Электронная библиотека » Abbasqulu Ağa Bakıxanov » » онлайн чтение - страница 2

Текст книги "Gülüstani İrəm"


  • Текст добавлен: 27 октября 2022, 18:20


Автор книги: Abbasqulu Ağa Bakıxanov


Жанр: Исторические приключения, Приключения


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Qədim dövrlərdə Qaspi adlı tayfa dəniz kənarında və Kürün sağ sahilində sakin idi. Rumlular arasında bu dəniz həmin tayfanın adı ilə adlanmışdır. Sahilində olan vilayətlərə nisbətən, bu dəniz müsəlmanlar arasında da Bəhri-Xəzər, Bəhri-Cürcan, Bəhri-Gilan və Bəhri-Şirvan adı ilə şöhrət tapmışdır.

Qafqaz sözü də həmin qaspi adlı tayfanın adından və Quranda qeyd edilən Qaf dağından alınmışdır. Bu dağ əfsanə kitablarında divlərin və pərilərin yurdu hesab olunur. Həmin kitablarda pərilərin padşahına Şahbal deyirlər. Dərbəndnamə müəllifi ərəblərin Dağıstanda təyin etdikləri əmirin adını Şahbal və ya Şahi-Bəəl deyə qeyd edir. Şamxal ölkəsində, gözəlləri bütün Dağıstanda məşhur olan kəndlərdən birinin adı Pəravuldur. Bu da Pəri-avul, yəni pərilər kəndi deməkdir. Bu kənd indi də durur.

Gülüstani-İrəmi, Qaf dağının yaxınlığında, son dərəcə təravətli və axar-baxarlı, gözəl çeşməli və meyvəli ağacları olan bir yer kimi təsvir etmişlər. Ehtimal ki, bu da Qubanın Şabran adlı səfalı obasından ibarətdir; bu söz xalq arasında da çox məşhurdur. Bəziləri deyirlər, Gülüstani-İrəm Qarabağdakı Gülüstan adlı yerdir. Hicri 1228-ci (=1813) ildə Rusiya ilə İran dövlətləri arasında Gülüstan əhdnaməsi bağlanmışdır. Bunun yuxarısında, dağlıq bir yerdə, indi də, Gülüstani-İrəm adlı bir yaylaq vardır.

İslam tarixçilərinin çoxu Qafqaz dağlarını Əlbürz dağı deyə adlandırırlar. Bunlardan Katib Çələbi[26]26
  Katib Çələbi – məşhur şərq alimlərindəndir, hicri 1000-ci (=1591/92) ildə İstanbulda anadan olmuş və 1067-ci ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru coğrafiyaya aid «Kəşfüzzünun» adlı kitablarıdır.


[Закрыть]
, «Cahannüma» adlı əsərində deyir: Əlbürz dağı Babül-Əbvabın, yəni Dərbəndin qərb tərəfindədir. Bu dağ Türküstandan Hicazə min mildən artıq məsafədə uzanan dağ silsiləsinə bitişir. Bu cəhətdən bəziləri onu Qaf dağı zənn etmişlər. Dərbənd yaxınlığında dağ iki qola ayrılır: birinə Böyük Qaf, digərinə isə Kiçik Qaf deyirlər. Bu sıra dağlarda üz verən bir çox müharibə və fəthlərə görə, ərəblərin qədim coğrafiya kitablarında bu dağlar Cibalülfəth (Fəth dağları) adlanmışdır. Bu qeydlərdən başqa, yenə bir çox əlamət vardır ki, Qaf dağının Qafqaz dağları olmasına dəlalət edir. Bu dağ haqqında hədis və əxbar kitablarında və başqa mənbələrdə kinayə qəbilindən olaraq verilən yanlış məlumat bilməməzlikdəndir; çünki keçmiş insanlar, bu əcaiblə dolu dağların şimal tərəflərindən və daxili vəziyyətlərindən düzgün xəbərdar deyildilər. Əgər onlar bu səbəbə, buranı dünyanın son nöqtəsi təsəvvür edərək, iri cüssəli, vəhşi xasiyyətli sakinlərini divə və aləmdə hüsn və nəzakətlə məşhur olan gözəllərini pərilərə bənzətsələr, münasibətsiz və yersiz olmaz.

İndiki halda bir çox səyyah, dünyanın hər tərəfini dəfələrlə tədqiq etmiş, şərq və qərb okyanuslarından keçərək yer kürəsinin o biri yarısında olan Amerikanı kəşf etmişlər; lakin onlar Qaf dağını, xəyalata qapılan sadə dillərin təsvir etdikləri tərzdə, heç yerdə rast gəlməmişlər.

Qədim və naməlum əsərlərdən bəri bir çox müxtəlif tayfalar, Qafqaz ölkəsində müharibə və fəthlər edərək, cənubdan şimala və şimaldan cənuba doğru hərəkət etmişlər. Onlar burada bir çox ölkələri istila edib sakin olmuşlar. Müxtəlif millətlərin məzlum və qaçqınları buranın çətin keçidlərində düşmənin zülmündən asudə olmuşlar. İranın qədim padşahları, xüsusilə Yəzdicird Bəhrami-Gur oğlu və Nuşirəvan Qubad oğlu başqa vilayətlərdən buraya bir çox qəbilə köçürərək, bu yerlərdə şəhər və kəndlər bina etdirmişlər. Bunların xarabaları indi də durur. Yunanlar, rumlular, ermənilər, ğunlar, avarlar, türklər, ruslar, xəzərlər, ərəblər, moğollar və tatarlardan olan müxtəlif tayfalar bu ölkənin bir çox yerlərini əllərində saxlamışlar. Xüsusilə Şirvan ölkəsi hamısından artıq iğtişaş yeri olmuşdur. Səfəvilər dövründə İran və Osmanlı qoşunları bir-birinin ardınca bu ölkəni dəfələrlə ələ keçirmişlər. Məlum olur ki, bu ölkə əhalisinin nəsli müxtəlif tayfalardan mürəkkəbdir. Buna onların hələ də mövcud olan bir çox müxtəlif abidələri, dilləri, adətləri və əhalinin əxlaq və istedad dərəcəsi aydın və aşkar bir şahiddir.

Lakin bunu ətraflı olaraq təyin etmək mümkün deyildir. Ancaq bu qədər demək olar ki, Təbərsəranın bir hissəsində, Qubanın qərb qismində, Samur və Kürə nahiyələrində yaşayan əhalinin əksəri müxtəlif tayfalara qarışmış qədim nəsildəndir. Dərbənd ətrafında, Təbərsəranın çox hissəsində, Quba vilayətinin şərq qismində, Şəki, Bakı, Şirvan və Salyan vilayətlərində yaşayanlar, fars, ərəb, moğol və tatarlardan ibarətdir. Burada olan erməni və yəhudilərin çoxu da get-gedə müsəlmanlar ilə qarışmışlar. Onlar Təbərsəran, Dərbənd, Bakı, Quba və Kürə ölkələrində çox az, Şirvan və Şəki ölkələrində isə daha çox qalmışlar. Onlar öz din və dillərini saxlamışlar. Qarışıq nəsilli əhalinin varlığına, bir çox qəbilə və kəndlərin öz dilləri və adlarını saxlaması ən aydın bir dəlildir.

Bakı ölkəsində Zıx, Dağıstanda isə Miyatlu kəndlərinin əhalisi Zıx və Miyat tayfalarının qalıqlarıdır. Plini[27]27
  Plini – məşhur Roma alimidir, eramızın 23-cü ilində anadan olmuşdur. Plininin «Təbii tarix» adlı əsərində Azərbaycan Tarixi və coğrafiyası haqqında qiymətli məlumat vardır.


[Закрыть]
və Strabon[28]28
  Strabon – məşhur yunan coğrafiyaşünaslarındandır. Eramızdan təqribən 63 il əvvəl anadan olmuş və eramızdan 19 il əvvəl vəfat etmişdir. Onun ən məşhur əsəri «Coğrafiya» adlı kitabıdır. Bu kitabda Azərbaycan haqqında gözəl məlumat vardır. Strabon əsərlərini Pompeyi Azərbaycana olan yürüşləri zamanında, romalıların topladıqları məlumat əsasən tərtib edib.


[Закрыть]
onları bu ölkənin qədim sakinləri deyə göstərmişlər. Şəki, Şirvan və Qubada yaşayan Udilu tayfası Udi şəhəri əhalisindən olmalıdır. Bu şəhər miladi III əsrdə Ermənistan padşahlarının paytaxtı olmuşdur. İndiri kəndinin Tumanlar adlı bir məhəlləsi vardır. Əhalisi indi də Qoysunun sağ tərəfindən Temurquyuya qədər olan yerlərdəki mülklərə və arxlara sahibdirlər. Onlar əvvəldən buruda sakindirlər.

Başlı yaxınlığında olan Tumanlar kəndi də, Tumanşah tayfasının qalığı olmalıdır. Onları burada Nuşirəvan yerləşdirmişdir. Köbəçi əhalisi öz babalarından eşitdikləri rəvayətə görə ticarət məqsədilə buralara gəlmiş Yunan və Cənəviz əhalisindən bir dəstədir. Onlar burada karxanalar bina edərək, get-gedə ayrıca bir camaat şəklinə düşmüşlər. Təbərsəran əhalisinin çoxunu Nuşirəvan Təbəristan və İsfahandan köçürmüşdür. Bu nahiyənin adı da Təbəristan sözündən dəyişmiş ola bilər.

Ərəb adı ilə Qubada iki kənd, Dərbənddə bir kənd, Şəkidə iki kənd və Şirvanda da böyük bir qəbilə vardır. Bu qəbilənin bir qismi indi də öz aralarında ərəbcə danışırlar. Təbərsərandakı Dərvaq kəndində də əhali son zamanlaradək ərəb dilində danışarmış; bu dili ancaq yaxın zamanlarda tərk etmişlər, kəndin qocaları indi də bu dili bilirlər. Bunlardan başqa Kürə, Təbərsəran məmləkətləri və Samur nahiyəsi, bütün Dağıstan kimi öz kitablarında və yazılarında ərəb xətti və ərəb dili işlədirlər.

Qubadakı Bərmək mahalı Harun-ər Rəşidin vəziri Cəfər Bərməkinin qəbiləsindəndir. Onlar Cəfərin öldürülməsindən sonra, gəlib burada sığınmışlar. Quba və Şirvanda Zəngənə, Xəlilli və Kəngərli; Şirvanda Qaramanlı, Təkəli, Şamlı və Çakərli; Qubada Osallı, Ərşəli, Ustacallı və Qacar tayfaları; Quba, Dərbənd və Şirvanda Bayat qəbiləsi; Şəkidə, Şirvanda Qaraqoyunlu, Xələc və sair bir çox tayfalar vardır. Bunlar İran və Rum ölkələrində sakin olan tərəkəmə və sair elat kimi, türk tayfalarındandır. Samur nahiyəsindəki Miskincə kəndinin əhalisini, I Şah Təhmasib Səfəvi Astarabad hüdudundan buraya köçürmüşdür. Bu nahiyyədə yalnız Miskincə kəndi şiə məzhəbdir. Həzrət sözündən dəyişmiş olan Həzrə kəndinin əhalisini, həmin padşah İrandan Quba vilayətinə köçürüb, öz babası Şeyx Cüneydin qəbri ətrafında yerləşdirmişdir. Bunlar indi sünni məzhəbində olsalar da, bir məhəllələri hələ də, «Şiələr məhəlləsi» adı ilə məşhurdur.

Samur nahiyəsindəki Mikrağ kəndinin və Qaziqumuq əhalisinin çoxu, məlum olduğu kimi, rus tayfasındandır. Onlar xəzərlərin istilası dövründə buraya gəlmişlər. Bundan əlavə onların zahiri qiyafəsi və bir çox adət ənənələri də buna şahiddir. Qaziqumuq əhalisi indi də salam əsnasında papaq götürüb bir-birinə «izrov» deyirlər. Bu söz ola bilər ki, «zdorov» sözündən alınmışdır. İndiki halda, Qaziqumuq şəhərində və bu böyük şəhərdən ayrılmış olan bəzi nahiyələrdə üç tayfa sakindir: Qaççi, Məçcə, və Qumuq. Ehtimal ki, Qaççi tayfası Hun, Slavyan, Avar və Xəzər nəslindən olsun; Məçcə – Məkkə sözündən dəyişmə olub, ərəblərin Qüreyş qəbiləsindən Qumuq da, qədim Kamak tayfasından olsun. Həmçinin bu ölkənin sair əhalisi və Sulağın sağ tərəfində olan Aqquşa, Qaytaq mahalları və şamxal mülkü əksəriyyətlə qədim nəsildən olub ermənilər, farslar, ərəblər və türklərlə qarışmışlar. Sulağın o tərəfindəki Qumuq əhalisi Mıçıqıç, Avar və əslində qədim nəsildən olan bir çox azadlıqsevən xalqlar, müxtəlif şimal tayfaları ilə qarışmışlar.

Xülasə, bu əzəmətli dağlarda (Qafqazda), dilləri az yayılmış olan naməlum xalqlar vardır ki, qədim tayfaların qalıqları hesab edilə bilər. Bunlar, əsrlər boyu dünyada qalibiyyət və qüdrətlə məşhur olmuşlar. İndi isə bunların bəzilərindən heç bir əsər qalmamışdır, yalnız tarix kitablarında adları çəkilməkdədir.

Karamzin[29]29
  Karamzin – Karamzin Nikolay Mixayloviç – məşhur rus tarixçisidir, 1766-cı ildə anadan olmuş və 1826-cı ildə vəfat etmişdir. «Rusiya dövlətinin tarixi» adlı on iki ciddlik əsərin müəllifidir.


[Закрыть]
və başqa tarixçilərin yazdıqlarına görə, avarlar Türküstan çöllərində iqtidar və şöhrət sahibi bir tayfa olmuşlar. Çin tarixçilərinə görə, Avar tayfası çinlilərlə qonşu olan hun nəslindəndir. II əsrdə türk tayfaları tərəfindən məğlub edilən avarlar, cənub ölkələrinə gəlmiş və başqa tayfalarla qarışmışlar. Avar xanı Dizavul, Atilla kimi yüksək iqtidara malik olmuşdur. O, Altay dağları arasında ipək döşənəcək və qızıl qab-qacaqla bəzənmiş çadırda, Rum qeysəri Yustinianın elçilərini və hədiyyələrini qəbul edərək, onunla barışmış və iranlılarla müvəffəqiyyətlə müharibə etmişdir. Rum tarixçilərinin dediyinə görə, Dizavulun elçiləri qırxılmamış uzun saçlarından başqa, surət və əxlaqca da, tamamilə hun tayfasına bənzəyir və Atilla zamanını xatırlatmaqla tamaşaçıların heyrətini artırırdılar. Onlar 568-ci ildə sülh tələbi üçün Qostəntiniyyəyə gəlib, qeysər Yustiniana dedilər ki, Avarın cəsur və məğlub edilməz tayfası səninlə dost olmaq, səndən ənam, məvacib və yaşamaq üçün yararlı və gözəl bir yer istəyir. Qeysər onların tələblərindən heç birini rədd etməyə cəsarət etmədi. Avarın qaniçən xanı Bayan, bolqarları məğlub edərək, qətl və qarətdə əlindən gələni etdi. O, çex və sair slavyan xalqlarının sakin olduqları Moraviya və Bohemiyanı istila ilə Frank kralı Siqberti məğlub edərək bir baş Tuna çayına gəlib çıxdı. Burada Lonqbard tayfasilə ittifaq edərək Qəbidiyan dövlətini alt-üst etdi və Macarıstanı ələ keçirib İtaliyanı almaq xəyalına düşdü. 568-ci ildə avarların ölkəsi Elba çayından Atilə (Volqaya) qədər olan sahəni tuturdu.

Bayan xan 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini türklərin əlindən aldı. Ertəsi il, 60 min süvari ilə gəlib Tuna çayı kənarında o zamana qədər başlı-başına yaşayan Slavyan tayfasını qətl və qarətlə özünə tabe etdi. Tarixçi Nestorun yazdığına görə, Avar xanı 619-cu ildə Rum qeysəri Heraklini elə məğlub etdi ki, az qaldı onu əsir alsın və hicri 4-cü (=626) ildə Qostəntiniyyəni mühasirə etdisə də, məqsədə çatmadan geri qayıtdı. Bu tayfa sonralar müxtəlif zamanlarda cürbəcür qəbilələrlə şiddətli müharibə etmiş və get-gedə zəifləmişdir. IX əsrin əvvəllərində adlarını itirərək, başqa tayfalara qarışmışdır.

Qəbirlərindən tapılan qiymətli şeylərdən məlum olur ki, bunlar o qədər də vəhşi olmayıb İran, Çin və Rum ilə ticarət əlaqəsi saxlamışlar. Bunlardan bir camaat, indi də Qafqaz dağlarında yaşamaqla bərabər, ayrıca dilə malik və xüsusi əmirlərə tabe olaraq adət və ənənələrini davam etdirməkdədirlər. Bu Avar xanına Avar üsmisi də deyirlər. O, hicri 1140-cı (=1727) ildə rus ordugahına gələrək dedi ki, keçmişdə mülkü əlindən çıxmış əcdadından biri rus padşahının köməyilə öz yerinə təyin edilmiş və bu xüsusda rus padşahı tərəfindən verilən fərman indi də durur. Lakin baxılan vaxt məlum oldu ki, bu fərmanı hicri VII əsrdə rus ölkəsini ələ keçirmiş olan Çingiz xanın nəvəsi Batı Cüci oğlu vermişdir.

Qunib – kəndinin əhalisi (sözün axırından «b» hərfi atılaraq bəzən «Ğun» da oxunur) bədsurət və vəhşixasiyyət Ğun və ya Hun tayfasının qalıqlarındadır. Bu kənd, Əndələl nahiyyəsində tarlalı, otlaqlı, çaylara və ağaclara malik çox çətin keçilən bir dağ təpəsində olub, təqribən yüz evdən ibarətdir. Bu kəndin əhalisi pis xasiyyətlidir. Adamlar çox zaman bir-birilə vuruşurlar. Boyları qısa və surətcə bədtərkib olub, o ətrafın sair əhalisindən xüsusilə fərqlənirlər.

Təbərsəranda, Dərbənd səddi ilə əlaqədar olaraq Ənuşirəvan tərəfindən bina edilmiş bir şəhərin xarabaları ətrafında Calqan, Rukal, Məqatir, Kəmax, Zeydiyan, Hümeylərin əhalisi tat dilində danışırlar. Bu dil qədim fars dilinin ləhcələrindən biridir. Məlum olur ki, onlar farsdırlar, ancaq bu şəhər xaraba qaldıqdan sonra, həmin kəndlərdə yerləşmişlər. Bilhədi kəndinə yaxın olan bu şəhərdə sənətkaranə bir tərzdə işlənmiş qəribə bir darvaza vardır. Bu darvaza indi də durur. Ehtimala görə, Babülhədid həmən budur, kəndin adı da, bundan alınaraq, çox işlənmək nəticəsində dəyişib Bilhədi olmuşdur.

Şamaxı ilə Qudyal (indiki Quba) şəhərləri arasında qalan mahalda, məsələn: Şirvanda Hovz, Lahıc və Qoşunlu; Qubada Bərmək, Şəmpara, Buduğun aşağı hissəsi və bütün Bakı ölkəsində – altı tərəkəmə kəndindən başqa – bütün əhali tat dilində danışır. Məlum olur ki, bunların da əsli farsdır. Quba ölkəsinin qərb qismi – xüsusi dilə malik olan Xınalıq kəndindən başqa – Samur və Kürə nahiyələri və Təbərsəranın Dərə və Əhmərli adlı iki mahalı müxtəlif ləhcəli xüsusi dilə malikdirlər. Bunlar türk dilində danışan əhalini moğol adlandırırlar. Dərbəndnamənin qeydinə və sair əlamətlərə görə məlum olur ki, bu tayfa Alan masagetlərinin nəslindəndir. Bakıdakı Məşqətə – «s» hərfi «ş» hərfinə təbdil edilmişdir – kəndinin əhalisi də həmin tayfadan olmalıdır. Bunlar Bakı əhalisinin dilini qəbul etmişlərsə də, yenə əxlaq və yaşayış tərzləri cəhətdən bu ölkə əhalisindən tamam fərqlidirlər. Sair Təbərsəran mahallarının da başqa dilləri vardır. Mağarti, Mərağə, Xoçni və Çıraq adlı dörd kənddə, Dərbənd şəhərində və onun hər iki tərəfində olan Ulus və Tərəkəmə mahalındakı kəndlərin hamısında, Tip, Müskür və Şabran mahallarında və Quba şəhərinin özündə, Salyan ilə Şirvanın digər mahallarında, Bakının altı tərəkəmə kəndində və bütün Şəki ölkəsində əhalinin dili türkcədir. Bunlar əksəriyyətlə türkmən, moğol və tatar nəslindən olub, bəziləri də, Osmanlı – İran müharibələri zamanında, Səfəvilər dövründə və bundan sonra gəlmişlər. Bunların ləhcələri Ermənistan və Azərbaycanın bütün vilayətlərində də İranın bir çox yerlərində işlənən türk dilinə mənsubdur. Bu ləhcə Osmanlı, Cağatay, Qumuq və Noğay ləhcələri arasında orta ləhcədir, lakin hər dil üçün lazım olan yazı qaydaları və qanunları (sərf-nəhv) bu dil üçün hələ təyin edilməmişdir.

Dağıstanda olan bir çox xalqların və əmirliklərin müxtəlif dilləri və hesabsız ləhcələri vardır. Bunlardan 5 dil ümumiyyətlə daha çox işlənir.

1) Qumuq ləhcəsilə olan türkcədir. Bu dil Qaytağın aşağı hissəsində, şamxal mülkündə və Qumuqda olan bütün düzlərdə işlənməkdədir. Bununla bərabər, başqa yerlərin əhalisindən bir çoxu da bu dili bilir.

2) Avar dilidir. Bu dil bütün Avarıstana yayılmış və bir çox xalqlar arasında işlənməkdədir. Sair qəbilələrdən bir çoxu da bu dili bilir.

3) Beş Aqquşa mahalının dilidir. Bu dil Sürhidə və Qaytağın yuxarı mahallarında müxtəlif ləhcələrdə danışılır.

4) Qaziqumuq dilidir. Bu dil həmin ölkəyə məxsusdur.

5) Mıçıqıç dilidir. Bu dil həmin ölkəyə və bu ölkənin yuxarı nahiyələri olan Şübut, Carili və sairə məxsusdur.

Zumtal, Baqtulal, Camalal, Əndib, Qapuçay, Ansux, Cəniq, Zaxur, Auvax, Qabalal camaatı və Qaziqumuğa mənsub olan Köbəçi, Ərçub kəndləri və bunlardan başqa bir çoxları müxtəlif dillərə və ləhcələrə malikdirlər. Bu xüsusda təfsilat vermək üçün ayrıca tədqiqat aparmaq lazımdır.

Ermənilər və yəhudilərdən başqa, Şirvanın bütün əhalisi islam dinində olub, bəzisi şiə və bəzisi sünnidir. Bakı ölkəsi tamamilə, Dərbənd əksəriyyətlə, Şirvanın yarısı, Salyanın hamısı, Şəki və Qubanın bir hissəsi şiə məzhəbdir. Şirvanın yarısı, Şəki və Qubanın çoxu, Dərbəndin azacıq bir hissəsi, bütün Təbərsəran, Kürə, Miskincəni çıxdıqdan sonra Samur nahiyəsi və Dağıstanın hamısı sünnidir. Bu məzhəb burada iki şöbədən olub, biri hənəfi və digəri şafiidir. Quba, Şəki və Şirvanda bunların hər ikisindən vardır. Samur, Kürə, Təbərsəran nahiyələri və Dərbəndin sünni hissəsi, bütün Dağıstan kimi şafii-məzhəbdirlər.

Əgər bu ölkənin qəbilələri, kəndləri, binaları və qədim asarı heniş bir surətdə tədqiq edilərsə əhalinin mənşəyini təyin etmək mümkün olacaqdır.

Birinci fəsil
Islam dövlətinin zühurundan ərəb qoşununun gəlməsinə qədər Şirvan və Dağistan ölkələrində baş verən qədim hadisələr haqqinda

Məlum olduğu üzrə, bütün tarixçilər yazırlar ki, insan nəslinin birinci yurdu Babil ölkəsi olmuşdur; Nuhun tufanı da, burada baş vermişdir.

Məhəmməd ibni-Cərir Təbəri[30]30
  Məhəmməd ibni Cərir Təbəri – IX əsrin ən məşhur tarixçisidir. Hicri 224-cü (=838/39) ildə Təbəristanın Amül şəhərində anadan olmuş və 310-cu (=923) ildə Bağdadda vəfat etmişdir. «Tarixülüməm vəlmüluk» və eyni zamanda «Əxbarürrüsül vəlmüluk», «Tarixi-Cəfəri» və «Tarixi-Təbəri» adı ilə də məşhur olan əsəri ən mühüm tarixi mənbələrdən sayılır.


[Закрыть]
öz tarixində deyir: «Atəşpərəstlər ümumi tufana inanmırlar». İslam tarixçilərinin bəzisi isə ümumi tufanın Babildə, İraqda, Şamda və Yəmənə qədər olan ölkələrdə baş verməsi qənaətindədirlər. Həmdüllah[31]31
  Həmdulla Mustovfi Qəzvini – elxanilər dövründə yetişən məşhur tarixçilərdən biridir. Təqribən hicri 680-ci (=1281/82) ildə anadan olmuş və 750-ci (=1349/50) ildə vəfat etmişdir. Həmdullah biri coğrafiyaya və ikisi tarixə aid olmaqla üç əsər yazmışdır. Bunlar da: «Nüzhətülqülub», «Tarixi-güzidə» və «Zəfərnamə» adlı əsərləridir. Onun ən mühüm əsəri «Tarixi-güzidə» sidir.


[Закрыть]
«Tarixi-güzidə» adlı əsərində yazır: «Bəzilərinin dediyinə görə, tufan ancaq Ərəbistan yarımadasında olmuşdur. Çin əhalisi və türklərdən bəzisi ümumi tufanı danırlar». Osmanlı sultanlarının nəsəblərindən bəhs edən bir Təbəqat kitabında onların nəsli türk xanlarına və buradan da Nuha, Adəmə gedir çatır.

Ümumiyyətlə, ya tufan səbəbinə, ya da başqa bir hadisəyə görə, yaxud törəyib artdıqlarından yaşayış vəsaiti artırmaq üçün, cənub hissəsində yaşayan bir cəmiyyət dünyanın hər yerinə dağılmışdır. Bununla əlaqədar olaraq Şərq və Şimal ölkələri Yafəs nəslinə, Afrika və Hindistanın isti tərəfləri Ham övladına, Ərəb, İran və Rum ölkələri də Sam silsiləsinə mənsub olmuşdur.

Hicri IX əsrin axırlarında yazılmış Rövzətüssəfa kitabına görə, cənub ərz dairəsinin 14-cü dərəcəsinə qədər, Okyanus dənizində abad cəzirələr vardır ki, onların sakinləri də Sam nəslindəndir.

Nuhun bu üç oğlu, bəzilərinin rəyincə, qəbilə rəisləri sayılırlar, əgər bunlar tək olsaydılar, bu qədər uzaq məsafəyə gedə bilməzdilər. Bəziləri də, Yafəsin İranın və bütün Sam nəslinin birinci padşahı olan Kəyumərsin müasiri və türklərin ilk hökmdarı kimi tanıyırlar.

Güzidə və Xülasətüləxbar[32]32
  «Xülasətüləxbar» – Xandəmirin əsəridir. O, babasının «Rövzətüssafa» adlı əsərini ixtisar edərək «Xülasətüləxbarı» yazmışdır.


[Закрыть]
müəlliflərinin rəyinə görə, Yafəsin səkkiz və Rövzətüssəfa müəllifinin yazdığına görə, on bir oğlu olmuşdur:

1. Türkdür. Yafəsin böyük oğlu və vəliəhdi olub, ədalətli və rəiyyətpərvər bir padşah idi. Bütün Yafəsin qəbilələri bunun adı ilə – türk adlanırlar. Atasının vəfatından sonra, özü üçün Türküstanda isti və soyuq bulaqlı bir çox otlaqlar seçmişdir. Əvvəlcə ağac, qamış və otdan özü üçün qərargah və daha sonra heyvanat dərisindən çadır və otaq düzəltdirmişdir. Bu yer Suluq adlanır, Zəfərnamədə[33]33
  Şərəfəddin Əli Yəzdinin əsəridir. Teymur dövrünün tanınmış tarixçisidir. Yəzd şəhərində anadan olmuş və hicri 858-ci (=1454) ildə vəfat etmişdir. Onun yazmış olduğu «Zəfərnamə», Teymurun tarixi hadisələrini təsvir edən mənbələr içərisində mühüm yer tutur. Teymurun tarixinə aid «Zəfərnamə» adlı iki əsər daha vardır. Bunlardan biri Nizaməddin Şaminin «Zəfərnamə» sidir. Bu kitab Teymur zamanında və onun əmrilə yazılmışdır. İkinci də məşhur Əbdürrəhman Caminin bacısı oğlu Hatifinin mənzum «Zəfərnamə» sidir. Hatifi, «Teymurnamə» adı ilə də adlanan bu əsərini Şərəfəddin Yəzdinin tarixini əsas tutaraq nəzmə çəkmişdir.


[Закрыть]
isə Suluqay şəklində qeyd edilmişdir.

Karamzin və başqalarının yazdıqlarına görə, İrtış və Yayıq çaylarının kənarlarında yaşayan türklər güclü bir tayfa olmuşlar. Bunlar Çin və İran ölkələrinə basqın edirdilər. Miladi 580-ci ildə Qara dənizin şimal-şərq sahillərini Krım ölkəsinə qədər istila etmişdilər. Lakin o ildə, Avar tayfası ilə etdikləri müharibə nəticəsində, bu yerlər əllərindən çıxmışdır.

Rum qeysəri Tiberinin elçisi dost olduqlarını bildirmək üçün türk xanının yanına gəlmişdi. Xan ona dedi: «Siz o rumlular deyilsiniz ki, on dildə danışıb hamısı ilə də insanları eyni dərəcədə aldadırsınız? Biz türkük, yalan və aldatmaq bilmərik; bunu da bilməlisiniz ki, mən sizin padşahınızdan intiqam almaq üçün fürsət axtarıram. O öz dostluğu ilə məni arxayın etmək istəyir, lakin bizdən qaçan avar qullarımızı himayə edir. Deyirsiniz, sizin məmləkətə ancaq Qafqazdan keçmək olar. Mən Don və Dnepr çaylarının yataqlarını öyrənərək, avarların Rum ölkəsinə haradan və necə keçmiş olduqlarını təyin edəcəyəm, eyni zamanda sizin gücünüzü də biləcəyəm. Bilməlisiniz ki, məşriqdən məğribə qədər bütün aləm mənim itaətimdədir…»

Miladi 581-ci ildə, türk ölkəsi şərqi və qərbi deyə iki yerə bölündü. Bu ölkələrin hər ikisi müxtəlif tayfalarla olan müharibələr nəticəsində zəif düşdü. Sonralar yenə (qüvvət tapıb) hər tərəfdən baş qaldıraraq, bütün ətrafı fitnə və fəsad ilə doldurdular.

2. Xəzərdir. Bu da bir sıra səfər və köçərilikdən sonra öz qəbiləsilə Atil çayı kənarında yerləşib, bir şəhər salmış və balıq ovu ilə məşğul olmuşdur. Arıdan bal hasil etməyi buna nisbət verirlər. Deyirlər ki, Xəzərin bir oğlu ölür, onun cənazəsini qəbilə yığıncağında çalğı ilə – suyun ziddi olan odda – yandırır (Xəzər bununla sudan intiqam almaq istəyir), çünki atası Yafəs dənizdə batmışdı.

Xəzər tayfası türk cinsindəndir, erməni tarixləri üçüncü, Avropa tarixləri dördüncü əsrdən başlayaraq onlardan bəhs edir. Hacı Tərxan (Həştərxan) çöllərində hunların istilası zamanı, onlar Atillanın hökmü altında olmuşlar.

D'Anvil yazır: V əsrin əvvəllərində, tatarlardan Tulun və ya Turun adlı bir əmir, özünü Xəzər xaqanı adlandırdı. 626-cı ildə Rum qeysəri Herakli, Xəzər tayfasını iranlılarla müharibəyə apardı və bu ildə xaqanı oğulluğa götürüb başına tac qoydu.

Rum qeysəri II Yustinian Tiberidən qaçıb xaqanın yanına getdi və onun qızı ilə evləndi. Qeysər Lev də xaqanın qızını öz oğlu Qostəntin üçün aldı. Qeysər Lev də (Xəzəri) bundan dünyaya gəldi.

Xəzərlər iki dəniz (Xəzər və Qara dəniz) arasındakı yerləri ələ keçirib, slavyanları və sair qəbilələrdən bir çoxunu özlərinə tabe etdilər; Rum sultanları ilə dost olub Qafqaz, Ermənistan və Azərbaycan ölkələrindən keçərək, fars və ərəb padşahları ilə müharibəyə girişdilər.

Karamzinin yazdığına görə, Atil şəhəri Atil çayı kənarında olub, xaqanın paytaxtı idi. Bu şəhəri Nuşirəvan bina etmişdir. Xəzərlər hunların və sair türk tayfalarının əksinə olaraq, tikinti işlərinə həvəskar imişlər. Don kazaklarının mülkündə olan Sarkel qalası, Xarkov şəhəri yaxınlığındakı Xaqan adlı şəhər xarabası və Voronej ətrafındakı Xəzəriyyə adlanan sair yerlər bunların məlum olmayan şəhərlərinin qalıqlarıdır.

Xəzərlər əvvəllərdə bütpərəst idilər. VIII əsrdə yəhudi dinini qəbul etdilər. Məsudinin rəvayətinə görə, bu dini əvvəlcə Xəzər xaqanlarından Bula adlı biri, hicri 121-ci ildə qəbul etmişdir. Hicri 243-cü (=858) ildə isə onlar xaçpərəst dininə keçmişlər.

Əbülfida yazır: Xaqan, sultanlar nəslindən olmalı idi. Mühüm və böyük iş olmadan, onu görmək hər kəsə mümkün olmazdı. Hüzuruna gedən zaman torpağa düşmək lazım idi. Ondan icazəsiz (torpaqdan) qalxmaq, yaxına getmək və söz söyləmək olmazdı. Xaqanların qəbirləri yanında keçərkən, atdan düşüb baş əymək lazım idi. Xaqan mənsəb sahiblərindən hər hansına: «Get öl» desəydi, o haman saat evə gedib, özünü öldürməli idi.

Bu nəsildən fəqir və yoxsul olanlar da növbə ilə hökmranlığa çatırdılar. Eşitdim ki, bir cavan dükanda xırdavatçılıq edirdi, xalq deyirdi ki, hazırkı xaqandan sonra taxta varis bu şəxsdir. Lakin həmin şəxs müsəlman idi, xaqan isə yəhudi olmalı idi.

Xaqan ilə bərabər on nəfər də məhkəmə və divanda hazır olub, xalqın işinə baxmalı idilər. Bunlar da, müsəlman, yəhudi, xaçpərəst və bütpərəst ola bilərdilər. Bu şəhər əhalisinin çoxu müsəlman və xaçpərəst, bir azı da yəhudidir. Bunların hörmətlisi müsəlmanlar və tacirlərdir. Çox yedikləri şey düyü və balıqdır. Şəhərin ətrafı on ağac məsafəyə qədər məhsuldar çöllərdən ibarətdir. Xarəzm malları ilə yüklü gəmilər, şəhərin ortasından axan çay ilə keçib gedir. Başqa gəmilər də Portas ölkəsi ətrafında qiymətli qara tülkü dərisi gətirir. Çöllü tayfaların padşahları, bu dəriləri kürk və papaq üçün baha qiymətə alırlar. Başqa ölkələrdən də qırmızı, boz və ağ rəngli tülkü dəriləri gətirilir. Bunlara «ərəbi» deyirlər. Bu dərilər daha ucuz olub yalnız Dərbəndə, Bərdəyə və Xorasana deyil, hətta Fransaya və İspaniyaya da aparılır.

Bu şəhərin evləri ağac və qamışdandır. Xaqanın sarayı isə, çayın qərb tərəfində tikilmişdir.

Xəzər ölkəsində gözəl bağları olan İsmid adlı bir şəhər vardır. Ehtimala görə, bu sözün əsli Səməndər, ya İsməndər olmuşdur. Ancaq yazarkən «y» hərfi ilə «n» hərfi qarışdırılmış və «r» hərfi də qələmdən düşmüşdür. Dərbənddən Sərirə qədər yol boyu bağlıqdır. Burada üzüm də əmələ gəlir.

3. Rusdur. Bu adam… uzun zaman köçəri həyat sürdükdən sonra elçi göndərib, Xəzərdən oturaq yeri istədi. Xəzər o tərəflərdəki münbit torpaqlı və sağlam havalı adaların bəzisini ona verdi. Rus «yarğu», yəni qovğa salmağa və ədalət tələb etməyə başladı. Ruslarda belə bir adət vardır ki, atadan qalan malın hamısını qıza verərlər, oğula isə qılıncdan başqa bir şey verməzlər: «Sənin hissən ancaq budur» – deyərlər.

Karamzin və sair rus tarixçilərinin yazdıqlarına görə, hicri 247-ci (=862) ildə başsız və intizamsız olan şimali Slavyan tayfasının dəvəti ilə rus nəslindən üç qardaş – bunların əhvalatı hicri 235 (=850) ildə Avropa tarixinə də girmişdir – Baltik dənizinin o biri tərəfindən gəlib, slavyan torpaqlarında sakin oldular. Bunların böyüyü – Rurik əmirliyə başladı və rus dövləti o zamandan etibarən əsaslandı.

Tarixlərdən və yuxarıda qeyd olunan faktlardan əlavə, bir çox əfsanələrdə Rus tayfasının göstərdiyi hünərlər, təəccüblü işlər və Makedoniyalı İskəndərin onlara yazdığı dostluq məktubu məşhurdur.

Həzəqil peyğəmbərin kitabında 38-ci fəsildə və Ərəmya peyğəmbərin kitabında 25-ci fəsildə şərq tayfaları sırasında Rus tayfasının da adı çəkilir, bu da onların qədim bir nəslə mənsub olduqlarını göstərir.

4. Qərrədir. Hiyləgər bir adam idi. O öz tayfası ilə bərabər Bolqarıstan ətrafında yurd salmışdı.

Onunla Türk arasında şiddətli müharibə baş verdi. Bu müharibədə Qərrənin oğlu Beyğur öldürüldü. Deyirlər ki, bunların nəsli arasında indi də çəkişmə davam edir. Moisey Xorenskinin yazdığına görə, Bolqar tayfasının adı tarix kitablarında miladdan yüz il əvvəl söylənməkdədir.

5. Kamaridir. Buna Kamak da deyilir. Bu xoştəbiət və ovçuluğu sevən bir şəxs idi. O indi Bolqar adlanan yerə gəlib yurd saldı. Onun Bolqar və Pərtas adlı iki oğlu oldu. Bunlar da qəbilə sahibi oldular. Qumuq tayfası bu nəsildən ayrılmışdır və adları da, ehtimal ki, Kamak sözündən alınmışdır. Bətləmyus da bu tayfanı həmin yerlərdə Kam və Kamak adları ilə qeyd edir.

6. Səqlabdır. Bunun da böyük bir qəbiləsi var idi. Yer ələ keçirmək üçün səfərə çıxardı. Onun bir oğlu oldu, anası vəfat etdiyi üçün it südü ilə bəsləndi. Böyüdükdən sonra it kimi insanlara hücum edərdi. Atası öz qohumlarından ona bir qız aldı. Bundan Səqlab adlı bir oğlu oldu. Bu da böyüyüb qəbilə rəisi olduqda, elçilər göndərib, Rus və Xəzərdən oturaq yeri istədi. Səqlabın qəbiləsi çox olduğu üçün onun tələbini rədd etdilər. İş müharibə ilə nəticələndi. Səqlab basılıb şimala doğru çəkildi və 64 ərz dərəcəsində yurd saldı. Buralar çox soyuq olduğundan yeraltı evlər düzəltdilər.

7. Çindir. Yafəs tərəfindən onun adına saldırılan bir şəhərdə sakin olurdu. Növbənöv sənətlər: ipəyin kəşfi, qumaş toxumaq, rəng düzəltmək, nəqqaşlıq, müşk əldə etmək və bir çox başqa şeyləri guya bu icad etmişdir.

8. Baricdir. Frənk tayfası və rumlardan bəziləri ona mənsubdur.

9. Məsəkdir. Moğol və Yəcuc nəsli ondandır. Yafəsin başqa övladı haqqında heç bir məlumat yoxdur.

Musanın «Tövrat»ına görə də, Yafəsin Kamir, Makuk, Madi, Yavan, Elisa, Fuvel, Mosoq və Firas adlı səkkiz övladı vardı.

Makuk ərəbcə həmin Məcucdur. Kamir, Mosoq həmin Kamari və Məsək ola bilər.

Müəllif deyir: Cənub və şimal tayfalarından bir çoxunun dilində bəzi fellər və əsli isimlərin uyğunluğu onların bir nəsldən olduğuna dəlalət edir. İnsan nəsli hər halda ilk dövrlərdə vəhşi, çılpaq və cənub tərəflərində sakin olmuşdur. Aşkar məsələdir ki, münasib libas, isti mənzil və azuqə olmadan onlar şimal tərəflərində yaşaya bilməzdilər. Tədriclə yaşayış vəsaiti düzəldi, qəbilələrin çoxluğu üzündən zəxirə tələbinə, heyvanat ovlamağa və mal-qara üçün geniş otlaqlara ehtiyac artdı. Bu zaman bunlar şimala doğru üz tutdular. Onların yolları da, əksəriyyətlə, Qafqaz ölkəsindən və xüsusilə, Şirvan və Dağıstan vilayətlərindən olmuşdur. O zaman gəmi olmadığı üçün dənizlərdən qərbə keçmək çətin idi. Şərq tərəfdən də Qıpçağın susuz və meşəsiz çöllərindən keçmək mümkün deyildi. Bu ölkənin bol çeşməli, çaylı və otlaqlı çölləri, meyvə ağacları və meşələri olan isti dərələri vardır. Bu hal o dövrlərdə yaşayan vəhşi xasiyyətli tayfaların bu yerlərdən keçib getmələri və yurd salmaları üçün daha əlverişli idi.

Tarixçilərin çoxunun qeydinə görə, çox qədim dövrlərdən bəri İran şahları və başqaları fəth və səyahət fikri, ya da düşməndən qaçıb qurtarmaq məqsədilə, bu əcaib ölkəsi olan Qafqaza pənah gətirərdilər. Xüsusilə, Şirvan vilayəti cənub və şimal tayfalarının ardı-arası kəsilməyən hücum və müharibələrindən xilas ola bilməmişdir. Qədim Suriyanın və Babilistan dövlətlərinin tarixlərində Qafqaz haqqında açıq və aydın məlumat yoxdur. Lakin İran tarixlərində söylənir ki, Pişdadiyan sülaləsindən Fərrux oğlu Fridun və Kəyan padşahlarının sülalə başçısı Keyqubad uşaqlıq zamanında düşmənlərindən gizlənib, Əlbürz – Qafqaz dağlarında və düzlərində yaşayırdılar.

Fridunu Dəmirçi Kavə və Keyqubadı da zabilistanlı Rüstəm gəlib aparmış və İranın səltənət taxtına oturtmuşlar.

Fars tarixçiləri deyirlər ki, Fridun bütün dünyanın padşahı idi və ölkəsini üç oğlu arasında bölmüşdü: qərb tərəflərini Səlmə, şərq ölkələrini Turə və orta tərəflərini də vəliəhdi olan İrəcə (İrək sözünün ərəbcələşmişidir) verilmişdir. Bir qədər keçdikdən sonra, Səlm ilə Tur İrəcə paxıllıq edərək, onu məşvərət və görüş bəhanəsilə dəvət edib Qarabağın yaxınlığında öldürdülər. O zamandan sonra nəsli arasında ədavət düşmüşdü. Ölkənin şərq tərəfləri Turan və orta tərəfləri İran adlanmışdır. İstəxr-Farsın yaxınlığında indi də İrəc adlı bir yer vardır. Miladdan təqribən 700 il əvvəl, Qrek tayfası və xüsusilə miletlilər Qara dənizin şimal-şərq sahilində Tanais, Fanaqoriya, Hirmonas və Dioskuriya şəhərlərini bina edib, Qafqazın müxtəlif əhalisi ilə ticarət əlaqəsi saxlamağa başlamışdılar.

Miladdan təqribən 400 il əvvəl yaşamış yunan tarixçisi Herodotun yazdığına görə, Kimmeriyan tayfası skiflərdən qaçıb Asiyadakı Lidiya ölkəsini ələ keçirmişdi. Skiflər miladdan 633 il əvvəl onları təqib edib iyirmi səkkiz illik istiladan sonra Avropaya qayıtdılar. Məlumdur ki, bunlar Qafqaz ölkəsindən gəlib keçmişlər, ilk fəthləri və son istilaları da bu ölkədə olmuşdur. Bu cəhətdən Şirvan və Dağıstan vilayətlərində qrek və skiflərin qədim asarından bir çoxunun nişanələri indi də mövcuddur.

Herodotun yazdığına görə, Kəyan padşahlarından Keyxosrovun massaget skifləri və onların məlikəsi Tomirisə qarşı açdığı müharibə Albaniyada olmuşdur. O, (Herodot) belə deyir: Kirus Arazdan keçib, ona qovuşan Kür çayına maneəsiz olaraq gəlib çatdı. Oradan da cəsarətlə bir dar dərənin içərisinə soxuldu. Burada dağ əhalisi onu məğlub edib, bütün qoşunu ilə məhv etdilər. Avropa və Asiya tarixçiləri Keyxosrovun aqibəti və onun dağa çəkilib qeyb olması haqqında müxtəlif fikirlər yürüdürlər. Şeyx Nizami Gəncəvinin də mağara haqqında və Keyxosrovun Dərbənd yaxınlığındakı bir dağda saxlanan qızıl taxtı barədə yazıları vardır. Bunlar yuxarıda qeyd edilən iddialarla da uyğun gəlir. Xülasə, bəzilərinin zənn etdiyi kimi, əgər Keyxosrov Arazdan keçdikdən sonra Gürcüstana hərəkət etmək istəsəydi, o zaman iki çayın (Kür və Araz) qovşağı olan Cavad keçidinə gəlməzdi. Bundan anlaşılır ki, o, Albaniyaya səfər etmişdir. Bu hadisə, ehtimal ki, Rubas çayı dəhnəsindən başlayan, Təbərsərandan keçən, Dərvaq və Qaytağa gedən çox çətin keçidli bir dar dərədə vaqe olmuşdur. Qədim kitablarda məşhur olan «Sur dərəsi» ola bilsin ki, bu dərədir. Bunun belə adlanması da Dərbənddən uzanan sədd münasibətilə ola bilər, çünki «sur» ərəbcə «hasar» deməkdir. Ola bilsin ki, bu dərə «Sul qapısı» nın və yaxud Dərbəndin üç ağaclığında, bu dərənin dəhnəsinə yaxın bir yerdə, Nuşirəvanın bina etdirdiyi «Sul şəhəri» nin adı ilə adlanmış olsun. Zaman keçdikcə «l» dönüb «r» olmuşdur. Ola bilsin ki, Keyxosrov Sürhi mahalının dar dərələrindən birində, Qaytaq, Aqquşa və Qaziqumuqun bir çox tayfaları tərəfindən öldürülmüşdür; çünki «Sur» adı «hi» sözü əlavəsilə indi də bu mahalın adıdır. Bəzi tarixçilər yazırlar ki, guya Keyxosrov Gəncə qalası yaxınlığında məğlub edilmişdir; bu qeyd həqiqətdən uzaqdır; çünki burada yer düz və hamar olub heç bir dar dərə yoxdur.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации