri ortaya atılan bu fikri qəbul eləməyib bolşevik hakimiyyətinə qarşı ayağa qalxdılar. Onlardan ən təsirlisi general Denikin oldu. O, Rostov şəhərini özünə mərkəz seçib, qısa müddətdə güclü ordu yarada bildi. Arzusunu bayrağına bir cümləylə belə yazdı: “Yedinaya i nedelimaya Rossiya”, yəni “Vahid və bölünməz Rusiya”.
Bu hərəkatdan başqa bolşeviklərə qarşı Petlyura soyadlı ikinci bir hərbçi də mübarizəyə başlamışdı. Onun məqsədi Ukraynanı Rusiyadan ayırmaq və müstəqil etmək idi.
Çox keçmədi ki, şiddətli döyüşlər başladı. Qısa müddətdə Denikin şərqdən, Petlyura güneydən Kiyevə yaxınlaşdılar. Kiyev ağır günlərini yaşayır, müharibə vəziyyəti haqqında kifayət qədər məlumata malik olmayan xalq isə pusquda gözləyən kimi səssiz-səmirsiz gün keçirirdi. Şəhər sakit idi, heç bir qeyri-adi hadisəyə rast gəlmək ehtimalı yox idi. Oğuzun ortaq olduğu kafedə vəziyyət yaxşı idi. Yalnız bir qadın ofisiant partiya üzvü olan ərinin tələbi ilə kafedəki işindən çıxıb Moskvaya yola düşdü.
İlk top səsləri müharibənin Kiyevə çatdığı xəbərini xalqa yetirdi. Əvvəlcə uzaqdan eşidilən həmin səslər getdikcə yaxınlaşırdı. Kiyevin təslim olmasının yaxınlaşdığını dərk eləyən əhali evdən bayıra çıxmamağa başladı. Artıq camaat da durumlarından narazılıq edir, nə düşündüklərini gizlətmirdilər. Denikin və Petlyuranın öz aralarında dil tapdıqlarına qəti inananlar vardı. Ayrı-ayrı məqsədlərlə vahid düşmənə qarşı vuruşmağı düzgün sayanlar, düzgün saymayanlar, bolluq olacağını gözləyənlər, “kafir bolşeviklər getsin, sonra nə olar, olar”, deyənlər də vardı. Oğuz otağına çəkilib hadisələrin necə başa çatacağını gözləyirdi. Qəfildən bir top mərmisi qaldığı evin səkisinə düşüb iri çala yaratdı. Hava dalğasından ətrafdakı evlərin pəncərə şüşələri sındı. Oğuz hadisə yerinə qaçdı. Orada artıq xeyli adam yığışmışdı.
Üst mərtəbələrin birində sınmış pəncərə şüşələrini təmizləyən bir qadın aşağıda, çalanın ərtafında yağışanları görüb dilləndi:
– Allah eləməsin, ikinci mərminin düşməsindən qorxmursunuz?
Yaşlı bir kişi başını qaldırıb qadına cavab verdi:
– Yox, xanım, heç nə olmaz. Aydındır ki, əsgərlikdə olmamısınız.
Başqa bir yaşlı kişi onun sözlərinə əlavə elədi:
– Xanım, hər atışdan sonra lülənin yönü dəyişdirilir.
Qonşu evlərin şüşəsi sınmış pəncərələrindən də küçəyə baxanlar, bir-birləri ilə söhbət eləyənlər, zarafatlaşanlar vardı. Mərmi hadisəsi bir anda küçəni canlandırmışdı. Pəncərə şüşələrinin sınması adi bir hadisə kimi qarşılanmışdı, heç kəs buna görə kədərlənmirdi.
Oğuz hələ çalanın yanında, izdihamın içində olanda bir nəfər:
– Deyəsən, bolşeviklər qaçacaqlar, – məzəli olsun deyə, əlavə elədi, – Dostlarımız bizi yetim qoyacaqlar, buna çox kədərlənirəm.
Bunun zarafat olduğunu sezməyən gonbul bir qadın hirsləndi:
– Bəlkə sən də dostlarını tək qoymayasan? Rədd ol, onların yanına get!
