Текст книги "Adsız itin qayıdışı"
Автор книги: Seymur Baycan
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Seymur Baycan
Adsız İtin Qayıdışı. Hekayələr
Puqaçov üsyanı
Yaddaşım hər zaman, hər yerdə adamlarda heyrət doğurub. Yeddinci sinifdə orta məktəbi tərk edərək ibtidai hərbi məktəbə daxil oldum. Azərbaycan bölümündən qəflətən rus bölümünə keçməyim mənə olmazın çətinliklər, əzablar yaşatdı. İt kimi idim. Başa düşürdüm, danışa bilmirdim. O vaxtlar itlərin necə əzab çəkdiyini bütün hüceyrələrimlə hiss edirdim. Hərbi məktəbdə bir qayda vardı. Çalışan, zəhmət çəkən, öyrənmək istəyən uşaqlara müəllimlər rəhm edir, mərhəmət göstərirdilər. Qiymət almaqdan ötrü bilmədiyim rus dilində bir neçə səhifəni əzbərləməyə məcbur olurdum. İnsan çətinliklə qarşılaşmasa, öz qüvvəsini bilməz. Heç kimdən kömək gözləmirdim. Xoş təsadüfə ümid bağlamırdım. Məndə çətinliyə dözmək bacarığı, iradə güclənirdi. Şərait nə qədər çətinləşirdisə, özümü bir o qədər ağıllı və möhkəm hiss etməyə vadar edirdim. Çox tezliklə anladım ki, insanı möhkəmləndirən onun xarici mühitə göstərdiyi müqavimətdir. Hamı yatandan sonra kazarmanın koridorunda əlimdə tarix, ədəbiyyat, coğrafiya kitabları gəzişə-gəzişə bütöv səhifələri əzbərləyirdim. Zabitlər dərslərə hazırlaşan, rus dilini bilməyən kursantlara “yat” əmrindən sonra yatmamaq icazəsi vermişdilər. Rus dilini bilən ağıllı bir kursant rus dilini bilməyən kursantlara dərslərini hazırlamaqda köməklik edirdi. Yaxşı yadımdadır, bir gün tarix dərsində müəllimə məni ayağa qaldırıb yazı taxtasının önünə dəvət etdi. Özümü birtəhər ələ alaraq, bütün iradəmi, cəsarətimi səfərbər edərək qorxa-qorxa yazı taxtasının önünə keçib Puqaçov üsyanı mövzusunda əzbərlədiyim dərsi danışmağa başladım. Onu da qeyd edim ki, Puqaçova, nədənsə, hər zaman simpatiyam olub. Puqaçov üsyanından bəhs edən filmə uşaqlıqda bir neçə dəfə baxmışdım. Özüm də bilmədən Puqaçova dərin hörmətim yaranmışdı. Yazı taxtasının önündə əzbərlədiyim dərsi danışdığım zaman müəllimə birdən məni saxlayıb sual verdi. Suala təbii ki, cavab verə bilmədim. Müəllimə söhbətin nə yerdə olduğunu, dediklərimin mənasını anlamadığımı, dərsi əzbərlədiyimi başa düşdü.
– Sən bütün bunları əzbərləmisən?
Başımla təsdiq etdim.
– Boje moy. Kakoy ujas. Koşmar… İdi sadis na svoe mesto.
Bütün sinif heyrətlə mənə baxdı. Əzbərlədiyim cümlələrin mənasını özüm başa düşməsəm də, tarix müəlliməsi çəkdiyim zəhmətə görə mənə bir üç yazmaq məcburiyyətində qaldı. Tarix müəlliməmiz kök, fiqurasız, mərhəmətli, ürəyiyumşaq bir qadın idi. Elə bil, müxtəlif ölçülü yarımkürələrdən quraşdırılmışdı. İçi qarpızla dolu bir çuvala oxşayırdı. Bu qadından söz düşmüşkən onun yaddaşıma həkk olunmuş bir hərəkətini mütləq qeyd etməliyəm. Atam təzə rəhmətə getmişdi. Tarix müəlliməsinin sinfində, pəncərənin yanında oturarkən Günəşli qəsəbəsindən şəhərə doğru hərəkət edən 333 və 223 nömrəli avtobusları görürdüm. Xüsusən, yağışlı günlərdə şəhərə doğru hərəkət edən avtobusları görəndə ürəyim bərk sıxılırdı. Ta uşaqlıqdan darıxmaqdan əziyyət çəkən bir adam hərbi məktəbin böyük ərazisində canını qoymağa yer tapmırdı. Avtobusda şəhərə gedən adamlara qibtə edirdim. Hərbi məktəbin ərazisindən mülki həyat mənə çox əsrarəngiz görünürdü. Hərbi məktəbə daxil olmağıma it kimi peşman olmuşdum. Amma təəssüf ki, artıq geriyə yol qalmamışdı. Üç ilimi burda keçirmək məcburiyyətində idim. Atamın rəhmətə getməsi, Günəşli qəsəbəsindən şəhərə doğru hərəkət edən avtobuslar, yağışlı hava, darıxmağım – hamısı bir-birinə qarışdı. Balaca ürəyim bu qarışıq hislərə, bu qüssəyə dözmədi. Qızmar qəhər yumağı sürünərək hülqumuma yaxınlaşdı, məni boğmağa başladı. Ağzım duz daddı. Dərsdə qəfildən hönkürdüm. Bütün sinif çevrilib mənə baxdı. İrina Feodorovna, tarix müəlliməmiz yerindən qalxıb mənə yaxınlaşdı. Sual verdi:
– Sən onu xatırladın?
Ağlaya-ağlaya başımla təsdiq etdim. O, toppuş əli ilə başımı sığalladı və dedi:
– Get, bir az bayırda gəz, gələrsən.
Onun mehriban səsini, səsinə çox gözəl yaraşan məxmər kimi yumşaq, ətli əlini indiyə qədər unutmamışam. “Sən onu xatırladın?” Üç sözdən ibarət bu sualda böyük bir qəlb gördüm. İndi də tarix müəlliməmi xatırlayarkən mənə elə gəlir ki, sakit bir məbədə daxil oluram.
Əvvəlcə sinif otağını, sonra isə tədris korpusunu tərk edərək zeytunluğa tərəf getdim. İnsan öz qəm-qüssəsi ilə mübarizəyə var qüvvəsini sərf etdiyi bir zamanda, yanında şahid olması ona xoş gəlməyə bilər. Zeytun ağaclarının arasında gəzərək, uşaqlığımda olduğu kimi, göz yaşlarımdan zövq alaraq doyunca ağlayıb yüngülləşdim. Üzümü yuyub sinfə qayıtdım. Bütün bunlar həyatımdan 15-20 dəqiqə vaxt apardı. İndi də Zığ şosesi ilə maşınla gedərkən zeytun ağaclarını gördükdə o ağacların altında gəzişə-gəzişə ağladığım vaxtları xatırlayıram.
Çatski nə istəyirdi?
Tarix dərsi ilə müqayisədə rus dili və ədəbiyyat dərsində daha çox əzab çəkirdim. Rus dilini bilən uşaqlar rayondan gəlmiş rus dilini bilməyən uşaqları hər addımda sancır və incidir, onlara hər fürsətdə gülürdülər. Başqa millətin nümayəndələri, məsələn, ruslar, beloruslar, xüsusən xoxollar bizə, rus dilini bilməyənlərə daha hörmətlə yanaşırdılar, bizə köməklik etməyə çalışırdılar. Rus dilli müəlliməmiz tarix müəllimimizə nisbətən daha tələbkar və sərt müəllimə idi. Yaxşı yadımdadır, biz Qriboyedovun “Ağıldan bəla” dərsini keçirdik. Müəllimə məni ayağa qaldırıb sual verdi:
– Kursant Əliyev Seymur!
– Mən!
– Qalxın ayağa!
Qorxa-qorxa ayağa qalxdım.
– Deyin görüm, Çatski nə istəyirdi?
Suala cavab verə bilmədim. Üstəlik, işləri lap korlayaraq müəlliməyə “siz” yox, “sən” deyə müraciət etdim. Müəllimə bərk əsəbiləşdi. Məni möhkəm danladı. Dedi ki, mən müəlliməyəm. Siz mənə hörmət etməlisiniz. Müəlliməyə “sən” deyə müraciət etmək olmaz. Bu, tərbiyəsizlikdir. Onu başa sala bilmədim ki, müəlliməyə «sən» deyə müraciət etməyim tərbiyəmin nəticəsi deyil, dili bilməməyimin nəticəsidir. Ləyaqətimi sübut etmək üçün ağlamaqdan savayı özgə bir vasitəm qalmamışdı. Müəllimə peşman oldu. Ürəyi yumşaldı. “Çatski nə istəyirdi” sualına cavab vermək üçün mənə bir həftə vaxt verdi. Həmin gün axşam bir zabitdən ömrümün ən faydalı məsləhətlərindən birini eşitdim. Fikirli-fikirli kazarmanın önündə gəzişirdim. Zabit məndən niyə fikirli olduğumu soruşdu. Dedim ki, müəllim tapşırıq verib. Bir həftəyə öyrənməliyəm. Zabit dedi:
– Rus dilində keçdiyin dərsləri Azərbaycan dilində oxu. Vaxt itirmə. Dili sonra, onsuz da, öyrənəcəksən. Burda bir kursant vardı. O da rayondan gəlmişdi. Rus dilini bilmirdi, amma keçdiyi dərsləri Azərbaycan dilində oxuyurdu. Sonra rus dilini öyrəndi, ali hərbi məktəbə daxil oldu. Təyyarəçidir…
Bu məsləhət ağlıma batdı. Böyük çətinliklə Qriboyedovun “Ağıldan bəla” əsərini tapıb Azərbaycan dilində oxudum. Bir həftədən sonra rus dili və ədəbiyyat müəlliməmiz məni yenidən ayağa qaldırıb sual verdi:
– Kursant Əliyev Seymur!
– Mən!
– Qalxın ayağa. Deyin görüm, Çatski nə istəyirdi?
Suala rus dilində cavab verə bilmədim. Müəllimə məni xeyli danladı. Sinifdə uşaqların arasında xeyli xəcalət təri tökdüm. Müəllimə rəhm edərək mənə daha üç gün vaxt verdi. Dedi ki, bu sonuncu möhlətdir. Əgər suala cavab verə bilməsəm, məni bir daha dərsə buraxmayacaq və məktəbdən xaric olunmağım üçün rəhbərliyə müraciət edəcək. Dərs bitdi. Uşaqlar sinfi tərk etdi. Mən sinifdə ləngidim. Qorxa-qorxa müəlliməyə yaxınlaşaraq Azərbaycan dilində dedim:
– Müəllimə, mən bilirəm Çatski nə istəyirdi.
– Yaxşı. Danışın!
Çatskinin nə istədiyini Azərbaycan dilində müəlliməyə danışdım. Müəllimə baxdı sifətimə. Dedi ki, gündəliyinizi verin mənə. Çantamdan gündəliyimi çıxarıb müəllimənin masasının üstünə qoydum. Müəllimə gündəliyimə “üç” qiyməti yazdı. Həmin gündən sonra Azərbaycan dilində kitabları taparaq oxuyurdum. Xeyli rahatlaşmışdım. Başa düşdüm ki, əslində, mən öz kursant yoldaşlarımın çoxundan bacarıqlıyam, sadəcə, dili bilməməyim fikirlərimi ifadə etməyə mane olur. Vəssalam. Məktəbdən qovulmaq qorxusunu özümdən birdəfəlik uzaqlaşdırdım. Həftəsonu buraxılış vərəqi aldıqda xalamgilə gedir, onların evindəki kitabxanadan lazımlı kitabları götürüb özümlə hərbi məktəbə aparırdım. Beləliklə, qısa müddət ərzində xalamgilin evindəki kitabxanadan mənə lazım olan və lazım olmayan kitabların, demək olar ki, hamısını hərbi məktəbə daşıyıb oxudum. Xüsusən, əlli cildlik dünya uşaq ədəbiyyatı seriyası hərbi məktəbin darıxdırıcı mühitində mənə xeyli köməklik etmiş oldu.
Üstündən təxminən 15 il keçdikdən sonra müəlliməmlə həyatda bir daha qarşılaşdım. “Gündəlik Azərbaycan” qəzetində işləyirdim. Bir gün redaksiyanın rahat və işıqlı, təmiz bufetinə çay içmək üçün düşərkən müəlliməmi gördüm. Bufetdə bir həmkarımla söhbət edirdi. Ötən illər gözəlliyini soldurub üzünü qırışlarla bəzəsə də, müəlliməmi o dəqiqə tanıdım.
– Müəllimə, necəsiniz? Adım Seymurdur. Əliyev Seymur. Beşinci rota, altıncı vzvod. Xatırlayırsınız?
Qəribədir ki, müəllimə məni tanıdı. Çünki bir çox hoqqalarımın, oyunlarımın və qəribəliklərimin sayəsində hərbi məktəbdə üç min kursantın arasında tanınmağa, digər kursantlardan seçilməyə nail olmuşdum. Biz qucaqlaşdıq. Kövrəldim. Müəlliməmi görməklə bir anda 15 il əvvələ qayıdaraq hərbi məktəbdə baş vermiş bir sürü hadisəni xatırladım.
– Burda xeyir ola, müəllimə?
Müəllimə dedi ki, dələduz adamlar onu aldadaraq evini əlindən alıblar.
– Məhkəməyə verdim, məhkəmə əleyhimə qərar çıxardı. İndi qalmışam küçələrdə. Gəldim redaksiyaya, müsahibə verim. Bəlkə bir xeyri oldu.
Müəlliməmin halına acıdım. Çox pis oldum. Gücüm yalnız həmkarımdan müsahibəni səliqəli və geniş hazırlamağı xahiş etməyə çatdı. Bundan savayı ona heç bir köməklik və yaxşılıq edə bilməzdim…
Puşkin haqqında xatirə
1990-cı il sentyabrın sonu, oktyabr ayının əvvəli rota komandirimiz bizim vzvoda bir rus gətirib uşaqlara təqdim etdi. Bəlkə də o yazıq heç rus deyildi. Belorus və yaxud da ukraynalı idi. O vaxtlar mən bir çox insan kimi, slavyan xalqlarını bir-birindən ayıra bilmirdim. Bütün sarışın adamlar mənim üçün rus sayılırdı. Söhbəti uzatmadan bəri başdan deyim ki, biz rusu yaxşı, qonaqpərvərliklə qarşılamadıq. Birincisi, 1990-cı ilin yanvar ayında rus-sovet qoşunları Bakıya daxil olaraq qırğın törətmişdi. Bu da adamların ruslara qarşı münasibətinə istər-istəməz öz təsirini göstərmişdi. Biz yeniyetmələr də bu təsirdən kənarda qalmamışdıq. İkincisi, əvvəl gündən bir yerdə olan uşaqların arasına sonradan kimsə düşəndə həmişə ona qarşı münasibət bir müddət pis olur. Bu, hər yerdə belədir. Üçüncüsü, biz yeniyetmə kimi qaydaları pozmağı qəhrəmanlıq hesab edirdik. Hər fürsətdə qaydaları pozmağa çalışırdıq. Vzvodumuza təzə gəlmiş rus isə qaydalara riayət etməkdən zövq alırdı. Məsələn, biz səhərlər qaçanda ağacların arxasında gizlənirdik. Ya da min biclik işlədərək məsafəni qısaldardıq. O isə verilən tapşırıqların hamısını vicdanla yerinə yetirirdi. Biz geyim formasını pozurduq. Kimsə şalvarının balağını qısaldırdı. Hərbi çəkmə əvəzinə mülki çəkmə geyinirdi. Qaydaya uyğun olaraq kiteli şalvarın üstünə deyil, şalvarın içinə salırdı. Öz kəmərimizi deyil, min zülmlə Ali Hərbi Dənizçilik məktəbinin kursantlarına məxsus kəmər əldə edərək belimizə taxırdıq. O isə geyim qaydalarına yüzdə yüz əməl edirdi. Çəkmələri par-par parıldayırdı. Hər gün kitelinin boğazına ağ yaxalıq tikirdi. Bütün bunlar bizim qəzəbimizə səbəb olurdu. Onun geyimini pis günə salmaq fürsətini qaçırmırdıq. Çəkməsini batırırdıq. Kitelinin üstünə qələmlə axmaq sözlər yazırdıq. Gecə ona yatmağa imkan vermirdik. Hətta bəzi qəddar kursantlar onun ayaq barmaqlarının arasına kağız qoyub yandırırdı. Yemək vaxtı onun supunun, borşunun içinə kağız parçaları atırdılar. Pendirini, yağını, almasını, peçenyesini oğurlayırdılar. O, çox vaxt yavan çörək yeməyə məcbur olurdu. Bir dəfə uşaqlar məni bərk qızışdırdılar, dedilər, rusdan qorxursan və mən də digər uşaqlardan ayrı düşməmək üçün sürü psixologiyasına əməl edərək onun borşunun içinə kağız parçaları atdım. Bu hərəkətim ona çox pis təsir etdi. Çünki o, məni, deyəsən, başqalarından ayırırdı. Mənimlə dostluq etməyə çalışırdı. Dərslərimi hazırlamaqda mənə kömək etmək istəyirdi. Mən hərbi məktəbdə boyca ən balaca uşaqlardan biri idim. Rusu qoruya bilməzdim. Qorumaq nədir, başqalarından geri qalmamaq üçün özüm də ona məcburən sataşmalı olurdum. Əslində isə, doğrudan da, ona yazığım gəlirdi. Onun iradəsinə mat qalmışdım. Onun bizim hamımızdan güclü olduğunu hiss edirdim. O, öz iradəsi ilə bizim hamımıza meydan oxuyurdu. Biz öz hərəkətlərimizlə onun qarşısında öz cılızlığımızı nümayiş etdirirdik. Bir dəfə uşaqlar lap ağın çıxararaq onu döydülər. Növbəti həftənin birinci günü anası hərbi məktəbə gəldi. Bizə dedi:
– Uşaqlar, inanın, o, mənə heç nə deməyib. Özüm hər şeyi gördüm (onun bədənində qalmış yumruq, təpik izlərini anası görmüşdü. Nə qədər sorğu-suala tutsa da, o, anasına heç nə deməmişdi. Heç kimin adını çəkməmişdi. Hərbi təlim zamanı yıxıldığını bəhanə gətirmişdi). Siz uşaqsınız, heç nə bilmirsiniz. Siz həyatınızın ən xoşbəxt günlərini yaşayırsınız. Bunu sonralar başa düşəcəksiniz. Puşkin liseydə keçirdiyi günlərini özünün ən xoşbəxt günləri hesab edirdi. Lisey yoldaşlarını daima ən xoş hislərlə xatırlayırdı…
Onun anası arıq, sadə geyinmiş, sakit səslə danışan bir qadın idi. Ərindən ayrılmışdı. Övladını tək böyütmüşdü. Biz eşşəklər qadının dediklərindən heç nə başa düşmürdük. Nə lisey, nə Puşkin, nə xoşbəxtlik… Biz bu söhbətlərdən, bu anlayışlardan çox uzaq idik. Bir neçə aydan sonra rus hərbi məktəbi tərk etdi. Deyəsən, onlar ölkədən çıxıb getdilər.
Sonralar Puşkinin məktublarını, Puşkinə yazılmış məktubları oxuyanda istər-istəməz hərbi məktəbdə keçirdiyim günləri, rusu, onun anasını, anasının dediyi sözləri xatırlayırdım. O günlər, əlbəttə, həyatımın ən xoşbəxt günləri deyildi, hərəsi bir ölkəyə dağılmış kursant yoldaşlarımla heç bir əlaqəm yox idi. Lakin, buna baxmayaraq, Puşkinin məktublarını, Puşkinə yazılmış məktubları oxuyarkən bir vaxtlar rusa qarşı etdiyim hərəkətə görə ağır vicdan əzabı çəkmişəm. Onu tapmaq, dönə-dönə üzr istəmək istəmişəm. Axı onu necə tapmaq olar? Bu mümkünsüzdür. Allah bilir, tale onu hansı şəhərə, hansı qəsəbəyə, hansı kəndə atıb. Bəlkə də, o, artıq həyatda yoxdur. Onun anasının necə bədbəxt görkəmi vardı. Onun anası necə mehribancasına bizə öyüd-nəsihət verirdi. İlahi, sən özün bağışla! Uşaq olmuşam, başa düşməmişəm, bilməmişəm…
Uşağın elçilikdə nə işi var?
O vaxtlar, yəni mən uşaq olanda elçiliyə gedən böyüklər balaca bir biclik işlədirdilər. Özləriylə elçiliyə uşaq da aparardılar. Niyə? Uşağın elçilikdə nə işi var? Bir-birini tanımayan iki ailə görüşərkən söhbət etməyə çətinlik çəkirdilər. Uşaq bu gərgin abı-havanı yüngülləşdirirdi. Ciddiyyət buzunu əridirdi. Elçi gedilən evdə uşağı danışdırırdılar. Ona suallar verirdilər:
– Adın nədir?
– Seymur?
– Neçə yaşın var?
Barmaqlarınla yaşını göstərirdin. Əgər yaşın beşi keçibsə, dillə deyirdin:
– Altı.
– Böyüyəndə nə olmaq istəyirsən?
Hansısa bir peşənin adını çəkirdin. Həkim, milis, müəllim, samalyot sürən, zibildaşıyan, suka, cındır, oğraş, şair …
– Şeir bilirsən?
Yad adamların arasında əzbərdən şeir demək asan məsələ deyil. Onun-bunun üzünə baxırdın. Mənsub olduğun ailənin üzvləri göz-qaş edərək şeir deməyini tələb edirdilər. Onların baxışından bu sözləri oxumaq olardı: «Tez ol, şeir denən. Özü də çaşma. Bəs səni bura nəyə gətirmişik?» Bəziləri öz niyyətlərini sözlə bildirirdilər:
– Hə, əmisi, çoxlu şeir bilir. Bir az utanır… utanma …adam utanmaz…
Ən yaxşı bildiyin şeiri deyirdin. Yaşın yeddidən aşağıdırsa, Abdulla Şaiqin ya “Xoruz”, ya da “Keçi” şeirini əzbər deyirdin:
Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!
Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,
Qoymayırsan yatmağa
Ay canım məstan xoruz!
Əgər yaşın yeddini keçibsə, xoruz şeirini əzbərdən söyləmək o qədər də rəğbətlə qarşılanmırdı. Düzdür, bunu üzə deməsələr də, baxışlarından səndən razı qalmadıqları hiss olunurdu. Yaş yeddini keçibsə, gərək ya vətən, ya da ana haqqında bir şeir əzbərdən deməliydin. Şeiri deyərkən çaşanda, misralar yaddan çıxanda böyüklər ehtiyatla, hiyləgərcəsinə mehribanlıqla misranı yada salırdılar. Pərtliyi aradan qaldırmaq üçün kimsə deyirdi: «Əmisi, fikir verməyin, yad yerdədir. Utanır. Evdə heç vaxt çaşmır». Şeiri deyib qurtardıqda böyüklər ünvanına təriflər yağdırırdı:
– Ay maledes, ay malades.... afərin…
Biri səni qucaqlayıb öpürdü. Biri masanın üstündən yeməli bir şey, ya meyvə, ya peçenye, ya da konfet götürüb sənə verirdi. Almaq istəmirdin. Onun-bunun üzünə baxırdın. Mənsub olduğun ailənin böyük üzvləri hamısı ya sözlə, ya da baxışlarla razılıq verəndən sonra sənə uzadılan yeməli şeyi alırdın. Amma yemirdin. Ya əlində saxlayırdın, ya da cibinə qoyurdun.
Elçi getdiyin evdə uşağa verilən suallar getdikcə çətinləşirdi. Ta o vaxta qədər ki, cavab vermək mümkün olmurdu. Beləcə, böyüklər sənin əvəzinə cavab verirdilər. Bununla da, bir-birini tanımayan iki ailə arasında ünsiyyət yaranırdı.
Ana tərəfdən babamgil dayıma arvad almaq üçün P. rayonuna elçiliyə gedirdilər. Bu dəfə eksperiment dovşanı olaraq məni seçmişdilər. Çünki mən icazəsiz olaraq stolun üstündən heç nə götürüb yemirdim. Əynimdəki paltarı təmiz saxlayırdım. O biri uşaqlara nisbətən daha səliqəli və qəşəng görünürdüm. Söz soruşmayanda danışmırdım. Söyüş söymürdüm. Bir neçə şeiri əzbər bilirdim. Buna baxmayaraq, böyüklər yenə də məni xeyli təlimatlandırdılar. Zarafat deyil, biz başqa rayona elçiliyə gedirdik. Həm də elçi getdiyimiz, qızını dayıma almaq istədiyimiz ailə varlı ailə idi. Boynuma çox ağır bir yük düşmüşdü. Məni çimizdirdilər. Əynimə ən yaxşı paltarımı geyindirdilər. Dırnaqlarımı tutdular. Qulaqlarımı bir neçə dəfə təmizlədilər. Böyüklər öz ətirlərindən üstümə vurdular. Bir neçə müxtəlif arvad-kişi ətrinin iyi üstümdə bir-birinə qarışdı.
Elçiliyə gedənlərin hamısı ən yaxşı paltarlarını geyinib, ətirlənib bəzənib, ana tərəfdən nəslimizin ən yaxşı maşınına oturub yola düzəldik. Qəribə bir vəziyyət yaranmışdı. Elçiliyə gedənlərin hamısı axsayırdı. Birinin bir neçə gün əvvəl ayağı çıxmışdı. Birinin ayağına mismar batmışdı. Biri o qədər qocalmışdı ki, düz yeriyə bilmirdi. Babam isə lap gənc yaşlarında qəzaya düşüb ayağını bərk əzmişdi. O vaxtdan yeriyəndə axsayırdı. O, yol boyu bizə dönə-dönə xəbərdarlıq edirdi ki, elçi getdiyimiz evə çatanda axsamayaq. Düz yeriyək. Yoxsa adamlar elə bilərlər ki, nəslimizdə hamı axsayır. Maşında bir qoca arvad da vardı. Bu qoca arvad, babamın dayısı arvadı qocalıb-qocalıb ağlını azdırmışdı. O vaxtlar elçiliyə belə yaşlı arvad, ya da qoca kişi aparmaq qayda idi. Qarşı tərəfdən də belə qoca bir kişi, ya da arvad elçilik mərasimində iştirak edirdi. Sanki, iki nəsil arasında kim daha yaşlı, daha qoca adam tapa bilər yarışı keçirilirdi. Bu qocaların da öz missiyası vardı. Hər iki nəsildən olan yaşlı adamlar öz aralarında cavanlara nisbətən daha asanlıqla ünsiyyət yaradırdılar. Danışmaq üçün mövzu tapmağa çətinlik çəkmirdilər. Danışan zaman nəsə quş buraxanda arada pərtlik yaranmırdı. Ahılların elə ilk tanışlıq dəqiqələrində özlərində müşahidə etdikləri bu sərbəstliyi, bu açıq-saçıqlığı cavanlar pis başa düşüb nəzakətsizlik hesab etmirdilər. Hamı bir-birinə göz-qaş edib işarəylə bir-birinə deyirdilər:
– Əşi, fikir verməyin, qoca adamlardır. Başları uçub. Biz onların vaxtına çatanda daha betər olacağıq.
Qocaların mövzuları, söhbətləri başqaları üçün zarafat mövzusuna çevrilirdi. Qocalar bir qayda olaraq indiki cavanlardan şikayətlənir, keçmişin həsrətini çəkir, keçmişdəki qayda-qanunların, böyük-kiçiyin arasındakı pərdənin, adət-ənənələrin itməsindən təəssüflənir, ölənləri xatırlayır, müharibə vaxtı hökm sürən aclıqdan danışırdılar… Dünyadan köçmüş adamlar haqqında söhbətə başlarkən mütləq «allah rəhmət eləsin» cümləsini işlədirdilər. Məsələn, qocalardan biri söhbətə başlayırdı. «Allah ölənlərinizə rəhmət eləsin, mənim rəhmətlik qayınatam», deyib yüngülvarı pauza verirdi. Bu zaman hamı xorla «allah rəhmət eləsin» deyirdi. Xorla deyilmiş «allah rəhmət eləsin» cümləsi söhbətin ahəngini bir qram da pozmurdu. Hamı özünü olduğundan mədəni, mehriban, anlayışlı, dözümlü göstərirdi. Söhbət davam edirdi: «Rəhmətlik yaman söyüşcül kişi idi. Hər gün səhər qayğanaq yeyirdi. Doxsandan artıq yaşadı»…
Bilmək olmurdu, bu söhbəti danışmaqda məqsəd, niyyət nədir. Dünyadan köçüb getmiş bir adamın hər gün səhər qayğanaq yeməsinin bu günə nə dəxli var? Heç kim onun sözünü kəsmirdi. Söhbət davam edirdi. Məlum olurdu ki, hər gün qayğanaq yeyən kişi axşamlar yatmazdan əvvəl bir kasa sarımsaqlı qatıq içirmiş. Dayanmadan işləyirmiş. Ot çalırmış. Odun doğrayırmış. Üç dəfə evlənibmiş. Dördüncü dəfə evlənmək istəyəndə övladları mane olublar. Səksən neçə yaşı varmış dördüncü dəfə evlənmək istəyəndə. Uşaqları deyiblər, ayıbdır eldən-obadan, qohumdan-əqrəbadan. Hə, söhbətin lap sonunda məlum olurdu ki, o cür sağlam kişi arvadsızlıqdan ölüb. Yoxsa yüzdən artıq yaşayardı. Yəni adam nə qədər yaşlanırsa, yaşlansın, ona həyat yoldaşı lazımdır. Heç kim bu həyatda tək qalmamalıdır. İnsana tək qalmaq olmaz. Qarşı tərəfin yaşlı adamı da belə söhbətə öz dəstəyini göstərmək üçün mütləq oxşar bir əhvalat danışırdı: «Allah ölənlərinizə rəhmət eləsin, mənim rəhmətlik əmim»… pauza… Hami xorla deyirdi: «Allah rəhmət eləsin».
Əgər qocalardan biri qadın, biri kişi olurdusa, məzəli bir mənzərə yaranırdı. Cavanlar zarafatla deyirdilər: «Bunların özünü evləndirmək lazımdır». Hamı bu zarafata gülürdü, ciddiyyət buzu tamam əriyirdi.
Biz tərəfdən elçilik mərasiminə gedən qoca arvad hıqqana-hıqqana maşına oturanda sürücüyə, anamın bibisi oğluna dedi:
– Ay bala, sən allah, ölülərin yanından keçəndə xəbər et, bir dua oxuyum. Yazıqdırlar…
Sürücü, anamın bibisi oğlu hoqqabazın biri idi. Arvadla yol uzunu məzələnirdi. Təpələrin başındakı üzümlükləri göstərib deyirdi:
– Ay arvad, ölülər…
Gözlərinin nuru itmiş arvad uzaqdakı dirəkləri başdaşı sanıb ölülərin ruhuna dua oxuyurdu.
Hə, elçiliyə gedən heyətdə mütləq bir hörmətli adam da olmalı idi. Biz tərəfdən babamın Bakıda universitetdə müəllim işləyən bir qohumunu hörmətli, savadlı, mədəni adam kimi heyətə daxil etmişdilər. Yəni, biz vəhşi deyilik. Nəslimizdə ağıllı, hörmətli, savadlı adamlar da var.
Belə bir qarışıq heyətlə elçiliyə gedirdik. Yollar sükutu sevmir. Yolda nədən söhbət etmədilər, nələri xatırlamadılar… Başqa toylar, başqa elçiliklər, adamlar, hadisələr yada düşdü. Hərə bir əhvalat danışdı. Sonra hara getdiklərini, niyə getdiklərini bir daha yada salıb, işin ciddiyyətini bir daha anlayıb orda özlərini təmkinli, mədəni aparmaqlarını bir-birlərinə bərk-bərk tapşırırdılar. Çoxlu qəsəbələrdən, kəndlərdən keçdik. Onu demək artıqdır ki, mənim üçün maşınla belə uzaq səfərə çıxmaq böyük xoşbəxtlik idi. Çöldəki otların, heyvanların, ağacların qoxusu maşının içərisinə dolurdu. Əlimi pəncərədən çıxarıb ələkeçməz küləyi tutmaq istəyirdim. Böyüklərdən biri üstümə acıqlanar, əlimi içəri salmağı tələb edərdi. Ərinməyib bu mövzuda bir olmuş əhvalat da danışardı. Kimsə harasa gedəndə əlini pəncərədən bayıra çıxarıbmış, qarşıdan gələn maşın əlini qoparıb aparıb. Hər bir görüntü, hər bir hərəkət onlara danışmaq üçün mövzu verirdi. Mövzudan mövzuya keçirdilər. Ucundan tutub ucuzluğa gedirdilər. Mən isə geriyə qaçan kəndlərə, adamlara, dirəklərə, ağaclara, hər şeyə acgözlüklə baxırdım. Maşından görünən mənzərələrin birini də qaçırmaq istəmirdim. Amma yuxu məni tutdu. Nə qədər istədim yatmayam, yuxuya qalib gələ bilmədim. Zərif və şirin bir mürgü əl-ayağımı bağlayıb mənə hakim kəsildi, bədənimi süstləşdirdi. Gözlərim yumuldu. Yatdım və təzədən oyandım. Oyanan kimi yatmağıma çox təəssüf etdim. Axı mən hər şeyə baxmaq istəyirdim. Yatdığım üçün nə qədər yol getdiyimizi bilmirdim. Getdik, getdik, getdik. Dərələrdən təpələrdən keçdik. Gəlib bir düzənliyə çatdıq. Burda maşınımız qəfildən xarab oldu. Motor susdu, dərhal çöllərin sakitliyinə qərq olduq. Babam gül ağzını açdı. Sürücünü, bacısı oğlunu o ki, var söydü. Elə qışqırdı ki, hətta boğazından fitə oxşar səs çıxdı. O yetim maşının kapotunu qaldırıb orda xeyli qurdalandı. Tərli bədəninə yapışan köynəyinin yaxasını tez-tez yelləyirdi. Günəş çölü od kimi qızdırmışdı. Bürkü gözlə görünəcək dərəcədə dalğa ilə axırdı. Belə vaxtda çöl yolunda yolçuya çox az təsadüf edərsən. Qızmar günəşdə maşının şüşələri elə parıldayırdı ki, bir an belə baxmaq olmurdu, sanki şüşələr indicə əriyərək axıb torpağa töküləcəkdi. Sürücü başını kapotun altından çıxarıb darıxdığını və əsəbiləşdiyini bildirən bir görkəmlə maşının təkərinə bir təpik vurdu. Heç nə alınmadı. Bütün ovqatımız korlandı. Maşını axsaq adamlar itələyib bir ağacın altına gətirdilər. Biz kölgəlikdə oturmuşduq, ancaq kölgədə də adam istidən boğulurdu. Ağır, bürkülü hava hərəkətsiz idi. Yanan üzlərimiz həsrətlə meh axtarırdı, amma mehdən bir əsər-əlamət yox idi. Ətrafda bir ins-cins də görünmürdü. Hər yerdə cırcıramalar cırıldayırdı. Acdıq. Arvadlar nə qədər hay-həşir salıb etiraz etsələr də, babam xonçalardan birini açıb hamımıza konfet, peçenye payladı. Ağacın altında oturub elçiliyə aparacağımız konfetləri, peçenyeləri yeməyə başladıq. Çölün ortasıyla bir torpaq yol keçir və bu yol ilə bir araba ağır-ağır bizə sarı gəlirdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?