Текст книги "Tera"
Автор книги: Zeruya Shalev
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 22 страниц) [доступный отрывок для чтения: 7 страниц]
“Hər nə olursa-olsun, bir xəbər alan kimi mənə zəng et, Ella, həqiqətən, çox narahatam, bir az gəzmək istədiyini dedi, amma gecə geri gəlmədi, mobil telefonu da sönülüdür, dünən, həqiqətən, bitmiş bir halda idi, daha yaşamağa heç bir səbəbi olmadığını dedi, bu vaxta qədər ondan belə sözlər eşitməmişdim. İstəmədən telefona cavab verirəm, alo, Qabi, evə indi girdim, nə olub?”
Qorxduğum oldu, mızıldanaraq deyir, tamamilə məhv olmuş bir vəziyyətdədir, onu tanıyırsan, hər şeyin asanına qaçmağa öyrəncəlidir, indi isə tamamilə məhv olub, bu vəziyyətə dayana bilmir, öhdəsindən gələ bilmir.
Dünən çox yaxşı görünürdü, hətta bu qədər rahat qəbul etməsinə təəccübləndim, deyirəm və Qabinin dediklərinə etirazımı bildirirəm, amma o, mənim dediklərimə qulaq asmır, o, heç nəyi qəbul etməyib, sadəcə, Giliyə görə özünü təmkinli aparırdı, amma mənim yanımda canlı meyit kimi oturmuşdu, heç nə yemədi, tək kəlmə belə danışmadı, yanımda olduğu müddət balaca uşaq kimi ağladı, sadəcə, mən boş yerə narahat olmuram, inan mənə, uşaqlığından, altı yaşından bəri onu tanıyıram, onu səndən daha yaxşı tanıyıram. Uri və Tamiyə zəng vurmusan, deyə soruşuram. Ya da Mikailə? Əlbəttə, deyir, ondan xəbər almaq üçün hər yola əl atmışam.
Elədirsə, bəs o harada ola bilər axı? Artıq qorxmağa başlayıram və bu Qabini çox sevindirir. “Nəhayət, vəziyyətin ciddiyətini başa düşdün, sən nə düşünmüşdün axı? Dostcasına vidalaşıb öz yoluna gedəcəyini və Gili üçün möhtəşəm ata olacağını düşündün? Heç nə bilmirsən, o göründüyü qədər də güclü adam deyil, mən bunu illərdi bilirəm, buna görə də o, nəsə səhv edəndə çox üstünə getməmişəm, məncə, sən də eyni şeyi etməli idin.
Səs tonumla ona etirazımı bildirirəm, “şişirdirsən, Qabi, sən, həqiqətən, elə düşünürsən ki, onun qəlbini qırmamaq üçün, o pis olmasın deyə mən onun yanında qalmalıyam? Səncə o bununla yaşaya bilər?”
“Bəli, deyərək ciddi şəkildə sualımı cavablayır, o bununla yaşaya bilərdi, həm də bu onun üçün pis bir həyat olmazdı və sən də əvvəl axır bu həyata alışacaqdın. Subay olduğun vaxtdan bu yana çox şey dəyişdi, Ella, xüsusilə də yaşın. Çöldə nələrin baş verdiyindən, qarşına hansı tip insanların çıxacağından xəbərin yoxdur, insanlar pozulum, hamısı bir-birinin tayı-dı, onları tanıdıqdan sonra Amnonun qüsursuz biri olduğunu anlayacaqsan, sənin acı çəkməyini istəmirəm, Ella, icazə ver o geri dönsün və son olaraq da dua edək ki, gec olmasın, o özünə nəsə etmiş olmasın”.
Amma, Qabi, sən başa düşmürsən, nədənsə ona düşüncələrimi mütləq şəkildə izah etmək istəyirəm, hal-hazırda mənim başqa biri ilə tanışmaq olmaq kimi bir niyyətim yoxdur, mən yeni bir ər axtarmıram, tək qalmaq istəyirəm və o, kobudluq edərək sözümü kəsir, sən, sadəcə, bunları istədiyini düşünürsən, kimsəylə yaşamaq istəməyən qadın yoxdur, sənin yaşında olan biri bir uşaq daha istəyir, danışdıqlarına məni inandıra bilməzsən, amma bu da vacib deyil. Hal-hazırda onu tərk edə bilmərsən, onunla öz istəyinlə evlənmisən, kimsə səni məcbur etməyib, bu mövzuda onu sıxışdıran biri var idisə o da sən idin, səhv deyirəmsə səhvimi düzəlt, iynələyərək deyir, evlilik uşaq oyuncağı deyil, hələ bir uşaq heç oyuncaq deyil.
Sözlərinin qarşılığını verirəm, sən hansı dünyada yaşayırsan, hər kəs ayrıla bilər, biz Katolik deyilik, sən özün belə boşanmısan, niyə sənin buna haqqın var amma mənim yoxdur? Sən kişi mən isə qadın olduğuma görə? Tələsərək cavab verir, yox, mən boşandıqdan sonra hər ikimiz bunu rahat qəbul edəcəyimizi bildiyim üçün boşandım, amma bunu da bilirəm ki, Amnon bunu belə rahat qəbul etməyəcək və sənin hər kəsdən əvvəl oğluna qarşı öhdəliklərin var. Güclə nəfəs almağa başlayıram, bəsdir, Qabi, bəsdir məni təhdid elədiyin, imkan ver ilk öncə onun harada olduğunu öyrənim, öyrənən kimi sənə xəbər edərəm, amma telefona bağlı qalmalı olduğum halda baş gicəllənmədən yatağa uzanıram və ancaq o dağınıq yataqda oğlumu düşünürəm, sanki sevincli və xoşbəxt halda onu dostugildə qoyub gəlmişdim. Güclə yataqdan qalxıram, onun bir küncə qısılaraq oturduğunu görürəm, böyük ehtimal söhbətimizə qulaq asıb və eşitməməli olduğu həqiqətləri eşidib, yenə Qabinin və öz səsimi eşidirəm: “Amnon bunun öhdəsindən gələ bilməyəcək və sənin hər kəsdən öncə oğluna qarşı öhdəliklərin var, bəsdir, Qabi, bəsdir məni təhdid elədiyin, imkan ver ilk öncə onun harada olduğunu öyrənim, öyrənən kimi sənə xəbər edərəm, az öncə olan bu söhbət indi məhkəmə sənədləri kimi səslənir. Gili ayağa qalxır və səndələyərək mənə tərəf gəlir, “ana, mən yorulmuşam, səninlə yata bilərəm?” “Əlbəttə, mənim əzizim, deyirəm və əlimi ona uzadıram, gəl ikimiz də bir az dincələk”, üzərindəkilərlə yanıma uzanır, arxasını mənə çevirir və təəccüblü dərəcədə çox tez yuxuya gedir.
Balaca və enerji dolu varlıq, sənin bu üz cizgilərindən heç vaxt doymayacam, yeni doğulmuş körpə kimi onu diqqətlə seyr edirəm, üzündə qorxu və çaşqınlıqla dolu bir üz ifadəsi var, mənim gözlərimə bənzəyən gözləri, Amnonun dodaqlarına bənzəyən dodaqları daim mübahisə edəcək, bədənin belə bunun işarətini daşıyan, valideynləri boşanmış bir uşaq. O, sadəcə, mənə bənzəyir, hər fürsətdə Amnon bunu vurğulayardı, səndən heç nə götürməyib, sən, sadəcə, anasısan, həqiqətən, ona diqqətlə bax. Çox zır-zır uşaqdı, tez-tez bunu deyərdi, mən heç vaxt zırıldamamışam, bu xüsusiyyətini səndən götürüb, mən onun yaşda olanda çoxdan oxuyub yazmağı bilirdim, onun oxuma yazması niyə bu qədər uzun çəkir heç başa düşə bilmirəm. O hər dəfə öz qüsursuz qüruru və qüsursuz üstünlük duyğusu arasında var-gəl edərdi və Gili qorxaraq mənə sarılardı, Amnonun qərarlarının birdənbirə dəyişdiyini bilirdi.
“Amnon, o sənə heç bənzəmir, nə yaxşı nə də pis tərəfdən, artıq bunu qəbul et”. Amnonu dəfələrcə fikrindən daşındırmağa çalışdım, “onu necə var elə də qəbul et”. Amnon o saat hücuma keçdi: “Əsil demək istədiyin budur ki, sən məni olduğum kimi qəbul etmək istəmirsən, mənə əxlaq dərsi keçmə və mən, bu eyni şey deyil deyirəm, söhbət uşaqlardan gedirsə, bu başqa məsələdir. Daima onu qoruyaraq ona kömək etmiş olmursan, artıqlamasıyla güvən verirsən, çox tez yumşalırsan, onu balaca şahzadə kimi yetişdirirsən, uşağı həyata belə hazırlaya bilmərsən”. Mən, “bəlkə sən başqa bir şahzadə doğulduğu üçün qısqanırsan, deyirəm, sözlərini özünə saxla, bəlkə də onu ayrı ayrılıqda böyütsək daha yaxşı olar, daimi mübahisələrimiz ona yaxşı təsir bağışlamır və mən problem deyil, dedim, gəl ayrılaq, amma tərəddüdlü və vurğusuz deyilən sözlər, heç dilə gətirilməmiş halda yox olur, ta ki Amnonun üzünə baxaraq sözlərimi qəti şəkildə deyənə qədər.
Eşidirsən, Qabi, mən onun bu oyununda iştirak etmək istəmirəm, nə istədiyi bəllidir, narahat olaraq evimin qapısını ona açacağımı düşünür, valideynlərini fikrindən daşındırmağa çalışan yeniyetmə kimi özünü aparır. Nəyə geri dönmək istəyir ki, bitməyən münaqişələrə, yaralayıcı mübahisələrə, bəli, bilirəm, bəzən böyük sevginin küllərindən dostluq yaranar, hətta bu dostluq sevgidən daha qiymətli daha əziz ola bilər, amma bizdə uçurumdan, sadəcə, qəddar bir rəqabət yaranıb, pis rəqabət, biz dalaşmaqdan bezməyən iki qardaş kimiyik. Qabiylə danışdığım halda qarşımda onun üzünü deyil, iri cüssəli və yaraşıqlı gənc adamın üzünü görürəm, payız yarpaqlarının rəngində gözləri, süd kimi ağ yanaqlarının üstündə doğum ləkələri və həssas dodaqları var, mən indi Giliylə, onun gələcəkdəki halı ilə danışıram, ata anasının yeganə oğlu, altı yaşı olanda həyatı alt-üst olub, qısa sürə ailə həyatını xatırlamağa çalışan gənc adam, mən baş verən hər şeyi tək ona izah etmək məcburiyyətindəyəm.
Evlilik yatağımızda o yan-bu yana çevrilirəm, oğlanı oyandırmamağa çalışıram, tünd rəngli kətan pərdəni günortadan sonra əsən külək yellədir, otaq gah qaranlıq olur, gah da işıq düşür, adama elə gəlir ki, kimsə işığın düyməsi ilə oynayır. Sarı dimdikli qaratoyuqlar pəncərənin önündəki bozarmış sərvənin arxasına toplaşıblar, aylar keçdikcə yaşıl yarpaqları saralan ağacı qış gəlmədən kəsməli olacaqlar, ümid edirəm bu dəfə şiddətli küləyə məruz qalmayacaq.
Ağacın qəzəbini hiss edirəm və üzüstə dönərək yatıram, çox ac olduğum üçün mədəm hərəkətə keçir, bir azdan özünü doyurmaq üçün acgöz əllərini boğazıma uzadacaq, ağlıma Yotamın atasının gözümün önündə tez-tez mədəsinə ötürdüyü peçenyelər gəlir, kaş indi o peçenyelərdən burda olardı və onlardan ayrılmayan güclü dodaqlar, dodaqlarım onlara tərəf uzanır, ağzıma alıram və yumuram, bütün üzüm ac dodaqlarımdan ibarətdir, Yotamın atası onun alnından öpərkən mənə baxaraq sanki məni o öpüşə dəvət edirdi, həyəcanlandırıcı sirr saxlayan gənc qız kimi yorğanın altında yavaşdan gülürəm və sonra yatmış Gili tərəfə əyilib onun alnından öpürəm.
Tam başının üstündə çərçivəli bir şəkil asılıb, ona baxıram və asılı olduğu mismardan çıxardıram, mismar yerindən çıxaraq yerə düşür, Gilinin üzünə bir az əhəng tökülür, diqqətlə tozları üfləyirəm, rəsmə baxıram, gülümsəyən üç üz, təhdid edərək havaya qaldırılmış üç barmaq kimi, xoşbəxt anlarımızın olduğunu sübut edən bir şəkil və bu heç də uzaq keçmişdə olmayıb. Burada, üstü qarla örtülmüş qara çətirin altında bir birimizə sıxılmışıq, Amnon əyilərək donqarlaşıb, çətiri başımızın üstündə qalxan kimi tutub, Gili onun qucağında oturub, yanaqları qırmızı, üzü isə qar dənəcikləri ilə doludur və mən bu şəkildəki insanın mən olduğuma boynuma almaq məcburiyyətindəyəm, iki insanın arasında məmnun halda gülümsəyirəm, qırmızı əlcəkli əl Amnonun qolunun üstündədir, gözlərdə də gün eynəkləri, yox, kimsə bu şəkildə sonlanan bir ailə tablosunu görə bilməzdi. Qarın yağma səbəbi ilə aşağı baxçaya endik, Gilinin sevinci bizə də keçmişdi və qonşulardan bizim şəklimizi çəkmələrini xahiş etdik, sonra bu şəkili çərçivəyə salıb divardan asdıq.
Bəli, belə günlərimiz də var idi, mənim bizdən artıq kiminsə olmasını istəmədiyim günlər, üçümüz bir evdə, üçümüz maşında, üçümüz təyyarədə, ata və anasının arasında olan balaca qız uşağı kimi, yanımızda qal, tez getmə, deyə xahiş edərdim və Amnon işdən, vacib telefon zənglərindən və ya iş görüşlərindən danışardı, əvvəllər iki nəfər idik, deyə deyinərdi indi isə cütlüyün nə olduğunu unutmusan? Buna baxmayaraq orada qarın içində dayanan, maşınla səyahət edən, axşam yeməyi yeyən bu üç nəfərlik qrup çox təbii idi, lakin bundan sonra üçümüzün görüşü cənazə görüşü kimi kədərli olacaq və illər sonra hər şey unudulsa da, tək bir kəlmə, tək baxış bizə bu günü xatırladacaq.
Anidən hər şey məsumluğunu itirir, nə Gilinin yuxusu, nə o yad insanın baxışı, nə qəhvədə əriyən peçenyelər, nə də cavab verilməyən zənglər məsumdur, hər şey qorxu yaradır və bir anlıq yeni həyat gözlərimi kor edəcək qədər işıq saçır, sonra yenə qaralır və hələ ayaq basılmamış bir meşə kimi təhdid edir. Ora, ağacların arasına gəzməyə gedirik, uzun və incə ağaclar, sevgimizi bastırmaq üçün məzar axtarırıq, gecəni cəsədlə birlikdə qalmamaq üçün axşam olmadan geri dönmək istəyirik. Yalın əllərimizlə nəm torpağı qazmağa başlayırıq, tükənmiş, xəstələnmiş sevgi, bədəni insan bədəni kimi yaxşı günlərdə güclü olan amma indi tabutun içində məzara gedərkən quş qədər kiçik görünən sevgi, bütün yaxınları təccüblə ona baxırlar, görəsən, həqiqətən, bu odur, aylarla davam edən xəstəliyi səbəbi ilə nə qədər də zəifləyib. Bir azdan torpaq tərəfindən sovrulacaq, biz isə hayatımızın evini təzədən tikməyə məhkum edildik, həm də onun məzarının üstündə, eynən dağılmış bir şəhərin sakinləri kimi geri dönərək dağıntıların üstünə evlər inşa etdikləri kimi, evə yeni xalçalar səririk, mebellər yerləşdiririk və sadəcə, aradabir ürpərərək evimizin altındakı cəsədi xatırlayırıq.
Payız axşamının soyuq havası məni yuxudan oyandırır, yorğan Gilinin üstündədir və mən paltarlarımın içində soyuqdan titrəyirəm, amma bədən üzvlərim hələ də yatır, bu halda mən necə durub yorğan götürəcəm, yenə ölmüş boz ağaca baxıram, bəlkə üstümə düşər və məni budaqları ilə örtər, yenidən yuxuya gedirəm, quru budaqları qucaqlayıram və əlimi qolumu bağlayan bu qəribə günün sakitliyini yenə Gabinin, Amnonu illərdi mənə qarşı çıxaran özü isə subaylıq həyatının zövqlərinə dair məsləhətləri ilə həyəcanlandırmağa çalışan keçmiş düşmanımın telefondakı səsi pozur. Ella, Amnona yoxa çıxıb, başqa harada ola bilər ağlıma gəlmir, heç kimin ondan xəbəri yoxdur, mobil telefonu sönülüdür, nə etməli olduğunu birlikdə fikirləşməliyik, yoxsa polisə zəng vuracam və mən yalnız o an yataqdan dururam, yuxunun gətirdiyi halsızlıq anidən yox olur, hətta özümü yetərincə ayıq hiss edirəm, ürəyim yerindən çıxacaqmış kimi döyünür, nəsə bir işarət tapmaq üçün otaqları gəzirəm, telefon dəftərində tanışların adların bir-bir baxıram, düşünmədən tez birini seçirəm, lazımsız söhbətlərdən sıxılıram, yeni adlar axtarmaqdan başqa heç nə düşünmürəm amma heç bir ipucu tapa bilmirəm.
Haradasan? Artıq sənə sevgilim deyə xitab etməyəcəm, çünki bir vaxtlar sevgili olduğun ürək indi sənə bağlıdır, sənə gənclik eşqim də deməyəcəm, çünki səndən əvvəl başqaları da olub və ərim deməyəcəm sənə, çünki bu kəlməyə nifrət edirəm, oğlumun atası da deməyəcəm, çünki sən bu şərəfə layiq deyilsən, digər sahiblənmə və sevgi sözləri böyümüş uşağın köhnə oyuncaqları kimidir aramızda, bizə nə xoş sözlər, nə də duyğular qaldı, bizə qalan, sadəcə, itib getmiş sevginin xatirələridir, ziyafətdən qalmış salfetlər qədər kirli xatirələr.
Haradasan, Amnon, sənin gözəl adını çağırıram, həmişə sevdiyim adını, o adı sənə mən vermədim, ona görə ayrılırkən də almayacam, kralın zəif və şəhvətli oğlunun adını, o vaxtlar sən özünü tanıtdığın vaxtlarda az qala mənim adımın Tamar olduğunu deyəcəkdim, kralın qızı, sənin ögey bacın olmağı və keçmişdə qalmış bir hekayə ilə səni özümə bağlamaq istədim, kədərli bir hekayə ilə, amma o vaxtlar mənim xəyal dünyamda özüm üçün gördüyüm, sadəcə, o hekayənin cəlbedici başlanğıcı idi. Və o, belə buyurdu: Davudun oğlu Absalomun Tamar adında gözəl bir bacısı var idi və Davudun oğlu Amnon bu qıza aşiq oldu… Mənə görə gün eynəklərini çıxartdın və mavi gözlərin əsmər üzündə parıldadı, mənə tərəf əyilərək əlini uzatdın və buraya sinfinlə birlikdə gəldin deyə sual verdin. Sən elə düşündün ki, mən lisey tələbəsiyəm və mən də sevinərək sənin səhvini düzəltdim, hansı sinflə gələ bilərəm ki, mən universiteti bitirmək üzrəyəm, bədəninə yapışmış boz köynəyin toz olduğunu, sadəcə, o an başa düşdüm və sən gözlərini məndən çəkmirdin, lakin mən önə əyilib işimi görürdüm, əllərimə yapışmış tozu bir birinə çırparaq təmizlədim, bir metr torpağın altında eramızdan minlərcə il əvvəldən qalma bir ev tapacam və o ev mənə aid olacaq, oradan gənc qızın sümüklərini tapacam və o mənim bacım olacaq, əminəm ki, o burada qazıntı yerində oturub. Sənin fikirli-fikirli ətrafımda gəzməyin hələ də gözümün önündədir, ətrafa güvən verirdin, cins şalvarın çirkli idi və baldır tərəfində yırtıq var idi, yırtıqdan aşağı nazik saplar sallanırdı, təkrardan sürətlə yanıma gəldi, məmnun halda əlini mənə uzatdı, səni əvvəl harada gördüyüm indi yadıma düşdü, sənin Terada, Minos qazıntı sahəsinin divarında şəklin var, sənə Parisli qadın deyirlər və mən, harada, deyə sual verdim. Terada, dedin, parçalanan adanın, Santorinin köhnə adı, oraya getməmisən heç? Fövqəladə gözəl rəsimlər pozulmadan qalıb orada. İnanılmazdır, deyə mızıldandın, mənə tərəf əyilərək üzümə baxdın, sən dörd min ildir yaşayırsan.
Bəlkə də, oraya, dağılmış Tel İsrailə, ətrafı dərin məzarlıqlarla əhatə olunan o möhtəşəm qazıntı sahəsinə geri dönüb, oranın gecələri nə qədər də tənhadır, tənha və təhlükəli, divara söykənirəm, gözlərimin qarşısında bədəni başdan ayağa tozla örtülüb, onu qazıntı sahəsində səssiz və yatmış vəziyyətdə görürəm, antik bir məzar kimi, gözümün önünə gələn bu mənzərə məni çox sarsırdır, ona dayanmadan zəng edirəm, təsirli səsli mesajlar göndərirəm, sənin üçün çox narahatam, bunun sənə bu qədər çətin olacağını düşünməmişdim, dəfələrcə məni ayrılmaqla təhdid eləmisən, bu addımın ikimiz üçün də doğru olduğunu fikirləşdim, sənə pislik etmək fikrim yox idi və hər keçən gün atamın düz dediyini başa düşürəm, bir fəlakətin başlanğıcıdır bu hadisələr, hər keçən gün məndən bir şey istədiyini indi başa düşürəm, ən çətin və eyni zamanda da ən asan olanı, ən ali və ən dəyərsiz olan, ən məntiqli və adi olan bir şey, bu fikirdən daşınmağım tələb olunur məndən, mövzu bir həyatı xilas etmək olduğuna görə fəlakət baş verəcək və xoşbəxtlik bizdən çox uzaq görünür, buna görə fikrimdən daşınmaq məcburiyyətindəyəm, eynən onlar kimi, onlar, o gün örtüklərin üstündə oturan və mahnı oxuyan analar, kralların kralı, ən ali mələklər. Fikrimdən daşınmaq məcburiyyətindəyəm, eynən analarımızın etdiyi kimi, heç tərəddüd etmədən, çünki göylərin qərarı belədir, Merivada, o gün çöldə, Massada olduğu kimi, qəlblərinizi möhürləməyin və mən orada eləcə dimdik dayanmışam, ciddi və gərgin, sanki bir anım mərasimindəyəm və səhnədə dayanmışam, bütün gözlər mənə baxır, arxa planda insanın ürəyini parçalayan siren səsi eşidilir, iztirab bitmir və mən yüksək səslə sədaqət andı içirəm, duman kimi boz olan ölü ağacın hüzurunda, yatan uşağın hüzurunda, mən, Ella Miller, David və Sara Qoşenin qızı, burada, Tanrının, insanların, ağacların və daşların hüzurunda, and içirəm ki, Amnon sağ salamat geri qayıdanda, onun evə gəlməsinə yenidən icazə verəcəm, onu canı dildən qarşılayacam və o istədiyi qədər onun arvadı olacam və onunla birlikdə yaşayacam, and içirəmki, tərəddüd etmədən, etmək istədiklərimdən imtina edəcəm, onları basdıracam və bir daha onları gün işığına çıxartmayacam, nə sözlərimlə nə də düşüncələrimlə.
5
Xəyalımda, onun o vaxtlar köçdüyü, tək otaqlı evində oturub, böyük maraqla qazıntı sənədlərini oxuyuram, bu sənədlər Davudun və Süleymanın heybətli və görkəmli krallığının balaca bir krallığ olduğunu sübut edir, çünki bu şəhərləri inşa etdirən Süleyman deyil, Omri sülaləsinin kralları idi, mənə baxaraq gülümsəyir, bəlkə bir gün səni orada necə tapdığımı danışaram, deyir, sən mənim ən önəmli icadımsan, İsrail torpaqlarında həyat tapan Minos divar rəsmi, dörd min yaşında olan qadın.
Yaxınlaşma, deyə pıçıldayıram yatağın yanındakı telefon zəng çaldığında, yataqdan sıçrayıb tez qalxıram, telefonu götürəndə Qabinin səsi məni məyus edir, sanki ağlının gücü və fədakarlığı üçün medal qazanmış kimi sirrli və fövqəladə təkəbbürlü bir səslə, hər şey qaydasındadır, Ella, deyir, onun yaşamasına dair iz tapmışam.
Allaha şükür, rahatlayaraq dərindən nəfəs alıram, haradadır? Qabi təkəbbürlə yavaşdan gülür, “harada olması önəmli deyil, bunun aramızda qalmasını istəyir, sadəcə, onun yaxşı olduğunu sənə demək istədim və mən onu həzm etməyə çalışıram, görürsən, hər zaman olduğu kimi təlaşlanmağın və təşvişin yenə yersiz çıxdı, od püskürərək, insan birini sevirsə onun üçün narahat olmalıdır, böyük ehtimal sən bunu çoxdan unutmusan, sən Amnonun hər kəsdən çox özünü sevdiyini və özünə zərər verə biləcək ən axırıncı adam olduğunu unutmusan”, deyərək cavabını verirəm.
İçini çəkir, “bəsdir, Ella, səninlə mübahisə edəcək halda deyiləm, məndən də ayrıldığın üçün sevinə bilərsən, daha mənə onun yeni arvadı dözməli olacaq, sən yox”. Maraqlandığımı bildirməməyə çalışıram və heç vecimə deyilmiş kimi soruşuram: “nə, indidən yeni birini tapıb?” Qabi irişir: “mən belə bir şey demədim, sadəcə, ondan ayrılsan məni də itirəcəyini dedim, bu ikimizi də incitməz” və mən, mənə xoş olmayan bu sözlərin qarşılığı olaraq güclü bir səslə qışqırmaq əvəzinə onunla dostcasına danışmağa çalışıram. “Qabi, qulaq as, onun harada olduğunu bilməliyəm, ən azından telefon nömrəsinə ehtiyacım var, mobil telefonu sönülüdür və Gili onunla danışmaq istəyir”. Qabi çox sakit tonla mənim belə vəziyyətdə olmağımın keyfini çıxardır: “əzizim, onun telefon nömrəsini sənə vermək istərdim, lakin Amnon məndən xahiş edib ki, onun nömrəsini kimsəyə verməyim, xüsusilə də, sənə, o səninlə danışmaq istəmir, belə olan halda mən nə edə bilərəm? Mənim onun üzərində olan hakimiyyətimin də bir sərhədi var.
Şişirdirsən, Qabi, deyə yavaşdan danışmağa başlayıram, onun oğlu var, Gili onun üçün darıxır, dünən bütün gün telefonla ona zəng edib, Qabi rikayarcasına içini çəkir, sənə nə deyə bilərəm axı, Ella, bunu daha əvvəl düşünməli idin, uşağının atasını evdən çölə atdıqdan sonra onun hər an oğlunun əmrlərinə hazır olmasına gözləyə bilməzsən. Bundan sonra bu mövzuda Amnona güvənə biləcəyini düşünmürəm, amma sən hər dəfə Gilini özün tək böyütdüyünü deyərdin, yəni nə dəyişib ki, indi, sən buna çoxdan öyrəncəlisən, elə deyil? Əsəbimi telefonun dəstəyinə tökürəm, ay səni fitnəkar, bizi məhv etmək üçün əlindən gələni etdin, bu danışıqları beynimdən silmək üçün telefonun dəstəyini yerə qoyuram, lakin söhbət beynimdə davam edir və uzandıqca uzanır. O istəmir ki, sən onun harada olduğunu biləsən, səninlə danışmaq istəmir, danışmağa nəsə yoxdur və hər şey əvvəlki kimi olmayacaq. Bu ayrılıq, ayrılığın dili və səsi, bu ayrılıq, planlı və yenə də gözlənilməz, mübarizə aparmağı dayandıran bir bədən, məhv olmuş sistemlər, qopmuş sim, yandırılmış bir sahə, bunlar oldu və geriyə yol yoxdur, gecikmiş sədaqət andının artıq heç bir mənası yoxdur, vəədin yox oldu, artıq mənasız və dəyərsiz.
Bəs necə xilas olmalı? Paketdən çıxar-çıxmaz sınan bir stəkan kimi məhv oldu, şüşə parçaları ətrafa səpələnib, par-par parıldayırlar və mən barmağımın ucunda ortalıqda fırlanıram, hər səhər olduğu kimi xalçanın üstündən heyvan müqəvvalarını yığıb Gilinin rahat yatmadığı yatağının üstünə qoyuram. Gözümü açıb bağlayanadək bədənim hərəkətsizləşir, qollarım otaqda süzür və heyvan müqəvvalarını tutur, mən isə divara söykənmişəm, istədiyin oldu, deyərək alovlar pıçıldayır, istədiyini aldın, azadsan, o sağ salamatdır və artıq sənə əzab verməyəcək, qapı açıqdır, maneə yoxdur daha, niyə çölə çıxmırsan?
Qəzəbdən yaşarmış gözlərlə qonaq otağına, elə aldığımız gün köhnə görünən boz divana və sanki yorucu söhbət etmiş kimi görünən kresloya baxarkən, içimdə həsrət alovu yanır sanki, Amnonu yox, yarıda qalmış gələcəyimizin yox, hər şeydən əvvəl bizimlə olan bəsit hissləri və hərəkətləri, yaşanılan sevginin həsrətini çəkirəm və dediyi yalana inanmış bir qız uşağı kimi mebellərin arasında gəzirəm, divana otururam, mənə qatı toz dənəcikləri ilə cavab verən yastıqlara vurmağa başlayıram.
Özümü sakitləşdirməyə çalışıram, o, sadəcə, məni cəzalandırır, qəzəbli və küskün olduğu üçün uzaqlaşır, əslində, varlığını yoxluğu ilə güclü etməyə çalışır, açıq aydın bəllidir ki, o geri dönəcək, əgər sən dönməsini istəsən, bu hələ də sənin əlindədir, amma Qabinin qəzəbli səsi məni narahat edir, yeni bir qadının olduğunu ima etdi, ayrılığımızdan bir həftə keçməyib, o bu tezliyində yeni bir qadının həyatına girməsinə necə razı oldu axı? Olan oldu, mən onun həyatı üzərindəki hakimiyyətimi itirdim, oyunun qaydaları dəyişdi. Olub bitti, sonu yaxşı da olsa, pis də olsa gerçək budur, qızğın söhbətlər, mübahisələr, cəlbedici xəyallar və daha nələr, onlar artıq heç biri yoxdur.
Duşun altında soyuq su belə bədənimdə alovlanır, əllərim köz kimi yanır, dilim yanır, duşdan tökülən sudan içirəm və telefonun zəng çaldığını eşidirəm, qapının şiddətlə döyülməsi də zəngin səsinə qarışıb, tez duşdan çıxıram, qurulanmıram, su saçlarımdan bədənimə yapışmış paltarların üstünə süzülür, qapını açmağa tələsirəm, onu qapıda görmək arzusu ilə ürpərən bədənimdə su buxarlanır.
Bu nə haldır, Ella, telefona cavab verməyi nə vaxt öyrənəcəksən, deyərək hər zaman olduğu kimi üstümə gəlir, mobil telefonu hələ də qulağındadır. Sənə onun yaxşı olduğunu xəbər vermək istədim, amma sən telefona cavab vermirsən. Bəlkə də belə daha yaxşıdır, yoxsa mənə qapını açmazdın, gülümsəyərək içəri keçir, hər zaman olduğu kimi kostyum geyinib, saçlarını jele ilə arxaya darayıb, yanaqlarından ətrafa təraş lasyonunun iyi yayılır, maraq dolu baxışlarını qonaq otağında gəzdirir, sanki son görüşümüzdən sonra yaşadığım bütün hadisələr divan kreslolarda yazılmışdı. Sonra baxışları çılpaq ayaqlarıma yönəlir, balaca ölçülərdən xoşlanan biri üçün pis deyil, deyir, böyük ehtimal başqa biri tapa bilərsən və mən soyuq səs tonu ilə danışmaq üçün özümü məcbur edirəm, burada nə işin var, Qabi, səni dəvət etdiyim yadıma gəlmir, o barmaqları arasında tutduğu və mənə çox tanış olan açarı mənə göstərir, problem yoxdur, əzizim, məni dəvət etməyinə ehtiyac yoxdur, bu açarları mənə Amnon verib, onu Qabinin əlində almağa çalışıram, onu mənə ver, o mənə aiddir və o, sakit ol, deyir, Amnon istədiyi üçün buradayam, bura onun da evidir, bu evi alanda sizin üçün müqavilə bağlamışdım, xatırlayırsan?
Bura onun da evidir amma sənin evin olmadığı dəqiqdir, deyirəm, burada sənə nə lazımdır? Amnon onun bir neçə əşyasını götürməyim üçün məndən xahiş etdi ki, bura gəlim, mənə kömək edəcəksən ya bütün evi özüm axtarım? Rədd ol buradan, Qabi, nəsə istəyirsə özü gəlsin götürsün, gülərək, nə olub, mənim əzizim, yoxsa onun üçün darıxmısan? Bu qədər tez?
Qətiyyən yox, deyirəm, amma səni görməkdənsə onu görməyi üstün tuturam, məni dinləməyərək yataq otağına keçir, şkafın qapılarını açır, sviterə və uzun şalvara ehtiyacı var, axşamları soyuq olur, deyərək açıqlama verir, qış paltarlarını hara qoymusan? Bura? Sarı və məharətsiz əlləri mənim alt paltarlarım olan siyirtmənin içində gəzişir, yeni geyimlərə ehtiyacın var, Ellinka, deyir, xoşuma gəlmədi, amma bunu sənə deməliyəm, bir az özünə pul xərcləməlisən, bunları geyinsən kimsəni cəlb edə bilmərsən, rəngi solmuş yaşıl alt geyimini gözümün önündı sağa-sola fırlayır və mən yanaqlarımın qızardığını hiss edirəm, sanki kimsə mənə sillə vurub, rədd ol, əclaf, çək o əllərini geyimlərimdən, amma o qarışdırmağa davam edir, mən səndən mənə kömək etməyini xahiş etdim amma görünür bu işi tək görməli olacam.
Rədd ol, onu itələyirəm, çıx bu otaqdan, mən sənə nə lazımdırsa gətirərəm və o, problem yoxdur, deyir, qonaq otağında gözləyirəm. Sarı, bürüş-bürüş olmuş bir kağız çıxardır cibindən, o kağızlarıdan Amnonda olardı, üstündə qarışıq hərfilərlə yazılar yazılmışdı, iki sviter, şalvar, cins şalvar, jaket, nə var idisə hamısını onun oturduğu divanın üstünə atıram, əşyaları götür və rədd ol burada, əgər bir daha bura gəlsən kilidi dəyişdirəcəm.
İnan mənə, bu mənim üçün də xoş deyil, deyir, mənim üçün səni görməkdən daha əyləncəli şeylər var, amma bilirsən ki, dostluq mənim üçün hər şeydən önəmlidir, Amnon bunu indi başa düşür, mənə paket ver, yoxsa onu da mən axtarım? Siyirtmədən paket çıxarıb ona verirəm, yaxşı, bəs o haradadır, şəhərdədir? Gözləmədiyim cavabı alıram, hə, buradadır, çox uzaqda deyil, ona nəsə çatdırmağımı istəyirsən?
Ona oğlunun olduğunu xatırlat, Gilinin ona ehtiyacı var, onu görməlidir və o, narahat olma, deyir, bunun üçün əlimdən gələni edəcəm və baxışlarının həyəcanla bədənimdə gəzdiyini görürəm, ləkəli geniş üzü gülümsəməyə başlayır, mənə yad olan onun baxışları deyil, hərəkətləridir, çünki bir əli ilə məni itələyərək qapıya yapışdırır, digər əlinin barmaqları ilə də köynəyimin yaxasını aşağı çəkir, sinəmin biri çöldə qalır. Pis deyil, sinən gənc qız sinəsi kimidir, onu itələyərək özümdən uzaqlaşdırmağa çalışıram, arsızlığından dəhşətə gəlirəm, Qabi, dəli olmusan, əllərini çək, lakin o çiyinlərimdən tutur və buraxmır, sakit ol, heç nə etmirəm, sadəcə, baxıram. Gözlərini qısaraq bir əşyaya dəyər verən ekspert kimi baxır mənə və mən tez köynəyimi yuxarı çəkirəm, rədd ol buradan, buna necə cürət edə bilirsən axı, bu alçaq hərəkəti məni təəccübləndirmir, lakin bunu belə açıq şəkildə etməsi elə təəssürat yaradır ki, sanki mən heç vaxt onun ən yaxın dostunun arvadı olmamışam. Üzümdə nəfəsini hiss edirəm, sən kimsən axı, sənə toxunmağım üçün mənə yalvaracaqsan, həyatın dəyişib amma sən hələ də bunu başa düşmürsən.
Səninlə birlikdə olmaqdansa, rahibə kimi yaşamağa üstünlük verirəm, əlimdəki paketi alaraq məni buraxır, mənə yaxşı qulaq as, səninlə bir dəfə yatmağım üçün mənə yalvaracaqsan, bunu deyir və qapıdan çıxır, mən arxasından qışqırıram: – Sən görəcəksən, bu etdiklərini Amnona danışacam! Səncə bu Amnonun vecinədir? Arxasına dönüb baxmadan nərdivanlardan enərək gözdən itir. Onun getdiyindən əmin olmaq üçün pəncərədən baxıram, bahalı maşınına oturur, ön oturacaqda kimsə oturub, böyük ehtimal yoldan çıxartmağa çalışdığı təcrübəçi qızlardan biridir, gözlərimi qıyaraq daha diqqətlə baxıram, yox, bu dəfə yanındakı kişidir, paketi alır və dizlərinin üstə qoyur, bu, Amnondur.
Amnon və Qabi uzaqlaşmadan onlara çatmalıyam, əslində Amnonla danışmaq istəyirəm, amma Qabi telefona cavab verdiyində anidən, burada bir şey yadından çıxıb, deyirəm, və o təəccüblə soruşur, nəyi unutmuşam, paket var, o yadından çıxıb, yaxşı, gəlirəm, – deyir. Çox keçmədən maşını görürəm, ağacların altında dayanır, Qabi təkəbbürlü üz ifadəsi ilə maşından düşür və Amnon paketi əlində tutaraq onun arxasından baxır. Niyə başını qaldırıb bir zamanlar yaşadığı bu evə, sevdiyi böyük pəncərələrə baxmırsan? Bax, sarmaşıqlar divara dırmanır, onları iki həftə əvvəl kəsmişdin və mənzərə genişlənmişdi.
Haradadır? – şübhəli halda soruşur və mən nədən danışdığını bilmirmişcəsinə soruşuram: – Kim? “Sənin oyunlarından yoruldum, Ella”, deyir, “paket haradadır?” Mən ona gülümsəyirəm, mənə yaraşmayan bir tərzdə köynəyimin yaxasını aşağı çəkirəm: “paket yoxdur, Qabi”, o an üzünə məmnun bir ifadə yayılır, lakin şübhəli baxmağa davam edir, dodaqları həyəcandan titrəməyə başlayır və mən onu qıcıqlandırıram: nədir, yoxsa qorxmağa başladın? Boğuq səslə fısıldayır, “səndən qorxa-cam, əlbəttə ki, yox”. Az sonra peşman olmaqdan qorxacağını düşünərək məni özünə çəkir, hələ də yaş olan saçlarımdan tutur və ətli dilini quru ağzıma soxur, mən pəncərənin kənarına söykənirəm, maşına və maşında oturan adama altdan-altdan baxıram, mənə elə gəlir ki, o səbirsizcəsinə saata baxıb qəzəbli gözlərlə evi nəzərdən keçirir, böyük ehtimalla bir azdan evə gəlməyə qərar verəcək, və o an, dostu pişik kimi boynumu yalayarkən, əllərini ayaqlarımın arasına salır. “Mənim üçün dəli olursan, elə deyil, əzizim?” Cavab vermirəm, gözlərimi donqar kölgədən çəkə bilmirəm, mənim üçün yanıb-alışdığını həmişə hiss etmişəm, deyərək mızıldanır və mən istəmədən razılıq əlaməti olaraq başımı yelləyirəm, amma hipnoz olmuş kimi gözlərimi arabadan çəkə bilmirəm.
Sərt saqqallı üzünü üzümdən uzaqlaşdırır, əlləri şalvarımın kəmərini qurcalayır, gözləri məndədir, onu tərifləyəcək, xoş sözlə bir etiraf edilməsini gözləyir, qəfildən mənim baxışımı görür, aşağıda nə gəzirsən, deyə pıçıldayır, çənəmdən tutaraq üzümü özünə tərəf çevirir, sən mənimlə oyun oynayırsan, bu bir oyundur, elədir? Birdənbirə əlini havaya qaldırır, güclə nəfəs alır, qəzəblə mənə baxır, özünü məndən qoru, Ella, heç kim mənlə oyun oynaya bilməz, bunun əvəzini səndən pis şəkildə çıxacam, sürətlə məndən uzaqlaşır, əli ilə üzündəki təri silir və qıcıqlandırılmış kimi gerə qayıdır, yenə əlini ayaqlarımın arasına soxur və qurumuş dodaqları ilə pıçıldayır, yenə gələcəm, Ella, amma vaxtı mən təyin edəcəm, sən yox, aşağıda məni gözləyən kimsə olmayanda gələcəm. Qapıya tərəf gedəndə üzü təhtidkar bir ifadə alır, mən isə ona qarşılıq verərək özümə əziyyət belə etmirəm, gözlərimi ondan çəkirəm və aşağıda dayanan maşına baxıram, Qabi maşına oturur, təəccülüdür, sürüb getmirlər, aralarında sərt əl hərəkətlərini görürəm, dava çıxacaq sanki, Amnonun uzun bədəninin anidən çölə çıxmasını gözləyirəm, amma məyus oluram, gördüyüm tək şey Qabinin onu cəsarətləndirərək əlini çiyninə qoymasıdır. Maşın hərəkət edərək gözdən itir və onlar məni burada, yuxarıda, pəncərənin kənarında, günəşin yandıran şuaları altında tək və susqun qoyaraq, gülürlər.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?