– Allah eləməsin. Onların üzünü şeytanlar görsün. Xanım, zarafat eləmək istədim.
Qadın onu nahaq yerə danladığını başa düşdü, peşman oldu, söz altda qalmamaq üçün dilləndi:
– Bu zarafatı dünən eləyə bilməzdiniz. Bolşeviklərin gedəcəyinə inandığınıza görə sərbəst danışırsınız, – dedi.
Söhbət orada olanların bolşeviklərin gedəcəklərinə qəti inandıqlarını göstərirdi. Neçə aylardır ki, küçəyə çıxa bilməyən qadınlar və kişilər qorxudan qurtulmağın yaxınlaşdığını duyub danışmağa başlamışdılar. Söhbət mənasız sözlərdən o tərəfə getmirdi.
Yaxınlıqdakı Funduklevski prospektindən səs-küy eşidilməyə başladı. Çalanın ətrafındakıların hamısı ora cumdu. Oğuz da geri qalmadı, qarşılaşdığı mənzərəni də ömrü boyu unuda bilməyəcəkdi.
Bolşevik ordusu qaçırdı. İnsan seli prospekti doldurmuşdu, yoxuş aşağı əsas prospektə – Kreşşatikə doğru axırdı. Nizamsız halda gedən bu kütləni, bəlkə də, əsgər adlandırmaq düzgün olmazdı. Hər rəngdə və geyimdə olan insan qələbəliyi idi. Pəjmürdə geyimli, üzləri tüklü-tüksüz, papaqlı-papaqsız, kədərli və yorğun insan kütləsi çay kimi axırdı. Heç ətrafa da baxmırdılar. Bəziləri qol-qola girib söhbət eləyir, bəziləri də nəğmə oxuyurdu. Sanki fasiləsiz eşidilən top və silah səsləri onları maraqlandırmırdı.
Dəstədəki dolu və boş arabalar da izdihamla birgə irəliləyirdi.
Oğuzun yanındakı tamaşaçıların sayı artmışdı. Aralarında orta məktəb şagirdləri də vardı. Şagirdlərdən biri yanındakı adamdan soruşdu:
– Əmi, bunlar hara gedirlər? Qatarlamı gedəcəklər?
– Yox, bala. Vağzala burdan getmək olmaz, bunu gərək sən də biləsən. Dnepr çayındakı bərələrə minəcəklər. Yəqin ki, lazımi hazırlıq görülüb.
Bolşeviklər Kiyevi boşaltmışdılar, şəhər yiyəsiz qalmış, toplar və silahlar susmuşdu. Bir qədər tərəddüd eləyəndən sonra əhali küçələrə töküldü. Fövqəladə hadisələrin baş verəcəyini hamı duyurdu.
Yəqin ki, ən yaxşı tamaşa yeri bələdiyyə binasının qarşısıydı. Oğuz da ora getmək üçün yola çıxdı. Qısa müddətdə küçələrdə izdiham yaranmışdı. Hər tərəfdə bayram havası vardı. Geyinib-keçinmiş adamlar gecikməmək üçün bələdiyyə binasına doğru qaçırdılar. Xüsusilə yaxşı geyinmiş qadınlar diqqəti cəlb eləyirdi. Onları “iyrənc burjua” adlandıranlar yoxa çıxmışdılar. Üstəlik, havanın açıq və günəşli olması camaatın nəşəsini artırırdı.
Bələdiyyə binasının qarşısı məhşər yerinə çevrilmişdi, insan izdihamını yarıb keçmək mümkün deyildi. İzdihamın səs-küyü uzaqlarda eşidilirdi. Oğuz bir erməni məktəb yoldaşına rast gəldi, onunla birgə itələşə-itələşə izdihamın içində dolaşmağa başladı.
Yan küçələrdən birindən biri qabaqda, ikisi arxada iki Denikin ordusunun kazakları Bələdiyyə meydanına yaxınlaşırdı. Asta-asta və ətrafa baxa-baxa gələn süvarilər elə bil camaatın səs-küyündən şübhəyə düşmüşdülər.
Camaat “Gəlirlər! Gəlirlər!”, qışqıra-qışqıra onların qabağına qaçdı. Kazaklar izdihamın sevinc içində onlara doğru qaçmasının mənasını başa düşdülər. Arxadakı kazaklar vəziyyəti öz düşərgələrinə çatdırmaq məqsədilə atlarını dördnala geri çapdılar. Dar küçədə qalan və əlində üçrəngli çar bayrağını tutan kəşfiyyatçı kazak qımıldana bilmədən yerində qaldı. İzdiham dərhal onu dövrəyə aldı. Kazak özünü itirmişdi, atını da idarə eləyə bilmirdi. Süvarini dartıb Bələdiyyə meydanınacan gətirdilər. Onun çəkməsini öpənlərin, atını tumarlayanların, sevinc yaşı axıdanların sayı-hesabı yox idi. “Yaşasın çarımız, yaşasın onu xilas eləmək istəyənlər!” bağırtıları göyə ucalırdı. Kazakın üzündən öpmək istəyənlər az qala onu atdan yıxacaqdılar. At sakit idi elə bil bu cür hadisələrə öyrəşmişdi.
Bir neçə cavan əllərilə izdihamı yara-yara kiçik bir yer açıb, “Kazaçka” rəqsinə başladılar. Ətrafdakılar əl çala-çala, züy tuta-tuta onları daha da ruhlandırırdılar. Rəqs eləyənlərin və mahnı oxuyanların sayı getdikcə artırdı, axırda az qala bütün izdiham oynayıb-oxuyurdu.
Bu sevinc dolu əyləncə davam elədiyi məqamda Denikin və Petlyura əsgərləri yan küçələri doldurmuş, Bələdiyyə meydanına gəlib çatmışdılar.
Əllərində çar bayrağı olan üç zabit binanın damında göründü. Zabitləri görən camaat rəqsə ara verib onları şiddətlə alqışladı. Bayraq binanın ön tərəfindən asıldı, zabitlər hərbi salam verib camaatı salamladılar. Camaatın sevincinin həddi-hüdudu yox idi, alqışların ardı-arası kəsilmirdi. Az sonra zabitlər damdan endilər.
Növbə Petlyuranın bayrağının asılmasına çatdı. Kiyevin alınmasında hər iki ordunun payı vardı. Az sonra milli geyimli iki ukraynalı zabit damda göründü. Camaat onları da gurultulu alqışlarla qarşıladı. Onlar çar bayrağını çıxarıb bir tərəfə atdılar və onun yerindən öz milli bayraqlarını asdılar. Sonra dik durub, camaatı salamladılar.
Camaat çaşmışdı, bunu heç gözləmirdi, neyləyəcəyini bilmirdi. Məlum olmuşdu ki, Denikinlə Petlyura arasında razılaşma yoxdur.
Ukraynalı zabitlər hələ damdan enməmişdilər ki, iki Denikin zabiti onlara yaxınlaşdı. Zabitlər arasında sərt çəkişmə başladı. Çəkişmə uzun sürmədi. Denikin zabitləri tapançalarını çıxarıb atəş açdılar, ukraynalı zabitlər dama sərildilər. Elə həmin məqamda yan küçələrdə də güllə səsləri eşidilməyə başladı.
Camaatın arasına qarışıqlıq düşdü. Hamı qaçır, güllə səsləri eşidilir, hətta atışma şiddətlənirdi. Oğuz da Arakel adlı erməni cavanla camaata qoşulub qaçdı. Güllələrdən biri Arakelin qoluna dəydi, yarasından qan axmağa başladı. Yaranı sarımağa nə vaxt, nə bir vasitə vardı. Arakel ağlaya-ağlaya qaçırdı. Həyəcana düşmüş Oğuz ona kömək eləmək iqtidarında deyildi. Axırda Arakeli izdihamın içində itirdi.
Oğuz ancaq yaşadığı evə çatanda rahat nəfəs ala bildi. Binanın sakinləri qadınlı-kişili bir yerə yığışmışdı. Bələdiyyə binası qarşısında baş verənlərdən məlumatları vardı, o hadisəni müzakirə eləyirdilər.
Oğuzun ev sahibi Vanda xanım da oradaydı. Hərəkət və davranışlarıyla hamını heyran qoyan Vanda xanım varlı bir ailənin qızıydı. Ərə getmiş, ancaq ərilə dil tapa bilməyib ayrılmışdı. Tək yaşayırdı. Özü kimi polyak olan qulluqçusu vardı. Atasının göndərdiyi pulla dolanırdı. Rəsmləri sevirdi, bir çox məşhur tablonun surətini xüsusi sandığına yığmışdı. Yaşadığı mənzil böyük idi, bolşevik hakimiyətinin tətbiq elədiyi prinsiplərə görə Vanda xanımın yaxşı döşənmiş otaqlarından birini, bəlkə də, ikisini məcburən başqalarına verməliydi. O da birini Maqda adlı qız qohumuna vermişdi, o birində isə Oğuz kirayənişin qalırdı. Həmişə Oğuzdan çox razı qaldığını deyər, onu sevir, hörmət eləyirdi.
Vanda xanım Oğuzun təhlükəli yerdən xatasız-balasız qayıtmasına sevindi:
– Harda qaldınız? Narahat oldum, – dedi, – Rənginiz qaçıb. Yəqin çox qorxmusunuz…
Oğuz cavab verməyə macal tapmamış yaşlı bir kişi söhbətə qarışdı:
– Vanda xanım, siz ondan Denikinlə Petlyuranın toqquşmasına çoxmu təəccübləndiyini soruşun. – O, azca susub əlavə elədi. – Bu nə biabırçılıqdı, ayını öldürməmiş dərisi üstündə dava eləyirlər.
Başqa bir kişi də təəssüfləndiyini bildirdi:
– Dua eləyək ki, heç olmasa, ikisindən biri bolşevikləri məğlub eləsin, dinimiz xilas olsun.
Dindar olan həmin bu kişinin arvadı sözə qarışdı:
– Dindən söz salıb qəlbimdəki yaranı deşdin, – dedi, – Bolşeviklər dinsiz ola bilərlər, amma mənim dinimə toxunmağa haqları yoxdu. Bir gör, Böyük kilsənin girişindəki uzun illərdən bəri qalmış, önündə hamımızın diz çökdüyümüz, dua elədiyimiz on üç müqəddəs ölümüzün tabutlarını açdılar, içində cücü ölülərindən başqa bir şey olmadığını camaata göstərdilər. Kim deyə bilər ki, onlar tabutları əvvəlcədən açıb içini cücü ölüləri ilə doldurmayıblar?
– Müqəddəs ölülər də möcüzə göstərib bolşevikləri kar və kor eləyərdilər.
Dindar xanım bunu deyən qıza hücum eləmək istədi, amma özlərini çatdıranlar dava-dalaşın qabağını aldılar.
* * *
Oğuz yataqdan gec qalxmış, səhər yeməyini yenicə yemişdi. Qulluqçu qız xəbər verdi ki, onu salonda bir nəfər gözləyir. Gələn Xəlil Müslümov idi. Otağa gülər üzlə girdi. Yarıaçıq ağzında tamam qızıla tutulmuş dişləri görünürdü.
– Salam-əleyküm.
– Əleyküm-salam, yoldaş Xəlil. Xoş gəldiniz. Sizi bura hansı rüzgar atdı? Bolşeviklər getdilər, sizin də gizlənməyinizə ehtiyac yoxdur, eləmi?
Oğuz Xəlilin gəlişinə ürəkdən sevinmişdi. Ona stul göstərib oturmasını xahiş elədi. Özü də onunla üzbəüz əyləşdi. Xəlil ancaq indi danışmağa imkan tapmışdı:
– Bura gələndə Mustafa Quliyevə baş çəkdim, – dedi, – Kiyevdə olmadığını dedilər. Buna kim inanar? Bir az da o gizlənsin. Nə isə, məsələyə keçək. Fikrim bu gün sizi nahara dəvət eləməkdi. Bizim xanım Azəri cücəplovu bişirib. Doktor Xudaverdizadə də Gülsərən xanımla gələcək. Güman eləyirəm ki, yaxşı vaxt keçirəcəyik.
Sonra Xəlil Bələdiyyə binası qarşısındakı dəhşətli hadisədən söz açdı. Camaat arasından bir neçə nəfərin təsadüfi güllələrlə vurulub yerə sərildiyini öz gözlərilə görmüşdü. Arvadı getməyə qoymurmuş, amma o qulaq asmayıb. Cavanlar o günkü həyəcanlarını, müşahidələrini bir-birinə uzun-uzadı danışdılar.
Xəlil əlavə elədi:
– Gülsərən xanım da ordaymış. Qadınlar qorxaq olurlar. Hadisəni onun dilindən də eşidin.
Vanda xanım cavanların söhbətini yan otaqdan eşitmişdi. Xəlil gedəndən sonra Oğuzun otağına gəlib dedi:
– Sizi oğlum kimi sevirəm. Bir daha maraq üzündən təhlükəli yerlərə getmə! Məndən icazəsiz heç yerə getməyəcəksən.
Vanda xanım çox alicənab qadın idi, Oğuza “oğlum” deməklə özünün yaşlı olduğunu göstərmək istəmişdi, halbuki hələ cavan idi, Oğuzun böyük bacısı yaşındaydı.
Oğuz bir qədər dərs kitablarını qurdalamaqla məşğul oldu. Dərslərə ara verilməsi onu kədərləndirirdi, amma gözləməkdən başqa çıxış yolu yox idi. Aradabir başını kitablarla qatırdı.
Nahara getmək vaxtı çatmışdı. Vanda xanımı otağında tapıb zarafatla dilləndi:
– Anacan, nahara gedə bilərəmmi?
– Nahardan sonra düz evə gəlmək şərtilə olar, – deyə, – Vanda xanım cavab verdi.
Nahara axırıncı gələn Oğuz idi. Dərhal süfrə arxasında əyləşdilər. Yeməklər çox ləzzətli, süfrə də zəngin idi. Adətə görə, sağlıqlar deyildi, Azərbaycanın müstəqilliyi, orada olanların sağlığına qədəhlər qaldırıldı. Süfrədən qalxanda Oğuz zarafatla:
– Yoldaş Xəlil, icazə verin, sizdən bir söz soruşum, – dedi, – Çörək tapılmayan bir vaxtda belə zəngin süfrəni necə hazırladınız?
– Siz bunu çətin başa düşərsiniz, çünki evli deyilsiniz, xanımların daşdan su çıxardıqlarını öyrənərsiniz. Mən də sizin kimi təəccüb içindəyəm.
* * *
Denikin Petlyuranı güneyə, bolşeviklərisə Moskvayacan qovmuş, Kiyevdə həyat hələ axarına düşməmişdi. Elə gün olmurdu ki, küçələrdə bir hadisə baş verməsin. Hələ də ordan-burdan güllə səsləri eşidilirdi. Müxtəlif rayonlarda və evlərdə bolşevikləri axtarmağa başlamışdılar. Camaat bu işlərdə iştirak eləyir, şübhələndikləri adamları küçədə linc eləyirdilər. Ən çox hücuma məruz qalanlarsa yəhudilər idilər.
Abdulla evdən çıxmır, Oğuza da bunu məsləhət görürdü. Eyni fikirdə olan Vanda xanım ziyafətdən qayıdan Oğuza demişdi:
– Çox şükür, sağ-salamat qayıtdınız.
Oğuz isə evdə darıxır, küçəyə çıxıb ətrafda gəzirdi. Zahirən sanki hər şey qaydasına düşmüşdü. İdarələr, dükanlar açıq idi. Gediş-gəliş və alış-veriş əvvəlki kimi davam eləyirdi. Yemək-içmək bollaşmışdı. Oğuzun ortaq olduğu kafe isə bağlı idi.
Gəzintilərinin birində Funduklevski prospektindən keçəndə iki əsgərin başından yaralanmış və bayılmış bir qadını faytona mindirdiklərini gördü. Qadının sifəti, paltarı hər yeri qana bulaşmışdı. Yoldan keçənlər də Oğuz kimi aparılan qadına baxırdılar. Bir neçə adam yığışıb hadisəni müzakirə eləyirdi. Qadının tanınmış kommunistlərdən Roza Lüksemburq olduğunu deyirdilər. Həmin məqamda Oğuz arxa tərəfində iki kazak əsgərinin dayanıb türkcə danışdığını eşitdi. Əsgərlər öz həmyerliləriydi. Onların başına gələnləri yaxşı bilirdi: “Çar hakimiyyəti azəriləri əsgər çağırmırdı. Dünya müharibəsi başlananda onlardan muzdlu və könüllü əsgərlər yığmağa başladılar. Yaradılan hərbi hissəyə “Dikaya diviziya” (“Vəhşi diviziya”) adı verildi. Həmin əsgərlər döyüşlərdə igidlik göstərib mükafatlar aldılar. Yeni dövr başlayanda fəaliyyətsiz qalanların bir hissəsi Denikin ordusuna daxil oldu. Onlar oxumaq, yazmaq bacarmayanlar, kasıb ailələrin uşaqları idilər. Pul qazanmaqdan savayı başqa məqsədləri yox idi”.
Vətəndən uzaq bir yerdə həmyerliləri ilə təsadüfi rastlaşma Oğuzu bərk sevindirdi. Əsgərlər onun suallarına məmnuniyyətlə cavab verdilər:
– Əsgərliyə alışmışıq. Bu bizim həyat və dolanışıq tərzimizdi. Denikin çox pul təklif elədiyinə görə onun ordusuna gəlmişik. Bu gün icazəliyik, hava almağa çıxmışıq.
Oğuz özünü onlara təqdim elədi, adlarını öyrənib cib dəftərçəsinə adlarını yazdı: Həsən və Məcid. Evə qayıdıb gördüklərini Vanda xanıma danışdı.
– Küçələrdə qorxmalı bir şey yoxdu, – dedi, – hər yerə sərbəst getmək olur. Fikrim var ki, sabah məktəbə baş çəkim.
Ertəsi gün məktəbə getmək üçün evdən çıxdı. Tramvaylar hələ işləmirdilər, o piyada getməyə məcbur idi. Prospektdə Politexnikumdan tanıdığı Aleksey adlı tələbəyə rast gəldi. Birgə prospektin yoxuşunu qalxdılar. Anatomiya institutunun qabağına çatmışdılar. Aleksey təklif irəli sürdü:
– İki gün əvvəl tanınmış bir ukraynalı quldur öldürülüb bu instituta gətirilib. Hamı gedib baxır. Gəlsən biz də gedib baxaq.
İnstitutun naxışlı dəmir qapısından yaşıllığa bürünmüş həyətinə girdilər. Yonulmuş enli mərmər pilləkənlə qalxıb birinci mərtəbəyə girdilər, cəsədlərlə dolu olan çoxsütunlu salona daxil oldular. Cəsədlər salonun döşəməsində cərgəylə uzadılmış, keçmək üçün aralarında yer qoyulmuşdu.
Əksəriyyəti uzun müddətdir ki, bura gətirilmiş meyitlərdən gələn iyə dözmək çətin idi. Oğuz dəsmalını çıxarıb burnuna tutdu. Az sonra yaşlı, ucaboy, uzun palto geymiş bir kişi ona yaxınlaşıb dedi:
– Siz yəhudilər də utanmaq bilmirsiniz. Rusiyamızı alt-üst elədiniz, indi də ölülərimizəmi gülürsünüz?
Oğuz təəccübləndi. Başa düşdü ki, həmin adam onu başqasına oxşadıb.
– Mən gülmürəm, – dedi.
Həmin adam ona qulaq asmaq istəmədən əsəbi halda salondan çıxdı. Salondakılar Oğuzu süzürdülər. Alekseyin də ovqatı təlx olmuşdu. Quldurun meyitinə baxmaq fikrindən daşınıb küçə qapısınacan getdilər. Qapının ağzında xeyli adam yığışmışdı. Bayaqkı qəzəbli adamın onlara nəsə dediyini gördülər. O, Oğuzu görən kimi qışqırdı:
– Yoldaşlar, bax, bu xain yəhudidi!
İzdiham dərhal Oğuzu əhatə elədi. Hər ağızdan bir avaz gəlir, yəhudilərin və bolşeviklərin əleyhinə qışqıra-qışqıra nəsə deyirdilər. Oğuz da qışqıra-qışqıra yəhudi olmadığını başa salmağa can atır, amma səsi bağırtılar içində eşidilmirdi. Bir nəfərin “Vurun yəhudini!” deməsi Oğuzun linç edilməsi üçün kifayət idi. Danışıqların gedişi hadisələrin buna doğru getdiyini bildirirdi.
Arxa sıralardan bir nəfər səsi çatan qədər qışqırdı:
– Kazaklar gəlir, – dedi, – xain yəhudini onlara təhvil verək!
Oğuzun rəngi qaçmışdı. Əl-ayağı titrəyirdi. Küçəyə çıxdığına əməlli-başlı peşman olmuşdu.
Rəsmi maşınla küçədən keçən dörd kazakı saxlamışdılar. Kazaklar hadisə yerinə gətirildilər. Onları görəndə Oğuzun qəlbi rahatlandı: dördü də həmyerlisi idilər. Bir gün əvvəl tanış olduğu Həsən də onların arasındaydı. O da Oğuzu görüb tanımışdı. Oğlanın qolundan yapışıb soruşdu:
– Bu adamlar sizdən nə istəyirlər?
Oğuz hadisəni öz dillərində qısaca danışdı. Ətrafdakılar söhbəti başa düşmədən dinləyirdilər. Ağıllı Həsən vəziyyətin nə yerdə olduğunu dərhal başa düşdü, pozuq rus dilində dilləndi:
– Get, bir daha ölülərə gülmək fikrinə düşmə!
O, cəld Oğuzun çiyinlərindən yapışıb izdihamın içindən kənara itələdi. Ərtafda etiraz səsləri eşidilməyə başladı:
– Kazaklar onun öz adamlarıymş. Görürsünüz, onu qaçırırlar!
Sürətlə hadisə yerindən uzaqlaşmaq istəyən Oğuzu təsadüfən küçədən keçən xeyli yaşlı universitet tələbəsi saxladı:
– Qaçmayın, həmkar, deyəsən, orda nəsə qarışdırmısınız.
Bu anda camaata qarışmış, uniformasından hüquq fakültəsinin tələbəsi olduğu bilinən başqa bir universitet tələbəsinin səsini eşitdi:
– Ölülərə hörmətlə yanaşmayan adamı cəzalandıra bilməzsiniz. Belə bir qanun yoxdu…
Oğuz söhbəti ancaq buracan eşidə bildi. Onun qarşısını kəsən tələbə də deyilənləri eşidəndə kənara çəkildi, oğuzun çıxıb getməsinə mane olmadı.
Oğuz ölümdən xilas olmuşdu, qaçırdı. Aleksey də onu tapmış və yanınca yüyürürdü. Məktəbə gedəcəklərini unutmuşdular. İzlərini itirmək üçün rast gəldikləri prospektlərə və küçələrə döndülər. Az sonra yol boyu yaşıllıq salınmış bir prospektə çatdılar. Nəfəslərini dərmək üçün oturacaqda əyləşdilər. Elə yorulmuşdular elə bil döyüş meydanından çıxmışdılar. Az sonra Aleksey çətinliklə də olsa, dilləndi:
– Həmkar, məni bağışlayın, sizə kömək eləyə bilmədim. Mən neyləyə bilərdim? Böyük haqsızlığa məruz qalmısınız. Xilas olmağınız üçün dua elədim. Həzrəti-İsa mənim dualarımı qəbul eləyib möcüzə yaratdı.
IX
Denikinin iki cəbhədə apardığı müharibənin hələ başa çatmamasına baxmayaraq, Kiyevdə həyatın gedişi qaydasına düşməyə başlamışdı.
Azərbaycan hökuməti Denikin tərəfindən rəsmən tanınmasa da müşavirini Rostova göndərmiş, Xəzər dənizi sahilindəki Mahaçqala şəhərində konsulluq açmışdı.
Kiyevdə də konsulluq açılmasını istəyən Azəri tələbələr öz aralarından konsul seçib yerli hökumətə qəbul etdirdilər. Pasportlar hazırladılar, müraciət eləməyə başladılar. Pasport alanlar arasında tələbələrdən başqa tacirlər, erməni və yəhudi həmyerliləri də vardı. Beləcə, Kiyevdə Azəri konsulluğu rəsmi olaraq açıldı.
Abdulla uzun müddət idi ki, gözə dəymirdi. Oğuz bir axşamüstü ona baş çəkdi. Dostu onu illərlə görməmiş kimi sevinclə qarşılayıb qulluqçu qıza çay hazırlatdı, çay süfrəsi arxasında əyləşdilər. Söhbət üçün xeyli mövzu vardı. Bunlardan ən vacibi məktəb məsələsiydi. Məktəbin tez-tez bağlanması, tanınmış professorlardan bəzilərinin öldürülməsi, dərslərin əməlli-başlı aparılmaması onların təhsilinə mane olurdu. Bəzi laboratoriya işləri başa çatdırılmamış, bəzi imtahanları vermək də mümkün olmamışdı. Günlərini təhsildən çox yaşamaq uğrunda mübarizəylə keçirdikləri şəksiz idi. Halbuki Azərbaycandan sevinc dolu xəbərlər gəlirdi. Müsavat partiyasının qurduğu hökumət tələbə məsələsini ön plana çəkmişdi. Bakıda universitet açılmışdı, amma bu uğurla kifayətlənməyib Avropaya tələbə göndərməyi qərara almışdılar.
Axırda Vətənə qayıtmaq, Avropaya göndəriləcək tələbələrə qoşulmaq qərarına gəldilər. Elə ertəsi gün səfər hazırlığına başladılar.
Hadisələr Oğuzun Rayayla görüşünü çətinləşdirmişdi. Amma Nina vasitəsiylə məktublaşmaq ehtimalı vardı. Bu yolla Oğuz ona Vətəninə qayıdacağını bildirdi. Raya dərhal qaça-qaça gəldi. Ailəsinin evdə olmamasından istifadə eləyib gələ bilmişdi, çox qala bilməyəcəkdi. Kədər içindəydi, qərarın səbəbini öyrənmək istəyirdi.
– Semestr başa çatmamış Vətəninizə qayıtmaq hardan ağlınıza gəldi?
– Əziz dostum, burdan getməliyəm. Əvvəlcə ölkəmə qayıdacaq, sonra Avropaya gedəcəyəm. amma bu dəfə Kiyevə gəlməyəcəyəm. İstəyirəm, biləsən ki, səni heç vaxt unutmayacağam. Bu şəhərdəki təhsilimdə bugünəcən irəliləyişə nail ola bilmədim. Qismət olsa, yenə görüşərik.
Raya göz yaşlarını saxlaya bilməyib ağladı. Oğuz onu qucaqlayıb təskinlik verməyə çalışdı. Qız isə onun ağuşundan çıxıb vidalaşmadan qaça-qaça getdi.
Səfər hazırlığı davam eləyirdi. Oğuz Politexnik İnstitutundan təhsil haqqında arayış, evin idarəçisindən də namuslu olduğuna, bolşevizimlə heç bir əlaqəsi olmadığına dair ayrıca bir arayış aldı. Vətəninə qayıdanda ondan bolşevik hakimiyyətinə dair tələbə təşlkilatları tərəfindən məlumat istəyəcəklərini bildiyinə görə, kommunist hakimiyyətinə dair bir neçə broşür və afişa yığdı və Vanda xanımın ona bağışladığı rəsmlərlə birgə çamadanına qoydu.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?