Электронная библиотека » Saryal İsmayıl » » онлайн чтение - страница 6

Текст книги "Bakı rüzgarı"


  • Текст добавлен: 28 октября 2022, 20:42


Автор книги: Saryal İsmayıl


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Bütün yoldaşlarıyla vidalaşdı. Yalnız ünvanlarını bilmədiyi erməni tanışı Arakel və qıtlıq günlərində ona qucaq dolusu ərzaq gətirən Rozayla vidalaşa bilmədi. Rozanın Kiyevdə olub-olmadığı da məlum deyildi. Yola düşdüyü günü Rayaya məktub vasitəsilə bildirdi.

Azərbayacana getmək istəyənlərin sayı həddən artıq olduğundan konsulluq onlara xüsusi vaqon ayıra bilmişdi

Oğuz yola düşəcəyi gün Rayanın gələcəyini fikirləşib vağzala tez getdi. Az sonra Abdulla da gəlib çamadanlarını Oğuzun yükünün yanına qoydu. Vağzal az sonra doldu. Raya gözə dəymirdi. Oğuz vaqona minəndən sonra da endi, izdihamın arasında ora-bura vurnuxdu, amma Rayanı görə bilmədi. Qatarın yola düşməsinə az qalmışdı, amma Raya hələ gəlməmişdi. Bu dəfə vaqonun pəncərəsindən nəzərləriylə onu izdiham arasında axtarmağa başladı. Qəfildən kiminsə onu səslədiyini eşitdi. Nina qaça-qaça pəncərənin qabağına gəlmişdi. Oğuza zərf verdiyi məqamda qatar tərpəndi. Oğuz bağlı zərfi ancaq tuta bildi.

– Rayaya çatdır ki, bütün qəlbimlə ona bağlı qalacağam, – dedi.

Oğuzun Rayaya nə qədər bağlı olduğunun Nina bir neçə dəfə şahidi olmuşdu. Qatar hər an uzaqlaşırdı. Nina Oğuza yaylıq yellədirdi. Yaylıq Rayanın idi, Oğuz onu tanıdı. Xeyli uzaqlaşanadək yaylıqlar havada yelləndi.

Abdulla Oğuzun əsəbi vəziyyətinə göz qoyur, gülürdü. Oğuz pəncərədən aralanıb yerində əyləşən kimi üzünü ona tutdu:

– Bu da sənə Rayanın oynadığı son oyun. Ötürməyə gəlmədi. Zərfi aç görək hansı bəhanəni uydurub.

Oğuz zərfi açdı. Raya ona öz şəklini göndərmiş, arxasına da “Sevgilimə sevgilərimlə” yazmışdı.

Dostunun hələ də pərişan vəziyyətdə olduğunu görən Abdulla ona təskinlik vermək istədi:

– Bilmirəm sən o qızın nəyini sevirsən, – dedi, – sakit ol. Avropaya gedəcəyik, hələ nə qədər qızla tanış olacağıq.

Sərnişinlərin əksəriyyəti tələbəydi. Aralarında qadınları və uşaqlarıyla səfərə çıxmış tacirlər də vardı. Vaqonun qapısına yaxın oturan yəhudi mühəndis gənc və gözəl arvadıyla diqqəti daha çox cəlb eləyirdi. Qadın sarışın, alagöz, ağ dərili idi. Şıltaq olduğu bütün hərəkətlərindən bilinirdi.

Havanın yağmurlu olması və getdikcə daha da pisləşməsi sərnişinlərin əhvalının korlanmasına səbəb olmuşdu. Sarışın xanım ovqatları yaxşılaşdırmaq üşün ilk dəfə dilləndi:

– Biz getdiyimizə görə Kiyevin göyləri göz yaşı tökür.

Vaqon dərhal canlandı. Hamı danışmağa başladı:

– Məncə, Allah yağışı Kiyevə bolşeviklərin pisliyini təmizləmək üçün göndərib.

Elə-belə deyilən bu sözlərə bir neçə yerdən cavab gəldi:

– Vallah, çox düzdü.

Səfər ailə mühitinə çevrilmişdi, bütün günü də eyni ovqatla davam elədi. Sərnişinlər gecəni oturduqları yerdə yata-yata keçirdilər. Daha bir gün də yol gedildi. Gecəyarısı Denikinin mərkəz seçdiyi Rostovdan keçildi. Səhər tezdən qatar Qafqaz dağlarının ətəklərinə çatdı. Çox keçmədən əhəmiyyətli yolayrıclardan biri olan Armavir qəsəbəsinə girdi. Burada pasport yoxlanışı aparıldı.

Azərilərin vaqonuna gənc bir zabit çiyinlərindən süngülü tüfənglər asmış iki əsgərlə girdi. Əvvəlcə irəlidəki yəhudi mühəndisin pasportunu alıb yoxlamağa başladı, nəhayət, dilləndi:

– Siz bu saxta pasportu zibilliyə tullayın!

Hamıda eyni pasport olsa da, heç kəs dinib-danışmadı. Hamı susurdu. Oğuz yerində dura bilmədi, zabitin yanına gedib dedi:

– Bizdəki pasportlar Kiyev hakimiyyəti tərəfindən rəsmən tanınan Azərbaycan konsulluğu tərəfindən verilib. Azərbaycan isə sizə qonşu olan bir ölkədi. Rostovunuzda da bir təmsilçisi var. Gərək bunu biləsiniz.

Zabit heç nə demədən yoxlamasını yarıda kəsib vaqonu tərk elədi. Oğuz zabiti vaqondan çıxarmasından qürur duya-duya yerinə keçib oturaraq ayağını ayağının üstünə aşırdı. Vaqondakılar onun cəsarətinə heyran qalmışdılar.

Çox keçmədən bayaqkı zabit bir kazak zabitiylə içəri girdi, Oğuzu göstərib dedi:

– Bax, bu cavan oğlandı.

Kazak zabit Oğuzu süzüb dilləndi:

– Əşyalarınızı götürün, vaqondan düşün.

Oğuz iki ağır çamadanı rəfdən endirdi. Ona yaxınlıq göstərməyin əsgərlər tərəfindən yaxşı qarşılanmayacağını, təhlükəli olacağını ehtimal eləyən yerliləri kömək göstərməyib özlərini görməməzliyə vurdular. Ən yaxın dostu Abdulla da eyni cür hərəkət elədi.

Oğuzu əllərində çamadanları iki silahlı əsgərin arasında yan xətdə dayanmış vaqonunun yanına gətirdilər. Əsgərlərdən biri açarla vaqonun qıfılını açdı və sürgülü qapını yana itələdi. Vaqonun içi dustaqlarla dolu idi. Dustaqların əksəriyyəti yoxsul geyimli adamlar idi. Oturmağa yer olmadığına görə, hamı ayaq üstdəydi.

Əsgərlər Oğuzun pilləkənsiz, hündür vaqona minməsinə və çamadanlarını qaldırmasına kömək elədilər. Vaqonda başqa yük yox idi. Heç kəs dillənmir, heç olmasa, azacıq da olsa gülümsəmirdi. Hamı qaşqabaqlı, dinməz idi. Vaqonun qapısı yenə kilidləndi, əsgərlər çıxıb getdilər. Oğuz qabaq cərgədə dayanmışdı, qapının arasından qarşıdakı qatarı görə bilirdi. Silahlı bir əsgər qapının ağzında keşik çəkirdi. Oğuz danışmaq məqsədilə sağında-solunda dayanmış adamlara gülümsədi, amma qarşılıqlı cavab görmədikdə

o da susdu.

Az sonra gəldiyi qatarın hərəkət elədiyini görüb kədərləndi. O, tək qalmış və zabitlərin hökmünə verilmişdi. Buradan necə xilas olacağı barədə düşünməyə başladı. Sorğu-sual ediləcəyini, üst-başının, çamadanlarının axtarılacağını təxmin elədi. Çamadanların birində bolşevik broşürləri, təbliğat materialları olduğunu xatırladı. Az qaldı ağlı başından çıxsın. Onu bolşevik casusu hesab eləyəcəkdilər, başı bəlaya girəcək, bəlkə də, edam ediləcəkdi. Həqiqəti söyləməyin faydası olardımı? Qəfildən yadına Kiyevdə yaşadığı evin idarəçisinin onun bolşeviklərlə əlaqəsi olmadığı barədə verdiyi arayış düşdü. Sevinə-sevinə sənədi cibindən çıxarıb bir də oxudu. Arayış müsbət yazılmışdı, onu xilas eləyə bilərdi. Qəlbən rahatlandı.

Aradan bir müddət keçdi. Qapının arasından başqa bir qatarın qarşıdan gəldiyini və eyni zabitlər tərəfindən yoxlandığını gördü. Həmin qatar yola düşəndən sonra bir neçə əsgər gəldi, qapının kilidini açıb dustaqlara düşməyi əmr elədilər. Onları dörd cərgəyə düzüb apardılar. İrəlidə və arxada bir, yan tərəflərdəsə iki əsgər addımlayırdı. Oğuz hər əlində bir çamadan arxada gəlirdi.

Stansiya məhəlləsindən keçib torpaq yoldan düzənlik sahəyə çıxdılar. Hava istiydi, günəş yandırırdı, göy üzündə bircə bulud belə yox idi. Ətrafda kölgə salacaq bir ağac belə görünmürdü. Onlar isə dayanmadan gedirdilər. Yol qurtarmaq bilmirdi. Oğuzun sifəti, boynunun ardı, bütün bədəni tər içindəydi. Onu daha çox əlindəki çamadanlar yorurdu. Arxadan gələn İvan isə onu tüfənginin qundağıyla vurub yeyin yeriməsini tələb eləyirdi. Oğuz haldan düşmüş, gənclik qüvvəsini tamam itirmişdi.

Nəhayət, uzun müddət gedəndən sonra mənzilbaşına çatdılar. İki təpənin arasına sığınmış ikimərtəbəli bir binaya yetişmişdilər. Ətrafı hündür hasarla əhatə olunmuş bina hələ tamam tikilib qurtarmamışdı. Kərpicdən hörülmüş sütunlar üzərindəki ikinci mərtəbə yarı-yarımçıq hazırlanmış və orada hərbi şöbə yerləşdirilmişdi.

Dustaqlar enli qapıdan içəri girib bir cərgəyə düzüldülər. Oğuz yenə axırda dayandı. Çamadanlarını yerə qoydu, dərhal da özünü pis hiss elədi, başı fırlanmağa başladı. Kürəyini sütuna söykəyib ayaq üstə qala bildi. Bir qədər sonra özünə gəldi.

İkinci mərtəbəyə müvəqqəti düzəldilmiş pilləkənlə çıxılırdı, pilləkənin başında isə Oğuzu tüfənginin qundağıyla vuran İvan dayanmışdı. İndi silahsız və şapkasız idi. Dustaqlar növbəylə yuxarı çağırılır, sorğu-sual başa çatandan sonra bəziləri sevinc içində qayıdıb binadan çıxır, bəziləri də alt mərtəbənin bir tərəfində taxta arakəsmələrdən düzəldilmiş, amma qapısı kilidli olan bölməyə aparılırdı. İrəlidəki dustaq Oğuza tərəf çevrilib dilləndi:

– Allah eləyə, bizi taxta bölməyə aparmayalar. Yəqin ora ölüm kamerasıdı.

Elə həmin məqamda onun növbəsi çatdı. Pilləkənləri çıxıb gözdən itdi. Az sonra Oğuzun növbəsi çatdı. Bir kənarda, taxta oturacaqlarda oturmuş, dustaqları gözləyən bir neçə əsgərdən biri qalxdı, Oğuzun çamadanlarını götürüb yuxarı çıxardı, gedəcəyi otağacan apardı. Oğuz onun arxasınca getdi.

Girdikləri kiçik otağın pərdəsiz pəncərəsi önünə qoyulmuş örtüksüz masa arxasında Oğuzu həbs eləmiş iki zabit əyləşmişdi. Masanın üstündə bir neçə sənəddən və açıq iri dəftərdən başqa bir şey yox idi. Zabitlər diqqətlə Oğuzun gəlişinə göz qoyur, amma dinib-danışmırdılar.

Oğuzu gətirən əsgər ondan gətirdiyi çamadanların açarlarını istədi. Oğuz açarlardan birini ona verdi. Birinci açılan çamadanın içində bolşevik təbliğatına dair materialların olmadığını görən Oğuzun ürəyi sakitləşdi.

Çamadanı açan əsgər axtarışı başdansovdu aparırdı. Əşyaların bir hissəsi yerə atılmışdı, Vanda xanımın hədiyyə verdiyi rəngli rəsmlər ətrafa səpələnmişdi. Zabitlərin rəsmlərlə maraqlandığını görən Oğuz rəsmləri yığıb onlara verdi. Zabitlər bir-bir baxıb bəyəndiklərini bildirdilər. Oğuz:

– Buyurun, bir-ikisini götürün, – dedi.

Zabitlərin hərəsi bir rəsm götürdü, razı qaldıqlarını deyib təşəkkürlərini bildirdilər. Dərhal otağın havası dəyişdi. Qatarda Oğuzla qarşılaşan zabit Oğuza tərəf dönüb dilləndi:

– Həmkar, mən də sizin kimi Politexnikum tələbəsiyəm. Professor Maksim Petroviçi tanıyırsınızmı, hələ sağdımı?

– Riyaziyyat müəllimimizi tanımaya bilərəmmi! Yaşayır, amma bolşeviklər onu çox incitdilər.

Zabitlərlə ünsiyyət yaranmışdı. Axtarış aparan əsgər əşyaları çamadana doldurub indi də ikinci çamadanın açarını istəyirdi. Bunu görən tələbə-zabit yoldaşına sarı dönüb dilləndi:

– Pyotr Alekseyeviç, icazə verirsinizsə, ikinci çamadanı açdırmayaq.

– Əlbəttə, əlbəttə, – zabit cavab verib Oğuza üz tutdu. – Yəqin ki, sizdə soyuq, yaxud odlu silah yoxdu.

– Xeyr, heç bir silahım yoxdu.

Söhbət davam elədiyi müddətdə məcməyi içində qaynar samovar gətirildi və masanın üstünə qoyuldu. Sonra daha bir nəfər stəkanlar və nimçələr gətirdi.

– Qalıb bizimlə çay içmək istəməzsinizmi? – Tələbə-zabit soruşdu.

– Çox sağ olun. Səfərimi davam etdirməyə icazə versəniz, razı qalaram.

Zabit İvanı çağırdı, Oğuzun çamadanlarını stansiyaya qədər aparmağı əmr elədi. Zabitlər Oğuzla ayaq üstdə vidalaşdılar.

Oğuz sevincindən qanadlanıb uçmaq istəyirdi. Taxta pillələri iki-iki endi, iri addımlarla binadan və binanı əhatə eləyən hasardan bayıra çıxdı. İvan onun arxasınca gəlirdi. Sanki yorğunuluğu, halsızlığı çıxmışdı. İndi rahatca qollarını yelləyə-yelləyə gedirdi, göydə peyda olan bir neçə parça bulud az da olsa, günəşin qabağını tuturdu. Bu dəfə İvan tər tökməli olmuşdu. Stansiyaya çatıb vağzal binasına girdilər. İvan çamadanları bir küncə qoydu, bəxşişini alıb getdi.

Oğuz girdə masanın arxasında oturdu. Salonda ondan başqa heç kəs yox idi. Bufetçi skamyada əyləşib yuxuya getmişdi. Bütün pəncərələr açıq idi. Arabir əsən meh rahatlıq gətirirdi. O acmışdı, ofisiantın gəlməyinin gözləyirdi. O da çox gecikmədi, gəlib masanın üstünə ağ örtük sərdi. Oğuz təhlükədən xata-balasız çıxdığına görə özünə ziyafət vermək istəyib borş, bifşteks və südlü sıyıq sifariş elədi; bunlar onun ən çox sevdiyi yeməklər idi.

Yeməkləri gözləyəndə ona kəndli geyimində bir qadın yaxınlaşıb dilləndi:

– Uniformanızdan Kiyev Politexnik İnstitutunun tələbəsi olduğunuzu başa düşdüm. Mənim oğlum Arakel də oranın tələbəsidi. Onu tanıyırsınızmı?

– Kiyevdə baş verən qarışıqlıqda qolundan yaralanan Arakel deyil ki?

– Bəli, bəli, özüdü ki, var.

– Necə tanımıram. Yaxın tanışımdı.

– Yarası ciddi deyildi, yaxşılaşdı. Biz burda yaşayırıq. Oğlum indi evdədi. Buyurun, bizə gedək.

– Məmnuniyyətlə gedərdim. Amma ilk qatarla Mahaçqalaya getməliyəm.

– Ora gecə saat on birdən tez gedən qatar yoxdu, – qadın qatarların cədvəlini yaxşı bilirmiş.

Oğuz Arakeli Kiyevdə axtarırdı, Armavirdə tapdı. Buna çox sevindi. Hələ qatarın vaxtına xeyli vaxt qalırdı. Oğuz yeməyini yedi, çamadanları Arakelin qohumu olan bufetçinin yanında qoyub qadınla yola çıxdı.

Stansiya məhəlləsi kiçik bir yer idi. Arakelin yaşadığı ikimərtəbəli və yan tərəfi küçəyə baxan ev yaxın olduğundan tez çatdılar. Pilləkəndə skripka səsi eşidildi.

– Skripkanı Arakel çalır. Eşidirsinizmi?

Qadın bu sözləri deyə-deyə pilləkənlə qalxırdı. Oğuz da onun arxasınca gedirdi. Bir tərəfdə Arakelin divara bitişik birnəfərlik çarpayısı vardı. Arakel ayaq üstə gözlərini dolab üstündəki notlardan ayırmadan skripka çalırdı. Otağa girənlərdən xəbərsiz idi. Oğuz ona yaxınlaşıb əlini çiyninə qoydu. Arakel ancaq indi çalmağa ara verib geri çevrildi. Oğuzu görəndə gözlərinə inanmaq istəmədi, skripkanı çarpayının üstünə atıb Oğuzu qucaqladı. Sanki dost, çox yaxın yoldaş idilər. Erməni ləhcəsində türkcə qışqırdı:

– Əşi sən hardan çıxdın?

Sevincdən Arakelin gözlərinin içi gülürdü. Oğuzun qolundan çəkib çarpayıda oturtdu, ozü də onun yanında oturdu. Dərhal sorğu-sual başladı. Oğuz onu maraqlandıran hər şeyi ətraflı danışdı. Arakel zabitlərin Oğuzu buraxmalarına sevinib:

– Çox yaxşı qurtarmısan, – dedi, – həqiqətən, ölümdən qurtarmısan. Hər gün bir neçə kişinin güllələndiyini eşidirik. – Dərhal da əlavə elədi. – Səni gözəl noxudlu ət yeməyinə qonaq eləyəcəyəm. – Sonra qapıdan yan otağa nəzər salıb soruşdu: – Ana, süfrə hazırdımı?”

Vağzalın yeməkxanasında yemək yediyinə and içməsinin köməyi olmadı, məcburən noxudlu ət xörəyindən bir neçə qaşıq aldı. Yeməkdən sonra Arakel Kiyevdə yaralanandan bəri bu günə kimi keçirdiyi günlərdən danışıb əlavə elədi:

“Bu axşam vağzal parkında rəqs gecəsi var. Səni ora aparacaq, bəzi yoldaşlarla tanış eləyəcək və Armavirlə bağlı pis təəssüratlarını sildirəcəyəm. Gözəl qızlarla rəqs eləyəcəksən, vaxt çatanda da səni yola salacağam.”

Axşama yaxın paltarlar təmizləndi, ayaqqabılar rəngləndi və qaranlıq düşən kimi rəqs gecəsinə getdilər.

Artıq hərbi orkestr rəqs havaları çalmağa başlamışdı. Bir neçə cütlük girdə meydançada rəqs eləyirdi. Parkın yeganə bəzəyi ağaclardan asılmış rəngbərəng kağız fənərlər idi. Meydançanın ətrafına düzülmüş masalar arxasında cavanlar deyib-gülür, yer tapa bilməyənlər ətrafda və cığırlarda gəzişirdilər. Qaranlıq guşələrdə yer tapan cütlüklər öz aləmlərinə qapılmışdılar və gözləri heç kəsi görmürdü. Rəqs eləməyənlərsə fasiləsiz yeyib-içirdilər.

Arakel Oğuzu bir neçə oğlan-qızla tanış elədi, birgə xeyli müddət rəqs elədilər. Qatarın yola düşməsinə az qalmış Arakel və onun ən yaxın oğlan-qız dostları Oğuzu vağzala apardılar. Çamadanları əvvəlcədən ora gətirilmişdi. Tanıdığı zabitlərin yoxlamanı başa vurub qatardan endiklərini uzaqdan gördü.

Qatar hərəkətə gələndə yeni tanışları yaylıq yellədilər. O da xeyli uzaqlaşanacan onlara əl elədi.

* * *

Qatar Mahaçqalaya çatmışdı. Gecəni rahat keçirən Oğuz cəld çamadanlarını götürüb limana qaçdı. Uzaqdan birgə səfərə çıxdığı həmyerlilərinin körpüyə yaxın bir yerdə dayandıqlarını gördü. Onlar da Oğuzu görmüşdülər. Bir neçəsi qaçıb gəldi, çamadanını əlindən alıb körpüyə qədər apardı. Hamının sevincdən üzü gülürdü. Sarışın xanım oğlanı qucaqlarıb yanaqlarından öpdü. Hamı Armavirdə baş verən hadisədən xəbər tutmaq istəyirdi. Oğuz da hər şeyi ətraflı danışdı. Onlar da son gecənin hadisəsindən söz açdılar. Qatar Mahaçqalaya gecə yarısı çatıb və onlar hotellərdə yer tapa bilmədiklərindən ovqatları təlx halda səhərəcən küçələrdə gözləyiblər. Oğuz, heç olmasa, bu çətinliyə düşməmişdi.

Mahaçqalada Azərbaycan təmsilçilərindən viza almaq lazım imiş. Təmsilçi balıq tutmağa getmiş və ancaq günorta gəldikdən sonra viza alınmışdı.

Bakıya hərəkət edəcək bərə həmin axşam yola çıxacaqdı. Vətəndaş müharibəsi başlayandan bəri Güney Qafqaza ancaq həftədə bir dəfə gələn Azərbaycan bərəsiylə yola düşmək imkanı vardı.

Şəhərin küçələrində vaxtlarını keçirən Oğuz və səfər yoldaşları limana qayıdanda böyük izdihama rast gəldilər. İzdiham bərəyə minmək üçün sözün əsl mənasında hücuma keçmişdi. Yeni gələnlər də izdihama qarışdılar. İki Denikin zabiti pilləkənin başında sərnişinlərin pasportlarını yoxlayırdı. Bunu yerli-yataqlı etmək mümkün deyildi. Sərnişinlər pasportları açıq tutub bir-bir zabitlərin qarşısından keçməli olduqları halda dəstə-dəstə, nizamsız halda keçməyə çalışırdılar. Özlərini itirmiş zabitlərin bağırtılarına fikir verən yox idi.

Şamil adlı bir tələbədən başqa Oğuzla səfərə çıxanların hamısı bərəyə minə bildi. Zabitlər Şamilin pasportunu tanımaq istəmədilər. Şamil eyni pasportla bir çox adamın bərəyə mindiyini desə də, onları inandıra bilmədi, bərə isə Şamili götürmədən düz vaxtında hərəkətə gəldi.

Azərbaycanın paytaxtı Bakıya çatanda dan yeri ağarır, bulvar boyunca düzülmüş lampaların əksi dənizin sakit sularında yüngülcə yırğalanırdı. Şəhər hələ yuxudaydı. Oğuz isə sevinc içindəydi. Vətəninə qayıtmışdı. Bakını paytaxt kimi ilk dəfə görəcəkdi. Düşüncələrə daldı.

Bu şəhərin sakinləri artıq öz ziyalıları tərəfindən idarə olunacaq, nefti sayəsində yurdu sürətlə inkişaf eləyəcəkdi. Allah nefti onun vətəninə bəxşiş vermiş, Bakının tarixi, əsasən neftin çıxmasıyla başlamışdı.

Yerdən sızan qazın alışıb yanması qədim dövrün adamları tərəfindən allahların güc əlaməti kimi mənasında yozulmuş, xəbər uzaq-uzaq ölkələrə yayılmış, allahlara sitayiş eləmək istəyən adamlar at, qatır, dəvə belində Bakıya axışmışdılar. Oğuz da Bakı ətrafındakı həmin ibadətxana və karvansarayları görmüşdü.

Bakı sürətlə inkişaf elədi. Neftin əsl dəyəri məlum oldu, şəhər böyük əhəmiyyət qazandı. Bu şəhər yaxın tarixə qədər türk xanları tərəfindən idarə olunmuş, xanlar geniş miqyaslı quruculuq işlərinə girişmiş, mədrəsələr qurmuşdular. Onların qalıqlarını İçərişəhərdə görmək olardı.

Oğuz sahilə ayaq basanda rahatlıq hiss elədi, sanki çiyinlərindən ağır yük götürülmüşdü. Burada onu yəhudi sayan, ondan şübhələnən olmayacaqdı, ətrafındakıların hamısı həmyerliləri, dostları və qohumları olacaqdı.

Birgə səfərə çıxdığı həmyerlilərilə vidalaşdı, faytona mindi, müvəqqəti qalmaq üçün bir qohumunun evinə getdi.

Gəldiyi ilk günlərdən düşündüklərinin gerçək olduğunu gördü. İdarələrdə türk məmurları, hətta bəzi tanışları işləyir, küçələrdə addımlayan əsgərlər türk marşları oxuyur, polislər türkcə danışırdılar. Kişilər azərilərə xas olan papaq qoymuşlar. Sözün qısası, şəhərin görkəmi dəyişmiş, hər şey türkləşmiş, Avropa qaydalarına uyğun parlament qurulmuş, şəhərin həyatı axarına düşmüşdü.

Oğuz dostu Abdullayla görüşdü, onlar özlərini Avropaya göndəriləcək tələbələrin siyahısına saldıra bildilər.

Səfər bəzi səbəblər üzündən gecikdi. Amma qışın soyuq, yağışlı bir günündə səksən altı tələbə Avropaya getmək üçün Bakıdan Batuma doğru hərəkət elədi.

X

Azərbaycan parlamentinin qəbul elədiyi qərara əsasən təhsil almaq üçün Qərbi Avropaya göndərilən gənclərin çoxu ilk dəfə xarici səfərə çıxırdı. Rus adət-ənənələri ilə tərbiyə edilən həmin tələbələrin Avropa həyatına uyğunlaşmaqda çətinlik çəkəcəkləri aydın idi

Tələbə gənclər qrup halında Avropanın müxtəlif ölkələrinə yola düşdülər. Qırx nəfərlik ən böyük qrup son müharibədə məğlub olmuş Almaniyanı seçmişdi. Oğuz da onların arasındaydı.

Böyük qrup birgə Berlinin Anhalter Bahnhof vağzalında qatardan enəndə stansiyanın az qala boş olduğunu gördü, sanki kiçik bir qəsəbə dayanacağında düşmüşdülər. Gəldikləri qatardan yalnız tələbələr enmişdi. Çox keçmədən bunun səbəbini vağzalın işçilərindən öyrənə bildilər.

Kapp soyadlı bir alman zabiti hökuməti devirib hakimiyyəti ələ keçirmiş, buna etiraz eləyən fəhlələr tətilə başlamışdılar. Şəhər işıqsız, qazsız, susuz qalmış, camaat ərzaq tapmaqda çətinliklə üzləşmişdi, hər an bir hadisə baş verəcəyindən qorxub küçəyə çıxa bilmirdilər, şəhərlərarası gediş-gəliş dayanmışdı.

Təhlükəli bir vaxtda Berlinə gələn tələbələr yüklərini yüksaxlama kamerasına verib, kiçik qruplara ayrıldılar, vağzala yaxın yerlərdə hotel axtardılar, sonra tapdıqları hotellərə köçdülər. Oğuz yoldaşlarından bəxtli çıxdı. Onun tapdığı “Hospis” adlı pansion, daha doğrusu, qocalar evi idi. Bir xristian təşkilatı tərəfindən ölkənin müxtəlif şəhərlərində yaradılan həmin evlərə yoxsulların pulsuz qəbul edilməsi həmin pansionun başlıca xüsusiyyəti idi. “Hospis” pulla da qonaq qəbul edirdi.

Oğuzun qaldığı “Hospis” pansionu gözəl idi, demək olar, çox gözəl döşənmişdi. Buradakı qanun-qayda da ciddi idi. Yaşlı, kübar qadınlar və qocalar ucadan danışmadan, səs-küy salmadan yaşayırdılar. Yeməklər dadlı idi.

Elektrik işığı kəsildiyinə görə, axşamlar şam işığında otururdular, bu da daha gözəl mənzərə yaradırdı. Bəzən pansionu idarə eləyənlər qonaqlara hörmət əlaməti olaraq onlarla birgə yemək yeyirdilər.

“Hospis”də haqq-hesab işlərini yaşlı bir qadın aparırdı. Onun Elza adlı gənc bir köməkçisi vardı. Elza mühasibat kurslarını yeni bitirmişdi, buradakı işi onun ilk vəzifəsiydi. Oğuz “Hospis”dəki haqq-hesabını daim onunla kəsirdi.

Berlində baş vermiş çevriliş hərəkatı bir gün sona çatdı, Kapp Drezden şəhərinə çəkildi. Yenidən elektrik, qaz, su verilməyə başlandı. Oğuz da Elzanın köməyi ilə girdiyi məktəbə yaxın bir mənzilə daşındı.

Oğuz bir neçə ay idi ki, Berlindəydi, yeni həyatına uyğunlaşmağa çalışırdı. Buranı gündən-günə daha çox sevirdi. Dərsə gedir, boş vaxtlarında gəzintiyə çıxır, Berlinin həyatına yaxından bələd olmağa çalışırdı. Alman dilini xeyli öyrənmişdi.

Oğuz əhalinin düzlüyünə, qanunlara hörmət bəsləməsinə, ahəngdar həyat tərzinə heyran olmuşdu. Qadınlı-kişili bütün almanlar özlərini ahəngdar işə alışdırmışdılar, onları bundan döndərmək mümkün deyildi. Tramvaylar da saat kimi işləyirdi. Hər bir dayanacağa gəlib yola düşmələri saatla, qrafik üzrə baş verirdi. Almanlar Rusiyadakı və Şərq ölkələrindəki kimi söyüş söymürdülər. Səfeh, yaxud dəli deyirdilər, vəssalam… Ən ağır söyüşləri adamı “dəvə”, yaxud “donuz” adlandırmaq idi.

Buranın tələbə həyatı da Oğuzun alışdığından fərqlənirdi. Alman tələbələr əcnəbilərdən kənar qaçır, onlarla bir yerdə olmaqdan çəkinirdilər. Öz aralarında qurduqları xüsusi təşkilatları “korporasiya” adlandırırdılar. Korporasiya üzvləri başqalarından şapkalarına taxılmış lentlərin rənginə görə fərqlənirdilər. Üzvlərin əksəriyyətinin əlində əsa olurdu. Hər üzv ən azı bir dəfə duelə çıxmalıydı. Bir korporasiya üzvü hər hansı bəhanə uydurub digər korporasiya üzvünü duelə çağıra bilərdi. Bu, adətə çevrilmişdi. Duel vaxtı üzvlərin tərəfdarları masalar arxasında üzbəüz oturub pivə içir, mahnı oxuyurdular. Duel məqamında hamı səsini kəsib döyüşü izləyirdi. Doyüş zamanı tələbə yara alsa belə, ağlayıb-sızıldamamalı idi. Yaranın təhlükəli olub-olmadığı barədə yalnız orda olan həkim qərar verə bilərdi. Sifətində xeyli yara izi olan tələbə bundan qürur duyur, öyünürdü. Həmin izlər onun gələcək həyatına təsir göstərirdi.

Oğuzla gələn tələbələrdən bəziləri Almaniyanın müxtəlif şəhərlərindəki universitet və ali texniki məktəblərə girdilər. Belə ki, avropaya gəlmiş azəri tələbələrin təhsil məsələsi yoluna düşmüşdü.

Oğuz və yoldaşlarının həyatı öz axarına düşdüyü o günlərdə gündəlik qəzetlərdən xəbər tutdular ki, Denikin məğlub olub, bolşeviklər Azərbaycana soxulublar, onlara müqavimət göstərən Gəncə xarabalığa çevrilib.

Bu xəbər Oğuzu sarsıtdı. Günlərlə özünə gələ bilməyib evdən bayıra çıxmadı. Müxtəlif ölkələrdə və şəhərlərdə olan tələbələr məktublaşıb təşkilat yaratmağı qərara aldılar. Berlin təşkilatın mərkəzi seçildi, dərhal da fəaliyyətə başladılar. Aparılan ilk araşdırmalardan məlum oldu ki, bəzi şərtlərlə müxtəlif mənbələrdən yardım almaq olar. Təşkilatın mərkəzi orqanına səmərəli nəticələr əldə eləmək üçün vacib qərarlar almaq səlahiyyəti verildi.

* * *

Azərbaycanda Müsavat partiyasının qurduğu milli rejim təxminən iki il davam eləmişdi. Bölşeviklərin ölkəni ələ keçirmələri ilə həmin rejimə son qoyuldu və yerinə kommunist rejim gətirildi. Milli hakimiyyətin süqut etməsilə həmin hakimiyyət tərəfindən verilən pasportlar da dəyişdirilməli, əvəzinə əvvəlki kimi rus pasportları verilməliydi. Bunu istəməyənlər yaşadıqları ölkənin rəhbərliyindən “vətəndaşlığı olmayan” adda rəsmi sənəd ala bilərdilər.

Yaranmış vəziyyət Oğuzun yay tətilini öz ölkəsində keçirmək fikrini alt-üst eləmişdi. Artıq Kiyevə gedib Rayanı da görə bilməyəcəkdi. Oğuz yenidən Rusiya vətəndaşı olmuşdu, Rusiyaya getsə bir daha qayıda bilməyəcəyini yaxşı bilirdi. Təhsilini başa vuranadək Avropada qalmaq məcburiyyətindəydi. O da bu addımı atdı.

Oğuz özünü Berlin həyatına alışdırmış, məktəbdəki təhsilini yoluna qoymuşdu. O, görəcəyi işləri müəyyən proqramla həyata keçirməyi və ahəngdar yaşamağı öyrənmişdi.

Gəzintilərinin birində Elzanı görmək arzusuyla “Hospis”ə baş çəkdi. Söhbət əsnasında Elza belə bir təklif elədi:

– Mən sabah günortadan sonra bir rəfiqəmin ad gününə dəvət olunmuşam. İstəsəniz, siz də mənimlə gedə bilərsiniz. Məktəb illərindən rəfiqəm olan Helena çox yaxşı qızdı, görərsiniz.

Oğuzun razılığını almadan dərhal rəfiqəsinə zəng elədi, Oğuzu da özüylə gətirəcəyini dedi.

Ertəsi gün Helenanın ad günü süfrəsi ətrafında yığışan qonaqlar arasında Oğuz da vardı. Əcnəbi olduğuna görə bütün qonaqlar kimi evin xanımı da ona xidmət göstərməyə can atırdı. Burada Oğuz Helenanın anası və yeganə qardaşıyla tanış oldu. Ataları bir neçə il əvvəl ölmüşdü.

Yaxın küçədə yaşayan Helena Oğuzun xoşuna gəlmişdi. Onun axtardığı xasiyyətlər Helenada vardı: ortaboy, girdəsifət, gülərüz, dizlərinə çatan şabalıdı rəngli saçlar, ölçülü-biçili danışıq. Oğuz onunla dostluq eləmək fikrinə düşdü. Helenanın xüsusi piano dərsi aldığını, həftənin iki günü dərsə getdiyini öyrənmişdi. Bir gün dərsə gedəndə onun qarşısına çıxıb soruşdu:

– Gedəcəyiniz yerəcən sizinlə yol yoldaşı olmağıma icazə verərsinizmi?

Görüş Helenanı həm çaşdırmış, həm də sevindirmişdi. Yanaşı addımladılar. Getdiyi yer uzaq deyilmiş, söhbətləri uzun sürmədi, ayrıldılar. Oğuz bundan razı qalmadı. Küçədə gəzişib Helenanın çıxmasını gözlədi və onu evlərinəcən ötürdü.

Bu cür başlayan dostluq get-gedə möhkəmləndi. Helenanın ailəsi bu vəziyyətlə barışdı və onların dostluğu Oğuz məktəbi bitirənəcən davam elədi. Demək olar ki, gənclər hər gün görüşürdülər. Oğuz bəzən dərsə hazırlığından qalmasın deyə, onun evində məşğul olurdu. Arada Oğuz Helenaya evlənmə təklif elədi, ancaq qızın anası bu məsələni oğlanın təhsilini bitirənəcən təxirə salmasını məsləhət gördü.

Oğuz həm dərslərini yola verir, həm də əyləncələrindən qalmırdı. Bəzən sevdiyi qızla rəqs gecələrinə, teatra, kinoya gedirdi. Qışın ən sevimli əyləncəsi bir çox dost-tanışlarıyla birgə Neu See gölündə sürüşmək idi.

Oğuz tələbə həmyerliləri ilə də məktublaşırdı. Onunla birgə bütün azəri tələbələrin maddi vəziyyəti gündən-günə pisləşirdi. Xarici mənbələrdən pul tapmaq məsələsi baş tutmamışdı. Özləriylə gətirdikləri pul demək olar, tükəndiyinə görə, hər tələbə güzəranını birtəhər yola verirdi. Oğuzun vəziyyətini dərk eləyən Helena hələ də arabir ona müxtəlif bəhanələrlə borc pul verirdi.

Oğuzun təhsilini başa vurmasına üç semestr qalmış Azərbaycan Sovet Sosialist Hökuməti tələbələrə xərclik göndərməyə razı oldu. Ancaq göndərilən pul az olduğundan yenə başqa bir güzəran mənbəyi axtarmaqda idilər.

Beləcə, Oğuz təhsilini başa vurdu. Uzun illərdən bəri qarşısına qoyduğu məqsədə dolanbac yollarla çatmış, qarşısında geniş həyat və fəaliyyət meydanı açılmışdı. O, bu yolu keçəndə qarşılaşdığı çətinlikləri səmimi bir dostuna məktubla belə nağıl elədi:

“…Təhsilimi başa vurduğuma görə, rahatlandığımı güman eləmə. Tələbə olanda fikir vermədiyim, həllini təxirə saldığım məsələlər dərhal qarşımda dayandı. İndiyəcən səndən gizlətdiyim bir sirri açmalıyam. Berlinə gəldiyim ilk günlərdən Helena adlı bir alman qızıyla dostluq eləyirəm, onun xarici görünüşü kimi xasiyyətini də bəyənir, yanımda olanda özümü inamlı hiss eləyirəm. Onu ürəkdən sevirəm. Helenanın qardaşı mənə fabrikdə münasib iş tapıb. Helenanın yanında qalmaq məni xoşbəxt eləsə də, vətənimdən, doğmalarımdan və uşaqlıq xatirələrimdən uzaqda olmaqdan ömrüm boyu əzab çəkəcəyəm. Məni tərbiyə eləyən adamların arasında olmaqdan, onların qayğılarını bölüşməkdən boyun qaçırmağım düz hərəkət sayıla bilməz. Siyasət adamı olmadığıma və heç nəyə qarışmayacağıma görə Azərbaycana getmək məndən ötrü təhlükəli deyil. Desən ki, “Helenanı da özünlə apar”, bu heç də asan məsələ deyil. Almaniyanın qanunlarına görə evlənəcəyim gün Helena Almaniya vətəndaşlığından çıxarılacaq. Ona da sovet pasportu almalı olacağıq, Azərbaycana çatanda isə onun ökədən çıxması qadağan ediləcək. Azad yaşamış bir qız üçün bunun nə demək olduğunu sən də bilirsən”.

Oğuz ürəyindəkiləri kağıza boşaltmışdı. Məktubu yola salandan sonra qəlbinə rahatlıq çökdü, sanki bütün təxirə salınmış məsələləri həll eləmişdi.

Gənclər evlənmək barədə öz aralarında qərar qəbul elədilər. Helena Azərbaycana getməyin əleyhinə çıxmadı, heç bir şərt də irəli sürmədi:

– Həyatımızı birləşdirmək istəyirik, – dedi, – vahid vücud kimi eyni yolla gedəcək, sevincimizi-kədərimizi bölüşəcəyik. Səni səndən yaxşı tanıyıram. Sənə tamam inanıram. İrəlidə nələrlə rastlaşacağımız barədə indidən düşünmək hələ tezdi. Azərbaycan mənə yad görünə bilər, amma alışaram. Nə qədər ki, sən yanımda olcaqsan, heç nə məni qorxuda bilməz.

Oğuz Helenanın dediklərindən çox razı qalmışdı. Onu qucaqlayıb öpməkdən özünü saxlaya bilmədi və dedi:

– Sənə hər dəfə Azərbaycandan danışanda tünd rənglər qatırdım. Sözlərindən belə başa düşdüm ki, yaranan mənzərə səni heç də qorxutmayıb. İndi həmin mənzərəyə çəhrayı və ağ rənglər vuraq. Xalqımız qonaqsevərdi. Əcnəbi olanda göstərilən hörmət daha da artır. Ora getsək, əyləncəmiz əskik olmayacaq, həftələrlə davam eləyən gəzintilərdə iştirak eləyəcək, çoxlu dostlar qazanacaq, onlarla yaxşı vaxt keçirəcəyik. Hələ çox şeyləri demirəm. Sovetlərdəki aclıqdan söz açırlar. Bunun müvəqqəti olduğuna inanıram. Əlbəttə, belə bir vəziyyət uzun sürməyəcək.

Bu səmimi söhbət gəncləri bir-birinə daha da bağladı.

Helena bir neçə gün ərzində anasından evlənmələrinə icazə qopara bildi, amma yaşlı qadın Azərbaycana getmələri barədə heç eşitmək belə istəmirdi. Qəzetlər elə hey Sovetlərdəki vəziyyətin pis olduğundan, getdikcə də pisləşəcəyindən yazırdılar. Yazılanlara görə, Sovetlərdə yaşayan əhali azadlıqdan məhrum, ac və kədərli həyat sürür, gizli polis təşkilatı “Çeka” camaatın qəlbinə qorxu salıb, onları nəfəs çəkməyə qoymur.

Helenanın yalvarışlarına tab gətirə bilməyən ana qardaşlarını evə çağırdı:

– Mən qızımı gələcəyi qaranlıq olan bir ölkəyə göndərə bilmərəm. Siz də onun dayısı, söz sahibisiniz. Məsələ barədə fikrinizi öyrənmək istəyirəm.

Helena dayılarının deyəcəyi sözləri gözləmədən anasının narahatlığına son qoymaq məqsədilə söhbətə qarışdı:

– Anacan, narahat olma, hələ heç yerə getməmişəm. Məsələni müzakirə eləmək üçün yığışmışıq. Əlbəttə, daha yaxşı çıxış yolu tapılacaq, ona görə hərəkət eləyəcəyik. Sovetlərdəki aclıq və yoxsulluq əbədi davam eləyə bilməz ki.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации