Текст книги "Tera"
Автор книги: Zeruya Shalev
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 22 страниц) [доступный отрывок для чтения: 7 страниц]
– Sən oynaya bilmədiyin üçün, bura gəlib mənimlə futbol oynaması üçün atamı çağırmışam artıq, indi gələcək.
Onun iradəsi ilə mənim iradəm arasındakı bu ani və kəskin ayrılıq məni yumruq zədəsi almışcasına sarsıdır, o, mənim balaca oğlum, gözümün nuru, canımın bir parçası, altı il ərzində iradəsi iradəm, sevinci sevincim, kədəri kədərim olan tək oğlum və birdən-birə bu ziddiyət gizlicə aramıza girdi, bir gecədə, onun iradəsi artıq mənimki deyil, sevinci mənim deyil, kədəri mənim deyil və mən həyatımdakı gerçək uçurumun bu olduğunu hiss edirəm. Gili ilə məni belə üzləşdirən Amnonla olan yad münasibətim deyil, Gilinin arzuları ilə mənim arzularımın yadlaşmasıdır. Altı il aramızda olan bənzərsiz və mükəmməl uyğunlaşma, otağın bir küncündə, daha onun sevmədiyi oyuncaqları ilə birlikdə məhv olur.
Amnon içəri girəndə özünü yatmış kimi göstərirəm, bəlkə də həqiqətən, yatmışam, çünki onun və oğlumun səsi xəyallardakı obrazların səsləri kimi uzaq və boğuqdur, ağrayan ayaq biləyim məni onlardan ayırır, bütün öhdəliklərdən xilas edir və mən hərəkət azadlığımı məhdudlaşdıran, lakin ruhumu azad edən ağrıya təslim oluram, aralarında fırlanan elastik top qədər yumşaq və elastik söhbətləri otaqda gəzir, zehnimdəki bulanıqlıq və məni huşumu itirəcək həddə çatdıran ağrıya görə görüntüləri silinir və mən ən sonda, evimizdə barmaq uclarında gəzərək ətrafımda olanların anamla atamın olduğu hissinə qapılıram, mən xəstəyəm və sevgi fantaziyaları qurmaqda azadam. Yataqda balalamış pişik kimiyəm, fantaziyamdakı obrazları yalayır, onlara sıxılıram, yetkin insan olaraq gələcəkdəki həyatımı cürbəcür rənglərlə bəzəyirəm. Divanda uzanmış və bir örtüklə örtünərkən, uzaqlaşan və meydanı başqa obrazlar üçün boş qoyan cütlüyə əl etməyə tənbəllik edirəm. Bir dialoqun uğultusu gəlir qulağıma və altı ildir mənə yoldaşlıq edən bu səmimi və isti söhbətin daha burada eşidilməyəcəyini yalnız o zaman başa düşürəm. Bir ata və oğlu, bir oğul və ata arasındakı bu huzur dolu uğultu mövcud olmağa davam edəcək, amma mən onu eşitməyəcəm və bizim uğultumuz da dinləyicisiz qalacaq, açıq pəncərədən küçə yayılaraq gecəyə hazırlaşan ailələrin səsinə qarışacaq və heç kim onu eşitməyəcək.
Bu axşam mənsiz həyatlarını onlarla paylaşmaq, onları gizlicə seyr etmək üçün son şansımdır, müəyyən edilmiş görüş günlərində günortadan sonra birliktə oynayacaqlar, bazar ertəsi və çərşənbə günləri ya da bazar və çərşənbə günləri, hələ ki, hansı günlər olacaq, qərar verməmişik. Başqa bir evdə, masa arxasında üz-üzə oturub axşam yeməklərini yeyəcəklər və Amnon mənim etdiyim kimi özünə əziyyət verib xiyarların qabığını Gili üçün soymayacaq və mənim kimi çörəyin kənarlarını qəhvə rəngli halqa formasında kəsməyəcək, duş qəbul etməməyə və dişlərini fırçalamamağa qərar verəcəklər, Amnon kirli geyimləri sabah yenidən geyinməsi üçün onun yatağına qoyacaq, yuxudan öncə danışdığı hekayə çox uzun olacaq; qazıntı iclaslarında olduğu kimi. Mən onların yanında olarkən onun anidən əsəbləşməsindən və Gilini incitməsin-dən qormağıma ehtiyac yoxdur, mən olmayanda o daha çox əmək sərf edir və Gili onun xoşuna gəlmək üçün çox çalışır, nə də olsa hal-hazırda Amnon onun tək dəstəkçisidir. Qaranlıq otaqda, oturduğum divandan onların heyvan müqəvvalarının ailələrini necə yatızdırdıqlarına qulaq asıram, erkək şir, dişi şir və balaları, erkək pələng, dişi kaplan və balaları, görəsən, Gili heyvanların üzərinə hopmuş kəskin iyi hiss edir? Amnonun söylədiklərini eşidirəm, bax Şotlandiyalı Teddi də buradadır, çox dar yataqda, bu səhər onun bədəninə vida etdiyim yerdə Gili ona sığınaraq mızıldandığını eşidirəm. Yerimdə tərpənmədən uzanmışam, ayağımı tərpətməyə çalışmıram, həyatımın bir hissəsi olacaq bu qarışıqlığa alışmağa çalışıram, həm nifrətimə həm də Gilinin nifrət etdiyim insana sevgi duymasına dözmək məcburiyyətindəyəm. Amnonun oğlumun sevgili atası olmağını qəbul etməyə və buna baxmayaraq həm də onu özümdən uzaq tutmağa məcbur olacam, buna görə iki ayrı mən yaratmalı olacağımı hiss edirəm, bu tapşırıq elə çətindir ki, məni qorxu dolu yuxu basır, çünki hələ də hər şey mənim əlimdədir və mən heç nəyi dəyişdirmirəm, çünki bu tanış olan ailə uğultusu, yeni həyatın sevinc nidaları qarşısında, yeni həyatdan gələn sevincli və güclü səslər qarşısında getdikcə daha çətin eşidiləcək vəziyyətə gəlir.
Gecə yarısı soyuqdan titrəyərək oyanıram, gözlərimin önündə bir çay axır, boz və buna baxmayaraq təsiredici, bu çayın mənzərəsi, coşğuyla axan suyun mənzərəsi məni hər zaman dərindən təsirləndirəcək. Sonuncu qurultaya görə getdiyim Avropadakı o liman şəhərinə, daha heç bir mənası olmayacaq qədər qəzəb dolu qışqırtıların yanğısını da özümlə götürdüm, bəsdir məni təhdit etdin, sən, sadəcə, özünü təhdit edirsən, kimsən axı sən, bezdim daha sənin şikayətlərindən, bezdim səndən, belə vəziyyətdə davam etməyə niyyətimin olmadığını başa düş artıq, gedirəm, bu dəfə ciddiyəm. Otelin geniş açılmış pəncərəsindən çay görünürdü, çayın üzərində uzanan nəhəng bir dəmir körpü və yanında ondan balaca bir körpü də var, çayın digər tərəfində isə evlərin ön fəsadları rəngarəng, incə və narın idi. Çayda gəmilər üzürdü, sanki suyun üzərində uçaraq süzürdülər. Yola çıxmadan öncə, sonuncu mübahisəmizin od püskürən, kəskin səsləri məni izlədi və mən elə bir hissə qapıldım ki, sanki o hələ də qarşımda dayanıb, əsəbi, günahlandırıcı, qəzəbdən çirkinləşmiş, yox, mənim arzuladığım insan bu deyildi, həsrətində olduğum həyat bu deyildi və hətta mən özüm, olmaq istədiyim qadından dəhşətli dərəcədə fərqli idim, bizim içimizdə nələrsə bərpa olunmayacaq şəkildə qırılmışdı. Yoxsa mən hər şeyə dözmək məcburiyyətində idim, başqa bir həyat yaşaya bilməzdim, yəni bu qədər gec idi hər şeyə?
O bir otaqdan digərinə hərəkət edir, işıqları söndürür, indi ev qaranlıq və səssizdir, hal-hazırda çöldən kimsə keçir, yəqin burada bir ailənin mehriban halda, payız olduğu üçün isti adeyal altında yatdığımızı düşünür. Yataq otağının qapısı bağlanır və mən burada, divanda, onlardan çox uzaqdayam, sanki başqa qitədə, boz rənglərdə parıldayan çayın sahilindəki oteldəyəm hələ də. Həyatım kənarda belə görünəcək, deyə o vaxtlar sual vermişdim özümə, gənclik xəyallarım beləcə məhv olacaq, görəsən. Gili böyüyəcək, mənim ona yüklədiyim boşluqları doldurmaq əvəzinə o, bu vəzifəni üzərindən atacaq, sonra nə olacaq, yeni bir uşaq, yeni bir qazıntı, yeni bir səyahət? Qayalıqlardakı çiçəklər kimi gizlicə açmış və ömrünü tez tamamlayan, sadəcə, bir neçə həftəlik yeni bir sevgi? Bəli, çaydakı gəmilərə söz verirəm, hələki gec deyil, hələki daha çoxunu ümid edə bilərəm, pəncərəni açıram və sanki çayın o biri tərəfindən məni izləyən böyük bir izləyicini inandırmağa çalışırmışcasına yüksək səslə açıqlayıram, bitti, xanımlar və cənablar, ömrünü tükətdi və keçmişdə qaldı, əbədi bitti və keçib getdi.
3
Bizi Tanrı qarşılayır, göyün qapılarını misgin barmaqlarla tıxayan, qəbul olmayacaq bir dua qədər tərəddüdlü halda məktəbin həyətinə gecikərək daxil oluruq və rəngarəng bir çevrə yaradaraq bir yerə toplanan, hər biri örtüklərlə yastıqların üstündə bir– birinə qarışmış halda, sakit səslə mahnı oxuyan ailələrin qarşısında xəcalət çəkərək dayanmışıq, bizdə örtük belə yoxdur. Gili əlimdən tutaraq mızıldanır: -
–Ana, örtük lazımdır, hər kəs örtüyünü özü gətirib.
Mən o saat özümü müdafiə etməyə başalayıram, örtük gətirmək lazım olduğunu bilmirdim, heç mənə bunu deməyib, bu vəziyyətdə sanki Amnon günahkardı və mən ona günahlandırıcı halda nəzər yetirirəm, amma o hər zaman olduğu kimi səbirsizcə öz yolunu açaraq irəliləyir, təkəbbürlü əl hərəkəti ilə bizə onun arxası ilə getməyimizi işarə edir.
Miller ailəsi, gəlin davam etməyimiz üçün oturun, – müəllimə israrla yanındakı boş yeri göstərir və mən getməmək üçün dirənən Gilini arxamca dartıram, dirsəklərin və dizlərin arasından güclə keçərək irəliləyirəm, süfrənin kənarına ilişib bir şüşəyə dəyirəm, ağzı açıq olan, içi uşaq bezləri ilə bəzədilmiş dolu bir çantaya su tökürəm və üçümüz birlikdə müəllimənin yanında əyləşirik. Hər kəs bizim fəqrliliyimizi bir örtüyün olmamasından rahatca hiss edə bilər. Hər zaman ailənin yanlarını üzərində birləşdirən, bütün ailə üçün ortaq bir altlıq yaradan, evin bir hissəsi olan köhnəlmiş örtükdür, sadəcə, biz fərqliyik, biz onlara aid deyilik və bir-birimizə də aid deyilik, həyətin örtüksüz torpağında oturmaq məcburiyyətindəyik, aramızdakı kədərli Gili utanaraq ərtafına baxır.
Ən kiçik ailə bizik, – deyə üzgün halda qulağıma pıçıldayır və mən köhnədən adət etdiyim kimi şərəfimizi müdafiə etmək təlaşına düşürəm, niyə kiçik, atan çox böyükdür və sən də eləsən, amma o, o saat bir səbəb tapır, çünki biz, sadəcə, üç nəfərik. Həqiqətən də, elədir, örtünün üzərində oturmuş çoxlu sayda ailələrə nəzər yetirdikdə orada böyük və kiçik uşaqları görürəm, körpələr və yeniyetmələr ya da bir nənə və ya bir baba, ağ şalvarları və köynəkləri ilə bayram paltarlarını geyiniblər, hətta bir neçə itaətli it də var və fərqlilik böyüyür, bu bir damğa kimi alnımı dağlayır, çünki biz bu cürə qalacağız, biz həyatının gözəl çağlarında ölən biri kimiyik, biz bundan sonra böyük bir ailə olmayacağıq.
Merivada, o gün çöldə Massada olduğu kimi qəlblərinizi möhürləməyin, dua kitabından mətni izləyərək coşquyla deyirlər, müəllimə mətnin yazılı olduğu kağızı mənə uzadır və mən kağıza diqqətlə baxıram, başqaları ilə birlikdə oxumağa çalışıram, kəlmələr boğazımda düyümlənir, onlar ürəyi pis yola gedən bir xalqdır və onlar mənim yollarımı bilmirlər, buna görə qəzəblə özümə söz verdim ki, onlar mənim əmin-amanlıq içində olan diyarıma gəlməyəcəklər… İlahinin kölgəsində söhbətlər edilir, kəlmələr misraların arasına pıçıldanır. Burada olanların çoxusu bir-birini tanıyırlarmış kimi görünür, daha öncə birlikdə yaşanan xatirələr, Şabatı qarşılarkən bərabər bayramlar keçiriblər, örtüklərdən gözəl ətirli bir istilik yayılır, sanki gizli bir ocaqda yemək bişir. Hər ailə öz ailəsinin xoş ətrini, öz nəfəsinin və öz yeməklərinin, öz yuyucu vasitələrinin və şampunlarının ətrini, təslim olmanın və uyğunluğun, yaxınlığın və vərdişin, çox keçmişlərdə qalmış hakimiyyət savaşlarının və fərqinə varmadan qurulmuş dostluqların gözəl ətirini bərabər paylaşır və bütün bu ətirlər birləşərək böyük bir sirri paylaşırlar. Onlara baxarkən, bir-birilərinə söykənərək necə tamamlanmış şəkillər, qeometrik fiqurlar yaratdıqlarını incələyirəm, az bir müddət sonra onlara mənə də daha yad olmayacaqlar, amma indilik mənə bir gülümsəmə yaxın gəlir, yaşılımtıl balaca gözlərdən süzülən bir gülümsəmə, ayağını digər ayağına aşıraraq oturub, kürəyini bir az əyərək əllərini oğlunun boynuna dolayıb, dizlərinin üstündə qırmızı məxməri donda oğlandan daha böyük bir qız uzanır və yelpik kimi açılmış parlaq buruqların arxasında solğun bir adamın kirləşmiş saçları, tünd rəngli gözləri və onları kölgələyən qalın qaşları ilə alnı görünür, adamın melodiyanın ritmində hərəkət edən əlləri qadının kürəyini və çiyinlərini masaj edir.
Rabbin bir bəyin gəlininə sevindiyi kimi sevinir, sənin… Uşaqlar indidən səbirsizcəsinə gülərkən, böyüklərin səsləri müəllimin səsinə ağır bir karvan kimi qoşulmağa çalışır, itaətkar, lakin emosiyasız. Əmin-amanlıq içində gəl, bəyin baş tacı, xoşbəxtlik və sevinc nidaları içində inananların, öz xalqının, Rabbinin arasına, gəl gəlin, gəl gəlin… Özümü bir anlıq sanki bir toya gəlmişik kimi hiss edirəm və bu an, ayrılığımızın Şabatında duyğu yüklü toy mahnıları oxumağa məhkumuq və müəllimə mənim şübhəmi yüksək səslə təsdiqləyir, təəccüblənmiş uşaqlara tapmaca verir, kraliça Şabat gəlindirsə, sizcə bəy kimdir? Mən bilirəm, mən bilirəm, Tanrı, qızıl saçları dağınıq vəziyyətdə olan bir qız uşağı deyir və xeyir, cavab yalnışdır, müəllimə deyir, Tanrı deyil, qulaq asın, dünya yaranandan sonra Günlərin Kraliçası bir yoldaşı olmadığı üçün əbədi olaraq bir dərdlə yandı, buna baxmayaraq həftənin digər günlərinin yoldaşları var idi və Tanrı onu ovudaraq ona İsrail xalqının onun yoldaşı, onun bəyi olacağına söz verdi.
Bir gəlin üçün bu qədər çox bəy? Gili mənə şübhə içində baxır, bu necə mümkün ola bilər? Lakin müəllimə detallarla izah etmir, görünür, bu əhvalatı o dəfələrlə danışıb, tez-tələsik izah etməyə davam edir:
–Bilirsiniz, yüz il əvvəl ravvinlər ağ paltar geyinərdilər və Kraliça Şabatı qarşılamaq üçün çöllərə gedərdilər, deyir və ayağa qalxır, dodağının yuxarısında tər damlaları parıldayır, bəlkə indi biz də onu qarşılamağa çıxıb Kraliça Şabatı ilk olaraq kimin tapacağını görə bilərik. Uşaqların çoxu o saat bu dəvətdən təsirlənir, ailə örtüklərindən qalxaraq müəllimənin ətrafına yığışırlar, mən isə mənə sığınmış və başını çiynimə qoymuş olan tərəddüdlü Gilini razı salmağa çalışıram: – Get, digərləri ilə birlikdə getməlisən.
Uşaqlar sevincli taylar kimi vəhşicə qaçaraq onun yanından keçib gedirlər, bir azdan sürü halında onu əzəcəklər, indi onun qarşısında dayanıb – gəl, Gili, -deyir gülümsəmədən, mənimlə gəl, Gilinin cəsarətsizliyi anidən yox olur, indi hətta örtüyümüzün olmamağının mənası belə yoxdur, o ayağa qalxır, ailəmizin kədərləndirici fərqliliyini unudur və yeni dostu Yotamla birlikdə Kraliça Şabatı, hər həftə bəyi ilə yenidən evləndirilən gözəllər gözəli gəlini qarşılamaq üçün qaçır və gözlərim Mikali axtararaq tapdığında, onun mənə baxdığını görürəm, böyük ehtimalla oğlunu bizim yanımıza o göndərib, uzaqdan ona təşəkkürümü bildirirəm. Lakin məyus oluram, çünki o heç bir reaksiya vermir, ağzı azacıq aralı, gözlərini tərpətmədən önünə baxır, uzaqdan etdiyim təşəkkürü anlamamış kimi görünür, lakin əri onun sarı saçlarının arxasından mənə, sanki təşəkkürüm onların rahatlığını pozacağmış kimi, şübhəli və az qala qəzəb dolu gözlərlə baxır və mən tez üzümü çevirib bir daha onlara baxmamağa çalışıram.
O isə adətinə xilaf olaraq arxamda sakitcə oturub, arxaya çox əyilməməyə və çox qadınların ərlərinə etdiyi kimi başımı onun dizlərinin üstünə qoymamağa çalışıram, onun varlığını orada hiss etməmək üçün dik və hərəkətsiz dayanıram. Boğazından isti və boğucu nəfəs halında çıxmadan əvvəl ciyərlərində yaranan hava məndə nifrət oyadır, arxamda olmasına baxmayaraq onun ətrafa sual dolu və təkəbbürlü baxışını hiss edirəm, buradan getdikdən sonra bu sadə yığıncağı çox pis halda tənqid edəcək, gülməli mahnılar, Kraliça Şabatı axtarmaq hardan çıxdı, bu nə axmaqlıqdır, sənə Gilini bu məktəbə yazdırmaq lazım deyil demişdim, amma mən daha ona qulaq asmaq, yaşadığı xoş anların Gilinin beynindən silinməsinə izləyici kimi kənardan baxmaq, daha onunla xoş danışmaq məcburiyyətində də deyiləm, bəlkə evdə də Şabatı qarşılmağa başlamalıyıq, daha onun lağlağalarına qulaq asmaq məcburiyyətində deyiləm. Ella, həqiqətən, sənə təəccüb edirəm, bizim bu bütpərəstliklərlə, bu Yəhudi bazarlıqları və ticarəti ilə nə əlaqəmiz var?
Onsuz evə getmək necə də xoş olacaq, daha Gili ilə söhbətimizə qarışıb o anda ağlına nə gəldi danışan və o, axmaq qəzeti yerə qoy deyən, fərqli-fərqli bəhanələrlə telefon söhbətlərimizi bölən biri olmayacaq, bəli qapı sonsuza qədər və əbədi olaraq bağlanır, bundan sonra onu daha qapının dalında görəcəm. Ətrafıma baxıram, qadınlar məğrur görünürlər, çox qadın daha cəlbedici deyil, həyat axını içində iri budlu kənd qadınlarına çevriliblər və buna baxmayaraq əldə etdiklərini, örtüklərin üstünə qarışıq işarətlərlə yazılmış olanları, qəhvə, şərab, sidik, qusmaq, qatran və süd ləkələrini göstərməkdə qürur hissi keçirdirlər və hər ləkənin arxasında keçirilmiş böhranın xoş xatirəsi gizlənir, xatırlayırsınız, uşaqlar balaca olanda Ramaya getmişdik, uşaq az qala boğulmuşdu, bir dəfə də bir Ərəb kəndində necə itmişdi, nə qədər qorxmuşduq, yadınıza gəlir? Onlara meydan oxuyaraq seyr edirəm, xanımlar, mənim nə etmək istədiyimi bilsəniz inanmayacaqsınız, mən yeni başlanğıc planlayıram, tamamilə yeni bir həyat, mən yenə gənc və şən olmaq istəyirəm, qəzəbini boğan, zibil kimi içdən-içə çürüyən bir itaətkarlıqla qoca və sıxıcı olmaq istəmirəm, görəcəksiniz, məni eşitməyən dinləyici kütləsinə ruh yüksəkliyi ilə səssiz-səmirsiz bir müraciət edirəm, sanki, sadəcə, mənim gözlərimin qabağında bir möcüzə reallaşacaq, qəribə və bənzərsiz bir kəşf, eynilə qumun şüşəyə çevrilməsi kimi, sakit izləyicilərim odun tapılmasından əvvəlki ibtidai şəraitdə yaşayaraq həyatlarını davam edərkən, mən imkansızı etmək, zamana qalib gəlmək, təbiət qanunlarını pozmaq niyyətindəyəm, buna görə təkəbbür və yoxsulluq arasında qalmışam. Mənim üçün gələcəyin qapıları açılarkən siz nəyi gözləyirsiniz, iş yerində vəzifənizin qaldırılmasını, illik icazəni yoxsa yeni bir ev?
Gün boyu bir-birimizlə bir kəlmə də danışmadıq, mən divandakı yerimdən onun hərəkətlərini düşmən kimi izləyir-dim, ağrıyan ayağım onun evdəki varlığını qəbul etməyə məni məcbur etdi, amma indi, ağrı azaldıqca, qərarım bütün gücü ilə geri qayıtdı, yox, son günlərdə eşitdiyim xəbərdarlıq və təhdidlərə baxmayaraq fikrimi dəyişməmişəm. Qəflətən, əli ilə kürəyimi oxşasa belə, mənə nələrsə deyən səsi təəccüblü dərəcədə yumşaq olsa belə, Ella, sənə nə olub axı, niyə bu qədər yalnış fikirdəsən, Gili üçün narahat olma, bir azdan bu sıxılmış valideyn ordusundan bizim aramızı düzəltmələri üçün kömək istəyəcək kimi görünür və mən, bəsdir, Amnon, deyə pıçıldayıram, oyanmaq üçün gecikmisən.
Arxamdan gələn səsi o dəqiqə sərtləşir, üzümü ona çevirib baxmasam da çənəsinin qəzəblə aşağı endiyini, gözlərini qıydığını bilirəm. Ağlından nə keçir, de mənə, bu etdiyin nazın nə mənası var, sən özünü on altı yaşındakı kimi hiss edirsən? Lazım olan vaxtı buna cəsarət edə bilmədiyin üçün atana indi üsyan etmək qərarına gəldin? Təəssüf edirəm, sevgilim, doğru zamanı qaçırdın, bunun üçün iyirmi il gecikmisən, hansı haqla hər kəsin həyatını alt-üst edirsən? Səsi getdikcə yüksəlir, son sözlərini, sadəcə, mən eşitmirəm, yaxında örtüklərdə oturan ailələr də eşidir və bizə şübhəli-şübhəli baxırlar, dərhal ayağa qalxıb çevrədən çıxıram, çox təəssüf ki ağrıyan ayağım əhəmiyyətsiz və zərif hərəkətlərlə yeriməyimə mane olur, pişiyin ağzından canını qurtaran yaralı bir quş kimi baxçanın barmaqlıqlarına qədər güclə də olsa sıçramağa məcburam.
Bura axşam tərəfi necə də fərqli görünür, kabus kimi, məktəbə bitişik olan parkda aşiqlər əyləşib və bir -birini ehtirasla qucaqlayırlar, pıçıldaşırlar, bəlkə də bu cütlüklərin acı dolu sirləri var. Getdikcə qaralan havada ağacları və insanları, insanları və qayaları bir birindən ayırd etmək çətinləşir, sanki hamısı eyni həsrəti çəkir, elə mən də eləcə, amma onun sözləri hələ də qulağımdadır, çevrilib arxaya baxıram və onun yekə bədənin mənə tərəf gəldiyini görürəm, əynində rəngi solmuş cizgili köynəyi və həmişə içində qum dənəcikləri olan dərin cibli şort var. Bir az ətrafa baxdım, Ella, əlini çiynimə qoyaraq deyir, hər zaman olduğu kimi aramızdakı boy fərqinə görə mənə yuxarıdan aşağı baxır, buradakı qadınları izlədim, həyatlarından razı olduqları təəssüratını yaradırlar, necə düşünürsən, səncə, onların hamısı mələklərlə evlidir? Çox təəccüblənəcəksən, amma yox, sadəcə, nələri varsa ondan razı görünürlər və ailəni qorumağa çalışırlar, təkcə sən özünün əziyyət çəkdiyini düşünürsən, daha artığına layiq olduğuna inanırsan, təkcə sən sahib olduqlarının qədrini bilmirsən, buradakı hər qadının mənim kimi bir əri olsaydı, xoşbəxt olardı. Geri çəkilirəm, barmaqlıqlar kürəyimə batır və deyirəm, görürsən də, bax, sənin problemin budur, özündən elə razısan ki, heç vaxt dəyişməyəcəksən, mənim səni niyə istəmədiyimi başa düşməyə belə cəhd göstərmirsən, nəsə cavab almaq üçün yox, sadəcə, məni səhv çıxartmaq üçün mənə suallar verirsən, bezdim sənin hörmətsizliyindən, səndən bezmişəm, səninlə yaşarkən ölmək istəmirəm, başa düşürsən?
– Sən canavarsan, – pıçıldayaraq deyir, çaşqındır, sanki öz özünə danışır, – sən adam deyilsən və mən pıçıldayıram: – əla, o zaman məndən canını qurtacaqsan deyə sevinməlisən, niyə canavarla yaşamaq istəyəsən axı? Mən özüm üçün narahat deyiləm, inan mənə, sənsizliyin öhdəsindən çox rahat gələcəm, mən, sadəcə, oğlumuzu düşünürəm, birdən-birə oğlun üçün narahat olmağa başladın, -deyərək sözünü kəsirəm. Altı il ərzində onunla maraqlanmadın, onun üçün narahat olmaq indi yadına düşüb? Dişlərini ağardır, onunla maraqlanmamışam? Mən dünyanın ən yaxşı atasıyam, sənin kimi bütün günü onun yanında olmuramsa bu mənim pis ata olduğuma dəlalət edir? Bax, gör mənə nə qədər bağlıdır, sənə bağlı olmasından az deyil və mən, əlbəttə, sən onun sahib olduğu tək atasısan, fərqli bir ata necə olur o bilmir, deyirəm.
Deməli, sənin axtardığın budur, qulaq batıran səslə bağırır, oğlum üçün yeni ata, elədir? Sən ağlını itirmisən, onu səndən alacam, məhkəməyə gedəcəm və onu səndən alacam. Lağlağı gülüşlə, məni həqiqətən, qorxudursan, deyirəm, sənin kimi eqoist biri tək uşaq böyütmək istəyir? Yaxşı, bəs iclasların və məqalələrin necə olacaq, yuxun və basketbolun, dostların necə olacaq? Bu günə qədər heç bir şeydən imtina etmədin, bir gün olsa belə imtina etsəydin əsla ayrılmazdıq, qızdırmam var, dayanmadan zəhərli oxlarımı atıram, ürəyi köynəyinin üstündədir sanki, nişan alıram və oxu atıram, hədəfimdə qərarsızam, amma dayana bilmirəm, bu vaxta qədər yığılmış üzüntülərimi bir-bir saymağın, həqiqətən, mənası var?
Batmaqda olan günəş qarğalar parkını qırmızıya çalan rənglərə boyayır, Amnonun mənə yaxınlaşan üzü sanki cırmaqlanmış kimi qırmızı və yaralıdır. Fərqli tərzdə danışmağa cəhd edir, sənə yalvarmaq niyyətində deyiləm, sənə yalnız qazıntının, sadəcə, bir dəfə qazıldığını xatırlatmaq istəyirəm, bundan sonra nəyisə təkrarlama şansı olmayacaq, səni xəbərdar edirəm, mən sənin kimi deyiləm, getsəm daha geri dönən deyiləm, səni tanıyıram, sən bu ayrılığa dözə bilməyəcəksən və sən geri dönmək istəyəcəksən amma məni daha qoyduğun yerdə tapmayacaqsan, bunu başa düş ki, mən nəyisə arxada qoyuramsa o eləcə də qalır. Bu dəfə o mənə arxasını çevirib gedir və mən arxasından sonuncu oxu atmağa cəhd edirəm, bəsdir məni təhtid elədin, təhdidlərinin məni qorxuzacağı günlər daha arxada qaldı, bəli, o günlər geridə qaldı, deyə bütün park boyunca qışqırıram, hər mübahisənin içimdə boşluq açdığı və dərddən nə edəcəyimi bilmədiyim, kin və düşmanlıqlara dayan bilmədiyim, əsəbim keçməsə də səninlə üz-üzə gəlməyə məcbur qaldığım günlər geridə qaldı, o günlər üçün əsla darıxmayacam, sənin qarşında belə kövrəlməkdənsə tək yaşağı üstün tuturam, bəli, ancaq qarşında, yanında yox.
Başqa anaların müvəqqəti düşərgələrinə baxaraq, siz hamınız belə yaşayırsınız, deyə soruşuram səssizcə, bir mübahisədən digərinə dişlərinizi sıxaraq ailəni qorumağa çalışarkən, içinizdə uzaqlarda sevginin xatirəsini oyandıran bir yanğını gözləyərkən, yorğun və tükənmiş halda, buna baxmayaraq dərin bir yuxudaymış kimi bir birinizi bərk qucaqlamış, yoxsa siz mənim bilmədiyim nəyisə bilirsiniz, analarınız sizə hansısa bir sirr, nəsildən nəsilə ötürülən bir sehiri pıçıldadı bəlkə də və, sadəcə, mən onu heç vaxt öyrənə bilmədim, mənə də başa salın.
Uzaqda bir qadın görürəm, öz çiyinlərinin üstündə olan şalı götürüb ərinin çiyninə atır, bu bəsit bir hərəkət mənim dərindən ah çəkməyimə səbəb olur, barmaqlıqlara söykənirəm, çəmənlikdə oturan və ortalarına yığışmış balacaları qorumağa kodlanmış bədənləri seyr edirəm, inadla onları incələyirəm, bilinməyən həyat haqqında bir şeylər öyrənmək üçün yad simalarda ipucları axtarıram, amma onlar Misirə xas dirsək sümüyünə ya da Yunan ayağına görə şəkilləndirilib şəkilləndirilmədiklərinə, bir ibadət yerinə və ya bir evə aid olub olmadıqlarına baxılaraq incələnəcək qalıqlar deyil, burada olan insanlar durub getdiyində, bəlkə şəftəli tumu, çantadan düşmüş pul, yoxluğu rahatsızlıq verəcək olan əmzikdən başqa geridə heç nə buraxmayacaqlar, daş qalıqlarının sirrini aşkarlamaq, canlı qalıntılarınkından daha asandır, bəli, buradakı insanlar anbaan dəyişir, məsələn, Mikalın qəflətən tərk etdiyi örtük ərinin qızının əlindən tutaraq əhvalsız gəzərkən o örtük yerdə, sadəcə, boş və kimsəsiz qalır. Fikirli halda adamın addımlarını izləyirəm, onun yandan görürəm, sərt görünüşünün olmağına baxmayaraq kövrəkdi, görəsən, niyə ailə örtüyünü tərk etdi. Kənarda Amnon dayanıb, iri və bir az donqar, mən çəmənlikdə uşaqları axtararkən uzun donlu bir qadın ona nəsə deyir.
Böyük ehtimalla heç kim onları itdiyinin fərqində deyil, artıq səsləri belə eşidilmir, bəlkə də Kraliça Şabat onları qaçırdıb başqa ölkəyə götürdü, bəlkə indi orada, mələklər kimi ağ geyimdə, əllərində şamlarla gəzişirlər və mum əllərinin üstünə, gəmirilmiş dırnaqlarına damcılayır, qollarından qarnına oradan isə dar budlarından ayaqlarına axır, baxın, uşaqlarımız başdan-ayağa mumun içindədirlər, uşaqlarımız mumlara, mumlardan heykəllərə dönüşüblər və biz gün çıxana qədər burada qalacağıq, kimsəsiz, dərdləri ilə birləşmiş, adi və qarmaqarışıq izdiham, birdənbirə atamın lənəti mənə geri dönür, onun sözləri qulağımdadır, o bunu qəbul etməyəcək, belə yaşaya bilməyəcək, bu səsə Nuhun gəmisinə geri dönmədikləri üçün əza olaraq qara rəngə boyanmış olan ağ qarğalar kimi incə ayaqlarıyla atılıb-düşərək yanımıza gələn uşaqların sevinc dolu səslərindən daha gerçək idi. Ana, Kraliça Şabat bir gəlin kimi çox gözəldir, deyərək Gili qışqırır, yanaqları qırmızı əlləri isə şirniyyatla doludur, həyəcanla mənə tərəf qaçır, sarı saçları və bir duvağı var, onu səmada gördük, bizə şirniyyat atdı, onu qucaqlayıb tərli saçlarına sığal çəkirəm, sənin balaca bədənində özümə bir dünya yaratdım, rahat və azad olduğum, sevildiyim tək dünyam.
Şirniyyatları mənə verib atası tərəfə qaçır, onun ardınca düşərgəyə tərəf gedirəm, indi yenidən bir araya gəldiyimiz üçün müəllimənin dediklərini dinləmək və hər ailə kimi özümüzü adlarımızla və qorxuram ki, hobbilərimizlə tanıtmaq məcburiyyətindəyik, növbə bizə gəldi, Gili yüksək səslə danışmağa başlayır: -Atamın adı Amnon, anamın adı Ella və mən Gilat, amma mənə Gili deyirlər və müəllimə birlikdə nəyi etməkdən xoşunuz gəlir sualını verəndə, Gili bir müddət susur, sonra isə alçaq səslə mızıldanır.
Sözlərini başa düşmək olmur. – Gilat, – müəllimə deyir, – daha yüksək səslə danış və o yenə mızıldanır, biz mübahisə etməkdən xoşlanırıq, müəllimə onun sözlərini təəccüblə təkrar edir. Nə gözəl, sual verməyə davam etmir və piknikə getməkdən, xarici ölkəyə səyahət etməkdən, üzməkdən, filmə getməkdən xoşlanan ailələr ilə davam edir və mən uşaqları danışan zaman qürur duyan analara utanaraq baxıram. Amnon haqlıdır, bu qadınlar da əziyyət çəkir və mübahisələr edirlər, buna baxmayaraq həyatlarından çox razı görünürlər, bəlkə də hamısı bir razılaşma əldə ediblər, eynən atamın mənə məsləhət gördüyü kimi, qüsursuz xoşbəxtliyi var edən, müəyyən sərhədlər qoyan və xəyalları öldürən bir razılaşma. Bəlkə mən də bunu seçməli idim, deyə düşünürəm və yenə qəzəblənirəm, xeyr, onların yolu mənim yolum kimi deyil, həyatları mənim həyatım deyil, bu arada yorucu yığıncağın sonlandığını və balaca bir hədiyyələr verildiyinin fərqinə varıram, uşaqlar balaca ofisiantlar kimi aramızda gəzirlər, yaydan qalma, suyu çəkilmiş qarpız dlimlərini, üsünə quru üzüm səpilmiş şirniyyatlar paylayırlar, qadınlardan biri ayağa qalxır, fidan kimi və oynaq, əynində dar şalvar və futbolka var, saçları uzun və düzdür, qucağında fövqəladə gözəl bir uşaq var, həm çəkinərək həm də həyəcanla, qulaq asın, deyir, bu axşam şənlik təşkil edirik, gəlmək istəyən hər kəs dəvətlidir.
Nə münasibəti ilə şənlik təşkil edirsiniz? – deyərək sual verirlər və qadın ərinə baxıb gülümsəyir, sanki onunla bir sirr paylaşır, yanaqları qızarır, sadəcə, bir şənlik etmək istəyirik, yalnızca bu, deyir, sonra ünvanı deyir, bol şərab və gözəl musiqilər olacaq, gəldiyinizə peşman olmayacaqsınız, əri yanında dayanıb, o da gəncdir və xoş görünüşü var, qolunu arvadının çiyninə ataraq maraqlanan hər kəsə ünvanı izah edir və çox keçmədən ətraflarında sevincli izdiham yaranır, bəli, əlbəttə, gələcəyik, uşaqları saxlayan kimsə olsa niyə də olmasın, gələrkən nəsə gətirək, mən qəşəng kek bişirirəm. Və mən gözlərimi onlardan çəkib Şabat şamlarının axşam küləyində, qocalıqdan ya da xəstəlikdən saralmış gözlər kimi titrəyən balaca işıqlarını seyr edirəm.
Mələklərin nəzəri, ən ali mələklər və sülh həyatınızdan əksik olmasın, ağızları Şabat çörəkləri ilə dolu halda mızıldanırlar, sülh mələkləri, ən ali mələklər, gəlişiniz sülh dolu olsun… Örtüklərini çırpıb qatlayırlar, bəziləri səliqəsiz, bəziləri diqqətli çiyin çantalarını, uşaqlarını, itlərini və uşaq arabalarını bir araya yığırlar və küləyin dağıtdığı buludlar kimi dərhal dağlışırlar, ya maşınlarına minir ya da sürətli addımlarla evə tərəf, yeməklərinə, vərdişlərinə tərəf gedirlər, kimisi nənə və baba evində yemək yeyəcək, kimisi dostlarında, kimisi də öz evlərinə kimlərisə dəvət edəcək və onların uşaqları, Gilinin dostları, həyəcanla süfrəni qurub böyük hazırlıqların dadına baxarkən, biz günün sonunda yavaş-yavaş ilk ayrı Şabatımıza, ayrı və yeni həyatımıza doğru irəliləyəcəyik və bilirəm ki, bu yeni həyat çox keçmədən təbii hal alacaq, təbii olmayan isə bizim keçmişimiz olacaq və Gili biz, gerçək bir ailə olanda həyatımızın necə olduğunu çətin xatırlayacaq. Sadəcə, on il sonra birlikdə yaşadığımız müddətdən daha çox ayrı qalmış olacağıq, amma bu ötüb keçən vaxt bir nağıla çevriləcək, biri var idi, biri yox idi, bizim yalnız bir evimiz, bir soyuducumuz, bir yemək masamız var idi və biz təbii ki, evə hər zaman, indi o kiminlə, səninlə yoxsa mənimlə gedəcək, sabah kimdə qalacaq deyə planlar qurmadan gedərdik.
Yolda tapdığım çomağa söykənərək, yavaş-yavaş gedirəm, qocalanda və heç bir gələcəyim olmayanda bu cür yeriyəcəm, sadəcə, hal-hazırda məndə olmayan bir xəzinəyə sahib ola-cam, bilik xəzinəsinə, xarabalıqlardan yaranmış bir təpənin zirvəsindən aşağıya, bu günlərə baxacam və o zaman bunların lazımlı olduğunu ya da olmadığını biləcəm. Gili və Amnon getdikcə məndən uzaqlaşırlar və mən sanki onları təsadüfən görmüş kimi arxalarından gedərək onları izləyirəm, çiyinlərində oğlunu aparan yekəpər ata, onlarla birlikdə gedən bir ana yoxdur, bəlkə evdə onları gözləyir, axşam yeməyini hazırlayır və az sonra onları öpərək qarşılayacaq ya da bəlkə tükləri ürpədəcək tərzdə bir keçirtdiyi qəzaya ya da çarəsi olmayan bir xəstəliyə görə onlardan ayrılmaq məcburiyyətində qaldı, bəlkə də öz istəyi ilə, yeni bir həyata başlamaq üçün, təbiət qanunlarının qadağalarına baxmayaraq yenidən gənc qız olmaq üçün onları tərk etdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?