Текст книги "Gülüstani İrəm"
Автор книги: Abbasqulu Ağa Bakıxanov
Жанр: Исторические приключения, Приключения
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Məhəmməd ibni-Xandşah (Mirxond) «Rövzətüssəfa» da, Xandəmir «Xülasətüləxbar» da və sair tarixçilər yazırlar ki, Güştasib Rum ölkəsindən qayıtdıqdan sonra, atasının yerində səltənət taxtına oturdu və İran paytaxtını Bəlxdən özü bina etdirdiyi İstəxr şəhərinə köçürtdü. O, İranda Zərdüşt dinini yaydı və bir adam göndərib, türklərin hakimi Ərcasibi də bu dinə dəvət etdi. Buna görə, indiyə qədər bir dində olan iki tayfa arasında müxalifət və ziddiyyət törədi. Ərcasib hədsiz qoşunla İrana hərəkət etdi. Güştasib öz rəşadətli oğlu İsfəndiyar ilə qarşıya çıxdı, türklər məğlub oldular. (Güştasib) özü Farsistana döndü, İsfəndiyarı isə Ermənistan və Azərbaycanı zəbt etməyə göndərdi. Ərcasib ikinci dəfə olaraq İrana səfər etdi. İsfəndiyar yenə onu məğlub etdi və türk ölkələrinə soxularaq çoxlu qələbələrə nail oldu. Güştasib ömrünün axırlarında hökmranlığı İsfəndiyarın oğlu Bəhmənə tapşırdı, özü isə dünyadan əl çəkdi.
Ölkələr fəth etmək, Qafqaz üzərinə qoşun yürütmək, Ruma səyahət, Zərdüşt dinini qəbul etmək və İstəxr şəhərinin binasını qoymaq kimi hadisələrə baxılarsa, Kirus adının Keyxosrovdan ziyadə Güştasibə verilməsi daha münasib olar; lakin xəbərlərin dolaşıq olması və mənbələrin azlığı üzündən onu ayırd etmək çox çətindir.
Karamzinin yazdığına görə, İran padşahı Dara Ermənistanda, Azərbaycanda və bu ölkələr ətrafında qətl-qarətlə məşğul olan Skif tayfasını cəzalandırmaq üçün çoxlu qoşunla onların ucsuz-bucaqsız çöllərinə yeridi. Lakin o, heç bir iş görə bilmədi, hətta az qaldı ki, qoşunu da tamamilə məhv olsun.
«İskəndərnamə» adı ilə məşhur və tarixi bir əfsanədən ibarət olan farsca qədim bir kitabda yazılmışdır: İskəndər, səfəri əsnasında Bakıya gəlir. O əsrin qəhrəmanlarından sayılan bakılı Sədan şəhəri bəzəyib əhali ilə onu qarşılayır. İskəndəri şəhərə gətirib ona lazımi xidmət göstərir. Sədan İskəndər qoşununun yaxşı atlara ehtiyacı olduğunu bilib bu tərəflərdə Xəzranguh adlanan yerdə Firuz adlı bir qocanın hədsiz ilxısı olduğuna ona xəbər verər. Bu ilxı keçmişdə Bəhmən şahın olmuşdur. İlxı Firuzun ixtiyarına keçdikdən sonra, Humay və Dara nə qədər istədilərsə də, o vermədi. İskəndər Badpay adlı bir nəfəri gizlicə göndərdi ki, Firuzun vəziyyətindən xəbər tutsun. Badpay gedib gördü ki, o dağın ətəklərində rəngbərəng çadırlar qurulmuşdur. Bunların arasında çin atlazından bir çadır qurulmuş və bir qədər camaat onun ətrafına toplanmışdır. Çadırda, turanlı qırmızısaqqal bir qoca oturmuşdu; onun əynində pələng dərisindən bir qaftan, başında isə, dövrəsi qızıl zəncirdə tikili bəbir dərisindən bir papaq və qarşısında da böyük bir əsa vardır.
Xülasə, ertəsi gün, Firuz topladığı qırx min qoşunla İskəndərlə müharibəyə çıxdı. O, İskəndərin şövkət və əzəmətindən xəbərdar olunca, təslim olaraq ilxını gətirdib təhvil verdi. Yenə o kitabda yazılmışdır ki, İskəndər böyük bir yunan şəhərinə çatdı. Əhali təslim olmaq istəmədiyindən, İskəndər bu şəhəri xarab etmək istədi. Şəhər dəniz səthindən aşağıda idi, lakin orada dağdan bir hail var idi. Ərəstu hikmət üzrə 700 batman miqdarında bir cüt yağ düzəltdi. Bu yağ, daşı əhəng kimi əritdi. Bu qayda ilə suyun yolunu açdılar və şəhəri batırdılar. Xilas olanların bəzisi Gilan şəhərinin binasını qoydu.
Müəllif deyir: Bu kitabın sözünə inanmaq olmasa da, ola bilər ki, bir zaman belə bir hadisə başqa bir şəkildə üz vermiş olsun. İran əhalisi bir çox böyük və mühüm hadisələri İskəndərə isnad etdiklərindən, bunu da ona isnad verirlər. İnkar etmək olmaz ki, Bakı ölkəsində Bilgəh, Zirə, Bibiheybət və sair kəndlərdə və bəzi adalarda daşlar üzərində dənizə doğru gedən araba yolları görünür. Bakı şəhərində Hacı Ağa Hüseyn oğlu Hacı Babanın otağının yerində quyu qazdıqları zaman dəniz səthindən aşağıda daşla döşənmiş bir yol çıxmışdır. Bakı ilə Salyan arasında da, dəniz sahilində təxminən səkkiz coğrafi mil aralı, suyun altında böyük bir şəhər vardır. Quba qəzasında olan Müskür mahalında, Samur çayından başlamış Şabran mahalına qədər, dəniz sahilindən təqribən iki ağac aralı, məşhur bir təpə uzanır. Xalqın dediyindən və dənizin əlamətlərindən aşkar görünür ki, bu yerlərdə bir zaman dəniz olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, şəhəri batırmaq üçün suyun buraxılması bu dənizin səthini aşağı salmış və onu Cürcan dənizi ilə birləşdirmişdir.
Belə bir hal (yəni təpə silsiləsi), Qumuq ölkəsinin dəniz sahilindəki bəzi yerlərində də müşahidə olunur. Atil çayı qolları və axmazlarının çoxluğu da bu ehtimala qüvvət verir. Məsalikülməmalik[34]34
«Kitabi-Məsalikülməmalik» – hicri III (IX) yetişən məşhur ərəb coğrafiyaçısı İstəxrinin əsəridir. Coğrafiyaya aid «Kitabülməsalik vəlməmalik» adlı iki kitab daha vardır ki, biri İbn-Xordadbeh, ikincisi də İbn-Hövqəl tərəfindən yazılmışdır.
[Закрыть], Məcməülbüldan müəllifləri və sair tarixçilər yazırlar ki, quranda adı çəkilən Məcməülbəhreyn (iki dəniz qovşağı) Şirvan vilayətində olmuşdur. Musa və Xızır peyğəmbərlərin səxrəsi (qayası) də oradadır. Adına və əlamətlərinə görə bu qaya Xızır-zində[35]35
Xalq arasında «Xızır-zində»şəklində tələffüz olunur.
[Закрыть] ola bilər.
Bakıdan türkmən sahillərinə quru yol getdiyi xalq arasında çox məşhurdur. Şərq sahillərində yaşayan əhali, at belində buraya (Bakıya) çapqına gələrmiş. Bakı şəhəri qarşısında, dəniz içərisində indi də görünən burclardan, hasarlardan, qəbir daşlarından və tarixçilər tərəfindən bu şəhərin keçmiş vəziyyəti haqqında yazılan təsvirlərdən məlum olur ki, dörd-beş yüz il bundan əvvəl abad olan yerlər indi su altında qalmışdır. Ehtimal ki, bir zamandan sonra bu yerlər yenə zahirə çıxsın.
Yadımdadır, qırx il bundan əvvəl Bakı qalasının divarı iki arşın qədər suyun içində idi; sonralar tədriclə, xüsusən bu dörd-beş ildə dənizin səthi təqribən üç şah arşını aşağı enmiş və yenə də enməkdədir. Lakin yuxarıda söylənən əlamətləri buna nisbət vermək və hər halda qəti hökm vermək müşküldür. Bu böyük məsələ ayrı tədqiqat və mülahizələrdən asılıdır.
Şeyx Nizami öz mənzum İskəndərnaməsində deyir: İskəndər, fütuhatı əsnasında Ermənistana gəlir. Bu yerin əhalisi atəşpərəst imiş. İskəndər şikar edərək Bərdə mülkünə keçir. Bərdə şəhərinin xarabaları Qarabağ ölkəsində, Kür çayı sahili yaxınlığında, indi də mövcuddur. Bu şəhəri Pişdadiyan sülaləsindən Fridun bina etdirmişdir. Nuşabə adlı bir qadın buranın hökmdarı imiş. Onun böyük şövkət və cəlalı varmış. O, qonaqpərəstlikdə səhlənkarlıq etməyib lazım gələn hər bir şeyi tədarük edər, ardı kəsilmədən İskəndərin ordusuna göndərərmiş. İskəndər Nuşabənin camal və kəmalının tərifini çox eşitmiş olduğundan, libasını dəyişdirərək elçi sifətilə onun yanına gedir. Nuşabə işin təhərindən onu tanıyır, təzim və mehmannəvazlıq mərasimini yerinə yetirir. Aman və himayə barəsində ondan əhd-peyman alır. İskəndər öz ordugahına qayıtdıqdan sonra, Nuşabə gecə-gündüz onun barigahında qalır. İskəndərin Nuşabəyə olan məhəbbəti daha da möhkəmləşir. İskəndər oradan Əlbürz (Qafqaza) hərəkət edir. Şirvandan ötüb Dərbənd keçidinə çatır. Burada hələ şəhər yox idi. Dağ üzərində möhkəm və dar bir yerdə çox varlı və dövlətli bir qala vardı. Bu qalada bir neçə nəfər yaşayırdı, bunlar yoldan keçənlərə mane olurdular. İskəndər təslim olmağı onlara dəfələrlə təklif etdi, onlar rədd etdilər. Buna görə, hücum edərək oranı dağıtmağı hökm etdi. Bu yer o qədər möhkəm idi ki, bütün qoşun qırx gün qırx gecə çalışdı, bir iş görə bilmədi. Ancaq axırda qalanın əhli təngə gəlib təslim oldu. İskəndər onlara başqa yer verib qalanı təmir etdirdi və orada bir qədər qoşun qoydu.
Bu zaman o dağlıq yerlərin yaxınlığında yaşayan əhali İskəndərə şikayətə gəlib dedilər: Qıpçağın vəhşi xasiyyətli əhalisi bu yerləri xərabəzarə döndərir. Onlar xahiş etdilər ki, bu dağın gədiklərində bir sədd çəkilsin. İskəndər çoxlu işçi toplayıb, bu gədikləri bərkitmək üçün, o darısqal dağda daşdan bir sədd çəkməyə əmr verdi.
Qayıtdığı zaman birinci mənzildə ona dedilər ki, bu ətrafda Sərir adlı çox gözəl və mükəmməl bir qala vardır. Keyxosrovun taxtı, tacı və qəbri burada bir mağaranın içərisindədir. Onun nəslindən bir şahzadə bu yerin əmiridir. İskəndər Keyxosrovun taxtı olan qalaya getdi. Bu qalaya «darvaza» da deyirlər. Səririn əmiri onu qarşıladı; İskəndər buradakı qızıl taxtı, mağaranı, dağları və bir çox qəribə şeylər gördü. Oradan çölə qayıdıb bir həftə ovla məşğul oldu. Sonra Rudbar yolu ilə Xalxala, oradan Gilana və daha sonra Rey mülkünə getdi.
Mavəraünnəhrdə şəhərləri bərpa etməkdə ikən, ona xəbər çatdı ki, Rus tayfası Qıpçaq əhalisilə bərabər, saysız-hesabsız bir miqdarda, Dərbənd və onun ətrafına yol tapmışlar… Bərdə şəhərini alıb Nuşabəni də, bütün qızlar ilə bir yerdə, əsir aparmışlar. İskəndər oradan külli qoşunla hərəkət edib Xarəzm yolu ilə Qıpçaq çölünə gəldi. Bu ölkənin gözəl qadınları naməhrəmdən üzlərini örtmürdülər. İskəndər geniş bir çöldə, böyük bir su kənarında düşdü.
Rus əmiri Kontal Rus, Aysu, Portas, Peçeneq, Alan, İlaq və Xəzərdən ibarət yeddi tayfadan topladığı 900.000 artıq bir qoşunla İskəndəri qarşıladı. Bir neçə gün çox şiddətli müharibə getdi, nəticədə İskəndər qalib gəldi. Kontal on bir nəfərlə əsir düşüb sülh etdi. Nuşabəni və sair əsirləri çoxlu şeylə bərabər geri qaytardı. İskəndər xərac qoyduqdan sonra Kontalı sair əsirlərlə bərabər azad edib geri qayıtdı.
Kvint Kurtsi[36]36
Kvint Kurtsi – Roma tarixçisidir, ehtimala görə, I əsrdə yaşamışdır. Yunan mənbələrinə əsasən Makedoniyalı İskəndərin tarixini yazmışdır.
[Закрыть], təqribən dörd yüz il İskəndərdən sonra yazdığı tarix kitabında bu hadisələrin çoxunu bir qədər dəyişdirərək başqa şəkildə göstərir: Nuşabə, ehtimal ki, İskəndərə məhəbbət yetirən və onun ordusuna gələn Amazon məlikəsi imiş. Böyüksu Atil və ya Don çayıdır. Skif həmin yeddi tayfadan ibarət olmalıdır; çünki qədim tarixçilər bütün şimal əhalisini skif adlandırırdılar. Dərbənd qalası həmin qalaçadır ki, fəthi başqa bir şəkildə yazılmışdır.
Dərbəndnamə və sair kitablarda da İskəndərin Dərbənd səddini təmir etməsi haqqında izahat verilmişdir. Dərbənd, xalq arasında indi də «Səddi-İskəndər» adı ilə məşhurdur. Diqqətlə baxılsa Quranda da bu məsələ qeyd edilmişdir. Qurandakı ayələrin məzmunu belədir: «Zülqərneyn yola düşüb getdi, günəşin batdığı yerə çatdı. Gördü günəş isti bir bulağa batır; yenə yol alıb günəşin doğduğu yerə çatdı. Burada günəş bir xalqın üzərinə düşürdü, onların günəşə qarşı heç bir hailləri yox idi. Yenə yoluna davam etdi, iki sədd arasına çatdı. Onların (iki səddin) yaxınlığında söz qanmayan bir xalqa rast gəldi. Onlar dedilər: «Ey Zülqərneyn! Yəcuc və Məcuc bu ölkədə fitnə və fəsad törədirlər: sənə xərac versək, bizimlə onlar arasında bir sədd yaradarsanmı?» İskəndər cavab verdi: «Allahın mənə verdiyi dövlət kifayətdir. Sonra o, işçilər və dəmir parçaları tələb etdi. Bir-birinə müqabil iki nüqtənin arasında bir sədd çəkildi. Onlar (Yəcuc və Məcuc) bu səddin üzərinə çıxa bilmədilər və onu deşməyi də bacarmadılar».
Bir çox təfsirçilərin və məşhur tarixçilərin yazdıqlarına görə, Zülqərneyn Rum, İran və ya Məğrib və Məşriqin padşahı olan Makedoniyalı İskəndərdir. O, Afrikanı və Qıpçaq çölünü fəth etmişdi. Deyirlər ki, onun tacında iki buynuz vardır, bu da iki cıqqaya işarə ola bilər. Bulaq da, su axınından ibarət olub, qərbi Okyanus dənizinə işarədir, Mədari-sərətanə yaxın olduğundan burada hava isti və dənizin suyu axmaqdadır.
Yunan tarixçilərinin yazdıqları kimi, İskəndərin Məğrib-zəmində ucsuz-bucaqsız qumsal və isti çöllərdən keçərək Yupiter məbədinə getməsi də bu mətləbi təsdiq edir. Qıpcağın çılpaq çöllərində yaşayan vəhşi əhalinin həqiqətən günəşdən qorunmaq üçün heç bir imarət, meşə və bağları yox idi. Qərb ilə şərq arasında keçən üçüncü yol, şimala doğru getməlidir; çünki cənuba doğru gedərsə qarşıya okean çıxar. İki sədd – Ermənistan və Azərbaycanın iki sıra dağlarından və Xəzər ilə Qara dənizdən ibarətdir. Dil bilməyənlər isə Qafqazın cənub tərəflərində yaşayan xalqlardır. Dillərinin qəribəliyi, çoxluğu və ya inkişaf etməməsi üzündən onları anlamaq mümkün deyil. Yəcuc və Məcuc Yafəs nəslindən olub, şimalda yaşayan vəhşi və qarətkar tayfalardan ibarətdir. Deyirlər ki, Yəcuc türklərdən, Məcuc isə dağlılardandır.
Bu məsələni Tövratın təfsiri də təsdiq edib deyir: Skif tayfası, Yafəsin oğlu Məcuc nəslindən nəşət etmişdir, bunlar Qafqaz dağının ətəyində sakindirlər; skiflərin burada Məcuc adlı bir şəhəri də var imiş, ona Yaropol da deyərlərmiş. Yəcuc İsrail övladından birinin adıdır; cadugərlər padşahının adı da Yəcuc idi.
Eronim və başqalarının təfsirinə görə, Məcuc Kaspi, yəni Xəzər dənizinin sahilləri yaxınlığında, Yəcuc isə bunlardan daha uzaqda, şimalda yaşayırlarmış. Hər iki tayfa skif hesab olunur. Sədd də Dərbəndin həmin hasarıdır, ona külli dəmir işlədilmişdir. İki müqabil olan nüqtə də Xəzər dənizi və Qaytaq dağlarıdır, yaxud da – Xəzər ilə Qara dənizdir…
Müəllif deyir: Madam ki, İskəndərin Ermənistana və Gilana gəlməsi, Venedik dənizindən Qanq çayına qədər və cənubi Okyanus dənizindən Qara dənizə və Xəzər dənizinə qədər ölkələri istila etməsi isbat edilmişdir, o zaman, bu yerlərə yaxın olub və keçmişdə bir çoxları tərəfindən dünyanın axırı sayılan və İskəndərin qəribəliklər yurdu adlanan Qafqaza gəlməsi, İranı, şimalın vəhşi tayfaları şərrindən qorumaq üçün bir sədd çəkdirməsi, ya da başqa tədbirlər görməsi təəccüblü və ağıldan uzaq bir məsələ deyildir. İslam və erməni tarixçilərindən bir çoxunun verdiyi məlumat… sədd xarabalarının varlığı və xalq arasındakı şöhrəti, başqa əlamətlər və Kvint Kurtsinin coğrafi cəhətdən rabitəsiz olsa da – İskəndərin Qafqaza gəlməsi haqqındakı bəyanatı, onun bu ölkəyə (Qafqaza) gəlməsini və səddin onun əmrilə tikilməsini aydın bir surətdə göstərir.
Bəzi tarixçilər və alimlər bu xüsusda şübhələnmişlər; onlar dünyanın vəziyyətindən lazımi dərəcədə xəbərdar olmadıqları və öz təsəvvürlərini başqalarının fikri ilə qarışdırdıqları üçün belə olmuşdur. Buna görə də, əxbar kitablarını və tarixi əsərləri qarışıq bir hala salmışlar. Misal olaraq bir neçə nümunə göstərmək olar: Katib Çələbi «Cahannüma» adlı əsərində deyir ki, aparılan tədqiqata görə, Makedoniyalı İskəndər Zülqərneyn deyildir. O, (Zülqərneyn) İbrahim (peyğəmbər) ilə müasir olub, Yəmən himyərilərindən bir padşah idi. Zülqərneyn dünyanın şərq və qərbini dolandı və səddi dünyanın sonunda bina etdi. Bu bina, ehtimala görə, şimal-şərq tərəfdə bəlli olmayan bir yerdədir. Dərbənd səddi haqqında da deyir: bu, İskəndərin səddi ola bilməz; çünki Nuşirəvan bu səddi Şirvan, Ermənistan və Azərbaycan vilayətlərində qətl və qarət ilə məşğul olan Xəzər tayfasının və sair türklərin qarşısını almaq üçün bina etdirmişdi. Fars padşahları daima onlarla müharibə edirdilər. Deyirlər ki, onu əvvəlcə Güştasib oğlu İsfəndiyar bina etmişdi. Nüzhətülqülub müəllifi səddin bina edilməsini Güştasibin atası Lührasibə nisbət verir və onun Nuşirəvan tərəfindən ancaq təzələndiyini bildirir. Katib Çələbi kimi bir alimin fikrinə təəccüb etməlidir. O öz iddiasının doğruluğuna heç bir dəlil və sübut gətirmədən bu məsələni açıq-açığına inkar edir; İmam Fəxrəddin Razi[37]37
Fəxrəddin Razi – Şərqdə yetişən böyük alim və filosoflardan biridir. Hicri 554-cü (=1159) ildə Rey şəhərində anadan olmuş və 606-cı (=1209/10) ildə Heratda vəfat etmişdir. Müxtəlif elmlərə aid bir çox əsərlər yazmışdır.
[Закрыть], Qazi Beyzavi[38]38
Qazi Beyzavi – tarixçi olmaqdan artıq bir təfsirçi kimi şöhrət tapan Beyzavi, İranin Beyzavi şəhərində anadan olmuş və hicri 685-ci (=1286/87) və ya 691-ci (=1291/92) ildə vəfat etmişdir. Müxtəlif mövzularda yazmış bir çox əsəri vardır. Əsərlərini ərəb dilində yazan Beyzavi, yalnız «Nizamüttəvarix» adlı tarix kitabını fars dilində yazmışdır. Bu kitab, dünyanın yaradılışından hicri 674-cü (=1275) ilə qədər olan hadisələri təsvir edir.
[Закрыть] və başqaları Makedoniyalı İskəndərə Zülqərneyn və Dərbənd hasarına da Yəcuc və Məcuc səddi dedikləri üçün onların fikrini doğru hesab etmir. Bunu təsəvvür etmir ki, səddin binası Nuşirəvandan əvvəl İsfəndiyara nisbət verildiyi kimi, İskəndərə də nisbət verilə bilər. Fərz edək ki, onu Zülqərneyn himyəri bina etmiş və sonra dağılmışdır. İskəndərin yenə onu təmir etməsi ağıldan uzaq deyildir. Çünki İbrahimin peyğəmbərliyə çatması hicrətdən 2543 il əvvəl, İskəndərin taxta oturması isə hicrətdən 958 il əvvəl vaqe olmuşdur. Arada 1500 ildən artıq bir müddət vardır. Yenə ehtimal ki, bu padşahlardan hər biri, vadilərdə və dağlarda binalar tikdirmiş və ya xaraba qalanları təmir etdirmişdir. Nuşirəvan isə indiki hasarın (Dərbənd səddinin) hamısını sonradan tikdirmişdir.
O (Katib Çələbi), fəsadçı, soyğunçu və vəhşi türk tayfalarını Yəcuc və Məcuc adlandırmaq istəmir, çünki bəzi tarixçilərin isnad etdikləri əsassız nişanələr onlarda yoxdur. Ola bilər, onlar bunu yalnız kinayə yolu ilə söyləmişlər. Mövcud səddi burada qoyub, əsla olmayan bir mövhum səddi göstərir. Plutarx[39]39
Plutarx – məşhur yunan tarixçisidir, 46-cı ildə anadan olmuş və 120-ci ildə vəfat etmişdir. Əsərlərindən ən məşhuru «Müqayisəli tərcümeyi-hallar» adlı kitabıdır.
[Закрыть] və Strabonun yazdıqlarına görə, Albaniyadan Pompeyə qarşı göndərilən qoşunun miqdarını nəzərə aldıqda, təsəvvür etmək olar ki, Albaniya İsanın anadan olmasından təqribən 65 il əvvəl əzəmətli və qüvvətli bir dövlət imiş. Pompey Pont padşahı Mitridadı məğlub və Ermənistan padşahı Tiqranı özünə tabe edən Roma sərdarlarından birincisidir. Pompey öz qoşunu ilə Qafqaz dağlarından keçərək Qara dənizin şimal-şərq tərəflərinə gedən Mitridadı təqib etmək istəyir. O bu məqsədlə albanlardan və iveriyalılardan yol istədi, onlar da birinci dəfə onun tələbini qəbul etdilər. Lakin qış olduğundan Pompey Kürün kənarında qışladı. Bu zaman albanlar qırx min nəfərlə gözlənmədən onunla müharibəyə gəldilər. Pompey albanların çaydan keçməsinə mane ola bilərdi, lakin keçincəyə qədər onlara hücum etmədi. Albanlar Kür çayını keçdikdən sonra, Pompey müharibəyə başladı və onları yaman bir halda məğlub etdi. Bu əhvalatdan sonra, Albaniya padşahı Orizi çarəsiz qalıb, barışıq istədi və buna da nail oldu.
Pompey qarşısına qoyduğu səfərə davam etdi. Kolxidaya çatdıqda ona xəbər verdilər ki, albanlar birinci dəfə olaraq toplaşmışlar. O (Pompey), getdiyi yol ilə geri qayıtdı. Kürü və Kür ilə Araz çayı arasındakı susuz çölləri və çətin yolları keçdikdən sonra, Abaza çayı kənarında 60 min piyada və 12 min süvaridən ibarət Albaniya qoşununa rast gəldi. İkinci dəfə, onları məğlub etdi. Qoşun sərdarı olan Albaniya padşahının oğlu Kozisi də öz əlilə öldürdü. Pompey albanları oradan üç günlük məsafədə olan dəniz sahilinə qədər təqib etmək istəyirdi. Lakin bu nahiyədə olan çoxlu zəhərli ilan onun yürüşünə mane oldu. O, buradan Kiçik Ermənistana qayıtdı.
Qeysər ləqəbi daşıyan Roma imperatorlarının ilk hökmdarlıqları dövründə albanlar İveriya sultanlarilə müttəfiq idilər. Onlar Ermənistan vilayətləri uğrunda parfyanlarla – yəni Kürdüstan tayfası ilə – romalılar arasında gedən çəkişmələrə müdaxilə edirdilər. O dövrün hadisələrini qeyd edən tarixçi Tatsitin[40]40
Tatsit – məşhur Roma tarixçilərindəndir, I əsrin ikinci yarısında anadan olmuş və II əsrin birinci rübündə vəfat etmişdir.
[Закрыть] yazdıqlarından ən məşhuru budur: Qeysər Tiberi öz səltənəti zamanında İveriyada səltənət sürən Farazmanın qardaşı Mitridadı Ermənistan əyalətinə təyin etdi. Lakin Ermənistan səltənətinə göz tikmiş parfyan padşahı Artaban bu işə razı deyildi. Farazman, albanlarla bərabər Mitridada kömək edirdi. Dağıstan, Şirvan və indiki Gəncə mülkü adlanan Qarabağ dərəsi yolu ilə Sərmat tayfasından onun köməyinə qoşun gətirdilər, bu iş yaxşı nəticə verdi. İran vilayətlərindən bir çoxu Parfyan və Ermənistan sultanlarının əlində idi; Albaniya da ermənilərin ixtiyarında və istilası altında idi.
Erməni tarixçisi Çamçiyan deyir: Ermənistan padşahı Artaşes Sanatruk oğlu, miladın 88-ci ilində Alan, yəni Muğan səhrasında birləşmiş Alan, Dağıstan, Kuhistan iveriyalıların bəzisi ilə müharibəyə girişərək onlara qalib gəldi. Alan padşahının oğlu Saten əsir alındı. Erməni qoşunundan bir dəstə Kürün sol tərəfinə də keçmişdi. Alan padşahı sülh etmək istərdi. Onun qızı Satenek Kürün kənarına gəlib, çayın o biri kənarında olan Artaşes isə mütərcim vasitəsilə danışığa başladı və dedi: «Ey ağıllı və güclü padşah! Rəva deyildir ki, qardaşımın öldürülməsi üzündən iki şövkətli və əzəmətli padşah arasında daimi ədavət düşsün». Artaşes (bunu eşidib) Kürdən keçdi, üz-üzə onunla danışığa başladı, onun kamal və camalına aşiq oldu. Sonra öz qoşununun sərdarı Sumbatı, qızın atası Alan padşahının yanına elçiliyə göndərdi. Qohumluq baş tutdu, Saten azad edildi və hər iki padşah da öz hökumət mərkəzlərinə qayıtdılar.
Bir zaman keçdikdən sonra, Alan padşahı vəfat etdi və onun sərdarlarından biri səltənətə keçdi. Saten qaçıb Artaşesə pənah apardı, o da Sumbatı külli qoşunla onun köməyinə göndərdi. Böyük bir vuruşma oldu, səltənəti qəsb edən sərdar türk ölkəsinə qaçdı. Sumbat onu Dərbəndin o tərəfinə qədər təqib etdi. Fəth və zəfərə nail oldu. Onun qoşunlarından bir çoxunu öldürdü və bir çoxunu da əsir aldı. Onlar Ermənistan ölkəsində Ağrı dağının ətrafında yerləşmişdilər. Saten öz atasının mülkündə müstəqil oldu. Qaziqumuq şəhəri ətrafında bir kəndlə bir dağın indi də Sumbat adı ilə məşhur olması bu mətləbi təsdiq edir.
Ermənistan padşahı Xosrovu, miladi 258-ci ildə öz əmisi oğlu Anak, Udi şəhəri yaxınlığında hiylə ilə öldürüldü. Xosrovun vərəsələri də Anakı bir çox övlad və tabeləri ilə bərabər öldürdülər. Anakın iki kiçik yaşlı oğlunu lələlər götürdülər; böyüyü həzrət Corcisi Qeysəriyyəyə, kiçiyi Sureni də bibisinin – Haptaq padşahı Cavanşirin arvadının yanına gətirdilər. Sonra Suren 39 il Dərbənddə hökmranlıq etmişdir. Xosrovun qətlindən sonra, Ermənistan ölkəsində iğtişaş başlandı, Ərdəşir Sasani bu ölkəni istila etməyə və Xosrovun nəslini kəsməyə qalxışdı. Bu zaman Ermənistan əmirlərindən Artavazd Xosrovun oğlu Tiridatı götürüb Qeysəriyyəyə qaçdı. Tiridat çox qüvvətli və şücaətli idi, əsgəri xidmətə girərək yüksək şöhrətə malik oldu. Axırda Roma qoşunu ilə gəlib Ermənistan ölkəsini aldı. Daha sonra, 289 və 290-cı illərdə İveriya, Əğvan və Massageteni ələ keçirdi. Sumbat övladından Sumbat adlı birini göndərib, Alan padşahının qızı Əşkəni aldı. II Xosrov bundan olmuşdur. Əğvanlar ikinci dəfə iğtişaşa başladıqları üçün Tiridat yenə gəldi. Hər iki tərəfdən çoxlu qoşun toplandı; Muğan səhrasında çox şiddətli bir müharibə oldu. Ermənilərin böyük sərdarı qoca Artavazd öldürüldü. Tiridat bundan qəzəblənərək, özü müharibəyə girişdi. Alanda doğulmuş Baslas padşahı cəsur Katarhun, Tiridata bir kəmənd atdı. Tiridat kəməndi kəsib onu öldürdü. Xülasə, əğvanlar məğlub oldular. Tiridat onları təqib etdi. Nəsl və qaynayıb-qarışma səbəbilə bir tayfa hesab edilən alan, baslas, haptaq və hunları özünə tabe etdi. Onlardan girov alıb geri qayıtdı. Bundan sonra, sasanilərdən Hürmüzün oğlu Şapur ilə müharibəyə başladı. Azərbaycanı aldıqdan sonra, onunla barışdı…
Vaqarşapat şəhərini Ermənistan padşahı Vaqarş miladi II əsrin axırında bina etmişdi. Tiridatın vəfatına qədər bura Ermənistanın paytaxtı olmuşdur; indiyə qədər də ermənilərin böyük xəlifəsinin (patriarxının) oturduğu yerdir.
Məhəmməd Əvvabi Aqtaşi (Ağdaşlı), hicri XI əsrin əvvəllərində şamxal Çoban bəy Gəray xan oğlunun xahişinə görə, İndiri kəndində ixtisarla farscadan türkcəyə tərcümə etdiyi Dərbəndnamədə deyir: Türklərlə iranlılar arasında daimi müharibə getdiyindən Şirvan, Ermənistan və Azərbaycan ölkələrinə onlardan zülm və təxribat yetişirdi. İran padşahı Qubad Firuz oğlu Sasani, paytaxtı Atil çayı kənarında olan Xəzər padşahı Xaqan ilə barışıb, onun qızını aldı. Xaqanın 400.000 nəfər qoşunu var idi. Moskva, Noqrad – ehtimal ki, Novqorod olsun – və bütün ruslar ona (Xaqana) xərac verirdilər. Bundan sonra Qubad elçi göndərib, istədi ki, iki ölkənin arasında bir sədd çəkdirsin. Xaqan da buna razı oldu. Qubad tarixlərdə görmüşdü ki, müqəddəs hesab edilən Dərbənddə İskəndər Zülqərneynin səddi olmuşdur. Deyirlər ki, bu səddin bir mil qədəri Xəzər dənizinin içində olub, qalan hissəsi isə Qara dənizə qədər uzanıb getmişdir. Qubad əmr etdi ki, hasarı torpağın və qumun altından çıxarıb təmir etsinlər. Hasarı Təbərsəranın yuxarısına qədər çəkib, ona dəmir qapılar saldılar. Bundan sonra Dərbəndin cənub tərəfindəki divarı çəkdirdi və şəhərin binasını qoydu. Bu işlərin hamısı yeddi ildə tamam oldu. İş bitdikdən sonra, xəzərilərin çox qüvvətli olmasına baxmayaraq, onların bu möhkəm hasara əl tapa bilməyəcəklərinə arxayın oldu. Xaqanın qızını atasının evinə geri qaytardı ki, nəslin qarışması üzündən ölkənin işlərinə ixtilal yol tapmasın.
Deyirlər ki, bu səddi Qubaddan əvvəl Bəhrami-Gurun oğlu Yəzdicird də təmir etdirmişdir. Bu təmir Nuşirəvan dövründə tamam oldu. Qubad və Nuşirəvan – hər ikisi İran vilayətlərindən müxtəlif xalqları köçürüb bu ölkədə bir çox şəhər və kənd bina etdirmişdir. Nuşirəvan atasının səltənəti dövründə xeyli zaman bu ölkədə yaşamışdır. O, Dərbənd səddindən əvvəl (Xəzərlər səddi də adlanır) İsfəndiyar Güştasib oğlunun dənizdən dağa qədər çəkdirdiyi Alğon səddinin uçulan yerlərini təmir etdirdi. Ona Babi-Alan adlı bir darvaza saldırdı. Nuşirəvan özü də burada sakin oldu. Sonra atasının icazəsilə Dərbənd ətrafında 360 qala və şəhər bina etdi. İran vilayətlərində bir çox əhalini köçürüb buralarda sakin etdirdi. Alğon səddindən Əhrana qədər olan yerləri yeddi vilayətə böldü və hər birinə ayrı-ayrı əmir təyin etdi:
1. Gülbax. Burada, Qoysu çayının sağ kənarında, indiki Çilyurd yerində Əhran şəhərini; İndiri kəndinin aşağı tərəfində, Qızılyarda Sürxab qalasını; İndiri kəndinin yuxarı tərəfində, Çumlu adlanan yerdə Kiçi-Macarı; indi Minarət və daha əvvəllər Tatartop adlanan Ulu-Macarı bina etdirdi.
2. Tumanşah mülkü. Burada, Tarxu şəhəri yerində, Səməndər qalasını; bunun üç ağaclığında, dəniz kənarında İnci qalasını (xarabaları indi də qalır); Tarxu ilə İndiri kəndi arasında Keyvan qalasını; Əhran, yəni Qoysu çayı kənarında Bəlx şəhərini və qoşun iqamətgahı olan bu şəhərin qalasını çayın sol kənarında bina etdirdi. Şəhərin şimal tərəfində də bir neçə qala tikdirdi. Nuşirəvan, Tuman qəbiləsinə yerləşdirmiş olduğu bu yerləri, Həmri hüduduna qədər, bu qəbilə əmirlərindən birinə tapşırdı. Ona Tumanşah adı verdi. İsfəndiyar Əhran şəhərində qızıl taxta oturduğundan, Əhranı bu ölkənin hamısı üçün mərkəz qəbul etdi. Terek çayı dəhnəsindəki gümüş və Əhrandakı mis mədənlərini Əhranın sərdarına verdi. Qoysunun sol kənarında, Çilyurdun üst tərəfində bir isti su vardır. İndi də ona Gülbax isti suyu deyirlər.
3. Qaytaq. Nuşirəvan buraya əmir təyin edərək qalalarını təmir etdirdi. Gilan və Kaşandan bir çox əhalini buraya köçürdü və onu nizama saldı. İndi Köbəçi adlanan Zirihgəran da buruya daxildir.
4. Qumuq dağlarında və onun ətrafında olan yerlər. İndi Qaziqumuq, Aqquşa mahalları, Avar və sair hissələrdən ibarətdir. O buraya Filanşah ləqəbli bir əmir təyin etdi.
5. Təbərsəran. Buranın əhalisi çərxçi və Dərbəndin ən yaxşı qoşunlarından olub, Təbəristan və İsfahandan gəlmədir. Bunların əmirinə Hicranşah deyirdilər.
6. Massaget. Bu yer Təbərsəran və Qumuq dağlarının aşağı tərəfindədir. Əhalisi alanlar olub, sayca başqalarından az idi. Əmirləri də Bütünşah adlanırdı.
7. Şabran və Müskür. Bu yerlərdə Şabran, Bağdad, Gərgər şəhərlərini və axırıncı şəhərin bir ağaclığında Abad şəhərini; Müskürdə Kəsran şəhərini, Dərbəndin üç ağaclığında Sul və ya Sur şəhərini və bunlardan başqa sair şəhər və kəndləri bina etdirdi; Fars əhalisindən bir qədərini köçürüb Müskür, Kürə və Axtıda yerləşdirdi. Öz sülaləsindən onlara bir əmir təyin etdi. Nuşirəvan bu qayda ilə ölkə işlərini və sərhədlərin mühafizəsini möhkəm bir surətdə nizama salıb geri qayıtdı. Bu zaman Xaqan, Gülbax vilayətini ələ keçirib öz sərdarını Əhranda oturtdu. Deyirlər ki, Nuşirəvandan əvvəl İsfəndiyar da həmin qala və kəndləri təmir etdirib yeddi vilayətə bölmüşdü. Əhran ətrafındakı qalaların əhalisini Xorasandan köçürtmüşdü və onun sərdarı Əhranda otururdu. Axtınamədə deyilir ki, Sasanilər sülaləsindən Şah-Bani adlı bir əmir, Nuşirəvanın əmrilə fars əhlindən 60 ailə və 300 nəfər əsgərlə gəlib, Axtı adlanan yerdə bir qala tikdirdi və orada sakin oldu. Bu qalanın asarı dağın başında indi də durur. O, 1500 əşrəfi sərf edərək Axtı isti suyunun üzərində bir hamam tikdirdi və ona xərac qoydu. 560-cı ildə, Nuşirəvan otuz illik səltənətdən sonra, Adil ləqəbi aldı. Bu münasibətlə ətrafın rəisləri hamamın qabağında toplaşıb məşvərət etdilər. Şah-Banidən xahiş etdilər ki, Nuşirəvan hamam xəracını onların üzərindən götürsün. Şah-Bani bu məqsədlə, oğlu Şah-Asanı o zaman Azərbaycanda olan Nuşirəvanın hüzuruna göndərdi və onun xahişi qəbul edildi. Bundan sonra Şah-Bani 15 il daha hökmranlıq edib vəfat etdi. Oğlu Şah-Asan onun yerinə keçib 12 il hökmranlıq etdi.
Tarixi-güzidə sahibi hicri 730-cu (=1330) ildə yazır: Nuşirəvanın Dərbənd ətrafı əmirlərinə verdiyi ləqəblərin və təşrifatın bəziləri indi də qalır: Filanşah və Şirvanşah kimi.
Ömər ibni-Vərdi[41]41
Ömər ibni-Vərdi – Hicri 690-cı (=1291) ildə Suriyada anadan olmuş və 749-cu (=1349)ildə Hələb şəhərində vəfat etmişdir. «Xəritətüləcaib» dən başqa dil, ədəbiyyat, hüquq tarix, fəlsəfə və təsəvvüfə aid bir çox əsər yazmışdır.
[Закрыть], «Xəritətül'əcaib» adlı ərəbcə qədim coğrafiya kitabında yazır: Babül'əbvab İranın şimal tərəfində vaqedir. Çoxlu meyvə bağları olan bu şəhər, Nuşirəvan tərəfindən Xəzər dənizi kənarında bina edilmişdir. Bu Xəzər tayfası qarşısında bir haildir (səddir). Qapıları Qaytaq dağları keçidindəndir, məsələn, Babüssul, Babi-Alan, Babüssabran, Babi-Laziqə, Babüssəcəsi, Babi-Sahibüssərdir, Babi-Filanşah, Babi-Karumanşah, Babi-İranşah və Babi-Liyanşah. Dərbənd dərya kənarında, böyük yol üzərində vaqedir və buranın ən böyük qalalarından olduğuna görə, Babül'əbvab adı ilə şöhrət tapmışdır. Dərbənd hasarının silsiləsi uca bir dağa doğru uzanıb gedir. Bu hasar bir tərəfdən o biri tərəfə keçməyə mane olur. Bu dağda çoxlu qala da vardır.
Əbülhəsən Məsudi deyir: bu ölkədə 300 şəhər var və hər bir şəhərin də, bir-birinə oxşamayan, ayrı dili vardır. Hovqəli[42]42
İbn-Hovqəl olmalıdır. İbn Hovqəl – Hicri IV (=X) əsrin ən məşhur səyyahlarından biridir. «Kitabülməsəlik» adlı əsəri gəzdiyi və gördüyü yerləri təsvir edir.
[Закрыть] deyir: Mən bunu inkar edirdim, lakin özüm təhqiq edib bildim. Bu ölkənin çox nüfuslu və abad məmləkətlərindən biri də Şirvanşah vilayətidir. Bu vilayət vüsətli olub çoxlu nahiyələri, kəndləri və imarətləri vardır. Bu yerin əhalisi dikbaş olub heç kəsə itaət etməzlər. Şirvanşahlar səltənətini Nuşirəvan qurmuşdur.
Rövzətüssəfa, Xülasətüləxbar müəllifləri və bir çox başqa tarixçilər yazırlar: xaqanın qızını Nuşirəvan almış və onu boşayıb atasının evinə geri qaytarmamışdı. Nuşirəvanın bundan Nuşizad və Hürmüz adlı iki oğlu oldu. Bu qadın Zərdüşt dinini qəbul etməmişdi. Onun böyük oğlu Nuşizad da, hədd-büluğa çatdıqdan sonra, atəşə sitayiş etmədi. Buna görə o, atasının hökmilə həbsə alındı. Nuşirəvan Şam vilayətində fütuhat ilə məşğul ikən, onun şiddətli bir surətdə xəstələnməsi haqqında Nuşizad yalan bir xəbər aldı. O, həbsxanadan çıxıb, başına çoxlu adam yığdı. Atasının təyin etdiyi məmurları Farsdan, Ehvazdan qovdu və İraqı almaq məqsədilə o tərəfə hərəkət etdi. Nuşirəvan bu əhvalatdan xəbərdar olub, İran sərkərdələrindən Ranbərzinə bir hökm yazdı və onu oğlunun fitnəsini dəf etməyə təyin etdi. Ranbərzin şahzadəyə nə qədər nəsihət etdisə də fayda vermədi. Müharibə əsnasında Nuşizad bir oxla yaralanıb öldü.
Nuşirəvan 48 il səltənətdən sonra, miladi 578-ci ildə və hicrətdən 44 il əvvəl vəfat etdi. Nuşirəvanın xəzər xaqanı qızından olan ikinci oğlu Hürmüz İran taxtına oturdu. Bu münasibətlə ona türkzad deyirdilər.
Rövzətüssəfa sahibi deyir: Hürmüz dövründə Xəzər tayfası Dərbənddən keçib Ermənistan və Azərbaycan ölkələrini qarət etdilər. Bu çapqın hicri 4-cü (=626) ildə vaqe oldu. Rum qeysəri Herakli onları bu ildə İranla müharibəyə təşviq edirdi.
Tarixi-güzidə sahibi və sair tarixçilər deyirlər: Hürmüz zülm etməyə başlayınca, xalq ona qarşı üsyan qaldırıb sikkəni onun oğlu Xosrov Pərvizin adına vurdurdular. Buna görə Xosrov Pərviz atasından qorxub Azərbaycana gəldi. Muğan və Bacərvanda olduğu zaman, «Bərdə» hökmdarı Mihinbanu gəlib onu Bərdəyə apardı və ona mehmannəvazlıq etdi. Xosrov Mihinbanunun qardaşı qızı Şirini sevib axırda onu aldı. Şeyx Nizami bu əhvalatı məşhur «Xəmsə» sinin beş poemasından biri olan «Xosrov və Şirin» kitabında gözəl bir surətdə təsvir etmişdir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?