Текст книги "Gülüstani İrəm"
Автор книги: Abbasqulu Ağa Bakıxanov
Жанр: Исторические приключения, Приключения
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Axırda, Dərvişai Şeyxşahi-Əlbürzinin obasına gəldi. Bu adam Qüreyş tayfasından olub, Əlbürz ölkəsində yurd saldığından bu ləqəblə tanınırdı. Ətəyində yaşadığı dağ da onun (Şeyxşahın) adı ilə şöhrət tapmış və çox işlənmək nəticəsində Şalbürz olmuşdur. Şeyxşah gizlicə bir nəfər göndərib Səmsamın vəziri şamlı Əmir Kağını öz yanına dəvət etdi. Bunlar məşvərət edərək, Səmsamın əleyhinə ittifaq bağladılar. Əmir Kağı şəhərdəki təbəələrini xəbərdar etdi. Dərvişai cümə gecəsi darvazanın yanına gəldi. Əmir Kağının təbəələri onları şəhərə buraxdılar. Əmir Kağı onlardan on nəfərlə gedib Səmsamı öldürdü. Dərvişai divanxanaya gəlib, xalqı islama dəvət etdi. İslamiyyəti qəbul edənlər öz mallarına sahib oldular. Qəbul etməyənləri öldürüb mal və ya əyallarını qənimət olaraq apardılar. Şəhər də Əmir Kağının adı ilə adlandı. Bir zaman keçdikdən sonra, bu ad Mikrağ şəklinə düşdü. Sonra Dərvişai, Əmir Kağı və Şahi-Əlbürzi Dərbəndə Əbu Müslimin yanına getdilər. Əbu Müslim bunlara çox nəvaziş etdi. Şəhbani kəndini də Üxti, yəni bacıya mənsub deyə adlandırdı. Bu da çox işlənmə nəticəsində Axtı şəklini almışdır. Əhalinin dediyinə görə, Axtı məscidinin cənub divarı Əbu Müslim tərəfindən bina edilən divarın qalığıdır.
Bu zaman Səmsamın qaçıb qurtaran adamlarından beş nəfəri Şahi-Əlbürzinin obası üzərinə tökülüb, onun bir oğlunu öldürdülər, iki qızını da mal və dövlətilə bərabər əsir apardılar. Arvadı ikinci oğlu ilə qaçıb qurtardı. Buna görə, Şahi-Əlbürzi Əmir Kağı şəhərindən Qüreyş obasına 30 ev köçürüb, oranı özü üçün oturaq seçdi. Samur çayının sol tərəfində, Kələkürənin qarşısında olan bu obanın adı – çox işlənmək nəticəsində – indi Quruş şəklinə girmişdir. Qıpçah adlı yerdə bir şəhər xarabası vardır ki, xalq tərəfindən Qəmqam adlanır. Bura Tərsa əmirlərinin məskəni olmuşdur. Bu yerin Qıpçah adlanması əhalisinin keçmiş vətəni olan Qıpçaq adından alınmış ola bilər. Çox ehtimal vardır ki, bu əhvalat hicri 5-ci əsrdə Şeyx Əbu Müslimin dövründə olmuşdur; çünki o, öz ailəsi ilə bu ölkədə sakin idi. Daş bir günbəz altında olan qəbri də Xumzaq qəsəbəsində məruf və məşhurdur. Bizcə bu Şeyx Əbu Müslim xəlifənin qardaşı Əbu Müslim deyildir; çünki xəlifənin qardaşı öz qoşunu ilə gəlib yenə geri qayıtmışdır. Onun öz bacısını gətirib burada ərə verməsi də ağlasığan bir məsələ deyildir.
Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvani hicri 712-ci (=1313) ildə bir tarix kitabı yazmışdır. O, bu kitabı yazmaq üçün qədim məktub və vəsiqələrdən, bir də hicri 318-ci (=931) ildə yazılan bir əsərdən istifadə etmişdir. Müəlifin haman tarix kitabının 1030-cu (=1617) ildə yazılan nüsxəsində belə deyilir: Həmzənin qızı Ümmatın nəslindən olan Şeyx Əbu İshaq İbrahim, Şeyx Əhməd və Şeyx Əli, Abbas ibni-Əbdülmüttəlibi – Qüreyşi övladından Şeyx Məhəmməd, Şeyx Nasirəddin ilə bərabər, hicri 200-cü (=816) ildə Hərəmeyndən, yəni Məkkə və Mədinədən çıxdılar. Onlar 2000 nəfər əqrəba və tabelərilə Şam ölkəsinə gəldilər. Bir neçə ildən sonra 5000 nəfərlə Misrə gedib bir neçə il də orada qaldılar, bir çox ölkəyə səfər etdilər. Sonra, o dövrdə müharibə meydanı olan Çərkəz ölkəsinə gəlib çıxdılar. Bunlar uzun müddət cəhd edib, Əmir Əzzalı öldürdülər, onun mal və dövlətini qənimət aldılar. Buradan da Qaytaq vilayətinə gəlib, onun əmiri Qəzənfəri öldürdülər. Mal-dövlətini və xəzinəsini ələ keçirib əhalini də müsəlman etdilər. Ərəblərin adətinə görə qəbilə içərisində yaşca böyük olanlar əmir olurdu, o biriləri də danışıqsız və boyun qaçırmadan ona itaət edirdilər.
Bu dövrdə Əmir Çoban Sultan Əli bəy oğlu onların rəisi idi. Təbərsəran əhalisinin çoxu müsəlman oldu. Əmir Çoban öz qızını Təbərsəran əmiri Məsum bəyə verdi və onun qızını da özü üçün aldı. Qaytaqda bir çox kənd saldırıb, Qumuq əmirləri ilə əhdnamələr bağladı. Bir neçə müddətdən sonra öz əhdini sındırıb, qəflətən onların üzərinə hücum etdi. Əmirlərdən bir çoxunu öldürdü və şəhərlərini ələ keçirərək əhalisini islam dininə gətirdi. Öz qohumlarından, Şam vilayətinin Xal kəndində doğulmuş və babasının adı ilə adlanan Şamxalı o yerlərə əmir təyin etdi. Bundan sonra cənubdakı dağlara tərəf gəlib Qəbələ mahalından sayılan Maza şəhərini aldı və buranı özü üçün məskən intixab etdi. Bu kəndin kişi və qadınları onun qulu idi. Maza ərəbcə bir söz olub «Bu nədir» deməkdir.
Əmir Çoban kafirlərin ətrafda olan bir çox kəndlərini xarab etdi. Quruş əmirlərindən İsmayıl bəy və Həsən bəylə əhdnamə bağladı. O, Şamaxı nahiyəsinə qədər bütün dağ əhalisindən xərac, cizyə və dəhyek alırdı. Məktublaşma və elçilər vasitəsilə Şirvanşah Sultan Firidun ilə barışıq etdi. Qızını onun oğlu Keyqubada verdi və onun qızını da oğlu Sultan Süleyman üçün aldı. Bir müddət bunların arasında dostluq davam etdi. Axırda xərac və dəhyek üstündə aralarında ədavət düşdü, bir neçə vaxt hərb etdilər, sonra yenə barışdılar. Qumuq şəhəri türklər tərəfindən xarab edilən zaman, Həsən – Ələvi – Səfəvi burada qazi idi. O, Məhəmməd Rəfi Şirvaninin yuxarıda adı çəkilən tarixindən istifadə edərək başqa bir əsər yazmışdır. Dağıstanda çox yayılmış olan əsərdə, yuxarıda söylənilən hadisələr bəzi fərqlərlə daha geniş bir surətdə təsvir edilir. Bu əsərdə göstərdiklərimizdən əlavə deyilir: İndi Xumzaq yaxınlığında bir kənd vardır. Bu kənd keçmişdə Avarın qədim paytaxtı Tanıs şəhəri idi. Burada Süraqə adlı şövkətli və şücaətli bir əmir olurdu. O, müsəlmanlıqdan dönüb bütpərəst olmuşdu. Ləqəbi Novsal idi. Avarlılar padşahlarına bu ləqəbi verdilər.
Müəllif zənn edir ki, onun nəsəb silsiləsi (şəcərəsi) doğru deyildir. Buna da bəzi halların və adların münasibətsizliyi səbəb olmuşdur. Hər halda, bu əmir, Süraqə ibni-Sərətan ibni-Urusxan ibni-Ümməxan ibni-Firuzşahdır, özü də, Ərəskani nəslindəndir. Şamaxı hüdudundan Çərkəz vilayətinə qədər olan sahəni öz idarəsi altına almışdır. O, Əkərə qəsəbəciyindən başqa bütün əmirliklərdən və camaatdan vergi olaraq hər cür mal, pul, taxıl, mal-qara, qumaş, meyvə, hətta yumurta da alırdı. Vergilərin miqdarı bu qədər idi: ildə hər ailədən üç dirhəm gümüş və ya bu qiymətdə qızıl; bir kil[59]59
Taxıl – dənə ölçüsüdür, xalq «kilə» deyir.
[Закрыть] ən çox sərf edilən taxıl; hər bir tacirdən iki top bez; hər bağdan bir çuval üzüm; hər bir qatildən 100 qoyun; cani və oğrudan bir öküz; hər bir kənddən yeni taxtda oturan padşahı təbrik etmək üçün biri qara və dördü sarı olmaqla beş tülkü dərisi və beş qoyun; vəfat edən padşahın basdırılması üçün bir at; padşah ailəsində edilən toy üçün bir öküz və iki qoç.
Qumuq və Qaytaq ölkələrinin ayrı-ayrı əmirləri var idi. Qaytaq əmiri çox şövkət və əzəmətə malik Qəzənfər adlı bir şəxs idi. Misir və Şamdan cəhd edərək, Rum və Hindistan hüduduna qədər getmiş olan Həmzə və Abbasın xələfləri, axırda Şirvana gəlmişdir. Səfər tədarükü görüb yaxşı fillər, dəvələr və atlarla cihad üçün Dağıstana yürüş etdilər. Bunların gəlmək xəbərini eşidən Dağıstan əhalisi və Rus tayfası Çur və ya Sur şəhəri yaxınlığında tam mənasilə toplaşdılar. Müsəlmanlar düşmənin vəziyyətini öyrənmək üçün igid adamlarından 100 nəfərini kəşfiyyata göndərdilər; düşmənin çoxluğundan və qüvvəsindən qorxuya düşdülər. Vəziyyətdən çıxmaq üçün belə bir hiylə düşündülər: bir xeyli xörək bişirib ona zəhərli ot qatdılar və az bir mal ilə onu ordugahda qoydular. Hərbə girişincə qaçmağa başladılar. Düşmən qoşunu ordugahı aldı və xörəkləri yedi. Onlardan saysız-hesabsız adam tələf olub, dağılmağa üz qoydular. Müsəlmanlar qələbə qazandılar. Əvvəlcə Qaytaq vilayətini alıb viran etdilər. Əmir Çoban Sultan Əli bəy oğlu burada hakim oldu. O bir çox kənd saldırdı, o cümlədən Qüreyş qalasını bina etdirərək özünə hökumət mərkəzi təyin etdi. Burudan Avara getdi. Bu yerin əmiri Bayar Süraqə oğlu özünə tabe olan Tuş nahiyəsinə qaçdı. Müsəlmanlar ardı-arası kəsilmədən qalib gəlirdilər. Bir zaman keçdikdən sonra, onların xələfləri Krımı da ələ keçirdilər. Xülasə, Avarda bir çox kəndi viran etdilər. Xumzaq şəhərini güclə alaraq kişiləri öldürdülər, onların arvadlarını və mallarını isə qənimət olaraq apardılar. Bu ölkənin hamısı müsəlmanların ixtiyarına keçib əhalisi müsəlman oldu.
Şeyx Əhməd övladından Məsum bəy adlı bir nəfər əmirliyə keçdi, bu yerin fəzilətli alimlərindən Əbu Müslim də ölkənin qazisi və imamı oldu. Bütün Dağıstan, bir qismi müharibə və təxribatla, bir qismi də sülh ilə bunların ixtiyarına keçdi. Sonra bunlardan Şamxal adlı bir nəfər Qumuq şəhərində bütün Dağıstana əmir oldu. Bu zamandan etibarən «şamxal» sözü mənsəb və vəzifə mənasında işlənib bütün canişinlər də bu adla adlandılar. O, bütün ölkələrdən vergi, xristian və yəhudilərdən cizyə, gəlib-gedənlərdən dəhyek, müsəlmanlardan da zəkat alırdı. Bütün vergilərin beşdə birini götürər, qalan beşdə dörd hissəsini Həmzə və Abbas övladı arasında bərabər bölərdi. Başqa bir nüsxəyə görə, Bağdad xəlifəsinin həmişə göndərdiyi hədiyyələri də bu qayda ilə paylardı. Bu xanədana mənsub şəxslər bütün vergilərdən azad idilər. O əsrdə yaşayan Abbas övladından Hacı Məhəmməd, Əbülqasim, Şeyx Əli, Mənsur və Həsənin vəziyyəti və nəsli haqqında heç bir şey məlum deyildir.
Müəllifin zənnincə, şamxalın Dağıstandan topladığı daimi vergi, hicri IX və ya X əsrlərdə belə olmuşdur: mal otarmaq üçün, Həbələl camaatdan hər 4 ildə ev başına bir qoyun, Qəraxi camaatından hər ildə 500 qoyun, Kərxi camaatından 300 qoyun, Ğrim[60]60
Şamxalın vəliəhdinə inli də Ğrim şamxal deyirlər.
[Закрыть] üçün də 400 qoyun, Kərxidəki bir dağ camaatdan 1.000 qoyun, Ğrim üçün də 30 öküz; Cəmüləl camaatından 500 qoyun; Təndib nahiyəsindən 20 öküz; indi Qaziqumuğa tabe Ərçub kəndindən 130 qoyun, Ğrim üçün də 30 qoç, ikinci ildə 10 qoyun; Xumzaq nahiyəsində 700 qoç, 700 kil buğda və 60 kil bal. Əndib nahiyəsindən bir öküz və 8 keçə. Ğədər və Hirkəs şəhərlərinin hər birindən Xumzaqdan alınan verginin yarısı miqdarında, avarlıların Tomıl deyə adlandırdıqları Qaziqumuqlulardan hər ev başına bir qoç və bir kil buğda: şamxalın xüsusi mülkü olan Mıçıqıçdan hər ev başına bir qoyun; Küstək şəhərindən hər ev başına bir balıq; Tarxu şəhərindən hər ev başına iki sa[61]61
Taxıl – dənə ölçüsüdür.
[Закрыть] düyü; Gübdən kəndindən 100 qoç, Qaytaq əhalisindən 170 camış; Aqquşa və İsişə kəndlərindən 100 öküz, Züdəqər kəndindən 50 öküz; Sürhidən hər ev başına bir dirhəm; Cümcüqat və Kəkuba kəndlərindən – ehtimal ki, indi Qaziqumuğa mənsub olan Şəkbadır – yağla yüklü altı eşşək; Zirihgəran kəndindən 30 tüfəng, Sumbat dağlarından 50 qoç, İrhani kəndindən hər ev başına bir kil ən çox sərf edilən taxıl; Jəntab dağından 80 qoyun, Bəqtüləl camaatından 30 öküz və 30 quzu; Zaxiru və Qülədi dağlarından, yəni şamxalın xüsusi mülkü olan Cardan 50 qoyun; indi Qaziqumuq rəiyyəti sayılan Rüsür camaatından və Mukruqdan 70 qoç; Kürələl, yəni Kürədən 100 at və 100 madyan.
Avar ölkəsi uzun müddət Həmzə övladının təsərrüfündə idi. Axırda, Tuş sakini Əmir sultan ibni-Bayar, ibni-Süraqə, Zümtaldan başlayaraq, Ariştinin son hüduduna qədər olan yerlərdən qoşun toplayıb, qaranlıq bir gecədə gizlicə Xumzaq nahiyəsinə gəldi. O, öz xanədanına tərəfdar olan islamı ürəkdən qəbul etməyən adamlarla ittifaq etdi. Qoşununu da onların mənzillərində gizlətdi. Bunun sabahı, Əbu Müslim ibni-Yusif ibni-Məhəmməd ibni-Şeyx Əbu Müslim guya bu əhvalatı bildirən bir yuxu gördüyü üçün, Qumuq tərəfinə qaçdı. Ertəsi gecə sübh açılmadan, Əmir sultan qoşunu ilə Xumzağa daxil oldu. Müsəlmanların əmiri Əhməd ibni-Çoban ibni-Sultan ibni-Məsum bəyi öldürüb başını qalanın divarından asdırdı. Bu qəsəbədə yaşayan müsəlmanların hamısı öldürüldü. Əmir sultan ata-babasının taxtında oturdu. Bu ölkə əhalisindən islama daxil olanları yenə bütpərəstliyə qaytardı. Bunlarla müsəlmanlar arasında ardı-arası kəsilməyən müharibələr 24 il davam etdi. Axırda, Avar əhalisi məişətin pisliyindən və azuqənin azlığından təngə gəlib islam dinini qəbul etdilər. Bu səbəbə görə, düşmənçilik aradan qalxdı və uzun bir zaman sülh və asayiş bərpa olundu. Axırda, yenə şəxsiqərəzlik və çəkişmələr nəticəsində Qumuq və Qaytaq əmirləri arasında ədavət, Abbas və Həmzə övladı arasında ayrılıq düşdü. Qaytaq əmirlərindən Məhəmməd xan, Əmir xan və Əmir Həmzə Avar padşahının yanına gedib ondan kömək istədilər və ittifaq bağladılar. Onlar uzun illər idi ki, Qumuq əmirləri ilə müharibə vəziyyətində idilər.
Nəhayət, Avar padşahı Sərətan, türk Kövsər şahın yanına mötəbər elçilər göndərdi, onunla dostluq əhdnaməsi bağladı. Kövsər şahın tayfası Ömər ibni-Xəttab dövründə islam dinini qəbul etmişdir. Kövsər şah, Məlik Sərətanın qızını öz oğlu üçün aldı, öz bacısını da onun oğluna verdi. Bu qohumluq səbəbilə dostluqları son dərəcədə möhkəmləşdi. Kövsər şah türk qoşunu ilə şərq tərəfdən, Məlik Sərətan Avar qoşunu və Qaytaq əmirləri ilə qərb tərəfdən Qumuq üzərinə hücum etdilər.
Bu hadisə Şeyx Nəcməddinin sağlığında olmuşdur. Kəkəli məscidinin yuxarısındakı qalada 70 nəfər gənc qəhrəmancasına döyüşüb həlak oldu. Qumuq şəhəri viran edildi və əmirləri qaçdılar. Kövsər şah və Məlik Sərətan geri qayıtdılar. Qaytaq sultanları da öz irsi əmirliklərində qaldılar.
Müəllifin zənnincə, Əmir Çoban hicri 5-ci əsrin axırlarında vəfat etmişdir, çünki hicri 1030-cu ildə (tərtib olunan) şəcərədə o, 10-cu cərgədə, Şeyx Əbu İshaq İbrahim isə 19-cu cərgədə qeyd edilmişdir.
Xülasə, Harun-ər Rəşiddən sonra, abbasilərin istiqlaliyyəti bünövrəsinə rəxnə düşdü. İslam əmirləri hər tərəfdə xəlifələrin istibdadından danışır, ancaq zahirdə onların hakimiyyətini tanıyırdılar. Xəlifələr əmirlərin öhdəsindən gələ bilmirdilər, ancaq onlara fəxri ləqəblər verməklə kifayətlənirdilər. Bu səbəbə, dövlət işləri nizamdan düşdü. Şərq və şimal tayfaları bir çox vilayətə, xüsusilə də Şirvan və Dağıstan ölkələrinə təcavüz etdilər. Müsəlmanlar da öz sərhədlərini müdafiə edirdilər. Lakin çox təəssüflər olsun ki, bu əsrlərin hadisələri haqqında lazımi dərəcədə məlumat yoxdur. Bir zaman gəldi ki, səlcuqi sultanları İranda iqtidar sahibi oldular, bunların çoxu Şirvana və Dağıstana da əl atdı. Bu dövrdə dağ əhalisinin çoxu islam dinini qəbul etdi.
Məşhur tarixçilərin dediyinə görə, Səlcuq Tatar qəbilələrindən birinin başçısı idi. Bunun Mikail və İsrafil adlı iki oğlu var idi. Sultan Mahmud Qəznəvidən icazə alaraq böyük bir cəmiyyət təşkil edən qəbilələrlə Ceyhun çayının bu tərəfinə keçdilər.
Hicri 432-ci (=1041) ildə, Mikail oğlu Tuğrul bəy Sultan Mahmud Qəznəviyə qalib gəldi. Xorasan, Fars, İraq, Kürdüstan və Azərbaycan ölkələrinə padşah oldu. Onun vəfatından sonra, hicri 442-ci (=1051) ildə qardaşı oğlu Alp Arslan İran şahı oldu. Xəlifə Qaim li-əmrillah[62]62
Mətndə yanlışlıq var. Qaim bi-Əmrillah olmalıdır. Abbasilərdən iyirmi altıncı xəlifədir (422–467=1031–1075).
[Закрыть] ona İzzüddin ləqəbi verdi. O, Gürcüstanda və ətrafında bir çox qabiliyyətə nail oldu. Sonra Ermənistan vilayətinə keçdi. Oranın padşahı ilə sülh edib qızını aldı. Onun vəfatından sonra, hicri 454-cü (=1062) ildə, Məlikşah Alp Arslan oğlu atasının vəziri Nizamülmülkün gözəl tədbiri və himməti sayəsində, ölkəni nizama saldı və tərifə sığmaz bir istiqlaliyyət əldə etdi. O, öz qızını xəlifə Müqtədi-Billaha[63]63
Mətndə yanlışlıq var. Müqtədi bi-Əmrillah olmalıdır. Abbasilərdən iyirmi yeddinci xəlifədir (467–487=1075–1094).
[Закрыть] verərək, Nizamülmülk ilə Bağdada göndərdi. Deyirlər ki, nəfis qumaşlar və qızıl-gümüş şeylərlə yüklənmiş ağır qiymətli cavahiratla dolu 12 gümüş sandıq, yəhərləri dürr, yaqut və sair qaş-daşla bəzənmiş 33 at; başlarında mürəssə cilov, ayaqlarında cəvahirat nəsb edilmiş xalxalları olan üç dəvə və bu dəvələr üzərində qiymətli qaş-daşla bəzənmiş üç kəcavə qızla bərabər cehiz olaraq göndərilmişdir. Sultanın qızı bu böyük təzyinatla Bağdada varid oldu. Ona böyük bir toy etdilər, bu toyda 40.000 batman şəkər sərf olundu.
Məlikşah Rum, Gürcüstan və Şirvan ətrafında bir çox müharibələr etdi. Bu padşahın səltənət dövrü, əsirlərin ən gözəli idi. Bu dövrdə ölkənin abadlığı və millətin asayişi tam mənasilə bərqərar və Nizamülmülk kimi misilsiz vəzir də ixtiyar sahibi idi.
O, həmişə alimlər və şairlərlə oturub-durardı. Bəzən şer söyləməyə də həvəs edərdi. Bu rübai onundur:
Dünən sevgilim gözümdən bir öpüş aldı,
O getdi, amma gözüm onun ardınca yaşlı qaldı.
Sevgilim gözümdən ona görə, öpdü ki,
O öz camalını mənim gözümdə görmüşdü.
Məlikşahın dövründə Həsən Səbbah, bir çox xüsuslarda xürrəmilərin qanunlarına əsaslanaraq, mülhidlərin çirkin məzhəbini meydana atdı. O, ətrafına canından keçən bir çox fədai toplayıb fitnə-fəsad yolu ilə öz əzəmət və istibdadını artırdı. Axırda, Məlikşahın baş hərəmi Türkan xatun, cürbəcür böhtanlarla Nizamülmülkü padşahın gözündən saldı. Nizamülmülk işdən kənar edildi və bir il sonra Nəhavənd şəhərində Həsən Səbbahın fədailəri tərəfindən bıçaqla öldürüldü. Vəfat etdiyi zaman bu qitəni yazıb, padşahın hüzuruna göndərdi:
Ey gənc taleli şahım!
Sənin xoşbəxtliyinlə qırx il,
Dünya üzündən zülmün tozunu sildim.
Əz-qəza ömrüm 96-ya çatınca,
Səfərdə, bir bıçaq zərbəsindən öldüm.
Niknamlıq və səadət fərmanını,
Sənin imzanla səma padşahının hüzuruna apardım.
Bu qədim vəzifəni oğluma tərk etdim,
Onu da, Allaha və padşaha tapşırdım.
Nizamülmülkün vəfatından 40 gün sonra, Məlikşah da hicri 482-ci (=1089) ildə, Bağdad yaxınlığında vəfat etdi. Böyük oğlu Börküyarıq taxta oturdu. Gəncədə sakin olan Azərbaycan, Ermənistan və sair yerlərin hakimi Məhəmməd Məlikşah oğlu üsyan bayrağı qaldırdı. Sultan Börküyarıq qardaşının şərrini dəf etmək üçün hərəkət etdi. Bir gün, onun qoşun başçıları iğtişaş salıb, sultanın çadırında baş vəzir qumlu Məcdəddini öldürdülər. Padşah belə bir cəsarətdən qorxuya düşüb İraq Quhistanından Rey (mülkünün) mərkəzinə qaçdı. Məhəmməd maneəsiz və zəhmətsiz səltənət taxtında oturdu. Daha sonra, iki qardaş arasında dörd dəfə müharibə oldu. Bunlar gah qalib və gah məğlub olurdular, nəticədə sülh etdilər. Şam, Diyarbəkir, Azərbaycan, Muğan, Şirvan və Ermənistan vilayətləri Sultan Məhəmmədə, İranın sair vilayətləri isə, Börküyarığa çatdı. Hicri 489-cu (=1096) ildə Börküyarıq vəfat etdi. Sultan Məhəmməd bütün ölkədə müstəqil oldu. Hicri 491-ci (=1098) ildə Bağdada gedib xəlifə Müstəzhir Billah[64]64
Müstəzhir Billah – abbasilərdən iyirmi səkkizinci xəlifədir (487–512=1094–1118).
[Закрыть] ibni-Müqtədi Billahdan Nasiri-Əmirəlmöminin ləqəbini aldı. Bunun vəfatından sonra hicri 502-ci (=1109) ildə Sultan Səncər Məlikşah oğlu, Bürhani-Əmirəlmöminin ləqəbilə səltənət taxtına oturdu. 40 il müstəqil olaraq səltənət sürdü.
Mahmud Sultan Məhəmməd oğlu, əmisi Sultan Səncər tərəfindən İraq, Ermənistan və Azərbaycan ölkələrinə hakim təyin olundu. Dövlətşah Səmərqəndi[65]65
Dövlətşah Səmərqəndi – əslən səmərqəndli olub, Sultan Hüseyn Bayqara zamanında Heratda yaşamışdır. Məşhur «Təzkirətüşşüəra» sını hicri 995-ci (-1586/87) ildə Sultan Hüseyn ilə onun vəziri Əlişir Nəvaninin adına yazmışdır.
[Закрыть] təzkirəsinin qeydinə görə, o, bu yerlərdə 8 il, Rövzətüssəfanın yazdığına görə isə 11 il padşahlıq etmişdir. Şirvan və Dağıstan işləri də onun ixtiyarında idi. Axırda o, hicri 519-cu (=1126) ildə öz əmisinə qarşı üsyan etdi, nəticədə məğlub oldu. Sultan Səncər isə onun təqsirindən keçdi və adı çəkilən vilayətlərdən başqa, Şam mülkünü də onun ixtiyarına verdi. Bundan əlavə iki qızını da – birincisi vəfat etdikdən sonra ikincisini – ona verdi. Özü isə Xorasan və Mavəraünnəhrdə olurdu.
Sultan Mahmud səltənətə keçincə, kiçik qardaşı Məsud onunla müharibəyə başladı. Bir müddət iki qardaş bir-birilə vuruşaraq bu ölkənin nizamsızlığına və xaraba qalmasına səbəb oldular. Gürcülər bundan istifadə edib Tiflis şəhərini və ətrafını ələ keçirdilər. Sultan Mahmud vəfat etdi, oğlu Toğrul taxta çıxdı. O da, çox keçmədi Həmədan şəhərində vəfat etdi, Sultan Məsud ölkədə müstəqil oldu.
Bunun dövründə Həsən Səbbahın fədailəri İraq və Azərbaycan hüdudunda zülm və tüğyana başladılar. Xəlifə Müstərşid Billah[66]66
Müstərşid Billah – abbasilərdən iyirmi doqquzuncu xəlifədir (512–529=1118–1135).
[Закрыть] hicri 534[67]67
Mətndə yanlışlıq var, hicri 534-cü ildə Müstərşid Billah deyil, Müqtəfi li-Əmrillah xəlifə idi.
[Закрыть] – cü (=1140) ildə, bunları dəf etmək məqsədilə o tərəfə hərəkət etdi. Bəzi səbəblərə görə, xəlifə ilə Sultan Məsudun arasına ziddiyyət düşüb müharibə ilə nəticələndi. Xəlifə məğlub olub və əsir oldu. Xorasandan Sultan Səncərin yazdığı məzəmmət və nəsihət nəticəsində, Sultan Məsud xəlifəni çox izzət və ehtiramla Bağdada yola saldı. Lakin fədailərdən bir dəstə yolda fürsət tapıb, bıçaqla onu öldürdülər və özləri də Sultanın qəzəb və əzabına düçar oldular.
Bəzi tarixçilərin qeydinə görə, xəlifənin öldürülməsi Sultan Məsudun işarəsilə olduğu halda, fədailərin adına isnad verilmişdir. Xülasə, bu xəbər Bağdada çatınca, Raşid Billah[68]68
Raşid Billah – abbasilərdən otuzuncu xəlifədir (529–530=1135–1136).
[Закрыть] ibni-Müstərşid Billah xilafətə keçdi. Sultan Məsud onun ardınca Darülxilafəyə (Bağdada) hərəkət etdi. Raşid Billah ona qarşı müqavimət göstərə bilməyəcəyindən, Mosula getdi. Bir ildən sonra Azərbaycan İraq ətrafında sərgərdan gəzirdi. İsfahanın yaxınlığında fədailər tərəfindən bıçaqla öldürüldü.
Sultan Məsud Bağdada daxil olandan sonra, Müqtəfi li-Əmrillahı[69]69
Müqtəfi li-əmrillah – abbasilərdən otuz birinci xəlifədir (530–555=1136–1160).
[Закрыть] xilafətə oturtdu və özü də ona beyət etdi. Lakin, buna baxmayaraq o, hər bir xüsusda müstəqil hökm sürürdü. Deyirlər ki, Sultan Məsud elçi vasitəsilə xəlifədən soruşdu: «Ona məsarif üçün nə qədər pul lazımsa (desin) təyin edək». Xəlifə cavabında: «Hər gün su daşımaq üçün 40 baş qatır lazımdır, qalan mayehtacı da buna əsasən təyin etsin» dedi. Sultan dedi: «Bəh-bəh! Əsəb cəlal sahibini xilafətə oturtmuşuq, Allah onun şərrini müsəlmanların başından götürsün». Sultan Səncərin səltənətinin axırlarında, Quz tayfası Ceyhundan keçdi. Sultan Səncər də onların müharibəsinə gedib, məğlub oldu və əsir düşdü. Bir müddətdən sonra qaçıb qurtardı, intiqam almaq tədarükündə ikən, hicri 542-ci (=1148) ildə vəfat etdi…
Sultan Məsud, onun vəfatından sonra, 12 il də müstəqil səltənət sürdü. O, hünər və şücaət sahibi olub rəhmdil və rəiyyətpərvərlikdə məşhur idi. Onun hökmranlıq dövrünün axırlarında, Məlikşah ibni-Sultan Mahmud Həmədanda üsyan etdi. Sultan gəlib fitnəni yatırtdı. Sultan Məsud hicri 554-cü (=1159) ildə vəfat etdiyi zaman, II Məlikşah ibni-Mahmud taxta oturdu. Son dərəcə eyş-işrətə alüdə olduğundan, səltənət əlindən çıxdı. Qardaşı II Məhəmməd padşahlıq taxtına oturdu. O, öz əmisi Süleyman ibni-Sultan Məhəmməd ilə Arazın kənarında müharibə edib qalib gəldi.
Bəzi səbəblərə görə, onunla xəlifə Müstəncid Billah[70]70
Müstəncid Billah – abbasilərdən otuz ikinci xəlifədir (555–566=1160–1170).
[Закрыть] ibni-Müqtəfi Billahın[71]71
Mətndə yanlışlıq var, Müqtəfi li-Əmrillah olmalıdır.
[Закрыть] arasında ədavət törədi. Bir neçə gün Bağdadı mühasirə etdikdən sonra, xəlifənin qızı Kirman xatunu alıb sülh etdi. Ondan sonra, hicri 556-cı (=1161) ildə, Süleyman ibni-Məhəmməd ibni-Məlikşah taxta oturdu. O, boşboğaz və əyyaş olduğu üçün, altı ay sonra həbsə alındı. Arslan ibni-Tuğrul ibni-Mahmud hökmranlığa keçdi. Nizami, Zəhir və Ənvəri tərəfindən mədh edilən Arslan alim, adil, ağıllı, təcrübəli və xeyirli işlər görən bir padşah idi. Ondan sonra, hicri 571-ci (=1176) ildə oğlu Tuğrul taxta oturdu. Əmisi Məhəmməd ibni-Tuğrul da ona vəzir oldu. Məhəmməd vəfat etdikdən sonra, qardaşı Qızıl Arslan onun yerinə keçdi. Axırda, dostluq düşmənçiliyə çevrilib, Qızıl Arslan xəlifənin köməyilə müharibədə qalib gəldi. Tuğrulu həbsə alıb özü səltənətə keçdi. Qızıl Arslan vəfat etdikdən sonra, Tuğrul ikinci dəfə səltənətə keçdi.
Deyirlər ki, Tuğrul elmi, hünəri sevən və himayə edən bir padşah olub, bəzən şer də söylərmiş…
Tuğrul hicri 590-cı (=1194) ildə, Təkəş xan Xarəzmşahın müharibəsində öldürüldü. Bu sülalənin səltənəti də bir neçə il ondan əvvəl Fars və Xorasana sahib olan Xarəzmşahlara çatdı. Bu sülalənin qısaca tarixi belədir:
Məlikşah Səlcuqinin qulamlarından Ənuştəkin adlı bir şəxs, Xarəzm əyalətinə hakim təyin olunmuşdu. Ondan sonra, oğlu Qütbəddin Məhəmməd də Xarəzmşah ləqəbilə bu mənsəbə keçdi. Sultan Səncər Quz tayfası əlində əsir olduğu zaman, Məhəmməd sikkəni öz adına vurdurub, xütbəni öz adına oxutdu. Ondan sonra, oğlu Adsız və ondan sonra da Sultan şah, Təkəş xan və el Arslan bir-birinin ardınca səltənət sürdülər. Hicri 596-cı (=1200) ildə, xarəzmşahlardan Məhəmməd Təkəş oğlu taxta oturdu. Hicri 617-ci (=1221) ildən başlayaraq 4 il davam edən Çingiz xan hadisəsi zamanında, qaçıb Mazandaranın Abesikun adasında vəfat etdi. Onun böyük oğlu Cəlaləddin səltənət taxtına oturdu. Gürcüstanı almaq üçün gəldiyi zaman Şirvan və Dağıstana da hücum etmiş olduğu məlum deyildir.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?