Электронная библиотека » Cavid Zeynallı » » онлайн чтение - страница 3

Текст книги "Günəşi gözləyənlər"


  • Текст добавлен: 28 сентября 2022, 18:22


Автор книги: Cavid Zeynallı


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Axşam düşürdü. Topal ayağımı sürüyə-sürüyə birtəhər dayanacağa gəldim. “94”-ü uzaqdan görəndə əl elədim, bəxtimə səhərki sürücü çıxdı. Mənim ağzımı-üzümü yağlayanı deyirəm. Əvvəl istədim qaçıb gizlənəm, sonra fikrimdən daşındım. Məni hardan tanıyacaqdı? Onsuz da bir deyil, iki deyil, Bakı doluydu mənim kimi tüfeyli adamlarla. “20 Yanvar” metrosuna çathaçatda 20 qəpiyi xüsusi zövqlə pul yeşiyinə diyirlədib avtobusdan əkildim. 5 manata “made in Balakhanı” şalvarı alıb qoltuğuma vurdum. Çox axmaq şalvar idi: parçası ucuz, tikilişi zay! Bəxtimdən cibləri də dayaz çıxdı. Heç olmasa əlimi cibimə dürtüb, küçələrdə səfeh-səfeh veyillənib iş axtarardım.

Qapıdan girəndə gözüm qonşunun həyətinə sataşdı. Şalvar hələ də ipin üstündəydi. Nə yaxşı, onu əkişdirmək fikrini başımdan çıxara bildim. Yoxsa, biabırçılıq olacaqdı.

Tələbə vaxtı əlimə qəpik-quruş düşdükcə aldığım kitablara baxanda ürəyim ağrıyırdı. Demək olar, hamısını oxumuşdum. İndi oturub bir-bir eşələsəydim, hərəsinin içindən bir xatirə çıxacaqdı. Məsələn, Əqrəbin vaxtilə mənə yazdığı dərs cədvəli, bir bəndlik şeir, yasəmən çiçəyinin qurusu, portağal qabığı, fəlsəfi aforizmlər… Dərs xoşuma gəlməyəndə kitabların arxa səhifəsinə ağlıma gələni qaralayırdım. O vaxtlar söz tapmaqda çətinlik çəkmirdim, başım yeni ideyalarla dolub-daşırdı. Əsgərlikdən gələndə balaca bir kağız keçdi əlimə. Görün nə yazmışdım: “Müəllimədən heç xoşum gəlmədi. İt tutmuş ördək balasına oxşayır”. Harda axmaq-axmaq işlər var idi, mənim adım orda mütləq olmalıydı. İndi fikirləşirəm ki, bəlkə belə şeylərə görə kitabların da mənə bir xeyri dəymədi. Bu qədər oxuyub adam olmamaq, sadəcə, mümkün deyildi. Burda çərxi – fələyin barmağı var idi. Özü də baş barmağı, yoğunu…

Ərinməsəydim, ürəyim istəyərdi ki, kitabların içinə baş vuram, eşənək atam, söküb tökəm, hərəsindən bir-iki cümlə oxuyub vızıldadam küncə ki, sizdən də haray olmadı, məni adam edib adamlar içinə çıxara bilmədiniz. Ürəyimdən polis xofunu çıxara bilsəydim, kitablarımla baş-başa qalıb on-on beş dəqiqəlik xoşbəxt ola bilərdim. Hələlik dırnağımın yeri ağrımırdı. Bir azdan mənə toy tutacaqdı.

Əlimə keçən birinci kitab kolxozda işləyən zəhmətkeş traktorçulardan bəhs edirdi. Yazıçı guya o vaxtkı insanların mənəvi saflığından, əməksevərliyindən-zaddan goplamışdı. Axmaq şeyə çox vaxt sərf eləməyə dəymir. Vızıldatdım qapının ağzına ki, yadıma düşəndə Firəngiz xalaya verim, təndir yandırsın. Havayı çörək yemək yaxşı düşmürdü. Mən də əvəzini qaytarmalıydım, ya yox? Adamın abırı olar axı…

İkinci kitabın arasından əlimə yazılı bir kağız keçdi. Əqrəbin xəttiydi. Tələbəliyimin gözəl günlərində yanaşı oturardıq. Tez-tez kağıza sual yazıb məndən cavab istəyirdi. Oxuyanda bir təhər oldum, ağlıma pis-pis şeylər gəldi.

“Sən ruha inanırsan?”

“İnanıram, bu hardan ağlına gəldi?”

“Deyirlər, ruh ölmür, göylərə çəkilir. Düzdür?”

“Əlbəttə, düzdür. Hər kəsin ruhu, qiyamət günü bu dünyadakı əməllərinə görə cavab verəcək”.

“Bəlkə, ölən adamın ruhu başqasına keçdi, yəni, ikinci bir adam onun ruhunu öz bədənində daşıdı. Onda necə?”

“Belə şeyə inanmıram. Axmaq şeydir, ağlından çıxar getsin”.

“Sən inanmırsan, amma mən uşaq olanda nənəm danışırdı ki, bacısı günahkar ruh daşıyıcısı olub. Gecələr yata bilmir, qışqırıb, evi bir-birinə vurur, əlinə nə keçdi – qab-qaşıq, stəkan-nəlbəki, hamısını sındırıb tökürmüş. Hərdən yalvarırmış ki, qoymayın mənə əzab versin. Heç kim heç nə başa düşmürmüş, hara aparıblar ümidləri boşa çıxıb. Axırda bir seyid deyib ki, bu qız bədənində yad adamın ruhunu gəzdirir. Kimdirsə, bu dünyada böyük günah işlədib, heç kəs xəbər tutmayıb”.

“Kimin ruhunun daşıyıcısı olub?”

“Uzun söhbətdir. Tənəffüsdə yadıma sal, danışım”.

O vaxt Əqrəbin bu “ruhnamə”sini oxuyanda, tüklərim biz-biz olmuşdu. Bədənimdə üşütmə hiss etmişdim, həyəcanımı keçirtmək üçün başımı aşağı salıb öz-özümə gülmüşdüm. Sonra onun əlinə toxunub yüngülvari sıxmışdım ki, elə bu dəqiqə danışsın. Sən demə, qız doğma xalasının günahkar ruhunun daşıyıcısıymış.

– Onun ruhu niyə günahkar olub? – Soruşmuşdum.

– Şikəst uşaq doğubmuş. Bir yaşına qədər böyüdəndən sonra istəməyib. Boğub öldürüb. Hamı elə bilib, uşaq öz əcəli ilə gedib. Nənəmin dilindən eşitmişdim, bu hal bir də təkrarlanmalıdır. Yəni ruh qurban istəyəcək.

– Ay qız, məni dəli eləmə. Harda əcaib-qəraib şeylər var, səndən çıxır.

O vaxtlar Əqrəblə ərklə danışmağım da var idi. Əzik-üzük dəftər vərəqi məndə o qədər maraq yaratdı ki, elə bu dəqiqə durub yanına getmək istədim. Nədənsə, telefonuna zəng çatmırdı. Təkrar-təkrar yığdım, xəttin o başındakı qız dediyindən dönmürdü: “Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb ya da əhatə dairəsi xaricindədir…”

Vəssalam, marağımdan öldüyüm vaxt elə bunun yeri əskikdi. Bilmək istəyirdim həmin qızın axırı necə olub? Bəlkə, o vaxt Əqrəb bunu mənə yerli-yataqlı danışmışdı, yadımda deyil, amma hər halda, üstündən illər keçmişdi. Mənim yaddaşsızlığım həmişə başıma bəla olub.

Barmağımın keyi yavaş-yavaş açılırdı. Bir azdan ağrıdan divara dırmaşacaqdım. Bəri başdan işimi ehtiyatlı tutdum: binti ehmalca açıb uzun-uzadı dırnağıma tamaşa elədim. Otağımdan on iki addım aralıdakı (ərinməyib saymışdım) zibil yeşiklərindən qıcqırmış kartof iyi gəlirdi. Yəqin külək şimaldan vururdu. Birdən ağlıma gəldi ki, bu dəqiqə polis başımın üstünü alıb göz açmağıma imkan vermir və altı padoş tuflisinin pəncəsini topal barmağımın üstünə basıb deyir ki, xoş gördük, dostum! Lap kinolardakı kimi – əvvəlcə onun ayaqqabılarını görürəm, sonra ortası qırmızı xətli şalvarını; daha sonra qorxa-qorxa başımı qaldırıb gözlərimi bərəldirəm, üzümdə yazıq ifadə, yalvarıram. Birdən külək əsir və otağımın qapısı təəssüflə yellədilən əl kimi sağa-sola yırğalanır. Səhnənin təsir gücünü artırmaq üçün arxa fonda şimşək çaxır, görünüb-itən kölgələr otağımda sürünür. Fortepianonun yuxarı registrində dəhşət saçan major etüd ifa olunur… və mən məhv oluram.

Tüklərim biz-biz oldu, belə axmaq fikirləri başımdan çıxarıb topalımın hayına qaldım. Keçi balasına oxşayan tələbə yoldaşım yadıma düşdü. Görəsən, ona nə danışıblar? Məsələn, deyiblər, əli işə yatmırdı, bacarıqsızın təkidi. Bəlkə pişik başı bəzəyiblər ki, hara gəldi dürtülür, burnu girməyən yerə başını soxurdu. Bundan sonra ora getməyin nə mənası? Heyvərə tanışım sifətini turşudub məni başından rədd edəcəkdi.

Kitabların içində əzik-üzük olmuş “Vest” qutusu gözümə dəyəndə, ürəyim siqaret istədi. Ohoo, içində 3 dənəsi vardı. Birini barmaqlarımın arasında yumrulayıb yandırdım. “Vest”i tüstülədə-tüstülədə təzə şalvarımı əynimə keçirib güzgünün qabağında özümə baxdım. Məni el arasında rüsvay edən andır şalvarımı qoltuğuma vurub barmağımın ağrısının kəsməyini gözlədim ki, evdən çıxım. Saat on ikinin yarısıydı, arxa qapıdan sivişib zibil yeşiklərinin yanından keçəndə, onlara sarı boylandım, içinə bir kisə çürümüş kartof əndərmişdilər. Ağıllı adamlar kimi başımı yellədib uzaqlaşmaq istəyəndə, arxadan səs eşitdim:

– Mənə küçük gətirməyə gedirsən?

Uşaq pəncərənin ağzına dırmaşıb, şüşənin sınıq yerindən boylanırdı. Alabəzək tumuş geymişdi, bir əli ilə lülüşünü oynadırdı.

– Sabah mütləq gətirəcəm. Sən yat, ayılıb görəcəksən ki, küçüyün səni çağırır: ham-ham.

Özümü küçük yerinə qoyub hürdüm, Allah haqqı, lap belə: ham-ham. Özü də boğazımın cır yerinə saldım ki, yaxşı alınsın. Havalanmağın bundan o tərəfi olmur. Uşaq mənə inanıb bir kəlmə də demədi. Qarnının üstündə sivişib pəncərənin ağzından çəkildi.

Köhnə şalvarımı çiynimə atıb seyrək addımlarla üzü “Qələbə” kinoteatrına tərəf gedirdim. Məni polisə satan qəhbənin dərsini verməkdən ötrü beynimdə cürbəcür fikirlər dolaşırdı. İstəyirdim, onu iki şapalağa xosumvay edib yerə yıxan kimi şalvarla qollarını bağlayıb, həyasız itlər kimi aşağı-yuxarı sürüyəm. Qışqırmaq fikrinə düşsə, topal ayağımın üstündə birtəhər dayanıb, təpiyimin də gücünü sınaya bilərdim. Düzdür, bir az tez idi və ola bilərdi qancıq bu gün evdən bayıra çıxmasın. Qəti qorxusu yoxuydu, özümü bir az da əziyyətə salıb yuxarı qalxardım, kafedə bir parç pivə içib köhnə borcumu da ödəyərdim. Hələ on üç manat pulum var idi. Deyəsən, keçən axşam səkkiz parç pivə içmişdim, bunu 50 qəpikdən hesablasaq, dörd manatdan artıq ola bilməzdi. Yəqin, kaftar qəhbəbaşı nisyə dəftərindəki adımın altından qırmızı qələmlə xətt çəkmişdi və bu, mənə borca pivə verilməyin qadağan olduğunu göstərirdi. Qancıq bilmirdi ki, onun adımın altından çəkdiyi xətt, həyatın mənim üzümə yandırdığı qırmızı işığın yanında fillə qarışqanın fərqinə bənzəyir.

Gözəl gecəydi, ulduzlar Əqrəbin üzünə vurduğu kremin rəngbərəng zərləri kimi parıldayırdı. Təzə tikilən göydələnləri pəzəvəng adamlara bənzətdim – tökmə gövdələriylə bir-birinin yanında lövbər salıb, məhəlləmizin kirli daxmalarına, lap elə mənim it damıma cangüdənlik edirdilər. Üzümü yalayıb keçən küləkdə Əqrəbin əllərinin hənirini, sığalını duyurdum. Mənim dəli olduğumu düşünən olmasaydı, boğazımın gur yerilə heyvan kimi bağırardım. Elə rahatlıq tapardım: bədənim süstləşər, beynim avazıyar, bəlkə onda barmağımın yarası da sağalardı, axsaya-axsaya yeriməzdim. Sonra qudurub, keçən axşam itləri daşladığım kimi bu dəfə evlərin pəncərələrini çilik-çilik edib aradan çıxmaq istəyirdim. Ya da binaların bloklarına part-part atıb birinci mərtəbədə yaşayanları dəli-cinni edərdim. Bədheybət insan maskam olsaydı, başıma taxıb, pəncərələrə dırmaşar, dərs əzbərləyən qız uşaqlarının aqibətini molla duasının ümidinə qoyardım. Hamısı dəlilikdən idi, yavaş-yavaş ağlımı itirirdim. İnşallah, çölləmə olmağıma lap az qalmışdı.

Qancığın gözə dəymədiyini görüb kafeyə tələsdim. Tanış qəhbələrlə mırt vurdum, başımı piyləyib saçaqlı pendirlə “Miller” pivəsi üçün yeddi manatımı almaq istəyirdilər. Gözlərindən gətirdim. Qolumdan tutub arxa otaqlara çəkməkləri işə yaramadı, tərs damarım tutmuşdu. Ortada bədənlərini əsdirə-əsdirə oynamaqlarını acıqla süzüb, dəvətlərini rədd elədim. Kafeyə təzə işə düzəlib intizarla müştəri gözləyən iki qəhbəni müştəri gözüylə süzüb çimçəşdim. Dişə dəyən zibil deyildilər, özlərini elə sakit, abırlı aparırdılar, elə bil məsumiyyət muzeyində canlı eksponat rolunun əvəzedilməz ifaçılarıydılar.

Kaftara yaxınlaşdım. Qaşlarını yenə yoldurmuşdu, qara yağlı qələmdən çəkdiyi yalançı qaşı gicgahlarına qədər uzanırdı. Mən onun bu qədər eybəcər olduğunu bilmirdim. Üzünün dərisi sallanmışdı, elə bil gözləri də çəp idi, ağzı əyilmişdi. Alçaq stolun arxasında oturub, sallaq döşlərini stolun üstünə yıxmışdı. Gombulluğundan da danışmağa dəyməz, əlli litrlik vağzal samovarlarından qəti fərqlənmirdi. Bu idbara heç qoca eşşək də atılmazdı.

Borcumu qəpiyinə qədər ödəyəndə adımın altında qırmızı xətt görüb cinləndim. Deməli, evdən çıxanda fikirləşdiklərim düz imiş. Yaxşı ki, hirsimi boğa bildim. Bir parç pivə sifariş verib başıma çəkəndə, gəlib yanımda oturan qıza görə əlli qəpiyimdən keçməli oldum. Amma əvvəlcədən dedim ki, haram xoşun olsun, inşallah qarnında qəbrə apararsan. Zalım balasına ləzzət elədi, dişlərini ağardıb hırıldadı. Çoxdan tanıyıram, birinci dəfə otağa salıb qapını arxadan bağlayanda, sınaqdan pis çıxmamışdı. Gileylənirdi ki, işləyə bilmirəm, elə bil camaatın beli quruyub. O da iş sarıdan gileyliydi, mən də. Kül başına Üzeyir, qəhbədən fərqin yoxdur!!!

Kafedən çıxıb şalvarı yellədə-yellədə “dostumu” görməyə tələsdim. Saat ikinin yarısı idi, binaların işıqları ikibir-üçbir sönürdü. Bu dəfə özümü ağıllı apardım, qabağımca qaçan iki qancıq iti daşlamadım. Hətta onlardan biri təzə əkilən şam ağacının dibində qıçını qaldırıb rahatlananda ürəyi yuxalığımdan istifadə edib üstümə iki ağız hürdü. Qabırğalarında kubik parçasının əla yeri var idi.

Kinoteatrla üzbəüz böyük dairəni keçəndə, arxadan gələn maşının işığı kölgəmi qarşıdakı divar boyunca yaydı. “07” idi, iki cavan oğlan harasa tələsirdilər. Yanımdan sürətlə keçib yüz metr irəlidəki döngədən buruldular. Ürəyimə dammışdı, nəsə olmalıydı. Topal ayağımı çəkə-çəkə addımlarımı yeyinlətdim. Əlli metr getməmişdim ki, qarşıdakı ağaclıqdan səs-küy eşidildi. Ürəyimə dolan qorxu yavaş-yavaş dizlərimə, bədənimə yayıldı. Yerimdə karıxıb bilmədim, nə edəm: geri dönüb dabanıma tüpürüm, yoxsa baş vurum görüm, nə məsələdir? Belə hallarda, adətən, heç kim ürək eləyib yaxın durmur. Nə dəvə, nə də qığını görmək məsələsi kimi.

Deyəsən, kimisə döyürdülər. Bir az da dinşədikdə, qulağıma boğuq-boğuq eşidilən qız səsi gəldi. Kimsə onun ağzını tutub səsini çıxarmağına imkan vermirdi. Birdən qız var gücülə qışqırdı: “Kömək edin!”. Özümü kinolarda gözəlçə xilas edən qəhrəman rolunda hiss etdim. Ayağımın yarasını vecimə almayıb ağaclığın arası ilə səs gələn səmtə tələsdim. Yer torpaq olduğundan ayaq səslərim eşidilmirdi. Bir az da yaxınlaşanda gördüm ki, iki nəfər qızı döyüb çantasını əlindən almağa çalışır. Yazıq qız, çantanı qucaqlayıb iki qat olmuşdu, uzaqdan yumağa oxşayırdı. Belə vaxtlarda mənim kişilik damarım tutur. Qəzəbdən dişlərimi bir-birinə sıxmağımla, dabanımın üstündə bir təhər qaçıb arxadan onlara yaxınlaşmağım bir oldu. Çatan kimi yumruğumu düyünləyib oğlanlardan birinin çənəsinə tutuzdurdum. Ağzının suyu qızın saçlarına töküldü. Səntirləyib üzümə baxmaq istəyəndə, ikinci zərbəni təpiklə hulqumundan vurdum. Əclaflardan hansınınsa burnumdan tutuzdurduğu kəllənin təsirindən gözlərim qaraldı. Daha doğrusu, əvvəlcə gözümün qabağında ağ, yupyumru zərrəciklər oynadı, sonra başım gicəlləndi. Geri-geri səntirləyib yıxılmaq istəyəndə, özümü birtəhər topladım. Təsəvvür elədim ki, hind kinolarının ölməz qəhrəmanıyam. Özüm də bilmirəm, bu vurha-vurda bir yumruğa beş kişi yıxan bayağı hind aktyorları hardan ağlıma gəldi. Bir anlıq düşündüm ki, kinoya çəkilirəm, rejissor uzaqdan durub baş barmağını mənə göstərir ki, əladır. Əqrəb də sevincindən atılıb düşür, mənimlə fəxr edir.

Vəhşi qəzəbiylə üstümə şığıyan oğlana badalaq vurmağımla kəlləsi üstə düşməyi bir oldu. Qızmış nər kimi ikincinin üstünə cumub yerə yıxdım, dizimi sinəsinə sıxanda çırpınıb canını qurtarmaq istəməsinə imkan vermədim. Həqiqətən, məndə öküz gücü varmış. Boyumla ağlım tərs mütənasib olsa da, demə bu ikisinin kəsişdiyi yer, qollarımdakı qüvvəymiş. Sadəcə, gözü qorxağam. Göz qorxdusa, vəssalam, əl-ayağını uzat öl! Amma mənim hələlik ölmək fikrim yox idi, qızı bu şərəfsizlərin əlindən qurtarmalıydım. Hiss etdim ki, dodaqlarıma isti maye toxundu, ordan axıb çənəmə yayıldı. İkisi də dabanına tüpürüb maşına sarı götürüldülər. Onlar aradan çıxanda, mən hönkürtüylə ağlayan qızı sakitləşdirirdim. Onun qolundan tutub yuxarı qaldırdım. Üzünü görmək üçün alışqanı yandırdım… İlahi, bu nə demək idi, mən dəli olurdum, yoxsa gözümə cin-şeytan görünürdü? Bu ki dünən gecə on manatını aldığım… qız idi; məni polisə satmışdı. Deyəsən, o da məni tanıdı, alışqanın sarı işığında bərələn gözlərini üzümə zilləyib key-key baxdı. Qorxusundan titrədi, yazıq yağışdan çıxıb yağmura düşmüşdü. Yəqin elə bilirdi, bu dəqiqə şapalaq yeyəcək və dinməz-söyləməz on manat pul vermək lazımdır. Qışqırmaq istəyəndə barmağımı ağzıma yaxınlaşdırıb “sus” işarəsi verdim. Dodağıma toxunan barmağım qanın içindəydi. Gülümsəyib onu ürəkləndirmək istədim. Çantasını eşələyib cib yaylığı çıxardı, burnuma qan qarışıq “Kenzo” ətrinin iyi doldu. Dəqiq “Kenzo” idi, dördüncü kursda oxuyanda Əqrəb mənə bu ətirdən bağışlamışdı.

Gözünün altı göyərmişdi. Üzünə tökülən saçlarını barmaqlarımla geri darayıb, boyun-boğazını oxşadım. Qızın qoluna girdim, göy otları tapdaya-tapdaya yola tərəf addımladıq. Nəsə demək lazımdı, ağzıma su almaqla çox gedə bilməzdim.

– Yenə pul istəyirsən? – O, dayanıb üzümə baxdı. Qaranlıqda gözləri parıldayırdı. Özümü təhqir olunmuş saysam da hiss etdirmədim. Bilmirdim nə deyim, udqunub uzun-uzadı gözlərinin içinə baxdım. Bir anlıq ağlıma gəldi ki, keçən gecəki şapalağın yeri məlum. Amma bu fikri tez də başımdan çıxardım. Quldurluğu da gərək kişi kimi edəsən. Xilas etdiyim və himayəmə sığınan qızdan ancaq centlmenliklə halallıq almaq olardı.

– Əlbəttə, yox. Keçən gecə pula ehtiyacım var idi. Səni vurmağımı hələ də özümə bağışlaya bilmirəm. – Gopladım. Qızı sürümək üçün ərinməyib özümlə götürdüyüm şalvarı süpürləşdiyim yerdə qoyub gəlmişdim.

– Bu vaxt hardan gəlirsən? – ötkəmliklə üzümə baxdı.

– Bunu mən səndən soruşmalıyam.

Dinmədi. Asfalta çıxanda səmtimizi Alatavaya sarı götürdük.

– Boynuna al ki, məni əvvəldən tanısaydın, yaxın gəlməzdin.

– Yox, elə demə. Mən köməksizlərə həmişə əl uzatmağı özümə borc bilmişəm.

Güldü. Deyəsən, Don Kixotluğuma istehza edirdi.

– Yəqin dünən axşam da məni sürüməyi özünə borc bilmisən.

– Amma boynuna al ki, peşmanlığımı sən də hiss etdin. Hətta üst-başını təmizləməyə də kömək elədim. Buna nə deyirsən? – Bizim bu dialoqumuzdan heç xoşum gəlmədi. Həddən artıq rəsmiydi. Amma onu danışdırmaq üçün keçərli saymaq olardı.

– Dizimin yarası hələ də ağrıdır. Sıyrılıb.

– Bugünkünə görə bir “sağ ol” deməyəcəksən?

– Peşman olduğuna and içə bilərsən?

– Əlbəttə.

Ayaq saxlayıb belimi qucaqladı. Başını sinəmə sıxıb qulağıma pıçıldadı:

– Sən olmasaydın, onlar məni öldürəcəkdilər.

– Kimdi onlar? – Qabağıma çıxan “Coca-cola” butulkasına var gücümlə təpik vurub yoldan bayıra atdım.

– Bilmirəm. Bir dəfə də arxamca düşmüşdülər. Qaçıb binanın blokunda gizləndim, tapa bilmədilər.

– Nə istəyirlər səndən?

– Uzun söhbətdir. Şəxsi problemlərimiz var. İzimə düşüblər.

– İzinə düşüblər?

– Hə, – bunu elə candərdi dedi ki, mənim əlavə suallarımdan yaxa qurtarmaq istəyini açıq-aşkar duydum. Amma ondan əl çəkmək fikrində deyildim. Canında gizlətdiyi sirlərinin hamısını öyrənməsəydim, ölərdim. Hələ polis məsələsinə toxunmamışdım. Allahımdan istəyirdim, bu satqınçılığını boynuna alıb, bir kəlmə “yaxşı eləmişəm” deyəydi. Üzünü sinəmə sıxanda keçirdiyim sentimental duyğuları-zadı vecimə almayacaqdım.

– Bəlkə biraz açıq danışaq? Narahat olma, məndən nəsə gizlətməyin lazım deyil.

– Sən niyə gecələr gəzirsən?

– Çörək sexində işləyirəm. Gecə növbəsindəki işçinin arvadı ölüb, hələlik onu əvəz edirəm.

– Nədən ölüb?

Yaddaşımı təzələyib fakültəmizdəki arvadın ölümünü xatırlamağa çalışdım. Döş xərçəngi… Bu inandırıcı görünəcəkdi.

– Döş xərçəngindən. Bir ildi xəstə yatırdı, keçən həftə dünyasını dəyişdi.

– Hmmm. Pis xəstəlikdi. Bu axşam da işdən gəlirdin?

– On gün əvəz etməliyəm.

Köks ötürüb əli ilə saçlarını arxaya daradı. Mən yalnız indi onun döşlərinə fikir verə bildim. Qabarıq sinəsindən görünürdü ki, köynəyinin altında ətli, şux məmələri gizlənib. Gözümü bir az da aşağı sürüşdürəndə içimdən gizilti keçdi. Əla bədəni vardı. Düzdür, bir az arıq olduğu hiss olunurdu, amma bu o deməkdi ki, lifçiyinin bağ yerindən, qarnından, yanbızlarından artıq ət sallanmayacaq. Bəh-bəh, əladı!!!

– Yaxşı, mən evimizə getməliyəm. Sağollaşaq, başqa vaxt görüşərik.

Yox, onu evinə buraxa bilməzdim! Nə yolla olur-olsun, fikrindən daşınmalıydı. Hələ bir yerdə çox şeyə aydınlıq gətirəcəkdik. Məni maraqlandıran əsas məsələ həll olunmamışdı. Evdən intiqam hissiylə çıxmışdım.

On dəqiqəlik çıxışdan sonra onu razı sala bildim. Özü də, mənimlə it damıma getməyə! Minnətdarlıq əlaməti olaraq, əlindən tutub sıxdım, yüngülcə özümə tərəf çəkib nəfəsimlə saçlarını qoxladım. Elə bil xoşallandı, yanından keçdiyimiz pəzəvəng binanın on səkkizinci mərtəbəsinəcən başını qaldırdı. Deyəsən, boyun-boğazından öpməyimi istəyirdi. Xətrinə dəymədim, dodaqlarımı boğazına toxunduranda gözlərini yumdu, əlüstü öpüşüb yolumuza davam etdik. Gecənin səssizliyində addımlarımızı da eyni anda atmağa çalışırdıq, onun dikdaban tufliləri, mənim dabanı yırtıq ayaqqabılarımın səsini batırmışdı.

– Bizim bir yerdə olmağımızdan təəccüblənmirsən?

– Nəyə görə?

– Deyəsən, mən polis şöbəsində olmalıydım axı….

– Polis?! – Ay işığında gördüm ki, qaşlarını düyünlətdi.

– Yaxşı, özünü… – İstədim deyəm özünü tülkülüyə vurma. Ürəyim gəlmədi, daha doğrusu, mənimlə getməyəcəyindən qorxdum.

– Səhər evimizə polis gəlmişdi. Məni axtarırdı.

– Məndən şübhələnirsən?

– Səndən başqa heç kimdən şübhələnə bilmərəm. Mənim indiyəcən polislə işim olmayıb.

Əvvəlcə, sözlərimi ciddiyə almadı, elə bildi zarafat edirəm. Səsimi qaldıranda, ayılıb özünü inciyən adamlar sayaq göstərmək istədi. Sonra and-aman elədi ki, dünən axşamkı haqqında kimsəyə bir kəlmə deməyib.

Saat üçün yarısı idi. Alatavanın yorğun sakinləri çoxdan yeddinci yuxu bişirirdilər. Canında ilboyu rütubət saxlayan kirli divarlar da elə bil mürgüləyirdilər. Kimsəsizlik bu pərakəndə məhəllənin kədərli, miskin görünüşünü daha dəhşətli, daha qorxunc edirdi. Adama elə gəlirdi ki, bu məhəlləyə daş qoyanın ruhunda pintilik olub: nizamsız evlər, alabəzək, paslı dam örtükləri, sınıq şiferləri küləkdən qorumaq üçün sıra ilə düzülən kubik daşları, onların yanında nasaz üçtəkər velosipedlər, yöndəmsiz çanaq antenaları, ipdən asılan hamam dəsmalları, alabəzək uşaq tumuşları, gül dibçəkləri və nələr, nələr…

Qəribə adı var idi: “Alatava”. Görən bu adın üstündə kim dayanmışdı? Nə qədər gözümdən düşsə belə, saatbasaat mənə qənim kəsilən bu böyük şəhərin mərhəmətsizliyindən sığındığım balaca it damım bu məhəllənin qanadı altında məni bayırın vahiməsindən qoruyurdu. Deməli, sevmək borcundaydım, sevgisini qazana bilməsəm belə!

Otağımın arxa qapısını ehmalca açıb içəri girdim. Nərmədanlar cırıldayırdı, qorxdum ki, Firəngiz xala oyanıb qızı yanımda görə və ürəyində mənə olan mərhəmətini vecinə almayıb abrımı ətəyimə bükə. Pıçıltıyla qızı içəri çağırıb qapını kilidlədim. İran çilçırağının çızdağı çıxmış qapağından düşən gur işıqda ona diqqətlə baxa bildim. Aptekçi qızın yerini verməsə də, həqiqətən, gözəldi. Hicran gecəsi-zad kimi qara, ipək saçları yox idi, amma iri, masmavi gözləri çox xoşuma gəldi. Bədəni heyrətamiz dərəcədə biçimliydi.

Zibil yeşiklərindən gələn çürümüş kartof iyi burnumu göynədirdi. İşığı yandırıb qızdan xahiş etdim ki, cib dəsmalına vurduğu “Kenzo”nu mənim otağımın divarlarına hopdursun.

Əynindəki nazik gödəkçəni soyunub çarpayımın üstünə tolazladı. Qazı yandırıb çay qoydum, stəkanları qumla sürtüb ağartdım. Ümumiyyətlə, bu otaqdakı əşyaların hamısında ümidsizliyə tuşlanan bir pintilik var idi. Ərincəkliyi canımdan atmağa çalışsam da, alınmırdı ki, alınmırdı: bəzən günlərlə çarpayımı yığışdırmırdım, çörək kif bağlayıb stolun üstündə qalaqlanır, döşəmənin zir-zibili dizə çıxırdı. Dəfələrlə şahidi olmuşdum: siçanlar sosiska qabıqları bükülən sellofan torbaya soxulub eşələnəndə, ayaq səslərimi eşidən kimi özlərini dürtməyə yer tapa bilmirdilər. Stolun üstünə səpələnən siçan qığlarına baxıb fikirləşirdim ki, mən nə vaxtsa tauna yoluxub gəbərməliyəm.

– Qulaq as, sən adını mənə niyə demirsən? – Stəkanlara çay süzüb birini onun qarşısına qoydum.

– Nərmin.

– Ooo, Nərmin! Xoşum gəlir bu addan.

– Bəs sənin?

– Üzeyir.

– Ad vacib deyil, adamın bəxti yaxşı olsun! Çörək sexində çoxdan işləyirsən?

– Hə, beş-altı aydır, – az qala unutmuşdum ki, yarım saat əvvəl ona çörəkçi olduğumu demişəm.

– Arvadı döş xəstəliyindən ölən iş yoldaşını görübsən?

– İki gün əvvəl gəlmişdi. Yazığım gəldi. Belə şeyləri çox ürəyinə salma.

Ucundan tutub ucuzluğa getmək buna deyirlər. Qız elə bil, mənim yalanımı çeynə-tüpür etmək öhdəliyi götürmüşdü.

Çaydan bir qurtum içib ayağa durdu. Oxuyan adamlar kimi kitablarımı eşələməyə başladı. Mən onun arıq olduğunu fikirləşəndə yanılmamışdım. Amma bu qədər çəlimsizliyini ağlıma da gətirməzdim. Əyilib küncdə qalaqlanan kitabları götürəndə, onurğa sütunundakı fəqərələrini açıq-aşkar saymaq olurdu. Donqar sümüklərini hətta köynəyi də örtə bilmirdi.

– Nərmin, sən nəyisə məndən gizlətməyə çalışırsan.

– Nəyi gizlədirəm?

– Bir az əvvəl dedin səni izləyirlər?

Dinmədi. Əlindəki kitabın vərəqlərini sağa-sola çevirib, bir müddət key-key üzümə baxdı. Sonra yüngülvari köks ötürüb başını sağa-sola oynatdı. Gözlərimi ona zilləyib danışmasını gözləyirdim. Mənimlə gəlməyə razı olmayanda dediyim sözləri bir də təkrarladım. Yəni, bizim aramızda sirr-filan ola bilməz. Mənim qismətimə səni o şərəfsizlərin əlindən xilas etmək yazılıbmış, nə çətinliyin olsa, sənə bacardığım köməkliyi edə bilərəm. Səbrimi basıb dilimi işə saldım, əsəblərim yerindən oynasa da, birtəhər dözürdüm. Hərdən ürəyimdən keçirdi ki, onun üstünə bağırıb, ürəyində nə varsa, hamısını danışmağa məcbur edəm, naz eləsə, saçından tutub otaqda o baş-bu baş sürüyəm.

Nərmin qaşlarını düyünləyib sir-sifətini turşutdu. Bir-iki dəfə burnunu çəkib nədənsə iyrənirmiş kimi üzünə idbar ifadə verdi. Başa düşdüm. Səhər sidik dağılmış palazdan murdar iy gəlirdi. Özü də bürmələyib sellofan torbaya dürtmüşdüm.

– Bunun içində nə var? – Stolun altındakı torbanı göstərdi.

– İndi görəcəksən.

Acığımdan torbanı ağzı üstə çevirib yuxarı qaldırdım. Palaz yerə düşən kimi kəsif sidik iyindən ikimiz də burnumuzu tutduq. Özüm də bilmədim, bu nəyə lazım idi. Elə bil, qıza mədəniyyətimi göstərirdim. Düzdür, mənim üçün mədəniyyət, tərbiyə, qanacaq kimi anlayışların o qədər əhəmiyyəti yox idi; heç Nərminə göstərmək üçün də bunlar lazım deyildi, amma hər halda, evə birinci dəfə gələn adamı sidik iyinə qonaq eləmək yaxşı düşmədi.

Otağın havasını təmizləmək üçün sınıq-salxaq pəncərəni açanda Nərmin az qala heyrətlə qışqırdı:

– Palazın arasında on manat pul var.

Gözlərimin bərəlməsini pəncərə şüşəsinə düşən əksimdən gördüm. Üzümdəki müdhiş ifadədən hürkdüm. “20 Yanvar” metrosundakı şalvarsatan arvada vermək üçün pul tapmayanda keçirdiyim sarsıntını yenidən yaşadım. Əqrəb gəldi gözlərimin qabağına, andır şalvar üzündən onunla görüşə bilmədim, yəqin, zəng etmədiyimi görüb onun da tərs damarı tutmuşdu, telefonu bağlıydı. Ayağımın topal olmasını da, xatırlamağa ehtiyac yoxdur. Gərək, palçıq vedrəqarışıq mənim təpəmə düşəydi…

– Xəbərin yoxdur?

– Niyə, var. Axşam səndən oğurladığım puldur.

Bu dəfə o, heyrətdən bərələn gözlərini üzümə zillədi.

– Mənə dedin ehtiyacım var idi…

– Bilirsən, Nərmin, bir az uzun söhbətdir, məni başa düşmək üçün gərək hamısını danışam.

– Eşidirəm.

– Amma bir şərtlə ki, sən də gizlətməməlisən.

Çaydan bir qurtum içib, ondan cavab gözləmədən qarşılaşdığım bütün hadisələri bitdə-bitdə danışdım. “Gecə qəhbəsi” ifadəsini də çinədanımda saxlamadım. Qisas almaq üçün alışıb yandığımı gizlətməyib, Zorge parkında yırtılan şalvarımla onu sürümək istədiyimi, çörək sexinin-zadın bəhanə olmasını etiraf elədim. Qəribəydi ki, Nərmin yüz ilin tanışı kimi dediklərimi etirazsız-filansız qarşılayıb, bütün səmimiyyəti ilə məni anlamağa çalışırdı. Danışdıqca hiss edirdim ki, əzalarım titrəyir, bədənimə üşütmə gəlmişdi. Ağrı hərdən elə güclü olurdu ki, dizimə qədər keyimə hiss edirdim. Elə bilirdim, ayağım qanqrena olacaq və nə vaxtsa məni cərrah stoluna uzadıb, onu topuqdan bir qarış yuxarı kəsəcəklər.

Canımda gizlətdiklərimi dilimdən keçirəndə xeyli rahatlıq tapdım. İndi Nərmini danışdırmaq olardı.

– Çörək sexində işləyən kişinin arvadını döş xərçəngindən öldürmək hardan ağlına gəldi? – Kitabın birini döşlərinin üstünə sıxıb, qolları ilə bərk-bərk qucaqladı.

– Bir qadın tanıyırdım, əlli beş yaşında döş xərçəngindən öldü. Bilmirəm, hardansa o yadıma düşdü.

– Qadınların çoxu bu xəstəlikdən əziyyət çəkir.

– Bilmirəm, eşitmişdim ki, çox kasıb olub. Bir dəfə yağışlı havada ev başmağı ilə gəlmişdi. Ürəyim ağrıdı, bir cüt qaloş alıb ona bağışladım. Elə sevinirdi ki…

Nərmin əl sumkasından “Kent 8” çıxardı. Mənə təklif edəndə istəmədim, boyalı, ətli dodaqları arasında sıxdığı siqareti yandırıb tüstünü elə ləzzətlə havaya buraxdı ki, iştahımı boğa bilmədim.

– O qadın haqqında bir az danışa bilərsən?

– Nəyinə lazımdır axı. Bu çoxdan olub, təxminən dörd-beş il əvvəl. – Bu gərəksiz söhbətin uzanmasından xoşlanmadım. Yarım saatdan çoxuydu bir yerdəydik, hələ onu izləyənlərin kim olduğunu öyrənməmişdim.

– Bir az danış, xahiş edirəm.

– Yaxşı, – hər şeyi yenidən xatırlamalı oldum, – o qadın bizim fakültədə xadimə işləyirdi. Kənardan qız dalınca gələn oğlanların qənimiydi. Hərdən fakültədə bir qiyam qaldırırdı ki, gəl görəsən. Onun haqqında bəzi şeylər eşitmişdim. Guya Biləcəri dəmiryol stansiyasında fəhlə işləyən nişanlısı qatar altına düşüb ölmüşdü. Bundan sonra fəlsəfə müəllimi ilə tanış olub, eşq macəraları yaşayıblar. Sonralar fəlsəfə üzrə professor olan kişinin təkidilə dənizçi qohumuna ərə getsə də, əlaqələri kəsilməyib. Əri bir aylıq dənizdə olanda görüşürmüşlər. Eşitmişdim ki, bir qızı da olub, fahişəlik edirmiş, yola getmədikləri üçün onu evdən qovub.

– O qadın… mənim anam idi.

Diksindim. Elə bildim, tavan uçub üstümə töküləcək. Dul qadın tor tutan gözlərimin önündə yazıq-yazıq mənə baxıb getdikcə balacalaşır, büzüşür, yumağa dönürdü.

Nərmin ürəyi kəsilən uşaq kimi içini çəkə-çəkə ağlayırdı. Əqrəbi xatırladım. Onunla öpüşdüyüm qaranlıq otağın qapısını açan qoca fəlsəfə professorunun qırış basmış sifətini, biclik yağan gözlərini dönə-dönə yaddaşıma yazdım.

– Sən bilirdin ki, mən sənin ananı tanıyıram? – Kobud-kobud dilləndim. Ürəyindəkiləri öyrənmək üçün tələsir, dilini sürüməyini anlaya bilməyib səsim çatdıqca üstünə bağırmaq istəyirdim.

– Yox, vallah, bilmirdim. Danışıqlarından şübhələndim.

– Nərmin, səbrim çatmır, başa düş, sənin nazınla oynamaq həvəsində deyiləm. Bezdirmə məni! Nə bilirsənsə, danış! – Qızın üstünə bozarıb özümü bağırmaqdan saxlaya bilmədim.

– Anam həmişə atama xəyanət eləyib, sən dediyin professora dəyişib. Gözümü açandan onu yalan danışan, atamın dənizə getməsini səbirsizliklə gözləyən görmüşəm. Ən qəşəng paltarlarını o əclafla görüşə geyirdi, atam evə qayıdanda, qaş-qabaq sallayıb dava-dalaş salardı. Bilirsən, mənim atamın yaşı çox idi, yaraşıqlı kişi olmayıb. Çəlimsiz bədəni vardı. Üzü çopur-çopur idi, bir gözünə ağ gəlmişdi. Xasiyyəti o qədər həlim idi ki, evdə sözünü keçirə bilmirdi. Anam ona ərə gəlmək istəmirmiş. Qohumlarımız, bir də, o əclaf professor məcbur eləyib. Mən balaca olanda bizə gəlirdi. Yorğanın altında gizlənib onların danışıqlarına qulaq asırdım. O vaxt üçüncü sinifdə oxuyurdum. Qorxumdan titrəyirdim, dişim-dişimi kəsirdi. Dəmir çarpayımızın cırıltılı səsi qulaqlarımdan çəkilməyib. Ağlaya-ağlaya anama deyirdim ki, atam dənizdən qayıdan kimi hamısını danışacam. Qorxusundan özünü itirirdi, məni dilə tutub yola gətirməyə çalışırdı. Bu da işə yaramayanda cürbəcür kuklalarla başımı qatmaq istəyirdi. Yavaş-yavaş öyrəşirdim. Artıq belə şeylərlə məni nə qorxutmaq, nə də təəccübləndirmək olardı. Altıncı sinifdə oxuyanda yolumu azmağa başladım. Sinfimizdəki bir oğlanın şirin dilinə aldanıb evlərinə getdim. Heç bir il keçmədi ki, bakirəliyimlə də vidalaşdım, dəyişdiyim oğlanların sayı-hesabı yox idi. Gecə barlarına gedib bəzən səhərəcən içirdim, qarşıma kim çıxsaydı, bəxti gətirirdi, onun yatağına qonaq olurdum. Anamın məndən xəbəri olmurdu, olsaydı neyləyəcəkdi? Bir dəfə xəbər gəldi ki, atam dənizdə tufana düşüb. Yeddi saat soyuq suda qalandan sonra ölmüşdü. Dəfninə o şərəfsiz professor da gəlmişdi. Atamın ölümündən bir il sonra anam ayıldı ki, nə günahlar edib, hansı əməllərin sahibidir. Deyəsən, həmin vaxt professor da anamdan soyuyubmuş, onunla maraqlanmırdı. Bir də xəbər tutdum ki, anamı işə düzəldib. Dərs dediyi universitetdə xadiməlik etməliymiş. Bundan sonra aramızda dava-dalaş başladı. Mən o vaxt onuncu sinifi bitirəcəkdim. Təsəvvür eləyə bilmirdim ki, anam yüzlərlə insanın içində xadiməlik eləsin. Mənim fahişəlik etdiyimi biləndə qapını arxadan bağladı və saçlarımı əlinə dolayıb evboyu sürüdü. Qonşular da əlimizdən bezmişdilər. Ağlaya-ağlaya demişdim ki, sən atamı aldadıb başqası ilə kef çəkəndə, mən də onun-bunun yatağında böyüməliydim. Axır ki, ayrıldıq. O, balaca, darısqal daxmamızda tək yaşadı, mənsə özümə ayrı ev tutub fahişəliyimdən əl çəkmədim. Avam, pullu adamları otağıma çağırmaqla əla qazanırdım. Amma özümü elə aparırdım ki, heç kim şübhələnmirdi. Bu qədər bəsdir?

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации