Текст книги "Gülüstani İrəm"
Автор книги: Abbasqulu Ağa Bakıxanov
Жанр: Исторические приключения, Приключения
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 6 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Üçüncü fəsil
Moğol istilasindan Səfəvilərin zühuruna qədər, Şirvanşahlar sülaləsi və onlarin səltənətinə aid hadisələr haqqinda
Hülaku xan bin-Tuluy bin-Çingiz xan, öz qardaşı Mənku qaan zamanında İrana gəldi. Hicri 656-cı (=1258) ildə xəlifə Müstəsim Billahı[72]72
Müstəsim Billah – abbasilərdən otuz yeddinci və sonuncu xəlifədir (640–656=1242–1258).
[Закрыть] öldürərək abbasilər dövlətini dağıtdı. Sonra, özü ilə bərabər gətirdiyi 200.000 türk ailəsini müxtəlif yerlərdə yerləşdirdi. İran səltənətini öz əlinə alıb möhkəmləndirdi. Lurlar və kürdlərdən başqa, İran köçəri qəbilələrinin əksəri bunların nəslindəndir. Şam ölkəsinin o başından (Əqsayi-Şamdan) Ceyhuna, Ümmandan Dərbəndə qədər onun hakimiyyəti altında idi. Elm və hikmət sahiblərinin ehtiramını saxlar, ümumi mənfəətinə aid müəssisə və bunlar tikdirməyə son dərəcə səy edərdi. Paytaxtı Təbriz şəhərində, ali bir imarət tikdirdi. Hülaku xana çox yaxın olan Xacə Nəsirəddin Məhəmməd Tusi, onun əmrilə Mərağada bir rəsədxana bina etdirdi. Hicri 663-cü (=1265) ildə səltənəti oğlu Abaqa xana tərk edib vəfat etdi. Bu da Şirvan, Ermənistan və Azərbaycanın idarəsini qardaşı şahzadə Eşmuta tapşırdı. Bu zaman Qıpçaq padşahı Cağatay xanın oğlu Bərəkə xan, şahzadə Buğanı Dağıstan yolu ilə Azərbaycanı almağa göndərdi. Eşmuq hicri 664-cü (=1266) ilin əvvəllərində, Dərbənd yaxınlığında onu məğlub edib geri qaytardı.
Bu məğlubiyyətdən sonra Bərəkə xan 300.000 atlı ilə Dərbənd yolu ilə gəldi. O, Kür çayı kənarına çatıncaya qədər atın cilovunu çəkmədi. Abaqa xan da külli qoşunla Kürün o biri tayında düşüb onu çaydan keçməyə qoymadı. Bərəkə xan körpüdən keçmək üçün Tiflisə üz qoydu. Lakin xəstələndiyindən yolda vəfat etdi. Buna görə də qoşunu dağılıb öz yurdlarına qayıtdı. Abaqa xan hicri 681-ci (=1282) ildə vəfat etdi.
İslam dinini qəbul etdikdən sonra Sultan Əhməd adını alan Nikudar bin-Hulaku xan, İraq və Azərbaycanda rəyasət və ədalət taxtına oturdu. İki il sonra Abaqa xanın oğlu Arqun onu öldürüb özü onun yerinə keçdi. Arqun zalım və xain bir padşah idi. Hicri 690-cı (=1291) ildə vəfat etdi. Onun yerinə keçən qardaşı Keyxatu eyş və işrətlə məşğul olub əmirlərinin irz və namusuna təcavüz edirdi. Bunların (əmirlərin) təhriki ilə Baydü ibni-Taraqay ibni-Hülaku xan Bağdaddan qoşun çəkib gəldi. Keyxatu Muğana qaçdı. Əmirlər Baydu xanın əmrilə onu təqib edərək hicri 694-cü (=1295) ildə əsir edib öldürdülər.
Bu hadisədən sonra, islam dinini qəbul edib Sultan Mahmud adını alan Xorasan hakimi Qazan ibni-Arqun xan, Keyxatunun intiqamını almaq üçün Baydu xanın üzərinə hərəkət etdi. Əvvəlcə sülh və sonra hərb etdilər. Baydu xan qaçıb Naxçıvanda Əmir Novruzun əlində öldü. Qazan xan hakimiyyət başına keçdi…
O vəfat edəndən sonra, hicri 703-cü (=1304) ildə, Ulcaytu Məhəmməd Xüdabəndə ibni-Arqun xan taxta oturdu. Sultaniyyə şəhərini bina və özünə paytaxt etdi. O, ədalətli və xeyirli işlər görən bir padşah idi. Onun adı, Bakı şəhərində bina etdirdiyi burc və məscidlər üzərindəki kitabələrdə indi də durur. Hükəmanın təhqiqatına və alimlərin söhbətinə çox mail idi. Şiəliyi qəbul etdi və sikkəni on iki imamın adına vurdurdu. Bir çox həkimanə sözləri vardır, bunları fazil adamlar toplamışlar…
Ondan sonra hicri 716-cı (=1317) ildə, 13 yaşında olan böyük oğlu Sultan Əbusəid taxta oturdu. Bunun dövründə Cüci-ibni-Çingiz xan nəslindən Qıpçaq padşahı Özbək xan – Özbək qəbiləsi bunun adı ilə adlanmışdır – hicri 718-ci (=1319) ildə Dərbənd yolu ilə Azərbaycanı almağa gəldi. Sultan Əbusəid müqavimət məqsədilə çıxıb Qarabağ düzündə qışladı. Özbək qoşunları Şirvanda qətl qarətlə məşğul idilər. Əmir Çoban 20.000 qoşunla sultanın köməyinə gəldi. Özbəyin qoşunu müqavimət göstərə bilməyib qaçmağa başladı. Əmir Çoban onları təqib edərək bir çoxunu öldürdü. Özbək şah hicri 735-ci (=1335) ildə təkrar həmin yol ilə Azərbaycana yürüş etdi. Sultan Əbusəid yenə müqavimət məqsədilə qarşıya çıxdı. Havanın istiliyi və üfunəti üzündən Şirvanda xəstələnib hicri 736-cı (=1336) ildə vəfat etdi. Müasirlərindən biri yazdığı bir şerdə onun Qarabağda vəfat etdiyini qeyd etmişdir. Qarabağ çox vaxt Şirvan üstündə sayıldığından, tarix kitablarında Şirvan adı ilə şöhrət tapmışdır.
Zəfərnamənin Müqəddiməsində deyilir: (Əbusəidin) arvadı Bağdad xatun, Əmir Çobanın qızı və keçmişdə Şeyx Həsən Elxanın arvadı idi. Sultan ona aşiq olub, zor ilə təlaq verdirərək almışdı, atasını və qardaşını da öldürmüşdü. Bağdad xatun, Özbəyin təhrik və təşviqi ilə, Sultana zəhər verdi. Bundan sonra, Tulu Çingiz xan oğlu nəslindən olan Arpa xan səltənətə keçdi. Özbəyi məğlub edərək Şirvan və Dərbənddən çıxartdı. Bu zaman Musa ibni-Əli ibni-Baydu xan üsyan edib, Arpa xanı öldürdü. Hülaku xan nəslindən Məhəmməd də buna qarşı üsyan etdi. Daha sonra, bu sülalədən bir neçə nəfər bir-birilə vuruşaraq, öz nəsillərinin kəsilməsinə və ölkənin xaraba qalmasına səbəb oldular. Bunların Azərbaycan və İraqdakı əzəmətli dövləti elxanilərə keçdi.
Bu sülalənin əhvalatı belədir: Ağ Buğa ibni-Elxan ibni-Cəlayir Keyxatu dövründə əmirül'üməra olub Baydu xan hadisəsində öldürüldü. Oğlu Əmir Hüseyn Arğun xanın qızını aldı. Bunun oğlu Şeyx Həsən, Sultan Əbusəid dövründə Rum valisi idi. Əbusəid öləndən sonra, Şeyx Həsən onun arvadı Dilşad xatunu aldı. Bu arvad Əmir Çobanın oğlu Xacə Dimişqin qızı idi. Musiqi elmində, rəssamlıqda öz əsrinin nadiri və gözəllikdə bütün dünyada məşhur olan Şeyx Üveys bundan doğulmuşdur. O, hicri-757-ci (=1356) ildə iraqi-Ərəb səltənəti taxtına oturdu.
Hülaku övladı səltənətinin sarsıldığı və elxanilər dövlətinin hələ müstəqil olmadığı bir zaman idi. Zalım və qəddar bir şəxs olan Şeyx Həsən ibni-Teymurtaş ibni-Əmir Çoban yeddi il onun ölümündən sonra uğursuz qardaşı Əmir Əşrəf 13 il Təbriz mülkünü və sair yerləri istila etdilər. Bunlar həddən artıq zülm edib saysız-hesabsız mal və dövlət topladılar. Bu zaman bərdəli Qazi Mühiyyəddin Dəşti-Qıpçağa, Cüci ibni-Çingiz xan övladından ədalətli, maarifpərvər və pərhizkar bir padşah olan Canibəy xanın yanına getdi. Gözəl nəsihət və mövizələrlə onu vadar etdi ki, gedib Əşrəf zalımı cəzalandırsın. Canibəy 300.000 qoşun götürüb Dərbənd yolu ilə gəldi. Şirvanşah Kavus ibni-Keyqubad, bu gözəl səfərdə ona qarşı çox xidmətlər göstərdi. Buna görə, Moğol və Tatar tayfası, zatən talançı olsalar da, xərmən vaxtı kimsənin taxılına əl uzatmadılar. Canibəy Təbrizə gəlib Əşrəfi öldürdü və onun xəzinələrinə sahib oldu. İndi də xalq arasında belə bir məsəl məşhurdur:
Eşşək Əşrəfi gördünmü nə etdi?
O özü ilə lənət apardı, Canibəy isə altun.
Bu hadisədən sonra, oğlu Bərdi bəyi Azərbaycanda canişin qoyub, öz paytaxtına qayıtdı. Bərdi bəy atasının bərk xəstələndiyi xəbərini alınca, moğollardan Axıcıq adlı bir nəfəri Təbrizdə naib qoyub getdi. Axıcıq da 15 ilə yaxın, Əşrəf kimi, zülmkarlıq edib Təbriz əhlini təngə gətirdi. Təbrizlilər Müizziddin Üveys Elxanidən kömək istədilər. O, çoxlu qoşunla gəldi. Axıcıq onun qarşısına çıxdı və məğlub olub, Naxçıvana qaçdı. Buradan da Qarabağa gəldi. Sultan Üveys onu təqib etdi, tutub boynunu vurdu. Hicri 775-ci (=1374) ildə, İraqi-Əcəm və Azərbaycanı aldıqda, Şirvan valisi Huşəng ibni-Kavus da ona tabe oldu. Bu səfərdən Bağdada xəstə qayıtdı. O biri il, çox gənc ikən vəfat etdi…
Sonra oğlu Sultan Hüseyn padşahlığa çatdı. O, ölkə və ordu işlərindən qəflət edərək, eyş-işrətlə məşğul idi. Qardaşı Sultan Əhməd, hicri 784-cü (=1383) ildə, türkmən qaraqoyunlu Qara Məhəmmədin köməyilə onu öldürdü. Qardaşı Şeyx Əliyə də qalib gəldi. Şirvan valisi Huşəng Kavus oğlunun vasitəsilə o biri qardaşı Sultan Bayəzidlə də Azərbaycanda sülh edib, səltənət taxtına oturdu. Bu zaman ölkələr fatehi Əmir Teymur Kürəkən xürc etdi…
Bir çox tarixçilərin yazdığına görə o, Çingiz xanın böyük əmirlərindən Qaracar noyanın oğlu nəvəsi, moğolların Barlas qəbiləsi əmirlərindən Əmir Turağayın oğludur. Hicri 736-cı (=1336) ildə Keş nahiyəsində Şəhrsəbzdə anadan olmuşdur. Çox tərəqqi etdi, Əmir Hüseynin damadı olduğundan, Kürəkən deyə şöhrət tapdı. Əmir Hüseynə də qalib gəlib, 35 yaşında Mavəraünnəhrin padşahı oldu. Moğolustanı, İranın bir çox vilayətlərini, hətta Gilan və Azərbaycanı da aldı, sonra yenə Mavəraünnəhrə qayıtdı.
Hicri 787-ci (=1386) ilin qışında, Toxtamış xan 90.000 qoşunla Dərbənd yolu ilə Şirvan və Azərbaycana soxuldu, qarət və təxribatdan sonra, yenə həmin yol ilə geri qayıtdı. Zübdətüttəvarix[73]73
«Zübdətüttəvarix» – Teymur dövrünün tarixçilərindən Hafiz Abrunun əsəridir. O, Heratda anadan olmuş və hicri 834-cü (=1430/31) ildə vəfat etmişdir. «Zübdətüttəvarix» dünyanın yaradılışından hicri 829-cu (=1425/26) ilə qədər olan hadisələri təsvir edir.
[Закрыть] müəllifinin yazdığına görə, Çingiz övladından Toxtamış xan, keçmişdə Urus xan tərəfindən məğlub edilmişdi, hicri 787-ci (=1381) ildə, Əmir Teymurun köməyilə Qıpçaq padşahlığına yetişdi. Ertəsi il, Əmir Teymur İrana yürüş etdiyi zaman, Xorasandan ona xəbər çatdı ki, Sultan Əhməd Cəlayir Elxani Bağdaddan Təbrizə hərəkət etmişdir. Hacı Seyfəddin adlı birisini bir dəstə qoşunla onu dəf etmək üçün göndərdi. Əmir Teymurun gəlmək xəbərini eşidərək qayıtmaq fikrində olan Sultan Əhmədə, Naxçıvan duzlağında çatdı. Müharibə başlandı. Sultan Əhməd nicatı qaçmaqda gördü, qoşunlarından bir dəstəsi öldürüldü və ordusu talan edildi. Əmir Teymur özü Təbrizə gəldi, məşhur adamlardan bir çoxunu öldürdü və bir çoxunu da cərimə etdi. Bu şəhərin tanınmış sənətkarlarını yığıb Səmərqəndə göndərdi. Payız fəslində Naxçıvan və Qars qalalarını aldı. Qarsı viran edərək, Gürcüstana hərəkət etdi. Buranın valisi Əmir Baqrat müqavimət göstərdi, məğlub olub əsir düşdü. Əmir Teymur buradan Qarabağa gəlib, islam dinini qəbul edən Baqrata öz irsi mülkünü qaytardı. Şirvan valisi Əmir İbrahim, öz ölkəsini qurtarmaq məqsədilə, ləyaqətli töhfələr və hədiyyələrlə Əmir Teymurun hüzuruna gəldi. Sahibqran tərəfindən mehribanlıqla qarşılandı və Şirvanşah ləqəbini aldı.
Bahar zamanı, Teymurun ordusu Araz kənarından Gəncəyə yetişdikdə xəbər çatdı ki, Toxtamış xan tərəfindən Şirvana külli qoşun gəlmişdir. (Əmir Teymur), oğlu Miranşahı onları dəf etməyə göndərdi. Miranşah onları məğlub edib Dərbəndin o biri tərəfinə qədər qovdu və çoxlu qənimət ələ keçirdi. Dövlətşah Səmərqəndi Təzkirətüş-şüərasında yazır: Sultan Əhməd zahiri cəh-cəlaldan başqa cürbəcür fəzilətlərə də malikdi. İnşa, ərəbcə və farsca şer söyləmək, nəqqaşlıq, mozaika və sair fənlərdə mahir idi. Havacat və musiqi elminə dair bir çox təlifatı vardır. Bunlara baxmayaraq o, etimadsız, pis əməlli, tiryəki, hərdəmxəyal və mərdümazar bir adam idi…
Xülasə, pis işlərinə görə rəiyyət və qoşun ondan nifrət edib Əmir Teymura sığındılar. Hicri 791-ci (=1389) ildə, sahibqran Bağdada hərəkət etdiyi zaman, Sultan Əhməd bu qitəni yazıb ona göndərdi:
Ruzigarın cəfasına nə üçün boyun əyək!
Hər bir kiçik işdən ötrü nə üçün zəhmət çəkək!
Dənizi və dağı ötüb keçək,
Ünqa kimi dəniz və quru qanadımızın altında qalsın.
Ya muradımıza çatıb fələklərə yüksələk,
Ya da, kişi kimi mübarizə yolunda başdan keçək.
Sahibqran təbi-şeri olmadığına görə, təəssüf edib buyurdu, övladından biri onun cavabını yazsın. Bəzilərinin qeydinə görə, Sultan Xəlil yazdı. Cavab bundan ibarətdir:
Zəmanənin cəfasına boyun əymək lazımdır,
Böyük işi kiçik sanmaq olmaz.
Ünqa kimi Qaf dağına nə üçün uçursan!
Sərçə kimi kiçil və qol-qanadını salla.
Xam xəyalı başından çıxar,
Ta, sənin başın uğrunda yüz min baş (kəsilməsin).
Sultan Əhməd müqavimət göstərə bilməyib Ruma getdi. Bağdad sahibqranın ixtiyarına keçdi. Xacə Məsud Sərbədar buraya hakim təyin edildi. Əmir Teymur, bu səfərdən sonra, paytaxtı Səmərqəndə qayıtdı. Hicri 793-cü (=1391) ildə Qıpçağa getdi, Qunduzca adlı yerdə Toxtamış xanı məğlub etdi. Cüci qəbiləsini qətl-qarət edib onlardan əsir aldı.
Əmir Teymur hicri 796-cı (=1394) ildə yenə gəlib Gürcüstanı qarət etdi və Şəkini ələ keçirdi. Sultan Mahmud Qazan xan tərəfindən, dəniz kənarında, Kür çayının iki qolu arasında bina etdirilmiş Mahmudabad şəhərində qışladı. Bu zaman xəbər çatdı ki, Toxtamış xanın qoşunundan bir dəstə Dərbənddən keçib yenə Şirvanı çalıb-çapmaqla məşğuldur. Buna görə, Toxtamış xanı cəzalandırmaq üçün külli qoşun götürərək hicri 797-ci (=1395) ilin baharında Dərbənd yolu ilə hərəkət etdi. Həbibüssiyərin yazdığına görə, Əmir Teymur Samur çayının kənarına çatıb dənizdən beş ağac yuxarıda düşdü. Bu zaman, Toxtamış xanın yanına elçi göndərilən Şəmsəddin Almalığı, düşmənanə yazılmış bir məktubla varid oldu. Sahibqran burada qoşununu nəzərdən keçirdi. Heç bir zaman onu bu çoxluqda və bu təchizatda qoşun müşayiət etməmişdi. Buradan qəsd etdiyi tərəfə hərəkət etdi. Yolda, Toxtamış xanın tərəfdarlarından rast gəldiyi tayfaların hamısını qətl-qarət edirdi. Xülasə, iki qoşun indi Terek adlanan Qori çayının kənarında üz-üzə gəldi. Burada əsrlər boyu misli çox az görünmüş şiddətli bir müharibə baş verdi. Döyüşün şiddətindən qiyamət gününün dəhşəti bərpa oldu. Məğlubiyyət nişanələri Teymurun qoşununda görünməkdə idi. Bu zaman nüsrətli padşahın yüksək himməti və ağıllı tədbirləri sayəsində, müharibənin gedişi başqa bir şəklə girdi. Toxtamış xan, hədsiz qoşunu ilə pərişan bir halda qaçmağa üz qoydu. Əmir Teymur, Qumari çayının kənarında öz qoşununun başçılarına ənam verib onlara nəvaziş etdi. Düşməni də Atil çayına qədər izlədi. Qoyzıcan Urusxan oğlunu Qıpçaq səltənətinə oturtdu. Toxtamış xan bir neçə nəfərlə dağlara və meşələrə qaçdı.
Əmir Teymur rus ölkəsinin cənub tərəfini Oka çayına qədər viran etdi. Mərkəzdən uzaq düşməsi və qışın yaxınlaşması münasibətilə qayıtdı. Qara dəniz sahilində Azaq şəhərini aldı. Çərkəz və Əlbürz-kuh (Qafqaz) ölkələrində də bəzi qələbələr çalıb, Qum keçidində qışladı. Qışın ortasında gedib Hacı Tərxanı qarət etdi və yandırdı. Sonra İrana qayıdarkən, Dağıstanda bəzi qalaları və kəndləri də xarab etdi, müqavimət göstərənləri layiqincə cəzalandırdı. Dağıstan əhalisindən bir çoxunun dediyinə görə Əmir Teymur Terek ilə Sulaq arasında yaşayan Qumuq tayfasını itaəti altına aldı. Sonra Mıçıqıçın ortasından keçərək, yeddi min evdən ibarət Almaq şəhəri üzərinə gəldi. Buranı çox şiddətli müharibədən sonra alıb viran etdi; bu şəhərin yerində indi təqribən 100 evdən ibarət bir kənd durur. Oradan, Salatav dağları üzərindəki dağ yolu ilə (bu yol indi «Teymurşah yolu» adlanır) Salatav əhalisinin sığındığı Bərktav, Əlxastav, Çobantav və Batluq adlı çətin keçidli qalalar və kəndlər üzərinə gəldi. Bu yerləri qəribə və əcaib asarı indi də mövcuddur. Bu yerləri aldıqdan sonra, əhalisini köçürüb aranlıq yerlərdə yerləşdirdi. Onlar da get-gedə dağıldılar. Onların çoxu bir çirkab yerində Çirkay kəndini bina edib oturdular.
Əmir Teymur Axat keçidindən Qoysu çayını keçib, təqribən 7–8 min evdən ibarət böyük Ğədər şəhərini mühasirəyə aldı. Yerin çətinliyindən onu almaq imkansız görünürdü. Axırda, sülh məsələsini ortaya atdı, töhfə və hədiyyə adı ilə şəhərə, içində silahlı əsgər olan bir çox sandıq göndərdi; daxildən və xaricdən hücum edərək şəhəri aldı və xərabəzarə çevirdi. Ğədər şəhəri, şamxal mülkündə indi də 400 evdən ibarət kənddir. Bu zaman Qumuqun keçmiş əmirləri nəslindən bir gözü kor Kübdən adlı bir əmir öküzə minib Teymurun hüzuruna gəldi və dedi: «Mən korun sən axsaqdan bir sualı vardır, biz kimik ki, sənin kimi iqtidarlı bir padşah bizimlə müharibəyə gəlsin və nəyimiz var ki, bizdən alsın?» Əmir Teymura onun sadə danışmağı xoş gəldi. Kübdən kəndinin bütün əmlakını ona verdi. O da öz eli ilə dağlardan köçüb, adına bir kənd və məskən saldırdı. Onun nəsli və qəbilələri Qaraçıbəgan adı ilə məşhurdur. Onlardan bəziləri Qarabudaqkənd və sairdə yurd salmışlar.
Qüdrətli Əmir Teymurun bu ölkədə qoyub getdiyi əsərlərdən ən məşhuru bir torpaq səddir. Bu yer, Axsaq Teymurun ori (Teymur Ləngin səddi) adı ilə məşhurdur. Bu sədd, Dərbənd ətrafından başlayıb Tərəkəmə mahalında təpələr şəklində davam edərək, Ütəmiş səhrasına gəlib çatır. Buradan bir sədd şəklində, Buynaq və Tarxu altından Teymur-Quyuya gedir; Sulaq çayından və İndirinin aşağısından keçərək Mıçıqıçın ortası ilə Nasran və Qaraçay mülkündən ötür; buradan başqa bir Teymur-Quyu adlı yerə, oradan da Qurban çayına yetişir. Bəzilərinin dediyinə görə isə o, Qara dənizə qədər uzanıb gedir. Bu böyük abidənin nə məqsədlə tikildiyi məlum deyilsə də, güman etmək olar ki, Əmir Teymur bununla sərhəddi təyin etmək, öz qüvvət və qüdrətini göstərməkdən başqa bir şey nəzərə almamışdır.
Xülasə, Əmir Teymur Dağıstan işlərini mümkün qədər yoluna qoyduqdan sonra, Buynaq yuxarısındakı məşhur düşərgəsindən hərəkət edib, hicri 798-ci (=1396) ilin baharında Dərbəndə gəldi. Buradan da Ermənistana hərəkət etdi. Kür kənarına çatdıqda, bu səfərdə ona yoldaşlıq edən Şirvan valisi Əmir İbrahim, Əmir Teymurun şərəfinə bir neçə gün davam edən böyük bir ziyafət verdi, ləyaqətli hədiyyələr təqdim etdi. Özü də sahibqranın lütf və ənamına nail olaraq mürəxxəs oldu. Əmir Teymur Qarabağa gəlib Ağdam adlı yerdə, Dərbənddən Bağdada və Həmədandan Rum sərhədinə qədər olan bütün əyalətlərin idarəsini oğlu Miranşaha tapşırdı. Özü də Sultaniyyədən keçərək Səmərqəndə getdi. Buradan Hindistana hərəkət etdi. Hicri 801-ci (=1399) ildə Dehli şəhərinin xaricində, bu ölkənin padşahları ilə böyük müharibələr edib qalib gəldi. Məqsədinə çataraq Səmərqəndə qayıtdı. Hicri 802-ci (=1400) ildə yenə İrana hərəkət etdi. Hicri 803-cü (=1401) ildə, Şam valisi Məlik Fərəci məğlub edərək, bütün Şam ölkəsini ələ keçirdi. Buradan da Sultan Əhməd Cəlayirini cəzalandırmaq üçün Bağdada hərəkət etdi. O, keçmişdə Bağdadı Teymur qoşunlarına tərk edib Ruma qaçmışdı. Onlar getdikdən sonra yenə Bağdadı almışdı. Sultan Əhməd bu dəfə yenə qaçıb Rum sultanı İldırım Bayəzidə pənah apardı. Sabiqran bir neçə gün mühasirədən sonra Bağdadı hücumla alıb xaraba qoydu və əhalisinin qılıncdan keçirilməsinə fərman verdi. Rum sultanına da düşmənanə bir məktub yazıb Sultan Əhməd və türkmən Qara Yusifi ondan tələb etdi. Bunların verilməməsi Rum müharibəsinə səbəb oldu.
Sahibqran buradan qayıdıb Qarabağda qışladı və hicri 804-cü (=1402) ildə Rum ölkəsinə hərəkət etdi. Sultan Bayəzid müharibədə məğlub olub əsir düşdü. Rum ölkəsi də bu qüdrətli padşahın hakimiyyəti altına keçdi. Hicri 806-cı (=1404) ildə Əmir Teymur yenə Gürcüstana qayıtdı. Bəzi qələbələrdən sonra bu ölkənin valisi Məlik Gürgin, Teymurun hüzurunda olan Şirvan valisi Əmir İbrahimin vasitəsilə hədiyyələr təqdim edərək ciziyə verməyə razı oldu. Teymur yenə Qarabağa gəlib orada qışladı. Miranşahın başına hava gəldiyi üçün, ona tapşırılan vilayətləri alıb oğlu şahzadə Ömərə verdi. İraqi-Ərəb, İraqi-Əcəm və Fars əyalətlərini idarə edən şahzadələrə tapşırdı ki, onun buyurduqlarına tabe olsunlar. Ölkəni idarə etmək xüsusunda da (Şahzadə Ömərə) gözəl tapşırıqlar verdi…
Qarabağda ibni-Firuzi-Sasani tərəfindən bina edilən Bəyləqan şəhəri, Hülaku xan tərəfindən bir müddət mühasirədən sonra hücumla alınıb xarab edilmişdi. Əmir Teymur bu şəhərə çox möhkəm bir hasar çəkdirdi. O, bu şəhəri abad etmək fikrində idi, lakin ilanların çoxluğundan bu iş baş tutmadı.
Dövlətşah Səmərqəndi, hicri 900-cü (=1495) ildə, Təzkirətüşşüərasında yazır: Şahrux ibn-Əmir Teymur bu şəhəri abad etmək istəyirdi. Lakin ölkənin məlumatlı adamları, bu şəhərin dəfələrlə zəlzələdən xaraba qaldığını söyləyib onu bu fikirdən daşındırdılar. Amma o, Bəyləqan arxını işə saldı. Bu arxın kənarında salınan dəyirmanlar indi də durur. Müəllif deyir: bu şəhərdə, sultanların qəbirləri üzərində iki uca minara var imiş. Bunlardan birisi yarım xaraba halında indi də mövcuddur. Buna görə, xalq Bəyləqanı Millər deyə adlandırır.
Sahibqran bu tədbirlərdən sonra Ərdəbilə gəlib Şeyx Səfi türbəsini ziyarət etdi. Bir çox kənd və əkin yerləri alıb o həzrətin türbəsinə vəqf etdi. Buradan paytaxtı Səmərqəndə qayıtdı. Bir neçə gün keçəndən sonra, qışın şiddətli vaxtında Çin səfərinə hərəkət etdi. Ətrar adlı yerdə xəstələnərək hicri 807-ci (=1405) ildə vəfat etdi…
O, böyük işlərilə məşğul olmasına baxmayaraq, bir dəqiqə də olsun, elm və maarif sahiblərini himayə etməkdən geri durmazdı. Öz övladı üçün qoyub getdiyi düsturül'əməl, onun dünyanı idarə etməkdən nə dərəcədə ehtiyatlı, cahangirlikdə nə sayaq əzm sahibi olduğunu bildirir.
O zaman hüzurunda olan böyük övladı Xəlil Sultan ibni Miranşah, 20 yaşında taxta çıxdı. O, dövlət və ordu işlərinə fikir verməyib arvadının təsiri altına düşdü. Buna görə, səltənətin əsası gündən-günə sarsılaraq vilayətlərin çoxu bu xanədanın əlindən çıxdı. Onların əlində yalnız Mavəraünnəhr və Xorasan qaldı. Daha sonra, bunların səltənəti Hindistana keçdi.
Gülşəni-xüləfədə yazılmışdır: Rum ölkəsi alındıqdan sonra, Sultan Əhməd və Qara Yusif, Misirə qaçmışdılar. Misir sultanı onları həbsə alıb Əmir Teymurun hüzuruna göndərmək istəyirdi. Bu zaman onun vəfat xəbəri Misirə çatdı. Sultan Əhməd Bağdada gəlib Əmir Teymurun nəvəsi Əbubəkr Mirzəni valilikdən çıxartdı. Buradan Qara Yusif Qara Məhəmməd oğlu ilə Azərbaycana Miranşah və şahzadə Ömərin müharibəsinə getdi və onlara qalib gəldi. Miranşah bu müharibədə öldürüldü, şahzadə Ömər isə, qaçıb qurtardı. İran ölkəsinin bir çox hissəsi yenə Sultan Əhmədin ixtiyarına keçdi. Axırda onunla Qara Yusif arasına ziddiyyət düşdü. Sultan Əhməd hicri 813-cü (=1411) ildə Azərbaycanda olan müharibə nəticəsində məğlub olub əsir düşdü və Təbrizdə Qara Yusifin oğlu Əmir İsfəndiyarın əlində öldürüldü. Səltənət bu sülalədən, Qaraqoyunlu padşahlarına keçdi.
Qaraqoyunluların mənşəyi haqqında olan məlumat belədir: Qara Yusif ibni-Qara Məhəmməd ibni-Bayram Xacə, ata-babadan türkmən Qaraqoyunlu qəbilələrindən bir çoxunun əmiri idi. Sultan Əhməd Elxaninin tərbiyəsi ilə iqtidar sahibi olub, ondan sonra da, əzəmətli bir padşah olmuşdu. Hicri 816-cı (=1414) ildə külli qoşunla Şahrux Teymur oğlunun müharibəsinə getdi. Ucan adlı yerdə qəflətən vəfat etdi. Oğlu İskəndər səltənətə keçdi və üç dəfə Şahrux ilə müharibə edib məğlub oldu.
Başqa bir nüsxədə deyilir: İskəndər hicri 828-ci (=1425) ildə Şirvana gəlib qətl-qarətə başladı və Şamaxı şəhərini viran etdi. Bu zaman qardaşı Mirzə Cahanşah bəzi türkmən əmirləri və əsgərləri ilə Şahruxun yanına getdi. Şahrux ona vədə verib inandırdı ki, əgər o, qardaşının şərrini dəf etsə, Diyarbəkir və Azərbaycan hakimiyyətini alacaqdır. İskəndər Naxçıvanın Alıncaq adlı qalasına çəkildi. Bir neçə vaxtdan sonra, onun xain oğlu Qubad, sevişdiyi bir kəniz ilə əlbir olub Cahanşahın təhrikilə, onu öldürdü. Nüxbə müəllifinin yazdığına görə, Qubad da atasından sonra Cahanşahın hiyləsilə öldürüldü.
Cahanşah, Şahruxun canişini olub Diyarbəkir və Azərbaycanda 22 il hökmranlıq sürdü. Şahruxun vəfatından sonra, Xorasandan başqa bütün İrana hökmran oldu. Qədim düşməni türkmən Ağqoyunlu Həsən bəy Bayındır ilə müharibə etdi. Həsən bəy vaxt qazanmaq üçün müharibədən çəkinib ətrafda dolanırdı. Bir müddətdən sonra hər iki tərəfin qoşunu dağıldı və müharibə təxirə salındı. Bir gün Cahanşah beş-altı yüz nəfərlə, bir çayın kənarında içki və işrətlə məşğul idi. Həsən bəy fürsətdən istifadə edərək, Hicri 872-ci (=1468) ildə, 80 yaşlı Cahanşahı öldürdü. Beləliklə, səltənət bu sülalədən ağqoyunlu sultanlarına keçdi.
Ağqoyunluların mənşəyi haqqında olan məlumat belədir:
Qaraqoyunlu və ağqoyunlular tərəkəmə, yəni türkmən nəslindən iki köçəri qəbilə idilər. Bunlar, Arğun xan zamanında İrana gəldilər. Qaraqoyunlular Azərbaycan ətrafında, Ərzrum və Sivasda, ağqoyunlular isə Diyarbəkirdə sakin oldular. Onlar gündən-günə qüvvətlənib səltənət qurdular. Həsən bəyin babası Qara Osman, Əmir Teymurun zamanında Diyarbəkirin bəzi yerlərində hakim idi. Ondan sonra oğlu Əli bəy və bundan sonra da Uzun Həsən adı ilə məşhur olan oğlu Həsən bəy hökmranlıq etdilər.
Cahanşah öldürüldükdən sonra, oğlu Həsənəli Mirzə, o zaman Mavəraünnəhr və Xorasan padşahı Sultan Əbusəid ibni-Miranşah ibni-Əmir Teymur Kürəkəndən kömək istədi. Sultan Əbusəid İraq və Fars vilayətlərini almaq üçün əmirlər təyin edib, özü də 27 min qoşunla Azərbaycana hərəkət etdi. Həsən bəy peydərpey elçilər göndərib öz itaətini və yalnız Azərbaycanla kifayətlənəcəyini bildirdi. Bu isə sultanın hərəkətinə mane ola bilmədi. Həsən bəyin anası bu xüsusda danışıq aparmaq üçün sultanın yanına getdisə də arzusuna çatmadan geri qayıtdı. Sultan Əbusəid Sultaniyyəyə gəldiyi zaman, Həsən bəy Qarabağa getdi. Sultanın qoşunu Miyanəcə yetişdikdən sonra, Həsən bəy ixlas və iradəsini bildirmək və möhlət almaq üçün oğlu Yusif bəyi sultanın yanına gətirdi. Ondan xahiş etdi ki, qış qurtarıncaya qədər, ona Azərbaycanda qalmağa izn versin. Sultan yenə qəbul etməyib əmirlərin məşvərətilə Həsən bəyin məskəni olan Qarabağda qışlamağı qərara aldı. Bu yerin yeddi ağaclığına çatdıqda, azuqələrin azlığından Şirvanın Mahmudabad şəhərinə hərəkət etdi. Yol üzərindəki çöllərin otu-ələfi zəhərli olduğundan onların bir çox heyvanları tələf oldu. Burada da azuqə az tapılırdı. Həsən bəy yolları kəsib qoymurdu ki, sultan ordusuna Xorasan və İraqdan bir nəfər də gəlsin. Bir neçə gün idi azuqəni Şirvandan gəmi ilə gətirirdilər. Bundan sonra şirvanşah da, Həsən bəyin təhdidinə görə, sultanla müxalifətə başladı.
Sultan ordusundakı heyvanlar zəiflədiyindən türkmən qoşunları bu ətrafda qətl-qarətə başladılar. Sultan naçar qalaraq Ərdəbilə hərəkət etdi və bataqlıq yerlərdən çətinliklə keçdi. Həsən bəy vuruşa-vuruşa onu təqib edirdi. Bir günün içərisində o, sultanın qoşunundan 500 nəfər öldürdü. Sultan barışmaq üçün Sarı xanədanının böyük əmirlərindən Seyid Qiyasəddin Məhəmmədi elçi göndərdi. Onun ardınca da, anasını Qumlu Seyid İbrahim ilə yolladı. Həsən bəy təzim mərasimini yerinə yetirib sülh etmək istəyirdi. Lakin bir az əvvəl, elçi getmiş olan Ərdəbil seyidi Şeyx Heydər Səfəvi, sultan ordusunun pərişanlığını görmüş olduğundan buna mane oldu. Həsən bəy sultanın anasının xahişini qəbul etməyib geri qaytardı. Seyid Qiyasəddinə isə lütf və mərhəmət göstərib, Sarı hökumətini ona bağışladı. Türkmən qoşunlarının şiddətli hücumları nəticəsində, xorasanlıların bir hissəsi də Həsən bəyin ordusuna qoşuldu. Sultan naçar qalıb qaçmağa üz qoydu. Həsən bəyin oğlu Yusif bəy onu təqib etdi, gecə onu tutub atasının yanına gətirdi. Sultan ilə Həsən bəy arasında bir çox danışıqlar oldu. Türkmən əmirlərinin məsləhəti və Şirvan qazisinin fitnəkarlığı ilə Sultan Əbusəid hicri 873-cü (=1468) ildə öldürüldü… Həsən bəy İranda taxta çıxıb, hicri 882-ci (=1477) ildə vəfat etdi. Oğlu Xəlil Mirzə onun yerinə keçdi. Bir il sonra, qardaşı Yaqub Mirzə ilə etdiyi müharibədə öldürüldü. Sultan Yaqub da on üç il səltənət sürdü. Sonra Qarabağın Sultanbud adlı yerində anası bilməyərək ona zəhər verdi. Özü də buna tab gətirməyib zəhər içdi və oğlu ilə bir yerdə öldü…
Sultan Yaqub öləndən sonra türkmən əmirləri iki dəstəyə ayrıldılar: bunlardan biri Sultan Yaqub qardaşı Məsih Mirzənin, o biri isə, oğlu Baysunqar Mirzənin tərəfdarı idi. Axırda iş müharibə ilə nəticələndi. Məsih Mirzə öldürüldü, hökumət başına Baysunqar keçdi. Əmisi oğlu Rüstəm Mirzə ibni-Məqsud ibni-Həsən padşah onun tərəfindən Alıncaq qalasında həbsə alındı. Lakin Rüstəm Mirzə, Əbih Sultanın köməyilə xilas və Baysunqara qalib gələrək padşah oldu. Baysunqar naçar qalıb Qaracadağ və Əhər yolu ilə Şirvana, dayısı və qaynatası olan şirvanşahın yanına gəldi. Türkmən əmirləri, ümumiyyətlə Rüstəm Mirzənin hökmranlığına tərəfdar idilər. Lakin, şirvanşah Baysunqara kömək məqsədilə onun qoşununu düzəldib nizama salırdı. Rüstəm Mirzə əmirlərin məsləhətilə, Stəxr qalasında məhbus olan Sultan Əli Şeyx Heydər oğlunu gətirib şirvanşaha qarşı müharibəyə göndərmək istəyirdi. Sultan Əlinin qalib gəlməsi və ya məğlub olması onun dövlətinin xeyrinə idi. Bu zaman, Baysunqar Şirvan qoşunu ilə Azərbaycana hərəkət etdi. Rüstəm Mirzə, Sultan Əlini müridləri və tabelərilə, Əbih Sultanı da, bir dəstə türkmən qoşunu ilə Baysunqarı və şirvanlıları dəf etmək üçün göndərdi. Əhər və Mişkin hüdudunda iki qoşun üz-üzə gəldi. Baysunqar məğlub edilərək öldürüldü. Rüstəm Mirzənin hökmranlığından 6 il keçmişdi, vaxtilə Rum ölkəsinə gedib ikinci Sultan Bəyazidin damadı olmaq şərəfinə yetişən Əhməd ibni-Məhəmməd ibni-Həsən padşah Azərbaycana gəldi. Araz çayı kənarında müharibəyə girişib Rüstəm Mirzəyə qalib gəldi. Rüstəm Mirzəni əmirləri tutub ona verdilər, o da onu öldürtdü. Əhməd özü də altı ay sonra, hicri 903-cü (=1498) ildə, Əbih Sultanın əlində öldürüldü. Sultan Murad ibni-Sultan Yaqub səltənətə keçdi. Lakin Məhəmməd Mirzə ibni-Yusif ibni-Həsən padşah ona qalib gəldi. Əbih Sultanı öldürərək Azərbaycana sahib oldu. Sultan Murad İraqa getdi. Əlvənd Mirzə öz qardaşı Məhəmmədi ilə vuruşaraq hökuməti onun əlindən aldı. Məhəmmədi Mirzə İsfahana qaçdı. Sultan Murad Şirazdan İsfahana gəlib hicri 904-cü (=1499) ildə Məhəmmədini tutdu və Təbrizə sürgün etdi. Əlvənd Mirzə müharibə fikrində idi, lakin xeyirxahların vasitəçiliyilə araya sülh düşdü. Diyarbəkir və Azərbaycan Əlvənd Mirzəyə, İraqi-Ərəb, İraqi-Əcəm və Fars da Sultan Murada çatdı.
ŞIRVANŞAHLARIN SƏLTƏNƏTI VƏ NƏSƏBƏLƏRI HAQQINDA
Onların haqqında yalnız bu qədər məlumdur ki, müstəqil bir səltənətə malik olmayıb çox vaxt fars, ərəb və türklərin sultanlarına tabe olmuşlar, bəzən də müstəqil hökmranlıq sürmüşlər. Şirvanşahların; böyük xaqan Mənuçehrdən əvvəlki silsilələri (şəcərələri) də lazımınca məlum deyildi.
Ömər ibni-Xəttabın xilafəti zamanında, Nuşirəvani-Adil tərəfindən təsis edilmiş şiranşahlar sülaləsindən Şəhriyar adlı bir nəfər Şirvanda hökmranlıq edirdi. Süraqə ibni-Əmr və Əbdürrəhman ibni-Səlmə, Xüzeyfə ibni-Yəmən, Müğeyrə ibni-Şəbə, Əşəs ibni-Qeys, Əbdüləzizi-Bahili, Əbu Übeydeyi-Cərrah, Səid ibni-Əmr Hərşi və Müslimə ibni-Əbdülməlik xəlifə Şirvanda hökmranlıq edirdilər. Bəni-Abbas xəlifələri dövründə isə, Şirvan çox vaxt Azərbaycan hakimlərinin idarəsi altında idi. II əsrin sonlarında Fərruxzad Əxşican (Əxistan) oğlu və bundan sonra Filanşah, xəlifələr adından naib olaraq padşahlıq etmişlər. IV əsrin əvvəllərində Əli ibni-Heyşəm, bundan sonra da Bəhrami-Çubin nəslindən Məhəmməd ibni-Yəzid Şirvanda vali olmuşlar. Məhəmməd ibni-Yəzidin hökmü bir aylıq məsafədə rəvan idi. Bir müddətdən sonra, Sultan Firidün hökmranlıq etmişdir. Ondan sonra bir şey məlum deyildir.
Hicri IV əsrin ortalarında, Xaqani-Kəbir ləqəbi ilə məşhur Mənuçehr, əzəmətli və müstəqil bir hökmdar idi. Məşhur şair Xaqani Şirvani, bununla müasir olmuşdur. Onun şövkət və iqtidarını və oğlunun Bakı ətrafında vəhşi heyvanlar ovuna çıxmasını qəsidələrinin birində gözəl surətdə təsvir edir.
O zaman dəniz ilə yanar odlar arasında olan Bakı, əhalinin azlığından şir və sair yırtıcı heyvanlar yatağı imiş. Dövlətşah «Təzkirətüşşüəra» sında yazır: alim və mənsəb sahibi olan İbrahim ibni-Əli Xaqani, dünyadan əl çəkmək bəhanəsilə Həccə getmək istəyirdi. Xaqan isə buna razı olmurdu. O, xaqandan izinsiz yola çıxdı, xaqanın məmurları Bəyləqan şəhərində onu tutub geri qaytardılar. Bundan məlum olur ki, Ərran ölkəsinin bir qismi də xaqanın ixtiyarında imiş. Qaziyi-Beyzavi «Nizamüttəvarix» də Şirvanşahlar sülaləsini Bəhrami-Çubin nəslindən sayır, o da (Bəhrami-Çubin) bir neçə arxdan sonra, Ərdəşiri-Babəkana yetişir. Qazi Əhmədi-Qəffari «Cahanara» adlı əsərində şirvanşahları, aşağıdakı tərtib üzrə, Nuşirəvan nəslindən sayır:
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?