Электронная библиотека » Bəhram Çələbi » » онлайн чтение - страница 1

Текст книги "Oğru müharibələri"


  • Текст добавлен: 27 декабря 2022, 12:20


Автор книги: Bəhram Çələbi


Жанр: Публицистика: прочее, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

Bəhram Çələbi
Oğru müharibələri

REDAKTORDAN

Müasir kriminalistika üçün aydınlaşdırılması müstəsna əhəmiyyət kəsb edən “qanuni oğru” anlayışının tarixinin dəqiqliyini və təfərrüatını yəqin ki, heç kəs bilmir. Bu titulun yaranması haqda dillərdə və nəşrlərdə neçə-neçə versiya dolaşmaqdadır. Versiyaları kifayət qədər araşdırdıqdan sonra belə qənaətə gəlmək olar ki, “qanuni oğru” institutu sovet hakimiyyyətinin ilk illərində mütəşəkkilləşən cinayətkar qruplaşmaların bazasında yaranmış və təxminən 30-cu illərin əvvəllərində SSRİ-dəki kriminal hakimiyyəti büsbütün ələ keçirməyə nail olmuşdur.

Çar Rusiyası dövründən tanınan avroritetlər inqilabdan sonra valideynlərini itirən baxımsız qalmış uşaq və yeniyetmələrdən ibarət kiçik dəstələr yaradır və onlar günün tələblərinə uyğunlaşaraq kommunalar şəklində fəaliyyət göstərirdilər. Oğurluq və fırıldaqçılıq yolu ilə qazanılan bütün vəsaitin tən yarısı dəstə başçısının cibinə, qalanı isə ümumi fonda gedirdi.

Bu dəstələr kriminalistika tariximizdə mütəşəkkil cinayətkarlığın ilk rüşeymləri sayıla bilər. Bir-birindən əlahiddə iş görən belə dəstələr arasında koordinasiya mövcud olmadığından, onların fəaliyyət müstəvilərinin kəsişməsi çox vaxt qanlı müharibələrə səbəb olurdu.

Cibgirlər arasında ilk “qanuni oğrular” meydana çıxanda onlar “oğru qardaşlığı” ideyasını rəhbər tutduqlarını cinayət aləminin bütün təbəqələrinə bəyan etdilər.

İlkin olaraq özünümüdafiə taktikası kimi yaranan bu ideya cəngavərlik və ədalət anlayışlarından bəhrələndiyindən bütün kriminal aləm tərəfindən bəyənildi. “Qanunu oğrular” vaxt ötdükcə kriminal mühitdə kollektiv və kollegial hakimiyyətə çevrildi. Bu idarəçilik üsulu NKVD rəhbərilyinin diqqətini cəlb etdiyindən, onlar “oğru”ların əli ilə milyonlarla məhbusun əfsanəvi QULAQ-da bütün dünyanı heyran qoyan əzəmətli tikintilərində iş sabitliyinə nail oldular. Bu tikintilərin uğuru bilavasitə həbs düşərgələrindəki sabitlikdən asılı idi.

Artıq həbsxanalarda “qanuni oğru”ların fəaliyyəti hər üç tərəf – həm hökumət, həm cəza cəkənlər, həm də “oğru”ların özləri üçün çox faydalı hesab olunurdu. Hökumət adamları həbs düşərgələrində əmin-amanlıq və bu əmin-amanlıq sayəsində yüksək əmək məhsuldarlığı əldə edir, dustaqlar işləyib yaxşı məvacib alır, “oğru”lar isə onların qazancının bir hissəsini yardım fonduna – obşaka yönəltməklə öz problemlərini aradan qaldırırdılar.

Stalinin ölümündən sonra “qanuni oğru”ların həyatında qara zolaqlar yarandı, təhlükəsizlik orqanları öz keçmiş müttəfiqlərinə qarşı genişmiqyaslı mübürizəyə başladılar. Mübarizə tədbirlərini həyata keçirərkən orqanlar ən iyrənc metodlardan istifadə edir, “suçennıy”, “polskiy” adlandırılan titullarını itirmiş məhbusları ideyaya sadiq oğruların üstünə yönəldirdirdilər. Belələri “qanuni oğruları” həbsxana və zonlarda məhv etməyə can atır, hökumət orqanları isə bu işdə onlara hər cür şərait yaradırdılar.

Dəhşətli cəza mexanizmi yavaş-yavaş öz qara işini görürdü. Xruşşov dövründə cəmiyyətin bütövlükdə liberallaşması həbsxalardakı rejimin daha da sərtləşməsinə səbəb oldu. Brejnevin hakimiyyətə gəlişi ilə başlanan durğunluq dövrü ölkədəki romantizm və demokratikləşmə meyllərini dondurdu. İqtisadiyyatda yaranan problemlər “defisit” anlayışını yenidən leksikona gətirdi və təşəbbüskar, zirək adamlar bu fürsətdən yararlanmağa girişdilər. Baltikyanı respublikalarda və xüsusilə Gürcüstan və Ermənistanda defisit malların istehsalı ilə məşğul olan gizli sexlər yağışdan sonra biən göbələk kimi artmağa başladı. Sexovşiklər, alverçilər, möhtəkirlər ən yuxarı dairələrin korrupsiyaya qurşanmasından sui-istifadə edərək, tez bir zamanda varlanmağa nail oldular, nəzarətsiz pul kütləsi müxtəlif əllərdə cəmləşdi. Çoxlu pul olan yerdə isə kriminal strukturların mütəşəkkilləşməsi qaçılmazdır. O ərəfədəki təxminən on il ərzində hakimiyyətlərini bir növ donduran “qanuni oğrular” birdən-birə sanki qış yuxusundan ayıldılar və sexovşiklərdən bac almağa girişdilər. Adətən sexovşiklər bir avtoritetə bac verməklə öz təhlükəsizliyini təmin edirdilər. Hüquq-mühafizə orqanları da öz paylarını aldıqlarından, gizli sexlərin yaranmasına mane olmur, əksinə belə sexlərə şərik çıxmağa çalışırdılar.

Kriminal pulların tüğyan etdiyi həmin dövrdə bütün SSRİ məkanında cavan, daha qətiyyətli oğru nəsli meydana çıxdı. Bu nəsllin “qanuni oğruları” reketlə yanaşı sifarişli qətlləri də adi bir şey sayırdılar. Monqol, Qorbatıy, Paşa Sirul, Savoska, Rafik Svo və sair kimi oğruların birləşdiyi bu yeni nəsil köhnə oğru qanunlarının böyük bir qisminə sahib çıxdılar. Lakin dövrün tələblərinə uyğun dəyişikliklər də edildi. Pula olan münasibət büsbütün dəyişdi. Artıq pula əl çirki kimi deyil, bütün qapıların açarı kimi baxıldı. Hər şeyin alınıb satıldığı dövrdə pul əhəmiyyətli qüvvəyə mindi. Ən əsası isə 30-50-ci illərdə “qanuni oğru” adına sırf oğrular layiq görülürdüsə, yeni nəsil artıq demək olar ki, əsasən reket və quldurluqla məşğul olanlardan, hətta killerlərdən ibarət idi.

“Müharibələr o zaman qurtarır ki, ya ondan qazananlar yüklərini tutub kənara çəkilirlər, ya da onların özlərini üzə çıxarıb güllələyirlər”.

E. Heminquey


PİTER BRATVASININ “PAPA”SI

…1992-ci ilin payız günlərinin birində Sankt-Peterburq RUBOP-nun (Mütəşəkkil Cinayətkarlığa Qarşı Regional Mübarizə İdarəsi) əməkdaşları Nevski prospektində keçirdikləri “Zaxvat” əməliyyat tədbirləri nəticəsində çoxsaylı camaat qarşısında bir neçə reketiri “Moskva” vağzalının darvazaları önündə soyuq asfalt üzərinə uzadaraq qollarını “braslet”lə bəzədilər. Yerə uzananlar arasında ağ “Volvo”dan dartılaraq çıxarılan Aleksandr Malışev və Ded Xasan da vardı. Yekəpər serjant asfaltda uzananların birini ayağa qaldıranda mentlərin ”Malış”, dəstə üzvlərinin “Papa” adlandırdıqları Malışevin qoltuq cibindən “Kolt” tapançası yerə düşdü. Bir qədər kənarda dayanmış podpolkovnik rütbəli zabit ildırım sürəti ilə irəli atılaraq silahı götürdü:

– Bu nədir, bratan? – deyərək gözlərini qıydı, istehzalı tərzdə gülümsündü.

– Stvolu gətirib sizin idarəyə təhvil vermək niyyətində idim… – Malışev halını pozmadan etinasızlıqla dilləndi. – Məni tutmaqla məqsədimi gözümdə qoydunuz, yoldaş polkovnik…

– Yenə səhv edirsən, bratok… – zabitin üzünün istehzalı ifadəsini ciddilik bürüdü. – Mən hələ iki ulduz daşıyıram. Doğrudanmı sən on səkkiz il içəridə otursan da, hələ də polkovniklə podpolkovnik arasındakı fərqi bilmirsən?

“Malış” kinayəli təbəssümlə dilləndi:

– Bu əməliyyatdan sonra sizə daha bir ulduz veriləcəyini nəzərdə tutaraq söylədim.

– Deməli, tapançanı təhvil vermək istəyirdin, eləmi? – Podpolkovnikin sifətində yenidən əyri təbəssüm yarandı. – Səhərdən sizin dəstələri otarırıq, bratan. Bu vaxt ərzində sən bir neçə milis bölməsi yanından keçmisən, amma maşından düşməmisən. Restoranda qəlyanaltı edəndə də bu barədə söhbət olmayıb. Bütün danışıqların yazıları bizim diktofondadır, mənim “Malışım”. Əyləş maşına, alibilərini İdarədə ifadə verərkən sadalayarsan. Podelnikin Ded Xasanı başqa taçkada, “Qazik”də aparacaqlar…

Əslində, “Malış” Leninqradda cinayətkar imperiya yaratmışdı və bütün qruplaşmalar onunla hesablaşmalı idilər. Malışevi qruplaşma liderləri öz aralarında “stasionarnıy vojd” adlandırır və hər həftə ona ya “Pulkovskaya” mehmanxanasındakı qəbul otağında, yaxud “Arxipelaq” kimi tanınan “Tozağacı xiyabanı”ndakı ofisində hesabat verirdilər. Xasanla “Malış”ın münasibəti itlə pişik kimi olsa da, etiketə riayət etmək, qəlbində nifrət qaynasa da, rastlasanda gülümsəmək, əl uzatmaq lazım gəlirdi. Ded səbrini basır, dözürdü. Xasanın hamı tərəfindən bəyənilən xüsusiyyətlərindən biri də hirsini, nifrətini içəridə gizlədərək gülümsəməyi bacarmaq qabliyyəti idi. Bunu hələ iyirmi il öncə Yuri Vasilyeviç Alekseyev – “Yura Qorbatıy” onlar peresılkada iki ay xlebnik kimi oturarkən demişdi: “Sən yəhudilər kimi ağıllı, ermənilər qədər hiyləgərsən! Bunların ikisi birləşəndə fenomen alınır. Əzmkarlığın səni kriminal aləmin Olimpinə qaldıracaq. Amma çalış ki, Qafqazın şeyxi Şamil demişkən, ucaldıqca sadələşməyi, varlandıqca alicənablığı bacarasan. ”

Leninqradda biznes qurarkən Ded Xasan məhz bu nüfuzlu zakonnikə, Qorbatıya yol tapır, sxodkalarda, yas mərasimlərində, ad günlərində təşkil olunan ziyafətlərdə onunla yanaşı olmağa çalışırdı. Aslanın Leninqradda nüfuz qazanmasında Qorbatının rolu həddindən ziyadə böyük idi və Ded fürsət düşdükcə bunu ucadan söyləməklə həm də özünə imic qazanırdı.

DOXSANINCI İLLƏRİN ƏVVƏLLƏRİ…

Operativ məlumat:

Aleksandr İvanoviç Malışev, 1958-ci ildə anadan olub. Orta təhsillidir. İki dəfə məhkumluq həyatı yaşayıb – birinci dəfə (1977-ci ildə) qəsdən adam öldürməkdə, ikinci dəfə (1984-cü ildə) də adam öldürmə, amma ehtiyatsızlıqdan… Daimi yaşayış yeri – “Pulkovskaya” mehmanxanası… Sankt-Peterburqdakı ən güclü, yüzdən çox üzvü olan cinayətkar qrupun başçısıdır.

Qanunsuz silah gəzdirməkdən savayı milis bölməsində Malışevin işinə banditizmlə əlaqədar maddə də əlavə olundu. Sən demə, bir həftə əvvəl onun dəstə üzvləri biznesmen Dodonovu zalojnik götürüblər. Almaniyadan Rusiyaya pivə gətirmək məqsədilə iki milyon alman markası məbləğində saziş bağlayan Dodon başqa kommersantlardan pul yığaraq Münhenə göndərib. Lakin nədənsə pivə sisternlərinin gəlişi ləngiyib. Dağıstanlı müştərilər Dodonla danışığa əsasən deyilən saatda pivəni götürməyə gəliblər. Müqavilədə qeyd olunan vaxt yetişəndə qafqazlılar hay-haray qaldırıblar – “bu dəqiqə ya bizim pulumuzu, ya da pivəmizi verin!”. Çıxılmaz vəziyyətdə qalan Dodonov aranı sakitləşdirmək, qafqazlılardan qorunmaq üçün belə işlərdə ad çıxarmış Ded Xasanla görüşür, o isə yerini isti salmaq məqsədilə Malışevə müraciət etmək lazım gəldiyini bildirir və özü də əlaltdan “Papa”ya xəbər çatdırır. Kirpiçlə görüşən Malışev bu işdən yaxşı qazanc götürmək mümkün olacağını anlayaraq qollarını çırmalayır. O Dodonova bu işi yoluna qoymaqla bahəm, həm də pay sahibi olmaq istədiyini deyir və sağ əli saydığı Andrey Berlini pivə məsələsinin nüanslarını öyrənmək üçün Almaniyaya göndərir.

RUBOP-un məlumatından:

Andrey Borisoviç Berlin, 1952-ci ildə Leninqradda anadan olub. Natamam ali təhsillidir. “İneks Limited” Səhmdar cəmiyyətinin (SC) prezidenti, bundan başqa bir neçə iri firmanın sahibidir. Malışevlə birgə Almaniyada da bir neçə şirkətləri fəaliyyət göstərir. Onun haqqında əvvəllər qətlə görə cinayət işi qaldırılsa da, sonda fırıldaqçılıqda təqsirli bilinərək məhbəsə salınıb.

Münhendə iki gün ərzində Dodonun bağladığı müqavilə ilə yaxından tanış olan Berlin podelniki Malışa telefon açaraq bu işin milyonlarla dollar gəliri olacağını bildirir. Həmin gün “Papa”nın idmançıları və dağıstanlılar kommersantı girov götürərək şəhərdən kənardakı xataya gətirirlər. Bir neçə saatlıq təhqiramiz təcavüzlər, işgəncələrdən sonra Dodon sınır və səhnəyə “mələk” sifətli Kirpiçev – “Deduşka Slava” daxil olur. Effektli tamaşanın epiloqunda yarımcan kommersant quldurların əlindən “xilas” edilir. Ancaq bir şərtlə – Dodon onların adamlarını tərəf müqabili kimi sazişə daxil etməlidir.

– Biz yoldan ötən quldurlar deyilik ki, podelnikimizin axırıncı altuşkilərini əlindən alaq, – Kirpiç mizin üstündəki qaynar kofe fincanını Dodonun qarşısına tərəf sürüşdürərək dillənir. – Amma biz də bir qədər qazanmaq, ailəni dolandırmaq istəyirik. Məgər dostlar başqa cür hərəkət edərlərmi? Biz sizə dostluq, tərəfdaşlıq təklif edirik.

– Əlbəttə… – Dodon bilirdi ki, müqaviləyə imza atan kimi onun likvidasiyası həyata keçiriləcək. Meyitdən ifadə almırlar. Nəyin bahasına olursa olsun buradan sağ çıxmaq, özünü RUBOP-a çatdırmaq lazım idi.

Kirpiç isə hələ də onu yola gətirmək naminə üyüdüb tökürdü:

– Həyəcanı boşlayın, əziz dostum. Bu iş yenə sizin icraatınızda qalacaq. Biz öz pulumuzu xərcləyib, kiçicik qazancımızı götürəcəyik… Kolya Karate filosof Pifaqor olmasa da, yaxşı deyib: “Çörəyin elə bir parçası yoxdur ki, onu dostlar arasında bölmək mümkün olmasın”. Biz səninlə dostluq əlaqələri qurmaq niyyətindəyik.

Ded Xasan da istəsəydi “pivə” əməliyyatından əldə olunacaq çistoqandan bir qədər cibişdanlaya bilərdi. Axı, müştərini “Malış”ın yanına o gətirmişdi. Amma uzaqgörən Usoyan saxlanılmazdan azacıq əvvəl restoranda nahar edərkən bu “nakolkada” iştirak etməyəcəyini bildirərək, “mən pas” demişdi. Pivə işindən bərk qıcqırma qoxusu gəldiyini lap əvvəldən, Kirpiçevin bu biznesə qoşulduğu andan hiss etmişdi. Dedin başqalarında olmayan daha bir xasiyyəti vardı – kompanyon olmaq istədiyi insanın xarakterini, məziyyətlərini xırdalıqlarına qədər öyrənmək. Həmişə Kirpiçevdən iki addım kənarda durmağa üstünlük verirdi. Lap ilk görüşdən onu paxıl, ətrafındakılara qarşı biganə, qazanc üçün hər şeyə hazır birisi kimi qəbul etmişdi. Qısqanc və üstəlik də paxıl adamdan hansı hərəkəti desən gözləmək olardı.

SLAVA DAYI

Operativ məlumatdan:

Vladislav Vladimiroviç Kirpiçev, 1937-ci ildə anadan olub. Orta təhsillidir. “İneks-Limited” SC-nin vitse prezidentidir. Kriminal aləmdə “Kirpiç” və “Slava dayı” ayamaları ilə tanınır. Üst-üstə 37 il barmaqlıqlar arxasında oturub. Həbsi haqqında ilk hökmü 17 yaşında dinləyib. 1972-ci ildən 1990-a qədər bir neçə dəfə həbs olunub və qazamatların psixatrik xəstəxanalarında yatıb. Azadlığa çıxandan sonra kommersiya işlərinə başlayıb …

Dodon Kolya Karateni və ona bənzədilən filosof Pifaqoru tanımasa da, Kirpiç haqqında yetərincə məlumatlı idi. Kommersant bilirdi ki, bağlanacaq sazişdə Vladislav Vladimiroviçin adı peyda olan kimi əlinin altındakı iqtisadçılar qarışqa sürüsü mürəbbəyə darışan təki onun strukturlarına soxulacaqlar və “Soçiyə əbədi istirahətə” göndərilmə “putyovkası”na möhür vurulacaq.

Dodon girovluqdan azad olan kimi RUBOP-a qaçır, başına gələnlər haqqında xəbər verir və yuxarıda qeyd etdiyimiz “Zaxvat” əməliyyatı baş tutur. Onu da qeyd etmək lazımdır ki, Dodonov mentovkada yazdığı izahatında bu işlərdə Ded Xasanın əli olmadığını bildirir.

“Papa”nın cinayət əməli bölmədə şahidlərin izahatları ilə qaydasınca sənədləşdirilir…

Cinayət işinin gedişi zamanı aydın olur ki, Malışev qruplaşması yalnız kommersantları deyil, onların uşaqlarını da girov götürməklə külli miqdarda pul tələb edirmiş. Girov götürməklə açılan yeddi cinayət işindən ikisi məhz uşaqlarla bağlı idi.

İstintaq zamanı Malışev yaxşı qrevlə görüşünə gələn Usoyana uşaq oğurluğu barədə quraşdırılan cinayət işini RUBOP ssenariçilərinin “baş tutmayan abortdan doğulan uşağabənzər komediya”sı adlandırıb:

– RUBOP-a açılmamış cinayətləri kiminsə boynuna yükləyib özlərini təmizə çıxarmaq gərəkdir, – deyirdi “Malış”.

İstintaq isə QUVD-nin tam məxfi obyektlərində aparılırdı.

“Papa”nın “Krestı”ya gəlişini bratva bayram hay-küyü ilə qarşıladı. “Malış”la birlikdə kiçmana bir neçə “Qazel” (birini Usoyan göndərmişdi) yük maşını da daxil oldu. Usoyan, “Papa” qazamatda darıxmasın deyə, ərzaqla birlikdə bir rəngli televizor da “qrev” göndərmişdi. Ded Xasan yaxşı bilirdi ki, “Papa”nın “Krestı”dakı oturuşu yetərincə uzunmüddətli olacaq.

Malışev qruplaşmasının idmançılarının dediklərinə görə, “Papa”nı Leninqradda ən əzazil banditlər kimi tanınan “kazanlılar” mentlərə satmışdılar. Danışırdılar ki, guya olaydan bır həftə öncə “Malış” ofisinin qarşısında özünü günə verirmiş. Bu zaman “Toyota”da əsabələri ilə “Pulkovskaya” mehmanxanasının qarşısından keçən Nail Xamatov (“Rıjiy”) deyib: “Nə “Kalaşnikov”un yaraşığıdır!”.

Bu sözlərdən bir ay sonra “Rıjiy”in özünü evinin giriş qapısında güllələyirlər.

Həmin dövr Rusiyanın ikinci paytaxtının həyatında kriminal liderlər üçün ən çətin zaman kəsiyi sayılır. Onların deyimi belə səslənirdi: “Kimi tutmayıblarsa – onu güllələyirlər”. Həmin günlərdə Ded Xasan Leninqradı tərk etməmək haqqında məhkəmə qərarı alsa da, Moskvadakı “Sovetskaya” mehmanxanasının lüks xatasında yaşayırdı.

“Papa”nın həbsindən sonra Sankt-Peterburqda və ümumiyyətlə, Leninqrad vilayətində kriminal qruplaşmalar arasında misli görünməmiş hərc-mərclik baş qaldırdı. Qətllərin qarşısını almaq məqsədilə Moskvada Ded Xasanın da müntəzəm iştirak etdiyi sxodkalar çağırıldı. Qərara alındı ki, şimal paytaxtında nüfuz dairələrinə yalnız qanuni oğrular nəzarət etməlidirlər. Bu qərara qarşı çıxan avtoritet Andrey Berzin (“Beda”) az sonra öldürüldü. Sankt-Peterburqun “smotryaşisi” statusuna içində Ded Xasanın adı da olmaqla bir neçə zakonnik namizəd vardı. Namizədlərin seçimində Usoyan yalnız bircə səs qazana bildi. Sxodka Kudryaşı seçdi, onun köməkçisi isə Kostya Moqila təyin olundu. Aslanın namizədliyi heç müzakirə olunmadı. Ded Xasan düzgünlüyü, təmkinlıyi ilə yetərincə imic qazansa da, qafqazlı idi. Slavyan oğrular beləsini Rusiyanın ikinci paytaxtı sayılan Peterburqa “böyük qardaş” seçməzdilər. Piter bratvası isə bu təyinatla barışmaq zorunda qaldı.

Kudryaşın dövründə Aslan Usoyanın Sankt-Peterburqda və ümumiyyətlə, Leninqrad vilayətində nüfuzu daha da artdı.

QATİL KİŞİ İDİ, …YOXSA QADIN?

RUBOP-un operativ məlumatından:

Hal-hazırda Sankt-Peterburqda bir neçə güclü mütəşəkkil cinayətkar qrup fəaliyyət göstərir. Bunlardan “Malışev Cəmiyyəti”, “Kazanlılar”, “Tombov-Vorkuta”, “Azərbaycanlılar”, ”Kürdlər” və “Cecenlər” cəmiyyətləri daha sanballı sayılırlar. Onların quruluş sxemi belədir: “briqada” (5-10 döyüşçü), “zveno” (2-5 briqada), “qrup” (2-5 zveno) və “cəmiyyət” (bir neçə qrup).

Malışevin həbsindən azacıq sonra Vladimir Kumarin srokunu başa vuraraq Peterburqa qayıtdı. Yenidən mübahisələr, strelkalar, atışmalar, qətllər başlandı. “Tambovlular”la “Kazanlılar” arasında isə enerji daşıyıcıları üstündə əsl müharıbə qızışdı. Demək olar ki, hər gün hansısa bir avtoritetin, qrup başçısı və ya üzvünün qətlə yetirildiyi barədə məlumatlar eşidildi. “Vstreça” kafesinin önündə baş verən qətl isə onlarla insanın gözü qarşısında icra olundu. Killer “kalaşnikov”un mağazasındakı bütün güllələri avtoritetin üstünə boşaltmışdı. “Mersedes”ə oturmaq istəyən “Kuma” yerindəcə dünyasını dəyişdi. Kumarini isə cangüdəni öz həyatı bahasına xilas edə bildi. Müstəntiqlər Andrey Berezinin maşınında 28 güllə deşiyi aşkarladılar. Kumarinin üzərinə qapanmış cangüdənin meyitində isə dörd ölümcül yara vardı. Şahidlər qəfil gülləborandan elə şaşırmışdılar ki, qatilin kişi, yaxud qadın olduğunu dəqiq söyləməkdə çətinlik çəkirdilər. İzahatı alınan şahidlərin yeddisi killerin qadın olduğunu israr edirdi. Üç nəfər isə başına parik qoymuş kişinin atəş açdığını bildirirdi. Qatili yaxalamaq mümkün olmadı.

Başından, sinəsi, qarnı və qolundan yaralanmış Kumarini təcili olaraq xəstəxanaya çatdırmasaydılar, o da çoxlu qan itkisindən gözlərini əbədi olaraq yumacaqdı. Həmin dəqiqə onlarla “tambovlu” onun keşiyini çəkməyə başladı. RUBOP əməkdaşları isə xəstəxananın ətrafını nəzarətə götürdülər. Xəstəxanada olan “boyeviklər” saxlanıldı və onlardan altı ədəd tapança götürüldü.

“BOQ” OĞRU ƏQİDƏSİNİ DEYİL, BANDİT YOLUNU SEÇDİ

“QAZ”-ın işçilərinin əksəriyyəti sabiq zeklər idi.

Qorkidəki “QAZ” qruplaşması hələ Moskvadakı bandalardan da qabaq yaranmışdı və qanunları kriminal aləmdəki qayda-qanundan çox ciddi fərqlənirdi. “QAZ” bandası Qorbaçovun özəlləşdirmə fuflosundan xeyli əvvəl, durğunluq illərinin ən qatı dövründə, altmışıncı illərin ortalarında – “Volqa M-21”in dəbdə olduğu vaxtda yaranmışdı. O vaxt “zapçast” alverçiləri ilə küçə qruplaşmaları arasında möhkəm əlaqə mövcud idi. Küçə qruplaşmaları məhbəs düşərgələrindən azadlığa çıxan zeklərdən təşkil olunmuşdu və onlar əldə etdikləri sərmayənin 59-70 faizini İttifaq məhbəslərində olan vərəmli qardaşlarının həyatını bir qədər uzatmağa sərf edirdilər.

Məhbəsdən çıxan cavanların əksəriyyəti özünü Qorkiyə, yaxud bu şəhərə yaxın qəsəbələrdən birinə salmağa çalışır, “QAZ” qruplaşmasında, yaxud küçə alverində və yaxud da zavodda özlərinə lövbər salıb qazamatda keçirdikləri əzablı günlərin əvəzini çıxmağa səy göstərirdilər.

Qroznıdakı uşaq koloniyasından sonra daha iki srok almış İqor Boqdanovu səksəninci illərin sonlarında Qorki küləkli, qarlı hava ilə qarşıladı. Noyabrın ortaları idi. Perrondan keçib özünü birtəhər gözləmə zalına çatdırdı. Cib dəftərindən Oleqin telefon nömrəsini tapıb zəng vurdu. Dəstəyi qaldıran olmadı.

Hələ axşam saat altı yox idi, ancaq artıq qaş qaralmışdı. Vağzaldakı haray-qışqırıqdan, bir qədər aralıda çəkmələrini çıxarıb ayaqlarını zənbillərin üstünə qoyaraq yuxulayan üzütüklü kök kişinin xorultusundan iyrəndi elə bil. Bandan çıxıb sıra ilə düzülmüş “şahmat”lardan birinə yaxınlaşdı, sürücünün yanındakı kresloya əyləşdi.

– Bratuxa, harada yaxşı jratva verirlər? – soruşdu və “Kent” siqaretini çıxarıb birini yandırdı.

– Əgər gürcüsənsə, “İveriya” kafesinə, azərbaycanlısansa, “Bakı” restoranına, ermənisənsə “Axtamar” bistrosuna apara bilərəm. Bəlkə?..

– Yox, düz tapmısan, gedək “Bakı”ya.

– Ruslanın restoranı Qorkidə ən məşhurudur, – sürücü yaltaq təbəssümlə gülümsünüb taksini yerindən tərpətdi. – Şəhərin bütün adlı-sanlı adamları onun restoranında kişka doldurur.

– Blatnoy oğlana oxşayırsan, nakolkaların da var, – İqor bir qədər rişxəndlə oğlanın sükan tutmuş sağ əlinin üstündəki “ürək” və ona batırılmış “ox” tatusuna baxdı. Tatuirovkanın aşağısında “не забуду мать родную”11
  Doğma anamı unutmaram


[Закрыть]
sözləri qaralırdı.

– Əsgərlikdən yadigardır, – vodilanın yağlı sifətinə özündənrazı təbəssüm yayıldı, – cavanlıqda dərrakə olmur axı adamda.

– Qorki necədir, yaşamaq olur?

– Soyuzda bir Moskvada, bir də Leninqradda vəziyyət babatdır, – sürücü pəncərədən bayıra tüpürərək əlavə etdi. – Bu nə yaşayışdır? Yağ talonla, qənd talonla, poqanaya kolbasa üçün saatlarla növbədə dayanmalısan. Səhərdən axşamadək it kimi işləyirsən, tolk yoxdur. Görək bu Qorbaç neyləyir… Deyirlər, Krasnodarda birinci katib işləyərkən oranı cənnətə döndəribmiş, – sürücü İqorun barmağında döyülmüş romb qaşlı persteni görüb təəccüblə soruşdu: – Oturmusan?

– Olub, brat. Oturmuşam.

– Belə nakolka krıtıda srok səriyənlərdə olur, – sürücü maraqla müştərisini süzdü, – krıtıda oturmusan?

– O da olub.

– Adamın inanmağı gəlmir. Belə cavan…, ancaq krıtıda bit əzmək? Nə üstündə?

– Nə gözlərini bərəldirsən? Yola bax, yoxsa bir qucaq dəmirə çevirərsən taçkanı.

Hamının Boq adlandırdığı İqor Boqdanov yeniyetməliyini Qroznıdakı uşaq koloniyasında, cavanlığını isə İttifaqın müxtəlif zonlarında xərcləmişdi. Malış Söhbət, Dağlı Cavanşir, Klaranın oğlu İsgəndər, Gəncəli Vaqiflə xlebnik olmuşdu. Qroznıya gəldiyi ilk gündən özünü qatı otrisalovka, patsan, stremlyayuşiy kimi tanıtmışdı “Vosmoyski”. Deyilənlərə görə, oğru tacına da namizəd idi… Qroznıya “qrev” gətirən “TT” Nərimanla “Qızıldiş” Mamed onlara patsanların lideri kimi təqdim olunan “Boq”a öz tövsiyyələrini vermişdilər.


Страницы книги >> 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации