Текст книги "Mədəniyyətin Sancıları"
Автор книги: Зигмунд Фрейд
Жанр: Зарубежная психология, Зарубежная литература
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]
2
“Bir illüziyanın gələcəyi” adlı yazım dini duyğunun ən dərin qaynaqlarından çox siravi insanın dindən nə anladığı barəsindəydi; yəni, bir tərəfdən bu dünyanın müəmmalarına qibtə ediləcək bitkinliklə aydınlıq gətirən, digər tərəfdənsə qayğıkeş bir İnayətin onun həyat yoluna nəzarət edəcəyi və burada yaşayarkən üzləşdiyi məyusluqların o biri dünyada əvəzini ödəyəcəyi barədə təminat verən vədlər və təlimlər sistemi haqqındaydı. Siravi bir insan bu qayğıkeş İnayəti öz təsəvvüründə müstəsna dərəcədə yüksəldilmiş ata obrazından başqa şəkildə canlandıra bilməz. Yalnızca belənçi bir ata insan-övladlarının ehtiyaclarını anlaya bilər və onların dualarıyla yumşala, peşmanlıqlarıyla, tövbələriylə sakitləşə bilər. Bütün bunlar o dərəcədə infantil, o dərəcədə reallığa yaddır ki, fanilərin böyük əksəriyyətinin həyatın bu şəkildə şərh olunması səviyyəsini heç zaman aşa bilməyəcəyini anlamaq insansevər bir zəkaya ağrı-acı yaşadır. Dövrümüzün, bu cür dinin gələcəyinin ümidsiz olduğunu qəbul etməsi gərəkən əksər insanlarının həmin dinin parçalarını şiddətlə qorumaqdan ötrü arerqard müharibələr apardığına şahid olmaq daha da utancvericidir. Adam istəyir ki, bu möminlərin arasına girib, dinin Tanrısının yerinə şəxssiz, kölgəli və abstrakt prinsiplər qoymaqla onu xilas edəcəklərini dü şünən bu filosoflara “Tanrının adını hədər yerə xatırlamayın!” xəbərdarlığı göndərsin. Keçmişdə bəzi böyük insanlar bu cür davransalar da burada onları örnək götürmək doğru deyildir. Çünki, nə üçün bu cür davranmağa məcbur qalmış olduqlarını bilirik.
Gəlin, siravi insana və dininə – din adına layiq olacaq yeganə din örnəyinə– qayıdaq. Bu yerdə ağlımıza, böyük şair və mütəfəkkirlərimizdən birinin dinin sənət və elmlə əlaqəsi barədə söylədiyi mülahizəsi gəlir:
Bu kəlam bir yandan dini bəşəriyyətin iki yüksək nailiyyətiylə qarşı-qarşıya qoyur, digər tərəfdənsə onların həyatdakı dəyərləri baxımından bir-birinin yerini tuta biləcəklərini, yaxud bir-birinin yerinə keçə biləcəklərini iddia edir. Əgər biz (sənəti və elmi olmayan) siravi insanı dindən məhrum etməyə can atsaq, o zaman şairimizin avtoriteti bizdən yana olmayacaq. Ona görə də şairimizin bu aforizmini təqdir etmək üçün başqa bir yola əl ataq. Çiynimizə yüklənmiş həyat bizimçün çox ağırdır; bizim qarşımıza xeyli sayda ağrı-acı, xəyal qırıqlığı, məyusluq və öhdəsindən gəlməyin mümkünsüz olduğu görəvlər, problemlər çıxarır. Buna görə də həyatı dözüləsi hala gətirmək üçün sakitləşdirici, yüngülləşdirici vasitələrə əl atmaya bilmərik. Teodor Fontane “yardımçı dirəklər olmadan yaşaya bilmərik” söyləmişdi. Bu cür yüngülləşdirici vasitələrin üç növ olduğunu yəqin etmək olar: səfalətimizi aşağılayıb kiçiltməklə onu yüngülləşdirən güclü başqatmalar, bu səfaləti azaldacaq dolayı məmnuniyyətlər, bizi bu səfalətə qarşı qeyri-həssaslaşdıracaq kefləndirici maddələr. Bu cür bir nəsnə zəruridir. 66
Bunu daha kiçildilmiş tərzdə Vilhelm Buşun “Mömin Yelena”sında görürük: “Dərdi olanın likörü də vardır” (“Wer Sorgen hat, hat auch Likör”).
[Закрыть] Volter “Kandid” əsərinin sonunda hər kəsin öz baxçasıyla uğraşmalı olduğunu söyləyərkən başqatmanı nəzərdə tutur. Elmi məşğuliyyət də bu cür bir başqatmadır. Sənətin bəxş etdiyi həzzlər reallıqla təzad təşkil edən illüziyalar olsalar da, fantaziyanın psixi həyatdakı sağlam mövqeyi səbəbindən böyük psixoloji təsirə malikdilər. Kefləndirici maddələrsə vücudumuza təsir göstərir və onun kimyasını dəyişdirirlər. Bu sırada dinin yerini təyin etmək asan deyil. Geniş araşdırmaya ehtiyac yaranır.
İnsan həyatının mənasıyla bağlı sual dəfələrlə soruşulub; ancaq indiyə qədər qənaətbəxş bir cavabı olmayıb. Bəlkə də belə cavab ümumiyyətlə yoxdur. Bu sualı verənlərin bir çoxu əlavə edirlər ki, əgər həyatın mənasız olduğu aydınlaşarsa, o zaman həyat onların gözündə dəyərini itirər. Lakin bu təhdid heç nəyi dəyişmir. Bu təhdid, bir çox örnəyindən agah olduğumuz insan lovğalığından qaynaqlandığı üçün, həyatın mənasıyla bağlı sualın bu cür qoyuluşundan imtina etmək də olar. Taleləri insana qulluq etmək olmadığı təqdirdə, heyvanların həyati məramından heç bəhs edilmir. Ancaq bu cür yanaşma da tənqidə tab gətirməz, çünki insanlar heyvanların çoxuyla– onları təsvir etməyi, klassifikasiya etməyi, öyrənməyi istisna etsək– heç bir iş görmürlər, üstəlik saysız-hesabsız heyvan növü də insanların gözünə görünmədən həyatlarını bitirib yerüzündən silinmiş və bu cür istifadədən uzaq qalmışlar. Bir daha təkrar edim ki, həyatın mənası və məramıyla bağlı suala ancaq din cavab verə bilər. Həyatın anlamı ideyasının dini baxışlar sistemiylə birgə qorunduğunu və ya çökdüyünü söyləsək, səhv etmiş olmarıq.
Buna görə də ciddi, lakin daha iddiasız suala yönələk: Görəsən, insanlar nəyi öz fəaliyyətləri vasitəsiylə həyatın anlamı və məramı kimi ortaya çıxarırlar, onlar həyatdan nə istəyirlər, həyatda nəyə çatmaq istəyirlər? Bu sualların cavabı heç bir şübhəyə yer verməyəcək qədər aydındır: insanlar xoşbəxt olmağa can atırlar; onlar xoşbəxt olmaq və xoşbəxt qalmaq istəyirlər. Bu canatmanın, biri neqativ, digəri pozitiv olmaqla iki qayəsi vardır. İnsanlar bir yandan ağrı-acıdan və məmnuniyyətsizlikdən qaçmaq istərkən, digər tərəfdən maksimum həzzə və sevinclərə çatmaq istəyirlər. “Xoşbəxtlik” sözü dar mənada bu ikinci meylə aiddir. Bir kəsin davranışı və fəaliyyəti də hədəflərinin bu dixotomik xarakterinə və bu hədəflərin hansına çatmaq istəyinə bağlı olaraq iki istiqamətə yönlənir.
Gördüyümüz kimi həyatın məqsədini yalnızca elementar həzz prinsipi müəyyən edir. Bu prinsip ən başdan bəri psixi aparatın işləyişinə nəzarət edir. Bu prinsipin efektivliyinə şübhə yoxdur, ancaq onun bu proqramı bütün dünya ilə, makrokosmosla olduğu qədər mikrokosmosla da konflikt içindədir. Sözügedən prinsipin son dərəcəyə qədər reallaşması mümkün deyildir, çünki dünyanın öz quruluşu zatən ona müvafiq deyil, onun reallaşmasına mane olur. Adam istəyir lap desin ki, insanın “xoşbəxt” olması “Yaradılış”ın planında yoxdur. Bizim “xoşbəxtlik” adlandırdığımız yaşantı, dar anlamda, çoxdan bir yerə toplanmış bir yığın ehtiyacın doyurulmasından doğan qəfil, anlıq və yüksək dərəcəli məmnuniyyətdir, hansı ki, bu da öz təbiəti etibarilə yalnızca kiçik bir epizodik hadisə sayıla bilər. Həzz prinsipinin həsrətində olduğu durumlardan biri sürəkli hala gələrsə, yalnızca mülayim bir məmnuniyyət duyğusu yaradar. Bizim varlığımız elə qurulub ki, yalnızca kəskin kontrastlardan intensiv bir ləzzət alırıq, sürəkli durumlardan aldığımız həzz isə çox nadirən olur.77
Höte hətta xəbərdarlıq edir: “Ard-arda gələn gözəl günlər qədər dözülməz olan heç nə yoxdur”.
[Закрыть] Beləliklə xoşbəxt olmaq imkanlarımız vücudumuzla məhdudlaşır. Bədbəxtliyə tuş gəlməyimiz isə daha asanlıqla baş verir. Ağrı-acı bizi üç tərəfdən təhdid edir: çürüyüb dağılmağa məhkum olan və xəbərdaredici siqnal rolu oynayan ağrılarsız və əndişəsiz keçinə bilməyən bədənimiz; acımasız, qarşısıalınmaz, dağıdıcı gücləriylə bizi məhv edən xairici dünya və digər insanlarla olan münasibətlərimiz. Sonuncu mənbədən doğan ağrı-acılar bəlkə də digərlərindən daha əzabvericidir. Bu ağrı-acı digər mənbələrdən qaynaqlanan ağrı-acılar qədər qaçılmaz olsa da, onu gərəksiz yerə yaşadığımız əlavə bir yaşantı kimi görmək meylindəyik.
Təəccüblü deyil ki, bu əzab ehtimallarının təzyiqi altında insanlar xoşbəxtlik iddialarını müəyyən qədər azaltmağa adət edirlər. Buna bənzər olaraq həzz prinsipi də xarici dünyanın təsiriylə daha iddiasız bir reallıq prinsipinə çevrilir, hansı ki, bu halda insan bəd hadisədən can qurtara bildiyində və əzabın öhdəsindən gəldiyində belə özünü artıq xoşbəxt sayır; ümumiyyətlə əzabdan qaçmaq istəyi həzz prinsipini arxa plana itələyir. Bu mövzu barədə düşünmək bizə göstərir ki, bu problemin həllində çeşidli yollara baş vurmaq olar. Bu yolların hamısı müxtəlif həyat bilgəliyi təlimləri tərəfindən tövsiyyə olunmuş və insanlar tərəfindən sınanmışdır. Hər növ ehtiyacın sərhədsiz şəkildə təmin edilməsi ən şirnikləndirici həyat tərzi kimi görünsə də, bu cür həyat tərzi keçirməyi ön plana qoymaq ehtiyatkarlığı gözardı etmək deməkdir və bu səhvin cəzası tezliklə çəkilir. Əsasən məmnuniyyətsizliklərdən qaçmağı hədəfləyən digər metodlar isə maraqlandıqları bədbəxtlik mənbələrinə görə bir-birindən fərqlənirlər. Həlim və aşırı, bir yöndən yaxud çox yöndən işə girişən metodlar vardır. İnzivaya çəkilmək, digər insanlardan uzaq durmaq insanlararası münasibətlərdən doğan əzablardan qorunmağın ağlagələn ilk metodudur. Anlaşıldığı kimi bu yolla əldə olunan xoşbəxtlik sakitliyin, dincliyin bəxş etdiyi xoşbəxtlikdir. Bizi təhdid edən xarici dünyadan qorunmağın ən yaxşı yolu isə, əgər bunu istəyən yalqız insandırsa, xarici dünyadan üz çevirməkdir. Lakin daha yaxşı başqa bir yol da mövcuddur: insan cəmiyyətinin bir nümayəndəsi kimi digər insanlarla birgə, elmin öndərliyiylə ərsəyə gəlib idarə olunan texnikanın yardımıyla təbiətə qarşı hücuma keçmək və onu insan iradəsinə tabe etmək. Bu durumda hər kəs digərləriylə birgə hamının xoşbəxtliyi uğrunda çalışır. Ancaq əzablardan qorunmağın ən maraqlı üsulları orqanizmimizə təsir göstərən üsullardır. Nəticədə hər ağrı-acı sadəcə bir hissiyyatdir; o, biz onu duyduğumuz dərəcədə özünü hiss etdirir, biz isə onu öz orqanizmimizin bəlli quruluşu sayəsində hiss edirik.
Bu cür təsirləndirici metodların ən qabası, lakin eyni zamanda da ən işəyararı kimyəvi metod, yəni kefləndirici maddə istifadəsidir. Mənə elə gəlir ki, bu metodun işləmə mexanizmini tam şəkildə anlayan kimsə yoxdur, ancaq fakt budur ki, qanımıza və toxumalarımıza daxil olduqda bizə dolaysız həzz bəxş edən və hissiyatımızı tənzimləyən halətimizi dəyişməklə bizi xoşagəlməz impulslara qarşı qeyri-həssaslaşdıran yabançı maddələr vardır. Bu iki təsir təkcə eyni zamanda ortaya çıxmır, həm də sanki bir-birinə bağlıymış kimi görünürlər. Ancaq bədənimizin özündə də analoji efekt oyadan maddələrin təbii halda mövcud olması böyük ehtimaldır, çünki ən azından hansısa bir patoloji vəziyyətdə, yaxud maniya halında, ona oxşar təsiri göstərən hər hansı bir kefləndirici maddə verilmədiyi halda belə bir xəstənin sərməstlik eyforiyası yaşadığı durumların olduğunu bilirik. Bundan başqa normal psixi həyatımız da, kefsizliyə qarşı artan və azalan həssaslıqla paralel olaraq, həzz almağın nisbətən asanlaşdığı və nisbətən çətinləşdiyi durumlar arasında gedib-gəlir. Psixi həyatın sözügedən maddələrlə bağlı olan bölümünün bugünədək elmi baxımdan araşdırılmaması təəssüfləndirici durumdur. Kefləndirici maddələrin xoşbəxtlik uğrunda aparılan mücadilə və iztirablardan uzaq durmaq baxımından dəyəri elə böyük nemət sayılır ki, həm fərdlər, həm də xalqlar özlərinin libido ekonomikalarında bu maddələrə əsaslı yer ayırırlar. İnsanlar onlara təkcə bizə bəxş etdikləri həzzə görə deyil, həm də çox arzulanan bir məqamı– dünyadan qopub uzaqlaşmağı da yaşatdıqları üçün minnətdar olmalıdılar. Biz bilirik ki, “qayğısızlıq tabletkası”nın köməkliyilə istənilən zaman reallığın təzyiqindən uzaqlaşıb daha yaxşı hissi şərait yaradan öz dünyamıza qaça bilərik. Fəqət o da məlumdur ki, kefləndirici maddələrin təhlükə və zərərləri məhz bu özəlliklərindən qaynaqlanır. Və məhz bu maddələr, bəlli durumlarda, insanlığın həyatını yaxşılaşdımağa sərf edilə biləcək nəhəng enerjinin hədər getməsinə görə məsuliyyət daşıyırlar.
Ancaq psixi aparatımızın mürəkkəb quruluşu digər təsirlənmə metodlarına da imkan tanıyır. İnstinktlərin doyurulması bizə xoşbəxtlik gətirdiyi kimi, xarici dünyanın ehtiyaclarımızın təminatını rədd etməsi və bizə məhrumiyyət yaşatması da ağır əzablara səbəb olur. Buna görə də insan, instinktiv impulslara təsir göstərməklə bu ağrı-acıların müəyyən qismindən qurtulmağı uma bilər. İztirabdan qurtulmağın bu cür yolu bizim sensor aparatımıza təsir göstərmir, ehtiyaclarımızın daxili mənbələrinə doğru yönəlir. Bu üsulun ən ifrat örnəyi Şərqin instinktlərin öldürülməsini hədəfləyən bilgəlik təlimləri və onlarla bağlı olan yoqa təcrübələridir. Və əgər bu üsul uğurla həyata keçirilirsə, o zaman insan bütün digər fəaliyyətlərdən də vaz keçmiş olur (yəni, həyat fəda edilir), fəqət digər tərəfdən mütləq hərəkətsizliyin doğurduğu dinclik xoşbəxtliyinə qovuşur. Daha iddiasız, mötədil hədəflərə yetmək istəyəndə, örnəyi, instinktiv həyatımıza hakim olmaq istəyəndə də eyni üsuldan istifadə edirik. Bu halda isə idarəedici elementlər, özünü reallıq prinsipinə tabe edən daha yüksək psixi instansiyalardır. Bu durumda məmnunluq hissindən tamamilə vaz keçilmir, lakin instinktlər üzərindəki nəzarəti səbatlı saxlamaqla, əngəllənməmiş instinktlərin səbəb olduğu əzablardan bəlli dərəcədə qorunmaq mümkün olur. Lakin bunun müqabilində həzz almaq imkanları danılmaz olaraq azalıb zəifləməyə başlayır. “Eqo”nun cilovlamadığı vəhşi instinktlərin doyurulmasından doğan məmnuniyyət hissi, cilovlanmış instinktin doyurulmasından yaranan xoşhallıqdan müqayisəolunmaz dərəcədə şiddətlidir. Azğın instinktlərin rəfedilməzliyi və ümumiyyətlə yasaqlanmış nəsnələrin çəkiciliyi bu yerdə öz rasional izahına qovuşur.
Ağrı-acıdan müdafiə olunmağın digər bir metodu da, psixi aparatımızın imkan yaratdığı və ona funksional bir çeviklik qazandıran libido yerdəyişmələridir. Burada məqsəd, instinktlərin hədəflərinin dış dünya tərəfindən əngəllənməyəcək bir sferaya ötürülməsidir. Buna instinktlərin sublimasiyası, yəni ucaldılması kömək olur. Bu məqamda, öz işindən psixi və intellektual baxımdan maksimum məmnunluq duyan insan həzz almaq baxımından da ən yüksək nəticələrə çatır. Tale bu durumda belə insanlara adətən lütfkar davranır. Sənətkarın xəyalındakı əsərin yaranıb cisimləşməsindən, alimin qarşısına çıxan çətin problemi çözməsindən və həqiqəti tapmasından doğan bu cür sevinc hissinin, nə zamansa metapsixoloji terminlərlə xarakterizə edəcəyimiz, spesifik bir keyfiyyəti vardır. İndilik isə əyani analogiyaya əl ataraq bədii formada deyə bilərik ki, bu cür sevinc yaşantıları bizə “daha yüksək, zərif və incə” görünür. Lakin onların intensivliyi ibtidai və kobud instinktiv impulsların təminatından doğan həzzlə müqayisədə çox zəifdir, bu cür sevinc anlarının yaratdığı həzz bizim fiziki varlığımızı sarsıtmır. Lakin bu metodun ən zəif nöqtəsi odur ki, o, hər kəs tərəfindən yoxlanıla bilməz; çünki xüsusi qabiliyyətlər və istedadlarla bağlı olduğundan çox az sayda insan üçün əlçatandır. Üstəlik, bu qabiliyyət və istedadlara sahib olan azsaylı insanı belə bu metod ağrı-acılardan tamamiylə uzaq tuta bilməz. Bu metod da taleyin oxlarına qarşı keçilməz bir zireh ola bilməz və əgər ağrı-acıların mənbəyi şəxsin vücudu olursa, onda bu metod ümumiyyətlə uğursuzluğa düçar olub heç bir işə yaramır.88
Xüsusi qabiliyyətlərin və həyati maraqların əməyə hansı tərəfə yönəlməyini diktə etmədiyi durumlarda, hər kəsə uyğun olan, professional, siravi iş Volterin müdrik öyüdünə əsasən öz yerini tuta bilər. Əməyin libidonun rasional sərfiyyatındakı önəmini qısa bir icmal içindəcə hərtərəfli şəkildə işıqlandırmaq və dəyərləndirmək mümkün deyil. Fərdi reallığa, ən azından reallığın aşkar bir parçasına– insan cəmiyyətinə ən çox bağlayan həyat tərzi əməkdir. Libidonun narsistik, aqressiv və erotik elementlərinin əsaslı hissəsini iş həyatına və onunla bağlı olan insani münasibətlərə köçürtmək imkanı əməyə böyük dəyər qatır, hansı ki, insan bunun əsasında cəmiyyət içində öz varlığını möhkəmlədir və ona haqq qazandırır. İstəklə seçilən, yəni vücud tərəfindən gücləndirilən instinktiv meyilləri sublimasiya yoluyla yararlı edən professional fəaliyyət xüsusi məmnunluq bəxş edir. Lakin bütün bunlara rəğmən, çox sayda insan iş fəaliyyətinə əməyə və həzzə aparan yol kimi dəyər vermir və instinktiv meyillərini doyurmaq üçün işləməkdənsə, digər həzz imkanlardan istifadə etməyə daha çox üstünlük verir. İnsanların böyük əksəriyyəti yalnızca məcburiyyətdən işləyir və ən ağır ictimai problemlər də işləməkdən duyulan bu təbii ikrahdan qaynaqlanır.
[Закрыть]
Bu metodda, məmnuniyyət hissini daxili, psixi proseslərdə arayıb tapmaq məqsədilə xarici dünyadan qurtulmaq meyli aşkar şəkildə görünsə də, eyni özəlliklər digər bir metodda daha efektiv şəkildə ortaya çıxır. Həmin metodda isə reallıqla olan bağlantı daha da zəiflədilmişdir; məmnunluq hissi isə aldanışlar olduğu bilinən, fəqət reallıqdan sapsalar da, yaşanan həzzi azaltmasına izin verilməyən illüziyalardan alınır. Bu illüziyalar fantaziya bölgəsindən yaranır. Bu bölgə, vaxtiylə, reallıq duyğusunun inkişaf mərhələsində reallığın nəzarətindən çıxarılıb azad edilmiş və gerçəkləşməsi çətin olan arzuların təminatı üçün ayrılmışdır. Belənçi fantaziyalardan alınan həzzlər aləmində ilk sırada sənət əsərlərindən alınan həzzlər gəlir, hansı ki, sənətkarın sayəsində yaradıcı olmayan insanlar üçün də əlçatan olur.99
Z.Freyd. “Psixi prosesin iki prinsipinin formulə olunması” (1911) və “Psixoanalizə giriş barədə mühazirə”yə (1917) baxın.
[Закрыть] Sənətin təsirinə açıq olan, onu dərk etməyə qabil olan insanlar üçün sənət, bir həzz mənbəyi və həyati təsəlli kimi nə qədər yüksək dəyərləndirilsə, yenə də azdır. Lakin sənətin bəxş etdiyi xəfif narkoz reallığın çətinliklərindən sadəcə qısamüddətlik qaçış imkanı yaradır və həqiqi səfalətmizi unutduracaq qədər güclü deyildir.
Digər bir üsul isə daha enerjik və əsaslı formada təsir göstərir. Bu üsula görə, reallıq yaşam üçün yararsızdır, bütün iztirablarımızın mənbəyi və yeganə düşmənimizdir və əgər hər hansı bir şəkildə xoşbəxt olmaq istəyiriksə, gərək onunla olan əlaqəmizi kəsək. Zahid dünyaya arxasını çevirir və onunla heç bir işinin olmasını istəmir. Ancaq insan daha artığını etmək, bu dünyanı yenidən formalaşdırmaq, onun dözül məz özəlliklərinin yerinə arzuladığı özəllikləri keçirərək real dünyanın yerinə yeni bir dünya qurmaq istəyə bilər. Xoşbəxt olmaqdan ötrü bu yola ümidsiz bir hiddətlə üz tutan insan, ümumən desək, heç bir şeyə nail ola bilməyəcək. Çünki reallıq onun imkanlarından çox güclüdür. Və o insan öz sayıqlamasını gerçəkləşdirmək yolunda əksərən köməksiz qalacağı üçün dəli olacaqdır. Lakin bu hal təsdiq edir ki, biz özümüz də hansısa dərəcədə paranoik kimi davranırıq, dünyanın bizə dözülməz gələn hansısa aspektini arzuladığımız kimi dəyişmək məqsədilə sayıqlamalarımızı reallığa daşıyırıq. Xeyli sayda insanın birlikdə, xoşbəxtlik təminatı əldə etmək və iztirablardan qorunmaq məqsədiylə hansısa sayıqlamanı reallığa tətbiq etməyə cəhd etdiyi durumlara xüsusi önəm vermək gərəkdir. Bəşəriyyətin dinləri də bu cür kütləvi aldanışlar hesab olunmalıdır. Təbii ki, kimsə bu cür aldanışa inanarsa və onu digər insanlarla paylaşarsa, onun sayıqlama, aldanış olduğunun əsla fərqinə varmaz.
İnsanların xoşbəxtliyə yetmək və ağrı-acılardan qurtulmaq üçün əl atdıqları bu metodlar siyahısının qüsursuz olduğunu sanmıram, üstəlik düşünürəm ki, bu material başqa cür də təsnif edilə bilər. Doğrudur, bir metod barədə danışmadım, ona görə yox ki, onu unutmuşdum, ona görə ki, onun barəsində irəlidə və digər bağlantıda danışacağam. Yaşamaq sənətinə dair həmin metodu məgər unutmaq olarmı? Sözügedən metod səciyyəvi özəlliklərin son dərəcə qəribə birləşməsi kimi nəzərə çarpır. Əlbəttə ki, onun da məqsədi insanı, belə deyək, Taleyin hökmranlığından azad etməkdir. Və bu metod zamanı həzz təminatı daxili psixi proseslər sahəsində yerini tapır, bunun üçünsə, bir az əvvəl də qeyd etdiyimiz kimi libidonun yerdəyişməsindən yararlanma baş verir. Ancaq insan bu halda xarici dünyadan üz çevirmir, əksinə ondakı obyektlərə sarılır və xoşbəxtliyi bu nəsnələrə yönələn emosional münasibətdən alır. Əsasən yorğun və təslimiyyətçi bir hədəf olan “kefsizlikdən qaçmaq” da onun marağında deyil, əksinə bu hədəfə diqqət etmədən, pozitiv yüklü xoşbəxtliyə çatmağı hədəfləyən köklü, ehtiraslı cəhdlərə yönəlir. Və bəlkə də bu hədəfə digər metodların çatdığından daha uğurla çatır. Təbii ki, sevgini mərkəzə qoyan, bütün məmnunluğu sevmək və sevilməkdə arayan həyat tərzindən bəhs edirəm. Bu cür psixi münasibət tamamiylə təbii və gözləniləndir, çoxuna tanışdır; sevginin təzahür formalarından biri olan seksual sevgi bizə bənzərsiz həzz və məmnunluq hissinin ən intensiv təcrübəsini yaşatmış və beləliklə də xoşbəxtlik cəhdimizinin bir örnəyi olmuşdur. Buna görə də xoşbəxtliyi, onunla ilk dəfə qarşılaşdığımız yolda aramaqda inad göstərməkdən daha təbii nə ola bilər? Lakin bu yaşam metodunun da zəif tərəfi açıq-aşkar nəzərə çarpır; yoxsa ki heç kim xoşbəxtliyi, bu yolu boşlayaraq başqa yolda aramazdı. Məsələ burasındadır ki, əzablar qarşısında ən müdafiəsiz qaldığımız zaman sevdiyimiz zamandır; ən çarəsiz olduğumuz zaman isə sevdiyimiz nəsnəni ya da onun sevgisini itirdiyimiz zamandır. Lakin sevgi vasitəsiylə yetə biləcəyimiz xoşbəxtlik mövzusunu bir kənara ata bilmərik, bu mövzuda söylənəcək hələ çox şey var.
Buradan hərəkət edərək digər bir maraqlı faktla da– duyğularımızın və mühakimələrimizin qarşısına çıxan gözəlliklərdən– insan vücuduna xas olan formaların və jestlərin gözəlliyindən, təbiətə xas olan nəsnələrin və mənzərələrin gözəlliyindən, bədii və hətta elmi-texniki əsərlərin gözəlliyindən alınan həzzin həyatdakı xoşbəxtlik arayışına çevrildiyi məqamla– qarşılaşa və onu araşdıra bilərik. Həyatın anlamına dair bu estetik yanaşma bizi təhdidkar əzablardan kifayət qədər qoruya bilməsə də, hər halda çox itkinin əvəzini ödəyə bilir. Gözəllikdən alınan həzz bizim duyğularımıza məxsusi, xəfif bir kefləndiricilik bəxş edir. Gözəlliyin yararlı olub-olmadığını müəyyən etmək çətindir, onun bizim mədəniyyətimizdə praktik baxımdan zəruri bir yeri də görünmür, lakin yenə də biz həyatımızı onsuz təsəvvür edə bilmirik və sivilizasiya onsuz keçinə bilməz. Estetika elmi bu və ya digər predmetin bizə gözəl göründüyü, gözəl hiss edildiyi şəraitləri araşdırır, lakin gözəlliyin mənşəyi və təbiəti barədə heç bir izah verməyib və bu uğursuz vəziyyət də, adətən olduğu kimi, bol miqdarda gurultulu və boş sözlərlə ört-basdır edilib. Çox təəssüf ki, psixoanalizin də gözəllik haqda söyləyəcəyi çox fikri yoxdur. Lakin bəlli bir qənaət kimi bunu söyləmək olar: gözəllik seksual hissiyyat sahəsindən törəyib. Gözəllik sevgisini, hədəf baxımından cilovlanıb qarşısı alınan impulsun mükəmməl bir örnəyi hesab etmək olar. “Gözəllik” və “cazibə, təhrik” mənşəcə seksual obyektin özəllikləridir. Görünüşcə hər zaman təhrikedici efekt göstərən cinsi orqanların, demək olar ki, heç zaman gözəl sayılmaması qəribədir. Gözəllik keyfiyyəti ikinci dərəcəli bəlli cinsi əlamətlərə aidmiş kimi görünür.
Dediklərimin natamamlığına baxmayaraq bu araşdırmamızı sona çatdıracaq bəzi qeydlər etməyə cəsarət göstərəcəyəm. Həzz prinsipinin xoşbəxt olmağımız üçün bizə qəbul etdirdiyi proqramın gerçəkləşməsi o qədər də inandırıcı deyil, ancaq buna baxmayaraq insan bu proqramı müəyyən bir formada gerçəkləşdirməyə yaxınlaşmaq üçün səy göstərməkdən vaz keçməməlidir; heç vaz keçə bilməz də. Bundan ötrü çeşidli yollara baş vurmaq olar; ya hədəfin pozitiv aspekti, yəni həzz almaq, ya da neqativ aspekti, yəni narazılıqdan qaçmaq ön planda tutula bilər. Bu yolların heç biriylə arzu etdiklərimizin hamısına birdən qovuşa bilmərik. Mümkünlüyünə inanıb qəbul etdiyimiz mülayim ölçülü xoşbəxtlik, individual libidonun rasionalizə olunmasıyla bağlı problemdir. Bu mənada istisnasız hər kəsin xoşbəxtlik arayışına kömək ola biləcək, hər kəsin həyatına tətbiq oluna biləcək qızıl bir qayda, yaxud universal məsləhətlər yoxdur; hər kəs hansı yolla xilas olacağını, hansı yolla xoşbəxt olacağını gərək özü özüyçün aydınlaşdırsın. Bu halda insanın seçiminə yol göstərmək üçün müxtəlif faktorlar dövrəyə girəcək. Burada önəmli olan, həmin insanın dış dünyadan nə qədər gerçək həzz ummaq imkanına malik olduğu, dış dünyadan azad olmağa hansı dərəcədə hazır olduğu və son olaraq da, dış dünyanı öz arzularına uyğun olaraq dəyişdirməkdən ötrü lazım olacaq gücün nə qədərinə malik olduğudur. Bu nöqtədə, xarici şərtlərin necəliyindən başqa fərdin psixi quruluşu da önəmli rol oynayacaq. Əsas etibariylə erotizmə meyilli olan insan birinci yerə digər insanlarla quracağı emosional münasibətləri qoyacaq; özünəyetərli narsist isə özünün əsas həzz mənbəyini psixi həyatının daxili proseslərində arayacaq; fəaliyyətə meyilli insan isə öz gücünü sınaya biləcəyi xarici dünyadan vaz keçməyəcəkdir. Bu tiplərin ikincisinə gəldikdəsə, onun öz maraqlarını hansı tərəfə yönəltməsi, istedadının və qabiliyyətlərinin növündən və instinktlərinin nə qədərini sublimasiya edə biləcəyindən asılı olaraq müəyyənləşəcək. Hər ekstrimal seçim insanı, seçmiş olduğu yaşam metodunun yetərsiz qaldığı yerlərdə ortaya çıxacaq təhlükələrlə üz-üzə qoyaraq cəzalandıracaqdır. Necə ki, ehtiyatlı biznesmen bütün kapitalını bircə sahəyə yatırmaqdan yayınırsa, həyat bilgəliyi də bizə məsləhət verir ki, bütün meyillərimizin doyurulmasından doğan həzzin hamısını sadəcə bircə cəhdin bizə bəxş edəcəyini gözləməyək. Bir metodun uğurlu olacağı heç bir zaman mütləq deyil, çünki bir metodun uğurla həyata keçməsi xeyli sayda faktorun bir araya gəlməsindən, bəlkə də ən əsası, şəxsi psixi quruluşun öz funksiyalarını həzz almaq məqsədilə çevrəsinə uyğunlaşdıraraq, bu çevrədən yararlanmağı nə qədər bacaracağından asılıdır. Xüsusən də əlverişsiz libido quruluşuna sahib olan və həzz almaq üçün zəruri olan libido strukturunu düzgün şəkildə yeniləməyi bacarmayan insan özünün xarici vəziyyətindən çətinliklə xoşbəxtlik əldə edə biləcək, ələxsus da çətin problemlərlə qarşı-qarşıya qaldıqda. Ona ən azından əvəzləyici məmnunluq vəd edən sonuncu yaşam metodu isə nevrotik pozğunluğa qaçışdır; bu qaçış da adətən gənc yaşlarda gerçəkləşdirilir. Xoşbəxt olmaq səylərinin fiaskoya uğradığını daha yuxarı yaşlarda görənlər isə xroniki kefləndirici sərxoşluqdan həzz alaraq təsəlli tapır, ya da çarəsiz bir üsyan olan psixoza sığınırlar.1010
Yuxarıdakı açıqlamalara dair bir boşluğu doldurmaq üçün əlavə etməliyəm ki, insanın xoşbəxtliyə yetmək imkanları, narsisizmin obyektə yönəlik libidoyla olan münasibəti nəzərə alınmadan araşdırılmamalıdır. Öz daşıyıcısına yönəlməyin rasional libido üçün hansı önəm daşıdığını öyrənməyimiz zəruridir [1931-ci ildə əlavə olunmuş qeyd].
[Закрыть]
Din bu seçim və uyğunlaşma oyununu məhdudlaşdırır, çünki hər kəsə özünün xoşbəxtlik və iztirabdan qorunma yolunu eyni dərəcədə qəbul etdirir. Onun ortaya qoyduğu yaşam metodu həyatın dəyərini düşürmək və dünyanın həqiqi şəklini sayıqlamalarla, özünəməxsus aldanışlarla təhrif etməkdir və bunun da önşərti zəkanın qorxudulmasıdır. Din bu bədəl sayəsində psixi infantilizmi zorla sabitləşdirmək və kütləvi aldanışlar sferasına daxil etməklə bir çox insanı fərdi nevrozdan uzaq saxlamağı bacarsa da, bundan artığını bacarmır. Əvvəl də dediyimiz kimi, insanı xoşbəxtliyə aparacaq müxtəlif yollar vardır, fəqət insanı xoşbəxtliyə aparacaq mütləq bir yol yoxdur. Hətta din də öz vədlərini yerinə yetirə bilmir. Əgər bir mömin “Tanrının dərkedilməz iradəsindən”ndən bəhs etməyə məcbur qalırsa, iztirablara qarşı sığınacağı son təsəlli və sevinc mənbəyinin yalnızca qeydsiz-şərtsiz səcdə olduğunu etiraf etmiş olur. Və əgər bunu qəbul etməyə əvvəlcədən hazırdısa, dolanbaclı yollara baş vurmasına gərək duymaya da bilər.
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?