Текст книги "Radetski Marşı"
Автор книги: Йозеф Рот
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 24 страниц)
–Cənablar qüsuruma baxmasın, – dedi, – qutumun boşaldığını gec gördüm.
Qapağı açıq, boş bir tənəkə qutusunu göstərdi. Bölgə qubernatoru cibindən bir siqar qutusu çıxardı.
–Siqar çəkmirəm, – rəssam dedi.
Karl Cozef bir siqaret qutusu uzatdı. Moser qovluğu ayaqlarının önünə – səkiyə qoydu, qutusunu doldurdu, yandırmağı xahiş etdi və mavi alovu əlləriylə bürüdü.
Oynaqlara görə böyük olan əlləri qırmızı və yapışqan kimiydi, yüngülcə titrəyir, mənasız bir aləti xatırladırdı. Dırnaqları elə yenicə yerdə nəcis, rəngli bulamac və maye nikotin qarışdırmış kiçik, düz, qara kürəklərə bənzəyirdi.
–Demək, bir-birimizi artıq görməyəcəyik, – deyərək qovluğu yerdən götürmək üçün əyildi. Dikəldi, yanaqlarından iri göz yaşları süzülürdü. – Heç görməyəcəyik, – deyə hıçqırdı.
Karl Cozef:
–Mən bir dəqiqəliyinə otağa getməliyəm, – deyərək otelə girdi.
Pilləkənləri sürətlə qalxıb qaçaraq otağına girdi, pəncərədən çölə sallandı, qayğıyla atasını izlədi, yaşlı kişinin pulqabısını çıxardığını gördü; dərhal sonra rəssamın gücünü toplamış bir tərzdə dəhşətverici əlini bölgə qubernatorunun çiyninə qoyaraq: “Yaxşı, Frans, həmişəki kimi üçündə" – dediyini eşitdi. Karl Cozef yenə aşağıya qaçdı, atasını qorumağa məcbur olduğunu hiss edirdi. Professor salam verdi, bir neçə addım geri çəkildi, başını dik tutaraq son bir salamla, yuxudagəzərlərə xas bir güvənlə birbaşa yolun qarşısına keçib bir ara küçədə gözdən itməzdən əvvəl qarşı səkidən bir daha əl elədi. Lakin sonra dərhal yenə göründü, küçədə əks-səda verən bir səslə “bir dəqiqə" deyə qışqırdı, inanılmaz güvənlə, böyük addımlarla prospektin qarşı tərəfinə keçərək sanki daha bir neçə dəqiqə əvvəl vidalaşmayıb yeni gəldiyini düşündürən bir laqeydliklə otelin qarşısında dayandı. Sonra gənclik dostuyla oğlunu ilk dəfə görürmüş kimi şikayətli bir səslə danışmağa başladı.
Belə qarşılaşmağımız necə də kədərlidi! Üçüncü partada necə yan-yana oturduğumuzu xatırlayırsanmı? Yunan dilini pis bilirdin; həmişə məndən köçürməyinə icazə verərdim. Əgər dürüstsənsə, oğlunun qarşısında özün söylə. Sənə həmişə köçürməyə imkan vermədimmi? – Karl Cozefə dönərək davam etdi. – Sevimli atanız yaxşı bir uşaq idi, amma özünə inamı yox idi. Qızların yanına da çox gec getməyə başladı, onu cəsarətləndirməsəydim heç getməyəcəkdi. Dürüst ol, Trotta! Səni qızların yanına mənim apardığımı de.
Bölgə qubernatoru bığaltı gülərək susdu. Rəssam Moser uzun bir söhbətə başlayacaqmış kimi hazırlıq gördü. Qovluğu səkiyə qoydu, şlyapasını əlinə aldı, bir ayağını bir az önə ataraq danışmağa başladı.
–İlk dəfə tətildə qarşılaşmışdıq, hər halda xatırlayarsan. – Birdən-birə dayanıb tələsik hərəkətlərlə ciblərini yoxladı. Alnında muncuq böyüklüyündə tər dənələri yığılmışdı. – İtirdim, – deyə qışqırıb titrəyərək səndələdi. – Pulu itirdim.
Elə o anda otelin qapıçısı çölə çıxdı. Qızıl zolaqlı şlyapasını şişirdilmiş bir şəkildə yelləyərək bölgə qubernatoruyla leytenantı salamladı. Rəssam Moseri otelin qarşısında səs-küy salmaqdan, otel qonaqlarını təhqir etməkdən məhrum edəcəkmiş kimi görünürdü. Yaşlı Trotta əlini iç cibinə saldı, rəssam səsini kəsdi.
–Mənə dəstək ola bilərsənmi? – deyə yaşlı Trotta oğlundan soruşdu. Leytenant dedi:
–Professoru bir az müşayiət edim. Xudahafiz, ata.
Bölgə qubernatoru silindr şlyapasını yüngülcə qaldırıb salam verərək otelə girdi. Leytenant professora bir banknot uzatdıqdan sonra atasının arxasınca getdi. Rəssam Moser qovluğu yerdən qaldırdı, ağır bir tərzdə uzaqlaşdı.
Axşamın qaranlığı artıq küçələrə çökmüşdü, otelin lobbisi də qaranlıq idi. Bölgə qubernatoru otağın açarları əlində, silindr şlyapasıyla çəliyi yanında, alaqaranlığın bir parçasıymış kimi dəri kresloda otururdu. Oğlu sanki Moser hadisəsinin rəsmi nəticəsini bildirmək istəyirmiş kimi aralarına hörmətlə məsafə buraxaraq qarşısına keçdi. Hələ lampalar yandırılmamışdı. Qaranlıq səssizliyin içindən yaşlı kişinin səsi gəldi:
–Sabah günortadan sonra saat üçə on beş dəqiqə işləmiş yola çıxırıq.
–Bəli, ata.
–Musiqi dinləyərkən orkestrin rəhbəri Nexvalı ziyarət etməli olduğun yadıma düşdü. Əlbəttə, baş çavuş Slamadan sonra. Vyanada başqa bir işin varmı?
–Şalvar və siqaretqabını gətirtməliyəm.
–Başqa?
–Başqa bir işim yoxdu, ata.
–Sabah günortadan əvvəl dayına baş çəkəcəksən. Hər halda unutmusan. İldə neçə dəfə ona qonaq olurdun?
–İldə iki dəfə, ata.
–Gördükdə məndən salam deyərsən. Gələ bilmədiyim üçün üzr istəyərsən. Yeri gəlmişkən, bizim Stranski necədir?
–Sonuncu dəfə gördükdə çox yaxşı idi.
Bölgə qubernatoru çəliyinə yönəlib önə uzatdığı əlini ayaq üstə dayanarkən vərdiş etdiyi kimi sanki Stranskidən bəhs edərkən xüsusi bir dəstək lazım olurmuş kimi gümüş tutacağın üstünə söykədi.
–Onu axırıncı dəfə on doqquz il əvvəl görmüşəm. O zamanlar hələ baş leytenant idi. Koppelmanna elə o zamanlardan aşiq idi. Çarəsiz sevgi! Olduqca problemli bir məsələ idi… Nə edəcəksən, aşiq idi. – Koppelmann adını digər sözlərə görə daha səsli, vurğulu şəkildə deyirdi. – Başlıq pulunu, əlbəttə, düzəldə bilmədilər. Anan məni az qala yarısını ödəməyə razı salacaqdı.
–Ordudanmı ayrıldı?
–Bəli, elə oldu. Şimal dəmir yollarına keçdi. Bu gün nə vəziyyətdədi? İdarə Heyətindədi yəqin, elə deyilmi?
–Bəli, ata.
–Bəli, bəli. Oğlunu əczaçılığa qoymamışdımı?
–Xeyr, ata, Aleksandr hələ liseyə gedir.
–Demək, elə. Bir az axsayırmış, elə eşitdim, doğrudurmu?
–Bir ayağı daha qısadı.
Yaşlı kişi Aleksandrın axsayacağını on doqquz il əvvəldən bilirmiş kimi "eh" deyərək söhbətə son verdi.
Yerindən dikəldi, girişdəki lampalar yanaraq yaşlı Trottanın solğun üzünü işıqlandırdı.
–Pulu götürməyə gedirəm, – deyərək pilləkənlərə yönəldi.
–Mən götürərəm, ata, – Karl Cozef dedi.
–Təşəkkür edirəm, – bölgə qubernatoru dedi.
Sonra xəmir xörəklərini yeyərkən Karl Cozefə dedi:
–Sənə Baküs salonlarını tövsiyə edirəm, – dedi. – Yeni bir şey varmış. Bəlkə Smekala rast gələrsən.
–Təşəkkür edirəm, ata. Gecən xeyrə qalsın.
Karl Cozef günortadan əvvəl saat on bir ilə on iki arasında dayısı Stranskinin yanına getdi. İdarə Heyətinin üzvü hələ də ofisdə idi; qızlıq soyadı Koppelmann olan arvadı bölgə qubernatoruna salamlarını çatdırdı. Karl Cozef Rinqkorsodan otelə doğru yola düzəldi. Tuxlaubenə döndü, şalvarı otelə göndərmələrini tapşırıb siqaretqabını götürdü. Siqaretqabının səthi soyuq idi; soyuq metal incə köynəyinin cibindən hiss edilirdi. Baş çavuş Slamanın evinə edəcəyi başsağlığı ziyarəti yadına düşdü və qəti şəkildə içəri girməməyə qərar verdi. Elə şüşəbənddəcə "Başınız sağ olsun, herr Slama" deyəcəkdi. Görünməz tarla quşları mavi qübbənin altında ötəcək, cırcıramaların çıxardığı sürtünmə səsləri eşidiləcəkdi. Jandarm Birliyinin kiçik bağçasında hələ yenicə açan tumurcuqların arasında samanlarla akasiya ağaclarının gecikmiş qoxusunu hiss edə bilirdin. Frau Slama ölmüşdü. Baptizm sənədinə görə Kati, Katerina Luise ölmüşdü.
Evə dönürdülər. Bölgə qubernatoru qovluğu götürdü, başını şüşənin yanındakı kreslonun qırmızı ipək yastığına söykəyərək gözlərini yumdu.
Karl Cozef atasının başını ilk dəfə üfüqi vəziyyətdə görürdü; incə, sümüklü burnunun pərləri genişlənmişdi; təraşlı, pudralanmış çənəsinin ortasında kiçik bir çuxur vardı, bakenbardları iki qara qanad kimi yavaşca aşağıya doğru genişlənirdi. Bakenbardların üst küncləri güclə seziləcək dərəcədə çallaşmağa başlamış, yaşlılıq həmin hissəylə gicgahlara yüngülcə toxunmuşdu. Karl Cozef düşündü ki, günlərin birində öləcək. Öləcək, dəfn ediləcək. Mən burada qalacağam.
Kupedə tək idilər. Yuxulayan atasının çöhrəsi yastıqların qırmızı alaqaranlığında sakitcə sallanırdı. Qara bığın altındakı solğun, incə dodaqlar bir xətt kimi idi; nişastalı yaxalığın parlaq küncləri arasındakı incə boynunun üzərində qırtlağın təraşlı çıxıntısı yüksəlir, bağlı göz qapaqlarının qırışmış dərisi davamlı olaraq yüngülcə titrəyir, qırmızı şərab rəngində olan geniş qalstuk nizamlı bir şəkildə enib-qalxır, sinənin üzərində çarpaz qovuşdurulan qolların altında kreslo altlarına soxulmuş əllər belə yatırdı. Dincələn atasından ətrafa böyük bir sükunət yayılırdı. Burun ilə alın arasına gömülmüş dərin xətdə ifadəsini tapan avtoritar xarakter də dağların arasındakı sarp yarıqlarda dincələn fırtınalar kimi yuxuya getmişdi. Karl Cozef bu izi çox yaxşı tanıyırdı. Eyni iz Trottaların qəzəblə dolu dekoruyla Solferino qəhrəmanının mirası olaraq atasının siqaret otağında asılmış portretini bəzəyirdi.
Atası gözlərini açdı.
–Hələ nə qədər qalıb?
–İki saat, ata.
Yağış başladı. Çərşənbə günü idi. Cümə axşamı günortadan sonra Slamaya başsağlığı verməyə gedəcəkdi. Cümə axşamı günortadan sonra da yağış yağırdı. Yeməkdən on beş dəqiqə sonra siqaret otağında qəhvə içərkən Karl Cozef dedi:
–Mən Slamagilə gedirəm, ata.
–Slama artıq təəssüf ki, təkdir, – deyə bölgə qubernatoru cavab verdi. – Ən yaxşısı ona saat dörddə baş çəkməyindi.
O anda kilsə qülləsindən iki zəng səsi eşidildi və bölgə qubernatoru şəhadət barmağını pəncərəyə doğru qaldırıb zənglərin yönünü göstərdi. Karl Cozef qızardı. Atasının, yağışın, saatların, insanların, zamanın, hətta təbiətin belə bugünkü yolunu olduğundan daha çox çətinləşdirməyə qərarlı olduqlarını hiss edirdi. Hələ həyatda ikən frau Slamanın yanına gedərkən də eynilə bugünkü kimi səbirsizliklə zənglərin səsinə qulaq verər, amma baş çavuşla qarşılaşmamağa diqqət yetirərdi. Frau Slamanı qanadlarının altına alan ölüm bu gün ilə o günlər arasında dayanır, sonsuz qaranlığını keçmiş ilə indiki zamanın arasına dürtürdü. Amma yenə də zənglərin saatı bildirən səsi eyni qalmışdı, lap əvvəllər olduğu kimi siqaret otağında qəhvə içilməkdə idi.
–Yağış yağır, – atası sanki bunu hələ yenicə görürmüş kimi dedi. – Bəlkə bir arabaya minəsən?
–Yağışda gəzməyi sevirəm, ata.
Əslində daha çox gedəcəyi yolun uzun olmasını arzuladığını demək istəyirdi. Düşündü ki, bəlkə o hələ həyatdaykən bir arabaya minsəydim daha yaxşı olardı. Ətraf səssiz idi, yağış pəncərələrə vururdu. Bölgə qubernatoru dikəldi:
–Qarşı tərəfə keçməliyəm. – Qubernatorluğu nəzərdə tuturdu. – Sonra görüşərik.
Qapını həmişə olduğundan daha yavaş örtdü. Karl Cozefə elə gəldi ki, atası bir müddət çöldə dayanıb içəriyə qulaq verir.
Qüllədən əvvəlcə dörddəbir zəngi gəldi, sonra yarım. Hələ saat yarım vaxtı vardı. Dəhlizə çıxdı, paltosunu götürdü, paltonun kürək tərəfindəki qırışları uzun-uzadı düzəldərək səliqəyə saldı, cib aralığından qılıncın qınını çəkişdirdi, güzgünün qarşısında mexaniki bir hərəkətlə şlyapasını geyinərək evdən çıxdı.
IV
Açıq dəmiryolu baryerlərinin altından və sarı vergi idarəsinin yanından həmişə getdiyi yolla gedirdi. Tək-tənha Jandarm Birliyi elə buradan da görünürdü. Yoluna davam etdi. Jandarm Birliyinə on dəqiqəlik məsafədə taxta barmaqlıqlı kiçik qəbiristanlıq vardı. Sanki yağış ölülərin üzərini daha sıx bir pərdəylə örtürmüş kimiydi. Leytenant yaş, dəmir tutacağı çəkib qəbiristanlığa girdi. Növünü ayırd edə bilmədiyi bir quş ötürdü, hara gizlənmişdi, görəsən, yoxsa bir məzarın içindənmi cəh-cəh vururdu? Gözətçi daxmasının qapısını açdı, burnunun üstünə bir gözlük taxmış yaşlı bir qadın kartof soyurdu. Qadın həm soyulmuş kartofları, həm də qucağındakı qabıqları bir vedrənin içinə qoyaraq ayağa qalxdı.
–Frau Slamanın məzarına getmək istəyirəm.
Qadın sanki bu sualı gözləyirmiş kimi heç duruxmadan dedi:
–Sondan əvvəlki sıra, on dörd, yeddinci məzar.
Məzar hələ çox yeni idi; kiçik bir başdaşı, müvəqqəti kiçik bir xaç, tort və konfetləri xatırladan yaş bənövşə çələngi. "Katerina Luise Slama, doğuldu, öldü". Aşağıda yatırdı; kök, qıvrım-qıvrım soxulcanlar yumru, ağ döşlərini gəmirməyə başlamışdılar. Leytenant gözlərini yumub papağını çıxardı. Yağış yaş bir mehribanlıqla yandan ayırdığı saçlarını oxşayırdı. Məzar vecinə deyildi, bu başdaşının altında çürüyən bədənin frau Slamayla heç bir əlaqəsi yox idi; o ölmüşdü, ölü idi, yəni məzarının başında dayansa belə ona çata bilməzdi. Xatirələrində gömülən bədən bu başdaşının altındakı cəsəddən daha yaxın idi. Karl Cozef şlyapasını başına qoyub saatına baxdı. Hələ yarım saat da vardı. Qəbiristanlıqdan çıxdı.
Jandarm Birliyinə çatdı, zəngi basdı, kimsə gəlmədi. Baş çavuş hələ evdə deyildi. Yağış şüşəbəndi bürüyən sıx, yabanı tənək yarpaqlarını döyəcləyirdi. Karl Cozef gah irəli, gah geri, gah irəli, gah geri getməyə başladı, bir siqaret yandırdı, siqareti yerə atdı, özünü keşik çəkən əsgər kimi hiss etdi, gözləri Katerinanın həmişə baxdığı pəncərəyə ilişincə başını o biri tərəfə çevirdi, saatını çıxardı, ağ zəngə bir daha basdı, gözlədi.
Şəhər kilsəsinin qülləsindən ağır-ağır saat dördü bildirən zəng çaldı. Baş çavuş indi göründü. Hələ heç kimin gəldiyini görmədən avtomatik olaraq salam verdi. Karl Cozef sanki salama deyil, jandarmdan gələn bir hədəyə cavab vermək gərəkliymiş kimi lazım olduğundan daha yüksək bir səslə səsləndi:
–Salam, herr Slama.
Əlini uzatdı, bir qalaya hücuma keçirmiş kimi salamlaşmaq üçün irəli atıldı, baş çavuşun kobud hazırlıqlarını, əlcəklərini çətinliklə çıxarmasını, bunu edərkən göstərdiyi böyük səyi, baxışlarını yerə çevirməsini izləyərək bir hücumu gözləyirmiş kimi səbirsizliklə gözlədi. Leytenant çılpaq, yaş, böyük və arıq əli nəhayət öz əlinin içinə aldı. Baş çavuş sanki leytenant təzəcə gəlməyib getməyə hazırlaşırmış kimi dedi:
–Ziyarətinizə görə təşəkkür edirəm, hörmətli baron.
Sonra açarları çıxardıb qapını açdı. Qəfildən gələn külək yağışın şüşəbəndə qamçı kimi dəyməsinə, leytenantın isə istər-istəməz evə doğru yönəlməsinə səbəb oldu. Dəhliz alaqaranlıq idi. Burada dar bir işıq zolağı görünürdü, bəlkə ölülərin dünyəvi bir iziydi? Baş çavuş mətbəx qapısını açınca, o iz dəhlizə axın edən işığın içində boğulub yox oldu.
–Zəhmət olmasa paltonuzu çıxarın, – Slama dedi. Özü hələ də kəmərli paltosuyla dayanırdı. Leytenant başsağlığı verməyi düşünür. İndi dərhal deyib gedərəm. Slama Karl Cozefin paltosunu götürmək üçün qollarını açır. Karl Cozef nəzakətə təslim olur, Slamanın əli bir anlığa leytenantın ənsəsinə dəyir, düz yaxalığın üstündə saçın başladığı, frau Slamanın əllərini mehribanlıqla bir-birinə qovuşdurmağı sevdiyi yerə. Dəqiq olaraq nə vaxt başsağlığı verib canını bu işdən qurtara biləcək? Salona girincəmi, yoxsa oturduqdan sonramı? Bundan sonra yenə ayağa qalxmaqmı lazımdır? O axmaq sözü deməzdən əvvəl ağzından tək bir söz belə çıxara bilməyəcəyini hiss edir, bütün yol boyunca ağzında daşıdığı, çətinlik yaradan, faydasızcasına dilinin ucunda eləcə dayanan o axmaq sözü. Baş çavuş qapının qulpunu aşağıya çəkir, salonun qapısı bağlıdı. Baş çavuş üzr istəyir, halbuki onun günahı deyil. Əvvəlcədən çıxardığı paltosunun – hər halda paltosunu çıxaralı xeyli vaxt olar – cibini yoxlayır, açar dəstəsini şaqqıldadır. Frau Slama həyatdaykən bu qapı heç bağlı olmamışdı. Deməli, frau Slama burada deyil, deyə leytenant birdən-birə düşünür, sanki frau Slama artıq burada olmadığı üçün bura gəlməyib; o anda aradan keçən bütün müddət boyunca içində gizlincə frau Slamanın bəlkə burada ola biləcəyi, otaqların birində oturub gözləmiş ola biləcəyi düşüncəsini bəslədiyini sezir. Halbuki frau Slama həqiqətən də bir az əvvəl gördüyü məzarın içində yatır.
Salonda havadan nəmli bir qoxu asılıb, iki pəncərədən birinin pərdələri bağlıdı, digərindən içəriyə buludlu günün boz işığı sızır.
–Zəhmət olmasa içəri gəlin, – deyə baş çavuş təkrarlayır. Leytenantın düz arxasında dayanır.
–Təşəkkür edirəm, – Karl Cozef deyir. İçəri girib dəyirmi masaya doğru gedir, masanın üstündəki dalğalı örtünün naxışını, örtünün ortasındakı kiçik ləkəni, naxışlı bəzəmələri çox yaxşı tanıyır. Vitrinli şkaf burada durur, ön tərəfdə yeni gümüş kuboklar, arxasında kiçik çini körpələr, kürəyində metal pullar üçün bir dəlik olan donuzcuq şəklində torpaq daxıl. Baş çavuş mızıldanaraq deyir:
–Buyurun, şərəf verdiniz.
Bir kreslonun arxasında dayanıb kreslonun arxalığını bir qalxan kimi tutur. Karl Cozef baş çavuşu sonuncu dəfə təxminən dörd il əvvəl görmüşdü. Baş çavuşu son dəfə görəndə vəzifə başında idi. Qara papağına parlaq bir surquc ilişdirilmişdi, sinəsində çarpaz qurşaqlar vardı, tüfəngini ayaqlarının dibində tutur, bölgə qubernatorunun iş otağının qarşısında gözləyirdi. O, baş çavuş Slama idi; eynilə adı kimi rütbəsi, surqucu, sarı bığı da fizionomiyasının bir parçası idi. İndi isə baş çavuş papaqsız olaraq orada dayanır; qılıncı, qurşaqları və kəməri də yoxdu; kreslonun arxalığının üzərində göbəyinin yüngül çıxıntısı və qırışmış formasının yağlı parlaqlığı görünür; burada dayanan adam həmin baş çavuş Slama deyil; bu, herr Slama, vəzifə başında olan bir jandarm baş çavuşu, keçmişdə frau Slamanın əri, indi isə dul və bu evin də sahibidi. Sərt papağın davamlı təzyiqindən qaynaqlanan üfüqi qırmızı bir izin olduğu qırışsız alnının üstündəki qısa, sarışın saçlar cüt qanadlı bir fırça kimi ortadan ayrılıb. Bu baş, papaq və dəbilqəsiz halıyla bir yetimə bənzəyir. Şlyapa sipərinin kölgəsindən məhrum bu çöhrə yanaq, burun, saqqal, kiçik, mavi, inadkar, sadiq gözlərdən ibarət olan düz bir yumurta formasındadı. Karl Cozef oturana qədər gözləyir, sonra kreslonu çəkib özü də oturur, siqaret qutusunu çıxardır. Siqaret qutusunun rəngli və minalı bir qapağı var. Baş çavuş qutunu masanın ortasına, özüylə leytenantın arasına qoyub deyir:
–Bir siqaret götürərsinizmi?
Karl Cozef düşünür ki, bax indi başsağlığı verməyin zamanıdı və ayağa qalxıb deyir:
–Başınız sağ olsun, herr Slama.
Baş çavuş əllərini masanın kənarına söykəmiş vəziyyətdə oturur, nə olduğunu dərhal dərk edə bilmir, gülümsəməyə çalışır, gecikir; elə Karl Cozef yenə oturmaq üzrəykən ayağa qalxır, əllərini masadan çəkib şalvarına aparır, baş əyir, sonra yenə qaldırır, Karl Cozefə indi nə edilməli olduğunu soruşurmuş kimi baxır. İkisi birdən oturur. Bitdi. Susurlar.
–Mərhum frau Slama yaxşı bir qadın idi, – leytenant deyir.
Baş çavuş əlini bığına atır, bığın incə ucu barmaqlarının arasındaykən deyir:
–O, gözəl bir qadın idi, hörmətli baron da onu tanıyırdı.
–Xanımınızı tanıyırdım. Ölümü asan idimi?
–İki gün davam etdi. Həkimi çağırmaqda gecikdik. Yoxsa həyatda qalardı. O gecə işdə idim. Evə gəldikdə ölmüşdü. Qarşıdakı meyxanaçının arvadı yanındaydı. – Dərhal ardınca əlavə edir. – Moruq suyu istəyirsinizmi?
–Zəhmət olmasa, – bir az daha incə bir səslə Karl Cozef deyir, sanki moruq suyu yeni bir vəziyyət yarada biləcəkdi; baş çavuşun qalxıb kiçik şkafa sarı getdiyini görür, halbuki moruq suyunun orada olmadığını bilir. Moruq suyu mətbəxdə, şüşənin arxasındakı ağ şkafdadı, frau Slama moruq suyunu həmişə oradan gətirərdi. Baş çavuşun bütün hərəkətlərini diqqətlə izləyir, dar köynəyin sıxdığı qısa, güclü qollarını ən üst rəfə uzadaraq butulkanı axtarmasını, sonra özünü çarəsizlik içərisində ayaqlarının ucundan yenə dabanlarının üstünə buraxmasını, nəhayət, tanımadığı bir yerdə apardığı müvəffəqiyyətsiz axtarışdan sonra başladığı yerə dönərək cəhdlərinin nəticəsini gömgöy gözlərində təsirli bir ümidsizliklə açıqlamasını:
–Məni bağışlayın, təəssüf ki, tapa bilmirəm…
–Zərəri yoxdu, herr Slama, – deyə leytenant təsəlli verir.
Lakin baş çavuş sanki bu təsəllini heç eşitməyibmiş və ya yüksək rütbəli bir şəxsdən gələn, aşağıdakıların müdaxiləsiylə yumşadılması mümkün olmayan bir əmri mütləq yerinə yetirməsi lazımlıymış kimi otaqdan çıxır.
Mətbəxdə nə iləsə məşğul olduğu eşidilir, sonra əlində butulkayla geri qayıdır, vitrinli şkafdan kənarları bəzəkli stəkanlar çıxardır, masanın üstünə bir dolça su qoyur, stəkanlara tünd yaşıl butulkadan qırmızı yaqut rəngli qatı mayeni süzərək təkrar edir:
–Buyurun, hörmətli baron.
Leytenant moruq suyuna dolçadan su əlavə edir; səssizlik hakimdi; su dolçanın qıvrım ağzından qalın bir dəstə halında axır, bir az şırıldayır, bayaqdan bəri çöldən eşidilən yağışa kiçik bir cavab kimi qəbul edilir. Yağış kimsəsiz evi ağuşuna alaraq iki cavan kişini daha da tənhalaşdırır. İki kişi də təkdi… Karl Cozef stəkanını qaldırır, baş cavuş da eyni hərəkəti edir, leytenant ağzındakı şirin, yapışqan mayeni hiss edir. Slama stəkanını bir qurtumda boşaldır, susayıb, Slama bu sərin gündə qəribə, anlaşılmaz bir şəkildə susur.
–İndi onuncu Ulanlar alayına qatılacaqsınız? – deyə Sla-ma soruşur.
–Bəli, alayı hələ tanımıram.
–Mənim bir tanışım var, ehtiyatda olan zabit Zenover. Birlikdə Ovçularda işləmişik, o sonradan köçürülmək istədi. Aristokrat bir ailədəndir, çox mədəniydi… Zabitlik imtahanında mütləq uğur qazanar. Mənim kimilər olduğu yerdə qalır. Jandarmda çox da gələcək olmur.
Yağış sürətləndi, külək gücləndi, yağış şüşələri döyəcləməyə davam edir. Karl Cozef deyir:
–Bizim peşəmiz çətindir, yəni hərbini nəzərdə tuturam.
Baş çavuş səbəbi anlaşılmayan bir şəkildə gülür, onunla leytenantın çətin bir peşəyə sahib olması onu qeyri-adi bir sevincə qərq edibmiş kimi görünür. Bu, məqsədindən bir az daha geniş bir gülüşdü. Bu vəziyyət gülüşün tələb etdiyindən daha çox açmış olduğu ağzından, ağzını gülüşdən sonra daha uzun müddət açıq saxlamasından bəlli olur. Baş çavuş bir anlığa adi ciddiliyinə geri dönməyə qərar verməkdə tərəddüd edirmiş kimi görünür. Karl Cozef ilə onun həyatının çətinliklərlə dolu olmasına həqiqətən sevinmiş ola bilərmi?
–Hörmətli baron bizim peşəmizdən söz açmağı münasib hesab etdi, – deyə başlayır. – Xahiş edirəm, mənə hirslənməyin, amma mənim kimilərin vəziyyəti bir az fərqlidi.
Karl Cozef nə deyəcəyini bilmir. Baş çavuşun (tam olaraq tərif verə bilmədiyi bir şəkildə) ona, bəlkə də orduyla jandarm təşkilatındakı şəraitə qarşı ümumi bir qərəz bəslədiyini hiss edir. Bir zabitin bənzər bir vəziyyətdə necə davranmalı olduğu hərbi məktəbdə öyrədilməyib. Karl Cozef hər ehtimala qarşı gülümsəyir, bu dodaqlarını dəmir bir məngənə kimi sallayıb bir-birinə yapışdıran bir gülümsəmədi; baş çavuşun heç tərəddüd etmədən ətrafına saçdığı sevinc ifadəsinin oxşarını göstərməyə xəsislik edirmiş kimi bir halı var. Hələ bir az əvvəl dilə şirin gələn moruq suyu boğazında indi acı, saman kimi bir dad yaradır; adamın ürəyi konyak istəyir. Qırmızı salon bu gün gözə daha basırıq, daha kiçik görünür, otağı bəlkə də yağış belə sıxışdırdı. Masanın üstündə şəkillərin yerləşdirildiyi sərt və parlaq düyüdən qulaqlara sahib olan albom var. Karl Cozef şəkillərin hamısını tanıyır. Baş çavuş Slama icazə istəyib albomu açaraq leytenantın önünə qoyur. Şəkildə baş çavuş arvadının yanında gənc bir ər kimi mülki paltarlarda görünür. O zamanlar hələ dəstə komandiri olduğunu bir az ağrılı bir ifadəylə deyir, sanki hələ o zamanlarda yüksək bir rütbəyə sahib olmasının gərəkliliyinə eyham vururmuş kimiydi. Frau Slama başına yüngülcə yana meyilli bir şəkildə qoyduğu geniş bir şlyapayla əynində gözəl ətirli bir zireh kimi incə belli, dar bir yay paltarıyla ərinin yanında oturur. Bu nədir? Karl Cozef bu şəkli daha əvvəl heç görmədimi? Bu gün bu şəkil ona niyə bu qədər yeni görünür? Və köhnə? Eyni zamanda da yad? Bu qədər gülünc? Sanki çoxdan geridə qalmış zamanlara aid gülünc bir şəklə baxırmış kimiydi, sanki frau Slama onun üçün heç bir zaman qiymətli olmamış, bir neçə ay deyil, bir neçə il əvvəl ölübmüş kimi gülümsəyir. Daha əvvəl olduğu kimi xəcalətlə deyil, dürüst bir saxtalıqla deyir:
–Çox gözəl imiş! Açıqca görünür.
Başsağlığına gedildikdə insanın ölünün ərinə gözəl bir söz deməsi lazımdır. Özünü dərhal azad, ölüdən qopmuş hiss edir, sanki hər şey silinibmiş kimiydi. Hər şey xəyal idi! Moruq suyunu içir, ayağa qalxıb deyir: "Mən artıq gedim, herr Slama". Gözləməyib geri dönür, baş çavuş ayağa qalxmağa macal tapa bilmir; dəhlizə gəldilər, Karl Cozef paltosunu artıq geyinmişdi belə, indi halından razı bir tərzdə sol əlcəyini geyinərkən birdən daha yavaş hərəkət edir; onunla xudahafizləşərkən xoşhallıqla səsində fərqli, qürurlu bir ton olduğunu hiss edir. Slama orada eləcə gözlərini yerə dikmiş halda dayanır; əlləri sanki o ana qədər bir şey tutmuş, indi isə bunu salıb əbədi olaraq itiribmiş kimi boş və çarəsizdi. Bir-birlərinə əllərini uzadırlar. Slamanın demək istədiyi bir söz varmı? Əhəmiyyətli deyil! Yenə də deyir: "Bəlkə başqa bir vaxt, hörmətli leytenant". Bunu ciddi bir şəkildə düşünmüş ola bilməz, Karl Cozef Slamanın üzünü belə unutdu. Sadəcə yaxasındakı qızılı lentlərlə jandarm köynəyinin qolundakı üç qızıl oxu görür.
–Sağlıqla qalın, baş çavuş.
Hələ də dayanmaq bilməyən, küləklə qarışıq yüngül bir yağış yağır. Çoxdan axşam düşmüş olmalıydı, amma heç cür ola bilmirmiş kimiydi. Elə həmişə eyni kölgəli, nəm bozluq… Bir forma daşımağa, hətta düşünməyə başladıqdan bəri ilk dəfə Karl Cozef paltosunun yaxasını yuxarıya qaldırmağın yaxşı olacağını hiss edir. Bir anlığa əllərini qaldırır, amma sonra əynində forma olduğunu xatırlayıb yenə endirir. Bir saniyəliyə peşəsini unutdu. Ağır addımlarla ön bağçanın yaş, qıcırtılı çınqıllarına basaraq yeriyir. Yavaşlığından razıdı, tələsməyinə ehtiyac yoxdur, bir şey olmadı, hamısı bir yuxudu. Saat neçədir, görəsən? Cib saatı çox dərinlikdə, şalvarının kiçik cibindədi. Paltonun düymələrini açmağa dəyməz. Necə olsa da bir azdan qüllə saatı çalınacaq.
Bağça qapısını açıb küçəyə çıxır. Birdən-birə baş çavuş arxasınca səslənir: "Hörmətli baron". Bu qədər səssiz bir şəkildə arxasınca gəlməsi nə qəribədi! Karl Cozef səksənərək dayanır, lakin dərhal arxaya dönməyə qərar verə bilmir. Bəlkə də bir tapançanın lüləsi paltonun qatlanan yerlərinin düz arasına söykənib. Dəhşətverici, sadəlövh bir düşüncə! Hər şey yenidənmi başlayır? Vidasının zəhmətli bir davamı kimi görünən, onu çox yoran qürurlu bir laqeydliklə “bəli" deyərək arxaya dönür. Baş çavuş paltosuz, şlyapasız bir vəziyyətdə yaş, iki qanadlı bir fırçaya bənzəyən saçlarıyla, dümdüz alnında böyük su damlalarıyla yağışın altında eləcə dayanır. Əlində gümüşü rəngi bir iplə çarpaz bağlanmış mavi bir paket var.
–Bunlar sizindir, hörmətli baron, – yerə baxaraq deyir. – Üzr istəyirəm! Hörmətli bölgə qubernatorunun təlimatıdı. Bunları o zaman ona aparmışdım. Hörmətli bölgə qubernatoru ötəri nəzərdən keçirərək bunları mənim şəxsən çatdırmağımı tapşırdı.
Bir anlığa səssizlik hakim olur; təkcə zavallı, solğun mavi paketin üzərinə düşən və paketi tünd rəngə çevirən yağış damlalarının çıxardığı səs eşidilir, kiçik paket bu halda daha çox gözləyə bilməz. Karl Cozef paketi götürür, paltosunun cibinin dərinliklərinə basır, qızarır, bir anlığa sağ əlindəki əlcəyi çıxarmağı düşünür, fikrini dəyişdirir, dəri əlcəkli əlini baş çavuşa uzadır, təşəkkürünü bildirərək sürətli addımlarla gedir.
Cibindəki paketi hiss edir. Oradan əlindən keçərək qolu boyunca yad bir istilik yayılır, üzünün daha da qızarmasına səbəb olur. Hələ bir az əvvəl yaxasını qaldırmağı düşünərkən, indi yaxasını açmağın lazımlılığını hiss edir. Moruq suyunun acı dadı yenə ağzına qayıdır. Karl Cozef paketi cibindən çıxardır. Bəli, heç bir şübhəyə yer yoxdu. Bunlar özünün yazdığı məktublardı.
Tezcə axşam olub yağış dayanmalıdı. Dünyada xeyli çox şeyin dəyişməsi lazımdı, axşam günəşi bəlkə son işığını göndərməlidi. Çəmənliklər yağışın tanış qoxusunu yayır, buralarda daha əvvəl heç eşidilməyən yad bir quşun qışqırığı qulağa gəlir, ətraf sanki yad bir yer kimidi. Saat beşi bildirən zəng çalınır, deməli, tam bir saat keçdi, daha çox deyil. Sürətlimi yoxsa yavaşmı yeriməli? Zamanın yad, sirli bir seyri var, bir saat bir il kimi gəlir. Sadəcə bir neçə addım irəliləyə bildi. Karl Cozef addımlarını sürətləndirir. Relslərin üzərindən keçir, burada şəhərin ilk evləri başlayır. Şəhərin kafesinin qarşısından keçir, bura müasir fırlanan qapılı yeganə yerdir. Bəlkə içəri girib ayaqüstü konyak içdikdən sonra yoluna davam etsə yaxşı olar. Karl Cozef içəri girir.
–Bir qədəh konyak, tez, – bufetdə deyir. Şlyapa və paltosuyla eləcə dayanır, bir neçə müştəri ayağa qalxır. Bilyard toplarının, şahmat daşlarının taqqıltıları eşidilir. Qarnizonun zabitləri künclərdəki yerlərdə otururlar. Karl Cozef onları görmür, salamlamır. Konyakdan daha təcili bir şey yoxdu. Karl Cozef solğundur; açıq sarışın kassir qadın oturduğu yüksək yerdən bir ana kimi gülümsəyərək nəlbəkinin yanına mehribanlıqla bir dənə qənd qoyur. Karl Cozef konyakı birnəfəsə içir, dərhal birini də istəyir. Kassir qadının üzündə gördüyü tək şey açıq sarışın bir parıltıdır. Qadağan olunmuş bir şey edirmiş kimi hissə qapılır, amma iki qədəh konyak içməsinin niyə qadağan ola biləcəyini anlamır. Artıq hərbi məktəb şagirdi deyil. Kassir qadın niyə elə qəribə bir şəkildə gülümsəyərək baxır? Qadının dəniz kimi mavi baxışıyla qaşlarının kömür kimi qaralığı utandırıcıdı! Arxaya dönüb salona baxır. Orada küncdə pəncərənin yanında atası oturur.
Bəli, orada bölgə qubernatoru oturur; bunda qəribə sayılacaq nə var? Atası burada saat beş ilə yeddi arasında hər gün oturur, "Fremdenblatt" ilə rəsmi qəzeti oxuyub bir “Virciniya” içir. Bunu otuz ildən bəri bütün şəhər bilir. Bölgə qubernatoru oturub oğluna baxır; gülümsəyirmiş kimi görünür. Karl Cozef şlyapasını əlinə alıb atasına doğru gedir. Yaşlı Herr von Trotta qəzeti əlindən buraxmadan başını qaldırıb deyir:
–Slamanın yanındanmı gəlirsən?
–Bəli, ata.
–Məktubları verdimi?
–Bəli, ata.
–Otur, zəhmət olmasa.
–Əlbəttə, ata.
Bölgə qubernatoru, nəhayət, qəzeti masaya buraxır, dirsəklərinə söykənir, oğluna dönüb deyir:
–Sənə ucuz konyak verdilər. Mən həmişə “Hennessi” içirəm.
–Yadımda saxlayaram, ata.
–Mən nadir hallarda içirəm.
–Bəli, ata.
–Hələ də bir az solğunsan. Paltonu çıxar. Mayor Kreidl qarşıdadır, buraya baxır. – Karl Cozef təsdiqləyir, əyilərək mayoru salamlayır. – Slama səni incitdimi?
–Xeyr, səmimi bir adamdır.
–Gördünmü?
Karl Cozef paltosunu çıxardır.
–Məktublar haradadı? – deyə bölgə qubernatoru soruşur. Oğul paltosunun cibindəki paketi çıxardır. Yaşlı herr von Trotta paketi götürür, sağ əlində ölçür, masanın üstünə qoyarkən deyir:
–Heç də az deyil.
–Bəli, ata.
Səssizlik hökm sürür, təkcə bilyard toplarıyla şahmat daşlarının taqqıltıları eşidilir; çöldə də yağış tökür. Bölgə qubernatoru pəncərəyə baxaraq deyir:
–Sabah alayına qatılırsan.
Karl Cozef birdən atasının sısqa əlini öz sağ əlinin üstündə hiss edir. Bölgə qubernatorunun sərin, sümüklü əli leytenantın əlini sərt bir qabıq kimi örtür. Karl Cozef baxışını masaya endirir. Qızarır.
–Bəli, ata, – deyir.
Bölgə qubernatoru hesab tələb edərək əlini çəkir. Ofisianta deyir:
–Bizim təkcə “Hennessi” içdiyimizi xanıma deyin.
Dümdüz bir diaqonal xətt üzərində yeməkxananın içindən keçərək qapıya gedirlər, ata qabaqda, oğul arxada.
Yaş bağçadan keçib evə doğru gedərkən ağaclardan artıq sadəcə yağış dənələri damlayır; yavaşca, mahnı oxuyurmuş kimi. Qubernatorluğun qapısından dəbilqə və süngülü tüfəngiylə baş çavuş Slama çıxır, qolunun altına keşik dəftərini dürtüb.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.