Электронная библиотека » Seymur Baycan » » онлайн чтение - страница 2

Текст книги "Adsız itin qayıdışı"


  • Текст добавлен: 29 ноября 2022, 15:42


Автор книги: Seymur Baycan


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

Necə oldu, xoruzları sevdim?

Şəhərin səs-küyündən, maşınların tüstüsündən uzaqlaşmaq, bir az təmiz hava udmaq, təbiətlə ünsiyyətə girmək, həm də xeyli müddətdir heç cürə bitirə bilmədiyim romanımı bitirmək üçün rayona getdim. Hərənin bir xasiyyəti var. Romanın sonunu yaşadığım yerdə yaza bilmirəm. Gərək, harasa gedib orda yazam. Rayonda yaxın tanışımın, sadiq bir oxucumun vasitəsi ilə münasib qiymətə rahat, balaca bir ev kirayələdim. Tanışım onlarda qalmağımı nə qədər israrla xahiş etsə də, razı olmadım. Əgər onlarda qalsaydım, çoxlu söhbət edəcəkdik. O, mənə ədəbiyyatla, ölkədəki vəziyyətlə bağlı çoxlu suallar verəcəkdi. Beləcə, dincəlməyimə və yazmağıma mane olacaqdı. Onu və onun kimi əyalətdə yaşayan adamları qınamaq olmaz. Əyalətdə darıxır. Söhbət etməyə adam axtarır. Düşünmürlər ki, mən həm də bu suallardan, bu mövzulardan bir müddət aralanmaq üçün şəhərdən baş götürüb rayona qaçmışam. Kirayələdiyim evin sahibi Rusiyaya pul qazanmağa getmişdi. Evi, açarları ev sahibinin böyük qardaşından götürdüm. Kirayə pulunu da əvvəlcədən verdim. Ev rayona ən yaxın kəndin düz başında yerləşirdi. Səliqəli həyətdə hər cür ağaclar vardı. Burda heç kim mənə mane olmayacaqdı. Bu sakitlikdə istədiyim qədər yaza, oxuya, düşünə, xatırlaya, yata bilərdim.

Evə yerləşdiyim ilk gün yatağa tez girdim. Bərk yorulmuşdum. Doyunca yatıb, səhər yuxudan tez qalxıb, bir az piyada gəzib, on-on beş dəqiqə gimnastika edib, yaxşıca yuyunub, səhər yeməyi yeyib yazmağa başlamalı idim. Planımı belə qurmuşdum. Nə qədər yorğun olsam da, nə qədər bərk yatsam da, gecə küləyin səsinə oyandım. Vay vay vay… Necə bərk külək əsirdi. Göy elə bərk guruldayırdı ki, evdəki əşyalar sirkələnir, servantdakı qab-qacaq cingildəyirdi. Dayanmadan şimşək çaxırdı. Ətraf bir anda işıqlanır, sonra təzədən zülmətə qərq olurdu. Aləm dağılırdı. Yəqin qiyamət günü belə olacaq. Yox, bu, elə deyəsən, qiyamətin gününün özü idi. Bərk əsən külək iki pəncərəni birdən açdı. Masanın üstündəki vərəqlər evin dörd bir yanına səpələndi. Şkafın üstündəki köhnə şüşə bir qab yerə düşüb çilik-çilik oldu. Bilmirdim, nə edəm. Hansı pəncərəni bağlayam. Mən həyatımda belə bərk külək, belə amansız yağan yağış görməmişdim. Sonradan kəndin qoca sakinləri də bu sözü təkrarladılar:

«Mənim yetmiş yaşım var, hələ belə yağış görməmişdim. Mənim altmış yeddi yaşım var, hələ burda belə külək görməmişdim. Mənim altmış yaşım var, həyatımda belə hava görməmişdim».

Həmin gecə baş verənləri burda uzun-uzadı yazsam da, necə qorxduğumu, necə həyəcanlandığımı, necə təşviş keçirdiyimi heç cür ifadə edə bilməyəcəyəm. Pəncərəyə yaxın getməyə qorxurdum. Düşünürdüm ki, bu dəqiqə ildırım məni vuracaq. Uşaqlıqdan ildırımdan qorxuram. Özü də, çox bərk qorxuram. Üstəlik, tərslikdən, təbii ehtiyacımı ödəməli idim. Tualet isə əksər kənd evlərində olduğu kimi həyətin başında yerləşirdi. Bu qiyamətdə həyətin başında yerləşən tualetə gedə bilməzdim. Qapını açıb bayıra çıxdım. Qapını açmaqla evdə nə aşa bilərdisə, hamısı yerə aşdı. Sınıb çilik-çilik olan şüşə əşyalar, diyirlənən dəmir, plastmas qablar bir-birinə qarışdı. Birtəhər evin qarşısından dörd metr aralaşıb ağacın dibində öz təbii ehtiyacımı ödədim. Dayanmadan ildırım çaxırdı. İldırım çaxanda hər şey aydınca görünür, bir saniyə sonra hər yanı qaranlıq bürüyürdü. Düşünürdüm ki, bax, elə bu dəqiqə, təbii ehtiyacımı ödədiyim bir vaxtda məni ildırım vursa, bu, necə də axmaq və mənasız bir ölüm olar. Nə qədər işimi tez görməyə çalışsam da, bağırsağıma qədər islandım. Dişim dişimə dəyirdi. Həm qorxudan, həm də soyuqdan. Göy dəhşətlə guruldayır, sonra da bu gurultu göyün üzü ilə get-gedə aşağı enirdi. Elə bil, uzun pilləkənlə boş çəlləklər aşağı diyirlənirdi. Küləyin bir istiqaməti yox idi. Hər tərəfə təpilirdi. Gözə görünməyən düşməninə hücum edirmiş kimi onun üstünə atılırdı, zəncirini qırmış köpək kimi sanki dişlərini batırır, quduz-quduz didişdirir, ətini qoparmağa çalışırdı. Lakin hər dəfə elə bil ki, ağır bir təpik vurub onu geri qaytarırdılar. Külək zingildəyir, yenə hürə-hürə ora-bura təpilirdi. Hücum çəkib toz-torpağı göyə qaldırır, yarpaqları, kağız parçaların qabağına qatıb qovur, gözəgörünməzi ağzında çeynəyib didir, harasa uzaqlara tullayırdı. Onun səltənətinə, göylərə baş vurmağa cəsarət eləyən ağacları yerə yıxmağa çalışırdı. Evə qayıdıb birtəhər qapını bağladım. Ev alt-üst olmuşdu. Buyur, bu da sənə istirahət. Guya yazmağa, dincəlməyə, xatırlamağa, doyunca yatmağa, təmiz havada gəzməyə gəlmişdim. Təbiət imkan vermədi. İşıqlar yanmırdı. Yəqin elektrik dirəkləri aşmışdı. O gecə heç vaxt yadımdan çıxmaz. Bu qaranlıqda quru paltar tapıb əynimi dəyişmək zülm olardı. Ona görə, yaş paltarlarımı soyunub döşəməyə atdım. Lüm-lüt yatağa girib, yorğanın altında ayaqlarımı sinəmə yığıb yatmağa çalışdım. Hara yatırsan? O havada, o səs-küydə heç cürə yatmaq olmazdı. Elə bil, kəndi ağır toplarla mərmi yağışına tutmuşdular. Necə qorxduğumu təsvir etmək çətindir. Bu nə idi, İlahi? Yaxın tanışımın onlarda qalmaq xahişini rədd etdiyim üçün bərk peşman olmuşdum. Heç olmasa, yanımda bir adam olsaydı, bu qədər qorxmazdım. Yorğanın altında ağlıma min fikir gəlirdi…

Başımı yastığın altına soxub yorğana nə qədər bürünsəm də, göyün səsi heç boğulmurdu. Hərdən başımı çıxarıb pəncərəyə baxırdım. Bir anda aləmi işıqlandıran ildırım təzədən başımı yorğanın altına soxmağa məni məcbur edirdi. Haçandan-haçana bərk qəzəblənmiş təbiət hirsini-hikkəsini töküb yavaş-yavaş sakitləşməyə başladı. Yağış kəsdi. Göy daha guruldamadı. Ətrafa elə bir sakitlik çökdü ki, o cür səs-küydən, həngamədən sonra indi də bu sakitliyin özü məni qorxutmağa başladı. Bu, çox qorxunc bir sakitlik idi. Bircə səs, bircə səs belə gəlmirdi. Öz-özümə düşündüm, bəlkə böyük bir fəlakət baş verib? Görəsən, heç olmasa, sağ qalan adam olub? Yoxsa bəşər nəslini bu dünyada davam etdirmək mənim boynuma düşüb? İlahi, bu necə ağır məsuliyyətdir. Heç olmasa, bir səs gəlsəydi, həyatın davam etdiyinə, dünyanın dağılmadığına əmin olardım. Lap qoy çaqqal ulasın, yaxud bayquş. Ya kimsə kiməsə söyüş söysün. Ya kimsə kiməsə qarğış etsin. İt hürsün. Nə olursa olsun, bir canlının səsi gəlsin, bilim ki, bu dünyada məndən savayı da bir canlı yaşayır. Hər şey məhv olmayıb. Bir səs eşitmək ümidiylə ətrafı dinlədim. Bütün eşitmək qabiliyyətimi işə salsam da, heç bir səs eşitmədim. Səs yoxdu. Yoxdu səs. Bəlkə geyinib gedim yaxındakı evlərə bir baş çəkim? İşıqlar yanmır. Quru paltarlarımı, gəl, bu qaranlıqda tap əyninə keçirt. Lap, tutaq ki, tapıb geyindim, bu qaranlıqda hara gedəcəm? Ev kəndin başında yerləşir. Yəqin bütün yollar bərbad günə düşüb. Hər yer bataqlığa çevrilib. Hara getmək olar bu zığda-palçıqda. Necə getmək olar? Of, İlahi, bu nə iş idi, düşdüm! Bu, nə qorxunc sakitlikdi! Doğurdanmı, həyat bitdi? Bu zaman uzaqda, lap uzaqda banlayan bir xoruzun səsini eşitdim. Səs lap zəif eşidilirdi. Sonra daha bir xoruz bu səsə səs verdi. Sonra daha bir xoruz banladı. Səslər getdikcə yaxınlaşırdı. Bəlkə xoruz filan yoxdur. Qulağıma səs gəlir. Daha yaxınlıqda bir xoruz banladı. Onun səsini aydın eşitdim. Qulaqlarımı ovuşdurdum. Hətta hər iki qulağıma iki-üç yüngülvarı zərbə vurdum. Kəndin xoruzları xorla banlayanda o qədər sevindim ki, mübaliğəsiz, şişirtməsiz-filansız sevincdən gözlərim yaşardı. Deməli, hər şey məhv olmayıb. Həyat davam edir. O qədər sevindim ki, əgər əlimdə imkan olsaydı, gedib o xoruzları bir-bir tapıb qucaqlayar, bağrıma basar, dimdiklərin-dən öpərdim. Sonrakı günlər mən bu arzumu həyata keçirə bilərdim. Kəndin küçələrində gəzərkən qarşıma xoruz çıxdıqda mən xoruzu tutmaq, qucaqlamaq, öpmək istəyirdim. Lakin bunu adamların gözü qabağında necə edəsən? Onlar bunu nəyə görə etdiyimi başa düşəcəkdilərmi? Əlbəttə ki, üzümə deməsələr də, ürəklərində düşünəcəkdilər, yazığın başı xarab olub.

Çevrilmə

Universiteti iki il əvvəl bitirmiş, öz sənətini sevən, ömrünün sonuna qədər bəşəriyyətə və insaniyyətə xidmət etməyi qarşısına məqsəd qoymuş gənc rəsm müəlliməsi Orxanın çəkdiyi at rəsminə baxıb dərindən bir ah çəkdi və çox böyük nəvazişlə uşaqdan soruşdu:

– Orxan bəy, mənim balam, bu at niyə belə arıqdır? Bir az kök at çəkə bilməzdiniz?

– Müəllimə, bu at çox yorğundur.

Müəllimə Orxanda çoxdan qeyri-adilik hiss etmişdi. Bu uşaq sinifdəki bütün uşaqlardan kəskin seçilirdi. Uşaq daima pəncərədən bayıra baxırdı. Yağış yağanda xırdaca yağış damcılarının zərbəsindən ağacların yarpaqları titrəşər, navalçadan nazik su şırnağı axardı. Navalçanın altındakı gölməçədə balaca yaşıl qurbağa oturardı. Su qurbağanın başına tökülərdi, ancaq qurbağa yerindən tərpənməzdi, Təkcə gözlərini qırpardı. Gecələr Orxan yuxudan ayılar, pərdənin qırağını qatlayar, zəif işıqlı küçəyə tamaşa edərdi. Onun artıq on yaşı tamam olmuşdu. Heç kimlə danışmırdı. Gündüzlər evlərinin qarşısındakı balaca həyətdə oturub torpağı bir ovucundan o biri ovucuna boşaldar, susardı. Suallara qeyri-müəyyən və həvəssiz cavab verirdi. Sevgidə bəxti gətirməmiş və sevgiyə inamını itirmiş rəsm müəlliməsi (bir əclaf yazıçı müəllimənin sənətə, ədəbiyyata olan sevgisindən sui-istifadə edərək qızı aldatmış, kefini çəkmiş, sonra da aradan çıxmışdı) uşağın gözlərinə baxdı və uşağın gözlərində böyük kədər, yorğunluq gördü. Müəllimə uşağın başını sığallaya-sığallaya növbəti sualını verdi

– Bu at niyə belə yorğundur?

– Bilmirəm.

– Orxan bəy, siz böyüyəndə nə olmaq istəyirsiniz?

– Heç nə

– Necə yəni heç nə? Bəlkə, həkim olmaq istəyirsiniz?

– Yox, istəmirəm

– Bəlkə, təyyarəçi olmaq istəyirsiniz?

– Yox, istəmirəm

– Bəlkə, polis olmaq istəyirsiniz, ya da müəllim?…

– İstəmirəm

– Bəs nə olmaq istəyirsiniz? Axı hər bir insan böyüyəndə nəsə olmalıdır.

Orxan müəllimədən yaxa qurtarmaq istəyirdi. Ətrafa göz gəzdirdi və divardan asılmış balıq rəsmini gördü. Həvəssiz-həvəssiz müəlliməyə cavab verdi.

– Müəllimə, mən balıq olmaq istəyirəm

– Balıq?

– Hə, balıq

– Orxan bəy, balıqlar suda yaşayırlar. Biz insanlar isə quruda, torpaqda yaşayırıq.

– Mən balıq olmaq istəyirəm.

Müəllimə qeyri-adi uşaqları sevirdi, lakin Orxanın cavabı, uşağın balıq olmaq istəməsi onu çaşdırdı. Uşağın qeyri-adi olması yaxşı şeydir, daha bu qədər də yox.

– Yaxşı. Başa düşdüm. Ananıza deyərsiniz, sabah məktəbə gəlsin.

Həmin gün Orxan məktəbdən çıxıb evə getmədi. Bulvara tərəf üz tutdu. Heç nə ala bilməyəcəyi mağazaların qabağından keçdi. Bulvar məktəbdən bir kilometr aralıda yerləşirdi. Orxan sürahiyə söykənərək öpüşən, qucaqlaşan cütlüklərə əhəmiyyət vermədən çiynində çanta, bulvarda gəzdi. Sakit, nisbətən adamsız bir yer tapıb xeyli dənizə baxdı. Çantasından bulka çıxarıb qağayıları yemlədi. Ətrafa göz gəzdirdi. Sakitlik idi. Heç kim ona mane ola bilməyəcəkdi. Orxan məktəb çantasını asfaltın üstünə qoyub sürahinin üstünə çıxdı. Tərəddüd etmədən cəsarətlə özünü dənizə tulladı.

Şirin kökəyə bənzəyən günəşin qürub etməsi haqqında mənsur şeir

Kilsənin həyət qapısının önündə dilənçi oğlan oturmuşdu. Oğlan şalvarını dizinə qədər çırmalamışdı. Onun sağ ayağı eybəcər, taqətsiz, nazik idi, gündən qapqara qaralmışdı, üstünü sarı tük basmışdı. Cansız sol əli arıq dizində, sürtülmüş şalvarında hərəkətsiz dayanmışdı. Sağ əlində taxta fincan tutmuşdu. Fincanın dibində dəmir pullar vardı. Papaqsız idi. Çiynindən qalın kətan çanta asılmışdı. Əynindəki paltarı cırılıb, didilib cındıra dönmüşdü. Cındırın altında isə bir dəri, bir sümük qalmışdı. Bir də ki, hələ, hələ ki, döyünən bir ürək. Gözlərində üzüntülü, yalvarıcı ifadə, ayaqlarında yırtıq qaloşlar vardı. Qaloşlarına yapışmış palçıq qurumuşdu. Ətrafına sorulmuş limon tikələri, yumurta qabıqları, papiros kötükləri atılmışdı. Tükləri tökülmüş, gözləri taqətdən düşmüş qoca it başını qabaq əllərinin üstünə qoyub oğlanın yanında uzanmışdı. İtin qarşısında yekə bir sümük vardı. Lakin bu sümüyü gəmirməyə itdə hey qalmamışdı. Oğlan ağzından axan seliyə daraşan milçəklərə əhəmiyyət vermədən sakit səslə dini mahnı oxuyurdu. Onun oxuduğu mahnı qəlbimi dözülməz dərəcədə sızıldadırdı. Yaşlı bir kişi dilənçi oğlanın oxuduğu dini mahnıya qulaq asa-asa pırtlaşıq gur saçlı başını bulayırdı. Kilsənin ətrafına səpələnmiş müxtəlif rəngli atlar quyruqları ilə milçəkləri qovurdular. Atlardan bəziləri tüklü, toz basmış ayaqlarını aralı qoyaraq gözlərini yumur və mürgüləyirdi. Bəziləri isə darıxdıqlarından bir-birlərini qaşıyırdılar.

Hava sərinləşir, günəş qürub edir, kilsənin ətrafına tələbələr, qonaqlar, qızlar, müxtəlif təbəqələrə məxsus şəhər əhli toplaşırdı. Onların hamısı günəşin qürubunu görmək istəyirdilər. Bu əzəmətli mənzərə insanın qəlbində dua oxumaq həvəsi oyadırdı: Ey yeri-göyü yaradan Tanrı, biçarə bəndən bilərəkdən, ya bilməyərəkdən günah iş tutubsa, keç günahından.

Biz ehtiramla sakitcə dayanıb, gözəl günəşin üfüqlərin ənginliyinə enməsinə tamaşa etdik. Bənizlər qürub edən günəşin al şəfəqləri ilə nurlanmışdı. Qürub edən günəş şirin kökəyə bənzəyirdi. Əgər əlimdə imkanım olsaydı, şirin kökəyə oxşayan günəşin qırağından bir az dişləyib yeyərdim. Yanımda dayanmış qadının sifəti mənə tanış gəlirdi. Bu sifət mənə kimi xatırladır? Başımı aşağı salıb qəfil qadının sifətinə baxdım. Adətən, bu cür fənd bir adamı haradan tanıdığımı, kimə oxşatdığımı tez xatırlamaqda mənə kömək edirdi. Ancaq bu dəfə fənd işə yaramadı.

Musiqi tarixi

Elnarə adından xoşum gəlir. Hər şey bir tərəfə, sevdiyim ilk qızın adıdır. Arıq, uzun saçlı, sərçə kimi çevik bir qız idi. Deyirdin, indicə, bu dəqiqə havalanıb göyə qalxacaq. Uçub ağaca, dama, məftilə qonacaq. Onu görəndə utanırdım, həyəcanlanırdım. Yanaqlarım alışıb yanırdı. Elə bil, hər yanağıma bir köz parçası yapışıb qalmışdı. Başqa-başqa siniflərdə oxuyurduq. Onu görmək üçün dərsdən qaçmalı olurdum. Yolumu uzadırdım. Dərslərim qurtarsa da, evə getməyib məktəbin həyətində veyllənib Elnarənin dərsdən çıxmasını gözləyirdim. Gözləməkdən gözlərim, ayaqlarım yorulurdu, ürəyim yorulmurdu. Onun mənə qarşı münasibəti qaranlıq idi. Elnarənin məni sevdiyini, xoşu gəldiyini, ya da doladığını müəyyən etmək olmurdu. Sevgidə çoxlu mövhumat olur. Onun bütün hərəkətlərini öz xeyrimə yozurdum. Elnarə güldüyü zaman qız paltarı geyinmiş şeytana oxşayırdı. Heç bir igidin ürəyi bu gülüşün qarşısında tab gətirə bilməzdi. Saçı üzünə töküləndə saçını əli ilə arxaya daramazdı. Kəskin hərəkətlə başını silkələyib saçını geriyə atar və tellərinin hər biri öz yerini tutardı. Fikir verirdim ki, o, bu hərəkətindən xüsusi həzz alırdı. Mənim balaca ürəyim öz sakitliyini itirmişdi. Sevmək durduğun yerdə zibilə düşməkdir. Əzab çəkirdim. Bir qızın ürəyinə hansı vasitələrlə yol tapmaq haqqında heç bir təsəvvürüm yox idi. Bütün sevgililər kimi onu daha çox görmək istəyirdim. Təbiət məni qəfildən yaxalamışdı. Çaşmışdım. Duzu pomidor-xiyarın üstünə tökməli idim, pendiri duzlayırdım. Dovğanı çəngəllə içirdim. Davranışım anamın diqqətini cəlb etdi. Bir gün yemək yeyən zaman o soruşdu:

– Nə olub? Xəstələnib eləməmisən?

Sirrimi ondan gizlətmək istəmədim. Dedim, sevirəm. Anam soruşdu:

– Kimlərdəndir?

Dedim, filankəsin qızıdır. Anam dedi:

– Aralı dayan o qızdan. Onun bir anası var, həyasızın biridir. Bütün nəslimizi rayondan köçürər.

O vaxtlar böyüklər hər şeydən danışırdılar. Keçmişdə baş verənlərdən. Keçmiş toylardan, yaslardan, bayramlardan. Gələcəkdən, arzularından, qayğılarından, problemlərindən. Təkcə məhəbbət haqqında danışmazdılar. Deməli, sevməyiblər. Adamlar sevmədən üç, beş, altı, on, on iki övlad sahibi olurdular. Uşaqlar valideynlərindən soruşmazdılar, necə tanış olmusunuz, harada tanış olmusunuz. Bu kimi suallar heç kimin ağlına gəlməzdi. Böyüklər də necə tanış olmaqları haqqında danışmazdılar. Çünki onlar tanış olmamışdılar. Onları valideynləri, sadəcə, cütləşdirmişdilər. Ortada heç bir sevgi əhvalatı filan yox idi. Böyüklər tərəfindən cütləşdirilən oğlan və qız şüursuz canlılar kimi doğub törəyirdilər. Çox nadir hallarda kiminsə sevgi əhvalatı olurdu. Bu əhvalatlar da çox vaxt gülməli əhvalatlar kimi danışılırdı. Əsrlərlə adamlar belə yaşayıblar. Sevmədən. Sadəcə, cütləşərək. Bəlkə də buna görə şərqin sevgi dastanları, sevgi əfsanələri, sevgi poemaları həmişə mənə süni, saxta görünüb. Bu poemalarda heç bir konkretlik yoxdur. Bunları sevgi poemaları adlandırmaq böyük səhvdir, şərqin sevgi poemaları sadəcə poetik masturbasiyadır. Sevgi adlı bir hisslə adamlar bolşevik inqilabından sonra filmlər, əsərlər vasitəsiylə yavaş-yavaş tanış olmağa başlamışdılar. İnqilabdan əvvəl əhalinin cəmisi üç faizi oxuma-yazma bilirdi. Yazıb oxuya bilməyən adam necə məktub yazsın, hisslərini necə ifadə etsin?! Çox adam öz yaxın qohumlarıyla, xalaqızı, əmiqızı ilə ailə qururdu. Qız bir qapıdan çıxıb on metr aralıdakı qapıya gəlin köçürdü. İnqilabdan sonra qadınlar, qızlar işləməyə, oxumağa başladılar. Bunun nəticəsində müxtəlif bölgələrin adamları qaynayıb qarışdı. Yavaş-yavaş başqa bölgələrdən qız almaq, başqa bölgələrə ərə getmək ənənəsinin əsası qoyuldu. Bolşevik inqilabı nə qədər böyük dəyişikliyə səbəb olsa da, yenə də inkişafa mane olan adət-ənənələri tam silib yoxa çıxarmağa gücü çatmadı. Böyüklərin çoxu sevgidən, məhəbbətdən xəbərsiz bir halda cütləşərək oğul-uşaq sahibi olmuşdular. Ona görə də uşaqların, ya da yeniyetmələrin məhəbbəti yaşlılar tərəfindən möhkəm qınanılırdı. Uşaqların, yeniyetmələrin məhəbbətinə yaşlılar təhqiramiz, qısqanc münasibət göstərirdilər. Bax, beləcə də deyirdilər: «Dünən şalvarını batırırdı, bu gün qız sevir». Lağa qoyurdular. Dolayırdılar. Uşaqların, yeniyetmələrin məhəbbəti beşikdəcə boğulurdu. Onlar böyüklərin terroruna məruz qalırdılar. Qızlara nəzarət olunurdu. Bəzən döyürdülər. Evdən bayıra buraxmırdılar. Qızlar bir yerə gedəndə kimisə yanında aparmalı olurdular. Əgər evdə telefon vardısa, telefona yalnız kişi xeylaqları cavab verirdi. Qızların yalnız ən yaxın rəfiqələri və qadın qohumları ilə telefonda danışmasına icazə verilirdi. Əlbəttə, istisnalar var idi, lakin mən böyük çoxluq həyatı haqqında danışıram. Qızla telefonda danışmaq, gizlicə haradasa görüşmək çox az adama nəsib olurdu. Bir faktı yazım, mənzərə sizin üçün aydın olsun. Doxsan min adamın yaşadığı bir məkanda yalnız bir cütlük qoşa gəzirdi. Yalnız bir cütlük küçədə qoşa gəzməyə özlərində cəsarət tapa bilmişdilər. Qadının öz halalca ərinin qoluna girərək küçəylə addımlamaları adamlar üçün hədsiz dərəcədə maraqlı idi. Ər-arvadın küçədə qoşa gəzmələri nə qədər söz söhbətə səbəb olmuşdu…

Qəribə şeydir məhəbbət. Hərə məhəbbəti bir cür başa düşür. Məhəbbət hərəni bir cür hərəkətə sövq edir. Qız orta məktəbdən əlavə, həm də musiqi məktəbində fortepiano sinfində oxuyurdu. Beləliklə, Elnarəni daha çox görmək üçün mən də musiqi məktəbində oxumaq qərarına gəldim. Qərarım şöhrətpərəst anamı çox sevindirdi. Musiqi məktəbində oxumaq üçün anam əvvəllər məni çox dilə tutmalı olmuşdu. Ona görə ki, rayonun bir çox adlı-sanlı ailələrinin övladları o vaxt musiqi məktəbində oxuyurdular. Anam qısa müddətdə tanışlıq, qohumluq vasitələrindən, puldan, atamın təmiz nüfuzundan istifadə edərək sənədlərimi düzəltdi. Atam bölgənin ən məşhur ustalarından biri idi. Hər təbəqədən müxtəlif vəzifəli adamların atama işi düşürdü. Pula həris adam deyildi. Sifarişçilərin hansı təbəqədən olmasına məhəl qoymurdu. Əksinə, nisbətən kasıb adamların sifarişini daha tez yerinə yetirirdi. O vaxtlar ustalar işlədikləri evdə nahar edirdilər. Dədə-babadan qalma qayda belə idi. Ev sahibi evdə işləyən ustanı vaxtlı-vaxtında naharla, çayla təmin etməliydi. Atam dul qadının evində yemək yemirdi. Əgər ona eyni vaxta iki adam sifariş verirdisə, atam həmişə birinci köməksiz adamın sifarişini yerinə yetirirdi. Özü də daha ucuz qiymətə. Ümumiyyətlə, bizim nəsildə hərə bir cür istedadlı idi. Kiçik əmim təmir etdiyi elektrik motorlarına iki il zəmanət verirdi. Əmim ali təhsil ala bilməmişdi. Mənə elə gəlir əgər o, ali təhsil ala bilsəydi, bəlkə də güclü bir fizik ola bilərdi. Ötən əsrin 80-ci illərinin sonlarında farmazon gənclər maşınlarına müxtəlif səslər çıxaran siqnallar qoyurdular. Bölgədə bütün farmazon gəncləri belə siqnallarla əmim təmin edirdi. Əmim yaxşı pul qazanırdı və qazandığı pulların çoxunu o vaxt təzə başlamış xalq hərəkatına xərcləyirdi. Bir dəfə mən mitinqdə iştirak edirdim. Tribunada elan etdilər ki, Əliyev filankəs, yəni əmim, xalq cəbhəsinin yaratdığı fonda filan qədər pul köçürüb. Mitinqdə iştirak edən adamlar əmimin bu addımını alqışladılar. Onların çoxu bilmirdi ki, yanlarında dayanmış bu balaca uşaq addımını alqışladıqları adamın doğmaca qardaşı oğludur. İllər ötdü, xalq hərəkatı biabırçı məğlubiyyətə uğradı. Hərəkatın lideri döyüş meydanından doğulduğu kəndə qaçdı. Minlərlə, on minlərlə adam pərt oldu. Ruhdan düşdü. Həyatdan küsdü. Xəstələndi. Xalq hərəkatının iştirakçıları fürsətcil, hər şeyi lağa qoyaraq dövrünün məsuliyyətindən yaxa qurtarmaq istəyən adamların gülüş hədəfinə çevrildilər. Əmimin də əsəbləri bərk pozuldu. Xəstələndi. İş qabiliyyətini tamam itirdi. Nəhayət, yataqxanada, balaca bir otaqda acınacaqlı bir vəziyyətdə, övladlarını da Allahın ümidinə buraxaraq öldü. O, xalq hərəkatına xərclədiyi pullarla ömrünün sonuna qədər normal yaşaya bilərdi. Xalq cəbhəsinə xərclədiyi pullarla o vaxt paytaxta on ədəd, on beş ədəd ev almaq olardı…

Ortancıl əmimin kiçik oğlu sovet maşınlarının üzərində müxtəlif eksperimentlər aparmağı sevirdi. O, bir maşının detalını açıb tamam başqa maşına bağlayırdı və düşünürdü ki, belə daha yaxşıdır. Zavoddakı mühəndisləri qanmazlıq-larına görə elə hey söyürdü. Əmimoğlu rayonun ən güclü motor ustalarından biri sayılırdı. O, möhkəm içirdi. Atam və əmim kimi heç də pula həris deyildi. Güclü motor ustası olmağına baxmayaraq, pul qazanmağı heç xoşlamırdı. O, yalnız özünə lazım olan qədər pul qazanırdı. Məsələn, əgər ona üç gün sonra toya getmək üçün təzə kostyum almaq lazımdırsa, tez bir nəfərin sifarişini yerinə yetirib kostyumun pulunu qazanırdı. Başqa cür onu heç nə, heç kim işləməyə məcbur edə bilməzdi. Adamlar maşınlarını təmir etdirmək üçün onu axtarırdılar, o isə öz balaca «ZAP»ısında, balaca bəzəkli maşınında bütün günü avaralanırdı. Müxtəlif hoqqalar çıxarırdı. Onun haqqında “Quqark” romanında xeyli yazmışam. Ortancıl əmimin böyük oğlu isə oradan-buradan, zibilxanalardan, emalatxanalardan yığdığı dəmir-dümürlə heç bir işə, heç nəyə yaramayan müxtəlif əcaib maşınlar, axmaq cihazlar düzəldirdi. Camaat ata tərəfdən nəslimizin nümayəndələrinə dəli kimi baxırdılar. Çünki bizim nəslin hər bir nümayəndəsinin özünəməxsus qəribəlikləri və dəlilikləri vardı. Ən əsası isə, çoxlu pul qazana biləcəkləri halda, onların pula etinasız yanaşmalarını adamlar əsla başa düşmürdülər. Adamlar bizim nəslin pula etinasız münasibət göstərməsini bağışlamırdılar. Ona görə də, dəli sözü bizim nəslin bir çox nümayəndəsinə çox asanlıqla yapışırdı.

Belə bir nəslin nümayəndəsi kimi, musiqi məktəbində qısa müddətdə ad çıxaracağıma anam bərk inanırdı. Anam inanırdı ki, mən qısa vaxt ərzində bir musiqiçi kimi öz istedadımı ortaya qoyacam. Sənədlərim düzəlmişdi. Qalırdı musiqi aləti seçmək. Anam tar sinfinə getməyimi istəyirdi. Çünki o vaxtlar ölkədə qırmızı gitara möhkəm dəbə minmişdi. Tar sinfini bitirənlər toylarda qırmızı gitarada ifa edərək çoxlu pul qazanırdılar. Tardan zəndeyi-zəhləm gedirdi. Həm də musiqi məktəbi «Ümid bağı» adlanan məhəllədə yerləşirdi. Həmin məhəllənin uşaqları musiqi məktəbinin şagirdlərinə qan uddururdular. Uşaqları yolda tutub döyür, paltarlarını cırır, ağ köynəklərini palçığa batırır, musiqi alətlərini əllərindən alıb sındırırdılar. Əgər tarı seçsəydim, hər gün aləti özümlə musiqi məktəbinə aparıb gətirməyə məcbur olacaqdım. Ümid məhəlləsinin uşaqları yolda qabağımı kəsib tarı əlimdən alıb sındıracaqdılar. Bu kimi səbəblər üzündən qarmon alətini seçməli oldum. Qarmon sinfinə gedənlər musiqi məktəbinə alət aparıb gətirməkdən azad olunmuşdular. Uşaqları məktəbdə qarmonla dövlət özü təmin edirdi. Bununla belə, evdə məşq etmək üçün anam mənə 80 manata «Kazan» markalı qəşəng bir qarmon aldı. 80 manat sovet zamanında bir adamın aylıq maaşı idi. Qarmonu musiqi alətləri mağazası müdirinin evindən ədəb-ərkanla, sürüyə-sürüyə şəxsən özüm evimizə gətirdim. Böyük tələbat olan musiqi alətlərini mağazanın müdiri mağazada deyil, evdə bir neçə qat baha qiymətə ən yaxın adamlara satırdı. Mağazada isə skripka, kontrabas kimi alətlər aylarla, illərlə dayanıb öz alıcısını gözləyirdi. Bu alətlər heç kimə lazım deyildi.

İlk sevgim məni musiqi məktəbinə qədəm basmağa məcbur etdi. Lap qısa zamanda şöhrətpərəst anamın ümidlərini alt-üst etdim. Anamı bərk əsəbiləşdirdim. Məlum oldu ki, məndə heç bir musiqi istedadı yox imiş. Qarmon müəllimim ana tərəfdən babamın çox yaxın dostunun oğlu idi. O, rayonun ən gənc və ən ədabaz müəllimlərindən biri sayılırdı. Yaşıl rəngdə təzə «Jiquli»si vardı. Müəllimim bu maşına bütün şagirdlərindən daha çox diqqət göstərirdi. Məktəbə girəndə və çıxanda maşının təkərlərini müxtəlif kremlərlə qaraldırdı. Onsuz da, tərtəmiz olan şüşələri həvəslə silirdi. Zövqlə geyinirdi, bahalı ətirlər vururdu. Ümumiyyətlə, musiqi məktəbində həm qadın, həm də kişi müəllimlər ətirdən gen-bol istifadə edirdilər. Məktəbdə müxtəlif ətir iyləri bir-birinə qarışırdı. Elə bil, hər bir müəllim başqa müəllimin vurduğu ətrin iyini öz ətrinin iyi ilə öldürməyə çalışırdı. Qıraqdan baxan deyərdi ki, onlar dünyaya yalnız ətir vurmaq üçün gəliblər. Müəllimim məktəbin ən çox ətir vuran müəllimlərindən biri idi. O çox vaxt dərsə gəlmirdi. Tipik rayon ədabazı olan müəllimim dostlarıyla orda-burda əylənirdi. Rəhbərlik tərəfindən edilən xəbərdarlıqlara əhəmiyyət vermirdi. Mən çox vaxt musiqi məktəbində avaralanıb sonra evə qayıdırdım. Dərsə gəldikdə isə o pəncərəni açıb siqaret çəkirdi. O vaxtlar çətinliklə tapılan və ədabaz adamların çəkdiyi qırmızı rəngli «Marlboro» qutusunu masanın üstünə atırdı. Sonra ev tapşırığını öyrənib-öyrənmədiyimi yoxlamadan mənə təzə ev tapşırığı verirdi. Bəzən qəflətən əsəbiləşir, dayandığım yerdə məni danlayır, məni tupoy adlandırırdı. Tez-tələsik qarmonda bir mahnı ifa edib təzədən siqaret çəkirdi. Yaxud başqa otağa gedib cavan müəllimlərdən birini özünə həmsöhbət seçirdi. Babamın dostuna etdiyi şikayətlər heç bir fayda vermirdi. Müəllimim mənə düz-əməlli dərs keçmirdi. Öz işinə laqeyd yanaşırdı. Onu daha çox öz əyləncəsi maraqlandırırdı. Beləliklə, məcbur qalıb məni başqa müəllimin sinfinə keçirdilər. Təzə müəllimim rayonun ən gözəl, ən yaraşıqlı və ən çox naz satan qadınlarından biri idi. Müəlliməm çoxlu ətir vururdu. O, məktəbə daxil olanda vurduğu ətrin iyi hər tərəfi bürüyürdü. Bu qadın da mənə düz əməlli dərs keçmədi. O, sinfə başqa bir müəlliməni dəvət edirdi. İki müəllimə paltar, ətir, bəzək-düzək haqqında söhbət edirdilər. Mən isə sakitcə oturub onlara qulaq asırdım. Onlar bəzən səslərini lap aşağı salırdılar. Rayonda baş verən hər bir hadisəni kimin kimə ərə getməsini, kimin kimdən boşanmasını, kimin kimi sevməsini dərindən müzakirə edirdilər. Beləliklə, müəlliməm sayəsində rayonda baş verən bir çox hadisələrdən xəbər tuturdum. Təmiz və səliqəli geyinməyim müəlliməmin çox xoşuna gəlirdi. Bir dəfə sinfə başqa bir müəllimə girdi. Məni göstərərək dedi:

– Bunu iki dəqiqəlik mənə verə bilərsən?

Müəlliməm mənalı-mənalı dedi:

– Hara istəyirsən, götür apar. Ha ha ha…

Müəllimə məni başqa bir sinif otağına apardı. Otaqda köhnə pianonun yanında açıq-aşkar həyəcan keçirən dörd şagird dayanmışdı. Onların hamısı boğaza qədər zığa, palçığa batmışdılar. Çəkmələrinin rəngi palçıqdan görünmürdü. Onsuz da, qırış-qırış olan şalvarlarını palçıq daha da bərbad vəziyyətə salmışdı. Onlar, deyəsən, yolda süpürləşmişdilər, ya da palçıqlı yolda qaçmışdılar. Çünki palçıq ləkələri paltolarını belə yaman günə qoymuşdu. Müəllimə məni uşaqlara göstərib bərk qışqırdı:

– Baxın, belə geyinmək lazımdır. Görürsünüz, necə səliqəli geyinib? Bir özünüzə baxın. Nə gündəsiniz?! Bu nə gündür belə? Sizə evdən belə buraxıblar? Sizin kimi uşaqdan otuzun saxlayaram. Bura məktəbdir, yoxsa ferma? Bu viddə– fasonda məktəbə gəlməzlər. Başqa müəllimlərin uşaqları məktəbə çiçək kimi təmiz gəlirlər, mənimkiləri, elə bil, meşədən buraxıblar. Bu nə gündür? Niyə təmiz geyinmirsiz, söz soruşuram, siz məktəbə gəlmisiniz, yoxsa fermaya?

Uşaqlar sakitcə dayanmışdılar. Onlardan biri uzaq qohumum idi. Onların sakitcə dayanmaqları müəlliməni daha da əsəbiləşdirdi. Müəllimə onlara yaxınlaşıb birinin qulağını bərk dartdı. Birinin saçını yoldu. Başqasının sifətinə iki-üç şillə vurdu. Sonra da uşaqları sinifdən qovdu. Dedi ki, kim məktəbə pinti geyinib gəlsə, ona dərs keçməyəcək. Qapıçıya da tapşıracaq ki, pinti geyinən uşaqları məktəbə buraxmasın. Dərsə pinti geyinib gələn şagirdlərə qarşı sərt tədbirlərin görülməsi üçün məktəbin direktorunun adına ərizə yazacaq. Müəllimə uşaqları danlayanda mən özümü pis hiss edirdim. Müəllimə uşaqları döyməyə başlayanda özümü lap pis hiss etdim. Müəllimə arıq, solğun sifətli gözəl bir qadın idi. Belə bir qadının uşaq döyməsi mənə qəribə gəlirdi. Küçədə adam onu görsəydi, heç zaman ağlına gəlməzdi ki, belə gözəl bir qadın uşaq döyə bilər. Onun məni pinti geyinən uşaqlara nümunə göstərməsi heç ürəyimcə deyildi. Proses bitəndən sonra müəllimə məni gətirib öz müəlliməmə təhvil verdi. Sifətinin ifadəsi dəyişdi və heç nə olmamış kimi, bir az da qeybət etdilər. Bir həftə keçmədi ki, məktəbdə təzə qayda qoyuldu. Qaydaya görə məktəb binasından içəri girənlər ayaqqabılarını dəyişməliydilər. Müdirin nümayəndəsi özü qapıda durmuşdu. Qara, domba, sulu gözləri vardı. Piy basmış peysəri arxadan, köynəyinin boyunluğundan sallanırdı. Əl barmaqları bişmiş sosiskaya oxşayırdı. O, uşaqları gəldikcə dəhlizdə toplayır və eyni sözləri təkrar edirdi: «Məktəb – mədəniyyət ocağıdır. Onu qorumalıyıq. Təmiz saxlamalıyıq. Bura ferma deyil. Evinizdən çust gətirməlisiniz. Məktəbə zığlı, palçıqlı ayaqqabılarla girmək olmaz».

Doğrudan da, yağış yağanda bütün məktəbi palçıq bürüyürdü. Divarlarda, hətta partaların üstündə belə palçıq görmək olurdu. Yaşlı xadimə isə deyinə-deyinə, uşaqları qarğıya-qarğıya bütün günü məktəbi palçıqdan təmizləyirdi. Beş-altı dikbaş şagirddən savayı hamı yeni qaydaya əməl etməli oldu. Müdirin işə qarışmasıyla o beş-altı dikbaş şagirdin də müqaviməti qırıldı. Beləliklə xadimənin işi xeyli yüngülləşdi.

Fürsət düşmüşkən, bir az da məktəbin qapıçısı haqqında yazmaq istərdim. Musiqi məktəbində oxumayan, lakin məktəbin binasına girib avaralanmaq, sevdikləri qızı yaxından görmək istəyən çoxlu uşaqlar vardı. Bu avaralar musiqi məktəbinin binasına yaxınlaşanda qapıçı döyüşə hazır bir vəziyyətdə qapının ağzında dayanıb uşaqları binaya buraxmırdı. Qapıçının başı uşaq vaxtı yastılanmışdı, sonradan da bütün ömrü boyu düzəlməmişdi, elə o cür də qalmışdı. Başı yastılananda gələcəyin qapıçısı, çox güman, kepkalıymış. Kepka xəmir kimi ömürlük başına yapışmışdı. Hər halda onu başıaçıq görən olmamışdı. Ətəkləri aralı duran kürkünün tək bircə aşağı düyməsini düymələyirdi. Qalan düymələr qırılıb çoxdan tökülmüşdü. Düymə yeri isə çoxdan genəlmişdi. Ona görə bu yeganə düymə bir balaca sərt hərəkət edən kimi açılırdı. Qapıçı musiqi məktəbinin qapısı ağzında taburetin üstündə otururdu. Düymələri açılmış kürkünün ətəkləri quş qanadları kimi ayaqlarının üstündən, yan tərəflərdən torpağa qədər sallanırdı. Üzü sapsarı idi. Qara saqqalı elə bil sapsarı maskaya yapışdırılmışdı. Yağışlı havada təzə çəkmə geyinmiş şagird görəndə əsəbiləşirdi. Mütləq belə bir sual verirdi:


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации