Текст книги "Bakı-1501"
Автор книги: Cəfərzadə Əzizə
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Qapı açılmadan sәs gәldi. Xırdaxanım ərini öskürәyindәn tanıdı. Öz evinә girsə də, adəti idi, əvvәlcә öskürüb gәldiyini xәbәr verәrdi. Bәlkə, evdә qonşu arvadlarından var, başı-gözü açıq olar.
Doğrudan da, sәsi eşidәn kimi Balaxanım kәlağayısının ucunu yuxarı, burnunun üstünә çәkib yaşmaqlandı. Sәkinә dә analığına baxıb cәld kәlәfi ayaqlarından çıxardı, yumağın üstünə doladı və yerindәn qalxdı.
Balaxanım dedi:
– Dәrgahqulu qәdeş gәldi, mәn getdim.
– Ağәz, görәsәn, nöşün tez gәlib? Yәqin, bir şey götürüb gedәcәk. Keç, evә gedәr, genә işimizdә olluq.
Balaxanım hәya içindә tәlәsdi.
– Yox, yox, bәlkәm, çörәkdәn-zaddan istәdi. Sәn işində ol, tez getsә, sәslәrsәn, gәllәm genә.
– Yaxşı, yaxşı.
Balaxanım dükcәlәri hәyәtdә, palazın üstündә qoyub, Səkinә ilә birlikdә içəri girәn Dәrgahqulunun böyründәn yavaşca sürüşüb getdi.
– Xeyir ola, kişi, nә әcәb tez qayıtdın? Deyirdin, gec gәlәcәyәm.
Kişi un almaq üçün götürdüyü yarıboş torbaları püstə ağacının böyrünә atıb, bir az әvvәl arvadların oturduqları palazın üstündә çökdü. Hәyәcanlı idi, amma bu hәyәcanı gizlәtmәyә çalışırdı. Dimdik qarşısında dayanmış Gülәli qızının nigarançılığına son qoydu:
– Lәnәt şәrә! Amma bir elә xeyir dә yoxdur bu köpәk oğlunun zamanasında. Osmanlı gedir, İranlı gәlir. İranlı gedir, Şirvanlı gәlir. İndi dә deyirlәr, Şirvanşahın qoparağını götürürlәr.
– Nә olub bәgәm?
Kişi arvadından ömründә bir şey gizlәtmәmişdi. Nә dərdi olsa, mәrdanə arvad hesab etdiyi Xırdaxanımla bölüşәrdi.
– Bilirsәn, Gülәli qızı, deyirlәr, Әrdәbil tәrәflәrdә bir şah peyda olub, peyğәmbәr nәslindәndi. Deyir, bu Şirvanşahların dәdәsidi, bilmirәm, babasıdı, bilmirәm, nәyidisә, onun dәdә-babasını öldürüb. İndi qanını almağa gəlir. Özü dә guya bu Şirvanşahlar peyğәmbәr salavatullahın dinindә nәyisә pozub – onu düzәldir.
– Hә… Nә yaman xәbәrdi…
– Yaman dedin, qoydun. Beş-on il idi, qulaqlarımız dincәlmişdi. Yaman-yaxşı Şirvanşahlar әmin-amanlıq binası qoymuşdu. Özlәri camaatın әtini yesәlәr dә, sümüyünü atmırdılar. Yığıb tikintiyә, qalaqurduya aparırdılar bizi. Amma heç olmasa, dava-qırğın yox idi. İndi dava başlasa…
– Hәri, dava başlasa, camaat gedәcәk güdaza.
– Gedәcәk, dedin, qoydun. El-oba quru yurdda qalacaq. Kimin nәyinә gәrәkdi. Öküz paşanın, çubuğ meşәnin. Qırdırırlar camaatı bir-birinә. Axı dili dilimdәn, qanı qanımdan qardaşımı nöş qıram, hә? Mәsәlçün də… Nә var, nә var, mının babası, onın babasını nә vaxtsa öldürüb… Get, tut, onun özün öldür dә… Camaatı nöş qırğına verirsәn?
– Lap yәqinin eşitmisәn?
– Yəqindәn dә yәqindi. Saray meydanında bir mәrәkә var idi, gәl, görəsәn. Qala qapılarını bәrkidiblәr. Heç kimi çölә-bayıra buraxmırlar. Elә mәn dә ona görә un dalıycan gedә bilmәdim. Getdim meydana. Gördüm, alәm qarışıb bir-birinә. Qasid gәlib. Şirvanşah Fәrrux Yasar Şamaxı tәrәflәrdә davadadı. Deyirlәr, ya yaralanıb, ya da öldürülüb Cabanıda. Qalada oğlu şahzadә Qazi bәy onun yerini dolandırırmış. Deyirlәr, iki gün irәli nә xәbәr alıbsa, o da atasına kömәyә gedib.
– Vuy Allah, sәn saxla. Bәs onda qalanı…
– Hәlә onu de dә! Qala qalıb başdı-başına. Amma deyirlәr, Qazi bәyin arvadı Sultanım xanım deyib ki, qalanı özü qoruyacaq, heç kimi dә әri gәlincәn içәri buraxmayacaq.
Xırdaxanım fikirli idi. Sultanım xanımın sözünә әhәmiyyәt vermәdi.
– Kim? Arvad xeylağı?
– Hәri dә. Bizim rәhmәtlik Şıx Kəblәlinin nәvәsi. Bibixanım vardı ya! Onu şahzadә Qazi bәy almışdı axı. Eşitmiş olarsan.
– Eşitmişәm, – arvad yenә dәrdli-dәrdli dillәndi.
– Hәri, bax o özü. İndi deyirlәr, carçı car çәkәcәk. Qoşunyığdı olacaq.
– Allah, sәn saxla! Kişi, şağım da mollaxanadan gәlmiyib.
Arvadın uşaq üçün bu yersiz hәyәcanı kişinin gülümsәmәsinә səbәb oldu.
– Ağәz, day hәlәm düşman gәlib qapının ağzını kәsdirmәyib ki! Mollaxanadan gәlincәn Bibiquluya heç nә olmaz. Nә özünü yeyib tökürsәn?!
– Sәn Allah bәsdü, sәn arın-arxayın otur, gözlә ki, şağım haçan özü gәlәcәk?
– Bәs neynim, ay dindilovun qızı?
– Dur, get, gәti şağımı mollaxanadan. Bibiqulu gözümün qabağında olmasa, bağrım çatlar. Barını nәm yıxar, ananı qәm.
Tәk övladlı ana, tәk çörәkli tabağa bәnzәr. Tәk övladlı ana hәr şeydәn qorxar, qorxar ki, balasına sәdәmә toxuna bilәr. Gözünün yaşı qurumaz, ürәyinin əsmәsi. Nigarançılığının sonu olmaz. Neynәyәsәn, anadı.
***
Dәrgahqulu kişinin sözlәri hәqiqәt idi, doğrudan da, Sultanım xanım sarayda tәk qalmışdı. İki gün irәli saraya gәlәn qasid Әrdәbil şeyxlәrinin son yadigarı İsmayılın Şirvana hücumu haqqında mәlumat gәtirmişdi: “Yezid Fәrrux Yasardan Şeyx Heydәrin qanını almağa gәlәn qızılbaş qoşunlarının sel kimi axmaqda olduğunu” xәbәr vermişdi. Bunu eşidәn Qazi bәy gizlicә sarayı tәrk edib getmişdi. O, yaxın kәndlәrdәn qoşun toplayıb atasına yardıma getmәk istәyirdi. Ayrılarkәn Sultanım xanımın әllәrindәn tutub demişdi:
– Sultanım xanım, әzizim, mәnim saraydan getdiyimi hәlәlik heç kәs bilmәsin. Müxtәlif bәhanәlәrlә otağıma kimsәnәni buraxma, xәstәdir de! Nә istәyirsәn elә, amma şәhәrin sahibsiz qaldığını bilmәsinlәr. – Sonra da barmağından Şirvanşahın davaya gedәrkәn ona verdiyi möhürlü hökm üzüyünü çıxarıb Sultanım xanımın barmağına keçirmiş vә әlavә etmişdi: – Bir gәrәkli, vacib iş olsa, mәndәn xәbәr çıxanacan özün әncam çәk. Mәn bir-iki günә sәnә mәlum olan yolla özüm qayıdaram, gecikmәli olsam, mütlәq qasid göndәrәrәm.
Sultanım xanım dolmuş gözlәrini әrindәn gizlәtmәk üçün onun köksünә yaslanmış, qәlbindә:
Elәmi sinәsinә,
Yar gәlir sinəsinə,
Dünyaya sığmaz başım
Sığıbdı sinәsinә.
– deyә pıçıldamış, ucadan isә soruşmuşdu:
– Birdәn mәlәkә özü sәnin xәstә olduğunu eşidib gәlsә?
– Bacarsan, sakitlәşdir, bacarmasan, otağına al, hәqiqәti özün bildiyin kimi ehtiyatla ona xәbәr ver. Amma tapşır ki, mәn özüm sәndәn belә tәlәb etmişәm. De ki, sirri heç kimә açmasın mәn gәlincәn. Bir-iki günәcәn özümü sәnә çatdırram.
“Qadın qәlbi! Falçımıdır? Rәhmdarmıdır? Nәdir, ilahi? Amma nә üçünsә mәnә elә gәlir ki, bu son görüşümüzdür. Bu vidanın vüsalı olmayacaq. Mәn sәndәn ayrıla bilmirәm, qollarından ayrılıb getmәk istәyirәm. Sadaq olub oxlarını dәrunuma almaq, çiynindәn asılıb sәninlә getmәk istәyirәm. Sәni bu kandardan kәnara buraxmaq istәmirәm. Heç vaxt belә olmamışdım. Heç vaxt dalınca ağlamamışdım. Amma indi göz yaşlarımı güclә saxlayıram. Mənә nə olub? Neyçün belәyәm, әzizim, taleyim mәnim?!”
Sultanım xanım әri ova gedәndә hәrbi mәşqlәrә çıxanda dələyә-nökәrә etibar etmәz, Qazi bәyin sadağına oxları özü doldurar, qılıncını özü itilәr, yәhərqaşı heybәçiyə yemәyi özü yığardı. Sultanım xanım saraydakı birinci qadın idi ki, şahzadә arvadı ola-ola nökәr-qulluqçu xidmətindәn imtina etmişdi. Әrinә də özü xidmәt etmәkdәn zövq alır, onunla birgә yeyir, at minir, onunla birlikdә hərbi məşqlәrә gedirdi. Yayı Gülüstanda, Fit dağında, Lahıcda keçirdiklәri vaxt onunla bahәm ova çıxırdı. Bu, zəmanəsində qәribә görünәn ünsiyyət, iki gәncin birgә inkişafına sәbәb olmuşdu. Özlәrini iki bәdәndә bir can bilirdilәr.
Qazi bәy tәləssә dә, Sultanım xanımın qollarını gərdənindәn zorla ayıra bilmәdi, özünün çəkilmәsini gözlәdi. Əslindә, o özü də bu nәvazişkar qolların boynundan açılmasını istәmirdi.
Әlini qaldırıb qadının zər-zibanə örpәk altından görünәn cığa vә birçәklәrini sığalladı, barmaqlarını nәm kirpikli gözlәrindә gәzdirdi. Nәmliyi duyunca, qәlbi sıxıldı.
– Sәn dә? Sultanım, sәn da arvadlara dönürsәn nәdi? Bu nəm neyçündür? Mәn sәni ər ürәkli, mәrdanә qəlbli vətən igidlәrindәn seçmirәm. Onların birisәn, göyәrçinim, qumrum mәnim!
Sultanım xanımın yaş kirpiklәri səyrişdi, gözlәrində birәr ulduz sayrışdı.
– Bu “mərdanә” ilә “göyәrçin” sözlәri tutmadı.
– Sәndә hər şey tutaşdı. Al da, şal da yaraşır sənə, Sultanım mәnim!
– Di get, dilim “get” demәyә gәlmәsә dә, get! Sәni atan çağırır, Vәtәn çağırır. Oğulluq borcu çağırır sәni. Məndən də, saraydan da, tapşırıqların sarıdan da narahat olma.
– Olmaya bilsәydim… Qәlbini köyrәltmәk istәmirәm. Amma başqa sәfәrlәrimdә ürәklә gedirdim. Qәlbim – sәn burda qalsan da, nigaran deyildim. İndi nәdәnsә nigaranam.
– Mәn dә…
– Salamat qal, Sultanım.
– Salamat qayıt, sevdiyim.
– Allah amanında.
– Tanrım sәnә yar olsun.
Ayrıla bilmirdilәr. Qazi bәy bir dә әyildi, Sultanım xanımın hәlә dә qızlıq tәravәtini saxlayan yuvarlaq çәnəsindәn yapışdı, ikicə barmağı ilә bu çәnəni yuxarı qaldırdı. Gәlinin boğazından, gәrdәnindәn dönәm-dönәm öpdü. Döşlәri arasından qalxan mixәk vә gülab iyini ciyərlәrinә çәkdi. Könlündә hər baxışda onu bir daha ovsunlayan Sultanıma qovuşmaq arzusu baş qaldırdı. Gәlini qolları arasında ürәyindәn qopub gələn bir ehtirasla, bütün vücudunu alışdıran bir arzuyla sıxdı və bu ayrılığı törədən sәbәblәrә acıqlanaraq ayrıldı.
– Salamat qal, Sultanım!
– Salamat qayıt, әzizim! – Gәlin, cәld alçaq mizin üstündәn gümüş piyalәni aldı, ərinin ardınca su sәpdi. –Gәlişinə mәn qurban, gedişin nә yamandı, hey-y-y, – deyә inlәdi. Bu hal xeyli sürdü. Bir saata qәdәr o, hәlә dә istәklisinin hәrarәti vә ətri duyulan yataqda üzüqoylu qaldı. Ağır, dәrinliyi hələ ona o qәdәr dә aydın olmayan bir qorxu qәlbini bürümüşdü. Yerindәn qalxıb xırdaca-xırdaca әlvan şüşәlər taxılmış pәncәrәyә yanaşdı. Buradan qalanın diş-diş divarları, onların altından şüy çәkmiş mazğallar görünürdü. Qaladan o yana tozlu bir yol uzanıb gedir. Onu Sultanım adlandıran bir igidə özü ilә haralarasa, hansı qorxu vә tәhlükәlәrә isә çәkib aparırdı. Hәsrәtli gözlərini bu yollara dikib xeyli baxdı vә yalnız indi birdәn-birә özünә yad olan bu sarayda tәk-tәnha qaldığını duydu. Qәribə idi ki, bu tәklik onu sıxmırdı, әksinә, bu tәnhalığı duyduqca vücuduna bir mәtinlik, bir cürәt axıb gәlirdi.
Sultanım xanım gecәni tәk yatdı. Yanına saray xanımlarından, qulluqçularından kimsә gәlmәdi, gәlә dә bilmәzdilәr. Çünki ertә getmiş Qazi bәyin sarayda olmadığından, deyәsәn, nәdim Salehdәn başqa kimsә xәbәr tutmamışdı.
Qoşun gəlir
Sәrkәrdә dayandı. Qoşun atın qәnşәrindәn әsgәri addımlarla irәlilәyirdi. Qabaqda əlәmlər, aypara altında at quyruğu vurulmuş tuğ, baş barmağını cüt tutmuş pәncә başlıqlı yaşıl bayraq aparırdılar. 40 boyun öküz qoşulmuş mancanaq-top arabaları arxada gәlirdi. Әsgәrlәr hәlә o qәdәr dә yorulmamışdılar. Amma xeyli yol gәlmişdilәr. Sәrkәrdәnin son hökmünә görә, bu gün onlar olduqca erkәn qalxmışdılar. Gecә az qala yarı idi ki, çapar hökmü ona yetirmişdi. Çadırın qәnşәrindә atdan enmәdәn əmri verib getmişdi. Cavan sәrkәrdә qәlәbә eşqilә dan ulduzu doğmamışdan qoşuna qalxmaq әmri vermişdi. Döyüş yerinә hamıdan әvvəl çatmağa tәlәsib, tez çıxmışdı, elə buna görә də indi əsgәrlәrin üzündə yorğunluq əlamәtlәri görünmәyә başlamışdı. Sәrkәrdә düşünürdü: “Hәlә xeyli yol var. Çox yorulsalar, döyüşdә lazımi çeviklik göstәrә bilmәzlәr. Nә isә etmәk lazımdı”.
Günәş dırnaq boyda qalxmışdı. Hәlә şüaları göz qamaşdırmırdı, aralıdakı dәnizin üstündә qızılı bir yol salmışdı. Dәyirmi kürrә kömür kimi közәrib yüksәlirdi. Әtraf xeyli işıqlandığından sәrkәrdә tozlu-torpaqlı, yuxudan doymamış gәnclәrin simasında açıq-aydın üzüntü hiss edirdi. Halbuki qarşıdakı ağır döyüş üçün ona gümrah döyüşçülәr lazım idi. Möhkәm Bakı qalasını –Şirvanşahların qüdrәtli qış iqamәtgahı olan şәhәr qalasını almaq o qәdәr dә asan olmayacaqdı. Sәrkәrdә qoşunu seyr etdikcә müntәzәm addım sәslәrinә qarışmış nizә, qalxan, yәmәn qılıncı cingiltilәrini dinlәyir vә çarә axtarırdı. Dәniz isә mis piyalәdәki әrimiş qızıl kimi parıldayır, insana, sanki gәl-gәl elәyirdi. Birdәn sәrkәrdә nә isә düşünüb әlini yuxarı qaldırdı vә dayanmaq işarәsi verdi. Yüzbaşıları yanına çağırdı:
– Qoşunu dayandırın. Tәbilçini yanıma çağırın!
Sәslәr ucaldı:
– Dayanın, durun!
Tәbilçi sәrkәrdәyә yanaşdı. Әmrә müntәzir durdu.
Sәrkәrdә dillәndi:
– Tәbilini işә sal! Mәn işarә verәn kimi min beş yüz zәrbә vurmaqla saya başla! – Sonra kömәkçilәrinә döndü. – Qoşuna çimmәk icazәsi verilir. Qoy, çimsinlәr sayçı min beş yüz işarәsi verәnәcәn. Yorğunluqları çıxar.
Qızılbaşlar әmr alan kimi sevinc içindә hay-küy ilә cәld soyunmağa başladılar. Soyunan özünü yay gecәsinin ilıq-ilmanqı etdiyi suya vururdu. Yalnız gәnclәrә mәxsus bir qayğısızlıqla çimişirdilәr. Sahildә tәbilә vurulan toxmağın qopardığı yeknәsәq sәs eşidilirdi. Bir… iki… üç… Qumluqda bir sәrkәrdә qalmışdı, bir dә tәbilçi. Tәbilçi sayır, sәrkәrdә isә bu aram say sәdaları altında düşünürdü: “Bakı qalasını çox möhkәm deyirlәr. Kim bilir, sabahkı döyüş zәfәrmi, mәğlubiyyәtmi gәtirәcək? Kim bilir, sabah axşam azanına bunlardan hansı sağ qalacaq? Bәlkә dә, bu çimmәk kimisi üçün son ölüm qüslü olacaq. Şəhidә qüsl verilmәz. Qoy çimsinlәr. Qoy tәmizlәnsinlәr yolların, susuz sәhraların tozundan. Qoy dincәlsinlәr. Mәrdәkan qalasını, şahın bağ evini alandan buraya gәlincәn onlara dinclik vermәmişәm. İntəhası bir az sonra Xülәfa bәy gәlib yetişәcәk, mәni danlayacaq. Qoy olsun! Bu danlayışdan da bir hәzz duyacağam. Sabah gözünün önündә din yolunda, cavan şeyxşahın yolunda, bәlkә, mәn dә qәtlә yetdim. Kim bilir? Onda mәnim dә sәdaqәtimә inanar, bugünkü danlaq üçün peşman olar mәnim adlı-sanlı sәrkәrdәm”.
O, bu sözlәri düşünә-düşünә tәbilin aram sayını dinlәyirdi.
Say bitdi. Ortalığa sükut çökdü, indi әmri unudub suyu şappıldadanların sәsindәn başqa heç nә eşidilmirdi.
“Atla-an-an!” әmri gurladı. Sәrinlәşmiş, toz-torpaqdan yığanmış qızılbaş qazilәri tәlәsik geyimlәrini geyinib atlandılar, heç yarım saat çәkmәdi ki, qızılbaşlar mәtin cәrgә ilә öz cavan sәrkәrdәlәrinin ardınca Bakı qalasına doğru yönәlmәyә hazır vәziyyәtdә durmuşdular.
– İrәli, ardımca… a-a-a…
Sərkərdə Dəməşq poladından tökülmüş, mina qəbzəli qılıncını qınından çıxarıb havada oynatdı. Günәş altında gümüş kimi bәrq vuran qılıncı bütün qazilәr gördülәr. Bu parıltı onları “müqәddәs din yolunda” rәşadәt göstərmәyә çağırırdı. Qızılbaşlar sәrkәrdәnin ardınca atlarını hәrәkәtә gәtirirdilәr. Sәrkәrdә qılıncını qınına qoyub irәlilәdi…
Onlar Xəzərin sahili ilə gedirdilər. Sahilboyu mənzərə tez-tez dəyişir, gah Xәzәrin dәvә boynu kimi әyri lәpədöyәni mavi, indi isә qızılı görünәn sularına tәrәf əyilir, gah da aralanırdı. Xırdaca-xırdaca qum tәpәlәri böyüyür, sahillə dәniz arasında qızılı qum zolağı əmәlә gәtirirdi. Belә yerlәrdә heybәtli qayalar suların mavi köynəyini yırtıb çıxırdı. Dalğalar bu qara qayalara dəydikcә onların rәngi dәyişir, ağappaq qağayı qanadları kimi bәyaz köpüyә çevrilirdi. Elə bil ki, qayalar sabunlanıb yuyunurdular. Bu ağ köpüklәrdә öz yosunlu libasını yuyub ağartmaq istәyirdilər. Belә yerlərdə suların sәsi dә qorxunc, ağır, xırıltılı, heybәtli olurdu. Bayaqkı göz oxşayan mavilikdәn, qulaq oxşayan hәzinlikdәn әsәr qalmırdı.
Qayalıqlarda qoşun sәpәlәnib getmir, çarpışmır, cəngavәrlik göstәrmir, dar yolu üç-bir, dörd-bir keçib irәlilәyirdi.
Şәhәrә xeyli qalmış uzaqdan gözlәrinә qızılı zəmi göründü. Cavan sәrkәrdә diksindi, bunu bir sәrab, bir xəyal, ilğım zәnn etdi:
– Sübhanallah, bu qumluqlarda hәlә bir taxıl da әkirlər! Yoxsa bu da sәrabın başqa bir növüdü?
Amma sәrkәrdә qoşunkeşdiliyi görüb zəmidən qaçan biçinçilәrin qara arxalıqda kölgәyә, xәyala bәnzәr vücudlarını görüncә bunun heç dә sәrab olmadığını anladı.
Orada – zәmidә hәlә dә qoşunun yaxınlaşmağından xәbərsiz olan cavan bir biçinçi ucadan oxuyurdu!
Çәmlәrində bitәr arpa,
Atlar gәlәr qırpa-qırpa,
Gözəl yar qoynunda körpə –
Gələ, bülbülüm, gəlә,
Gülə, bülbülüm, gülə!
Bağlarında bitәr üzüm,
Qaş-gözündә qaldı gözüm,
Mәnim yarım, körpә quzum–
Gәlә, bülbülüm, gәlә,
Gülә, bülbülüm, gülə!
Bunu eşidәn qızılbaş qazilәrindәn biri o birinә dedi:
– Sәn ölәsәn, düşmәn dә olsa, nә gözәl oxuyur! Özü də lap bizim kimi…
– Bizim kimi olmayanda necә oxuyacaq? Dili dilimizdәn, qanı qanımızdandı. Bircә boyunlarına düşüb. “Әliyyәn vәliyyullah” demirlәr.
– Necә? Şahi-Mәrdan Mürtәza Әlini?
– Hә dә… Bәs bu dava neyçündü? Mәzhәb mәsәlәsidi dә…
Birinci qәlbindә düşündü: Nәüzubillah, yaxşı, axı bәs bundan mәnә nә? “Nә әkәrsәn, onu biçәrsәn”, – deyiblәr. Bü dünyada nә savab qazansan, o dünyada nameyi-әmalında rəsulun qulluğuna aparacaqsan. Özün dә özünә cavab verәcәksәn əməlinçün. Bәs mәn niyә qırım bunları?” – düşündü. Lakin bu sözlәrin birini dә qorxudan dilinә gәtirә bilmәdi, “Lәnәt şeytana”, – deyib qәlbindәn qovdu.
Biçinçilәr bir-birini sәslәyib yaxınlaşan qoşunu göstərmәyә vә əlinә gәlәn şәltәsini götürüb qaçmağa başlayırdı. Mahnı yarımçıq kәsildi. Oxuyan biçinçi dә qızılbaşları görmüşdü.
Cavan sərkәrdә yolunu dәyişә bilməyәcәkdi. Yol bu zəminin içindәn keçirdi vә o, yolundan dönә bilmәzdi. Bir az əvvәl biçinçilәrin bafa tutub dәrz bağladığı, dәrzlәrdәn xaralar düzәltdiyi bu həyat qaynağı – neçə ayların əziyyəti nәticəsindә meydana gәlmiş zәmi mәhv olmalı idi. Çarə yox idi! O, belә zәmilәri tapdaqdan az keçirmәmişdi. Qәlbindә tәәssüf hissi doğmadı da. Adәtkәrdә idi. Ardınca gәlən qoşun Şeyx oğlu şahın bir qәzәlindәn alınmış bu beyti tәkbir kimi deyә-deyә irәlilәyirdi:
Biz əzәldәn ta әbәd meydana gəlmişlәrdәnüz,
Şahi-Mәrdan eşqinә, mәrdanә gәlmişlәrdәnüz.
Sәslәr göyә ucalırdı. “Şahi-Mәrdan eşqinә”, – deyә zәmilərә girən qoşun ayaq altına deyil, göyә baxırdı. Xaralar dağılır, dәrzlәr çözülür, bafalar dırnaqlar altında әzilirdi. Xaraların kölgәsinә qoyulmuş Vәliyulla işi sovçaları, sәnәklәri xıncım-xıncım olurdu. Gül hәnalı әllәrin quyulardan çәkdiyi buz su bürkülü zәmiyә tökülürdü. Qazilәrdәn bəzisi nә etdiyinin fәrqinә varmadan at üstündәn əyilir, dәrzlәrin ucundan bir neçә sünbül alıb ovcunun içindә ovuşdurur və sütül dəni ovxalayır, qoxlayıb ağzına atırdı.
Qoşun keçdi. Zәmi yarı döyülüb, gözər halına salınmış xırmana çevrildi… İndi qızılbaş qazilәri Bakı qalasını haqlamışdılar.
Xülәfa bәy gәlib çatanda cavan sәrkәrdә mövqe seçib dayanmış və əmirinin əmrini gözlәyәrәk әsgәrlәrinә dinclik vermişdi. Qala ətrafında qoşundan başqa bir canlı gözә dәymirdi. Müdafiәçilәr qalanın içinә çәkilib darvazaları möhkәm bağlamış vә indi, yәqin ki, mazğallardan düşmәnin tutduğu mövqeni vә hәrәkәtini izlәyirdilәr.
Qala çox möhtәşәm və uca idi. Möhkәm idi. Qalın divarları, dairә dişlikli uzun mazğallı qüllәlәri var idi. Qənşәrdә Qoşa qala qapısının üstündә bir cüt üz-üzә gәlmiş şir vә aralıqda öküz başı hәkk olunmuşdu. Xülәfa bәy şirlәri vә öküzü görüncә qәlbində bir nifrәt doğdu: “Həlә dә bir olan Allahı düşünmürlәr. Bu kafirlәr, müsәlman olsalar da, bütpәrәstlik dövrünü unutmayıblar”, – deyә fikirlәşdi.
O, cavan sәrkәrdәnin seçdiyi mövqeyi bәyәndi. Sәhәr üçün lazımi binagüzarlıqla mәşğul oldu. Qoşuna bu gün dinclik vermәyi әmr etdi. Sәhәr erkәnә hücum mövqelәri seçmәk üçün Bayram bәy Qaramanlı ilә birlikdә atlanıb qalanın ətrafını gözdәn keçirmәyә getdi.
Bәlәdçi dә onları müşayiәt edirdi. Qalanın dәnizә baxan sәmtindә möhtәşәm bir tikili görüb maraq vә heyrәtlə dayandılar. Xülәfa bәy bәlәdçidәn soruşdu:
– Başı buluddan, ayağı dәryadan nәm çәkәn bu bina nәdi?
– Bu yerlәrdә mәşhur “Qız qalası”dı, qurbanın olum! Deyirlәr, qız bәkarәtli alınmaz olduğundan “Qız qalası” qoyublar adını.
Xülәfa bәyin qalın dodaqları xәfif bir istehza ilə qımışdı.
– Sübh namazından sonra onun alınmazlığını bu bidinlәrә sübut edәrik. Sәn dә görәrsәn.
Xülәfa bәylә Bayram bәy qızılbaş әsgәrlәrinin dayandığı bayaqkı yerә qayıdanda bura artıq düşәrgәyә dönmüşdü. Sәrkәrdә üçün ağ çadır qurulmuşdu. Qalan bәylәrdәn ötrü münasib xeymәlәr tikilmiş, qazilәr, çәrxәçilәr, tәbilçilәr atlarını yançidar edib, başlarına torba keçirmişdilәr. Yerdә qazılmış ocaqlarda iri qazanlar asılmışdı. Sursat arabaları da gәlib çıxmış, aşpazlar yemәk hazırlamağa başlamışdılar.
Әsgәr ocaqlarının başında aşıqlara hәmişәki qayda üzrә ayrıca yer verilmişdi. Axı onlar düşәrgәdәn düşәrgәyә yürüş zamanı, xüsusәn, döyüş başlananda hamıdan öndә gedir, әsgәri tәşviq edәn mahnılar oxuyur, yeni qәlәbә vaxtı qәhrәmanlar haqqında şәrqilәr qoşur, gәnc müridlәri döyüşә hәvәslәndirirdilәr.
Qalanın divarlarını yarmaq üçün mancanaqlar, çıxıb aşmaq üçün nәrdivanlar hazırlayırdılar. Xülәfa bәy vә Bayram bәy Qaramanlı, gәnc sәrkәrdәnin hazırlığını mәqbul sayıb çadırlarına keçdilәr.
Axşam namazının vaxtına az qalmışdı. Azançı yüksәk bir daşın üstünә qalxıb azan vermәyә başladı. Bakı torpağında ilk dәfә azanda Әli adı çәkildi. Qazilәr dәstәmaz alıb namaza hazırlaşdılar…
Bibixanım sultanım
(davamı)
Bakı qalasına bir ay әvvәl elçi gәlmişdi. Bu, Şah İsmayılın xәrac vermәyi tәlәb edәn elçisi idi. O zaman hәlә Fәrrux Yasar sarayda idi. Elçiyә rәdd cavabı verib, xәrac vermәkdәn imtina etmişdi. O, cavan şahın qüvvәt vә qüdrәtinә, qızılbaşların böyük bir әrazidә qәlәbәsinә inanmır, eşitdiklәrinә etibar etmirdi.
İsmayılın Şirvan vә Bakı üzәrinә hücumu da elә bununla izah edilirdi. Sultanım xanım indi hadisәlәrdәn xeyli keçdikdәn, qayınatası vә әri Bakıdakı Şirvanşahlar sarayını tәrk edib qoşun yığmağa getdikdәn sonra bütün bunları düşünür, şәhәrin müdafiәsi üçün tәdbirlәr görürdü. Saraya gündә xәbәr xәbәr dalınca gәlirdi. Gah Şirvanşahın qәlәbә xәbәri, gah da Cabanı kәndi yaxınlığında mәğlubiyyәtә uğrayıb hәlak olmaq sorağı çatırdı. Bir dә xәbәr çıxdı ki, gecә Ramana vә Mәrdәkan qalalarının üstündә xәbәrdarlıq işığı – atәş görünüb. Bu axırıncı xәbәr mәlәkәnin dә qulağına yetişdi. Sәhәr erkəndən Qazi bәyi hüzuruna istәdi. Lakin “onun xәstә olduğunu, bir neçә gündәn bәri kimsәni qәbul etmәdiyini” söylәdilәr. Mәlәkә narahat olub, andını unutdu vә öz ayağı ilә oğlunun hәrәm otağına gәldi. Qapıda onu Sultanım xanımın xırda-bayır əmrlәrini yerinә yetirәn yeganә qulluqçusu qarşıladı vә mәlәkәnin mәiyyәti ilә birlikdә gәlmәk xәbәrini xanıma çatdırmağa yüyürdü.
Sultanım xanım qayınanasının qarşısına çıxdı. Qadının әlindәn öpdü, sinәsindәn öpdü, qolundan yapışıb otağına apardı. Artıq hәqiqәti ondan gizlәtmәyin mümkün olmadığını dәrk edirdi. Odur ki, tәklәşib bir neçә cümlә ilә işin әslini arvada xәbәr verib mәslәhәt istәdi.
Bu zaman qasid gәldiyini söylәdilәr. Әvvәlcә bunun әri tәrәfindәn göndәrildiyini zәnn edәn Sultanım xanımın ürәyi çırpındı. Qaydanı unudub qayınanasından әvvәl:
– Gәlsin! – әmrini verdi. Lakin ona dedilәr ki, qasid tәzә şah tәrәfindәn göndәrilib, mütlәq Qazi bәylә görüşmәk istәyir. Sultanım xanımla mәlәkә bir-birinin üzünә baxıb durdular. Nәhayәt, Sultanım xanım dedi:
– Onu Qazi bәyin otağına aparın.
Özü dә yataq otağına çәkilib әri ilә birlikdә mәşqlәr, ovlar zamanı geydiyi süvari paltarını geyindi. Vә bu şəkildə də qasidlә görüşmәk üçün әrinin qәbul otağına keçdi.
Qasid ortaboylu, arığaz adam idi. Otuz-otuz beş yaşlarında olardı. Ortadan qırxılıb, yanlardan birçәk saxlanmış başına on iki künclü qırmızı tәskülah qoymuşdu. Qızılbaşların birinci nişanәsi olan bu tәskülah altında o, süvari döyüşçüdən çox sarayda oyunları ilә qayınatası Fәrrux Yasarı әylәndirәn tәlxәk Әbiyə bәnzəyirdi. Qurşağında әyri qәmә, belindә Dәmәşq qılıncı vardı. Boz rəngli sәfәr libasında idi.
Bakı darğası Әbülfəttah bәy də onun yanında dayanmışdı. Onlardan azacıq kәnarda, sağ əldə şәhәrin əyan və əşrəfi, sәrkәrdәlәrdən isә ikinci dərəcəli bir neçə cavan durmuşdu. Cavan sәrkərdәlərin çoxu Qazi bəyin dostları idi və Sultanım xanımı tanıyırdı. Onlar dönəm-dönәm şahzadə Qazi bәyi və arvadı Sultanım xanımı hәmin bu geyimdә hәrbi mәşğәlәlәrdә, at çapışmalarında görmüşdülәr. Qazi bәyin əvәzinə Sultanım xanımın daxil olması hamısının heyrətinə sәbəb oldu. Amma heç kim qasid yanında bunu büruzә vermәdi.
Sultanım xanım keçib әrinin müzәyyәn taxtında әylәşdi. Әli ilә qasidә danışmaq işarәsi verdi. Saray əhli şirvanşah Fәrrux Yasarın üzüyünü onun barmağında görüb, yenidәn baş endirdilәr.
Qasid yaranan vәziyyәti çox tez dәrk etdi, burada nə isә bir qәribәlik olduğunu duydu. Amma o, cavan şahzadəni tanımırdı. İndi taxt üstündә әylәşәn gәnci doğruçu Qazi bəy hesab edirdi. Müzәffәr bir yürüşlə irәliləyən cavanbəxt padşahın vә şiәlik tәriqətini müvәffәqiyyətlə yaymaqda olan sәrkәrdә şeyxin әn sadiq nökәrlərindən, pərәstişkarlarından idi. Qürurla irəli gəldi, döşünü bir az da irәli verib sözә başladı:
– Hәzrәti-vala! Dini-mübinimizin naşisi, padşahi-cavanbәxt, qibleyi-alәm Şah İsmayıl hәzrәtlәri tərəfindәn huzurunuza tәslim tәlәbilә göndәrilmişәm.
Onun belә tәlәbkar danışmasına sәbәb bir dә yanında duran darğa Әbülfәttah idi. Kişi görüşәn kimi ona hәr şeyin hazır olduğunu, şahın çoxdan sarayı tәrk etdiyini, sarayda tәkcә bir “mәcnunsifәt şahzadәnin” – vaçalın birinin qaldığını xәbәr vermişdi. Demişdi ki, әyanın əksәri şahi-cavanbәxtin tәrәfinə keçәcәk.
Sultanım xanım qasidin sözlәrindәki tәlәbkarlıq və cürәtә bәrk acıqlanmışdı. O da әri və qayınatası kimi təzə culus edәn bu şeyx-şahın zәfәrlәrindən xәbərsiz idi. Odur ki, “qibleyi-alәm” kәlmәləri Sultanım xanımın dodaqlarında xәfif bir kinayәnin doğmasına sәbәb oldu vә o, istehza ilә soruşdu:
– Elçi, namaz üstündә üzünüzü hara tutursunuz?
Elçi bu sualdan çaşdı, heyrәtә gәldi vә әsgәr sadәliyi ilә kәkәlәyәrәk:
– Әlbәttә Mәkkeyi-mükәrrәmәyә, hәzrәti-vala.
Sultanım xanımın әtrafındakı әyan da sualın sәbәbini başa düşmәdiyindәn heyrət içindә dayanmışdı. Birdәn onlar Sultanım xanımın sәsini eşitdilәr. O, elçini öz şahının “qibleyi-alәm” adlandırmasına işarә ilә deyirdi:
– Onda qiblәniz var ikәn “alәmin qiblәsinә” sәcdә edin, daha namaz üstündә Mәkkeyi-mükәrrәmәyә neyçün üz tutursunuz?
Saray adamları ixtiyarsız gülümsündülәr. Qasid isә…
Sual gözәl qılınc zәrbәsi vursa da, o qәdәr dәrin dini biliyә malik olmayan әsgәr-qasidi çaşdırdı, ona bir küfr kimi göründü. Özünü itirib bir anlığa darğa Әbülfәttaha baxdı. Bir dә danışan “şahzadә”nin sәsindә o, nә isә başqa bir ahәng duymağa başladı. Bu nәdi, yoxsa onu araya qoyub, əlә salırlar? Onsuz da, teztov adam idi, özünü әlə ala bilmәyib kükrәdi:
– Mәni әlә salmaq neyçün, hәzrәti-vala? Mәn hökmü Әrdәbildәn Әrzincana, Şirvanşahlıqdan Şama işlәyәn bir hökmdarın adından sizә tәslim olmaq tәlәbi ilә gәlmişәm. Yoxsa iki gün keçmәyәcәk, qala alt-üst olacaq. Hamınız da әsir edilәcәksiz!
Qasidin dövtәlәb danışığı, elçiyə yaraşmayan hirsi Sultanım xanımın qәlbinә işlәdi. Qasidin Әbülfәttaha baxması da Bibixanımın gözündәn yayınmamışdı. Әtrafındakıların üzünә baxdı. Darğa Әbülfәttahdan başqa bütün sәrkәrdәlәr, əyan cavanlar qәzәblәnmişdilәr. Kimisi bığını çeynəyir, kimisi dırnağını gәmirirdi. Bir neçәsinin әli qurşağına taxılmış dәşnәi vә qәmәnin dәstәsinә qoyulmuşdu. Bircә işarә bәs idi ki…
Sultanım xanım özünü yenmәyә, tәmkinlә danışmağa çalışdı.
– Sәn nә cürәtlә yeddi yüz illik Şirvanşahlar xanәdanına meydan oxuyursan, bu sarayda tәslimdәn danışırsan?!
– O xanәdanın çırağı sönüb, şahzadә. Başınız sağ olsun! Keçәn ay Gülüstanda gizlәnmәyә çalışan möhtәrәm atanızı şahi-cavanbәxtimiz Cabanı kәndinin yovuqluğunda qarşıladı. Padşahımız cümlәtanı yeddi min qazisi ilә atanızın 20 min piyada, 6 min atlı qoşununa qalib gәldi. Özü dә Buğurd qalasına qaçmaq istәyәndә adi bir qızılbaş qazisinin әlindә hәlak oldu, şirvanlılar Fәrrux Yasarın atını vә silahını tanıyıb nişan verdilәr…
Bu yerә çatanda elçi kәkәlәyib susdu. O, bu zәrif şahzadәnin atasının nә şәkildә öldürüldüyünü öz gözlәrilә görmüşdü. Deyә bilmirdi ki, qızılbaşlar Fәrrux Yasarın meyidini tapandan sonra mürşidi-kamilin razılığı ilә onun kәsik başını bәdәninә birlәşdirmiş, hәsirә bükub od vurmuş, “Yezid… Yezid”, “Sultan Heydәrin qatili yezid”, – deyә bağırışaraq yandırmışdılar. Bütün bunları düşmәn arasında söylәyib, – “Mürşidin intiqamını aldıq”, – deyә fәxr edә bilmirdi. Amma bununla belә, elçi çox ürәklә danışırdı. Qalanın o biri üzündә döyüşә hazırlıq gedirdi.
Arxasında Xülәfa bәylә Bayram bәy Qaramanlı kimi nәr igidlәr dururdu. “Bir dә elçiyә zaval yoxdu. Qoy, bu uşaqsifәt, arvadsifәt şahzadәnin bağır-öfkәsi partlasın, daha yaxşı! Tez tәslim olar. Tәslim xәbәrini aparıb ənam allam. Bir gün sonra şahi-cavanbәxtin ağ atının cilovdarı olub, onu zәfәrlә Bakı qalasına varid etmәk şәrәfi mәnә nәsib olar”.
– Bәs xaliq, bәs camaat? Onların tәslim olmaq istәyib-istәmәdiyinin әhәmiyyәti yoxdu? – sualı gözlәrindәn yaşı qәlbinә axıdıb, baxışlarında ildırım çaxan Sultanım xanım verdi. Qasid hәyasızlığında o dәrәcәyә çatdı ki, “şahzadәnin” sözünü qaytarmağa cürәt etdi:
– Camaat… Camaat nәdi, kimdi? Çoban dalınca gedən bir sürü qoyundu o camaat…
O danışdıqca Sultanım xanım düşünürdü: “Deyәsәn, canına doymusan. Deyәsәn, әcәl sәni bәrk girlәyib. Babam deyәrdi ki, keçinin әcәli çatanda buynuzunu çobanın çomağına sürtәr”…
Qazi bәyin dostlarından iki cavan sәrkәrdә әlini qәmәnin qәbzәsinә aparmaqla cılxa polad tiyәnin parıldaması bir oldu. Amma Sultanım xanım özüyçün dә gözlәnilmәz bir hökmlә әlini qaldırdı:
– Aparın, meydanda asın! Qoy, qoyun hesab elәdiyi camaat öz gözü ilә onu görsün. Günahını carçılara da deyin!
İki nәfәr cavan elçinin qollarını arxasında çataqladı. O, hәlә elçiyә zaval ola bilәcәyinә inanmırdı, odur ki, qolu burulsa da, çırpınmırdı.
Әbülfәttah bir addım irәli gәlib әllәrini döşünə qoydu:
– Әfv edin, axı elçi amanda olar! Elçiyә zaval yoxdu. Şirvanşahlar xanәdanını “elçi öldürdülәr” şayiәsi ilə rüsvay etmәyin!
O da xahişdәn çox nәsihәt yolu ilә danışırdı, axı darğa taxtda oturanın Qazi bәy olmadığını bilirdi. Әbülfәttah bәy “gәdә-güdә” qızından dönüb şahzadә xanım olmuş Sultanım xanımı tanıyırdı. Qalanın o biri üzündә Xülәfa bәyin hazırlığından xәbәrdar idi.
Sultanım xanım, “aparın” – deyә bir dә әlini qaldıranda Әbülfәttah onun barmağında Fәrrux Yasarın “möhür üzüyünü” yenidәn gördü. Hökmün qətiliyinә vә yerinә yetərilәcәyinә inandı. Bununla belә, son bir ümidlә Sultanım xanımı dilә tutmaq üçün söz axtarmağa başladı. Әbülfәttahın hökm qarşısında susduğunu, özünün bayıra sürüklәndiyini görüncә elçi işin ciddi şәkil aldığına әmin oldu. Birdәn-birә bir az әvvәlki qürur onu tәrk etdi. Bütün lovğa adamlar kimi ilk müvәffәqiyyәtsizlikdәn özünü itirdi. “Mәn onu cavan, qorxaq bir uşaq hesab etmişdim. Amma o quzu cildindәki pәlәng imiş! İlahi, mәn axı düşmәn içindәyәm, Xülәfa bәy kömәyimә gәlincә mәhv ollam” fikri ildırım sürәtilә xәyalından keçdi. Dartındı, cavanların әlindәn çıxıb “şahzadәnin” önündә ağzı üstә yerә yıxıldı vә inildәdi:
– Bağışla, bağışla, şahzadә! Hәzrәti-vala, qәlәt elәdim…
Sultanım xanım nifrәtlә qaşlarını çatdı:
– Sən hәlә qorxaqmışsan da?! Bir qaşıq qanından ötrü sürünmә! Danışdığın kimi mәrdanә ölmәyi dә bacar, – o bir dә üzüklü әlini qaldırdı, – Aparın!
– Әfv… aman…
Elçini sürüklәyib apardılar. Saray meydanında dar ağacı quruldu. Buraya hәyәcanlı xәbәrlәr eşidib toplaşmış şәhәrlilәrin önündә elçinin günahını üzünә oxuyub dara çәkdilәr.
Qazi bәyin qәbul otağında isә mәrәkә hәlә qurtarmamışdı. Elçi aparılandan sonra Әbülfәttah bәy deyәcәyi sözlәri tapmışdı. O, bir aydan çox idi ki, Xülәfa bәyin adamları tәrәfindәn әlә alınmışdı. Bir sıra işlәr görmüş, qalanı tәslimә hazırlamışdı. O, Qazi bәyin harada olduğunu bilmirdisә dә, hәr halda sarayda ağır xәstә yatdığına, bәlkә dә, öldüyünә vә bu mәsәlәnin müәyyәn vaxtadәk xalqdan gizlәdildiyinә mәhz bu gün әmin olmuş, indi isә inamı bir qədәr dә artmışdı.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?