Текст книги "Radetski Marşı"
Автор книги: Йозеф Рот
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 24 страниц)
Həyəcanla düşündü ki, həkimə indi gözəl bir söz deməlidir. Şinitzelin bu gün mükəmməl olduğunu xatırlayıb dərhal dedi. Həkim gülümsədi. Polkovnik düşündü ki, hərif lap mülki şəxs kimi gülümsünür. Birdən-birə aralarında həkimi tanımayan bir adamın olduğunu xatırladı. Əlbəttə ki, Trotta! Həkim icazəliykən aralarına qoşulmuşdu. Polkovnik qışqırdı:
–Ən gəncimiz, Trotta! Siz hələ tanış olmamısınız!
Karl Cozef alay həkiminin qarşısında dayandı.
–Solferino qəhrəmanının nəvəsimi? – deyə həkim soruşdu.
Hərbi tarixə bu qədər hakim olması gözlənilmirdi.
–Həkimimiz hər şeyi bilir, – deyə polkovnik qışqırdı. – Əməlli-başlı kitab həvəskarı.
Yenidən oturdular və axşam öz əvvəlki halına döndü. Alay həkimi dedi:
–Babanız ordudakı ən qəribə insanlardan biri idi. Onu şəxsən tanıdınızmı?
–Onu şəxsən tanımadım, – deyə Karl Cozef cavab verdi. – Şəkli bizim evdə siqaret otağında asılıb. Kiçikkən şəklə tez-tez baxardım. Bir də babamın xidmətçisi Jak hələ də bizim yanımızdadı.
Alay həkimi soruşdu:
–Bu necə bir şəkildi?
–Atamın bir gənclik dostu çəkib, – Karl Cozef dedi. – Qəribə bir şəkildi. Olduqca yuxarıdan asılıb. Kiçikkən bir stulun üstünə çıxmağım lazım gəlirdi. Elə baxa bilirdim.
Bir müddət kimsə danışmadı. Sonra həkim dedi:
–Mənim babam mehmanxana işlədirdi; Qaliçyada yəhudi bir mehmanxana müdiri. Qaliçyanı tanıyırsınızmı? (Həkim Demant yəhudi idi. Bütün lətifələrdə yəhudi alay həkimləri olardı. Hərbi məktəbdə də iki yəhudi vardı. Piyadalara qoşulmuşdular).
Birdən-birə kimsə "Resinin, Resi xalanın yanına" deyə qışqırdı.
Sonra hamı bir ağızdan təkrarladı:
–Resinin. Resinin yanına gedirik!
– Resi xalagilə!
Heç bir şey Karl Cozefi bu qışqırıq qədər qorxuda bilməzdi. Həftələrdən bəri qorxuyla bu anı gözləyirdi. Frau Horvatın ümumi görüş evinə etdikləri son ziyarətin bütün təfərrüatlarını xatırlayırdı; hər şeyi, kafurla limonaddan ibarət olan şampan şərabını, qızların yumşaq, ətli dərisini, divar kağızlarının cazibədar qırmızılığıyla çılğın sarı rəngini, dəhlizdəki pişik, siçan və inciçiçəyi qoxusunu, on iki saat sonrakı mədə yanmasını. Hələ alaya gələli cəmi bircə həftə idi; həyatında ilk dəfə ümumi görüş evinə gəlmişdi. Taittinger buna “sevgi manevri” deyirdi. O başçılıq edirdi. Bu, yeməkxananı ağlasığmaz müddətdən bəri idarə edən bir zabitin vəzifələrindən biri sayılırdı. Solğun, sısqa Taittinger qılıncını qınından tutub uzun, incə addımlarla frau Horvatın salonunda masadan masaya gəzirdi, bayat bir əyləncənin yavaş-yavaş gəzişən təşkilatçısıydı. Kindermann çılpaq qadın qoxusunu hiss edincə bayılırmış kimi olur, dişi cinsiyyəti ürəyini bulandırırdı. Mayor Prohaska tualetdə qısa, qalın barmağını ciddiyyətlə boğazına soxmağa çalışırdı. Frau Resi Horvatın ipək paltarları evin hər küncündə xışıldayır; böyük, qara gözləri hədəfsiz bir şəkildə enli, solğun üzündə fır-fır fırlanır, piano tuşu böyüklüyündəki protez dişləri geniş ağzında dümağ parlayırdı. Trautmannsdorff frau Horvatın hərəkətlərini oturduğu küncdən xırdaca, yaşılımtıl baxışlarıyla sürətlə izləyirdi. Sonra ayağa qalxaraq əlini frau Horvatın dekoltesinə soxdu. Əli döşlərin içində ağ siçanın ağ təpələrdə yox olması kimi yox oldu. Musiqinin köləsi pianoçu Pollak isə qara işıqları əks etdirən pianonun başında kürəyi önə doğru qövsvarı şəkildə oturub tuşlara basarkən, sərt manjetlərinin tıqqıltısı metallik səsləri müşayiət edirdi.
Resi xala! Resi xalanın yanına gedilirdi. Polkovnik aşağıda üzünü çevirib dedi:
– Yaxşı əyləncələr, cənablar. – Səssiz küçədə iyirmi səs: "Hörmətimizi bildiririk, cənab polkovnik" – deyə guruldadı. Qırx mahmız bir-birinə vuruldu. Alay həkimi Maks Demant utancaqlıqla qrupdan ayrılmağa cəhd elədi. Leytenant Trottadan yavaşca soruşdu:
– Siz də onlara qoşulmağa məcbursunuzmu?
– Yəqin elə lazımdır, – deyə Karl Cozef pıçıldadı. Alay həkimi heç bir söz demədən yoluna davam etdi. Bu iki nəfər kiçik şəhərin səssiz, ay işığının işıqlandırdığı küçələrində şaqqıltılar arasında nizamsız bir şəkildə yeriyən zabitlər qrupunun ən sonuncuları idi. Bir-birləriylə danışmırdılar. Hər ikisi də pıçıldayaraq verilən sualın, pıçıldayaraq verilən cavabın onları bir-birinə bağladığını hiss edirdi, başqa bir şey edə bilməzdilər. Hər ikisi də alaydakılardan fərqli idi, ən çoxu yarım saatdan bəri tanış idilər.
Karl Cozef birdən-birə dedi:
– Kati adlı bir qadını sevdim. Öldü.
Bunu niyə dediyini bilmirdi. Alay həkimi dayanıb üzünü leytenanta tutaraq dedi:
– Başqa qadınları da sevəcəksiniz.
Yola davam etdilər. Uzaqlardakı qatar stansiyasından gecə işləyən qatarların fit səsləri gəlirdi. Alay həkimi dedi:
– Getmək istəyirəm, çox uzaqlara getmək istəyirəm.
Resi xalanın mavi fənərinin önünə çatmışdılar. Kapitan Taittinger bağlı qapını döydü. Kimsə qapını açdı. İçəridə piano dərhal çalınmağa başladı: “Radetski” marşı. Zabitlər salona üz tutdular. Taittinger "Bir-bir azalın!" əmrini verdi. Qarşıdan gülüşərək gələn çılpaq qızlar qıvraq toyuq dəstəsinə bənzəyirdilər.
–Tanrı sizinlə olsun, – Prohaska dedi. Trautmannsdorff bu dəfə dərhal, hələ ayaq üstə dayanarkən əlini frau Horvatın döşlərinə salıb bir daha da çıxarmadı. Frau Horvatın mətbəxlə zirzəmiyə nəzarət etməsi lazım idi; baş leytenantın oxşamalarının onu gözlə görüləcək bir şəkildə narahat etməsinə baxmayaraq, qonaqpərvərliyin öhdəçiliklərinə dözməyə məcbur olaraq yoldan çıxarılmağa razı oldu. Leytenant Kindermannın üzü dümağ olmuşdu, qızların çiyin-lərindəki pudradan daha ağ idi. Mayor Prohaska mineral su sifariş verdi. Onu yaxından tanıyan hər kəs bu gün çox sərxoş olacağını əvvəlcədən görə bilərdi. Mineral su ilə sadəcə spirtli içkinin yolunu açırdı, lap əhəmiyyətli bir qəbuldan əvvəl yolların təmizləndiyi kimi.
– Həkim bizimlə gəldimi? – deyə yüksək səslə soruşdu; sonra elmi bir ciddiyyətlə həmişəki solğunluğu, həmişəki sısqalığıyla dedi. – Xəstəliklərin mənbəyindəcə araşdırılması lazımdır.
Zabitliyə namizəd Barensteynin gözlüyü indi ağa çalan sarışınlıqda olan bir qızın gözündə idi. Özü isə kiçik, qara gözlərini qırparaq oturub qəribə heyvanlara bənzəyən qəhvəyi, tüklü əllərini qızın üstündə gəzdirirdi. Axırda hər kəs bir yerdə oturmuşdu. Qırmızı divanın üzərindəki həkim ilə Karl Cozefin arasında iki qadın dizlərini birləşdirib donuq halda otururdu; Karl Cozeflə həkimin çarəsiz üz ifadələri onları qorxutmuşdu. Qara paltarlı, ciddi görünüşlü xidmətçi mərasimsayağı bir ədayla şampan şərabını gətirincə, frau Horvat baş leytenantın əlini sinəsindən çəkib çıxardı, əli borc alınan bir əşyanı geri verirmiş kimi intizama olan hörmətin tələb etdiyi kimi baş leytenantın qara şalvarının üzərinə qoyub avtoritar görkəm alıb dikəldi. Çilçırağın işığını söndürdü. İndi təkcə künclərdəki kiçik lampalar yanırdı. Qırmızı alaqaranlıqda pudralı ağ bədənlər parlayır, qızılı ulduzlar yanıb-sönür, gümüşü qılınclar parıldayırdı. Cütlər bir-birinin ardınca yerlərindən qalxıb gözdən itdilər. Çoxdan konyaka keçmiş olan Prohaska alay həkiminin yanına gələrək dedi:
– Sizin onsuz da ehtiyacınız olmayacaq, mən ikisini də aparıram, – dedi. Sonra qadınların arasında yırğalana-yırğalana pilləkənlərə doğru getdi.
Birdən-birə Karl Cozef və həkim tək qalmışdılar. Pianoçu Pollak salonun qarşı küncündə eləcə çalmaq xətrinə barmaqlarını tuşların üzərində gəzdirir, çox mülayim bir vals otağın içində süzülürdü. Bunun xaricində səssizlik və demək olar ki, xoş bir mühit hakim idi, buxarının üstündəki ayaqlı saat tıqqıltı səsləri çıxardırdı.
– Zənnimcə, burada bir işimiz qalmadı, elə deyilmi? – deyə həkim soruşdu. Ayağa qalxdı. Karl Cozef buxarının üstündəki saata baxdı, sonra o da ayağa qalxdı. Qaranlıqda saatın neçə olduğunu görə bilmədi, saatın yanına getdi, sonra yenə bir addım gerilədi. Üzərinə ağcaqanadların qonduğu düyüdən düzəldilmiş çərçivə içərisində Əlahəzrət Baş komandanın hər yerdə görünən ağ geyimli, qan qırmızısı rəngində olan qurşaqlı, qızılı cəngavər nişanlı bir şəkli vardı. Leytenant tez və uşaq məsumluğuyla düşündü ki, bir şey eləməliyəm. Bir şey edilməliydi! Saraldığını, ürəyinin sürətlə döyündüyünü hiss etdi. Əlini çərçivəyə uzatdı, qara kağızdan olan arxa divarını sökərək şəkli çərçivənin içindən çıxardı. Sonra şəkli qatladı, bir daha, bir daha qatladı, cibinə qoydu. Geri döndü. Arxasında alay həkimi dayanırdı. Həkim barmağıyla Karl Cozefin imperatorun portretini gizlədiyi cibini göstərdi. Həkim Demant düşündü ki, babası da onu xilas etmişdi. Karl Cozef qızardı.
– Böyük bir əxlaqsızlıqdı, – dedi. – Nə düşünürsünüz?
– Heç bir şey, – deyə həkim cavab verdi. – Sadəcə babanızı düşünürdüm!
– Mən onun nəvəsiyəm, – Karl Cozef dedi. – Mənim heyif ki, imperatoru qurtarmaq üçün fürsətim yoxdur!
Masanın üstünə dörd gümüş pul qoyub frau Resi Horvatın evini tərk etdilər.
VI
Alay həkimi Maks Demant üç ildən bəri alayda idi. Şəhərdən kənarda, cənub ucunda, yolun "köhnə" və "yeni" qəbiristanlığa çıxdığı yerdə yaşayırdı. Hər iki qəbiristanlıq gözətçisi həkimi yaxşı tanıyırdı. Həkim həftədə bir neçə dəfə ölüləri ziyarətə gəlirdi, həm çoxdan unudulmuşları, həm də hələ də yadda qalanları. Bəzən məzarların arasında uzun-uzadı gəzər, gah o yandan, gah bu biri yandan qılıncını bir məzar daşına çırpınca çıxardığı səs eşidilərdi. Həkim heç şübhəsiz, qəribə bir adam idi; yaxşı bir həkim olduğu deyilərdi, hərbi həkimlər arasında az rast gəlinən bir insan idi. Hər cür əlaqədən uzaq durur, yalnız işinə görə bəzi yerlərdə (amma hər halda arzu etdiyindən çox) iş yoldaşlarının arasında görünürdü. Yaşı və vəzifə müddəti nəzərə alındıqda kapitan rütbəli həkim olmalıydı. Niyə olmadığını kimsə bilmirdi. Bəlkə özü belə. "Tərs qarmaqlı karyeralar vardır". Bu söz alayı məqsədəuyğun epiqramlarla da bəsləyən kapitan Taittingerə aid idi.
"Tərs qarmaqlı karyera" – deyə həkim tez-tez düşünərdi.
–Tərs qarmaqlı bir həyat, – leytenant Trottaya dedi. – Mənim tərs qarmaqlı bir həyatım var. Əgər taleyim mənimlə daha yaxşı davranmış olsaydı, vyanalı böyük cərrahın assistenti və ehtimalla professor ola bilərdim.
Vyanalı cərrahın adı uşaqlığının qaramat məhkumluğuna hələ erkən illərdə bir parlaqlıq gətirmişdi. Maks Demant hələ kiçik bir oğlan ikən böyüyüncə həkim olmağa qərar vermişdi. Krallığın şərqdəki sərhəd kəndlərindən birində dünyaya gəlmişdi. Dindar bir yəhudi olan babası mehmanxana sahibi idi, atası isə on iki il ehtiyat birliyində vəzifədə olduqdan sonra ən yaxın sərhəd şəhərinin poçt idarəsinə keçən orta dərəcəli bir məmur idi. Babasını hələ də çox aydın bir şəkildə xatırlayırdı. Babası sərhəd mehmanxanasının böyük qapısının qarşısında bütün günü otururdu. Qıvrım gümüşü saqqalı sinəsini örtər, dizlərinə qədər uzanardı; qoca kişi ətrafına gübrə, süd, at, saman qoxusu yayardı. Beləcə babası mehmanxana qarşısında oturardı, mehmanxanaçılar arasında yaşlı bir kraldı. Kəndlilər həftəlik adi donuz bazarından evlərinə geri dönərkən memanxananın qarşısında dayandıqda yaşlı kişi insan qiyafəsində nəhəng bir dağ kimi dikələrdi. Qulağı eşitmədiyi üçün kiçik kəndlilər istəklərini bildirmək üçün əllərini ağızlarının qarşısında bir qıf halına gətirərək qışqırmağa məcbur olardılar. O isə eləcə başını tərpədərdi. Anlamışdı. Müştərilərinin istəklərini sanki bunların yerinə yetirilməsi qarşılığında nağd pul ödənmirmiş kimi, kəndlilərə lütf edirmiş kimi təsdiqləyərdi. Güclü əlləriylə atların qoşqusunu açıb onları şəxsən axura aparar; qızları müştərilərə geniş, alçaq tavanlı müştəri salonunda konyakla qurudulub duzlanılmış göy noxud verərkən, çöldə sakitləşdirici sözlərlə heyvanları bəsləyərdi. Şənbə günləri böyük, dini kitabları önünə qoyub onların üstünə əyilər, gümüşü saqqalı səhifələrin alt hissəsini örtərdi. Əgər nəvəsinin günlərin birində bir zabit forması geyinib, öldürücü silahlarla qurşanıb dünyadan keçəcəyini bilsəydi, yaşını və belindən gələnlərin meyvəsini lənətləyərdi. Orta dərəcəli bir poçt məmuru olan oğlu, yəni həkim Demantın atası belə yaşlı kişinin gözlərində sadəcə şəfqət səbəbiylə dözdüyü bir dəhşət idi. Kişi xələflər ən uzaq gələcəyədək məmur, oxumuş, axmaq kimi qalmağa məhkum ikən, yeddi nəsil əvvəlindən bu günlərə qədər gələn mehmanxana qız övladlara və kürəkənlərə verilmək məcburiyyətində qalmışdı. Ən uzaq gələcəyədəkmi? Bu, çox da uyğun gəlmirdi. Alay həkiminin uşağı yox idi, istəmirdi də… Çünki arvadı…
Həkim Demant xatirələrinə həmişə düz burada ara verərdi. Anasını düşündü. Anası müntəzəm şəkildə böyük bir narahatlıqla əlavə gəlir axtarışında olurdu. Gözlərinin qarşısında şəkillər peyda oldu: Atası işdən sonra kiçik çayxanada oturur. Tarokko oynayır, məğlub olur, hesabı ödəyə bilmir. Oğlunun orta məktəbi bitirdikdən sonra məmur olmasını istəyir; əlbəttə, poçt məmuru. Anasına deyir:
"Sənin gözün həmişə yuxarılardadı". Mülki həyatı nə qədər nizamsız olursa olsun, hərbçilik zamanından mülki həyata daşıdığı bütün aksesuarları gülünc bir səliqə-sahmanla qoruyur. Uzun müddət xidmət etmiş ehtiyatda olan zabitin qolları qızıl işləməli forması, qara şalvarı, piyada papağı üç parçaya bölünmüş və hələ də yaşayan bir adam kimi parlayan və hər həftə yenidən cilalanılan düymələriylə qarderobda asılıb. Qulpu da hər həftə təmizlənən qara, qıvrım qılınc isə heç istifadə edilməyən yazı masasının üstündə iki mismara söykənmiş vəziyyətdə divara yapışıq halda durur; qılıncın öz-özünə sallanan qızılı rəngli saçağı bir tumurcuq kimi qapalı, bir az tozlu bir günəbaxanı xatırladır. "Əgər sən gəlməsəydin imtahana girər, bu gün kapitan olardım" – atası anasına deyir. Poçt məmuru Demant imperatorun ad günündə məmur uniformasını geyinir, geniş kənarlı şlyapasını taxır, qılıncını qurşanır. O gün tarokko oynamır. İmperatorun hər ad günündə borcsuz yeni bir həyata başlamağa qərar verir. Sərxoş olana qədər içir. Gecənin bir aləmində evə gəlir, mətbəxdə qılıncını çəkir, bütöv bir alaya əmr edir. Qazanlar birlik, çay fincanları dəstə, qablar isə bölükdür. Simon Demant polkovnik, imperator Birinci Frans Cozefin əmrində olan polkovnikdir. Buruq gecəliyi, belinə dolanan jileti və gecə başlığıyla yataqdan atılan anası atasını sakitləşdirməyə çalışır.
İmperatorun ad günlərindən birində atası yatağındaca iflic olur. Gözəl bir ölümü, qeyri-adi bir dəfn mərasimi oldu. Bütün poçtalyonlar tabutun arxasınca getdi. Mərhum yaxşı bir ər, imperator və İmperiya Poçt İdarəsinin xidmətində ölən bir adam olaraq dul arvadının xatirələrində yaşamağa davam etdi. Poçt məmuru Demantın forması dul arvadı tərəfindən fırça və təmizlik vasitələriylə təmizlənərək qarderobda davamlı olaraq hazır saxlanıldı. Forma bir mumiya kimi görünür, qarderob hər dəfə açıldıqda oğlu mərhum atasının yan-yana uzanan iki cəsədini görürmüş kimi bir hissə qapılırdı.
Oğul hər nə bahasına olursa olsun həkim olmaq istəyirdi. Ayda cəmi-cümlətanı altı kron qarşılığında dərs verirdi. Cırıq-sökük çəkmələri vardı. Yağış yağdıqda çəkmələr varlıların evlərinin gözəl, cilalı döşəmələrində böyük ayaq izləri qoyurdu. Çəkmələrin dabanı yırtıq-sökük olanda insanın ayaqları daha böyük izlər qoyur. Nəhayət, liseyi bitirib həkim oldu. Gələcəyinin qarşısında hələ də yoxsulluq dayanırdı, bu dəyincə insanın parçalandığı qara bir divardı. Özünü ordunun qollarına buraxdı. Yeddi il yeyəcək, yeddi il içəcək, yeddi il geyinəcək, yeddi il sığınacaq, yeddi uzun il. Hərbi həkim oldu və elə də qaldı.
Həyat düşüncələrdən daha sürətli gəlib keçirmiş kimiydi. Hələ bir qərar verə bilmədən yaşlı bir kişi olmuşdu.
Bu vaxt ərzində frauleyn Eva Knopfmacher ilə evlənmişdi.
Həkim Demant burada xatirələrinin axışına bir daha ara verdi və evinə getdi.
Axşam qaranlığı ətrafa çökmək üzrə idi; evin bütün otaqlarından alışılmayan, xüsusi günlərə xas bir işıq yayılırdı. Xidmətçi əsgər “böyük cənab gəldi" xəbərini verdi. Böyük cənab qayınatası idi, herr Knopfmacher.
Elə o anda qayınatası əynində uzun, güllü, yumşaq bir xalat, əlində də bir ülgüclə vanna otağından çıxdı; sanki üzü iki yerə bölünübmüş kimi bir-birindən ayrı dayanan, təkcə keçi saqqalıyla bütünlük qazanan xoş ətirli yanaqları yenicə təraş edilib qızarmışdı. Herr Knopfmacher əlindəki ülgücü ehtiyatla kiçik bir masanın üzərinə qoydu, qollarını açdı, xalatın önünün iki yana açılmasına izin verdi.
– Əziz Maks, – dedi. İki qeyri-səmimi öpüşün müşayiətiylə qucaqlaşdılar və birlikdə siqaret otağına getdilər.
– Bir şnaps istəyirəm, – herr Knopfmacher dedi. Həkim Demant şkafı açdı, bir müddət butulkalara baxdı, yenə geri döndü.
– İçkidən başım çıxmır, – dedi, – hansından xoşlanacağını bilmirəm. Mədəniyyətsiz birinin bir kitabxana sifarişi verməsi kimi, özünə bir içki növü hazırlatmışdı.
– Demək, hələ də içmirsən, – herr Knopfmacher dedi. – Slivovitz, rom, konyak, enzian, araq varmı? – deyə qüruruna əsla yaraşmayan bir tələsikliklə soruşdu. Sonra dikəldi. Şkafa getdi (xalatının ətəkləri sağa-sola uçuşurdu), özündən əmin halda irəli cumub şüşələrin arasından birini götürdü.
– Evaya bir sürpriz etmək istədim, – deyə herr Knopfmacher danışmağa başladı. – Sənə deməyə məcburam ki, əziz Maks, bütün günortadan sonrakı vaxt ərzində sən ortalıqda yox idin. Sənin yerinə… – Bir az ara verərək son sözləri təkrarladı: – Sənin yerinə burada bir leytenantla qarşılaşdım. Bir axmaqla!
– Ordudakı vəzifə müddətim boyunca qazandığım yeganə yoldaşdır, – deyə Maks Demant cavab verdi. – Leytenant Trotta. Çox yaxşı bir insandır.
Qayınatası təkrar etdi:
– Çox yaxşı bir insan. Məsələn, mən də yaxşı bir insanam! Amma sənin yerində olsam, məni bax bu qədər belə olsa dəyər verdiyim gözəl bir qadınla tək buraxmazdım.
Knopfmacher baş barmağının və şəhadət barmağının uclarını bir yerə gətirdi, bir az keçdikdən sonra təkrar elədi. – Bu qədər!
Alay həkimi saraldı. Gözlüyünü çıxarıb uzun müddət təmizlədi. Beləcə ətrafı xalatlı qayınatasının böyük olmaqla yanaşı bulanıq, ağ bir ləkəyə çevrildiyi xoş bir buludla örtülmüşdü. Gözlüyünü təmizlədikdən sonra dərhal taxmayıb əlində saxladı, buludun içinə baxıb danışdı.
–Evadan və ya yoldaşımdan şübhələnməyim üçün hər hansı bir səbəb yoxdur, əziz ata.
Bunu alay həkimi duruxaraq demişdi. Dedikləri öz qulağına da hər hansı bir kitabdan və ya unudulmuş bir teatr tamaşasından götürülmüş yad bir deyim kimi gəlirdi.
Gözlüyünü taxdı; yaşlı Knopfmacher dərhal həm həcm, həm də siluet olaraq nəzərə çarpıb yaxınlaşdı. İndi bir az əvvəl istifadə etdiyi deyim də çox geridə qalıbmış kimi idi. Artıq o deyim qətiyyən həqiqət deyildi. Bunu özü qədər qayınatası da bilirdi.
Herr Knopfmacher təkrar elədi:
– Hər hansı bir səbəb yoxdur. Amma mənim bir səbəbim var! Qızımı tanıyıram! Sən arvadını tanımırsan! Hörmətli leytenantları da tanıyıram! Onsuz da kişilər… Orduya qarşı bir söz demiş olmayım. Mövzuya qayıdaq. Arvadım, yəni sənin qayınanan hələ gənckən mülki və ya uniformalı kişiləri tanımaq fürsətim oldu. Bəli, qəribə insanlarsınız, siz, siz, siz…
Özünün də tam mənasıyla tanımadığı və kürəkəniylə birlikdə başqa axmaqların daxil olduğu bir topluluğun ortaq adını axtarırdı. Ən çox da "siz akademik təhsillilər" deməyi seçərdi. Çünki özü ali təhsil almadan ağıllı, varlı, nüfuz sahibi olmuşdu. Bəli, bu günlərdə Ticarət Məsləhətçisi titulunu almaq üzrə idi. Üstəlik, gələcəyə istiqamətlənmiş şirin bir xəyalı vardı, pul ianələriylə dolu bir xəyal, böyük pul ianələriylə. Bunların birbaşa nəticəsi bir əsilzadə titulu olacaqdı. Məsələn, əgər macar vətəndaşlığına keçsə, daha tez əsilzadə ola bilərdi. Budapeştdə kimsə həyatı çətinləşdirməzdi. Onsuz da həyatı çətinləşdirənlər də alimlər idi, bir sürü planlama məmuru. Axmaqlar! Öz kürəkəni də onun işini çətinə salırdı. Elə indi uşaqlarla əlaqədar kiçik bir qalmaqal baş versə, ticarət məsləhətçiliyi hələ çox gözləyərdi! Hər yeri, hər şeyi gözdən keçirib nəzarət altında saxlamalıydı, həm də şəxsən. Yadların həyat yoldaşlarının namusuna belə diqqət yetirmək lazım idi.
– Hər şey üçün çox gec olmadan sənə həqiqəti demək istəyirəm, əziz Maks.
Alay həkimi bu sözü sevmirdi, hər nə bahasına olursa olsun həqiqəti eşitmək istəmirdi. Necə herr Knopfmacher qızını tanıyırsa, o da arvadını tanıyırdı. Lakin onu sevirdi, nə edə bilərdi ki! Arvadını sevirdi. Olmützdə bölgə müfəttişi Herdall olmuşdu, Qrazda isə bölgə hakimi Lederer. Hərbçi yoldaşlarının adı hallanmasaydı, alay həkimi Tanrıya da, arvadına da minnətdar olardı. Kaş ki ordudan ayrıla biləydi. Nə qədər çox sınamışdı qayınatasına təklif etməyi… Yenə də bəxtini sınamağı qərara aldı.
–Bilirəm, – dedi, – Evanın təhlükədə olduğunu bilirəm. Eva həmişə təhlükədədir. İllərdən bəri. Eva diqqətsizdir, təəssüf ki… Amma son addımı atmaz… – duruxdu; bir daha vurğulayaraq dedi, – son addımı atmaz.
Bu sözlərlə illərdən bəri onu rahat buraxmayan şübhələrini yox etmək istəyirdi. Şübhələrini bir tərəfə buraxdı, arvadının onu aldatmadığından əmin idi. Bir daha yüksək səslə “əsla” dedi. Artıq tam mənasıyla əmin idi.
– Eva hər şeyə baxmayaraq dürüst bir insandır.
–Tamamilə doğrudur, – deyə qayınatası təsdiqlədi.
Alay həkimi davam etdi:
– Lakin bu həyata ikimiz də daha uzun müddət davam gətirə bilmərik. Bildiyiniz kimi, bu vəzifə məni qətiyyən təmin etmir. Bu vəzifə olmasa kim bilir haralarda olardım? Həyatda böyük bir yerim olardı və Evanın da istəkləri təmin edilərdi. Evə təəssüf ki, çox ehtiraslıdı.
–Bunda mənə çəkib, – herr Knopfmacher razılığını gizləmədən dedi.
Alay həkimi sözünü davam etdirdi:
– Razı deyil, – qayınatası stəkanını yenidən doldurarkən əlavə elədi, – razı deyil; bir də əylənmək, bir şeylə başını qatmaq istəyir. Onu bu səbəblə günahlandıra bilmərəm.
Qayınatası müdaxilə elədi:
– Onu sən əyləndirəcəksən.
– Mən… – həkim Demant axtardığı sözü tapa bilməyib susdu. Şnaps şüşəsinə baxdı.
–Gəl sən də iç, – deyə herr Knopfmacher cəsarətləndir-di. Sonra ayağa qalxaraq kiçik bir qədəh götürüb doldurdu; xalatı açılmışdı, tüklü sinəsiylə yanaqları kimi çəhrayı şən göbəyi də görünürdü. Dolu qədəhi kürəkəninin dodaqlarına yaxınlaşdırdı. Maks Demant nəhayət içdi.
–Əslində məni işimi buraxmağa məcbur edən daha bir şey var. Orduya yeni gəldikdə gözlərimin vəziyyəti hələ çox yaxşı idi. İndi isə hər keçən il daha da pisləşir. Yəni indi bu anda eynəksiz düz-əməlli bir şey görməyim mümkün deyil. Əslində bu barədə hesabat verərək təqaüdə çıxmağa icazə istəməliyəm.
– Sonra? – deyə herr Knopfmacher soruşdu.
– Yaxşı bəs nəylə…
– Nəyləmi dolanacaqsınız? – Qayınatası ayağını ayağının üstünə aşırdı, birdən-birə ona titrəmə gəlmişdi; xalatına büründü və yaxasını əlləriylə boynunda saxladı.
–Bəli, bunu mənim qarşılaya biləcəyimimi güman edirsən? Siz evləndikdən bəri mənim aylıq köməyim (təsadüf də olsa əzbərdən bilirəm) üç yüz kron oldu. Amma bilirəm, əlbəttə, bilirəm. Evanın ehtiyacları həddən çoxdur. Yeni bir həyata başlasanız, ehtiyacları azalmayacaq. Səninkilər də elə, oğlum. – Mehribanlaşdı. – Bəli, əziz, olduqca əziz Maks. Heç bir şey əvvəllər olduğu qədər yaxşı deyil.
Maks susdu. Herr Knopfmacher hücuma keçdiyini hiss etdi, xalatının önünü yenə açdı. Bir qədəh də içdi. Fikri aydın qala bilərdi. Özünü tanıyırdı. Axmaqlar! Bu kürəkən heç olmasa o birisindən, Elizabetin əri Hermanndan daha yaxşı idi. İki qızına çəkdiyi xərc ayda altı yüz kron olurdu. Bu rəqəmi əzbər bilirdi. Bəs birdən alay həkimi günlərin birində kor olsa… Kürəkəninin parlayan gözlüyünə baxdı. Arvadına diqqət yetirsin! Bu, uzağı görə bilməyənlər üçün də o qədər çətin bir şey deyildi.
– Saat neçədi? – deyə çox mehriban və məsum bir səslə soruşdu.
Həkim dedi ki, yeddiyə işləyir. Qayınata geyinmək qərarına gəldi. Ayağa qalxdı, baş əyərək salam verib ağır, qürurlu addımlarla qapıdan çıxdı.
Alay həkimi qaldı. Məzarlıqların tanış yalnızlığımdan sonra öz evinin təkliyi çox böyük idi; alışılmayan, az qala düşməncəsinə idi. Həyatında ilk dəfə öz qədəhinə şnaps doldurdu. Sanki həyatında ilk dəfə içki içirmiş kimiydi. Düşündü ki, nizama salmaq lazımdı, hər şeyi nizama salmaq lazımdı. Arvadıyla danışmağa qərarlı idi. Dəhlizə çıxdı. Arvadının harada olduğunu soruşdu. Xidmətçi əsgər yataq otağında olduğunu dedi. Həkim qapını döyməli olub-olmadığını öz-özündən soruşdu. Sərt qəlbi əmr etdi ki, xeyr. Qapının qulpunu aşağıya endirdi. Arvadı mavi tumanıyla şifonerin güzgüsünün qarşısında dururdu; əlində bənövşəyi bir ənlik vardı. “Ah" deyə qışqıraraq boş olan əliylə sinəsini gizlədi. Alay həkimi qapıda dayandı.
– Sənsənmi? – arvadı dedi. Bu bir sual idi, amma arvadının səsi əsnəmə kimi çıxmışdı.
– Mənəm, – deyə alay həkimi gücsüz bir səslə cavab verdi. Ona elə gəldi ki, sanki özü deyil, başqası danışırdı. Gözlüyü gözündəydi, lakin bir buludun içinə doğru danışırdı.
– Atan, – deyə başladı, – atan leytenant Trottanın gəldiyini dedi.
Arvadı üzünü çevirdi. Mavi tumanıyla və sağ əlində bir silah kimi tutduğu ənliklə üzü ərinə çevrilmiş halda dururdu, ciyiltili səsiylə dedi:
– Yoldaşın Trotta burada idi. Atam gəldi. Onu gördünmü?
–Bax ona görə, – alay həkimi dedi. Bunu dediyi anda itirdiyini bilirdi.
Bir müddət səssizlik hakim oldu.
– Niyə qapıya döymürsən? – deyə arvadı soruşdu.
– Səni sevindirmək istədim!
– Məni qorxudursan!
– Mən… – deyə alay həkimi başladı. “Mən sənin ərinəm” demək istəyirdi. Lakin ağzından "Mən səni sevirəm" cümləsi çıxdı.
Onu həqiqətən də sevirdi. Orada mavi tumanıyla və əlində bənövşəyi ənliklə eləcə dayanırdı. Onu sevirdi.
Qısqanc olduğunu düşündü.
– Mənim xəbərim olmadan insanların evə girib-çıxmasından xoşlanmıram.
– Çox xoşagəlimli bir gəncdir, – arvadı deyib güzgünün qarşısında ağır hərəkətlərlə uzun-uzadı ənlik çəkməyə başladı.
Alay həkimi arvadına yaxınlaşıb onun çiyinlərindən tutdu. Güzgüyə baxdı. Arvadının ağ çiyinlərində qəhvəyi, tüklü əllərini gördü. Arvadı gülümsədi. Gülümsəməsini, gülümsəməsinin şüşədən əks olunmasını güzgüdə gördü.
– Açıq ol, – deyə yalvardı. Sanki əlləriylə arvadının çiyinlərində diz çökübmüş kimi idi. Arvadının açıq olmayacağını dərhal anlamışdı. Təkrar elədi:
– Lütfən açıq ol. – Sürətli, solğun əlləriylə gicgahlarındakı sarı saçları havalandırdığını gördü. Mənasız bir hərəkət… Onu əsəbiləşdirirdi. Arvadının polad gülləyə bənzəyən boz, soyuq, quru, ani baxışı güzgüdə göründü. Alay həkimi düşündü ki, onu sevirəm. Mənə əzab verir, mənsə onu sevirəm.
– Günortadan sonra burada olmadığım üçün mənə hirslisənmi? – deyə soruşdu.
Arvadı üzünün yarısını ona doğru çevirdi. İndi hissiyyatsız şəkildə orada eləcə otururdu, bal mumu və ipək paltardan ibarət olan cansız bir maket idi. Uzun, qara kirpiklərinin altındakı açıq rəngli gözləri buzdan əmələ gələn saxta şimşəklər kimiydi. İncə əlləri mavi ipək tumanının üzərində ağ bir quş kimi dayanırdı. Daha əvvəl ondan heç eşitmədiyi sinədən gələn boğuq bir səslə dedi:
– Sənin yoxluğunu heç hiss etmirəm.
Alay həkimi arvadına heç baxmadan gah irəli, gah geri getməyə başladı. Yeriyərkən maneə təşkil edən iki maneəni kənara çəkdi. Özünü yolundan təmizləməsi lazım gələn hələ xeyli çox şey varmış kimi hiss edirdi; bəlkə divarları geriyə itələtdirməli, başıyla tavanı parçalamalı, ayaqlarıyla döşəməni yerlə yeksan etməliydi. Mahmızlarının çıxardığı səs sanki başqasınınkına aidmiş kimi uzaqdan qulağında çalındı. Tək bir söz başının içində gedib-gəlir, beynində heç dayanmadan uçuşurdu. Bitdi, bitdi, bitdi! Kiçik bir söz! Tük kimi yüngül, amma eyni zamanda tonlarca ağırlıqdakı söz beyninin içində sürətlə o tərəf-bu tərəfə uçuşub dayanırdı. Addımları getdikcə sürətləndi və başındakı o sözün ritminə uyğunlaşdı. Alay həkimi birdən-birə dayanaraq soruşdu:
–Yəni məni sevmirsən?
Arvadının bu suala cavab verməyəcəyindən əmin idi. Susacağını düşündü. Arvadı "Xeyr" dedi. Kirpiklərinin qara pərdəsini qaldırdı; onu çılpaq, qorxunc dərəcədə çılpaq gözlərlə yuxarıdan aşağı süzdükdən sonra əlavə elədi:
– Sən sərxoşsan.
O anda çox içdiyini qəbul etdi. Halından razı bir halda düşündü ki, sərxoşam, sərxoş olmaq istəyirəm. Ona yad gələn bir səslə sanki sərxoş olmağı bir öhdəçilik olaraq qəbul edirmiş kimi dedi:
– Ah, eləmi!
Başındakı naməlum düşüncələrə görə sərxoş bir adamın bu kimi anlarda bunu deməsi lazım idi. O da elə etmişdi. Buna bir şey də əlavə edərək ağır-ağır dedi:
– Səni öldürəcəyəm.
Arvadı köhnə, incə, alışılmış səsiylə ciyildədi:
– Öldür məni.
Ayağa qalxdı. Sağ əlindəki ənlik qutusuyla çevik, cəld bir hərəkətlə dikəlmişdi. İpək kimi ayaqlarının incə, tox enerjisi ona bir az moda evlərinin vitrinlərindəkı üzvləri xatırlatmışdı; bu qadın fərqli parçalardan yığılmışdı. Onu sevmirdi, onu artıq sevmirdi. İçi özünün də nifrət etdiyi bir nifrətlə dolu idi, tanımadığı bir düşmən kimi uzaqlardan gəlib indi ürəyində yaşayan bir qəzəblə aşıb-daşırdı. Bir saat əvvəl düşündüklərini yüksək səslə söylədi:
– Nizam! Nizama salacağam.
Arvadı heç tanımadığı cingiltili bir səslə güldü. Düşündü ki, bu teatr səsidi. Hər şeyi nizama sala biləcəyini ona sübut etmə istəyi əzələlərini sərtləşdirib zəif gözlərini qəribə bir şəkildə gücləndirdi.
– Səni atanla tək buraxıram. Trottaya baş çəkəcəyəm.
– Əlbəttə, əlbəttə, get, – arvadı dedi.
Alay həkimi getdi. Evdən çıxmazdan əvvəl bir şnaps içmək üçün yenə siqaret otağına baş çəkdi. Həyatında ilk dəfə sevdiyi bir yoldaşına dönürmüş kimi spirtli içkinin yanına gəlirdi. Özünə bir qədəh şnaps süzdü, sonra birini də. Daha sonra üçüncü qədəhi… Tıqqıldayan addımlarla evdən çıxdı. Kazinoya getdi. Xidmətçi əsgərdən soruşdu:
– Leytenant Trotta haradadı?
Leytenant Trotta kazinoda deyildi.
Alay həkimi birbaş qışlaya gedən yola yönəldi. Alçalan ay hələ də gümüşü idi və güclü bir şəkildə parıldayırdı, demək olar ki, bütöv ay idi. Yolda ən kiçik bir hərəkət yox idi. Çılpaq şabalıd ağaclarının sısqa kölgələri yolun yüngülcə qövslü orta hissəsinə qarışıq şəbəkə naxışı çəkirdi. Həkim Demantın addımları sərt, buzlu bir səs çıxarırdı. Leytenant Trottanın yanına gedirdi. Uzaqda göy rəngə çalan bir bəyaz içində qışlanın nəhəng divarını gördü; oraya, düşmən qalasına doğru getməyə davam etdi. Qarşıdan yatmaq vaxtını bildirən şeypurun soyuq, metala bənzər səsi eşidildi. Həkim Demant buzlu, metal səsin üstünə gedib onu çəkmələriylə əzdi. Leytenant Trotta hər an görünməliydi. Qara bir xətt qışlanın nəhəng bəyazlığından ayrıldı, həkimə yaxınlaşdı. Üzbəüz dayanırdılar. İndi üzbəüz idilər. Leytenant salam verdi. Həkim Demant çox-çox uzaqlardan gələn öz səsini eşitdi:
–Bu gün günortadan sonra arvadımın yanındaydınız, hörmətli leytenant?
Sual səmanın mavi, şüşə qübbəsində əks-səda verdi. Çoxdandır, həftələrdən bəri bir-birlərinə sən deyə müraciət edirdilər. Bir-birlərinə sən deyirlər, amma indi bir düşmən kimi üzbəüz dayanırdılar.
–Bu gün günortadan sonra arvadınızın yanındaydım, hörmətli alay həkimi, – leytenant dedi.
Həkim Demant leytenanta xeyli yaxınlaşdı.
Правообладателям!
Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.